Səkkiz milyonuncu dahi şair haqqında ballada




Yüklə 40.01 Kb.
tarix24.04.2016
ölçüsü40.01 Kb.


Sözün də su kimi lətafəti var...
Səkkiz milyonuncu dahi şair haqqında ballada

Söz vaxtına çəkər.

Keçən il bu vaxtlar Qan Turalı kəskin bir yazı yazdı. Tələm-tələsik qatardan vağzala, vağzaldan çayxanaya, çayxanadan ədəbi mühitə transfer edən növbəti səkkiz milyonuncu dahi şairin yazdıqlarından yazdı. Dedi gəlin görək axı bu “Aqşin kimin yazarıdır”?! Və bəyan elədi ki, “uşaq qadına, qadın kişiyə ziyandır” kimi sərsəmləmlər yazan şair Aqşinin yazdıqları “zəif zövqlü oxuculara” hesablanmış cızmaqaralardan başqa bir şey deyil...

Polemika yaradan o oldu ki, Qan Turalı sübut üçün iki misal çəkdi və dedi məsələn, Akif Əli Aqşinin poeziyasından vəcdə gəlmir, Zəlimxan Yaqubun şoferi isə Aqşinin heyranıdır. Dedi: “...indi dəyərli bir ziyalı, dünya ədəbiyyatına kifayət qədər bələd olan, filologiya elmləri namizədi Akif Əlinin Aqşinə münasibəti Aqşin üçün daha maraqlı olmalıdır, yoxsa Zəlimxan Yaqubun şoferinin?”

Həqiqətmi - şöhrətmi dilemması qarşısında səkkiz milyonuncu dahi şairin marağı təbii ki ikinciyə oldu və o, Qan Turalının göstərdiyi həqiqəti sinirə bilməyib dərhal genetik xəlqi estetika ilə “Qan Turalın qanaxması” adlı bir cavab naməsi yazdı. Amma bumeranq effekti ilə, çünki belə intel-yarışlarda qurşaqdan aşağı nahiyələrə tamah salmaq ayıb işdir.

Məzəli lap bu oldu ki, növcavan cavab yazısında demoqoqluq edib onun poeziyasından niyə “vəcdə gəlmədiyi üçün” Akif Əlini də daladı keçdi... Axtarmaqla deyil ki! Adam qırmızılığına salıb artıq ağını çıxartmışdı...

Qatardan vağzala, vağzaldan çayxanaya, çayxanadan ədəbi mühitə transfer edən bu səkkiz milyonuncu dahi şairin öz həmkarı ilə dalaşdığı yerdə birdən-birə “qabağa aşıb” üstümə bozarmasından xoşhallanmayıb mən də “Alma”ya yazdım ki: “...Ey möhtərəm “Alma”çılar! O nədir “babam mənə kor deyib, gəlib gedəni vur deyib” eləyə-eləyə xalqı, eli, valideyni, dini-imanı, muğamı, dağı-aranı, ağsaqqalı-qarasaqqalı, bir sözlə, hamını, hər kəsi, hər şeyi söyə-söyə “ucundan” tutub ucuzluğa gedən Yenisey ləqəbli bir ədəbiyyat “bomju” indi də keçib öz dostlarına, həmkarlarına?!” Sonra dedim: “...bu şən və hazırcavab gənc yaxşı tanıdığı, gördüyü və bildiyi həmkarı Qan Turalıdan fərqli olaraq, heç tanımadığı, heç görmədiyi və heç bilmədiyi Akif ƏLİ haqqında da guya nəsə öz telinə bənzər qıvırcıqlı bir cümlə deyib də qürrələnmək istəmiş. Amma malesef, suxarı ilə pişik yemini, marksizmlə marksist klassiklərini, Şopenhauerlə Erosu ayıra bilmədiyi kimi, ruslar demiş, “barmaqla filan şeyi də” səhv salmış. Nəticədə bəlli AYB-çilər sayağı ayıb iş görmüş... Çünki özündən əvvəlki paxıllar kimi bu diletant da bilmir ki, hələ heç nə bilmir və məhz heç nə bilmədiyi üçün də özünü çoxbilmiş sayır...”

Və bundan sonra olayı unutdum getdi.

...O gün Lent.az saytında çox maraqlı bir yazıya rast gəldim: “Gertsenlə keçən dörd gün” (LENT.AZ, 24 iyul 2008). Dərhal dedim afərin adam, bax bu başqa məsələ!

Həmin Aqşin yazırdı ki, hər il Bakıdan qaçıb kəndə gedəndə evin banına çıxıb məktəb vaxtı oxuduğu, indi isə toz basmış kitabların arasında eşələnir. Bu yay da eynən kəndə çatan kimi dərhal evin banına çıxıb məşhur “Olmuşlar, düşüncələr” kitabını götürərək tut ağacının altına çəkilmiş və kənddə qaldığı dörd gününü “Gertsenlə birlikdə” keçirmişdir... “Bu memuarı oxuyanda bir daha rus xalqının nəhəngliyinə, istedad okeanı olduğuna heyran oldum” – deyən Aqşin heyranlığına səbəb kimi kitabda çar Rusiyası həyatının bədii-sənədli salnaməsinin çox istedadla qələmə alındığını nəzərdə tutur. Qələm əhli (o cümlədən dünyanın bütün dəyərlərini inkar edən gənc dahi şairin özü də) belə bir həqiqəti inkar etməz ki, əcnəbi əsərə heyranlığın yaranmasında tərcümənin də əhəmiyyəti az deyildir. Yəni yazının nə olduğunu bilənlər (o cümlədən Aqşin də) bilir ki, tərcümə əsərinin uğuru tərcüməçinin zəhmətindən, bacarığından, yaradıcılıq qabiliyyətindən asılıdır. Bəzən tərcüməçini əsərin ikinci müəllifi adlandıranlar da haqlıdır. Çünki tərcümə işi tamburdan perrona transfer olmaq kimi sadə texniki prosedur deyil, çox ciddi yaradıcılıq fəaliyyətidir. Məhz tərcüməçilərin əməyi sayəsində dünyanın milli ədəbiyyatları qarşılıqlı surətdə bəhrələnmiş, təcrübə mübadiləsində inkişaf etmiş, müxtəlif xalqlar arasında ədəbi-mədəni şüur ortaqlığı yaranmışdır...

Gənc şairi heyran qoyan məqamlara qayıdaq. Böyük rus mütəfəkkiri, yazıçı-publisisti Aleks. Hertsenin “Olmuşlar, düşüncələr” əsərini mütaliə edərkən (yeri gəlmişkən, Sovet vaxtı konservator redaktorlar rusca olan Gertseni azəricə Hertsen kimi yazmağa icazə vermirdilər) təsirləndiyi mükəmməl cümlələrdən bəzi nümunələri məqaləsinə köçürən gəncin halından belə məlum olur ki, bu kitab onun daxili aləmini titrətmiş, qəlbini və beynini təlatümə gətirmiş, mənəvi dünyasını zənginləşdirmişdir. Əla!

Aqşin yazır: “Humboltun Rusiyaya səfərinin ruslar tərəfindən necə başa düşüldüyünü Perm quberniyasının dəftərxanasında qulluq eləmiş bir Ural kazakının söhbətindən daha yaxşı anlamaq olar; O, “sərsəri prus şahzadəsi Humboltu” necə müşayət etməsindən danışmağı sevərdi.

Humbolt nə edərdi” – “Əşi, heç nə, boş-boş işlərlə məşğul olardı, ot yığırdı, gözünü quma zilləyib dururdu; bir dəfə dilmanc vasitəsilə mənə dedi ki, gir çaya, suyun dibində nə varsa çıxart, baxım”, nəyimə lazım, suya girib əlimə keçəni çıxartdım, qayıdasan ki, hə, necədir, dərinlikdə su soyuqdur, yoxsa? Fikirləşdim ki, yox, balam məni hərifləyə bilməzsən, mən artıq-əskik danışan adamlardan deyiləm, qayıtdım dedim ki – Əlahəzrət sağ olsun, nəyimə gərək orda su necədir, soyuqdu-istidi, mənə nə, mən qulluq adamıyam, əmr olundu gir, girdim, ta heç nə bilmirəm”.

Rus mujikinin avamlığını, alman şahzadəsinin isə avaralığını göstərən bu cümlələr böyük rus ziyalısı A.İ.Gertsenin “Olmuşlar, düşüncələr” adlı memuarındandır…”

Bu sitatın yanında bir anlıq ayaq saxlayaq. Əslində, kitabın orijinalında rus kazakının savadsızlığını vurğulamaq üçün müəllif onun dilindən Rusiyaya gəlmiş qonağın statusunu və familiyasını təhriflə - “sərsəri prus şahzadəsi H u m p l o t ” kimi vermişdir və tərcümədə də o cür saxlanılmışdır. Ancaq görünür Aqşin bunu korrektura səhvi zənn edərək sitatı məqaləsinə köçürəndə alman familiyasını düzgün variantda - “sərsəri prus şahzadəsi Humbolt” yazmağı qərara alıb. Prinsipcə onun niyyəti xeyirxah olsa da, əsərin koloritinə müdaxilə baxımından düzgün deyil. Lakin bu sitat daxilində gənc şairə başqa bir məqamı da xatırladaq ki, Humbolt heç də savadsız rus mujikinin təqdim etdiyi (və Aqşinin də təkrarladığı) kimi “avara alman şahzadəsi” deyildi, dünyaca məşhur təbiətşünas alim və səyyah idi. Kitabın arxasındakı “Qeydlər” bölməsinə baxsaydı (səh.530), o böyük Alman təbiətşünası və səyyahı Humbolt Aleks. Fridrix Vilhem (1769-1859) haqqında müfəssəl bilgi alıb mexaniki şəkildə rus kazakının avamlığını təkrarlamazdı.


Xülasə, A.Hertsenin kitabını oxuyanda “bir daha rus xalqının nəhəngliyinə, istedad okeanı olduğuna heyran qalan” gənc şair əsərdən vəcdə gələrək “zalım ölkənin doğrudan da dahi anbarı” olduğunu və “heç bir xalqın öz istedadlarına qarşı bu qədər amansız, qəddar olmadığı” qənaətini bəyan edir. “Bu xalq öz dahilərinə Ural dağlarının şərqində Sibir boyda nəhəng qəbristanlıq salıb… Həm çar, həm də sovet Rusiyası dövründə bu ölkədə istedad terroru baş verib. Təkcə XIX əsrin tanıdığımız dahi qurbanlarını sadalayaq:


Puşkin 38 yaşında dueldə öldürüldü
Belinski 37 yaşında aclıqdan və vərəmdən öldü
Rıleyevi Nikolay edam elətdirdi
Qriboyedovu Tehranda doğradılar
Bestujev Sibirdəki katorqadan sonra Qafqazda öldü
Lermontov, Polejayev... “

Yenə də sənət həqiqəti naminə deməyə məcburuq ki, məqalənin bu yerində (gəncin kövrək şair qəlbinə çox da böyük zərblə toxunmamaq üçün tam yumşaq ifadə ilə desək) xəfif bir plagiatlıq nümunəsi yox deyildir. Belə ki, “dahi rus qurbanlarını sadalayan” Aqşin 5-6 sətirlik bu maraqlı parçanı kitabın Ön sözündən götürüb və xronoloji ardıcıllıqla təkrarlanan həmin axıcı təkrirli ifadələri orujinalda olduğu kimi və səliqə ilə öz məqaləsinə köçürüb. Amma təəssüf ki, Ön sözün müəllifi tanınmış filoloq-alim, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusiflidən sitat kimi yox, özünün orijinal deyimi, ədəbi kəşfinin görüntüsü kimi… Ay səni!


Beləcə Aqşin kəndinə gəlib oxuduğu kitabın ən maraqlı yerləri haqqında təəssüratlarını oxucularla bölüşür, “…Gertsen Sibirdə sürgündə olarkən şahidi olduğu əhvalatlardan”, Rusiyada məmurların rüşvətxorluğundan, 1812-ci il Moskva yanğınlarından, “Napoleondan və yanğınlardan sonra Moskvanı bürüyən vəbanın” ustalıqla təsvirlərindən söz açır, hətta fürsət düşmüşkən öz mütaliəsinin miqyasını göstərmək üçün A.Kamyunun “Taun”u ilə A.Hertsenin “Vəba”sını tutuşdurur, heyrət içində yüz il fərqlə yazılmış əsərdə “eyni mənzərə, eyni süjet, eyni qəhrəmanlar və eyni sonluq” olduğunu bildirir. Hətta məqaləsinin sonunda o, “zövqlü oxuculara memuarda oxuduqca altından xətt çəkdiyi” çoxsaylı mükəmməl cümlələrdən bir neçəsini xeyirxah öyrətmənsayağı - “Oxuyun, ruhunuz sərinlənsin” tövsiyyəsi ilə təqdim edir:

Onun geri basılmış alnı, kəllə sümüyü hesabına irəli çıxmış alt çənəsi hədsiz iradə və zəif düşüncədən xəbər verirdi” (Söhbət çardan - Nikolaydan gedir). (səh.487)


“Gecələr hardasa uzaqlarda bayquş gah uşaq kimi ağlayır, gah da şaqqanaq çəkib gülərdü”.

Sergey Qlinka min səkkiz yüz on ikinci ildən qalma nimdaş bir səslə xırıltı sala-sala özünün: “Humbolt-dövrümüzün Prometeyidir” başlıqlı şeirini oxudu”. (səh.529-530)

Səadətin qədrini bilən gərək tez köçsün bu dünyadan”.

Mən burada qəlbimin tarixçəsini əks etdirirəm”.

Bu otaq yəhər-yüyən, qantarğalarla bəzədilmişdi və adama elə gəlirdi ki, zabit burada yatanda atına minib yatır”.

Görünür, sevinc hissi öz yüksək həddinə çatanda ağrıyla birləşir”. (səh.679)


…Həqiqətən çox dəyərli fikirlər, maraqlı deyimlərdir və mükəmməl qələmlə yazılmış yaxşı ədəbiyyat materialıdır. Sağ olsun ki, adam bunları oxuduqca dərk edib, altını cızıb və qısqanmadan yazısına gətirib (bax, Qan Turalı, sənsə adamın “düzələcəyinə” və haçansa “ciddi bir kitabı axıra qədər oxuyacağına” inanmırdın!)
Xülasə, əziz oxucu, artıq vaxtdır, son bir sitatla əsas məqsədimizi açıqlayaq. Mütərəqqi ədəbi qüvvələrin davamlı taranlarından sonra 2004-2005 –ci illərdə tam və qəti iflasa uğradılan AYB-nin ifşası ilə bağlı qovğalar haqqında yazdığım və ensiklopedik xarakterli ekspromt-fantaziya tipli pamfletvari ədəbi-bədii-elmi-sənədli-publisistik kollaj kimi müəyyənləşdirdiyim “Üçüncü yazı” kitabımdan bir parçanı burda yada salmağın məqamıdır:

...Kifayət qədər məhsuldar ədəbi-bədii yaradıcılıqla məşğul olan Akif Əli 1987-ci ildə növbəti sanballı tərcümə işini ortaya qoydu. Dahi rus yazıçı-publisisti, filosofu, inqilabçı-demokratı, çar Rusiyasının çürük mahiyyətini güclü bədii-fəlsəfi-publisistik qələminin qüdrəti ilə ifşa edən A.Hertsenin “Olmuşlar, düşüncələr” kitabını ilk dəfə Azərbaycan dilinə tərcümə etdi. Həqiqətən çox böyük əziyyətlər, yaradıcılıq axtarışları, sözün əsil mənasında yuxusuz gecələr hesabına başa gələn bu qalın tərcümə kitabı “Gənclik” nəşriyyatında “Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyasının 30-cu cildində, xalq yazıçısı Mirzə İbrahimovun tərcümə etdiyi V.Çernışevskinin məşhur “Nə etməli?” romanı ilə bir topluda qoşa nəşr edildi.



Azərbaycanda Hertsenin bu əsəri ilk dəfə idi tərcümə olunurdu (yeri gəlmişkən, sonralar başqa bir böyük rus ədibi, bu dəfə sovet imperiyasının iç üzünü açıb ifşa edən Aleksandr Soljenitsının əsərini də ilk dəfə “Xəzər” jurnalı üçün Akif Əli dilimizə tərcümə edəcəkdi). Açığı, Az.TV-də Baş redaktor vəzifəsində çalışan Akif Əlidən A.Hertsenin romanını tərcümə etməyi şair Çingiz Əlioğlu xahiş etmişdi: “Çox ağır əsərdir, bəy (bu “bəy” kəlməsi hələ çox sonralar, 1990-cı illərdə demokratiya dalğasında dəbə minsə də, Çingiz Əlioğlu sovetin ən gur vaxtılarından bu müraciət formasını işlədərdi), neçə yazıçıya təklif etmişik, orijinalı vərəqlədikdən, əsərlə tanış olduqdan sonra tərcümədən boyun qaçırıb ki mənlik deyil... Amma kitab nəşriyyatın planındadı... Bəlkə razı olasan?...”

Akif Əli A.Hertsenin bu məşhur əsərilə də hələ institut illərindən tanış idi və onun dilinin mürəkkəb ifadələrlə, ibarəli priyomlarla zəngin olduğunu, bütün əsər boyu dərin fəlsəfi-publisistik təhkiyyənin hökm sürdüyünü bilirdi. Gözəl insan və gözəl pedaqoq Məmməd Qocayevin valehedici mühazirələrində bu orijinal üslublu əsərin ədəbi məziyyətləri haqqında çox maraqlı mühazirələr dinləmişdi. Odur ki, əziz dostu Çingiz Əlioğlunun təklifinə etiraz etmədi və özünün televiziyada işlərinin çox olmasına baxmayaraq, tərcüməni öhdəsinə götürdü, işlədi, yüksək səviyyədə başa çatdırıb nəşriyyata təhvil verdi. Bu sanballı əsər gənc nəslin dünyagörüşünün inkişaf etdirilməsi, təsəvvür və təxəyyülünün genişlənməsi, xüsusən filoloqlar, tarixçi alimlər üçün 19-cu əsr çar Rusiyasının ictimai-siyasi mühitini öyrənmək baxımından, həm də mədhiyyələr üstündə yox, ciddi bir inqilabçı-demokratın kəskin tənqidi fikirləri prizmasından öyrənmək üçün çox qiymətli mənbədir.

...O, Hertsenin “Olmuşlar, düşüncələr” kitabından bir nüsxə götürüb böyük fəxrlə, fərəhlə, həyəcanla sıralarına yenicə qəbul olunduğu AYB-yə getdi. Yəqin ki Birliyə yeni qəbul olunan bütün gənc yazarlar kimi, o da güman etmişdi ki, burada Azərbaycan ədəbiyyatına xidmət edənlərin hamısını səbrsizliklə gözləyir, həyəcanla qəbul edir, fərəhlə yola salırlar...

...

...Həmin hadisədən sonra isə o bir daha AYB-nin həndəvərinə yaxın getmədi. Çünki dənizin suyunun şor olduğunu bilmək üçün onu vedrə-vedrə içənlərdən deyildi...” (“Üçüncü yazı”, B., “Gənclik”, 2006, səh. 29-31)
Bəli, məmləkətimizin səkkiz milyonuncu gənc dahi şairi kənddə tut ağacı boyunca bədii ədəbiyyatın sirli aləminə dalıb hayıl-mayıl olanda yəqin bilmirdi ki, onu bu qədər heyran qoyan kitab cəmi bir il öncə təkəbbürlə “...heç bir ciddi, elmi yazılarını tanımıram” dediyi filologiya elmləri namizədi, yazıçı-publisist Akif ƏLİnin qələminin məhsuludur... (Tanışlığı mübarək!) Və güman ki gənc Aqşin onu da bilmirdi ki, uzaq 1987-ci ildə 40 000 tirajla çapdan çıxmış A.Hertsenin “Olmuşlar, düşüncələr” əsərini tərcümə edəndə o yaradıcılıq bioqrafiyasının ilkin Akif Məhərrəmov mərhələsində idi və bəlkə də kitabın arxasında bu imzanı görüb də həmin tərcüməçinin məhz “ağız büzdüyü” Akif ƏLİ olduğunu ağlına gətirməyib. Gətirsəydi çox yəqin opponentin qələmindən çıxan məhsullara valeh ola-ola ədəbiyyat aləminə qovuşduğunu, onun mükəmməl cümlələrindən ruhlanıb söz sənətini sevdiyini və onun hələ 20 il öncə oxuyub da üstəlik gələcək nəsillər üçün tərcümə etdiyi belə dəyərli məxəzlər üstündə dərs aldığını, oxuyub boy atdığını, paytaxta gəlib hamını, hər şeyi inkar edəcək səkkiz milyonuncu dahi şair olduğunu yada salar, bəlkə bir az yanaqlarındakı bozartı allanardı...

Sözügedən kitabın arxasında gənc oxuculara müraciətlə yazılıb: “Gənc dost! “Gənclik” nəşriyyatı dünya ədəbiyyatı xəzinəsindən bir sıra qiymətli inciləri 50 cildlik bir dəst kimi nəfis tərtibatla çap edib oxuculara çatdırmağı qərara almışdır... Bir məktəblinin ev kitabxanasının bəzəyi ola biləcək həmin kitabları nəşriyyat 1990-cı ilə kimi tam şəkildə oxuculara çatdırmağı nəzərdə tutur.“ Açığı mən bu silsilənin başa çatıb-çatmadığını bilmədim, çünki 1988-dən sonra hamımız başqa problemlər girdabına qərq olduq… Amma mən indi çox şadam ki, yurdumuzun gənc oxucuları bu əsərləri həqiqətən alıb ev kitabxanasına daxil etmiş, sevə-sevə oxumuş, bəhrələnmiş və hətta o kitabları onlar üçün minbir əziyyətlə çapa hazırlayanları inkar edəcək qədər inkişaf etmişlər...

Əlbəttə, Aqşin A.Hertseni rusca oxusaydı bu qədər təsirlənməz, zənginləşməz və ruhu bu qədər sərinlənməzdi, ən azı ona görə ki, ruscanı bilmir və deməli bu məqamda onu təsirləndirən, zənginləşdirən, ruhuna sərinlik çiləyən həm də tərcüməçi əməyinin bəhrəsi olub. Elə isə bunu bacaran, özündən razı bir oxucunun təsirlənməsinə və zənginləşməsinə yardımçı olan adam haqqında köntöy-köntöy danışması istər-istəməz şəyirdin ustadına xor baxması anlamına gəlir.

Yəni ki, sən bu gün valeh olduğun dəyərləri səndən 20 il qabaq oxuyan, bilən və lap açığı, bəzən tərcümə prosesində o bədii dəyərləri şəxsən özü yaradan adamın yazdıqlarından hayıl-mayıl olmağın nədir, adamın yaradıcılığını “bəyənməməyin” nə?!. Qədəm qoyub asta-asta gəldiyin bu sənət dünyasını əməlli görmədən, tanımadan, bilmədən meydanda gərdiş etsən qaldırmaq istədiklərini qaldıra bilməzsən!

Vəssalam!

Mən çılğın şairin dalğın gözlərinə bundan belə uzun illər nur payı arzulayıram, çünki bu dünyada hələ oxuyub-öyrənməli, görüb-götürməli çox dəyərli əsərlər var. Və o əsərlərin arasında vaxtilə tanımaza-bilməzə daladığı Akif ƏLİ-nin də zəngin yaradıcılıq bioqrafiyasının müxtəlif qatlarına məxsus məhsullar var. Özü də təkcə ədəbi tərcümə sahəsində yox, mədəniyyət aləminin, sirli sənət dünyasının bir çox istiqamətləri üzrə... Gördükcə tanıyacaq, biləcək, inşallah!


Mən bundan sonra məmləkətimizin səkkiz milyonuncu dahi şairini yenə unudacam getsin. Amma vida anında bütün umu-küsülərə rəğmən, özümün həyat amalıma sadiq qalıb gəncə israrla getdiyi füsunkar söz dünyasında uğurlu yol arzulayıram!

Hər əlinə qələm alanda unutmasın ki: “Sözün də su kimi lətafəti var...”



------------------
Akif ƏLİ
11. 08. 2008




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə