Rzayev əLİ heydəR oğlu DÖVLƏt qulluğunun hüquqi Əsaslari




Yüklə 2.56 Mb.
səhifə6/32
tarix20.04.2016
ölçüsü2.56 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

4.2. Dövlət idarəçiliyi və dövlət qulluğu
Dövlət idarəçiliyinin dövlət idarəetməsindən fərqləndirmək nəzəri və praktiki əhəmiyyət daşıyır. Dövlət idarəetməsi rusca «государственное управление» sözündən tərcümə olduğu halda, idarəçilik, idarə üsulu «правление» sözünün tərcüməsidir.

Idarəetmə prosesdir, mexanizmdir, dinamikdir və nə etmə sualını cavablandırır, idarəçilik formadır, statik vəziyyəti göstərir və nə sualına cavab verir. İdarəetmə tərəflərin – idarəedən subyektinin və idarəolunan obyektin qarşılıqlı əlaqəsini, təsirini göstərən mexanizmidir. Kibernetika elminin təşəkkülü ilə idarəetmənin potensial imkanları genişlənmiş, idarəetmə universal bir anlayış kimi təbiət, cəmiyyət və texniki sahədə geniş miqyas almışdır. İdarəçilik isə forma olaraq özünü dövlətin üsul idarəsində monarxiya, respublika idarəçilik formasında göstərilir.

Dövlət hakimiyyətinin formalaşması və səmərəli həyata keçirilməsi dövlət idarəçilik formasından çox asılıdır. Dövlət idarəçilik forması anlayışına «dövlətin ali hakimiyyətinin təşkili, hakimiyyət orqanlarının yaradılması qaydası, digər dövlət orqanları ilə onların qarşılıqlı əlaqəsi»1, «dövlət hakimiyyətinin bü­tün orqanlarının statusunun təşkili və qarşılıqlı münasibəti, həmçinin onların əhali ilə birbaşa və əks əlaqəsi»2, «bu və ya başqa siyasi sistemdə seçkili və ya irsi olan ali dövlət hakimiyyətinin formalaşması»3 kimi baxılır. Buradan monarxiya və respublika idarəçilik formaları anlayışları yaranır.

Konkret idarəçilik formaları ta qədim dövrlərdən başlayaraq müxtəlif xalqlara xas olan universal, tipik əlamətləri olub. Bununla yanaşı eyni bir dövlət formasının özündə fərqli təkrar olunmaz elementləri vardır. Bu fərqlər dövlətin əhatə etdiyi ictimai münasibətlərin (iqtisadi və siyasi, sosial və mədəni həyatında yaranan) xarakter və səviyyəsi ilə əlaqəlidir. Məsələn, Afinada demokratik respublika, Romada aristokratik respublika mövcud olmuş, yeni dövrdə respublikanın müasir formaları geniş yayılmışdır.

Dövlətin idarəçilik forması haqqında müfəssəl təlimi qədim yunan filosofları - Platon, Aristotel vermişdir. Platon özünün ideal, nümunəvi dövlət modelini tarixdə mövcud olmuş dövlət idarəçilik formaları ilə müqayisə etməklə formalaşdırmışdır. O, öz dövlət modelini timokratiya, oliqarxiya, demokratiya və tiranlığa qarşı qoyur. Onun fikrincə bunların hər biri mənfi, qeyri-mükəmməl dövlət fərmanları olub biri digərindən törəyir. Belə ki, mənfi quruluşdan müsbət quruluş, qeyri-mükəmməldən mükəm­məl törənə bilməz. Platon onların bir-birinə keçid mexanizmini açır4.

Platon «Siyasət» dialoqunda aşağıdakı idarəçilik formalarını əsas tutur: onların hər birini qanuna uyğun və ya zidd olmasından asılı olaraq iki yarım növə bölür. Qanuni monarxiyanı - çar hakimiyyət, qanuna ziddi - tiraniya; azların qanunu hakimiyyətini - aristokratiya, qanuna ziddi - oliqarxiya adlandırır, demokra­tiyanı qanuni və qanuna zidd formalara bölür1. Platon «Qanunlar» əsərində qanunçuluq prinsipini siyasi idarəçiliyin və dövlət həyatının əsası kimi qiymətləndirir və iki növ dövlət quruluş forması ayırır: birində hamının üzərində hökmdar durur; digərində qanunlar hakimlik edir, hökmdarlar ona tabedir. «Harda ki, qanunun qüvvəsi yoxdur, kiminsə hakimiyyəti altındadır, bu dövlət məhvə yaxındır. Harda ki, qanun hökmdarlar üzərində hakimdir, onlar qanunun quludur, o halda mən dövlətin xilasını görürəm». Platon qanunlara təsnifat verərək düzgün və qeyri-düzgün qanunlara bölür. Düzgün qanunlar - bütün dövlət üçün ümumi rifahı müəyyən edir, əgər qanunlar bir neçə nəfərin maraqlarına görə qəbul olunubsa, orda söhbət dövlətdən yox, yalnız daxili çəkişmədən gedir2.

Aristotel dövlət idarəçilik formasını kəmiyyət, keyfiyyət və əmlak əlamətlərinə görə bölgüsünü aparır. Kəmiyyət elementlərinə – kütlənin say üstünlüyü; keyfiyyət elementlərinə azadlıq, tərbiyə və nəciblik; əmlak əlamətlərinə - varlı və yoxsullar daxil edilir. Bu əlamətlərə görə bir şəxsin azlığın və çoxluğun hakimiyyətini, düzgün və qeyri-düzgün idarəçilik formalarına ayırır3. O hər bir dövlətin əhalisini üç hissəyə bölürdü. Birinci tam müstəqil - varlı; ikinci, çox kasıb; üçüncü bunlar arasında - orta mülkiyyəti olanlar. Onun fikrincə bu qruplardan hansı hakimiyyətdə olursa bərabərlik – ədalətlik prinsipi pozulur. Əgər azlar hakimiyyətdə olsa, onlar tez bir zamanda daha da böyük mülkiyyət əldə edəcək; əgər çoxluq hakimiyyətə gəlsə ədalət prinsipi pozulacaq, azlıq təşkil edənlərin mülkiyyətini zorla müsadirə edəcək. Aristotelə görə optimal dövlət quruluşu hakimiyyətdə nə varlı, nə də kasıb olmayan orta mülkiyyəti təbəqədən, demokratiya elementi artıq olan aristokratiya ilə demokratiyanın qarışığından təşkil olunmuş quruluşdur.

Aristotel dövlət quruluşunun altı formada olduğunu göstərərək, onların üçünü «ümumi xeyir» əldə etməyə yönəldilən normal, düzgün, üçünü isə «bir nəfərin, müəyyən qrupun və çoxluğun xeyrinə» olanları qeyri-düzgün hesab etmişdir. Ümumi ictimai xeyrə yönəldilmiş bir nəfərin, bir qrupun və ya çoxluğun idarə etdiyi dövlət formasını monarxiya, aristokratiya və politiya adlandıraraq normal hesab etmiş, bir nəfərin, bir qrupun və ya çoxluğun xeyrinədirsə çar hakimiyyəti istibdada, aristokratiyadan oliqarxiyaya, politiyadan demokratiyaya keçir və bunları qeyri-normal hesab etmişdir. İstibdad hökmdarın, oliqarxiya imkanlı adamların, demokratiya kasıbların xeyrinə fəaliyyət göstərəcək. Aistotel ən yaxşı dövlət forması kimi «politiyanı» - demokratik respublika quruluşunu qəbul edirdi. O politikanın əsas mənbəyini insanların xoşbəxtliyini təmin etməyə yönəldilmiş qanunlarda görürdü.

Ş.Monteskye idarəçiliyin üç formasını göstərir: respublika, monarxiya, despotiya. Respublika idarəçiliyi - ali hakimiyyət bütün xalqın və ya xalqın bir hissəsinin; monarxiya bilavasitə dəyişməz qanunlara əsaslanan bir nəfərin hakimiyyəti, despotiya hər hansı qanundan kənar bir nəfərin iradəsi və özbaşınalığıdır1.

Tarixən idarəçiliyin geniş yayılmış - monarxiya və respublika forması mövcuddur. Respublika (lat. respublik ictimai iş) idarəçilik forması ali hakimiyyət orqanları seçkili olması ilə xarakterizə olunur. Bu formanın tarixi kökləri qədim dövrlərə gedir. Hazırda və dünya dövlətlərinin 90%-dən çoxunda bu forma tətbiq olunub. Müasir dövrdə bu formanın üç növü: prezidentlik respublikası, parlament respublikası və yarımprezident respubli­kası mövcuddur.

Dünyanın əksər ölkələrində prezidentik respublikası forması tətbiq edilir. Bu formada qanunverici orqan və öz fəaliyyətlərində müstəqil olan icra hakimiyyəti başçısı (o həm də dövlət başçısıdır) əhali tərəfindən seçilir.

Azərbaycan Respublikası müstəqillik elan edildikdən sonra keçid dövründə gedən demokratik dəyişikliklər respublikanın milli-tarixi xüsusiyyətlərinə və ənənələrinə uyğun yeni idarəçilik modelini axtarmaq və seçmək zərurətini qoyurdu. Bu modelin əsasını dünyanın əksər ölkələri hamı tərəfindən qəbul edilən hakimiyyət bölgüsü və prezident institutu tuturdu. Keçmiş SSRİ tərkibinə daxil olan respublikaların ümumi tarixi-hüquqi vəziyyəti onların oxşar transformasiya və demokratik dəyişikliklər etməsi və prezident institutunu seçməsi ilə nəticələndi. Təcrübə göstərdi ki, keçid dövründə postsovet məkanında tətbiq olunmuş prezidentlik institutu respublika idarəçilik sisteminin başqa formaları ilə müqayisədə ən düzgün seçim idi. Ümummilli lider Heydər Əliyev Respublika Nazirlər Kabinetinin 3 mart 1995-ci il tarixində keçirilən geniş iclasındakı, çıxışında göstərirdi ki, «respublikamız prezident üsul-idarəsi sisteminə keçmişdir, … hesab edirəm ki, respublikamız üçün ən münasib üsul-idarə formasıdır»1.

Prezident institutunun axırıncı onilliklərdə xarici ölkələrdə, o cümlədən postsovet məkanında geniş yayılmış coğrafiyası genişlənmişdir. Hazırda dünyanın 130-dan çox ölkəsində prezident postu vardır2.

Hüquqi ədəbiyyatda prezidentlik institutu3, prezident institutuprezidentin hüquqi statusu anlayışları istifadə olunur. Prezidentlik institutu sosial institut olub prezident hakimiyyətinin formalaşması və funksiya göstərməsini tənzimləyən dövlət-hüquq (konstitusiya) normalarının məcmusu və ya prezident haki­miyyətinin funksiya göstərməsini tənzimləyən konstitusiya normalarına əsaslanmış dövlət idarəetmə sahəsində prezidentin hakimiyyət səlahiyyətlərinin məcmusu kimi baxılır1. Elmi ədəbiyyatda «Prezident institutu termini ümumi qəbul edilmiş terminologiyaya uyğun gəlmədiyinə və bu institutun mahiyyətini tam göstərmədiyinə görə düzgün sayılmır. Prezident dövlətin ali vəzifəli şəxsi kimi yox, həm də prezident hakimiyyəti konstitusiya normaları əsasında tənzimlənir.

Prezidentlik institutu və Prezidentin hüquqi statusu anlayış­larının müqayisəsi göstərir ki, prezidentlik institutu prezidentin hüquqi statusuna nisbətən normativ məzmunu daha genişdir və prezidentin fəaliyyəti ilə yanaşı onun seçilməsi prosedurunu da əhatə edir. Beləliklə, hüquqi status prezident fəaliyyətini müəyyən edən hüquqi institutun bir hissəsidir. Qanunvericilikdə prezident hakimiyyətinə müxtəlif cür: dövlət başçısı; icra hakimiyyətinin başçısı; dövlət hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini təmin edən; ali vəzifəli şəxs kimi ifadə olunur.

Azərbaycan Respublikasında prezidentlik institutu tətbiq edildikdən sonra bu institut inkişaf etdirilmiş və təkmilləş­dirilmişdir. Azərbaycan Respublikası Prezidenti vəzifəsi təsis ediləndən sonra Azərbaycan «Konstitusiyasına (Əsas Qanuna) dəyişiklik və əlavələr haqqında» Qanunda Azərbaycan dövlətinin başçısı kimi prezident təsisatına ayrıca fəsil (13.1) əlavə edilir. Prezident səlahiyyətlərinə dövlət suverenliyinin, respublika təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısı olması, ali dövlət hakimiyyəti və idarə orqanlarının qarşılıqlı fəaliyyətini təmin etmək və s. müddəalar daxil edilir; «Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar» AR Konstitusiyasına əlavələr haqqında Qanununa görə AR Prezidenti ali icra hakimiyyətini həyata keçirir, Nazirlər Kabinetinə rəhbərlik edir, dövlət idarəetmə orqanları sisteminə başçılıq edir və ali hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyəti təmin edir. «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya aktında AR Prezidenti fəslində (13.1) Prezident dövlətinin başçısı, Ali İcra hakimiyyəti həyata keçirmək, silahlı qüvvələrin baş komandanı kimi təsbit edilmişdir. Ümumxalq səsverməsi ilə qəbul edilmiş AR Konstitusiyasında (12 noyabr 1995) Azərbaycan Prezidenti dövlət başçısı (maddə 8.) AR İcra hakimiyyətinin prezidentə mənsubluğu (maddə 99), prezidentin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər kabinetinin yaradılması (maddə 114) və s. təsbit olunur. Konstitusiyada hakimiyyətlərin bölgüsü doktrinasının həyata keçirilməsi nəticəsində ilk dəfə olaraq hakimiyyət və məsuliyyət birləşdirilir, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanla­rının səlahiyyətləri bölünür və tarazlaşdırılır. Konsti­tusiyaya uyğun olaraq prezident institutuna hakimiyyət orqanları sistemində xüsusi yer ayrılır. Dövlət başçısı kimi Prezident dövlət institutları iyerarxiyasında mahiyyətcə ən yüksək yer tutur və daxili həyatda və beynəlxalq aləmdə ölkənin ali nümayəndəsidir. Dövlət başçısı kimi ona dövlət hakimiyyətinin bütün orqanlarının birgə fəaliyyətini təmin etmək üçün səlahiyyətlər verilir. O, dövlətin strateji maraqlarını nəzərə almaqla dövlət orqanlarının fəaliyyətini istiqamətləndirir və onlara koordinasiya funksiyalarını yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti ölkədə hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaradılması, dövlət-hüquq institutlarının demokratikləşməsi, hüquqi siyasətin forma­laşması, dövlət vəzifələrinin və radikal islahatların həyata keçirilməsi sahəsində bütün hakimiyyət orqanlarını səfərbər edir.

Prezidentlik institutunun təhlili göstərir ki, bu institut universal əlamətlərlə xarakterizə olunur. Onlar: prezident icra hakimiyyətinə başçılıq etməklə hakimiyyətlərin bölgüsü sistemində arbitrlik edən seçkili dövlət başçısıdır; o, heç kəsə tabe deyil və yüksək dərəcədə müstəqildir; prezident postu açıq ifadə olunan siyasi xarakterlidir və ali siyasi rəhbərlik ona məxsusdur.

Ədəbiyyatda postsosialist ölkələrində yeddi meyardan ibarət prezident modelinin tipologiyası verilir: Onlar: 1) seçici korpu­sunun tərkibinə görə prezidentin parlament tərəfindən seçilməsinə nisbətən ümumi xalq tərəfindən seçilməsi ona böyük üstünlük verir; 2) seçilmə üsuluna görə – prezident seçkisi majoritar üsulla aparılır və qalib gələnə partiya sisteminin xarakterinə ciddi təsis etmək imkanı verilir; 3) dövlət başçısının və icra hakimiyyəti başçısı postlarının birləşdirilməsinə görə prezident Nazirlər Kabinetinə rəhbərlik edir və bütün icra hakimiyyətinin fəaliy­yətinə məsuliyyət daşıyır; 4) Nazirlər Kabinetinin formalaşma mexanizminə görə – baş nazirin və kabinet üzvlərinin təyin olunmasında müstəqilliyin olması; 5) prezidentin parlamenti buraxmaq hüququnun olub-olmamasına görə; 6) yenidən seçilmək məhdudiyyətinin olub-olmamasına görə; 7) prezident postunun tutulması qaydalarına görə (vaxtından əvvəl seçkilər institutunun olub-olmaması1. Beləliklə, Azərbaycan Respublikasında Prezident vəzifəsi dövlət başçısının malik olduğu səlahiyyətlər və icra hakimiyyətinin ona mənsubluğu ilə səciyyələnir.

Seçilmiş dövlət idarəçilik formasından: monarxiya (mütləq monarxiya, dualist və monist monarxiya) və respublika (prezident respublikası, parlament respublikası və yarı prezident respublikası) üsul idarəsinin maraqlarına və mahiyyətinə uyğun dövlət qulluğu, bürokratik (məmurluq) qulluğu, mülki qulluq institutları yaradılır. Hər bir idarəçilik formasından asılı olaraq dövlətin məqsəd və funksiyaları və dövlət hakimiyyətinin mahiyyəti müəyyən edilir, dövlət aparatı formalaşdırılır, dövlət idarəetmə mexanizmi və bunlara müvafiq dövlət qulluğu seçilir.

5. Dövlət idarəetməsi və dövlət qulluğu
Bəşəriyyət yeni, üçüncü minilliyə daxil olmuşdur. Bu dövrdə hər hansı bir problem idarəetmə və dövlət qulluğu olmadan, onlardan kənar həyata keçirilməsi mümkünsüzdür. Respublika müstəqilliyi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, yeni iqtisadi sistemə - bazar iqtisadiyyatına keçid dövlət idarəetməsinin yeni prizmadan baxmağı, onun əsas inkişaf istiqamətlərini müəyyən etməyi tələb edir. Prinsipcə bütün dövlət təzahürləri idarəetmə ilə tənzimlənir və məzmun alır. Dövlət cəmiyyətin siyasi hakimiyyəti olmaqla öz məqsəd və vəzifələrini əsasən dövlətin və dövlət hakimiyyətinin əsas funksiyası olan idarəetmə vasitəsilə həyata keçirir. Dövlət idarəetmənin subyekti, cəmiyyət isə onun obyekti kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, keçmiş Sovetlər birliyində (sosialist hüququnda) fransız mütəfəkkiri J.J.Russonun ali hakimiyyətin bölünməzliyi nəzəriyyəsi əsas götürülərək hakimiyyət bölgü­sündən imtina edilmiş «bütün hakimiyyət sovetlərə» tezisi üzərində dayanılmışdır. Bunun nəticəsində 70 il müddətində So­vetlər yaratdığı və onun qarşısında məsuliyyət daşıyan idarəetmə (icraedici və sərəncamverici) orqanlar sistemi (hökumət - Nazirlər Soveti) vasitəsilə dövlət idarəetməsini həyata keçirmişdir.

Azərbaycan Respublikasında aparılan hüquqi və iqtisadi islahatlar dövlət idarəetmə sisteminin köklü dəyişikliyi ilə müşaiyət olunmuşdur. Respublikanın yeni Konstitusiyasında hakimiyyətlərin bölgüsü prinsipinin təsbit olunması ilə (7-ci maddə) dövlət aparatının aparıcı bölməsi olan dövlət idarəetmə orqanları icra hakimiyyəti subyektlərinə dəyişdirilmiş, əmək bölgüsü hakimiyyət bölgüsü ilə əvəz edilmişdir.

İnzibati hüquq üçün mühüm olan və prinsipial əhəmiyyət daşıyan və onun metodoloji əsasını təşkil edən bu anlayışın qanunvericilikdən çıxarılması bu sahədə boşluq yaratmışdır. Alimlərin bu məsələdə mövqeləri üç müxtəlif istiqamətdə haçalanır:

Birinci istiqamət, idarəetmə əvvəlki anlayışda qəbul edilir. Bu mövqeyə görə hazırda dövlət idarəetməsi SSRİ-nin dağıldığı dövrə qədər xarakterik xüsusiyyətləri özündə saxlayır. Onun bu dəyişikliyi formal, terminoloji xarakterli olduğu göstərilir. «Dövlət idarəetmənin» «icra hakimiyyəti» termini ilə əvəz edilməsi onun mahiyyətini dəyişdirmir. İcra hakimiyyətinə müəyyən dərəcədə siyasi hüquqi, dövlət idarəetməsinə isə təşkilati-hüquqi kateqoriya kimi baxılır1.

İkinci istiqamət «dövlət idarəetməsi» termini sadəcə «idarəetmə» və yaxud, «idarəetmənin təşkili» termini ilə dəyişdirilir. Bu bəzi qanunvericilik aktlarında tətbiq edilir. Qeyd olunmalıdır ki, idarəetmə qeyri-dövlət xarakterlidir, çünki o dövlətdən, icra hakimiyyətindən əvvəl yaranmışdır.

Üçüncü istiqamət «dövlət idarəetməsi» anlayışının məzmununu radikal dəyişdirir və ya onun istifadə edilməsindən imtina edilir. Məsələn, K.Belskiy dövlət idarəetməsini yalnız aparat daxilində baxılması ilə məhdudlaşdırır. Onun fikrincə bu cür idarəetmə bütün dövlət orqanlarında, o cümlədən qanunverici orqanlarda da yaranır2. V.Rıjov göstərir ki, icra hakimiyyətində söhbət dövlət idarəetməsindən yox, hakimiyyət orqanlarında idarəetmədən gedir3.

Hakimiyyətlərin bölgüsü prinsipi tətbiq edilən inkişaf etmiş xarici ölkələrdə, məsələn, Almaniya və Fransada dövlət idarəetmə anlayışına baxış maraqlıdır.



Almaniya inzibati hüququnda dövlət idarəetmə anlayışı təşkilati, maddi və formal mənada baxılır. Təşkilati mənada idarəetmə ümumi idarəetmə subyekt­lərinin təşkili; maddi mənada hakimiyyət bölgüsünə müvafiq dövlət fəaliyyətinin növü kimi idarəetmə fəaliyyəti (administrasiyanın fəaliyyəti); formal mənada dövlət hakimiyyət səlahiyyətlərini yerinə yetirməsindən asılı olmayaraq dövlət idarəetməsini həyata keçirən dövlət orqanları və idarələrin bütün fəaliyyəti kimi ifadə edilir. Alman ədəbiyyatında dövlət idarəetməsi iki metodla müəyyən edilir. Birinci, neqativ (kənarlaşdırıcı) metod və ikinci, pozitiv (əlamətləri sadalama) metodu. Neqativ metoda görə klassik hakimiyyət bölgüsü nəzəriyyəsinə əsaslanan dövlət idarəetmə subyektlərinin fəaliy­yətinə qanunverici və məhkəmə fəaliyyəti daxil deyildir. Pozitiv mənaya görə idarəetmə fəaliyyəti ilə müəyyən dərəcədə qanunverici hakimiyyət (parlamentin təşkilatdaxili fəaliyyəti) məhkəmə hakimiyyəti (yurisdiksion fəaliyyət) məşğul olur1.

Fransa inzibati hüququnda idarəetmə ilə bağlı iki ideya üzərində dayanılır. Birinci idarəetmə icra hakimiyyətinin yeganə vəzifəsi sayılmır; ikinci idarəetmə icra hakimiyyətinin müstəsna vəzifəsidir. J.Vedel idarəetməni aşağıdakı kimi xarakterizə edir: 1) öz məzmununa görə idarəetmə icra hakimiyyəti funksiyalarını həyata keçirir. 2) idarəetmə ümumi hüququn preroqativi və vəzifələri çərçivəsindən kənar ümumi hakimiyyət rejimi əsasında realizə olunur. 3) ümumi hakimiyyət rejimi əsasında müstəsna qaydada idarəetmə həyata keçirilir. Beləliklə, idarəetmə anlayışına ümumi hakimiyyət rejimi əsasında icra hakimiyyəti funksiyalarının həyata keçirilməsi kimi baxılır2.

İdarəetmə hər bir cəmiyyətə, dövlətə, onun ayrı-ayrı element­lərinə (təşkilat, kollektiv, dövlət orqanı və s.) xasdır. İdarəetmə orqanları və icra hakimiyyəti orqanları ifadələrinin icra haki­miyyəti orqanları və icra hakimiyyəti orqanları aparatına dəyişdirilməsinə baxmayaraq dövlətin, dövlət aparatının idarə­etmə funksiyası dəyişilməz qalır. Dövlət cəmiyyətin siyasi hakimiyyətini təmsil etməklə öz məqsəd və vəzifələrini dövlət idarəetməsi vasitəsilə həyata keçirir. Dövlət idarəetməsini başqa idarəetmə forma və növlərindən fərqləndirən əlamət, onun iqtisadi, sosial, hüquqi, mədəni, təhsil, səhiyyə və s. sahələr daxil olmaqla bütün cəmiyyəti əhatə etməsidir. İdarəetmə cəmiyyətin inkişaf prosesində sadə əmək fəaliyyətindən mürəkkəbə, bir səviyyəli idarəetmədən çox səviyyəli dövlət idarəetməsinə keçir.

İdarəetmə anlayışının müxtəlif istiqamətlərdə tədqiqi ümumi sosial-hüquqi institut kimi dövlət idarəetməsinin və dövlət qulluğunun mahiyyətini açmaqla yanaşı, müəyyən problemləri hələ də həll edilməmiş qalır.

Ədəbiyyatda idarəetmənin mahiyyətinə müxtəlif baxışlar vardır1:



Birinci baxış, uzun müddət idarəetmə fəaliyyət kimi təsvir edilir. Hesab olunur ki, idarəetmə qərarların hazırlanıb və qəbul edilməsinə, realizə olunmasına istiqamətlənmiş idarəedici struktur kimi xüsusi, özünəməxsus fəaliyyət və idarəetmə təsiridir. Bu baxışda idarəetmə anlayışı araşdırılmadan fəaliyyətə qərarların qəbulu, təsir, forma kimi baxılır. Bu baxış əsasən dövlət və bələdiyyə qulluqçularının, rəhbər işçilərinin maraqlarına uyğun gəldiyindən onlar qəbul edir və bütün fəaliyyəti idarəetmə adı altına verirlər.

İkinci baxış, idarəetmə müxtəlif təbiət sistemlərində (bioloji, sosial, texnoloji və s.) müəyyən cür qarşılıqlı təsir kimi təsvir olunur. Bu universal baxış müxtəlif elementlər və ya obyektlərin arasında birbaşa və əks əlaqəni xarakterizə edən kibernetika ilə əlaqədardır; kibernetika müddəalarına görə idarəetməyə bioloji, sosial və texnika üçün ümumi əlaqə və tənzimləmə kimi baxılır. Odur ki, idarəetmə müxtəlif elm sahələrində: texniki və təbii elmlərdə, iqtisadiyyatda, hüquqda, psixologiyada, sosiologiyada və b. tədqiq edilir. Sistemlərin struktur və funksiya göstərməsində spesifik, obyektiv qanunauyğunluqlar nəzərə alınmadığından bütün qarşılıqlı asılılığı və təsiri idarəetməyə aid etmək düzgün sayılmır. İdarəetmədə şüurlu davranış və fəaliyyət vasitəsilə təsir edən insan münasibətləri durur. Məlumdur ki, sosial sistem təbiətin başqa sistemləri, o cümlədən süni yaradılmış sistemi ilə həmişə insan vasitəsilə təmasda olur. Odur ki, elmdə kök salmış insanın texnikanı, mexanizmi, qurğunu və s. «idarə etməsi» yox, onların «funksiya göstərməsinin tənzimlənməsi» kimi ifadə edilməsi düzgün sayılır. Bunun səbəbi onların obyektiv mexaniki, fiziki, kimyəvi qanunauyğunluqla fəaliyyət göstərməsidir. Məsələn, insanın avtomaşının hərəkətini yolda tənzimlənməsində insanla avtomaşın arasında şüurlu kommunikasiya olmur, axırıncı təsiri yalnız mexaniki qəbul edir;

Üçüncü baxış, idarəetməyə vertikal münasibətlərdə - «komanda – tabeçilik»də baxılır. Burada əsas cəhət yuxarının göstərişləri müzakirə olunmadan tabeçi tərəfindən icra olun­malıdır. Əlbəttə – «komanda tabeçilik» idarəetməyə xasdır, onsuz idarəetmə mümkün deyil. Lakin bu aspektdə onun şərhi idarəetmənin mahiyyətini və insan həyat fəaliyyətində onun rolunu göstərmir;

Dördüncü baxış, idarəetmə anlayışına idarə olunan obyektə məqsədyönlü təsir, qoyulmuş məqsədə sistemin hərəkətinin məqsədyönlü istiqamətləndirilməsi kimi baxılır1; Bu baxış idarəet­mənin mahiyyətinin açılmasına daha yaxındır, idarəetmənin tərifi daha konkretdir və bu anlayış daha dəqiq məzmun alır. Burda kim təsiri formalaşdırır, təsir nəyi əks etdirir və ya əks etdirməlidir və hansı nəticələrə gətirilməlidir həmişə göstərilmir. Burada təsirin ictimai təzahürlərə, münasibətlərə və proseslərə aid olduğu aydın göstərilir, bununla yanaşı o, şəxsiyyətə, şəxsiyyətlərarası müna­sibətlərə, hər bir insanın şüuruna, davranışına və fəaliyyətinə az istiqamətləndirilmir.

Q.V.Atamançuk bütün bu baxışları inkar etmədən idarəetməni xarakterizə edən ayrı-ayrı tərəflərini, elementlərini və ya xüsusiyyətlərini əlaqələndirməklə inteqrasiyada baxmağı lazım bilir. Həyatda tələbatlar, maraqlar, dəyərlər, məqsədlər və motivlər yalnız idarəetmə vasitəsilə baxdıqda insanlar arasında münasibətlər yaranır. Odur ki, idarəetmə birbaşa və dolayısı ilə hər bir insana aiddir, insanın həyat fəaliyyəti idarəetmə ilə müm­kündür. Birmənalı göstərmək lazımdır ki, insanların, cəmiyyətin həyat fəaliyyətinin idarəedilməsi o vaxtı baş verir ki, birinci, hər hansı bir qarşılıqlı təsirdə, münasibətdə, prosesdə və s. şüurlu başlanğıc olur, yəni idarəetmə subyektinin təsiri idarəetmə obyekti tərəfindən şüurlu qəbul edilir; İkinci, idarəetmə subyektinin bilik səviyyəsi bacarığı və mənəvi keyfiyyətləri tələb olunan maraqlara cavab verməlidir. İbn Sina göstərirdi ki, «kimisə idarə etmək üçün, insan əvvəlcə özünü idarə etməyi öyrənməlidir»1. Beləliklə, dövlət idarəetməsi dövlətin (öz strukturu vasitəsilə), hakimiyyət gücündən istifadə edərək cəmiyyətin, insanların həyat fəaliyyətini nizamlamaq, saxlamaq dəyişmək üçün praktiki, təşkilati və tənzimləyici, şüurlu təsirdir2.

İdarəetmə təsirinin mahiyyəti üç elementlə ifadə olunur. Birinci elementi məqsədəyönlülük, ikinci – təşkilati - təsir, yəni məqsədin realizəsi üçün müvafiq prosesin hazırlanması, qaydaya salınması, təmin edilməsi; üçüncü – insanların konkret davranış və fəaliyyətinin tənzimlənməsi.

İbtidai icmada fəaliyyət idarəetmə funksiyası ilə əlaqəlidir. İdarəetmə aparatı dövlətdən əvvəl yaranıb. İnsan cəmiyyəti həyatında idarəetmə aparatının rolunun tez-tez dəyişilməsi onun əhəmiyyətinin artırılması ilə müşayiət olunurdu. İdarəetmə fəaliyyətin xüsusi forması kimi ayrılması ilə yanaşı daimi sistemli xarakter daşımağa başladı. Bu sistem mürəkkəbləşdi, təkmilləşdi və şaxələndi. Mərkəzi (ümumdövlət), regional və yerli səviyyədə idarəetməyə ayrıldı. İdarəetmə aparatının daha da mürəkkəb­ləşməsi, idarəetmənin rasionallaşması (ixtisaslaşma və idarə işçilərinin funksiyalarının məhdudlaşması, qərarların qəbulunda və onların həyata keçirilməsində müəyyən normaların hazır­lanması) erkən dövlət formasını səciyyələndirən əlamətləri idi.

İdarəetmə üçün onun komponentləri, elementləri və onların qarşılıqlı əlaqələrinin sistemli ifadəsi prinsipial əhəmiyyət kəsb etməklə nəzəri və metodoloji əhəmiyyət daşıyır. Sistemlilik idarə­etməyə lazımi yekdillik, koordinasiya, subordinasiya, müəyyən məqsədəyönlülük və effektivlik verir. İdarəetmə məsələlərinin daha dərin nəzəri tədqiqində əsas vasitələrdən biri sistemli təhlil ideyasının tətbiqidir. Sistemin təşkili sistemin mövcudluğunu saxlamaq üçün qarşılıqlı əlaqəli hissələr arasında münasibətdə özünü göstərir. Hissələr arasında dinamik qarşılıqlı təsir ilə sistem yaranır. Beləliklə, sistem anlayışı ümumi məqsədlərə çatmaq, bütövlüyü saxlamaq üçün müəyyən vaxt kəsiyində onu qaydaya salmaq və tənzimləməklə xarakterizə olunan çox saylı əlaqəli hissələrin, komponentlərin qarşılıqlı təsiri kimi ifadə olunur. Sistemin səciyyəvi əlamətləri: bütövlük, yəni onu təşkil edən elementlərin xüsusiyyətlərinin cəm və tamda ayrılmaması; tamın daxilində yerindən asılı olaraq hər bir xüsusiyyətin qarşılıqlı asılılığın, öz xüsusiyyətlərinin mühitlə qarşılıqlı təsir prosesində göstərir; strukturluğu – sistemin davranışı ayrı-ayrı elementlərin yox, bu elementlərin birlikdə olanda xüsusiyyətidir; iyerarxikliyi – sistemin hər bir elementi imperativ keyfiyyət yönümlüdür, sistemin elementlərini qarşılıqlı təsirdə edir; sistemin qoyulmuş məqsədə çatmaq üçün qarşılıqlı təsirin nizamlamasıdır. Sistemin əsas komponentlərinə sistemin elementləri, elementlər arasında qarşılıqlı münasibət, alt sistem, sistemin strukturu daxildir.

Ədəbiyyatda sistemi təşkil edən elementlərin onların qarşılıqlı əlaqə, qarşılıqlı təsir və qarşılıqlı asılılığını göstərmək üçün sistemə iyerarxiya və mürəkkəbliyi üzrə təsnifatı verilir. Təsnifat iyerarxiya üzrə 3-ü cansız, 1-i aralıq, 4-ü isə canlı sistemlərə aid 8 səviyyədə baxılır.

Birinci səviyyə - statik sistemlərdir. Bu struktur sistemlərin sxemi olub hər bir sahənin təşkilatı dərkidir. Məsələn, Yer kürəsinin, günəş sisteminin kartası və ya atom və molekullarının formasını göstərmək olar;

İkinci səviyyə - sadə dinamik sistemlər. Buna əvvəldən bütün hərəkəti müəyyənləşdirilmiş saat mexanizmini göstərmək olar.

Üçüncü səviyyə - termostatın təmsilində sadə kibernetik sistemlər. Bu səviyyə sistemin özünü tənzimləməsi və verilmiş hüdudda müəyyən tarazlığın saxlanmasına imkan verən informasiyanın verilməsi və yayılması prosesini nəzərdə tutur;

Dördüncü səviyyə - açıq və ya özünübərpa sistemlərdir. Bu səviyyə canlı və cansız arasında səddir. Bunu hüceyrələr səviyyəsi də adlandırmaq olar.

Beşinci səviyyə - canlı bitki səviyyəsi. Burda hüceyrələr arasında funksiyaların bölünməsi nəticəsində köklər, yarpaqlar, toxumlar və s. qruplaşmasında əks olunur;

Altıncı səviyyə - heyvanat aləmi. Bitkilər aləmində olduğu kimi yüksək inkişaf etmiş hiss orqanları yoxdur, buraya xüsusi informasiya qəbuledicisi (gözləri, qulaqları və b.) əsəb sisteminin olması və beyin mərkəzinin imkan verən hərəkət və davranış üçün informasiyanın təşkil edilməsi daxildir.

Yeddinci səviyyə – insandır. İnsan özünü dərk edir, onda yüksək inkişaf etmiş hafizə, nitq qabiliyyəti, məlumatı qəbul etmək və tutuşdurmaq qabiliyyətidir.

Səkkizinci səviyyə - sosial təşkilatdır. Sosial təşkilat rabitə kanalları vasitəsilə sistemə birləşən oxşar rolların məcmusu kimi müəyyən edilir1.

İdarəetmə sisteminin əsas elementlərinə idarə edən subyekt və idarəolunan obyekt daxildir. Dövlət mürəkkəb (elementi tərkibinə görə) və hərtərəfli (funksiyasına görə) ictimai təzahür olmaqla idarəetmə subyekti kimi çıxış edir və dövlət idarəetməsinə sistemlilik xüsusiyyəti verir. Dövlət idarəetməsində subyekt keyfiyyətində - dövlət və onun orqanlar sistemi - dövlət aparatı; dövlət orqanlarında vəzifə tutan insanlar və cansız təzahürləri ifadə edən elementlər - status, funksiya, struktura, metodlar, resurslar, səlahiyyətlər və vəzifələr çıxış edir. Bu cür bölgü eyni ilə idarəetmə obyektlərinə aiddir. İdarəetmə obyekti ən əvvəl insanlardan və müxtəlif elementlərlə qarşılıqlı təsirdə olan komponentlərdən – kapital, vəsait, istehsal aləti, əmtəə, infor­masiyadan ibarətdir1.

Hər bir sistemin əsas elementi insandır. O həm idarəetmə subyekti və həm də obyekti ola bilir. Dövlət idarəetməsinin təsiri yalnız insana yönəldilir. İnsan bu təsiri passiv şəkildə yox, təhlil edərək, düşünərək qəbul edir. Bütün idarəetmə sisteminin fəaliyyəti idarəetmə təsirinin insanlar tərəfindən necə qəbul edilməsindən asılıdır. Cəmiyyətdə baş verənlərin hamısı insan ağlı və əli ilə edilir. Odur ki, insan fenomeni ilə filosoflardan başqa, antropologiya, etnoqrafiya, tarix, psixologiya və s. elmləri məşğuldur.

Subyektin əsas məqsədi idarəetmə obyektinin inkişafı, insanların vəziyyətinin yaxşılaşdırılması ilə əlaqəlidir. Subyektlə obyektin əlaqələri birbaşa və əks əlaqəli olur. Dövlət idarə­etməsində birbaşa əlaqə subyektlərə üstünlük verərək, avtoritar bürokratikləşməyə kömək edir və onun rasionallığını və səmərəliliyini aşağı salır. Dövlət idarəetməsində birbaşa və əks əlaqə məsələlərində əsas göstərici idarəetmə təsirinin idarəetmə obyektinə - insanlara çatması, onların davranış və fəaliyyətinə təsir etməsi və idarəetmə mexanizminin səmərəli işləməsidir. Əgər bu əlaqələr pozularsa, o halda idarəetmə obyektinin ayrı-ayrı hissələri və elementləri dağılır, rəqabətə və münaqişəli vəziyyətə davam gətirmir, pərakəndəlik və ziddiyyətli fəaliyyət meydana gəlir. Odur ki, birbaşa əlaqə obyektə idarəetmə təsirində, əks əlaqə isə idarəetmə təsirini qəbul etməkdə, dövlət orqanlarının təşkili və fəaliyyətinə nəzarətdə, təhlil və qiymətləndirmədə, vəzifəli şəxs­lərin hesabat verməsində, informasiya alınmasında, məsuliyyətin artırılmasında özünü göstərir. Əks əlaqə verilmiş göstəriş və qərarların yerinə yetirilməsində, gələcək fəaliyyətin tənzimlən­məsinə imkan verən xüsusiyyətdir.

Dövlət idarəetməsinin mahiyyətinə, onun sistemliliyinə dövlət idarəetmə mexanizminin köməyi ilə aydınlıq gətirmək olar1. «Mexanizm» ümumi istifadə olunan elmi termindir. Xarici sözlər və izahi lüğətlərdə mexanizm (yunan - mexane - alət, maşın) anlayışı aşağıdakı kimi təsvir olunur: 1) hərəkətli hissələrdən təşkil olunmuş, tapşırılan hərəkətə qoyulmuş güclərin təsirini yerinə yetirən quruluş, uyğunlaşma hərəkəti; 2) sistemin daxili quruluşu, məsələn dövlət idarəetmə mexanizmi; 3) hər hansı fiziki, kimyəvi, fizioloji və s. təzahürlərdən yaranmış vəziyyət və proseslərin məcmusu…, məsələn kimyəvi reaksiyalar mexanizmi, idrak mexanizmi və s.2 Mexanizmin təzahür və ya proseslərin geniş mənada xüsusiyyətləri aşağıdakılarla şərtləndirilir: Birinci, mürəkkəb struktur quruluş; ikinci, onun elementlərinin təşkilinin sistemliliyi, uyğunluğu; üçüncü, onun dinamikliyi, müəyyən məqsədyönlüyü; dördüncü, onun özünüidarəetməyə və ya xarici idarəetmənin təsirinə məruz qalması. Bütün bunlar mexanizm anlayışının elmi abstraksiya keyfiyyətində təzahür və proseslərin geniş dairəsini xarakterizə etməyə imkan verir3.

İdarəetmə mexanizminə nəzəri mövqedən sistem kimi baxıldıqda onda sistem yaradan keyfiyyətlərin müəyyən edilməsi tələb olunur. Bütün bunlar bu mexanizmi dərindən dərk etməyə, başqa təzahürlərdən ayırmağa, strukturun təkmilləşdirilməsinə kömək edir. İdarəetmə mexanizmi dövlət orqanları sistemində yara­dılır, sistemin dinamikasını açmağa imkan verir. İdarəetmə mexa­nizmi anlayışını subyektlərin, obyektlərin, idarəetmə prosesinin mürəkkəb sisteminə tam uyğun keyfiyyətdə üç elementi birləşdirir. Onlar: idarəedici bölmə kimi dövlət orqanlar sistemi; dövlətin funksiya göstərmək mexanizminin dinamikasını ifadə edən idarəetmə prosesi; insanların idarəetmə prosesində iştirakı.

Sistemli təhlil nəzəriyyəsi əsasında idarəetmə mexanizminin quruluşunu, təyinatını və təsvirini dərindən başa düşmək olar. Öz aralarında qarşılıqlı əlaqədə olan elementlərin nizamlılığını xarakterizə edən, sistemin təşkilini əks etdirən strukturdan fərqli olaraq mexanizm anlayışı sistemin və onun elementlərinin funksional rolunu açır. Başqa sözlə, struktur sistemin daxili quruluşunu – «topologiyasını» əks etdirirsə, mexanizm bu sistemin təsirini, onun funksiya göstərməsi prosesini əks etdirir. Hər bir dövlət təşkilatının anatomiyası onun fəaliyyətinin dinamika tələblərinə tabeçiliyini tələb edir. Odur ki, orqanın strukturunun onun fəaliyyətinə uyğunluğu bu fəaliyyətin effektivliyini təmin edən əsas amildir. İdarəetmənin subyektləri, obyektləri və vasitələri idarəetmə sisteminin struktur elementidir. Struktur idarəetmənin statistikasını, mexanizm isə dinamikasını ifadə edir. Yalnız statik elementlərin vəhdəti və mexanizm daxilində onların qarşılıqlı təsirinin dinamikası dövlət idarəetmə sistemini yaradır.

İdarəetmə mexanizminin mahiyyətini icra hakimiyyəti orqan­larının fəaliyyəti nümunəsində göstərmək olar. Azər­baycanda icra hakimiyyəti iki aspektdə - hüquqi, – idarəetmə subyektlərinin başqa insanları (idarəetmə obyektlərini) öz iradəsinə tabe etdirmək səlahiyyətinin və normativ aktların qəbul edilməsi hüquqlarının olmasında; təşkilati – faktiki icra fəaliyyətini həyata keçirməsində göstərir. İcra hakimiyyəti iqtisadi, sosial-mədəni, inzibati və s. sahələrdə ictimai əlaqələr qurmağı təmin edir və daimi şəraitə uyğun məqsədəyönlü fəaliyyət göstərir. Bu fəaliyyəti həyata keçirmək üçün əsas şərt dəqiq strukturlaşmış iyerarxik quruluşlu icra aparatının və peşəkar qulluqçuların olmasıdır.

İcra hakimiyyəti orqanları mürəkkəb iyerarxik struktura malikdir. Mürəkkəb quruluşlu obyektlərin tədqiqində əsas çətin­liklər isə onların funksional və genetik planda nisbətini müəyyən etməkdir. İdarəetmə icra hakimiyyətinin iyerarxik strukturu üzrə bütün səviyyələrdə - piramidanın yuxarısından tutmuş ən aşağı ayrı-ayrı iş yerlərinə qədər həyata keçirilir. İcra hakimiyyətində qarşılıqlı münasibətlər sxemi aşağı orqanın yuxarı orqana tabeliyini təmin edən yüksək dərəcədə mərkəzləşmənin olmasıdır. İdarəetmə qanunverici, icra və məhkəmə hakimiy­yətlərində sərbəst yaranır, prinsipcə eyni xarakterli olur.

Dövlətin idarə olunmasında çoxsəviyyəlilik həyati zərurətdən yaranmışdır. Belə ki, hələ ibtidai icma dövründə, insanlar qəbilələr şəklində yaşadığı zamanlarda, hər bir qəbilənin idarə edilməsi, əsasən iki səviyyəli struktur üzrə yerinə yetirilirdi. Belə strukturun yuxarı səviyyəsində müəyyən idarəetmə səlahiy­yətlərinə malik qəbilə başçısı, aşağı səviyyədə isə ona tabe olan qəbilə üzvləri dururdu. Zaman keçdikcə qəbilələr müəyyən (güc, təbii zərurət və s.) yollarla birləşərək böyümüş, böyük qurumlar şəklində formalaşmışlar. Belə qurumların yaranması və böyüməsi ilə iki səviyyəli idarəetmə mümkünsüz olmuş və təbii olaraq əlavə səviyyələr yaranmışdır.

İki səviyyəli struktur üzrə idarəetmə iki prinsipə görə yerinə yetirilir: 1) strateji idarəetmə prinsipi. Bu prinsipə görə idarəetmə uzun zaman müddətində (ay, rüb, il, beş il və s.) proqnoz göstəriciləri və strateji maraqları nəzərə almaqla tabelikdəki orqanları arasında operativ iş zamanı intervallarına bölür. 2) Taktiki (operativ) idarəetmə prinsipi. Bu prinsipə görə yuxarı səviyyənin operativ intervalları üçün təyin edilmiş vəsaitlər, imkanlar və s. birinci intervaldan başlayaraq ardıcıl tabeçi orqanlar arasında bölünür və realizə olunur.

AR icra hakimiyyəti orqanları üçün xarakterik olan çoxsəviyyəli struktur üçün səciyyəvi olan xüsusiyyətlər aşağıdakı kimidir:

1) eyni səviyyədə yerləşən orqanlar arasında əlaqələr tabe olduqları yuxarı səviyyəli icra hakimiyyəti vasitəsi ilə tənzimləyir.

2) ən yuxarı və ən aşağı səviyyələr istisna olmaqla, qalan səviyyələrin (aralıq səviyyələrin) vəzifəli şəxsləri iki mövqedən çıxış edir. Yuxarı səviyyə üçün tabeçi (idarə olunan), aşağı səviyyə üçün isə rəhbər (idarəedici) kimi fəaliyyət göstərir, yəni yuxarı orqan üçün idarəetmə obyekti, aşağı orqan üçün isə idarəetmə subyekti funksiyasını yerinə yetirir. Ən yuxarı səviyyə yalnız idarəedici subyekt, ən aşağı səviyyə isə idarə olunan obyekt kimi çıxış edir.

3) qonşu səviyyə arasında ikitərəfli əlaqələr mövcuddur. Yuxarı səviyyədə yerləşən hər bir orqan ona aid olan problemləri tabeçi orqanlar arasında paylayır və onlara tapşırıq kimi təqdim edir. Tabeçi orqanlar isə bu tapşırıqları realizə edir və realizənin nəticələrini yuxarı səviyyədəki orqana təqdim edirlər. Bu, bir tərəfdən müvafiq normativ və statistik məlumatlar, digər tərəfdən tabeçi obyektlərin fəaliyyəti zamanı mövcud olan vəziyyət rəhbər orqan üçün nəzarət göstəricilərini təşkil edir.

4) iki qonşu səviyyənin orqanları arasında mübadilə olunan məlumatlar kəmiyyət, keyfiyyət və hüquq göstəricilərindən ibarət olur. Bu göstəricilərdən birinci iki qrupu həm texniki vasitələrlə ölçülə bilən, həm də ölçülə bilməyən olurlar. Sonunculara əsasən, proqnoz qiymətləri və bəzi keyfiyyət göstəriciləri aid edilir. Üçüncü qrup - hüquq göstəriciləri heç bir texniki vasitə ilə ölçülə bilmir və aşağı səviyyəyə birbaşa ötürülür. Ölçülə bilməyən göstəricilərin qiymətlən­dirilməsi, adətən, ekspertiza yolu ilə yerinə yetirilir. Ekspertiza aparmaq üçün yaradılan ekspert qrupu qərar qəbul edən şəxsdən - orqanın rəhbərindən və onun tabeçiliyində fəaliyyət göstərən köməkçi bölmələrin mütəxəs­sislərindən və bəzən kənardan cəlb olunmuş ekspertlərdən ibarət olur. Ekspert qiymətləndirmələri çox zaman linqvistik (təbii dildəki) ifadələrlə göstərilir. Məsələn, yaxşıdır, çox yaxşıdır, pisdir, çox pisdir, normaldır və s. Belə ifadələr texniki kiber­netikanın son anlayışlarında qeyri-səlis ifadələr adlandırılır və belə ifadələrin təsviri və işlənməsi üçün Lütvi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsindən istifadə olunur1. Ümumiyyətlə, icra başçıları yanında müzakirələr zamanı, çox halda qeyri-səlis ifadələrdən istifadə olunur.

5) hər bir səviyyədə yerləşən orqan tabeçiliyində olan orqanlara tapşırıq və göstərişləri öz strateji maraqları baxımından müəyyən formada bildirir.

6) hər bir səviyyədə yerləşən orqan tabeliyində olan orqanlara verdikləri tapşırıq və göstərişlərin yerinə yetirilməsindən asılı olaraq həvəsləndirici və ya cəzalandırıcı tədbirlər görür.

7) məlumatlar aşağıdan yuxarı ötürülərkən ümumiləşməyə məruz qalır və bu səbəbdən də məlumat itkisinə yol verilir2.

İcra hakimiyyətində idarəetmə yüksək fəallığa malikdir. Belə fəallıq idarəetmə aparatında birinci növbədə onun rəhbərinin aktivlik dərəcələri ilə müəyyən edilir. Fəallıq səviyyəsi yuxarı qalxdıqca artır.

Beləliklə, qeyd etmək lazımdır ki, XX əsrin sonunda idarəetməyə neqativ münasibətlərin əsassız olduğu təsdiqini tapır. Bu illərdə qanunvericilikdə, elmi ədəbiyyatda və dərsliklərdə bu anlayışa münasibətlər pozitiv istiqamətdə dəyişilmiş, bütün hakimiyyət orqanlarında, o cümlədən icra hakimiyyətində idarə­etmə olmadan siyasi funksiyaların yerinə yetirilməsinin qeyri-mümkün olması ictimai şüurda qəbul edilir.

Dövlət idarəetməsinin həyata keçirilməsində dövlət qullu­ğunun dövlət idarəetməsi ilə qarşılıqlı əlaqəsində mümkün olur. Məlumdur ki, bütün idarəetmə növləri insanları birləşdirir və bu birləşmə çərçivəsində qarşılıqlı təsirdə olur. Odur ki, dövlət qulluğunda hər bir praktiki məsələlər öz mənasını dövlət idarə­etməsinin həyata keçirilməsində göstərir. Dövlət idarə­etməsinin səmərəliliyini təmin etmək üçün dövlət qulluğu yaradılır və modernləşdirilir. Odur ki, dövlət qulluğu dövlət idarəetməsinin vəziyyətindən, məzmunundan asılı olaraq əks əlaqənin təsiri altında təhlil edilir, qiymətləndirilir və dəyişdirilir. Yalnız dövlət idarəetməsi dövlət qulluğunun bütün tərəflərini (zəif və güclü) və arzu olunan parametrlərini aşkar edir. Axır nəticədə dövlət idarəetmənin qərarlarının hazırlanması, qəbulu və realizəsinə gətirir. Odur ki, dövlət qulluğu bu idarəetmə funksiyalarını həyata keçirməyə qabil, intellektual səviyyəsi yüksək peşəkar, səriştəli kadrlar olmalıdır.

Dövlət qulluğu dövlət idarəetməsinin mühüm institutu, dövlət orqanlarında idarəetmə fəaliyyətini həyata keçirməsinin təminatçısı kimi çıxış edir. Dövlət fəaliyyətinin hər bir problemi dövlət idarəetməsi və onu həyata keçirən dövlət qulluğu vasitəsilə yerinə yetirilir.

Dövlət idarəetmə sistemində dövlət qulluğunun yeri və roluna görə üç baxış vardır. Birinci dövlət qulluğu dövlət idarəetmə mexanizmi kimi; ikinci – dövlət idarəetmə institutu kimi; üçüncü – dövlət orqanlarının idarəetmə səlahiyyətlərini təmin və icra edən kimi.

Dövlət idarəetməsini hərəkətə gətirmək üçün müvafiq mexanizm və alət rolunda dövlətin məqsədə funksiyaların həyata keçirən dövlət qulluğu oynayır. Dövlətin siyasi fəaliyyətini siyasi elita, onun idarəetmə fəaliyyətini isə dövlət qulluğu həyata keçirir. Bunlar bir-biri ilə üzvü bağlı və harmoniyadadır. Siyasət idarəetməsiz formal direktiv, idarəetmə siyasətsiz məzmunsuzdur. Dövlət idarəetməsinin effektivliyi üçün onun siyasi məqsədə­yönlülüyü lazımdır. Dövlət qulluğu institutunun əsas funksiyası idarəetmədir. Dövlət qulluqçuları idarəetmənin bütün mərhələlə­rində proqnozlaşdırma, planlaşdırma, qərarların hazırlanması, nəzarət və s. funksiyaları yerinə yetirir. Bu münasibətlər həmişə bərabər olmayan tərəflər arasında hakimiyyət – tabeçilik formasında özünü göstərir.

Dövlət qulluğu idarəetmə prosesində iki mövqedən çıxış edir. Birincisi, dövlət qulluğunun tənzimləmə sahəsinə daxil olan dövlət hakimiyyət orqanları aparatından özündə idarəetmə münasibətlərinin tərəfləri – idarəetmə subyekti və idarəetmə obyekti qismində dövlət qulluqçusu çıxış edir. Bu halda dövlət qulluqçusu vəzifə iyerarxiyası üzrə yuxarı səviyyədə duran dövlət qulluqçusu üçün obyekt, aşağı üçün obyekt rolunu oynayır. İkincisi, idarəetmə mexanizmində subyekt qismində dövlət qulluqçusu obyekt qismində istehlak dəyəri olan əmtəə istehsal edən idarə, müəssisə və təşkilat personalı çıxış edir. Burada subyektlə obyektin əlaqələrinin (birbaşa və əks əlaqə) düzgün qurulması, bu əlaqələrin işlək və açıq olması, idarəetmə təsirinin idarəetmə obyektinə çatdırılması, obyektin bu təsiri şüurlu qəbul etməsi idarəetmə mexanizmin effektivliyini təmin edən əsas amillərdəndir.

Əgər bu əlaqələr pozularsa, idarəetmə obyektinin ayrı-ayrı hissələri və elementləri dağılır, rəqabətə və münaqişəli vəziyyətə davam gətirmir, pərakəndəlik və ziddiyyətli fəaliyyət meydana gəlir. İdarəetmə subyektinin – dövlət qulluqçusunun əsas məqsədi maddi nemətlər istehsal edən obyektin inkişafını təmin etsin, insanların vəziyyətini yaxşılaşdırsın.

Beləliklə, I fəslə yekun vuraraq sonrakı məsələləri açmaq üçün aşağıdakı nəticələrə gəlmək olar:

Birinci, dövlət və dövlət təzahürləri (dövlət hakimiyyəti, dövlət aparatı, dövlət idarəetməsi və dövlət qulluğu) birgə, qarşılıqlı əlaqədə baxılır və hər birinin anlayışı, mahiyyəti, alimlərin baxışları təhlil edilir. Odur ki, dövlət qulluğu dövlətlə, dövlət aparatı və dövlət idarəetməsi ilə bir sırada durur, qarşılıqlı əlaqədə olur, onlara təsirdə özünü göstərir, realizə olunur, təhlil edilir.

İkinci, dövlət qulluğu dövlətin mahiyyətindən, dövlət hakimiyyətinin xüsusiyyətlərindən, dövlət aparatının təbiətindən, dövlət quruluşundan və idarəçilik formalarından, dövlət idarəetməsinin təşkilindən asılı olaraq formalaşır və məzmun alır;

Üçüncü, dövlət qulluğu: 1) dövlətin məqsəd və funksiyalarını həyata keçirir, dövlət və vətəndaşlar arasında əlaqə və münasibətləri formalaşdırır; 2) dövlət hakimiyyəti institutlarının formalaşması, realizəsi və təkmilləşdirilməsi mexanizmidir, dövlət hakimiyyəti səlahiyyətlərindən istifadə edərək, onun həyata keçirməsini tənzimləyən sosial, hüquqi və təşkilati institutların vəhdətidir; 3) dövlət aparatının əsas tərkib hissəsi, onun subyekti, dövlət aparatını statik vəziyyətdən dinamik vəziyyətə gətirən mexanizm, müxtəlif hakimiyyət qollarında dövlət iradəsini realizə edərək hüquqi təşkilatı və ideoloji mexanizmlərin köməyi ilə insanların fəaliyyətinə təsir edir; 4) dövlət idarəetmə mexanizmi, dövlət idarəetmə institutu, dövlət orqanlarında idarəetmə fəaliyyətinin həyata keçirilməsinin təminatçısı rolunu oynayır.

Dördüncüsü, peşəkar dövlət qulluğu dixotomiya – siyasətin idarəetmədən ayrılması konsepsiyası əsasında yaranmışdır. Bu konsepsiyaya görə dövlət vəzifəsi – siyasi vəzifələri tutan siyasi rəhbərlik – siyasi elita siyasəti formalaşdırır, dövlət qulluğu vəzifəsi – inzibati vəzifə tutan peşəkar dövlət qulluqçuları isə idarəetməni həyata keçirir.

Bizim fikrimizcə dövlət təzahürlərinin hər biri üzrə sistemli, kəmiyyət və keyfiyyətcə müsbət nəticə verən islahatların davam etdirilməsi zəruridir.

Dövlət qulluğunun dövlətçilik sisteminin digər

elementləri ilə qarşılıqlı əlaqə və təsiri



Dövlət qulluğu: 1. dövlətin məqsəd və vəzifələrini yerinə yetirir; 2. hakimiyyət səlahiyyəti alır; 3. dövlət aparatını inzibati vəzifələrin icrası vasitəsilə dinamik vəziyyətə gətirir; 4. dövlət idarəetməsinin mexanizmi kimi çıxış edir.


1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə