Rəyçi: Bahar Muradova Milli Məclisin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru




Yüklə 2.04 Mb.
səhifə27/27
tarix22.02.2016
ölçüsü2.04 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   27

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
Ankara, 25-28 may 2012-ci il.

TÜRKİYƏ YAZIÇISI HÜSEYN ADIGÖZƏLİN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ VƏ TÜRKİYƏDƏ ÇAP EDİLMİŞ “ZİRVƏ” KİTABININ TƏQDİMAT MƏRASİMİNDƏ ÇIXIŞ
Hörmətli mərasim iştirakçıları!

Xanımlar və cənablar!

Doğru deyirlər ki, böyük şəxsiyyətlər bütün bəşəriyyətə məxsusdur. Bu təqdimat mərasimi də çoxdan sübut olunmuş bu həqiqətin yeni bir təsdiqidir. Son vaxtlar biz tez-tez xarici ölkələrdə Heydər Əliyevin həyatını, fəaliyyətini əks etdirən kitabların çıxması, heykəllərinin qoyulması, adının küçə və xiyabanlara verilməsi, onun xatirəsini əbədiləşdirən müxtəlif tikililərin açılışı barədə xəbərlər eşidirik. Həmin xəbərlərdən mənim ürəyim fərəhlə dolur. Çünki Heydər Əliyevin dünya şöhrəti həm də Azərbaycan xalqının şöhrətidir, onun dünyadakı nüfuzunun artmasıdır. Çünki öndərin xidmət etdiyi, şöhrətləndirdiyi dəyərlər Azərbaycan xalqına, onun mənəvi xəzinəsinə, tarixi təcrübəsinə məxsusdur.

Bizim gözümüz qarşısında Heydər Əliyev fenomeni dünya hadisəsinə çevrilir, sərhəd tanımayan mənəvi qüdrət kimi hüdudları və qitələri aşıb keçir, dünyanın tərəqqipərvər insan­larının mənəvi xəzinəsində öz yüksək yerini tutur. Sovet imperiyası dağılandan sonra kommunist diktaturasından xilas olmuş bir sıra xalqlar, o cümlədən sovet respublikaları müstəqillik yoluna qədəm qoymuşlar. Onların hamısı üçün əsas bir problem mövcud idi: böyük rəhbər və düzgün siyasət. Belə rəhbər olmadan gənc dövlətlər daxili konfliktlərə cəlb olunur, sabitliyi və son nəticədə müstəqilliyi də itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Çünki tarixi dönüş, keçid zamanlarında böyük siyasi liderlərin rolu və yeri qat-qat artır.

Bu baxımdan, Heydər Əliyevin siyasi xətti və üslubu bütün sovetlərdən sonrakı siyasi məkanda misilsiz bir nümunə idi. Azərbaycan digər gənc dövlətlərə nisbətən daha mürəkkəb bir şəraitdə yaşayırdı: üzücü Qarabağ müharibəsi, siyasi qüvvələr arasında parçalanma və düşmənçilik, real separatizm və müstəqilliyi itirmək təhlükəsi. Lakin məhz Ulu öndərin mənəvi qüdrəti və dövlətçilik məharəti sayəsində qısa bir zamanda müharibə də dayandı, siyasi sabitlik də yarandı, separatizm də dəf olundu. Azərbaycan nəinki böhrandan çıxdı, Vətənimiz bütün dünyanın gözü qarşısında tərəqqi etməyə başladı.

Dünyanın böyük, müdrik siyasətçiləri bunu gördülər və qiymətləndirdilər. Heydər Əliyev ən yeni dövrün mahir siyasətçilərindən biri kimi şöhrətləndi. Kiçik Azərbaycan onun siyasətçi qüdrəti sayəsində ABŞ, Rusiya, İngiltərə, Fransa, Yaponiya, Çin, Almaniya və digər böyük dövlətlərin bərabər hüquqlu tərəfdaşı kimi qəbul edilən bir dövlətə çevrildi. Bu, möcüzə idi, Heydər Əliyev möcüzəsi idi və son nəticədə Vətənimizi dağıtmaq istəyən dairələr də Heydər Əliyev qüdrətini etiraf etdilər. Qısaca desək, böyük öndərin sərhədlər aşan şöhrətinin əsl səbəbləri bunlardır. Rəhbərin siyasi irsinə marağın əsl siyasi kökləri buradan qaynaqlanır.

Siyasətçilər yaxşı bilir ki, dahilərin başçılığı ilə millətlər tarixin təkərini döndərirlər. Heydər Əliyevin də bütün ömrü, so­vetlər vaxtındakı fəaliyyəti də daxil olmaqla həmişə müs­tə­qil­lik zirvəsini fəth etməyə yönəlmişdi. Uşaqlıqda Azərbaycan tarixini sevən, öyrənən Heydər Əliyev gənc yaşlarından tarixdə öz doğma xalqının yerini axtarırdı. O, hələ o vaxtlardan anlamışdı ki, bu yer böyük dövlətlərin tərkibində deyil və olmamalıdır. Xalqın millətlər sırasında imzasının olması üçün isə onun siyasi müstəqilliyi zəruridir.

Bu qənaətə gələndən sonra Ulu öndər hansı vəzifədə çalışmasından asılı olmayaraq hər addımda bu ideal zirvə barədə düşünürdü. Azərbaycanın müstəqilliyi onun bütün fəaliyyətinin məxfi, amma əsas planı oldu. Bu plan zirvəyə doğru hərəkətin xırdalıqlarına qədər düşüncə süzgəcindən kecirilməli idi. Ətrafdakı insanlar rəhbərin bu planından xəbərsiz idilər. O, özü də heç vaxt bu barədə danışmırdı, çünki bilirdi ki, milli ideala xidmət həmişə konkret işlərdən irəli gəlir. Buna görə də böyük rəhbər ömrünün sonuna qədər elan etmədən, təntənəli vədlər vermədən, millətçilikdən danış­ma­dan öz ideal zirvəsinə doğru getdi.

Ona görə Heydər Əliyev 1993-cü il böhranı zamanı yenidən rəhbərliyə gələndə onun üçün planlar düşünmək lazım deyildi. Hər şey çoxdan düşünülmüş və götür-qoy edilmişdi. Xalqı güclü etmək üçün onun sağlam adamlarını eyni ətrafda birləşdirmək lazım idi. Bu, xalqın mənəvi gücünün üzə çıxarılması və onun öncüllüyünün təmin edilməsi planı idi. Heydər Əliyev gözəl bilirdi ki, xalqın belə qüvvəsi vardır. O, xalqımızın sağlam və yaradıcı gücünə inanmaqda bizim hamımıza nümunə idi və belə olaraq da qalır. Onun qələbələrinin, uğurlarının kökü, ilk növbədə bu inamda idi.

Bu gün təqdim olunan “Zirvə” kitabı qardaş Türkiyədə nəşr edilib. Bunun da xarici ölkələrdə çıxan digər kitablardan fərqli, simvolik mənası vardır. Sovetlər İttifaqı dağılmağa başlayanda qardaş Türkiyə müstəqilliyə can atan türkdilli xalqların - qazaxların, türkmənlərin, qırğızların, özbəklərin, Krım tatarlarının içərisindən çıxan cavan siyasi qüvvələr üçün mənəvi paytaxt, Qərb yönümlü siyasi düşüncə məktəbi idi. Türkiyə Respublikası o zaman türkdilli xalqların yeganə müstəqil dövləti, onların güvənc və ümid yeri idi. Əslində bu, tarixən də belə olmuşdur. Ona görə Heydər Əliyev irsini tədqiq və təbliğ edən kitabların Türkiyədə çap olunması xüsusilə əlamətdardır. Çünki türkdilli dövlətlərin yeni siyasətçilər nəsli türk dilini bilir. Bu dildə çıxan kitablar təkcə Türkiyə mühitində yox, həm də digər türkdilli siyasətçilər arasında da yayıla və sevilə bilir.

“Zirvə” kitabının müəllifi Hüseyn Adıgözəl bacarıqlı siyasətşünas və araşdırıcıdır. O, rəhbərin həyatını qələmə alarkən ilk mənbələrə, bəlkə yüz o kitab ağırlığında sənədlərə, arxiv materiallarına, müxtəlif nəşrlərə, neçə-neçə kitablara müraciət etmiş və çoxlu faktik materialı ümumiləşdirə bilmişdir. Rəhbər haqqında yeni söz demək publisist üçün asan deyildir. Onun haqqında hələ sovetlər vaxtından yazılmış külli miqdarda materiallar vardır. Biz bu materiallarda prinsipial bir qüsuru həmişə görməliyik: həmin qüsur Heydər Əliyev şəxsiyyətinin sovet siyasi publisistikası şablonları ilə təqdim olunmasıdır. Açığını deyək ki, rəhbər haqqında çıxan ən yeni materiallarda belə, bu şablonların izləri güclüdür. Belə materiallarda faktlar, məlumatlar çoxdur. Lakin Heydər Əliyevin mənəvi, elmi və siyasi irsini yeni nəslə tam milli mənası ilə aşılamaq üçün məlum faktçılıq azlıq edir. Çox zaman rəhbərin milli-mənəvi məziyyətləri və dövlət quruculuğunun müxtəlif sahələrinə dair konseptual görüşləri bu faktların arxasında qalır.

Türkiyə yazıçısı Hüseyn Adıgözəlin “Zirvə” kitabı bu baxımdan Heydər Əliyev irsini tədqiqin ən son və sağlam nailiyyətlərinə əsaslanır. Onun rəyçi və redaktorları sırasında Əli Əhmədov, Mübariz Qurbanlı kimi ən yaxşı siyasətşünas və tarixçilərimizin adının olması təsadüfi deyil. Müəllif çox doğru olaraq Heydər Əliyev bioqrafiyasını və onun mənəvi-siyasi irsini müxtəlif problemlər kimi araşdırıb təqdim edir. Bunların düzgün bölgüsü əhatə baxımından kitabın genişliyini təmin edir, Türkiyə oxucusuna böyük rəhbərin irsi barədə hərtərəfli məlumat verir. Kitabda Heydər Əliyevin xarici siyasət kursuna, neft strategiyasına, tarix və ədəbi problemlərə münasibətinə, onun azərbaycançılığına ayrıca bölmələr həsr edilmişdir. Eyni zamanda, dahi rəhbərin daxili siyasəti, milli birlik uğrunda mübarizələri, siyasi partiyalarla dialoq ustalığı faktlar əsasında şərh edilmişdir.

Heydər Əliyevin irsi milli quruculuq strategiyasıdır, bu irsin aktual mənası böyük öndərin praqmatik bir dövlətçi olmasıdır. Ona görə istər siyasi təbliğatda, istər tədris və təhsildə, istərsə də elmi sahədə əsas diqqət bu cəhətlərə yönəlməlidir. Rəhbərin şəxsiyyətindən yeni nəsil əsas bir şeyi - praqmatik milli quruculuq konsepsiyasını öyrənərək öz həyatını xalq, cəmiyyət, milli ideallara xidmət yolu kimi yaşamağı bacarmalıdır. Hesab edirəm ki, Heydər Əliyev azərbaycançılığının ən aktual tərəfi budur: xalqın sabahını qurmaq, onun daha firavan yaşayışı üçün konkret işlər görmək.

Azərbaycançılıq müstəqil Azərbaycan Respublikasının təməlidir. Müəllif böyük öndəri bu respublika yaranmazdan çox-çox əvvəl azərbaycançı kimi təqdim edir. Müəllif yazır ki, Heydər Əliyev xalqa sadiq kadrlar tapıb onları yetişdirəndə də, Azərbaycanın inzibati və iqtisadi orqanlarını ermənilərdən tə­miz­ləyəndə də, kommunizm şəraitində milli iqtisadiyyat ya­ra­danda da, Rusiyada böyük vəzifə sahibi olarkən, dərin ağ­lı­na, parlaq zəkasına, müdrik siyasətinə, biliyinə, elminə, rəvan və məntiqli nitqinə, hünərinə, nadir fərasətinə, qətiyyətinə görə Qorbaçov kimi rəzil, paxıl, ikiüzlü (kitabda elə beləcə də təqdim edilir), insanpərvərlik duyğularından uzaq adamların şərinə, böhtanına, təqibinə məruz qalanda da azərbaycançılıq əməlləri ilə yaşayırdı.

Xalqımız üçün cətin tarixi vaxtda dahi öndər Yeni Azər­bay­can Partiyasını yaratdı. Bu partiya xalqın mənəvi gücünü, bir­l­iyini və mübarizə əzmini təmin etməli idi və etdi. İndi bu par­tiya rəhbərin siyasi vəsiyyətlərini icra edən əsas mütəşəkkil siyasi qüvvədir. Siyasi oyunbazlıqdan və boşboğazlıqdan uzaq olmaq böyük rəhbərin əsas idarəçilik prinsiplərindən idi. Hesab edirəm ki, bu prinsiplər Yeni Azərbaycan Partiyasının gündəlik fəaliyyətində yaşayır və inkişaf edir.

Kitabı oxuduqca aydın olur ki, Heydər Əliyevin dövlətçilik tarixindəki əsas xidmətlərindən biri onun iyirminci illərdən Moskvanın himayəsi altında Bakıda ağalıq etmiş erməni amilinə qarşı mübarizəsi idi. Dahi rəhbər erməni probleminin tarixini və mahiyyətini yaxşı bilirdi. Erməni millətçiliyi XIX əsrin sonlarında məhz Bakı neftindən qazanılan milyonlar vasitəsilə böyük iddialara düşüb aqressiv bir qüvvəyə çevrilmişdi. Moskvadakı və dünyanın hər yerindəki erməni lobbisinin ilkin iqtisadi və mənəvi dayaqları Bakıda idi. Bu vətənsiz və torpaqsız tayfa Azərbaycanın sərvətlərini talamaq hesabına millət olmaq iddiasına düşmüşdü. Ona görə Bakının ermənilərdən təmizlənməsi Heydər Əliyev üçün 1950-ci illərdən başlayan müstəqillik mücadiləsinin əsas istiqaməti idi.

Azərbaycanın heç bir rəhbəri Azərbaycanda erməni fitnə­sinə qarşı Ulu öndər qədər ardıcıl və sərt mübarizə aparmayıb. Hey­dər Əliyev ölkəyə rəhbərliyə gələndən sonra qısa bir vaxt­da Azərbaycan iqtisadiyyatında hakim olan erməni hörümçək torunu dağıtdı. Vətənimizin güc orqanlarında işləyən bütün er­mənilər təchizat və ticarət sahəsində işləyən ermənilər tərə­fin­dən maliyyələşirdi. Böyük öndərin bu mübarizəsinin dərsləri, strategiyası bu gün bizim üçün cox qiymətlidir. Çünki erməni mil­lətçiliyini üstələmək üçün onlardan ağıllı, onlardan mə­lu­matlı və uzaqgörən olmalısan. Ulu öndərin Vətənimizdəki er­mə­ni basqısına qarşı mübarizəsinin uğurları bu prinsiplərdən çıxış etməsi ilə bağlı idi.

Sevindirici haldır ki, bu gün Heydər Əliyev strategiyası İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmiz Bakı-Axalkalaki-Qars dəmiryoluna görə Gürcüstana 200 milyon kredit ayıranda, müxalifət qəzetləri bunu Gürcüstana pul bağışlamaq kimi qiymətləndirdilər. Bu məhdud bir siyasətbazlıq idi. Bu kreditin məqsədi Ermənistanın iqtisadi dirçəlişinə yol verməmək idi, onun iqtisadi perspektivlərinə zərbə endirmək idi. Bu, Ulu öndərin siyasi xətti idi. Bu xətt isə ermənilərlə mübarizənin uzun tarixi dövr ərzində davam edəcəyinə əsaslanır.

Müəllif Heydər Əliyevin mənəvi irsin və milli tarix kon­sepsiyasının mühüm bir istiqamətini - Azərbaycan Sovet So­sialist Respublikası tarixinin milli xəttini görməsini, ardıcıl su­rətdə üzə çıxarmasını və təbliğ etməsini təqdim etmək məq­sədilə faktlara söykənir, çoxlu sayda sənədlərə, məktublara müraciət edir.

Bu xəttin banisi Nəriman Nərimanov olmuşdur. Lakin hələ in­diyə qədər bu konsepsiyanın əhəmiyyəti lazımi qiymətini alma­yıb. Heydər Əliyev çox haqlı olaraq hesab edirdi ki, bütün səhv və əyintilərlə yanaşı, 70 illik Azərbaycan Sovet Hö­ku­məti zamanında xalqımız misilsiz tərəqqi yolu keçib və baş­lıca­sı isə müstəqillik üçün iqtisadi və dövləti əsaslar yaradıb. Bu əsaslar olmadan indiki müstəqil dövlətin mövcudluğu müm­kün deyildı.

Heydər Əliyev Sovet Azərbaycanı tarixində Nəriman Nərimanovla başlanan Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev kimi sırf milli ruhlu və milli ovqatlı şair, yazıçı və alimlərin fəaliyyətini qırılmaz bir milli xətt sayırdı. Təsadüfi deyil ki, o, hakimiyyətə gəldiyi vaxtdan ilk böyük yubiley kampaniyaları Nəriman Nərimanova və Səməd Vurğuna həsr edildi. Onların fəaliyyəti və irsi ədəbiyyatımız üçün əziz və misilsiz dərəcədə qiymətli idi. Böyük rəhbər hələ o zaman mübahisələr doğuran “26-lar” kimi milli ruhlu filmin çəkilişinə, Nəriman Nəri­ma­no­vun gözəl obrazının yaradılmasına nail oldu. Filmin yaranması üçün dahi rəhbər Moskvadakı erməni lobbisi ilə toqquşmalı oldu. Çünki Nəriman Nərimanovun adı Moskva və ermənilər üçün millətçilik rəmzi idi. “Nərimanovşina” termini bunun istehza dolu adı kimi işlənirdi.

Kitab belə bir əminlik yaradır ki, tarixdə xalqına xidmət edən rəhbərlər az olmayıb. Amma onların millilik və milli dəyərlər təcəssümü olması faktına, nədənsə nadir təsadüf olunur. Böyük öndərimiz Heydər Əliyev məhz belə rəhbər və dövlət xadimi idi. Milli sözünün ehtiyatla işlədildiyi sovet vaxtı da, Naxçıvanda yaşayan təqaüdçü olanda da, müstəqillik dövründə də o, azərbaycanlılığı parlaq təcəssüm etdirən sadə və zəngin bir şəxsiyyət idi. Onu milli dəyərlərimiz, milli varlığımız və tarixi taleyimizlə bağlayan çoxlu məziyyətlər, faktlar sadalamaq olar. Lakin öndərin ana dilimizdə parlaq və sərrast nitqi onu əbədi olaraq millilik rəmzi kimi anmağımız üçün kifayətdir.

Böyük rəhbərin natiqlik irsi mənim üçün xüsusilə müqəd­də­sdir. Onun nitqinin xəlqiliyi azərbaycanlılığın ən parlaq təcəs­sümü idi.

Bu gün biz müstəqil, azad dövlətdə yaşayırıq, ona görə gənc nəsillər ana dilimizin bir vaxtlar yarıqadağalı bir status daşıdığını təsəvvür edə bilməzlər. Şəxsən mənim tələbə olduğum 1960-cı illərdə rəsmi yığıncaqlarda ancaq rus dilində danışılırdı. Bu gün bunu təsəvvür etmək çətindir. Çünki üzərindən qadağa götürülən şeyləri insanlar təbii bir hal kimi qəbul edirlər. Lakin bu gün sərbəst işlənən ana dilimiz bir vaxtlar öz varlığını yaşatmaq üçün mübarizələr aparırdı.

Bu mübarizələrdə Heydər Əliyevin xüsusi rolu vardı. O, ana dilimizin azadlığı uğrunda iki cəbhədə mübarizə aparırdı. Birinci cəbhə onun özünün ana dilində danışması idi. İkinci cəbhə isə qanunverici və rəsmi yollarla dilimizin statusunun artırılması xətti idi.

O zaman böyük rəhbərin ana dilində ilk nitqləri tarixi bir məna kəsb etdi. Müəllifə görə, onun 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi bu nitqlərin təsiri ilə başladı. Həm də ən mühümü odur ki, əyalətdə, xalq kütləsinin içində başladı. İnsanlar rəhbərin gözəl, ifadəli ana dilində etdiyi çıxışlarında, onun dövlətçilik məntiqində, Vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında doğma və müstəqil dövlətimizin sədalarını eşitdilər.

Sonralar Ulu öndər yaradıcılıq ittifaqlarının məclislərində parlaq Azərbaycan türkcəsində çıxışlar etməyə başladı. Onun rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratmışdı. Bunun özü də tarixi bir xidmət idi. Yad dildə danışan dövlət milli ola bilməz. Ona görə rəhbərin nitqləri onun təmsil etdiyi hakimiyyətə qarşı da doğmalıq hissləri yaradırdı. Yüzlərlə məmurlar, sadə insanlar anlayırdılar ki, Heydər Əliyevin yorulmadan qurub yüksəltdiyi Azərbaycan iqtisadiyyatı öz xalqımızındır və onun dövləti üçündür. Bunu dərk edən, rəhbərə sidq ürəklə inanan yüzlərlə məmurlar sonralar Azərbaycanın müstəqilliyini müdafiə etdilər, bu müstəqilliyin memarının yaxın köməkçiləri və silahdaşları oldular.

Kitabın müəllifi məqamında çox unikal bir fakta müraciət edir. Yazıçıların qurultayında təmiz Azərbaycan dilində nitq söyləyən böyük öndərə bir nəfər yaxınlaşaraq deyir: ”Yoldaş Əliyev, Siz Azərbaycan dilində nə yaxşı danışırsınız?”

Heydər Əliyev cavab verir: Siz nə üçün mənim rus dilində təmiz danışmağıma deyil, Azərbaycan dilində təmiz danış­mağıma heyrət edirsiz? Azərbaycan dili bizim ana dilimizdir. Biz ilk növbədə bu dildə təmiz danışmağı bacarmalıyıq.

Kitabdan aldığımız təəssürat əsas verir bir daha vurğulayaq ki, Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövr ərzində Heydər Əliyev öz adını bu xalqın milli-mənəvi dəyərlərini dərindən sevən, öz varlığında yaşadan, əməllərində bu dəyərləri müqəddəs, misilsiz, toxunulmaz bir xəzinə kimi qoruyan, onun əbədiyaşarlığını təmin edən millət oğlu kimi tarixə əbədi həkk etdi.

Bu mənada, Heydər Əliyevin baxışlar sistemində İslam dini ruhi, mənəvi dünyanın pəncərəsindən boylanır. Ulu öndər dinin siyasi proseslərin təsiri ilə adiləşib dəyərini itirməsinə heç vaxt imkan vermədi. Heydər Əliyev bu inancları bütün siyasi proseslərin fövqündə saxladı və qorudu.

1960-cı illərdən başlayaraq dilimizin, dinimizin, tarixi­mi­zin, incəsənətimizin şərəfli səhifələrinin şəriksiz müəllifi olan Ulu öndərimiz bu mənəvi dəyərlərə ömrünün sonuna qədər sadiq qaldı və şərəflə yaşadı.

Təqdimatına toplaşdığımız kitabın fəsillərindən biri “Azər­bay­canın Atatürkü” adlanır. Doğru və mənalı müqayisədir. Çünki bu gün də Heydər Əliyevin dünya şöhrəti və siyasi-mə­nəvi irsinin aktuallığı durmadan artır. O, müstəqillik yolu ilə gedən xalqların, xüsusilə türk xalqlarının ümumi dəyərinə və nüfuzuna çevrilir. Ona görə Heydər Əliyevi dövrümüzün Atatürkü də adlandıra bilərik. Çünki böyük öndər güclü gənc türk dövlətlərinin, türk qardaşlığının timsalı olan bir insan idi. Doğru deyirlər ki, dahilər həmişə xalqların və bəşəriyyətin önündə addımlayırlar.

Bu kitab ağlı, zəkası, hünəri, dəyanəti, qətiyyəti, qüdrəti, el­mi, siyasəti ilə zirvələr fəth etmiş bir insana - şəxsiyyətə həsr edil­mişdir. Kitabı vərəqlədikcə Heydər Əliyevin möh­tə­şəm­liyinə bir daha heyrət edirsən. İstər-istəməz Azərbaycan xal­q­ı­nın qüdrətinə, şərəfinə görə fəxr edirsən. Təkcə ona görə ki, onun Heydər Əliyev kimi bir övladı var.

Heydər Əliyevin haqqında hər bir vaxt keçmiş zamanda deyil, indiki zamanda danışmaq gərəkdir. Çünki cənab Həzrət Əlinin buyurduğu kimi, öləndən sonra yaşamaq istəyirsənsə, ölümsüz bir əsər yarat. Bu gün öz intibahına doğru inamla irəliləyən Azərbaycan Dövləti Heydər Əliyevin şah əsəridir. Bu əsər onu öz xalqının qəlbində əbədi yaşadacaqdır.

Kitabda millətini, Vətənini sevən bu unikal insanın ən çətin məqamlarda taktiki gedişləri, yalanla, ikiüzlülüklə, fitnə-fəsadla rastlaşanda cəsarəti, dövlət xadimləri və sadə el adamları ilə söhbətləri, müsahibələri, ən mötəbər kürsülərdən çıxışları, dövlət rəhbərləri, nadir şəxsiyyətlər haqqında parlaq fikir­ləri, Azərbaycanın parçalanmaq təhlükəsi yaranarkən at­dığı müdrik addımlar, dostlarımıza və düşmənlərimizə mü­na­si­bə­ti, sənət adamlarına məhəbbəti, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə bağlılığı insanı heyrətə salır! İstər-istəməz vaxtilə Nekrasova həsr edilmiş sətirlər yada düşür:

Sən, ey ana təbiət!

Gətirməsəydin əgər,

Sən belə insanları

Yer üzünə arabir,

Küsgün, solğun qalardı

Bu həyatın vadisi.



13 iyun 2007-ci il.
AZƏRBAYCAN MÜƏLLİMLƏRİNİN

XIII QURULTAYINDA ÇIXIŞ
Hörmətli qurultay nümayəndələri, xanımlar və cənablar!

Bugünkü qurultay cəmiyyətimizdə və təhsilimizdə çox mühüm proseslərin getdiyi bir vaxta təsadüf edir. Ölkədə təhsil islahatları və onlarla bağlı diskussiyalar davam edir. Prezidentimizin birbaşa himayəsi ilə mədəni dəyərlərə, elmə, maarifə və təhsilə misli görünməmiş qayğı və maddi yardım göstərilir. Təhsil ocaqlarının siması, maddi təchizatı gözümüz önündə təzələnir və müasirləşir. Bir vətəndaş – bir müəllim kimi bunlardan fərəh və qürur hissləri duymamaq mümkün deyil.

Ölkəmizdə təhsil və məktəb quruculuğuna kömək edən fəal bir qüvvə də var: bu, ölkənin birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. O, Heydər Əliyev Fondunun prezidenti kimi rəsmi, bir çox mədəni layihələrdə isə qeyri-rəsmi olaraq Azərbaycan məktəbinin problemlərinin həllində yaxından iştirak edir. Ulu öndərin adını daşıyan fondun xətti ilə görülən işlər sırasında mən miqyası görünməmiş məktəb quruculuğu layihəsini ən mühüm hesab edirəm. Bir cəmiyyətdə böyüyən nəslə məktəb qədər heç nə vacib sayıla bilməz. Bundan başqa, xalq içində olan biz müəllimlər Mehriban xanımın böyük xeyriyyəçilik hərəkatı yaratdığının, bunun isə respublikanın bütün pedaqoji mühitində necə sağlam ənənəyə çevrildiyinin şahidiyik.

Azərbaycan təhsili Prezidentimizin gündəlik qayğısı ilə inkişaf edir. Belə dövlət qayğısı bizim qarşımıza, mən deyərdim ki, tarixi bir vəzifə qoyub: təhsilin səviyyəsini yüksəltmək və qısa bir dövrdə qabaqcıl ölkələr səviyyəsinə çatdırmaq. Bu, böyük öndərimiz Heydər Əliyevin əsas vəsiyyətlərindən biri idi. Azərbaycan ya qısa bir vaxtda qabaqcıl ölkələrə, Qərb sivilizasiyası ailəsinə inteqrasiya edəcək, ya da xroniki geriliklə üzləşəcəkdir. Birinci yola düşmək üçün Heydər Əliyev təhsilin keyfiyyətini artırmağı əsas şərtlərdən hesab edirdi. Yalnız müasir və yüksək səviyyəli təhsil, cəmiyyəti yeniləşdirməyə, onun məhsuldar qüvvələrinin coşqun inkişafına yol açmağa imkan verər. Bu, tarixi bir vəzifədir, bütün təhsil islahatlarının ana xəttidir və onun gerçəkləşməsi, ilk növbədə müəllimdən asılıdır. Pedaqoji uğurlar, ilk növbədə müəllimin əməyinin nəticəsidir.

Dünyanın müxtəlif ölkələrində mövcud olan təhsil ocaqlarının şöhrətini yaradanlar, bu şöhrəti zaman-zaman qoruyanlar müəllimlərdir. Ona görə də müasir dövrümüzdə müəllimin gördüyü işin mahiyyətini dərk etməsi olduqca zəruri məsələdir. Bir nəfər eyni işi görən 3 bənnaya bir sual verir: Siz nə edirsiniz? I bənna deyir: divar hörürəm, II deyir: bina tikirəm, III isə şəhər salıram, deyə cavab verir. Mənəvi-əxlaqi dünyamızın “bənnaları” arasında da bu üç kateqoriyanı təmsil edən pedaqoqlar var. Onlardan kimisi öz vəzifəsini dərs deməkdə, digəri mütəxəssis yetişdirməkdə, başqası isə milli xarakteri formalaşdırmaqda görür. Bu gün yaxşı müəllim şagirdə hazır mühakimə əzbərlətməkdənsə, ona mühakimə etməyi öyrətməlidir. Yaxşı məktəb yüksək ixtisaslı mütəxəssis yetirməklə yanaşı, millətini, xalqını, torpağını sevən sədaqətli şəxsiyyət və vətəndaş yetişdirməlidir. Ona görə də bu gün ustad müəllim heç də fizikadan, kimyadan, tarixdən, ədəbiyyatdan və digər fənlərdən dərin bilik verən müəllim deyildir, o, ilk növbədə həmin biliyin, bacarığın və vərdişin insanlığa xidmət edəcəyinə təminat verməyi bacarmalı, cəmiyyəti sabah idarə edəcək insanların mənəvi bütövlüyü, əqli yetkinliyi, əxlaqi kamilliyi naminə cavabdehlik daşımalıdır.

Bizim milli təhsilin strateji məqsədi müasir elmi biliklərlə silah­lan­mış milli ruhlu vətəndaş tərbiyə etməkdir. Belə tərbi­yə­nin pedaqoji strategiyası cəmiyyətimizin tərəqqisi ilə, onun yaxın və uzaq vəzifələri ilə bağlıdır. Bu vəzifələrin əsasında ölkənin ərazi bütövlüyünün bərpası, iqtisadiyyatımızın modernləşdirilməsi, təbii sərvətlərimizdən daha effektiv istifadə etmək kimi vəzifələr durur. Bu vəzifələri uğurla həyata keçirmək üçün bizə, ilk növbədə milli ruhda tərbiyə almış, milli dəyərləri şüurlu surətdə sevən, Vətənə xidməti həyat qayəsi sayan nəsil lazımdır. Bunun üçün biz ölkənin təhsil sistemində gedən islahatları davam etdirməliyik, kənar mədəniyyətlərə təmas anlarında yabancı həyat tərzlərindən “məhz nələri əxz etməli, nələri kənara qoymalı?” sualı mey­da­na çıxarkən, düzgün mövqe tutan, müstəqil qərarlar qəbul et­məyi bacaran kamil gənc nəsil yetişdirməyi təhsilimizin məq­sə­di kimi həyata keçirməliyik.

Təhsildə əsas fiqur müəllimdir. Öz işinin mahiyyətini dərk edən, ixtisasının gözəl bilicisi olan, tərbiyə və biliyi vəhdətdə sevərək təlqin edən müəllim olmadan təhsildə heç bir problemi həll etmək olmaz. Xatırlayaq ki, bugünkü məktəbimizin fun­da­m­ental bünövrəsini məhz fədakar xalq müəllimləri, maarifçi ba­ba­larımız yaradıb. Son illər biz, müəllimlərin nüfuzunun düş­mə­sindən danışırıq. Lakin bundan da köklü problem müəllim­lə­rin ixtisas səviyyəsinin aşağı düşməsindədir. Müəllim­lərin böyük bir qismi sadəcə, öz fənnini öyrədə, mə­nim­sə­də bilmir. Buna sübut axtarmağa ehtiyac yoxdur. Ali mək­tə­bə hazırlıq üçün kütləvi surətdə evlərə pulla müəllimlər cəlb edilməsi ən yaxşı sübutdur. Bu, artıq istisnadan normaya çev­rilən və pedaqoji ictimaiyyəti narahat edən bir mövzudur.

Təhsil quruculuğunda biz sürətlə tərəqqi edən ölkələrin maarif sisteminə diqqət yetirərkən, ilk növbədə qabaqcıl ölkələrdə təhsilin maddi bazasının çox-çox irəli getdiyini görürük. Təhsildə nəzərdə tutduğumuz yeni səviyyə və keyfiyyətə yiyələnmək məktəblərimizin, təhsil ocaqlarımızın maddi baxımdan da yenidən qurulması təmin edilmədən mümkün deyildir. Biz, varlı ölkə deyilik. Təhsilin maddi bazasının modernləşdirilməsinə qoyulan vəsaitləri iqtisadi quruculuğa, iqtisadi tərəqqiyə yönəldilən vəsaitin tərkib hissəsi hesab etməliyik. Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində dövlət büdcəmiz misilsiz bir sürətlə artır və artıq yeddi milyard dollara yaxınlaşır. Bu isə təhsilımizin sabahkı inkişafına nikbin baxmağa əsas verir. Biz müəllimlər də cəmiyyətə müasir savadlı, sağlam, vətənpərvər, əqidəli gənc nəsil verməliyik.

Böyük öndərimiz Azərbaycanın müstəqilliyini demokratik və firavan cəmiyyət yaratmağın birinci mərhələsi hesab edirdi. Bu cəmiyyəti yaradacaq insanların ilk təlim və tərbiyəsini biz müəllimlər və bizim məktəbimiz həyata keçirir. Cəmiyyət həyatında müəllimlərin yeri və rolu da, ilk növbədə bununla müəyyənləşir. Bu tarixi vəzifələrə uyğun olmaq üçün hər bir müəllim fəal vətənpərvər və dövlətçi olmalıdır. İrəlidə xalqımızın həyatında mühüm bir hadisə - növbəti prezident seçkiləri olacaqdır. Bu baxımdan, ölkədə və təhsildə gedən böyük qurucu və yeniləşdirici işlərin davamı üçün bizim müəllimlər ordusu yeganə layiqli namizədin – İlham Əliyevin ətrafında birləşməliyik.

Hörmətli qurultay iştirakçıları!

Təhsil Nazirliyində 2008-2012-ci illər üçün respublikada orta ixtisas təhsilinin islahatları üzrə dövlət proqramının layihəsi hazırdır. Mən bu proqram layihəsi ilə tanışam və deməliyəm ki, çox sanballı və vaxtında hazırlanmış bir sənəddir. Mən bu böyük məclisdə orta ixtisas təhsilini təmsil edən müəllimlərdənəm. Ona görə öz sahəmizin problemləri barədə qısa qeydlərimi söyləmək istəyirəm.

XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf edəndə, müa­sir təhsil sistemimiz məhz peşə yönümlü ixtisasları öy­rətmək hədəfi ilə formalaşmışdır. Sonralar mədəni inqilab və savadsızlığın ləğvi prosesində orta ixtisas təhsili sistemi genişləndi, mədəni inqilab və maarifçilik hədəflərinin həyata keçirilməsinin əsas kadr bazası oldu. Sovet vaxtı yetişən bö­yük ziyalı, alim və yazıçılarımızın hamısı orta ixtisas tex­nikum­larının tələbəsi olmuşdu. Azərbaycanın pedaqoji təma­yül­lü orta ixtisas məktəbləri bu ənənələri, ilk növbədə öz maarifçilik missiyasını davam etdirir. Maarif tariximizin bir sıra şərəfli səhifələri bu təhsil ocaqlarının adı ilə bağlıdır. Bu gü­nün özündə də ucqar ərazilərdəki məktəblərimizin fəaliy­yətini qurub davam etdirməkdə pedaqoji ixtisaslı mək­təb­ləri­mi­zin tələbələri əsas rol oynayır. Pedaqoji təhsil digər sahələr üçün də fundamental əsasdır və gələcəkdə də belə olacaqdır.

Çar hökuməti zamanı təhsildə klassik filoloji və dini istiqamət aparıcı sayılır, dillərin, xüsusən qədim dillərin tədrisinə əsas diqqət verilirdi. Bolşeviklər isə materialist olduqlarından təhsilin politexnik əsaslarına birinci dərəcəli əhəmiyyət verirdilər. Bu, əsasən sənaye üçün kadr hazırlığına istiqamətli idi. Bu iki prinsip sovet vaxtı orta ixtisas təhsilinin də iki xəttini təyin etdi: birinci pedaqoji və universitet təhsili, ikinci isə texniki təhsil adlanmağa başladı. Sovet vaxtı sənaye sürətlə inkişaf etdiyindən ayrıca texniki-peşə təhsili sistemi də yarandı.

Bu gün biz islahatlar apararkən, hər şey bu islahatların məq­sə­dindən çıxış etməlidir. Bizim məqsədimiz nədir? Məncə, iki məqsədə əsas diqqət yetirilməlidir: birinci, orta ixtisas təh­sil­inin keyfiyyətini artırıb onu zamanın tələbləri səviyyəsinə qaldırmaq. İkincisi isə bizim dünyaya texniki inteqrasiyamızın tələblərinə cavab verən kadrlar hazırlamaq.

Lap qısa desək, mən təhsil islahatlarının əsas məqsədini təhsilin keyfiyyətini dünya standartlarına heç olmasa, yaxınlaşdırmaqda görürəm. Atalar yaxşı deyib: vay yarımçıq əlindən. Bunu hələ müasir texnologiyalar olmayan vaxtda deyiblər. İndi isə peşə biliyinin yarımçıq olması mənəvi ziyandan başqa, cəmiyyətə və vətəndaşlara böyük maddi ziyanlar vura bilir.

Bəzi orta ixtisas təhsili məktəblərinin ikili tabeçiliyi barədə müxtəlif rəylər vardır. Mən hesab edirəm ki, Təhsil Nazirliyinin əsas vəzifəsi birmənalı şəkildə aydındır: təhsilin keyfiyyətinə aid bütün məsələləri nizamlamaq və bunlara nəzarət etmək, o cümlədən müəllim kadrlarının ixtisas səviyyəsinə. Bu məsələlər qanunvericiliklə də bizim nazirliyə aid edilmişdir. Bununla belə, müasir ixtisas təhsili yeni texnologiyaların öyrənilməsi ilə bağlı yeni tipli maddi baza tələb edir. Bu maddi bazanı yaratmaq bir sıra hallarda nəinki maddi cəhətdən, heç texniki cəhətdən də Təhsil Nazirliyi tərəfindən icra edilə bilməz. Məsələn, aviasiya, informasiya texnologiyaları, neft-kimya sənayesi, tibb sahəsi, əczaçılıq və digər spesifik sahələr üçün mütəxəssis hazırlayan orta ixtisas təhsili müəssisələrinin ikili tabeliyi qaçılmazdır. Çünki onların maddi bazasını profil qurumları özü həyata keçirməli və təmin etməlidir.

Orta ixtisas təhsili verən qurumların çətin problemlərindən biri hazırda ixtisas və istehsalat təşkilidir. Təhsil qurumları bunu ancaq öz qüvvələri ilə sadəcə, edə bilməzlər, çünki onların istehsalat bazaları yoxdur. Bu istehsalat bazaları müvafiq sahə nazirliklərinin və qurumların, özəl təşkilatların tabeliyindədir. Bu isə orta ixtisas təhsili ilə müvafiq profil qurumlar arasında bütün əlaqələrin yenidən qurulmasını, özü də müqavilələr əsasında qurulmasını tələb edir. Təcrübə ixtisas və peşə təhsilinin az qala yarısıdır. Bir sıra hallarda ixtisas təcrübələrinin özəl qurumlarda təşkili zərurəti qarşıya çıxır və gələcəkdə daha çox çıxacaqdır.

Belə vəziyyət orta ixtisas təhsilində tədris proqramlarının hazırlanması işini yenidən qurmağı tələb edəcəkdir. Görünür texniki, marketinq və digər təmayüllü orta ixtisas texnikumları üçün beş-on illik proqramlar hazırlanması təcrübəsindən imtina edilməli olacaqdır. Bir tərəfdən proqramlar mütəxəssis sifarişçiləri ilə, o biri tərəfdən isə mütəxəssisin işləyəcəyi texnologiya istehsalçıları və sahibləri ilə razılaşdırılmalı olacaqdır.

Müxtəlif ölkələrdə istehsal olunan eyni adlı cihazların texniki quruluşunda ciddi fərqlər olur. Ona görə xarici firmalar öz kadrlarının ixtisasını artırmaq üçün mütəxəssislərini üçüncü ölkələrə göndərirlər. Bu, böyük məsrəflər tələb etsə də, görünür digər çıxış yolları hələlik yoxdur.

Mən demək istəyirəm ki, sifarişlə kadr hazırlamaq üçün bizim təhsil qurumları operativ işləməli, müqavilə ilə müəllimlər cəlb etməli, ən dar peşə ixtisaslarını tədris etmək üçün öz ətraflarına kadr potensialı toplamalıdırlar. Yalnız bu yolla dar ixtisas peşələrini öyrətmək işinin öhdəsindən gəlmək və kadr bazarında mövqe qazanmaq olar.

İxtisas təhsilinin çətin problemlərindən biri də elementar maddi bazanın, dərslik və vəsaitlərin, xüsusilə kitabxanaların qənaətbəxş vəziyyətdə olmamasıdır. Əlbəttə, bunların bir qismi Təhsil Nazirliyi xətti ilə həll ediləcəkdir. Məsələn, dərslik və vəsaitlərin hazırlanması, tərcüməsi, seçilməsi və buraxılması kimi məsələlər. Lakin maddi baza ilə bağlı məsələlərin çoxunda orta ixtisas məktəbləri sifarişçilərlə işləməli, onların imkanlarından - lazım gəldikdə bina və istehsal sahələrindən istifadə etməlidirlər. Ən böyük sifarişçi həyat­dır. Yeni tipli təhsil rəhbərlərinin əli həyatın nəbzində ol­ma­lıdır, onlar bazar və menecment qanunlarını mə­nim­sə­mə­li­dirlər. Əlbəttə, bunun üçün orta ixtisas təhsili müəssisələrinin qanun­vericilik təminatı təkmilləşdirilməli, onların maliyyə müs­təqilliyi, sahibkarlıq imkanları üçün qanuni əsaslar yara­dıl­malıdır.

Qərbdə idarəçilik və dar peşə ixtisasları yüksək qiy­mətlən­dirilir və müvafiq əməkhaqları ilə təmin edilir. Adi bir misal çəkmək olar: iri restoranların, şadlıq evlərinin mühasibat və uçot işinin kompüterlərlə qurulması üzrə proqramları şəxsi kadr agentlikləri Bakıda 8-10 min dollara satırlar. Bir-iki mütəxəssisə də proqramla işləməyi öyrədirlər. Biz yeni, qabaqcıl texnologiyaları mənimsədikcə, cəmiyyətimizdə dar ixtisaslı kadrlara ehtiyac artacaq, bununla bərabər onların əməyinin qiyməti də qat-qat artacaqdır. Ona görə hesab edirəm ki, həm ödənişli orta ixtisas təhsilinin, həm də bu təhsilin özəl sektorunun yaranmasına yaşıl işıq yandırmaq lazımdır. Bu, ilk növbədə cəmiyyətimizin texniki və iqtisadi tərəqqisinin sürətini artırmaq üçün lazımdır. Usta və təmirçi olmadığına görə işlədilməyən hər bir cihaz milli sərvətin əsassız çıxdaş olan hissəsidir. İstənilən böyük idarələrdə belə texnikanın sayı az deyil.

Yəqin ki, göstərilən məsələlərin çoxu Təhsil Nazirliyində hazırlanan “Orta ixtisas təhsili haqqında” qanunda öz həllini tapacaqdır. Orta ixtisas təhsilinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi zəruri olan məsələləri söylədiklərimdən qat-qat çoxdur.

Ona görə də peşə təhsilinin formaları barədə diskussiyalar açılmasını ikinci dərəcəli hesab edirəm. Təhsil ocağının adı texnikum da, lisey də, seminariya və başqa da ola bilər. Bu ad heç zaman birbaşa təhsilin keyfiyyətinə təminat verməyəcək. Ona görə formanın dəyişdirilməsinə aludə olmağa dəyməz. Hər konkret halda konkret şəraitdən, xüsusilə müəllim potensialının, maddi şərtlərin olmasından çıxış etmək lazımdır.

Son vaxtlarda yaradılmış təhsil kompleksləri ixtisas təhsilinin yaxşılaşdırılmasının əsas yollarından birini göstərir. Yüksək peşə və praktik ixtisaslı müəllimlərin cəlb edilməsi ixtisas təhsilinin səviyyəsini artırmağın əsas yollarından biridir. Sənət təmayüllü ali təhsil ocaqları yanında orta ixtisas təhsilinin - kolleclərin təşkili, ilk növbədə peşəkar müəllim problemini həll edir. Milli Rəssamlıq Akademiyası, Milli Konservatoriya, Memarlıq və İnşaat Universiteti nəzdində yaranan kolleclər bu baxımdan uğurludur. Hesab edirəm ki, bir çox ixtisas məktəblərinin əsas problemlərindən biri onlarda peşə yönümü üzrə professional, böyük təcrübəli və yüksək hazırlıqlı müəllimlərin çatmamasıdır. Belə müəllimlər heç zaman sıravi müəllim maaşına işləməyə gəlməyəcəklər. Gec-tez inkişaf edən bütün orta ixtisas məktəblərimiz bu problemlə üzləşəcəklər.

Liseylərin bir üstünlüyü vardır: orada şagirdləri beşinci sinifdən müəyyən peşə yönümündə yetişdirmək imkanı vardır. Bunu bacaran və bunun üçün kadr bazası olan liseylər artıq nüfuz qazanmışdır. Bakı Avropa liseyi, Türk liseyləri belədir. Bunlar xüsusilə xarici dil tədrisində effektiv nəticələrə nail olurlar və valideynlər də bunu hiss edir. Ümumiyyətlə, konkret ixtisas profilini tapıb bu yönümdə nəticə əldə etməyən liseylər formaya çevrilir və məktəblərdən heç nə ilə fərqlənmir. Ona görə liseylərin sayının orta ixtisas müəssisələrinin yarısını ötməsi yeni texnologiyalara uyğun kadr hazırlanması probleminin həlli mənasında hələ ciddi nəticə verməyib. Bunun səbəbi isə ixtisas profillərinin geniş götürülməsidir. İndi bu sahəyə dar ixtisas biliyi olan və öz sahəsində istehsalat təcrübəsi keçən kadrlar lazımdır.

Dediklərim texnikumlara da aiddir. Kənd Təsərrüfatı Na­zirliyinə təsərrüfat kompleksi üçün mütəxəssislər hazırlayan tex­nikumların əksəriyyəti rayon yerlərindədir. Bunlar ölkə­mi­zin tərəqqisində, kənd təsərrüfatının emal müəssisələrini, tex­nikasını işlədən kadrların hazırlanmasında böyük rol oy­na­yıb­lar. Amma bu gün kənddə yeni texnologiyaların sayı və mü­rək­kəbliyi artır. Bu isə bu texnikumların üzərinə daha böyük vəzifələr qoyur və onları qoruyub inkişaf etdirməyi tələb edir. İndi kənddə emal sənayesinin də, maşın, traktor parkının da texniki bazası təzələnib. Ona görə kənd təsərrüfatı kadrları hazırlayan ixtisas qurumlarına ciddi qayğı göstərmək, onları yeni müəllim kadrları ilə təchiz etmək lazımdır. İndi kənd fermer təsərrüfatlarından ibarətdir. Bu təsərrüfatlar o zaman uğurlu idarə olunur ki, bir ailədə kənd təsərrüfatına aid əksər ixtisasları bilsinlər. Belə təhsil isə ancaq orta məktəblərin zəminində mümkündür. Bu isə regionlar üçün spesifik peşə tədrisi proqramları hazırlanmasını tələb edəcəkdir.

İndi orta peşə-ixtisas təhsilinin dövlət standartları Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş və plan-proqramlara müvafiq dəyişikliklər edilmişdir. Çünki tədrisin təşkilində dəqiq normativ çərçivələrin olması zəruridir. Bunsuz təhsil prosesinə nəzarət etmək çətindir.

Eyni zamanda, mən bu gün müəllimlər qurultayında müəl­li­min tədrisdəki rolu barədə də demək istəyirəm. İndi də, gələ­cəkdə də müəllim təhsilin əsas siması olacaqdır. Müəllimin xarici görkəmi belə, təhsil ocağının simasıdır. Ona görə təhsilə qayğı, onun yaxşılaşdırılması işi həmişə müəllimlə başlanacaq və müəllimlə qurtaracaqdır. Dövlətimiz müəllimlərin sosial və məişət qayğılarının həlli üçün tədbirlər görür və gələcəkdə də bu, davam etməlidir.

Mən bəlkə də mübahisə doğuracaq bir məsələyə toxunmaq istəyirəm. Hesab edirəm ki, fənn müəllimlərinin şagird və tələbə biliyinin müəyyən standartlara uyğun səviyyəsinə görə məsuliyyəti artırılmalıdır. Həm də buna uyğun fənn biliyini qiymətləndirmədə də müəllimin tam müstəqilliyi təmin edilməlidir. Bəlkə normativ sənədlərdə bu müstəqillik kifayət qədər­dir. Lakin əməldə müəllimlərin tədris nəticələrinə marağı azal­mış kimi görünür. Tədrisin keyfiyyəti baxımından bu, çox mü­hüm məsələdir. Biz, müəllimlərin tələbkarlığının artırıl­ma­sına çalışmalı və buna yol açan bütün vasitələrdən istifadə et­mə­liyik. Mənimsəmənin keyfiyyətinə laqeydlik bizim təhsildə formalizmin pis bir formasıdır. Belə formalizm cəmiyyətdə müəllimin nüfuzunu aşağı salan əsas səbəblərdəndir.

Yaxşı peşə təhsilinin iki əlaməti daha yaxşı görünür: birinci, keyfiyyətli və müasir səviyyəli təhsil alan gənclər bir qayda olaraq iş tapmaqda çətinlik çəkmirlər. İkincisi isə, belə təhsil ocaqlarına qəbul zamanı rəqabət yaranır və bunu hamımız görürük.

Lakin bir prinsipial məsələni də qeyd etmək istəyirəm. Bu gün məişətimizə daxil olan texnologiyaların, maşın və cihazların elmi-texniki səviyyəsi orta ixtisas və texniki peşə təhsilinin səviyyəsinə tam uyğun deyil. Ona görə bu, orta ixtisas təhsilinin sürətlə mürəkkəbləşən həyatla ayaqlaşması məsələsi, zənnimcə daim bizi düşündürməlidir. Adi misal çəkim: rayonlarda müasir avtomobilləri və cihazları insanlar almır. Səbəbi isə hamı ucadan deyir. Onları işlədən və təmir edən ustalar orada yoxdur. İndiki ixtisas və peşə məktəbləri isə belə mütəxəssislər, ustalar hazırlaya bilmir. Müasir məişət cihazları ilə işləyən mühəndis və ustalara daha əsaslı təhsil lazımdır, dar ixtisas təhsili lazımdır. Bu məsələ sovet təhsil sistemindən qalan bir problemdir.

Texniki tərəqqi insanların və cəmiyyətlərin şəxsi və istehsalat fəaliyyətini intensivləşdirir. Vaxt çatışmazlığı zamanın kəskin problemlərindən birinə çevrilir. Ona görə də orta ixtisas təhsilinin əhəmiyyəti cəmiyyətdə get-gedə daha dərindən hiss olunacaqdır. Hörmətli nazirimiz Misir müəllim öz məruzəsində bu barədə dəqiq fikirlər söylədi. Yığcam, konkret istiqamətli, elmi bünövrəli təhsil xüsusilə cəmiyyətin orta təbəqəsinə, fermer təsərrüfatlarının üzvlərinə daha çox gərək olacaqdır.

O biri tərəfdən, respublikada elmi yönümlü istehsalatların inkişafı orta ixtisas təhsili olan mütəxəssislərə xüsusi ehtiyac doğurur. Bir sözlə, orta ixtisas təhsili cəmiyyətimizin, milli mədə­niyyət və iqtisadiyyatımızın sabit tərəqqisini təmin edən mü­hüm alətlərdən biridir. Onu inkişaf etdirmək, təkmilləş­dir­mək və genişləndirmək bizim borcumuzdur. Çünki orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsidir və bir-biri ilə bağlı iki məsələni – gənclərin müxtəlif peşələrə yiyələnməsini və eyni zamanda, onların ümumi icbari təhsil almalarını həll edir.

Azərbaycan Respublikasında orta ixtisas təhsili pilləsinin mövcudluğu ölkəmizdə milli təhsil sisteminin nüfuzunun yüksəlməsində və intellektual potensialın formalaşmasında mühüm rol oynayır. Bu təhsil kifayət qədər kütləvi ixtisas təhsili kimi vətəndaşların təhsil və mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Hazırda orta ixtisas təhsili müəssisələrinin sayının kifayət qədər olması, onların ölkə ərazisi üzrə bərabər paylanması, bu təhsil pilləsində mütəxəssis hazırlığının nisbətən az müddət və xərc tələb etməsi ölkə iqtisadiyyatının və sosial sferanın tələbatına uyğun orta ixtisaslı kadrların hazırlanmasına kifayət qədər geniş imkan yaradır.

İqtisadiyyatımızın müxtəlif sahələrində, o cümlədən sosial sahədə 681 min nəfərə yaxın orta-peşə ixtisas təhsilli mütəxəssis çalışır ki, bu da əhalinin təxminən 11,8%-ni təşkil edir və bu təhsillə ölkənin əmək qabiliyyətli əhalisinin 12,9%-i əhatə olunmuşdur.

Hörmətli qurultay iştirakçıları!

Çıxışımın sonunda diqqətə çatdırmaq istəyirəm ki, sovet vaxtı yetişən böyük ziyalı, alim və yazıçılarımızın hamısı orta ixtisas texnikumlarının tələbəsi olmuşdu. Dünya şöhrətli Heydər Əliyev də vaxtilə pedaqoji təmayüllü orta ixtisas təh­sili məktəbində təhsil almışdır. Azərbaycanın pedaqoji tə­mayüllü orta ixtisas məktəbləri bu gün də öz maarifçilik mis­siyala­rını davam etdirirlər. Maarif tariximizin bir sıra şərəfli sə­hi­fələri bu təhsil ocaqlarının adı ilə bağlıdır. Bu günün özün­də də ucqar ərazilərdəki məktəblərimizin fəaliyyətini qurub dav­am etdirməkdə orta ixtisaslı pedaqoji məktəblərimizin tələ­bələri mühüm rol oynayırlar.

Diqqətinizə görə təşəkkür edirəm !


22 sentyabr 2008-ci il.

«Елм вя Тящсил» няшриййатынын директору:

профессор Надир МЯММЯДЛИ
Компцтер дизайнери: Zahid Məmmədov

Техники редактор: Рювшаня Низамигызы

Йыьылмаьа верилмиш 05.03.2013

Чапа имзаланмыш 10.04.2013

Шярти чап вяряги 36,5. Сифариш 101.

Каьыз форматы 70х100 1/16. Тираж 500



Китаб «Елм вя Тящсил» няшриййат-полиграфийа

мцяссисясиндя щазыр диапозитивлярдян чап олунмушдур.

E-mail: elm_ve_tehsil@box.az

Тел: 497-16-32; 050-311-41-89



Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.


1   ...   19   20   21   22   23   24   25   26   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə