Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ




Yüklə 1.06 Mb.
səhifə5/13
tarix22.02.2016
ölçüsü1.06 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

TÜRK DÜHASININ İFADƏÇİSİ HƏZRƏT

MEVLANƏ CƏLALƏDDİN RUMİ
Mevlanə müsəlmanlığa türk ruhuna intidah (tətbiq)

etdirən böyük bir reformaçıdır.

Mevlanəlinə gəlincə, o tamamən dönərək ayaqda və hərəkət edərək

Allaha yaxınlaşma fikri, türk dühasının ən təbii ifadəsidir.

Nə zaman Konyaya gələcək olsam, içimdə bir həyəcan duyurum.

Hz. Mevlanə düşüncələriylə mənliyimi sarır.

O, çox böyük bir dahi, çağları aşan bir yenilikçidir”.

(Mustafa Kamal Atatürk)
İndiki Əfqanıstan sərhədləri içərisində olan 1207-ci ildə Bəlx şəhərində dövrünün müsəlman ilahiyyətçiləri içərisində çox tanınan Vahaəddin Vələddinin ailəsində dünyaya gəlib, 1273-cü ildə Konyada vəfat edən Mevlanə Cəlaləddin Rumi bö­yük sufi, təsəvvüf ədəbiyyatının ən böyük şairlərindən biridir. Əsl adı Məhəmməd Cəlaləddindir. Mevlanə öz döv­rün­də ona ve­rilən din böyüyü, haqq aşiqi mənasına gələn bir ləqəbdir. Ru­mi isə Anadoluda yetişdiyi üçün ona verilən ədəbi təxəllüsdür.

XIII əsr türk islam aləminin yetişdirdiyi ən parlaq sima­lardan biri olan Mevlanə Cəlaləddin Rumi ədəbiyyat tari­xində 5 böyük əsəri ilə məşhurdur. O, nəzm şəklində yazılmış 6 cildlik 5700 beytlik “Məsnəvi”si, 40 min beytlik qəzəl və rübailərindən ibarət “Divani-Kəbir”i öz dövrünün tanınmış şəxsiyyətlərinə yazdığı 147 məktubdan ibarət “Məktubat”ı, ərəbcə və farsca söylədiyi 7 xüt­bədən ibarət “Məcalisi-Səba”sı, şairin düşüncə və hürr sözlərindən ibarət nəsrlə yazılmış “Fiti-mafihi” kimi bir-birindən dərin və mü­kəmməl olan əsərləri ilə dünya korifeyləri sırasında adı hörmətlə çəkilən böyük şair, alimdir. Rumi əsərlərini farsca yazmasına bax­mayaraq, yazı­la­rında “Əsləm türkəst, əgərçe hindu guyəm” (farsca yazmağıma baxmayın, əslim türkdür) deyir.

Mevlanə şeirlərindəki təməl görüş, onun özünəməxsus bir təsəvvüf görüşündə toplanır. Bu təsəvvüf “tək varlıq, ilahi eşq, insan sevgisi” kimi başlıca mövzuları əhatə edir.

“İnsanı sevmək Allahı sevməkdir” – böyük Mevlanə türk millətinin ruhuna böyük bir insan sevgisi aşılayır.


Gəl! Gəl! Nə olursan, ol, gəl!

Kafir, bütpərəst, atəşə tapan, mecusi olsan da gəl!

Yüz kərə tövbəni pozmuş olsan da gəl!
Bizim qapımız ümid qapısıdır, nasılsan, öylə gəl! – deyərək in­sanlığı sülhə, ədalətə, əmina-amanlığa, bərabərliyə, humanizmə ça­ğırır. Allah eşqini ruhunda daşıyan ünlü türk sufisi Mevlanə Cə­laləddin Rumi türk millətinin ruhuna dərin bir Allah eşqi aşılayan misralarında həqiqi eşqin Allah eşqi ol­duğunu ifadə etmişdir.
“Allah insana şah damarından daha yaxındır”.

“İnsanın gerçək qidası Allah sevgisidir”.

“Anamız eşq, babamız eşq,

Eşqdən doğulduq, eşqiz biz”.

“Bütün eşqlər ilahi eşqə körpüdür”.

“Mən o varlığa qulam ki, onun qulu, köləsi eşqdir”.

“Eşqi seç ki, sən də seçilmiş bir insan olasan. Bil ki, sənə ən sağlam fikri eşq verir”.

Onun kəlamları bu gün də öz dərinliyi, maarifçiliyi, tər­biyəvi, dini-dünyəvi əhəmiyyətini saxlayan müdrik kəlam­lardır:

“Ağıl ikidir. Birincisi çalışılaraq qazanılan ağıldır. Onu məktəblərdəki cocuq bilik əldə etməklə qazanır. O biri ağılsa Allah ehsanıdır, onun qaynağı can içindədir.

“İnsanın qolu-qanadı ağıldır”.

“Ağıl gizlidir, görününcə başqa bir aləmdir”.

“Cənnətin 8 qapısı vardır. Bunlardan biri tövbə qapısıdır. O biri qapılar açılar, örtülər. Tövbə qapısı isə daima açıqdır, əsla örtülməz”.

“Neçə insanlar gördüm, üzərində əlbisəsi yox, neçə əlbisə gördüm, içində insan yox”.

“Fikir ona deyirlər ki, bir yol açsın. Yol ona deyirlər ki, bir gerçəyə ulaşsın”.

“Sevgidə günəş kimi ol”.

“Dostluqda, qardaşlıqda axar su kimi ol. Xətaları görməkdə gecə kimi ol”.

“Öfkədə ölü kimi ol. Hər nə olursan ol, ya olduğun kimi ol, ya da göründüyün kimi ol”.

“Başqalarının qüsurunu örtməkdə gecə kimi ol”.

“Özünü nəfsində ara”.

“Pir ağıl piridir. Pirlik saçın-saqqalın ağarması ilə əldə edilə bilməz”.

“İnsanı sevmək Allahı sevməkdir”.

“Dünyanı görmək üçün gerçək gözə ehtiyac vardır”.

“Ayran kasam önümdə olduqca, kimsənin balını düşün­mürəm”.

“Cahil insanın yanında kitab kimi səssiz ol”.

“Pis ilan insanın yalnız canını alar, pis dost isə insanı cəhənnəmə aparar”.

“İnsan ruh, ağıl və sevgi üçbucağıdır”.

“Sənin gözündəki işığın da könül işığıdır, göz işığı könül­lərin işığından meydana gəlir”.

Həzrət Mevlanənin əsərlərində, xüsusən “Divani-Kəbir”in­də musiqi, nəğmə, çalğı alətləri haqqında bir-birindən qiymətli fikirləri mövcuddur. Onlardan bir neçəsi:

“Aşiqlərin könüllərindəki sirri çalğıçıdan duyun. Onun fər­yadı ilə bərabər könüllərin çevrəsində dönün-dolaşın”.

“Doğru sözlü, doğru işli dostsan, rast makamından çal ki, Hicaza gələsən”.

“Uşşakı Hüseyn rərdəsindən topla, busəlik maye pər­dəsiylə könülləri aç”.

“Ey məna cəngini çalanlar, könülləri sizə susamış olduqları gözəlim nəğmələrlə bir xeyli suvardınız”.

“Mizrab vurulmadıqca heç bir çalğıda zövq-nəşə yox­dur”.

“Heç bilmirsən rahab nə deyir? Göz yaşlarıyla yanıb qov­rulmuş ciyərlərlə nələr söyləyir? Deyir ki, ətindən uzaq düş­müş bir dəriyəm, necə ağlamayım, necə dərdlənməyim ayrılıqdan”.

“Rahab eşq qaynağıdır, arkadaşların eşqi – dostudur. Ərəblər də buluta rahab demişlər: Bulut necə gülü, gül bağ­ça­sını sularsa, rahab da könüllər qidasıdır”.

“Ney nəva makamını tapıb bu səsi üfür: Fəryad! Səssiz­lik­dən, nəğməsizlikdən”.

“Üçtelli sazı çal. Mən biriylə ulaşdım, ikilikdə bulunma. Ya rahabi pərdəsindən çal, ya qurtuluş pərdəsindən əzgilər söylə”.

Türk tarixinin, ənənə və inanclarının bir parçası olan “Sə­ma” Həzrət Mevlanənin ilhamı ilə yaranmışdır. 7 bölümdən iba­rət olub, hər bölümün də ayrı bir mənası olan “Səma” əy­lən­cə musiqisi deyil, dini rəqsdir, bir zikr ibadətidir. Səma­zənlərin qollarını iki yana açıb dönərək etdikləri zikr iba­dət­lərində əsas fiqurlar əllər və ayaqlardır. Qolları çarpaz bağ­la­ya­raq, gö­rü­nüşündə “bir” rəqəmini təmsil edən səmazən, beləcə Allahın birliyini təsdiq etməkdədir. Ən çox görülən və tək­rarlanan fi­qur isə sağ əlin yuxarı, sol əlin aşağı olasıdır. Bunun mənası isə “Haqqdan alıb, xalqa vermək, torpaqdan hasil olub, Haqqa va­sil olmaqdır. Səmazən sağdan sola qəlbin ətrafında dönərək bütün insanları, bütün yaradılışı sevgi ilə, eşqlə qucaqlayır, insanların mənəvi səyahətini - “merac”ını təmsil edir.

Həzrət Mevlanə “Divani-Kebir”də səma nədir? – sualını belə ifadə edir. “Səma nədir?” Könüldəki gizli ərlərdən bir salamdır. Qərib könül, onların xəbərləri gizlicə dincəlir, rahata qovuşur”.

Göründüyü kimi, böyük sufi Mevlanənin yaradıcılığı, onun təsəvvüfü düşüncələri gözəl əxlaqdan ibarətdir. Çünki o, bir könül tərbiyəçisidir. Həzrət Mevlanənin təsəvvüfündə həyatın ilhami eşqdir. İslam fəlsəfəsindəki sevgini, barışı təlqin edən xalq filosofu Cəlaləddin Rumi yalnız öz dövrünün deyil, sonrakı dövrlərdə də qüdrətli təsəvvüf şairi sayılır.

Həzrət Mevlanənin dərin fəlsəfi əsərləri dünyanın bir çox dil­lərində tərcümə edilmiş islam düşüncə tərzinin fəlsəfəsini dünyaya tanıtmışdır. Təsadüfi deyildir ki, YUNESKO 2007-ci ili qüdrətli türk mütəfəkkiri Mevlanə Cəlaləddin Rumi ili elan etmişdir.
QADIN HÜSEYN CAVİD

YARADICILIĞINDA
Tarix səhifələrində Azərbaycan qadınının qəhrəmanlıq, mərd­­lik, fədakarlıq sədaqəti yazılmış zəngin mədəniyyət tarix­çə­si vardır. Bu səhifələrdə Azərbaycan qadını milli adət­ləri, vətən­pərvərliyi, əxlaqi keyfiyyətləri, düşüncə tərzi ilə ta­nın­maqdadır.

Sağlam cəmiyyətin, sağlam ailənin təminatı olan qadın­ların Azərbaycan ədəbiyyatı salnaməsində də ayrıca yeri vardır.


“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək”-


deyən XX əsr türk dünyasının böyük mütəfəkkiri Hüseyn Cavi­din yaradıcılığında qadına olan münasibət öz ideya-məfkurə sağ­lamlığı ilə seçilir.

Hüseyn Cavidin yaradıcılığındakı qadın dünyası onun həm dramaturgiya yaradıcılığında, həm də şeirlərində görün­mək­dəd­ir.

H.Cavidin yaradıcılığa başladığı XX əsrin əvvəllərində qa­dın azadlığı, çadra məsələləri böyük mübahisələr yaradır, cə­miyyətdə qadına münasibət müxtəlif çalarlarda özünü gös­tərirdi.

Yaradıcılığa şeirlə başlayan Hüseyn Cavidin “Qadın”, “Qız məktəbində”, “Şərq qadını”, “Pəmbə çarşaf”, “Bir qızın son fər­yadı, yaxud zindan guşəsindən bir səs”, “Dəniz pərisi”, “Get”, “Qə­mər” kimi şeirlərində qadının xarici görkəmindən, qadının əsarət, qadının əxlaqi dəyər­lə­ri, gözəllik və sevgisindən söh­bət açılır. Bu prizmadan onun qadın azadlığı, qadın mənə­viy­ya­tı, qadın haq­qındakı dini-dün­yəvi düşüncələrinin fəlsəfəsi orta çıxır.


“Mən gözəllikdə gözəl ruh araram,

Ruhu düşkünləri çirkin sayaram -


--------------------------------

* Məqalə “Türk dünyasını işıqlandıran M.Akif Ersoy və Hüseyn Cavid” Bey­nəlxalq Konfransda məruzə edilmiş və həmin konfransın materiallarında ya­yınlanmışdır. Bakı, 16-18 may, 2013. Qafqaz Universiteti.

Böyük mütəfəkkir şair alçaldılan, təhqir edilən qadınların sıxıntısını həssas bir şair qəlbi ilə hiss etməklə yanaşı, yazıq­lı­ğın, çarəsizliyin əleyhinə idi. O, “Şərq qadını” şeirində
Yox, mən artıq sürünən heç deyiləm -

Şərqin azadə, gülər bir qızıyam,

Uca həşmətli fəzalardan aşan,

Pəmbə bir yıldızıyam –

deyən şərq qadınındakı inti­bahı alqışlayır (I c., Bakı, 1968, s.60).

Qadın azadlığı, çadra probleminə H.Cavidin əsərlərində birmənalı şəkildə yanaşılmır. XX əsrin ilk rübündə bu məsələ böyük diskussiyalara səbəb olduğu bir şəraitdə din xadimləri, eləcə də bir çox ziyalılar qadının çadrasız gəzmələrini ədəbdən, islamdan kənar bir hal hesab edirlər. “Şəlalə” jurnalı 1913-cü ildə çıxan 37-ci nömrəsində yazırdı: “Qadınların açıq vəziyyətdə sokağa (küçəyə - M.H.) çıxmaları tərəqqini təlqin etsəydi, əsr­lərdən bəri çıl-çılpaq gəzən Afrika zənciləri tərəqqi etmiş olardı” (“Şəlalə”, 1913, № 37). Jurnal sonrakı nömrələrinin birində yazırdı: “Avropa qadınlarının açıq gəzmələri, erkəkləri evdə yox ikən erkək müsafirləri qəbul etmələri, erkəklərlə sənli-mənli konuşmaları üzündən nə qədər əxlaqsızlar vaqiə gəldiyini gö­rüyor və eşidiyoruz” (Bax: “Şəlalə”, 1913, № 40).

“Təcəttüri-nisvan”, “hürriyyəti-nisvan”, yəni qadının örtün­məsi və qadının hürriyyəti məsələsinin qabarıq bir şəkildə ortaya çıxdığı XX əsrin əvvəllərində H.Cavid bu məsələyə dərindən-dərinə müdaxilə edən şeirlər yazmasa da, bir şeirində - “Pəmbə çarşaf” şeirində onun bu problemə münasibətini şairin milli və dini dəyərlərə münasibəti şəklində görə bilirik. “Pəmbə çarşaf” şeirində H.Cavid:
Bu təsəttür nasıl da cazibədar,

Bunda pək incə bir lətafət var –


deyərək qadının açıq və ya örtülü gəzməsinə romantik bir anlam verir.

…Mən açıq şeirdən də həzz edərim,

Fəqət ən gizli şeiri pək sevərim.

…Gülə, pək başqa, fər verir yapraq,

Söylə! Dünyada hankı sənətkar,

Kölgəsiz bir rəsimdə sənət arar!?

…Örtün! Örtün… Fəqət unutma saqın!

Sənin açmaq zamanın: iştə yarın!.. (I c., s. 73)


Yaradıcılığının ilk illərində yazdığı “qadın” şeiri də dərin fəlsəfi və ictimai məzmun daşıyır:
Qadın! Ey sevgili həmşirə, oyan!

Ana! Ey nazlı qadın, qalx! Uyuyan

Daima mövtlə həmduş oluyor,

Zülalü möhnətlə həmağuş oluyor – (I c., s.43)


deyərək qadının öz haqlarını tələb etməsinin, ana kimi müqəd­dəs bir varlıq olduğunu xatırlayaraq əsarətə, həqarətə boyun əy­məmə­sini, sevgili, şəfqətli mələk olan qadın – ananın və­zi­fəsinin böyük olduğu qədər də ağır olduğunu xatırladır, oyanıb ətrafını seyr et­məyini istəyir. Bütün vətən övladlarının onun şəfasına ehtiyacı olduğunu vurğulayır. Bu şəfa onun təhsili, elmi və əxlaqıdır ki, biz bunun gözəl nümunəsini “Qız mək­tə­bində” şeirində görürük.

“Qız məktəbində” azyaşlı Gülbahar surəti H.Cavidin gə­lə­cək nəsil qadın obrazlarının nümunəsidir. Məktəbli Gül­ba­ha­rın milli dəyərləri onun öz dilində anlayışlı bir şəkildə ifadə edil­mişdir. Dialoq şəklində yazılmış şeir şairlə məktəbli Gül­bahar arasındadır:


Quzum, yavrum! Adın nədir?

Gülbahar.

Pəki, sənin anan, baban varmı?

Var.


Nasıl, zənginmidir, baban?

Əvət, zəngin, bəyzadə…

Öylə isə geydiyin geyim neçin böylə sadə?

Yoxmu sənin incilərin, altun bilərziklərin?

Söylə, yavrum? Heç sıxılma…

Var, əfəndim, var… lakin,

Müəlliməm söylər, onların yox qiyməti,

Hər qızın bilgidir, təmizlikdir ziynəti.


Gülbahar H.Cavidin türk qadınında görmək istədiyi ideal milli surətdir, şairin fəlsəfi-poetik idealıdır. Bu ideal Gülba­harla şair arasındakı son dialoqda bütün aydınlığı və gözəlliyi ilə üzə çıxır:
…Bu dünyada sənin ən çox sevdiyin

Kimdir quzum, söylərmisin?

O Allah ki, yeri, göyü, insanları xəlq eylər.

Sonra kimlər?

Sonra onun göndərdiyi elçilər.

Başqa sevdiklərin nasıl, yoxmu?

Var.

Kimdir onlar?



Anam, babam, müəlliməm, bir də bütün insanlar.

(H.Cavid. Əsərləri. I c., Bakı, 1968, s.49).


“Qız məktəbində” şeiri H.Cavidin qadına ideal müna­si­bətinin təcəssümüdür. Qadın şərəfinin ali nişanəsi təmizlik, sa­dəlik və maddi rifahın fövqündə duran mənəvi-əxlaqi dəyərdir. Qadının maddi rifahı yüksək olsa belə o, bu dəyəri üstün tutmalı, elmə-maarifə can atmalıdır.

Hüseyn Cavid bir-birinin ardınca “Ana” (1910), “Maral” (1912), “Şeyx Sənan” (1913-1914), “Uçurum” (1917), “Şeyda” (1917), “İblis” (1918), “Afət” (1922), “Peyğəmbər” (1923), “To­pal Teymur” (1925), “Knyaz” (1929), “Telli saz” (1930), “Şəhla” (1935), “Xəyyam” (1935), “İblisin intiqamı” (1936) kimi dram əsərləri yazır və bu əsərlərdə zəngin surətlər qale­reyası yaradır. Bu əsərlərdə dramaturq H.Cavid Göyərçin (“Uçu­rum”), Alagöz (“Afət”), Xumar (“Şeyx Sənan”), Maral (“Ma­ral”), Sevda (“Xəyyam”), Rəna (“İblis”), Südabə (“Səyavuş”) kimi müxtəlif xarakterli qadın surətləri yarat­mış­dır. Hər birinin özünəxas fərdi xarakteri olan bu qadınlar H.Cavidin qələmində öz mənfi və müsbət tərəfləri ilə canlanır.

H.Cavidin “Ana” pyesinin baş qəhrəmanı Ana – Səlma xalqımızın milli dəyərləri əsasında yaradılmış müsbət qadın surətidir. Milli dəyərlərimiz içərisində qonaq həmişə müqəddəs sayılmış, qonağa hörmət, ehtiram göstərilmişdir. Milli-mənəvi dəyərlərimizi böyük ehtiramla ifadə edən böyük ədib “Ana” əsərində bu dəyərləri yüksək poetik pafosla ümumiləşdirmiş, analıq şəfqətinin qan intiqamı duyğularını üstələyən Səlma ana kimi alicənab bir qadın surəti yaratmışdır.

Ana – Səlma evinə pənah gətirən qonağın oğlunun qatili ol­duğunu sonra bilir. O, oğlunun qatilini ölümdən xilas edir. Bu­nun səbəbi qatilin ananın ocağına qonaq kimi pənah gə­tirməsidir. Ana öz nəcibliyi və insanlığı ilə qatili öldürməklə deyil, insanlığı ilə sarsıdır. Obrazın bu mahiyyətini biz dramaturq H.Cavidin xalq bədii təfəkkürünə bağlılığı ilə izah edə bilərik. Ana sevimli oğlu Qanpoladı qətlə yetirən canini ələ vermir və heç bir vəchlə razı olmur ki, oğlunun tərəfdarları ona pənah gətirən qonağı məhv etsinlər. Ev, qonaq sahibi Səl­ma ana elin adətinə kəm baxa bilmir. Çünki eldə-obada qonaq həmişə müqəddəs tutulub.

Ana bir tərəfdən oğlunun intiqamı ilə alışıb-yanırsa, özünü bu xain qonağa yer verməkdə təqsirləndirirsə, digər tərəf­dən də qonağın qanını tökməyi vicdanına sığışdırmır:
…Həm mültəci, həm qərib, həm müsafir,

Xayır, vicdanım olmaz buna qadir,

Bir də hər nə yapsam bu dərdi silməz,

Məhv olsa aləm, Qanpolad dirilməz,

Xayır, əfv etməli. Getsin də miskin,

Xəcalətdən ölsün, yerlərə keçsin… –


deyərək qatil qonağı yola salır.

Əlbəttə, əsərdə böyük dramaturq milli ruhu və etik prin­sipləri Səlma ananın xarakterində və hərəkətlərində verməklə milliliyin spesifik təzahürünü ifadə etmişdir.

H.Cavidin dram əsərlərindəki bir çox qadın surətləri təmiz əxlaqlı, zəngin hissiyyatlı, möhkəm insani keyfiyyəti ilə seçilir.

Maral, Afət, Zəhra, Göyərçin, Xumar, Sevda kimi rən­garəng xasiyyət və təbiətcə bir-birindən fərqli keyfiyyətlərə ma­lik qadın surətləri yaradan H.Cavid qadını bir vətəndaş, bir ana, ruhi və əxlaqi gözəlliyin təmsilçisi kimi görərək, onun varlığına böyük önəm verirdi. O, bir tərəfdən əri tərəfindən unu­dulmuş, təhqir olunmuş Göyərçin (“Uçurum”), digər tərəf­dən ərini zəhərləyən gözəl, füsunkar, cazibəli bir qadın olan Afət (“Afət”) kimi cani bir qadının da ailə faciəsini qələmə almaqla dövrün əxlaq normalarına etirazını bildirirdi.

Məsumluq, mənəvi gözəllik heykəli olan Xumar (“Şeyx Sə­nan”), Xəyyamı şəxsiyyət olaraq zənginləşdirən Sevda (“Xəy­yam”) isə H.Cavidin daxili aləmi zəngin qadın surət­ləridir.

Gözəlliyi, məhəbbəti və tükənməz həyat nəşəsini Hüseyn Cavidin qadının ismətində, əxlaqında gördüyünü ifadə edən Mə­sud Əlioğlu yazırdı: “H.Cavidin qadın surətləri içərisində şərə və hiyləyə düşkün, ehtiraslara uyub rəzalətlər törədən mənfi qa­dınlara da təsadüf edilir (məsələn, “Səyavuş” əsərində Südabə). Lakin şairin qadın surətləri, demək olar ki, hamısı (epizodik səpkidə verilənləri də nəzərə almaqla) müsbət qayəli, xasiyyətcə bütöv və xaraktercə dəyişilməz məğrur qadınlar idi. H.Cavid mənəvi gözəlliyin rəmzi kimi qadını, qadın əxlaqını, varlığını və qadın qəlbinin saflığını qorumağı nəzərdə tuturdu” (Bax: Məsud Əlioğlu. “Məhəbbət və qəhrəmanlıq”. Bakı: “Yazıçı”, 1979, s. 195-196).

H.Cavid “İblis” əsərində Rəna və Xavər kimi qadın tipləri yaratmışdır. Abdulla Şaiq “İblis” əsərindəki “fənalıqların sim­volu” adlandırdığı İblis surəti ilə yanaşı qadın tipləri olan Xavər və Rəna haqqında yazırdı: “Əsərdə qadın tipləri olduqca incə və sənətli fırçalarla canlandırılmışdır. Xavər, Rəna – hər ikisi türk qadınlarını təmsil edən sevimli tipdir. Hər ikisinin naturu aydın və müəyyəndir. Nöqteyi-nəzərlərində ziddiyyət yox. Heç birinin ağıl ilə qəlbi, hiss ilə düşüncəsi, idrak ilə arzusu arasında ayrılıq görünmür. Hər ikisi vəzifəsinin qəh­rəmanıdır. Hər ikisi bəşəri və milli qayə daşıyır. Xavər Rənaya nisbətən daha səmimi, daha idealistdir. Büllur ruhu həyatın çirkabları ilə bulaşmamış, dağ çeşmələri qədər saf və şəffaf bir qəlbə malikdir. “Həp cinayət qadın cinayətidir” – deyən Cavidi qadınlıq düşməni kimi təlqin edənlər bu qadın tiplərini, hələ Xavəri gördükdən sonra yenə də mi fikirlərində israr edəcəklər? (Bax: “Cavidi xatırlayarkən”. Bakı, “Gənclik”, 1982, s. 61-62).

Abdulla Şaiq fikrinə davam edərək yazırdı: “Cavid və İblis kəndi nəfsinə məğlub olan və yalnız kəndini yaşatmaq üçün bə­şəriyyəti və onun bir ailəsi olan millətləri zəhərləyən, hürriy­yə­tinə, yaşamasına əngəl olan xain, xüdbin adamçıqlar və mil­lətlərdir” (Yenə orada, s. 62).

Abdulla Şaiqin H.Cavidi “İblis”i yazmağa gətirib çıxaran bir yazısını da qeyd etmək yerinə düşər. A.Şaiq yazırdı:

Cavidin “İblis” faciəsini ideoloji cəhətdən tənqid edənlərə onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçirdiyi müdhiş bir fəlakəti yazmaq məcburiyyətindəyəm.

Cavid Bakıda köhnə Nikolayevski küçəsində yerləşən “Təbriz” otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı və münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmşdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəsir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdü­yünü və ölümdən qurtulduğunu söylədi. Sonra şair özü başına gələn qəzanı müfəssəl şəkildə belə danışdı:

“Mart hadisəsinin ikinci günü bir dəstə erməni daşnak əs­gəri otelin qapısını qırıb içəri girdilər və altmış nəfərdən ziyadə müsafiri əsir aldılar. Mən vəziyyətin nə yerdə olduğunu hiss edərək getmək istəmirdim. “Nə edəcəksiniz, burada edin!” – de­dim. Lakin hamımızı məcburən çıxarıb apardılar. Yolda hər tin­başı üzərimizə yaylım atəşi açıldıqca hamımız qorxudan yerə sərilir, bir-birimizə qısılırdıq. Sonra “qalxın!” əmri veri­lin­cə yol­daşlarımızdan bir çoxunun qurşunlara fəda olduğunu görürdük. Xülasə, altmış nəfərdən yalnız iki nəfər qaldıq. Bizi gə­tirib Ma­yılov teatrına2 buraxdılar. Aralıq sakitləşənə qədər ora­da qaldıq” (Bax: A.Şaiq. Xatirələrim. Bakı, 1973, s. 294-295).

Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis” faciəsini bu acı təsir altında yazmış, iblislərin ünvanını verə bil­mişdir.

Əlbəttə, Hüseyn Cavidin istər şeirlərində, istərsə də dram əsərlərindəki qadınları, heç şübhəsiz, onların yaşadıqları cə­miy­yət, mühit, əhatə olduqları yaşayış tərzi ilə əlaqədar olaraq ədi­bin qadına münasibəti prizmasından təhlil etməyə çalışdıq və bu qənaətə gəldik ki, XX əsrin böyük mütəfəkkir şairi Hüseyn Cavid:


“Qadın gülərsə bu ıssız mühitimiz güləcək

Sürüklənən bəşəriyyət qadınla yüksələcək –


deməklə idrakda parlayan, düşüncəyə ziynət verən, mərifət nu­ru­na malik, ruhi gözəlliklərə sahib olan qadınlarda bəşəriyyətin gələcəyini görürdü.
BAYATI
Bayatı Azərbaycan poeziyasının həmişəcavan babası, dörd­cə misrada yeri gələndə dörd qitənin dərdini çəkməyi bacaran poeziya “pəhləvanı”. Təbir münasib olmasa da yeridir: Fərasətli qarışqa nə boyda yük qaldırır! “Bayatıların hər biri bir taleyin uğursuzluğu, bir ömrün eniş-yoxuşu, elin-obanın dərdi-səri ilə bağlıdır. Onların hər biri bir hadisədə yaranıb ağızdan-ağıza ke­çir, illərin məhək daşına toxunub büllurlaşır, cilalanır, gəlib ça­ğımıza çatır… Ona görə də bu gün biz onlardakı ka­mil­liyə, bü­tövlüyə, gözəllik və dərinliyə heyran qalmaya bilmirik” (B.Va­­habzadə).

Bayatılar folklorun ən geniş yayılmış növüdür. Bayatı de­mək insan övladının yüksək poetik hünəri olmaqla, insanın öz-özünə mənəvi hesabatıdır.


Əzizim dedi dərdim,

Yar gəldi, dedi dərdim.

Gəl düş mən düşən dərdə,

Onda bil nədi dərdim.


Əzizim gədə dərdi,

Gül əkdim gədə dərdi.

Aləmi dərd öldürdü,

Məni də gədə dərdi.


Ümumxalq mədəniyyətimizin üzvi bir hissəsi olan şifahi xalq ədəbiyyatımızın, onun zəngin bir xəzinəsi olan bayatı­larımızın nadir incilərini toplamaq hələ çox-çox illər öncə bir sıra gözüaçıq, qabaqcıl ziyalılarımızın nəzərini cəlb etmiş və söz yox ki, onlar öz vaxtında müəyyən işlər görmüşlər.

Sovet dövrünün 1926, 1938, 1943, 1960 və 1977-ci il­lə­rində bir neçə bayatı kitabı nəşr edilmişdir.

Əsrlər boyu nənələrimizin, analarımızın yaddaşında sığal­lana-sığallana bu günümüzə gəlib çatan gözəl poeziya incilərini bir yerə cəmləşdirmək, yəni işıq üzü görmüş kitabları, ayrı-ayrı illərdə folklor ekspedisiyası zamanı toplanmış nümunələri, habe­lə bu gün yaranan bayatıları saf-çürük edib bir yerə cəmləş­dirmək gərgin əmək və böyük məhəbbət tələb edir.

Bayatılarımız bizim tariximiz, etnoqrafiyamız, milli key­fiy­yətlərimiz, həyatımızın canlı poetik salnaməsidir. Həyat fəlsə­fəsi, müdriklik, məhəbbət motivləri ilə səsləşən dörd misranın oynaq, həm də həzin formada kitablara sığacaq dərin məna və hikməti vardır.

Bayatılar çox vaxt onların yarandıqları yer haqqında da məlumat verir ki, bu da ayrı-ayrı coğrafi obyektlərlə bağlı olan toponimlərə işarə olduğu üçün, həm də bayatının hansı ərazidə yarandığını bilmək üçün maraqlıdır.
Dağ başında qara bax,

Üstün alan sara bax,

Aləm cənnətə dönsə,

Mənə xoşdur Qarabağ.


Ağdamın yollarında,

Bənd oldum kollarında,

Bir bazubənd olaydım,

Yarımın qollarında.


Məlumdur ki, eyni etnik qrupa daxil olan türkdilli xalq­ların adət və ənənələrində, dünyagörüşlərində, mədəniyyət və etika­sında bir yaxınlıq vardır. Türk xalqlarının bir çoxunun folk­lo­runda təsadüf edilən bayatı janrına İraqın şimalında məs­kən sal­mış, dili türk-azəri dilinin, demək olar ki, eyni olan kərkük­lülə­rin ağız ədəbiyyatında xüsusilə çox təsadüf edilir. Yaxın mənə­viyyatlı, ayrı ərazili, taleləri XX əsrin əvvəllərinə qə­dər bir olan Azərbaycan, türk, kərkük xalqlarının baya­tı­larında oxşar, hətta əkiz nümunələr çoxdur.
Apardı tatar məni,

Qul edib satar məni,

Yarım vəfalı olsa,

Axtarar tapar məni –


bayatısı heç bir qrammatik fərq olmadan kərkük-Azərbay­can-türk folklorunda mövcuddur. Hər misrasının öz yükü olan bu dörd sətirlik şeir ötən tariximizi yadımıza salır. İstər-istəməz düşünürsən ki, vaxtilə monqol-tatar zülmünün gətirdiyi kədəri kərküklülər də eynilə yaşamış və bu hadisə ilə əlaqədar yuxa­rı­dakı bayatını bu günə qədər öz folklorunda qoruyub saxlaya bilmişlər.

Kərküklərdə bayatı janrı xoyrat adlanır. Kərkük xoyrat­larının əksəriyyəti Azərbaycan folklorundakı kəsik bayatıları xatırladır. Belə xoyrat-bayatıların birinci misrası yeddi hecalı deyil, üç-dörd hecalı olur. Kəsik bayatılar (xoyratlar) Azər­bay­can ərazisində də təşəkkül tapdığından onun çoxlu nümunəsi də mövcuddur:


Gəncə daşı,

Kür daşı, Gəncə daşı.

Qonşun bəd övlat olsa,

Yığ evin gencə daşı.


Məlumdur ki, indiyə qədər bayatı toplayan folklorşünas alimlər çox vaxt bayatıların əvvəlində Aşiq, Əzizi kimi müəl­liflərin adlarını axtarmağa cəhd etmişlər. Müəllifli ba­ya­tılar, şübhəsiz ki, Mən Aşiq, Aşiqəm, Əziziyəm sözləri ilə baş­layır. Ancaq çox vaxt bayatı toplayanlar bunun fərqinə var­madan, xüsusən “Əziziyəm”lə başlayan bayatılarda təhrif­lərə yol verə­rək, bunu “Əzzim”, “Əzzinəm” şəklində yazırlar.

Əzzim üzüm ağacı,

Üzüm düzüm ağacı.

Bağa baltalı girdi,

Kəsdi bizim ağacı.
Əzzinəm, daşdı canı,

Kəkliyin daşdı canı.

Dərdimi pünhan çəkdim,

Dedilər, daşdı canı.


Göründüyü kimi, “əzzim, əzzinəm” sözləri birinci növ­bədə bayatıdakı 7 hecalı şeir formasını saxlamaq üçün olsa da onun heç bir poetik yükü yoxdur. Professor V.Vəliyevin yazdığı kimi, “Azərbaycan bayatılarının hamısında müəllif adı axtarmaq meyli, mübahisəsi düzgün deyildir. Müəllifi güman olunanlar­dan başqa, yüzlərlə bayatımız vardır ki, birinci mis­rası adi şeir misrası kimidir: həm də birinci misrası qafiyədən ibarət olan bayatılarımız da mövcuddur.
Dərdə məni

Kim saldı dərdə məni?

Loğman sağalda bilməz,

Mayasın dər əməni.


Kamil və müdrik nümunələr olan bayatılarımız bizə və­fadan, sədaqətdən tutmuş, hörmət-ehtirama, xeyir-duaya, mərd­liyə, vətən sevgisinə qədər hər şeyi pıçıldayır.

İLK AZƏRBAYCAN KİTABI”*


1995-ci ildə Şərq-Qərb nəşriyyatı “İlk Azərbaycan kitabı” adlı dəyərli bir kitab nəşr etmişdi.

Latın əlifbası ilə yayınlanan kitabın ingiliscə tərcüməsi də verilmişdir. “İlk Azərbaycan kitabı”nın tərtib edəni tarix elm­ləri doktoru Aydın Xəlilov, məsləhətçisi xalq şairi Nəriman Həsən­zadədir. Kitaba şair Sabir Rüstəmxanlı “Azərbaycan kitabının ad günü” adlı ön söz yazmışdır**.

Nəfis illüstrasiyalarla bəzənmiş bu kitab Azərbaycanda ilk mətbu əsərlərin yaranma tarixindən bəhs edir və Azər­bay­can alimlərinin ilk kitab nəşrlərinin 400 ilinə həsr edilmişdir.

“Azərbaycan kitabının ad günü” adlanan ön sözün müəl­lifi şair Sabir Rüstəmxanlı hər bir xalqın dininin, döv­lətinin, ədəbiy­yatının tarixi olduğu kimi kitabın da tarixi ol­du­ğundan bəhs edərək, Azərbaycan türklərinin kitabı Allahın gön­dərdiyi nemət sayaraq çörəklə bərabər tutduğu və mü­qəddəs qəbul etdiyinən “Tanrı haqqı”, “Kitab haqqı” kimi andlar içdiyinə” diqqət çəkir.

Sabir Rüstəmxanlı Azərbaycanın “Qobustan” qayala­rında, Kəlbəcərdə yazılan daş kitabalərini, sonralar dədə­lə­rimizin daş­la, ağacla, mıxla, lələk və metal qələmlərlə yazdığı kitabları xa­tır­layaraq “dünyanın mixi yazı olaraq qəbul etdiyi əlifba əslində türklərin icadıdır” deyir və “qədim Şumerlərin yazını gil üstündə mıxla yazdığına görə belə yazıların mixi yazı adlandırıldığını və sonralar ərəblərin dilinə bu sözün “mismari yazı” şəklində tərcü­mə edildiyi qeyd edir.

Sabir Rüstəmxanlı “Azərbaycan kitabı” deyəndə, əlyaz­malarını nəzərə alsaq, onda min illərin tarixini vərəqləməliyik. Azərbaycan əlyazma kitabı bütün mədəniyyət yolumuzun yol­daşı olub. Lakin bu bukletdə əlyazmadan yox, sənaye, mətbəə üsulu ilə hazırlanmış ilk Azərbaycan çap kitabından söhbət gedir” deyərək “ilk nəşrlərimizin də çox maraqlı və qədim bir tarixi” olduğunu yazır.

Bəs mətbəədə yayınlanan ilk Azərbaycan kitabı hansıdır? Bu suala kitabın tərtibçisi Aydın Xəlilov “Azərbaycanın ilk çap kitabları” adlı üç bölümlük yazısında “bu kitab ilk dəfə 1594-cü ilə Romanın “Mediçi” mətbəəsində nəşr edilən Nəsirəddin Tusinin “Təhriri-Öqledis” kitabıdır” cavabını verir.

“Təhriri-Öqledis” 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra şərq ölkələrində ərəb dilində nəşr edilən “Təhriri-Öqledis” əsəri 1801-ci ildə İstanbulda, 1824-cü ildə Məra­keşdə,1880-ci ildə Tehranda nəşr olunur.

“Təhriri-Öqledis” kitabının bu qədər maraq doğurmasının səbəbi nə idi və Nəsirəddin Tusi kim idi?

Azərbaycanın elm və ədəbiyyat tarixində müstəsna yeri olan Nəsirəddin Tusi haqqında xeyli araşdırmalar aparılmış, əsər­ləri nəşr edilmişdir. Araşdırmalar içərisində Həbibulla Mə­həm­mədbəylinin 1957-ci ildə Azərbaycan dilində yazdığı “Nə­sirəddin Tusi” əsəri, yenə həmin müəllifin 1961-ci ildə rus dilin­də nəşr etdirdiyi “Marağa rəsədxanasının qurucusu Nəsi­rəddin Tusi” kitabları, professor Rəhim Sultanovun fars dilin­dən tər­cümə edərək, müqəddimə və şərh yazdığı “Əxlaqi-Nasiri” kitabı N.Tusi haqqında dəyərli mənbələrdir.

Prof. H.Məmmədbəyli elmi ədəbiyyat kataloqunda “Nəsi­rəddin Tusi”, “Xoca Nəsirəddin Tusi” adı ilə 76 əsərin qeyd edildiyi və bu əsərlərin sənət, musiqi, tarix, coğrafiya, tibb, ədəbiyyat, riyaziyyat, nücum, ilahiyyat, məntiq, psixo­logiya kimi sahələrə aid olduğunu, “Zici-Elxani”, “Əxlaqi-Nasiri”, “Tənsiqnameyi-Elxani” (“Cavahirnamə”), “Şərhül-İşarət”, “Təh­riri-Mecasil”, “Şəklül-Gita”, “Təhriri-Öqlidis” əsərlərin bunlardan bir neçəsi olduğunu qeyd edir.

Göründüyü kimi, Nəsirəddin Tusi (1201-1274) orta əsrlərdə Azərbaycanın elm və ədəbiyyat sahəsində yetişdirdiyi görkəmli bir riyaziyyatçı, astronom və əbədiyyat alimidir. 1201-ci ildə Həmədan şəhərində dünyaya gələn, sonralar Nəsirəddin Əbu Cəfər Muhammed ibn Muhammed əl Tusi kimi tanınan alimin əsl adı Muhəmməd, atasının adı Muhəm­məd, babasının adı isə Həsən idi. Azərbaycanda xalq arasında ona Nəsir Tusi deyi­lərmiş. Tədqiqatçıların fikirlərinə görə o, gəncliyini və təhsil illərini Xorasanın Tus şəhərində keçirdiyi üçün özünə belə bir ləqəb götürmüşdür (bax: H.Məmmədbəyli. “Mühəmməd Nəsi­rəd­din Tusi”. Bakı, Gənclik, 1980, səh. 36).

Yaşadığı dövrdə “Elm ölkəsinin şahı” kimi şərəfli ad qaza­nan Nəsirəddin Tusi Marağa Rəsədxanasının qurucusu, yalnız Azər­baycanın deyil, Şərqin nüfuzlu bir alimi olaraq diq­qət mər­kəzində olmuşdur. Maraqlıdır ki, Marağa Rəsəd­xa­na­sının tikil­məsi XIII əsr Monqol istilası dövrünə təsadüf edir. Odur ki, Marağada Nəsirəddin Tusinin rəsədxa­na­sının tikilməsi üçün bir çox rəvayətlər və mülahizələr vardır. Bu rəvayətlərdən biri də alimin Hülakü xanla münasibəti, rəsədxana üçün ayrılacaq vəsait üçün Hülakü xanla çox incə bir siyasətlə apar­dığı söhbətlə məq­sədinə nail olmasıdır. Bu barədə Həbibulla Məmmədbəyli “Mü­həmməd – Nəsirəddin Tusi” kitabında yazır: “Elə ki, Marağada tikiləsi rəsədxananın məsarifi haq­qında Xacə Nəsirəddin Hülakü xana söhbət açdı və Hülakü təəccüblənib söylədi ki, bu ulduzlar elminin nə faydası var ki, rəsədxanaya bu qədər pul xərc oluna? Həmin suala Nəsir bu növ cavab verdi: İcazə ver belə bir iş görsünlər. Hamıdan xəbərsiz bir şəxs qoy bu dağın başına qalxsın və kimsənin xəbəri olmadan bir teşti üzüaşağı buraxsın. Və belə də etdilər. Teşt üzüaşağı düşdükdə çox böyük hay-küy saldı və buna görə də aşağıda qoşun içərisində bir vahimə və təlatüm əmələ gəldi. Elə bildilər ki, düşmən qoşunu onların üzərinə hücum edir. Nəsir və Hülakü xan isə sakitcə bu hadisəni seyr edirdilər. Bu halda Nəsir Hülaküyə dedi ki, görürsünüzmü bizə bu hadisə və onun səbəbi məlum olduğu üçün biz sakit, əsgərlər isə xəbərsiz olduqlarına görə çox narahat olmuşlar. Bu qayda üzrə də yer üzərində sakit yaşamaq istəyirsənsə, göy hadisələrini öyrənmək lazımdır.

Bu cür sadə, lakin əyani yolla Nəsirəddin Hülakü xanı məc­bur etmişdi ki, Marağa rəsədxanası üçün lazım olan xərci versin (səh. 52-53).

N.Tusinin Marağa rəsədxanasında mötəbər bir kitabxana qur­duğuna da “İlk Azərbaycan kitabı”nın tərtibçisi Aydın Xə­lilov diqqət çəkərək yazır: “Dünya əhəmiyyətli Marağa rə­səd­xa­nasının və onu elmi ədəbiyyatla təmin etmək üçün külli miq­dar­da əlyazma abidələrini toplayıb 400 min nüsxəlik fondu olan kitab­xananın təşkili də Tusinin adı ilə bağlıdır” (səh. 11-12).

Tarixi həqiqətlərə istinad edən kitabın tərtibçisi İtaliya riyaziyyat alimlərinin Nəsirəddin Tusinin “Təhriri-Öqlidis” əsə­ri­nin Romada çap olunması 400 illik tarixinə diqqət çəkərək ya­zır: “Qərbi Avropa səyyahlarının Asiya ölkələrinə səya­hət­lərinin marşrutları əksər hallarda Azərbaycandan keç­diyindən, onlar Təbrizdə də dayanmış və Marağa rəsədxanası alimlərinin elmi nailiyyətlərindən xəbərdar olmuşlar. Sözsüz ki, rəsədxana rəh­bəri Nəsirəddin Tusinin əsərləri İtaliya səyahətçilərinin mara­ğın­dan kənarda qala bilməzdi… İtaliya riyaziyyatçıları Nəsi­rəddin Tusinin “Təhriri-Öqlidis” əsərini əldə edib çap et­dir­mişlər. Hazırda Azərbaycan aliminin bu əsərinin 123 nüsxəsi dünyanın 32 kitab xəzinəsində mühafizə olunur”.

… Nəsirəddin Tusinin kitabının ilk çapından (1594) 400 il keçir. Mövcud biblioqrafiya əsərlərinə əsaslanaraq “Təhriri-Öqlidis”in 1594-cü il Roma nəşrini hələlik ilk Azərbaycan çap kitabı kimi qəbul etmək olar” (səh. 14-15).

Kitabın tərtibçisi böyük zəhmət hesabına topladığı elmi araşdırmalara əsaslanaraq, N.Tusinin nəşr olunan bu kitabından sonra Azərbaycanın elm və ədəbiyyat xadimlərinin dünyanın bir çox ölkələrində yayınlanmış əsərləri haqqında da məlumat verərək yazır: “XVII əsr tarixçisi, milliyyətcə azərbaycanlı Oruc bəy Bayatın “İranlı Don Juanın kitabı”nın (1604) ispan dilində İspaniyanın o vaxtdakı paytaxtı Valyadoliddə, İ.Qut­qa­şınlının “Rəşid bəy və Səadət xanım” (1835) əsərinin fransız di­lində Varşavada, A.Bakıxanovun “Qanuni-Qüdsi” əsərinin fars (1831) və rus (1844) dillərində Tiflisdə, Nizami Gən­cəvinin “Sirlər xəzinəsi” (1844) əsərinin Londonda, Mirzə Kazım bəyin “Türk-tatar dillərinin qrammatikası” əsərinin Kazan (1846), Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinin fars dilində Bombeydə (1851), M.Ş.Vazehin şeirlər kitabının Berlində (1851) nəşrini nümunə göstərmək olar” (səh. 15).

“İlk Azərbaycan kitabı”nda Azərbaycanın ən qədim əlyazmaları haqqında da qiymətli məlumatlar vardır.

Kitabda bu gün elm aləminə məlum olan VII əsrə aid “Dədə Qorqud”un əlyazma nüsxələrinin “Almaniyanın Drez­den və İtaliyanın Vatikan kitabxanalarında mühafizə edildiyini, XI-XII əsrdə yaşamış Azərbaycan alim və şairləri  Qətran Təbrizi, Bəhmənyar, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Mücirəddin Beyləqanlı kimi ünlü şair və alimlərin günümüzə gəlib çatan əsərləri, o dövrdə Azərbaycanda əl­yazma kitablarının mövcudluğundan xəbər verir. Bu əsərlərin ən qədimlərindən biri 1220-1225-ci illərdə üzü köçürülmüş və hazırda Paris Milli Kitabxanasında saxlanılan Təbərinin “Quranın şərhi” əsəri, XIII əsrin əvvələlrində Əyyubinin “Vərqa və Gülşah”, Xətib Təbrizinin “Şərhi-Divani-Həman” (1256) Əlləaddin Güveyninin “Monqol tarixi” (1290) kimi əsər­lərin əlyazma nüsxələrinin mövcudluğundan xəbər verir (səh. 11).

“İlk Azərbaycan kitabı”ndan onu da öyrənmək olar ki, dün­ya kitabxanasında Nizami Gəncəvinin “Xəmsə”sinin 792 və Fü­zu­linin əsərlərinin təxminən 800 əlyazma nüsxəsi mü­hafizə edilir.

Tərtibçi eyni zamanda orta əsrlər Azərbaycan ədəbiy­yatının varlığından xəbər verən Azərbaycan mətbəə tarixindən və mət­bəə­lərdə çap olunan kitablar haqqında da ətraflı məlumat verir.

Maraqlıdır ki, tərtibçi ilk Azərbaycan mətbəəsinin 1819-cu ildə Təbrizdə qurulduğunu və bu mətbəədə ilk mətbu kitabın 1819-cu ildə Mirzə İsanın İran-Rusiya müharibəsindən bəhs edən “Cahadiyyə” əsəri olduğunu yazır və sonra Təbrizdə daş­basma üsulu ilə Füzulinin “Leyli və Məcnun” (1819), 1835-ci ildə Şuşada, 1874-cü ildə Gəncədə, 1887-ci ildə Şama­xı­da, 1892-ci ildə Bakıda və ayrı-ayrı vaxtlarda Azərbaycanın di­gər şəhərlərindəki nəşrlərindən bəhs edir.

Çox böyük bir tarixi əks etdirən “İlk Azərbaycan ki­tabı”nın son səhifələrində Azərbaycan və ingilis dillərində alt yazı ve­rilməklə orta əsrlərdən başlayaraq çap olunan Azər­baycan kitab­larının fotokopyaları da verilmişdir.

Azərbaycan nəşr kitabları, mətbəə tarixi, əlyazmaları haq­qında qısa məlumat verən bu maraqlı kitab Azərbaycanın qədim elm, mədəniyyət, ədəbiyyat tarixinin biblioqrafiyasıdır desək, yanlış olmaz. Buna da inanırıq ki, böyük zəhmət hesa­bına ortaya çıxan bu qiymətli kitabın tərtibçisi araşdırmalarını davam etdi­rə­rək, yeni məlumatlar işığında kitabın dəyərini daha da artıra­caq­dır.

1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə