Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ




Yüklə 1.06 Mb.
səhifə12/13
tarix22.02.2016
ölçüsü1.06 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

ÖMRÜN KARVANI*
Əlli ildir yol gedirəm səninlə mən,

Sən ömrümün əlli illik yaddaşısan.



Nəzakət
“Ömrüm” kitabından sonra Nəzakət Məmmədova ikinci kitabı – “Ömrün qatarı” ilə oxucularla görüşüb söhbətləşməyə gəl­mişdir. Nəzakət xanımın şeirləri üçün bir tarix yazmaq la­zım gəlsə idi, o zaman “50 yaş” yazılsa idi, daha uyğun olardı. Çünki onun şeirləri bu əlli yaşın içində ərsəyə gəlmiş, arzu və is­təkləri ilə poetikləşərək əlli ilin izlərini əks etdirmişdir. Ki­tabda verilən “Ömrün qatarı” poetik adı da zahirən sadə gö­rünsə də, dərin fəlsəfi bir məna daşıyır. Ömrün qatarı öz sürəti ilə elə hərəkət edir ki, onu geri döndərmək, istədiyin kimi məc­rasını dəyişmək olmur. Bu qatar sənin yükünü uşaq­lıqdan çəkə-çəkə gəlir, haraya nə zaman çatacağını söyləmək də bir müəmmaya dönür.

“Ömrün qatarı”ndakı şeirlər məna-məzmununa görə rən­ga­rəngdir. Bu şeirlərdə ömrün müxtəlif məqamları ilham və səmimiy­yətilə qələmə alınmış, poetikləşmişdir. Ata yoxluğu, ana nəvazişi, ana yoxluğu, bacı, dost, övlad məhəbbəti, ailə qayğıları, daha nələr, nələr… Uşaqlığın sevinci, dəcəlliyi, həyat sevgisi, Vətən, torpaq, yurd sevgisindən tutmuş bir ana-öv­lad sevgisi, övladının əsgər olması ilə ananın yaşadığı “Əsgər anası” sevgisi bütün çalarları, öz poetik yükü ilə Nəzakət xanımın şeirlərinin cövhərindədir.

Şeirlər ömrün uşaqlığından yol alan bir ömür karvanı, müasir dillə bir ömür qatarıdır.

Yola düşən bu ömür karvanı bir də geri qayıtmayacaq, uşaq­lıq, həyat eşqi ilə dolu gənclik illərinin yükünü çəkə-çəkə sonu bəlli olmayan bir qatarla yol gedərək, yaşanan anları poetikləşdi­rə­cək, bütün səmimiyyəti ilə oxucusu ilə dil tapıb, ünsiyyət bağlayacaq:


…Bu ömür qatarına,

Kimlər, harda minəcək.

-------------------------

* Məqalə 17 aprel 2014-cü ildə “525-ci qəzet”də yayımlanmışdır.

Kimi yarı yoldaca,

Kimi sonda enəcək.

…Kaş yolunun üstündə,

Acı rüzgar əsməsin.

Qoy ömür qatarını,

Ümid çəkib aparsın.


“Ömrün qatarı”nda Nəzakət xanımın doğma torpağa, el-obaya, həyatın mənasını təmizlikdə, qurub-yaratmaqda görən adamların həyatına həsr edilmiş ictimai məzmunlu şeirləri xü­susilə seçilir. Bu şeirlər ifadə və məna tərzləri ilə səciyyələnir.
Bir adam varmı ki, diləksiz olsun,

Arzusuz adam yox bu kainatda –

Arzumun şirini-şəkəri çoxdur,

Arzular yaşadır məni həyatda –


deyən Nəzakət xanımın ictimai məzmunlu şeirləri içərisində Milli Ordumuzun zabiti olan oğlu Ramilə həsr etdiyi “Zabit ana­sıyam mən” şeirində Ana sevgisi, Vətən sevgisi ilə bü­tövləşərək, bir vəhdət təşkil edir:
Beşiyni asmışam, gözümtək qorumuşam,

Yuxusuz gecələri gündüzlərə qatmışam.

Şirin-şəkər balama həzin layla çalmışam,

Beşiyinə, laylana, övladına bağlanan,

Zabit anasıyam mən!
Şükür, sənin yanında alnım açıqdır, Vətən,

Bir cəsur, bir qəhrəman oğul böyütmüşəm mən.

Bir qarış torpaq üçün canını fəda edən,

Bayrağına, himninə, şərəfinə and içən,

Zabit anasıyam mən!
Düşmənə “göz dağı”san, gücümsən, qüvvətimsən,

Ürəyimin təpəri, gərəyim, köməyimsən.

Vətənin “dar günü”ndə səsinə hay verirsən,

Bu torpağa, bu elə, bu Vətənə balğısan.

Səni Vətənə verdim,

Sən Vətənin oğlusan!


Nəzakət xanımın şeirlərində həyat və onun təzadlarına ba­xış gah üsyankar ifadə, gah da mülayim, düşüncəli tərzdə poe­tikləşir. Bu üsyankarlıq xüsusən “Gözün yaddaşı” şeirində daha qabarıq şəkildə səslənir:
Gözümün səsindən qulaq tutulur,

Bu kimin gözüdü iraqdan baxır?

Çıxası gözlər var – Qarabağdadı,

Oymalı gözlər var, qıraqdan baxır.


“Dərd” şeirində isə Nəzakət xanım “dərd” sözünü incə bir eyhamla poetikləşdirir:
Deyirlər, hər dərdə məlhəm zamandı,

Bəs zaman dərdləri niyə azaltmır?

Niyə dərd üstünə dərdlər qalanır,

Zamanın gücümü dərdlərə çatmır?


Onun şeirlərində təbiət gözəlliklərinin poetik təsviri sə­mi­mi şəkildə mənalanır. Təbiət, onun dağı-daşı, yaranışı möv­zusunda olan “Payız”, “Bənövşə”, “Qar yağır”, “Həm­də­mim dəniz” kimi şeirlərinin hamısı təbiətin özü kimi təzə-tərdir.
Qar yağır,

Naxışlı, dümağ, bəmbəyaz,

Torpaq bərəkətə bələnir, yatır.

Çılpaq ağacların qol-budaqları,

Bir ana hənrinə bələnib yatır.
Payızı isə bərəkət, toy-düyün ayı kimi səciyyələndirir:
Onu çox gözləyib nişanlı qızlar,

Kim deyir, əlləri boş gəlib payız?

Bərəkət fəslidi, toylar fəslidi,

Açın qapıları, xoş gəlib payız.


“Ömrün qatarı” kitabındakı bir cəhət xüsusilə diqqət cəlb edir. O da insandır. Bu şeirlərdəki insan sözün əsl mənasında qürur hissi ilə, ən səmimi sözlərlə qeyd edilir. Bu insan bizim mənəvi dünyamız, şanımız-şöhrətimiz, sabahlara inamımızdır.
Bir gün var – yaşayıram bu günümlə,

Bu günümə sığınıbdır

keçmişim də, dünənim də.

Bir sabah var – ümid atın

sabahlara çapacağam.

Mən ömümü sabahlara bağlyıram,

İtirdiyim hər nə varsa,

sabahımda tapacağam.


Kitabın bir fəsli “Haçansa sevgi şeirləri də yazdım” ad­lanır. Buraya Nəzakət xanımın “Küsmüşəm”, “Ölənə qədər”, “Oldu”, “Qəmin yanında”, “Sevgidən ağla”, “Bəhanə gəzmə”, “Ge­cikdin”, “Sən getsən”, “Deyiləm”, “İstədim”, “Sevgidən danış” kimi şeirləri toplanmışdır.

Şeirlər kövrək, həzin bir sevgi macərasını xatırladır.


Ay ömrümə nur çiləyən,

Sonra gün-gün puç eləyən,

Elə getdin – köç eləyən

Durnalar da yalan oldu.


Təmkinlə, səmimiyyətlə, giley-güzarsız deyilən bu mis­ralarda sevənlərin özünə götürəcəyi çox məna ifadə edilir.
Səninlə biz elə doğmalaşmışıq,

Səndən özgəsini görən deyiləm.

Ruhumda, canımda yerin başqadır,

Yerini heç kəsə verən deyiləm.

– misralarındakı səmimiyyət, saflıq Nəzakət xanımın məhəbbət lirikasındakı incə bir nəzakətin ifadəsidir.

SULTAN SÜLEYMANIN

EKRAN HƏYATI
Türk cahangirlərinin Asiyadan Avropaya müzəffər yürüşlə­rini, türk xalqlarının üç min illik tarixə sahib olan və bu uzun zaman içində yüz iyirmi dövlət, on altı imperatorluq quraraq, dünya coğrafiyasının 20 milyon kilometr civarında önəmli bir qismə sahib olduqlarını, yaşadıqları coğrafiyada zəngin bir mə­dəniyyət meydana gətirdiklərini qocaman dünya hələ də öz yad­daşında yaşatmaqdadır.

Təxminən 7 əsrdən artıq (1299-1922) fasiləsiz olaraq haki­miy­yətdə olan və 36 padişahla təmsil edilən Osmanlı (Osman­lıo­ğulları) dövləti Asiya, Avopa və Afrika qimətələrini əhatə edən güclü və təsirli bir imperatorluq qurmuş, hökmranlığını XIII əsrdən XX əsrin əvvəllərinə qədər davam etdirərək, bu torpaq­larda islam mədəniyyətini yaymış, böyük xanədanlıq yaratmışdır. Osmanlı dövləti o zaman islamın qoruyucusu olan ən güclü tək dövlət idi. Dövlətin qanunları ilə islam dini dövlətə bərabər idi. Dövlətin ali qərarları da Şeyxülislam tərəfindən təsdiq edilirdi.

36 padşahla tanınan Osmanlı dövlətinin Sultan Süleymanın hakimiyyət illərinə (1520-1566) qədər ilk on padişahı Osmanlı or­du­suna komandanlıq edib müharibələrdə iştirak etdikləri halda II Sul­tan Səlim (1566-1574), III Murad (1574-1595), I Mustafa (1617-1618 və 1622-1623), İbrahim (1640-1648), II Süleyman (1687-1691), II Ahmed (1691-1695) səfərə çıxmamış, səfərə çıxan və müharibəyə komandanlıq edən sonuncu padişah II Mustafa (1695-1703) olmuşdur (bax: Necdet Cakaoğlu. “Bu Mülkün Sul­tan­­ları 36 Osmanlı padişahı”. İstanbul, 2011, On altıncı baskı, səh. 16).

Osmanlı sultanlarının içərisində ən uzun səltənət sürən (46 il) Kanuni Sultan Süleyman (1495-1566) padişahlıq etdiyi təxminən yarım əsr müddətində on üç dəfə Şərqə və Qərbə hərbi səfər edərək Osmanlı İmperatorluğu tarixində rekord sahibi olan Osmanlı padişahı və 71 yaşında son hərbi səfərə çıxaraq, səfər sırasında öz əcəli ilə ölən tək Osmanlı padişahıdır.

Osmanlı dövləti siyasi, diplomatik, əsgəri, texnologiya, me­marlıq, elm və incəsənət sahəsində qızıl dövrünü onun hakimiy­yə­ti illərində yaşamış, dünyanın ən güclü dövlətlərindən biri olmuşdur.

Sultan Süleymanın atası Yavuz Sultan Səlim (padişahlığı 1512-1520) 1495-ci ildə Trabzonda valilik edərkən, yeni doğulmuş oğluna “Quran”dan bir isim vermək istəyir və “Quran” açılan zaman Həzrət Süleymanın adı çıxır. Sultan Süleyman haqqında yazanlar atası Şahzadə Səlimin düşüncələrini belə qələmə almışlar: “Şahzadə Səlim, padişah taxtı üçün qardaşlar arasında çıxan çar­pışmaları gözlərinin önünə gətirərək bu səbəbdən dövlətin və millə­tin nələr itirdiyini, dərin bir hicran içində özü ilə hesablaşarkən duaya başladı: “Rəbbim! Bir gün mənə taxt nəsib edəcəksənsə, başqa bir övlad istəmirəm. Vermə ki, oğlum Süleyman qardaşları ilə savaşmaq məcburiyyətində qalmasın. Bütün gücünü, qüvvətini cihad əmri istiqamətində səfərbər edib kafirlərlə cəngə sərf etsin və müzəffər olsun” (bax: Yavuz Bahadıroğlu. Muhteşem Kanuni Sultan Süleyman ve Hürrem Sultan. İstanbul, 2011, səh. 42).

25 yaşında Süleymanın padşahlığı dünya tarixfiləri tərəfin­dən “Möhtəşəm Süleyman” kimi yazılmış, türk milləti isə onu “Kanuni Sultan Süleyman” deyə yad etmişdir.

Kanuni Sultan Süleyman atası Yavuz Sultan Səlimin (1467-1520) ölümündən sonra taxta keçən 10-cu Osmanlı pa­di­şahıdır. O, Piri Mehmet Paşanın göndərdiyi xəbərlə atası Sultan Səlimin öldüyünü öyrənincə, vaxt itirmədən İstanbula gələrək padşahlıq taxtına oturur. İlk əmri də xalqa haqsızlıq edib vergi alan və vergini verməyənlərə zülm edən Kaptani-Dərya Cafer Ağa­nın mühakimə edilməsidir. Bu səbəbdən də xalq ona “Ka­nuni” ləqəbini yaraşdırmışdır.

Haqqında yazılanlardan biri də budur:

Hökmranlığının ilk günlərində babası (atası) Yavuz Sultan Səlimin sevimli nədimi Hasan Canı hüzuruna çağıraraq ona 3 sual vermişdi.



  1. Elçiyə zaval olmadığı halda babam Səlim xan İran elçi­lərini nə haqla həbs etdirmişdir?

  2. Şah İsmayılın Çaldıranda əsir alınan nikahlı xanımını nə haqla bir başqasına nikahlandırmışdı?

  3. İpək tacirlərinin malları hansı haqq və qanuna istinadən müsadirə edilmişdir?

Suallara təxmin etdiyi cavablar almayınca xata saydıqla­rın­dan mümkün olanları ortadan qaldırmış, dövlətin qayda-qanun­la­rını qo­rumaq arzusu ilə hökmü padişahlara da keçən bir “Ka­nun­name-i Al-i Osman” hazırlamışdır (bax: Yavuz Bahadıroğlu, səh. 71).

“Kanuni Sultan Süleyman qanun yaradan ilk Osmanlı pa­dişahı deyildi. Lakin onun zamanında qanunların yerinə yetiril­məsi vəzifəsi Şeyxülislama aid idi. O, zamanın dəyişən şərt və ehtiyaclarına cavab verəcək “Quran”ın bəzi şərh və izahlarını qanunlaşdırdı” (Yavuz Bahadıroğlu, səh. 316).

Tarixdə “Möhtəşəm” ünvanı ilə anılan Sultan Süleymanın ehtişamı haqqında türk tarixindəki xataları zərrəbinlə incələyən yabançılar belə onun haqqında yüksək fikirdə olmuşlar. Onlar­dan bir neçəsi: “Süleyman böyükdü. Yalnız mümkün şərtlərin təsadüflərilə deyil… Bacarığı, əzm və iradə dolayısı ilə də de­yil… O, həqiqətən də böyükdü (Sir Edvard S.Creasu) “I Süley­man XVI əsrin ən böyük hökmdarlarından biriydi” (Sir Villiam Sterling Maxvelli) (bax: Yavuz Bahadıroğlu, səh. 71).

Dörd ildir ki, ssenarisi Meral Okay tərəfindən yazılmış Türkiyə, Şərq və Qərbin, ümumiyyətlə, dünyada 200 milyon ta­ma­şaçının maraqla izlədiyi “Möhtəşəm Yüzil” teleserialı Os­man­lı İmperatorluğunun Sultan Süleyman dövrü ilə bağlı çəkil­mişdir. “Möhtəşəm yüzil” teleserialının mövzusu Kanuni Sultan Süleyman və Hürrəm Sultan arasındakı eşq macəraları ilə bəra­bər Sultan Süleyman dövründə yaşanan başlıca hadisələrdir.

Filmdə Kanuni dövründə Osmanlı donanmasının güclənmə­si 27 may 1521-ci ildən möhtəşəm ordunun Ədirnəyə hərəkəti, Avropanın qapısı Macarıstan olsa da, Macarıstanın kilidi Bel­qra­dın 1521-ci ildə alınması və “Belqrad fatehi” olaraq Sultan Süley­manın İstanbula dönməsi, 1522-ci ildə Rodosun, ayrıca Bodrum, Tahtalı, Aydos qalalarının alınması, 1526-cı ildə Sultan Süleyma­nın Macarıstan kralı II Layoşun ordusu ilə Mohaş düzündəki zə­fəri, bu zəfərdən sonra Budin səfəri, Macarıstanın Osmanlı döv­lətinə bağlanması ilə sonuclanan və yeddi aylıq bu səfərdən Sul­tan Süleymanın 1526-cı ildə böyük bir zəfərlə İstanbula dönməsi Belqrad-Budin arasındakı qalaların fəthi, Macarıstandan Ərəbis­tana uzanan bir çox torpaqların fəthi, Osmanlı torpaqlarının Asi­ya, Avropa və Afrika torpaqlarında genişlənməsi, Akdeniz (Ara­lıq dənizi), Hind Okeanı və Tunadakı (Dunay) dəniz savaşları kimi zəfərlər və 71 yaşında Sultan Süleymanın etdiyi son hərbi səfər filmdə bu və ya digər formada tamaşaçıya xatırladılır.

Filmin çoxsaylı peşəkar oyunçu kadrosu vardır:

Baş rollar – Kanuni Sultan Süleyman (Halit Ergenç), Hür­rem Sultan (Meryem Uzerli ve Vahide Perçin), Ayşe Hafsa Sultan (Nebahat Çehre), Pargalı İbrahim Paşa (Okan Yalavık), Şahzade Mustafa (Mehmet Günsür), Mahidevran Sultan (Nur Fettahoğlu), Rüstem Paşa (Ozan Güven), Şahzade Selim (Engin Öztürk), Şahzade Bayazid (Aras Bulut İynemli), Mihrimah Sultan (Pelin Karahan), Hatice Sultan (Selma Ergeç), Nurbanu Sultan (Merve Boluğur) kimi baş rolların ifaçıları ilə bərabər 100-dən artıq xarakterik rolları canlandıran peşəkar aktyor öz sanbalı və yaddaqalan rolları ilə seçilir.

“Möhtəşəm yüzil” teleserialının baş rol oyunçusu Halit Ergenç həm baş rol ifaçısı, həm də bütün hərəkət və davranı­şın­da, geyim-kecimində, danışığında, səsində həqiqətən möhtəşəm­di. Sultan Süleymanın sevgisini də, tərəddüd etmədən qəti qə­rarla cəza verməyini də, mərhəmət və nifrətini də möhtəşəm şəkildə ifadə edən əsil oyunçu, qüdrətli bir aktyor, “Muhibbi” ləqəbi ilə oxuduğu şeirlər, insan kimi duyğulu, padşah kimi qə­rarlı və sərt Sultanın söylədiyi fəlsəfi düşüncələr, insanlar ara­sındakı davranış və münasibətə örnək olan “sən haqqa qarşı hə­yalı, xalqa qarşı vəfalı ol” fikri aktyor Halit Ergençin danışı­ğında özünəməxsus səs və ifadə tərzi ilə səslənir.

Oğlu Şahzadə Səlimin içkiyə meylini hiss etdiyindən onun tövbə etməsini, ona məsləhətlərini sərtlik və mülayimlik arasın­da bir dillə ifadə edərkən Cəlaləddin Rumi Həzrətlərinin “Cən­nə­tin 8 qapısı var. Bunlardan biri tövbə qapısıdır. O biri qapılar açılır, qapanır. Tövbə qapısı isə əsla qapanmaz” deyərkən Möh­tə­şəm Süleyman (aktyor H.Ergenç) həqiqətən möhtəşəm və müdrikdi.

Filmin 124-cü bölümündə Sultan Süleyman (Halit Ergenç) və Cahangir (Tolqa Sarıtaş) arasında keçən dialoq çox maraqla izlənir. Cahangir xəstədir. Hökmdar oğlunun sağalması üçün onun Afyon şurubu içirilməsinə belə razılıq verir. Amma həkim deyir ki, Sultanımızla Şahzadəmizi xəstəliyi eynidir: vicdan əzabı. Biri şahzadə oğlu Mustafaya qıydığı üçün, o biri də bu qətlə mane ola bilmədiyi üçün vicdan əzabı çəkir.

Sultan yas tutmağa haqqı olmadığını “mənim yas tutmağa haqqım yox. Öz övladımı öz əlimlə qətl etdim. Necə yas tuta bilərəm” – deyə vicdan əzabı çəkir.

Onsuz da qüsurlu doğulub, həyatı boyunca xəstəhal olan Şahzadə Cahangir vicdan əzabından daha da ağır xəstəliyə tutu­lub ölüm yatağına düşür. Cahangirin ölüm yatağında Sultan Sü­leyman “Qüsursuz ağlın və vicdanın qüsurlu bədənin qarşısın­da zəfərindir” deyərək oğlunun ağıl və kamalı qarşısında baş əyir.

Hürrəm Sultan (filmdə bu rolu ifaçı Meryem Uzerli və Valide Perçindir) Kanuni Sultan Süleymanın nikahlı xanımı, Şahzadə Məhməd, II Səlim, Şahzadə Bayazid, Şahzadə Cahangirin və Meh­rimah Sultanın anasıdır. Krım tatarları tərəfindən qaçırılıb Krım xanlığına satılmış əsli hələ də müəmmalı – gah rus, gah ukraynalı, gah da Rutenyalı (polyak) bir papazın qızı kimi tanınan, əsil adı da Alexandra Lisovska, bəzi mənbələrdə Roksana olan bir cariyədir. Taxta çıxan Kanuni Sultan Süleymana Krım xanlığı tərəfindən hədiyyə edilmişdir. Sultan Süleymanın sevimli xanımı, Şahzadə Mustafanın anası Mahudevran Sultanı padişahın gözündən düşürüb onun sevgilisi, qanuni arvadı olmağı bacaran bir qadın.

Cariyə olaraq Sultan Süleymanın hərəminə göndərilən Hürrəmi Süleymanın anası Krım xanının qızı Ayşe Hafza Sultan oğluna cariyə olaraq seçsə də, Hürrəm Sultanın “gözdə”si və onun nikahlı arvadı olmağı bacarmışdır.

Tarixçilərin yazdığından və filmdən də göründüyü kimi, Kanuni Sultan Süleyman Hürrəm Sultana vurğundu. O da tam mənasında Sultana aşiqdi. Onların bir-birinə yazdıqları məktub­lar, şeirlər bu gün də mənbələrdə mövcuddur. Divan ədəbiy­ya­tının “Muhibbi” ləqəbi ilə gözəl qəzəl yazan Sultan şairlərindən biri olan Sultan Süleymanın Hürrəmə yazdığı məktub və şeirlər bu gün də Topqapı Muzeyi arxivində saxlanılmaqdadır. Bu məktub və şeirlər istər Sultan Süleymanın, istərsə də Hürrəm Sultanın dilindən filmdə dəfələrlə səsləndirilərək, xoş təəssürat yaradır. Bu şeirlərdən biri - “Celis-i xəlvətim varım həbibim mah-ı tabanım” belədir:
Celis-i xəlvətim varım, həbibim mah-ı tabanım,

Enisim, məhrəmim, varım, gözəllər şahı sultanım.


Həyatım hasılım ömrüm şarab-ı Kevserim Adnim,

Baharım, behcetim, ruzum, nigarım, verd-i xəndanım.


Neşatım, işrətim, bəzmim, çırağım, neyyirim, şəmim,

Turuncü narü narencim mənim şəm-i şəbistanım.


Nəbatım, şəkkərim, gencim, cahan içində bi-rəncim,

Əzizim, Yusufum, varım, könül Mısrındaki xanım.


İstanbulum, Karamanım, diyar-ı milkət-i Rumum,

Bedahşahım və Kıpçakım və Bağdatım Xorasanım.


Saçı varım, kaşı yayım, gözü pür-fitnə bimarım,

Ölürsəm boynuna qanım mədəd hey na-Müslümanım.


Qapında çünki məddahım səni mədh idərim daim,

Ürək pür-gam gözüm pür-nəm Muhibbiyəm və hoş halim.


Osmanlı tarixinin ən acı səhifələrindən olan Şahzadə Musta­fanın ölümü “Möhtəşəm yüzil”in nəfəs çəkmədən seyr edilən 123-cü bölümü Şahzadə Mustafanın Sultan Süleyman tərəfindən boğdurulması səhnəsidir. Bu hadisə vaxtilə tarixçilər, eləcə də filmi seyr edənlər, həmçinin ədəbi ictimaiyyət tərəfindən böyük mübahisə, narahatçılıq və marağa səbəb olmuşdur. Bu, bir tarixi həqiqət olsa belə, bu günün insanı bunu qəbul edə bilmir. Hətta türk telekanallarından birindən eşitdim ki, bir tamaşaçı Kanuni Sultan Süleymanı məhkəməyə verəcək və ondan “Kanu­ni” lə­qəbinin alınmasını istəyəcək. Əlbəttə, bütün bu narahatlıqlar XXI əsrin insanları üçün normal bir narahatlıqdır. Amma, təəssüf ki, yaşanılmış bir tarixin təkərini geri çevirmək mümkün olmadığı kimi, o dövrün sultanlarının, dövrün qanunlarının da üstünə ge­mək olmaz. Bunlar belə idi, belə yaşanmışdır. Burada Kanuni Sultan rolunun ifaçısı Halit Ergenç və Şahzadə Mustafa rolunun ifaçısı Mehmet Günsürə alqışlar deyirik ki, tarixi hadisəni yaşa­dan bu tarixi rolu peşəkarlıqla ifa etdilər.

Ən çox izlənən 123-cü bölümdə Şahzadə Mustafanın Sul­tan Süleymanın hökmü və Şeyxülislamın fitvası ilə öldü­rül­məsinin başlıca səbəbkarı Hürrəm Sultanın və kürəkəni Rüstəm Paşanın olduğu da tarixçilər tərəfindən yazılmaqdadır. Hürrəm Sultan gələcəkdə padşahlıq taxtına vaxtilə Sultanın “gözdə”si olan gü­nüsü Mahudevaranın oğlu Şahzadə Mustafanın deyil, oğlan­larından birinin keçməsi üçün bu ölümün labüdlüyü üçün hər cür imkandan istifadə edərək, istəyinə nail olur.

Bundan sonrakı bütün bölümlərdə Sultan Süleymanın vicdanını tərk etməyən bir əzab var ki, bunu tamaşaçı hər an hiss edir. Deyirlər ki, Sultan Süleyman Şahzadə Mustafanı boğdurur­kən, “Quran” oxuyurdu. Onun göz yaşları Quranın səhifələrinə çilənmişdi.

Osmanlı dövlətinin bir islam dövləti olduğu bir tarixi hə­qiqətdir. Dövlətin verdiyi qərarlar Şeyxülislamın fitvası ilə təs­diqlənirdi. Şahzadə Mustafanın ölüm qərarı də Şeyxülislamın fitvasından sonra həyata keçirilmişdi. Deyirlər ki, Sultan Sü­leyman öləndə onun bir yazılı vəsiyyəti ortaya çıxmışdı. Ha­disəni Yavuz Bahadıroğlu belə təsvir edir:

“Tarix 7 eylül (oktyabr 1566. Kanuninin inşa etdirib ibadətə açdırdığı Süleymaniyyə Camisi) Yer Süleymaniyyə Camisi. Cə­na­zə namazını Şeyxülislam Ebussuud Əfəndi qılacaq Cahana hökm edən Kanuni Sultan Süleymanın hökmranlığı oradaca sona çatmışdı.

Namaz və dualar bitir. Haqlar hıçqırıqlar arasında halal edilir və canəzə məzara qoyulur. Tam bu əsnada məzar başına təngnəfəs gələn bir Saraylı gətirdiyi qutunu “dəstur”la atlayıb məzara yeləşdirməyə çalışır.

Şeyxülislam Ebussuud Əfəndi “geri dur deyir… nə edirsən” deyə müdaxilə edir. Saraylı əlində sıx tutduğu qutuya baxaraq deyir ki, vəsiyyəti yerinə yetirirəm. “Nə vəsiyyət” – deyə Şeyxülislamın sualına Saraylı “Padişah vəsiyyəti”. Öldüyündə qəbrinə qoymaq şərtilə qutunu mənə əmanət etmişdi, şahidlərim də var. Göstərdiyi şahidlər onun doğru dediyini təsdiq edirlər. Şeyxülislam “Belə şey olmaz, caiz deyildir” – deyərək qutunu adamın əlindən almaq istəyir, adam da vermək istəmir, yüngül bir çəkişmə başlayır. Bu zaman qutunun qapağı açılır. Bir sürü kağız ətrafa dağılır. Ebus­suud Efendi kağızlardan birini alıb oxuyunca qıpqırmızı qızarır. Kağızı Sultan Süleymanın məzarına buraxaraq deyir: “Ah, Süley­man… Sən özünü qurtardın. Baxarıq, Ebussuud nə edəcək?”

Qutunun içində Sultan Süleymanın sağlığında etdiyi icrala­ra Ebussuud Əfəndinin verdiyi uyğunluq fitvaları var idi. Padşah bütün icraatlarını Şeyxülislamın “fitva”sına bağlamış, beləcə də, özünü bir növ “qarantii”yə almışdı. Amma fitvanı verən Şey­xülislam Ebussuud Əfəndi nə edəcəkdir?.. O, bu üzdən qəhər­lənir” (bax: Yavuz Bahadıroğlu. A.k.ə. səh. 175-176).

Diqqət çəkən maraqlı, düşündürücü səhnələrdən biri də Sultan Süleymanın xəstələndiyi səhnədir. Hər kəs narahat, hər şey bir-birinə dəyir. Hürrəm Sultan, Rüstəm Paşa, Mehrimah…

Şahzadə Cahangir bacısı Mehrimana deyir ki, hər kəs qor­xur. Mustafa abi Hünkarımızın ona etimad etməməsindən, Şahzadə Səlim hakimiyyətə gələ bilməməkdən, taxtın Mustafaya keçməsindən, Şahzadə Bayazid hakimiyyətdə oyundan kənarda qalmağından, sən də yalnız qalmaqdan, Hürrəm Sultan övladla­rını və Hünkarı itirməkdən qorxur.

Mehriman ona: Bəs sən nədən qorxursan? – deyə sual verir. O:

– Hər şeydən. Bunların hamısından. Bilirsənmi ən çox nədən qorxuram? – İnsanlardan.

Sultan Süleymanın Mahmud, Mustafa, Murad, Mehmet, Abdullah, Selim, Beyazid, Cahangir adlı 8 oğlu olduğu yazıl­maq­dadır. 8 şahzadənin 5-i Kanuninin sağlığında əcəlləri ilə ölmüş, Mustafa və Beyazid doğdurulmuş, taxt varisi yalnız Se­lim qalmışdır (bax: “Bu Mülkün Sultanları”, səh. 148).

Son iki şahzadə Bayazid və Səlimin taxt davası filmin ma­raqla izlənən bölümlərindəndir. Oğullarının onun sağlığında belə taxt-tac fikrinə düşməsini öyrənən Sultan Süleyman onları bir-birindən uzaqlaşdırmaq üçün Səlimi Konyaya, Bayazidi Kütah­yaya Şahzadə təyin edir. Şahzadə Bayazid qardaşı Şahzadə Səlim­lə girdiyi taxt davasında yenilərək İran şahına sığınmağa məcbur olur. Sultan Süleyman Şahzadə Bayazidin tövbə etməsini istəsə də, Bayazid Sultan Süleymanın onun haqqında ölüm qərarı çıxar­dığını və Şahzadə Səlimin hiyləsindən yaxa qurtara bilməyəcəyini bildiyi üçün tərəddüd edir. Bu barədə Sultan Süleymanın Ba­yazidə yazdığı “Bi-Günaham deme barı tövbə qıl canım Oğul” şeiri də məlumdur. Şeirin üç bəndi belədir:


Ey dəm-a-dəm mazhar-ı tüğyan u isyanum oğul,

Taxmayan boynına hərgiz tavk-I fərmanum oğul.

Mən qıyarmıydım sana ey Bayezid xanum oğul,

Bi-günaham demə bari tövbə qıl canım oğul.


Haqq reaya-yı mutie rai itmişdür məni,

İstərəm məğlub edəm ağnama zib-i düşməni.

Haşalillah öldürürsəm bi-günah nagah seni,

Bigünaham deme bari tövbə qıl canım oğul.


Tutalım iki əlüm başdan başa qanda ola,

Çünki istiğfar edərsün biz də afv etsək nola.

Bayezidüm suçunu bağışlaram gəlsən yola,

Bigünaham deme bari tövbə qıl canım oğul.


Nə qədər Səfəvi Dövləti bir türk dövləti sayılsa da Şah İsmayıl və Yavuz Sultan Səlim arasında 1514-cü ildə gedən Çal­dıran müharibəsi hər iki türk dövləti arasındakı bu tarixi hadisə yenə bir haqsızlığa vəsilə olur. Aralarındakı taxt-tac davası üzündən Şah Təhmasibin qardaşı Elkas Mirzə Sultan Süleymana sığındığı kimi, indi də Şahzadə Bayazid Şah Təhmasibə sığınır. Sultan Süleyman hər nə qədər “mənim qəsdim Şah İsmayıl deyil, mənim qəsdim kafirlərin qəlbinə qılınc sancmaqdır” desə də düşmənə sığındığı üçün Sultan Süleyman oğluna qızğındır və aralarındakı münasibət sağlamlaşa bilmir. Odur ki, Sultan Sü­leyman Elkas Mirzəni Təhmasibə vermədiyi kimi, Şah Təhma­sib də Şahzadə Bayazidi müxtəlif bəhanələrlə Sultana vermir.

Şah Təhmasib Bayazidə təklif edir ki, artıq Sultan Süley­man qocalmışdır. Birlikdə hərəkət edib onu devirmək vaxtıdır. Bu təklifi çox sərt qarşılayan Bayazidin və oğullarının faciəli gün­ləri başlayır. Sultan Süleyman Şah Təhmasibə məktub gön­dərib Bayazidi geri verməsini əmr etsə də istəyinə nail ola bil­mir. Digər tərəfdən də Şahzadə Səlimin gizlicə Təhmasibə gön­dərdiyi həddindən artıq məbləğdə qızılın sayəsində Bayazid Səlimin əlinə keçir və oğlanları ilə bərabər boğdurulur.

Filmin son bölümü Sultan Süleymanın son hərbi səfəri və ölümü ilə bitirir. Hökmünün və qüdrətinin sürdüyünü göstərmək üçün, oğul itkiləri əzabından və xəstəlikdən əziyyət çəkən Həkimbaşının məsləhətini dinləməyən “mən bu günə qədər nə qərar aldımsa, Ali-Osmanın və müsəlmanların sədaqəti üçün­dür” deyən 71 yaşlı Sultanın son hərbi səfəri filmin maraqlı an­larıdır. At üzərində “bəyaz saqqalı, bəyaz geyimi ilə nurdan bir minarəyə bənzəyən” Sultan Süleymanın “Hər kəs bilsin ki, bu dünyadan bir Süleyman keçdi, cənab Haqqın qulu Süleyman” sözləri insanoğluna verilən ən məntiqli mesajdır.

Son səfərində belə zəbt etdiyi yerlərdə ədaləti bərqərar edən, Budin bəylərbəyi Aslan Paşanın etdiyi haqsızlıqlarla barış­mayan, onun ölümünə fərman verən qoca Sultan yenə “zəfər­lərdir bir hökmdarın şanını yazdıran” deyir. Təslim olmasına nail olduğu “Zigetvar” qalasının təslimi ilə nəticələnən, fəqət Sultanın ölümü ilə bir vaxta düşən bu qələbə də Sultan Süley­man tarixinin bir parçasıdır.

1561-ci ildə Şahzadə Bayazid oğul İları ilə birlikdə Şahzadə Səlim tərəfindən boğdurularaq öldürülmüşdür. Atası Sultan Süleymanın dəstəyi ilə qalib çıxaran Şahzadə Səlim Kanunidən sonra taxt varisi olmuşdur. Səlim və Bayazid rollarını oynayan Engin Öztürk və Aras Bulut İynemli onların iztirab və həyə­can­larını çox ustalıqla tamaşaçıya çatdırıblar.

Filmdə Ayşe Hafsa Sultan rolunun ifaçısı Nebahat Çehre, Parqalı İbrahim Paşa rolunun ifaçısı Okan Yalabık, Mahidevran rolunun ifaçısı Nur Fettahoğlu “mən sarayın sirr küpüyəm” deyən Sünbül Ağa rolunun ifaçısı Selim Bayraktar, Taşlıçalı Yahya rolunun ifaçısı Serkan Altunorak, Atmaca rolunun ifaçısı Sarp Akkaya, Malkoçoğlu Bali bəy rolunun ifaçısı Burak Öz­çi­vit, Matrakçı Nasuh rolunun ifaçısı Fatih Al xüsusilə yaddaqalan peşəkarlıq göstərmişlər.

Dörd il müddətində (2010-2014) hər həftənin çərşənbə gün­lərində televiziya seyiricilərinin maraqla izlədiyi 139 bölümlü bu möhtəşəm teleserial bir sıra nöqsanlardan da xali deyildir. Bunu daha çox saray xanımlarının geyim-kecimlərində və bir çox personajın danışığında görmək mümkündür.

“Möhtəşəm yüzil” hər nə qədər tarixi hadisələrə əsaslansa da, sənədli tarixi film deyildir. Burada ssenari müəllifinin təxəy­yülü, rejissor qənaətləri ayrıcalıq təşkil edə bilər. Fəqət tarixin elə milli-mənəvi dəyərləri var ki, onu tam tərsinə tamaşaçıya təqdim etmək tarix və tarixi mədəniyyətlə bir araya çıxmır. Bu da se­rialda müşahidə etdiyimiz saray qadınlarına xas olan milli geyim­lərdəki düzənbazlıqdır. Bir dini dövlət olan Osmanlı dövlətində hər şeyin islam qayda-qanununa əsaslandığı tarixi bir həqiqətdir. Bu həqiqət içərisində qadın mədəniyyətinin ayrıca yeri olsa da, Osmanlı sarayında yaşayan qadınların, o cümlədən Sultan Süley­manın həyat yoldaşlarının, bacılarının, şahzadə, vəzir xanımla­rının geyimlərindəki döşlərinin yarıya qədər açıqlığı bir narazılıq doğurmaya bilməz. Bu geyim-kecimin hərəm dairəsi içərisində göründüyü təəccüb yaratmasa da, qadınların ən ali rütbəli kişilərlə o qiyafətdə söhbətləri təəssüf yaradır.

Geyim məsələsində onu da demək yerinə düşər ki, padşah­dan, vəzirdən, şahzadədən tutmuş kişilərin geyimləri dövrün milli ənənələrinə nə qədər uyğundursa, qadınların, xüsusən də Sul­tan Süleymanın, şahzadələrin, paşaların, vəzir əzamların xa­nım­larının islami ənənədən uzaq yaxası, başı açıq geyim tərzləri də qəbuledilməzdir. Nə Osmanlı, nə də islam tarixində (müasir dövr istisna olmaqla. İndi Şərq qadınları Qərb qadınlarından daha açıq-saçıq geyimlərlə ekranlarda görünürlər) heç zaman qadınlar sinəsi, döşləri açıq şəkildə yad kişilərlə söhbət etmə­mişlər. Xüsusilə də Osmanlı kimi islam qaydaları üzərində hökm edən bir dövlətin sarayında.

Dil məsələsinə gəlincə, məlumdur ki, Osmanlı sarayına gətirilən bütün yabançı xanımlara hər şeydən əvvəl müsəlman­lıqla bərabər türkcə bütün qayda-qanunları ilə öyrədilirdi. Onlar türk-müsəlman ənənəsi üzərində tərbiyə edilirdi. Bu qadınların ləhcələrindəki fərqlilik də xüsusən Hürrəm Sultanın ilk bölüm­lərindəki rolunu oynayan Meryem Uzerlinin danışığındakı fərq­lilik tamaşaçı üçün təbii təsir bağışlayır.

Serialın sonrakı bölümlərində Hürrəm Sultan rolunun işti­rak­çısı, professional usta sənətkar Vahide Perçinin danışığında I Hürrəmin aksenti eşidilməsə də, onun guya öz ana dilində da­nışması da çox qəribə gəlir (filmdə o, slav əsilli rus qızı kimi təqdim olunur). Hürrəm Sultan prinses Annanı qəbul edir və onunla rusca danışır… (Честь с вами познокомится – deyə prinses Annaya müraciət edir).

Əgər Hürrəm Sultan doğrudan da, rus əsillidirsə və uşaq­lıqdan bu dildə danışıbsa (o, saraya gətiriləndə bəlli bir yaşda nişanlı qız imiş) o zaman onun Anna ilə danışması normal rusca olardı, o qədər “əzik-üzük” rusca olmazdı. Özü də deyir ki, mən çoxdandır, rusca danışmıram. Əvvəla, Hürrəmin rus, italyan və ya hansı kökdən olması belə bu gün də mübahisəlidir. Yaxşı olardı ki, elə I Hürrəmin danışığı kimi, ya da ən azı elə türkcənin özü kimi danışa idi.

Eləcə də filmdə Osmanlı sarayına bu və ya digər məqsədlə müsafir gələn, ticarətlə məşğul olan, başqa dövlətdən gəlib Os­manlı dövlətlərindən maddi yardım istəyən yabançı qadınların danışığının qondarma türkcəsi tamaşaçıya xoş təsir bağışlamır.

Kanuni Sultan Süleymanın (1494-1566) müasiri türk dün­yasının böyük şairi Məhəmməd Füzulinin (1494-1556) haqqında serialda bir epizodun olmaması da təəssüf doğurur.

1534-cü ildə Kanuni Sultan Süleymanın Bağdada daxil ol­ması ilə Füzuli Sultanı mədh edən qəsidələr yazmış, onun gə­li­şin­dən məmnunluğunu bildirmişdir. Aşağıdakı beytdə olduğu kimi:
Ona təsir qılsın dövləti Sultan Süleymanın,

Ki, ta fəth eyləsin öz şöhrətilə külli-aləmi.

(Füzuli. Əsərləri, I c. Bakı, 1988, səh. 511).
Şairin “Şikayətnamə” əsərindəki aşağıdakı qitədə də Sultan Süleyman mədh edilir:
Padşhai-bəhrü bərr Sultan Süleymani – vəli,

Ol ki, məhzi-ədldir zati-vilayətpərvəri.

Xali ondan olmasın, yarəb, vilayət ta əbəd,

Kim, vilayətdən deyil xali səfeyi – cövhəri.

(Əsərləri. II cild. Bakı, 1958, səh. 300).
Füzulinin ana dilində yazdığı “Leyli və Məcnun” poemasını da Sultan Süleymana təqdim etməsi və Sultan Süleyman tərə­fin­dən ona 9 arxa təqaüd təyin edilməsi də məxəzlərdə bilinmək­dədir. Şairin bu təqaüdü ovqat idarəsindən ala bilmədiyi üçün nişançı Paşa Mustafa Çələbiyə “Nişançı paşa” məktubu ilə yaz­dığı və ədəbiyyat tarixində “Şikayətnamə” adı ilə məşhur əsərini yazması və ovqad idarəsindəki məmurları tənqid etməsi də Fü­zuli haqqında bilinən məlumatlar sırasındadır.

Doğrudur, Sultan Süleymanın Füzuliyə təyin edilən bu təqaüd barədə bir sıra yozmalar da vardır. Bəziləri tərəfindən “Kanun dö­nəmində yayqın rüşvət vardı” şəklində yorumlanan məşhur “Şika­yətnamə” yayqın rüşvətdən dolayı deyil, maaşının gecikməsinə açıqlanan Füzulinin şəxsi məsələsindən dolayı yazılmışdır” şərhi də inandırıcıdır (Yavuz Bahıdroğlu, adı keçən əsər, səh. 258).

Bütün bu tarixi hadisənin, bu əbədi yorumların “Möhtəşəm yüzil” televiziya dizisində yer alması filmin dəyərini bir az da artırardı.

Axı Sultan Süleyman özü də “Muhibbi” ləqəbi ilə:


Xalq içində mötəbər bir nəsnə yox, dövlət kimi,

Olmaya dövlət cahanda bir nəfəs səhhət kimi.


Səltənət dedikləri ancaq cahan davasıdır,

Olmaya baxtü səadət aləmi-vəhdət kimi.


Gər hüzur etmək diləsən, ey Muhibbi, fariq ol,

Varmıdır vəhdət məqami güse-i uzlət kimi –


gözəl misralar yazan şair idi.

Yuxarıdakı kiçik iradlar filmin qiymətinə xələl gətirmir. “Möh­təşəm yüzil”in son dövrlərdə Türk-Osmanlı tarixinin ən möhtəşəm dövrlərindən birini əks etdirən çoxseriyalı film kimi tarixdə yaşayacağına inanıram.

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə