Sevgi axtarışında




Yüklə 52.38 Kb.
tarix22.04.2016
ölçüsü52.38 Kb.
Sevgi axtarışında

Hər dəfə pasiyentlərim mənə öz problemlərini, həyat hekayələrini danışdıqca düşünürdüm: “Görəsən, xöşbəxtlik nədədir? Niyə insanlar bu qədər bədbəxtdirlər? Niyə onlar daima həyatlarında nəyinsə çatışmadığından şikayətlənirlər?”

Psixoloqam. Yəni indi,müasir qloballaşan dünyanın, əsəblərin gərgin olduğu bir dövrün insanı. Çox sevirəm işimi. Insanlarla ünsiyyət mənə dərman kimidir. Onlara saatlarca qulaq asmaqdan yorulmuram. Onların həyatı mənə çox maraqlı gəlir. Bəzən özümü həddindən artıq mənfi emosiyalarla yüklənmiş hiss etsəm də, ruhumun yorulduğunu hiss etsəm də, işimi çox sevirəm. hər insanın həyatında yeni bir şey kəşf edirəm. yeni bir şey öyrənirəm. həyat təcrübəm artır. Və növbəti pasiyentlərimə daha faydalı məsləhətlər verməyə müvəffəq oluram.

Bu sual məni çoxdandır düşündürür: “Görəsən, həyatın mənası nədədir? Niyə insanlar dünyaya gəlir? Və niyə əzab çəkirlər? Olmazmıdı ki, insanların hamısı xöşbəxt olardı. Dünyaya ancaq yaxşı niyyətli, yaxşı insanlar gələrdi və hamı sevgi, sevinc, xöşbəxtlik içində yaşayardı. Nə qəm, nə acı, nə də göz yaşı olardı. Insan öz-özünə bu sualı verməkdən heç vaxt yorulur:-Mənim dünyaya gəlməyimin və yaşamağımın mənası nədədir?”

Pasiyentlərim müxtəlif həyatlar yaşayan insanlar idi. Biri mühəndis idi, biri fəhlə. Biri evli idi,biri subay, biri kasıb idi, digəri varlı. Ancaq hər birinin şikayəti eyni idi:

-Həyatda özümü tapa bilmirəm. sanki sonsuz fəzada, boşluq içindəyəm. özümü çox tənha hiss edirəm.

Hər dəfə onları dinlədikcə beynimdən bu sual keçirdi. Görəsən,ona nə məsləhət verim? Görəsən, niyə hayatını bu qədər mənasız və anlamsız görür? Niyə sevinə bilmir?

Əvvəllər elə bilirdim, insan işləyərsə, cəmiyyət içinə çıxarsa, daima insanlarla ünsiyyətdə olarsa, bu onun ən böyük xöşbəxtçiliyidir. İş-depressiyadan çıxmaq üçün ən optimal variantdır.

-Siz işləyirsiniz?

-Xeyr.-pasiyentlərimdən biri belə cavab vermişdi.

-Sizin depressiyaya , səbəbsiz isterikalara düşməyinizin ən böyük səbəbi işləməməyinizdədir. Insan özünə qapıldıqca, insanlardan tədric olunduqca, daha da pisləşir,və sanki dünyadan təcrid olunmuş kimi hiss edir. Özünü heç kimə faydası olmayan, əhəmiyyətsiz hiss edir. Və nəticədə özünə olan güvənini və inamını itirir. Və həyat onun gözündə mənasızlaşır. Halbuki işləsəniz, cəmiyyətdə bir mövqe tutsanız, kiməsə faydanız dəysə, inanın ki,bu səbəbsiz depressiyalardan qurtulmuş olacaqsınız. Insanın ən böyük dostu-onun işidir. Bunu təkcə mən demirəm. bunu hamı deyir...-məsləhətim belə olmuşdu.

Məni bu həyatda ən çox sevindirən şey- pasiyentlərimin gözlərindəki ümid qığılcımlarını görməkdir. Yaşamaq sevgisinin təzahürlərinin onların gözlərində görməkdir. Sanki bir insanı quyunun dibindən çıxarmışammış kimi, qəlbim sevinclə dolur. Insanları yenidən həyata qaytarmaq, onlara mübariz ruhu,əzmi aşılamaq, güclü olmaq, yıxılmamaq, həyatı,insanları sevməyi təlqin etmək-bax budur mənim bu həyatdakı missiyam.

Bununla belə, növbəti pasiyentmi dinləyərkən, bu qənaətə gəldim ki, insanın işi də, müəyyən mənada ona kömək olmur. Bu pasiyentimin bir işi vardı. 23-24 yaşlarında bir xanım idi. Xarici firmaların birində işlədiyini və işini çox sevdiyini deyirdi. Ancaq bununla belə, səbəbsiz depressiyaya düşdüyünü, bu depressiyanın həftələrlə, bəzən aylarla sürdüyünü, isterik tutmaların ən çox da gecələr baş verdiyini deyirdi.

-Bilirsiniz, gündüz hər şey normal olur. Işə gedib-gəlirəm. dostlarımla, rəfiqələrimlə görüşürəm. hər şey normal olur. Ancaq gecə başımı yastığa qoyan kimi, fikirlər məni gəncinə alır. Sarmaşıq kimi beynimi dolayır. Saatlar keçir. Mənsə fikirlərdən yata bilmirəm.

-Nə barədə düşünürsünüz ki?

-Bilmirəm. heç özüm də bilmirəm. ama sanki həyatımda nəsə çatışmır. Özümü natamam hiss edirəm. tam xöşbəxt ola bilmirəm.

-Siz subaysınız?

-Bəli.


-Sevgiliniz ya da nişanlınız da yoxdur?

-Yoxdur. Necə bəyəm?

-Sizin yaşınızdakı qızlar üçün bu tipik bir haldır. Sizə evlənmək lazımdır. Ailə qurmaq,uşaq sahibi olmaq. Bunu həkimlər də, tibb elmi də təsdiq edir. Bilmirəm,necə başa salım sizi...İnsanın depressiyaya salan səbəblərdən biri də tənhalıqdır. Yəni subaylıq. əgər fikir vermisinizsə, yaşı keçmiş,ancaq ailə qurmayan qızlarda qəribə xasiyyətlər formalaşmağa başlayır. Onlar daha kövrək,küsəyən olurlar. Daha əsəbi, adi bir şeydən ağlamağa başlayırlar. Sizin qarşı cinsin qayğısına,diqqətinə və nəvazişinə ehtiyacınız var. Bilmirəm, sizə izah edə bildimmi fikirlərimi?

-Hə. başa düşdüm.

-Sizə edilən təklifləri rədd etməyin. Və kariyeranız xatirinə xöşbəxtliyinizi qurban verməyin.

Məni diqqətlə dinləyən bu xanımın gözlərindəki o qığılcımı görəndə,qəlbimdə izaholunmaz bir sevinc yarandı. Deməli, məsləhətlərim az da olsa,onda ümid yaratdı və o səbəbsiz depressiyalarının səbəbini bildi. Və ümidvaram ki, bu səbəb də tezliklə aradan qalxar.

Növbəti pasiyentimlə etdiyim söhbətdən sonra bu qənaətə gəldim ki, depressiyadan çıxmaq üçün evlənmək lazım deyilmiş. Bu dəfəki pasiyentim 30 yaşlarında evli, 2 uşağı olan bir kişi idi.

-Evdə sıxılıram. Uşaqlarımı, xanımımı çox sevirəm. ancaq yenə də xöşbəxt ola bilmirəm. onların əhatəsində belə özümü tənha hiss edirəm.

-Həyat yoldaşınızla münasibətləriniz necədir?

-Normal. O çox yaxşı qadındır. Ama...

-Ama nə?

-....


-Siz sevərək evlənmisiniz?

-Xeyr. Iş burasındadır ki, mənim həyat yoldaşımdan əvvəl sevdiyim bir qız olub. Onu o qədər çox sevirdim ki...Ama o...Başqasına ərə getdi. 10 il keçib üstündən. ama mən hələ də onu unuda bilmirəm.

-Xanımınız bu barədə bilir?

-Hə. bilir. Evlənməmişdən əvvəl ona demişdim.

-Bəs bu məsələ haqda münasibəti necədir?

-Ona heç nə hiss etdirməməyə çalışıram. Ama daxildə o qədər əzab çəkirəm ki... o qədər olub ki, o qızın qapısına qədər gedib, qapının astanasından qayıtmışam. Mən onu unuda bilmirəm. bilirəm. bilirəm ki, onun da Mənim də,artıq ailələrimiz var. Ama onu ürəyimdən çıxara bilmirəm. ürəyim çox sıxılır.

-Başa düşürəm. bu sevgi nisgilidir. Sizin sevginiz nakam qaldığı üçün bu sizə əzab verir. Sizə məsləhətim – o qızla görüşün. Sadəcə iki köhnə tanış kimi. Onunla danışın. Ona içinizdə,sizə əzab verən duyğularınızdan danışın. Içinizdəki nisgili,nifrəti, sevgini-hər nə varsa daxilinizdə, boşaldın. Qusun. Ürəyinidəkilər qaldıqca sizə əzab verəcək. Inan ki, görüşdən sonra anlayacaqsınız ki, əslində siz onu deyil,onunla bağlı xatirələri neçə illərdir ki,qəlbinizdə daşıyırsınız. Yəni əslində siz indiki onu deyil, 10 il əvvəlki qızı sevirsiniz. Bu münasibəti saf-çürük edin. Qaranlıq qalan heç bir şey olmasın. Hər şeyi danışın onunla. Inanın ki,onunla söhbətdən sonra siz,sizə əzab verən duyğulardan qurtulacaqsınız. Və dərk edəcəksiniz ki, bu qədər əzab çəkməyə dəyməz. siz sadəcə ona uzaq olduğunuz üçün,onu bu qədər çox sevdiynizi sanırsınız. Onunla dost olmağa çalışın. Inanın ki, niyyətiniz və münasibətləriniz düzgün olsa,siz çox yaxşı dost ola bilərsiniz. Və dostluqlar daha dəyərlidir,nəinki sevgilər. Çünki əbədi sevgi yoxdur. Ama əbədi dostluqlar var. Onunla dost olmağa çalışın. Onu başa düşməyə çalışın. Ona sizi narahat edən, vermək istəyib də,verə bilmədiyiniz sualları verin. Onunla dürüst olun. Və unutmayın ki,siz də, o da, evlisiniz və uşaqlarınız var. Münasibətinizi düzgün təməl əsasında qurun.

O susurdu. Ama baxışlarından oxuya bilirdim ki, bu variant indiyə qədər onun ağlına gəlməyib. Bu qədər sadə yol varkən, o, özünü əzablara sürgün edirmiş. Ondan,reallıqdan qaçmaqla,özünə,ürəyinə əzab verirmiş...

Təzəcə qənaətə gəlmişdim ki, insan xöşbəxt olmaq üçün, sevgi ilə ailə qurmalıdır. Yəni sevdiyi insanla ailə qurmalıdır. Yoxsa hər iki tərəf də bədbəxt olur. Insanlar sevgisiz bir həyatı necə paylaşa bilər? Istəmədiyi bir insana necə toxuna bilər? İstəmədiyi bir insanın toxunuşlarına necə dözə bilər? Bu əsl faciədir. Insan düşünən də ki, Azərbaycanda neçə ailələr məntiq əsasında qurulur,dəhşətə gəlirsən. yəni sevmədən,ürəyini donduraraqŞəsl sevginin nə olduğunu bilmədən,onu yaşamadan,hiss etmədən bu həyatdan köçürsən. bu dəhşətdir!!!

Ən azından növbəti pasiyentimi dinləməzdən əvvəl belə düşünürdüm. Ancaq onunla söhbətdən sonra qənaətə gəldim ki, ailənin sevgi əsasında qurulması da, xöşbəxt olmağa bəs etmirmiş.

O 31 yaşında, şarmlı bir qadın idi. Çox səliqə ilə geyinmiş,zövqlü bir qadın idi. Üzündəki dərin kədəri sezməmək mümkünsüz idi.

-Bilirsiniz, hər şey çox yaxşı idi. Mən ərimlə,sevərək evlənmişəm. o, mənə qarşı çox diqqətcil idi. Biz bir-birimizi nə böyük məhəbbətlə sevirdik.İnsanın sevdiyi bir insanla evlənməsindən böyük səadət ola bilməz. Ancaq...İllər keçdi. Və hiss edirəm ki, o, mənə qarşı əvvəlki kimi deyil. Münasibətlərimiz daha soyuqlaşıb. Sanki zaman keçdikcə məndən daha çox uzaqlaşır. Mən onu ilk gündəki kimi sevirəm. ama o...Hərdən düşünürəm, sevgimi əbədi deyil,yoxsa insanlarmı bu qədər dəyişkəndirlər?! Təsəvvür edə biolməzsiniz, mən necə əzab çəkirəm. sevgimin hər gün daha bir az süqutunu görmək...İçim qan ağlayır. Nə edəcəyimi bilmirəm. hər şey mənasını itirib mənim üçün. Səbəbsiz yaranan depressiyadan çıxa bilmirəm. qorxuram. Çox qorxuram....

Sevgi nədir? Hər nədirsə,biz həmişə onun axtarışındayıq. Bizi yaşadan nə iş, nə ailə, nə pul, nə də insanlardır. Bizi yaşadan sevgidir. Həmin sevgi. Hansı ki,biz yalnız o zaman özümüzü tamamlanmış hiss edirik. Sevgi nədirsə, o evlənmək deyil. O işləmək də deyil. O, pul,imkan,var-dövlət də deyil. Bir anlıq özünüzü bahalı bir villanın,gözəl,füsunkar mənzərəyə açılan pəncərəsindən baxan təsvir edin. Hər şey çox gözəldir. Təbiət,insanlar...Ancaq nədirsə, tam zövq ala bilmirsiniz. Çünki o yoxdur sizin yanınızda –sizin ikinci hissəniz. Halbuki başınızı onun çiyninə dayayıb,onun varlığını bir komada olsa belə,hiss etməyi, bu tənha villada yaşamaqdan üstün tutarsınız.

Ancaq bəzən yanınızda biri olar, ancaq yenə də özünüzü tənha hiss edərsiniz. Bu sevgi deyil-deyə düşünürsünüz. Bu o deyil!-bu fikir keçir beyninizdən. yenə də onun axtarışındasınız-Sevginin.

Siz də bəzən elə hisslər olurmu ki, qəfildən bir mahnı sizə nəyisə xatırladar. Ha çalışıb axtararsınız –nəyi xatırladır mənə o mahnı. Tapa bilməzsiniz. O,sizə yaşamaq istəyib də,yaşamadığınız sevgini xatırladar. Axtarışında olduğunuz sevgini axtarar. Sevgi hardadır? Harada gizlənib? Niyə özünü büruzə vermir? Bəlkə küçələrə düşüb,qarşıma çıxan insanlardan tək-tək soruşum –sevgi hardadır deyə?

-Bağışlayın,bilməzsiniz? Mənim ikinci hissəm hardadır?

Gülünc sualdır. Elə deyilmi? Sizə dəli olmuş kimi baxarlar. Kaş ki, 2 əlimiz,2 ayağımız,2 gözümüz olduğu kimi,2 ürəyimiz də olardı. Bəlkə,onda ürəyimizin 2-ci hissəsini axtarmaq üçün bu qədər əzab çəkməzdik. Özümüzü tamamlanmamış kimi hiss etməzdik. Insanların əhatəsində,gözlərimiz uzaqlarda onu axtarmazdı.

Hardadır? Sualını verməzdik.

Müəyyən bir müddət ərzində yaranan hisslər sevgi deyil. Bu adi bir simpatiya, vurğunluq, öyrəşmək, hörmət etmə,rəğbət etmə, hətta ehtiras ola bilər. Ama bu sevgi deyil. Çünki sevgi əbədi olur. O heç vaxt sönmür. Həmişə yanır. əbədi məşəl kimi.

-İnsan çox arzuladığı bir şeyə çatanda,onun mənası itir. Sevgi də elədir. Istədiyin insana qovuşanda,artıq əvvəlki istək səndə olmur...-Bunu pasiyentlərimdən biri demişdi.

Necə yəni? Onda belə çıxır ki, sevgi –heç vaxt qovuşmayacağın biridir?! Hansı ki,qovuşacağının mümkünsüz olduğunu bilsən də,usanmadan,yorulmadan, xəyallarında onu yaşadırsan.

-İnsan birini sevməsə, heç vaxt sevgi haqqında şeir yaza bilməz.-Bunu tanınmış şairələrdən biri,müsahibəsində demişdi.-Hətta vətənə, təbiətə sevgi şeirlərini yazmaq üçün də,mütləq birini sevməlisən. yəni əks cinsin nümayəndəsini...

Çox axtardım bu suala cavab. Ama yenə də dəqiq tapa bilmədim. Hər pasiyentimlə söhbət də,həyatın məğzini daha dərindən anlamağa başlayırdım. Əsl sevginin nə olduğunu,necə təzahür etdiyini, mahiyyətinin nədən ibarət olduğunu anlamağa çalışırdım.

Adi insanların sevgi haqqında anlayışı budur:

-Sevgi –sevdiyin insanla evlənmək, ondan uşaqlar dünyaya gətirməkdir. Onsuzda əbədi sevgi yoxdur. Həyat yoldaşınla sənin aranda hörmət olmalıdır. Siz tədricən dosta çevriləcəksiniz...

Necə yəni dost? Yox. Əsla. Sevgi elə həmişə sevgidir. Dostluq tamam başqa şeydir. Sevgi rəngini dəyişən kərtənkələ deyil ki, müxtəlif formalara girsin. Formasını,rəngini,mahiyyətini dəyişsin.

Yetərincə həyat təcrübəsi olan insanların isə, sevgi haqqında anlayışı belədir:

-Sevgi –puldur. Pul yoxdursa,sevgi də yoxdur!

Sevgi puldur? Hah. İnsanları həyata bağlayan, elə özü-özün də yaşamağın tək mənası olan, bu böyüklükdəki məfhum –üzərində Franklinin “yaraşıqlı” şəkli əks olunan bir kağız parçasımıdır? Bir əskinazmıdır sevgi yaradan? Bəs onda varlı ailələrdə,maddi cəhətdən heç bir əskiyi olmayan ailələrdəki insanların bədbəxtçilitini, xöşbəxt ola bilməməsini necə izah etməli? Bahalı telefonunu gözü görəsi gəlməyən, bahalı, “marka” paltarlarının içində ürəyi sıxılan insanların ruh halını necə izah etməli? Onlar bütün sərvətlərini verməyə hazırdırlar. Təki sevginin nə olduğunu bilsinlər. Pul çox şey deməkdir,ama hər şey deyil!

Özünə görə,öz prinsipləri və əqidəsi olan insanlar isə sevgiyə tamam başqa bir prizmadan baxırlar. Məsələn, ən təəccüblü,eyni zamanda düşündürücü bir cavabla qarşılaşmıdım:

-Fahişə ilə yatan oğlanı necə sevim?!

Hə. bir də bu məsələ var. Fahişə. Bu haqda çox danışmaq istəmirəm. çünki bu mövzuda dəqiq fikirlərim yoxdur. Bilmirəm fahişələri lənətləyimmi yoxsa onlara haqq qazandırım? Bir tərəfdən,oğlanlara haqq verirəm,digər tərəfdən həmin fikirlə razılaşıram(Fahişə ilə yatan oğlanı necə sevim?!).

Valideynlərin isə sevgi haqqında anlayışları tamam başqa cürdür:

-Sevgi-elə bir hissdir ki, o heç vaxt tükənmir. Məsələn, övlada olan sevgi. Heç vaxt tükənmir. Əsl sevgi budur.

Ola bilər. Ancaq həmin sevgi də bir gün tükənir. Məsələn,sonsuz məhəbətlə sevdiyiniz övladınızın bir gün,narkoman olduğunu aşkarlayanda. Və ya sizdən pul almaq üçün bıçaqla boğazınızdan yapışanda. Və ya müstəqil həyata başlamaq istədiyini deyib,sizi tərk edəndə. və ya başqa birisini sizdən çox sevəndə... İnanın ki, o zaman nəinki onu sevmədiyinizi, hətta ona sonsuz nifrət bəslədiyinizi, bütün ona çəkdiyiniz əziyyətin puç olduğunu hiss edirsiniz.

Sevgi isə əbədidir. O,heç vaxt tükənmir. Nə də formasını dəyişir. Hələ də sevgi axtarışlarım davam edir. Müxtəlif insanların həyatında müxtəlif hisslər təzahür edir. Və onlar kor-koranə bu hissləri “sevgi”adlandırırlar. Məsələn,narkomanlar üçün sevgi:

-Əbəttə ki,narkotikadır. O ağ tozlar...necə də zərif və incədirlər. Insanın ağlını başdan alır və ilk çəkmədən sonra ona aşiq olursan. Elə aşiq olursan ki, bir də ondan ayrıla bilmirsən. sənin həyatının mənası o ağ tozlardadır. O incə, o zərif...

Bəli. Bu normal haldır. Narkomanlar, nə qədər istəsən,narkotikaya şeir,hətta dastan da qoşa bilər. Biz isə sevgi axtarışındayıq. Heç olmasa bircə dəfə də,görə bilsəydik,uzaqdan,heç olmasa,2 saniyəlik də olsa görsəydik,onda bütün insanlara car çəkib qışqırardıq:

-Hey,camaat. Mən sevgini görmüşəm. o var. O mövcuddur. Mən onu görmüşəm...

Bəlkə də nə vaxtsa,hardasa onun yanından keçmişik, bəlkə göz-gözə də gəlmişik. Ama xəbərimiz olmayıb. Ya da bilməmişik ki, sevgi odur. Kaş ki,sevgini büruzə verəcək bir işarə,bir göstərici olsaydı. Görəsən o kimlərin gözünə görünüb? Görən olubmu?

Bir pasiyentimlə söhbətim heç yadımdan çıxmaz. O,sevgini görmüşdü. Daha doğrusu, realda deyil, yuxusunda...

-Buyurun,danışın...

O, təxminən mənlə həmyaşıd olardı. Şabalıdı saçlarını yana yığmış, tez-tez əli ilə üzünə tökülən tellərini arxaya itələyirdi. həyəcanlı görünürdü. tez-tez gözlərini qaçırırdı.

-Heç bilmirəm. necə başlayım...-udqundu.

-Hardan istəsəniz Oradan başlayın. Rahat olun. Ikimizdən başqa heç km yoxdur otaqda. Istədiyiniz yerdən başlayın.

-Mən sevə bilmirəm. çox istəyirəm sevmək,ama alınmır.

-İndiki gənclərin əksəriyyətinin problemi budur. Narahat olmayın. Siz bu barədə tək deyilsiniz. Əzəldən sevə bilmirsiniz,yoxsa hər hansı xoşagəlməz təcrübədən sonra sizdə bu problem yarandı?

-Əslində heç özüm də bilmirəm.

-Əzəldən sevdiyiniz insan olmayıb,yoxsa olub və indi qorxursunuz yeni bir münasibətə başlamağa...

-Əslində ünsiyyətdə olduğum insanlar olub, tam “mən bu insanı sevirəm” deyə düşünərkən, onun yalanlarının və xəyanətinin şahidi olmuşam və bitib. Əslində dərinliyinə baxsaq,heç kimi sevməmişəm. çünki sevginin nə demək olduğunu bilmirəm. onu sadəcə bircə dəfə yuxuda görmüşəm...

-Yuxuda? Davam edin. Mən də sevgi axtarışındayam. Siz ən azından,yuxuda da olsa görmüsünüz.

-Əslində bu barədə çox da danışmaq istəmirəm. tək deyəcəyim odur ki, bu elə bir hissdir ki, siz bunu real həyatda yaşaya bilməzsiniz. Mən o yuxudan sonra anladım ki, bu həyatda yaşayan insanların yaşadığı hiss-sevgi deyil. Sevgi tamam başqa bir hissdir. O, elə bir hissdir ki, sözlərlə ifadə oluna bilməyən. saf,təmiz. Bütün iyrəncliklərdən, ehtirasdan uzaq bir şey...Bilmirəm,necə ifadə edim...

-Yəni onu görmüsünüz.Necə idi? Nə formasında idi?

-Saçları bir az uzun. Qara geyinmişdi. Ancaq o qədər müsbət aurası vardı ki...

-Onu real həyatda görmüsünüz?

-Hə. O,real həyatda mövcuddur.

-Tanışlığınız var?

-Xeyr. Yoxdur. Əslində o yuxunu görməmişdən əvvəl,yəni həmin axşam bir şam yandırmışdım. Eşitmişdim ki, şam yandıraraq arzu diləsən,arzuların daha tez yerinə yetir. Mən də həmin axşam çəhrayı rəngli bir şam yandırdım. Başqa arzularımın olmasına baxmayaraq, şam tam əriyənədək, bütün ruhum və qəlbimlə onu dilədim –qəhrəmanımı. Və nə təsadüfdür ki, şam əriyəndən sonra, nəlbəkidə onun qəlibinə baxdım. Şamın ərintisindən ürək formalı bir şey yaranmışdı. Gözlərimə inanmadım. Inanırsınız,hələ də o qəlibi saxlayıram. Və həmin gecə mən yuxuda onu gördüm. Əslində o axşam heç onu düşünməmişdim belə. Ağlımdan belə keçməmişdi.

-Siz əminsiniz ki, bu sevgi idi?

-Bəlkə də yox. Ama o an,yuxuda keçirdiyim sevgi və sevinc dolu hisslər..Mən indiyə qədər özümü belə rahat və huzurlu hiss etməmişdim. Tamamlanmış kimi. Ilk dəfə özümü yarımçıq hiss etmədim. Bu odur-dedim.-Mənim qara geyimli şahzadəm...

-Bəs sonra?onu yenə yuxularınızda gördünüzmü?

-Görürdüm. Ama artıq görmürəm. daha çox,qarmaqarışıq, yozumu olmayan yuxular görürəm. çünki..

-Çünki nə?

-Çünki ona artıq qəhrəman kimi baxmıram.

-Niyə?

-O çox yaxşı insandır. Ama bəzi reallıqlar var ki,biz istəməsək də onunla üz-üzə gəlirik. Olar bu barədə danışmayaq?



-Olar. Davam edin.

-Mən sevginin nə olduğunu bircə dəfə görmüşəm. o da yuxumda. Reallıqda isə bu mümkün deyil. Çünki reallıqda sevgi yoxdur. Aşiq olma var,öyrəşmə var,simpatiya var,ehtiras var. Ama sevgi yoxdur. Sevgi elə bir məfhumdur ki, bu surreal bir şeydir. Ancaq nağıllarda,mahnılarda, xəyallarda,filmlərdə olur. Bir sözlə,onu axtarmağa dəyməz.

-Başa düşürəm.-Ani olaraq gözlərimi ona zillədim. O da eyni anda mənə baxdı. Nə qəribədir. Sanki simmetrik hərəkət edirdik. Gözlərini mənə dikmiş, məndən ona kömək etməyimi istəyirmiş kimi,yazıq-yazıq mənə baxırdı.

-Artıq kimisə sevə bilmirəm. kiməsə meyl edə bilmirəm. özümə bir çərçivə yaratmışam. Hər kəsə o çərçivənin arxasından baxıram. O çərçivəni sındıra bilmirəm. insanları qəlbimə yaxın buraxa bilmirəm. əslində bir tərəfdən o çərçivənin sınmasını istəyirəm. digər tərəfdən isə,istəmirəm. çünki o çərçivə sınsa,insanların əsl üzü ilə rastlaşacam. Mənsə bunu istəmirəm.

-Qorxursunuz...

-Qorxu da deyil. Bir növ özünü pis hadisələrdən,xəyal qırıqlığından sığortalamaqdır. Həyat təcrübəm yetərincə var. Madam ki, əsl sevgi yoxdur, o zaman o çərçivəni sındırmaq nəyə gərək. Haqlı deyiləm?

-....

Nə cavab verəcəyimi bilmədim.



-Deyəsən,romantik insansınız?-sualdan yayınmaq istədim.

-Hə. eləyəm. xahiş edirəm,qurtarın məni bu sevgisizlikdən. siz, romantik bir insanın xəyal qura bilmədən yaşaması necə əzabdır,bilirsinizmi? Mən artıq xəyal qura bilmirəm. istəsəm belə qura bilmirəm. son qəhrəmanımı da itirəndən sonra...

-Niyə itirdiniz ki?

-Qanadları sındı. O da adi insana çevrildi. O da sevginin deyil, seksin əsas olduğunu qeyd etdi yazılarının birində. Yəni “salam çirkin reallıq,əlvida romantika.” Əslində gətirdiyi arqumentlər əsaslı və tutarlı idi. Onu nədəsə qınaya bilmirəm. ama mənə geriyə 2 yol qalırdı: ya onu xəyallarımdan silməli ya da romantikamla əlvidalaşmalı idim. Mənsə asan yolu seçdim:-Onu sildim. Və geriyə boş bir romantizm qaldı...Xəyal qura bilmək bacarığından məhrum bir romantizm. Nəyimə lazımdır? Nə etməli? Mənə bir məsləhət verin. Qəhrəmansız bir dünyada yaşamaq,xəyallarsız nəfəs almaq, hər gün sevgisizliklə qarşılaşmaq üçün səhəri açmaq necə çətindir mənim üçün,bilirsinizmi? Mənə xəyanətlərlə,yalanlarla, duyğusuz insanlarla, “kim-kimdən nə qopara bilər?” düşüncəsiylə, hər addımı fırıldaqçılıq olan bu insanların, ədalətsizliyin hökm sürdüyü, romantizmin, humanizmin,dürüstlüyün hər gün damla-damla məhv olduğu bu dünyada yaşamaq çox çətindir. Inanın ki, çox çətindir. Artıq yuxularımda da rahatlıq tapa bilmirəm. çünki yuxuların da reallıqla bir bağlılığı var. Nə edim? Mənə bir məsləhət verin.

-Məsləhət?-Bir anlıq duruxdum. Nitqim tutulmuşdu. Bilirdim ki,susmalı deyildim. Qarşımda əyləşən, mənə baxan qıza nəsə deməli idim. Onu təsəlli etməli,həyata başqa bir prizmadan baxmağı məsləhət görməli idim. Başqa insanlara məsləhət vermək çox asandır. Ancaq özünə necə məsləhət verəsən? nə deyəsən? başqalarını aldada bilərsən. bəs özünü? Özünü necə aldadasan?!

-Yaxşı. Bu qədər bəsdir.-deyib,güzgünün qarşısından qalxdım. Ayaqqabımı geyinib,işə getmək üçün qapıdan çıxdım...


SON


Lətifova Aynur

06.04.2011







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə