Şeyx sənan haqqinda




Yüklə 82.12 Kb.
tarix23.04.2016
ölçüsü82.12 Kb.

www.cafarcabbarli.org


ŞEYX SƏNAN" HAQQINDA
Sözə başlamadan əvvəl keçənlərdə söylədiyim bir məsələyi bir daha xatırlatmayı qaçılmaz görürəm.

Adətən məhkəmələrdə müddəi nə olursa-olsun müttəhimin yaxşılıqlarını gizlətməyə, hətta yaxşılıqlarına da bir fənalıq göstərməyə və beləliklə, nə olursa-olsun, müttəhimi təqsirləndirməyə çalışdığı kimi, müdafiəçi də tərsinə olaraq fənalıqlarını gizlətmək, onlara bir yaxşılıq göstərmək və bu vasitə ilə müttəhimi doğrultmağa, haqlı gös­tərməyə çalışırlar.

Bu onların vəzifəsidir. Fəqət mən həmin "Şeyx Sənan" mühakiməsinin böyük əhəmiyyəti olduğunu düşünərək bir dəfə də olsun mütəəssib olmamayı, məsələyə açıq bir göz, bitərəf bir mühakimə ilə yanaşmayı ilk əvvəl möhtərəm müdafiəçilərdən və başlıca olaraq möhtərəm məhkəmə heyətindən, nəhayət möhtərəm tamaşaçılardan rica edərdim.

Bu, Sənanın mühakiməsi üçün... olduqca mühüm bir şeydir. Çünki dünyada, həyat və məişətdə olduğu kimi görülən şeylər xüsusunda çox düşünmədən bu daşdır, bu ağacdır, bu taxtadır - deyə qəti hökm vermək bir o qədər güc bir şey deyildir. Fəqət olduğu başqa, göründüyü isə, bambaşqa olan şeylərə böylə yanaşılmaz. Bunu parıltısına görə gümüş qiymətinə qaşıq alıb, 2 aydan sonra qaraldığını və ya paltarına, yaxud sözlərinə görə pak, müqəddəs sandıqları bir adamın çox çəkmədən yaramaz, əxlaqsız bir sərsəm olduğunu görənlər daha eyib bilirlər. İştə bu gün müqəssirlər qəfəsində oturan Sənanın da şəxsiyyəti tam mənası ilə, olduğu başqa, göründüyü isə bambaşqa olan şeylərdən biridir.

Mən özüm onun göründüyünə aldanıb müdafiəsinə hazırlanırkən daha dərindən baxınca, olduğunu olduğu kimi görüncə, fikrimi dəyişdim, müddəiliyə getdim.

Burada hər ehtiram parlaq bir cümlənin, hər hərəkət az-çox iti bir ağlın böyük bir məharətlə qurdurduğu, aldadıcı bir fəlsəfənin, gözəl bir bəhanənin, hər bir yalan daha məntiqli, daha tutarlı ikinci bir yalanın arxasında gizlədilmiş, örtülmüş, basdırılmışdır. İştə bu yalanları doğrulardan ayırmaq hər bir sözün, hər bir hərəkətin özünü və məqsədini tutuşduraraq düzgün bir nəticə çıxara bilmək üçün olduqca diqqətli və ehtiyatlı olmalıdır. Belə olunca Sənanın özünün donuz damında ikən onun üstündə bir-birilə çəkişən, çeynəşən insanların boğazlaşmasını, qoparılan fəryadları, göz yaşlarını görüncə, yapdıqlarını və nəticələrini düşününcə xəlvətdə öz vicdanına qarşı: bu fəlakətlərin bütün səbəbi həp mənəm, məni bağışla - deyə etiraf etdiyi təqsirləri isbata qalxışmağa ehtiyac qalmayır... Ona görə də mən Sənanın hanki qanunun hanki maddəsi ilə müqəssir olduğunu göstərməyə çalışmayacaq, yalnız bir neçə söz ilə tərcümeyi-halını göründüyü kimi deyil, olduğu kimi qeyd etməklə iktifa edəcək və nəticə çıxarmayı məhkəmə heyətinə və şahid bulunan xalqın vicdani-ümumisinə tapşıracağam.

Beləliklə Sənan kimdir?

İlk görüşlə biz, Sənanı yaşının məsuliyyət daşıya biləcəyi bir çağında, 30 yaşında ağıllı, fəqət öz cinsiyyət duyğularına adi, bayağı bir erkək, şəhvət və ehtiraslarına tapğın yalançı, eyni zamanda, gözəl və xoşsima bir tələbə görürük.

Əsasən açıq fikirli olan Şeyx Kəbir ona adətən atalıq edir. Öz dogma oğlu kimi sevir, oxudur, biliklərini öyrədir, tərbiyə edir, bir sözlə tərbiyəsində heç bir qüsur göstərməyir. Fəqət buna qarşı Sənan Şeyx Kəbirin müsaidətindən istifadə ilə onun zavallı qızını Zəhrayi çocuqluğundan istifadə ilə bir çox yalan vədlər ilə aldadıb özünə bənd edir.

Əvvəla, oğlum - deyə müraciət edən bir adamın qızına göz əymək, onunla xəlvətdə görüşüb əlaqəyə girmək üçün insanda nə qədər saxlanmaz bir ehtiras, nə qədər alçaq bir nəfs olması lazım olduğunu mən təsəvvür etmirəm.

Pək eyi, tutalım ki, bu bir şey deyildir. Ata-oğulluq məsələsini bir tərəfə buraxalım. Qızdır, oğlandır. Görmüş, sevmiş, vəd etmiş, nəticə etibarilə Zəhrayı alacaq və məsələ də bununla bitmiş olacaqdır. Fəqət Sənan bunu da yapmayır. 6 il yazıq çocuğu başda gəzdirib bir çox macəralar keçirdikdən sonra nəhayət, ondan doyur, soyuyur, usanır. Şimdi o, öz fikrində, öz təsəvvüratında mavi gözlü yeni bir qadın yaradır. Və öylə bir qadın bulmaq istəyir.

Zəhra bunu hiss edir, yalvarır, ağlayır. Fəqət Sənan üçün bu göz yaşlarının heç bir qiyməti yoxdur. O, xudpəsənddir, eqoistdir. O, hər kəsi özünə faydalı olduğu zaman istər. Yox, istər özünün olsun.

Zavallı Zəhra özünü bir fəlakətin qarşısında, könlünü Sənanda, adını dillərdə görüncə yalvararaq Sənana deyir:
Altı ildir sənin əsirin ikən

Şimdi biganəyimmi könlünə mən?

Nə təbiət bu səndə? Həm nə tuhaf!

Yoxmudur səndə mərhəmət, insaf?

Nerədə əvvəlki vədlər əcəba?

Əcəba yoxmu, yoxmu səndə vəfa?

O məhəbbətlə parlayan gözlər,

Şimdi bir başqa macəra söylər.


Diqqət edilsin. Hankı vədlərdir və bu vədlər nəyə qarşı verilmişdir. Hanki əhdə və hankı hərəkətə qarşı vəfa tələb edilir. Qoy hər kəs düşünsün bu qız aldanmamışdır? Sənan aldırmayır. Yoxsa Sənan vəd, vəfa, məhəbbətlə parlayan gözlər və i.a. mənasını bilməyir. Yaxud yazıçının türkcə savadsız olduğunu iddia edir. Əfv edərsiniz, Sənan əfəndi. "Sənan, məni qəhr et də lakin atma!” - deyincə Zəhranın haqlı tələbatma qarşı istər-istəməz:
Səni atmaqmı?! Bir düşün, əcəba

Bu olur şeymi, nazənin Zəhra?

Sən mələksin, sevimli afətsin...-
deyə cavab verirsən. Bunun üzərinə Zəhra onu qucuyur.

Pək eyi, Sənan əfəndi, nə üçün Zəhrayı atmaq olmaz? Nə üçün bu sevimli afəti atmamaya məcbursan. Müsəlmanlıqda naməhrəm bir qadın heç bir əlaqədə bulunmadığı naməhrəm bir kişiyi quca bilərmi? Diqqət edilsin, Sənan bu qızcığazı aldatmamışmı? Bunu Sənan özü pək gözəl bilir. 10 ildən sonra da Zəhrayi görüncə:


Ah Zəhra, zavalll solğun nur,

Səni Sənan görüncə alçalıyor. -


deyə zavallı Zəhranın fəlakətinə qarşı gözlərini yerə tikir. Nə üçün. Sənan əfəndi, sən Zəhrayı görüncə özündə bir alçaqlıq hiss edirsən? Nə isə, məsələ aydındır. Vəd etmiş, aldatmış, sözündən qaçmış, Zəhranın fəlakətinə səbəb olmuşdur. Unutmamalıyıq ki, bu şimdiki vaxt üçün bir o qədər ağır görülməyir. Bək eyi, qızdır. Əvvəl sevdim, şimdi sevmirəm. Fəqət Zəhranın mühiti düşünülərsə, bu onun üçün bir fəlakətdir. Adi dillərdə gəzən Zəhrayı ölüm deyil, nə qurtara bilər?! Ona görədir ki, Zəhra deyir: “Məni qəhr et də, lakin atma aman". Sənan Zəhranın tələblərinə qarşı boyun əyməyə məcburdur. Sən mələksən atmam - deyə yenidən ona söz verir. Fəqət yalan, həm də məcburi bir yalan, fəqət dadlı gözəl bir yalan. Həmin bu dəqiqədə Zəhranın nə olursa-olsun artıq köhnəldiyini düşününcə və xəyalında yaratdığı mavi gözlü qadını xatırlayınca həmin gözümüzün önündə sözündən qaçır. Böylə səbatsız bir adama, bu dəqiqə söz verib ikinci dəqiqədə qaçan yalançı bir adamın sözünə və özünə nə kimi bir qiymət verilə bilər. Nə isə Sənan Zəhrayı artıq sevməyir, gecə-gündüz başqa bir qadını düşünür. Onun bu qadınçılığını Şeyx Kəbir də bilir. Ona deyir ki,
Oğlum! Er-gec tutar cahanı adm,

Söylənir ictihadü irşadın.

Cahil-arif, böyük-kiçik yeksər,

Səni özlər sevər, pərəstiş edər.

Bu səadət fəqət uzun sürməz.

Çünki röyada gördüyün uçrum,

Səni eylər bu feyzdən məhrum.

Baş verir səndən öylə bir hərəkət

Ki, bütün xalq edər riaman nifrət.

Alçalar ruhun alçalar... Ancaq,

Səni alçaldan ehtiras olacaq.

- Hankı şeydir səbəb fəlakətimə?

- Ah!.. O yalnız qadındır, iştə qadın!
Hər halda Şeyx Kəbir Sənanı, onun zəif cəhətlərini çox gözəl bilir. Fəqət Sənan onu da, hətta öz inandığı Allahını belə aldatmaqdan utanmayır. Zəhra ilə 6 illik bir macərası bəlli ikən, bu saat Zəhra ilə söz vermişkən, nəhayət, gecə öz mavigözlü qadınları düşünürkən üzünü Allaha çevirib:
Ey böyük Tanrı, ey böyük Yaradan!

Məni səndən gözəl bilən, tanıyan.

Varmı, ey xaliqi-zəminü zaman!
Yalan, qara bir yalan. Sonra Şeyx Kəbirə ikinci bir yalan:
Mən otuz il cahanda zahidvar,

Bilmədim qız-qadın nədir zinhar.

Nə qədər məndə varsa hissü həyat,

Ehtirasatə düşmənim... heyhat!

Mana biganə zövqi-nəfasi,

Sevdiyim yalnız eşqi-ruhani...

Daha könlümdə qeyri eşqə, inan,

Yerbulunmaz, xayır... xayır...


Bu da yalan. Gördüyü qadın, aldatdığı qadın, söz verdiyi qadın, düşündüyü qadın, bu da danışdığı sözlər.

Fəqət bunları o, ancaq onu gözləyən şöhrət və böyüklük xatirəsi üçün başqalarının gözlərini örtməkdən ötrü yalandan deyir. Daxildən isə onun qadınçılığı onun ehtirası varlığını didir, üsyan edir. Onun yalanlarını üzünə çırpır. Sənan nə çapıq çıxdı - xatırından deyir. Sənan xəlvətdən ona cavab olmaqla mən şaşırdım, saqın inanma, - deyir.

Demişdim ki, zövqü-nəfsaniyə uymam, ehtirasata uymam, eşqi-ruhani ilə sevirəm. İnanma, yalan deyirdim, - iştə Sənanın bütün mahiyyəti.

Nə isə, Şeyx Sənan Şeyx Kəbirin sözlərindən istifadə ilə Zəhradan yaxa qurtarır və kim bilir şimdi Zəhranın bəlkə sümükləri də çürümüşdür.

Bir də biz, Sənanı 10 ildən sonra böyük bir kütlənin rəhbəri olaraq görürük. O, böyük bir əməl ilə uğraşır. İslam parçalanmış, dağılmış, onu birləşdirmək və bununla xalqı nəcatdan çrxarmaq zənnindədir. Bu yolda heç bir əziyyətdən, heç bir əzabdan çəkinməyəcəyinə söz verir, and içir. O, şimdi böyüklük və şöhrət düşkünüdür. Fəqət daxilindəki qadınçılığı onu rahat buraxmayır. O, qadınlardan qorxur. Ona görə nərəyə çatırsa, "həp cinayət, qadın cinayəti". Fəqət bu qadınları sevmədiyi üçün deyil, bəlkə də daha çox sevdiyi üçündür. Sənan qadınlara qarşı gücsüzdür. Qorxur, onlardan qaçır. Hər halda o zamandan Mədinədə nələr yapdığını bilməyiriz. Ehtimal ki, Zəhra orada olduğu üçün bir şey yapmazdı.

Nə isə Sənan böyük bir əməli-islamiyyəti diriltmək, bəşəriyyətə nicat vermək kimi böyük bir dilək, bir məfkurə, bir ideal ilə Kəbəyə and içib yola çıxır. Tiflisdə bir dərvişə təsadüf edir. Dərviş ona bir qədər mübhəm sözlər deyir. Sənan bir qədər bunun üzərində düşünür. Fəqət burasına bir qədər diqqət verilməlidir. Çünki bilirəm Sənanın gələcək hərəkətləri üçün bütün təqsiri bu yazıq Şeyxin boynuna yıxacaqlardır. Fəqət bu yalandır. Dərviş ona demişdir:


Əgər fövqəlbəşər olmaq dilərsən,

Uzaqlaş daima cinsi-bəşərdən.


Dərviş ona demişdi: yalnız bulun, demişdi ki, get evlən. Dərvişin sözləri Sənanı hələ islamlıqdan döndərməmişdi, çünki ondan, sonra Quranı yaxarkən Sənan özü deyir ki: "Hökmü-Quran ilə məbəd ucalır".

Deməli, dərviş onu hiylə yolundan çıxarmamışdı. Onu yoldan çıxaran başqa birisi idi. Gözəl bir gürcü qızı Xumar idi. İndicə Şeytanbazarda dərviş görünür. Ona deyir ki, yalnız bulun... nəhs kimi mavi gözlü, füsunkar bir gürcü qızına təsadüf edir. Xumar pək gözəldir. Mən də etiraf edirəm. Qumral saçlar, mavi gözlər, bilməm al dodaqlar, lahuti bir baxış, ilahi bir görünüş. Bu qadın onun zövqünə uyan, onun yaratdığına bənzər bir qadındır. İştə burada illərdən bəri Sənanın şöhrət və böyüklük həvəsinin ağırlığı altında susmuş qadınçıılığı varlığına da, iliklərinə də uymuş adi, bayaqı bir erkəklik, saxlanmaz ehtirasları qalxır. Deyil, yalnız onun böyüklük və şöhrət həvəsini, hətta onun bütün varlığını, bütün mənliyini, izzətü-nəfsini, şərəfini, məsləkini, əqidəsini, bir sözlə, ürəyində yaxşılıq adına hər nə saxlanmışsa, həpsini alt-üst edib çevirir. Və nəticədə dünən qadınlardan qaçan, dünən qadınlara qarşı kin bəsləyən, dünən öz şeyxinə söz vermiş, bu gün dərvişdən bir çox nəsihətlər dinləmiş və böyük bir kütlə yamnda Kəbəyə qarşı and içib yola çıxmış Sənan, bütün dinini-imanını, məsləkini, əqidəsini, əməlini, diləyini, idealını, məqsədini, hər bir şeyini böyük bir rəzalətlə bir qadının ayaqlarına sərib: - mən təslim, - deyə bayrağını endirir, silahını təslim edir. Şimdi soruram sizdən:

- Böylə bir adam ictimai həyat üçün yararlı bir adammıdır? Böylə bir adama cəmiyyətdə məsul bir vəzifə tapşırıla bilərmi? Həyat yürüdükcə ictimai bir fikri yenə də cəmiyyətin səadətini düşünərək başqa bir fikrə çevirmək olur. Yanılmışam. Cəmiyyətin, bəşəriyyətin nicatı üçün o yol yaxşı deyil, bu yol yaxşıdır. Böylə adamlara ad tapmaq olur. Çünki bu adi bir şeydir. Həyat tərəqqi etdikcə, cəmiyyət irəlilədikcə şərait dəyişir. Bununla bərabər yaşayış vasitələri, fikirlər, fəlsəfələr də dəyişir. Fəqət başındakı bir fikri, inandığı bir əqidəyə doğru sandığı bir məsləki, bayrağını gəzdirdiyi bir orduyu ancaq öz şəxsiyyətinə, öz mənfəətinə, öz şəxsi, səadət və ehtiraslarına fəda edən bir adama nə ad vermək olar. Doğrusu, mən tapmadım. Ona görə də, təqsirnamədə də yazmamışam. Ancaq indi başımnıa bir söz gəldi ki, o da xain kəlməsidir. Bu sözün nə qədər münasib olduğunu məhkəmə heyəti qərar çıxararkən düşünə bilər. Doğrudan da təsəvvür ediniz ki, o bir komandandır. Sənan həqiqətdə də fikri bir komandandır. Hərbin ən qəti, ən canalıcı bir dəqiqəsində birdən fərmani-hümayun: Dayan... geri! Nə var, nə var, heç nə! Bəs Ağa Komandan bənd olmuşdur?! Geri! Ona görə deyil ki, geri dönmək lazımdir. Şimdi böylə bir komandana nə demək olar. Fəqət onu da unutmamalıdır ki, komandan düşmən ordusundan əsir alınmış qıza bənd olmuş. Ona görə də, "geri!” deməyir. O başqa bir bəhanə bulacaqdır. Məsələn geri: çünki "abi-şur əst. Xeyr nədarəd.” İştə Sənanın da ictimai həyatda ağırlığı olsa-olsa, bu qədər olacaqdır. Bu rəzalət Şərq diplomatiyasının tarixində görülməz bir şey deyildir. Baxsanız Avropa qadınlarının qoynunda imza edilmiş bir çox müahidələrə, bir çox müqavilələrə, bir çox imtiyazlara bəlkə də təsadüf edə bilərsiniz. Hər halda tariximiz baltaçı Məhəmməd paşalara yabançı deyildir.

Nə isə Sənan Xuman görüncə, ağh başından oynayır, papağını götürür, başını endirir, kəndisinə məxsus dadlı, aldadıcı bir dil ilə:


Bir təbəssüm o hüsnü-dilbərdən,

Bir nəvaziş o mavi gözlərdən. -


deyə kəbin kağızını təqdim edir.

Platon kişi adamdır. O, Sənan kimi andını geri götürən, bu saat verdiyi sözdən utanmadan qaçan adamlardan deyildir. Fəqət Xumar qoca, ixtiyar bir mollanın əlində məhv olacaqdır. Keşiş çarə tapır. Qarşıdakı böyük bir kütlənin rəhbəri, böyük bir ordunun komandanı, məsləkli, səbatli, əqidəli bir adamdır. Öylə isə al bu şərabı iç. Fəqət keşiş hesabında pək yanlışdır. Sənan üçün öz şəxsiyyəti hər şeydən artıqdır. Doğrudan da, Sənan alır, içir. Ya Şeyx, içdiyin haram deyilmi? İctihad, daha doğrusu, bəhanə hazırdır. Bir istəkəna eybi yoxdur. Pək eyi, möhtərəm Şeyx əfəndi, nə üçün sən bunu dünən demirdin. Pək eyi, bir istəkəna eybi yoxdur. Keşiş pərt olur, ancaq çox bicdir, özünü itirməyir. Al bu xaçı da as. Sənan alır. Ya Şeyx nə yapırsan? Ab şur əst. Xeyr nədarəd. Bununla bir parça gümüş arasında heç bir fərq yoxdur. Pək eyi, Şeyx əfəndi, bunu nə üçün sən demirdin? "Olsun, o xaç bir parça gümüşdür" - mən də qəbul edirəm. Fəqət sən özün hər şeydə bir rəmz arayırkən sən bilməyirdinmi ki, onu sənə verirkən - al, bu gümüş parçasını as, - demir. Al, taqın, xristian ol, - deyirlər. Əvət, sən pək gözəl bilirdin. Bilərək də aldın. Çünki sən öz ehtiraslarının əsiri, iradəsiz bir adamsan. İstəmədən xristian olursan! Deməli, sən öz məqsədini, öz əməlini, cəmiyyətin nicatı üçün düşündüyün bütün əməl və idealları öz şəxsiyyətinə, öz şəxsi ehtiraslarına, öz nəfsinə fəda edən bir adamsan. istəmədən xristian oldun. Olmadınsa, yalançısan. Xristian olmadan qarşıdakıları aldatmaq üçün xaçı alıb asır və bununla da sənə tabe olan böyük bir kütləni doğru bildiyin yoldan sapdırır, inanmadığın bir yola sövq etmiş olursan. Əvət, Şeyx əfəndi, mən səni pək gözəl anlayıram.

Qoy sənin şəxsi səadətin təmin edilsin. Bunun üçün bir çoxlarının fəlakətinə də lüzum görülərsə, vur yerisin. Eşqin tərs-avandı olmaz. Keşiş şaşırır. Qarşısında böyük bir kütlənin rəhbəri azacıq səbatlı, dayanaqlı bir adam təsəvvür edərkən Sənan lax çıxır. Fəqət keşiş yenə ümidini kəsməyir. "Al Quranı yaq". Yox, sən yaqacaqsan. Ya Şeyx, Quran yaqılmaz. Susunuz budalalar. İllət var. Nə imiş - yaqılan kağız və mürəkkəbdir. Nə qədər bayağı bir bəhanə! Abi-şur əst. Xeyr nədarəd. Əfv edərsiniz, Şeyx əfəndi. Quran yalnız kağız və mürəkkəb isə nə üçün onu boynunuzda gəzdirirsiniz? Nə üçün bunu dünən demirdiniz? Pək eyi, kağız və mürəkkəbdir. Mən də qəbul edirəm. Fəqət sən başqalarına arif ol deyirkən düşünməyirdinmi ki, burada məqsəd kağız və mürəkkəbin yanması deyil, sənin tutduğun yolun, məsləkin, əqidənin yaqılması, çeynənməsi, mapdalanmasıdır. Halbuki, sən dinə hələ inanırdın. Hökmi-Quran ilələbəd ucalır deyirdin. Və istəmədən üz tutduğun yolun müqəddəsatını, komandanı bulduğun kütlənin, ordunun bayrağının yaqılmasına yol verirdin. Çünki sən öz məsləkini, öz əqidəsini şəxsi səadətinə satan bir adamsan.

Mən bilirəm ki, burada Quran, din, xaç bir çox yoldaşları sapdıracaqdır. Burada məqsəd Quran, xaç və sair deyil, bir inam, bir məsləki-bəşəriyyənin, cəmiyyətin səadəti üçün düşünülmüş bir yol deyirəm. O yol öz-özlüyündə doğru da ola bilər, yanlış da ola bilər. Mənim onunla işim yoxdur. Mənim məqsədim ancaq həmin əqidəni daşıyan adamın şəxsiyyəti üzərindədir. Əlbəttə, yoldaşlar, sevgi, eşq yaxşı şeydir. Fəqət sevirəm deyə hər şeyə ixtiyarım var da demək olmaz. Quran kitabı götürməyiniz, başqa bir kitab götürünüz. Şimdiki halda, məsələn, bir ingilis kralının mavi gözlərinə qarşı bir parça əskidir - deyə öz yurdunun bayrağını yaqan bir vətənpərvərə siz nə deyərsiniz və yaxud bir kadet qızına vurulduğu üçün insanlar bizcə birdir, bu bayraq da elə bir arşın parçadan başqa bir şey deyildir - deyə öz bayrağını yaqan bir kommunistə siz nə deyərsiniz?! Hər nə deyirsiniz, özünüz bilərsiniz, mən bilməyirəm. Ancaq gərək ki, çox da yaxşı şey deyildir.



Nə isə iş-işdən keçmiş. Keşiş yavaş-yavaş Sənanı tanımaya başlayır. Nə istəyirsiniz, o itaətdən boyun qaçırmaz, deyə adi bir qarışqa, bir böcək qədəri əhəmiyyəti qalmayan Sənana belə baxınaq istəmədən ötürür. Sənan özü də deyir. Hər nə əmr etsəniz qəbul edərəm. Doğrudan da deyirlər donuz otar, baş üstə. Yaxşı ki, Şeyxin səfilliyini hər kəs bilir. Bunun da səbəbini soruşmayırlar. Yox, yəqin ki, Şeyx kənd təsərrüfatını yüksəltmək istədiyini bəhanə gətirəcəkdi. Siz görürsünüz ki, hər nə tələb etsələr, Sənan qəbul edir. Hərəsinə də bir bəhanə gətirir. Qumar oyna desəydilər, baş üstə. Ya Şeyx haram deyilmidir? Səsini kəs, budala köpək. Köpəyə nə söz. Onun eybi yoxdur. Fəqət eybi yoxdur, ona görə deyil ki, doğrudan da, eybi yoxdur. Onu görə ki, Sənanın şəxsi səadəti üçün bu lazımdır. Platonun 3-4 nəfər düşməni var, onları da aradan qaldırır. Baş üstə. Ya Şeyx, adam öldürmək olmaz. Səsini kəs, budala, 3-4 nəfərə nə söz və i.a. Ab şur əst, xeyr nədarəd. Onu da deməliyəm ki, burada ayrı-ayrı sözlərimdən sallanıb deyə bilərlər ki, Sənan üçün ingilis, fransız, yəhudi, türk, ərəb yoxdur. O, Xumarı sevməklə din təəssübünə zərbə vurdu. Pək gözəl. Beynəlmiləlçilik yaxşı şeydir. Fəqət burada Sənanın bu hərəkətlərindən məqsəd beynəlmiləlçilikmidir? Cəmiyyətə, insanlığa bir nicat, bir səadət verməkmidir? Burada mühüm məsələ hərəkətin, vasitənin yaxşı-yamanlığı deyil, zərərli-xeyirli olması deyil. Sənanın şəxsiyyətini təyin etmək üçün əsl məsələ onu o hərəkətlərə sövq edən səbəblərdir. Əsl məqsəd nədir, onu qiymətləndirməlidir. Dünyada o qədər müharibələr olmuşdur. Bu müharibələrdə o qədər qanlar tökülmüşdür ki, Fransa inqilabında tökülən qanlar onun çərəki də olmaz. Hər ikisində qan tökülmüşdür. Fəqət Azərbaycanda bütün qan tökülən müharibələrə nifrət edilirkən Fransa inqilabı bayram saxlanılır. Nə üçün? Çünki məqsədlər başqadır. Bir italyan zabiti canından qorxub müharibədən qaçmışdır. Biz onun üçün bir heykəl tikməliyiz ki, nə var, gedib qan tökməmişdir... Doğrudur, onun qaçması nəticəsində qan tökülməmişdir. Yaxşı iş olmuşdur. Ancaq onun məqsədi qan tökülməmək deyil, müharibəyə insan qanının tökülməsinə qarşı üsyan deyil, bəlkə öz canının qorxusudur. Ona görə də bizim üçün heç bir əhəmiyyəti yoxdur. Şimdi ola bilər ki, şərab içmək yaxşı şeydir, qumar oynamaq yaxşı şeydir, donuz otarmaq da yaxşı şeydir - kənd təsərrüfatı artar. Gürcü qızı sevmək də yaxşı şeydir, çünki bunlar cəmiyyətə xeyir verə bilər. Fəqət Sənan Xumarı ona görə sevməyir ki, cəmiyyəti-bəşəriyyəyə xeyirdir, ona görə sevir ki, Xumar gözəldir, döşünə yatır. Xaçı ona görə asmayır ki, onun xeyri vardır, ona görə asır ki, Xumarı almaq üçün o bir vasitədir. Burada məqsəd Xumar, mühərrik isə, onun nəfsi, onun qadınçılığı, onun daxilindəki saxlanmaz adi, bayaqı ehtiraslar. İştə həmin bu ehtiraslara da Sənan bütün əməlini, diləyini, ictimai məqsədlərini, məfkurəsini, məsləkini qurban verir. Üzvü bulunduğu cəmiyyət qarşısında daşıdığı vəzifələri atır, cəmiyyət üçün bəslədiyi ictimai əqidə və məsləkini öz şəxsi ehtiraslarına, öz şəxsiyyətinə satır. Öz şəxsi ehtiraslarına tapınaraq bəşəriyyəti buraxır, donuz damına soxulur. Böylə bir şəxsiyyətə Ştiverdən başqa hankı bir cəmiyyət müsbət gözlə baxa bilər. Deyə bilərlər ki, o donuzlar Sənanı əhatə edən şeyxlərdən yaxşıdır? Sənan onlardan ayrılmaqla çirkabın üzərinə çıxmış oldu. Hər doğru yol tapıb özünü kənara çəkənlərə yaxşı adam deyilə bilərmi? Pək eyi, çox gözəl, Mərvan donuz, Nəim də donuz, bəs Sədra? O donuzdur. Bəs Hadi? O da donuzdur! Bəs səni bəsləyən, səni yetişdirən, tərbiyə edən mühit, sənə göz bəbəyi yedirən cəmiy­yət, sənə əba verən, ləbbadə verən, əmmamə verən fəqət həmin səfaləti-çirkabın içərisində boğulan, çabalıyan milyard yarımlıq zavallı bəşəriyyət. Onları kim düşünməlidir. Hər doğru yol tapıb evinə qapanan adamlara yaxşı deyilərmi? Sənin həyat və səadətin təmin edildisə, hər şey bitdimi? Sən doğru bir yol buldunsa, hər şey bitdimi? Halbuki, sən səmimi bir xalqçı olsaydın, bir eqoist olmasaydın, öz ehtiraslarını boğar, öz nəfsini öldürər və donuz damına girməkdənsə, səni görməyə gəlmiş yığın-yığın insanların arasına çıxar, tapdığın doğru yolu onlara da göstərərdin. Öz nüfuzundan istifadə ilə onları bir nicata doğru çəkə bilərdin. Fəqət sən bunu yapmadın, çünki bu, gücdür. Bunun üçün insanda fədakarlıq, iradə lazımdır. Fəqət Sənanda Xumarın eşqinə qarşı qüvvət və iradə yoxdur. O, ehtiraslarının əsiridir. Onları tanıyor, onları düşünür. Özünü, ancaq özünü düşünür. Ona, böyük bir məqsəd ilə gəldin - deyəndə Vətənim, Kəbəm, Məkkəm, Mədinəm həp Xumardır, əl çəkməm - deyir. Ondan başqa hər şeyə nifrət. Qoy bütün dünya məhv olsun, fəqət mən Xumardan əl çəkməm. Bu bir yaxşılıqmıdır? Bu bir hünərmidir? Bunu hər kəs yapa bilər və yapır. Bunu bütün məmləkətin, bütün xalqın hüququnu, həyat və səadətini öz şəxsiyyə­tinə fəda edən 1-ci Lyudoviq "Posle menya xot potop” - deyə daha gözəl bacarır. Bunun bütün məmləkəti, bütün xalqi obezliçenni bir hala salan, bütün cəmiyyəti öz şəxsiyyəti ayaqlarında tapdayan 14-cü Lyudoviq də "Qosudarstvo - eta ya" - deməklə daha gözəl yapir. Pək eyi, Şeyx əfəndi, sizin bunlardan nə fərqiniz vardır? Fəqət fərqiniz vardır. O da budur ki, onlar yapdıqlarını olduğu kimi açıq-açığına söyləyirlər. Sən isə niyyətini gizlətmək üçün hər hərəkətinə bir bəhanə qoşur, bir don geyindirirsən. Hər hərəkət üçün bir bəhanə gətirirsən. Fəqət məqsəd sənin şəxsiyyətindir. Bütün ictihadların ancaq şəxsi mənfəətinə xidmət etmək üçündür. Məkkədə ikən həp cinayət, qadın cinayəti. Çünki Sənan qadınları öz şöhrət və cəlalı üçün qorxulu görür. Tiflisdə ikən qadınlar yaxşıdır. Çünki Sənan Xumarı sevir. Son pərdədə qadınlar başa bəladır. Çünki, Sənanın Xumardan əli çıxmışdır. Şərab içmək yaxşıdır, çünki Sənan özü içməyə məcburdur. Xaç taxmaq olar, çünki buna da məcburdur. Sənan özü yaxşı ki, adam öldürmək məcburiyyətində qalmamış, yoxsa o da İbrahimin qoyunu kimi bir ictihad, bir qanun olaraq boynumuza keçəcəkdir. Beləliklə, hər bir ictihadı ta Şərq mollalarında olduğu kimi, cəmiyyətin səadəti üçün deyil, ümumi birlik ilə deyil, ancaq Sənanın səadətinə xidmət etmək üçündür. Burada bir məsələyi qeyd etməlidir. Çünki bizim adamlar bir az fantazistdirlər. Ariflik deyə hər açıq şeydə gizli bir məna, bir rəmz, bir müəmma ararlar. Deyirsən, bazara gedirəm. Deyir görəsən haraya deyir, biz başa düşməyiriz.

Məsələn, Sənan Xumarı almaq istəyir. Bir də görəcəksən müdafiəçi durdu ki, yox, sən başa düşməyirsən. Xumar hələ Sənanın idealıdır... Onu bir ideal kimi sevir. Xumar Sənanın fikri, əqidəsi, əməlidir. Onun yolunda hər şeyi fəda edir. Bunu Sənan desə, eybi yoxdur. Çünki o adətən hər şey üçün bir bəhanə tapa bilir. Ona deyəndə ki, ya Şeyx, sən ki, o qadından ürkərdin? Deyir bu qadın deyil, mələkdir. Müdafiəçi də bu sözdən yapışıb deyəcəkdir ki, tək bir mələk deyil, hətta əməldir, idealdır, bilməm nədir. Çünki Sənan ona özü mələk deyir. Nə olsun ki, deyir. Sənan Zəhraya da deyirdi ki, sən mələksən, əməlimsən və i.a. Bu hiylə belə olar da. Bir kişi aldığı bir qadına nə deyə bilər? Ya deyəcək sən mələksən, ya deyəcək məlaikəsən, allahsan, bu, kor-kordur da. Yoxsa nə desin?! Desin sən şeytansan, ifritəsən, əcinnəsən, kafirsən. Ya mələk deyəcək, ya da buna oxşar bir şey də. Yaxşı tutalım ki, Xumar Sənanın hələ doğrudan-doğruya idealıdır. Nə üçün Sənan keşişin bir kəlmə sözü ilə öz idealını atıb getdi? Əgər Sənan bütün idealları üçün böylə mübarizə aparırsa, daha yaman. Tula itdən murdar. Son pərdədə Xumar ona gəlib deyir:


Pək müqəddəsdir iştə bəncə sənin,

Həp şeyin, həp təriqətin, dinin.


Burada yoldaş müdafiəçi də özünü itirəcəkdir. Əcaba o könüldən düşən bunların hankıdır? Xumar Sənanın, ya Sənan Xumarın. Ancaq bunların həpsi birər xəyal, birər xülyadır. Mələyin, əməlin, idealın donuz damında nə işi vardır?

Nəhayət, Sənan iki il donuz otardıqdan sonra əski şöhrət və cəlalının da əldən getdiyini, Xumarı da ala bilmədiyini görüncə peşman olub deyir:


Şeyx, ya Şeyx, gəl də seyr elə,

Yandım atəşlə kəndi rəyimlə.

Mən qulaq vermədim dəyərli sözə,

Həp qadından gəlir nə gəlsə bizə.


Demək, Xumarı sevmədiyindən onun uğrunda əhlini, diləyini atmasından peşman olmuşdur.
Ah, sağ olsaydı şimdi Şeyx Kəbir,

Ataraq seyr edərdi pək əlini,

Kəndi möcüznüma kəramətini.
Yəni Şeyx nə demişdisə, öylə də oldu. Fəqət Şeyx nə demişdi bilirsiniz:
Baş verir səndə öylə bir hərəkət,

Alçalır, ruhun alçalır...

Ancaq Səni alçaldan ehtiras olacaq.

- Hankı şeydir səbəb fəlakətimə?

- Ah!.. o yalnız qadındır, iştə qadın!
Sənan bu sözləri xatırlayaraq və doğru olduğunu etiraf edərək deyir:
Mən qulaq vermədim dəyərli sözə,

Həp qadından gəlir nə gəlsə bizə.


Yəni qadın, Sənanın fəlakətinə səbəb olan qadının da başqa bir mənası vardır. Bəlkə qadın ərəbcə məlayikəyə-zada deyirlər, mən bilmirəm. Ancaq qadın bizim dildə - iki əlli-ayaqlı qadına deyirlər. Fəlakət də fəlakətə deyilir. Sənan son nəfəsdə Xumara yeganə qurtuluş qarşıdakı uçurumdur deyir. Uçurum da uçuruma deyirlər. Yəni dərin bir dərənin dibi. Nə az, nə çox Sənan türkcə danışırsa, sənə bəllidir.

Xumar nə mələkdir, nə əməldir, nə də məsləkdir. Sadə, adi bir qadındır. Yox, əgər Sənan göydəki mələklərin dilində danışırsa, onu biz bilmirik. Bəlkə orada uçurum fəzilətə deyirlər, ya məfkurəyə deyirlər, kim bilir. Ancaq, yoldaşlar, mənə aydındır. Sənan özü bir türküstanlı bir türkdür. Türkcə də danışır. Xəyala, xülyaya uymaya gəlməz. Ariflik təbii, fəna bir şey deyildir. Ancaq genə də hər şeyə öz adını vermək yaxşıdır. Sənan bir qızı sevmiş, bənd olmuş, onun yolunda yaxşı-yaman öz məsləkini satmış, hər bir şeyi atıb öz ehtiraslarına əsir olmuşdur. Nəhayət, qızı özünə məftun etdikdən sonra onun uğrunda heç bir mübarizə aparmadan qoyub qaçmış və zavallı qiz son nəfəsində ondan nicat yolu istərkən uçurumdur deyə onun da fəlakətinə səbəb olmuşdur.

İştə, yoldaşlar, Sənanın bütün şəxsiyyət və mahiyyəti. Yalnız, yol­daşlar, bir məsələ də vardır. Bu məcaralar Xumarınn və Zəhranın fəlakətilə bitməmiş olsaydı, demək olurdu ki, pək eyi, Sənan qadınçıdır. Şərab da içir, sənə nə var. O da bu şərab içənlərdən, o da bu qumar oynayanlardan biri. Mən, yoldaşlar onu deyəcəyəm ki, o, bu cəmiyyətin bir üzvüdür. Cəmiyyət onu böyüdüb tərbiyə etmiş. Hər bir fərd olduğu kimi, o da cəmiyyət qarşısında bu ictimai həyatda bir vəzifə daşımalı, bir fayda verməlidir. Yoxsa ona cəmiyyətin yaramaz övladı deyərlər. Fəqət yoldaşlar, mən başqa bir şey demək istəyirəm. Sənan bu sadə qumarbazlardan, sərxoşlardan olsaydı cəhənnəmə, dərd yarı idi. Fəqət mən çox işlətdiyim bir timsalı burada xatırlatmaq istəyirəm. Qanun kitablarında gərək ki, böylə bir maddə vardır. Məsələn: Pirməmmədqulu acıqlanıb, ya keflənib öz evini yaqarsa ona cəza verilməlidir. Ancaq bağışlamaq da olur. Fəqət həmin Məmmədqulu acıqlanıb, ya keflənib öz evini yaqarsa və bunun nəticəsi olaraq qonşu evlər də od alıb kəndin yarısı yanarsa, o zaman Məmmədqulu rus demişkən "ne nipodkakim vidom" bağışlanmaz, mütləq cəzalanmalıdır. Şimdi Sənanın hərəkətlərinə və onların nəticələrinə fikir verəlim. Sənanın mühiti qaranlıq, cahil bir mühitdir. Gözlər kor, fikirlər paslı, kimsə düşünməz, düşünsə də; uzaq getmə batarsan - deyə ağzını yumarlar. Bu mühitdən bir nəfər Sənan çıxır. Ağlının ucilə meraca şəkk eyləyir, şəqqülqəmərə də başqa bir məna verir. Bunun üzərinə bütün mühitdə ona qarşı bir şübhə doğur. Mühit bir az inanır, bir az şübhə edir. Fəqət həmin mühit meraca şəkk etməkdən başlamış Sənanın 2 ildən sonra bir qız üçün xaç taxmaqla bitirməsini görüncə, ümumən böylə yeni fikirlərə nasıl baxa bilər. Bundan sonra bir zihayat çıxıb merac yalandır deyə bilərmi? Uzaq getmə, sən də Sənan kimi batarsan - deyə ağzını tıxayacaqlardır. Sənan öz hərəkətləri ilə tarixin yetişdirdiyi xalq və hikmət oğullarının - Cəlaləddinlərin və sairənin də yollarını kəsmiş, ağızlarını qapamış, qanadlarını qırmış olur. Xalqda yeni fikirlər və yeni fikirli adamlara qarşı bir nifrət, bir etimadsızlıq törədir ki, bu, xalq üçün, bu, mədəniyyətin və bəşəriyyətin tərəqqisi üçün hər şeydən zərərlidir.

Böyləcə öz hərəkətləri üçün zaman və məkanla hesablaşmayan ünsürlər də xalq üçün zərərlidir. Tutalım ki, Sənanın yeni bir fikri vardır. Öz hərəkətlərini xalqın səadəti üçün yapırdı. Şərab içməyi xeyirli bilirdi. Fəqət o, bunların həpsini bir qıza qarşı yapmamalı, mühitin əhvali-ruhiyyəsini düşünməli, onun anladığı dərəcəsində hərəkət etməlidir. Yaponlar nə üçün Avropa mədəniyyətini tez mənimsədilər. Çünki yaponlar Avropa mədəniyyətini Yaponiyaya şərab içərkən, ya kataloq taqınaraq gətirmədi. Onlar Parisdə oxumağa gedərkən kataloqda getdilər, qayıdarkən yapon ərəqçinində qayıtdılar. Xalqın içinə girdilər. Onunla onun öz paltarında, öz dilində danışdılar və onu anlatıb kataloq taqdıqdan sonra özləri də kataloq taqdılar. Sənan da həqiqi bir məslək mürəvvici olsaydı, onu donuz damından söyləməzdi. Araya çıxar, xalqı onun öz dili ilə anladardı. Mən istərdim yoldaşların bir dəqiqə də olsa, fikri Sənanın yaşadığı mühitə köçürüləydi, xalqın Sənanın hərəkətlərinə qarşı nələr duyduğunu hiss edə biləydilər.

Pək eyi, şimdiki zamanı götürünüz. Qadınlardan daima şikayət edən bir müəllim təsəvvür ediniz. Bir nəfər qobulu öz qızını onun yanma qoymuş, oxudur. Bir gün qobulu içəri girir. Müəllim lüt madərzad soyunmuş, qızı da öpmək istəyir. Saxla, yoldaş, nə yapırsan? Sən sus, çünki sən donuzsan, anlamazsan, bir dəfə öpməyin eybi yoxdur. Hətta şimdiki zamanda böylə bir müəllimə nə deyilə bilər? Şübhəsiz, ya dəli deyirlər, ya əxlaqsız, Halbuki, heç biri deyil. Sən demə, yazıq müəllim sonradan fikrini dəyişmiş “daloy stada" oxşar bir şey olmuşdur. Bu, 10 il bundan əvvəl yapılsaydı, bir nəfər qobulu qələt eləyib öz qızını məktəbə göndərərdimi? Fikrin var, onu mənə də anlat. Yoxsa mən nə bilim sən nə yapırsan? Yoxsa sən qiıza bənd olub şərab içəcəksən? Deyəndə də deyəcəksən ki, sən donuzsan, kim anlamayırsa, dəf olsun. Bu da bir rəhbərlik oldu. Sən, Sənan, həqiqi bir inqilabçı olsaydın, xalqın ruhunu düşünər, onun ilə öz dilində danışardın. Öz duyğularını, öz həyatını boğar, xalqın içinə girər, onu anladar, nicata doğru sürüklərdin. Yüzü anlamazsa, ikisi anlardı. Sənə o da bəsdir, Nə cür ki, bunu heç səbəbsiz təhqir etdiyini bu qoca dərviş yapırdı. Onun bir fikri var. Yanlışdır. XX əsrdə xalqı bəşəriyyətdən uzlaşmaya dəvət edəcək bir fikrə doğru deyəcək deyiliz. Fəqət doğru yanlış bir fikri vardır. O bilir ki, həyatın şimdiki quruluşu, zamanın fikir və fəlsəfələri yanlışdır. Dinlər hədərdir. Çarə bəşəriyyətdən uzaşmayı görüyür, fəqət özü qaçmayır. O, başaçıq, ayaqyalın, rus demişkən, "bezşabaşno” bütün xalqın, bütün kütlənin, izdihamın, bütün bəşəriyyətin içinə atılmış, öz fikrini anladır, xalqı doğru yola çəkir. Bunun üçün sadə, anlaşılan vasitələrə müracıət edir. Sənanı son fəlakətdə görüncə, yorulmaq bilmədən kim bilir nərələrdən qoşub gəlir. İştə gördünmü din nələr törədir? - deyə bir mülayimətlə ona anladır. Böylə açıq, sadə bir tərzdə, böylə münasib bir mövqedə söylənmiş sözləri kim anlamaz? İştə bu adam doğrudan da bir xalqçı, doğrudan da bir məslək adamıdır. O, çırpınır, o pərvanə kimi xalqın başına fırlanır. O. bir şey, bir mükafat da gözləmir. O, iki ildən sonra əhdə vəfa, otardığı donuzlara qarşı Xumarı da istəməyir. O, havayı çalışır. O, öz məsləki və əqidəsi üçün çalışır və kim bilir böyləliklə nə qədər adamı qandırmış, nə qədər adamın fik­rini yerindən oyatmış, həqiqəti düşünməyə, heç olmazsa, düşünməyə sövq etmişdir. Bu hər halda cəmiyyətə bir faydadır. Fəqət Sənan bağlandığı 2 il şu donuz damından cəmiyyətə nə verə bilərdi? Olsa-olsa 3, ya 4 donuz. Çünki o, xalqı düşünməyir. Xalqın ruhunu anlamırdı. Onun sadəliyini, avamlığını donuzluq sanır. Halbuki yanqusu yağırkən qoca bir qarının savab olsun deyə, şələsindən ocağa 2 çırpı atmasını görüncə bir sevinc, böyük bir məmnuniyyət, bir sövq ilə deyir:

- “Svyataya prostata". İştə bu adam xalqı anlamış, onu anlamaya çalışmışdır. Fəqət Sənan xalqı heç düşünməmiş, ancaq özünü, öz ehtiraslarını düşünmüşdür. Minlər ilə insanlar onun ziyarətinə gəlmişkən, ondan nicat yolu gözləyirkən o utanmadan deyir: "Sərsərilər, zavallı şaşqınlar, gediniz, haydı, haydı, ağzınlar!”








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə