Rzayev əLİ heydəR oğlu DÖVLƏt qulluğunun hüquqi Əsaslari




Yüklə 2.56 Mb.
səhifə2/32
tarix20.04.2016
ölçüsü2.56 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

XXI əsrin başlanğıcında Azərbaycan dövlətçilik sistemində gedən islahatlar bu fenomenin mahiyyətini, onun struktur elementlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqinin fundamental əhəmiyyət daşıdığını bir daha təsdiq edir.

Bu sistemdə «dövlətçilik» kateqoriyasının və «dövlət» anlayışı ilə nisbətinin araşdırılması xüsusi əhəmiyyət daşıyır. Belə ki, heç bir dövlət müəyyən ictimai münasibətlər sistemindən kənar funksiya göstərə bilmir. Dövlətçilik hüquq elmində və siyasi prakti­kada yeni sahədir. Elmi ədəbiyyatda və siyasətçilərin çıxış­larında «dövlətçilik» və «dövlət» anlayışları çox halda eyniləşdirilir.

Böyük Sovet Ensiklopediyasının üçüncü buraxılışından başla­yaraq elm və praktikada dövlətçiliyə yeni baxışlar formalaşdırılır, «dövlət» və «dövlətçilik» anlayışlarının fərqli olması, müxtəlifliyi göstərilir. Bu baxışların məntiqi, nəzəri və praktiki əsaslandırıl­ması V.E.Quliyev tərəfindən edilmişdir. O, «dövlətçilik» ter­mininin «dövlət» kateqoriyasında ayrılmasını BSE-na daxil etmiş, dövlətçilik problemləri barəsində müəyyən elmi işlər aparmışdır. O dövlətçiliyi aşağıdakı kimi təsvir etmişdir: 1) dövlətin sinonimi, həmçinin dövlətin tarixi tiplərinin inkişafında hər hansı bir mərhələsinin ifadəsi kimi; 2) müəyyən sinfin diktatura sistemi (mexanizmi) və ya cəmiyyətin siyasi sistemi kimi; 3) dövlət orqanları sistemi kimi; 4) dövləti hər hansı bir ümumi əlamətlərinə görə müəyyən qrupların birləşməsi kimi.1

Dövlətçiliyin dövlət və hüquq nəzəriyyəsinin hissəsi kimi onun elmi əsaslanmış nəzəriyyəsinin formalaşmasında bu problemin tədqiqatçısı L.A.Moro­zovun rolu böyükdür. O, rusiya cəmiyyətinin islahatlar mərhələ­sində və yeni ictimai münasibət­lərə keçiddə dövlətçiliyin təbiəti və xarakterinin ümumi və nəzəri siyasi-hüquqi tədqiqatların kompleks, eyni zamanda konkret şəkildə tədqiq etmişdir.1

Dövlətin cəmiyyətdə rolu, onun şəxsiyyət və vətəndaş cəmiyyəti ilə nisbəti haqqında siyasi və hüquqi həyatın subyekti kimi, insanın və vətəndaşın statusu haqqında məsələlər müasir dövlətçiliyin mahiyyətini və əsasını təşkil edir.

Qeyd etmək lazımdır ki, milli elmdə dövlətçilik sisteminin kompleks tədqiqinin aparılmasına böyük ehtiyac var. Bizim fikrimizcə, eyni kökə malik olan «dövlət» və «dövlətçilik» anlayışlarını hissənin tamam nisbəti kimi baxılmalıdır. Hüquqi ədəbiyyatda dövlətçiliyi ən dar mənada belə dövlətə sinonim kimi baxılması qəbul edilmir. Dövlətçiliyin strukturu haqqında düzgün təsəvvür üçün cəmiyyətin siyasi sisteminin və dövlətin nisbətini dəqiq başa düşmək mühüm nəzəri və praktiki əhəmiyyət daşıyır. Dövləti siyasi sistemlə eyniləşdirmək olmaz. Dövlət siyasi sistemə bütöv siyasi hüquqi institutu kimi daxil olan müxtəlif orqanların məcmusudur. Bu keyfiyyətdə dövlət dövlətçiliyin mərkəzi, əsas dövlət-hüquqi alt sistemini yaradır. Beləliklə, dövlət dövlətçilik sistemində ayrıca institut kimi, cəmiyyətin siyasi sistemi, onun mühüm elementi kimi çıxış edir.

Dövlətçilik cəmiyyətin bütün dövlət, siyasi və hüquqi təşkilatlarını əks etdirən kompleks, inteqrasiya olunan kateqoriya, bütöv dövlət-hüquqi və siyasi gerçəkliyi əks etdirdiyi göstərilir.2 Dövlətçiliki eyni zamanda dövlət hakimiyyəti vasitəsilə ictimai münasibətlərə tənzimləyici – təşkilat, sabitləşdirici, inteqrasiya və aktiv təsir göstərməklə dövlət – siyasi, sosial-hüquqi, iqtisadi, əxlaqı-etik, etno-mədəni və digər komponentlərin qarşılıqlı əlaqəli və qarşılıqlı asılı sistemini təşkil etdiyi göstərilir.1 Q.V.Atamançuk dövlətçiliyi dövlət, dövlət hakimiyyəti, dövlət aparatı, dövlət idarəetməsi, dövlət qulluğunun məcmusu kimi baxır. Onun fikrincə bu təzahürlər elə bil ki, əlin beş barmağıdır, yalnız bir yerə sıxanda «yumruq» yaranır və onun imkanlarını formalaşdırır.2 Xarici ədəbiyyatda bu terminə dövlət və hüquqla əlaqəli «müxtəlif təzahürlərin cəmləşdiyi tutum kimi baxılır».3


Dövlətçilik sisteminin tərkib elementlərinə: 1) dövlətçiliyin funksiya göstərməsi prosesində bütün sistemin tarazlığını, balanslılığını, onun effektivliyini, möhkəmliyini saxlayan kompo­nentlər; 2) dövlətçilik sisteminin daxilində yaranan və fəaliyyət göstərən, inkişaf edən komponentlər.4

Dövlətçilik sistemində əsas rolu bir-biri ilə əlaqəli iki sistem dövlət – siyasi və hüquq sistemi tutur. Bu təzahürlər cəmiyyət çərçi­vəsində birləşir və bir-biri ilə qarşılıqlı təsirdə olur dövlət­çiliyin nüvəsini təşkil edir.

Dövlətçilik sisteminin elementlərini aşağıdakı bloklarda birləşdirmək olar:

1. İctimai münasibətləri, ən əsası siyasi sistemin mühüm tərkib hissəsi olan hakimiyyət münasibətlərinin əsas təşkilatçısı və tənzimləyici kimi dövlət, dövlət hakimiyyəti durur. Dövlətçilik sisteminə bütövlük və möhkəmlik verən dövlət cəmiyyətin idarəolunmasında, təbii və insan ehtiyatlarından istifadə edərək onun həyat fəaliyyətin qaydaya salır.

2. Dövlətçiliyin alt sistemində dövlətlə şəxsiyyətin qarşılıqlı münasibətində mənəviyyatın siyasi-hüquqi ifadəsi kimi ədalətlilik, humanizm, beynəlmiləlçilik, patriotizm, vətəndaşlıq və b. münasibətlərinə söykənən siyasi-hüquqi prinsiplər xüsusi rol oynayır. Şəxsiyyətlə dövlət arasında qarşılıqlı münasibətləri xarak­terizə edərək qeyd etmək olar ki, «cəmiyyət – şəxsiyyət» – «dövlət – vətəndaş» münasibətlərinə transformasiya olunur. Bu halda cəmiyyət adından dövlət, şəxsiyyət adından vətəndaş çıxış edir.

Dövlətçilikdə alt sistemin elementləri keyfiyyətində dövlətlə şəxsiyyət arasında qarşılıqlı münasibətlərini: qarşılıqlı məsu­liyyəti, qanunçuluq, bərabər hüquq, insan hüquq və azadlıqlarına, onların maraqlarına ümumi hörmət, siyasi və ideoloji plüralizm, hüquqi və siyasi əhəmiyyətli fəaliyyət, subyektiv hüquq və vəzifələr və s. prinsiplər təşkil edir.

Dövlətçilik elementləri keyfiyyətində bütün siyasi haki­miyyətin bütövlüklə xalqa məxsus olması, hər bir vətəndaşın dövlətə və ictimai işlərin idarə olunmasında faktiki, müstəqil iştirakı və b. kimi fenomenlər daxildir. Dövlətçilik – dövlət siya­səti məkanla yanaşı, həm də vətəndaşların fəaliyyətinin dövlətə istiqamətlənmiş, yaxud onun təsiri altında qurulan çərçivədə baş verir.

3. Dövlətçilik cəmiyyətin bütün hüquqi təşkilatlarını ifadə edən kompleks, inteqrasiyalaşdırılmış kateqoriya və sosial reallıqdır. Bütün dövlətçiliyin bünövrəsi və onun normativ əsasları hüquq sisteminin, onun əlaqələndirici və birləşdirici bölməsi hüquqdur. Hüququn xarakterinə görə hər bir cəmiyyətdə bütün dövlətçiliyinin mahiyyəti haqqında mühakimə yürütmək olar. Hüquq sistemi əsas elementi olan hüquqla yanaşı özündə başqa elementləri: hüquq yaradıcılıq, ədalət məhkəməsi, hüquq praktikası müxtəlif hüquqi aktlar (normativ, hüquq tətbiqi və hüquq təsviri), hüquq normaları, hüquq münasibətləri, subyektiv hüquq və vəzifələr, hüquq idarələri (məhkəmələr, prokuror orqanları, vəkillər), həmçinin qanunçuluq, məsuliyyət, hüquq tənzimləmə mexanizmi, hüquq mədəniyyəti, pozitiv hüquq fəallığı, vətəndaşların təşəbbüsü və s. birləşdirir. Dövlətçiliyin mühüm elementi müxtəlif təzahürlərdə, ən əsas cəmiyyətin həyatının təşkili üsulu kimi hüquq siyasətidir.

4. Dövlətçiliyin təşkili və funksiya göstərməsi mexanizminin qarşılıqlı əlaqə və təsirinin daha prinsipial xüsusiyyətlərini ifadə edən ictimai-siyasi münasibətləri məcmusu kimi dövlət quruluşu çıxış edir. Dövlət quruluşu dövlətlə, cəmiyyət və şəxsiyyət arasında münasibətləri əks etdirir; xalq hakimiyyətini həyata keçirmək metodu, dövlət hakimiyyətini realizə metodu, dövlətin təzahür forması; dövlət quruluş forması; dövlətçiliyin iqtisadi, siyasi və ideoloji əsası olub, dövlətin təşkilində və fəaliyyətində hüququn (qanunun) rolunu əks etdirir.

Dövlətçilik dövlət – hüquqi və siyasi-sosial reallıq kimi ən müxtəlif dövlət (hakimiyyət), hüquqi, siyasi və onu təşkil edən pozitiv və neqativ elementləri, münasibətləri və qarşılıqlı təsiri özündə birləşdirir. Başqa sözlə, dövlətçilik mürəkkəb təzahür olub, onun fəaliyyətində bir tərəfdən pozitiv elementlər (proseslər, təzahürlər, əlaqələr, münasibətlər və s.), digər tərəfdən arzu­olunmaz, neqativ elementlər mövcuddur. Burada söz dövlətçilik sisteminin daxilində yaranan, fəaliyyət göstərən və inkişaf edən təzahürlərdən və proseslərdən gedir. Neqativ komponentlərə dövlətin və cəmiyyətin həyatının və fəaliyyətinin bütün tərəflərini əhatə edən və daha dözülməz xarakter alan bürokratikləşməni göstərmək olar.

Dövlətçilik problemlərini tarixi aspektdə aşağıdakı kimi təsvir etmək olar. XIX əsrdə aparılan islahat 1861-ci ildə təhkimçilik hüququnu ləğv etdi, çoxukladlı təsərrüfat strukturunda kapita­lizmin inkişafına təkan verdi; Sovet dövründə çoxukladlı təsərrüfat iqtisadiyyatı üzərində siyasi rəhbərlik nəticəsində bütün iqtisadiyyatın inkişaf istiqamətlərini sosialist dövlət monopoli­ya­sına çevrilir. Bütün bunlar XX əsrin 90-cı illərində SSRİ ilə yanaşı Şərqi Avropanın başqa ölkələrində böhran vəziyyətin yaranmasına və nəticədə sosialist cəmiyyətinin iflasının əsas səbəbi idi.

Azərbaycan dövlətçiliyi qədim tarixə malik olub insanların həyat fəaliyyətində mühüm yer tutur. Müsəlman Şərqində ilk olaraq 1918-ci il mayın 28-də dünyəvi, demokratik respublikanın əsasını qoymuş Azərbaycan Xalq Cümhuriyyəti – Azərbaycan dövləti yaradılmış və 23 ay yaşamış, 1920-ci il aprelin 28-də bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyini o zaman qabaqcıl xarici ölkə­lərin dövlət quruculuğu təcrübəsini öyrənməklə, Azərbay­canın tarixi ənənələrinə və milli dəyərlərinə uyğun formalaşdırılır. Azərbaycan Parlamenti yaradılır, vətəndaşlıq haqqında qanun qəbul edilir, Azərbaycan dili dövlət dili elan edilir, dövlət rəmzləri – üçrəngli bayraq, gerb, himn yaradılır, maarif-mədəniyyət ocaqları, Bakı Dövlət Universiteti, Qori seminariyasının Azərbaycan şöbəsi açılır, 100 nəfər gənc Avropa ölkələrinə təhsil almaq üçün göndərilir.

Ümummilli Lider Prezident Heydər Əliyev öz çıxışlarının birində göstərirdi: «Xalqımızın böyük insanları 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycanın «İstiqlal Bəyannaməsi»ni elan edərək respublikamızın müstəqilliyinin əsasını qoydular, Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Beləliklə, XX əsrin əvvəllərində Azərbaycanda xalqımız milli azadlığını bəyan etdi, öz milli dövlətini yaratmağa başladı. Azərbaycan Xalq Cümhuriy­yətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı dövrdə böyük işlər görmüşdür. Ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycan demokratik üsul-idarə prinsiplərinə əsasən dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokra­tiyanın, demokratik dövlət üsul – idarəsinin əsasını qoymuşlar. Azərbaycan xalqı 70 il Azərbaycan SSR-nin tərkibində olmuş, kommunist, bolşevik ideologiyasını tətbiq etmiş, həyata keçirmişdir. Bu dövr çox mürəkkəb, ziddiyyətli dövr olmuşdur1. Heydər Əliyev deyirdi: «Azərbaycan Respublikasının müstəqil dövlət olması tarixi bir hadisədir. Əgər Azərbaycan əvvəllər Sovetlər İttifaqı tərkibində dünya təcrübəsindən demək olar ki, tamamilə təcrid olunmuşdursa, biz ancaq özümüz icad etdiyimiz formadan istifadə edirdiksə, indi dünya təcrübəsindən istifadə etməliyik. Ancaq dünya təcrübəsindən götürüb kor-koranə tətbiq etmək inanın ki, istənilən nəticələr verməz».2 Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq dövlətçiliyimizdə milli dəyərləri, Azərbaycan xalqının tarixi adət-ənənələrini saxlamaqla xarici ölkələrin tipoloji və ümumi sivil milli-mədəni sistemlərdən götürülmüş əlamət və elementlər vardır. Həm daxildə və həm də xaricdən qəbul edilmiş bütün bu müxtəlif əlamət və elementlər sintezi müasir demokratik, dünyəvi dövlətçiliyin yaranmasına səbəb olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev and içmə mərasimində (24 oktyabr 2008-ci il) demişdir: «Mən dəfələrlə demişəm və bugün də təkrarlamaq istəyirəm ki, Azərbaycanda siyasi sistem təkmilləşdirilməlidir, bütün inkişaf etmiş demokratik ölkələrdə mövcud olan müsbət təcrübə Azərbaycanda tətbiq olunmalıdır. Bizə sərf edən, bizə məqbul olan, Azərbaycan xalqına yad olmayan müsbət təcrübə Azərbaycanda tətbiq olunmalıdır».

Məlumdur ki, cəmiyyətlə dövlət-hüquq sisteminin əlaqəsi pozulanda böhran başlayır. Bu mənada dövlətçiliyin dinamikası və dəyişilməsi, onun ayrı-ayrı hissələrinin islahatları təbii prosesidir. İslahatların aparılmasına səbəb olan faktların tədqiqi dövlətin inkişafı və fəaliyyətinin istiqamətlərinin müəyyən edilməsində əsas şərtlərdən biridir.

Hüquqi dövlətin və hakimiyyətlərin bölgüsü doktrinası formalaşmasına yönümlülük siyasi islahatların istiqamətin və inkişafın doğru yolunu müəyyən etmişdir. Dövlətçiliyin məzmunu həll olunmamış problem kimi qalır, düzgün dərk edilməsi və düzgün istifadəsi iqtisadiyyatın yeni strukturunun formalaşmasına təsir edir, ölkəni böhrandan çıxarılmasına imkan yaradır.

Dövlətçiliyin formalaşmasına təsir edən amillər təhlili böyük əhəmiyyət kəsb edir. Onlara daxili və xarici amillər aid etmək olar. Bunların hər birinin xüsusi mürəkkəb strukturu vardır1.

I. Xarici amillər hər bir ölkədə və onun dövlətində iki səviyyədə çıxış edir. Birinci bütün dövlətlərə xas olan qlobal təsirli planetar xarakterli amilləri özündə birləşdirir. İkinci hər bir dövlət üçün başqa dövlətlər və ittifaqlarla fərdi əlaqə və münasibətlər əsasında yaranan vəziyyəti birləşdirir.

Birinci qrup amillərə dixotamik üsulla cəmiyyətin inkişafının məntiqi təsiri altında formalaşır və beynəlxalq diqqət tələb edir. Onlara:

1. İnsan və vətəndaş hüquqlarının müdafiəsi, inkişaf hüquq­ları;

2. Sağlam yaşayış mühitinin, ekoloji təhlükəsəzliyin bərpası üçün planetar və regional tədbirlərin hazırlanmasının dərk edilməsi ilə mənfi və tez-tez sənayeləşmənin, informasiya­laşma­nın dağıdıcı nəticələrindən yaranan ekoloji, təbii pozuntuların aradan qaldırılması.

3. Yeni ideologiyanın formalaşdırılması və onların realizasiya formalarının axtarışı və s.

II. Dövlətçiliyin daxili amillərinə müxtəlif olmağa vətəndaş cəmiyyətinin inkişafının mühüm sahələri – iqtisadi, sosial, siyasi, mənəvi və s. nəzərə alınmaqla sistemlər üzrə qruplaşdırmaq olar. Dövlət hakimiyyət keyfiyyəti ilə əlaqəli aspektdə onlar ən əsas dövlət orqanlarının təşkilatı – struktur, təşkilatı – hüquqi, tənzimləyici təsir kimi özünü göstərir. Cəmiyyətdə gedən proses­lər dövlətin fəaliyyətinin istiqamətləri, onun siyasəti sinxronlaş­dırması dərəcəsindən asılı olaraq dövlətçiliyi özünü durğunluq, böhran, onun inkişafı üçün böhran yaradan cəmiyyətin stabilləş­dirici vəziyyətini gücləndirən mezanizm keyfiyyətində göstərir.

Son illərdə mülkiyyətin çoxukladlılığın möhkəmlənməsi üçün impuls alan iqtisadiyyat sahəsində yeni təsərrüfat strukturunun, onun bütün elementlərinin (istehsal, mübadilə, bölgü, tələbat) yaranması prosesi gedir. Cəmiyyətin üç mühüm sahəsinin: iqtisadi, sosial və mənəvi inkişafı dövlətçiliyin təşəkkülü və inkişafı üçün müvafiq amillər formallaşdırır, onun məzmununa, metod və formalarına obyektiv tələbləri müəyyən edir.

Cəmiyyətin siyasi təşkilatı kimi dövlətçiliyin vəziyyətinə təsir edən amillərin kompleks qiymətləndirilməsi XIX və XX əsrlərdə formalaşmış dövlətin mahiyyəti və təyinatı haqqında təsəvvürlərin dəyişilməsinə əsaslar verir.

Müasir dövlətlər bir tərəfdən kapitalizmin inkişafının ilk mərhələsinin azadlıq, bərabərlik, qardaşlıq şüarlarının təsiri altında formalaşır, dövlət suverenitet prinsipinə əsaslanmış Avropa, Qərb, Şərqin tarixi şəraitinin və ənənələri nəzərə alınmaqla müxtəlif demokratik idarəçilik formaları, başqa tərəfdən XX əsrdə “bütün ölkələrin proletariatı, birləşin” şüarına söykən­miş sosializmin qələbəsi ilə dünyada dövlətlərin yox olub getməsi ideyası təsiri altında formalaşan dövlətlər yaranır. Qeyd etmək lazımdır ki, bu ideya burjuaziya demokratik inqilabından bəhrə­lən­mişdir. Həm ənənəvi demokratik sistemlərdə, həm də keçmiş sosialist dövlətlərində dövlətin müasir əlamətləri dünya sisteminə inteqrasiya şəraitində formalaşır. Hazırda dövlət quruculuğunda tədqiqatçıların diqqətini cəlb edən proseslər gedir. Dövlətçiliyə lazım olan, onun müasir şəraitdə məzmunun müəyyən edən daxili və xarici amillərlə yanaşı dövlət vəzifə və funksiyaların realizə edən dövlət mexanizmin və dövlət aparatının özü üçün sistem daxili amillər mövcuddur. Siyasi və hüquqi təşkilat kimi vətəndaş cəmiyyətinin dövlətlə qarşılıqlı təsiri şərtlərini müəyyən edən daxili amillərdən fərqli olaraq, sistem daxili təşkilatı amillər dövlətin özünün təşkili formasını, onun hissələrinin ahəngi, fəaliyyət metodlarını müəyyən edir. Söhbət dövlət quruluş formalarının seçimi, alt sistemlər üzrə hakimiyyətlərin bölgüsü prinsipinin müəyyən dövlət strukturunda hüquqi dövlət prinsiplərinin həyata keçməsindən gedir. Dövlətçiliyin forma­laşması prosesi üçün hakimiyyətlərin bölgüsü gedir. Məlumdur ki, yalnız dövlətçilik institutunun konstitusion əsasları və konstitusiya prinsiplərinə bütün hakimiyyət qollarının əməl etməsi nəticəsində ölkəni inkişaf etdirmək və mürəkkəb vəziyyətdən çıxmaq olur. Dünya inteqrasiyasında yeni vəziyyət və ənənə nəzərə alınmadan dövlətçilik problemlərini həll etmək mümkün deyil.



2.2. Qloballaşma və lokal inteqrasiya şəraitində dövlətçiliyin təkamülü və modernləşməsi
XX əsrin sonu XXI əsrin əvvəllərində dünyada baş verən radikal və qlobal dəyişikliklər bütün sahələrdə olduğu kimi dövlətin beynəlxalq təcrübəyə və beynəlxalq hüquq normalarına uyğunlaşmasını tələb edir. Son illərdə dünya siyasətinin transmilliləşməsi və qloballaşma milli sərhədlərin dövlət daxili həyatının şəffaflaşdırılmış və suveren dövlət hüquqlarını ayrıca götürülmüş bir dövləti daxili monopoliyasından çıxarmaq beynəlxalq proses və tendensiyalardan asılı vəziyyətə salmışlar.1

Qloballaşma termini R.Roberson tərəfindən 1983-cü ildə kitabının adına qoyulmaqla elmi dövriyyəyə buraxmışdır. 1985-ci ildə qloballaşma anlayışına şərh vermiş və 1992-ci ildə «Qloballaşma» kitabında bu problemə öz konsepsiyasını irəli sürmüşdür. R.Robersona görə qloballaşma beynəlxalq əhəmiyyətli amillərin, iqtisadi və siyasi əlaqələrin, mədəni və informasiya mübadiləsi, ayrı-ayrı ölkələrin sosial gerçəkliyinə hərtərəfli artan təsir prosesidir.1

Qloballaşma müasir institutların stimullaşdırıldığı, onların qarşılıqlı təsir mexanizminin cilovlandırıldığı, ideyaların yayıl­dığı, onların daşıyıcılarının yerdəyişməsinin sərbəst olduğu, kapitalın, malların, xidmətlərin maneəsiz başqa yerə dəyişil­­məsinin mümkün olduğu vahid zonaya dünya məkanının daimi dəyişdirilməsi2 «əsasən kompüter texnologiyasının bazasında vahid dünya maliyyə informasiya məkanının formalaşmasına can atması prosesi»3 kimi baxılır.

Qeyd etmək lazımdır k, Birinci Dünya Müharibəsi ərəfəsində, sosialist sistemi yaranana qədər dünya durumunda yaranan təkqütbülük şəraitində bu gün üçün səciyyəvi olan yeni ideyalar meydana gəlir. İngiltərə, ABŞ, Fransa və Almaniyanın hege­monluğu ilə «Avropa Birləşmiş Ştatları», «Dünya dövləti», «Dünya hüququ»nun yaranması ideyası ön plana keçirilir. Sivil ölkələrin birləşməsi ideyasının təsiri ilə ən iri beynəlxalq təşkilat – Milli Liqa yaradılır4. O dövrdə dünyada ilk sosialist sisteminin yaranması bu ideyaların həyata keçirilməsinə mane olur.

Qloballaşma prosesi ümumi planetar hadisə kimi özünü yalnız iqtisadiyyatda, siyasətdə, beynəlxalq münasibətlərdə, informasiya texnologiyası və digər sahələrlə yox, dövlətçilikdə də göstərir. Qloballaşma bir-birindən asılı olmayan xalqların və ölkələrin vahid dünyada birləşməsini əks etdirir. Mahiyyətcə qloballaşma yeni fenomen təzahürü olub bütün xalqların səylərini bir yerə birləşdirmək, qlobal problemlərin həllinə, yeni dünya qaydalarına, yeni ümumbəşəri dəyərlərə nail olmağa çağırır. Yer üzündə bütün insanların, təşkilatların, ölkələrin indiyədək mövcud olmayan bir dünya nizami yaranmaqdadır. Müasir dövrdə dünyada qlobal­laşma iki istiqamətdə aparılır. Birinci, obyektiv, təbii, tarixi proses kimi; ikinci, subyektiv müdaxiləyə məruz qalmış proses kimi. İkinci Dünya Müharibəsindən sonra meydana çıxmış kapitalizm-sosializm qarşıdurmasında Qərbin qalib çıxması, sosializm sisteminin iflası bazar münasibətlərini təcəssüm etdirən kapita­lizmin dünya nizamının alternativsiz iqtisadi əsas elan edilməsinə səbəb oldu. Bu da müvafiq olaraq yeni müstəqillik qazanmış döv­lətlərin inkişafının yeganə şərti və demokra­tikləşməsinin maddi əsası kimi yalnız kapitalizm sistemini seçmək üçün əsas verdi.1

Heydər Əliyev göstərirdi ki, «mən sıçrayışın və sürətli irəliləyişin əleyhinəyəm… inkişafı inqilabi yolla deyil, təkamül yoluna, transformasiya metodikasına keçmək lazımdır… İndi dünya mədəniyyət dünyasıdır, inteqrasiya dünyasıdır, elmi-texniki tərəqqi dünyasıdır».2

Azərbaycan keçid dövründə ictimai sistemdə köhnə ilə yeninin, yox olub gedənlə yenidən yaranmanın arasında keçid müşaiyət olunurdu. Keçid dövrü üçün islahatların aparılması dərin proses olmaqla sosialist prinsipləri ilə qurulmuş cəmiyyətdən demokratik hüquqi dövlət və hakimiyyətlərin bölgüsünə əsas­lanmış başqa sistemə keçməsini şərtləndirirdi. Hüquqi ədəbiyyat­da bu proses modernləşmə (fr. modenises - müasir etmək, müxtəlif təkmilləşmə tətbiq etmək) anlayışına yaxın olan «transformasiya» (lat. transformatio - dəyişdirmə, başqa şəklə salmaq) adlandırılır.



Modernləşmə müasir tələblərə cavab verən sistemin tək­milləşməsi; transformasiya isə ictimai proseslərin köklü şəkildə yenidən qurulması ilə əlaqədar sosial planda daha radikal dəyişdirilməsi prosesi başa düşülür. Transformasiya ictimai münasibətlər sahəsində əhəmiyyətli dərəcədə dəyişikliyi müəyyən edən bir çox əlamətlərlə xarakterizə olunur: Transformasiya: bütün iqtisadi, ictimai, dövlət quruluşunun kompleks dəyişil­məsidir; iqtisadi və siyasi hakimiyyətin həyata keçirilməsi vasitə və metodları məcmusu kimi rejimin dəyişilməsi ilə əlaqəlidir; ölkənin siyasi-iqtisadi simasını köklü şəkildə dəyişdirir. Bazar iqtisadiyyatı əsasında mülkiyyətin (özəl, dövlət, bələdiyyə) formalarının funksiya göstərməsi baş verir; hüquq sahəsində dəyişikliklərlə əlaqəlidir. Yeni konstitusiya qəbulu, dövlət qulluğu institutu yaradılması və b. hüquqi islahatlar aparılması ilə müşaiyət olunur; dövlətə, onun aparatının və kadr heyətinin dəyişilməsinə yönəldilir; köhnə və yeni sosial sistemlərin müəyyən təmas nöqtəsi ilə xarakterizə olunur; transformasiya prosesi elmi əsaslanmaya malikdir.1

Qloballaşma şəraitində inteqrasiya (lat. inteqrativ - bərpa, tamamlama) prosesi xüsusi əhəmiyyət kəsb edir. İnteqrasiya eyni tipli ictimai quruluşlu iki və ya daha çox dövlət təsərrüfatının qarşılıqlı uyğunlaşması və birləşməsidir.2 İnteqrasiya prosesinin müxtəlif inkişaf mərhələləri və xarakterik əlamətləri var: 1) İnteqrasiya prosesinin iştirakçıları – aparıcılara (inteqratorlara) və idarə olunanlara (inteqrasiya olunanlara) bölünür. Birincilərin sırasında Avropa mədəniyyətinə sahib ölkələr çıxış edir, odur ki, inteqrasiya prosesi həmişə bir istiqamətli xarakter daşıyır; 2) İnteqrasiya əsasında inteqrasiyanın bu mərhələsini xarakterizə edən bəzi texniki inhisar durur; 3) İnteqrasiyanın hərəkətverici qüvvəsi qeyri-bərabər, qeyri-ənənəvi mübadilə tutur. Bu cür mübadilənin özxoşuna və məcburiyyətlə nisbəti inteqrasiya olunanların ziyanınadır, yəni onlara məcburetmə müxtəlif formada tətbiq edilir; 4) İnteqrasiya üçün müxtəlif ölkələrdə hər hansı bir sahədə bərabər olmayan inkişafın məcburi şəraitinin olmasıdır; 5) İnteqrasiya prosesi dövlət tərəfindən müdafiə edilən özəl korporasiyanın təsiri altında gedir; 6) keyfiyyətcə hər bir texnoloji dəyişiklik, bir qayda olaraq, böyük müharibələrlə müşaiyət olunur1. Yeni dünya nizami şəraitində lokal inteqrasiya xüsusi əhəmiyyət kəsb edir. Lokal inteqrasiya prosesinin məqsədlərinə görə dövlətlərin düşünülmüş şəkildə həyata keçirdiyi fəaliyyət növü hesab olunur. Lokal inteqrasiya prosesi dünyada ilk dəfə olaraq üzvü dövlətlərin bərabər hüququ gözlənilməsi şərtilə Qərbi Avropada başlamışdır.

Lokal maraqlar və məqsədlər, bu məqsədlərin inteqrasiya amili kimi ali məqsədlərin reallaşmasında faydalılığı meyarı ilə ölçülür. Qlobal səmərə lokal prizmadan qiymətləndirilir. Ona görə də iqtisadi idarəetmə obyekti olaraq lokal və məqsədlərin vəhdətində və onların qarşılıqlı təsirinə mərkəzləşdirilmiş ehtiyatların istifadəsi spektrindən baxılır. Hər bir regionun və sahənin lokal meyarları dar çərçivədə yerli maraqları ödəməklə, qlobal maraqlara təsir gücü ilə prioritetlərə bölünür. Ona görə də lokal məsələlərin qoyuluşu, onun səmərəsi iki əsas vektor üzərində qurulur. Birincisi, lokal maraqların artırılması, ikincisi, bu məqsədə nail olmaq üçün qlobal məqsədlərin və resursların faydalı variantının seçilməsi. Hər bir ali məqsədin lokal nəticələri və əksinə qlobal məqsəd və nəticələr arasında elastiklik ifadə olunur. Regional idarəetmə, funksional bölgü və lokal məsələlər yolu ilə tam və əhatəli təsvir olunur. Ona görə də lokallaşma və ona uyğun qloballaşma arasında tiplər və çoxluqlar nəzəriyyəsinə uyğun olaraq identik asılılıqlar vahid sistemlərdə birləşir.

Avropaya inteqrasiya dövlətlərin iqtisadi, sosial, mədəni və siyasi həyatının elə yaxınlaşma vəziyyətidir ki, bu müstəvidə cərəyan edən proseslər və dövlətin daxilində ayrı-ayrı regionlar arasında gərgin edən proseslərdən demək olar ki, heç nə ilə fərqlənmir. Həm də bütün bu sahələrin idarə edilməsində onların fəaliyyət yönümlərinin və prinsiplərinin müəyyən edilməsində əsas rolu milli idarəetmə orqanları deyil, ümumi dövlətlər arası orqanlar həyata keçirir.

İnteqrasiyanın bir neçə mühüm fərqləndirici amilləri mövcuddur: Birinci - inteqrasiya qarşılıqlı iqtisadi asılılığın və əlaqələrin dövlətlər tərəfindən birgə idarəçiliyini bütün regionda tələblərə cavab verən vahid təsərrüfat sisteminin yaranmasını nəzərdə tutur; ikinci, inteqrasiya nəticəsində bütün pul, xidmət, ticarət, maliyyə, istehsal münasibətləri və əmək ehtiyatları milli sədlərdə azad edilir; üçüncü, vahid regionda daxili bazar formalaşır, dördüncü, əməyin effektivliyi, əhalinin yaşayış şəraiti yüksəlir, istehsal münasibətləri və xidmət inkişaf edir.1

İnteqrasiya prosesi öz inkişafını bir neçə mərhələdə keçir. Avropa ittifaqı təcrübəsi göstərir ki, bu proses əvvəlcə iqtisadi sahədə başlanır, ölkələrinin iqtisadi fəaliyyətini birləşdirir, sonra isə onların daxili və xarici siyasətinin müdafiə və təhlükəsizlik məsələlərini ümumi mərkəzdən idarə olunmasını əhatə edir.

Azərbaycan rəhbərliyi inteqrasiya təşəbbüslərində ölkənin inkişafının təmin edilməsi üçün bir sıra taleyüklü layihələri həyata keçirmişdir. Son illərdə Azərbaycan neftini dünya bazarına çıxarmasına imkan verən Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri kimi qlobal layihələr həyata keçirilmiş, Bakı-Tiflis-Qars dəmir yolunun inşaasına başlamışdır.

Qloballaşma və lokal inteqrasiya şəraitində transformasiya prosesində Azərbaycan XX əsrin axırıncı onilliyi müddətində bir neçə inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ: əvvəlki iqtisadi sistemin dağılması ilə əlaqədar; ikinci - köhnənin dağıdılmasından yaranan inkişaf mərhələsi; üçüncü tənzimləmə dövrünü əhatə edir. Burada iqtisadi və siyasi sahədə daha təhlükəli tendensiyaları dayandırmağa nail olundu; dördüncüsü – müasir dövlətin qurulması mərhələsində ölkə öz bütövlüyünü hüquqi və faktiki olaraq bərpa etdi; dövlət hakimiyyəti möhkəmləndi; qanun­vericilik qaydalarında, müstəqil məhkəmələrin yaranmasında, seçki sisteminin təkmilləşdirilməsində ciddi işlər görülür; mükəm­məl vətəndaş cəmiyyətinin inkişafı üçün, o cümlədən yeni sivil siyasi strukturun yaradılması üçün şərait yaradılır; mühüm islahatlar yolunda əhəmiyyətli dərəcədə irəli gedilir. İnfrastruk­turda islahatlar aparılır, tədbirlər görülür1.

Son 15 ildə müstəqil respublikamız məhz Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə tapınaraq demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini özündə maksimum dərəcədə ehtiva edən ümumbəşəri yolla irəliləmişdir… Ulu öndərin yaratdığı dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demok­ratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir.2

Qloballaşma, transformasiya və inteqrasiya insanların fəaliy­yətini məkan və zaman parametrində dəyişdirmiş, sosial, iqtisadi, siyasi və b. sahələrdə islahatları şərtləndirmişdir. Məhz bu amillərin nəticəsində Azərbaycanda demokratik hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, vətəndaş hüquq və azadlıqlarının prioriteti, vətəndaş və dövlətin qarşılıqlı məsuliyyəti prinsipləri əsasında iqtisadiyyatda bazar münasibətləri həyata keçirilir.

Beləliklə, qloballaşma, inteqrasiya prosesi gedən dünya durumu, dünya təsərrüfatı formalaşan müasir dünyada Azərbaycan dövlətçiliyinin dünya sisteminə transformasiya problemi ön sırada durur. Hesab edirik ki, dövlətçilik, dövlət, dövlət hakimiyyəti, dövlət aparatı, dövlət idarəetməsi və dövlət qulluğunu özündə birləşdirən, kompleks, inteqrasiya olunan kateqoriya kimi eyni kökə malik dövlətlə eyniləşdirmək olmaz və tamın hissəyə nisbəti kimi baxılmalıdır.

Qədim tarixə malik Azərbaycan dövlətçiliyi 1918-ci ildə Müsəlman şərqində yaradılmış ilk Azərbaycan Cümhuriyyəti ilə bərpa edilmiş, hazırda planetin hər yerində olduğu kimi yeni istehsal texnologiyasına, yeni iqtisadi və demokratik şəraitə cəmiyyətin maraqlarına cavab verən yeni məzmun kəsb etmişdir. Qloballaşma beynəlxalq əhəmiyyətli amillərin iqtisadi və siyasi əlaqələrin, mə­dəni və informasiya mübadiləsi, ayrı-ayrı ölkələrin sosial gerçəkliyinə hərtərəfli artan təsir, əsasən kompüter texnologiyasının bazasında vahid dünya maliyyə-informasiya məkanını formalaşdırmağa təşəbbüs prosesidir.

Miqyasca qloballaşmadan sonra ondan az əhatəli inteqrasiya prosesi durur. Bu proses bir istiqamətli olub, iştirakçıları inteqrasiya edənlərə – aparıcılara və inteqrasiya olunanlara bölünür. Yeni dünya nizamı şəraitində lokal inteqrasiya xüsusi əhəmiyyət kəsb edir. Bu proses dövlətlərin düşünülmüş şəkildə həyata keçirdiyi fəaliyyət növüdür.

Azərbaycan qloballaşma və inteqrasiya şəraitində keçən əsrin 90-cı illərindən başlayaraq aşağıdakı mərhələləri keçmişdir: Birinci, respublika xaos­dan, özbaşınalıqdan qurtararaq dövlət orqan­larının və vəzifəli şəxslərin fəaliyyəti hüquqi müstəviyə gətirilmiş; ikinci, hüquqi-iqtisadi islahatlar aparılmış və yeni konstitusiya qəbul edilmişdir; üçüncü, konstitusiya müddəaları əsasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu mərhə­ləsi başlanılmış; dördüncü, iqtisadi inkişaf tendensiyasına nail olunmuş; beşinci, Avropaya inteqrasiya təşəbbüsünə qoşulmuş bir neçə taleyüklü layihələr həyata keçirilmişdir.

Azərbaycanda keçid dövründə dövlətçiliyin yeni mahiyyət almasında köhnə ilə yeninin, yox olub gedənlə yenidən yaranan arasında keçid təkamül modernləşmə və ya transformasiya prosesi adlanır. Hesab edirik ki, modernləşmə müasir tələblərə cavab verən sistemin təkmilləşməsi; transformasiya isə ictimai proses­lərin köklü şəkildə yenidən qurulması ilə əlaqədar sosial planda daha radikal dəyişikliklər prosesidir.

Beləliklə, qloballaşma və inteqrasiya şəraitində modernləşmə və transformasiya prosesində beynəlxalq təcrübə nəzərə alınmaqla milli dövlətçiik inkişaf edir.

Bizim fikrimizcə, dövlət təzahürlərini özündə birləşdirən dövlətçilik sistemə bütövlük və möhkəmlik verən, cəmiyyətin bütün resurslarından istifadə edərək onun həyat fəaliyyətini təmin edən fenomen kimi tədqiqi genişləndirilməlidir.

1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə