Seşənbə günü, dekabrın 27-sində Dövləti teatroda türk dram aktyorları tərəfindən "Əbülüla" pyesəsi oynandı




Yüklə 47.92 Kb.
tarix20.04.2016
ölçüsü47.92 Kb.

www.cafarcabbarli.org


ƏMİR ƏBÜLÜLA"
Seşənbə günü, dekabrın 27-sində Dövləti teatroda türk dram aktyorları tərəfindən "Əbülüla" pyesəsi oynandı.

Bir neçə pərdənin görnüşü qətiyyən bir Ərəbistan odasını andırmayordı. Ərəbistanın dərin keçmişindən nümunə olaraq divarları kağızla örtülmüş bir odanın görünməsi, bu yaxınlarda Kommunist firqəsində bütün təfərrüatı ilə təhlil edib yazdığımız kimi, böyük bir xətadır.

İkinci pərdədə sakit bir gecənin dərin qaranlıqları içində çırpınan iki məcnun qəlbin iztirablarını aşiqlərin üzündən oxutdurmaq üçün salınan projektor öylə namünasib bir məhəllədə yerləşdirilmişdi ki, aşiqlər büsbütün qaranlıqda buraxılıb, lüzumsuz olaraq boş taxtalar işıqlandırılmış və bunun özünə ikinci pərdənin dekorasiyası bir yığın rəngli əski və tozlu taxtadan ibarət olaraq görülüyordi.

Üçüncü pərdənin baxçamı, odamı, həyətmi, xülasə nə olduğu yenə anlaşılmayor. Çünki keçmişdə təfsilatilə dediyimiz kimi, həyət, baxça isə içərisində şəmədanların ilqun mebellərin olması, oda isə bir tərəfində böyük bir baxçanın yerləşdirilməsi artıqdır.

Dördüncü pərdədə sərdabanın içi səhnənin özü kimi işiq, barı mövqeyinin daha qorxunc görünməsi içində olsa, qaranlıq olmalı idi.

Aktyorların oyununa gəlincə, Əbülüla rolunda Abbasmirzə Şərifzadə də yaxşı idi. Yalnız tabut içində bəzən pək sərt hərəkət ediyor və ara-sıra xəstə olduğunu xatırlayaraq birdən kəndisini zəiflədiyordu ki, bu da tamaşaçıları aktyorun süni surətdə xəstələndiyini unutmaq imkanından məhrum buraxıyordu.

Zideydə ilə öpüşməsində yersiz idi. Çünki, əski ərəb adətləri üzrə Əbülüla kimi namuslu bir ərəbin bir müsəlman qızını izdivacdan əvvəl öpməsi, nə olursa-olsun, qeyri-təbidir.

Əbudiyab rolunda Rza Darablinski bu yolu bir neçə dəfə oynadığına baxmayaraq, demək olar ki, yaxşı idi.

Səyyah rolunda Bağır Cabbarzadə olduqca zəif idi. Məzarlıqlarda ülviyyət arayan sufi təbiətli 80 yaşlı zəif, düşkün bir ixtiyardan daha əvvəl keçmişdə dediyimiz kimi, Rüstəm-Zal kimi qüvvətli bir pəhləvana oxşuyordu. Hərəkətlərində heç bir qocalıq əsəri yox idi. Sözlərini də bilmiyordu.

Xüsusən, məzar daşında yazılmiş bir şeri oxuyarkən daşın üzərinə baxib oxumasi olduqca qeyri-təbii görünüyordu.

Zibeydə rolundaki Olenskaya hərəkətcə pək gözəl idi.

Quldur rolunda Rüstəm Kazımov, Rəbiə rolunda xanım Lizina yaxşı idilər.

Məsud rolunda Əhməd Qəmərlinski zəif idi. Bu vəqtə qədər heç bir aktyorumuzun bu tipi lazımınca təşxis edə bildiyini görəmmədik. Məsud bizcə bir dərəcəyədək sərsəm, zəif, mütərəddid, oyuncaq, əldə oynadıla bilər bir tip ikən Əhməd onu ikinci bir Əbudiyab yaratmaq istiyordu ki, onu da bacarammadı. Xüsusən, yavaş söyləniləcək yerdə bərkdən, bərk söyləniləcək yerdə yavaşdan danışması gülünc idi.

Qoca bir aktyor bu vəqtədək bir cümlənin içində hanki sözə qüvvət verilməsi lazım olduğunu bilməyor ki, bu, bir çox akyorlarımızda mütəəssüfanə görülüyor.

Qatillərdən xüsusən Adıgözəl Hüseynzadə yaxşı idi.
ƏMİR ƏBÜLÜLA"
Cümə günü, oktyabrın 22-də hökumət teatrında Dövlət Teatrı aktyorları tərəfindən ərəb həyatından götürülmüş türkcə “Əbülüla" pyesi oynandı.

Görünüşdən aldığımız təəssürat nəticəsi olaraq, xüsusilə, səhnə, ümumiyyətlə, sənayei-nəfisəyə dair bir neçə kəlmə söyləmək məcburiyyətini hiss etdiyimiz kimi, məəttəəssüfanə vaxt namüsaidliyindən bunu xüsusi bir məqaləyə buraxmaq məcburiyyətində də məruz qaldığımızdan, indilik yalnız oyunun gedişini müxtəsərən yazmaqla iktifa edəcəyik.

Hər halda oyunçuların oyunlarına keçmədən dekorasiyalar haqqında bir neçə söz demək istəyirik.

Çünki keçənlərdə demişdik, dinləməmişdilər. İndi təkrar edirik. Ola bilər, yenə dinləməsinlər, gələcəkdə yenə deyəcəyik, yenə dinləməyə bilərlər.

Fəqət nə olursa-olsun, biz Ərəbistanda divarların kağızla örtülmüş otağına nümunə olaraq götürülməsini fahiş bir xəta sanırıq. Bəlkə də keçən dəfə bu xüsusda yazdığımız fikri rejissor yoldaş yanlış sanıb etina etməmiş, varsın da mətbuat vasitəsilə yanlışlığımızı göstərsin; sübut edə bilərsə, səhvimizi etiraf edər, susarıq. Bununla belə, məsələn, bir İran qədim təsəvvür etmək istəyən bir rəssamın İran qadınlığının zahiri görünüşünə bir əsas təşkil edən ağ ruyində qara çarşab, ya uzun köynək, al tuman və başqa bu kimi şeyləri buraxıb da, bir neçə vəzir və ya varlı qadınları avropaca geyinirlər deyə, son Avropa modası ilə geyinmiş bir qədim İran qadınlığından nümunə olaraq götürmək, rəssamın təcrübəsizliyindən başqa heç bir şey göstərməz. Ərə­bistanda divarları kağızla örtülmüş bir evin nümunə olaraq götürülməsi buna oxşar bir şeydir.

Üçüncü pərdə xüsusunda demişdik. Yenə təkrar edirik ki, üçüncü tablonun otaqmı, bağçamı, həyətmi, balkonmu, bir kəlmə, nə olduğu anlaşılmaz. Çünki otaq isə içərisində çiçəklərin, yaşıl ağacların, həyət, ya bağça isə yerliyində xəli və qızılı mebellərin olması artıqdır. Bəlkə də,

rejissor yoldaş özü bilir. Anlada bilərsə, susarıq. Fəqət nə olursa-olsun göstəriləcək mənzərələr öylə qurulmalıdır ki, ilk baxışda nə olduğu, harada olduğu bilinsin. Həmçinin elə bir görünüş yaratmalı ki, o əsərdə təsəvvür olunan vaxtm ölkədən və ölkədə yaşayan xalqın adət və məişətlərini, ümumiyyətlə mühitin bütün xüsusiyyətlərini əsas etibarilə təsəvvür etmiş olsun. Dekorasiyanı bir başqası qursa idi, bəlkə də bu cəhətləri sükut ilə keçərdik. Fəqət səhnəmizin bütün ağırlığını çiynində daşiyan və səhnəmizdə yeganə ümidli bir amil olan Abbasmirzə Şərifzadənin belə kobud bir yanlışlığa yol verməsi, hələ bu da azmış kimi, göstəriləndən sonra bir də təkrar etməsi, bizcə, acınacaq bir şeydir.

Oyunçuların oyununa gəlincə, oyun qəhrəmanı Əbülülanın rolunu oynayan Kirmanşahski, ayrı-ayrı nöqtələrdən keçib də bütünlüklə göstərsək, Əbülüla rolunu yaxşı oynadı. Fəqət bu, Əbülüla deyildi. Əbülülanın paltarlarını geyinmiş, qrimini sürtmüş, sözlərini deyir. Lazımı yerində bərkdən qışqırır, inləyir, ağlayır, yerli-yerində başını, əllərini, ayaqlarını tərpədir, qalxır, yıxılır, bunların hamısı vardır. Yalnız bir Əbülüla ruhu yoxdur ki, bizcə bu da ən lazımlı şeydir. Çünki odsuz, ürəksiz, hissiz bu tərpənişlərin, bu sözlərin hamısı soyuq, yapma bir şey göründüyü üçün Əbülüla libası altında Kirmanşahskidən başqa kimsənin olmadığı bir dəqiqə də unudulmaz.

Əlbəttə, biz gənc akyorlarımızdan Otello rolundakı bir fransız aktyorunun, Dezdemona rolundakı bir fransız aktrisini qısqanclıq tufanı içində doğrudan da boğub öldürməsi qədər bir təbiilik tələb etmirik.

Fəqət heç olmazsa, öz dediklərindən özləri bir az da olsa, müqəssir olmalarını öz təsvir etdikləri adamın yalnız zahiri ruhunu yox, ürəyini, hissini də mənimsəmələrini arzu edirik. Yoxsa, söz deyirkən Əbülüla kimi tərpənib də, sonra müxatibi yenidən sözə başlayandan bir Kirmanşahski kimi sükut ilə dinləmək hər kimə bağışlamrsa, Əbülüla kimi məsul bir rolda olan aktyor, kim olursa-olsun, bağışlanmaz.

Bunların hamısı ilə bərabər aktyorun dördüncü pərdədə yaxşı olduğunu qeydə məcburuq. Gəncliyinə istinadən, gələcəyinə ümidlər bəsləyir və müvəffəqiyyətlər diləyirik.

Səyyah rolunda Bağır Cabbarzadə bu gecə bütün yoldaşlarından yaxşı oynadısa da, bununla bərabər bu şəxsiyyətin bu vaxtadək heç bir aktyorumuz tərəfindən layiqi ilə təşxis edilmədiyini məəttəəssüf görürük.

Səyyah, bu sofi məsləkli, bütün həyatından küsmüş, bəşəriyyətin bütün dolanbac işlərinə, intriqalanna nifrətlərlə baxan, nə isə gizli ruhani ülviyyətlərə aşiq bir şəxsiyyət ikən, taxt ardında qəsdən gizlənib başqalarını təqib etməsi və ümumiyyətlə bir çox böylə hərəkətlər edib də, özünün nifrət etdiyi dolanbac yollarla özü müraciət edirmiş kimi, göstərilməsi, bizcə, bir yanlışlıqdır.

Əgər əsərdə böylə bir şey varsa, əgər səyyah Əbüdiyabın dediklərini eşidirsə, bu da bir təsadüf ola bilər. Səyyah Əbüdiyabın hiylələrinə təsadüfən rast gələ bilər və özünü intriqalara qoşmamaq məqsədi ilə göstərməz, yaxud ümumən, bir xəbər gətirmək məqsədi ilə dinlər, yoxsa, özünün qəsdən gizlənib başqalarını təqib etməsi və Əbüdiyabın özündən daha çox dolanbaclar çevirirmiş kimi, göstərilməsi, bizcə, çox yanlışdır.

Bu xüsusi Sarabski üçün yazmışdıqsa da, təkrar olduğundan, biz də təkrar etmək məcburiyyətində qaldıq.

Əbüdiyab rolunda Ruhulla Sidqi yaxşı idi. Yalnız üçüncü pərdədə paltarlı gedib, Əbülüla ölərkən başı açıq, alt paltarı ilə dönüb gəlməsinin səbəbini anlamadıq. Biz aktyorun nə üçün belə etdiyini bilirik. Fəqət tamaşaçıların ruhuna təsir etmək məqsədi ilə qeyri-təbii və mənasız yollara müraciət etməyi məsləhət görməzdik.

Rəbiə rolunda xanım Tanayilidi yaxşı idi. Zibeydə rolunda Olenskaya olduqca gözəl idi.

Bağır, Sidqidən sonra tamaşaçıların nəzərini cəlb edirdi. Fəqət ikinci pərdədə Əbülülanın bəşəriyyətdən uzaqlaşmaq təklifinə qarşı son söz olaraq: "Atam deyirəm, atam", - dedikdə, sevdiyinin ürəyini gözlərindən oxumaq üçün üzünə baxmaq lazım gəlirkən, özü arxasında buraxıb camaata qarşı: "Atam deyirəm", - deməsi çox gülünc idi.

Əbülüla ilə öpüşmələri də yersiz idi. Bu günah hər ikisinə aiddir; namuslu müsəlman bir ərəbin namuslu bir ərəb qızı ilə izdivacdan əvvəl öpüşməsi qeyri-təbii bir şeydir. Quldur rolunu oynayan Rüstəm Kazımov baleti yaxşı oynadı, deyə yazacaqdıq. Şah Ömər Rəbiə rolunda Ələkbər Süheyli zəif, taqətsiz, düşkün bir ixtiyar əvəzində cəngavər, qüvvətli bir pəhləvan yaratdı. O da Rüstəm rolunda olaydı, Ələkbər, Rüstəm rolunu yaxşı oynadı - deyə, yazardıq. Xüsusən, dördüncü pərdədə qızını öldürərkən qılınc çəkməsi, odlu bir ərəb pəhləvanının birdən acıqlanıb da, qüvvətli bir mübarizəyə qarşı qılınc çəkməsinə oxşayırdı. Halbuki özü istəmədən sevdiyi qızını öldürmək məcburiyyətində qalmış bir ata nə qədər ruhlu və qəti bir adam olursa da, tərəddüd və solğunluğundan özünü almıyacağı zənnindəyik.

Gələcəkdə akyorlarımızın yaradacaqları şəxsiyyətlərə diqqət edəcəkləri ümidindəyik, hər halda bunu arzu edirik.








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə