Rübabə Səfərova, Elektron kitabxana şöbəsinin müdiri Elektron kitabxanalar və müasir dövrdə onların inkişaf perspektivləri




Yüklə 46.65 Kb.
tarix20.04.2016
ölçüsü46.65 Kb.



Rübabə Səfərova, Elektron kitabxana şöbəsinin müdiri
Elektron kitabxanalar və müasir dövrdə

onların inkişaf perspektivləri
Müasir dövrdə Elektron kitabxanaların yaradılması işi informasiya cəmiyyətinin qurulması və informasiya proseslərinin avtomatlaşdırılması sahəsində mühüm yer tutan mürəkkəb və perspektivli məsələlərdən biridir.

Yaşı 40-dan az olan bu bəşəri kəşfin tarixi 1971-ci ildə ABŞ-ın Benidikt Universitetində elektron hesablama mərkəzinin professoru Maykl Hartın hazırladığı "Qutenberq layihəsi" əsasında ilk Elektron kitabxananın fəaliyyət göstərdiyi dövrdən başlayır. Elektron kitabxananın ilk mətnləri də elə o zaman professorun özü tərəfindən kompüterin yaddaşına daxil edilmişdi. Qeyd edək ki, "ABŞ-ın müstəqillik bəyannaməsi və konstitusiyası", "Qanunlar haqqında Bill", "İncil" və "Tövrat" Hartın Elektron kitabxanasının ilk nəşrləri olmuşdur.

Beləliklə, ilk dəfə olaraq 90-cı illərdə əvvəl ABŞ-da və Avropada, daha sonra isə Rusiyada elmi əsaslar üzərində Elektron kitabxanaların yaradılması işinə başlanılmışdı. Bunun ardınca digər ölkələrdə də alternativ kitabxanalar meydana gəlməyə başlamışdır.

Azərbaycanda isə ilk Elektron kitabxana (musiqi alətlərinin Elektron kitabxanası) keçən əsrin 80-ci illərinin sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri laboratoriyasında yaradılmışdır.

Hazırda İnternetdə onlarla Azərbaycan dilli Elektron kitabxanalar fəaliyyət göstərir. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasının nəzdində fəaliyyət göstərən Elektron kitabxanaları, Kitab.az, “H.Əliyev irsi” adlı beynəlxalq Elektron kitabxanaları və s. bunlara misal göstərmək olar.

Fərəhlidir ki, indi bütün dünyada daha çox kitabxanalar tammətnli nəşrlərin, əlyazmaların və başqa elektron kolleksiyaların bazasını yaradaraq öz fondlarını geniş İnternet istifadəçilərinə təqdim etməyə çalışır və bu mühüm işi gündən-günə genişləndirir.

Elə buna görə də hazırkı dövrdə Elektron kitabxanaların əhəmiyyəti durmadan artmaqdadır.

Məlum olduğu kimi Elektron kitabxanalar rəqəmli, kompüter və şəbəkəli texnalogiya əsasında ənənəvi kitabxana xidməti funksiyalarını yerinə yetirirlər.

Bu kitabxanaları müxtəlif cürə adlandırırlar: elektron, rəqəmli, virtual, sərhədsiz – divarsız kitabxana və s. Onu da qeyd edək ki, Elektron kitabxana kompüterlə təchiz olunmuş kitabxana deyildir. Buna görə də avtomatlaşdırılmış kitabxana ilə Elektron kitabxananı eyniləşdirmək, qarışdırmaq olmaz.

Elektron kitabxana, təkcə resurs1 və onları idarə edən proqramlardan ibarət deyil, o həm də istifadəçiyə operativ olaraq xidmətlər toplusu təqdim edən zəngin bir xəzinədir.

Elektron kitabxana - elektron sənədlərin2, elektron kitabların – resursların yaradılmasını və saxlanılmasını təmin edən, həmçinin bu resurslara - kitabxananın məlumat bazasına3 hesablama texnalogiyaları və informasiya şəbəkələri vasitəsilə (interfeys) “giriş” imkanı yaradan informasiya sistemidir.

Elektron kitabxanda istifadəçi elm adamları və mütəxəssislər tərəfindən təqdim olunmuş kitabların, elmi işlərin və məqalələrin elektron versiyalarını kompüterin arxasında oturaraq oxuya bilir. Hal-hazırda Elektron kitabxanalarda müxtəlif müəlliflərə məxsus olan minlərlə material yerləşdirilmiş və onların müntəzəm olaraq artırılması ön plana çəkilmişdir.

Göründüyü kimi, indi həyatın bütün sahələrinin, o cümlədən kitabxana işinin informasiyalaşması, informasiya cəmiyyətinin yaranması müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biridir. Elektron kitabxanaların yaradılmasında məqsəd bilavasitə aşağıdakılardan ibarətdir:


  • Kitabxana fondlarının mühafizəsini (qorunub saxlanılmasını) təmin etmək;

  • Hər hansı bir səbəbdən ümumi istifadəyə verilməsi imkanı məhdud olan və ya heç mümkün olmayan (oxucuların tapa bilmədiyi və ya çox çətinliklə tapdığı, yalnız elektron formada olan) külli miqdarda məlumatlardan, kitab və materiallardan asanlıqla istifadə olunması işini təmin etmək;

  • Oxucu kütləsini elm və mədəniyyətin ən müxtəlif sahələrinə aid ədəbiyyatlarla, məqsədəuyğun məlumatlarla təchiz edilməsini təmin etmək.

Texnalogiyanın yeni səviyyəsinin parlaq təzahürü olan Elektron kitabxanalar texnika, rabitə kanalları və xüsusi proqramlarla təchiz olunur.

Elektron kitabxanalar milli, ərazi və qlobal kompüter şəbəkələrinin tərkib hissəsi kimi həm də nisbi müstəqil kitabxanalardır. Bu kitabxanaların müxtəlif tipləri mövcuddur:


  • Coğrafi prinsipə əsaslanan milli kitabxanalar;

  • Müxtəlif qrup istifadəçilərə görə (uşaqlar üçün kitabxana, abituriyentlər üçün kitabxana və s.) hesablanmış kitabxanalar;

  • Müəyyən elm sahələri üzrə ixtisaslaşdırılmış kitabxanalar (akademik, tibbi, ayrı-ayrı fənlər üzrə kitabxanalar);

  • Forma və məzmununa görə xüsusiləşdirilmiş kitabxanalar (məs. dissertasiyalar, səsyazmalar...) və s.

Elektron kitabxanalarda informasiyaların elektron formasında təqdim edilməsi - elektron resursların istifadəçisi qarşısında çox böyük imkanlar açır. Elektron kitabxanalardan, onların əhəmiyyətindən bəhs edərkən aşağıdakı üstünlükləri xüsusilə qeyd etmək lazımdır:




  • Oxucu - istifadəçi işdən kənar vaxtlarda qapıları bağlı olan ənənəvi kitabxanalardan fərqli olaraq Elektron kitabxanalardan zamandan və məkandan asılı olmayaraq istədiyi informasiyanı əldə etmək imkanına malik olur;

  • Ənənəvi kitabxanada kitabların axtarılıb oxucuya təqdim olunmsına sərf olunan vaxt ərzində oxucu öz evində Elektron kitabxanada elektron kataloqu nəzərdən keçirib, istədiyi elektron kitabı “vərəqləyib” istədiyi qədər oxuya və hətta onu bir başqası ilə əvəz edə bilər;

  • Elektron kitabxanaların fəaliyyəti ənənəvi kitabxanalara da xeyli fayda gətirir – belə ki, Elektron kitabxanalar nadir və qiymətli kitabların elektron versiyalarını hazırlayıb oxuculara təqdim etməklə bu kitabların orijinalının mühafizə olunmasını, onların korlanmasının qarşısının alınmasını təmin edir, hər hansı bir səbəbdən yox olması, itməsi halında bu kitabların elektron surətlərinin qorunmasını təmin edir. İnformasiya çatışmamazlığı probleminin həllində də Elektron kitabxanalar ənənəvi kitabxanaların köməyinə çatırlar;

  • Elektron kitabxanalarda həmçinin, oxucuya yeni formada kitabxana xidmətinin reallaşdırılması (görmə qabiliyyətində problemi olan oxuculara xidmət) imkanı yaranır;

  • İstifadəçi Elektron kitabxanadan öz kompüterinə yüklədiyi materialları redaktə etmək, onları birləşdirmək və əlavələr yazmaq, böyük materiallardan istədiyi söz və ya ifadələri asanlıqla seçmək imkanına malik olur;

  • Bütün bunlarla yanaşı Elektron kitabxanalarda elektron resurslarla iş sürətlə işləməyə və keyfiyyətli axtarışlar həyata keçirməyə tam şərait yaradır.

Azərbaycanda informasiya texnologiyalarının yaradılmasına, onların infrastrukturunun qurulmasına böyük əhəmiyyət verildiyi indiki dövrdə Azərbaycan Milli Kitabxanasının nəzdində Elektron kitabxananın yaradılmasının mahiyyəti olduqca böyükdür.

Azərbaycan Milli kitabxanasının nəzdində Elektron kitabxananın yaradılmasında başlıca məqsəd Milli kitabxana fondunu əsaslı surətdə mühafizə etməkdən, fondun elektron versiyasını hazırlamaqdan, Azərbaycan elminin nailiyyətlərini İnternet vasitəsilə təbliğ etməkdən və oxucuların informasiyaya olan tələbatını təmin etməkdən ibarətdir.

Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu 2002-ci ilin sonunda Azərbaycanın ədəbiyyat və incəsənət sahəsini əhatə edən kitabların, məcmuələrin və ayrı-ayrı əsərlərin elektron variantlarının müstəqil server-ehtiyatlar əsasında müntəzəm saxlama sistemini təşkil etmək məqsədilə, ümumdünya "Qutenberq" çərçivəsində informasiya resurslarının Azərbaycan dilində latın qrafikası ilə yaradılması və yayılmasına dair üç "ən yaxşı" layihə üzrə müsabiqə elan etmişdi. Bu müsabiqədə iştirak edən 20-yə yaxın təşkilatın üç ən yaxşı layihəsı - Axundov adına Respublika Kitabxanasının, MEA kitabxanasının Nizami adına Ədəbiyyat İnstitutu informasiya və biblioqrafiya şöbəsinin və Xəzər Universitetinin layihələri qalib gəlmişdir. "Azərbaycan - Qutenberq" adlanan bu layihə çərçivəsində klassik yazarlardan - N.Nərimanov, M.Ə. Sabir, Ə.Haqverdiyev, Cəlil Məmmədquluzadə, Ü.Hacıbəyov, Z. Marağai və F.Köçərlinin əsərləri İnternet şəbəkəsi vasitəsilə dünya oxucularının diqqətinə çatdırılmış və bununla da Milli Kitabxanada Elektron kitabxanasının əsası qoyulmuşdur.

Lakin kitabxanam bu sahədə 2006-cı ilin fevral ayından etibarən geniş fəaliyyət göstərməyə başlamışdır. Artıq çoxdandır ki, Milli kitabxanada kitabxana - avtomatlaşdırma sisteminin imkanlarından tam şəkildə istifadə etməklə Elektron kitabxana yaradılmış və oxuculara məsafədən xidmət göstərilməsi texnalogiyasının tətbiq edilməsinə başlanılmışdır.

İndi bilavasitə kitabxanaya gələn oxuculara Elektron kitabxanasının resursları lokal şəbəkə vasitəsilə (http://10.0.0.14 ), uzaq məsafəli istifadəçilərə isə qlobal şəbəkə - İnternet vasitəsilə (http://www.anl.az/el.php) təqdim olunur.

Hazırda Milli Kitabxananın saytında oxuculara kitabları həm əlifba sırası üzrə, həm də bu mənbənin aid olduğu elm sahəsi üzrə aramaq imkanı da yaradılmışdır.

Elektron kitabxana müəllif hüquqlarını qoruyub saxlamaqla, milli ədəbiyyat nümunələrini elektron daşıyıcılarına tam dolğunluğuyla köçürür. Eyni zamanda Elektron kitabxanasına müəllifin öz arzusu ilə onun təqdim etdiyi əsərin elektron versiyası da daxil edilir.

İndi Elektron kitabxanada klassiklərin əsərlərilə yanaşı müasir yazıçıların, alimlərin, o cümlədən Vaqif Arzumanlı, Xəliyəddin Xəlilli, Bəybala Xankişiyev, Musa Qasımlı, Abdul Qəhrəmanzadə, Fəridə Mir-Bagırzadə, Samirə Mir-Bagırzadə, Həvva Məmmədova, Nərgiz Məmməd-zadə, Fərəh Tahirova, Əsəd Rza Yaqubinin müxtəlif elm sahələrinə aid olan kitabları da saytda yerləşdirilmişdir.

Azərbaycanda informasiya resurslarına sərbəst çıxışı təmin etmək, kitabxanaların təhsil prosesində rolunu artırmaq məqsədilə yaradılan Elektron kitabxana eyni zamanda Azərbaycanın aparıcı ali təhsil ocaqlarının kitabxanalarından və eləcə də Azərbaycan müəlliflərinin müxtəlif mövzularda və dillərdə olan kitablarından sərbəst istifadə üçün də tam şərait yaradır. Odur ki, bütün təhsil almaq istəyən, tədqiqat işi aparan, öz biliklərinin artırılmasında maraqlı olan tələbələr, gənc alimlər, müxtəlif sahələr üzrə mütəxəssislər, professor və müəllimlər, müxtəlif şirkətlərin işçiləri və digəriləri, istənilən vaxtda və istənilən yerdə Elektron kitabxananın resurslarından istifadə edə bilərlər.

Milli Kitabxananın kollektivi çalışır ki, Elektron kitabxananın məlumatlar bazası gələcəkdə daha da inkişaf edərək, Azərbaycanın daha coşqun yüksəlişinə xidmət edən informasiyalar mərkəzinə, bilik və təhsilin inkişafı üçün etibarlı bir mənbəyə çevrilsin.

Dünyanın əksər ölkələrində cəmiyyətə göstərilən kitabxana xidmətinin, sənəd-informasiya təminatının təşkili səviyyəsi milli prioritetə malik məsələ kimi qiymətləndirilir və bu sahənin inkişafına həm rəsmi orqanlar, həm işgüzar dairələr, həm də qeyri-hökumət təşkilatları tərəfindən böyük diqqət və qayğı göstərilir. Bütün inkişaf etmiş ölkələrdə kitabxanalara həm də vətəndaşların informasiyaya azad müyəssərlik hüququnun reallaşdırıldığı bir məkan kimi də xüsusi önəm verilir.

Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, demokratik və mütərəqqi bir dövlət olan Azərbaycan üçün, informasiyaya və biliklərə sərbəst çıxış, çox mühüm və zəruri amillərdən biridir.

Son illərdə ölkəmizdə cəmiyyətin sənəd-informasiyaya, o cümlədən ədəbiyyata olan tələbatını daha dolğun şəkildə ödənilməsi və bu işdə informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılması göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", həmçinin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən yaxşı nümunələrini təbliğ etmək məqsədilə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" imzaladığı Sərəncamlar yenidən çap edilən kitabların bütün kütləvi və orta tədris müəssisələrindəki kitabxanalara verilməsi, bu kitabların mətnlərinin elektron daşıyıcılar və İnternet vasitələri ilə yayılmasını təmin etmək, habelə latın qrafikasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın yaradılması haqqında tapşırıqlar buna parlaq sübutdur. Bu da olduqca sevindirici haldır ki, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" (2005-2007-ci illər) kimi mühüm əhəmiyyətli direktiv sənəd artıq icra olunmağa başlamışdır. Bu proqramda dünya təhsil sisteminə inteqrasiya olunmaq, ölkə əhalisini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi və onun bütün imkanlarından istifadə olunması üçün elektron dərsliklərin, Elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənilib hazırlanması və tətbiqi nəzərdə tutulmuşdur.


Dövlət Başçısının başqa bir Sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan") təsdiq edilmişdir.

Dövlət başçısı İlham Əliyevin adı çəkilən Sərəncamları əsasında bu gün Azərbaycanda kitabxana işi, kitabxanaların avtomatlaşdırılması və bunun nəticəsində iri həcmli informasiyalarla zəngin Elektron kitabxanaların - latın qrafikasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın yaradılması işi ötən illərə nisbətən daha sürətlə inkişaf edir və Azərbaycan elektron - virtual kitabxanaların inkişafı yolunda inamla irəliləyir.



Ədəbiyyat


Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı ("Elektron Azərbaycan")- www.mincom.gov.az/new/download/ehokumet/e-hokumet_tp.doc
Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)- http://edu.gov.az/?con=238
***

Azərbaycan Milli Kitabxanası müasir elektron avadanlıqla təchiz edilmişdir//Azərbaycan . - 2006. - 27 dekabr. - S.6.


Elmanoğlu S. Heydər Əliyevin zəngin irsini beynəlxalq miqyasda təbliğ edən layihə//Azərbaycan. - 2006. - 13 oktyabr. - S.6.
Rəhimgızı Z. Azərbaycan klassikası latın qrafikalı elektron səhifədə. "Azərbaycan - Qutenberq" layihəsi milli ədəbiyyatımızı dünya oxucularına çatdıracaq.- Ayna.- 2004.- 15 iyul.- http://www.press.az/digest1_az.php?Id=38
Təhsildə Informasiya Texnologiyaları. - http://www.tehsil.org/contents.php?cid=42

***
Багрова И.Ю. Электронная библиотека (по материалам англоязычной печати 2000-2004 гг.).- http://www.library.ru/1/kb/articles/article.php?a_uid=240


Вислый А.И. Электронные библиотеки России. Проблемы формирования и использования // Библиотеки и ассоциации в меняющемся мире: новые технологии и новые формы сотрудничества: Материалы конф.- М., 2001.- Т.1.- С. 298-304.
Земсков А.И. Шрайберг Я.Л. Электронные Библиотеки: Учебное пособие для студентов ун-тов и вузов культуры и искусств и др. учебн. заведений.- М., 2001.- 92 с.
Кузьмишина Т.М. "Компьютерный" взгляд на термин "виртуальная библиотека". - http://www.gpntb.ru/win/ntb/ntb97/11/F11_05.html
Морган Э. Электронные книги, библиотеки и право собственности // Науч. и техн. б-ки.- 2001.- №8.- С. 27-35.
Никонорова Е.В. Концепция электронной библиотеки Российской государственной библиотеки. - http://orel.rsl.ru/archive/koncepcia.htm
Проект Концепции электронной библиотеки ГПИБ. - http://www.shpl.ru/shpage.php?menu=268
Сергей Канн. Виртуальная библиотека - миф или реальность? - http://www.prometeus.nsc.ru/works/virlib.ssi
Электронные библиотеки: «мышь» в читательном зале.- http://www.nicts.az/rus/book/ArticleNo2.pdf
Электронные библиотеки: перспективные методы и технологии, электронные коллекции = Digital libraries : advanced methods and technologies, digital collections : Тр. Четвертой Всерос. науч. конф., Дубна, 15-17 окт. 2002 г. : RCDL'2002 : [ В 2 т. ]


1 Elektron resurs (sadə və ya mürəkkəb) daxili struktura malik məlumatların – informasiyaların şərti vahididir. İnternetdə resurs özünün istinad adresi (İnternet-adresi) olan əlahiddə obyektdir

2 Elektron sənəd müxtəlif aparat və proqramların köməyi ilə insanlar tərəfindən qəbul olunub mənimsənilə bilən kompüterin yaddaşında və ya xarici məlumat daşıyıcılarında (CD, DVD diskləri, disketlər...) olan məlumatlar məcmuyudur.

3 Məlumat bazası - hesablama texnalogiyası vasitəsi ilə rəqəmləşdirilmiş məlumatlar toplusudur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə