Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ




Yüklə 1.06 Mb.
səhifə8/13
tarix22.02.2016
ölçüsü1.06 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

İxlas

“Qurani-Kərim”in yüz on ikinci surəsi.

Surədə: İslam dininin Tovhid (Allah-Təalanın bir oldu­ğunu bilmək) inancı ən anlamlı şəkildə ifadə edilmişdir.

Xalis, səmimiyyət, niyyəti düzəltmək, təmizləmək, dünya malını düşünmədən ibadətlərini yalnız Allah üçün etmək.

Əməlin işinə, işinin əmələ uyğun olması. Riyakar və ikiüzlü ol­mamaq (bax: Maarifə Hacıyeva, Mehmet Rıhtım. A.K.Ə., s. 165).

Marağalı Əvhədi “Qurani-Kərim”ə istinad edərək ixlası aşa­ğıdakı şəkildə şərh edir:


Riyayla Allaha tutma üzünü,

Hiyləylə araya soxma özünü.

Hiyləyə əl atsa, bu yolda hər kəs,

Taəti namazı bir çöpə dəyməz.

…İxlas yaradanı görməkdir müdam,

İş görmək, o işi görməmək tamam.

Əgər öyrənərsə taətə bədən,

İxlas salacaqdır ürəkdə məskən.

…Səndə riya olsa bircə tük qədər,

Ancaq saxtalıqdır, nə desən əgər!

(“Cami-Cəm”, s. 164-165)
Zöhd

Nəfsini cilovlamaq, nəfsini həvəslərdən qorumaq sufili­yin ümdə şərtlərindəndir.

Marağalı Əvhədi Zöhdün fəzilətini belə şərh edir:
Zöhdün o olar ki, ey tale gəzən,

Sən dünya malından üz döndərəsən.

…Vacib, hünər olan iki zöhd var,

Bunlarla dünyanı dərk etmək olar.

Hünər zöhd halaldan keçməkdir özü,

…Zahid halalı da az yesin gərək,

Çox vaxt halalı da yeməsin gərək.

Hər kəsə zöhd pərdə tutarsa əgər,

O, ilahi vəhyə məhrəm kəsilər.

(“Cami-Cəm”, s. 163-164)


Şəhadət

Şəhadət kəlməsi olan “Lailahəiləllah” Allahdan başqa Allah yoxdur ifadəsini M.Əvhədi belə şərh edir:


Allahı əvvəldən tanımasan sən,

Heç vaxt doğru çıxmaz şəhadət kəlmən.

(“Cami-Cəm”, s. 151)
Şeyx

Təsəvvüfdə sufi müəllim və liderlərinə şeyx deyilmişdir. Şeyx bəndəni Allaha, Allahı bəndəyə sevdirmək istəyən din li­deridir. Şeyx şəriət elminə sahib, özü kamil, öyülən, əxlaqlı (əx­laqi-hamidə) bir mömindir (bax: Maarifə Hacıyeva, Mehmet Rıhtım. A.K.Ə., s. 277).

M.Əvhədinin şərhində şeyx:
Din elmi lazımdır şeyxə, şəriət,

Bir də ki, düz, sağlam, mətin bir hikmət.

Təmiz, müşk ətirli bir nəfəs gərək,

Quruluqdan uzaq baş, beyin, ürək.

Xatiri inamlı, tox olsun gözü,

Cəsur, qorxmaz olsun deyəndə sözü.

(“Cami-Cəm”, s. 143)

Çilə

Sufilərin 40 gün bir bucağa çəkilərək riyazətlə məşğul ol­ması. Başqa ifadə ilə, bir dərvişin qaranlıq bir hücrədə tək­başına 40 gün az yatmaq, az yeyib-içmək və mümkün qədər sürəkli ibadətlə məşğul olduğu müddətdir. Bu, nəfsi tərbiyənin ka­mil­ləşməsinə kömək üçün camaatdan uzaq olmaqdır. Təsəv­vüfdəki çilə ömür boyu deyildir, sadəcə 40 gündür.

M.Əvhədi çiləni belə ifadə edir:
…Az olsun, çox olsun, getsən xəlvətə,

Fikrində yer vermə vara-dövlətə.

Peyğəmbər alverdən olantək uzaq,

Məskəni Hərada oldu bir bucaq.

Girdi mağaraya çıxıb şəhərdən,

Sevincə, şadlığa qovuşdu həmən.

(“Cami-Cəm”, s. 162)
Şair əsərinin din və ağıldan doğulduğu üçün bu əsəri ağıllı adamlara oxumaq qismət eləməsini, onların ürəyinə yol tap­masını, ru­hunun bu əsərdən utanmaması üçün əsərinin pis gözə göstərmə­mə­sini, hər görənin onu gövhərtək qulağına tax­masını, onu Cam nəs­litək şöhrətli etməsini ulu Tanrıdan arzu edir və əsərini belə bitirir:
Bu yeni qaydalı əsərə, ey Haqq!

Ki dindən, ağıldan doğulmuş ancaq.

Öz qəbul nurunu bəxş elə bir dəm,

Könlümü sevinclə sən eylə həmdəm.

…Yaxşılar oxusun, qoy onu ancaq,

Yaman töhmətindən eylə sən uzaq.

…Onun bir xətası olmuşsa, aman,

Bağışla, çünki sən bağışlayansan.

Nəzər salanına həyat bağışla,

Özün Əvhədiyə nicat bağışla.

Zikr etmək, qəlbinə, qoy adət olsun!

İşinin axırı səadət olsun!

(“Cami-Cəm”, s. 238)

OXUCUNU DÜŞÜNDÜRƏN

VƏ YAŞADAN ƏSƏRLƏR*
Bədii ədəbiyyatı həyatın güzgüsü adlandıranlar heç də yanılmırlar. Yaradıcılığını uzun illərdən bəri izlədiyim Nizami Mirzənin hekayə və povestlərində zəngin müşahidə, həyatın özün­dən gələn real gerçəkliklər, sərt həqiqətlər həmişə diq­qə­timi cəlb etmişdir. Üstəlik doğulduğu torpağın rənglərini, isti­li­yini, həzinliyini yazıçı ustalığı ilə bədii əsərlərində əks et­dir­məsi onun yaradıcılığına qeyri-adi bir səmimiyyət, kolorit gə­tirmişdir.

İsmayıllı rayonunun Xanagah kəndində ziyalı ailəsində doğulan, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fa­kül­təsini bitirən, hazırda “Təhsil” jurnalının baş redaktoru iş­lə­yən Nizami Mirzə çətin və maraqlı bir həyat yolu keç­mişdir. Məhz bu maraqlı və çətin həyat yolu gələcək əsərləri üçün ona zəngin ədəbiyyat materialları vermişdir. Yazıçının ayrı-ayrı illərdə çap etdirdiyi “Mavi gözlər”, “Ömür yolu”, “Ayrılığın üzü dönsün”, “Qatil”, “Ömürdən ötən illər”, “Cığırdan zirvəyə” ki­tabları oxu­cular tərəfindən böyük maraqla qarşılanmışdır. “Sarıca” povesti “İlin ən yaxşı əsəri”, “Qatil” kitabı isə “İlin ən yaxşı kitabı” mükafatlarına layiq görülmüşdür. Bundan başqa Nizami Mir­zənin “Ayrılığın üzü dönsün” kitabı bədii mün­də­ri­cəsinə, nəfis tərtibatına, mövzu aktuallığına görə “Araz” Ali Ədəbi Media mükafatını almışdır.

Yazıçının bu uğuru ilk növbədə əsərlərindəki səmimiy­yət­dən, xarakter yaratmaq ustalığından irəli gəlmişdir. Onun nəsr dili Azəbaycan torpağının şəhdi-şirəsini, rəngarəngliyini elə gö­zəl əks etdirir ki, oxucu əsər boyu özünü sanki ha­di­sə­lə­rin qoy­nunda hiss edir.

Bədii əsər ictimai məzmun kəsb edəndə cəmiyyəti səfərbər edə bilir. Bu mənada Nizami Mirzənin əsərləri, xüsu­silə Qa­ra­bağ savaşı ilə bağlı hekayələri öz aktuallığı, enerjisi, bə­dii siqləti

ilə seçilir. Bu əsərlərdə bir çox bədii ədə­biy­yat­larda rast gəl­di­yi-

-----------------------------



* Məqalə 1 noyabr 2013-cü ildə “Respublika” qəzetində nəşr edilmişdir.
miz çağırış, pafos əhval-ruhiyyəsi yoxdur. Yazıçı hadisələri elə canlı təsvir edir ki, oxucu özünü sanki göynər yarasına duz basılmış kimi hiss edir. Əslində Qarabağ hər birimizin qəlbində yanıq yeri kimidir, göynərtisi kəsilmək bilmir ki, bilmir.

Onun Qarabağ hadisələrindən bəhs edən “Sarıca”, “So­nuncu güllə”, “Qatil” əsərlərində doğma yurda sonsuz sevgi var.

Erməni xəyanətini, erməni namərdliyini əks etdirən bu əsər­lərdə qaldırılan ictimai-siyasi problemlər, vətənpərvərlik duy­ğuları, milli qəhrəmanımızın yüksək vətənpərvərliyi us­ta­lıqla qə­ləmə alınmışdır. Xocalı soyqırımında vəhşicəsinə qətlə yetiril­miş soydaşlarımızın əziz xatirəsinə ithaf edilən irihəcmli “Sarı­ca” povesti isə dərin məfkurə, vətəndaş möv­qe­yi, vətən­pərvərlik ideyası zəminində öz məzmun və ideyası ilə insanı dü­şündürən, onu Vətən torpağına bağlayan əsərdir. Po­ves­tin möv­zusu vətən­pərvərlik duyğularının silsilələnməsi, bədii emo­siyaların vəhdəti baxımından çox maraqlıdır. Ya­zı­çının qəh­rəmanı – ailənin ye­ganə övladı olan Oqtayın yüksək vətən­pərvərliyi, yurduna olan sevgisi oxucunu əsəri birnəfəsə oxumağa vadar edir.

Povestin qəhrəmanı Oqtay o zaman könüllü döyüşə gedən milli qəhrəmanlarımızın, igid əsgərlərimizin ümumi­ləş­dirilmiş surətidir.

Əsərin başqa qəhrəmanları Azər, doktor Azad, Rəcəb kişi, Solmaz, Oqtayın ata-anası da yazıçının ustalıqla təsvir etdiyi milli düşüncəli vətəndaşlardır.

“Sarıca” povestinin əsas süjet xətti Qarabağda erməni mafi­yasının, erməni quldurlarının saman altından su yeritmə siyasəti, çörəyini yediyi Azərbaycan torpağına olan xəyanətin ifşasıdır. Yazıçının böyük rəğbət və məhəbbətlə təsvir etdiyi surətlər “Sa­rıca” povestinin mənfi surətləri olan Suren və Akop­yanla qar­şı­laşdırılır. Qarabağ torpağının çörəyi ilə böyü­müş bu nankor ermənilərin dönüklüyü real lövhələrlə verilir.

Əsərdə diqqəti çəkən məqam erməni terrorçularının Qara­bağ torpaqlarında törətdikləri vəhşilikləri, qanlı terroru yazıçının nifrətlə ifadə etməsidir. Düşünürəm ki, bu terrorun epizodlarını əks etdirən “Sarıca” povestinin qısametrajlı film kimi televiziya tamaşası yaddaşlarımızı təzələyər, gənclə­ri­mizə yüksək vətən­pər­vərlik hissini, döyüş ruhunu aşılayar.

“Sarıca” povestində Nizami Mirzənin ifadə etdiyi təşbeh və istiarələrin, obrazlı təfəkkür tərzinin zənginliyi fikrin aydın, dəqiq və səlis bədii ifadəsinə xidmət edir.

Nizami Mirzənin ürək ağrısı ilə yazdığı hekayələrin bir qismi XX əsrin son rübündə erməni vandalizminin tarix kitab­larına yazılacaq vəhşiliklərinin qanlı salnaməsidir. Bu cəhətdən yazıçının “Sonuncu güllə” və “Qatil” hekayələri öz mövzusu ilə bir-birini tamamlayır.

Bu hekayələrdə namusu, qeyrəti hər şeydən uca tutan Azər­baycan kişisinin ümumiləşdirilmiş obrazı verilir, yazıçının xa­rakter yaratmaq ustalığı diqqəti cəlb edir.

“Qanlı qərənfil” hekayəsi isə XX əsrin son 10 ilində Azər­baycanın müstəqilliyini qanda boğmaq istəyən rus-erməni bir­ləş­məsinin törətdiyi 20 Yanvar hadisələrini əks etdirən soyqırım dəhşətlərini yaşayan Cavid və Bənövşə müəllimənin acı taleyini əks etdirir.

Mövzuları milli-mənəvi dəyərlərimizi ifadə edən “Açılan gözlər”, “Yanıq Kərəmi”, “Yaşıl pöhrə”, “Qönçə qızılgül” kimi hekayələr, eləcə də “Evimizə gəlin gəlir”, “İş axtarıram, ay dədə”, “Müasir ola bilmərəm, ay dədə”. “Soldış olmağın böyük bəlası” kimi satirik hekayə və novellalar ustad bir nasir qələ­mindən çıxmış bədii nümunələrdir.

Azərbaycanın milli-mənəvi dəyərlərinin, xalqın əsrlər boyu sınaqdan çıxmış adət-ənənələrinin bədii nümunələri olan bu hekayələrdə, əlbəttə, yaşanan həyatdakı mənfiliklərə qarşı yu­morlu tənqid də vardır. Bu tənqid oxucunu ruhlandırır, onu is­lah obyekitnə çevirir. Xüsusən, “Evimizə gəlin gəlir”, “Sol­dış olma­ğın böyük bəlası” hekayələrində bu yumor ustalıqla qələmə alınmışdır.

Nizami Mirzə məzmunlu, maraqlı povest, novella və he­kayələri ilə oxucu qəlbinə yol tapmağı bacırır. İnanırıq ki, o, oxucularını tariximizin yeni mərhələlərini əks etdirən bir-bi­rindən maraqlı, dolğun əsərləri ilə sevindirəcəkdir.

Tanınmış yazıçımız, məşhur romanlar müəllifi Əlibala Ha­cızadənin 2006-cı ildə Nizami Mirzənin “Qatil” kitabına yazdığı “Ön söz”də oxuyuruq: “… İlk hekayələrilə sonralar yaz­dığı əsərləri müqayisə etdikdə bu qərara gəldim ki, sən ümumi za­manın, dövrün nəbzini tutmağa qadir bir qələm sa­hibisən və əsər­lərində yaşadığımız cəmiyyətin yaxşı-pis cəhətlərini görən, adət-ənənələrimizi dərindən bilən, bunları saf-çürük edib yax­şılarını yaşatmağa, pislərini rədd etməyə çağıran, milli əxla­qımızın keşiyində duran ziyalımızsan”.

Əlibala müəllimin qələm dostu haqqında dediyi bu sözlər yazıçı əməyinə verilən yüksək qiymətdir.

Nizami Mirzənin mövzusu Vətən yanğısı, milli şüur, milli qeyrət, milli-mənəvi dəyərlərdən qaynaqlanan əsərləri gənc nəs­lə örnək ola biləcək keyfiyyətlərlə zəngindir. Bədii təxəy­yülün, milli dəyərlərin, Azərbaycan tarixinin bir parçası olan belə əsər­lərin orta məktəbin dərs kitablarına salınması, ali mək­təblərin elmi-metodiki göstərişlərində təhlil edilməsi günün tələbləri ilə səsləşər, ədəbi mühitlə tez doğmalaşar.

AZƏRBAYCANIN ELM ADAMI

MİRZƏ KAZIM BƏY*
XIX yüzilliyin əvvəllərində Azərbaycanın Rusiyaya ilha­qın­dan (1813) sonra bir çox Azərbaycan elm adamı Rusiyada fəaliyyət göstərməyə başladılar. Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, M.Abidinov kimi elm adamları Rusiyada şərqşü­naslıq elminin inkişafı üçün müstəsna fəaliyyət gös­tərdilər. Bü­növrəsi Mirzə Cəfər Topçubaşov tərəfindən qo­yu­lan Rusiya şərq­şünaslığı Mirzə Kazım bəy və qardaşı Əb­dül­səttar bəy, daha sonra da Abu Turab Vəzirov, Mirzə Mə­həmməd Şəfi, Sadıq bəy Cəfərov, Mirzə Abdulla Vəzirov, Mirzə Həsən Tahirov, Mirzə Abdulla Qafarov, Mirzə Cəfər Rzayev kimi alim və müəllimlər tərəfindən davam və inkişaf etdirilmişdir.

Bu elm adamları Rusiyada şərq elminin müstəsna də­rəcədə təbliğatçıları olmuşlar. Rusiya şərqşünaslıq elminin inkişafında bu görkəmli elm adamlarına çox borcludur. Bunun bir örnəyi də 1846-cı ildə Rusiyada arxeologiya cəmiyyətinin qurucusu olan Mir­­zə Cəfər Topçubaşovun fəaliyyətidir. Rus, ingilis və şərq dil­lərini mükəmməl bilən yuxarıda adları çəkilən Azərbaycan elm adamları bir çox diplomat, alim, şair və elm adamlarının da müəl­limi olmuş, ya da şərq dillərini öyrən­mək­də onlara kömək etmişlər.

Prof. Ağababa Rzayev uzun müddət apardığı tədqiqatın nəticəsi olan “Azərbaycan şərqşünaslığı” (Bakı, 1970) adlı ki­tab­da yazır ki, Mirzə Cəfər Topçubaşov A.S.Puşkinin poetik yaradıcılığına təsir göstərmişdir.

Rus şərqşünaslıq elmində müstəsna xidmətləri olan, bütün ömrünü Rusiyada maarifin və şərqşünaslığın inkişafına sərf edən Mirzə Kazım bəyin (1802-1870) maraqlı həyat tarixçəsi vardır.

Azərbaycanın Quba şəhərində anadan olan Mirzə Kazım bəyin atası sonralar Qubadan Dərbəndə köçmüşdür. Hələ kiçik

------------------------------------

* Məqalə 1997-ci ildə Türkiyənin “Erciyes” jurnalının sifarişi ilə dos. Şahin Koktürkellə müştərək yazılmışdır və jurnalın 1997-ci ilin oktyabr nömrəsində Türkiyə türkcəsi ilə çap edilmişdir.

yaşlarından ərəb, fars, Osmanlı türkcəsini mükəmməl öyrənən fövqəladə istedad sahibi Mirzə Kazım bəy 17 yaşında yazdığı “Ərəb dilinin qrammatikası” əsəri ilə bütün Qafqazda məş­hur­laşır. 18 yaşında isə “Müamma və Mühas” adlı əsər yazır. 20 ya­şından sonra isə onun həyatı Rusiya ilə bağlıdır. Təd­qi­qatçılar bu tarixi bağlılığı belə izah edirlər:

1822-ci ildə Mirzə Kazım bəyin atası Hacı Qasım Dər­bənd­dən Həştərxana sürgün edilir. İki il sonra Dərbənddən Həştər­xana gələn Mirzə Kazım bəy Həştərxanda şərq xalq­la­rının dil, ta­rix, adət-ənənəsini öyrənməyə başlayır. O ta­rix­lərdə bu yerlərdə xristianlığı təbliğ etmək məqsədilə Qərb­dən bu­ra­lara göndərilən misyonerlərlə tanış olaraq, onlardan in­giliscə, almanca, fransızca öyrənməyə başlayır. Özü isə onlara ərəbcə, farsca, Osmanlı türkcəsi və Azərbaycanca öyrədir. Bun­lardan xəbərdar olan rus hökuməti onu Sibirə sürgün etmək qə­rarı verir. Fəqət xəstələndiyi üçün bir müddət Kazan şəhərində yaşamalı olur.

Kazanda tanış olduğu bir rus elm adamı onun həyatında müstəsna rol oynayır. O, Mirzə Kazım bəyin istedadını gö­rərək, dövlət idarələrinə məktublar yazıb onun Rusiyada qalıb çalış­masını təklif edir və məqsədinə nail olur.

1825-ci ildə Mirzə Kazım bəy Rusiyanın Omsk şəhərində şərq dilləri müəllimi vəzifəsində çalışır. 1826-cı ildə isə uni­versitetdə çalışır və bir müddət sonra fəaliyyətini Peterburq Uni­versitetində davam etdirir. Kazan Universitetinin Türk-Tatar bölümündə 23 il dərs deyən Mirzə Kazım bəy uni­ver­sitetin fəlsəfə fakültəsinə 2 dəfə dekan seçilir. 1849-cu ildə Kazan Universitetindən ayrıldıqdan sonra da universitetin elmi şurası onu universitetin fəxri üzvü seçir.

Mirzə Kazım bəy Kazan Universitetində işlədiyi illərdə Rusiyanın ünlü yazıçısı olan Tolstoyla tanış olur. Tədqi­qat­çı­la­rın yazdığına görə, Tolstoy iki il ondan türk və ərəb dillərini öyrənir.

Şeyx Şamilin müasiri olan Mirzə Kazım bəy Kazanda yaşadığı illərdə Şeyx Şamil hərəkatını araşdıraraq “Müridizm və Şamil” adlı əsərini yazır. Bu əsər Şeyx Şamil haqqında yazılan ilk əsər hesab olunur.

1849-cu ildə Kazan Universitetindən ayrılaraq Peterburq Universitetində çalışmağı qərara alan Mirzə Kazım bəy hə­yatını Rusiya ilə bağlayır. “Rusiyadan ayrılmaq düşüncəsində deyiləm. Mənim bütün düşüncələrim yalnız və yalnız cəmiyyət və elm qarşısında mənəvi borcumu yerinə yetirməyə yönəl­mişdir” – deyir. Rus, ərəb, fars, türk, fransız, ingilis, alman dil­lərində ra­hat­lıqla tədqiqat apara biləcək səviyyədə, bəzi dilləri də danışa biləcək qədər bilən ünlü politoloq Mirzə Kazım bəy həm tərcüməçi, həm tədqiqatçı, həm də müəllim olaraq tanın­mışdır. Sədi Şirazinin “Gülüstan” əsərinin bir çox bölümlərini rus dilinə ilk dəfə tərcümə edən Mirzə Kazım bəy 1842-ci ildə “Quran”ı fransız dilinə tərcümə etmiş, 1850-ci ildə yazdığı “Dərbənd­na­mə” əsərini ingilis və rus dillərində Peterburqda nəşr etdirmişdir. Bundan başqa “Muhtasarü’l-Vikayəti Məsaili Hidayə” əsərini 1845-ci ildə Kazanda ərəbcə və rusca, 1865-ci ildə “Bab və Babilər”, “Ərəb ədəbiyyatına dair mülahizələr” əsərlərini yaz­mış, Uyqur türkləri haqqında bir sıra araşdırmalar aparmışdır.

Hələ 1839-cu ildə Kazan Universitetində nəşr etdirdiyi “Qrammatika-Turetsko-Tatarskoqo yazıka” (“Türk-tatar dili­nin qrammatikası”) kitabı 1848-ci ildə Almaniyanın Leypsik şəhə­rində yayınlanmışdır.

Mükəmməl bir türk ləhcələri qrammatikası olan “Rus-tatar dilinin qrammatikası” əsərində müəllif türk dillərinin material­larından da müqayisəli şəkildə istifadə etmişdir.

Böyük elmi-pedaqoji fəaliyyəti olan Mirzə Kazım bəyin Rusiyadakı xidmətləri rus şərqşünaslarının da diqqətindən ya­yın­mamışdır. Professor N.Veselovski bu münasibətlə yazırdı: “Şər­qin öyrənilməsi işinin əsasını bizdə avropalılar baş­la­ma­mış­lar. Bu məsələ indi dərin köklər salmışsa, demək, biz ilk növ­bədə Mirzə Kazım bəyə borcluyuq” (F.Rəhmanzadə, “Yol”, səh. 121).

“Quran”ı rus dilinə tərcümə edən görkəmli şərqşünas alim İ.Kraçkovski 1950-ci ildə Mirzə Kazım bəy haqqında “milliy­yət­cə azərbaycanlı olan, şərq elmləri üzrə əsaslı təlim görən Mirzə Kazım bəy üç Şərq dilini mükəmməl bildiyi üçün həmin dillərdə çox əsər yazır və beləliklə də, Qərb aləsində adının po­pulyarlaşmasına səbəb olur” deyir (F.Rəhmanzadə, A.k.ə., səh. 121-122).

Doğrudan da, Mirzə Kazım bəy 100-dən çox əsər yazmış və bu əsərlər Avropanın müxtəlif ölkələrində yayınlanmışdır.

Şərq fəlsəfəsinə, Şərq xalqları folkloruna yaxından bələd olan Mirzə Kazım bəy Şərq folkloru ilə bağlı tədqiqatlarında folklorun yazılı ədəbiyyata təsirini də xüsusi vurğulayırdı.

1848-ci ildə Rusiyada “Severnoe obozrenie” jurnalında yayınlanan “Firdovsinin əsərlərində fars mifologiyası” adlı mə­qa­ləsində müəllif “dünya millətlərinin əsatir-əfsanə və din­lə­rində ümumi və bənzər yönlər” olmaqla birlikdə hər xalq üçün, onun özünəxas cəhətləri olduğu, yəni “bir xalqın mənəvi aləmi digər xalqın mənəvi dünyasını əks etdirə bilməz” qənaətinə gəlir, hər millətin tarixi və ədəbi inkişafında o millətin əfsanə, adət-ənənələrinin önəmli yeri olduğunu göstərir. Yuxarıda adı çəkilən əsərdə müəllif fars mifologiyasındakı Hürmüz və Əh­riman üzərində duraraq Hürmüzü xeyirxahlıq, Əhrimanı bəd­xahlıq təmçilçisi kimi təqdim edir və Hürmüzün qalib gəlmə səbəbini, onun ədalətində və iradəsində görür.

Dövrünün böyük zəka sahibi, Rusiyada şərqşünaslığın pat­riarxı, ensiklopedik biliyə malik olan Mirzə Kazım bəyin elmi fəaliyyəti Rusiya sərhədlərini aşaraq dünyada tanınmağa başla­yır. O, 1829-cu ildə Londondakı “Britaniya Krallığının Asiya Cəmiyyəti”nə üzv seçilir. Belə bir şansa sahib olmaq ilk dəfə Mir­zə Kazım bəyə nəsib olmuşdur. Görkəmli şərq­şü­nas 1835-ci ildə Rusiya Elmlər Akademiyasına, Rusiya Coğ­rafiya Cəmiy­yə­tinə, 1843-cü ildə isə Kopenhagen Kral Cə­miyyətinə üzv seçilir.

Göründüyü kimi, Mirzə Kazım bəyin elmi-ədəbi fəaliy­yəti öz dövründə zirvədə dayanmışdır. Bu zirvəyə yüksəlişdə Şərq ədəbiyyatı və fəlsəfəsinin, Şərq dillərinin, rus ictimai-siyasi fikrinin də böyük payı vardır.
TUFARQANLI ABBAS*
Xalq şairi Osman Sarıvəllinin Aşıq Ələsgər haqqında yaz­dığı “Qüdrətli aşıq, ustad sənətkar” adlı kitabında Azər­bay­can aşıq məktəbləri haqqında fikri belə idi: “Müxtəlif dövrlərdə və mahallarda çalıb-çağıran aşıqlar az olmamışdır. Lakin aşıq sənəti tarixində müxtəlif dövrlərdə yaranmış əsasən iki güclü aşıq məktəbi olmuşdur. Onlardan biri Arazın o tayında yetişən və Aşıq Qurbani ilə tanınan, sonralar Abbas Tufarqanlı kimi qüd­rətli sənətkarın adı ilə məşhurların aşıq məktəbi, digəri, Göyçə mahalında Aşıq Alının adı ilə tanınan, nəhayət, föv­qəladə istedada malik olan Aşıq Ələsgərin simasında böyük şöh­rət qa­zanmış Göyçə aşıq məktəbi olmuşdur (“Qüdrətli şair, ustad sənətkar”. Bakı: Gənclik, 1976, səh.10).

Arazın o tayında yaranan güclü Təbriz aşıq məktəbinin ye­tiş­dirməsi Tufarqanlı Abbas (1585-1650) XVII əsr Azər­bay­can aşıq poeziyasının özünəməxsus mövqeyi, sözü olan ustad sənətkarıdır.

Onun I Şah Abbasın zamanında (1587-1628) yaşadığı, 1585-ci ildə Azərbaycanın qədim Təbriz şəhərinin yaxınlığında olan Tu­farqanlı kəndində anadan olduğu, mükəmməl təhsil aldığı söy­lənilir. Aşığın şeirlərindən də onun Tufarqanlı olduğu anlaşılır.
Mən sənə can dedim, sən də mənə can,

Alış eşq oduna, mənim kimi yan.

Adım Aşıq Abbas, yerim Tufarqan,

Gahdan ağla, gahdan yada sal məni.


M.Mahmudbəyov 1892-ci ildə “Kaspi” qəzetində rus di­lin­də “Abbas və Gülgəz” dastanı haqqında ilk dəfə olaraq A.Tu­farqanlı haqqında məlumat verib.

----------------------------



*Məqalə 2012-ci ilin oktyabr ayında Azərbaycan Televizi­ya­sı­nın “Əbədi abi­də­lər” proqramına hazırladığım “Aşıq Abbas Tufarqanlı” verilişində çıxışımda səslənmişdir.

XX əsrin əvvəllərində Hümmət Əlizadə onun 80 şeirini ortaya çıxarmışdı. 1932-ci ildə Türkiyədə onun haqqında məlu­mat verən Əhməd Cəfəroğlu olmuşdur.

Əhməd Cəfəroğlu aşığın doğulduğu yerin Təbriz ilə Ma­rağa arasındakı “Dihkaraqan” kəndi olduğunu, sonralar bu kən­din adının fonetik dəyişiklik nəticəsində Dihkarqan “Deharkan”, “Divarqan” şəklinə düşməsini və nəhayət, Azər­bay­can danışıq dilində “divar” sözü “tufar” şəklində tələffüz olunduğu üçün kən­din adının “Tufarqan” şəklinə düşdüyünü yazır (A.Ca­feroğ­lu. Azeri saz şairlerinden Tufarqanlı Abbas. Azerbaycan Yurd bilgisi. 1932, № 3, səh. 97).

Həmid Araslının, Məmmədhüseyn Təhmasibin, Mirzə İbra­himovun, Mirəli Seyidovun tədqiqatlarında Abbas Tufarqanlıya yer verilmişdir. 1972-ci ildə Araz Dadaşzadə Abbas Tufarqan­lının 55 şeirini kitabça halında nəşr etdirmişdi.

Aşıq Abbasın şeir dünyasını araşdıran alimlər onun Gül­gəzpəri adlı gözəl bir sevgilisi olduğunu, Gülgəzpərinin Aşıq Abbasın şeirlərində tərənnüm edildiyini, sonralar bu şeirlər əsa­sında “Abbas və Gülgəz” adlı bir məhəbbət dastanının yaran­dığını yazırlar.

“Aşıq Abbas”, “Qul Abbas” “Şikəstə Abbas” təxəllüsü ilə şeir söyləyən, aşıq ədəbiyyatında Tufarqanlı Abbas kimi ta­nı­nan ustad şair-aşığın qoşma, gəraylı, divani, təcnis, cığalı təc­nis, us­tadnamə­lərinin mövzusu sevgi, təbiət, əxlaqi dəyərlərlə bağlıdır.

Onun hər misrası bir ata sözü çəkisində olan ustad­na­mə­ləri öz tərbiyəvi-didaktik məziyyətləri ilə seçilir.
Abbas deyər bu sözləri sərindən,

Arxı vurun, suyu gəlsin dərindən.

El bir olsa, dağ oynadar yerindən,

Söz bir olsa, zərbi kərən sındırar.


Dörd misralıq bir bənd şeirin üç misrasının hər biri bir müdrik ata sözü çəkisindədir.

Başqa bəndlərində də bu sənətkarlıq açıq-aydın görünür:

“Özündən böyüyün saxla yolunu”

“Zalım bəndə, uyma bunca qeybətə,

Qeybət edən tez düşəcək zillətə”.

“Özündən kiçiyi işə buyurma,

Sözün yerə düşər, heç miqdar olmaz”.

“Mərd ilə eylə ülfəti,

Çəkmə namərddən minnəti” –
misraları və bəndləri fikrimizə bir nümunədir.

Şeirlərində gəzdiyi yerlər: Əcəm, Dərbənd, Osman, Misir, Şam, İstanbulun adı çəkilir.


Aradım Osmanı, gəzdim Əcəmi,

Misri, İstanbulu, Şamı görmüşəm –


deyərək gəzdiyi yerlərin coğrafi xəritəsini çəkir.

Abbas Tufarqanlı şeirlərinin məziyyəti, canlı danışıq dilinin gözəlliyi, üslubu, fəlsəfi zənginliyi ilə bağlıdır.


Ay həzərat, bir zamana gəlibdi,

Yoxsul üzün sürtür var ayağına.

Varlı varın verib canın qurtarır,

Yoxsulu çəkirlər dar ayağına.


Abbas Tufarqanlının ədəbi irsi çox zəngindir. Bu zən­gin­lik içərisində onun şeirlərinin dili ilə bərabər, bu şeirlərin fəl­səfi də­rin­liyi, üslubu, təcnislərindəki cinaslar mükəmməlliyi ilə seçilir.
Kitabda oxunan sina yaxşıdır,

Seyraqıb gərdəni sına yaxşıdır.

Mən dedim öpməyə sinə yaxşıdır,

Könül ha yalvarır buxağından öp.


Beytin birinci misrasındakı sina, “sin” hərfinin adı “bis­millah” sözünün ixtisarıdır. İkinci misradakı cinas söz sına, “sın­maq, əyilmək, yox olmaq” mənasındadır. Üçüncü mis­radakı sinə gözəlin sinəsi mənasındadır.

Aşıq şeirinin sənətkarlıq baxımından, aşığın dastan reper­tua­rını mənalandıran, məzmunlandıran Təbriz aşıq məktəbi sə­ləflərə və xələflərə bağlı milli zəmində yaranan aşıq mək­tə­bidir. Bu məktəbin ustadlarından aşıq Abbas Tufarqanlının milli zəmində yetişən şeirləri alıq şeirinin həm sələf, həm də xə­ləflərinə bağlıdır. Ozan-aşıq sənətinin yetişdiyi tarixi coğra­fi­yada bu bağlılığı görmək mümkündür. Onun məşhur “bəyən­məz” rədifli şeirinə diqqət yetirsək, milli-mənəvi də­yər­lərə əsaslanan bu tərbiyəvi-didaktik şeirin Abbas Tufarqanlının özün­dən əvvəl yaranan poeziya üzərində köklədiyini görürük.


Ay həzərat, bir zamana gəlibdir,

Ala qarğa şux tərlanı bəyənməz.

Oğullar atanı, qızlar ananı,

Gəlinlər də qaynananı bəyənməz.


Burada aşığın etirazı milli zəminə dayanan ənənələrə mə­həl qoymayan eqoizmə qarşıdır. Bu düşüncə tərzini biz XV əsr­də yaşamış Türk aşıqları Kazak Abdalın, XIX əsrdə yaşamış Aşıq Seyraninin də yaradıcılığında görürük.
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə