Rzayev əLİ heydəR oğlu DÖVLƏt qulluğunun hüquqi Əsaslari




Yüklə 2.56 Mb.
səhifə14/32
tarix20.04.2016
ölçüsü2.56 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

Kadrların seçilib və yerləşdirilməsi anlayışlarına dövlət qulluğu haqqında AR qanununda və digər qanunvericilik aktlarında sinonim kimi dövlət qulluğuna girmək və dövlət qulluğunda irəli çəkilmə anlayışları istifadə olunur.

Dövlət qulluğuna girmək prosesi bir neçə mərhələdən keçir: birinci, vəzifə iyerarxiyasına uyğun hər bir vəzifənin tutulmasının hüquqi şərtlərinin müəyyən edilməsi; ikinci, vəzifə tutmaq iddiası olanların ümumi və xüsusi tələblərə cavab verməsini aşkarlamaq, üçüncü, namizədlərin müəyyən müsabiqə və müsahibədən keçməsi; dördüncü, stajçı və sınaq müddətinin keçirilməsi; beşinci, namizədin vəzifəyə təyin olunmasının qanunvericiliyə uyğun rəsmiləşdirilməsi və dövlət-qulluq münasibətlərinin yaranması.

Məlumdur ki, tariximizin sovet dövründə kadrların hərəkəti partiyanın fəaliyyətinin ənənəvi sahəsi idi. Partiya sənədlərində bütün kadr kateqoriyaları üçün siyasi, iş və şəxsiyyət keyfiyyətlərinə ümumi tələblər müəyyən olunurdu.

Hüquqi ədəbiyyatda dövlət qulluğuna girmək iddiasında olanlara və dövlət qulluqçularına aşağıdakı əlamətlərə görə tələblər qoyulur: birinci, tələblərin məzmununa görə: funksional, hüquqi, siyasi, ideoloji, sosial, sosial-psixoloji, əxlaqi; ikinci, birlik dərəcəsinə görə: ümumi, xüsusi, tək-tək, spesifik; üçüncü, öz təzahür xüsusiyyətlərinə görə: formal, qeyri-formal, açıq-qapalı, modeli-real; dördüncü, dövlət qulluğunun öz səviyyəsinə görə: mərkəzi, yerli, bələdiyyə; beşinci, tələblərin subyektinə görə: cəmiyyət, sosial qrup, ayrı-ayrı şəxsiyyətlər1.

Dövlət qulluqçusuna tələblər hüquq sahəsinin (normativ bazanın) xüsusiyyətlərindən asılı olaraq yaranır. Vəzifə iddiasında olanlara iki yanaşma mövcuddur. Birinci yanaşma – modern adlandırılmaqla hüquqi aktlardan ibarət tələblərdir. O isə öz növbəsində, ümumi və xüsusi tələblərə bölünür. İkinci yanaşma funksional adlandırılmaqla, ayrı-ayrı vəzifələr üzrə vəzifə borclarının yerinə yetirilməsi üçün qoyulan tələblərdir. Azərbaycan Respublikası Qanunvericiliyində vəzifəyə iddialı şəxslərə qoyulan ümumi və xüsusi tələblər göstərilir.

Dövlət orqanlarında rəhbər vəzifələrdə işləyənlərin fəaliyyət dairəsi mürəkkəb, geniş və məsuliyyətli olduğundan onlara yüksək tələblər qoyulur. Rəhbərlərdə geniş dünyagörüşü, mənəvi durumu, təşkilatçılıq qabiliyyəti və b. keyfiyyətlərin olması mühüm amildir. Hər bir dövlət vəzifəsini icra etmək üçün dövlət qulluqçusundan həmişə intellektual, psixi, iradi, emosional və fiziki güc tələb olunur. Hüquqi ədəbiyyatda rəhbər vəzifə tutmaq üçün aşağıdakı keyfiyyətlərin olması tələb olunur: 1) strateji görmək qabiliyyəti; 2) insanlara rəhbərlik bacarığı; 3) planlaş­dırmaq bacarığı; 4) mövcud ehtiyatları qiymətləndirmək və onlardan istifadə etmək qabiliyyəti; 5) təşkilati əlaqələrə malik olmaq (siyasi arenada fəaliyyət göstərən başqa təşkilat və şəxslərlə əlaqələri)1.

Dövlət qulluqçusu dövləti təmsil etməklə onun maraqlarının maddi, siyasi, mənəvi-əxlaqi daşıyıcısı və müdafiəçisidir. Dövlət qulluğunun bu aspekti hakimiyyət, dövlət qulluğu və vətəndaşların, dövlət və cəmiyyətin optimal maraqlarını təmin edən model üçün əsasdır.

Beləliklə, dövlət qulluğu keçmə dövlət qulluğu institutunun alt institutu olub inzibati vəzifələrin komplektləşdirilməsi üzrə fəaliyyət, dövlət qulluqçusunun hüquqi vəziyyətinin dəyişməsi, dövlət hakimiyyət orqanlarında peşəkar fəaliyyət prosesində insanın müxtəlif fərdi xüsusiyyətlərini özündə inteqrasiya edən sosial-hüquqi təzahürdür.

Bizim fikrimizcə, dövlət qulluğu keçmə qanunvericiliyin müəyyən etdiyi hüdudda norma, qaydalar və müddəaları, dövlət qulluğunun realizə prosesində yaranan hüquq münasibətlərinin və sosial əlaqələrin bütöv kompleksidir.

Dövlət qulluğu keçmənin effektivliyi dövlət qulluqçularının keyfiyyət tərkibindən, onların professional səviyyəsindən, mədəni-əxlaqi keyfiyyətlərindən, etik davranışından asılı olaraq müəyyən edilir.

Qulluq keçmənin əsas tərkib elementini təşkil edən dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmə ifadələri sovet dövründə istifadə olunan kadrların seçilib və yerləşdirilməsi terminlərinin sinonimi kimi istifadə olunmaqla, terminoloji dəyişiklikdir.
5.2. Dövlət qulluğuna qəbulda müsabiqə sistemi
Müasir dövrdə dövlət qulluğunun formalaşdırılmasının hüquqi-təşkilati forması olan müsabiqə ön plana keçirilir.

Müsabiqə sistemi ilk olaraq Çində tətbiq olunmuş, sonralar Böyük Britani­yada (1870), ABŞ-da (1883) aparılmış və hazırda dünyanın əksər ölkələrində bu üsulun tətbiqi qanunvericiliklə rəsmiləşdirilmişdir.



Müsabiqəni səciyyələndirən əsas əlamətlər: dövlət qulluqçusunun qeyri-məhdud sayda iddiaçılar arasından seçilməsi, iddiaçıların hamısı üçün eyni şəraitin yaradılması, eyni sınaqdan keçirilməsi, onların qarşısında müəyyən tələblərin qoyulması və nəticələrin kollegial qaydada həll edilməsidir. Müsabiqə üsulu ilə dövlət qulluğuna qəbul. Dövlət qulluğu haqqında AR Qanununda və AR Prezidentinin 3 sentyabr 2001-ci il Fərmanı ilə təsdiq edildiyi «Dövlət orqanlarında dövlət qulluğunda müsabiqə vasitəsi ilə qəbul qaydaları» ilə müsabiqə hüququ tənzimlənir. Azərbaycan Respublikasının qanunve­riciliyinə müvafiq olaraq açıq müsabiqə yolu ilə altıncı-doqquzuncu təsnifat üzrə vəzifələrin tutulması, qapalı müsabiqə və yüksəliş yolu ilə daha yüksək vəzifələrin komplektləş­dirilməsi həyata keçirilir. Bu proses üç bloklu meyarlar üzrə həyata keçirilir. 1) formal-anket; 2) sosial-demokratik; 3) peşə ixtisası üzrə. Bu meyarlar universal olub həmişə və bütün sistemlər üçün xarakterikdir. Bu sistem xüsusilə müsabiqədən kənar dövlət qulluğuna qəbulda geniş tətbiq olunur.

Azərbaycan Respublikasında vəzifə tutmaq iki cür aparılır. Birinci - dövlət qulluğuna qəbul edilərkən müsabiqə yolu ilə altıncı-doqquzuncu təsnifatlar üzrə inzibati vəzifələrin tutulması (28-2 maddə); ikinci, birinci-beşinci təsnifatları üzrə müsahibə və yüksəliş yolu ilə vəzifələrin tutulması (29 maddə). Qeyd etmək lazımdır ki, vakant vəzifənin müsabiqə yolu ilə tutulması dövlət qulluqçusuna vəzifə karyerası iyerarxiyasına daxil olmasını və karyera üzrə irəliləməsini şərtləndirir.





Qanunvericilikdə müsabiqənin keçirilməsi prosesi bir neçə mərhələni əhatə edir. Birinci, iddiaçıların təqdim etdiyi sənədlərin qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğu, sağlamlıq durumununun normal olması araşdırılır; ikinci, test imtahanının keçirilməsinə hazırlıq (müsabiqənin elan edilməsi, imtahan biletlərinin hazırlanması və s.). Üçüncü, test imtahanlarının keçirilməsi: a)cavab kartlarının oxunması və qiymətləndirilməsi, mümkün olan baldan ən azı 80 faizini toplamış namizədlərin müəyyən edilməsi və söhbətə buraxılması; b) söhbətin aparılması (söhbəti aparmaq üçün qrupun yaradılması, qrup üzvlərinin namizədi bal ilə qiymətləndirilməsi) və mümkün balın 20 faizinə qədər toplayan şəxslərin müəyyən edilməsi, stajirovkaya buraxılması; v) namizədin stajirovkası; q) namizədlərin bir hissəsinin dövlət qulluğuna qəbulu, digərlərinin isə ehtiyat kadrlar siyahısına daxil edilməsi; dördüncü, müsabiqənin keçirilməsinə və yekunlarına dair mübahisələrə baxılması.

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları mahiyyətinə görə iki mərhələdən ibarətdir: birinci mərhələdə peşə biliklərinin səviyyəsi araşdırılır; ikinci mərhələdə şəxsi keyfiyyət­ləri və kompüter üzrə bilik səviyyəsi yoxlanılır. Dövlət orqanı rəhbəri müsabiqədən keçmiş namizədlərdən birini seçərək öz qərarı ilə bir il müddətinə stajçı kimi qulluğa götürür, əgər o özünü doğruldarsa, onun haqqında tövsiyə müsbət olarsa, onunla əmək müqaviləsi (kontrakt) bağlanılır və iki illik sınaq müddəti ilə işə qəbul edilir. Bu müddətdə müqavilə şərtləri pozulmazsa dövlət orqanı həmin şəxsin daimi dövlət qulluğuna götürülməsi haqqında əmr verir və şəxslə müvafiq kontrakt bağlayır.

Müsabiqədə iştirak edən hər bir iddiaçıya milliyyətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquqlar verilir, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olması, habelə dövlət qulluğuna girmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verməsi tələbləri qoyulur.

Müsabiqə haqqında verilən elanda baş vəzifənin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən, dövlət qulluğunda işləmək üçün lazım olan şərtlər göstərilir. Birinci-altıncı təsnifat üzrə baş vəzifələrin tutulması üçün namizəd seçilərkən aşağıdakılar nəzərə alınır: ixtisas dərəcəsi, attestasiyanın nəticələri; boşalmış vəzifənin tələbinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması.

Qanunvericilikdə müsabiqənin aşağıdakı qaydalara uyğun aparılması müəyyən edilmişdir. Bunlar: boş yerlərin tutulması üçün müsabiqə elan edilməsi; müsabiqədə iştirak etmək istəyənlərin sənədlərinin müəyyən olunmuş müddətdə dövlət qulluğu idarəetmə orqanına təqdim edilməsi. Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 gün ərzində keçirilən müsabiqə test imtahanı və söhbətdən ibarət olur; test imtahanından müvəffəqiyyətlə çıxanlar söhbətə buraxılırlar, müsabiqədən keçmiş namizəd dövlət orqanı rəhbərinə təqdim olunur, dövlət orqanının rəhbəri isə sınaq müddətinə stajçı götürür, sonra isə sınaq müddətində özünü doğruldarsa, o işə qəbul edilir.

Dövlət qulluğuna müsabiqə yolu ilə qəbul olmaq istəyən vətəndaşlarını iddiaçı və namizəd anlayışlarını fərqləndirmək müsabiqə texnologiyasını yaxşı anlamağa kömək edərdi. Bizim fikrimizcə, müsabiqənin birinci mərhələsindən test imtahanlarında iştirak edənləri iddiaçı, sonrakı mərhələlərə buraxılanları namizəd adlandırmaq məqsədə müvafiq olardı.

Müsabiqə üsulu ilə dövlət qulluğuna qəbul inkişaf etmiş ölkələrdə - ABŞ-da, İngiltərədə, Fransada geniş tətbiq edilir1. Bəzi ölkələrdə (məsələn, Almaniya və Avstriyada) müsabiqə imtahanı ənənəsi yoxdur, burada kadrlar diplom və praktiki işinə görə qəbul edilir.



ABŞ-da 1883-cü ildən Pendlton qanunu əsasında iddiaçıların açıq müsabiqə imtahanları verməklə dövlət qulluğuna qəbulu rəsmiləşdirilir. Yüz ildən artıq keçirilən, təkmilləşdirilən müsabiqə imtahanı ABŞ-da dövlət qulluğuna kadrların seçil­məsində əsas metodlardan biri olmaqla dünyanın ən yaxşı modellərindən biri hesab olunur. ABŞ-da müsabiqə yolu ilə dövlət qulluğuna qəbulda axırıncı illərdə əsaslı dəyişikliklər edilmişdir. Əgər əvvəllər dövlət orqanlarında boş yerlərə yerli mətbuat və ya xüsusi bülletenlə elana görə daxili mənbələr hesabına komplektləşirdisə, hazırda keyfiyyət standartlarına cavab verən, hərbidə xidmət etmiş, nüfuzlu universitetləri bitirmiş mütəxəs­sislərin fəal axtarışı ilə müşaiyət olunan pozitiv sistemə geniş yol verilir. ABŞ-da universitetləri bitirmiş insanların dövlət qulluğuna qəbulu sadələşdirilmiş sistem üzrə mərhələlərlə aparılır: ərizələrin yoxlanılması, imtahanların keçirilməsi, etibarlığın yoxlanılması, iddiaçılar içərisindən bir namizədin seçilməsi və sınaq müddətində onun yoxlanılması. Sınaq müddətinə xüsusi fikir verilir. Müsabiqəni keçmənin hüquqi nəticələri namizədə vəzifəyə təyin olunmaq hüququ verir. Vəzifəyə təyin olunan şəxs həmin dəqiqə məmur hesab olunmur, ona stajer qismində və ya müəyyən müddətə köməkçi vəzifə daşımaqla sınaq müddəti keçdikdən sonra məmur statusu verilir1.

İngiltərədə təhsil, yaş senzi tələblərinə uyğun gələn hər bir iddiaçıya müsabiqədə iştirak etmək hüququ verilir. Ümumilikdə qabiliyyət imtahanı proqramına cavab verən nüfuzlu, xüsusən Oksford və Kembridc universitetlərini bitirmişlər, əksər baş vəzifələri əldə edirlər. İngiltərədə müsabiqə iki metodla aparılırdı: birinci metodda iki hissədən ibarət imtahanlar keçirilirdi, birinci hissə ümumi predmetlər üzrə yazılı imtahan; ikinci hissədə, bu imtahandan müvəffəqiyyətlə çıxmış iddiaçılar üçün daha mürəkkəb - hər hansı bir mövzu üzrə müsabiqə və yazılı məruzə təqdim olunmaqla aparılırdı. 1969-cu ildən ikinci metod birinci metodu sıxışdırır. Bu metoda görə imtahanlar üç əsas mərhələdən keçir. Birinci mərhələdə ümumi predmet üzrə yazılı məruzə verməklə imtahan keçirilir; ikinci mərhələdə «Mülki qulluğa qəbul» üzrə orqan iki gün ərzində test və müsabiqə keçirir. Bu mərhələdə iddiaçını xarakterizə edən məktəb və universitet məlumatlarına diqqət yetirilir; üçüncü mərhələdə müsahibə aparılır, namizəd haqda bütün məlumatlar yoxlanılır, namizədlə söhbət aparılır və onun mülkü qulluğa qəbul məsələsi həll edilir1.

Kontinental hüquq sistemli ölkələrdə klassik Çin nümunəsi ilə peşə biliyinin yoxlanılması tətbiq edilir. Sonrakı mərhələdə ümumi ixtisaslar üzrə imtahan keçirilir. Fransada dövlət qullu­ğunun kökləri mütləqiyyət dövrünə, hətta belə qabaqlara gedir. Roma imperiyası nümunəsinə uyğun ölkənin idarəedilməsi mərkəzləşdirilmiş sistemlə aparıldığından mərkəzi hakimiyyət nümayəndəsi kimi məmurun nüfuzu olduqca yüksək idi. Fransada dövlət qulluğuna qəbul karyera və ya qapalı sistemlə aparılır. Bu sistemin əlamətləri: birinci, ABŞ-da mövcud olan açıq sistemdən fərqi işverənin - dövlətin xüsusiyyətlərinin əmək mübahisələrinin həllində müəyyən etdiyi xüsusi qaydaların olmasıdır. Odur ki, tərəflərin bərabər olmadığını göstərən dövlət qulluğu əmək hüququ ilə yox, inzibati hüquqla tənzimlənir. İkinci, «İnsan dövlət qulluğuna daxil olandan sonra məmur statusu alır, karyera üzrə tədricən sinif və dərəcələri artırmaqla irəliləyir və müəyyən mənada «Kasta»ya daxil edilir». Müsabiqə ilə dövlət qulluğuna qəbulda konstitusiyada və qanunda təsbit olunmuş prinsiplər əsasında aparılır, yəni iddiaçının qəbul prosedurasında ona qarşı hər hansı bir diskriminasiyaya icazə verilmir. Qanunda iddiaçılara şərtlər qoyulur: vətəndaşlığın, siyasi hüquqların olması, qanunlara, hərbi qulluq qanunvericiliyinə əməl etməsi, fiziki və psixoloji-iradi sağlamlıq statusuna cavab verməsi. Fransada ikinci dünya müharibəsi dövründə nazirliklərin mərkəzi administrasiya qulluğunun komplektləşməsi üçün vakant vəzifələrə qəbulda hədsiz sayda aparılan müsabiqə imtahanları Administrasiyasının Milli məktəbi vasitəsi ilə komplektləşməsi ilə əvəz edilmişdir. Fransada səciyyəvi xüsusiyyətlərdən biri müsabiqənin keçirilməsi prosesinə və müsabiqənin nəticələrinə görə vəzifəyə təyinatı inzibati məhkəmələrin nəzarətidir1.

Bizim fikrimizcə, dövlət qulluğuna qəbul və dövlət qulluqçularının yerləşdirilməsində ekspert qiymətləndirilməsinin düzgün aparılması dövlət qulluğunun səmərəliliyinin əsas amillərindən biridir. Ekspert yolu ilə qiymətləndirmələr, əsasən, kadrların keyfiyyət göstəricilərinin formalizə olunmaması və bu səbəbdən də onların müvafiq vəzifələrə seçilməsi peşəkar mütəxəssislərin düşüncə və təfəkküründən istifadə olunması zərurəti ilə əsaslandırılır2 və aşağıda ekspert qiymətləndirilməsi mexanizmi təhlil edilir.

Dövlət qulluğuna qəbulda və qiymətləndirilməsində qulluq­çularına işgüzarlıq, şəxsiyyət və mənəvi aspektdə keyfiyyət tələbləri qoyulur. Təqdim olunan qrup göstəriciləri uyğun olaraq M1, M2, M3-lə bütün göstəricilər toplusunu isə M-lə işarə edək. İddiaçıların müəyyən vəzifələrə seçilməsi məsələsi çoxmeyarlı məsələdir və baxılan meyarlar formalizə olunmurlar. Bu məsələni ümumi halda belə ifadə etmək olar. Nəzərdə tutulan vəzifələri tutmaq üçün iştirak edən iddiaçılardan elələrini seçmək lazımdır ki, onlar M sayda keyfiyyət göstəricilərinə görə müvafiq vəzifəyə daha uyğun olsunlar. Ümumi halda iddiaçıların sayı vəzifələrin sayından çox olur. Yəni seçilmə müsabiqə şəraitində yerinə yetirilir.

Qoyulan məsələnin həlli iki mərhələdə yerinə yetirilir. Birinci mərhələdə iddiaçılar ayrı-ayrı keyfiyyət göstəricilərinə görə qiymətləndirilir və bu qiymətləndirmələr ümumiləşdirilir və təhlil olunur. İkinci mərhələdə isə ümumiləşdirilmiş qiymətləndiril­mələrə görə hansı vəzifəyə hansı iddiaçının daha çox uyğun gəldiyi müəyyən edilir.

Təqdim olunan məsələni həll etmək üçün çoxlu üsullar mövcuddur. Onlardan nümunəvi xarakterli üçünü göstərmək olar: 1) dövlət qulluğuna müsabiqə yolu ilə seçilməsi; 2) dövlət qulluqçularının kollegial qaydada qiymətləndirilməsi üsulu ilə seçilməsi; 3) qulluqçuların vəzifəli şəxsin mülahizələri əsasında təkbaşına seçilməsi. Ekspert qiymətləndirmə məsələləri sırasına birinci üsulda test suallarının hazırlanması, onların qruplaşdırılıb bilet şəklinə salınması, suallar üzrə bal qiymətlərin müəyyən edilməsi və s. İkinci və üçüncü üsullara qulluqçuların hər bir göstəricisi üzrə müvafiq vəzifələrə uyğunluğunun müəyyən formada qiymətləndirilməsi daxildir. Bununla yanaşı, bütün üsullarda meyarların nisbi vaciblikləri də ekspert yolu ilə qiymətləndirilir. Qulluqçuların seçilməsi məsələsi ikinci üsulda ekspert qrupu (bir neçə mütəxəssis) tərəfindən, üçüncü üsulda isə yalnız bir mütəxəssis - qərar qəbul edən şəxs (QQS) - icra orqanın rəhbəri və ya onun səlahiyyətləri nümayəndəsi tərəfindən həll olunur. Odur ki, sonuncu üsula ikinci üsulun xüsusi halı kimi baxmaq olar. Beləliklə, kadrların seçilməsinin səmərəliliyi ekspertlərin, onların qarşısında qoyulan tələblərə nə dərəcədə cavab verməsindən və ekspertlərin təşkilinin səmərəliliyindən asılıdır.

Ekspertlərin qarşısına qoyulan tələblərdən, xüsusi ilə onların baxılan istiqamət üzrə yüksək səviyyəli, peşəkar (dərin biliyə, ixtisasa, vərdişə, təcrübəyə, hissiyyata, məntiqi mülahizələr yürütməyə və nəticələr çıxarmağa və s. malik) mütəxəssis olması və obyektivliyi - qulluqçuların seçilməsində tərəfkeşliyə yol verməməsi, ekspertlərin birinin digərinin təsiri altına düşməməsi və s. hallarını qeyd etmək olar. Ümumi halda ekspertlər qoyulan tələblərə müvafiq dərəcədə cavab verirlər və ekspertiza aparılarkən bu əlamət nəzərə alınır. Ekspertizin təşkili onun realizə sxemi, ekspert məlumatlarının forma və xarakteri, ümumiləşdirilməsi qaydaları və s. ilə xarakterizə olunur.

Şəkil 1. Əks əlaqəli ekspert sistemi



Sxemdə S-1, S-22 uyğun olaraq müsabiqədə iştirak etmək üçün verilmiş sənədlərin və müsabiqədə iştirak edən iddiaçıların sayı; E-l – L-ci ekspert; ÜP ekspertlərin qiymətləndirilməsinin ümumiləşdirilmə prinsipi; QQS – qərar qəbul edən şəxs.

Şəkildə qırıq xətlə əks əlaqə göstərilir. Bu əlaqə götürüldükdə əks əlaqəsiz ekspert sistemi alınır.

Əks əlaqə ekspert sistemi əsasən hər hansı bir quruma rəhbərlik edən vəzifəli şəxsin qulluqçuların seçilməsində tabeçi orqanlarla əlaqəli işində tətbiq olunur. Birbaşa əlaqəli ekspert sisteminə isə test üsulu ilə dövlət qulluqçularının seçilməsi uyğun gəlir. Birbaşa əlaqəli sistemə görə qiymətləndirmə iki və daha çox pilləli ola bilər. Belə hal, adətən, test yoxlamasında iştirak edən iddiaçıların keçid balını təmin edənlərin sayı elan olunmuş yerlərin sayından az olduqda və qalan yerlərin tutulması üçün əlavə testlərin keçirilməsi barədə elan olunarkən baş verir.

Ekspert qiymətləndirmələri ədədi münasibət və interval şəkilli, bu qiymətləndirmələr haqqında məlumatlar isə həm səlis (birmənalı), həm də sxolastik və qeyri-səlis (çoxmənalı) olur. Göstərilən qiymətləndirmələrdən ekspertlər üçün ən asanı və məlumatlıq baxımından dəyərlisi binar münasibət (kadrları bir-birləri ilə hər bir göstəriciyə görə müqayisəli) qiymətləndir­məsidir. Qulluqçuların seçilməsi təcrübəsində, əsasən, səlis ədəbi qiymətləndirmədən istifadə olunur və seçmə məsələsinin daha mürəkkəb ikinci mərhələsinin - çoxsaylı göstəricilərə görə vəzifələrə daha çox uyğun gələn iddiaçıların seçilməsi məsələsinin həlli də ekspert yolu ilə yerinə yetirilir. Kompüter texnologiya­sının sürətlə inkişafı və cəmiyyətdə kompüterləş­dirmədə baxılan seçmə məsələsinin həllində kibernetikanın üsullarından geniş istifadə etməyə münbit şərait yaradır. Bütün bunlar yuxarıda təqdim olunan iddiaçıların müəyyən vəzifələrə uyğun çox göstəriciyə görə seçilməsi məsələsinin müasir ekspert qiymət­ləndirməsi və seçmə üsullarına əsaslanan həlli alqoritmi (qaydası) təklif olunur. Alqoritmdə səlis binar münasibət qiymətlən­dirməsindən istifadə olunur və onun köməyi ilə baxılan məsələnin həlli aşağıdakı mərhələlərlə yerinə yetirilir. 1. Elan olunmuş vəzifəni tutmaq üçün sənəd verən iddiaçıların ilkin sayı təyin edilir. 2. Ekspertlər QQS-nin iştirakı ilə vəzifəni tutmaq üçün sənəd verən iddiaçıların xarakteristikaları təhlil olunur. Elan olun­muş vəzifənin tələblərinə cavab verməyən iddiaçılar siyahıdan çıxarılır və beləliklə, vəzifəni tutmaq üçün namizəd­lərin siyahısı təyin edilir. 3. Hər bir ekspert ekspertizanın aparılması qaydasına müvafiq olaraq keyfiyyət göstəricilərinin vaciblik dərəcələrini və hər bir keyfiyyət göstəricisinə görə namizədlər arasında səlis binar münasibətlər təyin edir. 4. Ekspertlərin hər bir keyfiyyət göstəricisinə görə səlis binar münasibətləri qiymətləndirmələri ümumiləşdirilir. Bu məqsədlə səs üstünlüyü prinsipindən və əks əlaqəli adaptiv ekspert sistemindən istifadə edilir1.

Beləliklə, dövlət qulluq vəzifələrinə təyin edilmə beş prosedur qaydada yerinə yetirir. Onlardan: 1) birbaşa təyin olunma; 2) başqa orqanla razılaşmaqla təyin olunma; 3) təyin olunma haqqında bir orqanın təqdimatı digər orqan tərəfindən baxılaraq qərar qəbul edilir; 4) təyin olunma haqqında qərar təsdiq üçün başqa orqana təqdim edilir; 5) təyin olunma haqqında bir orqanın təqdimatı başqa orqan tərəfindən təsdiq olundu və üçüncü orqan isə təyin olunma haqqında qərar qəbul edir.

Bizim fikrimizcə, 1) müsabiqə qeyri-məhdud sayda iddiaçılar arasında dövlət qulluqçusunun seçilməsi, namizədlərin hamısı üçün eyni şəraitin yaradılması və eyni sınaqdan keçirilməsi, namizədlər qarşısında müəyyən tələblərin qoyulması və nəticələrin kollegial qaydada həll edilməsidir.

2) dövlət qulluğuna qəbulda iddiaçıların ekspert yolu ilə qiymətləndirilməsi mexanizminin tətbiq edilməsi onun effektiv­liyini artırar.

3) dövlət qulluğuna müsabiqə yolu ilə qəbul olunmaq istəyən vətəndaşları – müsabiqənin birinci mərhələsində iştirak edilənləri (test imtahanından keçənləri) iddiaçı, növbəti mərhələləri keçən­ləri namizəd adlandırmaq müsabiqə texnolo­giyasının mahiyyətini açmağa kömək edər.

5.3. Dövlət vəzifələrinə təyin edilmənin üsulları
Nəzəriyyə və təcrübədə vəzifələrin kompleksləşməsinin bir neçə təşkilati-hüquqi üsulları*: işə götürmə, təyinedilmə, seçilmə və müsabiqə mövcuddur. Bu üsullar hər bir zaman və məkan daxilində siyasi rejimdən, dövlətçilik formasından asılı olaraq tətbiq edilir.

Hegel dövlət qulluğuna qəbul məsələsinə toxunaraq yazır: «… obyektiv məqam vəzifə tutmağa bir yox, bir neçə şəxs hazır olmalıdır. Subyektiv tərəfi bir neçə nəfərin orasından hansının başqalarına nisbətən üstün olduğunu mütləq müəyyənləşdirmək mümkün olmadığından vəzifəyə bir şəxs seçilib təyin edilir və ona ümumi işlər aparmaq səlahiyyəti verilir və bir-biri üçün hər vaxt təsadüfi olan tərəflər kimi fərd və vəzifə arasında bu cür əlaqə yaradılması həlledici və suveren dövlət hakimiyyəti kimi knyazlığın müstəsna səlahiyyətidir». Suveren akt vasitəsilə müəyyən vəzifəyə gətirilmiş fərdin gəlir mənbəyi (vəzifəyə təyin etmənin şərti kimi fərdin öz vəzifə borcunu yerinə yetirməsidir) davranışında substansial olandır. Bu substansial fəaliyyət tərzinin nəticəsi kimi fərd öz xüsusiliyini təmin edən əmlak alır, özünü xarici durumdan və xidmət fəaliyyətinin hər cür başqa subyektiv asılılıqdan və təsirdən azad olmasına nail olur. Vəzifəyə təyin olunan şəxs təsadüfi qulluq göstərmək üçün dəvət olunmur, özünün mənəvi xüsusi mövcudluğuna başlıca marağını bu münasibətə daxil etməlidir. Eləcə də bunun kimi onun təmsil etdiyi və ona etibar edilən predmet xarici yox, yalnız xüsusi predmetdir. Bu daxili predmet kimi onun dəyəri onun xarici görüntüsündən fərqlənir və dövlət xidməti predmetinin dəyər daşıması özü-özünə görə bilavasitədir. Odur ki, fəaliyyətsizlik, yaxud pozuntular (xidmətlə bir araya sığmayan hərəkətlər) vasitəsilə hüquq pozulması və bunun nəticəsində də günah yox, hətta cinayətdir.1

Antik dövrün görkəmli filosofu Aristotel «Siyasət» əsərində üç əsas suala cavab verməklə vəzifə tutmağın mahiyyətini açmağın mümkünlüyünü göstərirdi. Birinci, kim vəzifəyə təyin edir, ikinci, kimlərdən vəzifəyə təyin olunur, üçüncü, hansı cür təyin olunur2.

Dövlət vəzifəsinə təyin olunma bütün dövrlərdə mərkəzləş­dirilmiş monarx idarəçilik formasının tətbiq olunduğu dövrlərdə əsas üsul olmuşdur.

Müasir dövrdə konstitusiya, qanunlar və normativ aktlara uyğun olaraq təyin olunma geniş tətbiq olunmaqla bir neçə formada aparılır. Birinci, birbaşa təyin olunma; ikincisi, təyin olunma haqqında qərar başqa orqanlarla razılaşdırılmaqla qəbul edilir; üçüncüsü, təyin olunma haqqında bir orqanın təqdimatı – digər orqan tərəfindən baxılmaqla qərar qəbul edilir; dördüncüsü, təyin olunma haqqında qərar təsdiq üçün başqa orqana təqdim edilir; beşinci, təyin olunma haqqında bir orqanın təqdimatı başqa orqan tərəfindən təsdiq olunur, üçüncü orqan isə təyin olunma haqqında qərar qəbul edir.

1   ...   10   11   12   13   14   15   16   17   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə