Rzayev əLİ heydəR oğlu DÖVLƏt qulluğunun hüquqi Əsaslari




Yüklə 2.56 Mb.
səhifə3/32
tarix20.04.2016
ölçüsü2.56 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

3. Dövlət və dövlət qülluğu
Müasir dövrdə elmi ədəbiyyatda dövlətin təbiəti, mənşəyi, ictimai həyatda rolu çoxəsrli, mübahisəli məsələlərdən olub yeni baxışlarla səciyyələnir.1 Dövlətin bir tərəfdən təzahür və anlayış kimi mürəkkəbliyi və çoxsahəliliyi, digər tərəfdən onun dərk olunmasında müxtəlif müəlliflərin subyektivliyi bu anlayışın müxtəlif, çoxvariantlı şərhinə səbəb olmuşdur. Dövlət təzahürünə bu qədər maraq onunla izah olunur ki, dövlət bu və ya başqa formada cəmiyyətin bü­tün insanlarının təbəqə və siniflərini, siyasi partiyaların, təşkilatların, hərəkət­lə­­rin və s. maraqlarına toxunur və ya başqa sözlə cəmiyyətə çoxtərəfli təsir göstərir.

Dövlətin təbiətini, onun insan həyatında yeri və rolu, onun yaranması və gələcək inkişafının faktorlarını, səbəblərini araş­dırmağa və təhlil etməyə demək olar ki, bütün dövrlərin filosof və mütəfəkkirləri səy göstərmiş, müxtəlif konsepsiyalar irəli sürmüşlər. Dövlətin yaranması haqqında ideal dövlət konsepsiyası (Platon), könüllülük müqaviləsi (Demokrit), bioloji nəzəriyyə (Protaqor), patriarxal nəzəriyyə (Aristotel), xilafət nümunəsində ideal müsəlman dövləti, müqavilə nəzəriyyəsi (T.Hobbs, C.Lokk, J.J.Russo, B.Spinoza), teoloji yanaşma, hüquqi dövlət konsep­siyası (İ.Kant) və s. mövcuddur.

Müəyyən dövrlərdə mütəfəkkir və filosofların ideyaları, dövlət xadimlərinin islahatları əsasında bir-birindən tam fərqli dövlət formaları yaranmışdır. Yunanıstanda polis-şəhər dövləti əsasında Solon, Klisfen və Periklin islahatları nəticəsində dünyada ilk olaraq Afina demokratik dövlət forması, T.Lukresiya, M.Sisteronun və b. ideyaları əsasında Qədim Romada aristokratik respublika dövlət forması (e.ə.509), N.Makiavellinin konsepsiyası əsasında İtaliya əra­zisində, M.Lyuter, T.Myunserin – Almaniyada, B.Spinozanın – Hollandiyada, T.Hobbs, C.Lokkun – İngiltərədə müxtə­lif dövlət formaları yaranmışdır.

Dünya əhəmiyyətli ideyalar Fransada Volter, Ş.L.Montoskye, D.Didro, J.J.Russo, Q.Bebef adı ilə bağlıdır. Fransada azadlıq, bərabərlik və qardaşlıq şüarı altında böyük Fransa burjuaziya inqilabının ideoloji əsasları bu ideya­lardan bəhrələnmişdir. S.Monteskyenin irəli sürdüyü hakimiyyətlərin bölgüsü ideyası ilk olaraq ABŞ Konstitusiyasında (1787) tətbiq edilmişdir.

XVII əsrdə dövlətin yaranmasında hüquq və müqavilə ilə yaranması ideyası, XVIII əsr fərdi özbaşınalıqdan qorunmaq üçün liberal dövlət ideyası, xalq nümayəndəliyi və qanunvericilik ideyası; XIX əsrin birinci onilliyində R.Maleinin Almaniyada hüquqi dövlət nəzəriyyəsi, XIX əsrin 20-ci illərindən dövlət haqqında marksizm-leninizm nəzəriyyəsi1 yayılmışdır.

Hüquqi ədəbiyyatda dövlətin yaranması haqqında teoloji, arifmetik (klassik), hüquqi, sosioloji və texniki kibernetik yanaşma2 və ya teoloji, patriarxal, müqavilə və psixoloji nəzəriy­yələr3 vardır. Hələ keçən əsrin əvvəlində Qimploviç yazırdı ki, nə qədər dövlətşünas və filosof var, o qədər də dövlətin anlayışı mövcuddur4.

Hazırda uzun illər elmdə hökm sürən dövlət haqqında marksizm-leninizm təlimi öz hakimlik mövqeyini itirir, əsassız və qeyri-qənaətbəxş olduğu hesab edilir. Bu nəzəriyyəyə görə dövlətin mənşəyi xüsusi mülkiyyətin yaranması və cəmiyyətin antaqonist siniflərə bölünməsi ilə əlaqəlidir. Dövlət anlayışına «proletariatın diktaturası», hakim sinfin əzmək aləti, bir sinfin və ya sosial təbəqənin və hakim partiyanın başqaları üzərində hakimliyi və zor mexanizmi kimi baxılırdı. Sov. İKP dövlətdən kommunist partiyasının aləti, vasitəsi və rəhbər rolunun müşaiyətçisi kimi istifadə edilirdi.

Məlumdur ki, Oktyabr inqilabından sonra V.Lenin dövlət quruculuğunda demokratik hüquqi dövlət, klassik parlamentarizm, hakimiyyət bölgüsü ideya­sından burjuaziya cəmiyyətinə xas olduğunu hesab edərək dövlətin tipoloji anlayışından imtina etmişdir. SSRİ-nin 70 illik fəaliyyəti dövründə kəşf olunan sosialist dövlətçiliyi və demokratiya institutları deformasiyaya uğramış və nəticədə sovet ittifaqının dağılması və sosialist düşər­gəsinin iflası ilə nəticələnmişdir. Marksizm təliminə əsaslanan hakim sinfin diktaturası olan dövlətlə şəxsiyyətin qarşılıqlı münasibəti və qarşılıqlı məsuliyyəti, insan və vətəndaş hüquq və azadlıqlarına və onların qanunu maraqlarına hörmət prinsipləri formal xarakter daşımışdır. D.Soros o dövrü belə xarakterizə edir. Bu qapalı sistemin dağılması rus çarlarının heç birində olmayan mütləq hökmranlığa malik Stalin öləndən sonra başlamışdır. O totalitar rejimi, qapalı sistemi dahiliklə otuz beş il əlində möhkəm saxlamış, dövlətin ərazisini genişləndirmişdir. Yenidənqurma dövrünün sonunda, siyasi dəyişiklik dövründə insanlar keçmiş qaydalardan narazı olduqlarını, heç kəsə inanmadıqlarını göstə­rərək açıq cəmiyyət istədiklərini bil­dirirdilər1. Odur ki, Sovet dövlətin dağılmasının qarşısının alınma­sında vətəndaşlar təşəbbüs göstərməmişdir. Marksizmin təsdiq etdiyi kimi dövlətin yox olub getməsi, sinifsiz cəmiyyətə çevrilməsi, ictimai özünüidarəetməyə gətirməsi konsepsiyası nəticə verməmiş, cəmiyyətə antipod olan bürokratizmin vüsət alması ilə tarixdə qalmışdır.

Sosializm süqutundan sonra Şərqi Avropada Leninçi rejimlər və sovet hökmranlığı dövründə yaranan totalitar keçmişdən qalmış cəmiyyətlərdə demokratikləşmə getdi2.

İnqilaba qədər bütün elmi mənbələrdə, hazırda xarici ədəbiyyatda dövləti demokratik mahiyyətdə ərazi, əhalihakimiyyət triadasında təbii-ictimai bütövlük kimi baxılmışdır. Burada ərazi toxunulmazlığı, dövlətin və xalqın suverenliyi, dövlət hakimiyyət bölgüsü, vətəndaş azadlıqlarının və hüquq­larının tənzimlənməsi dövlətin əsas vəzifələrini təşkil edir. Dövlət bütün vətəndaşlar üçün ümumi tələbləri, maraqları, məqsədləri və iradəni ifadə edir.

Dövlət öz mahiyyətini realizə etmək və funksiyalarını yerinə yetirmək üçün ilk növbədə bütövlüyünü qoruyub saxlamalıdır. Dövlətin bütövlüyünü qorumaqda cəmiyyətin birliyini formalaş­dırıb saxlamaqda aşağıdakı üç tip imkanlardan istifadə edir: birinci – informasion tip (geniş mənada) dil, təhsil, bilik, elm, din, ənənə, mədəniyyət, kommunikasiya, informasiya texnologiya, ən əsas ictimai və fərdi şüurda qarşılıqlı təsir və mübadilərin digər üsulları daxildir; ikinci, əməyin ixtisaslaşması və kooperasiyasına əsaslanmış torpaqların və təbii ehtiyatların mənimsənilməsi, kapital axını, maddi, sosial və mənəvi məhsul və xidmətlərin mübadiləsi, iqtisadi tələblərə, maraqlara və məqsədlərə əsaslanmış iqtisadi tip; üçüncü, ictimai münasibət və proseslərin tənzimlən­məsinin bütövlüyünü təmin edən inzibati tip.1

Qanunvericilikdə dövlət müxtəlif mənalarda istifadə olunur, məsələn, B.Evzeev Rusiya Federasiya Konstitusiyası müddəala­rında dövləti yeddi mənada işlədil­diyini göstərir: 1) «ölkə», «vətən» anlayışına sinonim kimi; 2) cəmiyyətin təşkilinin müəyyən forması keyfiyyətində; 3) federasiya, onun tərkibində olan respublikalar, diyarlar, vilayətlər; 4) hakimiyyətin ali orqanlar sistemi; 5) dövlət hakimiyyətlər orqanlarının məcmusu; 6) ümumi hakimiyyət təşkilatı; 7) sosial himayəedici2.

Dövləti qeyri-dövlətdən fərqləndirən əlamətləri dövlət strukturunun əsas elementləridir. Bura ümumi hakimiyyətin olması; əhalinin ərazi prinsipi üzrə bölünməsi; hakimiyyəti və qulluqçular saxlamaq üçün vergi və vergi vermənin mövcudluğu.

F.Engels dövlət təşkilatının ibtidai icma ilə müqayisəsinin xüsusiyyətini aşağıdakı kimi göstərmişdir. Birinci qan qohumluq əlaqəsi zəifləyir və onu «ərazi» əvəz edir və ikinci, cəmiyyət tərəfindən etiraf olunan «ümumi hakimiyyət» təşkilatının – legitim hakimiyyətin olması. Bunun nəticəsində müəyyən hakimiyyət səlahiyyətləri verilən hüquqi mexanizmin yaranması; üçüncü – ictimai hakimiyyətin əsas funksiyası idarəetmədir. Odur ki, onun həyata keçirilməsində vergiqoyma sistemi yaranır, bölgüdə iştirak forması «məvacib»ə keçir. Dördüncü hüquq da daxil olmaqla cəmiyyətin qrup maraqlarını tənzimlənməsi hakimiyyət orqanının əsas vəzifəsi olur.1

Ümumiyyətlə, dövlət anlayışı iki mənada istifadə olunur: birinci, kompleks institutlar və vəzifəli şəxslərdən ibarət siyasi təşkilat; ikinci, spesifik ərazi, milli-mədəni, tarixi və digər xüsusiyyətləri ilə xarakterizə olunan xüsusi şəkildə təşkil olunmuş insan birliyi. Dövlət – tarixən formalaşmış cəmiyyəti idarə edən şüurlu təşkil olunmuş sosial güc hesab olunur2. Müasir «dövlət» anlayışı hüquqi müəyyən edilən anlayışdı, predmet planda dövlət hakimiyyətinin daxili və xarici suverenliyinə yönəldilmiş, məkan cəhətdən dəqiq məhdudlaşdırılmış, ərazi və sosial cəhətdən vətəndaşlardan ibarət anlayışdır. Dövlətin hakimliyi pozitiv hüquq forması, əhali isə hüquq qaydalarını daşıyan məhdud yurisdiksiya sahəsidir3.

Sosial təşkilatın xüsusi tipi kimi dövlət insan cəmiyyətinin bütün inkişaf mərhələsində oxşar xüsusiyyətlərə və meyarlara malik institut kimi göstərilir.

Faktiki olaraq dövlətin iki müxtəlif anlayışı var: birinci tarixdə dayanıqlı təşkilati sistem kimi cəmiyyətin özünü göstərir; ikinci institusional sosial-siyasi quruluşun hissəsi – üst qurumu kimi dövlət. Birinci halda cəmiyyətin mövcudluğunun bir forması kimi onun spesifik vəziyyəti haqqında (tarixi subyekt); ikinci, ictimai inkişafın «məhsulu» haqqında söhbət gedir. Başqa cür deyilsə, cəmiyyət özünü təşkil edir, nəticədə onun strukturu mürəkkəbləşir və nəticədə muxtariyyat əlamətləri əldə edən xüsusi (formal) hakimiyyət orqanı yaranır və mənşəyinə görə sosial quruluşun obyekti olur.1

Dövlətə cəmiyyətin forması, onun rəsmi ifadəsi, məcbur­etmənin legitim me­xa­nizmi, cəmiyyətlə insanları əlaqələndirici vasitəsi kimi də baxılır. Yalnız cəmiyyət və insan dövlətin əsasını və substratını təşkil edir. Bu elementlərsiz dövlət mövcud olmur. Odur ki, dövlətin möhkəmliyini təmin etməkdə əsas amil cəmiyyətin şüur səviyyəsinin yüksək olmasından, insanların milli qürurundan, dövlət maraqlarını şəxsi maraqlardan üstün tutul­masından, davranış və fəaliyyətlərinin hüquq normalarına uyğun aparılmasından asılıdır. Beləliklə, dövlət cəmiyyətdən gəlir, onun kütləvi və legitim hakimiyyət gücüdür2.



Cəmiyyət geniş mənada insanların tarixən təşəkkül tapmış birgə fəaliyyət formalarının məcmusu olub, canlı sistemin xüsusi, yüksək inkişaf mərhələsi kimi meydana gəlmişdir. Bu özünü sosial təşkilatların, institutların, qrupların fəaliyyəti və inkişafında göstərir3.

Cəmiyyətin yaranması haqqında qədim dövrlərdən başlayaraq filosof və mütəfəkkirlərin müxtəlif baxışları vardır. Onlar: ideal cəmiyyət konsepsiyası (Əl-Fərabi), ehtiyac və tələbat üzündən icmada birləşmə (Demokrit), zəruri tələbatı ödəmək, bir-birinə peşə xidməti göstərmək üçün birləşmək (Aristotel), əməkdaşlıqla birgə iştirak (İbn Sina), əmək bölgüsü əsasında birləşmə (Nəsrəddin Tusi), ideal cəmiyyət ideyası (Nizami Gəncəvi, T.Mor, Kompanella, K.Bekon), kommunizm cəmiyyəti (K.Marks, F.Engels, V.Lenin), vətəndaş cəmiyyəti (İ.Kant), açıq cəmiyyət (K.Perrer).



E.Toffler cəmiyyətin inkişafında biri digərini əvəz edən üç dalğa ayırır, onun fikrincə: birinci dalğanınaqrar siviliza­siya­nın yerinə, ikinciindustrial sivilizasiya gəlir, o öz növbəsində üçüncü dalğanınpostindustrial sivilizasiyanın yaranmasına gətirir. Birinci dalğanı Toffler «kənd təsərrüfatı sivilizasiyası» adlandırır. Hər yerdə torpaq iqtisadiyyatın, həyatın, mədəniyyətin, ailə təşkilatını və siyasətin əsasını təşkil edirdi. Hər yerdə sadə əmək bölgüsü hakimlik edirdi, bir neçə dəqiq müəyyən edilmiş kast və siniflər: əyanlar, ruhanilər, hərbçilər, qullar və ya təhkimçilər mövcud idi, hakimiyyət avtoritar idi. İnsanın sosial mənşəyi onun həyatda yerini müəyyən edir. Hər yerdə iqtisadiyyat desentalizə edilmişdir, hər icma özünə lazım olanın çoxunu istehsal edirdi.

Üç yüz il bundan qabaq (50 il artıq və əksik olmaqla) partlayış baş verdi, dalğa zərbəsi bütün torpaqları əhatə etdi, qədim cəmiyyəti məhv etdi və yeni sivilizasiya yaratdı. Bu partlayış sənaye inqilabı idi.

XX əsrin ortalarına qədər birinci dalğa dağıdılmış, yerini «sənaye sivilizasiya»sına vermişdir. Bu sivilizasiya surətlə getmiş, yerini üçüncü dalğaya vermiş, bu isə öz növbəsində yeni institutlar, münasibətlər və dəyərlər gətirmişdir.

Toffler qeyd edir ki, təxminən XX əsrin 50-ci illərindən sənaye istehsalı yeni əlamətlər əldə edirdi. Texnologiya sahə­lərində müxtəlif texnika növləri, əmtəə nümunələri, xidmət sahələri genişlənir. Əməyin ixtisaslaşması daha çox artır, idarə­etmənin təşkilati formaları genişlənir. Nəticələrin həcmi artır. Bunlar informatikanın meydana gəlməsini şərtləndirdi. Postin­dustrial cəmiyyət üçün xarakterik əlamətlərə – bütövlük, fərdiçilik və təmiz insan texnologiyası daxildir. Bu cür cəmiyyətdə xidmət, elm və təhsil sahəsi üstünlük təşkil edir. Korporasiya yerini uni­versitetlərə, biznesmenlər – alimlərə verməlidir. Bu cəmiyyətdə insan kompüterlə və başqa insanlarla qarşılıqlı təsirdə olur1. Keçən əsrin 70-ci illərindən başlayan postindustrial cəmiyyət iqtisadiyyatda prioriteti xidmət istehsalının tutması, tədqiqatların aparılması, təhsil sisteminin təşkili, həyat keyfiyyətinin yaxşı­laşması; texniki mütəxəssislərin əsas peşə qrupu təşkil etməsi, ən mühümü bütün yeniliklərin tətbiqinə əsaslanan nəzəriyyə ilə bağlılığı.



İnsan fenomen – sosial varlıq olmaqla cəmiyyətin yaradıcısı və istənilən sosial-iqtisadi sistemin əsas elementidir. T.Hobbs «Leviofon» əsərində göstərir ki, cəmiyyət strukturunun ilkin hüceyrələri – insanlar olmadan dövlət ola bilməz. İnsan təbiətlə cəmiyyət arasında aralıq bölmədir2. İnsan bütün so­sial də­yərlərin ölçüsüdür. K.Marks təbirincə «İnsanın mahiyyəti, abstrakt deyil, ayrıca fərdə xasdır. Əslində o bütün ictimai münasibətlərin məcmusudur»3. Hegel göstərir ki, fərdlərin birliyi dövlətin həqiqi məzmunu və məqsəddir. Fərdlər dövlətin ümumi həyat tərzini yaşamağa məhkumdur, onların hər birinin xüsusi təminatını, xüsusi fəaliyyətini və davranışının xüsusi xarakterliyi, çıxış nöqtəsi və nəticəsi ümumilik gücünə malik substansial dövlətdir.4

Müəyyən bir cəmiyyət daxilində yaşayan hər bir insan öz bədən quruluşunda nizam, ahəng və qayda tapır, yaxud müəyyən nizama uyğun olaraq hərəkət etdiyini aşkar edir və eynilə belə də, digər insanların fəaliyyətini də müxtəlif qaydalara uyğunluq və uyğunsuzluq cəhətlərini qiymətləndirir5. Cəmiyyətdə insan, fərd şəxsiyyət statusu alır. Fərd naturalist – bioloji, şəxsiyyət isə dini-mənəvi, qeyri-naturalist kateqoriyadır və ruhun məhsuludur. İnsanın parlaq fərd olması, onun hələ şəxsiyyət olması demək deyildir1.

Dj.Djems «Şəxsiyyət» əsərində şəxsiyyətin tərkib element­lərini üç qrupa: fiziki, sosial və mənəvi şəxsiyyətlərə bölür. Bizim hər birimizin bədən quruluşu fiziki şəxsiyyəti; başqa insanlar tərəfindən etiraf olunması sosial şəxsiyyət; konkret götürülmüş mənəvi qabiliyyət və xüsusiyyətlər, təfəkkürün ayrı-ayrı vəziyyətlərinin tam birləşməsi mənəvi şəxsiyyət hesab olunur2. Şəxsiyyət fərdi xarakterizə edən sosial əhəmiyyətli əlamətlərin davamlı sistemi, ictimai inkişafın məhsulu və fəal konkret fəaliyyət və ünsiyyət vasitəsilə sosial münasibətlərin sisteminə fərdlərin qoşulmasıdır3.

Şəxsiyyət və cəmiyyətin qarşılıqlı münasibəti kontekstində şəxsiyyət siyasi sistemin subyekti kimi çıxış edir. Beləliklə, insanlar yalnız cəmiyyətdə ictimai münasibətlərdə şəxsiyyət statusu alır. Şəxsiyyətlə cəmiyyətin qarşılıqlı müna­sibətləri dövlət-vətəndaş münasibətlərinə transformasiya olunur və dövlət cəmiyyət adından, şəxsiyyət dövlət-hüquq kateqoriyası keyfiy­yətində vətəndaş kimi çıxış edir. İnsan dövlətçilik sisteminə daxil edilərkən vətəndaşlıq mühüm amil olur. Azərbaycan Respublika­sının Konstitusiyasında vətəndaş dövlətə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxslər hesab olunur (maddə 52). Vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında və idarəolunmasında maneəsiz iştirak və dövlət orqanlarında qulluq etmək (maddə 54-55) və s. hüquqları təsbit olunur.

Dövlət cəmiyyətin inkişaf məhsulu olub cəmiyyətin differen­siasiyası nəticəsində yaranır və cəmiyyəti təmsil edir. Dövlətin bütün struktur mənası onun cəmiyyətin formasının əks etdirilməsində görmək olur. Odur ki, ədəbiyyatda «cəmiyyət necədirsə, dövlət də o cürdür» ifadəsi öz əksini tapır. Əgər məzmunun xarici ifadəsi olan forma məzmunla uzlaşmırsa ziddiyyətlər yaranır - forma heç bir mahiyyət kəsb etmir və yeni formanın yaranması zərurəti meydana gəlir. Məzmuna uyğun gələn forma məzmunun inkişafına kömək edir, onu sürətləndirir. Çox halda köhnə forma dəyişilmiş olan məzmuna uyğun gəlmir, onun sonrakı inkişafını ləngitməyə başlayır. Bu isə qeyd olunduğu kimi forma ilə məzmun arasında yaranmış ziddiyyət, yeni formanın yaranması ilə həll olunur. Çox halda forma məzmunla dəyişdirilir. Həqiqət dərk olunmur, söz reallıq üzərində üstünlük təşkil edir. Keçən əsrin 80-ci illərindən başlayaraq cəmiyyət və dövlət arasında ziddiyyətlər SSRİ-nin dağılmasına, yeni hüquqi dövlətin formalaşması prosesinin başlamasına səbəb oldu.

Q.V.Atamançukun fikrincə dövlət çoxölçülü təzahür olub insanların, cəmiyyətin şüurunda və həyatında konkret məsələ, münasibət, proses, davranış və hərəkətlə əlaqədar müxtəlif aspektləri əks etdirir:

- dövlət ən əvvəl hər bir insan qarşısında cəmiyyətin forması keyfiyyətində çıxış edir;

- o məlum ərazidə yaşayan insanları birləşdirir və onlar arasında qarşılıqlı təsiri təmin edir. Qısa desək, dövlət cəmiyyəti strukturlaşdırır, onun bütövlüyünü, qayda və qanununu təmin edir;

- dövlət-konseptual əhəmiyyətli olan insanların ərazi təşkilatıdır: burada birinci olaraq qohum, qəbilə (qan) qarşılıqlı əlaqələri aradan götürülür, onu sırf ic­ti­mai əlaqələr əvəz edir; ikinci, müxtəlif insanların milli, dini və sosial əla­mət­lə­ri­nə münasibətlərdə neytral olan struktur yaradır. Tarixi olaraq dövlət başqa ideallar, dəyərlər və məqsədlərin təsirində olan insanların yeni cəmiyyətinə aparır.

- əsas xüsusiyyətləri və mahiyyəti ondadır ki, dövlət vətəndaş institutu kimi insanları hüquqi yolla birləşdirir;

- insanların birliyinin, bütün həyat fəaliyyətinin, bütün tələbatlarının, ma­raqlarının və məqsədlərinin ifadəsidir;

- dövlət quruluşuna məcburi xarakter (konstitusiya, qanunlar, digər hüquqi aktlarla) verən müxtəlif struktur və mexanizm vasitəsilə ümumi iradənin təsbit üsuludur;

- ümumi tələblərin, maraqların, məqsədlərin və iradənin aşkarlanması, onların ictimai institutlarla əlaqəli sistemli təsbiti və dövlət normalarının həyata keçirilməsi ilə peşəkar məşğul olan insanların birliyindən ibarət aparatı var;

- dövlətin təkmilləşməsi və humanistləşməsi ilə əlaqədar hadisələrin gedişinə, proseslərə və münasibətlərə cəmiyyətin cəlb olunmasına imkan verən ictimai özünüidarəetmə strukturu və mexanizmidir;

- dünyanın başqa ölkələr və xalqları ilə qarşılıqlı münasibətlərdə insanların bütöv cəmiyyət halında birləşməsidir1.

Ədəbiyyatda dövlət nəzəriyyəsinin inkişafında üç istiqamət nəzərə çarpır: Birinci istiqamət köhnə baxışdan imtina olunur, qərb sivilizasiyasının əsas norması kimi mülkiyyət hüquqlarına imkan verən və özəl xüsusiyyətləri qəbul edən liberal-bazar konsepsiyasına keçid; ikinci istiqamət – real xalq hakimiyyəti, hüquqi dövlət, hakimiyyətlərin bölgüsü, əmək bölgüsü, şəxsi azadlıqlar və sosial bərabərlik bazası əsasında «yeni sosializm» təzahürü kimi dövlətin saxlanılması və modernləşmiş baxış; üçüncü istiqamət ortodoksal və normativ-funksional baxış2.

Hüquqi ədəbiyyatda dövlət dəyərlər kimi də təhlil edilir. Dövlət dini şüur kontekstindən dini dəyərlər, mənəvi şüurda etik dəyərlər, hüquqi şüurda – hüquqi dəyərlər, estetik şüurda – estetik dəyərlər olur. Dövlət hüquqi dəyərlər kimi təhlili onun hüquq prizmasından baxılmasıdır. Dövlət hüquqi fenomen kimi, üç ölçüsü olan normaların realizəsi kimi: 1) dövlət düşüncənin norması kimi; 2) dövlət davranış norması kimi; 3) dövlət pozitiv hüququn norması kimi. Dövlət düşüncənin norması ilə realizasiyası təbii hüquq nəzəriyyətində və dövlətin müqavilə mənşəyi mövqeyində göstərilir.1

Axırıncı illərdə dünyanın bəzi ölkələrində elmi və ictimai şüurda güclü dövlət yaradılması ideyası irəli sürülür2. A.G.Kərimov güclü dövlət konsepsiyasına aşağıdakı əlamətləri daxil edir: birinci, lazımi qədər hakimiyyət potensialının olması; ikinci, siyasi hakimiyyətlə yanaşı iqtisadi hakimiyyətin ol­ması; üçüncü, dövlət orqanlarının səlahiyyətləri ictimai həyat fəaliyyətinin əksər sahəsini əhatə etməklə funksiyaların geniş, müxtəlif olması; dördüncü, siyasi və iqtisadi hakimiyyətlə yanaşı müəyyən dərəcədə mənəvi hakimiyyətin olması; beşinci, güclü dövlət hakim elitaya dünyəvi və kilsə ziyalılarını cəlb edilməsi. Belə dövlətdə hakim elita milli yönümlü və milli məsuliyyətli və müəyyən dərəcədə açıq olmalıdır3.

Dövlətşünaslıqda müasir məktəblərin əksəriyyəti dövlətə müəyyən ərazidə birgə yaşamaq zərurətindən yaranan insanların birliyi, cəmiyyəti kimi baxır, hər bir kooperasiya isə tələb edir ki, müxtəlif maraqları olan insanların və onların qruplarının birgə fəaliyyəti və münasibətləri tənzimlənsin. Odur ki, dövlət cəmiyyətin təşkilatıdır; dövlət cəmiyyətdə nizamlayıcı institutdur; dövlətin ən mühüm əlaməti onda dövlət hakimiyyətinin olmasıdır…4. Dövlət sosial (ictimai) institut olduğundan özündə insanın sosial mahiyyətini əks etdirir. Odur ki, axır nəticədə dövlət insanın müəyyən funksiyalarını davam etdirir və həyata keçirir, insan vətəndaş statusunda dövlətin funksiyasının realizəsini təmin edir. XXI yüzilliyin başlanğıcında insan və dövlət, dövlət və insan qarşılıqlı əlaqələrinin möhkəmlənməsi ənənəsi güclənir və genişlənir. Bu özünü bütün ölkələrin dövlətin demokratiya formasına istiqamət götürməsində göstərir.

Qədim dövrlərdən başlayaraq dövləti canlı orqanizm kimi insan vücuduna oxşatmışlar. Protaqor (b.e.ə. 480-410) insan quruluşu ilə toplum quruluşu arasında bənzətmə aparmış və toplumun bioloji nəzəriyyəsinin təməlini qoymuşdur. Bu nəzəriyyəyə görə insanın quruluşu ağıl, ruh və istəklərin (maddi ehtiyacların) cəmidir. Toplum da bir canlı orqanizm kimidir. Bu toplumda bilikli kişilərdən – insanlardan təşkil olunmuş ağıl, toplumun müdafiəsini təşkil edən igid, ürəkli kişilər, ruhi, toplumun istəklərini təmin edən xalqdır1. T.Hobbs insana bir tərəfdən təbiətin mürəkkəb bədən quruluşu, digər tərəfdən sosial bədən quruluşu kimi baxır. O, dövləti «süni adam» kimi təsvir edir və onu təbii insanlardan ölçüsünə və gücünə görə fərqləndirir. İnsanların müdafiəsi və mühafizəsi üçün dövlət strukturu yaradılır. Hobbsun fikrincə təbiət və cəmiyyətdə hər şey sadəcə mexaniki qanunla hərəkət edir. O, insan orqanizmini və dövləti purjin və çarxların köməyi ilə işləyən saat mexanizminə oxşadır. Ürəyi purjinə, əsəbləri əlaqələndirici saplara, bədənin bütün üzvlərinin hərəkətini əlaqələndirən oynaqları – çarxlara oxşadır. Analoji hal dövlətə də xasdır. Dövlətə bütün həyat və hərəkət verən ali hakimiyyət süni ruh; vəzifəli şəxslər, məhkəmə və icra hakimiyyəti nümayəndələri – süni oynaqlar, mükafat və cəza – əsəblər; firavanlıq və bolluq-güc; dövlət müşavirləri – hafizə; ədalət və qanunlar – idrak və iradə; vətəndaş aləmi – sağlamlıq; iğtişaş – xəstəlik; vətəndaş müharibəsi – ölümdür2.

Hegel dövlətə bir orqanizm kimi baxır. Bu orqanizm siyasi quruluşdur, o daim dövlətdən irəli gəlir, dövlət isə öz sırasında quruluş vasitəçisi saxlanılır. Orqanizmin təbiəti belədir ki, bütün hissələr eyniliyə keçirilir. Əgər hissələrdən biri özünü müstəqil tam sayırsa, onda bütün hissələr məhv olmalıdır.3

Azərbaycan Konstitusiyasında Azərbaycan dövlətinin demokratik, dünyəvi, unitar olduğu təsbit edilir.

Demokratik dövlətdə dövlət qulluğu aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- dövlət qulluğu dövlətin məqsəd və funksiyalarını peşəkar fəaliyyətlə yerinə yetirir. Odur ki, dövlətin məqsəd və funksiyaları dövlət qulluğunun mahiyyətini və məzmununu müəyyən edir.

- dövlətin adından və tapşırığı ilə çıxış edərək onun səlahiyyətlərinə aid məsələləri həll edir;

- qanunvericiliyə uyğun dövlət iradəsini təmin edir, hüquqi, təşkilati mexanizmin köməyi ilə insanların, sosial qrupların fəaliyyətinə və davranışına müəyyən təsir göstərir, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında fəal rol oynayır;

- cəmiyyətin maraq və tələblərini təmin etmək üçün qurumlar, hərəkətlər, dövlət idarəetmə subyektləri və obyektləri arasında birbaşa və əks əlaqəni təmin edir;

- dövlət hakimiyyətinin səmərəliliyini, strukturlarının etibarlılığını və peşəkarlığını təmin edir. Dövlət hakimiyyətinin bölgüsü prinsipinə uyğun olaraq bütün hakimiyyət qollarında – qanunverici, icra və məhkəmə hakimiyyətlərində dövlət qulluğu institutu fəaliyyət göstərir;

- dövlət dövlət qulluğu vasitəsilə insanları dövlətə sadiqlik, millətə sədaqət ruhunda tərbiyələndirmək, vəzifələrinə vicdanlı münasibət ruhunda forma­laşdırır;

- dövlət qulluğu dövlətin planlaşdırma, proqnozlaşdırma, təşki­lati, nəzarət, inandırma, məcburetmə metodlarından istifadə edir;

- dünya praktikasında dövlət qulluğuna və dövlət qulluqçularına dövlət tərəfindən sayğılı münasibət bəslənilir, dövlət qulluğu ən nüfuzlu fəaliyyət hesab olunur.

Cəmiyyət dövlət qulluğuna qanunları düzgün icra etmək, dövlət tapşırıqlarını yaradıcılıqla təmin etmək, milli dəyərləri qoruyub saxlamaq mexanizmi kimi baxır. Bütün bunlar demokratik dövlətin formalaşmasında əsas amil olmaqla, dövlət aparatının bütün bölmələrində dövlət hakimiyyətinin həyata keçməsinə, idarəetmənin effektivliyinin təmin edilməsinə, qabaqcıl dövlətin standartlarına cavab verən dövlət qulluğunun olmasını şərtləndirir.


1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə