Sivilizasiyalı milli iqtisadiyyat




Yüklə 41.66 Kb.
tarix26.04.2016
ölçüsü41.66 Kb.
Sivilizasiyalı milli iqtisadiyyat
İqtisadi ədəbiyyatda milli iqtisadiyyat təliminin ilkin tədqiqatçıları kapitalizm cəmmiyyətinin nümayəndələri, klassik iqtisadi nəzəriyyə məktəbinin yaradıcıları A.Smit və D.Rikardo olmuşlar. Onlar hesab edirdilər ki, milli iqtisadiyyatın formalaşması cəmiyyətin iqtisadi inkişafınmın qanunauyğun nəticəsidir. Нər bir ölkə iqtisadi inkişafının müəyyən mərhələsində müstəqil milli iqtisadiyyat formalaşdırmaq səviyyəsinə gəlib çıxacaqdır. Ölkələr iqtisadi inkişaf səviyyələrinə görə bir-birindən fərqləndikləri üçün milli iqtisadiyyatın formalaşmasına bir qrup ölkələr tez, digər qrup ölkələr isə gec gəlib çıxırlar. Milli iqtisadiyyat ölkənin istehsal sahələri arasında iqtisa­di əlaqələrin çevikliyini, təkrarlığını, milli maraqların ödənilməsini tələb etdiyindən onun formalaşması da bu münasibətlərin kifayət dərəcədə yetkinləşdiyi kapitalizm cəmiyyətində baş verir. Kapitalist istehsal münasibətləri müxtəlif iqtisadi alətləri hərəkətə gətirməklə (kapitalın sərbəst şəkildə bir sahədən digərinə axması, milli resurslardan səmərəli istifadənin bazar mexanizmi, əmək bölgüsünün dərinləşməsi) iqtisadiyya­tın bir tam kimi inkişaf etməsini stimullaşdrır. İqtisadiyyatın bütün sahələri istehsal amillərinin səfərbər edilməsi nəticəsində gəlir gətirmək imkanına malik olduğundan heç bir saə kapitalın diqqətindən kənarda qalmır. A.Smit, D.Rikardo öz dövrlərinin irıkişaf etmiş ölkəsi olan İngiltərənin iqtisadiyyatını tədqiq edərək bu qənaətə gəlmişlər ki, bazar iqtisadi münasibətlərinin sistemli inkişafı İngiltərənin iqtisadi həyatında bir tamlıq yaratmışdır ki, bu da milli iqtisadiyyat üçün səciyyəvidır

Artıq XVII-XVIII əsrlərdə İngiltərədə kapitalist münasibətləri kifayət dərəcədə inkişaf etmişdi. İnkişaf etmiş ölkənin iqtisadiyyatı onu təşkil edən struktur ünsürlərinin qarşılıqlı əlaqə və təsiri şəklində fəaliyyət göstərirdi. Həm də bu fəaliyyət xarici aləmdən təcrid olunmuş şəkildə deyil, onunla sıx əlaqədə baş verirdi. Bu baxımdan, milli iqtisadiyyat dedikdə daxili və xarici iqtisadi amillərin təsiri altında qarşılıqlı əlaqə və asılılıqda olan və fəaliyyət göstərən təsərrüfat ünsürlərinin ölkə miqyasında mövcud xüsusi kompleksini başa düşmək olar. Milli iqtisadiyyat daha çox mənafelərin uzlaşdırılması yolu ilə ümummilli, ümumxalq, ümumdövlət mənafelərinin reallaşmasına şərait yaradır və bu amillərin inkişafına xidmət edir.

Milli iqtisadiyyatın ümummilli mənafelərin reallaşmasına daha əlverişli şərait yaratmaq imkanına malik olması alman iqtisadçısı F. Listin də iqtisadi tədqiqatlarında diqqət mərkəzində olmuşdur. F.List öz tədqiqatlarının nəticəsi olaraq bu qənaətə gəlir ki, müstəqil milli iqtisadiyyatı formalaşdıran amillərin çevik qarşılıqlı asılılıqda əlaqəsini təmin etməklə bütövlükdə ölkə iqtisadiyyatının kifayət dərəcədə sürətli inkişafına nail olmaq mümkündür. Sonralar F.Listin milli iqtisadiyyat konsepsiyası Almaniya iqtisadiyyatının inkişafının proqram sənədlərindən birinə çevrilmişdi. Almaniya gerçəkliyində «milli iqtisadi inkişaf» konsepsiyasının diqqət mərkəzində saxlanılmasının nəticəsi olaraq XX əsrin əvvəllərindən başlayaraq Almaniya dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. İqtisadi inkişaf səviyyəsinə görə alman iqtisadiyyatına uyğun gələn bir sıra qərb ölkələri öz milli inkişaf konsepsiyalarının işlənib hazırlanmasında F.Listin nəzəriyyəsindən ölkələrinin gerçəkliyinə uyğun gələn səviyyədə istifadə etməyə başladılar. Məsələn, Avstriya və İsveçdə sosial yönümlü iqtisadiyyatın formalaşmasının əsasını məhz alman modeli təşkil etmişdi.

Azərbaycan Respublikasının siyasi suverenlik əldə etməsi ölkə iqtisadçılarının da diqqətini milli iqtisadiyyatın formalaşması problemlərinin öyrənilməsinə yönəltmişdir.

Respublikanın tanınmış iqtisadçı alimlərindən Azərbaycan Respublikası MEA-nın akademiki Z.A.Səmədzadə, AMEA müxbir üzvləri Ş.M.Muradov, professorlardan Ş.H.Hacryev, İ.A.Kərimli, Ə.P.Babayev, M.X.Meybullayev, A.Ş.Şəkərəliyev və başqalarının əsərlərində milli iqtisadiyyatın formalaşmasının bu və ya digər mühüm problemləri tədqiqat obyekti olmuşdur. 1998-ci ildə Azərbaycan Asiya Universiteti tərəfindən nəşr edilmiş “Azərbaycan iqtisadiyyatı” monoqrafik əsərinin müəllifləri respublikamızda “milli iqtisadi inkişaf” problemlərinin araşdırılması baxımından təqdirəlayiq bir iş görmüşlər.

Milli iqtisadiyyat probleminin ilkin tədqiqatçılarına əsaslanan müasirlərimiz milli iqtisadiyyatın üç formasını fərqləndirirlər. “Sivilizasiyalı müstəqil milli iqtisadiyyat”, “müstəmləkə xarakterli milli iqtisadiyyat”, “yarmımüstəmləkə xarakterli milli iqtisadiyyat”. Milli iqtisadiyyatın tədqiqatçılarının hansı mövqedən yanaşmalarından asılı olmayaraq göstərilən meyarları nəzərə almadan milli iqtisadiyyatın tam elmi məzmununu açmaq mümkün deyil. Bütün bu meyarları nəzərə alaraq T.S.Vəliyev yazırdı: “Tarixi təcrübə birmənalı təsdiq edir ki, “sağlam (sivilizasiyalı, normal) milli iqtisadiyyat” kateqoriyası ilə о ölkələr xarakterizə olunurlar ki, onlarda real siyasi, hüquqi, milli və ümumiyyətlə, dövlət müstəqilliyi ha­kim mövqe tulmuş və tutur».

Prof. Ş.H.Hacıyev hələ 2000-ci ildə yazdığı “Azərbaycan dünya birliyinə doğru yolda: xarici iqtisadi inkişaf strategiyası» monoqrafiyasında Azərbaycanın iqtisadi inkişaf xüsusiyyətərinin konturlarını müşahidə etmiş və sonralar bir sıra əsər və məqalələrində Milli iqtisadiyyatın formalaşdırılmasının spesifikliyini (yüksək iqtisadi artım tempi) iqtisadi inkişafın H.Əliyev «Uğur» modeli kimi elmi cəhətdən əsaslandırmışdı.

Bu model digər iqtisadi inkişaf modellərindən aşağıdakılarla fərqləndirilir.

1. «Uğur» modelinin paradiqmasını faydalılıq, səmərəlilik təşkil edir. Yüksək artım tempi səciyyəvidir.

2. Universal iqtisadi inkişaf qanunlarının milli xüsusiyyətləri nəzərə alınır.

3. Spesifik iqtisadi qanunlardan çevik islifadə olunur.

4. Milli iqtisadi sistemlərin özünəməxsusluğu nəzərə alınır. Bəzi ölkələr ilə eyniləşdirmələr aparılır. Tam fərqlilik diqqət mərkəzində saxlanılır.

Milli iqlisadiyyat tarixi bir kateqoriya olduğundan şübhəsiz ki, bu və ya digər ölkənin məhsuldar qüvvələrinin müxtəlif inkişaf səviyyəsinə uyğun gəlir. Müxtəlif tarixi dövrlərdə isə milli iqtisadiyyatın formalaşdırılması kifayət dərəcədə fərqli formada baş verir. SSRİ-nin dağılması ilə Rusiya kimi inkişaf etmiş nəhəng bir ölkədə dərhal milli iqtisadiyyat quruculuğuna başlanılmışdır.

Ona görə də müasir dövrdə milli iqtisadiyyatın elmi cəhətdən araşdırılması Rusiya iqtisadi ədəbiyyatında da özünə geniş yer tapmışdır. Belə ki, M.K. Bunkina milli iqtisadiyyatı ən sadə şəkildə məhdud ərazidə iqtisadi həyatın spesifik milli formada təşkili kimi müəyyənləşdirsə də, onu kifayət dərəcədə mürəkkəb orqanizmi kimi araşdırmır. Əsasən milli iqtisadiyyatın üç amili bir-birindən fərqləndirilir. İlkin kimi milli iqtisadiyyatın iqtisadi əsası mülkiyyət münasibətləri götürülür, ölkənin təsərrüfat sisteminin fəaliyyət göstərdiyi və inkişaf etdiyi iqtisadi şərait milli iqtisadiyyatın iqtisadi zəmini kimi çıxış edir. Ölkənin təsərrüfat sisteminin fəaliyyət göstərdiyi milli iqtisadiyyat siyasi sistem, hakimiyyətin formasını müəyyənləşdirir.

Bununla yanaşı, bir qrup iqtisadçıların fikrincə milli iqtisadiyatın təşkilatı əsası dövlət tərəfindən idarə olunan mürəkkəb obyekt kimi fəaiyyət göstərən və inkişaf edən milli təsərrüfat sistemidir.

Çox ehtimal ki, keçmiş sovet məkanındakı milli iqtisadiyyat tədqiqatçıları təbii-tarixi inkişaf yolundan sapdırılmış ölkələrin xüsüsiyyətlərini nəzərə almaqla elmi araşdırmalar aparmışlar. Kapitalizmin qanunauyğun nəticəsi kimi meydana gələn milli iqtisadiyyat inkişaf etmiş ölkələrdə daha fərqli xüsusiyyətlərə malik olurlar. Sağlam sivilizasiyalı milli iqtisa­diyyat kifayət dərəcədə inkişaf etmiş müstəqil dövlətlər üçün səciyyəvidir. Bu qrup ölkələr (Almaniya, Fransa, İngiltərə, ABŞ, Yaponiya və onlarla başqaları) kifayət qədər uzun müddət müstəqil olsalar da, sözsüz ki, müasir sivilizasiyalı müstəqil milli iqtisadiyyatı birdən-birə qurmamışlar. Sivilizasiyalı müstəqil milli iqtisadiyyat qurmuş ölkələr arasındakı iqtisadi münasibətlər bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipi əsasında həyata keçirilir. Bu proses qlobal xarakterli olduğundan heç bir ölkə digərinə öz iradəsini zorla qəbul etdirə bilməz. Hər bir ölkə beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum dərəcədə öz milli iqtisadiyyatının inkişaf üçün istifadə etməyə çalışır.

Uzun müddət böyük bir qrup ölkələrin iqtisadiyyatı “müstəmləkə xarakterli milli iqtisadiyyat” kimi səciyyələnmişdir. XIX əsrin sonu, XX əsrin əvvəlləri üçün dünya ərazisi qabaqcıl kapitalist ölkələri tərəfindən bölüşdürülüb qurtarmışdır. Dünya iki hissəyə: metropoliya və müstəmləkə ölkələrinə parçalanmışdır.

Metropoliyalarda sivilizasiyalı müstəqil milli iqtisadiyyat formalaşdırıldığı halda müstəmləkə ölkələrinin iqtisadiyyatı siyasi və iqtisadi cəhətdən tam asılı vəziyyətə düşmüşdür.

“Müstəmləkə xarakterli milli iqtisadiyyat” aşağıdakı cəhətləri ilə səciyyələnir:

1. Ölkə iqtisadi və siyasi cəhətdən asılıdır. Bir ölkənin ərazisi digər ölkə tərəfindən işğal edilib. Ölkədə hakimiyyət dairələri xarici ölkənin (Metropoliyanın) iradəsini ifadə etdiyindən ölkə müstəmləkəçi ölkənin qanunları ilə idarə edilir.

2. Ölkə iqtisadi cəhətdən asılı olduğundan iqtisadiyyat birtərəfli inkişaf etdirilir. Müstəmləkə ölkələrinin iqtisadiyyatı xammal bazası olmaq etibarı ilə müstəmləkəçi ölkələrin iqtisadiyyatının əlavəsinə çevrilir. Ölkə iqtisadiyyatı çox bəsit quruluşa malik olur. Sənaye nisbətən zəif inkişaf edir.

3. Müstəmləkə ölkələrinin təbii sərvətləri müstəmləkəçilər tərəfindən insafsızcasına qarət edilir. Əhalinin güzaranı acınacaqlı dərəcədə pis olur. Dünya miqyasında aclıq və yoxsulluğun çox hissəsi bu ölkələrin payına düşürdü.

4. Bu ölkələrin iqtisadiyyat xarici kapitalın maraqlarına uyğun gəldiyi dərəcədə inkişaf etdirilirdi. Ölkədə milli burjuaziyanın maraqları xarici kapitalın maraqları ilə ziddiyyət təşkil etdiyindən iqtisadiyyatın tam gücü ilə işləməsinə nail olmaq mümkün deyildir.

5. Xarici kapitalın maraqları resurslardan intensiv istifadəni şərtləndirdiyindən iqtisadiyyatın müəyyən sahələrində nisbətən mütərəqqi texnologiya tətbiq edilirdi. Həmin ölkələrin müstəqillik əldə etdiyi dövrdə mövcud mütərəqqi texnologiya iqtisadiyyatın yenidən qurulmasında əsas rol oynamışdır.

XX əsrin əvvəllərindən dünya müstəmləkə sistemi dağılmağa başladı. Milli mübarizə nəticəsində əksər ölkələr siyasi müstəqillik əldə etdilər. XX əsrin 60-cı illərində müstəmləkə sisteminin demək olar ki, dağılması başa çatmış və yeni milli dövlətlər yaranmışdır. Bu qrup ölkələr siyasi müstəqillik əldə etsələr də, uzun müddət iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən asılı qaldıqlarına görə müəyyən müddət siviİizasiyalı müstəqil milli iqtisadiyyat qura bilmirlər. İnkişaf etmiş ölkələr çalışırlar ki, müstəmləkəçilikdən azad olmuş ölkələr onların iqtisadi və siyasi nüfuz dairəsindən kənarda qalmasın. Müstəmləkəçilikdən yeni azad olmuş milli respublikalarda da iqtisadiyyat inkişaf etmiş ölkələrin iqtisadi təsiri altında formalaşan “yarımmüstəmləkə xarakterli milli iqtisadiyyat” kimi səciyyələnir.

Sivilizasiyalı müstəqil milli iqtisadiyyatın formalaşdırılması bir sıra siyasi, iqtisadi, sosial şərtlərin mövcudluğu şəraitində mümkündür. Təbii ki, göstərilən şərtlər da bütövlükdə dünya birliyi ölkələrinin, о cümlədən də sivilizasiyalı müstəqil milli iqtisadiyyat quran ölkələrin mövcud iqtisadi inkişaf səviyyəsindən çox asılıdır.

1. Hər şeydən əvvəl ölkə siyasi cəhətdən müstəqil olmalıdır. Siyasi cəhətdən müstəqil olmayan dövlət müstəqil milli iqtisadiyyatın qurulması üçün zəruri olan bütün komponentləri hərəkətə gətirmək imkanından məhrum olduqları üçün sözün əsl mənasında müstəqil milli iqtisadiyyat yarada bilməzlər. Siyasi müstəqillik sivilizasiyalı müstəqil milli iqtisadiyyatın formalaşdırılmasının yeganə şərti olmasa da əsas şərtidir. Dünya ölkələrinin tarixi təcrübəsi göstərir ki, sivilizasiyalı müstəqil milli iqtisadiyyat tarixən siyasi cəhətdən müstəqil olan dövlətlərdə (İngiltərə, Fransa, Almaniya və s.) ya da siyasi müstəqillik əldə edildikdən sonra (məsələn, ABŞ) formalaşdırılmışdır.

2. Sivilizasiyalı müstəqil milli iqtisadiyyatın qurulmasının mühüm şərtlərindən biri də ölkə daxilində əmək bölgüsünün kifayət dərəcədə əhatəli olmasıdır. Əmək bölgüsünün kifayət dərəcədə inkişafı iqtisadiyyatın səmərəli quruluşunun da mühüm şərtidir. İqtisadiyyatın səmərəli quruluşunun formalaşdığı şəraitdə ölkə miqyasında resurslardan istifadənin keyfiyyəti də yüksək olur.

3. Sivilizasiyalı müstəqil milli iqtisadiyyatın formalaşdırılmasında bazar mühitinin mövcudluğu heç də az əhəmiyyətli rol oynamır. Cəmiyyət bazar münasibətlərinin üstünlüklərindən istifadə edərək bütövlükdə iqtisadi artıma nail olur. Ölkə dünya təsərrüfat sisteminin bərabərhüquqlu bir üzvünə çevrilir. İqtisadi inkişafın nəticələri daha çox ümumxalq maraqlarının ödənilməsinə şərait yaradır. İqtisadi inkişafın milli maraqlara uyğunluğu təmin olunur.

4.Siyasi müstəqillik şəraitində dövlətin daxili və xaricdən cəlb olunması mümkün olan resursların milli iqtisa­diyyatın formalaşdırılması tələblərinə uyğunlaşdıra bilməsi bacarıq və qabiliyyati də sivilizasiyalı müstəqil milli iqtisa­diyyatın formalaşdırılmasında diqqət mərkəzində saxlanılmalı problemlərdəndir.

SSRİ-nin süqutu milli respublikalarda müstəqil iqtisadiyyatın formalaşmasının əsasını qoydu. Keçmiş İttifaq respublikaları SSR İttifaqına müxtəlif iqtisadi inkişaf səviyyələrində daxil olmuşlar, 70 ilə yaxın bir dövrdə birlikdə olmalarına baxmayaraq, iqtisadi inkişaflarında kifayət dərəcədə uyğunluqla yanaşı onlar bir-birindən bir sıra əsaslı göstəricilərə görə köklü şəkildə fərqlənirdilər. Bu fərqlilik qabarıq şəkildə əmək haqqının səviyyəsində, mərkəzi dövlət büdcəsindən ayrılan vəsaitin məbləğində, dövlət büdcəsinin formalaşdırılmasında ауrı-ауrı respublilkaların payında aşkar təzahür edirdi. Baxmayaraq ki, Azərbaycan ittifaq dövlətindən dotasiya almayan üç respublikadan (RSFSR vəUkrayna) biri idi, о büdcədən əksər respublikalarla müqayisədə az vəsait alırdı (məsələn nəyə görəsə Azərbaycan büdcədən Gürcüstana nisbətən az vəsait almışdır) və əmək haqqının səviyyəsinə görə respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. Bu, hər şeydən əvvəl, müttəfiq respublikaların iqtisadi inkişafında ittifaq dövləti tərəfindən balanslaşdırılmamış siyasətin yeridilməsinin və milli maraqların gözlənilməməsinin nəticəsi idi. Bəzi respublikalarda sənaye müəssisələrinin çox cüzi bir hissəsi (Ermənistanda 7%-i) ittifaq tabeliyində olduğu halda bizim respublikamızın sənaye müəssisələrinin 90%-dən çoxu ittifaq tabeliyində olmuşdur. SSRİ dövründə onun ərazisi daxilində mövcud bütün resurslar ittifaq dövlətinin mülkiyyəti elan olunmuşdur. Müttəfiq respublikaların formal olaraq ərazi sərhədləri məlum olsa da heç bir respublika bu sərhədlər daxilində mövcud resurslardan sərbəst istifadə imkanı və hüququna malik deyildir. SSRİ miqyasında nəhəng bir xalq təsərrüfatı kompleksi fəaliyyət göstərirdi ki, hər bir milli respublikanın iqtisadiyyatı bu kompleksin elementi kimi çıxış edirdi. Milli respublikaların iqtisadiyyatı inzibati qaydada SSRİ xalq təsərrüfatı kompleksinin səmərəli fəaliyyətinin təmin edilməsinə cəlb edilmişdir. Bu isə istər istəməz respublikaların iqtisadiyyatının eybəcər quruluşunun formalaşmasına gətirib çıxarırdı. Milli respublikalarda ittifaq dövlətinin mənafeyinə uyğun gələn sahələr inkişaf etdirilir, milli maraqlar diqqət mərkəzindən kənarda qalırdı. Bakı və Sumqayıt kimi əhalinin cəmləşdiyi iri sənaye mərkəzlərində böyük kimya sənaye müəssisələri kompleksinin yerləşdirilməsi heç bir sağlam məntiqə sığmırdı. Bəlkə də bu kimya kompleksindən Azərbaycana çatan gəlir (işçilərin əmək haqqı) onun təbiətinə və insanlarının sağlamlığına vurulan ziyandan dəfələrlə az idi. Yaxud mərkəzi dövlət tərəfindən neftin daşınıb aparılması və bu neftdən gələn gəlirin cüzi bir hissəsinin Azərbaycana qaytarılması (büdcə vasitəsi ilə) vəsaitin çatışmaması üzündən Abşeron torpağınən sıradan çıxmasına, şoranlaşmasına gətirib çıxarmışdır.

Milli respublikalarda mövcud sərhədlər daxilindəki resursların respublikaların iqtisadi inkişafına istiqamətlənməməsi uzündən milli resurslardan istifadədə qeyri-səmərəliliyə yol verilmişdir. Bu israfçılığın nəticəsində digər res­publikalarda olduğıı kimi Azərbaycanda da təbii coğrafi şəraitdən irəli gələn ənənəvi sahələrdə istehsalın səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. SSRİ-nin süqutu ərəfəsindən başlayan bu aşağı enmə meyli neft sənayesini, pambıq və tütün istehsalını, ipəkçiliyi və s. sahələri geniş əhatə edərək iqtisadiyyatımızda kəskin böhranlı bir vəziyyət yaratmışdır. İqtisadiyyatımızın bu və ya digər sahələri sadalanan istehsal sahələri ilə sıx bağlı olduqlarından böhranın təsirindən özlərini qoruya bilməmişlər. İqtisadiyyatın strateji məqsədi olan əhalinin güzəranı daha da pisləşmişdir. Doğrudur, SSRİ-уə daxil olan indiki, müstəqil ölkələrdə onların iqtisadi asılılığı klassik müstəmləkəçilikdən və yeni müstəmləkəçilikdən kifayət dərəcədə fərqli formada baş vermişdi. Hətta bəzi iqtisadi alət və siyasi amilləri nəzərə alsaq bu ölkələrin iqtisadiyyatını nisbi

müstəqil milli iqtısadiyyat da adlandırmaq olar. İttifaqa daxil olan hər bir respublika ittifaq büdcəsinə ödədiyi vəsaitin bir qismini geri almaq imkanına malik idi. Siyasi hakimiyyət tamamilə başqa bir dövlətə deyil, bu respublikaların birgə dövlət qurumuna məxsus idi. Digər tərəfdən də, dünyanın müasir inkişafı qloballaşma “bayrağı altinda” getdiyindən qloballaşan dünyada milli iqtisadiyyatların xüsüsi problemləri yaranır.

Beləliklə, Azərbaycan milli iqtisadiyyatının formalaşdırılmasına belə bir vəziyyətdə gəlib çıxmışdır. SSRİ-nin mövcudluğıı dövründə Azərbaycan iqlisadiyyatı “milli iqtisadiyyatın” heç bir təsnifatına uyğun gəlmirdi. Azərbaycanın özünün müstəqil olmadığı şəraitdə sözsüz ki, sivilizasiyalı müstəqil milli iqtisadiyyatdan söhbət gedə bilməzdi. Digər tərəfdən isə Azərbaycan iqtisadiyyatı nə klassik müstəmləkəçilik, nə də yeni müstəmləkəçilik şəklində mövcud olmadığından оnun iqtisadiyyatını sırf “müstəmləkə xarakterli mil­li iqtisadiyyat”, yaxud da «yarımmüstəmləkə xarakterli milli iqtisadiyyat” da adlandırmaq düzgün olmazdı. Müstəmləkə və yarımmüstəmləkə xarakterli milli iqtisadiyyatlar üçün bir ölkənin sərvətinin tamamilə başqa bir ölkənin — metropoliyanın (məsələn, Hindistanın sərvətindən İngiltərinin iqtisadi inkişafında istifadəsi) iqtisadi inkişafına cəlb olunması səciyyəvi olduğu halda Azərbaycanın sərvəti tamamilə ölkə hüdudlarından kənarda olan başqa bir ölkə tərəfindən deyil, özü də tərkibində olduğu bir dövlət — mərkəzi dövlət tərəfindən səfərbər olunurdu. Mərkəzi dövlət tərəfindən cəlb olunan sərvətin müəyyən hissəsi isə bütövlükdə müdafiə qabiliyyətinin təmin edilməsinə, (o cümlədən də Azərbaycanın) əhalinin güzəranının nisbətən yaxşılaşdırılmasına sərf edildiyindən mərkəzi dövlətin müstəmləkə xarakteri о qədər də qabarıq təzahür etmirdi. Ona görə də Azərbaycan iqtisadiyyatını iqtisadi ədəbiyyatda özünə о qədər də geniş yer tapmamış “nisbi müstəqil milli iqtisadiyyat” kimi səciyyələndirmək fikrimizcə daha doğru olardı. Bu “nisbi müstəqillik” hər şeydən əvvəl SSRİ-nin dövlət quruluşundan irəli gəlirdi. Formal da olsa SSRİ-nin konstitusiyasına görə о bərabərhüquqlu dövlətlərin ittifaqı idi. Bu ittifaqa daxil olan milli respublikaların iqlisadiyyatı bütün ölkə əhalisinin nisbi bərabər həyat səviyyəsinin təmin edilməsinə yönəldilmişdir. “Müstəmləkə və yarımmüstəmləkə xarakterli milli iqtisadiyyat” ölkələrində isə əhalinin həyat səviyyəsi onların asılı olduqları ölkələrin əhalisinin həyat səviyyəsindən müqayisəolunmaz dərəcədə aşağıdr.



SSRİ-nin dağılması ilə Azərbaycanda formalaşan milli iqtisadiyyatın tədqiqatçıları hesab edirlər ki, “Azərbaycanda müstəqil milli iqtisadiyyatın formalaşmasının qanunauyğunluqları, xüsusiyyətləri və problemlərinin nəzəri səpkidə tədqiqi iqtisadi proseslərə tarixi səpkidə, məntiqi ardıcıllıqla yanaşılmasını tələb edir”.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə