Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi




Yüklə 142.28 Kb.
səhifə1/3
tarix26.04.2016
ölçüsü142.28 Kb.
  1   2   3
Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi
Ramiz Mehdiyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik

 

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: 


- ana dilimizi 

- vicdanımızı 

- Vətənimizi.


Şah İsmayıl Xətai
Azərbaycanın, Azərbaycan xalqının, onun tarixi və mədəniyyətinin çoxəsrlik kökləri var. Buna baxmayaraq, bədxahlarımızın şüurunda Azərbaycan və onun tarixi haqqında hələ də yanlış təsəvvürlər yaranmaqdadır. Mənim fikrimcə, buna təəccüblənməyə dəyməz, çünki bunu uyduranlar anlamazlıq sindromu kompleksindən əziyyət çəkənlərdir. Bu sindrom onları elə vəziyyətə gətirib çıxarır ki, klinik müdaxilə olmasa, daimi hallüsinasiyalardan yaxa qurtarmaq mümkün deyildir. 

İş elə gətirmişdir ki, tarixin dərk olunmasında siyasət müəyyənedici rol oynayır. Nəticədə biz tarixin anlaşılmasında siyasətin mahiyyətini təşkil edən məqamlardan çıxış etməyə məcburuq. Lakin biz siyasətdən kənar yaşaya bilmərik, çünki siyasət müasir dövrdə insanın həyat fəaliyyətinin bütün sahələrinə nüfuz etmişdir. Bu səbəbdən də biz öz tariximizə münasibətdə bəzən səhvlərə yol veririk: ya öz keçmişimizi inkar edirik, yaxud da gələcəyin artıq çoxdan başlanmasını görmədən yalnız keçmişlə yaşamaqda davam edirik. 


Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, “özünün kim olması”, mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlaması barədə düşünməyə başlayır. Yalnız bu suallara cavab tapandan sonra insan öz cəmiyyəti üçün “nə etməli” olduğunu qərara alır.


Özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək, keçmiş insanın özündə müdriklik formalaşdırması üçün təcrübədir. Ona görə də keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir. Deməli, indiki zamanda keçmişin izləri nə qədər qalmışdırsa, o, bir o qədər müasirdir. Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir. Ona görə də öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o, özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar. İnsan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır. Öz keçmişindən məhrum olan insan mənəvi boşluq dilində danışmağa başlayır. O, nəsillərin varisliyindən kənarda qalır, bununla da nəinki tarixin vəhdətini, həm də tarixin özünü alt-üst edir. Öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir. 


Qədim dövrə və orta əsrlərə aid ilk mənbələri öyrənməklə asanlıqla yəqin etmək olar ki, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlər çox olmuşdur. Lakin indi böyük təəssüf hissi ilə deməliyik ki, Azərbaycanın bir sıra layiqli oğulları, onların fəaliyyəti və irsi insafsızcasına unudulmuşdur və heç kəs etiraz edə bilməz ki, bunun səbəbi bizim tarixçilərin və mənbəşünasların passivliyidir.

 
Əgər bir anlığa keçmişə nəzər salsaq və bu gün iki kəlmə ilə xatırladığımız və yaxud nadir hallarda yada saldığımız şəxsiyyətləri diqqətlə sadalasaq, əminliklə deyə bilərik ki, onların hər biri istənilən xalq üçün əbədi qürur mənbəyi ola bilərdi. Çox böyük diqqətə layiq olan, lakin unudulmuş şəxsiyyətlərdən heç olmasa bəzilərini yada salaq. 


Fəzlullah Rəşidəddin Həmədani (1247-1318) – görkəmli dövlət xadimi. Onun yaradıcılıq və siyasi irsi öz miqyasına görə Qərb tarixində Rişelye, Mazarini və digər parlaq siyasi şəxsiyyətlərlə layiqli rəqabət apara bilər. Yəqin bir faktı heç də hamı bilmir ki, məhz Həmədaninin dövründə Təbrizdə orta əsrlərdə müsəlman dünyasının ən iri elm və təhsil mərkəzlərindən biri olan “Rəbi-Rəşidi” yaradılmışdır. Bu mərkəzdə dövlət vəsaitləri hesabına tələbələr təhsil alır və elmi araşdırmalar aparılırdı. Məhz onun təşəbbüsü ilə Azərbaycan tarixində ilk dəfə alimlərə, şairlərə və rəssamlara dövlət mükafatları ayrılması sistemi tətbiq edilmişdir. Bununla bərabər, o həm də “Cami ət-təvarix” (“Salnamələr məcmusu”) adlı fundamental tarixi əsərin müəllifidir. V.V.Bartold, K.Yan, İ.P.Petruşevski, J.P.Ru kimi nəhəng alimlərin fikrincə, bu əsər müasir anlamda ümumdünya tarixinə dair ilk universal əsər hesab edilir. Çox təəssüf ki, bu əsərin bütün dünyada tanınmasına baxmayaraq, o, indiyə qədər Azərbaycan dilinə tərcümə və nəşr olunmamışdır. Fəzlullah Rəşidəddinin siyasi irsinin öyrənilməsi üçün görkəmli Azərbaycan şərqşünası Ə.Əlizadənin başladığı təşəbbüs isə öz layiqli davamını tapmamışdır. 


Eyni sözləri Nəsirəddin Tusi (1201-1274) haqqında da demək olar. O, yeganə azərbaycanlıdır ki, Aydakı bir kraterə və 1979-cu ildə sovet astronomu N.Çernıx tərəfindən kəşf edilmiş asteroidlərdən birinə onun adı verilmişdir. Bu ensiklopedist alimin çox zəngin elmi irsindən cəmi iki əsər – “Əxlaqi-Nasiri” (“Nəsirin etikası”) və mineralogiyaya aid kiçik həcmli bir əsəri ana dilinə tərcümə edilmişdir. Tusinin Hülakü xanın iqtisadi məsələlər üzrə məsləhətçisi vəzifəsində fəaliyyəti də, demək olar ki, işıqlandırılmamışdır və bu baxımdan professor Ağababa Rzayevin “N.Tusi. Həyatı, elmi və dünyagörüşü” əsərini yeganə təsəlli hesab etmək olar. 


Xalqımızın mədəniyyət xəzinəsinin digər əlamətdar səhifəsi – görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi Səfiəddin Urməvini (1230-1294) nadir hallarda xatırlayırıq. O, özünün “Kitab əl-ədvar” (“Musiqi dövrləri haqqında kitab”) adlı əsərində nəinki muğamlar barədə tam informasiya vermiş, həm də gözəl və aydın not sistemi təklif etmişdir. Akademik Çingiz Qacarın “Qədim və orta əsrlər Azərbaycanının görkəmli oğulları” adlı kitabında yazdığı kimi, Urməvinin təklif etdiyi sistemdə musiqi hərflər və rəqəmlər vasitəsilə yazılırdı. Ərəb “əbcəd” say sistemindəki hərflər səsin şərti yüksəkliyini, rəqəmlər (yəni bu sistemin hərfləri – R.M.) isə səsin uzunluğunu göstərirdi. Melodiyanın ladı, düzümü və ritmi xüsusi rəqəmlərlə qeyd edilirdi. Müasir Qərb not sistemi yarımtonlardan kiçik intervalları yazmağa imkan vermir, buna görə də muğamların və ümumiyyətlə, Şərq musiqisinin bütün incəliklərini çatdırmaq üçün yetərli deyildir. 

Digər həmvətənimiz Eynəlqüzat Miyanəçinin (1099-1131) fikirləri və həyatı humanizm və tolerantlıq idealları uğrunda mübarizə dərsliyi hesab edilə bilər. O, hələ XII əsrdə bəşəriyyəti tolerantlığa və sülhə çağırır, aşağıdakı sözləri ilə bütün ideoloji maneələri alt-üst edirdi: “Ey dost, əgər İsaya xristianların gözü ilə baxsan, xaçpərəst olarsan, Musaya yəhudilərin gözü ilə baxsan, yəhudi olarsan, bəlkə də bütə bütpərəstlərin gözü ilə baxsan, bütpərəst olarsan” (Əlisa Nicat. “Müdriklik məbədi”. Bakı, 2005, s.136). 


Təəssüf ki, müəyyən amillərin təsirinə, bəlkə də öz keçmişimizə bir qədər passiv münasibət bəslədiyimizə görə, Nyu-Yorkda BMT-nin inzibati binasının fasadında Miyanəçinin “Bəşəriyyət vahid bədəndir və əgər onun bircə hissəsi xəstələnərsə, bütün bədən əziyyət çəkəcəkdir” sözləri deyil, ondan yüz il sonra yaşamış fars şairi Sədinin (1181-1291) sözləri həkk edilmişdir: Bir-biri ilə qovuşmuş Adəm övladları bir bədənin əzalarıdır. Çünki onlar bir mahiyyətdən yaradılmışdır. Əgər tale bu əzalardan birini zədələyərsə, onda başqa əzaların da rahatlığı olmayacaqdır (Саади. Гулистан. Критический текст. Перевод, предисловие и примечания P.M. Алиева. М.ИВЛ, 1959).


Bu siyahını davam etdirmək və genişləndirmək olar. Lakin əsas məqsədimiz bu deyildir. Əsas məsələ odur ki, zəngin tarixi irsimiz bu irsi bizə yenidən qaytara biləcək və bununla da Azərbaycan xalqının mənəvi zənginliyini dünyaya açıb göstərəcək peşəkar tədqiqatçılarını gözləyir.

 
Mən bu məqaləni qəlbimin hökmü ilə yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir. Bizim tarixçilər, digər sosial elm istiqamətlərini araşdıranlar, tarixi romanlar yazmağı tərgitmiş yazıçılarımız xalqımıza çox borcludurlar. Tariximizin dünya elmi ictimaiyyəti tərəfindən çoxdan qəbul edilmiş bir sıra aspektlərini dərindən və sistemli şəkildə ümumiləşdirən araşdırmalarımız təəssüf ki, hələ yoxdur. Azərbaycan xalqının görkəmli siyasi, elm və mədəniyyət xadimlərinin dünya sivilizasiyası xəzinəsinə töhfələri haqqında elmi araşdırmaların olmaması yalnız təəssüf doğurur. Elə buna görə də yaranmış boşluğu son vaxtlar doldurmağa başlamış əsərlərdə tariximizin ayrı-ayrı aspektləri barədəki mülahizə və nəticələr olduqca birtərəflidir. Özü də bütün bunlar guya xoş niyyətlə, “milli kodumuzu” dəyişməyin zəruri olması kimi qələmə verilir.

 
Dövlət müstəqilliyi əldə etmiş millət, vətəndaşlarımız öz tarixi keçmişi haqqında mötəbər məlumatlara malik olmağa sadəcə borcludurlar, bu, yeni nəsilləri tərbiyə etmək üçün nümunə sayılan əsl milli obrazlara müraciət etmək üçün əsas verərdi. Lakin bunun üçün milli tariximizin sovet ideologiyasının təzyiqi altında itirilmiş səhifələrinin bərpa edilməsi çox vacibdir. Lakin “milli kodu” dəyişməyi təklif edərkən keçmişimizlə bağlı hər şeyi inkar etməyə aludə olmamalıyıq, əks halda “çirkli su ilə bərabər körpəni də tullamış” olarıq. Təəssüf ki, son dövrlərdə işıq üzü görmüş bəzi nəşrlər məhz bu cür təəssürat yaradır.

 
Yuxarıda deyildiyi kimi, xalqımızın tarixində əsrlər boyu bütöv bir ölkənin, vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə şərik olan yüzlərlə nəsli və milyonlarla insanı həyata səsləyən ideyanı təcəssüm etdirən şəxsiyyətlər çox olmuşdur. Bu korifeylərin mənəvi və praktik irsi bəzən ölkəmiz və xalqımız üçün yolgöstərən ulduz olmuşdur. Orta əsrlərdə Nizami və Nəimi, Nəsimi və Füzuli belə şəxsiyyətlər idilər. Biz nailiyyətlərimizin çoxuna görə Azərbaycanın XIX-XX əsrlərdə yaşayıb-yaratmış maarifçi və mütəfəkkirlərinə borcluyuq. Onlar xalqın özünün necə böyük mənəvi və tarixi irsi olduğunu başa düşməsi üçün çox səy göstərmişlər. Həyatlarını ali məqsədlərə sərf etmiş bu fədakar insanlar Azərbaycan xalqının şöhrətidir və cəmiyyətimizin hər bir üzvü onlarla fəxr edə bilər. Azərbaycanın yeni tarixində Ə.M.Topçubaşov, F.Xan Xoyski, M.Ə.Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin digər görkəmli qurucuları, ən yeni tarixdə Heydər Əliyev məhz bu cür tarixi simalardandır. Bütün bu şəxsiyyətlər XX əsrin axırları - XXI əsrin əvvəlində - biz milli müstəqillik qazanandan və Azərbaycan dövlətçiliyi güclənməyə başlayandan sonra özünün tam təcəssümünü tapmış azərbaycançılıq ideyasının daşıyıcılarıdır. Lakin bu şəxsiyyətlər sırasında daha bir tarixi sima var ki, onunla bağlı polemika və diskussiyalar artıq beş əsrdir səngimir. Söhbət Səfəvilər dövlətinin banisi, böyük siyasi xadim, istedadlı sərkərdə, gözəl şair və vətənpərvər, Azərbaycan xalqının həqiqi oğlu Şah İsmayıl Səfəvi (1487-1524) haqqındadır.

 
Səfəvilər dövlətinin yaranması tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşıyır. Onların əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən məlumatların mütləqləşdirilməsi müşahidə olunur. Eyni zamanda, Səfəvilər hərəkatının Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda strategiyasının məqsədi və əsas məzmunu arxa plana keçirilir. Bu müəlliflər orta əsrlərdə tərtib edilmiş şübhəli xarakterli bəzi mənbələrdən istifadə edir, həmin mənbələrin hansı dövrdə, nə vaxt və kim tərəfindən yazılmasının, onları yazanların hansı dünyagörüşünə xidmət etməsinin və hansı siyasi hərəkatın tərəfdarları olmasının mahiyyətinə dərindən varmırlar. Belə təsəvvür yaranır ki, sanki bu müəlliflər bəzi hallarda real mənbələrə əsaslanırlar, lakin elmilik prinsipinin nəzərə alınmaması onları səhv nəticələrə gətirib çıxarır.


Orta əsrlərdə və ən yeni tarixdə bəzi müəlliflər lap əvvəldən Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçmiş, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe tutmuşlar. Bu müəlliflərin subyektivliyi ondan ibarətdir ki, onlar çoxsaylı mənbələrdəki məlumatların tənqidi şəkildə seçilməsi və sistemləşdirilməsinə etinasızlıq göstərir, nəticədə XV əsrin ikinci yarısının və XVI əsrin ilk rübünün tarixinin öyrənilməsinə obyektiv yanaşmırlar.

 
Ayrı-ayrı əsərlərdə faktların elmiliyə və tarixi təfəkkürə üstün gəlməsi hiss olunur ki, bu da qərəzli məlumatlardan maksimum istifadə edilməsinin və onların kompilyativ şəkildə sistemləşdirilməsinin nəticəsidir. Məlumdur ki, orta əsr Şərq mənbələrinin bəzilərində ayrı-ayrı hökmdarların fəaliyyəti mədh edildiyi halda, digərləri onlara qara yaxmağa, dövləti işlərdə onların rolunu azaltmağa yönəlmişdi. Mənbələrdən qeyri-tənqidi şəkildə istifadə edilməsi isə ayrı-ayrı şəxsiyyətlərin dövlətin tarixində yerinin yanlış qiymətləndirilməsinə, dövrün meyillərinin, ictimai-iqtisadi amillərin əhəmiyyətinin təkzib olunmasına gətirib çıxarır. Tarixi detalların fetişləşdirilməsi heç də həmişə baş verən hadisələrin obyektiv mənzərəsini, tarixi proseslərin dərinliyini görməyə imkan vermir.


Orta əsrlər tarixinə aid bəzi əsərlərdə siyasi tarix məsələlərinə dini hərəkatlar prizmasından baxılır, yəni bütün ictimai-siyasi proseslərə siyasi-dini mənada yanaşılır. Halbuki dini münaqişələr və müharibələr deyilən hadisələrin tarixi göstərir ki, onların arxasında siyasi maraqlar və məqsədlər gizlənir. Yəni, bu müharibələr mahiyyət etibarilə siyasi məqsədlərin nəticəsidir. Tarixi proseslərin şərhinə dini mövqedən yanaşma tədqiqatçılara bu proseslərin həqiqi xarakterini açıb göstərməyə imkan vermir. Görünür, gündəlik hadisələrin arxasında strateji məqsədi görməyi heç də hər kəs bacarmır. Tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinin motivləri yalnız elmilik prinsiplərinə və metodlarına riayət edildikdə, konkret siyasi proseslərin bütün tərkib hissələri və dövrün meyilləri nəzərə alındıqda obyektiv şəkildə açıla bilər.

 
2012-ci il noyabrın 24-də “Zerkalo” qəzetində tarix elmləri doktoru Fərid Ələkbərlinin “Şah İsmayıl. Şair, qəhrəman, yoxsa təfriqəçi?” sərlövhəli məqaləsi dərc edilmişdir. Açığını deyim ki, bu müəllifin vətənpərvərliyi şübhə doğurmur. O, Azərbaycan tarixinə aid yeni mənbələrin axtarışı ilə fəal məşğul olan, bununla da bizim tarix və filologiya elmlərinə çox faydalı kömək göstərən alim kimi tanınır. Lakin onun “Şah İsmayıl...” məqaləsini uğurlu hesab etmək olmaz. Bu məqalədə düzgün müddəalarla yanaşı, yumşaq desək, ciddi nöqsanlar da vardır. 


F.Ələkbərlinin fikrincə, Şah İsmayıl Azərbaycan tarixində ən mühüm və eyni zamanda, heç də birmənalı olmayan simalardandır. Müəllifin bu sözləri göstərir ki, o, Şah İsmayılın tərcümeyi-halında onun böyüklüyünü heçə endirə biləcək səhifələr axtarmağı qərara almışdır. Şah İsmayılın hakimiyyətində mənfi cəhətlər axtarmaq ona yalnız və yalnız qara yaxmaqla məşğul olanların dəyirmanına su tökməyə oxşayır.

 
Müəllifin başqa bir fikrinə nəzər salaq: Şah İsmayıl “Şirvanşahlar dövlətini görünməmiş qəddarlıqla məhv etmiş və Osmanlı imperiyası ilə uğursuz müharibəyə başlamış, bu müharibədə uduzaraq, Azərbaycanın az qala bütün ərazisini uzun müddətə itirmişdir”. Şah İsmayılın “müharibəyə başlaması” fikri ilə razılaşmaq çətindir. Bu, doğrudanmı belədir? Zənnimcə, burada ölçülüb-biçilmiş yanaşma prinsipi pozulmuşdur. XVI əsrin birinci rübündə regionda cərəyan edən siyasi proseslərin dərin, kompleks şəkildə təhlili tamam başqa mənzərə yaradır. Özü də iki imperiya arasında sülhün olması təkcə Şah İsmayıldan asılı deyildi. 


Müəllif belə hesab edir ki, Şah İsmayıl “əvvəllər gülüstana dönmüş ölkəni tam səfalət və dağıntı vəziyyətinə salmışdır”. O, “X-XVI əsrlərdə Şərqin mədəni mərkəzlərindən biri kimi tanınan Azərbaycanın 1813-cü ildə çox acınacaqlı bir vəziyyətdə Rusiya imperiyasının tərkibinə daxil olmasına” görə məsuliyyəti Şah İsmayılın üzərinə qoyur. Bu cür nəticələr çıxarmaq təfəkkür qanunlarına ziddir. Onlar məntiqin qanunlarından birini, məhz kafi əsas qanununu inkar edir. Şah İsmayıldan sonrakı iki yüz il ərzində ölkədə mərkəzi hakimiyyətdən asılı olmamaq iddiasına düşmüş Azərbaycan xanlıqları tərəfindən separatist ambisiyalar güclənmişdir. Dövlət çevrilişləri, Azərbaycan türklərinin elitasının məhv edilməsi, zəif şahların hakimiyyətə gəlməsi, regionda və bütün dünyada yeni güc mərkəzlərinin yaranması, xaricdən daimi təhlükələr, dövlətin idarə edilməsində və ordunun modernləşdirilməsində zəruri islahatlar aparılmaması – bu və bir sıra başqa amillər nəticəsində Azərbaycan özünü müdafiə etmək qabiliyyətini itirmişdi. Buna görə də Şah İsmayılın hakimiyyətindən iki yüz il sonra Azərbaycanın bir hissəsinin onun təqsiri üzündən zorla Rusiya imperiyasına birləşdirilməsi barədə iddialar tarixi inkişafın məntiqinə o qədər də uyğun gəlmir. Bu, cəfəngiyat deməsək də, ən azı, ədalətsizlikdir.

 
Ön Asiyanın ərazisində əsrlər boyu müxtəlif tayfalar yaşamışdır. Buna görə də tamamilə təbiidir ki, onların bəziləri salamat qalmaq uğrunda mübarizə aparır, öz dövlətçiliyini yaratmağa çalışır, məhz onlara xas olan spesifik əlamətlərə və xüsusiyyətlərə malik olmaqla öz inkişaf yolu ilə irəliləməyə cəhd göstərirdi. Başqa xalqlar kimi, Azərbaycan xalqının da müstəqil tarixi inkişaf yolu, bənzərsiz mədəniyyəti, etnik xüsusiyyətləri və digər əlamətləri vardır. Azərbaycan xalqının formalaşması tarixinin kökləri uzaq keçmişə gedib çıxır. Bu prosesi təkcə Cənubi və Şimali Azərbaycan ərazisinə türk tayfalarının gəlməsi ilə əlaqələndirmək böyük elmi səhv olardı. Bu baxımdan, F.Ələkbərli haqlı olaraq göstərir ki, Azərbaycan xalqının formalaşması prosesi müxtəlif mərhələlərdən keçmişdir. Tarixi inkişaf nəticəsində çox vaxt qədim tayfaların dilləri və adları dəyişmiş, onlar bir-biri ilə qaynayıb qarışaraq yeni tayfa ittifaqları formalaşdırmış, yeni dövlətlər yaratmış, yeni dinləri və ənənələri qəbul etmişlər. Azərbaycan xalqının formalaşmasının mühüm mərhələlərindən biri XVI-XVII əsrlərdə Səfəvilər sülaləsindən olan ilk şahların hakimiyyəti dövrü olmuşdur. Həmin vaxtda qədim Azərbaycan etnosu onu digər qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi milli xüsusiyyətlər qazanmışdır. 


Bu müddəaların müəllifi olan F.Ələkbərli, eyni zamanda, zənnimcə, Şah İsmayılın fəaliyyəti barədə bəzi mülahizələrində subyektivizmə meyillidir. Ümumiyyətlə, XVI əsrin əvvəlində regionda baş verən proseslərin bütün dolaşıqlıqlarını bilmədən təkcə bir dövlət başçısının fəaliyyətini tənqid etmək nə dərəcədə düzgündür. 


Güntay Gəncalpın 2012-ci ildə Bakıda “Qanun” nəşriyyatında nəşr edilən “Səfəvilər” kitabı çoxlu suallar və etirazlar doğurur. 272 səhifəlik bu kitab ayrı-ayrı müəlliflər tərəfindən Səfəvilər sülaləsinin, o cümlədən İsmayıl Səfəvinin Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda mübarizədə tarixi rolunu və onların bioqrafiyası ilə bağlı məlumatları necə təhrif etməyə çalışdıqlarını göstərən bir nümunədir. Baxmayaraq ki, Şah İsmayıl tərəfindən yaradılmış dövlətin və Səfəvilərin fəaliyyətinə obyektiv xarakteristika verilən ciddi nəşrlər və əsərlər çoxdur. 

Əslən Cənubi Azərbaycandan olan G.Gəncalp bu kitabı yazarkən İran, Türkiyə, Rusiya, Qərb və Azərbaycan müəlliflərinin külli miqdarda əsərlərindən mənbə kimi istifadə etmişdir. O, kitabın sonunda həmin müəlliflərin siyahısını vermişdir - 68 nəfərdir. Lakin buna baxmayaraq o, obyektiv ola bilməmiş, bəlkə də bunu istəməmişdir. Zənnimcə, G.Gəncalp istifadə etdiyi çoxsaylı tarixi məlumatlar arasında yaxşını pisdən seçə bilməmişdir. Buna görə də onun çıxardığı nəticələr görkəmli tarixçilərin - Yaxın və Orta Şərqin XV-XVI əsrlər tarixi sahəsində mütəxəssislərin elmi baxışlarına ziddir. Kitabda qeyri-dəqiqliklər, ziddiyyətlər, uydurmalar çoxdur, müəllif həqiqətə uyğun olmayan faktlara istinad edir. Belə təsəvvür yaranır ki, ona şəxsi taleyinin qarmaqarışıqlığı, eləcə də müasir İranda hökm sürən ictimai-siyasi, ideya-mənəvi şərait təsir göstərmişdir. 


Məsələn, onun belə bir fikri nə dərəcədə əhəmiyyətlidir ki, Şah İsmayıl silah gücünə insanları öz etiqadından dönməyə və şiəliyi qəbul etməyə məcbur etmiş, eyni zamanda, sünnilərə aid nə varsa hamısını məhv etmişdir (s.139). Hərçənd, G.Gəncalp bu məsələdə tək deyildir. Hətta bu deyilənlər həqiqətə uyğun olsa belə, qızılbaşları bu addımı atmağa məcbur edən səbəbləri göstərmək lazımdır. Birləşmiş Azərbaycan dövlətinin olub-olmaması məsələsi həll edilirdi. Orta əsrlərdə müharibənin sərt qanunları vardı. Hər halda, görünür, müəllif öz qarşısına başqa məqsəd qoymuşdur. Yeri gəlmişkən, özü də bunu etiraf edir: “Bu kitab Səfəviyyətə qarşı bir etiraz manifestidir” (s.20). Elə bu tezisdən müəllifin məqsədinin nədən ibarət olması görünür. 

Səfəvilərin fəaliyyəti barədə G.Gəncalpın çıxardığı bəzi nəticələrə nəzər salaq: “Bölgə tarixi yanlış yönə sapmışdır... Səfəviliyin nəfəsi ilə zəhərlənmiş, düşüncəsi devşirilmiş (zorla dəyişdirilmiş - red) türklər modern fars milliyyətçiliyinin əsasını oluşdurdular” (s.15); “Etnik mənsubiyyət duyğusu Səfəvilərdən başlayaraq sönməyə doğru getmişdir... Səfəviyyət bu doğal duyğunu türk ulusunda söndürmüşdür” (s.16). Müəllif belə hesab edir ki, Şah İsmayıl özünün qızılbaş tərəfdarları ilə birləşərək, türk mədəniyyətini məhv etmişdir: “Sanki Səfəvilərdən öncə nə bayandurlu Dədə Qorqud mədəniyyəti olmuşdur, nə Səlcuqlu” (s.16). Onun fikrincə, fars dili Səfəvilərin dövründə rəsmi dövlət dili olmuşdur: “Öz dilində yazma imkanları Səfəvilərdən bəri tamamən yox edilmişdir” (s.18). Müəllif yazır: “Tək amacım Səfəviyyət zindanında həbs edilmiş türklərin ağlına azadlıq qazandırmaq olmuşdur” (s.18). 


Bir sözlə, G.Gəncalp Şah İsmayılı bütün günahlarda ittiham edir, Səfəvilər dövrünü az qala tariximizin qara səhifəsi hesab edir. Etiraf etməliyəm ki, o, öz mühakimələrində orijinal deyildir, çünki yüzilliklər boyu müxtəlif siyasi və dini cərəyanların nümayəndələri, o cümlədən İranda və Türkiyədə, elə Qərbdə də XVI əsrdə Yaxın və Orta Şərqdə Şah İsmayılın tarixi rolunu azaltmaq üçün çox səy göstərmişlər. 


Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətini yaratmış şəxsiyyətdir. Şah İsmayıl Səfəvinin şəxsiyyətindən söhbət düşəndə həmvətənlərimizin əksəriyyəti çox vaxt onun bioqrafiyasını və şiəliyi dövlət ideologiyası səviyyəsinə çatdırmaqla bağlı fəaliyyətini xatırlatmaqla kifayətlənir, bu addımın siyasi məqsədlərini açıqlamırlar. Lakin Şah İsmayılın böyük irsi qarşısında bu dəlillər çox sönükdür, çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyildir.

 
Bu qeyri-adi şəxsiyyətin dövlətçilik potensialını, dərin zəkasını və uzaqgörənliyini bir məqalədə açıb göstərmək mümkün deyildir. Ona görə də bu məqalə yalnız Şah İsmayılın siyasi portretini, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin yaradılması yolunda görkəmli sərkərdə və dövlət xadimi kimi fəaliyyətini ümumi cizgilərlə də olsa, göstərmək cəhdidir. 

Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər. Deməliyik ki, Azərbaycan dövlətçiliyinin tarixinin çoxsaylı əlaqələri ilə birlikdə, habelə dövlətin inkişafının varisliyi mövqeyindən öyrənilməsi Azərbaycanın tarixi gerçəkliyinə dolğun baxış formalaşdırmağa, XVI əsrdə Ön Asiyada baş verən bütün hadisələrin anlaşılmasına daha geniş mövqedən yanaşmağa imkan verir.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə