Şahın yaxın həmdəmi artıq yalnız vəzirdi, Hər ikisi at çapıb, ovlaqda ov gəzirdi




Yüklə 17.12 Kb.
tarix22.04.2016
ölçüsü17.12 Kb.
Nizami Gəncəvi
Nuşirəvanla vəziri və bayquşların söhbəti
Nuşirəvan qoşunla çıxmışdı bir gün ova,

Ayrıldı dəstəsindən atla ov qova-qova.

Şahın yaxın həmdəmi artıq yalnız vəzirdi,

Hər ikisi at çapıb, ovlaqda ov gəzirdi.

Çatdı düşmən qəlbi tək viranə bir yurda şah,

Tapardı axtardığı hər şikarı burda şah.

İki bayquş səs-səsə verərək ulayırdı,

Qəlbləri şah qəlbi tək nəsə “arzulayırdı”.

Şah soruşdu vəzirdən: “Nə danışır bu quşlar?

Bir-birinə nə deyir, nə söyləyir bayquşlar?”

Vəzir cavab verdi ki: “Zamana şahsan özün,

Hər hikmətdən, hər sirdən çoxdan agahsan özün.

Səsləri nə müsibət, fəlakət salmır yada?

Nigah –kəbin, cer-cehiz söhbəti var arada.

Bu quş onun oğluna ərə verir qızını,

İndi başlıq istəyir işə salıb ağzını:

Bu xaraba kənd nədir, bir qıza azdır”, - deyir.

Kəbin haqqı” bir neçə xaraba yazdır”, - deyir.

Elçi gələn quş deyir: “Şərikəm hər sözünə,

Şahın zülmkarlığı bəllidir yer üzünə.

Qanlar tökən görürəm şahı gündə yenə mən.

Yüz min belə xaraba kənd verərəm sənə mən”.

Bu sözlər atəş kimi yandırdı, yaxdı şahı,

Elə fəqan qopardı göylərə qalxdı ahı.

Ağladı, ikiəlli qapaz saldı başına,

Nahaq qanlar zalımı qərq edər göz yaşına,

Zülmünü yada salıb, dişlədi barmağını:

Quşlar da eşidibdir zülmünün sorağını.



Var üçün insan nəsli bu obadan silindi.

Toyuq qaqqılladqyırdı, bayquş ulayır indi.

Dünyaya uçmuşam ki, qəflətdəyəm hələ mən.

Peşman-peşman başıma gərək döyəm hələ mən.

El varını soymuşam, xalqa divan tutmuşam,

Ölməyi, son mənzili büsbütün unutmuşam.

Talan, qarət dalınca haçanacan qaçım mən,

Əməlimlə, başıma olmaz oyun açım mən?

Şahlığı, məmləkəti tanrı verib baxtıma.

El nifrət yağdırmasın qoy tacıma, taxtıma.

Mis deyil, qızıl sikkə nəsib olub adıma.

Bu qədər haqsızlıqla haqq çatarmı dadıma?!

Zülmkar tək tanınım eldə, obada niyə?

Ömrü zülmkarlıqla verim mən bada, niyə?

İndən belə qəlbimdə mərhəmət olsun gərək,

Tanrıya, ya özümə bir hörmət olsun gərək.

Haqsızlığın həddini lap aşmışam daha mən,

El gözündə dönəcəm ən yaramaz şaha mən.

Yanmalıyam, yanmalı, gör kimə yanır qəlbim?!

Qiyamətdə yanacaq qəlbimə yanır qəlbim.

Qılıncımla elləri biçməyim bəsdi daha,

Alçaldıb, insan qanı içməyim bəsdir daha.

Talançıyam, fəxr edib əyəcəyəm özümü?

Qiyamətdə sorsalar, döyəcəyəm gözümü.

Xəcalətəm, mümkünmü daha şadlana qəlbim,

Daşqəlbliyəm, mümkünmü dönməsin qana qəlbim?

Qaxıncam, nalə, fəryad qopardığım budur, bu!

Qiyamətə özümlə apardığım budur, bu!

Öz köhlənim özümü tapdayacaq orada,

Can zülmün cəzasına tablayacaq orada?

Saysız xəznə yığmışdı qılıncının zoruna,

Ondan Samla Firidun nə apardı goruna?

Dünyaca var – dövlətim sayılarmı dünyada?

Dünyadan apardığım bir şey varmı dünyada?”

Şah bir odlu məşəldi, yandı yalı köhlənin,

Nəfəsindən əridi polad nalı köhlənin.

Şahanə dəbdəbəylə sarayına yetişdi,

Şəfqətilə hamının harayına yetişdi.

Biryolluq qələm çəkdi bac- xəracın üstündən,

Son qoydu haqsızlığa, ellər çıxdı pis gündən.

Ədalət göstərərək atdı sitəmkarlığı,

Ömürlük arzusuydu elin bəxtiyarlığı.

Taleyin imtahanı canını alan oldu,

Ədalətli dünyada əbədi qalan oldu.

Ülviyyət aləmində yenə də şahdır özü,

Şan – şöhrət sikkəsinə yazıldı “adil” sözü.

Bəxtiyar hökümdardı, tarixdə qaldı adı,

Kim ki adil şah oldu, belə ucaldı adı.
****


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə