Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi




Yüklə 142.28 Kb.
səhifə2/3
tarix26.04.2016
ölçüsü142.28 Kb.
1   2   3

 
Məlumdur ki, Şah İsmayıl ata xətti üzrə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən olan nüfuzlu Səfəvilər nəslinə mənsubdur. Bu nəslin banisi Şeyx Səfiəddin Ərdəbili XIII əsrdə “Səfəviyyə” sufi ordenini təsis etmiş, sonradan bu orden ciddi siyasi nüfuz qazanmışdır. Bu ordenin əvvəllər sünni olmuş nümayəndələri tədricən mötədil şiəlik məzhəbinə etiqad etməyə başlamışlar. Sonrakı dövrdə fasiləsiz siyasi mübarizənin gedişində bu məzhəb xeyli dərəcədə fanatizmə çevrilmişdir. Onu da demək lazımdır ki, bu orden yarandığı ilk vaxtlardan hakim yuxarı təbəqəyə münasibətdə müxalif mövqe tutmuşdur. 

Şah İsmayıl ana tərəfdən Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi – onun qızı Aləmşah bəyimin oğlu idi. Uzun Həsən özü Trabzon imperatoru yunan IV İohann Komninin qızı Teodora (Dəspinə) ilə evlənmişdi.

 
Sülalə nikahları əsrlər boyu sülhün və dostluğun möhkəmlənməsinə kömək etmişdir, eyni zamanda, dövlətin beynəlxalq nüfuzunun artmasının mühüm göstəricisi idi. Məhz bu səbəbdən Uzun Həsən Səfəvilər nəslinin çox böyük siyasi və sosial təsirə malik olmasını nəzərə alaraq, onlarla qohum olmağı qərara almış və öz qızını bu nəslin başçısı Şeyx Heydərə ərə vermişdi. 

Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək olmuşdur. Bəzi tədqiqatçılar Səfəvilər tarixində baş vermiş digər hadisələrə aludə olaraq, məhz bu əsas məqamı diqqətdən qaçırırlar. Görkəmli şərqşünas İ.P.Petruşevski (1898-1977) yazır: “Səfəvilərin şiəlik bayrağı altında Azərbaycanı siyasi cəhətdən birləşdirmək məqsədi daşıyan hərəkatı inkişaf edirdi” (Сборник статей по истории Азербайджана. Выпуск I, Баку, 1949, стр. 210). Bu məqsədlə İsmayılın babası Şeyx Cüneyd və atası Şeyx Heydər silahlı mübarizəyə başlamış və bu mübarizədə onlar hər ikisi həlak olmuşdu. Səfəvilərin vahid Azərbaycan dövləti yaratmaq uğrunda mübarizə cəhdlərinin qarşısı Ağqoyunlu və Şirvanşahlar sülalələrinin nümayəndələri tərəfindən müvəqqəti alınmışdı.

 
İsmayıl Səfəvi 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoymuşdur. Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş vermişdir. Əvvəlki çıxışlardan fərqli olaraq, bu dəfə hərəkat qısa müddətdə Azərbaycanın hüdudlarından kənara yayıldı. Səfəvilərin ilk çıxışlarının məqsədi yalnız Azərbaycanı birləşdirmək idisə, İsmayıl Səfəvi və onun tərəfdarları bəzi başqa ölkələri də əhatə edəcək böyük dövlət yaratmağı qərara almışdılar. Ağqoyunlu və Şirvanşah qoşunları ilə üç qanlı, lakin müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil olmuş, özünü Azərbaycanın və İranın hökmdarı elan etmişdir. Yeni və eyni zamanda, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət – Səfəvilər dövləti və ya bəzi mənbələrdə deyildiyi kimi, Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.

 
İ.P.Petruşevski Şah İsmayıl haqqında danışarkən onun istedadlı sərkərdə olmasını vəcdlə vurğulayır: “Müasirlərinin ümumi fikrinə görə o, hərbi istedada malik idi. Tarixçi Xondəmir İsmayılın hərb dühasını xüsusi tərifləyir. Tarixçi Həsən Rumlu qeyd edir ki, İsmayıl öz həyatı boyu beş böyük savaş aparmışdır: 1500-cü ildə Cabani yaxınlığında Şirvanşah Fərrux Yəsarla, 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd ilə, 1503-cü ildə Alma Qulağı yaxınlığında Sultan Murad Ağqoyunlu ilə, 1510-cu ildə Mərv yaxınlığında özbək xanı Məhəmməd Şeybani ilə və 1514-cü ildə Çaldıranda I Sultan Səlim ilə. Bu beş döyüşdən ilk dördü İsmayılın parlaq qələbəsi və onun düşmənlərinin tamamilə darmadağın edilməsi ilə nəticələnmişdir. Yalnız sonuncu savaşda İsmayıl ... ondan asılı olmayan səbəblər üzündən uduzmuş, lakin son nəticədə düşməni geri çəkilməyə məcbur edə bilmişdi”(И.П.Петрушевский. Там же. Стр.242).

 
Şah İsmayıl Səfəvinin fəaliyyəti haqqında həm Qərbdə, həm də Şərqdə, o cümlədən onun vətəni Azərbaycanda çoxlu müxtəlif kitablar və məqalələr yazılmışdır. Lakin təəssüf ki, müəlliflər heç də həmişə onun dövlətçilik xidmətlərini və uğurlarını ön plana çəkməyə, tam şəkildə və həqiqi miqyasda göstərməyə müvəffəq olmurlar. Səfəvilər dövlətinin banisi haqqında çox vaxt təhrif edilmiş obraz, dini fanatik və ya romantik şair barədə bir mif yaradılır. Bütövlükdə Səfəvilər sülaləsinin və İsmayılın etnik mənşəyini təhrif edən əsərlər də vardır.

 
Çoxlu sayda ilk mənbələrin (“Səffat əs-səfa”, “Tarix-i aləmarayi-Abbasi” və s.) və şəhadətlərin olmasına baxmayaraq, bəzi Qərb, habelə İran tarixçiləri bu gün də Şah İsmayıl Səfəvini yalnız İranın maraqları ilə bağlı şəxsiyyət kimi təqdim etmək cəhdlərindən əl çəkmirlər. Onlar Səfəvilər dövlətini İranda ərəb, türk və monqol fatehlərinin dövlətini əvəz etmiş milli İran dövləti kimi xarakterizə edirlər. Şah İsmayılın iranlıları türklərdən xilas etməyə, əzəli İran torpaqlarını birləşdirməyə və İran milli dövləti yaratmağa çalışdığı bildirilir. Hərçənd, alimlər orta əsr mənbələri əsasında sübut etmişlər ki, Şah İsmayıl heç vaxt öz qarşısına İranın siyasi və milli birliyini bərpa etmək məqsədi qoymamışdır.

 
Şah İsmayılın tarixinin gözəl bilicisi, Azərbaycan tarixçisi Oqtay Əfəndiyev çoxsaylı mənbələrə əsaslanaraq yazır: “Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi ilə, onun sonrakı etnik konsolidasiyası ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın cənub və şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş hüdudları daxilində birləşdirilməsi bu vilayətlərin keçmişə nisbətən daha sıx siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaratmışdı. Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən tərəqqiyə nail olmuşdu (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. B. 2007, s.6). 

Böyük şərqşünas, orta əsrlər dövründə Cənubi Qafqazın və İranın tarixinə dair parlaq araşdırmaların müəllifi M.F.Minorski hesab edirdi ki, Səfəvilər Qaraqoyunlular və Ağqoyunlular sülalələrinin birbaşa varisləri, onlarla çoxtərəfli qohum olmuşlar. O, ilk Səfəvi hökmdarlarının dövlətini İranda Azərbaycan dövlətinin üçüncü fazası hesab edir. Bu halda həmin dövlətin ilk iki fazası Qaraqoyunlu və Ağqoyunlu dövləti olmuşdur (Цит. по О.А. Эфендиев. Сб. Против буржуазных фальсификаторов истории и культуры Азербайджана. Под ред. А.С. Сумбатзаде. Баку, 1978, стр. 134). 


Səfəvilər sülaləsinin türk mənşəyi haqqında V.V.Bartoldun fikri ən mötəbər fikir olaraq qalır və tarixi mənbələrin yeni məlumatları ilə təsdiqlənir. Alim həmin sülalənin banisi Şeyx Səfiəddinin (1252-1324) və onun varislərinin mənşəyi ilə əlaqədar yazırdı ki, bu Ərdəbil şeyxləri, heç şübhəsiz, fars mənşəli deyil, türk mənşəli olmuşlar (В.В. Бартольд. Соч. т.II, ч.I. М. 1963, стр.748).
Səfəvilər sülaləsinin kürdlərə də heç bir aidiyyəti yoxdur, hərçənd bəzi müəlliflər bunun üçün zəruri mənbələr və ciddi dəlillər olmadığı halda bu haqda yazırlar. 
İran tarixi üzrə tanınmış mütəxəssis N.D.Mikluxo-Maklay Səfəvilər sülaləsinin etnik mənşəyi məsələsinə toxunaraq yazır: “Sonralar qızılbaşlar adlanmış bu tayfalar öz dilinə və mənşəyinə görə XV əsrdə ardıcıl surətdə Azərbaycanın və İranın böyük hissəsinin sahibi olmuş, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaratmış Azərbaycan tayfaları ilə qohum idilər (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. B. 2007, s.53.).

Sitatların çoxluğu oxucunu təəccübləndirməsin. Mən bu iqtibaslara bilərəkdən müraciət edirəm ki, şərh edilənlərin mötəbərliyinə heç kəsdə şübhə yeri qalmasın. 


Demək lazımdır ki, Səfəvilərin etnik mənşəyi barədə cəfəng mülahizələrin yayılmasına şərait yaradan odur ki, son illərdə Azərbaycan tarixşünaslığında səfəvilər mövzusunda fundamental əsərlər, demək olar yazılmır, bu isə Şah İsmayılın Azərbaycan mənşəli olması barədə heç eşitmək belə istəməyənlər üçün diskussiya meydanı yaradır.

 
Bu qədər subyektiv cəhdlərə baxmayaraq, sevindirici haldır ki, dünya şöhrətli alimlər vaxtilə gözəl əsərlər yazmışdır. Həmin əsərlərdə bütün əsas ittihamlar dəlillərlə təkzib edilir və Azərbaycan xalqının böyük oğlunun şəxsiyyəti öz həqiqi qiymətini tapır. V.V.Bartold, İ.P.Petruşevski, A.Y.Krımski, B.N.Zaxoder, V.F.Minorski kimi görkəmli şərqşünasların, rusiyalı böyük iranist N.D.Mikluxo-Maklayın, türkiyəli məşhur tarixçi F.Köprülüzadə və başqalarının səyləri sayəsində Şah İsmayıl irsi onu doğma Azərbaycandan ayırmağa yönəlmiş subyektiv şərhlərdən qorunmuşdur. Ədalət naminə, tanınmış Azərbaycan tarixçisi, Səfəvi şahlarının, o cümlədən Şah İsmayıl Səfəvinin irsinin öyrənilməsi və tanıdılması üçün çox işlər görmüş O.A.Əfəndiyevin töhfəsini də vurğulamaq lazımdır. 


İlk mənbələrdə Səfəvilər dövlətinin banisinə aid edilən çoxsaylı mülahizələr onun türklərlə və Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərir. Şübhəsiz, belə faktlardan ən məşhuru və inandırıcısı İsmayıl Səfəvinin Şirvandakı Gülüstan qalası mühasirəyə alınan vaxt dediyi sözlərdir. İsmayıl atası Şeyx Heydərin qatili, şirvanşah Fərrux Yəsar üzərində qələbədən sonra öz düşməninin qüvvələrini tamamilə darmadağın etmək üçün qoşunlarını irəlilətmişdi. Lakin Şirvan qoşunlarının qalıqları və əhalinin bir hissəsi Gülüstan qalasında mövqelərini möhkəmlədərək, İsmayılın qoşunlarına müqavimət göstərməyi qərara almışdı. Orta əsr Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi İsgəndər bəy Münşi (1560-1634) yazır ki, İsmayıl Şirvanın ən əlçatmaz istehkamlarından birini mühasirəyə aldıqdan sonra hərbi şura çağıraraq, sərkərdələrə belə bir sualla müraciət etmişdir: “Siz Azərbaycan səltənətinimi (taxtgah), yoxsa Gülüstan qalasınımı istəyirsiniz!”. 


O, mühasirənin çox üzücü olacağını başa düşərək, qalanın ətrafından keçməyi qərara almışdı, çünki əmin idi ki, Yəsarın özü həlak olandan sonra Şirvan qoşunları qısa müddətdə qüvvə toplayaraq ona ciddi müqavimət göstərə bilməyəcəkdir. İsmayıl vaxt qazanaraq, bütün Azərbaycan boyu sürətli yürüşünü mümkün qədər tezliklə qələbə ilə başa çatdırmağa çalışırdı. 


XV əsrin son rübündə ölkədəki vəziyyət dövlətin oturuşmamasını açıq-aşkar göstərirdi. Təbriz taxt-tacında sultanların tez-tez dəyişməsi (10 il ərzində 8 hökmdar), feodal çəkişmələri, sülalə müharibələri, müstəqilliyə can atan vilayət hakimləri arasında mərkəzdənqaçma əhval-ruhiyyəsinin güclənməsi, sadə xalqın yoxsul vəziyyətdə olması, əmirlər və bəylər arasında saysız-hesabsız silahlı toqquşmalarda iştirak etməkdən təngə gəlməsi və s. - İsmayıl Səfəvi və onun yaxın ətrafı ölkəni tamamilə dağılmaqdan xilas etməyi qərara alan vaxt belə bir kədərli mənzərə vardı.

 
İsmayıl Səfəvi öz vəzifəsini siyasi mərkəzi Azərbaycanda olmaqla yeni qüdrətli imperiya yaratmaqda görürdü. Onun məqsədi Azərbaycan türklərinin hakim mövqeyinin bütün səviyyələrdə öz təsdiqini tapdığı və mümkün olan bütün formalarda təzahür etdiyi ilk mərkəzləşdirilmiş dövlət yaratmaqdan ibarət idi. 
Beləliklə, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə əsas özəyini Azərbaycan türk tayfaları təşkil edən, sonrakı iki yüzillik ərzində Osmanlı dövləti ilə rəqabət aparan Səfəvilər dövlətinin yaradılması ilə başa çatdı. Hətta İran, İraq, Əfqanıstan və digər ərazilərdə müxtəlif xalqların konqlomeratı olan nəhəng imperiya yaradılandan sonra da hərbi və siyasi elita təşkil edən azərbaycanlılar dövlətin əsas dayağı statusunu qoruyub saxlamışdılar.

 
İ.P.Petruşevski çoxsaylı mənbələrə əsaslanaraq yazır: “İran, Rum, Kürdüstan və başqa ölkələrdə qızılbaşların işğalının kortəbii şəkildə yayılması onunla nəticələnmişdir ki, İsmayılın yaratdığı dövlət Azərbaycanın hüdudları ilə kifayətlənməmiş, ölkələrin və xalqların konqlomeratına çevrilmişdir. Lakin bu dövlətdə XVI əsrin lap axırlarına, I Şah Abbasın islahatlarına qədər Azərbaycan elementi ... üstün siyasi rol oynayırdı” (И.П.Петрушевский. Сборник статей по истории Азербайджана. Стр. 243).


Orta əsrlər Şərqinin böyük bilicisi B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın rolu mövzusuna toxunaraq yazırdı: “Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində olan Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqaz və İran ərazisində yaranmış geniş dövlətin özəyini təşkil edirdi. Bu dövlətə çoxlu tayfa və xalqlar daxil idi, lakin orada uzun müddət Azərbaycan feodalları üstünlük təşkil edir, ilk Səfəvilər onların hərbi gücünə arxalanırdı”. (Всемирная история. Т.IV, М. 1959, стр.558).


O.Əfəndiyev yazır ki, müasir İran tarix məktəbinin ən parlaq nümayəndələrindən biri, məşhur tarixçi Nəsrulla Fəlsəfinin etirafları da çox əlamətdardır. Səfəvilərin etnik mənşəyi barədə İranda formalaşmış ənənəvi subyektiv yanaşmanın əksinə olaraq, o, İsmayılın Azərbaycan-türk hökmdarı olmasını qətiyyətlə qəbul edir, obyektiv dəlilləri, məntiqi mühakimələri və ciddi mənbələri şovinist nəşrlərdən üstün tutur. O, öz əsərlərində İsmayılın istər sarayda, istərsə də ədəbi mühitdə türk, yəni Azərbaycan dilinin mövqeyinin möhkəmlənməsinə çox böyük qayğı göstərməsi faktına xüsusi diqqət yetirir. O yazır: “Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd peyğəmbərin nəslindən olan – O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin – O.Ə.) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi... Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi... Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı”. O, daha sonra yazır: “Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə tutur, onları (iranlıları – O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar” (O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. 2007, s.34-35).

 
Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan “Dəhnamə” (“On məktub”) poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayır və beləliklə, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. Bununla bağlı İ.P.Petruşevskinin bir fikrini xatırlatmaq istərdim. O yazırdı: “Aldığı tərbiyəyə və maraqlarına görə İsmayıl qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi. Xətai təxəllüsü götürmüş İsmayıl öz vaxtının tanınmış şairi idi, özündən sonra şeirlər toplusu (divan) qoyub getmişdir. Diqqətəlayiq cəhət həm də odur ki, şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca danışırdılar (Петрушевский И.П. В книге Сборник статей по истории Азербайджана. Стр. 242-243). 
Şah İsmayıl Şərq tarixində görkəmli sərkərdə və dövlət xadimi kimi tanınırdısa, Azərbaycan klassik poeziyası xəzinəsində Xətai təxəllüslü şair kimi də şərəfli yeri vardır. Heç də təsadüfi deyil ki, Şah İsmayıl Xətai indiyədək yeddi böyük ələvi şairindən biri sayılır.

 
Ana dilinə qayğı və məhəbbətlə yanaşmağın vacibliyi İsmayılın vəsiyyətində də əksini tapmışdır: “Mən həmişə doğma torpağın bir parçasını qızıldan, ana dilinin bir sözünü ləl-cavahirdən üstün tutmuşam. Qısa ömrümdə sizin üçün nə bacardım elədim. Əldə qılınc qələbələr qazanaraq, parçalanmış Vətəni birləşdirməyə çalışdım” (“Xətaişünaslığa töhfə”. Tərtibçi: Axund Hacı Soltan Hüseynoğlu. II kitab, Bakı, 1998, səh.2).

 
Məxəzlərdə göstərildiyi kimi, artıq XIII-XIV əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti Azərbaycan dilində danışırdı. Təkcə Kürün cənubunda deyil, ondan şimalda - Şirvanda da Azərbaycan dili üstünlük təşkil edirdi. O dövrdə Azərbaycanda olmuş italyan müəllifləri də bu barədə kifayət qədər məlumat verirlər. 

XIII-XIV əsrlərdə Azərbaycan dilinin mədəni rolu xeyli artmışdı. Tanınmış şərqşünasların fikrinə görə, Azərbaycan dili İranın, İraqın, qismən də Kiçik Asiya regionunun müxtəlif tayfalardan ibarət türkdilli əhalisi üçün ədəbi dilə çevrildi. Azərbaycanın hüdudlarından kənarda yaşayan şairlər Nur Həsən, Qazi Bürhanəddin (Sivasi) və digərləri Azərbaycan dilində yazırdılar. XV əsrdə Azərbaycan dili beynəlxalq əhəmiyyətini hələ saxlayırdı. Dövlətin paytaxtı Təbriz isə Mançester Universitetinin professoru K.E.Bosvortun yazdığı kimi, təbiət elmlərinə xüsusi önəm verilən böyük mərkəz idi(“Мусульманские династии”. Наука. М., 1971 г.).


O vaxtın azərbaycandilli əhalisinin şair Həbibi, Sururi, Tüfeyli, miniatürçü rəssam, Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd kimi təhsil görmüş hissəsinin məhz İsmayılın ətrafına yığılması tarixi faktdır. Şah İsmayıl Azərbaycan türkləri içərisindən çıxmış elmli adamları öz ətrafında birləşdirməklə dövlətçiliyin elmi və yaradıcı potensialını formalaşdırırdı. O vaxt olduğu kimi, bu gün də köhnəni qoruyanlar, eyni zamanda, yenilik yaradanlar intellektuallardır. Mədəniyyətdə həmişə gələcək inkişaf üçün müxtəlif təməllər qoyulur. Bunlar müasirlərin gözünə görünməyə, onların diqqətini çəkməyə bilər, lakin bunlar gələcək nəsillər naminə dövlətçiliyin xüsusi qatını təşkil edir.

 
Beləliklə, Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Azərbaycan şairlərinin başqa dillərdə yazıb-yaratması ənənəsinə birdəfəlik son qoyuldu. Müasirlərinin dediyinə görə, Şərq miniatür sənətinin inkişafının ən parlaq zirvələrindən biri məhz həmin dövrə təsadüf edir. Elm, sənət xiridarı olan Xətainin sarayında yaradıcılıq üçün əlverişli şəraitdə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə böyük rəssam Behzad, habelə bir çox digər istedadlı heykəltəraş, xəttat, musiqiçi yaşayırdı. Hətta məşum Çaldıran döyüşü ərəfəsində belə Şah İsmayıl ilk növbədə, istedadlı rəssam və alimlərə qayğı göstərir, onları təhlükəsiz yerdə gizlətməyi, qorumağı əmr edirdi.

 
Şah İsmayılın bütün fəaliyyəti kimi, dini dözümlülüyü (xüsusən də ölkənin daxilində olan xristianlara münasibətdə), eləcə də Avropanın xristian ölkələri ilə geniş diplomatik əlaqələr qurması onu sülhün, firavanlığın, ölkəsinin tərəqqisinin qeydinə qalan müdrik hökmdar və düşmən dövlətlərə qarşı mübarizədə etibarlı müttəfiqlər axtarıb tapan böyük diplomat kimi səciyyələndirir. 


Səfəvilər dövlətinin daha bir səciyyəvi xüsusiyyəti dövlətçilik ənənələrinin, eləcə də tolerantlığın, çoxmədəniyyətli, çoxmillətli dövlət ənənələrinin varisliyidir. Səfəvi imperiyasında yaşayan xalqların dilləri bu günə qədər qorunub saxlanmışdır və eynilə incəsənət və memarlıq abidələri kimi tarixi mirasdır. 
Şah İsmayıl şair və filosof kimi keçmişin mədəni və mənəvi irsinə çox həssaslıqla yanaşırdı. O, qədim kitab kolleksiyalarının saxlanıldığı, xəttatların, rəssamların, nəqqaşların, cildçilərin çalışdığı kitabxanaların yaradılmasına xüsusi diqqət yetirirdi. Şah İsmayılın Təbriz şəhərində çox qiymətli kitabların, əlyazmaların toplandığı Səfəvi saray kitabxanasının yaradılması barədə imzaladığı fərman bunun bariz nümunəsidir. O, Qaraqoyunlu sülaləsinin hələ Uzun Həsənin dövründən toplanan zəngin kitab kolleksiyasına xüsusi qayğı göstərmişdir. Əksər tarixçilərin fikrincə, bu kolleksiya İsmayılın ixtiyarına 1501-ci ildə, daha dəqiq desək, onun Ağqoyunlu sülaləsinin sonuncu iki varisindən biri olan Əlvənd Mirzə üzərində qələbəsindən sonra keçmişdir (О.Ф.Акимушкин. «Средневековый Иран: культура, история, филология», Санкт-Петербург, 2004, стр. 364).
Şah İsmayıl fenomeninin ən mühüm əlaməti ondan ibarətdir ki, poeziya, yaradıcılıq dövlət başçısı üçün əyləncə, ikinci dərəcəli məşğuliyyət deyildi, əksinə, siyasi ideyaları daha təsirli, inandırıcı şəkildə təbliğ etmək, öz ideallarını, məqsəd və vəzifələrini yaymaq və izah etmək üsulu idi. 

Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropada Papalıq, Fransa, İspaniya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini qurmuşdu. 


Bu münasibətlərin əsasını Osmanlı sultanlarının təcavüzkar niyyətlərini cilovlamaq məqsədi ilə antiosmanlı koalisiyasının formalaşdırılması təşkil edirdi. Bu əlaqələr həmin dövlətlərlə ticarəti inkişaf etdirməyə də müsbət təsir göstərirdi. Asiya ilə Avropa arasında ticarət yollarının üstündə yerləşən Səfəvilər dövləti tranzit daşımalardan böyük gəlir götürürdü. Məhz Şah İsmayılla Qərb arasında yaranmış sıx siyasi təmaslar sayəsində Avropadan Təbrizə ticarət missiyaları gəlməyə və burada daimi nümayəndəliklər açılmağa başlamışdı. O, diplomatik yolla zəmanəsinin digər qüdrətli siyasi mərkəzi – Hindistandakı Böyük Moğollar imperiyası ilə də kifayət qədər möhkəm dostluq əlaqələri yaratmışdı. Osmanlı imperiyası ilə mehriban münasibətlərinə baxmayaraq, Böyük Moğollar sona qədər Səfəvi-Osmanlı müharibələrinə qarışmamağı üstün tuturdular.


Şah İsmayılın səyləri ilə Azərbaycan amili orta əsrlərdə siyasi elitanın və müsəlman Şərqində Azərbaycanın ziyalı təbəqəsinin simasında öz siyasi təşəkkülünü tapdı. Artıq o vaxt bu amil müasir dövrdə bizim “azərbaycançılıq” ideyası kimi qavradığımız fenomeni formalaşdırdı. 


Şah İsmayıl fəlsəfəsində Azərbaycan amili xüsusi ideoloji konstruksiya kimi xalqın daxili tələbatının ödənilməsinə, onun spesifik maraqlarının təmin edilməsinə yönəlmişdi. Əgər o dövr üçün işlədilə bilərsə, “azərbaycançılıq” bir növ milli identifikasiya forması kimi çıxış etməyə başlamışdı. İndi “azərbaycançılıq” ideyasının məzmunu həm ölkə daxilində dövlətçilik məsələlərinin həllinə, həm də onun hüdudlarından kənarda maraqların qorunmasına yönəlmiş yeni mənalarla zənginləşmişdir. Lakin həmin illərdə olduğu kimi, elə amillər var ki, onların təsiri altında bu ideya indiyə qədər saflaşır. Həmin illərdə olduğu kimi, azərbaycançılıq ideyası dövlət müstəqilliyinin güclənməsinə və dövlət suverenliyinin möhkəmlənməsinə xidmət edir. Keçmişdə olduğu kimi, Avrasiya kontinentindəki aralıq mövqeyi Azərbaycanın həm Qərbin, həm də Şərqin siyasi təsiri rejimində fəaliyyət göstərməsini şərtləndirmişdir. 


Dövlət üçün istənilən xarici təhdid, yaxud cəmiyyətin varlığı üçün təhlükə yaradan hər hansı sarsıntı etnik identikliyin dərk edilməsini gücləndirən mənbəyə çevrilir. Etnosun mahiyyəti isə xalqın mübarizəsində özünü daha qabarıq şəkildə göstərir. Bu mübarizə liderin rəhbərliyi altında insanların müəyyən məqsədlərə, əksər hallarda siyasi məqsədlərə nail olmağa yönəlmiş fəaliyyətindən ibarətdir. Odur ki, əsas diqqəti böyük dövlət xadimi Şah İsmayılın fəaliyyətinin və Azərbaycan ideya-siyasi platformasını formalaşdırmaq cəhdlərinin təhlili üzərində cəmləşdirmək lazımdır. Bu, Səfəvilərin ideoloji doktrinasını başa düşmək üçün müəyyən baza yaradır. 


Şah İsmayıla, bütövlükdə Səfəvilərə qədər də Azərbaycan türklərinin Yaxın və Orta Şərqdə baş verən hərbi proseslərdə sanballı rolu olmuşdur. Azərbaycan türklərinin qüdrəti bəzən yaratdıqları dövlətin hüdudlarından da kənara çıxan Atabəylər (Eldənizlər), Qaraqoyunlu və Ağqoyunlu kimi dövlətləri buna misal ola bilər. Lakin heç vaxt, bu sülalələrin heç bir nümayəndəsinin dövründə etnik mənsubiyyət məsələsi bu cür açıq şəkildə qabardılmamış və hökmdarın şəxsi nümunəsi ilə dəstəklənməmişdi. Üstəlik, Şah İsmayıla qədər Azərbaycan hökmdarlarından heç kim bütün Azərbaycan torpaqlarını məhz vahid siyasi və ideoloji bayraq altında birləşdirə bilməmişdi. Beləliklə, milli identikliyin güclənməsi həm Azərbaycan torpaqlarının birləşdirilməsinin, Azərbaycan türklərinə və onların dövlətçiliyinin mövcudluğuna yönəlmiş təhlükənin artmasının, həm də dövlət başçısının - güclü siyasi şəxsiyyətin təsiri altında baş verirdi. 

1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə