Rəyçi: Bahar Muradova Milli Məclisin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru




Yüklə 2.04 Mb.
səhifə25/27
tarix22.02.2016
ölçüsü2.04 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   27

Ç I X I Ş L A R
YAP-IN II QURULTAYINDA ÇIXIŞ
Möhtərəm cənab Prezident! Hörmətli sədr!

Hörmətli qurultay nümayəndələri, xanımlar və cənablar!

Düz bir il sonra, 2002-ci il noyabrın 21-də YAP-ın yaranmasının 10 ili tamam olacaqdır. Bir ay əvvəl isə biz Azərbaycanın dövlət müstəqilliyinin 10 illiyini təntənəli şəkildə qeyd etdik. Azərbaycan xalqının həyatında misilsiz əhə­miyyəti olan bu iki əlamətdar hadisəni yanaşı xatır­latmağım heç də təsadüfi deyildir. Ən əvvəl ona görə ki, bu tarixi günlər qırılmaz tellərlə bağlıdır, müasir siyasi tarixi­mizin bir-birini tamamlayan iki çox mühüm məqamlarıdır. Möhtərəm Prezidentimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaranmasını haqlı olaraq XX əsrdə xalqımızın ən bö­yük tarixi nailiyyəti adlandırmışdır. Onun rəhbərliyi altında 9 il əvvəl qədim Naxçıvanda YAP-ın yaradılmasını bu böyük uğurun etibarlı davamı, qorunub saxlanması və möhkəm­lən­diril­məsinə xidmət kimi qiymətləndiririk. Çünki bu partiyanın siyasi səhnəyə çıxması ilə demokratiya, azadlıq, müstəqillik ideyalarının həqiqi mahiyyəti özünün təcəssümünü tapdı. Onun timsalında xalq siyasi mübarizənin sivil, demokratik yollarını və vasitələrini aydın şəkildə təsəvvür etmək imkanı qazandı.

Məhz bu partiya müstəqillik savaşının çətin yollarından ötüb suveren dövlət quruculuğu vəzifələrini həyata keçirən xalqa həqiqi, təmənnasız xidmət nümunələrini aşıladı. Bu isə milli birlik yaratmağın yolu, xalqı birləşdirməyin üsulu idi.

YAP öz üzərinə Heydər Əliyevin rəhbərliyi dövründə xalqımızın qazandığı tarixi uğurları qorumaq, onun məqsədyönlü daxili və xarici siyasətini davam etdirmək kimi vəzifə götürmüşdür. I qurultaydan sonra partiya inkişaf etmişdir. Qurultay partiyanın təşkilat strukturunda uğurlu islahatlar aparılmasına, ilk növbədə gənc və perspektivli qüvvələr hesabına güclənməsinə, iş qabiliyyətinin və siyasi kəsərinin artmasına səbəb olmuşdur.

Partiyanın ilk qurultayından keçən dövr ərzində icra katibliyi Siyasi Şura ilə bərabər həmfikir insanların qərargahına çevrilmiş, bütövlükdə partiyadaxili səmimiyyəti, yoldaşlıq və əməkdaşlıq ruhunu dərinləşdirmiş, sağlam ab-havanın qorunmasına xidmət etmişdir. Danılmaz həqiqətdir ki, hazırda YAP cəmiyyətin siyasi avanqardıdır. Respublikada ən nüfuzlu siyasi qüvvədir. Bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-nın sıralarındakı minlərlə məsləkli, əqidəli insanlardır. Alimlər, müəllimlər, həkimlər, bəstəkarlar, mühəndislər, ədəbiyyat və incəsənət içşiləri, sadə peşə adamları, xüsusilə Azərbaycan qadını – ocaq çatıb təndir salan, sac asan, nehrə çalxayan, hana qurub gəbə toxuyan, bağ salan, bostan salan, löyün-löyün təamlar bişirən, zərif barmaqları ilə iri dəzgahları hərəkətə gətirən, məqamı çatanda səngərə yatan, güllə atan mərd, cəngavər, fədakar bacılarımız, dünyanın heç bir ölkəsində tayı-bərabəri olmayan yanımlı analarımızdır.

Bu gün YAP-ın ətrafında sıx birləşən insanların ən böyük məramı və arzusu torpaqlarımızın işğaldan azad olunmasıdır. 1990-cı illərin əvvəllərində keçmiş rəhbərlik ermənilərin torpaqlarımızı işğal etməsini soyuqqanlıqla almanların Moskvaya yaxınlaşması ilə müqayisə edərək, bunu müharibə dövrü üçün təbii hal kimi səciyyələndirirdi. Dövlət rəhbərinin belə qeyri-ciddi mühakiməsi gəncliyin vətənpərvərlik ruhunu sarsıdır, cəmiyyəti torpaq işğalına alışdırırdı. Həmin illərdə gənclərin böyük əksəriyyətinin orduya xidmətdən yayındığını yaxşı xatırlayırıq. Bu gün isə Ali Baş Komandanın bircə əmrinə bütün xalqımız müntəzirdir. Çünki onun məramı belədir:

Bir ovuc torpaqdan dönən deyiləm,

Bir ovuc torpağa dönənə kimi!

Yadınızdadırsa, bir vaxtlar ac canavartək dövlətin malını talan edənlər özlərinə “Boz qurd”, ölkəni parçalayanlar “Birlik”, “Vəhdət”, Qarabağı hərraca qoyanlar “Qarabağa Yardım Komitəsi”, ordunu dağıdanlar “Könüllü ordu”, torpağı satanlar “Milli Müdafiə Şurası” və sair kimi qurumlar yaradırdılar. Üzdə vətən, xalq, millət deyənlər, əməldə vətənin, xalqın qəniminə çevrilirdilər.

Bu gün biz hamımız, YAP-çılar fəxr edirik ki, partiyamızın lideri, dövlətimizin rəhbəri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin başçılığı ilə, onun qətiyyətli, uzaqgörən, ibrətamiz və heyrətamiz siyasəti nəticəsində Azərbaycan başının üstünü almış fəlakətlərdən, daxili və xarici antiazərbaycan qüvvələrin qəsdlərindən, vətəndaş müharibəsindən, ərazilərimizin işğal olunmasından, ölkəmizin parçalanmasından, nəhayət müstəqil dövlətçiliyin məhvi təhlükəsindən xilas edilmişdir.

Bu dövr intensiv təşkilatlanma baxımından YAP üçün də əlamətdar olmuşdur. Heydər Əliyevin dövlət başçısı, siyasi xadim kimi dövlət quruculuğundakı hər bir uğuru partiyamıza daha da hörmət və nüfuz qazandırmış, onun sıraları vətənpərvər insanlar hesabına aybaay, ilbəil artmışdır. Partiya liderinin şəxsi cazibəsi, onun nüfuz və əzəməti YAP-ın təşkilatlanmasına çox ciddi müsbət təsir göstərmişdir.

Ötən dövrdə həyat xeyli dəyişmişdir. Demokratiya bərqərar olandan sonra çoxları başqalaşmışdır. Düzdür, aramızda ağa qara deyənlər, inkişafa göz yumanlar, tərəqqini görməyənlər, hər şeyə ağız büzənlər bu gün də var. Ümumi inkişafı və irəliləyişi inkar edən nihilistlər, cəmiyyətə həmişə qara eynəklə baxanlar ötən 10 illik müstəqillik dövründə həyatın hər bir sahəsində, xarici və daxili siyasətdə, iqtisadiyyatda, təhsildə, elmdə, incəsənətdə əldə etdiyimiz nailiyyətləri görmür, yaxud da bunları qəsdən görmək istəmirlər. Deməli, onlar həyatın ziddiyyətlərlə irəlilədiyini anlamır və ya başa düşmürlər. Heç şübhəsiz, həyat tədricən onları öz axarına alıb gec-tez yetişdirəcəkdir.

Bu gün Azərbaycanın siyasi həyatına Heydər Əliyev məktəbinin yetirməsi, müstəqilliyimizin və demokratiyanın ümidi olan, yeni təfəkkürə malik bir gənclik gəlir. Onun qarşısı­nda xalqa, dövlətə sədaqətlə xidmət etmək, Azər­bay­canın dövlət müstəqilliyini göz bəbəyi kimi qoruyub gələcək nəsillərə çatdırmaq vəzifəsi durur. Bu vəzifənin reallaşdırıl­ması Azərbaycanın milli sisteminin keyfiyyətli, səmərəli fəaliy­yətindən, Azərbaycan müəlliminin səfərbərliyindən, aparılan islahatlara yaradıcı münasibətindən çox asılıdır. Bu gün, bəlkə də, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanan rəşa­dətli ordudan daha çox, milli ideologiyamızın, mənəvi yüksəlişimizin, gəncliyin əqli və ruhi kamilliyinin keşiyində vic­danla dayanan müəllim ordusuna ehtiyacımız daha böyükdür.

Nəriman Nərimanovun dediyi kimi, “Əgər tarixə nəzər salsanız, yəqin edərsiniz ki, heç bir xalq qılınc və tüfənglə qabağa getməyibdir. Hansı xalq ki, irəli gedib, tərəqqi edibdir, yalnız elmin, təhsilin gücünə xoşbəxt olubdur”. Heç kəsə sirr deyil ki, yeni ictimai-siyasi, mədəni-iqtisadi münasibətlərə keçid son dərəcə mürəkkəb, ağrılı, bir sıra hallarda isə təzadlı prosesdir. Bu çətin mərhələdə milli-mənəvi dəyərlər sisteminin qorunub saxlanması, cəmiyyətin bu dəyərlərə söykənməsi gələcək inkişaf baxımından çox əhəmiyyətlidir.

Təəssüf ki, yaşadığımız dövrdə xalqımızın mentaliteti ilə bir araya sığmayan, əsrlər boyu kamilləşib formalaşmış milli dəyərlərimizə zidd olan təzahürlərlə də rastlaşırıq. Yaxşı ki, belə vəziyyətdə dövlətimizin başçısı və onu birmənalı şəkildə dəstəkləyən geniş ziyalı təbəqəsi öz sözünü deyir. Biz son vaxtlar dəfələrlə bunun şahidi olmuşuq. Gələcəkdə də çalışmalıyıq ki, yetişməkdə olan nəsil mənfi meyllərdən uzaq olsun, dövlətə, xalqa və vətənə sədaqət ruhunda tərbiyə alsın.

Gənclik böyük qüvvədir. YAP-ın hər bir üzvü çalışır ki, böyük yaradıcı gücə, qüvvəyə və potensiala malik bu gənclik Heydər Əliyev ideyalarının və mənəvi irsinin əsl daşıyıcısı olsun. Bu gün YAP-ın əldə etdiyi uğurlarda partiyanın digər fəalları ilə yanaşı, Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin də xidmətləri vardır. Son vaxtlar mətbuat və partiyanın yerli təşkilatları bu istedadlı siyasətçiyə və idarəçiyə xüsusi diqqət yetirir.

Bu gün İlham Əliyev bizim siyasi mühitdə mühüm amilə çevrilibdir. YAP-ın bütün üzvləri, xalqın geniş kütlələri onun partiya və dövlət işində fəaliyyətini yüksək qiymətləndirirlər. Hətta partiyanın geniş dairələri İlham Əliyevin siyasi potensialını səmimiyyətlə müzakirə edirlər. Onun siyasi gələcəyinə ümidlə baxır, aldığı şəxsi nümunəyə ləyaqətlə varislik edəcəyinə inam bəsləyirlər. Ulu Dədə Qorqudun “Qız anadan görməyincə süfrə açmaz, oğul atadan görməyincə qılınc çalmaz” kəlamı adil övladın kamil valideynin tutduğu yolu sədaqətlə davam etdirəcəyinə işarədir. Bunun əyani təzahürünü dünya görmüş insanlar həmişə təsdiq edirlər.

Biz möhtərəm Heydər Əliyevin qurub-yaratdığı partiyanın üzvləriyik, onun siyasi ardıcıllarıyıq. Bütün fəaliyyətimizin ana xəttini onun ideyaları təşkil edir. Bu ciddi vəzifənin məsuliyyətini lazımınca qiymətləndirməyi bacarmalı, onun adına, işinə, tələb və tövsiyələrinə layiq çalışmalıyıq. Milli-mənəvi dəyərlərdən uzaq, əqidəsiz, amalsız, gündə bir fikrə düşən, külək haraya əssə, o səmtə əyilən fürsətbazlara, təmənnalı insanlara YAP-ın sıralarında yer olmamalıdır.

YAP ölkəmizin tarixi müqəddəratının həll edilməsində, əsası qoyulmuş və uğurla həyata keçirilən nəhəng dövlət quruculuğu prosesində yüksək fəallıq, ibrətamiz siyasi prinsipiallıq və mübarizlik nümayiş etdirməyə qadir olduğunu bundan sonra da sübuta yetirəcəkdir.

Diqqətinizə görə sağ olun.
21 noyabr 2001-ci il.

YAP QADINLAR ŞURASININ RESPUBLİKA KONFRANSINDA ÇIXIŞ
Hörmətli konfrans iştirakçıları!

Bizim nüfuzlu məclisimiz bir necə həftə əvvəl ölkəmizdə aparılmış böyük siyasi kampaniyadan – Referendumdan sonra öz işinə başlayır. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən ümumxalq səsverməsi ölkəmizdə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində ciddi addım oldu. Ümumxalq səsverməsində xalqın tam əksəriyyətinin iştirakı bir həqiqəti təsdiqlədi ki, referendumun keçirilməsi üzvü olduğumuz partiyanın düzgün və məsuliyyətli qərarı idi.

Səsvermənin siyasi nəticəsi belədir: Azərbaycan xalqının tam əksəriyyəti böyük Heydər Əliyevin yolunu davam etdirən Prezidentimiz İlham Əliyevin iqtisadi çiçəklənməyə və xalqın rifahının yüksəlişinə yönəlmiş siyasətini dəstəkləyir və himayə edir. Xalqın gözü tərəzidir, deyiblər. Əminik ki, Konstitu­siya­da edilən bu dəyişikliklər ölkənin idarə edilməsində xalqın istək­ləri­nin rolunu artıracaq, dövlətimizi daha da möhkəm­ləndirə­cəkdir.

Bəli, dövlətimizi möhkəmləndirəcək, çünki xalqla dövlətin birliyi üçün daha geniş imkanlar açılır. Buna bizim ciddi ehtiyacımız vardır. Son günlər Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması barədə narahatedici xəbərlər gəlir. Biz bilirik ki, ABŞ administrasiyası sərhədlərin açılması müqabilində Türkiyə dövlətinə digər regionlarda siyasi və iqtisadi güzəştlər vəd edib. Lakin Ermənistan iqtisadiyyatının dirçəlişinə yardım etmək Azərbaycana qarşı addımdır.

Bu xəbərlər bizim cəmiyyətin milli vəhdətə, dövlətimiz ətrafında daha sıx birliyə çox ehtiyacı olduğunu diktə edir. Qərb dövlətlərinin himayə etdiyi Erməni təcavüzkarlığı qarşısında xalqımız, ilk növbədə öz qüvvələrinə güvənməli, müstəqil dövlətimizin, milli ordumuzun daha qüdrətli olması naminə addımlar atılmalıdır. Romantik qardaşlıq şüarları və ritorikası bizi çaşdırmamalıdır. Torpaqlarımızın 20 faizini itirəndə, biz tək idik. Bu, həqiqət anı idi. Yaxşı dost çətin gündə tanınar. Dövlət və xalq anlayışlarını eyniləşdirmək bizə baha başa gələ bilər. Türkiyə dövləti bir şeydir, Türkiyə xalqı başqa. Hər dövlətin öz maraqları var. Xalqı isə onun öz dövləti qorumalıdır.

Hörmətli konfrans iştirakçıları!

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası hakim siyasi partiyanın mübariz bir dəstəsidir. Heydər Əliyevin partiya­sında Azərbaycan qadınlığının ən güclü, ən savadlı və mü­bariz hissəsi toplanmışdır. YAP Qadınlar Şurası dövləti­mizin və xalqımızın həyatında baş verən bütün taleyüklü proseslərdə yaxın­dan iştirak edir. Bizim Şuranın özəyini təşkil edən qadınların əsas qüvvələri Qarabağ uğrunda xalq hərəkatına qoşulmuş yüksək siyasi şüurlu, vətənpərvər, cəmiyyət içərisində nüfuzu olan qadınlar idi. Onlar 1993-cü ildə böyük öndər yenidən hakimiyyətə qayıdandan sonra onun milli qurtuluş strategiyasını himayə etdilər. Bu strategiyanın əsas mənası ölkəmizdə sülh və əmin-amanlıq, siyasi sabitlik və tərəqqi yaratmaq idi. Biz analar üçün isə bunlar övladlarımızı böyütmək, ərsəyə gətirmək, xoşbəxt görmək üçün zəruri olan əsas siyasi şərtlərdir.

Ağbirçəklərin və anaların Azərbaycan cəmiyyətində qədim­lərdən bəri xüsusi statusu, hörməti və nüfuzu olub. Ona görə 1995-ci ildə böyük öndərin tövsiyələri ilə YAP-ın tərkibində qadın şuralarının yaradılması bizim milli mentalitetimizə uyğun bir hadisə idi, qədim mənəvi dəyərlərdən cəmiyyətimizi sağlamlaşdırmaq və möhkəmləndirmək üçün istifadə etmək təşəbbüsü idi. Azərbaycan qadınlığının qabaqcıl hissəsi bu təşəbbüsü nəinki bəyəndi, hətta şüurlu surətdə ona qoşulmaq və onun fəaliyyətində iştirak etmək qərarına gəldi. 1995-1996-cı illərdə YAP qadın şuralarının xətti ilə, onların xeyirxah və nəcib fəaliyyəti sayəsində Yeni Azərbaycan Partiyasının sıralarına minlərlə qadın daxil oldu. Sevindirici hal idi ki, bu qadınların əksəriyyəti ali təhsilli orta və ali məktəb müəllimləri, səhiyyə və mədəniyyət işçiləri, xalq içində xüsusi nüfuzu olan digər peşələrin nümayəndələri idilər. Onları Heydər Əliyev partiyasının sıralarına öz əqidələri gətirirdi, müstəqil dövlətimizi möhkəmlətməkdə, sosial yönümlü siyasət yeritməkdə köməkçi olmaq istəkləri gətirdi. Bu istəklər təsadüfi deyildi.

Azərbaycan qadınını mütəşəkkil bir qüvvə kimi səfərbər edib ümumxalq mübarizəsinə qoşmaqda biz, hər kəsdən əvvəl siyasi miqyas və nüfuzuna görə heç bir dövlət rəhbəri ilə müqayisəyə gəlməyən böyük hakimiyət ustadı milli öndərə borcluyuq. Azərbaycanın dövlətçilik tarixi Heydər Əliyev qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıran, onu böyük cahanşümul işlərə ruhlandıran, ona cəmiyyətdə və döv­lətdə layiq olduğu yeri təklif və təmin edən ikinci bir döv­lət rəhbəri tanımır. Son 16 ildə qadınların dövlət qurumlarında və ümumiyyətlə ictimai-siyasi həyatda təmsil olunmaq imkan­ları­nın əhəmiyyətli dərəcədə genişlənməsi Ulu öndərimizin əsa­sını qoyduğu liberal gender siyasəti nəticəsində mümkün ol­muşdur.

Azərbaycanın müasir qadın hərəkatı tarixinə 1998-ci il qızıl hərflərlə yazılmalıdır. Milli öndər qadınların mövqeyini möhkəmlətmək üçün ölkə tarixində ilk dəfə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam verdi. Həmin ildə 26 illik fasilədən sonra Müstəqil Azərbaycan qadınlarının növbəti qurultayı keçirildi. Qurultayda Ulu öndərin səmimi çıxışı fikir vüsətinə və təhlil keyfiyyətinə görə bu mötəbər məclisin kulminasiya nöqtəsi idi. O, Azərbaycan qadınının fədakarlığından, sədaqətindən, mərdliyindən, daha sonra onun dünyəvi, hüquqi dövlət quruculuğunda fəallığına bəslədiyi ümidlərdən danışırdı.

Bu gün Heydər Əliyev həyatda yoxdur. Amma tale Azər­bay­can qadın hərəkatını başsız qoymayıb. Aslanın erkəyi, dişisi olmaz, deyiblər. Ölkəmizin birinci xanımı və Pre­zidentimizin silahdaşı Mehriban Əliyeva öz fəaliyyəti ilə qa­dın hərəkatını nəinki canlandırdı, mən deyərdim ki, onun tari­xində yeni bir mərhələ açdı. Mehriban Əliyevanın fəaliyyəti ilə qadın hərəkatı yeniləşdi, onun işinin forma və metodları müasirləşdi. Mehriban xanım bütün layihələrində həm zadəgan dəyərlərinin davamçısı, həm də xeyriyyəçi kimi müqəddəs analığın xidmətindədir. Onun təşəbbüsü ilə əlil və valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial himayə göstərilməsi həqiqətən bir hərəkata çevrildi. Bu gün hətta bizim tələbə qızlar belə, özləri vəsait toplayıb uşaq evlərinə, internat məktəblərinə, fiziki qüsurlu uşaqların tərbiyə aldığı mərkəzlərə gedirlər. Bunlar Mehriban Əliyevanı təqliddir, amma mən belə təqlidi alqışlamaq istəyirəm. Çünki bu təqlid cəmiyyətimizdə ana şəfqətini və mənəvi dəyərlərə pərəstişi artırır. Bunlar mənəvi dirçəliş və yüksəliş əlamətləridir.

Mehriban Əliyeva öz fəaliyyəti ilə qadın hərəkatının yönü­nü həm də təhsilə, məktəbə, səhiyyəyə, uşaqların sağlamlığına, mə­dəni və idman proqramlarına çevirdi. Nəticədə onun fəaliy­yəti beynəlxalq miqyasda diqqəti cəlb etdi. Bu gün YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfirinin fəaliyyəti Azərbaycan qadınlığının təntənəsinə çevrilib. Hazırda Mehriban Əliyevanın humanist və mədəni layihələri onlarla ölkələr tərəfindən dəstəklənir. Onun nüfuzu və işgüzarlığı sayəsində Azərbaycan YUNESKO tədbirlərinin mərkəzinə çevrilib. Bu silsilə tədbirlər artıq 5 ildir ki, davam edir və Azərbaycan həqiqətlərinin dünyada yayılmasına xidmət edir.

Mehriban Əliyevanın Azərbaycan maarifinin dirçəldilməsi sayəsindəki işlərini mən xüsusi qeyd etmək istəyirəm. Heydər Əliyev Fondunun rəhbəri kimi onun miqyası görünməmiş məktəb tikintisi və yenidən qurulması sahəsindəki layihələri, xüsusilə ucqar bölgələrimiz üçün həqiqi bir mədəni inqilabdır. Çünki xalqın gələcəyi üçün, balalarımızın xoşbəxt sabahı üçün yeni məktəblər tikməkdən, onlara cəmiyyətin ümumi qayğısını təşkil etməkdən səmərəli heç nə ola bilməz.

Müasir ağbirçəklik və analıq ölkə qadınlığının ümumi iradəsidir. Bu iradə ölkədəki qadın hərəkatında və qadın qurumlarındadır. Bizim konfrans da bu iradənin bir hissəsidir. Amma buradakı iştirakçılar da daxil olmaqla, bir şeyin önəmliliyini daim diqqətdə saxlamalıyıq ki, bu da bizim ailələrimizdir. Hər bir ailə anaların yandırdığı ocaqdır.

Əslində, cəmiyyətdə dünyaya övlad gətirib onu boya-başa çatdırmaqdan daha vacib heç nə ola bilməz. Geniş baxanda bütün cəmiyyət, bütün ölkə və onun qalan qurum və sahələri də bu işdə köməkçidir. Bağça da, məktəb də, ali təhsil də, elm və mədəniyyət də, fabrik və zavodlar da bu hədəfə xidmət edirlər. Elə qalanları da elə. Ona görə bütün dünyada qadınlığın rolunun artması hiss olunur. Feminist hərəkatlar bunun üzdə olan hissəsidir. Ən mühümü isə başqa cəhətdir: bu gün cəmiyyətləri idarə edən səlahiyyətli adamlar arasında qadınların sayı artır. Siyasətdə, iqtisadiyyatda, elmdə, mətbuatda bunu hər addımda görüb duymaq olar. Bizim ölkəmiz də istisna deyil. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımız fəaldır. Lakin bunlar hələ azdır.

Biz analar çalışmalıyıq ki, ölkədə və dünyada sülh olsun, əmin-amanlıq olsun. Balaların sabahı üçün işıq və ümid yeri olsun. Dünyada baş verən sürətli proseslər, regional konflikt­lərin səngiməməyi məni bir ana kimi çox narahat edir. Er­mənilərlə sərhəddə atəş səsləri kəsilmir. Ona görə biz Pre­zident İlham Əliyevin Qarabağ problemini dinc, diplomatik vasitə­lərlə həll etmək xəttini himayə etməliyik, onun humanist mahiy­yətini insanlara izah etməliyik. Dünya qadın təşkilat­larının böyük bir hissəsi sülh problemi, beynəlxalq təhlü­kə­siz­lik məsələləri ilə məşğul olur. Biz onlarla əlaqələrimizi daha da gücləndirməliyik, sülh uğrunda ümumdünya qadın hərəkatının işinə öz töhfələrimizi verməliyik.

Hər bir ana istəyir ki, evlərimizdə ruzi və bolluq olsun. Balalarımız sağlam olsun, yaxşı məktəblərdə təhsil alsınlar. Ölkədə və məişətdə yaşayış rahat, gözəl olsun. Ali təhsil almaq, iş yeri tapmaq imkanı olsun. Bunlar bizim həyatımızın mənası olan balalarımıza lazımdır, bizim onların ərsəyə gəlməyindən fərəhlənə bilməyimiz üçün lazımdır. Bunların ölkədə uğurlu həllinin əsası Prezident İlham Əliyevin iqtisadi siyasətindədir. Bu mənada, qadınlığın iqtisadi quruculuq prosesində fəal iştirakı, elə övladlarımızı himayə etməyin bir yoludur. Amma bunun üçün biz fəal mövqe tutmalı, ölkə rəhbərinin iqtisadi proqramlarını diqqətlə izləməliyik. Bu proqramın əsas hədəfi ölkədə əhalinin alıcılıq qabiliyyətini stimullaşdırmaq, pensiya və əmək haqlarını artırmaqla daxili bazarı canlandırmaqdır. Bu siyasətin reallaşması üçün neft strategi­yasının imkanlarından, regionların inkişafı proqram­ları­nın nəticələrindən, maliyyə sabitliyi siyasətinin imkan­ların­dan bacarıqla istifadə olunur. Dünyadakı maliyyə böhranının bizim iqtisadi həyatda ziyanlı nəticələri demək olar ki, hiss olunmur. Bunlar Prezidentin iqtisadi siyasətinin uğurlarıdır. Lakin həmişə olduğu kimi müxalifətin səthi düşüncəli dairələri sağdan və soldan müxtəlif avazlar, yanlış fikirlər ortaya atırlar. Xoşbəxtlikdən cəmiyyətin müxalifətin qiymətlərinə gözüyu­mu­lu inam dövrü arxada qalıb və bu gün onları xalq ciddi qə­bul etmir.

Günün mürəkkəb prosesləri içində doğru mövqe tutmaq üçün biz analara nə lazımdır? Həmişəki kimi qadın praktik­liyinə, sağlam düşüncəyə üstünlük vermək. Qadının sağlam dü­şüncəsi isə gurultulu, emosional, şirnikdirici sözləri xoş­la­mır, ancaq real əməllərə, işlərə, öz həyatında hiss etdiyi nəti­cələrə inanır. Belə işləri görən kimdir? Əlbəttə öndərimizin layiqli varisi İlham Əliyev! Məncə, onun bir qərinəyə sığmayan son beş illik rəhbərliyi dövründə öz dolanışığının yaxşılaşdığını hiss etməyən bir insan tapılmaz, ona görə ki, gənc Prezidentimiz ümumi sözləri və bəyanatları xoşlamır, bunun yerinə konkret fərman və sərəncamlar verir və konkret işlər görür. Mən son beş ildə maaşı, pensiyası artmayan bir adam tanımıram. İnanmıram ki, doğma ölkəmizin hər yerində gedən yeniləşmə və quruculuq işlərini şəxsən hiss etməyən bir adam tapılsın. Məncə, ana və qadın meyarı ilə ən yaxşı, ən islahatçı siyasət elə budur. Bu, İlham Əliyevin real dəyişikliklər siyasətidir. Yeraltı sərvətin insan sərvətinə çevrilməsi ideyası xalqın bütün istək və arzularının fövqündə durur.

İndi Bakıdan çıxan kimi nəinki qəsəbələri, hətta magistral yolların kənarlarını da tanımaq olmur. Hər şey sökülüb-tikilir, təzə­lənir, bir-iki həftə ərzində təzə bir görkəm alır. Xüsusilə ra­yon mərkəzlərimizin son əlli illik sabit memarlıq görkəmi ta­mam dəyişir. Düzdür, bunlar zahiri dəyişikliklərdir, amma bun­lar ölkəmizin öz tarixində yeni bir keyfiyyət mərtəbəsinə qalx­dığını xəbər verir. Və bütün bunların memarı, müəllifi Pre­zidentimizin özüdür, onun vətənin çiçəklənməsini tələs­kənliklə gözləyən ürəyidir.

Vətəni modernləşdirmə konsepsiyasının təşəbbüskarı olan Prezident İlham Əliyev bizim balalarımıza qayğını artırmaq, orta məktəbdən başlayaraq xüsusi proqramlar həyata keçirmək üçün dövlət əhəmiyyətli sənədlər imzalayıb. Bunlar ictimaiyyətə yaxşı məlum olan sərəncamlardır. Bunlar Ailə, uşaq və qadın Komitəsinin yaradılması (6 fevral 2006) “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı (2006-2010)”, “Gənclərin xaricdə təhsil alması”, “Avropa təhsil məkanına inteqrasiya”, “Elektron Azərbaycan” və sair dövlət proqramlarıdır. Bunlar orta təhsili modernləşdirməyə, istedadlı gənclərə qayğı göstərməyə və istedadları himayə etməyə yönəlmiş rəhbər sənədlərdir.

Gənc nəslin fiziki və ruhi sağlamlığı ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Azərbaycanın bu gün nüfuzlu idman ölkəsi kimi tanınması məhz Prezidentimizin əməli siyasətinin nəticəsidir. Çünki idman hər bir ölkədə sosial tərəqqinin ən yaxşı göstəricisi sayılır.

Həyatımızdakı sürətli dəyişikliklər əsas bir şeyi bizə əyani göstərir: Prezidentimiz əməlpərvərdir, qurucudur, siyasəti də konkret işləri başlamaq, davam etdirmək və sona çatdırmaq kimi qəbul edir. Bu, bizim ölkəyə, xalqa, başlıcası isə övladla­rı­nın və deməli, ölkənin gələcəyi ilə nəfəs alan analarımıza lazım olan ən doğru və səmərəli siyasətdir.

Son beş-altı ildə yarım milyondan artıq iş yerləri açılıb. Bu, bir o qədər ailənin büdcəsinə əlavə maddi gəlirlərin daxil olması deməkdir. Hər ailəni dörd-beş nəfərlik saysaq, bu, üç milyona yaxın vətəndaşın ailə büdcəsində artım deməkdir. Mən quru rəqəmlərdən istifadə etmək istəmirəm. Ailələrin dolanışığındakı yaxşılaşmanı hər bir ailə şənliyində, xeyir-şər süfrələrində də görmək olar. Köhnə nəsillərin nümayəndələri hətta israfçılıq hallarından gileylənirlər, çünki onlar çörək imtahanını çox görüblər.

Süfrəmizdəki bolluq xalqımızın öz zəhmətinin, iqtisadiy­yatı­mızın tərəqqisinin, ölkə rəhbərinin müdrik siyasətinin nəticəsidir. Həyat diktə edir ki, qəlbində torpaq, millət sevgisi olmayan insanlar xalqa tam gücü ilə xidmət edə bilməz. Sürətlə qloballaşan dünyamız da biz analardan məhz bunu istəyir, Azərbaycanın təəssübü ilə, onun bayrağının məhəbbəti ilə yaşayıb yaradan zəka sahibləri istəyir. Bu isə ən çox təhsilin keyfiyyətindən asılıdır.

1990-cı illərin əvvəllərində məktəb, təhsil və səhiyyə sahəsindəki böhranlı hallar ümumi iqtisadi vəziyyətlə bağlı idi. Şagirdlər məktəbdən kütləvi şəkildə yayınır, ali məktəblərə sənəd verənlərin sayı azalırdı. Səhiyyədə ağır vəziyyət yaranmışdı. İndi belə hallar keçmişdə qalıb. Ailələrdə orta və ali təhsilə maraq əvvəlki dövrlərdən də artıqdır. Elm sahəsinə gənclərin axını müşahidə olunur. Bütün bunlar sosial böhran illərinin sosial çiçəklənmə və kütləvi optimizmlə əvəz olunduğunu nümayiş etdirir. Təhsilə və elmə maraq gələcəyə inam və ümidlərin ən yaxşı ifadəsidir. Bu ümidlər bizim cəmiyyətdə, ev-ocaqlarımızda vardır.

Bu gün evi, ocağı yaşadan qadınlığımız hər şeyi görür və bilir, düzgün qiymət verməyi də bacarır. Ölkəmizdə hər şey ideal halda deyil. İmkanlarımız artdıqca iddialarımız da artır. Biz neft gəlirləri hesabına böyük imkanlar qazanmışıq. Amma analar istəyir ki, biz neftdən asılı olmayaq, xüsusilə bölgələrdə ənənəvi sənaye sahələri tərəqqi eləsin, daha çox iş yerləri açılsın. Böyütdüyümüz övladlar gedib yad ölkələrin tərəqqisi üçün yox, öz ölkəmiz üçün işləsinlər.

Hazırda ana və uşaqların sağlamlığı üçün çalışmaq ən böyük dövləti vəzifələrdən biridir. Bəzən reproduktiv sağlamlıq məsələlərinə istehza ilə yanaşanlar da olur. Elə bilirəm ki, bu, məlumatsızlığın nəticəsidir. Ana və uşağın sağlamlığı bir-birindən ayrılmaz problemdir. Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Hər bir millət və dövlət sağlam və normal adamların, övladların sayəsində tərəqqi edir. Məişətdə çox zaman bu, hiss olunmur. Amma xaricdə sosial tərəqqinin səbəblərini və şərtlərini araşdıranlar, bunu ilk növbədə sağlam bədənli və sağlam düşüncəli vətəndaşların fəaliyyəti ilə bağlayırlar. Ona görə də qabaqcıl ölkələrdə istedadlı gənclər üçün daha mürəkkəb təhsil proqramları olan məktəb və təhsil ocaqları yaradırlar. Avropa dövlətləri və cəmiyyətləri belə təhsil ocaqlarını bitirənlərə xüsusi ümidlər bəsləyir və xüsusi qayğı da göstərirlər.

Ana övladını yetişdirməyə 20-25 il vaxt sərf edir. Bir var bu vaxt ərzində bazarda meyvə yeşiyi daşıyan fəhlə ərsəyə gəlsin, bir də var iki-üç xarici dili bilən mühəndis. Buna görə də gənc anaların təhsilli olması daha vacib məsələdir. Uşaq anadan onun savadının genetik kodlarını da alır. Demək istəyirəm ki, ananın təkcə fiziki sağlamlığı yox, savadı və sağlam düşüncə qabiliyyəti də onun övladına ötürülür.

Tərbiyə və sağlamlıq böyük, ayrılmaz amillərdir. Heydər Əliyevi sadə bir qadın dünyaya gətirib tərbiyə etmişdi. Bu tərbiyənin keyfiyyəti onun xalqımızın xilaskarı olmasına imkan yaratdı, o, bütün millətin güvənc yeri və fəxri oldu. Ulu Atatürkün gözəl kalamı var: “Dəyərli əməllər qiymətli anaların böyütdüyü oğulların işidir”. Ona görə qadın, ana sağlamlığı və tərbiyəsi işlərinə formal şey kimi yox, millətin gələcəyi kimi baxmaq lazımdır.

Tərbiyədən söz gəlibsə, telekanalların vəziyyəti haqqında bir neçə söz deməyə bilmərəm. Onların hamısında musiqili və əyləncəli şoular əsas yer tutmağa başlayıb. Açıq demək lazımdır ki, bu, gəncliyi çaşdırır. Gənclərdə belə təsəvvür yaranır ki, cəmiyyətdə müğənnilərdən və musiqiçilərdən başqa heç nə və heç kəs yoxdur. Sənətçilik haqqında da yüngül təsəvvür yaranır. Ortabab musiqi adamı olmaq ideala çevrilir. Bu, gənc nəsli aldatmaqdır, onlara əslində mövcud olmayan dəyərlər aşılamaqdır. Sayıram ki, şoular heç olmasa, bütün ailənin televiziya qarşısında olduğu qızıl telesaatlardan uzaq­laşdırılmalıdır.

Hesab edirəm ki, YAP qadın şuralarının ümdə vəzifə­lərindən biri müvafiq bölgələrdəki hərbi hissələrin koman­dirləri, psixoloji-tərbiyə işləri ilə məşğul olan zabitləri ilə sıx əlaqələr yaratmaqdır. Söhbət hərbi hissələrin daxili işlərinə amiranə şəkildə qarışmaqdan getmir. Bizim qadın şuraları da hərbi hissələrdə ilk növbədə, əsgər anası səlahiyyətlərindən istifadə etməlidirlər. Milli Ordunun əsgərləri bizim min bir əziyyətlə boya-başa çatdırdığımız balalarımızdır. Mətbuatda gedən informasiyalardan görünür ki, əsgərlərin sağlamlığının qorunması və bu sağlamlığa milli sərvət kimi yanaşılması sahəsində problemlər vardır. Ona görə hərbi hissələrlə əlaqə yaradan bizim fəalların əsas iki məsələni nəzərdə saxlaması faydalı olardı. Onlardan birincisi əsgər yeməkxanaları, ikincisi isə tibbi-sanitar hissələrdir.

Əsgər yeməkxanalarının təmizliyi, yeməklərin keyfiyyəti, xü­susilə əsgərlik xidmətinin ilk aylarında cavan döyüşçü­ləri­mi­zin qidalanma ilə bağlı bütün məsələləri ilə maraqlanmaq lazım­dır. Düzgün və yaxşı qidalanma sağlamlığın əsasıdır. Ortaya gələn problemlərdən danışmaq yox, onların aradan qaldırılmasına praktiki kömək göstərmək bizim övladlarımız və cəmiyyətimiz qarşısında borcumuzdur. Bizim milli ordu nisbətən cavandır, hər şeyi zabitlərdən tələb etməkdənsə, biz özü­müz də əsgər məişətinin yaxşılaşdırılması, əsgər sağlam­lığına qayğı ilə yanaşılması üçün gərək olan praktik işlərə yardım­çı və lazım gələndə iştirakçı olmağı bacarmalıyıq. Ana olan yerdə ədalət olur - deyiblər. Bu, bizim həyatımızın bütün sahələ­rinə aiddir. Görülən işlərdən, nəticələrdən arxayın­laş­maq olmaz. Həyatımızın bütün sahələrində, xüsusilə icra orqan­larında qadınların rolunu və fəaliyyətini gücləndirmək lazımdır. Cəmiyyətin siyasi avanqardı olan Yeni Azərbaycan Partiyasının rəhbərliyi, bütün Azərbaycan qadınlarının ictimai həyata daha fəal cəlb olunmasına, onlara bütün sahələrdə vəzifələr həvalə edilməsinə köməklik göstərməlidir. Gənclərlə işi gücləndirmək, gənc qızları partiyamızın sıralarına daha fəal cəlb etmək bu günümüzün tələbidir.

Hörmətli konfrans iştirakçıları!

Əziz qadınlarımız!

İnanıram ki, bizim konfransın qəbul edəcəyi qərar və tövsiyələr hər birimizin siyasi və ictimai aktivliyinin artması üçün təkan olacaqdır. Bu gün cəmiyyətimizdə Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti nəticəsində inkişaf və sabitlik hökm sürür. Lakin sürətlə dəyişən həyat da gözlənilmədən yeni problemlər və müşküllər ortaya qoyur. Ona görə də biz Prezidentimizin humanist siyasəti ətrafında daha sıx birləşməli, onun siyasi planlarının və sərəncamlarının icra­sına, cəmiyyətimizin tərəqqisinə öz töhfəmizi verməyə tələs­məliyik. Bu müqəddəs yolda hər birinizə uğurlar arzu­layıram !
25 aprel 2009-cu il.

1   ...   19   20   21   22   23   24   25   26   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə