Şirvanşahlar dövləti IX-XV əsrlərdə”




Yüklə 61.82 Kb.
tarix09.03.2016
ölçüsü61.82 Kb.
Şirvanşahlar dövləti IX-XV əsrlərdə

Bakı – 2009

Şirvanşahlar dövləti IX-XV əsrlərdə

Plan:


  1. Şirvanşahlar dövlətinin yaranması

  2. Şirvanşahlar dövləti XII-XIII yüzilliyin başlanğıcında

  3. Şirvanşah III Fəriburzun və Şirvanşah I İbrahimin siyasətləri

  4. Əlincə qala müdafiəsi

  5. Nəticə


IX YÜZİLLİYİN II YARISI - XI YÜZİLLİYİN ORTALARINDA AZƏRBAYCAN DÖVLƏTLƏRİ

Yaranması. IX yüzillikdə Ərəb xilafətinin hərbi-siyasi qüdrəti xeyli zəifləmişdi. Əyalət hakimlərinin müstəqilliyi artmış, işğal olunmuş torpaqlarda xalq azadlıq hərəkatları geniş vüsət almışdı. Getdikcə artmaqda olan ara çəkişmələri mərkəzi hakimiyyəti sarsıtmaqda idi. İmperiyanın ucqarlarında xırda dövlətlər - əmirliklər yaranırdı. Bu dövlətləri ayrı-ayrı sərkərdələr - keçmiş ərəb canişinləri idarə edirdilər. Onların əsasını qoyan nəsillər zaman keç-dikcə yerli xalqlara qarışırdılar. Abbasilər xilafətinin dağılması yaxınlaşırdı.

Abbasilər imperiyasına qarşı xalq azadlıq hərəkatlarının başlıca mərkəzlərindən biri olan Azərbaycanda müstəqillik meyli daha güclü idi. Ərəb əsarətinə qarşı mübarizənin gedişində geniş torpaq mülkləri, habelə müxtəlif imtiyazlar ələ keçirmiş iri torpaq sahibləri əslində müstəqil yerli hakimlərə çevrilmişdilər. Onların Abbasilər xilafətindən asılılığı formal şəkil almışdı. Azərbaycanın ayrı-ayrı vilayətlərini əslində müxtəlif sülalələr idarə edirdilər. Təbriz, Mərənd, Miyana, Urmiya, Muğan, Aran, Şirvan, Beyləqan, Şəki, Sənariyə, Qəbələ, Dərbənd ayrı-ayrı nəsillər tərəfindən idarə olunurdu. Bu sülalələrin bəziləri ərəb mənşəli olsalar da, onlar artıq yerli əhali ilə qaynayıb qarışmışdılar.



Şirvanşahlar dövləti

Abbasilər xilafətinin dağılması gedişində yaranan müstəqil dövlətlərdən biri Şirvanşahlar dövləti idi. Şirvan əvvəllər Azərbaycanın quzeyində kiçik bir vilayət idi. Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərindəki Azərbaycan torpaqlarını əhatə edirdi. Həmin vilayətin mərkəzi Xəzər sahilində - Şamaxı-Dərbənd ticarət yolunun üstündə yerləşən Şirvan şəhəri idi. Sonralar Şirvanşahların özlərinə tabe etdiyi geniş ərazilər də "Şirvan" adlanmağa başladı. Bu dövləti Məzyədilər sülalə-si idarə edirdi. Şirvanşah Məzyədilər sülaləsi tarix ədəbiyyatında bəzən Şeybanilər və ya Yezidilər sülaləsi də adlanır.

Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar. Məzyədilərin görkəmli nümayəndəsi olan Yezid ibn Məzyəd xəlifə Harun ər-Rəşid zamanı Güney Qafqaz vilayətlərinin, o cümlədən Şirvanın hakimi idi. Yezid ibn Məzyəd ərəblərin Azərbaycanda möhkəmlənməsində mühüm rol oynamış, bu yerlərdə gedən döyüşlərdə görkəmli bir sərkərdə kimi ad çıxarmışdı. O, Azərbaycanda Xilafətə dayaq yaratmaq məqsədilə buraya Rəbiə tayfasından, həmçinin Misirdən və Suriyadan çoxlu ərəb köçürmüşdü. Ərəblər, əsasən, Aran, Şirvan və Dərbənddə yurd salmışdılar. Yezid ibn Məzyədin özü də burada çoxlu torpaq mülkləri ələ keçirmişdi.

Məzyədilər ilk dəfə Aranda paytaxtı Bərdə olan yarımmüstəqil əmirlik yaratmışdılar. O zaman Bərdə bütün Güney Qafkazda ərəb idarəçiliyinin mərkəzi idi. Azərbaycan torpaqlarını, o cümlədən Aran, Şirvan, Dərbənd, həmçinin Ermənistan ərazisini idarə edən ərəb canişini Yezid ibn Məzyədin iqamətgahı da Bərdədə idi. Bütün bu torpaqları o, Şirvan valisi kimi idarə edirdi. Ömrünün sonunadək Azərbaycanda yaşayan Yezid ibn Məzyəd 801-ci ildə Bərdədə ölmüş və burada da dəfn olunmuşdu. Yezid ibn Məzyədin ölümündən sonra onun oğulları Əsəd, Xalid Məhəmməd Güney Qafkaz valisi təyin edildilər. 859-cu ildə Məhəmməd ibn Yezid Gəncəni bərpa etdirib öz iqamətgahını bura köçürdü. Məzyədilərin müstəqilliyi artdı, onlar Azərbaycanda daha da möhkəmləndilər.

Zaman keçdikcə ərəb məzyədilər soyu yerli əhali ilə qaynayıb qarışdı. IX əsrin sonlarında Aran, o cümlədən Bərdə Sacilərin əlinə keçdiyindən məzyədilərin buradakı nümayəndələri də Şirvana köçdülər; türkləşməkdə olan ərəb nəsilləri, əsasən, Şirvan torpaqlarında cəmləşdilər.

861-ci ildə Məzyədilər sülaləsindən olan Heysam ibn Xalid Şirvanı müstəqil elan edərək "Şirvanşah" titulu götürdü. 917-ci ildə qonşu Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildi. Bununla bağlı olaraq Şirvanşah Əbu Tahir (917-948) 918-ci ildə hərbi-strateji baxımdan çox əlverişli mövqedə yerləşən qədim Şamaxını bərpa etdirib paytaxtı Xəzər sahilindəki Şirvan şəhərindən bura köçürdü. Bundan sonra Şirvanşahlar dövlətinin paytaxtı Yezidiyə adlanmağa başladı. Şirvanşahlar dövlətinin müstəqilliyi daha da artdı, ərazisi genişləndi.

"Əbu Tahirin və sülalənİn sonrakı nümayəndələrinin hakimiyyəti illərin-də Azərbaycanın şimalındakı xırda mülklərin Şirvan ətrafında birləşdiril-məsi davam etdirildi. Şirvanşahın qoşunları Qəbələ (981-982), Bərdə (982) və Şabranı (983) ələ keçirdi. Xilafətin zəiflədiyi dövrdə Azərbaycan ərazisinin çox əhəmiyyətli bir strateji məntəqəsində - Qafkaz dağları ilə Xəzər dənizi arasındakı keçiddə yaranmış və ərəb mənşəli Haşimilər tərəfindən idarə olunan Dərbənd əmirliyinin Şirvanşahlar dövlətinə birləşdirilməsinin (988) böyük əhəmiyyəti oldu. Azərbaycan türklərinin elliklə yaşadığı və buna görə də əski qaynaqlarda "Dəmir qapı" adlandırılan Dərbənd Azərbaycanın qədim vilayətlərindən biri idi. Şirvanşahlar Dərbəndi ələ keçirdikdən sonra Dərbənd səddini və şəhərin qala divarlarını təmir etdirib möhkəmləndirdilər. Dərbənddən başqa Xursan Təbərsaran da Şirvanşahlar dövlətinə qatıldı. Ayrı-ayrı vaxtlarda Şəki və Sənariyə hakimləri də Şirvanşahlardan asılı vəziyyətə salınmışdılar.

Abbasilər xilafətinin zəiflədiyi dövrdə Azərbaycanın quzey torpaqların-da müstəqil Şirvanşahlar dövlətinin meydana gəlməsi mütərəqqi tarixi hadisə idi. Bu dövlətin yaranması Azərbaycanın başqa yerlərində də qədim dövlət ənənələrinin dirçəlməsinə təsir göstərdi. Bundan başqa, Şirvan-şahlar dövlətinin güclənməsi və Dərbənd keçidinin bərkidilməsi quzeydən Azərbaycan torpaqlarına hücum edən alanlar, sərirlər, ruslar və başqa yadellilərin basqınlarına qarşı mübarizəni də asanlaşdırdı.



AZƏRBAYCAN DÖVLƏTLƏRİ

XII-XIII YÜZİLLİYİN BAŞLANĞICINDA

ŞİRVANŞAHLAR DÖVLƏTİ

Səlcuq türklərinin hakimiyyəti dövründə də Azərbaycanın dövlətçilik ənənələri aradan qalxmadı. Azərbaycanın quzeyində Şirvanşahlar dövləti yenidən dirçəlirdi. Şirvanşah I Fəriburz (1063-1096) səlcuq sultanlarına tabe olsa da, Şirvanşahların hakimiyyətinə tamamilə son qoyulmamışdı. Böyük Səlcuq hökmdarı Məlikşahın hakimiyyətinin sonuna yaxın Şirvan-şahlar yenidən qüvvətlənməyə başlamışdılar. Bu zaman I Fəriburz, daha sonra isə onun oğulları II Mənuçöhr I Afridun ölkəni müstəqil idarə edirdilər.

Səlcuq türklərinə qarşı mübarizədə gürcü çarları Şirvanşahlara yaxınlaşmağa çalışırdılar. Gürcü çarı Qurucu IV David (1089-1125) bu məqsədlə qızı Tamarı Şirvanşah I Afridunun oğlu III Mənuçöhrə vermişdi (1111). Şirvanşahlarla qohumluğun digər bir səbəbi də gürcü taqavorlarının Azərbaycanın qərb torpaqlarını ələ keçirmək istəyi ilə bağlı idi. Geniş xarici siyasət planlarına malik olan gürcü çarı başqa bir qızını Bizans imperatoru Aleksey Komninin oğluna ərə vermişdi. Çar Davidin özü isə Səlcuqlara qarşı güclü müttəfiq qazanmaq məqsədilə Qıpçaq türklərinin hökmdarı Atrakın qızına evlənmişdi. O, səlcuq türklərinə qarşı qoymaq üçün Qafqazın şimalında Gürcüstana 45 min ailə və ya 225 min Qıpçaq türk döyüşçüsü köçürmüşdü. Bütün bundan başqa Bizans imperiyasının vasitəçiliyi ilə, səlcuq türklərinə qarşı Qərbi Avropa səlibçiləri ilə də əlaqə yaranmışdı. Bu olduqca məkrli bir siyasət idi: gürcü və erməni qoşunları Bizans imperiyasına, həmçinin Qərbi Avropa səlibçilərinə arxalanaraq türk-müsəlman əhalisini Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. Bununla belə, ehtiyatlı siyasət yeridən Şirvanşahlar daha qüdrətli rəqib olan səlcuq türkləri ilə münasibətləri pozmamağı üstün tutdular. Belə olduqda öz qoşunlarını Qıpçaq - türk döyüşçüləri hesabına gücləndirmiş gürcü çarı, Şirvanşahların səlcuq türkləri əleyhinə onunla ittifaqa girmədiyini bəhanə edərək Azərbaycanın qərb torpaqlarını işğal etməyə başladı. 1117-ci ildə IV Davidin oğlu Demetre Şirvana hücum etdi. O, Şirvan qoşunlarını məğlubiyyətə uğradıb çoxlu qənimət və əsirlərlə Gürcüstana döndü. 1120-ci ildə isə IV Davidin özü qüvvətli ordu ilə iki dəfə Şirvana basqın etdi. Şirvanşah qoşunları yenə də məğlubiyyətə uğradı. Gürcü çarı Qəbələni və ətraf yerləri talan edərək çoxlu qənimət, qızıl-gümüş ələ keçirib geri qayıtdı. IV David 1121-ci ildə Tiflis yaxınlığında Didqori vuruşmasında daha mühüm qələbə qazandı. Gürcülər, Qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlibçilərinin birləşmiş qüvvələri səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi aradan qaldırıldı. Tiflis gürcülərin əlinə keçdi.

Gürcüstanın qüvvətlənməsi Şirvanşahların mövqeyinə təsir göstərdi. Şirvanşah III Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibət-lərində dönüş yarandı. Bu dövrdə Şirvan-Gürcüstan əlaqələrinin yaxşılaşmasında Böyük Səlcuqlu imperatorluğunun zəifləməsi ilə yanaşı III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə birliyə bel bağlayan və onun Azərbaycanla əlaqədar siyasətinin mahiyyətini düzgün qiymətləndirməyən III Mənuçöhr Şirvanşahlar dövlətinin ənənəvi siyasətini pozaraq səlcuq türklərindən üz dön-dərdi. Nəticədə Şirvanşahlar dövləti Böyük Səlcuqlu imperatorluğuna 40.000 dinar məbləğində illik bacı verməkdən imtina etdi. Buna cavab olaraq 1123-cü ildə səlcuq sultanı Şirvana hücum etdi. Lakin Şirvanşahın, IV Davidin və Qıpçaq türklərinin birləşmiş qüvvələrinə qalib gələ bilməyən Sultan, çox keçmədən Azərbaycanı tərk etdi.

Səlcuq qoşunlarının geri çəkilməsi və Şirvanşahlarla Böyük Səlcuq imperatorluğu arasında münasibətlərin pozulması Azərbaycan üçün ağır nəticələr verdi. Qərbi Azərbaycan və Şirvan torpaqlarını işğal etmək üçün fürsət gözləyən gürcü çarından ötrü əlverişli şərait yarandı. IV David Şir-van torpaqlarını bütünlüklə Gürcüstana qatmaq qərarına gəldi və 1123-1124-cü illərdə dəfələrlə Azərbaycana yürüş etdi. Gülüstan Buğurd qalalarını, Şamaxını ələ keçirdi. Mühüm şəhərlərdə və qalalarda güclü qarnizonlar qoyub geri döndü. Lakin gürcü qarnizonları Şirvanda beş ay-dan artıq qala bilmədilər. IV Davidin ölümündən (1125) sonra onlar Şirvanı tərk etməyə məcbur oldular. Gürcü çarının Şirvanı işğal etmək planı baş tutmadı. Şirvanşahlar taxtı yenidən III Mənuçöhrün əlinə keçdi.

III Mənuçöhr və I Demetrenin (1125-1155) hakimiyyəti illərində Şirvan-şahlarla Gürcüstan arasında hərbi münaqişə baş vermədi. XII əsrin 30 - 60-cı illərində Şirvanşahlar dövləti özünün güclənmə çağını yaşayırdı. Azərbaycan Şirvanşahlar dövləti bütün Güney Qafkazda qüdrətli siyasi amilə çevrilmişdi.

1160-cı ildə III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən mürəkkəbləşdi. Şirvanşahın oğulları arasında taxt-tac mübarizəsi başlandı. Hələ III Mənuçöhrün sağlığında saray çevrilişi etməyə cəhd göstərmiş Şir-van əyanları yenidən fəallaşdılar. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik oğlu və bir qrup əyanla birlikdə Qıpçaq türklərinə arxalanaraq Şirvanı Gürcüstana birləşdirməyə cəhd göstərdi. Lakin Azərbaycan Eldənizlər dövlətinin işə qarışması ilə bu plan pozuldu. Atabəy Şəmsəddin Eldənizin hərbi qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Əhsitan (1160-1196) hakimiyyəti ələ keçirdi. Tamar özünün gürcü əhatəsi ilə birlikdə Azərbaycandan qaçdı və rahibliyə qapılaraq ömrünü monastırda başa vurdu.

I Əhsitanın hakimiyyəti illərində Şirvan dövləti daha da gücləndi. O, atası III Mənuçöhrün səhvini düzəldərək səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. I Əhsitan ömrünün sonunadək ona hakimiyyəti ələ keçirməkdə kömək etmiş Azərbaycan Eldənizlər dövləti ilə dostluq əlaqələri saxladı, ona arxalandı. Eyni zamanda Gürcüstan çarlığı ilə dostluq münasibətləri davam etdirildi. I Əhsitan Şirvan-Gürcüstan qohumluq ənənələrini davam etdirərək gürcü çarı III Georginin bacısı qızına evləndi. 1173-cü ildə Şirvanşahın hərbi qüvvələri Şəki ərazisindən keçərək Gürcüstana hücum etdi və mərkəzi hakimiyyətə qarşı qalxmış qiyamı yatırmaqda III Georgiya köməklik göstərdi. Bundan başqa I Əhsitanın hakimiyyəti illərində Dərbənd hakimliyi yenidən Şirvanşahlardan asılı vəziyyətə salındı. Atası III Mənuçöhr kimi, I Əhsitan və onun varisləri də Şirvan dövlətinin müdafiə qüdrətini artırdılar. Ölkənin ərazisində çoxlu müdafiə qurğuları - qalalar, qüllələr, sədlər tikildi və bərpa edildi.

1175-ci ildə Şirvanşahlar dövləti yenidən xarici təcavüzə məruz qaldı: 73 gəmidən ibarət rusların donanması Azərbaycana basqın etdi. Yadellilər Kürün mənsəbinə daxil olaraq Lənbərana qədər hərəkət etdilər. Elə bu zaman quzeydən Qıpçaq türkləri Dərbəndi və Şabranı ələ keçirdilər. Şirvanşahın hərbi qüvvələri rus donanmasını məhv etdi. Şabran və Dər-bəndi qıpçaqlardan geri aldı. Hər iki qələbədə çar III Georginin başçılıq etdiyi gürcü qoşunları Şirvanşaha kömək göstərdilər. Yeri gəlmişkən, Bizans şahzadəsi Andronik Komin də Azərbaycana köməyə gələn gürcü qoşun-larının ordugahında idi.

I Əhsitanın hakimiyyətinin sonuna yaxın güclü zəlzələ (1192) nəticəsində Şamaxı dağıldı. Şəhər əhalisinin xeyli hissəsi (o sıradan şahın ailə üzvləri) tələf oldu. Bu hadisədən sonra Şirvanşahlar dövlətinin paytaxtı Bakı-ya köçürüldü.

Şirvanşah I Əhsitan və onun varislərinin hakimiyyəti illərində Azərbaycanın quzey torpaqlarında yaranmış siyasi sabitlik, Şirvanşahların Azərbaycan Eldənizlər dövləti və səlcuq türkləri ilə dostluq siyasəti, Gürcüstanla qonşuluq münasibətləri, Dərbənd keçidinin möhkəmləndirilməsi iqtisadi inkişafa və mədəniyyətin tərəqqisinə müsbət təsir göstərdi.

Şirvanşah III Fəriburzun siyasəti

İbn əl-Əsirin "yaramaz davranışlı pozğun və ədalətsiz adlandırdığı Şirvanşah I Güştasp 1225-ci ildə devrildi. Taxta onun oğlu III Fəriburz (1225-1243) çıxdı. O, ilk öncə Gürcüstana qaçıb oradan üç minlik qoşunla öz torpağına savaşa gələn atası ilə qarşılaşmalı oldu. Fəriburz qoşun başçılarını yığıb söylədi: "Gürcülər bizi mühasirəyə alsalar, ola bilsin qalib gələcəklər; onda mənim atam bizlərdən kimsəni sağ buraxmayacaq, gürcülərin isə (belə olduqda) ölkəni yarısını, bəlkə də hamısını tutub ələ keçirmələri fəlakət olardı. Yaxşı olar bir həmlə ilə onlara qarşı çıxıb vuruşaq. Biz onlara üstün gəlsək, Allaha şükür olsun, onlar üstün gəldikdə isə mühasirə onsuz da bizimlə olacaq.”

Qoşun başçıları razı oldular. Fəriburz min döyüşçüsü olan atlı alayının başında yağıları əzib dağıtdı. Qaynaqlarda Şirvanşah Fəriburzun bu uğurda sonra qoşun və təbəələri ilə yaxşı davranması, qanunsuz yollarla xalqın əlindən alınmış torpaqları və pulları ona qaytarması yazılmışdır.

Cəlaləddinin və Çormağun Noyonun yürüşlərinin ağır zərbələri Şirvan dövlətini sarsıtmış, fəqət yoxluğa endirə bilməmişdi. 1225-ci ildə Şirvanşahın adından kəsilən pulların üzərində yalnız onun öz ləqəbi: "Əl-Malik əl-müəzzəm Fəriburz ibn Gerşasb", 1226-1242-ci illərdə kəsilən pulların üzərində isə "əl-Malik əl-müəzzəm Əla'əd-Dünya və-d-Din Fəriburz ibn Gerşasb" və Bağdad xəlifəsinin adı bildirilmişdir. Onun oğlu II Əhsitanın də ilk hakimiyyət illərini Zəkəriyyə əl-Qəzvini belə qiymətləndirir: "Şirvan müstəqil, asılı olmayan bir vilayətdir. Onun sahibi Əhsitan adlanır".
ŞİRVANŞAH I İBRAHİM

Bu zaman – XIV yüzilliyin 80-90-cı illərində Azərbaycanın siyasi həyatında böyük dəyişikliklər baş verirdi. 80-ci illərin başlanğıcında Şirvanşah Kəsrani evi büsbütün nüfuzdan düşmüşdü. Elxanilər çağında olduğu kimi, Çobanilər və Cəlayirlər çəkişmələri illərində də bu sülalə xalqın dinc yaşayışını təmin edə bilmir, yeni hərbi-siyasi çəkişmə oyunçularının əllərində oyuncaq olurdu. Buna görə 1382-ci ildə Şirvan dövlətini narazılıq bürüdü. Kiçik feodallar və kəndlilər üsyana qalxdılar. Şirvanşah Huşəng öldürüldü, Şirvanşahlar sülaləsinin Dərbəndi qolundan olan İbrahim Şamaxıya dəvət edilərək Şirvanşah taxtına çıxarıldı. O, Huşəngin əmisi oğlu idi, bir neçə il atası ilə Şirvanşahın təqibindən qaçıb Şəki kəndlərindən birində gizlənməli olmuşdu.

Münəccimbaşı xalq çıxışları və ara çəkişmələrindən sonra yerli əyanlar tərəfindən I İbrahimin taxta çıxarılması barədə aşağıdakı rəvayəti söyləyir: "Onlar hökmdarlıq nişanəsi sayılan dövlət atları və elçiləri ilə İbrahimin yanına yola düşərək, onu əkin işindən sonra yorğun düşüb şumlanmış torpaq şırımı yaxınlığında bir ağac altında uyumuş gördülər. Onlar hökmdar qulluqçuları kimi davranaraq onun üzərinə çətir çəkdilər, kənarda dayanıb ayılmasını gözlədilər. Ayılarkən alqışlayıb qarşısında sədaqət andı içdilər. Onu şəhərə (Şamaxıya) gətirib taxtda oturtdular, o da ölkələr fəth edib öz təbəələri içərisində ədalətlə hökm edərək, onların ürəklərini ələ aldı, səxavət göstərdi. 0, güclü mövqe tutaraq ad çıxarıb şöhrət qazandı".

Tezliklə bütün Azərbaycan Teymurilər ilə Qızıl Orda arasında barışmaz çəkişmələrin meydanına çevrildi. 1386-cı ildə Teymurun yürüşünü qabaqlamaq istəyən Toxtamış xan 90 minlik ordu ilə Dərbəndi keçərək Şirvan dövlətini dağıntılara uğratdı, Təbrizə yaxınlaşıb onu mühasirəyə aldı. Səkkiz günlük mühasirədən sonra Təbriz əhalisindən 250 qızıl tümən bac aldı. Ancaq andını pozaraq açılmış şəhər qapılarından qoşunla içəri soxuldu, minlərlə adamı qılıncdan keçirdi. Marağa, Mərənd və Naxçıvanın da aqibəti belə oldu. 200 minə kimi adam əsir aparıldı. Toxtamışın tələsik ölkədən çıxması Teymurun hərbi fəallığı ilə bağlıdır. Hələ 1385-ci ildə Cəlayir qoşunu ilə toqquşub onu əzən Teymur bir il ötdükdən sonra Azərbaycana dönərək yenidən onları əzdi. Təbriz yeni dağıntıya uğradı. Yenə də bir çox günahsız adamlar öldürüldü, sənətkarlar, ustalar ailələri ilə birlikdə Səmərqəndin tikilib bəzədilməsi üçün əsir aparıldı.



Əlincə Qala müdafiəsi

Naxçıvan yaxınlığında, özü ilə bir ad daşıyan çay üzərindəki sıldırım dağ başında yerləşən Əlincə qalası alınmaz sayılırdı. Hülakü, Çobanı və Cəlayir basqınları sayəsində ələ keçirilən saysız xəzinələrin zaman-zaman Əlincə qalada saxlanılması bununla bağlı idi. Teymuri sərkərdəsi İlyas Xoca 1387-ci ildə Naxçıvanı tutsa da, bu qalanı həmlə ilə ala bilmədi. Ayrıca bir qoşunla qalanı mühasirəyə alıb qalan gücü ilə Ermənistan və Gürcüstana yürüdü.

Cəlayirli Sultan Əhməd Əlincə qalanın müdafiəsinə başçılıq etməyi oğlu Məlik Tahirə və sərkərdə Əmir Altuna tapşırmışdı. Çünki Cəlayir sultanlığının xəzinəsini buraya gətirtmişdi. Qalada yalnız üç yüzə yaxın qorçu var idi. Əlincə qalanın başlıca müdafiəçisi xalq özü idi. Bu müdafiə getdikcə bütün Azərbaycan üçün bir yenilməzlik rəmzinə çevrilmədə idi. Hürufi başçısı Fəzlullah Nəiminin burada öldürülməsi xalqın nifrətini daha da artırmışdı. Teymuri qoşunlarının irəliləməsinə yol verməmək üçün Əlincənin müdafiəsində hətta gürcü döyüşçüləri də iştirak edirdilər. 1397-1398-ci ilin qışında Şəki hakimi Sidi Əli Orlat gürcü qoşunu ilə birlikdə qalanın köməyinə gəldi. O biri yandan vəziyyətin kəskinləşməsi ilə bağlı Teymurun oğlu Miranşah Əlincə qala üzərinə Xorasandan yeni qoşun göndərdi. Şərəfəddin Əli Yəzdi, Əbdürrəzzaq Səmərqəndi kimi orta çağ müəlliflərinin yazdığına görə, Əlincə qala qarşısında qanlı döyüşlər oldu. Şəki hakimi Əli savaşda şəhid düşdü. Bununla belə Teymurilər qoşunu üstünlük qazana bilmədi, ağır itki verib geriyə çəkilməli oldu. Yalnız o biri ildə onlar müdafiəçiləri yenərək, qalaya soxula bildilər. Beləliklə, Əlincə qalanın qəhrəman müdafiəsi bəzi illər ara verməklə 1387-ci ildən 1399-cu ilədək, yəni 12 il davam etmişdir.

Şirvanşah dövləti böyük təhlükə qarşısında qalmışdı. Belə bir şəraitdə Şirvanşah I İbrahim öz qorxunc düşmənləri ilə silahlı mübarizəyə girməyi mümkün saymırdı. O, Teymur və Toxtamış arasındakı barışmaz rəqabətdən istifadə etmək siyasətinə üstünlük verirdi. O, böyük hədiyyələrlə Teymurun görüşünə gəlmiş, ona sədaqət bildirmişdir.

Bu zaman Qarabağda olan Teymur Dərbənddən keçib Qıpçaq çölünə, Qızıl Orda üzərinə yürüşə hazırlaşırdı (1386). Şeyx İbrahim ilk öncə Şamaxıda Teymurun adına xütbə oxutdu. Onun adına sikkə kəsdirdi, sonra böyük bəxşişlə hüzuruna gəldi. Moğol xanlarının adəti üzrə bağışlanan hər pay 9 dənə qul isə səkkiz idi. Səbəbi sorulduqda, "doqquzuncu mən özüməm" söyləmişdi. Bu cavabdan məmnun qalan Teymur, onu Şirvan hakimi kimi tanıdı, bəzi yeni torpaqları ixtiyarına verib ayrıca bir fərmanla öz varislərinə Şirvanşahın övladlarını da qorumağı buyurdu. Teymurun yeddiillik (1399-1405) savaşı zamanı Osmanlı Sultan Bayezid üzərinə Kiçik Asiya yürüşlərində Şirvanşah İbrahimin iştirak etməsi, söz yox, Azərbaycanın dövlət mənafeyinə uyğun gəlmirdi. Ancaq bu yolla o öz məmləkətini yağma və dağıntılardan xilas edir, başqa vassallar kimi Teymurilərə bac verməyərək, öz ölkəsini gerçəkdən idarə edən bir hökmdar durumu qazanırdı. Bunun sayə-sində Teymur ordusu Şirvan dövlətinə toxunmamış, təsərrüfata və dinc əhaliyə nisbətən az xəsarət yetirmişdi. Teymurun vassalı olmaqla Şirvanşah İbrahim onun Toxtamışa qarşı sonrakı yürüşündə fəal iştirak etmişdir. 1395-ci ildə Terek çayı üzərində baş verən bu döyüşdə Teymur ordusu Toxtamış üzərində qələbə çaldı. Bu həm də Şirvanşah İbrahimin qələbəsi sayıla bilərdi, çünki bununla Azərbaycanı iki yandan məngənə kimi sıxan qorxunc yağılardan birisi o birinin gücü ilə aradan götürülmüşdü.

Savaşdan sonra Şirvanşah İbrahimin siyasi çəki və nüfuzu artdı. Teymur ilə "xüsusi" münasibətlərdən o, Şirvan dövlətinin güclənməsi üçün ustalıqla istifadə edirdi. "Arran Qarabağı", yəni bütün düzənlik və Dağlıq Qarabağ tezliklə Şirvan dövlətinə qatıldı. Şəki əyaləti də bu dövlətə tabe idi. Şəki ha-kimi Sidi Əlinin Teymur qoşunlarına qarşı Əlincə qalasının mühasirəsində iştirak etməsinə və orada qəhrəmancasına həlak olmasına baxmayaraq, Şirvanşah İbrahimin təklifi ilə onun oğlu Sidi Əhməd Şəki əyalətinə hakim qoyuldu. Beləliklə Şəki əyalətinin Şirvanşah dövlətindən vassal asılılığı güclənmiş oldu. Şirvanşah I İbrahimin vasitəçiliyi ilə gürcü çarı VII Georgi də Əlincə qalası müdafiəsində azərbaycanlıların tərəfində iştirak etməsinə baxmayaraq Teymurun vassalı kimi tanındı. Bu, Gürcüstanda siyasi sabitləşmə üçün çox dəyərli bir iş idi.



Nəticə

Şirvanşahlar dövlətinin yaranması Azərbaycan ərazisində dövlətçiliyin dirçəlməsinə, şimaldan Azərbaycan torpaqlarına olan hücumların dəf edilməsinə şərait yaratdığına görə mütərəqqi hadisə idi.

O dövrdə Azərbaycanda Şirvanşahlar kimi güclü, mərkəzləşdirilmiş və qüdrətli bir dövlətin yaradılması onu göstərir ki, Azərbaycanda tarix boyu hər zaman dövlətçilik ənənələri olmuşdur. Hətta uzun sürən müstəmləkə siyasəti dövründə də bu ənənələr unudulmamışdır. Şirvanşahlar dövləti Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.

Şirvanşahlar dövləti o dövrlərdə baş verəcək bəzi işğalların, qırğınların, talanların, basqınların qarşısını almış, bununla da ölkəni gələcək fəlakətlərdən qorumuşdur.



Ədəbiyyat siyahısı:

  • Süleyman Əlyarlı—Azərbaycan tarixi

  • Sara Aşurbəyli—Şirvanşahlar dövlətləri


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə