Sərbəst işi. Bakı 2011 İnformasiyanın obyektivliyi və subyektivliyi. Gizli informasiya




Yüklə 103.5 Kb.
tarix21.04.2016
ölçüsü103.5 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Tarix fakültəsi III kurs 303-cü qrup tələbəsi

Abdullayeva Aybənizin Azərbaycan mənbəşünaslığının tarixşünaslığı fənnindən

Sərbəst işi.

Bakı - 2011

İnformasiyanın obyektivliyi və subyektivliyi. Gizli informasiya.
İnformasiya bu halda obyektiv reallığın əks olunmuş rəngarəngliyidir. Sözsüz ki, istənilən əksetmə prosesi şüurlu prosesdir və ətraf gerçəkliyi əks etdirən subyekt bunu müəyyən məqsədlər çərçivəsində həyata keçirir. Başqa sözlə, mənbədə informasiyanı əks etdirən müəllif ətraf mühitə məqsədyönlü yanaşır. Subyekt ətraf mühiti bütövlükdə deyil, yalnız onu maraqlandıran, ona lazım olan problemlər baxımından əks etdirir. Buna görə demək olar ki, informasiyanın əks olunması praqmatik xarakter daşıyır.

Lakin sözsüz ki, ətraf mühitə seçmə münasibət bəsləyən və onu məqsədyönlü əks etdirən subyekt çox zaman özündən asılı olmayaraq, şüursuz surətdə özünə lazım olmayan faktları da qeydə alır. Bu növ informasiya mənbə yaradıcısının istəyindən asılı olmayaraq, mənbədə əks olunur. Bu, ilk növbədə ətraf mühitin, tarixi reallığın rəngarəngliyi, zənginliyi ilə izah olunur. Məhz buna görə qeyd etmək olar ki, informasiya prosesi eyni zamanda semantik xarakter daşıyır. Mənbədə şüursuz qeydə alınan məlumatlar çox zaman gizli və ya potensial informasiya adlanır. Çünki mənbə yaradıcısının məqsədi həmin informasiyanı qeydə almaq deyil, bu informasiya təsadüfü olaraq qeydə alınır.

Mənbədə əks olunan informasiya müəyyən sözlər, sistemlər vasitəsilə oxucuya çatdırıldığından onun sintaksis xarakterə malik olması da qeyd olunmalıdır. Mənbənin təbiət və mənşəyinin öyrənilməsi mənbənin informasiya vermə qabiliyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, hər zaman tarixi tədqiq edən tarixçiyə lazım olan informasiya ilə mənbədə əks olunmuş informasiya arasında müəyyən uyğunsuzluq mövcud olub. Bunun əsas səbəbi ilk növbədə mənbənin yaradıcısının qarşıya qoyduğu məqsədlərlə tarixi tədqiq edən tarixçinin qarşısında duran vəzifələrin bir – birinə uyğun gəlməməsidir.

Tarixi mənbədə əks olunan informasiyanın nə dərəcədə obyektiv olduğunu, yəni nə dərəcə tarixi reallığa uyğun gəldiyini müəyyənləşdirmək olduqca çətin və mürəkkəb işdir. Mənbənin yaranmasında praqmatik aspektin mövcudluğuna istinad edən alimlər onu tamamilə subyektiv olmasını iddia edirlər. Lakin əgər nəzərə alsaq ki, mənbənin yaradıcısı ətraf mühitə məqsədyönlü yanaşır və bu mühiti öz maraq və ehtiyacları baxımından öyrənir, onda biz mənbə yaradıcısının özü haqqında obyektiv bilik əldə etmiş oluruq. Belə ki, ətraf mühitə qeyri –obyektiv, yəni məqsədyönlü yanaşan mənbə yaradıcısının düşüncələri, marağı, onun tutduğu sosial mövqe, dünyagörüşü, səviyyəsi, siyasi baxışları və s. haqqında obyektiv məlumat vermiş olur. Ətraf mühitə qərəzli münasibətlə subyekt özü haqqında tədqiqatçıya obyektiv məlumatlar toplayır. Qeyd etmək lazımdır ki, mənbələrin yaradıcısı haqqında mənbədə əks olunmuş informasiya da gizli xarakter daşıyır. Məhz buna görə də “mənbə obyektivdir, yoxsa subyektiv” sualına “həm obyektivdir, həm də subyektiv” cavabı verilməlidir. Mənbənin mənşəyinin ikili xarakter daşıması ilk növbədə onu əks olunma prosesinin nəticəsi olması ilə izah edilir. Ətraf mühiti əks etdirən subyekt tarixi hadisələr haqqında informasiyanı öz zehni, təfəkkürü süzgəcindən keçirərək əks etdirir. Artıq burada tarixi gerçəkliyin bir hissəsi əks olunur. İkincisi isə mənbənin yaradıcısı tarixi hadisələrə birtərəfli münasibəti, onları təhlil və əksetdirmə üsulu ilə özü haqqında, öz maraqları, dünyası, elmi səviyyəsi, sosial statusu və s. haqqında obyektiv məlumat verir.

Mənbələrdə əks oluna informasiyanın obyektivlik səviyyəsini çox zaman onun tarixi gerçəkliyin obyektiv fəaliyyəti və inkişafına uyğunluq səviyyəsi ilə müəyyən edirlər. Başqa sözlə, mənbədə əks olunan informasiya və ya mənbə yaradıcısını qarşısına qoyduğu məqsəd tarixi gerçəkliyin real inkişaf istiqamətlərinə zidd deyilsə, onda mənbənin obyektivlik səviyyəsinin yüksək olması haqqında danışmaq olar.

Hər bir mənbənin təhlili, onda əks olunmuş informasiyaya seçmə münasibət əslində mənbənin subyektivləşdirilməsi ilə nəticələnir. Mənbəyə tarixçinin və ya hər hansı bir şəxsin müdaxiləsi onda əks olunan obyektiv məlumatın qeydə alınması prosesini çətinləşdirir.

Mənbədə əks olunan hər bir informasiyanın üç aspekti - praqmatik, semantik və sintaktik aspekti qeyd olundu. Sintaktik aspekt mənbədəki informasiyanın əks olunma formaları və üsullarını əks etdirir. Məhz bu baxımdan mənbəşünaslıqda mənbələrin təsnifatı həyata keçirilir.

Mənbələrin tipə və növə görə qruplaşdırılır. Mənbələrin tipə görə təsnifatı dedikdə mənbələrdəki informasiyanın tarixi gerçəkliyin əks olunma formasına görə qruplaşdırması nəzərdə tutulur. Növə görə təsnifat isə mənbələrin onlardakı informasiyanın qeydə alınma üsuluna görə qruplaşdırılmasıdır.

XIX əsrdə yaradılmış və tarixin nəzəri problemlərinə həsr olunmuş ilk əsərlərdə tarixi mənbələr “keçmişin qalıqları” və “tarixi ənənələr ” olmaqla iki qrupa bölünürlər. Avropa alimləri Diltey, E. Berngeym, Lanqlua, Senabos, Rikert “qalıq, relikt” dedikdə bilavasitə keçmişin qalığı olan maddi, arxeoloji, məişət materiallarını, “tarixi ənənə” dedikdə isə tarixi hadisələri və prosesləri əks etdirən yazılı məlumatları nəzərdə tuturdular. Bu ikincilər narativ, yəni salnamə və ya ədəbi mənbə adlandırılırdı.

Müasir mənbəşünaslıq mənbələri tiplərinə görə dörd yerə - maddi, yazılı, təsviri və səsli, bölünür. Çox zaman təsviri mənbələri qarafik - təsviri, bədii – təsvir və s. qruplaşdırılır. Mənbələrin bu cür təsnifatı onlarda tarixi reallığın əks olunma metodunun və formalarının müxtəlifliyi ilə izah olunur.

Bundan başqa mənbəşünaslıqda mənbələrin növlərə görə təsnifatı mövcuddur. Bu təsnifata görə yazılı mənbələri salnamə, diplomatik sənədlər, qanunvericilik sənədləri, kargüzarlıq sənədləri, statistik sənədlər, şəxsi xarakterli sənədlər, dövrü mətbuat və s. olmaqla növlərə bölünürlər.

Mənbələrin təsnifatı onların təkamül prosesini izləmək imkanı verir. Zaman keçdikcə insanların təkcə tarixi gerçəkliyi əks etdirmə metodları və formaları deyil, eyni zamanda informasiyanı yığma məqsədi də dəyişir. Bu isə öz növbəsində mənbələrin təkamülünə çıxarır. Bu prosesin sürətlənməsinə müasir dövrdə kommunikasiya və informasiya texnologiyasının inkişafı da güclü təsir göstərir.

Yazının meydana gəlməsi, kitab çapı, təhsilin inkişafı informasiyanın əks olunması və toplanması üçün geniş imkanlar açdı. Texniki inkişaf informasiyasının kino – foto, fono və nəhayət, süni maşın dillərində qeydə alınmasına imkan yaratdı. Mənbələrin təkamülü təkcə ayrı –ayrı mənbələrin növlərinin tədricən silinməsi ilə deyil, ictimai həyatın tarixi təkamülünün çətinləşməsi və mənbələrin yeni növ və müxtəlifliyinin yaranması ilə xarakterizə olunur.

Müasir dövrdə mənbələrin informasiya vermə qabiliyyəti çox zaman texnologiyanın inkişaf səviyyəsi, mənbənin yarandığı mədəni şərait ilə ölçülür. Mənbələrin yaranma texnologiyası tarixi əlaqə mexanizmi və informasiyanın toplanma sürətini əhatə edir. Bu tarix üç inkişaf mərhələsi keçmişdir. Birinci mərhələdə informasiya insanların özləri tərəfindən ötürülür və bəzən vizual və ya səsli xarakter daşıyır. İkinci mərhələdə informasiyanın ötürülməsi heyvanların vasitəsilə ötürülür. Qədim Mərkəzi Asiyada artıq e. ə 2000-ci ildə, Aralıq dənizi ətrafında isə e. ə 1000-ci ildə informasiyanın bu cür ötürülməsi geniş tətbiq olunurdu.

İnformasiyanın ötürülməsi tarixində üçüncü mərhələ mexaniki medianın kəşfi ilə xarakterizə olunur. Texniki kəşflər nəticəsində, XIX əsrin sonlarında informasiyanın istənilən nöqtədən digərinə çatdırılması üçün cəmi yeddi dəqiqə lazımdır.

Müasir dövrdə kommunikasiya texnologiyasının sürətli inkişafı informasiyanın toplanması və komplektləşdirilməsini olduqca asanlaşdırır. Lakin informasiya çoxluğu, onun sistemsiz şəkildə toplanması informasiyanın obyektivlik səviyyəsinin müəyyənləşdirilməsi və onda olan gizli informasiyanın qeydə alınmasını çətinləşdirir.


Tarixi mənbəşünaslıq və tarixi faktlar.
Tarixi mənbələrin tədqiqi zamanı qarşıya çıxan problemlərdən biri də fakt ilə tarixi mənbə arasındakı münasibətlərin müəyyənləşdirilməsidir. 1830-cu ildə alman alimi L.Ranke tarixçinin vəzifəsini hadisələri “necə baş veribsə eləcə də əks etdirmək” olduğunu vurğulayanda heç kimi təəccübləndirmədi. Tarixin elm olduğunu sübuta yetirməklə məşğul olan pozitivistlər özlərini tarixə təsirini faktların ilahiləşdirilməsi ilə həyata keçirməyə çalışırdılar.

XIX əsrin ingilis tarixi mənbələrində bu istiqaməti inkişaf etdirın empirik ənənə Böyük Britaniya fəlsəfi məktəbinin nümayəndələri olan Lokkdan, B. Rasselə qədər mühüm əhəmiyyət kəsb etmişdir.

Biliklərin empirik nəzəriyyəsi obyektlə subyekt arasında kəskin ayrılığın olduğunu iddia edirdi Bu nəzəriyyə görə faktlar hissi əksetdirmə olaraq, müşahidəçiyə kənardan təsir göstərir və onun təfəkküründən asılı deyil. Empirik məktəbin nəzəriyyəsinə görə faktların qəbulu passiv xarakter daşıyır və iki müstəqil mərhələdən – təcrübə və ondan irəli gələn nəticədən ibarətdir. Məhz bu konsepsiyadan çıxış edən tarixçilər belə hesab edirlər ki, tarix müəyyən edilmiş faktların toplusudur. Başqa sözlə desək empirik məktəbin fikrincə faktlar müqəddəsdir, fikir isə azad. Empirik məktəb nümayəndələrinin fikrincə tarixdə bir sıra müəyyənləşmiş faktlar mövcuddur ki, onlar tarixin özəyini təşkil edirlər. Faktlar sözsüz ki, istənilən elmin məzmunu əsasını təşkil edir. Latın dilində( factum ) “hərəkət, hadisə, yerinə yetirilmiş” kimi tərcümə olunan “fakt” ilk növbədə obyektiv gerçəkliyin konkret təzahürüdür. Empirik məktəb nümayəndələrinin üstün cəhəti ilk növbədə faktın obyektiv mövcudluğunu qəbul etmələri idi. Lakin tarixi faktlara əsaslanaraq, keçmişi olduğu kimi bərpa etməyə çalışan pozitivistlər əslində tarixi faktla mənbədə əks olunan informasiyanı eyniləşdirir, faktların mənşəyini, sosial təbiətini birmənalı anlayırdılar.

XIX əsrin sonunda formalaşmış subyektiv – idealist məktəbinin nümayəndələri faktı izah edərkən, digər ziddiyyət yatardılar. Əslində neokantian məktəbi əsasında formalaşmış və banisi Diltey olan bu istiqamətin əsas mahiyyəti sosial elmi faktlara təbiət elmi mənəvi dünyaya aid faktlar isə çox zaman subyektivdir və tarixçi onların tam mahiyyətini heç zaman dərk edə bilməz.

Beləliklə, subyektiv – idealist və ona yaxın olan prezentis, ekzistentist və s. istiqamətlərin fikrincə tarixi faktlar obyektiv təbiətə malik deyillər. Məhz buna görə də keçmişin obyektiv bərpası mümkün deyil. Bu fikir XX əsrin görkəmli amerikan tarixçisi E. Karrın əsərində daha dolğun ifadə olunur.

Tarixi fakta dialektik materialist baxış pozitivizm və subyektivizm konsepsiyalarından fərqli olaraq, daha mükəmməldir. Bu konsepsiya bütün tarixi faktları üç tipə bölünür: 1) tarixi gerçəkliyin faktları; 2) tarixi mənbələrin faktları; 3) elmi – tarixi faktlar.

Dialektik konsepsiyaya görə tarixi gerçəkliyin faktları həm mənbənin yaradıcısına, həm də tarixçiyə münasibətdə obyektivdir və onların faktlar haqqında fikirlərindən asılı olmayaraq, mövcuddurlar. Onlar dəyişməz, yəni invariant və sayagəlməzdir.

Tarixi mənbələrinin faktları tarixi gerçəkliyin faktların mənbənin yaradıcısı tərəfindən təsviri və ya əksidir. Hər bir əks olunma prosesinin nəticəsi kimi bu faktlar subyektivdir, çünki onu əks etdirən şəxsin zehni, təfəkkürü və maraqları süzgəcindən keçərək, əks olunublar. Lakin bitmiş, tamamlanmış bir proses olaraq, bu faktlar da dəyişməz və invariantdır.

Tarixi faktların üçüncü tipi olan elmi – texniki faktlar gerçəklik faktlarının mənbə faktları əsasında tarixçi tərəfindən bərpası və əksidir. Göründüyü kimi burada gerçəkliyin faktlarının ikiqat subyektivləşdirilməsi baş verir. Birinci dəfə gerçəklik mənbə yaradıcısı tərəfindən subyektivləşdirir. İkinci dəfə isə tarixçi artıq subyektivləşdirilmiş gerçəkliyin, yəni faktların interpretasiyası ilə əldə etdiyi nəticəni təqdim edərək, tarixi gerçəkliyi subyektivləşdirmə olur. Məhz b baxımdan elmi – texniki faktlar tamamlanmamış inkişaf edən və dəyişkən faktlar hesab edilir.

Elm inkişaf etdikcə problemlərin mənbə bazası genişlənir, mənbələrin informasiya vermə qabiliyyəti artır və mənbələrin təhlili metodu təkmilləşir. Bu isə öz növbəsində faktların dəyişməsinə, onların daha dolğun və mükəmməl olmasına gətirib çıxarır. Tarixi gerçəkliyin faktlarından danışarkən, onları sadə və mürəkkəb olmaqla iki qrupa bölmək olar. Pozitivistlərin fikrinsə tarixdə yalnız tək və sadə faktlar mövcuddur. Subyektiv konsepsiyada faktın sırf fərdi mövcudluğunu qəbul edir. Dialektik məktəbin fikrincə tarixi gerçəklikdə müxtəlif xarakterli faktlar mövcuddur. Tarixdə mürəkkəb faktların mövcudluğu tədqiqat prosesində onların düşünülmüş şəkildə seçilmiş prosesini əks etdirir. Söhbət faktlar toplusu içərisindən elə keyfiyyət müəyyənliyi seçməkdən ibarətdir ki, həmin müəyyənlik bütün faktlar toplusunu təmsil etmiş olsun. Bu baxımdan qırılmaz, dinamik tarixi prosesləri əks etdirən mürəkkəb tarixi faktların əksi mühüm əhəmiyyət kəsb edir. Tarixi faktların zaman – məkan, əşya – məzmun və qarşılıqlı əlaqə münasibətlərinə görə rəngarəngliyi mövcuddur. İstənilən tarixi fakt digər faktlarla qarşılıqlı əlaqə zəncirinə malikdir. Məhz buna görə əslində dəyişilməz olan hər bir fərdi tarixi fakt digər faktlarla əlaqədə müxtəlif məna kəsb edir, onları tədqiq edən tarixçi tərəfindən müxtəlif cür mənalandırılır və izah olunur. Beləliklə, tarixi faktların əsil mahiyyəti və onların müasirlər tərəfindən anlanılması və qiymətləndirilməsi çox zaman üst – üstə düşmür. İctimai faktlarla təbiət faktlarının arasında olan fərqlərə gəldikdə qeyd etmək lazımdır ki, empirik məktəbinin nümayəndələri onları eyniləşdirir, subyektivistlər isə qarşı – qarşıya qoyurlar. Əslində bu iki növ faktın nə eyniləşdirilməsi, nə də qarşı – qarşıya qoyurlar. Tarixi faktları araşdırarkən qarşıya çıxan mühüm problemlərdən biri də tarixi mənbələrdə əks olunmuş faktların obyektiv gerçəkliyə uyğunluğu məsələsidir. Problem bu faktların obyektivliyinin yoxlanılması mümkünlüyü, tarixi mənbələrin informasiya potensialının müəyyən olunması, onda olan gizli informasiyanın qeydə alınması və s. ilə bağlıdır.Hər bir tarixi tədqiqat tədqiq olunan tarixi reallığın əsas mahiyyətinin, ümumi qanunauyğunluqlarının və konkret – tarixi xüsusiyyətlərinin müəyyənləşdirilməsinə yönəldilib. Məhz buna görə də tarixi tədqiqatlarda istifadə olunan mənbələrinin faktlarının açıqlanması onların nəzəri təhlili əhatə edir. Elmi – texniki faktlar isə özlüyündə müəyyən sistemə malik olmalıdır.

Beləliklə, tarixi mənbə, informasiya və tarixi fakt üç elementdən ibarət olan informasiya prosesinin nəticəsi kimi tarixçinin “ xam materialı” olaraq, ona elmi metod və üsullardan, analitik və tənqidi düşüncədən istifadə edərək, keçmişi bərpa etmək imkanı verir. Tarixi mənbələrdə qeydə alınmış faktların abstrakt, nəzəri – məzmun təhlili mənbələrdə buraxılmış boşluqların doldurulmasının mümkün edir.

Türk mənşəli mənbələr.

Türkdilli xalqlarda dövlətçilik ənənələrinin olduqca qədim tarixə malik olmasına baxmayaraq, türk tarixi təfəkkürünün formalaşması və ilk türk yazılı abidələrinin yaranması erkən orta əsrlərə təsadüf edir. Bu mənbələr türkdilli xalqların tarixi keçmişini izləmək, adət - ənənəsini, dövlətçilik və mənəvi dünyasını tədqiq etmək baxımından qiymətli tarixi abidələrdir. Bu mənbələr aşağıdakı kimi qruplaşdırılır:



  1. Orxon abidələri, bunlar iyirmidən çox yazılı mənbələri (Ongin, Kültigin, Bilgə kaqan, Tonyukuk və s. abidələri) əhatə edir. Tədqiqatçıların fikrincə bu mənbələr VII – VIII əsrə aiddir.

  2. Yenisey abidələri təxminən 145 yazılı mənbəni birləşdirir. Onlar Yenisey çayının yuxarı hissəsində, Tuva, Xakas respublikalarında, Rusiyanın Krosnoyarks vilayətinin Minusinsk rayonunda tapılmışdı. Yazılma tarixinə görə Orxon abidələrindən daha qədim hesab edilən Yenisey abidələri P. M. Melioranskinin fikrincə V – VI əsrlərdə yaradılmışdı.

  3. Şərqi Avropa ərazisində tapılmış türk abidələri; bunlar şərti olaraq, iki yarımqrupa bölünürlər: 1) Donetsk abidələri. Bu abidələr Rusiyanın Novoçerkask şəhərində iki su qabı üzərində olan yazıdan və Sarkeldən tapılan kərpic üzərində olan işarələrdən ibarətdir; və 2) Dunay əlyazmaları. Bunlara “ Attilanın xəzinəsi ” adlanan və Macarıstanın Nadsentmikloş kəndi yaxınlığında tapılan qızıl qablar üzərində olan yazılar, metal lövhə üzərində olan kiçik yzaılar aiddir.

  4. Şərqi Türküstan abidələri. Bunlar Mərkəzi Asiya, əsasən də Qırğızıstanda tapılan və Talas adlandırılan abidələrdir. Bu qrup abidələri də şərti olaraq, iki yerə bölünürlər: 1) çubuq üzərində yazılan 12 abidədən ibarət Talas mənbələri və 2) keramika və metal üzərində qısa yazılardan ibarət olan Fərqanə abidələri.

Türkologiyada türk yazılı abidələri tarixi – siyasi və janr – məzmun təsnifatı mövcuddur. Siyasi mənşəyinə görə türk yazılı mənbələri aşağıdakı kimi qruplaşdırılır: Şərqi türk xaqanlığına aid abidələr, qədim Qırğız dövlətinə aid abidələr, Kurıkan qəbilələri ittifaqına aid yazılar, Qərbi Türk xaqanlığına aid mənbələr, Monqolustandakı Uyğur xaqanlığına aid abidələr, Şərqi Türküstandakı Uyğur dövlətinə aid abidələr, Xəzər xaqanlığına və Peçeneq qəbilə ittifaqına aid olan abidələr. Məzmunca türk yazılı abidələri tarixi – bioqrafik, epitafi, cadugərlik və dini, hüquqi olmaqla bir neçə qrupa bölünürlər.

Qədim türk yazılı abidələri haqqında ilk məlumat ərəb alimi Alaəddin Ata Məlik Cüveyni tərəfindən qeydə alınmışdı. XIII əsrdəki iki dəfə Monqolustana səyahət etmiş alim ilk dəfə 1260- cı ildə yazmış olduğu “ Dünya fatehinin tarixi ” adlı əsərində türk yazılı abidələri haqqında məlumat verir.

İlk dövrlərdə runik yazı adlandırılan türk yazılı abidələrin göytürk əlifbası ilə yazılması artıq təsdiqlənmiş elmi faktdır. Lakin elm aləmində bu əlifbanın nə zaman və harada yaranması haqqında dəqiq məlumat yoxdur. Bu əlifbanın oxunması və türk yazılı abidələrin tədqiqində Rusiya, Finlandiya, Monqolustan və s. ölkələrinin alimlərinin xüsusi xidmətləri olmuşdu.

Türk xalqlarının qədim və erkən orta əsrlər dövrü tarixinin bərpası üçün digər mənbə məşhur “ Kitabi Dədə - Qorqud ” dastanlar toplusudur. Bu abidənin ilk nüsxəsi Almaniyanın Drezden şəhərində kral kitabxanasında aşkar edilmiş 154 səhifədən ibarət azərbaycan dilində yazılmış əsərdir. Bu əsər ilk dəfə alman şərqşünas alimi Dits tərəfindən 1815-ci ildə aşkar edilmişdi. Bu toplunu ikinci nüsxəsi Vatikan nüsxəsi XVI əsr türkcəsinə yaxın dildə yazılmışdı. Bu tarixi abidə ilk dəfə olara, 1950-ci ildə Bakıda məşhur alimlər H. Araslı və M. Təhmasib tərəfindən nəşr olunub. “ Kitabi Dədə - Qorqud ” dastanlar toplusunun yarandığı dövrü və yerinin müəyyən edilməsi tədqiqatçı alimlər arasında müəyyən mübahisələr doğurmuşdu.

“ Kitabi Dədə - Qorqud ” dastanlar toplusu qədim türkdilli xalqların, aüsusən də oğuzların dini – mifoloji baxışlarının, sosial – iqtisadi həyatının, təsərrüfat və mədəniyyətinin öyrənilməsi, VI – VIII əsr siyasi və tarixi hadisələrin bərpası baxımdan olduqca qiymətli mənbədir.

Türk xalqlarının tədqiqi baxımından XI əsr müəllifi, görkəmli alim Mahmud Qaşqarlının ərəb dilində yazılmış üç cildlik “ Divani lüğət - t türk” adlı əsəri mühüm əhəmiyyət kəsb edir. Kitab ilk dəfə 1912- ci ildə Türkiyənin xalq nazirliyi tərəfindən nəşr edilmişdi. Əsərində türkdilli xalqların folklor və ədəbi irsini ümumləşdirən alim olduqca maraqlı məsələlərə - IX – XI əsrlərdə Ərəb xilafətində yaranmış ictimai – siyasi vəziyyət, xilafətdə türkdilli xalqların mövqeyi, türk dilinin əhəmiyyəti, türklərlə ərəblər arasında ədəbi – mədəni yaxınlığın kökləri və s. toxunur.

XI əsrin böyük mütəfəkkiri, .air və filosofu Yusif Balasuqinin yazdığı “ Kutalqu bilik” adlı əsəri də türkdilli xalqların tarixi, ictimai – siyasi həyatı və mənəvi dünyasının tədqiqat etmək üçün mühüm əhəmiyyət kəsb edir.

Türkdilli yazılı abidələrin öyrənilməsinə ilk cəhdlər keçən əsrin əvvəllərində edilmişdi. Çox təəssüf ki, sonralar bu sahədə aparılan tədqiqatlar müəyyən səbəblər üzündən məhdudlaşdırılmışdır. Məhz buna görə müasir dövrümüzdə erkən orta əsr türkdilli abidələrinin yenidən tədqiqi və araşdırılmasına böyük ehtiyac duyulur. Bu sahədə əldə ediləcək nailiyyətlər Azərbaycan ərazisində məskunlaşmış bir çox etnosların keçmişinin aydınlaşdırılmasına yardımçı ola bilər.

Azərbaycanın XV əsr tarixinin tarixşünaslığı.
Azərbaycan orta əsrlər ictimai – iqtisadi və siyasi tarixini öyrənmək tarixşünaslıq elminin qarşısında duran vacib məsələlərdən biri kimi geniş elmi – texniki işi tələb edir.

Tarixən məlumdur ki, XV əsrdə Azərbaycan ərazisində böyük qedrətə malik olan Dərbəndi – şirvanşahlılar( 1382-1538), Qaraqoyunlu(1410-1468) və Ağqoyunlu(1468-1501) kimi üç sülalə hökmranlıq etmişdir. Şirvanşah I İbrahimin hakimiyyətindən başlayaraq bütün XV əsr boyu Şirvan öz iqtisadi çiçəklənmə dövrünü keçirirdi. Şirvanşahlar ölkədə mütləq hakim hesab olunurdular. Həsən bəy Rumlu və başqa orta əsr tarixçiləri Şirvanşahı çox vaxt “ padşah, vali, sultan ” titulları ilə adlandırmışdılar. Azərbaycanda istər qaraqoyunlu, ağqoyulu, istərsə də səfəvi hakimiyyətinin ilk dövrlərində şirvanşahlar daim müstəqil qalmağa çalışır, asılı vəziyyətə düşməməyə səy edirdilər. Məhz buna görə də Şirvan nisbətən dinc həyat tərzi keçirmiş, bəzi ölkələrdən asılılığı nominal xarakter daşımışdır. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində isə feaodal çəkişmələri, saray hərc - mərcliyi, müxtəlif ziddiyyətlər iqtisadi və siyasi həyatın normal inkişafına daim mene olmuşdur.

XV – XVI əsrlərdə Azərbaycanda hökm sürər feodal sinfi nümayəndəliyi belə idi;

Şah. O, Azərbaycan feodal dövlətlərinə ümumi rəhbərlik edir. Şəriətə görə şah ölkədən torpaq və suyun baş mülkiyyətçisi sayılırdı; o, ölkənin ən böyük feodalı idi. Səltənət irsən şahdan şahzadəyə keçir və beləliklə də, şahlıq özündə mütləq monarxiya xüsusiyyətini əks etdirirdi. Hökmdar hakimiyyət altındakı yerləri yuxarı təbəqədən olan əyanlar vasitəsilə idarə edir, məmləkətin varisi sayılırdı. Şah mühüm məsələlərin həlli üçün dövlət başçıları ilə məşvərət edir və onların təkliflərinə qulaq asırdı.

Şahzadə. Həsən bəy Rumlu və başqa tarixçilər şahzadələr haqqında da maraqlı məlumatlar vermiş, onların həyatını, dövlətdə rolunu, əxlaq, qabiliyyət və bacarıqlarını təsvir etmişlər. Dövlət işlərində təcrübə əldə etmək üçün şahzadələr vilayətlərə hakim təyin edilirdilər. Onlar hakimiyyəti ələ keçirmək üçün bir – biriləri ilə mübarizə edirdilər.

Lələ. Qaraqoyunlu dövlətinin ilk illərinin təsvirlərini verən hadisələr şərh edilərkən “ Əhsənüt – təvarix ” də lələ istilahı “ atabəy ” kimi işlənmiş və Qara Yusifin oğlu Pirbudağın Əmir Qara adlı atabəyinin adı çəkilir.

Sədr. Dövlətdə tutduğu mövqeyinə görə XVI əsr Səfıvi dövlətində əmirül – üməradan sonrakı yer sədrə məxsus idi. Lakin XV əsr Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində sədarət mənsəbini aparan şəxsin rolu bir əsr sonrakı sədrin rolundan fərqlənir və elə böyük üstünlüyə malik deyildi. Mənbələrdə hətta XV əsr Azərbaycan feodal dövlətlərində vəkil və vəzirin tutduğu mövqeyini sədrə nisbətən daha üstün olduğunu aşkar nəzərə çarpır və sədrin fəaliyyəti, əsasən, göstərilmir.

Bundan başqa XV əsrdə Azərbaycanda təvaçi, tuqaçi, muçi və kimi vəzifələr də var idi.



Abbasqulu ağa Bakıxanovun Azərbaycan tarixşünaslığında rolu.

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yasamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. 1819-cu ildə Bakıxanov general Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.


Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun hərcəhətli bir alim olduğunu göstərməkdədir. Onun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir. Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik, lakin dərin məzmunlu girişindən, "Hərflər", "Kəlmələr" və "Cümlə" adları altında ayrı-ayrı üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən yenə aydın görünür ki, müasir dilçilik elminin tələbləri nöqteyi-nəzərindən çıxış edən alim bu əsərini yazarkən fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq dilindən öyrənmişdir.
1826-1828-ci il Rusiya – İran müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. "Qanuni-Qüdsi" əsərindən sonra Abbasqulu ağa Bakıxanov coğrafiya və astronomiya elmləri ilə məşğul olur. Böyük alimin Rusiyaya səyahətinin və müxtəlif ölkələri gəzməsinin bir səbəbi də coğrafiyaya olan meyl və marağı idi. Coğrafiya elminə aid onun iki əsəri var. Bunlardan biri "Kəşfül-qəraib", o birisi "Ümumi coğrafiyadır"dır. Hər iki əsər fars dilində yazılmışdır. İki fəsildən ibarət olan "Kəşfül qəraib" Amerikanın Xristofor Kolumb (1446-1506) tərəfindən kəşf olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs dir. Yarımçıq qalan "Ümumi coğrafiya" əsəri haqqında müəllif özü belə məlumat verir: "Bu əsər farsca olub, dünyanın riyazi, təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin xassələrindən, məvalidin məhsulatından, iqlimlərin hüdüdunu təyin etmək və Yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs edir".
"Ümumi coğrafiya", fars dilində yazdığı bu qiymətli əsəri əlimizdə yoxdur. "Gülüstani-İrəm"də verilən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin tərkib və vəziyyətindən... bəhs etmişdir. Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın oldur ki, müəllif ərəb dilində "Əsrarül-Mələkut"u yazarkən özünün "Ümumi coğrafiya" əsərindən müəyyən qədər istifadə etmişdir. "Əsrarül-mələküt" əsərinin müqəddiməsində həmin əsərin "Ümumi coğrafiya" kitabının "riyazi hissəsindən" götürüldüyü qeyd olunur. 30-cu illərdə Abbasqulu ağa Bakıxanov kainatın quruluşu və vəziyyətindən bəhs edən əsərlərlə maraqlanır, qədim yunan və ərəb alimlərinin bu sahədə yazdıqları əsərləri mütaliə edir. Yeni inqilabi kəşfləri ilə məşhur olan Nyuton, Qaliley, Kopernik, Kepler və s. məşhur alimlərin əsərləri ilə tanış olur.

Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan "Gülüstani-İrəm" Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında "mənim uzun illər zəhmətimin məhsuludur" – deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir. Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir."Gülüstani-İrəm"in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür:



  1. İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr. 2. Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər. 3. Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr. 4. Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər. 5. Nadir şahın vəfatından "Gülüstan" adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.

Əsərin birinci fəslində "Tarixi-Təbəri", "Tarixi-güzidə", "Nizamüt-təvarix", "Kitabi-məsalikül-məmalik", "Xəritətül-əcaib" kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir. Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir.

Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm"də məşhur Azərbaycan coğrafiyaşünası Zeynalabdın Şirvaninin "Riyazüs-səyahə" əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir. Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır. Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur.



Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.


Ədəbiyyat


  1. Şəlalə Məmmədova “ Məbəşünaslıq ”.

  2. Əli Hüseynzadə “ XIX əsrin II yarısında Azərbaycan tarixşünaslığı”.

  3. Şahin Fərzəliyev “ Azərbaycan XV- XVI əsrlərdə”.

  4. “Azərbaycan tarixi üzrə qaynaqlar”.

  5. A. Bakıxanov “ Gülüstani İrəm”


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə