Siyasi tarix fənni üzrə referat




Yüklə 65.54 Kb.
tarix11.03.2016
ölçüsü65.54 Kb.
Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

Siyasi idarəetmə fakültəsi
“Siyasi tarix fənni üzrə referat”
Azərbaycan SSR-də həyata keçirilmiş

birtərəfli sənayeləşdirmə və zorakı kollektivləşdirmə

Qrup 123


II kurs

Tələbə:Qönçə Məmmədova

Müəllim:Rəna Bayramova

Bakı-2010

Plan:

Giriş


1.Birtərəfli sənayeləşdirmə xətti

2.Zorakı kollektivləşdirmə siyasəti

Nəticə

İstifadə olunmuş ədəbiyyat siyahısı



Giriş
Sovet hakimiyyəti Azərbaycanda özünün iqtisadi siyasətini spesifik, mürəkkəb və çətin şəraitdə həyata keçirməyə başladı. İri sənaye mərkəzi olan Bakını çıxmaqla, Azərbaycan iqtisadi baxımdan əsasən geridə qalmış, kəndli ölkəsi idi. Burada yarımpatriarxal-yarımfeodal məişətin qalıqları ilə çulğaşmış kapitalist və yarımfeodal münasibətləri mövcud idi. Azərbaycanın iqtisadiyyatı çoxukladlı xarakter daşıyırdı. Onda müxtəlif ictimai-iqtisadi ukladların ünsürləri var idi. Regionda baş verən müharibələr zamanı Azərbaycanın iqtisadiyyatı dağılmış və əldən düşmüşdü. Belə şəraitdə sovet hakimiyyəti özünün iqtisadi siyasətini həyata keçirməyə başladı. Bu, zaman etibarilə Sovet Rusiyasında vətəndaş müharibəsi və dağıntı şəraitində məcburiyyət qarşısında tətbiq edilən "hərbi kommunizm" siyasəti ilə eyni vaxta təsadüf edirdi. Həmin siyasətin əsas hissəsi ərzaq sapalağı idi. "Hərbi kommunizm" siyasəti sisteminə aid tədbirlərdən Azərbaycanda bəziləri, özü də daha məhdud formada və qısa müddət ərzində həyata keçirilirdi. Əgər "hərbi kommunizm" zamanı Sovet Rusiyasında xüsusi ticarətə yol verilmirdisə, sovet hakimiyyətinin ilk aylarında Azərbaycanda azad ticarət mövcud idi və yalnız 1920-ci il avqustun 26-da Azərbaycan İnqilab Komitəsi taxıl ticarəti inhisarı haqqında dekret qəbul etmiş, bir sıra qəzalarda taxılın və başqa kənd 20 təsərrüfatı məhsullarının dövlət tədarükü tətbiq olunmuşdu. Sovet respublikalarında vətəndaş müharibəsi əsasən 1922-ci ilin payızında başa çatdı. Dinc quruculuq mürəkkəb beynəlxalq vəziyyətdə, sovet ölkəsinin iqtisadi mühasirəyə alınmasını təşkil edən Qərb imperialist qüvvələrinin müqaviməti şəraitində başlandı.

Sovet Azərbaycanında dinc quruculuğa keçid müharibə, xarici müdaxilə və vətəndaş müharibəsi nəticəsində yaranmış ən ağır təsərrüfat dağıntısı

şəraitində baş verirdi. İqtisadi təcridolunma, Ermənistanla sərhəddə tez-tez baş verən hərbi münaqişələr, Qarabağda daşnakların təxribatları, daxili çəkişmələr respublikanı var-yoxdan çıxarırdı. Azərbaycanın iqtisadi həyatının bütün sahələri - sənayesi, kənd təsərrüfatı və nəqliyyatı dərin böhran içində idi. 1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təşkil edirdi1. Bakı neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmışdı, 1913-cü ildə istehsal edilmiş 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təşkil edirdi.1921-ci ilin başlanğıcında respublikada davam etməkdə olan "hərbi kommunizm" siyasəti ilə bağlı tətbiq edilən ərzaq sapalağının ağır təsiri özünü xüsusilə göstərirdi. Əvvəllərdə olduğu kimi ərzaq sapalağı qaydasına uyğun olaraq, kəndlilər bütün kənd təsərrüfatı məhsullarının qalıqlarını dövlətə verirdilər. Buna görə də onlarda öz təsərrüfatlarını genişləndirmək və yaxşılaşdırmaq həvəsi olmurdu. Kəndlilərin çoxu əkin sahələrini genişləndirmək barəsində fikirləşmir, əksinə onu ailə tələbatına uyğunlaşdıraraq azaltmaq istəyirdilər.

1921-ci il ərəfəsində kəndlilərin fəhlələrin bir hissəsini əhatə etmiş narazılıq göstərirdi ki, "hər kommunizm" siyasəti əsasında xalq təsərrüfatını bərpa etmək mükün deyil. Ərzaq sapalağı siyasəti, sosializmin quruculuğunun kommunist üsulu sistemi bütün kəndlilərin mənafeləri ilə toqquşmağa başlamışdı. Belə bir şərait fəhlə sinfi ilə kəndlilərin ittifaqını,sosialist quruculuğunun taleyini təhlükə altına alırdı. Yeni iqtisadi siyasətə keçmək zəruriyyəti meydana çıxdı. Onun əsas məqsədi iqtisadi və sosial böhranın qarşısını almaq, sovet hakimiyyətinin sosial bazası sayılan fəhlə və kəndli ittifaqını möhkəmləndirmək idi. 1921-ci ilin yazından başlayaraq, başqa sovet respublikalarında olduğu kimi, Azərbaycan SSR-də də "hərbi kommunizm" siyasətindən YİS-ə keçid əməli olaraq həyata keçirilirdi. Bu istiqamətdə atılan ilk addımlardan biri Azərbaycan İnqilab Komitəsinin 192l-ci il mayın 17-də "Ərzaq inhisarlarının bütün formalarının ləğv edilməsi barədə" dekreti oldu. Bu dekretlə ərzaq sapalağının qalıqları ləğv edildi, müəyyən çərçivədə, ticarətdə müstəqilliyə icazə verildi. YİS-in təsərrüfat sistemi ölkənin iqtisadiyyatını bərpa etmək üçün şərait yaratmasına baxmayaraq, ziddiyyətli və dəyişkən idi, əsasən iri dövlət sənayesi və xırda əmtəə kəndli təsərrüfatına əsaslanırdı. Müxtəlif partiya qrupları V.İ.Leninin vəfatından sonra hakimiyyət uğrunda mübarizənin kəskinləşdiyi şəraitdə yarana biləcək iqtisadi, siyasi və partiyadaxili böhran məsələlərini həll etmək üçün müxtəlif variantlar təklif edirdilər.1927-ci ilin ikinci yarısında Stalinin təkbaşına hakimiyyəti YİS-i,demokratik prosesləri güclü inzibati-amirlik təzyiqləri ilə əvəz etdi. 1927-1928-ci illərdə kəndlilərə qarşı fövqəladə antidemokratik tədbirlər başlandı və bununla da hələ imkanları qalan YİS-i həyata keçirməkdən əslində tam imtina edildi.




  1. Birtərəfli sənayeləşdirmə xətti

1921-ci ildə qəbul edilmiş yeni iqtisadi siyasət ölkədə gedən ictimai-siyasi proseslərin obyektiv məntiqi gedişindən irəli gəlirdi və qısa müddətdə xeyli müsbət nəticələr verə bildi,xalq təsərrrüfatının qısa müddətdə bərpa olunmasında mühüm rol oynadı.2 1925-ci ilin sonlarına yaxın müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də əsasən müharibədən qabaqkı səviyyə bərpa olundu. YİS azad iqtisadiyyatın, işgüzarlığın və təsərrüfat təşəbbüskarlığının inkişafına şərait yaratdı. Buna baxmayaraq, ölkə texniki və iqtisadi cəhətcə olduqca geri qalırdı. Sənayenin müasir sahələrini yaratmaq, ölkənin elmi-texniki potensialını yüksəltmək lazım idi. Beləliklə, ölkənin sənayeləşdirilməsini inkişaf etdirmək zəruriyyəti meydana çıxmışdı. Cəmiyyətin ictimai-iqtisadi, maddi həyatının obyektiv tələblərinə uyğun yeniləşdirilməsi zərurəti ilə əlaqədar olaraq, 1925-ci ilin dekabrında ÜK(b) P XIV qurultayı SSRİ-də sənayeləşdirmə xəttini götürdü. Lakin bunun üçün öz yığımı olmayan ölkə "sosialist sənayeləşdirməsinə" iqtisadiyyatı inzibati-amirlik yolu ilə nizamlamaq, kəndi istismar etmək, fəhlə əksəriyyətinin "inqilaba və sosializmə" hədsiz inamı və ruh yüksəkliyi hesabına gedirdi.

Sənayeləşdirmə bütün xalq təsərrüfatının "sosialistcəsinə" yenidən qurulması, fəhlə sinfinin artmasına şərait yaranması, onun zəhmətkeş kəndlilərlə ittifaqının möhkəmlənməsi və şəhərlə kəndin istehsal əlaqəsi üçün əsas açar hesab olunurdu. Sənayeləşdirmə, keçmiş çar Rusiyasının müstəmləkələri olmuş digər milli respublikalarda olduğu kimi, Azərbaycanda da iqtisadi-texniki geriliyi aradan qaldırmaqda həlledici rol oynamalı idi.

Bir çox sənaye sahələrinin tam bərpası əslində 1927-ci ilə qədər uzanır və onlarla yanaşı, yeni sənaye müəssisələri, ilk növbədə neft sənayesi müəssisələri yaradılması prosesi gedirdi.

Neft sənayesinin sonrakı inkişafı üçün Azərneftin yanında ilk dəfə geoloji-kəşfiyyat bürosu yaradıldı. Neftli sahələrin ardıcıl olaraq öyrənilməsinə

başlandı.

1926-cı il fevralın 3-də Q.Musabəyov (sədr), H.Sultanov D.Bünyadzadə və başqalarından ibarət respublikanın sənayeləşdirilməsi komissiyası yaradıldı. 3Komissiyanın yanında xammal və fəhlə qüvvəsi, sənaye, elektrik stansiyaları və sairənin təşkili şöbələri yaradıldı. Komissiyaya təcili surətdə sənayeləşdirmə planı hazırlamaq tapşırıldı. 1926-cı ilin mayında Azərbaycan SSR-in sənayeləşdirilməsinin beşillik inkişaf proqramı məsələsi AK(b)P MK plenumunda müzakirə edildi. Həmin planda, hər şeydən əvvəl, neft sənayesinin gələcəkdə daha güclü inkişafı və texniki cəhətcə yenidən qurulmasının başa çatdırılması, eləcə də yeni toxuculuq kimya və sənayenin başqa sahələri üzrə yeni müəssisələrin tikilməsi nəzərdə tutulurdu. Azərbaycan qəzalarında yeni sənaye ocaqlarının yaradılmasına xüsusi əhəmiyyət verilirdi. Onlar gələcəkdə Azərbaycanın simasını dəyişdirməli və onu qabaqcıl sənaye respublikasına çevirməli idi. Azərbaycanın sənayeləşdirilməsinin özünəməxsusluğu ondan ibarət idi ki, burada onun əsas və aparıcı sahəsi tarixən yaradılmış neft sənayesi idi. Əsas sərəncam verən Mərkəz Azərbaycanda "qara qızıl" çıxarılması sürətinin artırılmasında daha çox maraqlı idi. Çünki neft sənayesi Sovet İttifaqının sosialist sənayeləşdirilməsi planının ən mühüm tərkib hissəsi idi. O, ölkənin xalq təsərrüfatının bütövlükdə inkişafı üçün həlledici əhəmiyyətə malik olub, iqtisadi cəhətcə xeyirli və effektli idi. Buna görə də sənayeləşdirmənin ilk illərində əsas diqqət Azərbaycanda neft sahəsinin inkişafına verilmişdi. Digər tərəfdən bu onunla əlaqədar idi ki, ölkənin eyni zamanda bütün sənaye sahələrini inkişaf etdirmək üçün kifayət qədər vəsait yox idi, ona görə də ən tez gəlir verən sahələrə seçmək lazım gəlirdi.

Beləliklə, Azərbaycan qəzalarının sənayeləşdirilməsi məhdud idi və ləng gedirdi. Sənayenin inkişafında respublikanın mərkəzi ilə rayonları arasında ənənəvi uyğunsuzluq hələ də qalmaqda idi. Güclü sənaye yaratmaq böyük kapital qoyuluşu tələb edirdi. Sosialist yığımının əsas mənbələri milliləşdirilmiş sənaye və dövlət ticarəti, nəqliyyat, bank sistemi, kəndlilərin əmək məhsuldarlığının artırılması, eləcə də əhalinin vəsaiti hesabına dövlət istiqrazından gələn gəlirlər idi. Sənayeləşdirməyə yönəldilən lazımi vəsaitin yığılması üçün ölkədə çox ciddi qənaət rejimi qurmaq, möhkəm istehsalat nizam-intizamı yaratmaq, səmərələşdirməni yaymaq, məhsulun maya dəyərini azaltmaq, səmərəli olmayan xərcləri ləğv etmək lazım idi. Bunların əvəzində isə bütün istehsal vasitələrinin Mərkəzin əlində cəmləşməsinə əsaslanan inzibati-amirlik sistemi güclənirdi.

Sənayeləşdirmənin gedişində Azərbaycan zəhmətkeşləri çox çətinlikləri dəf etməli olurdular. Zəruri vəsait və kadrlar çatışmırdı. Planlaşdırma işində inzibatçılıq, inzibati-amirlik və müxtəlif əyintilər, tikintilərin tez-tez vaxtında başa çatdırılmaması halları doğururdu ki, bu da əlavə vəsait tələb edirdi. Respublika AXTŞ Mərkəzdən asılı idi, müstəqil fəaliyyət göstərə bilmirdi, əsaslı tikintilərə bilavasitə rəhbərlikdən məhrum idi.

Belə ki, AK(b)P IV qurultayının (fevral, 1922-ci il) Azərbaycan qəzalarından sənayeləşdirilməsi barəsində qəbul etdiyi qəran nəzərdə tutulan səviyyədə yerinə yetirilməmiş qaldı. Bununla belə sənayeləşdirmədə müsbət nəticələr də əldə olunurdu ki, bunu sənayenin xüsusi çəkisinin kənd təsərrüfatına nisbətində üstünlüyü göstərirdi. 1927/28-ci ildə sənaye məhsullarının xüsusi çəkisi respublikanın xalq təsərrüfatının ümumi məhsulunun 70,7 faizini, kənd təsərrüfatı məhsulları isə 29,3 faizini təşkil edirdi. Beləliklə, Azərbaycanda "sosialist" sənayeləşdirmənin əsas istiqamətinin ancaq ümumittifaq əhəmiyyətli sahənin - neft sənayesinin inkişafına yönələn xətti özünü tam aşkarlığı ilə nümayiş etdirirdi. Təbii ki, bu siyasət sənayenin Azərbaycanda tarixən yaranmış birtərəfli inkişafında dəyişiklik etməyə köklü Şərait yaratmırdı. Bu isə respublikanın bütün regionlarında iqtisadi-mədəni problemlərin və eləcə də ictimai-siyasi məsələlərin bərabər və yüksək səviyyədə həllinə imkan verməyən əsas səbəblərdən idi.

Sovetlər İttifaqında sənayeləşdirmənin ilk illərində əldə edilən nailiyyətlər bütün ölkə miqyasında, eləcə də respublikalarda xalq təsərrüfatının daha geniş və uzunmüddətli inkişaf planlarının tərtibinə imkan yaratdı. Sovet İttifaqında xalq təsərrüfatını planlaşdırma kapitalist ölkələrindən fərqli olaraq, dövlətin respublika, region və rayonlarda iqtisadi inkişafı tənzimləməsinə,onu nəzarətdə saxlamasına imkan verirdi. ÜİK(b)P-nin XV qurultayı (1927-ci ilin dekabrı) SSRİ xalq təsərrüfatı inkişafının birinci beşillik planının tərtib edilməsinə dair direktivlər qəbul etdi.Birinci beşillik planın qəbulu ərəfəsində iqtisadiyyatın inkişaf templəri, xalq təsərrüfatına, o cümlədən ağır sənayeyə vəsait qoyuluşunu maksimum artırmaq imkanları barədə məsələlərin ciddi müzakirəsi gedirdi.

Həddindən artıq mərkəzləşdirmə, yerlərdə təşəbbüskarlığa təzyiq, direktiv amirlik, dövlət orqanları və partiya təşkilatlarında, xüsusilə partiya rəhbərliyində Stalinin "üslubu" üstünlük təşkil edirdi.Stalinin sənayeləşdirməni inzibati-amirlik metodları ilə məcburən yüksək sürətlə həyata keçirməsi YİS-in tənəzzülünə, insanların, ələlxüsus kəndli kütləsinin güclü istismarına, "ölkə sosializmə doğru irəlilədikcə sinfi mübarizənin kəskinləşməsi haqqında" tezisin əsaslandırılmasına, ölkədə gərgin ictimai-siyasi şərait yaranmasına gətirib çıxartdı.Beşillik planda milli respublikalarda iqtisadiyyat və mədəniyyətin əsas inkişaf istiqamətləri müəyyənləşdirilirdi. UİK(b)P XV qurultayının beşillik xalq təsərrüfatı planının tərtib edilməsinə dair direktivlərində göstərilirdi: "Beşillik plan geridə qalmış milli ucqarların və geridə qalmış rayonların iqtisadiyyatını və mədəniyyətini yüksəltmək məsələlərinə xüsusi diqqət verməlidir, onların iqtisadi və mədəni geriliyini tədricən aradan qaldırmaq zəruriyyətini əsas tutmalı və onların ehtiyac və tələbatını İttifaqın ehtiyac və tələbatı ilə uyğunlaşdırmağı nəzərdə tutmaqla, onların iqtisadi və mədəni cəhətdən müvafiq surətdə sürətlə inkişaf etməsini əsas götürməlidir"4. Direktivlər respublikaların iqtisadiyyatını planlaşdırarkən İttifaqın ehtiyac və tələbatını nəzərdə tutmağın vacibliyini vurğulamaqla yerli, milli mənafeləri arxa plana keçirir, Mərkəzin diktəsinə zəmin yaradırdı. Beşillik planda Azərbaycanda kimya sənayesinin inkişafına mühüm yer verilmiş, elektrikləşdirmə sahəsində Gəncə istilik-elektrik stansiyasının ikinci növbəsinin, Zurnabad və Nuxa su-elektrik stansiyaları tikintisinin başa çatdırılması, 26 kənd elektrik stansiyasının inşası, toxuculuq sənayesində isə Gəncə toxuculuq fabriklərinin tikintisi və yenidən qurulması nəzərdə tutulmuşdu.



Birinci beşillik planda Zaqafqaziya respublikalarının, o cümlədən Azərbaycanın kənd təsərrüfatı sahələrinə aid mühüm vəzifələr qoyulmuşdu. Belə ki, kəndli təsərrüfatları 20 faizdən az olmayaraq, pambıqçılıq rayonlarında isə 50 faizədək kollektivləşdirilməli,kolxozların sayı 2150-yə çatdırılmalı idi. Əkin sahələri 1327 min hektaradək artırılmalı, cəmi 1927/28-ci təsərrüfat ilindəkinə nisbətən 27 min hektar çox olmalı idi5.Kənd təsərrüfatı kooperasiyası sisteminin məhsul satışı təyinatı dəyişdirilməli, yoxsul və ortabab təbələnin təsərrüfat maraqlarını ödəyən istehsalı kooperativləşdirmək yəzifəsinə yönəldilməli idi.Beşillik ərzində ümumi ibtidai təhsilin tətbiq edilməsi, 91 o məktəb binası tikintisi, 40 min radionöqtə qurulması, mədəni maarif müəssisələri şəbəkəsinin genişləndirilməsi,habelə zəhmətkeşlərin maddi rifah halının yüksəldilməsi planlaşdırılmışdı. Beşilliyin ilk illəri ümidverici nəticələrlə qeyd olunmuşdu.Sənaye planları yerinə yetirilir, texniki tərəqqi və ölkənin iqtisadi müstəqilliyini təmin edən maşın və avadanlıqlar buraxan sahələr inkişaf edirdi.Fəhlələrin sayının,onun milli dəstələrinin artması müşahidə edilirdi.Stalin beşillik plana müdaxilə edirdi. O, ağır sənayenin templərini beşillik planda təsdiq olumasıyla müqayisədə 32 faiz artırmağa məcbur etmişdi. Yeni nəzarət göstəricilərinin təsdiq olunmuş rəqəmlərdən fərqinin real əsasları yox idi. Beşillik plan tədricən pozulur və zorakı inzibatçılığın təsiri altında dəyişdirilirdi.
2.Zorakı kollektivləşdirmə siyasəti
Sənayeləşdirmədə baş verən yeniliklər kəndin ictimai iqtisadi həyatında köklü dəyişikliklər keçirilməsini də şərtləndirdi. Ölkədə, o cümlədən Azərbaycan Respublikasında kənd təsərrüfatı pərakəndə vəziyyətdə idi, onda xırda fərdi təsərrüfatlar üstünlük təşkil edirdi. Bu sahədə yaranmış böhrandan çıxış yolunu Stalin kənd təsərrüfatını hər vasitə ilə kollektivləşdirməkdə görürdü. XV partiya qurultayı (dekabr 1927-cı il) xırda fərdi kəndli təsərrüfatlarını birləşdirməyi və onları iri kollektivlərə çevirməyi kənddə əsas vəzifə kimi qoymuşdu.Qurultayda kooperasiyanın bütün formalarının inkişaf etdirilməsi, yeni texnika əsasında tədricən torpağın elliklə becərilməsinə keçilməsi nəzərdə tutulurdu. Kənd təsərrüfatının kooperativləşməsi haqqında qərarda müddət, xüsusilə forma və üsulları barəd konkret vəzifələr müəyyənləşdirilməmişdi. Qurultayın qolçomaqlar haqqında qərarında iqtisadi metodlarla onların istismar imkanlarını azaltmaq tədbirləri nəzərdə tutulurdu, hətta qeyd olunurdu ki, kollektivləşmə "ancaq zəhmətkeş kəndlilər tərəfindən razılıq olması şərti ilə" ola bilər.Azərbaycanda kənd təsərrüfatını kooperativləşdirmənin dinamikası illər üzrə aşağıdakı kimi nəzərdə tutulurdu: 1926-cı il -67409 - 20,2 faiz; 1927-ci il 90273 - 26,9 faiz; 1928-ci il - 159178 - 46,9 faiz və 1929-cu il - 231199 - 68,2 faiz.6 1927-1928-ci illərdə ölkədə taxıl hazırlığında baş vermiş çətinliklər vaxtı Stalin kollektivləşdirməni sürətləndirmək qərarını verdi. Taxıl hazırlığındakı böhranı aradan qaldırmaq tələbi ilə 1928-ci ilin fevralında yerli təşkilatlara Stalinin təlimatı göndərildi.

Bu təlimatın mahiyyəti kəndli təsərrüfatlarının kollektivləşdirilməsi sahəsində hökm və təzyiq metodunun tətbiqindən ibarət idi.Azərbaycanda kollektiv təsərrüfatlar yaradılmasına hələ sovet hakimiyyətinin ilk illərində başlanmışdı.1921-ci ilin may ayında respublikada sərəncamlarında 11 min desyatin torpağı olan 9,5 min adamı birləşdirən 137 kənd təsərrüfatı arteli, 37 kommuna var idi. Həmin kollektiv təsərrüfatlarının çoxu qısa bir müddətdə kəndli kütlələrinin şüurunun və mədəniyyətinin geriliyi, fərdiyyətçi münasibəti və iqtisadi-texniki amillərin kifayətləndirici səviyyədə olmaması nəticəsində dağıldı.

1926-1928-ci illərdə kollektiv təsərrüfatlar yenidən təşkil olunmağa başlandı. Respublikada 1928-ci ilin sonunda kolxozların sayı 289-a çatdı, bu da kənddəki təsərrüfatların 1,3 faizini təşkil edirdi. Bu dəfə kolxozlar kənd yoxsullarının "nisbətən şüurlu hissəsindən və bütövlükdə könüllü" yaradılırdı, heç də təsadüfi deyildi ki, bunlarda kommunistlərin sayı əvvəlkinə nisbətən iki dəfə, komsomolçuların sayı isə beş dəfə artmışdı. Kollektiv təsərrüfata cəlb olunanların ailələri isə kolxozun əmək ehtiyatını təmsil edirdi. Bundan əlavə kolxozların 88 faizi kənd təsərrüfatı maliyyə kooperasiyası ilə əhatə olunmuşdu. Bu da yeni yaranan kolxozların kənd təsərrüfatı maşınları, avadanlıq, nəqliyyat vasitələri əldə etməsinə imkan verirdi. 1929-cu ildə kolxozların 59 faizində cəmi 560 traktor idi. Texnika ilə təchizat ancaq İttifaq mərkəzindən asılı idi və ucqar rayonlara olduqca az maşın ayırırdı. 1929-cu ildə Azərbaycanda 100 min xışdan istifadə olunurdu.Ona görə də AK(b)P yaxın beş il müddətində bütün xışları kotanla əvəz etmək şüarını irəli sürmüşdü.Azərbaycanda, demək olar ki, 1928-ci ilin ortalarına qədər kollektiv təsərrüfatların qurulması prosesi, ayrı-ayrı hallardan başqa, nisbətən mülayim, "kəskin sinfi mübarizəsiz keçir və öz müsbət nəticələrini verirdi. Həmin ildə kəndli təsərrüfatının 40 faizi, 1929-cu ildə isə 47 faizi vergidən azad edilirdi. Vergidən azad olunmuş yoxsul, zəif kəndli təsərrüfatları hesabına məhsul istehsalı çoxalırdı. Kolxozlara maliyyə ayrılmasına, maşın, avadanlıq və s. alınmasına getdikcə qayğı da artırdı. Belə ki, dövrün hesablamalarına görə, Azərbaycanda kolxozlaşma faizi başqa Zaqafqaziya respublikalarından yüksək idi.Lakin 1928-ci ilin ortalarından başlayaraq, bütün ölkədə olduğu kimi, Azərbaycanda da kolxoz təşkili süni "sürətləndirilir", hətta açıq zorakılıq tətbiq etmək hallarına yol verilirdi.

1929-cu ilin yayında ölkədə "bəzi dairələrin kəndli təsərrüfatları elliklə tamam kollektivləşdirilsin" şüarı irəli sürüldü.ÜİK(b)P MK-nın noyabr (1929-cu il) plenumu təsərrüfatları elliklə tamam kollektivləşdirilməsi vəzifəsini artıq ayrı-ayrı vilayətlərin qarşısına

qoydu.Şərq respublikalarında, o cümlədən Azərbaycanda kollektivləşdirmənin başa çatdırılması ikinci illikdə nəzərdə tutulsa da, bu möhlətin 1930-cu ilin yaz əkin kampaniyası dövrünə keçirilməsi qərarlaşdırıldı.7

Kollektivləşmə prosesində "sürət uğrunda" keçirilən başabəla yanaşma başlandı. Bu zaman sosial-iqtisadi, milli təsərrüfat formaları, həmçinin bəzi rayonlarda əhalinin yarımköçəri həyat tərzi, mədəniyyətin aşağı səviyyəsi, məişət və dini mövhumatın güclü üsulu kimi mühüm amillər belə nəzərə alınmırdı.İnandırmaqla və təmkinlə təşkilati iş aparmaq əvəzinə, kəndli kütlələrinə inzibatçılıq, kobud təzyiq, hədə, hətta fiziki zorakılıq tətbiq edilirdi. Bunun nəticəsində kolxozların sayı "sürətlə" artırdı. Yalnız 1930-cu ilin yanvar ayında Azərbaycanda 591 yeni kolxoz yaradılmış, onlara 436 kəndli təsərrüfatı daxil edilmişdi ki, bu da əvvəlki illərdəkinə nisbətən 2,5 dəfə artıq idi. Həmin ilin mart ayının axırında respublikadakı kolxozlarda artıq 102 min kəndli təsərrüfatı birləşdirilmiş pambıq əkən bir çox kəndlərdə isə artıq elliklə kollektivləşdirməyə başlanmışdı. Lakin xüsusi yerli şəraitlə əlaqədar olaraq, Azərbaycan SSR-də 1929-1930-cu illərdə fərdi təsərrüfatların kollektivləşməsi çox ləng gedirdi. Çünki kolxozlara əsasən yoxsul kəndlilər daxil olur, ortabablar isə hələ tərəddüd edirdilər.

1930-cu ilin payızında Azərbaycan SSR-də kütləvi kolxoz quruculuğu başlandı, artıq həmin il oktyabrın 1 -dək kəndli təsərrüfatlarının 15,7 faizi kollektivləşdirilmişdi. Bu iş pambıqçılıq rayonlarında daha sürətlə aparılaraq, 1930-cu ilin dekabrında kəndli təsərrüfatının 20,2 faizini əhatə etmişdi.8

Azərbaycanda kolxoz quruluşunun sosialı-qtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməsi davam etdirildi, dövlət və ictimai təşkilatların əsas qüvvələri səfərbər edildi,

kənd təsərrüfatında texniki rekonstruksiyanın miqyası, əsasən maşın‐traktor stansiyalarının yaradılması vasitəsilə genişləndirildi,kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi səviyyəsi yüksəldilmişdi. 1930‐cu ildə dövlət kolxozlara yardımlar göstərdi, onlara əhəmiyyətli dərəcədə vergi güzəştləri

edilmiş, fərdi çalışanlar üçün isə kənd təsərrüfatı vergisinin miqdarı artırılmışdı.Məcburi xarakter daşımağa başlayan dövlət tədarükünün həcmi artırılmışdı. Ancaq yerlərdə özbaşınalıqlar da davam edirdi.9

Görülən tədbirlər nəticəsində Azərbaycanda 1931‐ci ilin əvvəllərində kollektivləşmə aizi 16,2%, mayın sonuna isə 33,6% təşkil etmişdi.İri pambıqçılıq rayonları üzrə isə bu rəqəm orta hesabla 49% təşkil etmişdi.İlin sonunda respublika üzrə bu göstərici 46,3 %‐ə qədər, pambıqçılıq rayonlarında isə 62%‐ə qədər yüksəlmişdi. Kollektivləşdirmədə inzibati-amirlik siyasəti getdikcə güclənirdi, yerlilərin milli xüsusiyyətləri, kəndlilərin əhvali-ruhiyyəsi, onların çoxunun şəxsi təsərrüfatını saxlamaq istəyi nəzərə alınmır, bu işdə tələskənlik və zorakılığın yolverilməzliyi prinsipləri pozulurdu. Stalinin "elliklə kollektivləşmə" şüarını irəli sürməsi, Pravdanın 1929-cu il 7 noyabr sayında "Böyük dönüş ili" məqaləsində guya kəndlilərin bütöv kəndlərlə, nahiyələrlə, rayonlarla kolxoza getmələrini, yəni kənd təsərrüfatının sosialist quruculuğa "həlledici qələbə" qazanılmasını, ortababların kolxoza daxil olmasını vurğulaması həmin ildə də onun "elliklə kollektivləşdirmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi" siyasətinin elan edilməsini əsaslandırdı.

1930-cu il yanvarın 5-də ÜİK(b)P MK "Kollektivləşdirmənin sürəti və kolxoz quruculuğuna dövlət tərəfindən yardım edilməsi tədbirləri haqqında" qərar qəbul etdi. Mərkəzi Komitə ayrı-ayrı rayonlarda şəraitin müxtəlifliyini və

kollektivləşməyə eyni dərəcədə hazırlıq olmadığını nəzərə alaraq, ölkədə kollektivləşdirməni sona yetirmək üçün təqribi möhlətlər müəyyən etdi. ġimali Qafqaz, Aşağı və Orta Asiyada kollektivləşdirmə "1930-cu ilin payızında, yaxud 1931-ci ilin yazında"; qalan taxılçılıq rayonlarında "1931-ci ilin payızında, yaxud 1932-ci ilin yazında" başa çatdırılmalı idi. Mərkəzdən dekretlə bu cür, yuxarıdan, regionlarla məsləhətləşmədən qısaldılmış müddətlər müəyyənləşdirilməsi və "kolxoz təşkili üzrə sosialist yarışı" aparılması vəziyyəti gərginləşdirərək çoxlu əyinti və səhvlərə səbəb oldu. Kənddə inzibati-amirlik təzyiqi altında kollektivləşməni nəinki qabaqcıl taxılçılıq rayonlarında, hətta mərkəzi qaratorpaq zonasında, Moskva vilayətində, şərq respublikalarda da "1930-cu ilin yaz əkin kompaniyası dövründə" başa çatdırmaq qərara alınmışdı. Yalnız qolçomaqları deyil, hələ kolxoza daxil olmaq istəməyən ortababları da sıxışdırır, bir çox rayonlarda kəndli təsərrüfatlarının 10-15 faizini "qolçomaq" sayıb təqib edirdilər, seçki hüquqlarından məhrum edilənlərin sayı da 15-20 faizə çatırdı. İstehsal vasitələrini ictimailəşdirməkdə də kobud səhvlər buraxılır, onu artellərdə xırda heyvan və quşlar da daxil olmaqla "maksimum"a çatdırmağa çalışırdılar. 1930-cu il fevral ayının 1-də SSRİ MİK və Xalq Komissarları Soveti "Kütləvi kollektivləşmə rayonlarında kənd təsərrüfatının yenidən qurulması və qolçomaqlarla mübarizə tədbirləri haqqında" qərar qəbul etdi. Bu qərar kütləvi kollektivləşmə rayonlarında torpaq icarəsinə və muzdlu əməkdən istifadəyə icazə verən bütün köhnə qanunları ləğv etdi.Torpaq icarəsi və muzdur saxlamaq hüququ qolçomaqların əlindən alındı. Lakin çox keçmədi ki, "sinfi mübarizənin" sərt qanunlarının yaratdığı iqtisadi və siyasi böhran sovet hakimiyyətini ciddi çətinliklərlə üzləşdirdi. Yuxarının göstərişi ilə həyata keçirilən siyasi xətt yerli təşkilatların nöqsanlarını partiya xəttini öymək halları kimi qiymətləndirildiyi üçün Azərbaycan və digər respublikaların partiya təşkilatları onu öz səhvləri kimi etiraf etməli oldular. Həmin il fevralın 20-də MK-da qəbul olunmuş "iqtisadi cəhətdən geridə qalan milli rayonlarda kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında" qərarda kollektivləşdirmədə rayonların milli və iqtisadi xüsusiyyətlərinin nəzərə alınması təklif edilirdi.Azərbaycanın xeyli hissəsində də elliklə kollektivləşmə və qolçomaqların ləğv edilməsi məsələsini qoymaq hələ lazım deyildi.Bu dövrdə kolxoz quruluşu sahəsində ciddi əyintilərə də yol verilmişdi - kolxoz quruculuğu prosesində könüllülük prinsipi pozulmuş,kolxoz hərəkatında ayrı-ayrı rayonların yerli xüsusiyyətləri nəzərə alınmamış və arteldən birbaşa kommunaya sıçramaq hallarında olmuşdu.

Kollektivləşdirmə kəndin bütün təbəqələrinin mənafeyinə toxunurdu, öz əmlakını, mənliyini və varlığını qoruyub saxlamaq uğrunda müqavimət göstərən qolçomaqlarla qəti döyüş başlandı.

Bütün ölkədə olduğu kimi, Azərbaycanda da qolçomaqlar sovet hakimiyyətinə qarşı mübarizənin bütün formalarından istifadə edirdilər.


1 Азербайджан в цифрах. Краткий стат. сб. Баку, 1964, стр. 45.


2 S.Qəndilov “Siyasi Tarix”(I hissə),Bakı-1995,səh.172

3 Azərbaycan tarixi. Üç cilddə, III с, I h., Bakı, 1973, səh.351

4 Sov.İKP qurultayları, konfransları və MK plenumlarının qətnamə və qərarları.III hissə (1930-1954). Bakı,1954,səh.512

5Azərbaycan tarixi.Üç cilddə, III с, I h.,Bakı,1973,səh.375.



6 Məmmədov E.İ. “Kənd təsərrüfatının elliklə kollektivləşməsi illərində Azərbaycan kəndində sinfi mübarizə(1930‐1937‐ci illər)”.Bakı,1967,səh.63.

7 Sов.İKP qurultayları, konfransları və MK plenumlarının qətnamə və qərarları.II hissə (1924 –

1930). Bakı,1954, səh.15,20.




8 Əlimirzəyev X.O. Azərbaycan kəndi Sovet hakimiyyəti illərində.Bakı,1963,səh.76

9 Azərbaycan Kommunist Partiyasının 20-30-cu illər tarixinin bəzi məsələləri.Bakı,1990,səh. 55-56.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə