Rİzvanov azərbaycana qarşı İŞ




Yüklə 107.93 Kb.
tarix06.03.2016
ölçüsü107.93 Kb.
BİRİNCİ BÖLMƏ

RİZVANOV AZƏRBAYCANA qarşı İŞ


(Ərizə 31805/06)
QƏRAR
STRASBURQ
17 aprel 2012

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndi ilə müəyyən olunan hallarda qəti xarakter daşıyacaq. Qərara redaktə məqsədilə dəyişikliklər edilə bilər.
Rizvanov Azərbaycana qarşı işdə,

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə),

Nina Vajić, Prezident, 
Peer Lorenzen, 
Xanlar Hacıyev, 
Mirjana Lazarova Trajkovska, 
Julia Laffranque, 
Linos-Alexandre Sicilianos, 
Erik Møse, hakimlər, 
və André Wampach, Bölmə Katibinin Müavinindən ibarət tərkibdə Palatada işə baxaraq ,

27 mart 2012-ci ildə qapalı müşavirə keçirərək,

Həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

PROSEDUR

1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan Cənab Sarvan Səməd oğlu Rizvanovun (Sarvan Səməd oğlu Rizvanov – Ərizəçi) Azərbaycana qarşı verdiyi ərizə üzrə (№31805/06) 27 iyul 2006-cı ildə başlanıb.


2.  Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas Cənab İ. Əliyev tərəfindən təmsil olunub. Azərbaycan Hökumətini (Hökumət) onun nümayəndəsi Cənab Ç. Əsgərov təmsil edib.
3.  Ərizəçi xüsusi olaraq iddia edir ki, o, mitinq zamanı polis zorakılığının qurbanı olub və yerli qurumlar hadisəni səmərəli araşdırmayıblar.
4.  7 yanvar 2008-ci ildə ərizə ilə bağlı Hökumətlə kommunikasiyaya başlanıb. Həmçinin, qəbuledilənlik və mahiyyət üzrə qərarın eyni zamanda çıxarılması qərara alınıb (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I.  İŞİN HALLARI
5.  Ərizəçi 1966-cı ildə Azərbaycanda, Qəbələdə anadan olub və Almaniyada yaşayır.
A. İddia edilən pis rəftar
6.  Ərizəçi müvafiq hadisələr zamanı Bakıda yerləşən Turan İnformasiya Agentliyində jurnalist çalışırdı.
7.  9 noyabr 2005-ci ildə müxalifəti təmsil edən siyasi partiyalar qrupu Bakının Qəbələ meydanında icazəli mitinq keçirib. Bu mitinqdə çəkiliş edən ərizəçi jurnalist olduğunu bildirən xüsusi mavi gödəkcə geyinib.
8. Mitinqin keçirildiyi meydanın kənarında nərdivana bənzər hündür dəmir konstruksiya var idi. Mitinqin fotolarını çəkən ərizəçi daha yaxşı görüntü əldə etmək üçün bu konstruksiyaya dırmaşıb. Həmin meydandakı çoxsaylı əvvəlki mitinqlər zamanı da konstruksiya jurnalistlər tərəfindən eyni məqsəd üçün istifadə edilib.
9.  Ərizəçi fotoçəkiliş apararkən, Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik C.M. onu bir neçə dəfə dəyənəklə vurub. Bir sıra jurnalistlər və yaxınlıqda dayanan başqa insanlar hadisənin şahidi olublar.
10.  Bu hadisədən az sonra C.M. bir qrup jurnalistə yaxınlaşaraq bildirib: “Mən onu yavaş vurdum. Əgər bərk vursaydım, o, ölərdi”. Jurnalistlərdən biri onun bu səsini diktafona yazmağa müvəffəq olub.
11.  10 noyabr 2005-ci ildə ərizəçi tibbi müalicə üçün xəstəxanaya gedib. Ona ambulator müalicə üçün bəzi şifahi tibbi məsləhət verilib, amma yazılı resept təqdim edilməyib. Ərizəçini müayinə edən həkim belə bir tibbi arayış yazıb:
Tam diaqnoz: sol baldırın və qolun sol yuxarısının əzilməsi.
Xəstəyə əsasən, o, 9 noyabr 2005-ci ildə mitinq zamanı təxminən günorta 3 radələrində xəsarət alıb…Xəstə müalicə və [tibbi] məsləhət alıb. Arayış 10 noyabr 2005-ci ildə yazılıb”.
B. Cinayət mühakimə icraatı
12.  11 noyabr 2005-ci ildə ərizəçi Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə şikayət verib. O bildirib ki, C.M. ona qarşı aşırı və əsassız güc tətbiq edib və bir sıra şəxslər bunu görüb, eləcə də, onda C.M.-nin ərizəçini dəyənəklə vurmasını etiraf edən lent yazısı var. Azərbaycanın Mətbuat Şurası da daxil olmaqla, digər jurnalist təşkilatları Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə yazaraq ərizəçiyə qarşı pis rəftara görə məsuliyyət daşıyan şəxsi cəzalandırmağı xahiş ediblər.
13.  Hökumətə görə, ərizəçinin 11 noyabr 2005-ci il şikayəti 14 noyabr 2005-ci ildə Baş Prokurorluq tərəfindən qəbul edilib və daha sonra Yasamal Rayon Prokurorluğuna göndərilib və 28 noyabr 2005-ci ildə ora çatdırılıb.
14. 1 dekabr 2005-ci ildə prokurorun tələbi ilə ərizəçi məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib və ekspert 9 noyabr 2005-ci ildə ərizəçiyə vurula bilən hər hansı xəsarətin olmadığını aşkar edib. Həmin gün verilən ekspert rəyində deyilir:
[Müayinə:] Sol baldırın yan səthinin yuxarı üçdə birində sərhədləri aydın, tünd mavi-bənövşəyi, 3.5x2.5sm. ölçülü, qeyri-müəyyən formalı qançır var. Qolun sol yuxarısı da daxil olmaqla, bədənin başqa hissələrində hər hansı başqa xəsarət və ya xəsarət izi aşkar edilməyib...

[Nəticə:] 1. [Ərizəçinin] məhkəmə-tibbi müayinəsi zamanı onun sol baldırının yan səthinin yuxarı üçdə birində bir ədəd qançır aşkar olunub; qançır küt əşyanın təsirindən törənib (küt əşyanın növünü daha dəqiq müəyyən etmək mümkün deyil, çünki xəsarət alan hissədə həmin əşya ilə toxunmadan yaranan hər hansı fərdi əlamət yoxdur), [xəsarətin yetirilmə] müddəti müayinədən təxminən iki-dörd gün əvvələ uyğun gəlir, [xəsarət] sağlamlığa zərər vurmayandır...

2. Məhkəmə-tibbi müayinə zamanı [ərizəçinin] bədən səthində 9 noyabr 2005-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və onun izi aşkar olunmadığından, eləcə də, onun adına verilmiş [10 noyabr 2005-ci il] arayışda hər hansı bir xəsarətin obyektiv əlamətləri (başqa sözlə, həmin arayışdakı əzilmələr qançır, sıyrıq, yara və digər xəsarətlərin obyektiv əlamətlərinin təsviri ilə verilməyib) göstərilmədiyindən onun həmin tarixdə xəsarət alıb-almamasını müəyyən etmək mümkün deyil.

15.  3 dekabr 2005-ci ildə Yasamal Rayon Prokurorunun müavini cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib. Prokuror iki jurnalistin ərizəçinin hadisələr versiyasını dəstəkləməklə verdikləri iki şahid ifadəsini və C.M.-in ərizəçiyə qarşı aşırı güc tətbiq etmədiyi, ərizəçinin dəmir konstruksiyadan aşağı düşməsini xahiş etməsinin onun yıxılması və ətrafda dayanan insanlara xəsarət yetirməsi riski ilə bağlı olması barədə izahatını araşdırıb. İki polis nəfəri C.M.-in hadisələr versiyasını təsdiqləyən ifadələr verib. Prokuror, həmçinin, 1 dekabr 2005-ci il məhkəmə-tibb ekspertizasının rəyinə əsaslanaraq müəyyən edib ki, mövcud sübutlar cinayət hadisəsinin olmasını təsdiq etmir.


16.  Ərizəçi həmin qərardan Yasamal Rayon Məhkəməsinə şikayət edib. O iddia edib ki, prokurorun qərarı əsaslandırılmayıb. Belə ki, prokuror şahid ifadələrini, 10 noyabr 2005-ci il tibbi arayışı, lent yazısını və ərizəçi tərəfindən təqdim edilən fotoları nəzərə almayıb. O, həmçinin, prokurorun geniş istinad etdiyi 1 dekabr 2005-ci il ekspert rəyinin qərəzsizliyini də mübahisələndirib. Sübut kimi ərizəçi şikayətinə 10 noyabr 2005-ci il tibbi arayışı, diktafon yazısını və fotoları təqdim edib.
17.  26 yanvar 2006-cı ildə Yasamal Rayon Məhkəməsi ərizəçinin şikayətini rədd edib və müəyyən edib ki, prokurorun 3 dekabr 2005-ci il qərarı qanunidir və düzgün əsaslandırılıb. Məhkəmə bildirib ki, C.M. səlahiyyət həddi çərçivəsində hərəkət edib və yaxınlıqdakı insanların təhlükəsizliyini təmin etmək üçün ərizəçinin dəmir konstruksiyadan aşağı düşməsi ilə bağlı öz vəzifələrini yerinə yetirib. Məhkəmə, həmçinin, 1 dekabr 2005-ci il ekspert rəyinə istinad edərək qeyd edib ki, 9 noyabr 2005-ci ildə ərizəçinin bədəninə yetirilə bilən hər hansı xəsarət aşkar edilməyib.
18.  Qərarda ərizəçi tərəfindən təqdim edilən hər hansı sübut- 10 noyabr 2005-ci il tibbi arayış, lent yazısı və fotolara istinadlar öz əksini tapmadı. Məhkəmə iclasının stenoqramından belə görünür ki, məhkəmə hər hansı şahidi dindirməyib.
19.  27 yanvar 2006-cı ildə ərizəçi əvvəlki arqumentlərini təkrarlayaraq bu qərardan şikayət verib.
20.  8 fevral 2006-cı ildə Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2006-cı il qərarını qüvvədə saxlayıb.
C. Mülki mühakimə icraatı
21.  22 mart 2006-cı ildə ərizəçi C.M.-ə qarşı şərəf, ləyaqət və işgüzar nüfuza dəyən ziyana görə kompensasiya verilməsi barədə mülki icraata başlayıb. O, həmçinin, məhkəmədən C.M.-in cinayət məsuliyyəti məsələsinin yenidən araşdırılması üçün iş materiallarının prokurorluq orqanlarına göndərilməsini xahiş edib.
22.  10 aprel 2006-cı ildə Yasamal Rayon Məhkəməsi ərizəçinin iddiasını qəbul etməkdən imtina edib. Məhkəmə hesab edib ki, iddia yerli məhkəmələrin qüvvəyə minmiş qərarları ilə rədd edilən öncəki cinayət işi üzrə şikayətlə mahiyyət etibarilə eynidir.
23.  Ərizəçi tərəfindən verilən çoxsaylı şikayətlərin ardınca 5 oktyabr 2006-cı ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını ərizəçinin dəyənəklə vurulması şikayəti ilə bağlı hissədə qüvvədə saxlayıb. Bununla belə, Ali Məhkəmə ərizəçinin iddia etdiyi şərəf, ləyaqət və işgüzar nüfuza vurulan ziyana görə kompensasiya hissəsində qərarı ləğv edib və bu iddianın məhkəmələr tərəfindən araşdırılmalı olmasını müəyyən edib.
24. 15 iyul 2007-ci ildə Yasamal Rayon Məhkəməsi mahiyyət üzrə qərar qəbul edib. Məhkəmə ərizəçinin kompensasiya tələbini C.M.-in ona hər hansı mənəvi ziyan vurmasını sübut edə bilmədiyinə görə rədd edib.   
25. 3 oktyabr 2007-ci ildə Bakı Apellyasiya Məhkəməsi 15 iyul 2007-ci il qərarını qüvvədə saxlayıb.
26. Ərizəçi hüquq məsələləri ilə bağlı apellyasiya şikayəti verib. 29 dekabr 2007-ci ildə Bakı Apellyasiya Məhkəməsi onun şikayətini qəbul etməkdən imtina edib. Məhkəmə bildirib ki, şikayət səlahiyyətli şəxs tərəfindən imzalanmayıb və yerli qanunvericilikdə tələb olunduğu kimi ərizəçi vəkil tərəfindən təmsil edilməyib.
27. 25 iyun 2008-ci ildə Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2007-ci il qəbuledilməzliklə bağlı qərarını qüvvədə saxlayıb.
28. Eyni zamanda, 2006-cı ilin avqustunda ərizəçi ilkin olaraq mülki işi qəbul etməkdən imtina edən Yasamal Rayon Məhkəməsinin hakimi barədə intizam icraatının başlanması barədə Məhkəmə Hüquq Şurasına müraciət edib. Məhkəmə Hüquq Şurası bu müraciəti araşdırmaqdan imtina edib. Daha sonra ərizəçi bu imtinadan yerli məhkəmələrə şikayət etsə də, hər hansı bir uğurlu nəticə əldə etməyib.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Azərbaycan Respublikasının Konstitusiyası
29.  Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 3-cü bəndində deyilir:
Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”.
B. 28 oktyabr 1999-cu il Polis haqqında Qanun
30. Polis əməkdaşları bir sıra hallarda, o cümlədən, şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda şəxsə qarşı xüsusi vasitələr tətbiq edə bilər (maddə 26.II). “Xüsusi vasitələr”ə dəyənəklər, əl-qolu bağlama vasitələri, gözyaşardıcı qazlar, rezin güllələr və suatan vasitələr daxildir (maddə 1). Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Polis əməkdaşları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və onun qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir (maddə 26.VII). Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşı müvafiq qanunvericiliyə əsasən, məsuliyyət daşıyır (maddə 26.IX).

31. Polis əməkdaşları insana qarşı fiziki qüvvəni, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edə bilər (maddə 27.I.1). Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi nəticəsində zərərçəkənlərə tibbi yardım göstərilməsi təmin edilməlidir (maddə 27.I.5). Polis əməkdaşı fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində dərhal müvafiq polis orqanına yazılı məlumat verməlidir (maddə 27.I.7). Belə vasitənin tətbiqi barədə 24 saat ərzində müvafiq prokuror da məlumatlandırılmalıdır (maddə 27.I.8).



HÜQUQ

I.  KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
32.  Ərizəçi ciddi fiziki və mənəvi əzablara səbəb olan polis zorakılığına məruz qalmasından və yerli qurumların buna məsuliyyət daşıyan polis əməkdaşını müəyyən etmək və cəzalandırmaq istiqamətində səmərəli araşdırma aparmamasından şikayət edib.
Konvensiyanın 3-cü maddəsində deyilir:
Heç kəs işgəncəyə, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”.
A.  QƏBULEDİLƏNLİK
33.  Hökumət iddia edib ki, ərizəçi dövlətdaxili vasitələri tükətməyib. Hökumət, o cümlədən, bildirib ki, ərizəçi mülki iş üzrə icraat zamanı ona dəyməsi iddia edilən mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı müvafiq kassasiya şikayəti verməyib.
34.  Ərizəçi Hökumətin mövqeyi ilə razılaşmayıb.

35.  Məhkəmə təkrarlayır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində göstərilən dövlətdaxili vasitələrin tükədilməsi qaydası ərizəçilərdən ilk növbədə yerli hüquq sistemində mövcud və yetərli olan vasitələrdən yararlanmaqla iddia edilən pozulmuş hüquqlarının müdafiəsini tələb edir. Vasitələrin mövcudluğu həm təcrübədə, həm də nəzəri olaraq yetərincə müəyyən olunmalıdır, əks halda çatımlılıq və səmərəlilik tələbləri pozulmuş olacaq. 35-ci maddənin 1-ci bəndi son nəticədə Məhkəməyə göndərilməsi planlaşdırılan şikayətlərin ən azı mahiyyətcə və milli qanunvericilikdə nəzərdə tutulan formal şərtlərə uyğun olmaqla müvafiq yerli qurum qarşısında qaldırılmalı olmasını tələb edir. Bununla belə, bu tələb qeyri-münasib və ya qeyri-səmərəli vasitələrə aid deyil (bax: Akdivar və başqaları Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, b. 65-67, Qərarlar Toplusu 1996-IV).



36. Məhkəmə bildirir ki, hazırki işdə ərizəçi cinayət icraatı qaydasında prokurorluq orqanlarına şikayət verib, mülki qaydada isə yerli məhkəmələrdə iddia qaldırıb.


37.  Ərizəçinin mülki icraat zamanı kompensasiya tələbi ilə bağlı Hökumətin etirazına gəldikdə, Məhkəmə qeyd edir ki, bu vasitə polis tərəfindən iddia edilən pis rəftarla bağlı bu kimi işlərdə razılığa gələn dövlətin Konvensiyanın 3-cü maddəsi ilə müəyyən edilən öhdəlikləri baxımından yetərli sayıla bilməz, çünki burada məqsəd buna məsuliyyət daşıyanları müəyyən etmək və cəzalandırmaq yox, dəymiş ziyana görə kompensasiyanın ödənilməsidir (bax: Gladyshev Rusiyaya qarşı, N 2807/04, b. 49, 30 iyul 2009-cu il, və Yaşa Türkiyəyə qarşı, 2 sentyabr 1998-ci il, b. 74, Qərarlar Toplusu 1998-VI). Buna görə də, Məhkəmə Hökumətin etirazını rədd edir.
38. Hökumətin etirazının cinayət icraatı üzrə yerli vasitələrin tükədilməməsinə də aid edilməsi nəzərə alınsa, Məhkəmə hesab edir ki, hazırki işdə cinayət işi üzrə aparılan araşdırmanın səmərəliliyi məsələsi şikayətin mahiyyəti ilə sıx bağlıdır. Bu baxımdan, Məhkəmə bu məsələni işə mahiyyət üzrə baxılması ilə birləşdirməyi və 3-cü maddənin prosedur aspekti çərçivəsində aşağıda araşdırmağı qərara alır.
39. Məhkəmə hesab edir ki, başqa halda bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndinin nəzərdə tutduğu mənada açıq-aydın əsassız deyil. Həmçinin, bildirir ki, hər hansı başqa səbəblərə görə qəbuledilməyən deyil. Buna görə də, şikayət qəbuledilən elan edilməlidir.

B. MAHİYYƏT
1.  Ərizəçinin polis əməkdaşı tərəfindən iddia edilən pis rəftara məruz qalması
(a)  Tərəflərin arqumentləri
40. Hökumət bildirib ki, ərizəçi polis əməkdaşı tərəfindən pis rəftara məruz qalmayıb. Onlar ərizəçinin bədənində 9 noyabr 2005-ci ildən başlayaraq hər hansı xəsarətin müəyyən edilməməsini müəyyən edən 1 dekabr 2005-ci il məhkəmə-tibb ekspertizasının rəyinə istinad ediblər. Hökumət, həmçinin, qeyd edib ki, 10 noyabr 2005-ci il tibbi arayışı xəsarət növlərini dəqiq müəyyən etmədiyindən və onları doğuran səbəbləri araşdırmadığından tibbi sübut olaraq mötəbər deyildi.
41. Hökumət daha sonra bildirib ki, hətta polisin ərizəçiyə qarşı güc tətbiq etməsi ehtimal edilsə belə, bu aşırı güc kimi xarakterizə edilməməlidir. Belə ki, ərizəçi polis əməkdaşının dəmir konstruksiyadan düşməklə bağlı qanuni tələbini yerinə yetirməyib və bununla da, özü və başqaları üçün təhlükə yaradıb. Bu mənada, Hökumət bildirib ki, təhlükəli fəaliyyət nəticəsində şəxsin özünə və ya başqalarına ziyan vurması riski varsa, polis dəyənəkdən istifadə edə bilər.
42. Ərizəçi pis rəftara məruz qaldığını və hər hansı əsas olmadan polis əməkdaşının ona qarşı aşırı güc tətbiq etdiyini bildirib. Bu mənada, o, şahid ifadələrinə, fotolara, lent yazısına və 10 noyabr 2005-ci il tarixli tibbi arayışa istinad edib.
(b) Məhkəmənin qiyməti
43. Məhkəmə bir daha vurğulayır ki, 3-cü maddə demokratik cəmiyyətin ən əsas dəyərlərindən birini qoruyur. Hətta terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi ən çətin durumlarda belə Konvensiya işgəncəni, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı mütləq mənada qadağan edir. Konvensiyanın və 1 və 4 saylı Protokolların bir çox maddi-hüquqi müddəalarından fərqli olaraq, 3-cü maddədə istisnalar nəzərdə tutulmur və onun müddəaları hətta millətin yaşamını təhdid altına alan fövqəladə vəziyyət şəraitində belə 15-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş geri çəkilmələrə yol vermir (bax: Selmouni Fransaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 25803/94, b. 95, AİHM 1999-V; və Assenov və başqaları Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il, b. 93, Qərarlar toplusu, 1998-VIII)
44. 3-cü maddənin təsiri altına düşmək üçün pis rəftar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimum səviyyənin qiymətləndirilməsi işin bütün hallarından, məsələn həmin rəftarın davam etmə müddətindən, onun fiziki və ya ruhi təsirindən, eləcə də bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, b. 162, A seriyaları, c. 25; Kudla Polşaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 30210/96, b. 91, AİHM 2000-XI; və Peers Yunanıstana qarşı, ərizə N 28524/95, b. 67, AİHM 2001-III). Məhkəmə hesab edir ki, rəftarın “qeyri-insani” olması üçün o, digər əlamətlərlə yanaşı, düşünülmüş olmalı, saatlarla tətbiq edilməli, habelə ya faktiki bədən xəsarəti, ya da ciddi fiziki və ruhi əzab yetirməlidir. O, rəftarı ona görə “ləyaqəti alçaldan” hesab edir ki, o, qurbanlarda təhqiredici və alçaldıcı olan qorxu, əzab və acizlik hisslərini yaradır (bax: Kudlanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 92).
45. Məhkəmə sübutları qiymətləndirərkən, adətən, “əsaslı şübhə yeri qoymayan” sübutetmə standartını tətbiq edir. Lakin bu cür sübut yetərincə güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair təkzibolunmaz analoji ehtimalların birgə mövcudluğundan irəli gəlməlidir (bax: Avşar Türkiyəyə qarşı qərar, N 25657/94, b. 282, AİHM 2001-VII (çıxarışlar)). Məhkəmə  öz rolunun subsidiar xarakterli olduğuna həssaslıqla yanaşır və etiraf edir ki, faktların müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin funksiyasını öz üzərinə götürməsini konkret işin halları baxımından qaçılmaz olan hallarda ehtiyatla etməlidir (misal üçün bax: McKerr Birləşmiş Krallığa qarşı (qəbuledilənliklə bağlı qərar), ərizə N 28883/95, 4 aprel 2000-ci il). Bununla belə, Konvensiyanın 3-cü maddəsi üzrə iddialar irəli sürüldükdə, hətta artıq müəyyən daxili məhkəmə prosesləri və istintaqlar aparılmış olsa da, Məhkəmə məsələni xüsusi diqqətlə hərtərəfli araşdırmalıdır (bax: Muradova Azərbaycana qarşı, N. 22684/05, b. 99, 2 aprel 2009-cu il, və yuxarıda qeyd edilən Avşar qərarı, b. 283-84).
46.  Hazırki işin hallarına qayıdaraq, Məhkəmə ilk əvvəl onu müşahidə edir ki, təkcə ərizəçiyə tətbiq edilən gücün aşırı olub-olmamasında deyil, eləcə də, ərizəçinin polis tərəfindən ümumiyyətlə güc tətbiqinə məruz qalıb-qalmaması məsələsində tərəflər arasında fikir ayrılıqları var (Yuxarıda istinad edilən Muradova qərarı ilə müqayisə et, b. 107).
47.  Məhkəmə hesab edir ki, ərizəçi polis tərəfindən güc tətbiqi faktını təsdiqləyən yetərincə güclü sübut təqdim edə bilib. Belə ki, ərizəçi hadisədən bir gün sonra verilən 10 noyabr 2005-ci il tarixli tibbi arayışı təqdim edib. Aydındır ki, bu rəy məhkəmə-tibb eksperti tərəfindən verilməyib və xəsarətlərin dəqiq məhkəmə-tibbi təsviri göstərilməyib, yaxud məhkəmə-tibbi metodlardan yararlanaraq onların yaranma səbəblərinin müəyyən edilməsinə çalışılmayıb. Bununla belə, arayışa əsasən ərizəçinin sol ayağının və qolunun sol yuxarı hissəsinin əzilməsi təsdiq edilir. Daha sonra, bundan bir gün sonra ərizəçi cinayət mühakimə icraatı qaydasında dərhal şikayət verərək yerli qurumlardan xəsarət faktını təsdiq edəcək müvafiq məhkəmə-tibb ekspertizasının keçirilməsini tələb edib. Bununla belə, rəsmi məhkəmə-tibb ekspertizası çox gec- iddia edilən hadisədən 21 gün sonra qərara alınıb və keçirilib.
Operativ şəkildə ekspertizanın keçirilməsi həlledici idi, çünki bir sıra hallarda xəsarət əlamətləri yetərincə tez itir, yaxud bəzi zədələr bir neçə həftəyə və hətta bir neçə günə sağalır. Məhz bu səbəbdən, Məhkəmə ərizəçinin 9 noyabr 2005-ci ildə xəsarət alıb-almamasını müəyyən etməyin mümkün olmadığı qənaətinə gələn dövlətin 1 dekabr 2005-ci il gecikmiş ekspert rəyini qəbul edə bilməz (həmçinin, aşağıda qeyd edilən 58-59-cu bəndlərə bax). Yuxarıdakılara əsasən, Məhkəmə hesab edir ki, müəyyən çatışmazlıqlara baxmayaraq, 10 noyabr 2005-ci il arayışı 1 dekabr 2005-ci il məhkəmə-tibb ekspertizasının rəyinə nəzərən daha mötəbər tibbi sübut sayılır və onun məzmunu bu şikayətin məqsədləri baxımından ərizəçinin sol ayağı və qolunun sol yuxarı hissəsinə xəsarətlərin yetirilməsi barədə nəticəyə gəlmək üçün yetərlidir.
48.  Bundan başqa, ərizəçi C.M. tərəfindən vurulması iddiasını təsdiq edən şahid ifadələri təqdim edib. Ərizəçinin hadisələr versiyası, həmçinin, onun tərəfindən təqdim edilən fotolar və lent yazısı ilə sübut olunub. Belə ki, lent yazısında C.M. özü digər jurnalistlərə ərizəçini vurduğunu etiraf edib. Təqdim edilən fotolar da C.M.-in əlində dəyənəklə hadisə yerində iştirak etməsini sübut edib. Belə olan təqdirdə, Məhkəmə ərizəçinin 10 noyabr 2005-ci il tarixli tibbi arayışda göstərilən xəsarətlərin 9 noyabr 2005-ci ildə polis tərəfindən yetirilməsi arqumentində hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Məhkəməyə təqdim edilən müvafiq sübutlar polis əməkdaşının mitinq zamanı ərizəçini dəyənəklə vurması faktını ən azı ehtimal etmək üçün yetərlidir. Məhkəmənin fikrincə, nə Hökumət öz izahatlarında, nə də yerli qurumlar müvafiq qərarlarında bu ehtimalı inandırıcı şəkildə təkzib ediblər.
49.  Məhkəmə müvafiq olaraq ərizəçiyə qarşı güc tətbiqinin aşırı olub-olmamasını araşdıracaq. Buna görə də, Məhkəmə güc tətbiqinin hallarına xüsusi önəm verir (bax: Güzel Şahin və başqaları Türkiyəyə qarşı, N. 68263/01, b. 50, 21 dekabr 2006-cı il, və Timtik Türkiyəyə qarşı, N. 12503/06, b. 49, 9 noyabr 2010-cu il). Şəxsin polis və ya digər dövlət nümayəndəsi tərəfindən fiziki güclə üzləşməsi insan ləyaqətinə xələl gətirməklə Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan hüququn pozuntusudur, belə ki, bunun şəxsin öz davranışı ucbatından baş verməsi çox vacib deyil (bax: Kop Türkiyəyə qarşı, N 12728/05, b. 27, 20 oktyabr 2009-cu il, və yuxarıda istinad edilən Timtik qərarı, b. 47).
50.  Məhkəmə Hökumətin polis tərəfindən ərizəçiyə güc tətbiqinin fərz edildiyi təqdirdə belə ərizəçinin polis əməkdaşının qanuni tələbinə əməl etməməsi səbəbindən bu gücün əsaslı olduğu və aşırı olmadığı barədə arqumentini qəbul edə bilməz. Belə ki, Məhkəmə ərizəçinin jurnalist olaraq fərqləndirici xüsusi mavi gödəkcədə çəkiliş apardığı icazəli mitinq zamanı polis tərəfindən güc tətbiqinə məruz qalması faktının üzərindən keçə bilməz. Ərizəçinin polisə qarşı zorakılığa yol verməməsi və ya onu hədələməməsi mübahisəsizdir. Bundan başqa, Hökumətin əks-arqumentlərinə baxmayaraq, dəmir konstruksiyadan çəkiliş məkanı kimi istifadə etməklə ərizəçinin meydandakı insanlara əslində ciddi təhlükə yaratması və güc tətbiqinə keçməmişdən əvvəl bu təhlükə barədə polisin onu əslində xəbərdarlıq etməsi və əməl etməsinə ağlabatan imkan yaratması cinayət işi üzrə araşdırmanın və başqa yerli icraatların sonunda inandırıcı şəkildə müəyyən edilmədi. Bu mənada, Məhkəmə həmin dəmir konstruksiyanın eyni şəkildə və eyni məqsəd üçün jurnalistlər tərəfindən əvvəllər istifadə edilməsi barədə ərizəçinin arqumentlərini nəzərə alır. Belə olan təqdirdə, Məhkəmə hesab edir ki, Hökumət ərizəçiyə qarşı tətbiq edilən gücün ciddi şəkildə onun öz davranışı ilə bağlı olduğuna inandıra bilməyib. Ona görə də, Məhkəmə güc tətbiqinin aşırı olduğu və zəruri olmadığından başqa nəticəyə gələ bilmir.
51.  Məhkəmə hesab edir ki, ərizəçiyə dəyən nisbətən yüngül xəsarətlərə görə ciddi tibbi müdaxilələrə ehtiyacın olmaması onu göstərir ki, o, hər hansı ciddi və ya davamlı fiziki ağrı və ya əzab keçirməyib. Bununla belə, şikayət edilən pis rəftar ərizəçidə təhqiredici və alçaldıcı olan qorxu, əzab və acizlik hissləri yaratdığından Konvensiyanın 3-cü maddəsinin nəzərdə tutduğu mənada minimum qəddarlıq dərəcəsinə çataraq qeyri-insani və ləyaqəti alçaldan rəftar hesab edilmək üçün yetərincə ciddi idi.
52.  Müvafiq olaraq, Konvensiyanın 3-cü maddəsinin maddi-hüquqi aspekti pozulub.
2. İddia edilən səmərəli araşdırmanın aparılmaması
(a)  Tərəflərin arqumentləri
53.  Hökumət bildirib ki, yerli qurumlar ərizəçinin pis rəftar iddiaları ilə bağlı səmərəli araşdırma aparıblar. Onlar qeyd ediblər ki, istintaq zamanı ərizəçinin şikayətinin Yasamal Rayon Prokurorluğuna göndərilməsi üçün tələb olunan zamandan dolayı bəzi yubanmalar olub (yuxarıda 13-cü bəndə bax). Bununla belə, ərizəçinin tibbi müayinəsi şikayətin Yasamal Rayon Prokurorluğu tərəfindən qəbul edilməsindən sonra “qısa zaman” ərzində (üç gün) həyata keçirilib və istintaq səmərəli olub. Hökumət daha sonra bildirdi ki, yerli qurumlar müvafiq sübutları araşdırsalar da, ərizəçi tərəfindən təqdim edilən bəzi sübutlar (fotolar, lent yazısı və s.) qanunverciliklə müəyyən edilməyən “şübhəli qaydada” əldə ediliblər.
54.  Ərizəçi bildirib ki, yerli qurumlar pis rəftarla bağlı iddiaları səmərəli araşdırmayıblar. O qeyd etdi ki, yerli məhkəmələr ona qarşı polis zorakılığını təsdiqləyən bütün sübutları diqqətdənkənar qoyublar. Ərizəçi, həmçinin, bildirib ki, 1 dekabr 2005-ci il ekspert rəyi onun prokurorluq orqanlarına şikayətindən 19 gün sonra hazırlanıb və bu səbəbdən, mötəbər sayıla bilməz.
(b)  Məhkəmənin qiyməti
55. Fərd 3-cü maddə pozulmaqla polis tərəfindən pis rəftara məruz qalması barədə mübahisəli tələb irəli sürdükdə, bu maddə Konvensiyanın 1-ci maddəsinə əsasən, dövlətin ümumi öhdəliyi, yəni “yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiya ilə müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” öhdəliyi ilə birgə götürülür və dolayısı ilə dövlətdən səmərəli rəsmi araşdırma aparmağı tələb edir. Bu araşdırma məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnmək gücündə olmalıdır. Belə olmadıqda, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və cəzaya qoyulan ümumi hüquqi qadağanın olduqca önəmli olmasına baxmayaraq, həmin qadağa təcrübədə səmərəsiz ola bilər və dövlət nümayəndələri faktiki olaraq cəzalandırılmadan nəzarətləri altında olan şəxslərə qarşı sui-istifadəyə yol verərək, bir sıra hallarda onları pis rəftara məruz qoya bilərlər (bax: Assenov və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 102; və Labita İtaliyaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 26772/95, b. 131, AİHM 2000-IV).
56. Pis rəftarın olması iddiaları ilə bağlı araşdırma hərtərəfli olmalıdır. Bu o deməkdir ki, dövlət orqanları nəyin baş verdiyini müəyyən etmək üçün ciddi səy göstərməli və istintaqı bitirmək və ya qərarlarını əsaslandırmaq üçün tələsik və ya əsassız nəticələrə güvənməməlidirlər (bax: Assenov və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, 103-cü və sonrakı bəndlər). Onlar hadisəyə dair sübutları, o cümlədən hal şahidlərinin ifadələrini və məhkəmə ekspertizasının sübutlarını təmin etmək üçün mümkün olan bütün ağlabatan addımları atmalıdırlar (bax: Tanrıkulu Türkiyəyə qarşı [Böyük Palatanın qərarı], ərizə N 23763/94, AİHM 1999-IV, 104-cü və sonrakı bəndlər; və Gül Türkiyəyə qarşı, ərizə N 22676/93, b. 89, 14 dekabr 2000-ci il). İstintaq zamanı xəsarətlərin səbəbini və ya məsuliyyət daşıyan şəxslərin kimliyini müəyyən etmək imkanına xələl gətirən hər hansı qüsur araşdırmanın bu standartına cavab verməmək riskini daşıyır (bax: Batı və Başqaları Türkiyəyə qarşı, N 33097/96 və 57834/00, b. 134, AİHM 2004-IV (çıxarışlar)).
57. Məhkəmə bildirir ki, bu iş üzrə cinayət araşdırması aparılıb. Qiymətləndirilməli olan məsələ onun Konvensiyanın 3-cü maddəsinin tələb etdiyi mənada səmərəli olub-olmamasıdır.
58. Məhkəmə qeyd edir ki, istintaq orqanları 10 noyabr 2005-ci il tarixli tibbi arayışa əhəmiyyət verməyiblər. Digər tərəfdən, ərizəçinin pis rəftarla bağlı iddiasını Baş Prokurorluğa operativ formada hadisədən yalnız iki gün sonra verməsinə baxmayaq, müvafiq qurumlar hadisədən 21 gün keçənə qədər ekspertizanın keçirilməsi barədə qərar qəbul etməyiblər. Hökumətin izahatına görə, bu gecikməyə səbəb ərizəçinin şikayətinin Yasamal Rayon Prokurorluğuna göndərilməli olması və bunun zaman almasıdır. Məhkəmə Hökumətin gecikmə ilə bağlı bu arqumentini qəbul edə bilməz. Məhkəmə bildirir ki, prokurorluq orqanları tərəfindən bu gecikmə hər bir halda ərizəçinin yox, yerli qurumların məsuliyyətidir. Ərizəçinin şikayəti lazimi diqqətlə araşdırılmayıb, belə ki, 1 dekabr 2005-ci ilə qədər bu istiqamətdə hər hansı müvafiq prosedur addım atılmayıb.
59.  Bu mənada, Məhkəmə bir daha təkrarlayır ki, ekspert rəyi ilə bağlı sübutun alınmasının vaxtında təmin edilməməsi pis rəftarla bağlı şikayətlərin istintaqının ümumi səmərəliliyinin qiymətləndirilməsi üçün ən önəmli faktorlardan biridir (bax: Məmmədov Azərbaycana qarşı, N 34445/04, b. 74, 11 yanvar 2007-ci il). Yuxarıda qeyd edildiyi kimi, hazırki işdə operativ məhkəmə-tibb ekspertizasının keçirilməsi həlledici idi, belə ki, ekspertiza keçirilənə qədər xəsarət izləri tezcə yox ola və sübut tam və ya qismən əldən çıxa bilərdi. Vaxtında aparılan tibbi yoxlama tibb ekspertinin xəsarətlərin mövcudluğu və yetirilmə vaxtı ilə bağlı dəqiq nəticəyə gəlməsinə imkan verərdi. Halbuki, hazırki işdə bir tərəfdən istintaq orqanları 10 noyabr 2005-ci il tibbi arayışına “tam olmadığından” hər hansı önəm verməyiblər, digər tərəfdən isə özləri vaxtında “düzgün” ekspert rəyi almayıblar. Məhkəmənin fikrincə, bu çatışmazlıq öz-özlüyündə istintaqın bütövlükdə səmərəliliyinə xələl gətirib.
60. Burada, həmçinin, digər çatışmazlıqlar da olub. Belə ki, prokuror ərizəçinin iddiasını müdafiə edən iki şahidi və onun əleyhinə çıxış edən iki polis əməkdaşını dindirib. Bununla belə, istintaqa xitam verilməsi barədə qərarın əsaslandırıcı hissəsində ərizəçinin xeyrinə olan şahid ifadələrinin qiymətləndirilməsi öz əksini tapmayıb. Prokuror bu şahid ifadələrinin ərizəçinin əleyhinə olan polis əməkdaşlarının ifadələrinə nəzərən az mötəbər sayılması səbəbinə aydınlıq gətirməyib. Bundan başqa, istintaq orqanları ərizəçi tərəfindən təqdim edilən lent yazısı və fotolar kimi işə birbaşa aid olan başqa sübutları diqqətdənkənar qoyublar. Bu sübutların qəbul edilməməsi və qiymətləndirilməməsi səbəbləri barədə nə yerli hakimiyyət orqanları, nə də Hökumət tərəfindən inandırıcı izahat verilib.
61. Yuxarıda göstərilənlər Məhkəmənin ərizəçinin pis rəftarla bağlı iddiası üzrə istintaqın Konvensiyanın 3-cü maddəsinin prosedur aspektinin tələblərinə cavab verməməsi nəticəsinə gəlməsi üçün yetərlidir. Beləliklə, Məhkəmə dövlətdaxili vasitələrin tükədilməməsi ilə bağlı Hökumətin etirazını rədd edir və Konvensiyanın 3-cü maddəsinin prosedur aspektinin pozulmasını müəyyən edir.
II. KONVENSİYANIN 13-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
62.  Ərizəçi yerli cinayət istintaqının qeyri-səmərəli olmasından şikayət edib.
63.  Konvensiyanın 13-cü maddəsində deyilir:
Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozuntu rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.
64. Tərəflərin izahatları Konvensiyanın 3-cü maddəsinin prosedur aspekti ilə bağlı təqdim etdikləri izahatlarla ya eyni, ya da mahiyyət etibarilə oxşar idi.
65. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda araşdırılan şikayətlə əlaqədardır və ona görə də, analoji olaraq qəbuledilən sayılmalıdır.
66.  Bununla belə, Məhkəmə hesab edir ki, Konvensiyanın 3-cü maddəsinin prosedur aspektinin pozuntusu müəyyən olunduğundan, 13-cü maddə çərçivəsində ayrıca məsələlər meydana çıxmır və bu şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur.

III. KONVENSİYANIN 6-cı VƏ 10-cu MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTULARI
67. Ərizəçi yerli mülki mühakimə icraatının ədalətsiz aparılmasından şikayət etdi. O, həmçinin, iddia etdi ki, polis tərəfindən pis rəftara məruz qalmasının məqsədi- onun jurnalist fəaliyyətinin həyata keçirilməsinin qarşısını almaq olub.

68.  Konvensiyanın 6-cı maddəsinin müvafiq hissəsində deyilir:

Mülki hüquq və vəzifələr müəyyən edilərkən...hər kəs…məhkəmə vasitəsilə….ədalətli…araşdırılması hüququna malikdir…”

69. Konvensiyanın 10-cu maddəsində deyilir:


1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.
70. Hökumət bildirdi ki, ərizəçi dövlətdaxili vasitələri tükətməyib. Xüsusilə də, ərizəçinin Apellyasiya Məhkəməsinin 3 oktyabr 2007-ci il qərarından hüquq məsələləri ilə bağlı verdiyi şikayət onun prosedur tələblərə uyğun olmaması səbəbindən Ali Məhkəmə tərəfindən rədd edilib. Hökumət, həmçinin, qeyd edib ki, ərizəçi yerli məhkəmələr qarşısında ifadə etmək azadlığının pozulması barədə şikayət etməyib.
71. Ərizəçi öz şikayətlərini müdafiə etdi.
72. Konvensiyanın 6-cı maddəsi ilə bağlı şikayətə münasibətdə Məhkəmə bildirir ki, ərizəçi mülki iş üzrə icraat zamanı yerli vasitələri tükətməyib, belə ki, o, prosedur tələblərə cavab verən kassasiya şikayəti verməyib. Ona görə də, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən, dövlətdaxili vasitələrin tükədilməməsi səbəbindən rədd edilməlidir.
73. Konvensiyanın 10-cu maddəsi ilə bağlı şikayətə gəldikdə, ərizəçi tərəfindən yerli vasitələrin tükədilməsi hətta ehtimal olunsa belə, Məhkəmə əlində olan materiallar və şikayətin onun səlahiyyəti çərçivəsində olması əsasında hər bir halda hesab edir ki, bu şikayət müvafiq maddənin pozuntusunu doğurmur. Buna görə də, Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndi ilə açıq-aydın əsassız olduğundan qəbuledilməyən sayılmalı və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
IV. KONVENSİYANIN 14-cü MADDƏSİNİN 3-cü və 10-cu MADDƏLƏRLƏ BİRGƏ GÖTÜRÜLƏN İDDİA EDİLƏN POZUNTUSU

74. Ərizəçi daha sonra müxalifətin mitinqində jurnalist qismində iştirak etdiyinə görə polis tərəfindən ayrı-seçkiliyə məruz qalmasından şikayət edib.

75. Bununla belə, əldə olan materiallar əsasında və səlahiyyətləri çərçivəsində Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi ərizəçi tərəfindən iddia edildiyi kimi hər hansı ayrı-seçkilik əlamətinin olduğunu göstərmir. Buna görə də, Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndi ilə açıq-aydın əsassız olduğundan qəbuledilməyən sayılmalı və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.

V. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ

76. Konvensiyanın 41-ci maddəsində deyilir:

Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.

A. Ziyan
1. Maddi ziyan
77. Ərizəçi tibbi müalicəsi ilə əlaqədar maddi xərclərə görə 2000 Avro tələb edib.

78. Hökumət ərizəçinin tələbini əsaslandırılmadığından rədd edib.


79. Məhkəmə bildirir ki, Məhkəmə Reqlamentinin 60-cı qaydasına əsasən, istənilən ədalətli əvəz tələbi tərkib elementləri üzrə qruplaşdırılmalı və müvafiq təsdiqedici sənədlərlə birgə yazılı şəkildə təqdim edilməlidir. Bunlar olmadığı təqdirdə, Məhkəmə həmin tələbi tam və ya qismən rədd edə bilər.
80. Hazırki işdə hətta iddia edilən dəymiş ziyanla tapılan pozuntu arasında səbəbli əlaqə olması ehtimal edilsə belə, Məhkəmə hesab edir ki, ərizəçi öz tələbini əsaslandırmaq üçün hər hansı sənəd təqdim etməyib. Daha dəqiqi, o, tibbi müalicəsini sübut edən hər hansı qəbz, resept və ya müalicə xərclərini təsdiq edən hər hansı başqa sənəd təqdim etməyib.
81. Yuxarıdakı səbəblərə əsasən, Məhkəmə maddi ziyanla bağlı ərizəçinin tələblərini rədd edir.
2. Mənəvi ziyan
82. Ərizəçi mənəvi ziyana görə 10000 Avro tələb edib.
83. Hökumət bu tələbi əsaslandırılmamış və həddindən artıq hesab edib.
84. Məhkəmə hesab edir ki, ərizəçiyə dəymiş mənəvi ziyan təkcə pozuntu faktlarının tanınması ilə ödənilə bilməz və buna görə də, kompensasiya təyin edilməlidir. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi ədalət prinsipi əsasında dəyərləndirmə apararaq, ərizəçiyə mənəvi ziyana görə 4500 Avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
B. Xərclər və məsrəflər
85. Ərizəçi cinayət mühakimə icraatı üzrə yerli məhkəmələrə çəkdiyi xərc və məsrəflərə görə 750 Avro, mülki mühakimə icraatı üzrə yerli məhkəmələrə çəkdiyi xərc və məsrəflərə görə 2000 Avro və yerli məhkəmə hakiminə qarşı qaldırdığı intizam icraatı lə bağlı xərclərə və məsrəflərə görə 2000 Avro tələb edib. O, həmçinin, Məhkəməyə çəkdiyi xərc və məsrəflərə görə 2700 Avro tələb edib. Ərizəçi, eləcə də, tərcümə xərclərinə görə 2550 Avro və poçt xərclərinə görə 500 Avro tələb edib. O, əvəzin ödənilməsi tələblərinə sübut olaraq yerli məhkəmələr və Məhkəmədəki icraat zamanı hüquqi yardımın göstərilməsi barədə müqavilələri təqdim edib. Bu müqavilələrə əsasən, qeyd edilən məbləğ Məhkəmənin ərizəçinin hüquqlarının pozulmasını tanıdığı təqdirdə ödəniləcək.
86. Hökumət bu tələbin əsaslandırılmamış və həddindən artıq olduğunu bildirib. Hökumət vurğulayıb ki, ərizəçi öz tələbini əsaslandırmaq üçün zəruri olan bütün sənədləri təqdim edə bilməyib, xərclər və məsrəflər həqiqətən çəkilməyib, çünki iddia edilən məbləğ ərizəçi tərəfindən ödənilməyib.
87. Məhkəmənin presedent hüququna uyğun olaraq, ərizəçi çəkdiyi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun.
88. Məhkəmə ərizəçinin yerli mülki mühakimə icraatı və hakim barəsində intizam icraatı zamanı çəkdiyi xərclər və digər məsrəflərlə bağlı tələblərini rədd edir, belə ki, həmin tələblər hazırki işdə qəbuledilən sayılan şikayətlərlə əlaqədar deyillər.
89. Digər tələblərə gəldikdə, Məhkəmə ilk öncə vurğulayır ki, ərizəçi hüquqi yardım xərclərini həqiqətən də hələ çəkməsə də, o, müqavilə öhdəliklərinə əsasən, bunları ödəməyə borcludur. Buna müvafiq olaraq, hüquqşünas müqavilə ilə ona çatası qonorarın ödənilməsini və ərizəçi həmin məbləğin ona geri qaytarılmasını tələb edə bilər (Bax: Namət Əliyev Azərbaycana qarşı, N 18705/06, b. 109, 8 aprel 2010-cu il). Bununla belə, ərizəçi tərəfindən təqdim edilən hüquqi yardım barədə müqavilələrdə nəzərdə tutulan hüquqi xidmətlərə və hazırki iş üçün tələb olunan hüquqi işin həcminə uyğun olaraq, Məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı tələb edilən məbləğ həddindən artıqdır və yalnız qismən ödənilməlidir. Oxşar olaraq, tərcümə və poçtla bağlı xərclərə gəldikdə, Məhkəmə müəyyən edir ki, ərizəçi tərəfindən təqdim edilən sənədlərin heç də hamısı mahiyyət etibarilə işə aiddir və aydındır, eləcə də bu xərclərlə bağlı iddia edilən yekun məbləğin ağlabatan şəkildə və zəruri olaraq çəkilməsi göstərilməyib. Belə olan təqdirdə, əldə olan sənədlərə və yuxarıda qeyd edilən meyara əsasən, Məhkəmə bütün xərclərə görə 3000 Avro ödəməyi məqsədəuyğun sayır.

C. İcranın gecikdirilməsinə görə faiz
90.  Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə üç faiz əlavə olunmalıdır.

BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Hökumətin dövlətdaxili cinayət-hüquqi vasitələrin tükənməməsi ilə bağlı etirazını mahiyyət üzrə baxılma ilə birləşdirir və bunu rədd edir.
2. Elan edir ki, Konvensiyanın 3-cü və 13-cü maddələri üzrə şikayətlər qəbuledilən, ərizənin qalan hissəsi qəbuledilməyəndir;
3. Qərara alır ki, polis tərəfindən pis rəftara məruz qaldığına görə Konvensiyanın 3-cü maddəsi pozulub;
4. Qərara alır ki, ərizəçinin pis rəftara məruz qalması iddiaları barədə səmərəli araşdırma aparılmaması ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulub;
5. Qərara alır ki, Konvensiyanın 13-cü maddəsi üzrə şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur;
6. Qərara alır
(a) Cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Azərbaycan manatına çevirərək ödəməlidir:
(i) Mənəvi ziyana görə 4500 Avro (dörd min beş yüz Avro) ödənilməli və bu məbləğin üzərinə ondan tutula biləcək hər hansı vergi məbləği əlavə olunmalıdır;
(ii) Məhkəmə xərcləri və digər məsrəflərə görə 3000 Avro (üç min Avro) və bu məbləğin üzərinə ondan tutula biləcək hər hansı vergi məbləği əlavə olunmalıdır;
(b)  yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda göstərilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır;
7. Ərizəçinin ədalətli əvəzlə bağlı qalan tələblərini rədd edir.

Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 17 aprel 2012-ci ildə qərar barədə yazılı məlumat verilib.


André Wampach  Nina Vajić 


Katib Müavini   Prezident


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə