Rzayev əLİ heydəR oğlu DÖVLƏt qulluğunun hüquqi Əsaslari




Yüklə 2.56 Mb.
səhifə4/32
tarix20.04.2016
ölçüsü2.56 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

3.1. Hüquqi dövlət və vətəndaş cəmiyyəti:
genezisi və inkişafı

Azərbaycan Respublikasının konstitusiyasının preambu­la­sında xalq iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq və s. niyyətlər bəyan edilir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti üçün demokratikləşmə əsas prinsipdir.

Demokratiya yunan sözü olub, hərfi mənası – xalq hakimiyyəti deməkdir. Demokratiya hər şeydən əvvəl dövlət forması, xalqın hakimiyyət mənbəyidir. Demokratiya azlığın çoxluğa tabe olması prinsiplərinin rəsmi etirafına, vətəndaşların hüquq bərabərliyi, geniş siyasi və hüquqi azadlıqların olması, ali dövlət orqanlarının seçkili olmasını, hakimiyyətlərin bölgüsü, qanunların aliliyi və digər prinsipləri ilə başqa dövlət formalarından fərqlənir1. Azadlıq və demokratiya düşünülmüş tətbiq ediləndə bir-biri ilə ziddiyyət təşkil etmir, hər bir təzahür ayrıca mövcudluğuna maneçilik yaratmır, əksinə bir-birini tamamlayır, cəmiyyətə nizamlı, ahəngli inkişaf verir.

Ölkə demokratikləşməsinin və onun ardınca gələn liberal­laşmanın ilkin şərtləri iqtisadi modernləşmə+mərhələli demokra­tikləşmə – vətəndaş cəmiyyətinin formalaşması prosesinin başlanğıcı sxeminin reallaşmasını təmin edən mühüm iqtisadi dəyişikliklər nəticəsində yaranır. Ölkə demokratik transfor­masiyanın və vətəndaş cəmiyyətinin qurulmasının əsası hərtərəfli azadlıq-güclü hakimiyyət formulasının başa düşülməsinə əsaslanır1.

Demokratiya hər bir insana, ailəyə, kollektivə, cəmiyyətə özünü realizə etməyə, normal həyata, yaradıcılığa, öz tələbatını ödəməyə, rifahının artırılmasına, harmonik inkişafa imkan yaradır. Xarici ədəbiyyatda demokratiyanı xarakterizə edən əlamətlərə: 1) tiranlıqdan qurtulma; 2) əsas hüquq və azadlıqlara riayət etmə; 3) şəxsi toxunulmazlıq hüququ; 4) öz müqəddəratını təyin etmə; 5) mənəvi muxtariyyət; 6) şəxsiyyətin inkişaf etmə imkanları; 7) şəxsiyyətin təməl mənafeyinin qorunması; 8) siyasi bərabərlik; 9) sülhə canatma; 10) firavan yaşama2. Demokratik cəmiyyətdə idarəetmə və təşkilatçılıq aktualdır, bütün insanlara bərabər hüquq və azadlıqlar verilir, hər bir vətəndaşın konstitusion vəzifələrinin yerinə yetirməsi tələb olunur. Bu cəmiyyətdə ilk olaraq hüquqi dövlət quruculuğu prosesi gedir.

Hüquqi dövlətin formalaşması prosesi həyati tələbatdır. Bu anlayış yalnız dövlət çərçivəsində yox, eyni zamanda bütün cəmiyyətə aiddir. Sovetlər dövründə hüquqi dövlət ideyası tam mənası ilə yaxına buraxılmamış, yalnız neqativ aspektdə onun haqqında danışılmışdır. İkinci dünya müharibəsi Qərbi Avropa ölkələrində mövcud totalitar rejimə zərbə vurmuş və hüquqi dövlətin yaranmasına səbəb olmuşdur. Yer kürəsini bürüyən siyasi və iqtisadi liberallaşma dalğası keçən əsrin 90-cı illərində avtoritar və yaxud totalitar keçmişdən qopmuş cəmiyyətdə demokratik, hüquqi dövlət forması seçilməsi ilə şərtləndirilmişdir.

Azərbaycanın suverenliyi dövlətin hüquqi əsaslarının möhkəm­lənməsi, mövcud dövlət-hüquq institutların keyfiyyət dəyişikliyinə, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaradıl­ması, cəmiyyət həyatının bütün sahələrində hüquq normalarının realizəsi problemlərini ön plana keçirdi. Heydər Əliyev göstərirdi ki, «vətəndaş cəmiyyəti yaradılması və möhkəmləndirilməsi, demokratikləşməsi prosesinin möhkəm­lənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın inkişafının başlıca şərtidir»1. Hüquqi dövlətin formalaşması ictimai həyatda və elmi tədqiqatlarda köhnəlmiş demokratik stereotipləri aradan qaldırdı. Hüquqi dövlətin, dövlətçiliyin əsasını təşkil edən dövlət hüquq institutlarının formalaşması və funksiya göstərməsi yalnız demokratik şəraitdə mümkün olması qənaətinə gəlinirdi. Akademik R.Mehdiyev göstərir ki, demokratik cəmiyyət və hüquqi dövlət ideyası bizim vətəndaşların təfəkküründə və şüurunda tədricən transformasiya edilir və adaptasiya olunur, onlar bunu daha yaxşı dərk edirlər2.

Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsini uğurla sınaqdan keçirir, ümum­bəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir3.

Bir qayda olaraq dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz. Vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan dövlət demokratik ola bilməz4. Demokratik cəmiyyətin yeganə ümumi siyasi hakimiyyəti hüquqi dövlətdir. O ümumi bəşəri sərvət sayıl­malıdır. Hüquqi dövlətin qanunvericilik dövləti olması aksioma kimi qəbul edilir. Konstitusiyanın qəbulu hüquqi dövlətin formalaşması prosesinin mühüm tərkib hissəsidir. Azərbaycanın yeni Konstitusiyasının preambu­lasında qanunların aliliyini təmin edən hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması xalqın niyyətlərindən biri kimi təsbit olunmuşdur. Azərbaycan Konstitu­siyası cəmiyyətin yeniləşməsi və inkişafının prinsip və para­metrlərini göstərir, siyasi, iqtisadi sistemdə kəmiyyət dəyişik­liklərindən keyfiyyət dəyişikliklərinə keçidi əks etdirir. Konsti­tusiya öz mahiyyətinə görə bütün dövlət mexanizmin funksiya göstərməsi hakimiyyətin və onun prinsipləri çərçivəsində və əsasında fəaliyyət göstərir, vətəndaşların hüquq və azadlıq­larının təminatının və müda­fiəsinin hüquqi əsasıdır. Odur ki, ədəbiyyatda hüquqi dövləti konstitusiya dövləti hesab edilir. Burada söhbət sadəcə konstitusiyanın olmasından yox, hüquq sisteminin aliliyindən və ya onun ictimai avtoritetindən gedir. Yeni konstitu­siyada əsas diqqət mərkəzində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüququn qəbul etdiyi bəşəri dəyərlər, xüsusən vətəndaşla cəmiyyət və dövlət arasında münasibətlər tutur.

Hüquqi dövlətin nəzəri konsepsiyası və müvafiq praktikası uzun tarixə malikdir. Hüquqi dövlət termini (Rechtsetaot) alman ədəbiyyatında XIX əsrin əvvəllərində K.T.Velkerin, R.fon Molyanın və s. əsərlərində göstərilmiş, sonralar geniş yayılmışdır. Hüquqi dövlət nəzəriyyəsinin fəlsəfi əsaslarını klassik alman fəlsəfəsinin banisi İ.Kant vermişdir. Onun konsepsiyasında mərkəzi yeri insan və şəxsiyyət tutur. Kanta görə dövlət hüquqi qanunlara tabe olan insan çoxluğudur. Dövlət yaşayır və öz fəaliyyətində həyata keçirəndə ilk növbədə ümumi məqsədlərə və dəyərlərə şüurda birləşmiş insanların fəaliyyətidir. Dövlət yaranır və mövcud olur ki, onun fəaliyyəti cəmiyyətin əsas maraqlarına cavab verir və insanlar öz tələblərini təmin etməyə imkan verir. Dövlətin rifahı mükəmməl hüquqdadır. Harda ki, dövlət konstitusiya hüququ əsasında hərəkət edirsə, xalqın ümumi iradəsini istifadə edirsə, o hüquqidir, orada vətəndaşların şəxsi azadlıqları, vətəndaş hüquqları məhdudlaşdırıla bilməz. Dövlətin təyinatı təkmilləşdirilmiş hüquqdadır, onun quruluşu və rejimi hüquqa maksimum uyğunluğudur1. Məhz bu müddəalara görə Kant hüquqi dövlət nəzəriyyəsinin banisi sayılır.

Dahi alman filosofu Hegelin fikrincə dövlət də hüquqdur, ancaq daha inkişaf etmiş, daha məzmunlu, şəxsiyyətin, ailənin və cəmiyyətin hüquqlarını etiraf edən hüquq sistemidir. Hegelin konsepsiyasında hüquqi dövlət özbaşınalığa, güc işlətməyə və bütün qeyri-hüququ formalara qarşı yönəldilir. Onun fikrincə hüquqi dövlətin mahiyyəti olan hakimiyyət bölgüsü ümumi azadlığın təminatı sayıla bilər2.

Milli elmdə A.F.Abbasovun3, Z.M.Kasumovun4, İ.A.İsma­yılovun5 monoqrafiyalarında hüquqi dövlət və vətəndaş cəmiyyəti, hakimiyyət bölgüsü konsepsiyasının mahiyyəti, postsovet məkanına transformasiya problemləri tədqiq edilir.

Beləliklə, hüquqi dövlət ictimai həyatın qanun, hüquq prinsipləri və vasitələri əsasında qurulmasıdır. Ənənəvi olaraq hüquq müəyyən olunmuş prosedura ilə qəbul olunan qanundan əvvəl gəlir və o qanunla təsbit olunduqda hüquqi güc alır, dövlət strukturu vasitəsilə realizə olunur. Hüquq yüksək effektli və məqsədəuyğun tənzimləyici olmaqla cəmiyyətdə köklü siyasi, iqtisadi, sosial məsələlərin həllinə kömək edir. Dövlət və hüquq cəmiyyətin iqtisadi bazisi üzərində üstqurumun müxtəlif hissələridir6. Hüquq insanların ümumi iradəsi ilə öz ictimai həyat fəaliyyətinin qaydaya salınmasında tələb və maraqlarını, şəxsiyyətin hüquq və azadlıqlarını, humanizmi, sosial ədaləti ifadə edir. Hüquqi dövlət konsepsiyası qanunun aliliyi, onun hüququn yüksək prinsiplərinə cavab verməsi, idarəedən və idarəolunan üçün məcburi olması, bütün insanlar öz davranışında ona əməl etməsi və hüququn hakimliyi və s. fundamental amillərə əsaslanır.

Qanunun aliliyi iki mühüm aspektdə özünü göstərir: Birinci aspekt qanunla hakimiyyətin nisbəti, hüquqi dövlət konsep­siyasında elə vəziyyət nəzərdə tutulur ki, hakimiyyət həm qanun yaradır, həm də qanuna tabe olur və qanuna uyğun hərəkət edir. Bu mənada hakimiyyət bölgüsü praktiki olaraq aktual olur. İkinci aspekt qanun və hakimiyyətin nisbəti ictimai münasibətlərin, sosial həyatın, ictimai prosesin tənzimlənməsində qanunun rolu ilə müəyyən edilir1. Məlumdur ki, dövlət tərəfindən cəmiyyətin idarə­olunması iki üsulla aparılır: birinci, yuxarıdan aşağı, mərkəzdən periferiyaya verilən göstəriş, əmr, sərəncam və digər hüquqi aktlarla idarə olunur; ikinci – hüquqi dövləti səciyyələndirən normativ qaydalarla, qanunvericiliklə idarə olunmasıdır.

Ədəbiyyatda müasir hüquqi dövləti üç növə bölürlər: birinci, konstitusion (liberal hərəkat dövlət hakimiyyəti məcbur etdi ki, o konstitusion norma­laşdırılsın); ikinci demokratiklik (liberal hərəkət dövlət hakimiyyəti məcbur etdi ki, insanların ümumi seçki hüququnu və başqa hüquqlarını etiraf etsin); üçüncü, sosial (liberal hərəkat dövlət hakimiyyətini məcbur edir ki, hər bir nəfərə layiqli həyat təmin edilsin). Müasir dövlət dörd növə ayrılır: vətəndaş, hüquq-konstitusion, hüquqi demokratik, hüquqi sosial2. Hüquqi ədəbiyyatda məsələ qaldırılır ki, hüquqi dövlətin elə strukturunu və texnologiyasını yaratmaq lazımdır ki, aşağıdakı problemləri həll etsin: a) dövləti hamı üçün tələb, maraq və məqsədlərin realizəsinin qanunvericiliklə təsbit edilməsini tələb edən ümumi prioritet üzrə sistemləşdirmək və müəyyən etmək; b) ümumi iradənin ümumi tələb, maraq və məqsədləri üzrə ifadəsi və təqdimi; v) ictimai fəaliyyətin dövlət tənzimləmə növlərinin bütün iştirakçılarının davranış qaydalarının (normalarının) eyni cür və məcburi icrasını stimullaşdırma şəraitinin və sanksiyasının yaradılması; q) qanunların və hüquq qaydaları vasitəsilə azadlığın müdafiəsi və təhlükəsizliyin qorunması, rifah və sabitliyin həyata keçirilməsi imkanları1.

Hüquqşünas alimlər hüquqi dövlətlə sosial dövlətin oxşar və fərqli əlamətlərinə görə üç mövqedən baxırlar: 1) bir yerdə «sosial hüquqi dövlət kimi»; 2) sosial dövlətə hüquqi dövlətin yaxın səviyyəsi kimi; 3) «hüquqi dövlət» sosial dövlətin strukturunda prinsip və əlamət kimi. Hüquqi dövlətlə sosial dövlətin uyğunluğuna görə iki baxış vardır: birinci – sosial dövlət-hüquqi dövlətin inkişafının yeni, daha mükəmməl mərhələsi kimi; ikinci – hüquqi dövlət və sosial dövlət vəhdətdə olan tamı təşkil edir. Bu halda sosial dövlət hüquqi dövlətin xüsusiyyətlərindən biridir. Hüquqi və sosial dövlətin nisbətinə iki mövqedən baxılır: 1) sosial dövlət hüquqi dövlətin mühüm prinsiplərini inkar edir; 2) sosial dövlət hüquqi dövlətin inkişafının yeni mərhələsidir. Hüquqi dövlət termini XIX əsrin əvvəllərində alman hüquq ədəbiyyatında (K.T.Velkera, R.fon Molye və b.), sosial dövlət isə 1850-ci ildə alman alimi L.fon Şteyn tərəfindən tətbiq edilib.2

Hüquqi dövlətin bərqərar olması üçün hakimiyyətlərin bölgüsü kimi obyektiv-hüquqi prinsip qeyri-şərtsiz həyata keçirilməlidir. Hakimiyyət bölgüsü, bir-birini çəkindirmək və tarazlaşdırmaq prinsipi demokratik Afinada, həm də Roma respublikasında təcrübədə yoxlanılmış antik mədəniyyətin böyük nailiyyətlərindən biridir1. Hakimiyyətlərin bölgüsü ideyasının ilk müəllifi C.Lokkdur. O, dövlət hakimiyyətini həyata keçirdiyi funksiyaların xüsusiyyətinə görə qanunvericilik, icra və ittifaq (federal) hakimiyyətlərinə bölür2. Montoskye «Qanunların ruhu haqda» (1748) əsərində hakimiyyətdən sui-istifadə imkanlarını aradan qaldırmaq üçün hakimiyyətin müxtəlif qolları arasında bölgüdə bir-birini qeyri-qanuni hərəkətlərdən çəkindirmək və tarazlaşdırmaq prinsipini irəli sürür3. Monteskyenin haki­miyyətlərin bölgüsü ideyası ilk olaraq Amerika konstitusiyasında (1787) təsbit olunmuşdur.

Elmi ədəbiyyatda siyasi cəmiyyət və dövlət anlayışlarının və onların nisbəti göstərilir.Bu həm siyasi cəmiyyətə, həm də dövlət cəmiyyətinin ən ali və təkmil formasına aiddir. Bəzi hallarda bu iki termin sinonim kimi istifadə edilir. Lakin onlar bir-birinə hissənin tama nisbəti kimidir. Siyasi cəmiyyət – bu bütövdür, dövlət bu bütövün ən mühüm hissəsidir. Siyasi cəmiyyət insan reallığına, insan rifahına, ümumi rifaha yönəldilir: Plyuralizm elementi şəxsi azadlıq və təşəb­büskarlıq, minimal müdaxilə və idarəetmə hər bir həqiqi siyasi cəmiyyətin elementidir. Siyasi cəmiyyətin mövcudluğu və çiçəklənməsi üçün ailə, iqtisadi, mədəni, təhsil, dini amillər xüsusi əhəmiyyətə malikdir. Dövlət yalnız siyasi cəmiyyətin hissəsi olduğundan, cəmiyyətin rifahını, ictimai qayda-qanun, həmçinin ictimai işlərin idarəedilməsində maraq­lıdır. Dövlətin yerinə yetirdiyi funksiyalar siyasi cəmiyyətə, insanlara istiqamətləndirilir4.

Siyasi cəmiyyətdə cəmiyyət və hüquqi dövlət münasibətləri prizmasından baxılması maraq kəsb edir. Hüquqi ədəbiyyatda və rəsmi sənədlərdə hüquqi dövlət və vətəndaş cəmiyyəti birgə ifadə olunur. Bunların arasında qarşılıqlı münasibətlər və əlaqələr aşağıdakı kimidir: vətəndaş cəmiyyəti ilə hüquqi dövlətin bərabərliyi, cəmiyyətin dövlətə nəzarət etmək hüquqlarının olması; qanunun aliliyi; Konstitusiya normalarının birbaş hüquqi təsiri; insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması insanların ictimai şüurundan, mədəni səviyyəsindən və maddi rifahından çox asılıdır. Vətəndaş cəmiyyətinin inkişafı dövlətin inkişafından sonra gəlsə də o ailə və dövlət arasında ayrıca bölmədir, çünki onun mövcud olması üçün müstəqil dövlətin olmasını tələb edir.1 Vətəndaş cəmiyyətinin yaranması hüquqi dövlət və siyasi demokratiya ilə sıx əlaqəlidir. Vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı və siyasi demokratiya tarixi fenomen olub, müəyyən inkişaf mərhələsində baş verir. Hegel hesab edirdi ki, vətəndaş cəmiyyəti və dövlət sərbəst institutlar kimi eyniyyət təşkil edir. Onun fikrincə vətəndaş cəmiyyətində özəl, dövlətdə isə ümumi maraqlar cəmləşir.

Vətəndaş cəmiyyətinin yaranmasının bir aspekti insan və vətəndaş hüquqlarının ayrılmasıdır. Əgər insan hüquqları vətəndaş cəmiyyəti tərəfindən təmin olunursa, vətəndaş hüquqları hüquqi dövlət tərəfindən təmin olunur. Hər iki halda söhbət şəxsiyyətin hüquqlarından gedir. Birinci halda ayrı-ayrı insanın həyatı, mülkiyyət və öz imkanlarını realizə etmək hüququ nəzərdə tutulursa; ikinci halda konkret dövlətin vətəndaşı kimi onun siyasi hüquqa malik olması nəzərdə tutulur. Azərbaycan Konstitu­siyasında insan və vətəndaş hüquq və azadlıqlarına və vətəndaşların vəzifələrinə geniş yer verilmişdir. Konstitusiyanın maddələrinin təxminən hər üçüncüsü insan və vətəndaş hüquq və azadlıqlarını və vətəndaş vəzifələrini əks etdirir. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsi «Ombudsman» təsis edilmişdir1.

Vətəndaş cəmiyyətinin və hüquqi dövlətin mövcudluğunun mühüm şərti keyfiyyətində bütün proseslərdə özünürealizə hüququ olan şəxsiyyət durur.

Vətəndaş cəmiyyətinə sosial, mədəni və mənəvi sahədə həyat fəaliyyətini təmin edən, maddi və mənəvi dəyərləri bir nəsildən digərinə ötürən sistem kimi baxılır. Bu sistem dövlətdən asılı olmayan ictimai institutlar və münasibətlərdir. Vətəndaş cəmiyyəti institutları - ictimai, özfəaliyyət, yaradıcı, professional və digər təşkilatlar, milli, regional təsisatlar, özəl sahibkarlıq strukturu, qeyri-dövlət təhsil, səhiyyə təşkilatları və b. formalaşır və fəal funksiya göstərir, dövlətə, onun orqanlarına, vəzifəli şəxslərin fəaliyyətinə səmərəli təsir edir.

Ölkədə vətəndaş cəmiyyəti iqtisadiyyatın modernləşməsi - ictimai həyatın demokratikləşməsi - milli məkanın sistemli liberallaşması paradiqması gerçək­likcə formalaşacaqdır2. Demok­ratiya hər bir insana aid olduğundan həmişə insan azadlıqları, insanların hüquq bərabərliyi, vətəndaş azadlığı, yaxşı yaşamağa yönəldilmiş sosial dəyişikliklər, iqtisadi rifah, dövlətin aktiv rolu demokratik cəmiyyətdə ön planda olur.

Demokratiyanın möhkəmliyi, cəmiyyətin iqtisadi inkişafı ilə müəyyən olunur. İqtisadiyyat bütün insanlara onların həyatı üçün nə qədər çox verirsə, o qədər ictimai institutlar, ideyalar, baxışlar, hərəkətlər möhkəm olur və iqtisadi aktivliyin səviyyə və dinamikasını lazımi səviyyəsini təmin edir. Ölkənin iqtisadi cəhətdən güclənməsi və vətəndaşların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən və keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar1.

Məlum həqiqətdir ki, iqtisadiyyat siyasəti müəyyən edir və siyasətdən qabaq gəlir. Siyasət və iqtisadiyyat bir medalın iki üzüdür. Siyasət və iqtisadiyyat arasın­da sıx bağlılıq nə təsadüfi, nə də neytral haldır2. Sivilizasiya yaranandan üzü bəri bütün dövrlərdə iqtisadi amil həlledici olub siyasi dəyişik­liklərin əsasını təşkil etmişdir. Afinada zadəganlarla demosun (xalqın), Romada potrislərlə (yerli latın və sabimlərə mənsub, tam hüquqlu vətəndaşlar) plebeylərin (etruslar və başqa etnik qruplar, yəni tam hüququ olmayan vətəndaşlar) arasında iqtisadi və siyasi mübarizə nəticəsində Afinada demokratik dövlət (demos-xalq+kratus-hakimiyyət), Romada isə aristokratik respublika yaranmışdır3.

Böyük inqilabi dəyişikliklər insanların iqtisadi maraqlarına toxunanda baş verir. Məsələn, 1265-ci ildə verginin artırılmasında etiraz edən əhalinin mübarizəsi nəticəsində İngiltərədə ilk parlamentin yaranmasına, 1640-cı ildə yeni vergi qoyulmasına qarşı burjuaziya inqilabının baş verməsinə, 1689-cu ildə şanlı inqilab nəticəsində monarx hakimiyyətinin məhdudlaşdırılması və parlamentin səlahiyyətini artıran «Hüquqlar haqqında Billin» qəbul edilməsinə və ilk monarxiyalı respublikanın yaradılmasına səbəb oldu. 1607-ci ildə İngiltərədən gəlmiş və Şimali Amerika ingilis koloniyasının əsasını qoymuş plantatorlar İngiltərədən iqtisadi və siyasi asılılığı ləğv etmək üçün C.Vaşinqtonun rəhbərliyi ilə üsyan qaldırdılar. 1776-cı ildə bu mübarizədən qalib gələrək və İngiltərədən ayrıldığını elan etmiş və istiqlaliyyət məramnaməsi qəbul etmişlər. Bütün ştatlar birləşərək azad və müstəqil ABŞ dövlətini yaratmış və dünyada ilk Konstitusiya (1787) qəbul etmişlər. Fransada 1789-cu ildə Baş ştatların yığıncağında (bu orqan vergi qoymaq məsələlərini həll etmək üçün 1302-ci ildə üç silkdən ibarət yaradılmışdır) vergini artırmaq tələbi inqilabla qarşılanmış və xalq kütləsi mütləq monarxı yıxaraq, «İnsan və vətəndaş hüquqları deklorasiyasını» qəbul edir, konstitusiyon monarx respublikası yaradır.

Demokratiyanın mahiyyəti, yaranması, inkişafı, onun transformasiya problemləri, hüquqi dövlət, vətəndaş cəmiyyəti; açıq cəmiyyət haqqında təlimlər qədim dövrdən başlayaraq mütə­fəkkirlərin, filosofların, politoloqların və sosio­loqların baxışlarının geniş təhlil edildiyi Akademik R.Mehdiyevin «Demokratiyaya doğru: irs haqqında düşünərkən» monoq­ra­fiyası tədqiqat işində geniş istifadə olunmuşdur. Monoqra­fiyada dünya tədqiqatçılarının demokratik quruluşu modelləri geniş tədqiq edilmişdir. Monoq­ra­fiyada verilmiş demokratiyanın klassik demokratiya, yəni antiq demokratiya; respublikanizm, yəni Qədim Romada respublika idarəçilik forması; pratektiv demokratiya; inkişaf edən demokratiya; dövlətin yox olub getmə nəzəriyyəsi (K.Marks); mübahisəli elitizm; plüralizm demokratiya; partispator demok­ratiya nəzəriyyəsi - leqal demokratiya modellərinə təsnif olunması1 demokratiyanın tarixi inkişaf mərhələlərini dəqiqliklə əks etdirir.

Azərbaycanda 30 avqust 1991-ci ildə «dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə» qəbul edilərək Azərbaycan Demokratik Cümhuriyyəti varisi elan olundu. Azərbaycanda demokratik müstəqil dövlətin yaradılması və dövlətçiliyin möh­kəm­ləndirilməsi, Ümummilli lider Heydər Əliyevin adı ilə bağ­lı­dır. O, demokratiyaya öz münasibətini belə göstərirdi: de­mok­ra­tiya hərcmərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokratiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlara hörməti, sayğısı və qayğısıdır2.

Azərbaycanda dövlət siyasəti demokratiyanın əsas amili olan güclü iqtisadi bazanın formalaşmasına, demokratiya ilə iqtisadiyyatın vəhdətdə baxılmasına, insanların iqtisadi rifahının artırılmasına nail olmağa istiqamətləndirilib. Bunu əyani şəkildə Azərbaycanın iqtisadi inkişafında görmək olar. Müasir dövrdə demokratik hüquqi dövlət quruculuğu yolunu seçən Azərbaycan dünya təcrübəsindən geniş istifadə etməklə, ümumi bəşəri dəyərlərdən faydalanmaqla iqtisadi sahədə inkişaf etmiş, iqtisadi artıma görə dünyanın ən qabaqcıl dövlətləri sırasındadır. Azərbaycan iqtisadiyyatının müstəqillik şəraitində inkişaf dina­mi­kası, struktur dəyişmələri iqtisadi və sosial inkişafın sürət­lən­mə­si strategiyasının və onun reallaşmasında məqsədli proqramların nəticəsi ilə bağlıdır. Müasir şəraitdə Azərbaycanda iqtisadi artım, bununla yanaşı əhalinin rifahının yüksəldilməsi, sosial tərəqqi və dünya təsərrüfat sistemində respublikanın rolu və yerinin təmin olunması ölkə iqtisadiyyatının konseptual inkişaf istiqamətləridir.

1988-ci ildən Azərbaycan iqtisadiyyatında başlanmış böhran 1996-cı ilə qədər davam etmişdir. Məhz iqtisadi və sosial inkişafın Heydər Əliyev meto­dologiyası və hazırlanan sərt maliyyə-pul siyasəti və idarəetmə islahatlarının nəticəsi 1996-cı ildə ölkə iqti­sa­diyyatının tarazlı inkişafı və dinamizminin formalaşması ilə nəticələnir. 1996-cı ildə ümumi daxili məhsulun artım tempi 1,3:, 2000-ci ildə 11%, 2005-ci ildə 26%, 2007-ci ildə 36% təşkil etmişdir.

Azərbaycan iqtisadi və sosial inkişafının transformasiya modelindən və xarici amillərdən səmərəli istifadə etməklə dayanıqlı iqtisadi artımı, tarazlı inkişaf və sosial infrastrukturun tənzimlənməsi yollarını və metodlarını təşkil edir. Azərbaycanın sosial-iqtisadi əsasları, onun transformasiyasında varislik prioritetinə uyğun olaraq neft istehsalı və regionların iqtisadi sosial potensialını iqtisadi dövriyyəyə cəlb etməklə, kompleks ərazi və sahə inkişaf istiqamətləri əsas yer tutur. Azərbaycan iqtisadiyyatının inkişaf meylləri iqtisadi artım göstəricisi olan ümumi daxili məhsul, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin dinamik inkişafı ilə səciyyələnir. Ümumi daxili məhsulun artım surəti 2007-ci ildə 2000-ci ilə nisbətən 5,7 dəfə, yəni 47185 mln manat olmuşdur, adam başına düşən məhsula görə isə 5,7 dəfə artaraq 3168,5 manat təşkil etmişdir.

Müasir şəraitdə Azərbaycanın sosial və iqtisadi inkişafın əsas prinsipi olaraq ünvanlılıq, sosial ədalət, perspektivlik və tarazlı inkişaf meyllərinə təminat verən dövlət siyasəti formalaşır. Yaşayış minimumu, ehtiyac minimumu, minimum istehlak büdcəsi və digər dövlət təşkilati sisteminin nizamlanması dövlətin əsas qayğı göstərdiyi sahədir.

Azərbaycanda özəl sektorun stimullaşması mexanizmləri inkişaf edir, beynəlxalq təcrübə və rəqabət mühiti doğuran şərait yaradılır. Son illərdə ÜDM-un 85%, sənaye məhsulunun 50%-i və kənd təsərrüfatı məhsulunun 81% özəl sektorunun payına düşür. Azərbaycan dövlətinin iqtisadi siyasəti onun konseptual istiqamətləri, nəzəri və praktiki aspektləri, həmçinin yerli sosial demoqrafik və inteqrasiya amilləri nəzərə alınmaqla aparılır1.

Azərbaycanın iqtisadi siyasətinin mühüm istiqamət­lərindən biri də, xarici iqtisadi əlaqələri səmərəli təşkil etməklə, dünya təsərrüfat sisteminə qoşulmasıdır. Geniş miqyaslı İpək yolunun istifadəsi Şərqlə-Qərbi birləşdirən körpü olmaqla, dövlətin dünya iqtisadiyyatına və təsərrüfat sisteminə qoşulmasına və beynəlxalq iqtisadi əlaqələrin daha da genişlənməsinə müsbət təsir edəcəkdir. Respublikamız onlarla beynəlxalq siyasi, iqtisadi, maliyyə-bank, mədəni, humanitar təşkilatların üzvüdür və dünyanın 15 aparıcı dövləti və beynəlxalq təşkilatları ilə əməkdaşlıq üzrə komissiyalar və işçi qruplarında iştirak edir2. Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu tərəfdaş kimi daxil olması, onun bu qurumda olan ölkələrlə müxtəlif səviyyələrdə iqtisadi əmək­daşlığı, inkişafı üçün də çox böyük əhəmiyyət daşıyır. Azərbaycanın müstəsna geostrateji mövqeyini, əlverişli nəqliyyat-coğrafi şəraitini, Avropa-Qafqaz-Asiya əməkdaşlıq dəhlizinin rolunu və əhəmiyyətini artırır. Azərbaycanda dövlətin iştirakı və himayəsi ilə yoxsulluqla mübarizə, ekoloji tarazlığın təmin olunması, müasir informasiya texnologiyasından istifadə olunması və ərzaq təhlükəsizliyi problemi həll edilir. Beləliklə, Azərbaycanda iqtisadi göstəricilər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun də demokratikləşmənin beynəlxalq təcrübəyə uyğun təkamül yolu ilə getdiyini göstərən reallıqdır.

Beləliklə, bu paraqrafda qoyulan məsələləri hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, hakimiyyətlərin bölgüsü prinsiplərinin tətbiqi, iqtisadiyyatın inkişafı və əhalinin rifahının artırılması və s. kompleks baxılmaqla aydınlıq gətirilir.

Bizim fikrimizcə hüquqi dövlət və vətəndaş cəmiyyəti üçün əsas əlamətlərə: onların bərabər tərəf kimi çıxış etməsi, cəmiyyətin dövlətə nəzarət səlahiyyətlərinin olması, qanunun aliliyi, konstitusiyanın birbaşa təsiri, hakimiyyətlərin bölgüsünün aparılması, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və s. daxildir.

Hesab edirik ki, demokratik dövlətin və onun təzahürlərinin effektiv fəaliyyətində iqtisadi amillər dayanır. Azərbaycan iqtisadi və sosial inkişafının transformasiya modelindən və xarici amillərdən səmərəli istifadə etməklə, dayanıqlı iqtisadi artıma, tarazlı inkişafa nail olmuşdur. İqtisadi inkişafda dövlət qulluğu mühüm rol oynayır. Dövlət qulluğu yalnız demokratik dövlətdə legitimləşir və mövcud olur. Dövlət qulluqçularının – idarəetmə subyektlərinin idarəetmə obyektinə şüurlu təsirində iqtisadi artıma nail olunur. Dövlət qulluq­çusu bir tərəfdən dövlət qarşısında hüquqi öhdəliyi olan vətəndaş statusunda davranış qaydalarına əməl edir, digər tərəfdən vəzifəli şəxs kimi dövlətin maraq və funksiyalarını realizə edir və etik normalara əməl etməklə fəaliyyət göstərir.


1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə