Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə




Yüklə 351.5 Kb.
səhifə1/4
tarix10.04.2016
ölçüsü351.5 Kb.
  1   2   3   4
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə qərara alıram:

1. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları:

2.1. . öz fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəalarını rəhbər tutsunlar;

2.2. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər altı aydan bir Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya məlumat təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsinlər.

4. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının məhkəmələrinə, Baş Prokurorluğuna, Məhkəmə-Hüquq Şurasına, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), yerli özünüidarə orqanlarına tövsiyə edilsin ki, Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsünlər.

5. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2007-ci il

№ 2292

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR



Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə

MİLLİ STRATEGİYA
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi,

2004-2006-cı illər üçün Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramına uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi,

dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması, dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi,

korrupsiya hüquqpozmaları törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, bu hüquqpozmalardan zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi,

vəzifəli şəxslərin və dövlət qulluqçularının vicdanlı xidmət və peşəkarlıq sahəsində nümunəvi davranışının gücləndirilməsi məqsədilə,

korrupsiyanın iqtisadi inkişaf üçün maneələr törətdiyini, qanunun aliliyini, bərabərlik və sosial ədalət prinsiplərini pozduğunu nəzərə alaraq,

dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının korrupsiyaya qarşı mübarizənin vacib şərti olduğunu qeyd edərək,

dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılmasına, dövlət əmlakının düzgün idarə olunmasına, antikorrupsiya mədəniyyətinin formalaşmasına şəffaflığın imkan yaratdığını vurğulayaraq,

korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının konvensiyalarının və digər beynəlxalq sənədlərin müddəalarını rəhbər tutaraq,

korrupsiyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı təşviq edərək,

korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini nəzərə alaraq və bu sahədə həyata keçirilən səyləri və təşəbbüsləri dəstəkləyərək,

Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizədə siyasi iradəsini bir daha təsdiqləyərək Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanı qəbul edir.


I. ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ STRATEGİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
' Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (bundan sonra - "Milli Strategiya") Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) davamı olaraq Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sosial-iqtisadi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçiriləcək çoxşaxəli, ardıcıl və mərhələli, uzun və qısamüddətli tədbirləri müəyyən edir.

Milli Strategiya korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin daha sıx əməkdaşlığa cəlb edilməsi, antikorrupsiya mədəniyyətinin artırılması, dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması, iqtisadi və sosial sahədə inkişafa mane olan amillərin aradan qaldırılması üçün tədbirlər müəyyən edir.

Milli Strategiya korrupsiyaya qarşı mübarizənin əsas şərti kimi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını təsbit edir. Şəffaflığın təmin edilməsi öz-özlüyündə korrupsiyanın aradan qaldırılması məqsədi daşımır. O, korrupsiyaya qarşı mübarizənin əsas vasitəsi kimi müəyyən edilir.

Şəffaflıq təmin edildiyi təqdirdə ictimaiyyət dövlət orqanlarının qəbul edəcəyi qərarlar haqqında daha çox məlumata malik olur, ictimai diskussiyaya şərait yaranır, dövlət orqanlarına ictimai etimad güclənir və bu orqanların hesabatlılığı və məsuliyyəti daha da artır. Şəffaflıq dövlət orqanlarının fəaliyyətinin təkmilləşməsinə, dövlət orqanlarının fəaliyyətinin daha səmərəli surətdə təhlil edilməsinə və qiymətləndirilməsinə xidmət edir. Şəffaflıq həmçinin iqtisadiyyatın inkişafı, əlverişli biznes mühitinin yaradılması, xarici sərmayələrin cəlb edilməsi üçün əsas şərtlərdəndir.

Milli Strategiya qərar qəbul etmə mexanizmləri və qaydaları, dövlət qulluğuna qəbul, dövlət büdcəsinin gəlir və xərcləri, siyasi partiyaların maliyyələşdirilməsi, dövlət satınalmaları, özəlləşdirmə, investisiya, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti və digər sahələrdə şəffaflığın artırılması üçün tədbirləri müəyyən edir.

Şəxslərin məlumat azadlığından istifadəsi dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi şərtlərindən biridir. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı (bundan sonra - "Fəaliyyət Planı") bu azadlığı təmin edən informasiya əldə etmək haqqında qanunvericiliyin tətbiqində səmərəliliyin artırılmasını, vətəndaşların dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti barədə məlumat əldə edə bilməsini, informasiya məsələləri üzrə müvəkkil institutunun fəaliyyəti üzrə təkliflərin hazırlanmasını nəzərdə tutmuşdur.


II. ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİN ƏSAS PRİNSİPLƏRİ
1. Qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət
Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bununla bağlı dövlət orqanlarının vəzifə və səlahiyyətləri qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipinə əsaslanaraq həyata keçirilir.
2. İnformasiya azadlığının təmin edilməsi
Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla, dövlət orqanları öz fəaliyyətləri barədə məlumatları ictimaiyyətə çatdırmalıdırlar. Dövlət orqanları şəxslərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyəti institutlarının onların fəaliyyətləri barədə informasiya ala bilmələri üçün zəruri tədbirlər görürlər.
3. Hesabatlılığın təmin edilməsi
Hesabatlılıq dövlət orqanları və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədini daşıyır. Dövlət orqanları öz fəaliyyətləri barədə dövri hesabatları və məlumatlan ictimaiyyətə təqdim etməlidirlər.


4. Dövlət orqanlarının fəaliyyətinə nəzarət
Bütün dövlət orqanları korrupsiyaya qarşı mübarizə məqsədilə öz tabeliklərində olan qurumlar üzərində səmərəli nəzarəti həyata keçirməlidirlər.
5. Korrupsiyanın qarşısının alınması və korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət
Korrupsiyaya qarşı mübarizə yalnız korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyətə cəlb etməklə deyil, həmçinin korrupsiyaya şərait yaradan halların müəyyən edilməsi, təhlili, aradan qaldırılması və qabaqlayıcı tədbirlər vasitəsilə həyata keçirilməlidir.
6. Düzgün idarəçilik
Dövlət orqanları fəaliyyətlərini həyata keçirmək üçün məqsədyönlü və səmərəli tədbirlər görməli və qarşılarında duran vəzifələrin yerinə yetirilməsi üçün lazımi bacarıqlara və çevikliyə malik olmalıdırlar.
7. Korrupsiyaya qarşı maarifləndirmə və əməkdaşlıq
Korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün ictimaiyyətin maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilməli, digər ölkələrin təcrübəsindən istifadə olunmalı, beynəlxalq təşəbbüslərdə iştirak edilməli, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları, özəl sektor, kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla əməkdaşlıq edilməlidir.
III. MİLLİ STRATEGİYA ÜZRƏ TƏDBİRLƏR
Milli Strategiya şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə aşağıdakı sahələrdə tədbirləri nəzərdə tutur:
1. Qanunvericiliyin təkmilləşdirilməsi
BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının, Avropa Şurasının korrupsiya ilə əlaqədar cinayət və mülki-hüquqi məsuliyyət haqqında konvensiyalarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinə tam implementasiyası üçün tədbirlər davam etdiriləcəkdir.

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə bir sıra normativ hüquqi aktların, o cümlədən hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının qarşısının alınması, maraqlar toqquşmasının qarşısının alınması, siyasi partiyaların maliyyələşməsində şəffaflığın artırılması ilə bağlı layihələrin və Fəaliyyət Planında göstərilən digər qanunvericilik aktlarının layihələrinin hazırlanması nəzərdə tutulur.

Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə normativ hüquqi aktların və onların layihələrinin korrupsiyaya qarşı mübarizə nöqteyi-nəzərindən müvafiq ekspertizası həyata keçiriləcəkdir.

Qanunvericilik sahəsində şəffaflığı təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətli qanun layihələri üzrə ictimai müzakirələr təşkil ediləcəkdir. İctimai müzakirələr maraqlı tərəflərə qanunun hazırlanması prosesində iştirak etməyə imkan yaradacaq, normativ hüquqi aktların keyfiyyətinin təkmilləşdirilməsinə xidmət edəcək və qanunların tətbiqinin səmərəliliyini artıracaqdır. Vətəndaş cəmiyyəti institutlarının dövlətin və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən normativ hüquqi aktların layihələrinin hazırlanması sahəsində fəaliyyəti dəstəklənəcəkdir.

Qanunvericilik sahəsində şəffaflığı təmin etmək məqsədilə normativ hüquqi aktların vahid internet elektron bazasının təkmilləşdirilməsi, onun mütəmadi surətdə yeniləşdirilməsi üçün tədbirlər görüləcəkdir.
2. Dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti
Dövlət orqanlarının fəaliyyəti sahəsində tədbirlər həmin orqanların işinin təkmilləşdirilməsinə, onların fəaliyyətində peşəkarlığın, hesabatlılığın və şəffaflığın artırılmasına yönəlmişdir.

Dövlət orqanları qərarların qəbul edilməsi prosedurlarının dəqiq müəyyən edilməsi, ərizə və şikayətlərə baxılması işinin və qaydalarının təkmilləşdirilməsi məqsədilə tədbirlər görəcəklər.

Dövlət və yerli özünüidarə orqanları fəaliyyətləri barədə məlumatların ictimaiyyətə çatdırılması üçün illik hesabatlar tərtib edəcəklər. Hesabatlarda qulluğa qəbul və qulluqla bağlı digər məsələlər, büdcə, ərizə və şikayətlərə baxılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərlə bağlı məlumatlar əks olunacaqdır. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya hesabatların tərtib edilməsi üçün nümunəvi qaydalar hazırlayacaqdır.

Şəffaflığın və səmərəliliyin artırılması üçün dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətini əks etdirən internet səhifələrinin tərtib edilməsi işinin başa çatdırılması, ərizə və müraciətlərin elektron vasitələrlə qəbul edilməsinin təşkili nəzərdə tutulur.

Dövlət orqanlarının səlahiyyətlərinin daha dəqiq müəyyən edilməsi, həmin orqanların səlahiyyətlərində təkrarlanmaların aradan qaldırılması məqsədilə qanunvericilik və digər təşkilati tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarə orqanlarında korrupsiyaya qarşı mübarizə üzrə kompleks tədbirlər planlarının hazırlanması və onların tətbiq edilməsi, dövlət və özəl sektorda korrupsiya məsələləri ilə bağlı ixtisaslaşdırılmış tədqiqatların həyata keçirilməsi planlaşdırılır.

Milli Strategiya dövlət qulluğunun təkmilləşdirilməsini, qulluğa qəbul, vəzifədə irəliləmə, vəzifədən azad etmə,dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi,dövlət qulluğunda rotasiya sisteminin tətbiqi ilə bağlı daha şəffaf prosedurların təmin edilməsini tələb edir. Fəaliyyət Planına görə dövlət qulluğuna qəbul qaydaları və institusional mexanizmlər təkmilləşdirilməli, dövlət qulluğunun bütün sahələrində,həmçinin bələdiyyələrin aparatlarında qulluğa qəbulun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsi təmin edilməlidir. Bununla yanaşı, dövlət orqanlarında qulluğun nüfuzunun artırılması, dövlət qulluqçularının həvəsləndirmə proqramlarının həyata keçirilməsi, dövlət qulluğuna ixtisaslı və peşəkar kadrların cəlb edilməsi üçün tədbirlər həyata keçirilməsi planlaşdırılır.

Dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranışının təkmilləşdirilməsi üçün sahələr üzrə etik davranış qaydalarının qəbul edilməsi, dövlət qulluqçularının mütəmadi olaraq etik davranış məsələləri üzrə tədris və treninqlərə cəlb edilməsi, etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə tədbirlər görüləcəkdir.

Dövlət qulluqçularının peşə bacarıqlarının artırılması üçün korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar xüsusi tədris və treninq proqramlarının təşkil edilməsi nəzərdə tutulur.

Dövlət qulluqçularının maddi-texniki, sosial və maliyyə təminatının yaxşılaşdırılması üçün dövlət məvaciblərinin mərhələlərlə artırılması və digər tədbirlər həyata keçiriləcəkdir.

Korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət orqanlarında daxili nəzarət qurumlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi nəzərdə tutulur. Şəxslərin bu orqanlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılmalı və onların qərar qəbuletmə prosesi daha operativ olmalıdır. İctimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün qaynar xətlərin və qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sisteminin yaradılması, bu xətlər barədə ictimaiyyətin məlumatlandırılması üçün tədbirlər müəyyən edilir. Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsini tənzimləyən qanunvericilik bazasının gücləndirilməsi nəzərdə tutulur.

Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydalarının tətbiqi üçün müvafiq işlər görüləcəkdir.

BMT və Avropa Şurasının tövsiyələrinə və beynəlxalq təcrübəyə uyğun olaraq siyasi partiyaların maliyyə vəsaitlərinin xərclənməsində şəffaflığın artırılması və bu məqsədlə nəzarət mexanizminin müəyyən edilməsi, siyasi partiyaların maliyyələşməsinə nəzarətin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaqdır.


  1. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, onun Katibliyinin və işçi qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni resursların cəlb edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha səmərəli mexanizmlərinin müəyyən edilməsi, onların iş təcrübəsinin ümumiləşdirilməsi, korrupsiya cinayətləri barədə vahid informasiya bazasının yaradılması, cinayət təqibini həyata keçirən orqanlar arasında daha çevik informasiya mübadiləsi təmin ediləcəkdir.

Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər hüquq mühafizə orqanlarının müvafiq əməkdaşlarının korrupsiya cinayətlərinin aşkar edilməsi, istintaqı və ittihamı üzrə ixtisaslarının artırılması üçün tədbirlər görüləcəkdir. Korrupsiya cinayətlərinin aşkar edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin tətbiqi təkmilləşəcəkdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanların səmərəli surətdə fəaliyyət göstərməsi üçün bu orqanların müstəqilliyinin təmini və heç bir təsirə məruz qalmaması üçün əlavə tədbirlər görüləcəkdir.

Korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış orqanlar öz fəaliyyətlərini ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri ilə əlaqəli şəkildə quracaqlar. Korrupsiyaya qarşı mübarizə aparan orqanlara ictimai etimadın güclənməsi üçün onların işi mümkün qədər şəffaf qurulmalıdır.

Hüquq mühafizə orqanları əməkdaşlarının yüksək dövlət məvacibi ilə təmin edilməsi korrupsiyaya qarşı mübarizədə mühüm amillərdən biridir. Bu məqsədlə hüquq mühafizə orqanlarında qulluq keçən şəxslərin dövlət məvaciblərinin mərhələlərlə artırılmasının davam etdirilməsi, onların sosial təminatının yaxşılaşdırılması üçün müvafiq tədbirlər nəzərdə tutulur.

Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün hakimlər üçün korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış təlim və tədrisin təşkil edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi təşviq ediləcəkdir. Məhkəmə qərarlarının dərc edilməsi üçün əlavə tədbirlər görüləcəkdir.

Məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Məhkəmə qərarlarının icra edilməməsi şəxslərin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməlidir.

Korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi işinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaqdır.




  1. İqtisadi sosial sahədə

İqtisadi və sosial sahədə maliyyə nəzarəti, investisiyaların təşviqi, özəlləşdirmə, dövlət satınalmaları, audit prosesində şəffaflığın artırılması, eyni zamanda rəqabət və biznes mühitinin gücləndirilməsi üçün qanunvericilik aktlarının qəbul edilməsi və inzibati tədbirlərin görülməsi nəzərdə tutulur. Lisenziyaların və icazələrin verilməsi, vergi, gömrük, təhsil və səhiyyə sahələrində islahatlar bu tədbirlərin tərkib hissəsidir.

Ədalətli rəqabətin təmin edilməsi üçün müvafiq normativ hüquqi aktların qəbulu və onların səmərəli tətbiqi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur,

Özəlləşdirmə sahəsində şəffaflığın artırılması və özəlləşdirmədə nəzarətin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçiriləcəkdir.

Lisenziyaların və icazələrin verilməsində şəffaflığın artırılması, onların verilmə şərtlərinin sadələşdirilməsi, lisenziyaların və icazələrin verilməsinin elektron sisteminə keçirilməsi üçün təkliflər hazırlanacaqdır.

Dövlət satınalmaları sahəsində ədalətli rəqabətin təmin edilməsi üçün müvafiq normativ hüquqi aktların hazırlanması, bu sahədə maliyyə orqanlarının nəzarətinin artırılması, dövlət satınalmaları sahəsində qanun pozuntularına yol vermiş şəxslərin satınalmalarda iştirakının məhdudlaşdırılması, şikayətlərə təxirəsalınmadan baxılması üçün tədbirlər müəyyən edilir. Dövlət satınalmalarında şəffaflığın və peşə bacarıqlarının artırılması məqsədilə ictimaiyyətin məlumatlandırılması, internet imkanlarından istifadənin genişləndirilməsi, elektron dövlət satınalmalarının həyata keçirilməsi üçün tədbirlər görüləcək, bu sahədə çalışan mütəxəssislər üçün təlim və treninqlər təşkil olunacaqdır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalardan əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə milli qanunvericiliyin BMT və Avropa Şurasının bu sahədə konvensiyalarına və Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) tövsiyələrinə uyğun olaraq təkmilləşdirilməsi, institusional mexanizmlərin möhkəmləndirilməsi nəzərdə tutulur.

Təsərrüfat subyektləri arasında maliyyə əməliyyatlarının və hesablaşmaların şəffaflığının təmin edilməsi məqsədilə mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalarda nağdsız ödəmələrin həcminin artırılması üçün tədbirlər müəyyən edilir.

Audit xidmətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq audit standartlarının tam tətbiqinə keçilməsi, daxili audit xidmətinin və auditorların fəaliyyətinə dair nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdə tutulur.

Audit təşkilatlarının korrupsiyaya qarşı mübarizə aparan orqanlarla əməkdaşlığının gücləndirilməsi və onların korrupsiyaya qarşı mübarizə sahəsində məsuliyyətlərinin artırılması sahəsində tədbirlər həyata keçiriləcəkdir.

Vergi və gömrük işinin təkmilləşdirilməsi məqsədilə vergi və gömrük rüsumları qaydalarının sadələşdirilməsi, gömrük və vergi orqanlarının qərarlarından verilən şikayətlərə baxılması işinin təkmilləşdirilməsi, vergi ödəyicilərinin zəruri məlumatlarla təmin edilməsinin asanlaşdırılması üçün tədbirlər müəyyən edilir.

Gömrük prosedurlarının səmərəliliyinin və şəffaflığının artırılması məqsədilə gömrük məntəqələrində normativ hüquqi aktlar, gömrük rüsum və tarifləri barədə məlumat xidmətlərinin yaradılması, gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması, gömrük ödənişlərində nağdsız ödəniş sisteminə keçilməsi üçün tədbirlər planlaşdırılır.

Maliyyə nəzarəti sahəsində qanunvericiliyin və maliyyə nəzarətini həyata keçirən orqanların işinin, maliyyə nəzarəti prosedurlarını tənzimləyən normaların təkmilləşdirilməsi üçün tədbirlər həyata keçiriləcəkdir. Maliyyə nəzarəti orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə dövri məruzələrin tərtib edilməsi davam etdiriləcəkdir. Yerli büdcənin icrasına nəzarət mexanizmlərinin və prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulur.

Büdcə sisteminin qanunvericilik bazasının və büdcə təsnifatının təkmilləşdirilməsi, həmçinin yerli özünüidarə orqanlarının vəsaitlərinin formalaşması və təyinatı üzrə xərclənməsi prosesində şəffaflığın təmin edilməsi üçün tədbirlər həyata keçiriləcəkdir.

Təhsil və səhiyyə sahələrində tədbirlər sırasına müəllimlərin və həkimlərin statusuna dair təkliflərin hazırlanması, müəllimlərin və həkimlərin işə qəbulunun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsinin təmin edilməsi, müəllimlərin və həkimlərin etik davranış qaydalarının qəbul edilməsi, müəllimlərin və həkimlərin maaşlarının artırılması və sosial təminatının gücləndirilməsi tədbirləri daxildir.
5. Maarifləndirmə
Korrupsiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında maarifləndirmə işi davam etdiriləcəkdir. Vətəndaş cəmiyyəti institutlarının, özəl sektorun və kütləvi informasiya vasitələrinin maarifləndirmə işinə cəlb olunması dəstəklənəcəkdir.
6. Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq
Vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri və özəl sektor Fəaliyyət Planının icrası üzrə tərəfdaş kimi müəyyən edilirlər.

Korrupsiyaya qarşı mübarizə aparan orqanlar Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq qurumlar və xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı daha da genişləndirəcəklər.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə