Sosial fəlsəfə Tarix fəlsəfəsi




Yüklə 0.5 Mb.
səhifə1/8
tarix22.04.2016
ölçüsü0.5 Mb.
  1   2   3   4   5   6   7   8


IV fəsil

Sosial fəlsəfə

1. Tarix fəlsəfəsi


a) Tarix fəlsəfəsi anlayışı
Sosial fəlsəfədə tarix fəlsəfəsi mühüm yer tutur. Bu da təsadüfi deyildir. Fəlsəfi biliyin xüsusi sahəsi olan tarix fəlsəfəsi dünyanın təkrarolunmaz fenomeni olan bəşər tarixini əks etdirir.

«Tarix fəlsəfəsi» anlayışını ilk dəfə elmi dövriyyəyə Volter gətirmişdir.Onun əsərlərindən biri «Tarix fəlsəfəsi» adlanır. Lakin bu heç də o demək deyildir ki, o, tarix fəlsəfəsinin banisidir. Çünki fəlsəfənin bu sahəsi Volterdən xeyli əvvəl yaranmışdır. Avropa fəlsəfə irsində bu sahədə ənənələrin mövcudluğu onun heç də Qədim Yunanıstanla əlaqədar olmasını sübut etmir. Müəyyən mənada antik fikir tarixi fəlsəfəsi refleksin fundamental predmeti kimi tanımırdı. Tarix sözü yunan mənşəli olmasına baxmayaraq ilk yu­nan tarixçiləri (filosofları da) bu sözü «tədqiqat», məlumat toplan­ması, keçmişdə və indi yaşayan adamların əməlləri haqqında heka­yətlər kimi anlayırdılar. Tarix «çiy faktların» məcmusu və həmin faktların yenidən nəql edilməsi kimi göstərilirdi ki,burada heç bir elm yoxdur. Bu baxımdan tarix nəzəri tərtibata, bütöv bir bilgiyə çevrilə bilmir. Buradan məlum olur ki, indi başa düşdüyümüz mənada tarix fəlsəfəsi (əslində, tarixin özü də) qeyri– mümkündür. Sonralar, doğrudur yunan tarixçiləri tarixi ağlabatan bir formaya sala bilmişlər. Nəticədə dünya tarixi sxemini yaratmağı mümkün edən konsepsiyalar yaradıldı. Tarixi prosesi filosofluq etməyin əsas obyekti edən yeni dövr mütəfəkkirləri tarix fəlsəfəsinin yaradılması yolunda irəliyə doğru mühüm addımlar ata bildilər. Bu da əsasən italyan filosofu və tarixçisi c. Vikodan başlanır. Əlbəttə biz inkişaf etmiş ilk tarix konsepsiyalarından birinə– yunan tarixçisi Polibidə (b.er.əv. 2– ci əsr) rast gəlirik. Ümumiyyətlə, həmin dövr tarix konsepsiyalarında başlıca diqqət dövlət quruluşu və formalarına verilirdi. Sonra isə tarix fəlsəfəsinin Xristan, yeni dövr, maarifçi və XX əsr konsepsiyaları yaranıb inkişaf etdirilmişdir.



b) İctimai ikişafın bəzi konsepsiyaları

Etiraf etmək lazımdır ki, təkcə yüz il qabaq deyil, indinin özün­də belə bəşəriyyətin bərqərar olması və inkişafı haqqında vahid fikir yaranmamışdır. Buna təəccüb etmək lazım deyildir. Çünki bə­şər cəmiyyəti insan əqli tərəfindən dərk və izah edilməyən xeyli sirrə malikdir. Alimlərin fikrincə, bunun da başlıca səbəbi insan cəmiy­yəti ilə məşğul olan elmlər– sosiologiya, siyasi iqtisad, tarix, demoq­rafiya hələ çox təzədirlər, inandırıcı dəlil və nəticə üçün kifayət qədər material toplamamışlar.

İctimai inkişafın qanunauyğunluqları və yaxud paradoksları haqqında mövcud olan tarix konsepsiyalarını şərti olaraq üç qrupa bölmək olar (burada ilahiyyatçı doktrinalar nəzərə alınmır).

Birinci qrupa içtimai inkişafda bu və ya digər dərəcədə universal qanunauyğunluqların mövcudluğunu inkar edən və ümumiy­yətlə, tarixdə hansısa mənanın olduğunu qəbul etməyən mütəfək­kir­lər daxildir. Bu istiqamətin tanınmış nümayəndələrindən biri ingilis filosofu Karl Popperdir. O, 1943– 1944– cü illərdə çap etdirdiyi «Açıq cəmiyyət» əsərində tarixdə hansısa qanunauyğunluğun möv­cudluğunu və ümumiyyətlə, bəşəriyyətin vahid tarixinin olduğunu rədd etmişdir. Onun fikrincə adamları bir nöqtədə birləşdirmək üçün alimlərin axtarış cəhdləri əbəs və əsassızdır. Çünki bunun üçün onların nə müvafiq şərtləri, nə əsasları, nə də zəruri faktları yoxdur. Popperin fikrincə, «bəşəriyyətin vahid tarixi yoxdur», bunun əvəzində çox saylı tarixlər vardır ki, bunlarda insan həyatının müxtəlif aspektlərini əks etdirir. Onların içərisində siyasi hakimiyyət tarixi də vardır. Popperə görə, cəmiyyətin tarixində nəinki heç bir tarixi qanunlar ola bilməz, o, həmçinin hər cür mənadan məhrum­dur. Ümumiyyətlə, bəşəriyyət tarixində ən mühüm yer siyasi haki­miy­yət tarixinə aiddir. Lakin siyasi hakimiyyət tarixi dünya tarixi deyildir. Çünki yuxarıda qeyd edildiyi kimi filosofun fikrincə real tarix kimi ümumi tarix mövcud deyildir. O, yalnız dünyada olan tarixlərin birisidir. Siyasi hakimiyyət tarixi Popperə görə, din tari­xin­də, yaxud poeziyadan fərqli olaraq aşağıdakı şərtlərlə seçilir. Bi­rincisi, hakimiyyət bizim hamımıza təsir etdiyi halda, poeziya yalnız az adamları əhatə edir. İkincisi, adamlar hakimiyyəti ilahiləş­dir­məyə meyllidir. Hakimiyyətin ilahiləşdirilməsini insanın qorxu hissi doğurmuşdur. Üçüncüsü, hakimiyyətə malik olan adamlar, bir qay­da olaraq, ilahiləşdirmədən çox razı qalırlar. Bununla bərabər alim onu da qeyd edir ki, bəşəriyyətin bir sıra tarixləri imperatorların, generalların, diktatorların nəzarəti altında yazılmışdır.

Doğrudur, Popper fikirlərinin hamı tərəfindən başa düşülsə də, qəbul edilməyəcəyini bilərək özü etiraf etmişdir ki, onun mü­lahizələri çoxları tərəfindən etirazla qarşılanır. Onun tarixə baxış­larında müsbət elementlərin olması inkar edilməsə də, arqumentləri çox zəif və inandırıcı deyildir. Bir sıra alimlərin fikrincə, Popperin tarixə baxışları tezliklə arxivlərin ixtiyarına veriləcəkdir.

cəmiyyət haqqında müasir elmlər içərsində alman mütəfək­kiri Maks Veberin (1864– 1920) ideyaları geniş surətdə yayılmışdır. Onun fikrincə, hansı prinsiplərə əsaslanmasından asılı olmayaraq heç bir konsepsiya gələcəyimizi əvvəlcədən bildirməyə, yaxud proq­nozlar verməyə qadir deyildir. Toplanmış empirik materialı ümumi­ləşdirmək və dünya tarixini izah etmək üçün Veber ideal tiplər adlanan konsepsiyanı işləyib hazırlamışdır. Həmin konsepsiya bəşər sivilizasiya tarixinin müxtəlif dövrlərinin modelini, yaxud sxemini vermək üçün əlverişli sayılır. Ona müvafiq olaraq bəşəriyyət tarixində bu cür dövrlər, antik biliklər, feodalizm və kapitalizm kimi başa düşülən ənənəvi cəmiyyətlər özünə determinə edilən əsas, yaxud ikinci dərəcəli prinsiplərə obyektiv olaraq daxil etmir. Onlar öz adlarını sırf şərti olaraq, ancaq praktiki məqsədlər üçün tarixin sxematik tipləşdirilməsi məqsədi xatirinə daşımışdır. Lakin bu o demək deyildir ki, Veber müxtəlif inkişaf mərhələlərində ictimai münasibətlərin bərqərar olunmasına təsir edən müəyyən amillərin varlığını inkar edir. Söhbət təkcə öz fəaliyəti ilə tarixin gedişinə təsir edə bilən təsadüfi şəraitdən, yaxud ayrı– ayrı şəxsiyyətlərdən deyil, daha zəruri məsələlərdən gedir. Bunlar Veberin fikrincə, tarixi dövrlərin təsnifatı kriteriyaları hesab oluna bilər. Veber tarixi şərti olaraq üç böyük dövrə bölür: ənənəvi, feodal, kapitalist adlı bu dövr­lər üçün ümumi olan cəhət adamların birinin digəri üzərində ağa­lığıdır. Amma ağalıq formaları və onları doğuran səbəblər müxtəlif olmuşdur. Veberə görə, cəmi üç ağalıq tipi hökm sürmüşdür. Bunlar ənənəvi, xarizmatik və rasional tiplərdir.

Ənənəvi yaxud antik cəmiyyətdə ağalıq, yəni hakimiyyətin hakimlər və onlara tabe olanlar tərəfindən müqəddəs və ənənəvi ola­raq ən qədim zamanlardan irsən verilmiş kimi anlamına əsas­lanırdı. Bu cəmiyyətdə ağa ilə tabe olan arasındakı münasibətlər iqtisadi, yaxud da inzibati prinsiplərlə müəyyən olunmur, ənənəvi borc hissi ilə, tabe olanın öz ağasına sədaqəti ilə müəyyən edilir.

Ağalığın xarizmatik forması tamamilə hakimin şəxsi ləyaqəti ilə şərtlənir ki, onu əhatə edənlərin və ona tabe olanların gözündə föv­qəltəbii, fövqəlinsan, yaxud allah tərəfindən göndərilmiş kimi gö­rü­nür. Xarizmatik hakim (lider) xüsusi, qeyri– adi keyfiyyətlərə ma­lik olub, öz tərəfdarlarının gözündə pak, təmiz hesab olunur. Xa­riz­ma­tik lider rolunda dini vaiz, peyğəmbər, siyasi xadim, sərkərdə və b. çıxış edə bilər. Xarizmatik idarəçilik öz mahiyyətinə görə ir­ra­si­o­naldır, çünki heç bir qayda ilə nizamlanmır. Həmin idarəçilik li­derin (hakimin) populyarlığı, xalq arasında etibarı olana qədər hökm sürür. Onun çoxsaylı tərəfdarları, yetirmələri və ardıcılları olur.

M.Veber ağalığın ən mükəmməl forması kimi kapitalizmi xüsusi qeyd edir. Onun fikrincə, başqa ağalıq formalarına nisbətən burada rasional, əqli yanaşma mühüm yer tutur. Mahiyyətinə gəl­dikdə bu ağalıq formasında qəbul edilən qərarlar düşünülmüş xa­rakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir. cə­miyyətin üzvləri qanuni hüququn dövlət hakimiyyəti tərəfindən olduğunu etiraf edir, onun bütün göstərişlərini yerinə yetirməyi öz­lərinin borcu bilirlər. Veberə görə heç də hər bir hakimiyyəti iqtisadi şərait doğurmur və hər bir hakimiyyət çox az hallarda iqtisadi məqsədlər güdür. Lakin hər bir hakimiyyət forması bəzi adamların digər adamlar üzərində ağalığı üçün inzibati kadrlara, yaxud da dövlət bürokratiyasına ehtiyac hiss edir. Kapitalizmin təsərrüfat və idarəçilik sistemi kimi üstünlüyü və mükəmməlliyi kapitalist müəssisəsinin qazancının əməyin və istehsalın səmərəli təşkili ilə əlaqədardır. Doğrudur, burada söhbət ümumiyyətlə kapitalizmdən deyil, Qərb kapitalizmindən gedir. Veber inkişafı bir və bir neçə qanunauyğunluqla determinə edilə bilən vahid kapitalizmin möv­cudluğunu inkar edir. O, köklü surətdə bir– birindən fərqlənən bir neçə kapitalizm tipini göstərir. Bu fərqlərin əsasında dini etiqadlar və əməyin təşkili formaları durur. Buradan tamamilə aydın olur ki, M.Veber kapitalizmin Qərb modelinin apologeti rolunda çıxış edir. Qərb kapitalizminin ən mühüm cizgisi onun səmərəli intizamla qazanca olan cəhdinin çulğalaşmasıdır.

Özündən əvvəlki bir çox sələfləri kimi, M.Veber də cəmiyyətin tarixinin başa düşülməsində dinə böyük əhəmiyyət verir. Məsələn, onun fikrincə kapitalizmin Qərb modelinin təzahüründə protes­tan­tizm mühüm rol oynamışdır. Doğrudan da protestantizm ruhu ilə kapitalizm cəhdləri arasında bir sıra eyniliklər müşahidə edilir. Real olaraq Veber bunu aşağıdakı kimi təsvir edir. Protestantizmə məx­sus olan dünya duyumu ilə (askez, fərdilik, təşəbbüskarlıq) iqtisadi fəaliyyət arasında ümumi cəhət çoxdur. Lakin adamların iqtisadi şə­raitdən dini etiqad sisteminin təzahürünü qeyd etməsinə baxma­ya­raq, M.Veber heç bir halda onlardan bu və ya digərinin rol və əhə­miyyətini mütləqləşdirmir. Əgər qısa şəkildə M.Veberin cəmiy­yətin ta­rixinə dair baxışlarını ümumiləşdirsək, deməliyik ki, bəşəriy­yətin yaratdığı cəmiyyət və onun tarixi rolu nədir?– sualına məntiqi cə­hətdən arqumentləşdirilmiş və vahid cavab yoxdur. Bu suala müx­təlif məntiqli, fakt və arqumentli çoxlu cavablar vermək müm­kündür.
c) Tarixə sivilizasion baxışın mahiyyəti
Sosial hadisə və prosesləri hərtərəfli əhatə etmək iddiasında çıxış edən baxışlardan biri də ümumdünya tarixinə sivilizasion münasibətdir. Ən ümumi formada bu konsepsiyanın mahiyyəti bu­dur ki, bəşər tarixi bir– birilə əlaqədar olmayan insan sivilizasiya­la­rının məcmusundan başqa bir şey deyildir. Həmin baxışın tərəf­darları içərisində məşhur alimlərdən O.Şpenqleri (1880– 1936) və A.Toynbini (1889– 1975) göstərmək olar.

Hələ keçən əsrdə həmin konsepsiyanı irəli sürüb müdafiə edənlərdən biri rus alimi N.Y.Danilevski (1822– 1885) olmuşdur. Danilevskiyə görə, tarixin təbii sistemi indiyə qədər olan inkişafın mədəni– tarixi tiplərini fərqləndirməklə özünü göstərir. Əslində bu tiplərin məcmusu bəşər tarixini təşkil edir. Xronoloji qaydada da aşağıdakı mədəni– tarixi tipləri fərqləndirmək lazımdır: 1. Misir, 2. Çin, 3. Assur– babil– finikiya, Haldey, yaxud qədim semit, 4. Hind, 5. İran, 6. Yəhudi, 7. Yunan, 8. Roma, 9. Yeni semit, yaxud Ərəbistan, 10. German– Roman tipləri. Buraya iki Amerika tipi– Meksika və Peru tipləri də (onlar zorla məhv edilmişdir) əlavə edilir. Bu mədəni– tarixi tipləri təmsil edən xalqlar bəşəriyyət tarixini birlikdə yaratmışlar. Onlardan hər biri müstəqil olaraq öz yolu ilə, mənəvi təbiətlərinin xüsusiyyətləri və həyatın xarici şəraitinin spesifikası ilə inkişaf etmişdir.



Göstərilən tipləri iki qrupda birləşdirmək olar. Birinci qrupa öz tarixində müəyyən varisliyə malik olan və bununla da öz növbəsində bəşər tarixində böyük rol oynamış tarixi qrupları aid edə bilərik. Göstərilən irsi tiplərə Misir, Assur– babil– fikikiya, yunan, roma və german– roman, yaxud Avropa tipləri daxildir. İkinci qrupa tamamilə təcrid olunmuş, ayrılmış şəkildə mövcud olub, inkişaf edən Çin və Hind sivlizasiyaları daxildir. Əslində elə bu səbəblər ucbatından həmin sivlizasiyalar həm inkişaf sürəti, həm də keyfiyyətinə görə Avropa sivlizasiyasından fərqlənir.

Mədəni– tarixi tiplərin, yaxud sivlizasiyaların inkişafı üçün müəyyən şərtlər gözlənilməlidir. Həmin şərtlər tarixi inkişaf qanunları adlandırılır. Onlara Danilevski aşağıdakıları aid edir: 1) qəbilə və ya xalqlar ailəsinin bir– biri ilə ünsiyyətə girməsi üçün bir, yaxud bir neçə dilin mövcud olması; 2) azad və təbii inkişaf üçün şərait yaradan siyasi müstəqilliyin olması; 3) hər bir mədəni– tarixi tipin orjinallığı; 4) hər bir mədəni– tarixi tipə xas olan sivlizasiya müstəqillikdən, yaxud da bərabər əsaslı federasiya hüquqlarından istifadə edirsə, daha da inkişaf edir; 5) mədəni– tarixi tipin inkişafı çox vaxt çoxillik bir məhsullu bitkiyə bənzədilir ki, onun da artıq vaxtı qeyri– müəyyən müddətə ölçülür; lakin çiçəklənmə və məhsulvermə dövrü nisbətən qısadır və onun həyati qüvvəsini birdəfəlik tükəndirir. Sonrakı sivilizasion yanaşmalar yeni məzmunla zənginləşdirilsə də, Danilevski tərəfindən formula edilmiş əsaslar dəyişməz qalmışdır. Şpenqlerdə bu, bir– birindən asılı olmayan mədəniyyətlər kimi verilir ki, onlar da dövlət qurumlarının əsasında mümkündür. Onun fikrincə, vahid dünya mədəniyyəti yoxdur və ola bilməz. Alman filosofu cəmi 8 mədəniyyəti: Misir, Hind, babil, Çin, apollon (yunan– roma), magik (bizans– ərəb), faust (Qərbi Avropa) və maya mədəniyyətini sadalayır. Rus– Sibir mədəniyyətinin formalaşmasının yaxınlaşdığı qeyd edilir. Hər bir mədəniyyətin yaşı onun daxili həyat silsiləsindən– dövründən asılıdır və təxminən min ili əhatə edir. Öz dövrünü tamamlayan mədəniyyət ölür və sivilizasiya vəziyyətinə keçir. Mədəniyyətin sivlizasiyadan prinsipial fərqi odur ki, sivilizasiya ruhsuz intellekt, ölü «boylu» (ölçü mənasında) olduğu halda, mədəniyyət həyatdır, yaradıcı fəaliyyətdir və inkişafdır. A.Toynbidə sivilizasion yanaşma bəşəriyyətin ictimai– tarixi inkişafının lokal sivlizasiyalarının dövranı ruhunda başa düşülməsi kimi təzahür etmişdir. Sələflərinin ardınca gedərək Toynbi bəşəriyyətin vahid tarixinin mövcudluğunu inkar edir və bir– birilə əlaqədar olmayan ayrı– ayrı sivilizasiyaların mövcudluğunu etiraf edir. Əvvəlcə O, 21 sivlizasiyanı sayır, sonra isə onları 13– ə endirir. Yəni ikinci dərəcəli sivilizasiyaları nəzərə almır. İndiyə qədər mövcud olan və indi də öz mövcudluğunu saxlayan sivilizasiyalar özünün kəmiyyət və dəyər parametrlərinə görə mahiyyətcə ekvivalent və eyni əhəmiyyətlidir. Onların hər biri eyni inkişaf dövrünü– əmələgəlmə, yüksəlmə, dağılma mərhələlərini keçirir. Sonra isə onun məhv olması başlanır. Öz mahiyyətinə görə identik olan və bütün sivilizasiyalarda baş verən sosial və digər proseslər ictimai inkişafın bəzi empirik qanunlarını formalaşdırmağa imkan verir ki, bunun da əsasında onun gedişini dərk və proqnozlaşdırmaq mümkündür. Məsələn, Toynbinin fikrincə, ictimai inkişafın hərəkətverici qüvvəsi rolunda «yaradıcı azlıq», yaxud «düşünən elita» çıxış edir ki, onlar da əhalinin yaradıcı orijinal fəaliyyətdə ətalətli, qabiliyyətsiz hissəsinə mühüm təsir göstərir. Onlar qərarlarını bəzən inandırmaq yolu ilə, bəzən də zor gücünə həyata keçirirlər. Sivilizasiyanın inkişafı və çiçəklənməsi birbaşa «yaradıcı azlığ»ın qabiliyyətindən asılıdır. Bu da, öz növbəsində, ətalətli çoxluq üçün nümunə rolunu oynayır, intellektual, mənəvi və inzibati avtoriteti ilə yerdə qalanları öz arxasınca apara bilər. Əgər «elita» tarixi inkişafın gedişinin irəli sürdüyü növbəti sosial– iqtisadi problemi optimal yolla həll etmək qabliyyətinə malik deyildirsə, o, «yaradıcı azlıq»dan hamilik edən azlığa çevrilir və öz qərarlarını inandırmaq yolu ilə deyil, zor gücünə həyata keçirir. Bu situasiya sivilizasiyanın əsaslarını zəiflədir və son nəticədə onun məhvinə səbəb olur. A.Toynbiyə görə XX əsrdə cəmi beş əsas sivilizasiya– Çin, Hind, islam, rus və Qərb sivilizasiyaları öz varlığını qoruyub saxlaya bilmişdir.

  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə