Rəyçi: Bahar Muradova Milli Məclisin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru




Yüklə 2.04 Mb.
səhifə16/27
tarix22.02.2016
ölçüsü2.04 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

AZƏRBAYCANIN İŞIQLI SABAHI YENİ AZƏRBAYCAN PARTİYASININ ƏSAS AMALIDIR
Yeni Azərbaycan Partiyasının II qurultayı qarşısında
Dünyada hər şeyi zövqə, imkana görə dəyişmək olar, bircə Vətəndən başqa. Vətən tale töhfəsidir. Vətən bəşər övladının şanı-şöhrəti, qeyrəti, namusudur. Bütün sevgilərimizin əvvəli də, axırı da ona bağlıdır...

Gecənin qaranlığında insanlara yol göstərən ay işığı kimi hər xalqın da öz bənzərsiz işığı, ziyası var. Bu işıq sönəndə zülmət baş verir, millət tənha qalır, yaxın-uzaq müqəddəslərin ruhu, nəfəsi də səni tərk edir. İşıqla birlikdə isə heç kəs olmayanda belə, tək deyilsən, bu işıq, ziya, əsrlər və nəsillər arasında təmasın baş verdiyi yerdir. Millət də öz ziyası ilə tanınır. Dünyanın, bəşərin yaddaşını daim ayıq-sayıq, oyaq və səfərbər saxlayan ziyası ilə...



XX əsrin 90-cı illərində ildırım sürətilə Azərbaycanın başı üzərini alan zülmət xalqın milli mənliyini, milli düşüncə, milli hiss və milli mənəviyyatını, birliyini sındırmağa yönəlmişdi. Azərbaycana qarşı bir-birinin ardınca törədilən xəyanətlər böyük tarixi haqsızlığın zərbə nöqtəsi oldu, torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı təhlükə altında qaldı. Daha dəhşətli təhlükə Dağlıq Qarabağ hadisələrinin təzyiqi altında böyük ictimai gərginlik yaradaraq xalqın milli birliyinə, dövlətin siyasi sabitliyinə zərbə vurmaq kimi planların hazırlanmasında idi. Çünki tarixi təcrübə göstərir ki, millət sınağa çəkildiyi anlarda məhz bu keyfiyyətlər çətinlikləri dəf etmək üçün həlledici amil olur. Bu dövrdə isə həmin keyfiyyətlər demokratikləşmə prosesi zəminində Azərbaycanda genişlənən demokratiya dalğası ilə qovuşaraq nəhəng ümumxalq hərəkatına çevrilirdi. Ona görə də fəlsəfə alimləri çox düzgün qeyd edirlər ki, zaman və tarix idrakda fırlanmasa, dərk olunan həqiqət, pərdədən çıxan yaddaş naqis və natamam görünər. Ölkənin süqutu,viran qalması da əqli, insani və əxlaqi sərvətə xəyanətin nəticəsi kimi baş verir. Necə ki, 70 illik çərçivəli düşüncə illəri izsiz və əsərsiz ötüb keçməyib... Həmin illərdə isə xalq bu təhlükələri görür, duyur və baş verəcək faciələrdən yaxa qurtarmaq, enişli-yoxuşlu yollardan itkisiz çıxmaq üçün müdrik, cəsarətli rəhbər axtarırdı. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycanın rəhbərliyində tez-tez dəyişmələr məhz bu tələbatın ödənilməməsinin nəticəsi idi. Nə K.Bağırov, nə Ə.Vəzirov, nə A.Mütəllibov, nə də Y.Məmmədov Ümummilli lider, xalqın əksəriyyətinin qəbul edə biləcəyi rəhbər səviyyəsinə yüksələ bildi. Hətta o zaman əhali arasında xeyli nüfuza malik olan Əbülfəz Əliyevin də hakimiyyətə gəlməsi xalqın rəhbər axtarışlarına son qoya bilmədi. Hər sahədə hökm sürən tənəzzül adamlarda inamsızlıq əhval-ruhiyyəsi, ümumi fəlakət vahiməsi yaratdı, milli xarakterimizin əsaslarını təşkil edən torpaq qeyrəti, azadlıq həvəsi, qəhrəmanlıq şücaəti və sair kimi ali dəyərlərin tam gücü ilə işə düşməsi təmin edilmədi. Hər dəfə rəhbərlik dəyişdikcə və vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşdikcə, ictimai şüurda dönməz şəkildə belə bir qənaət formalaşırdı ki, ümummilli liderlik keyfiyyətləri tam halda yalnız cənab Heydər Əliyevdə cəmləşib. Yalnız bu böyük şəxsiyyət Azərbaycanın ən çətin günündə rəhbərliyin ağır yükünü öz üzərinə götürüb xalqı fəlakətdən qurtarmağa, nicat yoluna çıxarmağa qadirdir. Bu, elə bir dövr idi ki, qanlı-qadalı yanvar faciəsinin yaraları hələ qövr edirdi. Düşmən addım-addım ərazilərimizi işğal altına alırdı. Bütün bunlar isə xalqın döyüşkən ruhunu zəiflədir, cəmiyyətdə bədbinlik ovqatları yaradırdı. O zaman dövlət başında olan səriştəsiz “rəhbərlər” də anlayırdılar ki, Azərbaycanı faciəli vəziyyətdən ancaq böyük siyasətçi və vətənpərvər dövlət xadimi Heydər Əliyev çıxara bilər. Lakin bunların arasında bəzi adamlar tarixin hökmünə müqavimət göstərir, xalqın xilaskarının hakimiyyətə qayıdışını yubadırdılar. Həmin dövrdə artıq Heydər Əliyev xalqın təkidi ilə Naxçıvan Ali Sovetinin sədri seçilmişdi, öz dərin zəkasını və misilsiz siyasi təcrübəsini millətin xilasına yönəltmək üçün yollar axtarırdı.

Vətənin tanınan, xalqın qabaqcıl ziyalıları tarixin hökmünü duyur, dəstə-dəstə Naxçıvana gedərək Heydər Əliyevi fəal şəkildə Azərbaycanın taleyində iştirak etməyə və bu niyyətlə siyasi partiya yaratmağa çağırırdılar. Nəhayət, müdrik rəhbərimiz öz qəti qərarını qəbul etdi və 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Tarixi zərurət konfransın əsas qərarında öz əksini tapdı: Heydər Əliyev xalqımızın sonrakı taleyində xüsusi rol oynayacaq partiyanın sədri seçildi. Bu böyük siyasətçidə millətin xilaskarını görən qabaqcıl ziyalılar, təcrübəli dövlət adamları partiyanın sıralarına daxil olmağa başladılar. Tezliklə aydın oldu ki, YAP gələcəyin və xalqın taleyinin partiyasıdır, meydanlarda cılız dəstələrin elan etdiyi qurum deyil. YAP-ın yaradılması xalqın Heydər Əliyevin ətrafında birləşərək ümidini və nicat yolunu onun adı ilə bağlamaq arzusundan irəli gəlirdi. Partiyanın üzvlərinin sayının artması, Azərbaycanın siyasi həyatında nüfuzunun güclənməsi elə heyrət doğuracaq bir miqyas aldı ki, buna demokratik ənənələrilə tanınmış ölkələrin ən nüfuzlu partiyaları belə, müsbət mənada qibtə edə bilərlər. Bir sözlə, belə bir partiyanın tarix səhnəsinə gəlməsi ictimai ehtiyacların obyektiv tələbatına real cavab idi. Parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə dayanan cəmiyyət özünümühafizə instinkti əsasında vəziyyətdən çıxış yolları axtararaq Heydər Əliyev fenomeni üzərində təkid və inadla dayanmışdı. Müdrik siyasətçi, təcrübəli dövlət xadimi isə bu partiya vasitəsilə Azərbaycanı düşdüyü bəladan xilas etməyin həqiqi yolları, milli birliyə və siyasi sabitliyə çatmaq vasitələri haqqında fikir və düşüncələrini xalqa çatdırmaq imkanı əldə etdi. Lakin partiyanın sürətli təşkilatlanması, gündən-günə artan nüfuzu ilə yanaşı, ona təxribatlar, təzyiqlər, təqiblər də davam edirdi.

Xalqa bağlı olan vətənpərvər ziyalıları, partiyanın özəyini təşkil edən insanları isə heç nə qorxutmadı. Ölkədə siyasi böhran dərinləşdikcə, Qarabağda vəziyyət pisləşdikcə, YAP liderinin hakimiyyətə gəlməsi də zərurətə çevrilirdi. 1993-cü ilin yazında ölkə real vətəndaş müharibəsi astanasında idi. Separatizm meylləri, dövlətçiliyin dağılması, ordu quruculuğu əvəzinə şəxsi silahlı dəstələrin yaradılması Azərbaycanın özünü təhlükə qarşısında qoyurdu. Belə bir çətin vaxtda xalqın təkidli tələblərindən sonra Heydər Əliyev yenidən hakimiyyətə qayıtmağa və bununla Azərbaycanın müstəqilliyini qorumağa razılaşdı. Onun Bakıya dönüşü tərəfdarları və ümidlərlə yaşayan xalq üçün əsl bayram – qayıdış günü oldu. Müdrik rəhbərimiz möhkəm iradəsi, qətiyyəti ilə Azərbaycanın dövlətçiliyini qorumaq, möhkəmlətmək işinə başladı və qısa bir vaxtda ölkədə siyasi sabitlik yarandı. Qanunsuz silahlı dəstələr tərksilah edildi. Yeni Azərbaycan Partiyasının yaradılması Heydər Əliyevin xalqımız qarşısında çoxsaylı xidmətləri silsiləsində xüsusi mərhələ kimi qiymətləndirilməyə layiq yaddaqalan, mürəkkəb ictimai-siyasi proseslərlə müşayiət olunan çoxşaxəli, çoxpilləli hadisədir. Çünki bu partiyanın siyasi səhnəyə çıxması ilə demokratiya, azadlıq, müstəqillik ideyalarının həqiqi mahiyyəti özünün təcəssümünü tapdı, onun timsalında xalq siyasi mübarizənin sivil, demokratik yollarını və vasitələrini aydın şəkildə təsəvvür etmək imkanı qazandı. Məhz bu partiya müstəqillik savaşının çətin yollarından ötüb suveren dövlət quruculuğu vəzifələrini həyata keçirən insanlara, xalqa, dövlətə, millətə həqiqi, təmənnasız xidmət nümunələrini aşıladı.

Yeni Azərbaycan Partiyasının I qurultayı böyük rəhbər Heydər Əliyevin hakimiyyətə gəlməsindən 7 il sonra keçirildi. Bu müddət ərzində möhtərəm Heydər Əliyev partiya liderindən çox, dövlət rəhbəri kimi siyasət aparır, xalqı birləşdirmək, dövlətin əsaslarını möhkəmlətmək, müstəqilliyin qanunvericilik bazasını yaratmaq üçün dövlətimizin və qanunlarımızın adından çıxış edirdi. Həqiqi Ümummilli lider kimi ölkə rəhbərinə cəmiyyətin bütün təbəqələri içərisində böyük etimad olduğundan Heydər Əliyev, ilk növbədə bu ümumxalq etimadına, sonra isə YAP-ın ideoloji və təşkilatı potensialına əsaslanırdı. Bu, milli birlik yaratmağın bir yolu, xalqı birləşdirməyin üsulu idi. Hərc-mərclik illərində yaradılmış pərakəndəlikdən qurtulmaq, siyasi qarışıqlıqdan çıxmaq üçün partiyamızın lideri, ilk növbədə şəxsi nüfuzundan istifadə edirdi və bu da çox səmərəli nəticələr verirdi. Bu nəticələr, ilk növbədə bizim iqtisadi islahatların uğurları, xarici siyasətimizin nailiyyətləri və dünya birliyinə müvəffəqiyyətli inteqrasiyamızla bağlıdır. Bugünkü siyasi və iqtisadi sabitlik – böyük dövlət xadimi olan Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləridir. Gündəlik həyatımızda biz bəlkə də bunu hiss etmirik. Amma hadisələrə, Azərbaycanın keçdiyi yola tarixi prizmadan baxanda bunun ölçüyə gəlməz əhəmiyyətini bir daha dərk edirik və son on ildə xalqımızın uzunmüddətli tarixi tərəqqisi üçün möhkəm əsaslar yaradıldığını anlayırıq.

Yeni Azərbaycan Partiyası öz üzərinə Heydər Əliyevin rəhbərliyi dövründə xalqımızın qazandığı tarixi uğurları qorumaq, onun müvəffəqiyyətli xarici və daxili siyasətini davam etdirmək kimi missiyanı götürmüşdür. YAP-ın ideoloji və təşkilati bazası dövlət rəhbərimizin xalqımıza bəxş etdiyi ən böyük töhfələrdir. I qurultaydan sonra bu partiya ciddi surətdə inkişaf etmişdir. Qurultay partiyanın təşkilat strukturlarında uğurlu islahatların aparılımasına, ilk növbədə onun gənc, cavan qüvvələr hesabına qüvvətlənməsinə, kollektiv orqanlardakı iş qabiliyyətinin və siyasi kəsərinin artmasına səbəb olmuşdur. Lakin həyat öz yerində durmur. Siyasi təşkilat kimi Yeni Azərbaycan Partiyası qarşısına daha ciddi vəzifələr qoyur. Buna görə də yeni tarixi mərhələnin irəli sürdüyü vəzifələrin öhdəsindən gəlmək üçün ikinci qurultayın yeni və konstruktiv qərarlar qəbul edəcəyi şübhə doğurmur.

YAP-ın II qurultayı barədə xəbərin kütləvi informasiya vasitələri səhifələrinə çıxması cəmiyyətdə və mətbuatda geniş əks-səda doğurub. Partiya sədrinin təşəbbüsü və təşkilatımızın rəhbər orqanının qərarı ilə çağırılan bu qurultay ölkəmizin həyatında mühüm siyasi hadisə olacaqdır. Bütövlükdə ikinci qurultayın çağırılması haqqında qərarla bağlı cəmiyyətdəki marağı müsbət hal sayıram. Bu maraq YAP-ın ictimai rəydəki böyük mövqeyi və nüfuzu ilə bağlıdır. Hakimiyyətdə olan siyasi partiyanın növbəti qurultayı bu qədər maraq doğurmasaydı, bəlkə bu hal qeyri-normal sayıla bilərdi. Amma maraqlar da müxtəlif olur...

Yeni Azərbaycan Partiyasının fəaliyyəti müxalifət mətbuatı və siyasətçiləri tərəfindən də diqqətlə izlənilir. Bu istiqamətdə sağlam olmayan və uydurma təhlillər də vardır. Belə uydurmalardan biri bəzi mətbuat orqanlarında YAP-ın II qu­rul­tayının növbədənkənar adlandırılmasıdır. Bu fikrin heç bir əsası yoxdur. Partiyanın nizamnaməsinə görə, təş­kilatımızın ali orqanı - qurultayı 4 ildən gec olmayaraq çağırılır. Bu barə­də mətbuatda səslənən rəylərin bir səbəbi də bəlkə də YAP-ın I qurultayının onun yaranmasından 7 il sonra keçirilməsidir. Lakin həmin 7 il ölkəmizin tarixində təxirəsalınmaz problemlərin həlli zərurəti ilə bağlı idi. Əlbəttə, indi də partiyamız qarşısında çoxlu həlli vacib işlər durur. Lakin bunlar artıq başqa bir dövrün, başqa bir inkişaf mərhələsinin problemləridir.

1990-cı illərin ortalarından bəri ölkə Prezidentinin yeritdiyi prinsipial siyasət, ardıcıl islahatlar nəticəsində ölkəmizdə yeni bir vəziyyət yaranmışdır. Müdrik Prezidentimiz hakimiyyətə qayıdandan sonra onun yorulmaz fəaliyyəti sayəsində təkcə hərbi və siyasi sabitlik yaranmadı. Tez bir zamanda iqtisadiy­yatı­mız dirçəldi, neft strategiyası, uzaqgörən xarici siyasət öz bəhrələrini verdi.

Azərbaycanın iqtisadiyyatı dirçələn kimi müstəqil res­publikamızda sosial islahatlar başlandı. Təhsilimiz dünya təh­silinə inteqrasiya yoluna qədəm qoydu. Hazırda ölkəmizdə apa­rılan iqtisadi islahatlar cəmiyyətin inkişafında yeni bir mər­hələ açmışdır. Biz bu gün bazar münasibətlərinin formalaşdığı bir cəmiyyətdə yaşayırıq. Keçmiş dövlət iqtisadiyyatı sistemi artıq yoxdur və bizim ölkəmiz üçün keçilmiş bir mərhələdir. Bu, müstəqillik dövründə Azərbaycanın öz inkişafında qazandığı çox mühüm nailiyyətdir, keçid dövrünün əsas nəticələrindən biridir.

Bu gün ölkəmizin gələcək inkişafı üçün vacib olan maliyyə sa­bitliyinə nail ola bilmişik. Daim çətinliklər, iqtisadi və sosial problemlərlə müşayiət olunan bu yol asan başa gəlməmişdir. Göründüyü kimi, hakim siyasi partiyanın növbəti qurultayda müzakirə etmək üçün problemləri çox və ağırdır.

İndi qurultay ərəfəsində rayon təşkilatlarının konfransları ke­çirilir və mən də YAP-ın Siyasi Şurasının üzvü kimi bu konfransı diqqətlə izləyirəm. Deməliyəm ki, partiyada aşağı­dan başlayan fəallıq heç zaman belə yüksək və konstruktiv olmamışdır. Rayon konfranslarının mühüm xüsusiyyəti onlarda siyasi üzvlərlə partiyanın ali rəhbərliyi arasında həmrəyliyin nümayiş etdirilməsidir. Partiyamızın bütün aktivi YAP-ı müdrik Prezidentimiz Heydər Əliyevin parlaq siyasi fəaliy­yətinin bəhrəsi, onun daxili və xarici siyasətinin hi­mayədarı sayır. Xalqımızın, dövlətimizin son 10 ildə qazandığı bütün uğurlar bu böyük şəxsiyyətin siyasi kursu və yaratdığı partiyanın təşkilat işi ilə bağlıdır. Bu gün respub­likamızın bütün dünyada beynəlxalq nüfuzu həmişə olduğundan qat-qat yüksəkdir. Onun adı bütün sərhədləri aşmışdır.

Siyasi bədxahların, avantüristlərin bütün müqavimətinə baxmayaraq, respublikamız öz Prezidentinin rəhbərliyi altında və qısa bir tarixi dövr kəsiyində dövlət quruculuğunda, iqtisadi, mənəvi quruculuqda böyük nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlərin miqyası artdıqca, daxili və xarici bədxahların narahatlığı da artır, onlar yeni-yeni fitnələr sorağına düşürlər. Lakin onlar indiyədək necə məğlub olmuşlarsa, bundan sonra da elə məyus olub tarixin qınağına məruz qalacaqlar. Bu gün ölkəmiz etibarlı əldədir və ona heç bir bəd qüvvə meydan oxuya bilməyəcəkdir. Bunun bir təminatı rəhbərimiz, ikinci təminatı isə qədirbilən, tarixi sınaqlardan daim üzüağ çıxmış dönməz xalqımız, onun yenilməz iradəsidir.

Bu gün YAP Azərbaycanın 81 rayonunda 4300 ilk təşkilata malik 200 min fəal üzvü olan bir partiyadır. YAP Qadınlar Təşkilatı 40 min qadını birləşdirir ki, bu da partiyanın xalqın şüurunun dərin qatlarında böyük etimada malik olmasının göstəricisidir. YAP-ın Milli Məclisdə 70 deputatı vardır. Bizim siyasi təşkilat son parlament və prezident seçkilərində uğur qazanmış, siyasi hakimiyyət yükünü öz çiyinlərinə götürmüşdür. Onun üzvlərinin arasında 1500 nəfər elmi dərəcəli alim vardır. Ölkəmizdə hakim partiya olan YAP geniş beynəlxalq əlaqələrə də malikdir. YAP həm də Azərbaycan xalqını Heydər Əliyev idealları ətrafında səfərbər edən siyasi-ideoloji məktəbdir. Bu gün Azərbaycanın siyasi həyatına Heydər Əliyev məktəbinin yetirməsi, müstəqilliyimizin və demokratiyanın qarantı olan, yeni təfəkkürə malik bir gənclik gəlir. Partiya sədrimizin böyük qayğısı və uzaqgörənliyi ilə dövlət idarəçiliyinə cəlb olunan yeni düşüncə və dünya görüşünə sahib olan bu gənclik müstəqil dövlətimizin varlığı və inkişafı naminə YAP liderlərinin siyasi kursunun XXI əsrin Azərbaycanında aparıcı xətt olması üçün ən böyük zəmanətdir. Gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini gələcək nəsillər üçün qoruyub saxlamaq vəzifəsi durur. Ona görə yeniyetmə gənclərimizi müasir mərhələdə daha çox qıcıqlandıran mənbələrin qarşısı alınmalıdır. Pulun, sərvətin bazar məntiqinə əsaslanan hegemonluğu, ictimai nəzarətdən kənarda qalan gecə barları, yüngül əyləncə yerləri, bir sözlə milli ənənələrimizə, mənəvi yaddaşımıza yad-yabançı olan bütün bu eybəcərlik burulğanı bu gün hər şeydən əvvəl, müasir gəncliyimizi qurban seçmişdir. Akademik Azad Mirzəcanzadə özünün “XXI əsrə gedən yol” əsərində bu barədə yazır: “İnsanların maddi dəyərlərə birtərəfli, həddən artıq şişirdilmiş marağı ciddi problemlər qarşısında cəmiyyəti boş, saxta, cahil, nizamsız və aciz edir. Əsas bəşəri dəyərlərin tənəzzülü başlayır. Yalan ilə doğru, gözəlliklə eybəcərlik arasındakı sərhədlər itir, yalançı elmlər meydana gəlir və yayılır. Bərabərlik ideologiyada materializm zorakılığına, siyasətdə qəddarlığa meyllənir”. (A.Mirzəcanzadə “XXI əsrə gedən yol”. Bakı, 2001. səh.507) Ona görə də bu gün hər birimizin, xüsusilə müəllimlərin əlində yeganə bir silah vardır: milli-mənəvi və insani dəyərləri qorumaq və ona arxalanmaq.

Gənclik böyük qüvvədir. YAP-ın hər bir üzvü çalışır ki, öz varlığında böyük yaradıcı güc, qüvvə və potensial yaşadan bu gənclik Heydər Əliyev ideyalarının və mənəvi irsinin əsl daşıyıcısı olsun. Bütün bunların əldə edilməsində partiyanın digər fəalları ilə yanaşı, Milli Məclisin deputatı, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin də böyük xidmətləri vardır. Bu istedadlı siyasətçiyə və idarəçiyə son vaxtlar mətbuat və partiyanın yeni təşkilatları xüsusi diqqət yetirir. Mən deyərdim ki, İlham Əliyev faktoru bizim siyasi mühitdə mühüm bir mərhələyə gəlib çatmışdır. YAP-ın bütün üzvləri, xalqın geniş kütlələri onu sevir və etimad göstərir. Hətta partiyanın geniş dairələri İlham Əliyevin siyasi potensialını səmimiyyətlə müzakirə edirlər. Bu, xalqın öz gələcəyi ilə bağlı qayğılarına sağlam münasibətdən doğur. Bu maraqda və müzakirələrdə millətin gələcək taleyinə, müstəqilliyin davamlılığına yönəlmiş kursun sabahı üçün bir narahatlıq vardır. Sağlam cəmiyyət, sağlam dövlət həmişə gələcəyə baxır, onun problemlərini anlamağa və yoluna qoymağa çalışır. Belə düşüncə sahibləri istəyir ki, Azərbaycanda bu gün aparılan siyasət sabit şəkildə davam etsin və dövlətçiliyin Heydər Əliyev prinsipləri daim möhkəmlənsin. Belə istəklər ölkəmizin müstəqilliyinə və daha sürətli tərəqqisinə xidmət etmək ovqatı daşıyır.

Heç kimə sirr deyil ki, YAP Heydər Əliyev dühasının bəhrəsidir və əbədi olaraq belə də qalacaq, həmişə onun adı, fəaliyyəti ilə bağlı olacaqdır. Bunu, ilk növbədə partiyada möhtərəm Prezidentin nüfuzu, sıravi üzvlərimizin öz partiyasına olan sonsuz inamı təsdiqləyir. Bu gün bizim əlimizdə rəhbərimizin xalqa bəxş etdiyi dəmir dövlətçilik prinsipləri vardır və xalqımız bu prinsipləri həmişə qoruyub saxlayacaqdır.

Bu gün YAP öz sədrinin rəhbərliyi altında birliyini qorumaq və möhkəmlətmək işinə xüsusi diqqət yetirir. I qu­rultaydan sonrakı dövr müxtəlif hərəkatların yaradılması təşəb­büslərinin səhv, hətta yanlış olduğunu təsdiqləyir. Bu gün YAP Azərbaycan xalqının ən qüdrətli hakim partiyası kimi xal­qı­mızın bir amal, bir siyasi məqsəd istiqamətində birləş­dirilməsi işində aparıcı qüvvədir və sabah da belə olacaqdır.

Partiyanın ilk qurultayından keçən dövr ərzində onun icra katibliyi səmərəli fəaliyyət göstərmiş, həmfikir insanların qərargahına çevrilmişdir. Qərargahda keçirilən müxtəlif tədbirlər, məclislər operativ və ünvanlı mətbuat konfransları bu qurumun uğuru sayılmalıdır. Bütövlükdə icra katibliyi institutu partiyadaxili səmimiyyəti, yoldaşlıq və əməkdaşlıq ruhunu dərinləşdirmiş və partiya daxilində sağlam ab-havanın qorunmasına xidmət etmişdir. Siyasi Şuranın yığıncaqları diqqətlə hazırlanmış və həmişə ünvanlı problemlərin müzakirəsinə həsr edilmişdir.

YAP bu gün bütün potensialını, enerjisini xalqa xidmətə həsr edir. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, işıqlı sa­bahı YAP-ın əsas amalıdır. Bu amal xalqımızın da arzuları və siya­si iradəsi ilə üst-üstə düşür. Hazırlaşdığımız II qurultayın da əsas məramı dövlətçiliyimizin möhkəmləndirilməsi, insan­la­rın həyat səviyyəsinin yaxşılaşdırılması, respublikamızın dün­yanın aparıcı dövlətlərindən birinə çevrilməsidir. XXI əsr­də ölkəmizin uğurları yenə də möhtərəm Heydər Əliyevin bö­yük adı, böyük amalları və böyük əməlləri ilə bağlı olacaqdır.

Bu işlərdə YAP-ın özünəməxsus xidməti olduğunu gör­mə­mək qeyri-mümkündür. Şübhə yoxdur ki, Heydər Əliyev kimi qüdrətli liderin böyük intellektual potensialı ilə idarə edilən, minlərlə sadiq ardıcılları və ən başlıcası isə, geniş ümumxalq dəstəyi olan Yeni Azərbaycan Partiyası ölkəmizin tarixi müqəddəratının həll edilməsində, əsası qoyulmuş və uğurla həyata keçirilən nəhəng dövlət quruculuğu prosesində bundan sonra da yüksək fəallıq, ibrətamiz siyasi prinsipiallıq və mübarizlik nümayiş etdirməyə qadir olduğunu sübuta yetirə biləcəkdir.
Azərbaycan” qəzeti, 17 noyabr 2001-ci il.
AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HEYDƏR ƏLİYEVİN TARİXİ XİDMƏTLƏRİNDƏN BİRİDİR
Tarix səbirli, təmkinli və eyni zamanda, çox qətiyyətli gedişlərilə insanlara möhtəşəm bir dərs verir. Bu dərs hər bir fərdin həyatında olduğu kimi, bütöv xalqların və dövlətlərin həyatında da mühüm rol oynayır. Təbii ki, Azərbaycan xalqı da bu bəşəri prosesin çox böyük mərhələlərindən keçmişdir. Həmin mərhələlərdən biri də bizim eyni əsrdə ikinci dəfə dövlət müstəqilliyinə nail olmağımızdır.

Hərdən insana elə gəlir ki, soydaşlarımızın milli azadlıq hərəkatına qalxdığı günlər lap bu yaxınlarda baş vermişdir. Gözümüz önündə on minlərlə, yüz minlərlə insanın “Azadlıq!”, “Azadlıq!” – deyə hayqırdığı meydan, azadlıq mücahidlərinin qandallanaraq zindanlara atılması, “Lefertovo”ya salınandan sonra belə, şərin üzünə tüpürməkdən qorxmayan soydaşlarımızın əzəmətli surəti, Kremlin ən çirkin əməllərindən olan milli ayrı-seçkilik siyasəti, xalqın azadlıq arzularını məhv etmək üçün Bakıda törədilmiş 20 Yanvar faciəsi, qaniçən Qorbaçovun antitürk siyasətinə etiraz edən Ulu öndər Heydər Əliyevin bilavasitə Moskvada – Kremlin gözü qarşısında Azərbaycan xalqının milli azadlıq hərəkatını dəstəkləməsi və bir çox başqa məqamlar canlanır. Bir anlıq elə bilirik ki, bu hadisələr ötən ay və ya ötən il baş verib. Əslində isə, söylənilməsi xoş olan və sevindirici faktdır ki, Azərbaycanın öz dövlət müstəqilliyinə ikinci dəfə qovuşmasının 20 ili tamam olur. Müstəqilliyin məşəqqətlər, məhrumiyyətlər, çətinliklər, siyasi, iqtisadi və hərbi böhranlarla dolu olan ilk illəri bizə bir şəkildə dərs vermişdisə, 1993-cü ilin payızından etibarən biz başqa dərslər aldıq. Müstəqilliyin ilk illərində biz “vur”, “tut”, “çap”, “tala”, “çətinlik olan kimi gizlən”, “xalqın etirazını eşidəndə, aradan çıx” – kimi prinsiplərin (daha doğrusu, prinsipsizliklərin) verdiyi dərslərin də şahidi olduq.

Bəzən belə düşünürlər ki, 1988-1993-cü illərdə ölkəni “idarə edənlərin” əməllərindən dərs almaq, xalqımıza utanc gətirən həmin hadisələri dərs adlandırmaq mümkün deyil. Bu tezislə qətiyyən razılaşmaq olmaz. Əvvəla, Sokrat deyirdi ki, insan özünün və xalqının həyatında baş verən istənilən hadisədən dərs ala bilmirsə, o, heç zaman kamilləşməyəcək. İkinci, Azərbaycan xalqı həmin hadisələrdən yetərincə dərs almasaydı və mükəmməl nəticə çıxarmasaydı, biz bugünkü qüdrətli Azərbaycanı qətiyyən qura bilməzdik. Yeni Azərbaycan Partiyasının yaradılması, Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi xalqın ölkədə baş verən ictimai-siyasi proseslərdən aldığı dərsin nəticəsi deyildimi? Əlbəttə, həmin dərslərin nəticəsi idi, özü də ən uğurlu nəticəsi.

Biz 1988-ci ildən sonra ölkə rəhbərliyində olan adamların çoxsaylı anti-milli, anti-Azərbaycan əməllərinin şahidi olduq. Dünya mətbuatı yazırdı ki, Azərbaycanda bir-birinin ardınca üç dövlət başçısı (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy) vəzifə kürsüsünü boş qoyaraq gizlicə qaçıblar. Bu diletant adamların gülünc əməlləri özlərinin tərcümeyi-halları ilə yanaşı, Azərbaycan tarixinə də yazılıb. Hətta onların sonuncusu iki dəfə qaçmağa “müvəffəq olmuşdu”. Xalq üz qaramız olan bu əməllərdən kifayət qədər dərs alaraq öz qətiyyəti, dəyanəti, iradəsi, mətanəti, siyasi uzaqgörənliyi, müdrikliyi, idarəçilik təcrübəsi ilə nəinki Qafqazda və keçmiş SSRİ məkanında, eləcə də bütün dünyada böyük nüfuza malik olan Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etməklə öz dövlətinə və dövlətçiliyinə nicat yolu tapmış oldu. Özündən əvvəlki üç dövlət başçısı ilə müqayisə edilə bilməyəcək şəxsiyyət olan Heydər Əliyevin həyat amalı belə idi: “İnsan öz evini, övladlarını, ata-anasını, öz əmlakını qoruduğu kimi hər bir gənc, hər bir azərbaycanlı, Azərbaycanın hər bir vətəndaşı da eyni zamanda öz doğma Azərbaycan torpağını, Azərbaycan Respublikasını qorumalı, göz bəbəyi kimi saxlamalıdır”. Fərq göz qabağındadır. Əvvəlkilər imkan düşən kimi qaçmağa, Heydər Əliyev isə Vətəni göz bəbəyi kimi qorumağa çağırırdı.

Məhz Ulu öndərin həmin qətiyyətinin və xalqa, dövlətə, dövlətçiliyə sədaqətinin nəticəsidir ki, biz bərpa etdiyimiz dövlət müstəqilliyinin ikinci dəfə əldən getməsi təhlükəsindən xilas olduq. Məhz Heydər Əliyevin siyasi müdrikliyinin nəticəsidir ki, gənc müstəqil Azərbaycan qısa müddət ərzində regionda və bütün dünyada özünün dostlarını və tərəfdaşlarını çoxaltdı, cəbhədə atəşkəsə, ölkə daxilində siyasi sabitliyə, iqtisadiyyatın tənəzzüldən çıxarılmasına nail oldu.

Ümummilli lider çox yaxşı bilirdi ki, müstəqilliyi qorumaq, iqtisadiyyatı dirçəltmək, xalqın rifahının yaxşılaşdırılmasına nail olmaq üçün, ilk növbədə ölkənin təbii sərvətlərindən, eləcə də respublikamızın geosiyasi mövqeyindən bəhrələnmək lazımdır. Ancaq bu zaman biz milli maraqlarımızı və dövlətimizin mənafelərini hər şeydən üstün tutmalı idik. Çünki həmin illərdə Azərbaycan çox böyük sınaqlar qarşısında idi. Siyasət dahisi olan Heydər Əliyevin fenomenal uzaqgörənliyi Azərbaycanı həmin sınaqların hamısından üzüağ çıxartdı. Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanan “Hasilatın pay bölgüsü” adlı saziş – sonradan avropalılar o sənədi “Əsrin müqaviləsi” adlandırdılar – sözün həqiqi mənasında Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının qarantına çevrildi. Doğrudur, tarixçilər bu fikirdədirlər ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün atılan ən böyük addım Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi idi. Ancaq Ulu öndərin özü dönə-dönə qeyd etmişdi ki, biz “Əsrin müqaviləsi”nə nail olmaqla təkcə böyük məbləğdə iqtisadi imkan əldə etmədik, həm də gənc, müstəqil dövlətimiz üçün çox böyük siyasi dayaq qazandıq ki, bu da bizim suverenliyimizin, müstəqilliyimizin əbədiləşdiril­mə­sinin təməli oldu. Yeri gəlmişkən, Ulu öndər “Əsrin müqaviləsi” haqqında danışarkən qeyd etməyi vacib sayırdı ki, bu sazişin hazırlanmasında, ümumiyyətlə - ölkənin yeni neft strategiyasının işlənib ərsəyə gətirilməsində onun ən yaxın silahdaşı həmin illərdə Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti işləyən İlham Əliyev olmuşdur.

“Heç bir ölkə, ən böyük ölkə də öz çərçivəsində iqtisadiy­yatını lazımi səviyyədə inkişaf etdirə bilməz” – deyən Heydər Əliyev ölkə daxilində başladığı hərtərəfli islahatlarla yanaşı, dövlətimizin beynəlxalq aləmə inteqrasiyasını da sürətləndirirdi. Elə bir beynəlxalq təşkilat ola bilməzdi ki, Azərbaycan onun işində iştirak etməsin. Elə bir beynəlxalq əhəmiyyətli konvensiya yoxdur ki, Azərbaycan bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə ona qoşulmasın. Bütün bunlar, ilk növbədə ölkəmizin dövlət müstəqilliyinin əbədiləşdirilməsi üçün zəruri idisə, ikinci növbədə məhz Kremlin milli ayrı-seçkilik siyasətindən bizə miras qalmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə­sinin ölkəmizin ərazi bütövlüyünün bərpası çərçivəsin­də həllinə nail olmaq üçün vacib idi. Bütün bunları ən incə məqamlarına qədər dərindən təhlil edən Ulu öndər ölkə daxilində apardığı çoxsaylı islahatlar nəticəsində Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə nail oldu.

Heydər Əliyevin ölkə daxilində apardığı islahatların mahiyyəti nədən ibarət idi? O, böyük ustalıqla siyasi, hüquqi və iqtisadi islahatların paralel şəkildə aparılmasını təmin etdi: ölkədə əsas insan hüquq və azadlıqlarının qorunması Konstitusiya ilə təsbit edildi. Əsas qanunumuzun 50-dən çox maddəsi bilavasitə bu məsələyə aiddir. Seçki Məcəlləsi Avropa strukturlarını təmsil edən ekspertlər tərəfindən işlənib hazırlandı, mətbuat üzərindən senzura götürüldü, insanların sərbəst toplaşması təmin edildi, söz, fikir azadlığı, plüralizm hətta bir çox Avropa ölkələrində mövcud olan səviyyədən də yüksək şəkildə bərqərar edildi, ölüm hökmünün icrası dayandırıldı və sonra bu qəbildən olan məhkəmə hökmünün çıxarılması tamamilə ləğv edildi. Ən başlıcası, Azərbaycan beynəlxalq aləm üçün açıq ölkə elan edildi. Bütün bu siyasi məzmunlu islahatlarla yanaşı, ölkədə geniş miqyaslı iqtisadi islahatlara da start verildi. Torpaq öz sahibinə - kəndliyə qaytarıldı, insanlara istədikləri şəkildə sahibkarlıqla məşğul olmaq imkanı verildi, dövlət əmlakı böyük ədalət prinsipləri və qanunvericilik əsasında özəlləşdirildi, özəl bölmənin inkişafını təmin etmək üçün məxsusi qanunlar qəbul edildi və müvafiq qurumlar yaradıldı.

Təbii ki, bütün bunların inkişaf etmiş ölkələrin təcrübəsi əsasında, ölkə əhalisinin maraqlarına uyğun, milli-mənəvi dəyərlərimizə zidd olmayan şəkildə reallaşdırılması üçün müvafiq qanunvericilik bazası, hüquqi əsaslar olmalı idi. Ona görə də Ulu öndər ölkədə siyasi və iqtisadi istiqamətli islahatlarla yanaşı, hüquq islahatlarının aparılmasına da start verdi və həmin islahatlar ildən-ilə dərinləşdirildi. Məhz bu proseslərin nəticəsi olaraq yeni əsrin ilk ilinin ilk ayında – 2001-ci ilin yanvarında Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edildi. Bu, bizim üçün böyük fəxr və iftixar idi ki, Avropanın paytaxtı kimi qəbul edilən Strasburqda - Avropa Şurasının mənzil-qərargahının önündə Azərbaycan bayrağını məhz 50 milyonluq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qaldırdı. Həmin məqam yada düşərkən istənilən azərbaycanlı Ulu öndər Heydər Əliyevin oradakı qətiyyətli və mərdanə çıxışını xatırlayır: “Biz Avropa ailəsinə öz töhfəmizi verməyə hazırıq... Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər lazımdır”.

Biz aşağıda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin müstəqil Azərbaycana beynəlxalq aləmdə yeni nüfuz qazandırması barədə söz açacağıq. Ancaq indi söhbətin bilavasitə Avropa Şurası ilə bağlı getdiyini nəzərə alaraq, qeyd etmək istəyirik ki, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı ilk daimi nümayəndə heyətinin rəhbəri, deputat İlham Əliyevin prinsipiallığı, təşəbbüskarlığı, Avropa dəyərlərinə dərindən bələd olması və bir neçə Avropa dilində sərbəst olaraq debatlara çıxmaq məharəti nəticəsində AŞPA Ermənistanı işğalçı dövlət kimi tanıyan ilk rəsmi sənəd qəbul etmişdi. Eyni zamanda, Heydər Əliyevin bütün xarici səfərlərdə xüsusi önəm verdiyi Azərbaycan diasporunun təşkilatlanması məsələsinin davamı olaraq deputat İlham Əliyev AŞPA-dakı fəaliyyəti dövründə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət göstərməsinin təməlini qoymuşdu.

Beləliklə, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıl­ması missiyasının icrasını, suverenliyin əbədiləş­diril­məsi üçün ilk və uğurlu addımların atılmasını Ulu öndər Heydər Əliyev təmin etdi. Ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandırmaq, müstəqil Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaq, rəsmi Bakının bütün beynəlxalq təşkilatlarda söz sahibinə çevrilməsini təmin etmək, Azərbaycana “Qafqazın lider ölkəsi” imicini qazandırmaq kimi bir çox missiyaları məhz Ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyev yerinə yetirdi. Son yeddi ildə Azərbaycan adambaşına düşən Ümumi Daxili Məhsul istehsalının artımına, iqtisadi artım tempinə, əlverişli biznes mühiti yaradılmasına, xarici sərmayələrin qorunması üçün mövcud olan hüquqi bazanın təminatına və bir çox başqa məsələlərə görə bütün dünyada qabaqcıl ölkələrdən birinə çevrilib. Məhz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda 900 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə qədər azaldılıb (bəzi Avropa ölkələrində bu göstərici hələ də 30 faizdən çoxdur), iki mindən çox yeni məktəb binası, onlarla səhiyyə, mədəniyyət ocağı, Olimpiya İdman Kompleksi, paytaxt başda olmaqla ölkənin bütün regionlarında çoxsaylı körpü və yol qovşağı tikilib, kosmosa ilk Azərbaycan rabitə peykinin çıxarılması üçün hazırlıq işləri başa çatdırılıb.

Bütün bunlar Azərbaycan həqiqətləridir. Ancaq ən böyük həqiqət odur ki, bu gün Azərbaycanı Heydər Əliyev siyasəti, Heydər Əliyev siyasi kursunun davamçısı olan Prezidentimiz və Ulu öndərin Naxçıvanda – bütöv Azərbaycanın və Muxtar Respublikanın ağır günlərində ərsəyə gətirdiyi Yeni Azərbaycan Partiyası inkişaf etdirir, irəli aparır. Platon yazırdı ki, kiminsə üstünü örtə, insanlardan gizlədə bilməyəcəyi iki məfhum vardır – Günəş və Həqiqət. Heç kəsin dana bilməyəcəyi, heç kəsin inkar edə bilməyəcəyi digər həqiqət isə ondan ibarətdir ki, Ulu öndərin nəinki siyasi irsini, siyasi kursunu davam etdirən Prezident, hətta onun adını daşıyan Heydər Əliyev Fondu da Azərbaycanın inkişafına və tərəqqisinə möhtəşəm töhfələr verir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən istənilən layihə ölkəmizdə və beynəlxalq aləmdə möhtəşəm dəstək qazanır. Xüsusən, “Yeniləşən Azərbaycana yeni məktəb binası” layihəsi Azərbaycanın daha aydın sabahının təmin edilməsi üçün çox mükəmməl bir addımdır.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi qarşısında qələmə aldığımız bu yazıda son olaraq iki məsələni də qısa şəkildə yada salmaq istəyirəm. Birincisi, fəaliyyət göstərdiyim sahə - təhsil sistemi barədədir. Belə ki, son 17 ildə Azərbaycan təhsili özündən əvvəlki 50-60 ildəkindən çox inkişaf edib. Son 7 ildə isə milli təhsilimizin inkişafına xidmət edəcək 17 Dövlət Proqramı təsdiq olunub və icra edilir. Bu gün Azərbaycanda dövlət büdcəsindən ən çox vəsait ayrılan birinci sahə ordu quruculuğu­dursa, ikinci sahə təhsil sistemidir.

Haqqında yığcam söz açmaq istədiyim digər məsələ isə, ölkəmizdə istənilən inkişaf etmiş ölkədə olduğundan da yüksək səviyyədə təmin edilmiş gender siyasətidir. Bu gün Azərbaycanda cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, orada çalışan qadınların sayı ildən-ilə deyil, aydan-aya artmasın. Bizim çalışdığımız təhsil sistemində də belədir, regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da. Biz məmnunuq ki, Azərbaycan öz dövlət müstəqilliyinin bərpasının 20 illiyinə çox böyük siyasi, iqtisadi, elmi və mədəni uğurları ilə gedir. Onu da fəxrlə qeyd edirik ki, ölkəmizin əldə etdiyi çoxsaylı uğurlarda Şərqin ən mübariz qadınları olan Azərbaycan xanımlarının xidməti də böyükdür, danılmazdır. Biz ölkəmizin bu günündən əmin, sabahından isə arxayınıq. Çünki böyük maarifçi, mütəfəkkir Abbasqulu Ağa Bakıxanovun dediyi kimi, doğruluğa adət etmiş adamlar həmişə təşviş və qorxudan uzaq, əmin və arxayın olurlar.

Xalq” qəzeti, 20 mart 2011-ci il.

1   ...   12   13   14   15   16   17   18   19   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə