Şəxsiyyət əleyhinə olan cinayətlər




Yüklə 364.95 Kb.
səhifə1/4
tarix11.03.2016
ölçüsü364.95 Kb.
  1   2   3   4



ANNOTASİYA.
“Şəxsiyyət əleyhinə olan cinayətlər” mövzusunda olan diplom işi 3 fəsildən ibarətdir. Hüquqi əhəmiyyətə malik bu mövzu aktual xarakter daşıyır. Çünki insan, onun şəxsiyyəti, sağlamlığı, həyatı, azadlığı, ləyaqəti, cinsi toxunulmazlığı, konstitusion hüquq və azadlıqları, ailə münasibətləri Respublikanın Cinayət Qanunvericiliyi və Konstitusiya qorunur. Bu da diplom layihəsinin nə dərəcədə aktual bir mövzuya həsr olunduğuna əyani sübutdur.

Diplom işinin I fəsli şəxsiyyət əleyhinə olan cinayətlərin anlayışı və xüsusiyyətlərinə həsr olunub, 2 paraqrafdan ibarətdir.

5 paraqrafdan ibarət olan II fəslində şəxsiyyət əleyhinə olan cinayətlərin növləri araşdırılaraq müqayisəli şəkildə təhlil edilir.

“Əməyin mühafizəsi”ndən isə diplom işinin III fəslində bəhs edilir.



Öz aktuallığı ilə səciyyələndirilən “Şəxsiyyət əleyhinə olan cinayətlər” mövzusunda olan diplom işi mövzunun planına uyğun olaraq yazılmışdır.

MÜNDƏRİCAT.
GİRİŞ....................................................................................................6

FƏSİL 1. ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏRİN ANLAYIŞI VƏ XÜSUSİYYƏTLƏRİ.

§ 1 Şəxsiyyət əleyhinə olan cinayətlərin anlayışı...……....................7

§ 2 Şəxsiyyət əleyhinə olan cinayətlərin sistemi...............................8

FƏSİL 2. ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏRİN NÖVLƏRİ.

§ 1 Həyat və sağlamlıq əleyhinə olan cinayətlər.............................10

  1. Həyat əleyhinə olan cinayətlər.............................................10

  2. Sağlamlıq əleyhinə olan cinayətlər......................................20

§ 2 Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər.........23

§ 3 Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər...........................................................................................35

§ 4 İnsan və vətəndaşların Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər.....................................................................52

  1. Vətəndaşların hüquq bərabərliyi prinsipi və siyasi hüquqları əleyhinə olan cinayətlər.......................................................54

  2. Şəxsi həyatın toxunulmazlığı əleyhinə olan cinayətlər........56

  3. Müəlliflik hüquqları və əmək hüquqları əleyhinə olan cinayətlər..............................................................................58

§ 5 Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər...........................................................................................60

FƏSİL 3. ƏMƏYİN MÜHAFİZƏSİ.

§ 1 Azərbaycan Respublikasının Əmək Qanunvericiliyində işlədilən əsas məfhumların anlayışı..........................................................................66

  1. Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericiliklər..........................................................66

  2. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi qaydaları................................................................67

§ 2 Zədələnmə, bədbəxt hadisə və peşə xəstəlikləri barədə ümumi məlumat......................................................................................................68

§ 3 İstehsalat zədələnmələri və peşə xəstəliklərinin göstəriciləri......69

§ 4 İstehsalat təcrübələri və peşə xəstəliklərinin səbəblərinin təhlili üsulları........................................................................................................70

§ 5 İnsan əməyinin erqonomik təhlükəsizliyi.....................................72

§ 6 İnsan-maşın-mühit sisteminin quruluşu, xassəsi və növləri.........74

NƏTİCƏ......................................................................................................76

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT..........................................................78

GİRİŞ.
İnsan, onun həyatı, səhhəti, hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə ali dəyərlər olduğu bəyan edilir, belə dəyərlərin qorunması dövlətin ən başlıca vəzifəsi kimi təsbit edilir.

Keçmişdə, inzibati amirlik şəraitində mövcud olan totalitar dövlət rejimində azadlıq və demokratiya sözləri, şüarları qulaqlarda tez-tez səslənsə də, insan və vətəndaşın, onun hüquq və azadlıqlarının qorunması faktı həmişə arxa planda dururdu. Qanunda və praktikada insandan daha çox dövlət mənafeyinin mühafizəsi ön plana çəkilirdi.

İnsan hüquqları üzrə Ümumdünya Konfransının materiallarında (1993-cü il, Vyana) qeyd edilir ki, insan hüquqlarının müdafiəsinə təminat verən hüquqi mexanizm yaradılmalıdır. Belə mexanizmin vacib həlqələrindən biri qüvvədə olan cinayət qanunlarıdır.

Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə olan cinayətlər” adı altında Xüsusi fəsilə daxil edilən normalarla insanın həyatı, səhhəti, şərəf və ləyaqəti, hüquq və azadlıqları müdafiə altına alınır.

“Şəxsiyyət əleyhinə olan cinayətlər” adı altında təqdim edilən diplom layihəsində qeyd edilən problemlər qaldırılmışdır.

Yeni şəraitdə şəxsiyyətin mühafizəsinə dair Konstitusiyanın müddəalarından irəli gələn vəzifələr ictimai həyatın demokratikləşdirilməsini, hüquqi dövlətin və qanunçuluq rejiminin yaradılmasını, insanların hüquqi şüurunun və hüquqi mədəniyyətinin yüksəldilməsini tələb edir.

Qeyd edilən vəzifələr yeni hüquqi təfəkkürə, yüksək professionallığa malik, dünya dövlətlərinin qanunvericiliyinə bələd olan və onun mütərəqqi ənənələrini mənimsəyən ali təhsilli hüquqşünas kadrların köməyi ilə həyata keçirilə bilər.

FƏSİL 1. ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏRİN ANLAYIŞI VƏ XÜSUSİYYƏTLƏRİ.
§ 1. Şəxsiyyət əleyhinə olan cinayətlərin anlayışı.

Azərbaycan Respublikasının Konstitusiyası hər bir şəxsin həyatının, səhhətinin, şərəf və ləyaqətinin, şəxsi və ailə sirrinin və s. dəyərlərin qorunduğunu elan edir. Konstitusiyaya uyğun olaraq dövlət ailəyə himayədarlıq edir, respublika vətəndaşlarının sosial-siyasi hüquqlarını təmin edir. (21)

Konstitusiya ilə elan edilən, şəxsiyyətin qeyd edilən dəyərlərinin qorunması respublikanın bütün həyat ukladı ilə, eləcə də cinayət qanunvericiliyi ilə təmin edilir. İnsanın, onun hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması cinayət qanunvericiliyinin başlıca vəzifələrindən sayılır.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hazırlanan Cinayət Məcəlləsində bütün qorunan başqa dəyərlər içərisində insanın, onun hüquq və azadlıqlarının qorunması ön plana çəkilir.

Şəxsiyyət və onun hüquq və azadlıqları – mülki hüquq, ailə hüququ, əmək hüququ, inzibati hüquq və s. hüquq sahələri ilə qorunur. Lakin cinayət hüququ şəxsiyyəti daha təhlükəli olan qəsdlərdən qoruyur. Azərbaycan Respublikasında qüvvədə olan Cinayət Məcəlləsinin Xüsusi hissəsində, VIII bölmədə nəzərdə tutulan normalarla şəxsiyyətin həyatı, səhhəti, azadlığı və şəxsi ləyaqəti müdafiə altına alınır. Bundan başqa, qüvvədə olan Cinayət Məcəlləsinin “İnsan və vətəndaşların konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər” adlanan fəslində də vətəndaşların Konstitusion hüquq və azadlıqları qorunur. Respublikanın qüvvədə olan Cinayət Məcəlləsində şəxsiyyətə qəsd edən cinayətlərə görə məsuliyyət müəyyən edən bütün normaları vahid sistemə salınmışdır. (6)

Beləliklə, şəxsiyyət əleyhinə edilən cinayətlər – insanların həyatına, səhhətinə, azadlığına, şərəf və ləyaqətinə, cinsi toxunulmazlığına, cinsi azadlığına, konstitusiya ilə müəyyən edilən hüquq və azadlıqlarına, ailə münasibətlərinə, yetkinlik yaşına çatmayanların normal tərbiyəsinə qəsd edən, cinayət qanununda nəzərdə tutulan ictmai təhlükəli, təqsirli, cəzalanmalı olan əməllərdir. (5)


§ 2. Şəxsiyyət əleyhinə edilən cinayətlərin sistemi.

Şəxsiyyət əleyhinə olan cinayətlər beş növə ayrılmışdır:



  • Həyat və sağlamlıq əleyhinə olan cinayətlər;

  • Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər;

  • Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər;

  • İnsan və vətəndaşların Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər;

  • Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər.

Şəxsiyyət əleyhinə edilən cinayətlərə görə məsuliyyət müəyyən edən normaların bu sistemi bu normalarda nəzərdə tutulan cinayətlərin ziyan yetirdiyi bilavasitə obyektə əsasən müəyyən edilmişdir.

Cinayətin obyektini ictimai münasibətlər təşkil etdiyindən, şəxsiyyət əleyhinə edilən cinayətlərdə də müəyyən qrup ictimai münasibətlərin ümumiləşdirilmiş ifadəsi olan şəxsiyyət araşdırdığım cinayətlərin Xüsusi obyekti kimi çıxış edir. Cinayət hüquq nəzəriyyəsi insanı sadəcə bioloji varlıq deyil, həm də sosial varlıq – mövcud ictimai münasibətlərin məcmusu hesab edir. (9)

Yuxarıda bilavasitə obyektə görə beş növdə quraşdırılan cinayətlərin hamısı üçün ümumi olan şəxsiyyət Xüsusi obyekt kimi çıxış edir. Insanın istər həyatına və ya səhhətinə, istərsə də azadlığına, şərəf və ləyaqətinə, yaxud da Konstitusion hüquq və azadlığına və s. qəsd edilsin, eyni vaxtda insana, onun şəxsiyyətinə qəsd etmiş olur.

Şəxsiyyət bir tərəfdən kriminal qəsddən ziyan çəkən hər bir fərdin sosial tərəfini, onun bağlı olduğu sosial mövqe və əlaqələrin məcmuyu kimi, reallıq kimi, digər tərəfdən bu reallığı əks etdirən, qanuna daxil edilən anlayış, kateqoriya kimi mövcud olur. (7)

Şəxsiyyət əleyhinə yönələn cinayətlərdə bilavasitə obyektlərin xüsusiyyətlərindən asılı olaraq, onların müəyyən qismi “qohumluq” əlaqəsinə görə yarımqruplara ayrılır. Xüsusən də həyat və sağlamlıq əleyhinə edilən cinayətləri belə yarımqruplara ayırmaq qəbul edilmişdir. Belə bölgüyə aid edilir: a) həyata qəsd edən cinayətlər (maddə 120-125); b) insanların səhhətinə qəsd edən cinayətlər (maddə 126-132); c) həyat və səhhəti təhlükədə qoyan cinayətlər (maddə 133-143).

Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətləri də belə yarımqruplara bölmək olar: a) Şəxsiyyətin azadlığı əleyhinə olan cinayətlər (maddə 144-146); b) şəxsiyyətin ləyaqəti əleyhinə olan cinayətlər (maddə 147-148).

Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətləri belə yarımqruplara bölmək olar: a) şəxsiyyətin cinsi toxunulmazlığı əleyhinə olan cinayətlər ( maddə 149-150); b) şəxsiyyətin cinsi azadlığı əleyhinə olan cinayətlər (maddə 151-153).

İnsan və vətəndaşın konstitusion hüquq və azadlıqları əleyhinə olan cinayətlərin yarımqruplara bölünməsi aşağıdakı kimidir: a) siyasi hüquq və azadlıqlara qəsd edən cinayətlər (maddə 154-162); b) sosial hüquq və azadlıqlara qəsd edən cinayətlər (maddə 167-169); c) şəxsi hüquq və azadlıqlara qəsd edən cinayətlər (maddə 163-166).

Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər 2 yarımqrupa bölünür: a) yetkinlik yaşına çatmayanların cinayətləri (maddə 170-171); b) ailə münasibətləri əleyhinə olan cinayətlər (maddə 172-176).
FƏSİL 2. ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏRİN NÖVLƏRİ.
§ 1. Həyat və sağlamlıq əleyhinə olan cinayətlər.


  1. Həyat əleyhinə olan cinayətlər.

Həyat əleyhinə olan cinayətlərin sisteminin qurulması prinsipləri Azərbaycan Respublikasının 1922-ci il CM-nin “ Adam öldürmə” fəslində də əks olunmuşdu: hamiləliyin süni pozulmasının cəzalandırılması; özünü öldürmənin deyil, özünü öldürməyə kömək etmənin və ya ona sövq etmənin cəzalandırılmalı hesab edilməsi; məsuliyyətin təqsirin formasından asılı olaraq fərqləndirilməsi; adam öldürmənin əsas, tövsifedici və imtiyazlı tərkiblərinin fərqləndirilməsi. Bununla bərəbər, “adam öldürmə” termini ilə həm qəsdən, həm də ehtiyatsızlıqdan həyatdan məhrumetmə əməlləri əhatə olunmağa başlamışdır; “öldürülənin təkidi ilə ona yazığı gələrək onu öldürmə” yə görə cinayət məsuliyyəti aradan qaldırılmışdır; özünü öldürməyə kömək etmənin və ya sövq etmənin cəzalandırma dairəsi məhdudlaşdırılmışdır (yalnız yetkinlik yaşına çatmayanların və ya törəkdikləri əməlin xüsusiyyətlərini və ya əhəmiyyətini dərk etməyə və ya öz hərəkətlərinə rəhbərlik etməyə qadir olmayan şəxslər barəsində belə hərəkətlər cinayət hesab olunurdu). Həyat əleyhinə olan cinayətlərin sisteminin qurulmasının bu prinsipləri aşağıdakılar istisna olmaqla, Azərbaycan Respublikasının 1927-ci il CM-də saxlanılmışdı: a) bir fəsildə həyat əleyhinə olan cinayətlərlə şəxsiyyətin sağlamlığı, azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər birləşdirilmişdi; b) ehtiyatsızlıqdan adam öldürmənin və zəruri müdafiə həddini aşmaqla adam öldürmənin əlamətləri Xüsusi hissənin bir maddəsində nəzərdə tutulmuşdu; v) özünü öldürməyə kömək edən əməllərin cinayət hesab edilməsi əsaslarını genişləndirmişdi (belə əsaslara əlavə olaraq “digər şəxsdən maddi və ya başqa asılılıqda olan şəxsin həmin şəxsin qəddar davranışı və ya başqa buna bənzər üsulla özünü öldürmə və ya buna cəhd həddinə çatdırılması” aid edilmişdi). (2)

Bu yeniliklərdən bəziləri Azərbaycan Respublikasının 1960-cı il CM-ni işləyib hazırlayanlar tərəfindən də bəyənilmişdir. Bununla yanaşı yetkinlik yaşına çatmayanın və ya aşkar surətdə öz hərəkətlərini ölçüb-biçə bilməyən və ya onlara rəhbərlik edə bilməyən şəxsin özünü öldürməsinə kömək etməyə və ya buna sövq etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan norma ləğv edilmişdir; ehtiyatsızlıqla adam öldürmə və zəruri müdafiə həddini aşmaqla adam öldürmə ayrı-ayrı müstəqil tərkiblər kimi verilmişdir; qanunsuz abort etmə həyat əleyhinə olan cinayətlər sırasından çıxarılmışdır; tövsifedici hallarda adam öldürməyə görə məsuliyyəti ağırlaşdırmanın bir sıra yeni əsasları nəzərdə tutulmuşdur. (11)

Həyat əleyhinə olan cinayətlərə görə məsuliyyət məsələlərinə aid əvvəllər mövcud olmuş müddəalardan çoxu bu və ya başqa şəkildə Azərbaycan Respublikasının 1999-cu il CM-də əks olunmuşdur.(22) Azərbaycan Respublikasının 1960-cı il CM-də olduğu kimi, bu cinayətlər ilk növbədə başqa şəxsi öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaya bölünür. Başqa şəxsi öldürmə isə öz növbəsində ənənəvi olaraq qəsdən və ehtiyatsızlıqdan adam öldürməyə bölünür. Bu zaman ehtiyatsızlıqdan adam öldürmənin əsas və tövsifedici, qəsdən adam öldürmənin isə əsas, tövsifedici və imtiyazlı tərkiblərə bölgüsü bərpa edilmişdir. Qanunvericilik qəsdən adam öldürmənin ağırlaşdırıcı və yüngülləşdirici hallarının dairəsini genişləndirmişdir. Qanunvericilik adam öldürmənin ağırlaşdırıcı halları sırasından xüsusi təhlükəli residivist tərəfindən adam öldürməni çıxararaq, buraya aşğıdakı ağırlaşdırıcı əlavə etmişdir: adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə; zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürmə; sifarişlə adam öldürmə və s.

Qanunvericilik zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürməyə görə məsuliyyətin əsaslarını dəyişmədən cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürməni ayrıca tərkib şəklində ayırmışdır.

“Öldürmə” anlayışı insanın həyatı və ölümü ilə ayrılmaz surətdə bağlıdır. Məlum olduğu kimi, insanın həyatı bioloji baxımdan maddələr mübadiləsi, qidalanma və ifrazatdan ibarətdir. Qeyd edilən funksiyanın bitməsi ilə insan həyatı da sona çatır. Bioloji mənada insan həyatı anlayışının verilməsinin insan həyatının sərhəddini müəyyən etmək üçün əhəmiyyəti vardır. (4)

Həyat doğum prosesi ilə başlayır. Həyatın təbii və labüd sonu orqanizmin qocalması nəticəsində fizioloji ölüm hesab edilir.

Ölümün baş vermə anı haqqında məsələ tibbi ədəbiyyatda mübahisəlidir. Müəlliflərin bir qisminin fikrincə, insanda ürək döyüntüsünün və tənəffüsün dayanması anından ölüm baş verir.

Başqa qrup müəlliflərin fikrincə, ürəyin döyünməsini həyatın mövcudluğunu mütləq təsdiq edən dəlil hesab etmək olmaz.

Lakin beyində və mərkəzi əsəb sistemində üzvi dəyişikliyin baş verməsi hamılıqla mübahisəsiz həyatın sonu kimi qəbul edilir. Belə dəyişiklik gedənə qədər baş verən ölüm insanın klinik ölümü hesab edilir.

Bununla yanaşı klinik ölüm baş verdikdən sonra da tənəffüsü və ürək döyüntüsünü bərpa etmək və insan həyatını geri qaytarmaq hallarına təsadüf edilir.

Bir qisim insanların ölümü vaxtından əvvəl (patoloji) - xəstəliklə, yaxud da zorakı hərəkətlərələ bağlı olur. Patoloji ölüm anlayışı həm də adam öldürməni (qəsdən, yaxud da ehtiyatsızlıqdan) əhatə edir. Beləliklə, ölümün zorakı xarakteri öldürmənin bir halıdır. Lakin zorakılıqla bağlı baş verən ölüm həm də qanunauyğun xaraterdə ola bilər. Bu səbəbdən patoloji ölüm hallarının da bir-birindən fərqləndirilməsi zərurəti meydana gəlir.

Qanunla yol verilən hallarda həyatdan məhrum etmədən, bədbəxt hadisə nəticəsində baş verən ölümdən, habelə özünü öldürməkdən fərqli olaraq, öldürmə halları Cinayət Məcəlləsinin Xüsusi hissəsində qeyri-hüquqi əməl kimi qeyd edilir və belə əməli törədənlər qanunla təqib olunur.

Öldürmə hallarını qanuni həyatdan məhrum etmə və təqsirlə bağlı olmayan təsadüfi öldürmə hallarından fərqləndirmək üçün adam öldürmənin anlayışına “təqsirli həyatdan məhrum etmə” əlaməti daxil edilmişdir.

Nəhayət, adam öldürməni özünü öldürmədən fərqləndirmək üçün adam öldürmə anlayışına həm də “başqasını həyatdan məhrum etmə” əlaməti nəzərdə tutulmuşdur. (3)

Yuxarıda qeyd edilənləri nəzərə almaqla, adam öldürməyə aşağıdakı məzmunda tərif vermək olar: Adam öldürmə başqasını qanunsuz olaraq, qəsdən və ya ehtiyatsızlıqdan həyatdan məhrum etmədə ifadə olunan ictimai təhlükəli əməldir. (5)

Lakin qüvvədə olan cinayət qanunvericiliyndə başqa şəxsi qəsdən və ya ehtiyatsızlıqdan həyadan məhrum etmə ilə əlaqədar bir sıra başqa cinayətləri törətməyə görə də məsuliyyət müəyyən edildiyini nəzərə alsaq, onda yuxarıda adam öldürməyə verdiyim anlayışın natamam olduğu bir daha aydın olar. Müəlliflərdən N.İ.Zaqorodnikov bu cəhətə diqqət yetirərək, adam öldürmənin anlayışına “... öldürməyə görə məsuliyyət yaradan” əlamətinin də daxil edilməsini təklif edir. (13) Müəllifin qeyd etdiyi iradı nəzərə almaqla adam öldürməyə aşağıdakı tərifi vermək olar: Adam öldürmə başqasını qanunsuz olaraq, qəsdən və ya ehtiyatsızlıqdan həyatdan məhrum etmədə ifadə olunan və qətlə yetirməyə görə məsuliyyət yaradan ictimai təhlükəli əməldir. (2)

Qüvvədə olan cinayət qanunvericiliyi həyat əleyhinə edilən cinayətlərin aşağıdakı növlərini nəzərdə tutur: qəsdən adam öldürmə (120.1- ci maddə); ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə (120.2-ci maddə); yüngülləşdirici hallarda qəsdən adam öldürmə (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi; qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə (maddə 121-123); ehtiyatsızlıqdan adam öldürmə (124-cü maddə); özünü öldürmə həddinə çatma (125-ci maddə).

Adam öldürmə cinayətinin obyektiv cəhəti zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunur. Insan həyatına qəsd edilmişdirsə, lakin ölümdən ibarət nəticə baş verməmişdirsə, belə halda əməl başa çatmayan cinayət sayılır. Adam öldürmə cinayətinə görə məsuliyyət müəyyən edən normalar maddi tərkibli quruluşa malikdir. Adam öldürmə cinayətinə görə məsuliyyət nüəyyən edən maddənin dispozisiyasında obyektiv cəhət həyata ziyan yetirən hərəkəti və ya hərəkətsizliyi, habelə bunlardan biri ilə bağlı ictimai təhlükəli nəticəni nəzərdə tutur. Adətən adam öldürmə cinayəti fəal hərəkərlərlə törədilir. Adam öldürmə müəyyən hallarda hərəkətsizliklə də törədilə bilər.

Adam öldürmə cinayətinə görə məsuliyyət müəyyən edən norma maddi tərkibli quruluşa malik olduğundan hərəkətlə, yaxud hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə müəyyən edilməlidir. Burada ölüm faktı şəxsin hərəkətinin (hərəkətsizliyinin) zəruri, qanunauyğun nəticəsi olmalıdır. (19)

Adam öldürmə həmişə başqa şəxsin qanunsuz həyatdan məhrum edilməsində ifadə olunur. Başqa şəxsi onun öldürməsinə dair öz xahişinə əməl edib öldürmə məsuliyyəti aradan qaldırmır, lakin bu, CM-nin 135-ci maddəsində nəzərdə tutulmuş ayrıca əməl - evtanaziya kimi tövsif edilir.

Qüvvədə olan cinayət qanunvericiliyinə görə özünü öldürmə həddinə çatdırma cinayəti zərər çəkənin həm özünü öldürdüyü andan, həm də özünü öldürməyə cəhd etdiyi andan bitmiş sayılır.

Qanunverici orqan cinayətin edilmə üsulunu ağırlaşdırıcı hallarda törədilən adam öldürməyə görə məsuliyyət müəyyən edən 120.2-ci maddəyə tərkib əlaməti kimi daxil etmişdir. Buna görə də qeyd edilən əlamət ancaq ağırlaşdırıcı hallarda adam öldürməyə görə məsuliyyətin həllində - tövsifdə iştirak edir.

Adam öldürmənin törədildiyi şərait bəzən onun sosial təhlükəliliyini azaldır. Cinayət qanunu belə şəraitlə bağlı adam öldürməyə ananın yeni doğduğu uşağı doğum vaxtı, yaxud doğumdan bilavasitə sonra öldürməsini, zəruri müdafiə həddini aşmaqla adam öldürməni, cinayətkarı yaxalamaq üçün zəruri olan tutma tədbirlərinin həddini aşmaqla adam öldürməni aid edir.

Adam öldürmənin obyektiv cəhəti iki və ya daha artıq şəxs tərəfindən törədildikdə məsuliyyət birgə icraçılığa görə yaranır. Eləcə də başqa icraçılarla bir yerdə olub, cinayətin törədilməsi prosesində onlara bilavasitə kömək göstərən şəxslər də cinayətin icraçısı hesab edilir. Həyat üçün təhlükəli olan zərbə yetirməsə də, zərərçəkmişin qətlə yetirilməsinə bilavasitə bilə-bilə kömək göstərən şəxs də (məsələn hadisə yerində zərərçəkmişin qolunu tutan, müqavimətini qıran şəxs) cinayətin icraçısı hesab edilir. (18)

Həyat əleyhinə edilən cinayətlər subyektiv cəhətdən təqsirin formasına görə iki növə ayrılır: həyat əleyhinə olan qəsdən törədilən cinayətlər (120-123-cü maddələr); həyat əleyhinə olan ehtiyatsızlıqdan törədilən cinayətlər (124-cü maddə). (22)

Qəsdən adam öldürən şəxs – yol verdiyi hərəkətin və ya hərəkətsizliyin başqasını həyatdan məhrum edəcəyini əvvəlcədən dərk edir və bunu arzu edir (birbaşa qəsd), yaxud da belə nəticəni arzu etməsə də şüurlu surətdə yol verir (dolayı qəsd). Qəsdən törədilən adamöldürmə cinayətlərinin müxtəlif motivləri ola bilər, məsələn, tamah, qısqanclıq, intiqam, xuliqanlıq və s. Motiv adam öldürmə cinayətinin tövsifində nəzərə alınır. Buna görə də qətl cinayətləri üzrə istintaq fəaliyyətində motiv aydınlaşdırılır.

Adam öldürmə cinayətlərinin subyekti əməli törədərkən 14 yaşına çatmış fziki, anlaqlı şəxslər ola bilər.

Qəsdən adam öldürmə cinayətlərinin məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallarda törədilməsindən asılı olaraq üç növü fərqləndirilir:



  1. məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar olmadan qəsdən adam öldürmə (120.1-ci maddə);

  2. məsuliyyəti ağırlaşdıran hallarda qəsdən adam öldürmə (120.2-ci maddə);

  3. məsuliyyəti yüngülləşdirən hallarda qəsdən adam öldürmə (121-123-cü maddələr).

Qüvvədə olan cinayət qanunvericiliyi yaşından, dinindən, sosial mövqeyindən, fiziki və psiki vəziyyətindən, mənəvi keyfiyyətlərindən asılı olmayaraq hər bir insanın həyatını müdafiə altına alır. Həyata yönələn qəsd zamanı zərərçəkmişin şəxsiyyətin olan səhv qəsdən adam öldürməyə görə məsuliyyətin yaranmasını aradan qaldırmır.

CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yaxud da qəsdən adam öldürmənin “sadə” növü bütün növdən olan qəsədən törədilən qətl cinayətləri üzrə məsuliyyət müəyyən edən tərkiblər içərisində əsas tərkib sayılır. (6)

Bu cinayətin obyekti başqa şəxsin həyatıdır. Obyektiv cəhətdən adam öldürmə həm hərəkətlə, həm də hərəkətsizliklə mümkündür. Hərəkət həm fiziki, həm də psixi xarakterli ola bilər. Obyektiv cəhətin digər məcburi əlamətləri ictimai təhlükəli nəticənin – zərərçəkmişin həyatdan məhrum olmasının baş verməsi, habelə bu nəticə ilə təqsirkarın əməli arasında səbəbli əlaqənin olmasıdır.

Subyektiv cəhətdən CM-nin 120.1-ci maddəsində göstərilən əməl yalnız qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin həyatına qəsd etdiyini dərk edir, zərərçəkmişin ölümünün labüdlüyünü və bunun real olaraq mümkünlüyünü qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir (birbaşa qəsd) və ya buna şüurlu surətdə yol verir (dolayı qəsd).

Təhlil edilən cinayətin motiv və məqsədi subyektiv cəhətin zəruri əlaməti deyildir. Lakin bunun düzgün müəyyən edilməsi tövsif üçün mühüm əhəmiyyətə malikdir. (2)

Qəsdən adam öldürmənin “sadə” növünün onun ağırlaşdırıcı hallarda törədilən növündən fərqləndirilməsinə motivin aydınlaşdırılmasının əhəmiyyəti vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1993-cü il 3 may tarixli 2 N-li qərarında deyilir: “Qısas almaq, qısqanclıq və digər şəxsi münasibətlər zəminində qəsdən adam öldürmə cinayətin edildiyi yerdən asılı olmayaraq Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndilə (qüvvədə olan CM-nin 120.1-ci maddəsi) tövsif edilməməlidir”. (28)

Ümumiyyətlə, intiqam və ya qısqanclıq motivilə törədilsə də, lakin belə motivlər zəminində iki və ya daha çox şəxs öldürülərsə, əməl xüsusi amansızlıqla, yaxud da şəxsin həyatı üçün təhlükəli üsulla törədilərsə, eləcə də hamilə vəziyyətində olan qadın qətlə yetirilərsə, Məsuliyyət CM-nin 120.2-ci maddəsinin müvafiq bəndləri ilə həll edilir.

Qısqanclıq motivi ilə qəsdən adam öldürmədə hər bir halda belə motivin yaranması səbəbləri araşdırılmalıdır. Qısqanclıq – kişi və ya qadının bir-birinə sadiq olmasına şübhə etməsi, yaxud da yol verilmiş xəyanətlə əlaqədar yaranan əzabverici hissdir. (7)

Qısqanclıq hissləri bəzən şəxsin psixi xəstəliyi ilə bağlı güclənərək onu qətl cinayətini törətməyə vadar edə bilər. Belə halda təqsirkarın əməli törədərkən anlaqlı olub-olmaması aydınlaşdırılır.

Qısqanclıq motivi tərəflərin birinin xəyanət aktının bilavasitə təsiri altında yarandıqda, belə vəziyyət şəxsi güclü ruhi həyəcan vəziyyətinə sala bilər. Əgər belə fizioloji affekt vəziyyətində şəxs başqasını qətlə yetirmişdirsə, məsuliyyət CM-nin 122-ci maddəsi üzrə həll edilir. (22)

İntiqam zərərçəkmişin etdiyi yamanlıq və ya toxunan hərəkətlərə görə təqsirkarda yamanlıq etməyə dair yaranan dərk olunmuş daxili tələbatdır. İntiqam insan qəlbinin ən qədim ehtiraslarından biri kimi özünümühafizə instinkti ilə bağlıdır.

Qətl cinayətinin subyektiv səbəbi kimi çıxış edən intiqam hissi zərərçəkmişlə qatil arasında şəxsi münasibətlər zəminində meydana gələn münaqişə ilə bağlı yaranır. Təqsirkar danışıq yolu ilə yaranmış münaqişəni həll etməyi rədd edir, bunu zorakı xarakterli cinayət yolu ilə həll etməyi üstün tutur.

Intiqam motivi ilə adam öldürmə qətlə yetirmə ərəfəsində, yaxud da öncə zərərçəkmişin yol verdiyi həm hüququi, həm qeyri-hüquqi davranışı ilə baş verə bilər. Təqsirkarı münaqişəyə çəkən belə davranışın əhəmiyyəti əxlaqi və hüquqi baxımdan azaldıqca, əməlin intiqam, yaxud da xuliqanlıq motivi ilə törədildiyini müəyyən etmək çətin olur. Zərərçəkmişi belə münaqişəyə çəkən hərəkət son dərəcə az əhəmiyyətli olduqda, yaxud da əxlaqı və hüquqi baxımdan zərərçəkmişi “təqsirləndirməyə” əsas olmadıqda əməl xuliqanlıq motivilə törədilən əməl kimi qiymətləndirilir. (16)

Eyni vaxtda qətl cinayəti həm intiqam, həm də xuliqanlıq motivilə törədilə bilər. Belə halda əməlin düzgün tövsifi üçün hansı motivin qəti hərəkətverici rol oynadığı aydınlaşdırılmalıdır.

Cinayət hüquqi ədəbiyyatda mübahisə və dalaşma qəsdən adam öldürmənin “sadə növünü” doğuran hallar sırasına daxil edilir. Bəzi müəlliflər hesab edirlər ki, mübahisə və dalaşma qətl cinayətlərinin motivi sayıla bilməz. Motiv psixoloji fenomen olduğu halda mübahisə və dalaşma müəyyən motivlə bağlı iradəvi psixoloji fəaliyyətdən doğan tərəflərin fiziki aktıdır. Başqa sözlə desəm, qətl cinayəti dava-dalaş zəminində yaranan intiqam, qısqanclıq və s. motivlər əsasında törədilir. (6)

Dalaşmanın təşəbbüskarının kim olmasından asılı olmayaraq, belə münaqişədə tərəflər qarşılıqlı surətdə bir-birindən intiqam almaq məqsədilə bədənə ağrı yetirən zərbələr vurursa və nəticədə tərəflərdən biri qətlə yetirilirsə, məsuliyyət CM-nin 120.1-ci maddəsi ilə yaranır. Lakin dalaşma zəminində CM-nin 120.2-ci maddəsində göstərilən ağırlaşdırıcı hallarla bağlı olduqda, yaxud da belə əməml fizioloji affektlə, habelə zəruri müdafiə ilə bağlı olduqda məsuliyyət uyğun olaraq CM-nin 120.2-ci və 122, yaxud 123-cü maddələri ilə yarana bilər. (6)

Körpə uşağın öldürülməsi, köməksiz vəziyyətdə olan digər şəxslərin, məsələn, yatmış şəxsin, sərxoş vəziyyətdə olan şəxsin öldürülməsi əməlləri də CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.

Köməksiz vəziyyətindən istifadə etməklə şəxsin qətlə etməklə şəxsin qətlə yetirilməsi əməlinin tövsifindən öncə belə qətl əməlinin motivi müəyyən edilməlidir. Intiqam, qısqanclıq motivilə, habelə qadına qarşı feodal-bəy münasibətlərinin qalıqları əsasında yaranan niyyətlə köməksiz vəziyyətdə olan şəxsin öldürülməsi qətl cinayətlərinin “sadə növü” kimi qiymətləndirilməlidir.

Araşdırılan cinayətin subyekti 14 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər.

Cinayət qanunvericiliyi ilə cəzanı ağırlaşdıran halların iki kateqoriya növləri fərqləndirilir. Bir qrup cəzanı ağırlaşdıran hallar CM-nin 61-ci maddəsində nəzərdə tutulur və cəza təyini zamanı nəzərə alınır. Ikinci qrup cəzanı ağırlaşdıran hallar isə CM-nin Xüsusi hissəsinin digər normalarına eləcə də 120.2-ci maddəsində göstərilən hallardır. Xüsusi hissənin normalarında göstərilən belə hallar bir növ CM-nin 61-ci maddəsində göstərilə halları konkretləşdirir. (22)

Qətl cinayətlərinin ağırlaşdırıcı hallarının elmi ədəbiyyatda müxtəlif əsaslarla təsnifi aparılır. Əksər müəlliflərin belə halların təsnifinin cinayət tərkiblərinin elementləri üzrə aparılmasına üstünlük verirlər.

Həmin halların göstərilən qaydada təsnifi aşağıdakı kimi olacaqdır:



  1. cinayətin obyektinə aid ağırlaşdırıcı hallar: zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və yaxın qohumlarını (120.2.3-cü maddə); iki və ya daha çox şəxsi öldürmə (120.2.7-ci maddə); təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə (120.2.8-ci maddə); təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə (120.2.9-cu maddə);

  2. cinayətin obyektiv cəhətinə aid ağırlaşdırıcı hal: xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə (120.2.4-cü maddə);

  3. cinayətin subyektiv cəhətinə aid ağırlaşdırıcı hallar: xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2-ci maddə); tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmişin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürmə (120.2.5-ci maddə); başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə (120.2.6-cı maddə); quldurluq, hədə-qorxu ilə tələb etmə və ya banditizmlə əlaqədar adam öldürmə (120.2.11-ci maddə); milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə (120.2.12-ci maddə);

  4. cinayətin subyektinə aid ağırlaşdırıcı hallar: bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə (120.2.1-ci maddə); təkrar adam öldürmə (120.2.10-ci maddə).

Azərbaycan Respublikasının qüvvədə olan CM-də ananın yeni doğduğu uşağı qəsdən öldürməsi (121-ci maddə); qəflətən baş vermiş ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə (122-ci maddə); zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə (123-cü maddə); evtanaziya məsuliyyəti yüngülləşdirən hallarda qəsdən adam öldürmənin növləri kimi müəyyən edilmişdir.

  1. Sağlamlıq əleyhinə olan cinayətlər.

Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi sağlamlıq əleyhinə törədilən cinayətlərə qəsdən sağlamlığa zərər vurmanı (CM-nin 126-130-cu maddələri), ehtiyatsızlıqdan sağlamlığa zərər vurmanı (CM-nin 131-ci maddəsi), döyməni ( CM-nin 132-ci maddəsi), işgəncə verməni (CM-nin 133-cü maddəsi) aid edir. (22)

Sağlamlıq əleyhinə cinayət qanunsuz olaraq qəsdən və ya ehtiyatsızlıqdan bədənin anatomik bütövlüyünü pozmaqla və ya orqanizmin və ya bədən orqanlarının normal funksiyasını pozmaqla başqasının səhhətinə zərər yetirən ictimai təhlükəli əməldir. (5)

Sağlamlıq əleyhinə olan cinayətlərin obyekti başqa şəxsin sağlamlığının təhlükəsizliyidir. Şəxsin öz sağlamlığına zərər vurması yalnız qanunda nəzərdə tutulan hallarda ( məsələn CM-nin 335-ci maddəsi) cinayət məsuliyyəti yaradır.

Sağlamlığa zərər yetirmə subyektiv cəhətdən qəsdən və ehtiyatsızlıqdan törədilən cinayətlərdir.

Sağlamlığa zərər yetirmə cinayətinin subyekti qanunla müəyyən edilmiş yaşa çatmış, fiziki, anlaqlı şəxslər ola bilər.

Qəsdən sağlamlığa ağır və az ağır zərər vurmaya (126, 127-ci maddələr) görə məsuliyyət 14 yaşdan, sağlamlıq əleyhinə olan digər cinayətlərə görə 16 yaşdan yaranır.

Beləliklə, sağlamlığa zərər vurma əməlləri həm təqirin formasına görə, həm də ağırlıq dərəcəsinə görə təsnif edilə bilər. Təqsirin formasına görə sağlamlığa zərər yetirən əməllər iki qrupa ayrılır:


    1. qəsdən sağlamlığa zərər vurma;

    2. ehtiyatsızlıqdan sağlamlığa zərər vurma.

Sağlamlığa zərər vurma əməllərinin ağırlıq dərəcəsinə görə də üç növü fərqləndirilir:

  1. sağlamlığa ağır zərər vurma;

  2. sağlamlığa az ağır zərər vurma;

  3. sağlamlığa yüngül zərər vurma.

CM-nin 126-cı maddəsi ağırlaşdırıcı hallar olmadan qəsdən sağlamlığa ağır zərər vurmaya (126.1-ci maddə), ağırlaşdırıcı hallarda qəsdən sağlamlığa ağır zərər vurmağa (126.2-ci maddə) və xüsusilə ağırlaşdırıcı hallarda qəsdən sağlamlığa ağır zərər vurmağa (126.3-cü maddə) görə məsuliyyət nəzərdə tutur. Bundan başqa yüngülləşdirici hallar olduqda qəsdən sağlamlığa ağır zərər vurmaya görə də məsuliyyət nəzərdə tutulmuşdur (129-130-cu maddələr). (22)

Sağlamlığa vurulmuş zərərin dərəcəsi Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 08.02.1999-cu il tarixli əmri ilə təsdiq edilmiş “Bədən xəsarətlərinin ağırlıq dərəcəsinin məhkəmə tibbi təyini Qaydaları” əsasında məhkəmə - tibb ekspertizasının rəyini nəzərə almaqla, müstəntiq və məhkəmə tərəfindən müəyyən edilir. (27)

CM-nin 126.1-ci maddəsi ağırlaşdırıcı hallar olmadan qəsdən sağlamlığa ağır zərər vurmaya görə məsuliyyət nəzərdə tutur. 126.1-ci maddə sağlamlığa vurulan ağır zərərin aşağıdakı növlərinin müəyyən edir:


    1. həyat üçün təhlükəli olan zərər;

    2. görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın itirilməsində ifadə olunan zərər;

    3. hər hansı bir bədən orqanının funksiyasının itirilməsində ifadə olunan əməl;

    4. psixi pozuntuda ifadə olunan əməl;

    5. sağlamlığın başqa cür pozulmasında ifadə olunan zərər;

    6. əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə əlaqədar olan zərər;

    7. təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan zərər;

    8. hamiləliyin pozulmasına səbəb olan zərər;

    9. şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan zərər;

    10. sifətin silinməz dərəcədə eybəcərləşməsində ifadə olunan zərər.

Zərərin qəsdən sağlamlığa ağır zərər vurma növü qəsdən sağlamlığa ağır zərər vurmadan ağırlıq dərəcəsinə görə fərqlənir. Az ağır zərər yetirilən anda zərərçəkmişin həyatı üçün təhlükəli olmur və CM-nin 126-cı maddəsində göstərilən nəticələri doğurmur.

Cinayətin obyektiv cəhəti qəsdən sağlamlığa az ağır zərər vurmada ifadə olunur.

Qaydalarda az ağır zərərin aşağıdakı əlamətləri qeyd edilir: zərər həyat üçün təhlükəli olmur, cinayət qanununda (CM-nin 126.1-ci maddəsi) ağır zərər üçün nəzərdə tutulan xarakterik nəticələr baş vermir, sağlamlıq uzun müddətə pozulur, zərərçəkmiş əmək qabiliyyətini üçdə birdən az olmaqla əhəmiyyətli dərəcədə itirir.

Bu cinayət subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Qəsd birbaşa və dolayı ola bilər.

Qəsdən sağlamlığa az ağır zərər yetirməyə görə məsuliyyət 14 yaşdan yaranır.

Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi qəsdən sağlamlığa yüngül zərər vurmağa görə məsuliyyət müəyyən edir. Onun əlamətləri kimi sağlamlığın qısa müddətə pozulması və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olma göstərilmişdir. (22)

Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan cinayət subyektiv cəhətdən həm birbaşa həm də dolayı qəsdlə törədilə bilər.

Təhlil edilən cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxsdir.


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə