Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi




Yüklə 142.28 Kb.
səhifə3/3
tarix26.04.2016
ölçüsü142.28 Kb.
1   2   3

Tamamilə aydındır ki, vahid Azərbaycan Səfəvilər dövlətinin yaradılması ölkənin siyasi inkişafına kömək etməklə yanaşı, həm də iqtisadi dirçəlişə səbəb olmuşdu. Vahid sosial-tarixi və siyasi orqanizmin əhalisinin etnik tərkibinin müxtəlifliyi imperiya hüdudlarında onlarca millətin yaranmasına yalnız imkan vermişdi. Bu imkanın gerçəkləşdirilməsi üçün, təkcə etnik yox, digər amillərin - ən başlıcası iqtisadi və siyasi amillərin təsiri zəruri idi. Məhz bu amillər Azərbaycan xalqının formalaşması üçün baza olmuşdur. 


Bir sıra tarixçilər haqlı olaraq, Azərbaycanın və azərbaycanlıların bütün orta əsrlər dövründə ən güclü etnosiyasi amil kimi tarix səhnəsinə çıxmasını Səfəvilər dövlətinin mövcud olduğu mərhələyə aid edirlər. Azərbaycan türklərinin Yaxın və Orta Şərqdə gedən siyasi proseslərə təsiri o dərəcədə hissedilən idi ki, bunu hətta ən bədbin meyilli tədqiqatçılar belə inkar edə bilməmişlər. 


Səfəvilər dövləti yarandığı gündən qısa müddət ərzində bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilmişdi. Özü də xalqın obrazı və siyasətin mahiyyəti mövcud geosiyasi reallıqlar və digər ölkələrlə münasibətlərin xarakteri ilə müəyyən olunurdu. Şah İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyi Azərbaycan türklərinin dünyagörüşünün təkamülünə, o cümlədən öz-özünü və etnosiyasi məkanın formalaşmasında rolunu yenidən qiymətləndirməyə kömək etmişdi. Bu, Şah İsmayılın müasirlərinə, eləcə də gələcək nəsillərə həm dövlət suverenliyi və müstəqilliyini, həm də ideoloji suverenlik və müstəqilliyi möhkəmlətmək uğrunda mübarizənin zəruriliyini dərk etməyə imkan yaratmışdı. Onun dövründə Azərbaycan türklərinin baxış, təsəvvür, dəyər, birlik sistemi, maraq prioritetləri formalaşmağa başlamışdı. Azərbaycan təkcə müstəqil dövlət deyildi, həm də orta əsrlər dünyasının sosiomədəni və mədəni strukturunun müstəqil subyekti idi.

 
Təəssüf ki, indiyə qədər də Səfəvilər sülaləsinin ərəb əsilli olmasını sübut etməyə cəhdlər göstərilir. Bunun üçün vaxtilə səfəvi ideoloqları tərəfindən ortaya atılmış müxtəlif ideyalardan istifadə olunur. Bunların da ən başlıcası Səfəvilər sülaləsinin kökünün şiə imamlarına gedib çıxması, yəni türk yox, ərəb əsilli olması barədə versiyadır. Bir sıra hallarda Şah İsmayılın özü də sərkərdə, uzaqgörən dövlət xadimi kimi yetişməsində böyük rolu olmuş xilaskarları və tərbiyəçilərinin lap uşaq vaxtlarından ona təlqin etdikləri bu versiyaya müraciət etmişdir. Lakin sülalənin tarixinin daha dərin tədqiqi sübut etdi ki, bu qəbildən olan fikirlər ideoloji- konyunktura xarakteri, siyasi xarakter daşımışdır və məqsəd böyük xalq kütlələrini vahid mərkəz ətrafında birləşdirmək idi. Həqiqətən də, strateji məqsədlərə nail olmaq üçün birləşdirici ideya lazım idi. Şiəlik təriqəti (ərəb dilində “şiə” tərəfdarlar, partiya mənasını verir) Azərbaycan qızılbaşlarının doktrinası olaraq bu rolu öz üzərinə götürmüşdü. 

Səfəvilərin mənəvi rəhbəri olan Şah İsmayıl dövləti fəaliyyətində dini ideologiyadan daha çox siyasi doktrinaya əməl edirdi. Şiə-qızılbaş hərəkatının beşiyi olan Azərbaycanda sünnilərin çoxluq təşkil etməsinə baxmayaraq, Şah İsmayıl və onun varisləri mötədil şiə idilər və qızılbaş hərəkatındakı qatı şiələrin yaydıqları baxışlarla razı deyildilər.

 
XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatının görkəmli nümayəndəsi, yazıçı, alim, ictimai xadim və ideoloq Əhməd bəy Ağaoğlunun (1869-1939) “İran və inqilabı” əsərində bu məsələyə aydınlıq gətirilir: “Fəqət bu sülalənin zəncirləmə təhriki ilə İmam Rzaya bağlanması həqiqətdirmi? – zənn etmirik. Şərqdə sülalələri qədim və nəcabətli hesab olunan əsillərə bağlamaq bir adətdir. Məsələn, Qacar ailəsinin əsli-nəcabəti hər kəsə məlum ikən bir sıra düyünlərlə ta Daraya qədər çıxarılır. Məhəmmədin əcdadı məlum ikən İbrahimə qədər götürülür. İnsanların nəzərində qədimlik daim bir şərəf və nəcabət əlaməti olmuşdur. 

Səfəvilərin türk və Ağqoyunlu tayfasına mənsub olmalarına şübhə edilməz. Bunlara ilk əvvəl ağqoyunluların yerləşdiyi sahədə təsadüf edirik. Sonra, bunlar ilk zamanlar yalnız türkcə danışırlar. Ərəbcə və farsca danışdıqlarına dair əlimizdə heç bir dəlil yoxdur. 


... Fəqət İsmayılın özünün İmam Rzaya bağlanmasını dəstəkləməsinə də şübhə edilməz. Bu təşəbbüs onun quracağı sistem ilə irəli sürəcəyi iddia üçün çox lazımdı. Ələvilər “Ricəti Əli Mühəmmədə”, İmam Rzanın kiçik nəvəsi olan Mehdinin zühuruna intizar etmirlərmi? İştə, Şah İsmayıl özü tam bu Mehdidir. İranın fars əhalisinin nəzərində bu nə qədər qiymətli bir alətdir! Yuxarıda gördük ki, Şah İsmayılın cəddi Şeyx Səfiəddin Gilan və Mazandaran şeyxləri ilə əlaqə və münasibətdə olmuş və Şah İsmayıl özü də düşmənlərdən qaçarkən Gilana sığınmışdı. İndi onun zühuru bura xalqında nə qədər ümidlər oyandırmış olacaqdı” (Ə.Ağaoğlu. İran və inqilabı. Bakı, 2009, səh. 36-37).


Qızılbaş hərəkatı öz sıralarına tərəfdarlar cəlb etmək məqsədi ilə əhalinin böyük əksəriyyəti tərəfindən razılıqla qarşılanan ideyadan istifadə etmişdir. O vaxt şiəlik əhalinin yoxsul təbəqələri arasında yayılmışdı. İ.P.Petruşevski yazır ki, “Belə vəziyyətdə Şah İsmayıl bir sıra ölkələri öz hüdudlarına daxil edən böyük şiə məmləkəti yaratmağa çalışan ardıcıllarının istəyini dəstəkləmək məcburiyyətində qalırdı” (И.П.Петрушевский. Азербайджан в XVI-XVII вв., стр.288).


V.F.Minorski yazır ki, Şah İsmayılın şeirlər toplusu erkən Səfəvilərin sirli bidətinə açar ola bilər. “Bu dinamik, zahirən mistik görünən dini ideyalar bilavasitə fəaliyyətdə asanlıqla öz ifadəsini tapır. Bunlar hərəkatın zərbə qüvvəsini təşkil edən həmin ünsürlərin siyasi xəttini təmsil edirlər(O.Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti, səh 52).

V.V.Bartold sübut etmişdir ki, Səfəvilərin əcdadları heç də seyid (Məhəmməd Peyğəmbərin nəsli) olmamışlar, onların şəcərəsi sonradan səfəvi tarixçiləri tərəfindən uydurulmuşdur. Hər necə olsa, Şah İsmayılın birbaşa İmamın nəslindən olması ideyası Səfəvilər dövlətinin qurulmasında çox mühüm rol oynamışdır. Bu cür taktiki və strateji gediş sayəsində dövlət siyasəti hakimiyyət və idarəçiliyi həyata keçirmək üçün bir sıra mühüm keyfiyyətlər əldə etdi, kütlələri birləşdirə bilən yeganə səmərəli ideoloji vasitəyə çevrildi. Çox sonralar, XIX əsrin əvvəllərində, bütün Avropada milli özünüdərkin artması prosesi gedəndə xalqların çoxunun ya öz dövləti yox idi, ya da öz iradəsindən asılı olmayaraq, dövlətlərin bir hissəsi idi. Məhz o vaxt, o tarixi dövrdə dövlətlərin yaranmasında və millətlərin formalaşmasında artıq din yox, millətçilik böyük rol oynamışdır. 


Bu gün biz Tunisdə, Misirdə, Liviyada dinin yenidən müəyyən qüvvələrin hakimiyyətə gəlməsinə kömək edən çox rahat siyasi alətə çevrilməsinin şahidiyik. İndi isə bu, Suriyada tətbiq olunur.

 
Şah İsmayıl dövlətin başında durduğu bütün illərdə praqmatik olmuşdur. Bütün Azərbaycanı və İranı birləşdirməyi qarşısına məqsəd qoyan Şah İsmayıl lap əvvəldən türk tayfalarının hərbi dəstəyinə arxalanırdı. Türk əsilli olması ona Azərbaycan türklərinin Əfşar, Qacar, Ustac, Şamlu və digər tayfalarının dəstəyi və köməyindən bəhrələnməyə imkan vermişdi. Bu tayfalar Şah İsmayılı özlərinin əsl başçısı sayırdılar. 


Səfəvilərin hakimiyyətini möhkəmləndirən bu cür siyasət nəinki digər ölkələri regional ekspansiyadan çəkindirir, hətta Osmanlı imperiyasının daxili sabitliyinə ciddi təhdid yaradırdı. Müasirlərinin sözlərinə görə, Şah İsmayıl klan və tayfa başçılarının əhval-ruhiyyəsi və maraqlarından məharətlə istifadə edir, tez-tez onların türk düşüncəsini xatırladırdı. Məhz dövlət maraqlarını dərk etməsi, onu fəaliyyətə sövq edir və bu prosesdə həmin maraqlar həyata keçirilirdi. Şah İsmayılın xalqın və dövlətin həyatının bütün tərəflərini əhatə edən fəaliyyəti xalqın öz köklərini dərk etməsinə, dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına kömək edirdi. Prinsipcə bu, suverenliyini və müstəqilliyini yenicə qazanmış dövlətdə qanunauyğun haldır. Lakin dağınıq cəmiyyəti vahid ideya ətrafında birləşdirmək üçün lider dühası tələb olunur.

 
Şah İsmayılın strateji məqsədi dövlət maraqlarını müdafiə etmək idi. Dövlətin ərazisinin yeni torpaqlar hesabına genişlənməsinə, Azərbaycan dövlətinin keyfiyyətcə yeni xarakter almasına baxmayaraq, yeni türk əyaləti deyil, öz xüsusi məqsəd və maraqları olan imperiya yaradılmışdı. Bu, vahid, mərkəzləşdirilmiş, öz etnik tarixi, ərazisi və ideologiyası, bütün zəruri dövlət atributları olan Azərbaycan dövləti idi və təsir dairəsi uğrunda rəqabət aparan qonşularla münasibətlərdə özünü göstərməyə bilməzdi.

 
Qızılbaş ordusunun Yaxın Şərqdə sürətli irəliləyişini cəsarətlə Şah İsmayıl Xətainin uzağa hesablanmış planları üçün ilkin zəmini kimi qiymətləndirmək olar. Əbəs yerə deyil ki, qızılbaşların təbliğat maşını onun ətrafında şiə müsəlmanların nicatı, göylərin elçisi, sünniliyin dayağının - Osmanlı imperiyasının zülmündən qurtaran xilaskar obrazı yaradırdılar. 


Bu ideoloji kontekstdə Osmanlı imperiyasının əsas rəqib kimi seçilməsi heç də təsadüfi deyildi. Səfəvilər çox gözəl başa düşürdülər ki, Yaxın Şərqdə nüfuz uğrunda mübarizədə sultan Türkiyəsi ilə toqquşma qaçılmazdır. Yalnız bircə sual qalırdı – “nə vaxt?”. I Səlimin atası II Bəyazidin hakimiyyəti dövründə (1481-1512) tərəflər, müxtəlif təxribatlar istisna edilməklə, açıq toqquşmalardan yayınmağa müvəffəq ola bilirdilər. Döyüş meydanında onlar yalnız 1512-ci ildə, artıq Səlimin vaxtında üz-üzə gəldilər.


Bunu qabaqcadan duyan Şah İsmayıl Orta Asiya istiqamətində Şeybanilər dövlətinə qarşı hərbi əməliyyata başladı və bu yolla Osmanlı Türkiyəsi ilə toqquşma ərəfəsində imperiyanın arxadan təhlükəsizliyini təmin etdi. 


Həmin vaxt bu iki türk fövqəldövlətinin Yaxın Şərqdə ciddi geosiyasi, ideoloji və iqtisadi maraqları var idi. İki türk imperiyasının toqquşmasını şiələr və sünnilər arasında din müharibəsi hesab edənlər kökündən yanılırlar. Həm Səfəvilər imperiyasının, həm də Osmanlı imperiyasının son məqsədi yeganə dünya dövləti olmaq idi. Bunun üçün dünya müsəlmanlarının iki əsas müqəddəs mərkəzi olan Məkkə və Mədinənin yerləşdiyi Hicazı ələ keçirmək lazım idi. Bu strateji məqsədə can atılması Çaldıran döyüşündən sonra müşahidə olunan proseslərdə də öz təsdiqini tapır. Belə ki, Osmanlı sultanı I Səlim Səfəvilər üzərində qələbə çalandan sonra, əsas qüvvələri Ərəbistan yarımadası istiqamətinə göndərmişdi. 1516-cı ildə Məmlükləri məğlub edəndən sonra o, Misiri, daha sonra Hicazın yerləşdiyi müasir Səudiyyə Ərəbistanının ərazisini istila edir. Səlim 1518-ci ildə, Məkkəni tutduqdan sonra bir vaxt monqollar tərəfindən tar-mar edilmiş Xilafətin qalıqlarını ləğv edir və özünü bütün mömin müsəlmanların xəlifəsi elan edir. Nəticədə xəlifə titulu Osmanlı sultanlarına keçir, xilafətin mərkəzi isə İstanbula köçürülür. Mərkəz yalnız XX əsrin əvvəlində Osmanlı imperiyası dağılandan sonra əhəmiyyətini itirir. 

Sultanı xəlifə kimi qəbul etməkdən qəti boyun qaçıran yeganə qüvvə hətta Şah İsmayılın ölümündən sonra da şiə ideologiyasına sadiq qalan Səfəvilər idi. Bu fakt qızılbaş ideoloqlarının son anadək Məkkəni tutmaq və bununla da bütün müsəlman dünyası üzərində öz legitimliyini bərqərar və təsbit etmək ümidlərini itirmədiklərini sübut edir.

 
Buna nail olmağa və öz dövlətçiliyini qorumağa çalışan qatı şiələr sünniliklə bağlı istənilən meyilləri beşikdəcə boğurdular. Səfəvi sarayında ənənəvi hörmət və ehtiram göstərilən rəssamlar, şairlər, alimlər də bağışlanmırdı. Böyük Azərbaycan rəssamı və xəttatı Mir İmadın (1553-1615) faciəli taleyi Səfəvi sultanlarının prinsipial mövqeyinin kədərli və qanlı nümunəsidir. Qatı qızılbaş ideoloqları Şah İsmayıl Xətainin Azərbaycan torpaqlarını birləşdirmək məqsədi ilə bir vaxtlar ideya-siyasi platforma qismində istifadə etdiyi şiəliyə əsas ideoloji silah kimi baxaraq sonadək mübarizə aparmaq əzmində idilər.

 
İndi, üstündən beş yüz il keçəndən sonra, 1514-cü ildə Çaldıran döyüşünə gətirib çıxaran səbəbləri və işləri başa düşmək bizə daha asandır. Həmin münaqişə təkcə siyasi, iqtisadi və sosial maraqlar deyil, iddialı məqsədlər zəminində yaranmışdı. Osmanlı və Səfəvi dövlətləri arasında özünün geosiyasi və geoiqtisadi kulminasiya nöqtəsinə çatan rəqabət tam qarşıdurma forması almışdı. Təəssüf ki, dövlət maraqları ilə birlikdə rəqabətin bu cür kəskinliyi vahid coğrafi məkanda inkişaf edən bu iki türk imperiyasının ifrat qütbləşməsinə gətirib çıxardı və onları uzunsürən, üzücü müharibələrə sürüklədi. Bu müharibədə dövlət başçılarından hansının günahkar olmasında israr edərkən son dərəcə ehtiyatlı olmaq lazımdır. Çox güman ki, “günahkar” ortaya çıxan rəqabətdir. Bu, elə bir vaxt idi ki, dövlətlər arasında geosiyasi rəqabəti dinc vasitələrlə, danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etmək mümkün deyildi.

 
Onu da nəzərə almaq vacibdir ki, burada hər bir dövlətin, hətta hər bir siyasi qurumun (nəsil, tayfa, orda) öz geosiyasi sərhədlərini qonşuları hesabına durmadan genişləndirdiyi dövrdən söhbət gedir. Bu isə güclü rəqiblərlə toqquşmalara səbəb olurdu. Sərhədlər yalnız bu cür tarazlıq nəticəsində bu və ya digər dəqiqliklə müəyyən edilirdi, lakin həmişə mübahisəli olur, həmişə dəyişilirdi. Məhz bu səbəbdən siyasi qurumların hərbi münaqişəsi kimi müharibə fenomeni bəşər tarixində barışıqdan daha çox olmuşdur. Müharibə məsələlərində ən böyük mütəxəssislərdən biri olan Karl fon Klauzevisin sözlərini dəyişərək deyə bilərik ki, heç kim müharibə ilə nəyə və müharibənin özündə nəyə nail olacağını düşünmədən müharibəyə başlamır. Burada birincisi – müharibənin məqsədidir, sonuncusu – müharibənin qarşısında qoyulan məqsəddir. 

Ən yeni tarix göstərdi ki, hətta uzunmüddətli sülh dövrlərində də unutmaq olmaz ki, bu, yalnız rəqabətdə olan qüvvələrin tarazlığının nəticəsidir. Buradan belə bir qənaətə gəlmək olar ki, dövlətin sərhədləri statik formalar deyil, maraqların kəsişdiyi, daxili və xarici təzyiqlərin tarazlığa gətirildiyi güc xətləridir. Bu tarazlıq pozulanda dövlətin ərazicə genişlənməsi, kiçilməsi, yaxud məhvi baş verir. 


Səfəvi-Osmanlı münasibətlərinin kəskinləşməsinə digər amil – Qərbi Avropa ölkələrinin türk imperiyalarını bir-biri ilə salışdırmağa yönələn siyasəti də təsir göstərmişdir. Hər şey son dərəcə sadədir – Qərb diplomatiyası öz ölkələrini təhlükədən qorumaq üçün I Səlimin müsəlman Şərqində hökmranlığı ələ keçirmək istəyindən bəhrələnmiş və proseslərin gedişini vaxtında öz xeyrinə yönəldərək, Şah İsmayılın xarici siyasətdəki oxşar cəhdlərindən öz maraqları naminə istifadə etmişdir. Bütün dünya tarixi göstərir ki, beynəlxalq siyasətdə fəal rol oynayan dövlətlər – Osmanlı və Səfəvi imperiyaları isə o vaxt öz fəallıqlarının zirvəsində idilər – müharibə formasındakı mütəşəkkil zorakılığa ya daim hazırlaşmış, ya cəlb olunmuş, yaxud da müharibədən sonra qüvvəsini bərpa etmişlər. Əfsuslar olsun ki, etnik birliyə baxmayaraq, iki türk imperiyasının bir-birini inkar edən maraqları var idi və Avropa bundan istifadə etmək fürsətini əldən vermədi. 

Çaldıran döyüşünün nəticələrindən asılı olmayaraq, Şah İsmayılın dühası, onun Azərbaycan xalqı qarşısındakı xidmətləri danılmazdır. O, həm mərkəzləşdirilmiş qüdrətli Azərbaycan dövləti qurmuş, həm də milli poeziyamızın, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafı üçün əlverişli şəraitin formalaşmasına imkan yaratmışdır. Onun dövrü haqlı olaraq orta əsrlərdə Ön Asiya tarixində ən mütərəqqi dövrlərdən biri sayılır. 


Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı. 


Azərbaycan hər zaman öz dini dözümlülüyü və tolerantlığı ilə seçilsə də, bu keyfiyyətlər rəsmi siyasət qismində hərtərəfli təzahürünü yalnız Şah İsmayılın hakimiyyətdə olduğu illərdə tapmışdı. Məhz vahid siyasi məkana mənsubluğun dərk edilməsinin insanlarda əmin-amanlıq və öz ölkəsinə inam hissi doğurması dövlətin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə vacib idi. 

Şah İsmayıl qızılbaşlığın vahid ideologiyasını yaratdı. Bu ideologiya bütün Azərbaycan türklərini o vaxt üçün öz ətrafında uğurla birləşdirdi və onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə saxlamağa imkan verdi. 


Şah İsmayıl səmərəli dövlət idarəetmə mexanizmi formalaşdırdı. Həm dil baxımından, həm də xarakter etibarı ilə bu yalnız türk-Azərbaycan mexanizmi idi. Nəticədə Azərbaycan dili çox böyük sayda inzibati və hərbi terminlərlə zənginləşdi.

Şah İsmayıl irsini nəzərə alaraq indi deyə bilərik ki, Kabildən Dərbəndə qədər uzanan Səfəvilər imperiyasının səciyyəvi cəhətlərindən biri təcrid olunmağı, etnik ifratçılığı, milli və dini ədavəti qəbul etməməsidir. 


Azərbaycan xalqının Şah İsmayılla təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı sərkərdə, yüksək mənəvi keyfiyyətləri hətta o vaxtlar Azərbaycana gələn Qərb diplomatlarında da heyranlıq doğuran şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə istedadı sayəsində yaranmış tarixi dövlətin varisləriyik, elə bir dövlətin ki, sonralar ərazisində bır sıra dövlətlər yaranmışdır və indi də mövcuddur.

İ.P.Petruşevski bu sübutları ümumiləşdirərək, Şah İsmayılın çox gözəl portretini yaradır. O yazır: “I Şah İsmayıl Xətainin şəxsiyyəti müasirləri tərəfindən müxtəlif cür qiymətləndirilirdi. Siyasi və dini meylindən asılı olaraq, bəziləri onun haqqında şövqlə danışır, digərləri isə ona qatı nifrət bəsləyirdilər. Belə şəraitdə müasirləri tərəfindən İsmayıla qarşı qərəzsiz münasibət gözləmək, belə bir münasibətə rast gəlmək çətindir. Lakin müasirləri onun hərbi istedadının etiraf olunmasında yekdildirlər. Tarixçi Xondəmir İsmayılın hərbi dühasını xüsusilə şişirdir… Şah İsmayılın böyük çoxtayfalı dövlət təşkil etmək uğrunda fəaliyyəti və mülki idarəçiləri seçmək bacarığı onun böyük siyasi xadim olduğunu göstərir” (И.П.Петрушевский. В книге Сборник статей по истории Азербайджана, Выпуск I, стр.242).


İndi, beş əsrdən sonra Şah İsmayılın böyük xidmətlərini (onlarsız Azərbaycanı sonrakı əsrlərdə nələr gözləyə biləcəyini söyləmək çətindir) təsdiq etmək üçün heç də hər kəs özündə cəsarət və obyektivlik tapa bilmir. Şah İsmayıl zəmanəsinin övladı idi. Bunu dərk etmək əvəzinə, Şah İsmayılda ona yaraşmayan xüsusiyyətlər axtarmaq lazım deyildir. Ən başlıcası isə o, əsl vətənpərvər idi, çox mürəkkəb, qarışıq bir vaxtda öz ölkəsini birləşdirmək və ayağa qaldırmaq üçün əlindən gələni etmişdi. Şah İsmayıl Səfəvinin timsalında biz daxili problemləri uğurla çözələyən, beynəlxalq vəziyyətdən gözəl baş çıxaran böyük dövlət lideri obrazını görürük. Sosial təcrübənin inanılmaz mürəkkəb şəraitində iti zəkasını qoruyub saxlayan, ruhdan düşməyən Şah İsmayıl hər tərəfdə siyasi hərc-mərcliyin tüğyan etdiyi bir vaxtda dövlət məsələləri, xalqın mənəvi problemləri barədə düşünür və bunları həll edir, müstəqil dövlət qurmaq ideyasını tam həyata keçirməyə ciddi hazırlaşırdı. XV əsrin sonunda feodal pərakəndəliyi vəziyyətində olan, daxili müharibələrin didib-dağıtdığı Azərbaycan, on altıncı yüzilliyin əvvəlində müsəlman Şərqində hökmranlıq üstündə qüdrətli Osmanlı imperiyası ilə uğurla rəqabət aparan dövlətə çevrilmişdi. 


Şah İsmayılın obrazı təbiətin Azərbaycan xalqına necə böyük mənəvi və fiziki potensial bəxş etməsinin nümunəsi olmuşdur və olacaqdır. Biz əcdadlarımızın böyük əməlləri ilə yalnız fəxr etməklə kifayətlənməməliyik, həm də bu keyfiyyətləri itirməmək, həyatda onların bizə yol yoldaşı olması üçün əməli fəaliyyət göstərməliyik. Bunu xüsusilə yaşlı nəsli əvəz edəcək gənclər yadda saxlamalıdırlar. Haradan qaynaqlandığından asılı olmayaraq, tariximizə edilən hücumlara layiqli cavab vermək üçün ictimai rəyi səfərbər etmək çox vacibdir. Zəngin keçmişə malik formalaşmış millət olmağımızı dünyaya yalnız bu yolla bəyan edə bilərik. 


Heç şübhəsiz, öz tarixi keçmişi kimi möhkəm bünövrəyə arxalanmayan xalqın gələcəyi ola bilməz. Xalqın keçmiş tarixinin məşhur obrazları, bu tarixdə böyük şəxsiyyətlərin quruculuq rolu milli “Mən”in təsdiqlənməsində mühüm amildir. Dünya tarixinin təcrübəsi göstərir ki, dövlət quruluşunun istənilən formasında əgər dövlət başçısı postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə, bir qayda olaraq o, xalqının həyatı və inkişafında aparıcı rol oynayır. Siyasi xaos və birliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri, dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur. Siyasi düha keyfiyyətlərinin təzahürü və əsl vətənpərvərlərin qələbəsi bu deyilmi?






1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə