Rzayev əLİ heydəR oğlu DÖVLƏt qulluğunun hüquqi Əsaslari




Yüklə 2.63 Mb.
səhifə1/33
tarix11.03.2016
ölçüsü2.63 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   33



RZAYEV ƏLİ HEYDƏR oğlu

DÖVLƏT QULLUĞUNUN

HÜQUQİ ƏSASLARI

AMEA-nın Hüquq, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasının 20 dekabr 2010-cu il tarixli qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №97).


Azərbaycan Respublikası Təhsil Nazirinin
13 iyun 2011-ci il tarixli 1069№-li əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

BAKI – «Elm» – 2011

Elmi redaktor: M.F.Məlikova

AMEA-nın müxbir üzvü,

hüquq elmləri doktoru, professor
Rəyçilər: Z.A.Əsgərov

hüquq üzrə fəlsəfə doktoru, professor
Ə.Z.Abdullayev

fəlsəfə elmləri doktoru, professor
H.S.Qurbanov

hüquq elmləri doktoru, professor
F.T.Nağıyev

hüquq üzrə fəlsəfə doktoru, dosent


Ə.H.Rzayev. Dövlət qulluğunun hüquqi əsasları.
Bakı, “Elm”, 2011, 491s.


İSBN 978-9952-453-26-3
«Dövlət qulluğunun hüquqi əsasları» adlı dərs vəsaiti dövlət qulluğunu sosial-hüquqi və təşkilatı institut kimi, xarici ölkələrin bu sahədə təcrübəsini müqayisəli metoddan istifadə edilməklə tarixi, nəzəri və praktiki aspektlərinə həsr olunur. Dövlət qulluğu dövlət hüquq təzahürləri – dövlət, dövlət hakimiyyəti, dövlət aparatı, dövlət idarəetməsi ilə bir sırada, qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə vahid sistemdə tədqiq olunur.

Dərs vəsaiti ali məktəblərin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr, magistrant və doktorantlar, dövlət hakimiyyət orqan­larında çalışanlar, həmçinin dövlət qulluqçuları, dövlət-qulluq problemləri ilə məşğul olanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.






qrifli nəşr

MÜNDƏRİCAT

GİRİŞ 6
I FƏSİL. Dövlət qulluğu problemlərinin tədqiqinin
metodoloji əsasları 15

1. Dövlət qulluğunun tədqiqat metodları 15

2. Dövlətçiliyinin sistemli təhlili 31

2.1. Dövlətçilik sisteminin mahiyyəti və ona təsir edən
amillər 36

2.2. Qloballaşma və inteqrasiya şəraitində dövlətçiliyin təkamülü və möhkəmləndirilməsi 45

3. Dövlət və dövlət qulluğu 53

3.1. Hüquqi dövlət və vətəndaş cəmiyyəti:


genezisi və inkişafı 67

4. Dövlət hakimiyyəti və dövlət qulluğu 81

4.1. Dövlət aparatı və dövlət qulluğu 92

4.2. Dövlət idarəçiliyi və dövlət qulluğu 103

5. Dövlət idarəetməsi və dövlət qulluğu 110
II FƏSİL. Dövlət qulluğu sosial-hüquqi institut kimi 128

2.1. Dövlət qulluğu institutunun mahiyyəti, strukturu və funksiyaları 128

2.2. Dövlət qulluğu anlayışı və prinsipləri 142

2.3. Dövlət qulluğunda rasional bürokratiya əlamətləri 163


III FƏSİL. Azərbaycan Respublikasında dövlət
qulluğunun yaranması və inkişafı 181

3.1. Oktyabr inqilabına qədərki Çar Rusiyası dövründə


dövlət qulluğu 181

3.2. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət qulluğu 188

3.3. Sovetlər dövründə dövlət qulluğu 192

3.4. Suverenlik əldə etdikdən sonrakı dövrdə


Azərbaycan Respublikasının dövlət qulluğu 194
IV FƏSİL. Azərbaycan Respublikasının dövlət
qulluğunun hüquqi əsasları 202

4.1. Azərbaycan Respublikası Konstitusiyasında


dövlət qulluğu haqqında 204

4.2. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 214

4.3.Qulluq hüququnun nəzəri modeli 224
V FƏSİL. Dövlət qulluğu keçmə 234

5.1. Dövlət qulluğu keçmənin anlayışı və mahiyyəti 234

5.2. Dövlət qulluğuna qəbulda mysabiqə sistemi 250

5.3. Dövlət vəzifələrinə təyin edilmənin üsulları 260


VI FƏSİL. Dövlət qulluğunun tərkibi və strukturu 269

6.1. Dövlət qulluğu vəzifəsinin anlayışı, mahiyyəti və


icrasının xüsusiyyətləri 269

6.2. Dövlət qulluqçusu anlayışı, xüsusiyyətləri 285

6.3. Dövlət qulluqçusunun sosial-hüquqi statusu 297
VII FƏSİL. Dövlət qulluğunun effektivliyinin təminatı 306

7.1. Dövlət qulluğunun effektivliyinin mahiyyəti


və kriteriyaları 306

7.2. Dövlət qulluqçularının hazırlığı və təhsilinin


artırılması 313

7.3. Dövlət qulluqçusunun attestasiyası və fəaliyyətinin qiymətləndirilməsi 328

7.4. Dövlət qulluqçularının maddi təminatı 337

VIII FƏSİL. Dövlət qulluğu sistemində qanunvericiliyin
və intizamın təminatı 361

8.1. Dövlət qulluqçularının məsuliyyəti 361

8.2. Dövlət qulluğu sahəsində nəzarət 387

8.3. Dövlət qulluğu sistemində korrupsiya və ona qarşı


mübarizə problemləri 409
IX FƏSİL. Dövlət qulluğunda kadr siyasəti 432

9.1. Dövlət qulluğunda kadr siyasətinin mahiyyəti 432

9.2. Dövlət qulluğunda kadr işi və kadr texnologiyası 437

9.3. Dövlət qulluğunun idarəetmə orqanları 445


X FƏSİL. Xarici ölkələrdə dövlət qulluğu institutunun islahatlarının əsas istiqamətləri 451

10.1. İngiltərədə mülki qulluğun formalaşması


və təkamülü 458

10.2. ABŞ-da dövlət qulluğunun xarakterik əlamətləri 461

10.3. Fransada bürokratik qulluq 467

10.4. Almaniyada məmurluq institutu 470

10.5. Yaponiyada dövlət qulluğunun yaranması və inkişaf ənənələri 475

Nəticə 481

Təklif olunan biblioqrafik siyahı 487

GİRİŞ
Bildiklərinizi başqalarına öyrədin, yazıb qoyun, özünüzlə o dünyaya aparmayın. Bilik insandan sonra başqaları tərəfindən istifadə olunan və bu dünyada yeganə qalan sərvətdir.
Məhəmməd peyğəmbərin kəlamlarından
XX əsrin 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Şərqi Avropada və keçmiş Sovet İttifaqında siyasi kursun dəyişməsi bu ölkələrin siyasi və iqtisadi sistemində dəyişik­liyə səbəb oldu, komanda sistemində bazar münasibətləri sisteminə keçidi və hüquqi islahatların aparılmasını şərt­lən­dirdi. Bu dövrdə sosializm cəbhəsinin iflasa uğraması, sosialist münasibətlər sisteminin 70 ildən sonra dayan­dırıl­ması yeni dövlətçiliyə müvafiq yeni sistemin yaradılmasını tələb edirdi.

Azərbaycan Respublikasının suverenlik əldə etməsi, müstəqil­liyinin bərpası dövlət fəaliyyətinin genişlənməsinə, onun rolunun artmasına şərait yaradan siyasi, sosial, iqtisadi, hüquqi və mədəni sahədə dəyişikliklərlə müşayiət olunurdu.

Keçid dövründə aparılan radikal islahatlarda dövlət idarə­etməsi sahəsində köklü dəyişikliklər, dövlət aparatının modern­ləş­məsi, beynəlxalq standartlara uyğun dövlət qulluğunun təşkili prioritet istiqamət təşkil edirdi. İdarəetmə sistemində islahatlar yuxarıdan aşağı, mərkəzdən kənara qədər mərkəzi və yerli orqan­ları əhatə edirdi. XX əsrin 90-ci illərinin başlanğıcı Azərbaycanın sosial, siyasi, hüquqi, iqtisadi sahələrin inkişafının dönüş nöqtəsi kimi tarixin səhv­lərinə düşmüşdür. Dövlət hakimiyyətinin effektivliyi, dövlət apa­ratı strukturunun etibarlılığı və fəaliyyətdə pro­fes­sionallıq dövlət qulluğunun təşkili və fəaliyyətinin keyfiy­yəti ilə müəyyən edilir. Odur ki, o dövrdə əsas problemlərdən biri ölkədə gedən hüquqi, iqtisadi islahatlara cavab verən effektiv dövlət qulluğu institutunun yaradılması dururdu.

Sovet dövründə o zaman üçün real mövcud olan şəraitdə məntiqi olaraq dövlət qulluğu əsl mənada ola bilməzdi. Odur ki, o dövrdə bütün muzdla dövlət orqanlarında, müəssisə və təşkilatlarında işləyənlər «dövlət qulluğuna» aid edilirdi.

Azərbaycan suverenlik əldə etdikdən, müstəqilliyin bərpa­sından sonra yeni – iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İsla­hatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin «Hüquqi islahatlar komissiyasının yaradılması haqqında» Sərəncamının (1996) və «Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərmanının (1998) müs­təsna rolu olmuşdur. Dövlət idarəetmə sistemində islahatların gedişi ilə əlaqədar Bakıda keçirilən Beynəlxalq konfransda (16-18 mart 1999-cu il) Heydər Əliyev bu sahədə aparılan islahatların 1999-cu ildən və ondan sonrakı dövrü də Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri kimi göstərmişdir. O xüsusilə qeyd edirdi ki, «Biz Azərbaycanda bütün işlərdə dünya təcrübəsindən, ayrı-ayrı ölkələrdə islahatların həyata keçirilməsi sahəsində əldə olunan təcrübədən istifadə edirik. Biz müsbət təcrübəni ölkəmizin xüsusiyyətlərinə uyğun olaraq tətbiq etməyə çalışırıq»1.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunan Konstitusiyada ilk dəfə dövlət qulluğunun konstitusion əsasları (55, 56, 94.9 maddələri) təsbit edilir. Yeni Konstitusiya prinsipləri əsasında qəbul edilmiş «Dövlət qulluğu haqqında» AR Qanunu (2000-ci il) dövlət qulluğu­nun legitimliyini, onun hüququ əsaslarını, dövlət qulluq­çu­sunun statusunu və dövlət qulluğu keçmənin hüquqi mexanizmi və s. müəyyən etmişdir.

Azərbaycanda siyasi və iqtisadi dəyişikliklərdən obyektiv şəraitdən və subyektiv faktorlardan, mili və mədəni xüsusiy­yətlərdən asılı olaraq seçilmiş dövlət qulluğu modeli dövlət qulluq münasibətlərinin tənzimlənməsi üçün qəbul edilən normativ hüquqi aktların məzmununa, dövlət qullu­ğunun inkişafına, müasir tələblərə cavab verən dövlət qulluq­çuları korpusunun yaradıl­masına birbaşa təsirini göstər­mişdir.

Təhlil göstərir ki, axırıncı on illiklərdə Azərbaycanın iqtisadi, siyasi, sosial, hüquqi sahələrində köklü dəyişikliklə aparılmış, hakimiyyət sistemində, mülkiyyət münasibət­lərində yenidən qur­ma prosesi getmiş, müasir dövlət qulluğu institutu formalaşmışdır.

Dövlət qulluğu sahəsində islahatlar iki istiqamətdə aparılırdı: bir tərəfdən dövlət aparatının təkmilləşdirilməsi, dövlətin məqsəd və funksiyalarını icra etməyə, iqtisadiyyatın səmərəliliyini artırmağa, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş demokratik, dünyəvi dövlət quruluşuna müvafiq dövlət qulluğu institutunun yaradılması; digər tərəfdən müasir sosial-iqtisadi sahədə dövlət qulluğuna qoyulan tələblərə cavab verən peşəkar, səriştəli, işgüzar və mənəvi keyfiy­yətlərə malik, geniş dünyagörüşlü, intellektual səviy­yəli vətəndaşların dövlət qulluğuna cəlb edilməsi, dövlət qulluqçusunun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırıl­masına, onların məsuliyyətinin artırılması.

Müasir dövrdə dünyada gedən radikal dəyişikliklər miqya­sına görə qlobal inqilabi xatırladır. XXI əsrin tələb­lərinə müvafiq olaraq qloballaşma və üçüncü dalğanın gətir­diyi postindustrial mərhələsinə uyğun dövlət təsisatlarında, o cümlədən dövlət qulluğunda modernləşmə tələb olunur.

Bütün bunları dövlətin möhkəmliyi, cəmiyyətin huma­nizm­liyi, insanların ictimai şüurunun yüksəldilməsi, şəxsiy­yətlə dövlət və cəmiyyət arasında münasibətlərin pozitivliyi ilə nail olunur. Məlumdur ki, ictimai şüur bir dövrdə başqa dövrə, bəşəriyyətin inkişafının bir mərhələsindən digər mərhələsinə keçiddə forma, struktur və funksional dəyişən tarixi təzahürdür.

Dövlət qulluğu çoxtərəfli olmaqla dövlət hakimiyyətinin idarəetmə təsirini göstərən və dövlət idarəetməsinin daxili mahiyyətini açan geniş anlayışlardan biridir. Müasir dövrdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiya­larının reallaşmasında, onun suverenlik və müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçiliyin möhkəm­lən­diril­məsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir.

Dövlət qulluğunu səciyyələndirən əlamətlərə: dövlət adından bütün ölkə miqyasında həyata keçirilməsi; dövlətin məqsədi funksiyaların icrasını təmin etmək üçün institusional tənzimlənən, dövlət hakimiyyəti səlahiyyətləri hüdudlarında həyata keçirilən peşəkar fəaliyyət; dövlət büdcəsindən maliyyələşdirilmə; dövlət qulluğunun iqtisadi, təşkilati və başqa sahələri qanunvericiliklə tənzimlənməsi; dövlət orqanı ilə əmək kollektivi və vətəndaşlar arasında əlaqələndirici bölmə olması; dövlətçilik sistemində yeri qanunda müəyyən edilmiş xüsusi, sosial, hüquq, təşkilatı institut olması; dövlət qulluğu inzibati hüquqla yanaşı beynəlxalq, konstitusiya, əmək və başqa hüquq sahələrinin normalarına əsaslanması; dövlət təzahürləri ilə qarşılıqlı əlaqə və qarşılıqlı təsirdə vahid sistemdə olması. Müəllifin fikrincə, dövlət qulluğu anlayışı dövlət hakimiyyət orqanlarında qanunvericiliklə yaradıl­mış inzibati vəzifələri tutan, dövlətin məqsəd və funksiya­larını həyata keçirən, əməyi dövlət büdcəsindən ödənilən vətəndaşların peşəkar fəaliyyətidir.

Monoqrafiyada dövlət qulluğu problemlərinin tədqiqinin metodoloji əsasını təşkil edən və mühüm dövlət-hüquq institut kimi onun xüsusiyyətlərini xarakterizə edən dövlət­çiliyin tərkib elementlərini: «dövlət», «dövlət hakimiyyəti», «dövlət aparatı», «dövlət idarəetməsi» təzahürlərinin hər birinin ayrılıqda anlayışı, mahiyyəti, təşəkkülü, inkişafı, cəmiyyətin həyatında yeri və rolu müəyyən edilir. Bu məsələyə iki aspektdən baxılaraq əsas­lan­dı­rılır: bir tərəfdən onların təbiəti, mahiyyəti və dünya təcrübəsinə uyğun modelləri, digər tərəfdən, onların hər birinə dinamiklik verən, hərəkətə gətirən dövlət qulluğu və onun bütün tərəfləri təhlil edilir.

Dövlət qulluğu dövlət təzahürləri (dövlət hakimiyyəti, dövlət aparatı, dövlət idarəetməsi) ilə qarşılıqlı təsirdə, qarşılıqlı əlaqədə olmaqla dövlətin suverenliyinə, bütöv­lüyünə və inkişafına yönəlmiş dövlət mexanizmi hərəkətə gətirən təsisat kimi vahid bir sistemi təşkil edir. Dövlət mexanizmini adi mexanizmə oxşatsaq, dövlət qulluğu bu mexanizmi hərəkətə gətirən və sükanı məqsədə­yönlü istiqamətdə yönəldən peşəkar idarəedənə (sürü­cüyə, təyyarəçiyə) oxşatmaq olar.

Müasir texnika, mexanizm peşəkar olmayan, səriştəsiz adamın əlinə düşərkən istənilən effekti vermədiyi və tez bir zamanda sıradan çıxdığı kimi, mənəvi köhnəlmiş texnika peşəkar mütəxəssislərin əlində istənilən səviyyədə effekt vermir. Odur ki, dövlət idarəetməsinin effektivliyi dövlət mexanizmin təkmil olmasından və bu mexanizmi yüksək səviyyədə və peşəkarlıqla idarə etməyi bacaran peşəkar dövlət qulluqçularından ibarət olmalıdır.

Xarici ədəbiyyatda dövlət qulluqçularının xüsusi hazırlıq keçmədən dövlət qulluğuna qəbulda müəyyən qaydaların tətbiqinin zəruriliyi göstərilir. Sual olunur ki, həkimlik etmək, insan üzərində əməliyyat aparmaq üçün uzun müddətə internatura keçmək, hər bir texnikanı idarə etmək üçün xüsusi hazırlıq tələb olduğu halda, nə üçün məsuliyyətli fəaliyyət sahəsi olan dövlət qulluğuna bu qayda tətbiq olunmur.

İki söz birləşməsindən ibarət dövlət təzahürlərindən: dövlət hakimiyyətinin, dövlət aparatının, dövlət idarəetmənin və dövlət qulluğunun mahiyyətində dövlətə xas olan bütün əlamətlər öz əksini tapır və onların dövlət adından istifadə edilməsi qanun­vericiliklə rəsmiləşdirilir. Odur ki, sosial təzahürlər: hakimiyyət, aparat, idarəetmə, qulluq anlayış­larına dövlət sözü əlavə edildikdə dövlət təzahürlərinə yeni mahiyyət verən dövlət hakimiyyət səlahiyyətləri – güc, məcburetmə, təhrik etmək, avtoritet əldə edir, dövlət bu münasibətlərdə əsas subyektə çevrilir, iradi xüsusiy­yətlər ön plana keçir, imperativlik yaranır, məcburetmə aparatı fəaliyyətə başlayır. Totalitar rejimdə dövlətin funksiyaların bir nəfərdə cəmləşdiyindən qulluq dövlətə yox, monarxa, diktatora qulluq formalaşır.

Beləliklə, dövlət qulluğu dövlətçilik sisteminin elementləri – dövlət, dövlət aparatı, dövlət idarəetməsi ilə bir sırada durur, onlarla qarşılıqlı əlaqədə olur, onlara təsirdə özünü ifadə edə bilir, realizə olunur, təhlil edilir və qiymətləndirilir.

Beynəlxalq təcrübə göstərir ki, peşəkar dövlət qulluğunun yaradılması Amerika hüquqşünası, sonradan ABŞ Prezidenti olmuş V.Vilsonun konsepsiyası ilə əlaqədardır. Bu konsep­siyaya görə hər bir dövlətdə iki funksiya: siyasi və idarəetmə funksiyası olur. Siyasi funksiya ilə siyasi vəzifə tutan siyasi elita, idarəetmə ilə isə peşəkar dövlət qulluqçuları məşğul olur. Siyasi elita siyasəti formalaşdırır, dövlət qulluqçuları bu siyasəti həyata keçirir. Siyasi elita seçkilərdə qalib gəlmiş dövlət başçısı tərəfindən formalaş­dırılır, idarəetmə ilə məşğul olan dövlət qulluqçuları isə işində qəbahətə yol verməyibsə peşəkar fəaliyyətini təqaüdə gedənə qədər seçkilərin nəticələrindən asılı olmayaraq dövlət qulluğunda davam etdirirlər.

Demokratik dövlətdə və azad vətəndaş cəmiyyətində dövlət qulluğu ikili xarakter daşıyır: bir tərəfdən o dövlətə xidmət edir, dövlət siyasətini və proqramını həyata keçirir, digər tərəfdən vətəndaşların konstitusion hüquq və vəzifələrin yerinə yetirir, sosial sahədə qayda yaradır.

Monoqrafiyada dövlət qulluğu tarixi aspektdə mərhələlik və funksionallıq meyarlarına görə baxılır. İnqilaba qədərki dövrdə məmurluğun mahiyyəti, sovetlər dövründə normativ müəyyən edilməmiş, partiyanın təsiri altında muzdlu əmək fəaliyyəti ilə məşğul olan sovet dövlət qulluğu və müasir dövrdə beynəlxalq modelə uyğun dövlət qulluğu müxtəlif aspektlərdə təhlil edilir.

Monoqrafiyada klassik dövlət qulluğuna malik ölkələrin təcrübəsi təhlil edilir. Xarici ədəbiyyatda müxtəlif məna daşıyan şaxələnmiş konseptual sahələrdə dövlət qulluğu anlayışı yox, «mülki qulluq», «ümumi qulluq», «bürokratik qulluq», «məmurluq» anlayışı istifadə edilir. Bir qrup üçün bu anlayış peşəkar fəaliyyəti, xüsusi aparat strukturu; başqaları üçün dövlət mexanizmini yaradan müxtəlif idarə təşkilatı; üçüncülər üçün hüquq sisteminin mahiyyəti kimi interpretasiya olunur. Xarici təcrübədə insanların dövlət və özəl bölmədə fəaliyyəti eyni­ləşdirilir və adi muzdlu iş kimi baxılır. Odur ki, heç bir problem olmadan özəl və dövlət bölmələri arasında kadr mübadiləsi aparılır.

Dövlət qulluğunun əmək modeli dirçəldilir, hüquqi cəhətdən istənilən iş növündən fərqləndirilməyən xaricdə tətbiq olunan mülki qulluq modelinə keçirilir. Bütün büdcə­dən maliyyə­ləşdirilən iş növləri mülki qulluq sayılır. Onu da qeyd etmək lazımdır ki, çox ölkələrdə (məsələn, Almaniya, Fransa, ABŞ) dövlət orqanlarında işləyənlərlə yanaşı dövlət müəssisələrində, idarə və təşkilatlarda fəaliyyət göstərənlər mülki qulluğa aid edilir. Bütün bunlarla yanaşı bütün demokratik ölkələr üçün ümumi olan: dövlət qulluğunda dəqiq vəzifə iyerarxiyasının olması; hər vəzifə üzrə dəqiq səlahiyyətlərin olması, peşəkar təhsil, işçilərin təşkilati-analitik təcrübəsi və mənəvi keyfiy­yətlərinə uyğun vəzifəyə müsabiqə yolu ilə qəbulu, şəxsi xidmətinə görə qulluq üzrə irəli kəçməsi xarakterikdir.

Xarici ölkələrdə dövlət qulluğu sahəsində aparılan islahatlarda ümumi əlamətlər səciyyəvidir. Onlar: dövlət qulluğunda isla­hatların dövlət idarəetməsi ilə paralel aparılır, hər bir ölkədə dövlət qulluğu dünya təcrübəsinə uyğun modernləşdirilir; dövlət qulluqçularının maddi təminatı yaxşılaşdırılır; peşəkarlıq səviy­yəsi və məsuliyyəti artırılır; siyasətin idarəetmədən ayrılması konsepsiyası tətbiq edilir; siyasi vəzifələr inzibati vəzifələrdən ayrılır; siyasi elitanın fəaliyyəti qanunvericiliklə dəqiq tənzim­lənir; dövlət qulluğu ilə özəl bölmə arasında kadr mübadiləsindən və dövlət qulluğunda menecment təcrübəsindən istifadə edilir; «Ali rəhbər qulluğu» institutu təcrübəsi genişləndirilir; dövlət qulluğunun hüquqi bazası zənginləşdirilir; dövlət-qulluq münasi­bət­lərini tənzimləyən «qulluq hüququnun» qanun­veri­ci­liklə rəsmiləşdirilməsinə səy göstərilir; dövlət qulluğunu müsabiqə yolu ilə qəbul texnologiyası modernləşdirilir; dövlət qulluğunun irəli çəkilməsi, fəaliyyətinin stimul­laşdırılması attestasiya nəti­cələri ilə əlaqələndirilir; attesta­siyanın keçirilməsi texnolo­giyası, dövlət qulluqçularının etik davranış kodeksinə əməl edilməsinə nəzarət mexanizmi, dövlət qulluğuna rəhbərlik, dövlət qulluq­çularının koordina­siyası təkmilləşdirilir.

Bütün bunlara baxmayaraq beynəlxalq təcrübədə dövlət qulluğunun vahid modeli mövcud deyil. Bütün bunlarla yanaşı beynəlxalq aləmdə alimlər üçüncü dalğanın dünyanı bürüdüyü qloballaşma şəraitində, müasir dövrün çağırışına adekvat cavab verən dövlət qulluğu modelinin axtarışındadır. Qərbi Avropa təcrübəsi və modelindən istifadədə qabaqcıl ölkələrin səviy­yə­sinə çatmağa imkan yaradır. İnkişaf etmiş ölkələrin dövlət qulluğunun yaranmasının təcrübəsi göstərir ki, buna uzun müddət islahatlar aparılması tələb olunur.

Azərbaycanda dövlət quruluşuna, idarəçilik formasına, dövlət rejiminə uyğun dövlət qulluğunun modernləşməsində xarici ölkə­lə­rin təcrübəsindən, islahatların nəticəsindən istifadə edilmişdir. Axırıncı illərdə kadr siyasətinin təkmil­ləşdirilməsi dövlət qullu­ğunun modernləşməsi, dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və başqa innovasiya tətbiq edilir.

Monoqrafiyada mərkəzləşdirilmiş hüquqi, təşkilati və sosial institut kimi dövlət qulluğuna ən müxtəlif bucaq­lardan baxılaraq konstitusion-hüquqi aspektdə kompleks şəkildə yanaşılmışdır.

Müəllifin uzun müddət kadr məsələləri ilə praktiki olaraq məşğul olması, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyəti, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda uzun müddət dövlət qulluğu, dövlət idarəetməsi, dövlət nəzarəti problemlərinin tədqiqi zamanı topladığı materiallar, ümumiləşmələr və təhlillərdən, Azərbaycan Respublikasının dövlət qulluğunun konstitusion-hüquqi problem­ləri barədə yazdığı doktorluq işindən monoqra­fiyada istifadə edilmişdir.

Müəllifin Azərbaycanın dövlət qulluğunun nəzəri və hüquqi problemlərinin həsr olunmuş ikinci kitabıdır. Monoqrafiyada dövlət qulluğuna dair milli və xarici hüquqi ədəbiyyatlardan, məqalələrdən, qanunvericilik aktlarından, statistik materiallardan və dövrü mətbuatdan geniş istifadə olunmuşdur.

Monoqrafiya ali məktəblərdə bakalavr və magistr pilləsində «Dövlət qulluğunun hüquqi təminatı», «İnzibati hüquq» fənləri üzrə dərs vəsaiti kimi istifadə etmək məqsədi ilə yazılmışdır. Həmçinin rəhbər kadrların ixtisasının artırılması kursları oxuyanlar, hüquq fakultəsinin tələbələri, doktrantlar və disser­tantlar, dövlət qulluğunda çalışanlar, bu sahədə tədqiqatlar aparan şəxslər üçün maraq kəsb edə bilər.

Müəllif təqdim olunan bu kitabda nəzərə çarpan nöqsanların aradan qaldırılması üçün öz təklif, qeyd və arzularını bildirən şəxslərə əvvəlcədən minnətdarlığını bildirir.



I FƏSİL
DÖVLƏT QULLUĞU PROBLEMLƏRİNİN
TƏDQİQİNİN METODOLOJİ ƏSASLARI


1. Dövlət qulluğunun tədqiqat metodları
Hüquq nəzəriyyəsi üzrə məşhur alim S.S.Alekseev göstərir ki, metod kompas rolunu oynayır, tədqiqatın ümumi strategiyasını müəyyən edir.1 Lüğətlərdə metod (yun. metodos) dərk etmə üsulu, təbiətin və ictimai həyatın təza­hürlərinin tədqiqi. Metod hər hansı bir məqsədə çatmaq üçün üsul, yol və ya üsullar sistemi kimi göstərilir.2

Hansı halda hansı metoddan necə istifadə etməyi me­to­dologiya elmi öyrədir. Metodologiya (yun. metod + logus) hər hansı bir elmdə tətbiq edilən üsulların məc­musudur. Metodologiya gerçəkliyi dərk etmək metodları haqqında fəlsəfi təlimdir. Metodologiya eyni cinsli təzahürlərin tədqiq olunmasını, təşkilatı cəhətdən müəyyənləşməsini, dəyişmə­liyini, təkmilləşdirilməsini, modernləşməsini və onlar ara­sında qarşılıqlı əlaqələrini koordina­siyasını, ahəngini nəzərdə tutur. Metodoloji problemlərə maraq XIX əsrin axırlarından Almaniyada yaranmışdır.

S.S.Alekseev metodda iki cəhət ayırır: birinci, bu ilkin metoddur – subyektlərin hüquqi statusunda müəyyən olunan məntiqi tənzimlənmə yolları təşkil edir; ikinci, hüquqi tənzimləmə üsulu – hüquqi normalar və hüquqi sisteminin başqa element­lərində ifadə olunan hüquqi təsvir başa düşü­lür. O metodda iki əsas mərhələ ayırır: birinci, bilavasitə təzahürlərdən onların mahiy­­yətinə yol; ikinci, təzahürlərin mahiyyətindən bu təzahür­lərin konkret hissələrinə yol. Hüquqi təzahürlərin bütün keyfiy­yətləri, anlayışlar aydınlaşdıqdan sonra, tədqiqatın dava­mına im­kan­lar yaranır.1 Metodda bu iki mərhələli tədqiqat yolu universal olub hüquq elmində bütün sahələr üçün universal xarakter daşıyır.

Məşhur alman sosioloqu M.Veber (1864-1920) «Elmlərin metodologiyası üzrə tədqiqatı» əsərində sosial elmlərin məntiqi-metodoloji prinsiplərini təhlil edərək göstərirdi ki, təbiətdə və cəmiyyətdə «fərd» və «ümumini» ayırmaq lazımdır. Fərd məntiqin predmetidir, yəni geniş mənada predmetidir. Bununla belə hər iki metod «ümumi» əsasında təhlil olunur. Humanitar və təbiət haqqında elmlər arasında fərq onların predmetlərinin fərqliliyində yox, bu elmilərin məntiqi metodlarının fərqindədir. O göstərir ki, təbiət elmində və ictimai elmdə anlayışlar müxtəlif cür yaranır. Əgər təbiət elmində məqsəd ümumi qanunu müəyyən etməkdirsə, tarix elmində isə xüsusi, fərdi dərk etmək məqsədi daşıyır. Predmetin mahiyyətini açmaq üçün ümumini aşkar etmək lazımdır. Ümumi anlayışlar olmadan fərdi dərk etmək olmaz. Təbiət elmində «ümumi» məqsəd kimi qoyulduğu halda, huma­nitar elm üçün «ümumi» yalnız vasitədir. Əgər biz fərdi xarakterizə edən müəyyən elementləri ayırmaq istəyiriksə (istər tarixi şəxsiyyət, tarixi hadisə olsun) bütün bunları tam kimi təsvir etməliyik.2

Metodologiya haqqında mütəfəkkirlərin klassik baxış­larını göstərmək əhəmiyyətlidir. Orta əsrlərin ensiklopedik alimi Əbu Reyhan Biruni (X ə.) metodu aşağıdakı kimi tətbiq etməyi tövsiyə edirdi: təbiət hadisələrini izah edərkən təbiətin özündən başlamalı, onda mövcud olan qanunauyğun faktlara və təcrübəyə əsaslan­malı; predmet öyrənilərkən onu təşkil edən elementlərin öyrənil­mə­sindən başlamalı, ən əsas duyğu məlumatlarına (sübutlara, əlamətlərə) əsaslanan de­duk­siyanı rəhbər tutmalı; təhlil və ümumiləşdirmələr apar­malı; müxtəlif məlumatları, fikirləri və rəvayətləri başqaları ilə tutuşdurmaqla həqiqəti müəyyən etməli; tədqiqat zamanı məlumdan-naməluma, yaxından-uzağa getməli; əgər uzaq keçmişi dərk etməyə aiddirsə predmetin, hadisənin tarixini öyrənməli1.

Fransız filosofu Dekart «Metod haqqında düşüncələr» (1637) klassik əsərində məşhur metodoloji qaydaları dörd yerə ayırır: Birinci, heç vaxt heç nəyi həqiqət kimi qəbul etmə­mək, tələ­sik­likdən və qabaqcadan formalaşmış yanlış fikirdən qaçmaq və öz mühakimənə şübhə üçün yer qalmayan şeyləri daxil etmək; İkinci, baxılan hər problemləri həll etmək üçün onu nə qədər tələb edilirsə o qədər hissələrə bölmək; Üçüncü, öz fikirlərini sadə və asan dərk olunan predmetləri müəyyən qaydalar üzrə düzmək və iyerarxiya üzrə mövcud qaydalar ilə aşağıdan yuxarı daha mürəkkəbləri dərk etməyə yönəltmək; Dördüncü, heç nəyi buraxmadan siyahı üzrə nəzərdə tutulanları tam və hərtərəfli əhatəli etmək.2

İngilis filosofu, ingilis materializmin banisi Bekon «Yeni orqanon» traktatında gerçəkliyi dərk etməyin üç əsas yolunu – hörümcək, qarışqalar və arıların yolunu göstərir:

Hörümcək yolu – hörümcək özündən tor toxumağına oxşar olaraq təmiz idrakdan həqiqəti çıxarmaq səyidir. Bekon bu yolu tələsik və reallıqdan uzaq hesab edir. Hörümcək yolunu tutanların səhvlərinin əsas səbəbini məntiqi qayda­ların təcrübəyə əsaslan­mayan konstruksiyanın qurulmasına gətirən faktların tam nəzərə alınmamasında görürdü;

Qarışqa yolu birincisinə tam ziddir. Bu yolu seçənlər faktlara köləcəsinə bağlı olurlar. Onlar faktları düzgün ümumiləşdirə bilmirlər. Zəhmətkeş qarışqalar kimi bu cür empiriklər müxtəlif faktlarını yığır, lakin onlardan düzgün nəzəri nəticə əldə etmir;

Arıların rolu həqiqətə çatmaq üçün yeganə ən düzgün yoldur: ona birinci iki yolun yaxşıları xasdır, bununla belə yuxarıda göstərilən çatışmamazlıqları aradan qaldırmağa, empik və nəzəri dərketmədə harmonik vəhdəti əldə etməyə imkan verir.1

Müxtəlif idrak üsulları içərisində iki metod: tarixi və məntiqi metodlar xüsusi əhəmiyyət daşıyır. Tarixi metod obyektlərin müxtəlif inkişaf mərhələsini xronoloji ardıcıl­lıqla, onları konkret tarixi təzahür formaları halında işıqlan­dırmaqla əlaqədardır. Məntiqi metod birincisi, obyekti, onun ən mühüm əlaqələrini əks etdirir; ikincisi, eyni zamanda predmetin tarixini anlamağa imkan verir. Məntiqi metodun tarixi metoddan üstün cəhəti ondadır ki, bu da tədqiqatın iki zəruri ünsürünü: mövcud predmetin tarixini anlamaqla onun strukturunun öyrənilməsinə, bunların birgə vəhdətdə araş­dırıl­masına imkan verir.

Müasir hüquqi tədqiqatların aktual məsələlərində biri başqa elmlərin, o cümlədən sosiologiyanın metodoloji imkan­larından isti­fadə etməkdir. Sosiologiya metodlarının nəzəri müddəalarının tətbiqində müasir zamanın tələblərinə uyğun sosial kateqo­riya­larının araşdırılmasının, konkret sosioloji materialların toplan­ması, faktiki materialların hazırlanması və öyrənilməsinin (sorğu, anketləşmə, seçim, təhlil, şkala, eksperiment metodları və s.) rolu artır. Konkret – sosioloji metodlardan istifadə edilməsi hüquq-elmi metodlarının istifadəsini azaltmır, əksinə onların daha geniş tətbiqini şərtləndirir.

Tədqiqat metodları milli və xarici təcrübə əsasında qurulur. Bu sahədə elmi tədqiqatlar – ümumiləşdirilir, qiymət verilir, nəticələr çıxarılır və praktiki tövsiyələr verilir.

Dövlət qulluğu problemlərinin həllində tədqiqat metodo­logiyasından geniş istifadə edilir. Dövlət qulluğunun tədqiqində qəbul olunan metodlar başqa hüquq təzahürləri üçün tətbiq olunan metodlarla heç nə ilə fərqlənmir. Dövlət qulluğunun metodoloji bazasını şərti olaraq bir-birini tamamlayan iki yanaşma sistemi tutur. Birinci yanaşmada elm və praktikada təsdiq olunmuş ümumi nəzəri metodlardan sistemli, sistemli funksional, struktur, struktur funksional, tarixi yanaşma, təhlil, formal məntiqi, müqayisə, induksiya və deduksiya da təşkil olunmuş konkretdən mücərrədə keçmədən istifadə olunur.

İkinci yanaşmada hüquq, iqtisad, siyasi, sosiologiya, fəlsəfə elmində istifadə olunan nəzəri metodlar daxildir. Nəzəri müddəa­ları konkretləşdirmək və əsaslandırmaq məqsədilə statistik mə­lu­mat­lardan, habelə dövrü mətbuat materiallarından da istifadə edilir.

Dövlət qulluğu problemlərinin tədqiqində onun ilk növbədə metodoloji əsasını təşkil edən və mühüm dövlət-hüquq institutları kimi onun xüsusiyyətlərini xarakterizə edən «Dövlət», «Dövlət hakimiyyəti», «Dövlət aparatı» və «Dövlət idarəetməsi» təza­hürlərinin mahiyyəti; dövlət qulluğunun bu təzahürlərlə qarşılıqlı əlaqələri və təsiri müxtəlif metodlarla araşdırılır. Dövlət qulluğu dövlətlə (onun məqsəd və funksiyalarını yerinə yetirir), dövlət hakimiyyəti ilə (avtoritet və gücünə əsaslanır), dövlət aparatı ilə (funksiya göstərməsini təmin edir), dövlət idarəetməsi ilə (onun əsas mexanizmi kimi çıxış edir) vahid sistemdə baxılır.

Müxtəlif tədqiqat metodologiyasından istifadə etməklə aşağı­dakı məsələlər: Azərbaycanın dövlət qulluğunun yaran­ması, inkişafı (modernləşməsi) məqsədi, vəzifələri və prinsipləri; xarici ölkələrin və MDB dövlətlərinin dövlət qulluğunun modeli, onun xüsusiyyətləri, əlaqələri, inkişaf qanunauyğunluqları; dövlət qullu­ğu­nun hüquqi əsasları; dövlət qulluğu vəzifələri və dövlət qulluqçuları, dövlət qulluğu keçmə; dövlət qulluğunun səmərə­liliyinin və qanun­çuluğun təminatı; dövlət qulluğunda kadr siyasəti, kadr işi, kadr texnologiyası, dövlət qulluğunun idarəetmə orqanları və s. araşdırılır.

Hər bir anlayışa müqayisəli metodun tətbiqi ilə tərif verilir və birincisi, nəzəri-tədqiqat obyektinə çevrilmiş predmetləri, hadisə­ləri əks etdirən yeni anlayışlar yaranır; ikincisi, köhnə anlayışlar konkret­ləşdirilir və daha yüksək abstraksiya səviyyəsində göstə­rilir. Hüquq elminin inkişafı əsas anlayışların və onları təşkil edən elementlərin yenidən nəzərdən keçirilməsini, dəqiqləşdirilməsini və zəngin­ləş­dirilməsini tələb edir.

Dövlət qulluğuna sosial-hüquq institutu kimi iki mövqedən baxılır. Bir tərəfdən buna dövlət – hüquq təzahürü kimi dövlətçilik sistemində yeri və rolu; digər tərəfdən milli dövlət qulluğu, onun tərkib elementləri qanunvericilik əsasın­da tədqiq edilir, xarici ölkələrin dövlət qulluğu ilə müqa­yisə­də uyğun və fərqli əlamətləri öyrənilir, dövlət qulluğunun təkmilləşdirilməsi və islahatların istiqamətləri göstə­rilir;

Tədqiqat metodlarının əsas məqsədləri arasında milli dövlət qulluğu modelini başqa dövlətlərin təcrübəsi əsasında formalaş­dırmaq; bu sahənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyan metodologiyanı seçmək durur.

Hüquqi tədqiqat üçün müqayisəli hüquq metodu xarak­terikdir. Hüquq komparativistikanın1 inkişafının müasir mərhələsi üçün müstəqil elmi istiqamət kimi müqayisəli hüquq qəbul olunur. Əksər tədqiqatçılar bu istiqaməti meto­doloji xarakterli ümumi nəzəri təlim hesab edir. Qanunverici sisteminin müqayisəli metodu qədim dövrdə tətbiq edilməyinə baxmayaraq hüquqi komparativistika predmeti yalnız XX əsrin əvvəlində müzakirə olunmağa başlamışdır. Müqayisəli metod qoyulan məqsədə çat­maq üçün müqa­yisənin məqsədyönlü tətbiqidir. Müqayisəli-hüquqi metod daha yüksək fəlsəfi, sosioloji səviyyədə hüquqi təhlil üçün müxtəlif mənaları vardır. Müqayisəli tədqiqat metodunun əsas məqsədi konkret institutlar üçün optimal model və struktur tapmaqdır.

Müqayisə sözü insan dərk edəndən onun gündəlik həyat fəaliyyətində, düşüncəsində, elmi tədqiqat işlərində ən geniş istifadə olunan termindir. Bu gün elmdə müqayisəli tədqiqata üç baxış var: birinci, müstəqil elm kimi; ikinci, sahə hüquq elmi çərçivəsində yaradılmış elm kimi, üçüncü, elmi tədqiqat metodu kimi.

Müqayisə termini – lüğətdə uyğunluğu və ya fərqi müəyyən etmək məqsədi ilə nəyisə tutuşdurmaq kimi göstə­rilir. Müqayisəli tədqiqatda bu və ya başqa metoda üstünlük verilir. Müqayisə metodu anlayışına müqayisə yolu ilə gerçəkliyi dərk etmək üsulu, qeyri məlumun məlumla müqayisəsi, təzahürün keyfiyyətlərini başqa bir təzahürün keyfiyyətləri ilə tutuşdurmaqla aydınlıq gətirmək kimi baxılır.1

Beləliklə, müqayisə predmetlərin, təzahürlərin, institutların, normaların və s. fərqli və oxşar cəhətlərinin aşkar edilməsini və təhlil olunmasını əks etdirir. İnsan yaranan gündən təbiəti, cəmiyyəti, təzahürü, predmeti dərketmə prosesində müqayisə əsas amil kimi çıxış edir. Müqayisə hər hansı bir təzahür və predmet haqda məlumat və ya bilik almaq üçün tətbiq olunan universal metoddur. Dünyada bütün təzahürlər müqayisəli metodun köməyi ilə – bir təzahürün məlum elementlərinin başqasında olması, oxşarlığı və ya fərqləri ilə araşdırılır. Əgər tədqiqat iki qrupa aiddirsə, onda bu qruplarda bizi maraqlandıran faktları müqayisə edirik. Müqayisəli tədqiqat müxtəlif sistemi və onları təşkil edən dövlət – hüquq institutlarının oxşar element­lərinə əsaslanır, müqayisəli elementlər təhlil edilir.

Hər bir elm sahəsi üçün spesifik müqayisə metodu seçilməklə müxtəlif prizmalardan baxılır:



İctimai elmdə müqayisəli tədqiqatın aparılması materialların yığılması və müxtəlif üsullarla müşayiət, müxtəlif sorğular aparmaq, anketləşdirmək, eksperiment, statistik təhlil yolu ilə həyata keçirilir.

Siyasi elmlərdə siyasi təzahürlər tədqiq edilərkən bütöv və plüralist məqsədlər qoyulur. Birinci halda müqayisəli tədqiqat bütöv cəmiyyət münasibətləri sistemi kimi; ikinci halda ayrı-ayrı fərdlərin vəhdətində və fərdlərin davranışı kimi baxılır. Siyasi təlim tarixi, həmçinin xarici ölkələrin dövlət hüquq tarixi – öz xarakterinə və təbiətinə görə müqayisəli elmidir. Siyasi təlim tarixi müqayisəli metodsuz mümkünsüzdür. K.Marks göstərirdi ki, «Yunanıstan və Romanın qoyduğu təməl olmasaydı müasir Avropa ola bilməzdi».1 Roma hüququnun terminologiyası və prinsipləri bu günə qədər geniş tətbiq edilir. Dövlət qulluğunda müqayisəli metod onun tərkib elementlərinin inkişaf etmiş dövlətlərin analoji elementlərin müqayisəsi ilə milli ənənələrə uyğun seçilib tədqiq edilməsi və ya mövcud olanların təkmilləşdirilməsidir.

Hüquq elmində müqayisəli hüquq dövlətçiliyin başqa tərkib elementlərinə nisbətən daha geniş tədqiq olunan sahədir. Hüquq komparativistikanın yaranmasının başlanğıc mərhələsində onu predmeti keyfiyyətində milli hüquq sistemi baxılır. Bu elm sahənin inkişafı nəticəsində müqayisəli konsti­­tusiya, müqayisəli cinayət, müqayisəli əmək, müqa­yisəli məhkəmə hüququ və b. meydana gəlir. Hər bir hüquq sahəsi ümumi kompotivist baxış olmadığı halda tədqiqat predmeti olaraq özünün «mini nəzəriyyəsini» hazırlayır.

Bütün bunlara baxmayaraq prinsipcə tədqiqat materialın xarakteri xarici hüquqi təzahürləri ilə eynidir. Xarici hüquq təza­hür­lərinin sahə elmləri tərəfindən öyrənilməsi, müxtəlif hüquq qaydalarının hüquq təzahürlərinin tutuşdurulması zamanı müqa­yisəli metodun istifadəsini şərtləndirir.

M.N.Marçenko müqayisəli hüququn predmeti keyfiy­yətində «hüquq sisteminin baş verməsinin, yaranmasının və inkişafının ümumi prinsiplərini və qanunauyğunluqların» baxılmasını təklif edir.2 Burada hüquq sisteminin «baş verməsi, yaranması və inkişafı» elementlərin sırasında hüquq sisteminin funksiyası göstərilmir.

Bilavasitə nəticə verən müqayisə metodu xarici hüququn öyrənilmə metodu və onun tədqiqat metodu hesab edilir. Müqa­yisəli hüquq sərbəst elm mövqeyindən baxan əksər tədqiqatçılar komparativistik tədqiqatın predmetinə təsadüfi hüquqi elementləri yox, yalnız daimi, bu və ya başqa hüquq sistemi üçün tipik xarakter daşıyan elementlər daxil edilir. Hüquqi ədəbiyyatda müqayisəli hüququn predmeti müxtəlif hüquq sistemlərində mövcud olan hüquq elementlərinin və təzahürlərinin baş vermə­sinin, funksiya göstərməsinin və inkişafının tipik, davamlı və ümumi qanunauyğunluğu kimi baxılır.1

Hüquqda tipik xüsusiyyətlər obyektlərin tutuşdurması və onların təsviri nəticəsində müəyyən edilir. Müqayisəli metod – bu əməliyyat üçün uyğun elmi vasitədir.

Hüquq sistemi və ya onun elementləri hüquqi təcrübə, hüquqi doktrina və ya hətta hüquq normaları müqayisə edilməsinin fərqi yoxdur. Əsas xarici hüquq sisteminin və ya hüquq ailəsinin elementləri müqayisə olunan məsələ sistemin, bir qayda olaraq öz milli sisteminin eynicinsli elementlərinin müqayisəsi qaydalarına uyğunluğudur.

Beləliklə, xarici hüquq elementlərinin funksiya göstər­mə­sinin tipik qanunauyğunluğunu öyrənməklə hüquqi təzahürün tipikli elementlərini milli hüquqda olan oxşar obyektlərin elementlərinin müqayisəsi ilə həyata keçirir.

Müqayisəli hüquq elmində tətbiq olunan tipik əlamətlərdə qanunauyğunluq müxtəlif hüquq sistemlərində hüquq element­lərinin yaranması, funksiya göstərməsinin və inkişa­fına kömək edir. Bu cür tipik əlamətlər bütün cəmiyyətlər üçün xarakterik olaraq normativ tənzimləmə tipinə uyğun olur.

Hüquq yaranmasının tipikliyin empirik əsası müxtəlif xalq­larda bu və ya başqa cəmiyyətdə hüquqi tənzimləmənin inkişaf səviyyəsinin xarakterindən ibarətdir. Bu cür tipik əlamət­lərin qiymətləndirilməsi müqayisəli tədqiqatın istənilən səviy­yə­sindən hüquq sistemindən tutmuş hüquq normalarına qədər aparılır. Hüquq normalarının funksiya göstərməsinin tipik əlamət­ləri onların məntiqi sırasında– hipotez, dispozisiya və sanksiyanın realizəsində ifadə olunur. Hüquq təzahürlərinin tipologiyası mövcud hüquq obyektinin abstrakt modelini yarat­mağa imkan verır. Bu model müəyyən mənada ideallaşdırılır.

Hüquqi qanunauyğunluğun tipik əlamətlərinin qiymətlən­dirilməsi ilə yanaşı xarici hüquqi təzahürün davamlılığına da diq­qət yetirilir. Hüquq təzahürünün davamlılığı bütün tarixi inkişaf prosesində müşayiət olunan hüquqda varislik nöqteyi-nəzərdən qiymətləndirilir. Davamlılıq hüquqi gerçəkliyin element­lərinin dəyişilmə keyfiyyətinin səviyyəsini müəyyən edir. Davamlılıq obyektin bütövlüyünü, yəni onun bütün əlamətlərini xarakterizə edənlərdə yaranır. Keçmişdən bu günə ayrı-ayrı kompleks normalar, bəzi funksional prinsiplər keçir. Obyektin hansısa hissəsi başqa hüquq təzahürlərində mövcud olursa, burada tədqiqat institut səviyyəsinin yox, ayrı-ayrı norma səviyyəsində və ya hüquq praktikasında aparılır. Hüquqi elementlərin davam­lılığının müqayisəli hüquq qiymətləndirməsində xüsusi diqqət hüquqi tənzimləmə obyektinə və onun kateqoriyalarına yönəldilir. Hüquqi müqa­yisənin predmetinin başqa bir əlaməti – hüquqi elementlərin inkişafında ümumi qanunauyğunluğudur. Hüquqi elementlərin yaranmasının müqayisəli öyrənilməsi onların gene­zisi haqqında tam məlumat verir.

Müqayisəli tədqiqat metodu dövlət qulluğunun bütün element­ləri üçün ümumi xarakterli olduğundan dövlət qulluğunda qoyulan məsələlərin nəzəri aspektləri müqayisəli hüquqi tədqiqat priz­ma­sın­dan baxılmaqla araşdırılır. Müqayisəli hüququn əsas məqsəd­lərinə: başqa dövlətlərin təcrübəsinə əsaslanan bəzi nəticələri formalaşdırmaq yolu ilə öz milli hüququnu dərindən dərk etmək; hüquqda, hüquq institutlarında oxşar əlamətləri müəyyən etmək, inkişafın ümumi əsaslarını və ənənələrini aşkarlamaq daxildir1. Erkən dövrlərdə müqayisəli hüququn məqsədləri aşağıdakı kimi təsvir edilirdi: birinci növbədə hansı fərqlərin əsas və hansıların təsadüfi xarakter daşımasını ayırd etmək, ikinci növbədə bu fərqlərin əsasında duran səbəbləri, onların sistemin ümumi strukturu ilə nisbətini müəyyən etmək; üçüncü növbədə onların tətbiqinin spesifik şərtləri nəzərə alınmaqla üstün və çatışmayan cəhətləri haqda fikrini formalaş­dırmaq.2

Müqayisə prosesi də bir neçə mərhələyə ayrılır. Birinci, müqayisənin predmetinin müəyyən edilməsi və öyrənilən təza­hürlər arasında müqayisənin həyata keçirilməsinə imkan verən müqayisə meyarlarının seçilməsi; ikinci seçilmiş meyarların əsasında təzahürlər arasında oxşarlığın və müxtəlifliyin aşkar­laması; üçüncü, bu oxşarlıq və müxtəliflik əsasında onların öyrənilməsi: a) təzahürün əsas əlamətlərinin aşkarlanması və onun anlayışına tərif verilməsi; b) onun inkişaf tendensiyasının aşkar edilməsi; v) bu təzahürün baş verdiyi konkret formaların qiymət­ləndirilməsi.3 Ayrı-ayrı institutlar üzrə müqayisə aparı­larkən iki nəticəyə gəlinir: birincisi, identik terminlər müxtəlif hüquq sistemində müxtəlif məna kəsb edir; ikincisi bu identik terminlər həmin institutlarda müxtəlif funksiya daşıyır.

Müqayisəli tədqiqat metodunun qanunvericilikdə tətbiqi isə üç mərhələdə ardıcıllıqla həyata keçirilir: birinci mərhələdə müqayisə edilərək dövlət-hüquq institutlarına aid qanunvericiliyi seçmək; ikinci, bu institutların inkişaf tari­xini öyrənmək, üçüncü – onların qanunlarla yanaşı, hüququn ali prinsiplərinə cavab verməsini araşdırmaq. Bu mərhələlərdən sonra müqayisəli qanunvericilik aktlarında fərqlərin və əsas iqtibas mənbələrini müəyyən etməklə hüququn özünün müqayisəsi başlayır.

Dövlət qulluğu probleminin tədqiqində kompleks şəkildə aşağıdakı müqayisəli metodların forma və növlərindən istifadə olunur:

1. Hərtərəfli və konkret əhatəli metod. Hərtərəfli əhatəli metod – geniş miqyaslı olub dövlət-hüquq sisteminin təsvirini, əsas əlamətlərini, daha xarakterik oxşar və fərqli cəhətləri araşdırmaq məqsədi daşıyır; konkret əhatəli metod iki və ya bir neçə sistemdə konkret hüquq institutlarının və ya hüquq normalarının forma və strukturuna görə oxşarlıq müqayisə edilir.

2. Diskriptiv, tənqidi, evristik və proqnostik müqayisə metodları. Diskriptiv – təzahürlərin faktiki tərəflərini obyektiv başa düşmək üçün istifadə edilir; tənqidi - bu formaların pozitiv və neqativ tərəflərini açır; evristik (həqiqəti tapmaq məharəti) – konkret şəraitdə bu və ya başqa formanı qiymətləndirmə ilə əlaqəlidir; proqnostik – hadisələrin inkişafı imkanlarını və nəticə­lərini göstərir. O praktiki tədqiqatın effektivliyi məqsədilə təklif və tövsiyə xarakterli olur.1

3. Mikromüqayisə və makromüqayisə. Mikromüqayisə ayrı-ayrı institutlar və normalar daxildir. Burada bir hüquq sistemi çərçivəsində müqayisə aparılır, onun nəticəsi milli hüququn təkmilləşdirilməsinə yönəldilir; Makromüqayisə müxtəlif hüquq ailəsinə məxsus sistemlərinin müqayisəsi aparılır. Bu müqayisə hüquq elmi üçün xüsusi əhəmiyyət daşıyır və dünyada mövcud olan müxtəlif konsepsiyaları görməyə imkan verir.

4. Sinxronik və dioxronik müqayisə. Sinxronik müqayisə iki və daha çox obyektin eyni vaxtda müqayisəsini nəzərdə tutur; dioxronik – bir və ya bir neçə obyektin müxtəlif faktlarda müqayisəsidir. Bu müqayisəli tarixi metod da adlandırılır.

5. Təsviri, tətbiqi (qanunvericiliklə), dioqnosik və zid­diyyət təşkil edən müqayisə: Təsviri müqayisədə iki ölkədən az olmayaraq konkret problemlərin həlli qaydaları tədqiq edilir; tətbiqi müqayisədə milli hüququ təkmilləş­dirmək üçün xarici hüquqla müqayisəsi; ziddiyyət təşkil edən müqayisə həm milli, həm də xarici hüquq sistemini yaxşı başa düşmək üçün tənzimləmənin koordinal fərqli konsepsiya və metodlarını araşdırmaq üçün xarici və milli hüququn müqayisəsi aparılır.

6. Ərazi və xronoloji refrospektiv (müxtəlif dövrlərin müqayisə metodları) müqayisə. Etnoloji və antropoloji elmin müqayisə metodunu tətbiq etməklə erkən dövrlərdə ictimai inkişafı və sosial strukturu aşkarlanır.

7. Ümumi müqayisə və konkret institutların müqayisəsi.

8. Daxili identik sosial xarakterli hüquq sisteminin müqa­yisəsi və xarici – müxtəlif sosial sistemlərin müqayisəsi.

9. Müqayisənin səviyyəsinə görə: a) hüquq səviyyəsində müqayisə; b) hüquq sahəsində müqayisə; q) hüquq institutları səviyyəsində müqayisə.

10. Müqayisəli-paralel və müqayisəli analitik. Müqa­yisəli-paraleldə ölkənin hüquq sahələrini və institutlarının tarixi bir sırada, paralel, nisbətən az əlaqəli təsvir olunur; müqayisəli-analitik nəzərdə tutulan uyğunluq və fərqi, təhlili, ümumi­ləş­dirilmiş ifadə etmək, nəticələri qanunvericiliyin müəyyən etdiyi xüsusiyyətlərlə müqayisə etmək.

Hüquqi ədəbiyyatda müqayisəli hüququn tipləri və qrupların təsnifatı iki blokda birləşdirilir. Birinci bloka – müxtəlif dövrlərin hüquq sisteminin müqayisəsi və ya tarixi müqayisə aiddir. Bura: a) bir-birini əvəz edən eyni tipli hüquq sistemlərinin müqayisəsi; b) tarixi ardıcıllıqla hüququn müxtəlif tiplərinin müqayisəsi daxildir. Tarixi müqayisəli tədqiqat mümkün tipologiyaları qur­maq, ümumiləşdirmək, həmçinin qanunauyğunluqları müəy­yən etmək üçün əsas müqayisə metodu sayılır. İkinci bloka eyni vaxtda mövcud hüquq sisteminin müqayisəsi və ya «məntiqi» müqayisə aiddir. Buraya daxildir: 1. Eyni tipli hüquq sisteminin müqayisəsi (daxili müqayisə): a) bir «hüquq ailəsinə» mənsub hüquq sistemlərinin müqayisəsi (məsələn, kontinental tipli burjuaziya hüquq sistemləri) arasında müqayisə; b) müxtəlif hüquq ailələrinə mənsub bir ölkənin hüququ ilə digər ölkənin hüququnun bir ictimai tarixi tipli çərçivəsində müqayisəsi (məsələn, kontinental hüquqla ingilis-saks hüquq sistemi arasında müqayisə). 2. Müxtəlif sosial formasiyalara (xarici müqayisə) mənsub hüquq sisteminin müqayisəsi.1

Müqayisəli metodun tətbiqinin müqayisəli elmin, müqa­yisəli anatomiyanın, müqayisəli hüququn elmi baxımdan banisi Aristotel hesab olunur. Aristotel siyasi təşkilatların qanunauyğunluğu ba­rədə nəticəyə gəlmək üçün 158 yunan və başqa dövlət quruluş­larını müqayisə etmişdir.

Plutarx «Müqayisəli həyati təsvirlər» əsərində görkəmli yunanları və romalıları qısa şəkildə müəyyən oxşarlığa görə (23 qoşa şəxsiyyəti) müqayisə aparmışdır. Qay Svetoniy Trankvill müqayisə metodu ilə on iki Sezarın – Roma imperatorlarının həyat və fəaliyyətini təsvir etmişdir. Orta əsrlərdə müqayisəli metoddan istifadə etməklə Şərq mütəfək­kirləri Əl Fərabi «İdeal dövlət», Firdovsi «Şahnamə», Nizamülmülk «Siyasətnamə»; Nizami Gəncəvi «İskəndərnamə», Nəsrəddin Tusi «Əxlaqi-Nəsiri» kimi şah əsərlərini yaratmışlar. Qərbi Avropada N.Makiavelli qədim dövrün, xüsusən Roma respublikasının tarixini müasir tarixlə müqayisə edərək, məşhur «Hökmdar» əsərini yazmışdır.

Avropada dövlət və hüquq problemlərinin tədqiqində müqayisəli metod ideyasının baniləri İngiltərədə Bekon, Fransada Monteskye, Almaniyada Leybnist hesab edilir. Bekon «Təcrübələr (esse və mənəvi, iqtisadi və siyasi nəsihət» əsərində (1597) humanitar elmin müxtəlif mövzuları üzrə qeydlərində 58 qısa müqayisə aparmışdır.2

Müqayisəli tədqiqat metodunun tətbiqi və inkişafının klassik nümunəsini Yaponiya təcrübəsində görmək olar. Yaponlar öz dövlət-hüquq institutlarını yaradanda əvvəl Çin mədəniyyətinə, dövlətçiliyinə və hüququna müraciət etmiş, XIX əsrin ikinci yarısından başlayaraq qərb sivilizasiyasına – Almaniya, Fransa, Hollandiyaya, İkinci dünya müharibə­sindən sonra isə istiqaməti ABŞ və İngiltərəyə doğru dəyişmişlər. Bu ölkələrin hüquq terminləri ekvivalent yapon terminlərinə keçirilir. İmperator Universitetində fransız, alman, ingilis hüquq kafedraları yaradılır. S.Xodzima 1887-ci ildə «İngilis, fransız və alman hüququnun müqayisəli tədqiqatı» əsərini yazır.

İkinci dünya müharibəsindən sonra Yaponiyada dövlət­çilik Amerika təsiri ilə formalaşır. 1946-cı ildə yeni Konstitusiya, 1947-ci ildə «Dövlət ümumi vəzifəli şəxslər haqqında» və digər qanunlar qəbul edilir. Bununla da, məmurluq aparatı haqda İmpe­rator reskipləri ləğv edilir və dövlət qulluğu Amerika nümunəsinə uyğun konstitusiya səviyyəsində rəsmiləşdirilir. Avropanın kontinental hüquq təsiri altında yaranan Yaponiyanın hüquq sisteminin Amerika hüquq sistemi sınağına keçilir. Köhnə və yeni sistem arasında uyğunsuzluğu ləğv etmək, bir yerdə işləyən vahid siste­mə inteqrasiya etmək üçün Amerika dövlətçi­liyinin öyrə­nil­məsinə başlanılır. Yaponiyaya çoxsaylı Amerika hüquq­şünasları gəlir, digər tərəfə isə yapon alimləri və tələbələri təhsil almağa göndərilir. Bununla da, fransız və alman hüququnun rolunu Amerika hüququ oynamağa başlayır.

Müqayisəli hüquqi tədqiqat problemlərinin həllində Oksford dərsliyinin böyük əhəmiyyəti vardır. Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Yaponiya və b. universitetlərinin 43 professoru tərəfində hazırlanmış “Müqayisəli hüquq üzrə Oksford dəsrliyi” giriş və 42 fəsil daxil olmaqla üç hissədən ibarətdir. Birinci hissə dünyada müqayisəli hüququn inkişafından; ikinci hissədə mü­qa­yi­sə­li hüququn öyrənilməsinə baxışlardan; üçüncü – müxtə­lif təlim­lərdə (inzibati, cinayət, ailə hüququn və s.) müqayisəli hüquqdan bəhs edir. Hər fəsil üzrə müxtəlif müəllif baxışları ilə yazılmış həcminə görə böyük olmayan orijinal, tam və yekunlaşmış tədqiqat işidir. Hər fəsildə müəyyən sahədə müqayisəli hüquq tədqiqatın «müsbət» və «mənfi» cəhətləri qısa yekunlaşdırılır və gələcək inkişafı üçün proqnoz verilir.1

Bu fundamental əsər qlobal xarakter daşımaqla müəlliflərin hüquqi müqayisə haqqında fikirləri maraqlıdır: Fransanın “Paris II” Universitetinin alimi B.Fovark-Keccon müqayisəli hüquqa «universal elmi kimi» baxır; İsveçrənin Bazel Universitetinin alimi L.Şvanger göstərir ki, Avropa Şurasının yaranması nəticəsində Avropa hüququ alman hüququ ilə harmonizasiya olunur; Z.Kyun (Çexoslovakiya) Mərkəzi və Şərqi Avropa ölkələrində müqayisəli hüquq haqda fəsildə «kommunizmə», stalinizmə qədər dövr təhlil edilərək müqayisəli hüququn hazırkı inkişafını Avropa İttifaqının yaranması ilə əlaqələndirir və qeyd edilir ki, bu problem üzrə hələlik akademik elmi inkişaf etməmişdir; N.Yansen (Myunster Universiteti, Almaniya) fikrincə müqayisəli hüquqla – müqayisəli biliyi tutuşdurmaq zəruridir. Müqayisəli hüququn müqayisəli təlimin hissəsi olmasını, təzahürlərin oxşar və fərqliliyini öyrənildiyinin vacibliyini göstərir. R.Maykls (Şimali Karolina ştatının Universiteti, ABŞ) – müqayisəli hüququn funksional metodundan (hüquq institutun rolunu və funksiyasını öyrənməklə), bu metodun müxtəlif növlərə bölünməsindən (klassik, instrumental, yeni­ləşmiş, ekvivalent və s.) yazır; N.M.Uott (Parij Universiteti, Fransa) qloballaşma və müqayisəli hüququn problemlərinə baxaraq, göstərir ki, vahid transmilli hüquq yaratmaq zəruridir; A.Rayls (Kornel Universiteti, ABŞ) müqayisəli hüquq və sosial-hüquqi tədqiqatlar haqda fikir­lərini M.Veberin ənənəsini gündəmə gətirməklə kompo­rativistikanı və sosial-hüquqi təzahürlərin tədqiqatçılarının qarşı­lıqlı əlaqəsinin təmin edilməsinə yönəldir.2

Müqayisəli təhlil nəticəsində Azərbaycan dövlət qulluğu Avropa İttifaqı ölkələrinin dövlət qulluğunun modelinə uyğun sosial-hüquqi institutu kimi formalaşır. Azərbaycan dövlət qulluğunda xarici ölkələr üçün xarakterik olan aşağıdakı əlamətlər öz əksini tapmışdır: siyasətin idarəetmədən ayrıl­ması konsepsi­ya­sına uyğun siyasi elita və peşəkar dövlət qulluğu ayrılması; dövlət qulluğuna qəbulda açıq müsabiqə imtahanlarının aparılması; dövlət qulluqçusunun etik davranış qaydaları haqqında qanun qəbul edilməsi; qulluq karyerası (qulluq keçmə prosesi) tətbiq olunması; dövlət qulluğu idarəetmə orqanların yaradılması və digər innova­siyalar daxildir.

Demokratik inkişafa nail olmaq, informasiya-texnoloji dəyişiklikləri mənimsəmək, maddi və mənəvi cəhətdən inkişafına lazımi şərait yaratmaq üçün dövlət təzahürlərinə dəqiqlik, etibarlıq və möhkəmlik vermədən mümkün deyil. Odur ki, bütün dövlət təzahürləri özünə diqqət, dərindən öyrənmək və düşünülmüş dəyişikliklər tələb edir. Nəzəri-metodoloji tədqiqatda ilk əvvəl dövlətçilik sisteminin əsas anlayışlarına, sonra isə tərkib elementlərinə tərif verməklə araşdırmaq mümkündür.



2. Dövlətçiliyin sistemli təhlili
Dövlətçilik dövlət təzahürlərinin – dövlət, dövlət hakimiyyəti, dövlət aparatı, dövlət idarəetməsi və dövlət qulluğunun məcmusu olmaqla, onun elementləri qarşılıqlı təsir, qarşılıqlı əlaqə və qarşı­lıqlı asılılıqda vahid sistemi təşkil edir.

Elmi ədəbiyyatda bu təzahürlər ayrı-ayrılıqda tədqiq olundu­ğundan onların sistemli təhlili aktual məsələlərdən biridir. Məlumdur ki, dövlət təzahürlərinin hər birinin özünə məxsus fərdi xüsusiyyətləri vardır. Bununla yanaşı onların hamısında ümu­milik, tarixilik, hamının maraqlarına uyğun kütləvilik prinsipləri xarakterikdir.

Dövlət təzahürlərinin əsas təyinatına xalq üçün ölkənin suve­renliyini, bütövlüyünü, müstəqilliyini, daxili və xarici təhlükə­sizliyini qorumaq, hüquq qaydalarının və təbiətin mühafizəsi, insan hüquq və azadlıqlarına əməl edilməsi, cəmiyyətin rifahının yaxşılaşdırılması və digər məsələlərin həlli daxildir.

Praktiki olaraq dövlətçiliyin möhkəmləndirilməsini və dövlət hakimiyyətinin realizəsini, dövlətin effektivliyinin təmin edilməsi üçün beynəlxalq nümunəvi modelə uyğun dövlət qulluğu yaradılır. Dövlət qulluğu dövlətçilik sisteminin tərkib hissəsi olmaqla dövlət, dövlət aparatı, dövlət idarəetməsi ilə bir sırada durur, onlarla qarşılıqlı əlaqədə olur, onlara təsirdə özünü ifadə edə bilir, realizə olunur, təhlil edilir və qiymətləndirilir.

Məntiqi olaraq bu əlaqə insan-cəmiyyət-dövlət-hakimiyyət-dövlət aparatı – dövlət idarəetməsi – dövlət qulluğu – insan sxemi üzrə həyata keçirilir. Bu sxemin əsas mahiyyəti bütün təzahürlərin insanla yaradılıb insanın rifah, tələb və maraqlarına xidmət etməsidir.

Bu sxemin qısaca interpretasiyası aşağıdakı kimidir.

1. Cəmiyyət tələbat, təbii zərurət və s. üzündən insanların tarixən təşəkkül tapdığı birgə fəaliyyəti nəticəsində meydana gəlir;

2. Cəmiyyət özünü xarici və daxili təhlükədən qorumaq üçün cəmiyyətin bütün üzvlərinin birgə maraqlarını ifadə edən dövlət yaradır. Odur ki, dövlət cəmiyyətdən «gəlir» və onun tələblərinə, maraqlarına, məqsəd və iradəsinə xidmət edir. Başqa sözlə dövlət cəmiyyətin kütləvi və legitim hakimiyyət gücüdür1. K.Marks göstərirdi ki, dövlət cəmiyyətin bir hissəsi, lakin nisbətən müstəqil hissəsidir, çünki ictimai münasibətlərin nizamlanmasında və hər bir cəmiyyətin təbiətindən irəli gələn ümumi işlərin həllində onun rolu var2. Dövlətin yaranması ilə insanlar təbii hüququndan vətəndaş hüququna keçir, xalq yaranır.

3. Cəmiyyət onu idarə etmək üçün dövlətə hakimiyyət verir. Hakimiyyət insanlar tərəfindən və insanlar üçün yaradılan mürəkkəb ictimai münasibətdir. Cəmiyyətdə hakimiyyət adətlərə, dinə, ənənələrə, hüquqa, demokratik institutlara əsaslanır, dövlət hakimiyyəti isə iqtisadi, ideoloji, təşkilati-hüquqi mexanizmlər vasitəsilə insanların, sosial qrupların, siniflərin fəaliyyətinə, davra­nışının xarakterinə və istiqamətinə təsir imkanları ilə xarak­terizə olunan sosial münasibətlər formalaşdırır. Hakimiyyət iradi münasibət olub bir istiqamətdə göstəriş, əmr, tələb, qanun, normalar və qaydalara təsir edir, digər tərəfdən – tabeçilik, riayət etmək, öz davranışını tənzimləmək, icra etmək durur.

Dövlət hakimiyyəti funksiyalarına görə iki tərkib hissədən: siyasi və inzibati funksiyalardan ibarətdir. Siyasi funksiyaların xarakterik əlaməti onun dövlətin tələb və maraqlarına uyğun öz iradəsi ilə qəbul etdiyi qərarların bütün cəmiyyət üçün məcburi xarakter daşımasıdır. İnzibati funksiyalar isə siyasi qərarların hə­ya­ta keçirilməsinin təmin edilməsini şərtləndirir: Siyasi haki­miyyət siyasi rəhbərlik – siyasi elita, inzibati hakimiyyət isə dövlət qulluğu vasitəsilə həyata keçirilir.

Siyasi rəhbərliyin dövlət qulluğundan fərqləndirilməsi praktikası Ameri­kanın hüquq professoru, sonradan ABŞ prezi­denti olmuş Vüdro Vilsonun «Siyasətin idarəetmədən ayrılması» (1887) doktrinasına əsaslanmışdır. Dövlət hakimiyyətinin dixato­miya konsepsiyası dövlətin siyasi funksiyasını idarəetmə funk­siya­sından ayırmağı əsaslandırır. Onun fikrincə siyasi hakimiyyət siyasi funksiyası, inzibati hakimiyyət isə idarəetmə funksiyası daşıyır. Siyasi funksiyanı siyasi vəzifələr – dövlət vəzifələri tutan siyasi elita, idarəetmə funksiyasını isə inzibati vəzifələr tutan dövlət qulluqçuları həyata keçirir. Bu konsepsiya nəzəri cəhətdən peşəkar dövlət qulluğuna keçməyin zəruriliyini əsaslandırmışdır1. Müxtəlif siyasətçilər gəlir və gedir, dövlət idarəetmə maşını bütün şəraitlərdə qüsursuz işləməlidir. Dövlət qulluğunda aparılan islahatlar dövlət idarəetmə fəaliyyətinin dəqiq, effektli və qənaətcil fəaliyyətini təmin etməyə yönəldilməlidir1.

4. Dövlət öz səlahiyyətlərini həyata keçirmək üçün dövlət hakimiyyəti sima­sında hakimiyyətlərin bölgüsü prinsipi əsasında dövlət orqanları sistemindən ibarət dövlət aparatını yaradır. Dövlət aparatının tərkib hissəsi olan idarəetmə aparatı isə bu və ya başqa həyat fəaliyyətinin idarəedilməsində öz strukturu, səlahiyyətləri və müstəsna hüququ olur.

5. Dövlət öz məqsəd və vəzifələrini mühüm funksiyalarından biri olan dövlət idarəetməsi ilə realizə edir. Dövlət idarəetməsi cəmiyyətin həyat fəaliyyəti prosesində insanların qarşılıqlı təsirini və əlaqələrinin şüurlu nizamlamasıdır. Dövlət idarəetməsi haki­miyyət piramidasında dörd səviyyəyə ayrılır: birinci, yuxarı səviyyədə dövlət idarəetməsinin konseptual, elmi-nəzəri bazası; ikinci səviyyədə dövlət idarəetməsinin normativ hüququ bazası, üçüncü – dövlət aparatı və dövlət qulluğu timsalında idarəetmənin təşkilati əsası; dördüncü – texnoloji bazası – idarəetmənin forma, üsul və metodları durur2.

İdarəetmənin mahiyyəti idarəedən və idarəolunan sistemin – idarəetmə subyekti və obyektinin formalaşmasıdır. Dövlətin cəmiyyətlə bağlılığı vətən­daşlar vasitəsilə, yəni onların Konstitu­siyada təsbit olunmuş dövlət idarə­etməsində praktiki iştirakını şərtləndirir. İdarəetmə subyektləri ilə istehlak dəyəri olan maddi, sosial və mənəvi məhsul istehsalı ilə məşğul olan idarəetmə obyektləri arasında sıx əlaqəlilik idarəetmə mexanizminin dəqiq fəaliyyətinin əsasıdır. Bu əlaqələr pozularsa idarəetmə formal xarakter daşımaqla öz mahiyyətini itirir.

6. Məlum həqiqətdir ki, hər bir sivil dövlətin səmərəli funksiya göstərməsi dövlətə, dövlət aparatına, dövlət idarəet­mə­sinə dinamizm verən yüksək peşəkar dövlət qulluğunun olması fundamental əhəmiyyət daşıyır. Dövlət qulluğu ikili xarakter daşıyır. Birinci o dövlətə xidmət edir, dövlət aparatının səla­hiyyətlərinin icrasını təmin edir, qanunları və icra hakimiyyətinin siyasətini həyata keçirir. İkinci, cəmiyyətə xidmət edir, sosial sahədə qayda yaradır, insan hüquq və azadlıqlarını təmin edir.

Demokratik dövlətdə dövlət qulluğu: birinci dövlət adından və onun tapşırığı ilə çıxış edərək onun səlahiyyətlərinə aid məsələləri həll edir; ikinci qanunvericiliyə uyğun dövlət iradəsini təmin edir, məcburetməni həyata keçirir; üçüncü, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında fəal rol oynayır; dördüncü, haki­miyyət­lərin bölgüsü prinsipi əsasında hakimiyyət qollarının hamısında fəaliyyət göstərir; beşinci, inandırma, məcburetmə metodlarından istifadə etməklə dövlətin proqnozlaşdırma, təşki­lati, nəzarət funksiyalarını yerinə yetirir.


Dövlət hakimiyyəti orqanları sistemində
dövlət qulluğunun yeri

1. Cəmiyyət, 2. Dövlət, 3. Dövlət aparatı, 4. Siyasi elita,



5. Dövlət qulluğu, 6. Siyasi rəhbərlik

2.1. Dövlətçilik sisteminin mahiyyəti və ona təsir edən amillər

  1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə