Şərq ədəbiyyatında çoxdillilik ənənəsinin XIX əsrdə davamı




Yüklə 1.45 Mb.
səhifə1/9
tarix10.04.2016
ölçüsü1.45 Mb.
  1   2   3   4   5   6   7   8   9








Ядябиййатшцнаслыг

Aytən Hacıyeva

filoloq
Şərq ədəbiyyatında

çoxdillilik ənənəsinin XIX əsrdə davamı
Sosiolinqvistikanın aparıcı problemlərindən olan çoxdillilik – bilinqvizm filologiyanın əsas məsələlərindən olub, ictimai-mədəni və sosial-iqtisadi münasibətlərin sıx olduğu, müxtəlif dilli xalqların yaşadığı böyük sivilizasiya məkanlarında müşahidə edilir. İctimai-siyasi, tarixi-mədəni problemləri ehtiva edən bu hadisə bədii sənət nümunələrində də öz əksini tapmışdır. Belə ki, çoxdillilik toplumun üzvləri üçün bir dildən digərinə keçid zamanı anlaşma problemləri yaratmadığından bu kimi halları ayrı-ayrı nitq təzahürü olan bədii mətnlərdə izləmək mümkündür. Nəsr və nəzmdə öz əksini tapan və nitqin xüsusi formasına çevrilən sosolinqvistik hadisəyə həm Qərb, həm də Şərq ədəbiyyatında təsadüf edilir. L.N.Tolstoy, İ.S.Turgenevin əsərlərində rus-fransız ikidilliyinin təzahürləri rus-kübar cəmiyyətində rus-fransız bilinqvemlərinin dəb olmasından qaynaqlanırdı. İslam mədəniyyətində bu hadisə fərqli səviyyədə və daha xeyli kütləviləşmişdi. Yazılı mədəniyyətdə bir neçə dildən istifadə etmək ənənəsi orta əsrlərdə geniş yayılıb. Böyük sivilizasiyaların yaratdığı elmi və ədəbi əsərlər öncə bir dildə yazılıb, sonralar yerli milli dillərdən istifadə edilib. Latın dili bu baxımdan Avropa mədəniyyəti üçün örnək olub. (12.s. 351-355) Orta əsrlər İslam mədəniyyətinin inkişaf və yayılmasında isə ərəb dili aparıcı yer tutub. Bu dildən təkcə dini və elmi əsərlərin yazılmasında deyil, həm də bədii yaradıcılıqda istifadə edilib. İslamın ilk dövründə ərəb dili mədəniyyətin bütün sahələrinə hakim olub, sonralar tədricən fars və türk dillərində ədəbi əsərlər, daha sonra isə dini, elmi və başqa kitablar yazılıb. Ərəb dili həm Quran və İslam dili olduğu üçün, həm də öz zənginliyinə görə hakim mövqe tutub. Ona görə farsca və türkcə yazan alim və ədiblər ərəb leksikonundan geniş şəkildə bəhrələnmiş, bir çox əsərlərini isə ərəbcə yazmışlar. Başqa bir yandan, orta əsrlərdə fars dili Kiçik Asiyadan tutmuş Hindistana kimi geniş bir coğrafi məkanda ədəbi dil kimi tanınmışdır.

Türkdilli xalqların böyük ədibləri bir müddət öz əsərlərini farsca yazmışlar. Sonralar iki və üç dildə şeir yazmaq ənənəsi formalaşıb. Farsdilli müəlliflər adətən iki dildə-farsca və ərəbcə, türkdilli ədiblər isə iki (fars və türk), yaxud üç dildə (ərəb, fars, türk) şeir yazmışlar. Əslində bu ənənə ədəbiyyatın və ədəbi dil üslubunun zənginləşməsinə xidmət etmişdir. Azərbaycanın Nəsimi və Füzuli kimi şairləri üç dildə mükəmməl şeirlər yaratmışlar. Ustad Şəhriyar bu baxımdan Füzulinin ədəbi irsini üç dildə açılan Quran qapısı adlandırıb. Bir çox Azərbaycan ədibləri XX əsrin əvvəllərinədək iki dildə-fars və Azərbaycan dilində şeir yazmaq ənənəsini davam etdirmişlər.

Orta əsrlərdə Şərq xalqlarının ədəbiyyatı mövzu, məzmun, üslub və poetik baxımdan ortaq prinsiplərə əsaslanır. Ədəbi əlaqələr o qədər geniş olub ki, üç dildə yaranan ədəbiyyatın əsas ənənəvi istiqamətlərini müəyyənləşdirmədən bu prosesin dolğun və bütöv elmi mənzərəsini vermək olmaz. Ərəb, fars və türk dilində yaranan əsərlər yerli dil-üslub özəllikləri ilə fərqlənsələr də, bir çox cəhətdən çox yaxındır. Həmin yaxınlıq özünü ədəbi növlərdə də göstərir. Belə növlərdən biri də müləmmədir. Müləmmə-ləməs kökündən olub mənası iki hissədən ibarət olan şeyə deyilir. Dərvişlərin bir neçə parça tikəsindən tikilmiş geyimi də belə adlanır. Ədəbi növ kimi müləmmə elə şeirdir ki, beytin bir misrası ərəbcə, ikincisi farsca, yaxud türkcə, yaxud birincisi farsca, ikincisi türkcə, yaxud birincisi ərəbcə, ikincisi farsca yazılır.

Farsdilli ədəbiyyatda Sədi, Mövlana və Hafizin gözəl müləmmələri vardır. Füzulinin müləmmələri əsasən ərəb-türk dillərində yazılıb.

Eyni şeirdə üç dildən istifadə isə müsəlləs (üçlük) adlanır. Sədi və Hafiz ərəb, fars və şiraz ləhcəsi ilə müsəlləs yazmışlar (11.s. 114-117). Nəimi ərəb, fars və gilək dilində şeir yazıb. Şərq poetikasında olan müləmmə və müsəlləs və yaxud üç dildə mükəmməl şeir yazmaq xüsusi məharət tələb edirdi. Klassik Azərbaycan ədəbiyyatının böyük simalarından olan M.Füzulinin isə ərəb, fars, türk dillərinin qarışığından ibarət bənzərsiz sənət nümunələri yaratması dövrün ənənələrinə xas olaraq hər üç dili yüksək səviyyədə mənimsəməsinə dəlalət edir. Qərb ədəbiyyatında diqlossiya adlanan ikidillilik hadisəsi Şərq ədəbiyyatında olan ədəbi növ və ənənələrdən köklü şəkildə fərqlənir və epizodik xarakter daşıyır.

Müləmmə (ərəb dilində [ləmmə] – yığmaq, toplamaq, birləşdirmək fel kökündən törəyib) – birdilli ədəbi əsərdə digər dilə müraciət hallarıdır. M.Quliyeva isə “bədii” elmində misraların və ya beytlərin müxtəlif dilliliyi kimi səciyyələndirilən “müləmmə” poetik fiqurunun bəzi mənbələrdə “zül-lisaneyn” (iki dilli) də adlandırılması faktını qeyd etmişdir (4; 44). Azərbaycan-fars, Azərbaycan-ərəb, ərəb-fars dillərində işlənən söz və ifadələrin birgə iştirakı ilə yazılan örnəklər “müləmmə”yə nümunə ola bilər.

Azərbaycan, Yaxın və Orta Şərq klassiklərinin əksər nümayəndələri müxtəlif dillərin qarışığından ibarət gözəl müləmmə nümunələri yaratmışlar. Bu poetik kateqoriyanın Şərqdə, o cümlədən Azərbaycanda pərvəriş tapması təsadüfi olmayıb ilk növbədə tarixi coğrafi şəraitlə əlaqədardır. Belə ki, VII əsrdən sonra ərəb xilafətinin tərkibinə daxil olan ərazilərdə ərəb dilinin dövlət dili olması A.Rüstəmovanın qeyd etdiyi kimi, “...bir çox xalqların mədəniyyətini özündə birləşdirən ümummüsəlman mədəniyyəti yaratdı, islam bayrağı altında birləşən xalqlar üçün müştərək dünyagörüşünə əsaslanan müştərək ədəbi mövzular, janr formaları və növləri təşəkkül etdi” (7;4). Bir qədər sonra (orta əsrlərdə) fars dilinin müsəlman Şərq ədəbi fikrinin izharının vasitələri sırasında daha öncül mövqelərə yiyələnməsi hadisəsi müşahidə olunur. Klassik şeir ənənələrinə ciddi riayət və Azərbaycan ədəbiyyatının qabaqcıl nümayəndələrinin Şərqin məktəb və mədrəsələrində təhsil alması Şərq poetikasının qanunlarının milli söz-sənət nümunələrində izlənilməsinə gətirib çıxartmışdır. Digər tərəfdən, orta əsrlərdə şairin şeir aləmində müəyyən zirvələr fəth etməsi onun bədii dilinin kamilliyi ilə ölçülürdü. Meyar kimi poetik fiqurlardan, bədii vasitələrdən yerli-yerində istifadə ustalığı götürülürdü. Müləmmə isə Şərq poetikasının bir fiquru olduğundan çoxdilli türk dilli şairlər öz yaradıcılığında bu poetik fiqura dair kifayət qədər nümunə yaratmışlar. Q.Təbrisi, X.Təbrizi, Ə.Xəqani, N.Gəncəvi kimi sənətkarlar fars-ərəbdilli misraların bir-birini izlədiyi müləmmələr yaratmışlarsa da, XIV əsrdə Nəsimi, daha sonra dahi Füzuli kimi söz ustadlarının yaradıcılığında rast gəlinən müləmmə elementləri bu ölməz şairlərin təxəyyülündən süzülüb gələn fikirlərin artıq başqa parametrli (türk-ərəb, türk-fars) dil sintezində ifadə tapdığını söyləməyə əsas verir.

XIX əsrdə də müxtəlif dillərin qarışığından ibarət əsərlər yazmaq ənənəsi davam etməkdə idi. İstər əsrin əvvəllərində (Zakir, Nəbati), istərsə də ikinci yarısında (S.Ə.Şirvani) yaşayıb yaratmış bir çox sənətkarlar “müləmmə” nümunələri yaratmışlar.

Dil daşıyıcılarının ikinci dilə bələd olma səviyyəsinə görə, bilinqvizmin distal və proksimal olduğunu nəzərə alsaq (9;83) qeyd etməliyik ki, XIX əsrdə Azərbaycanda passiv və distal kontaktda olan dillərdə əsaslı dəyişikliyə yol açmayan bilinqvistik şərait mövcud idi. XIX əsr Azərbaycan, o cümlədən onun şeir-sənət ocaqlarından olan Qarabağ ədəbi mühitinin bir çox söz ustadlarının əsərlərində də müləmmə elementlərinin izlənməsi təsadüfi deyildir. Əgər Füzulinin “fars-ərəb diqlossiyası fars və ərəbdilli mühitdə, İraqi-ərəbdə yaşayan şairin nitqi üçün təbii bir hadisə idi”sə (2, 138), XIX əsr Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan bir çox Qarabağ şairlərinin – “Məclisi-üns” və Məclisi-fəramuşan” üzvlərinin öz əsərlərində bu poetik fiqurdan geniş şəkildə istifadə etmələri onların ana dili ilə yanaşı, ərəb və fars dillərinə də mükəmməl bələdçiliklərindən qaynaqlanırdı. Dini mühitdə yetişib püxtələşmiş mədrəsə ziyalısı Nəvvabın, o cümlədən bir çox həmkarlarının (M.M.Katib, M.Ə.Baki, M.H.Yüzbaşov, B.Səbur) hər bir müsəlman ziyalısı kimi İslam ənənələrini, daha konkret desək, Tanrı kəlamı olan Qurani-Kərimdəki fikirləri yüksək səviyyədə mənimsəmələri əsərlərində öz əksini tapmaya bilməzdi. Quran ayəsindən iqtibas, təzmin kimi bədii ifadə üsullarından bəhrələnən sözügedən ustadlar İslamın müqəddəs kitabının ruhunu öz bədii təxəyyülünə hopduraraq gözəl sənət nümunələri yaratmağa müvəffəq olmuşlar. Qarabağ sənətkarlarının Quran ayələrindən bəhrələnmələri təsadüfi olmayıb onların “həm islamın müqəddəs kitabı, həm möhtəşəm sənət abidəsi, həm əxlaqi-mənəvi qaynaq, həm də yığcam ibrətamiz ifadələr şəklində işlənməsi ilə bağlı idi” (3; s. 235).

XIX əsr Qarabağ sənətkarlarının lirikasında müləmmə poetik kateqoriyasının təzahür xüsusiyyətləri ilə bağlı aşağıdakıları qeyd etmək mümkündür:



  1. XIX əsr Qarabağ ədəbi mühitinin bir çox söz ustadlarının əsərlərində Azərbaycan-fars, Azərbaycan-ərəb diqlossiya elementləri mühüm yer alır. Kəmiyyət baxımından sonuncular azlıq təşkil edir.

Qarabağ şairlərinin dilində müləmmə əsas etibarilə müxtəlif dilli misraların bir-birini izləməsi şəklində təzahür tapmışdır. Konkret olaraq, Baki yaradıcılığındakı fars-azərbaycan dilli misraların qarışığından ibarət:

Beya ke, bi to nəgirəd deləm ğərar, ey dust1

Gecə səbahə kimi eylər ahü-zar, ey dust (1,72) –

mətləli qəzəli bütövlükdə buna bariz nümunədir. Müləmmə təkcə misraların deyil, müxtəlif dilli beyitlərin bir-birini izləməsi ilə də xarakterizə oluna bilər.

Bəzən hər hansı bir şeir çərçivəsində bir bəndin bütövlükdə başqa dildə olması faktına rast gəlmək mümkündür ki, bu da özlüyündə müləmmənin çox maraqlı, lakin daha az təsadüf olunan növünü təcəssüm etdirir.

M.M.Nəvvabın 1291-ci il Şeyx Ubeydullah Kürdüstaninin meyanı barədə yazdığı şeirdə və yaxud, M.M.Katibin ermənilərlə şərikli şərab düzəldən Bağat əhlinə yazdığı həcvdə müləmmənin bu növünə təsadüf edirik.



Ey müsəlman, qəsəm be rəbbi-ğəfur,

Nə didəəm misli-to laən-şüur,

Hər zaman ki, şəvəd qiyamət zühur,

mirsəd bər to şərabə təhur,

Benuş əz in meyi-tazə sağəri.

və ya:


(Ey müsəlman, and olsun mərhəmətli Allaha,

Sənin kimi şüursuz adam görməmişəm,

Ta qiyamət olan vaxtadək

Təmiz şərab sənə çatmayacaq

Bu təzə şərabdan bir az iç).

  1. Bəzən müləmmə yaradan komponent qismində Qurani-Kərim və ya Peyğəmbər (ə.s.) hədislərindən sitat çıxış edir:

Nəvvabdan nəsihəti guş qıl,

Va ma əla ər-rəsul illa əl-bəlağ”3 (5,44).

Və yaxud M.H.Yüzbaşovda oxuyuruq:

Gör necə lütf ilə qılmış bizə ol fəxri-üməm,

Ütləbül-elm minəl-məhd iləl-ləhd rəqəm4. (8; 88).

Misallardan aydın olduğu kimi, bu poetik fiquru yaradarkən Azərbaycan-ərəb dillərinin sintezindən də istifadə edilmişdir. Maraqlıdır ki, “Məclisi-fəramuşan” rəhbəri Nəvvabın türkcə divanında üçdilli (Azərbaycan-ərəb-fars) bir müləmmə nümunəsində də rast gəlirik:


Ey ismi-şərifin “və ləqəd əlləməl əsma”

Ənvari-rüxün şəşəyi-sahəti-cəbra

Lölak sənin şəninə Yasinlə Taha

Kafidi dəxi rəcəsdən ol qadiri-yekta

Etmiş səni, övladını həm paki mükərrəm (5;47).


  1. Müəlliflərin müraciət etdiyi dillərə yüksək səviyyədə bələd olmaları müləmmələrin yazılışında xüsusi ahəngdarlığa səbəb olmuşdur. Başqa sözlə, bu müləmmələr o qədər ahəngdar, vəzn və qafiyəcə elə uyğun yazılmışdır ki, dilin dəyişməsinə baxmayaraq, dinləyici bu ifadələrdəki fərqi tez duymur.

Beləliklə, XIX əsr Qarabağ ədəbi mühitinin bir çox sənətkarlarının lirikasında yer alan ikidillik halları istər onların bədii istedadını tam mənası ilə dəyərləndirmək, istərsə də ümumilikdə bu bədii-linqvistik hadisənin təzahür xüsusiyyətlərinin tədqiqi baxımından maraqlı araşdırma obyekti təşkil edir.

ƏDƏBİYYAT:


  1. Baki M.Ə. Riyazül-məhəbbət. B.,2000.

  2. Əlibəyli Ş. Füzulinin fars divanında diqlossiya. Elmi araşdırmalar №3-4. B., 2000

  3. Quliyeva M. Klassik Şərq bəlağəti və azərbaycan ədəbiyyatı. B., 1999.

  4. Quliyeva M. Klassik Şərq poetikası. B., 1991.

  5. Nəvvab M.M. Divan. B., 1999.

  6. Nəvvab M.M. Təzkireyi-Nəvvab. B., 1998.

  7. Rüstəmova A. Mütəfəkkir-Mövlana Füzuli. B., 1996.

  8. Mirzə Həsən Qarabaği Yüzbaşov. Seçilmiş əsərləri. B., 2000.

  9. Бертагаев Т.А. Билингвизм и его разновидности в системе употребления. Проблемы двуязичия и многоязичия. М., 1972

  10. Ватват Р. Сады волшебства в тонкостях поэзии. М., 1985.

  11. Ənvai-şeri-farsi. Doktor Mənsur Rəstqar Fəsai. Şiraz. 1373.

  12. Nəqdi-Ədəbi. Doktor Əbdülhüseyn Zərrinkub. c.1. Tehran. 1363.

Nəsib Göyüşov

филолоэийа елмляри намизяди

Üç arif sənətkarın bədii
anlamında ortaq paralellər

Şərq xalqlarının bədii-estetik təfəkkür tarixində söz sənəti özəl yer tutur. Kökləri əski ədəbi ənənələrdən və folklordan qaynaqlanan bu sənət orta çağlar islam sivilizasiya məkanında təşəkkül taparaq yetkin bir biçimə salındı,yeni elmi- fəlsəfi,dini-ideoloji və əxlaqi-mənəvi dəyərlərlə zənginləşdi. Bu sırada təsəvvüf və irfanın ədəbi- mədəni mühitə nüfuzu və təsiri söz sənətinin həm ideya-məzmun üfüqlərini, həm də bədii təxəyyül və rəmzi yozum çevrəsini yetərincə genişləndirdi. Həmin nüfuz və təsir nəticəsində sufi təriqətinə mənsub olmayan Nəvayi, Hafiz və Füzuli kimi sənətkarlar söz sənətində daha dolğun bədii özünüifadə üçün irfan çeşməsindən faydalandılar. Mübaliğəsiz demək olar ki, Şərq xalqlarının milli ədəbiyyat tarixində məhz irfan və təsəvvüf yönümlü ədiblər ən gözəl və bənzərsiz söz inciləri yaratmışlar. Bəllidir ki, orta çağların ədəbi prosesində ənənə çox güclüdür, başqa bir yandan isə sənətkarlar çox hallarda təkcə oxşar, yaxın və ortaq növlər, mövzular və süjetlər çərçivəsində deyil, həm də oxşar, yaxın və ortaq bədii qəliblər, üslubi fəndlər, obrazlar və təxəyyül lövhələri çevrəsində yeni bədii-estetik naxışlar və məna incəlikləri yaratmalı olmuşlar.Belə ortaqlıq və yaxınlıq özünü daha çox təsəvvüf yönümlü ədəbiyyatda göstərir, burada bədii düşüncə tərzinə gözəllik və çevəklik verən, onun məzmun qayəsini yetərincə zənginləşdirən mənəvi və ruhi dəyərlər daha önəmlidir. Bu məqalədə həmin bucaq altında orta çağlar söz sənətinin üç tanınmış zirvəsi – Yunus İmrə, Mövlana Rumi və Füzuli arasında yığcam və müqayisəli bir incələmə aparılır.

Hər bir sivilizasiya uzun yüzilliklər boyu yaddaşlarda qalan, zaman keçdikcə öz gözəlliyini və özəlliyini saxlayan zəngin dəyərlər xəzinəsinə malikdir.Tarixi-siyasi dönəmlər, ictimai-ideoloji sistemlər dəyişsə də həmin dəyərlər hər bir dövrün təlatümlərindən keçərək öz yaşamını könüllərdə davam edir və daha çox qəlb və psixologiya vasitəsilə düşüncə və təfəkkür tərzinə təsir göstərir. Şərq xalqlarının sivilizasiya düzənində adətən ruh maddədən üstündür, bu cəhət daha çox islam düşüncəsində, özəlliklə təsəvvüf və irfanının işıqlı vadisində özünü göstərir. Belə bir sual ortaya çıxır: çağdaş texnoloji sıçrayış və praqmatik məqsədlərin öndə getdiyi bir şəraitdə keçmişin əqli-mənəvi və ədəbi-bədii dəyərlərinə müraciətin səbəbi və əhəmiyyəti nədən ibarətdir? Üzərindən beş-altı, səkkiz-on yüzillik keçməsinə rəğmən, çağdaş həyatın cansıxıcı düsturları arasında yorğun düşən insanlar bu ruhi sarsıntıdan və praqmatik qayğıların məngənəsindən çıxmaq və öz böhranlı ruhuna təskinlik vermək üçün Nizamini, Dədə Yunusu, Mövlananı, Hafizi və Füzulini oxumağa üstünlük verirlər. Maraqlı haldır ki, islam dünyasında hikmət və irfan dəyərləri əsasən ərəb dilində yazılmış elmi-nəzəri kitablarda, çoxsaylı risalə və şərhlərdə deyil, məhz farsdilli və türkdilli şeirdə daha çox aydın və anlaşıqlı, daha dolğun və mükəmməl, daha səmimi və ürəyəyatımlı tərzdə ifadə edilmişdir (14.c.65). Böyük söz ustadları istər əski qaynaqlardan, istərsə də orta çağların zəngin elmi mənbələrindən aldıqları bilik və baxışları öz könül və vicdan süzgəcindən keçirərək, bədii sözün sehri ilə cilalayaraq gözəl tərzdə bəyan etmişlər.

Böyük şair hətta maddi dünyadan və təbiətdən aldığı sadə məhfuma öz ruhundan və xəyal aləmindən elə incə məna çalarları vurur ki, dinləyici və oxucunu ovsunlayır. Söz düşüncəni ifadə etmək üçün bir vasitə və qəlibdir. Mükəmməl sənət o zaman yaranır ki, zəngin məna incəlikləri ilə dolu düşüncə karvanı incə təxəyyül lövhələri və gözəl söz qəlibləri ilə ifadə edilsin. Başqa bir yandan, ruhsuz düşüncə quru məntiqi düstur və riyazi ölçülərdən ibarətdir. Ona həyat və hərəkət verən isə ruhdur. İstər Əhməd Yasəvinin dərvişlik-aşiqlik ənənəsindən qaynaqlanan Dədə Yunus, istər fəqihlikdən seyr və süluk yoluna yönələrək təsəvvüf dünyasında ən yüksək zirvəyə ucalan Mövlana, istərsə heç bir təriqətlə əlaqəsi olmadan batini mərifətə sığınan Füzuli-bunların hər üçü bədii sözü ruhla cilalamışlar. Onların söz sənətində sözlə mənanın poetikası ruhun poetikası ilə qovuşaraq kamal zirvəsinə yüksəlmişdir. Ümumiyyətlə, irfan və təsəvvüf baxımından müştərək dəyərlər bütün türk-əcəm şairlərində var (1.c.378). Düşüncədə iki ünsür var: yer ünsürü və göy ünsürü, maddə və ruh, cismani qəlib və mənəvi tutum, zahir və batin. Bədən və ruhdan ibarət olan bəşər həyatında da iki qütb var: maddi həyat və mənəvi yaşam. O, iki ləzzətdən faydalanır: maddi nemətdən və əqli-mənəvi dəyərlərdən. İnsanın əsl dəyəri onun mənəvi yaşamı və düşüncəsi ilə müəyyən edilir. Mövlana deyir (2. 2/277):

Ey bəradər, to həman əndişe-i,

Mabəqi yek ostoxan-o-rişe-i

(Qardaşım, sən həmən əndişəsən,

Yoxsa ki, bir sümük, bir də rişəsən)

İnsanın əsli torpaqdandır, Uca Haqq ona ağıl və can bəxş edib. Füzuli (7.c.19)



Torpaq idim, eylədim bir insan

Müstövcibi-əqlü qabili-can

İnsanı bütün varlıq təbəqələrindən və başqa canlılardan üstün edən cəhət onun ağlı və ruhudur. Nəfs isə bədən ilə ruh arasında orta bir ünsür olmaqla insanı aşağı aləmə çəkir və ona görə təsəvvüfdə bəşər üçün ən böyük əxlaqi-mənəvi sınaq nəfsdən qurtuluşdur. Peyğəmbərimiz (s) bu mənada nəfs ilə mücadiləni böyük cihaz adlandırıb. Yunus İmrə (4.c.80) :



Yunus, nəfsini öldür, bu yola gəldin isə,

Nəfsin öldürməyənlər bu yola gəlmədilər.

Haqq aşiqləri üçün candan keçmək nəfsdən qurtuluş deməkdir (4.c.190):



Sən canından keçmədin, canan arzu qılarsan,

Beldən zünnar açmadın, iman arzu qılarsan?

Mövlana bu yöndə nəfsi iç düşmən kimi kənar düşməndən betər hesab edir (2.1/1373):



Ey şəhan, koştim ma xəsm-e borun,

Mand xəsmi zu betər dər əndərun.

(Ey dostlar bayır düşməni öldürdük,

Ondan betər düşmən içəridə qaldı)

Nəfsin qeydində olan kimsə mərifət iddiası edə bilməz. Füzuli (6.c.164):



Füzuli, aləmi-qeyd içrəsən, dəm urma eşqindən,

Kəmali-cəhl ilə dəvayi-irfan eyləmək olmaz.

Bəşərin istər nəfs ilə mücadiləsində, istərsə də ruhi meracında ən dəyərli mənəvi qaynaq eşqdir. Təbiidir ki, böyük ariflər heç vaxt dünyəvi həyatı və məcazi eşqi inkar etməmişlər. İslam və Quran bəşərin dünya nemətlərindən faydalanmasını təbii bilir, burada sadəcə halallıq və orta hədd var, həddi keçmək və ömrü maddiyatın əsarətinə çevirmək məqbul deyil. Ariflərin təbirincə, məcaz həqiqətin körpüsüdür və bu körpü sınaqdır, onu xətasız keçmək önəmlidir.

Aşiqlər və ariflər üçün eşq anlamı ortaq dəyərlər sırasındadır. Dədə Yunis (5.s.157):

Bizik hər elmə talib hər kitabı oxuduq,

Tanrı bizə müdərris, eşq onun dünyasıdır.

Füzuli eşqi ilahi təqdir kimi dəyərləndirmişdir (6.səh.128):



Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə,

Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza derlər.

Onun təbirincə həqiqət yolçusu öz etiqadında eşqə iqtida edir (“Saliki rahi-həqiqət eşqə eylər iqtida”) (6.səh.51).Varlıq aləmində nə varsa eşqlə əlaqələndirilir, onun qüdrəti hər şeyi əhatə edir. Füzuli (6.s.54).



Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam,

Meydə təşviri-hərarət, neydə təsiri-səda.

Mövlana həmin duyumu belə ifadə edir (2.1/10);



Atəş-e eşq əst kəndər ney fetad.

Cuşeş-e eşq əst kəndər mey fetad.

(Eşq atəşidir ki, ney içinə düşdü

Eşq coşqusudur ki, mey içinə düşdü)

Dədə Yunus (5.s.72):



Dənizləri qaynadır, yerbəyerdən oynadır,

Qayaları söylədir, qüdrətli bir şeydir eşq.

Təsəvvüfdə eşq öz ali məqamına görə ağıl və elmdən üstün tutulur. Ağıl iki qisimdir: külli və cüzvi əql. Küllü əql bütün varlığı əhatə edir, aləm onun sadəcə bir cilvəsi və sürətidir (2.2/978), cizvi əql bir növ nəfslə müqayisə edilir və ona görə eşqi inkar edir (2.1/1982). Əsl ağıl Allahın bəşərə verdiyi qəlb və ruhdur (2.4/1964):



Əql-e degər bəxşeş-e Yəzdan bovəd.

Çeşme-ye an dər miyan-e can bovəd.

(O biri ağıl Tanrının bəxşişidir,

Onun çeşməsi can içindədir)

Elm və ağıl öz ali məqsədindən uzaq düşərkən sırf maddi mənfəət ardınca gedir və ona görə cüzvi aləmdə ilişib qalır. Belə bir elm həqiqətin dərki yolunda bir hicab və pərdə olur. Yunus İmrə (4.s.12):



Elm ki, göz hicabıdır, dünya-axirət hesabıdır,

Kitab eşqin kitabıdır, bu oxunan varaq nədir

Füzuli elmi qeylü-qal sanaraq, əbədi eşq sorağına düşür (13.s.192):



Elm kəsbilə rütbeyi-rifət,

Arizuyi-mühal imiş ancaq.

Eşq imiş hər nə varsa aləmdə,

Elm bir qiylü qal imiş ancaq.

İrfan sahibləri fəqih, mütəkəllim, münəccim, filosof və başqa zümrənin biliyini təqlid və qeylü-qal-yəni boş mübahisə sayır. Onların elmi hisslərlə məhdudlaşan cüzvi əqlin məhdudluğundan kənara çıxa bilmir. Mövlana (2.5/463):



Əqle-e cözvi əql ra bədnam kərd.

Kam-e donya mərd ra bikam kərd.

(Cüzvi əql ağılı bədnam etdi

Dünya kamı mərdi kamsız etdi)

Ariflərin batini mərifəti mədrəsə və məscidin zahirindən uzaq bir aləmdir-ilahi eşqdən doğur. Yunus İmrə (5.s. 85):



Məsciddə mədrəsədə çox ibadət eylədim,

Eşq oduna yanıban ondan hasilə gəldim.

Füzuli (6.s.221):



Mədrəsə içrə müdərris verdiyi min dərsdən,

Yeydürür meyxanədə bir cam vermək bir gözəl.

Füzuli həmişə fəqih və mədrəsə əhlinə etiraz edir, onları zahir əhli adlandırır. Cüzi əqlə söykənən naseh də həmin zümrədəndir. Füzuli də Rumi kimi ağıldan dəlalət istəsə də onu zəlalət içində tapır. Ariflərin ağıl və elmə olan tənqidi münasibətinin kökündə vicdan və əxlaq dəyərləri dayanır. Təbiidir ki, elm və ağıl bəşərin ən böyük fəzilətidir. Ancaq nəfsi istəklərin təminatı üçün vasitə kimi işlənən elm hiylə və məkr alətinə çevrilərək fitnə-fəsada xidmət edir. Mövlana (12.s.431):



Bədqouhər ra elm-o-fənn amuxtən,

Dadən-e tiği be dəst-e rahzən.

(Cövhəri pis adama elm və fənn öyrətmək

Yolkəsənin əlinə xəncər verməkdir)

Füzuli (6.s.375):



Ey müəllim, aləti-təzvirdir əşrarə elm.

Qılma əhli-məkrə təlimi-məarif, zinhar!

Hiylə üçün elm təlimin qılan müfsidlərə,

Qətli-am üçün verər cəlladə tiği-abdar.

Elm ilahi dəyərlər çərçivəsində və Haqq üçün işləndikdə öz fəzilətini saxlayır. Eşq bu baxımdan nəfsi paklıq yoludur və bu yolu keçənlər mənəvi yüksəliş tapa bilir. Mövlana (2.1/25):


  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə