Rəyçi: Bahar Muradova Milli Məclisin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru




Yüklə 2.04 Mb.
səhifə11/27
tarix22.02.2016
ölçüsü2.04 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

MİLLİ MÜSTƏQİLLİYİ DAİMİ

SARSILMAZ EDƏN

MÜKƏMMƏL SİYASI STRATEGİYA
Müstəqilliyin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası XXI yüzillikdə modern dövlətə çevrilmək istiqamətində ardıcıl, sistemli və məqsədyönlü siyasət yürüdür. Azərbaycanın sivil demokratik dəyərlərə istinad edərək mütərəqqi inkişaf yolu seçməsi həm də onun özünəməxsus milli inkişaf modelinin formalaşmasını təmin edib. Düşünürəm ki, biz ötən illərdə bu möhtəşəm sosial-mədəni təkamül və inkişaf prosesinin, sadəcə şahidlərinə deyil, həm də bilavasitə iştirakçılarına çevrilmişik. Bütün sahələrdə dinamik inkişaf edən, hər addımda insan amilinin rifahını əsas tutaraq, bu prioritet məqsədə doğru inamla irəliləyən bir dövlətin vətəndaşı olmağımızdan böyük qürur duyuruq.

Bəli, xalqımız əsrlər boyu həsrətində olduğu müstəqilliyi 20 il əvvəl bərpa edib, qoruyub saxlayıb, möhkəmləndirib. Dövlət müstəqilliyinin 20-ci ildönümü vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xalqımız üçün bu qürur hissini yaradan, bu iftixar hissini verən odur ki, o, artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var”.

Xüsusi vurğulamaq istərdim ki, cənab İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilli­yi­nin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamı da keçilən yolun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın istiqlal tarixinə böyük ehtiramın təzahürü olan həmin Sərəncamda xüsusi vurğulandığı kimi, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

Şübhəsiz, xalqımız öz müstəqilliyini çox ağır sınaqlardan, çətinliklərdən çıxaraq qoruyub. Dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi isə istisnasız olaraq Ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hamımıza yaxşı məlumdur ki, müstəqilliyin ilk illərində hakimiyyətdə xalqın etimad göstərdiyi legitim komandanın, yüksək idarəetmə keyfiyyətlərinə malik rəhbərin olmaması yeni müstəqil dövlətin gələcəyi ilə bağlı ciddi tərəddüdlər doğurmuşdu. 1991-ci ildən 1993-cü ilin iyununadək ölkədə sosial-iqtisadi böhran dərinləşmiş, ölkənin zəngin təbii sərvətlərindən milli inkişaf naminə məqsədyönlü istifadə edilməsi sahəsində ciddi problemlər yaranmışdı. Yenicə müstəqillik qazanmış dövlətin taleyi ciddi sual altında idi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi. Hesab edirəm ki, xalqın təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq mümkün olmayacaqdı.

Həmin dövrdə müstəqilliyə yenicə qovuşmuş Azər­bay­canda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi. Azərbaycanın taleyini düşünən insanlar həmin dövrdə ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək xalqın sınanmış lideri, Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Tarixi inkişafın gedişinə təsir göstərərək hadisələrin fövqündə dayanan böyük siyasi liderlər ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək, bütöv xalqın, millətin xilaskarına çevrilirlər. Bu gerçəklik fonunda deyə bilərəm ki, Azərbaycan xalqının Ümummilli lideri, müstəqilliyimizin memarı, Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir.

Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qa­nunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apa­ra biləcək nizami ordunun olmadığı, ərazilərinin işğalının günd­ən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azər­baycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratdı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, hüquqi nihilizmdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Ümummilli lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı.

Ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmlən­diril­məsi istiqamətində mühüm addımlarından biri də cəmiyyətin vahidl­iyinin, bütövlüyünün təmin olunması, milli ideolo­giyanın sistem halında təqdim edilməsi oldu. Bu bir reallıqdır ki, Ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amilləri baxımından parçalanmasına imkan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Ulu öndər azərbaycanlıları azərbaycançılıq ideologiyası ətrafında səfərbər etdi.

1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalan­ması ilə dünyanın aparıcı dövlətlərinin neft şirkətlə­rinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını gətirdi. Yeni neft strategiyasının əsas hədəflərindən biri də hərtərəfli iqtisadi inkişaf üçün zəruri maliyyə mənbəyi formalaşdırmaq, iqtisadi dividendləri qeyri-neft sektoruna, elm tutumlu istehsal sahələrinin yaradılmasına, bir sözlə, insan kapitalının formalaşdırılmasına yönəltmək idi. Əminliklə demək olar ki, ötən 17 ildə bu məqsədə tam nail olunub, Azərbaycanın neft strategiyası ölkənin bütün həyati əhəmiyyətli sahələrində yüksəliş və tərəqqini təmin edib.

Ulu öndər Heydər Əliyev müstəqilliyi möhkəmləndirmək üçün sərt addımlara əl atmaqla yanaşı, siyasi və hüquqi liberallaşmanı da vacib sayır, demokratikləşmə istiqamətində davamlı tədbirlər həyata keçirirdi. 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda hakimiyyətlərin bölgüsü prinsipi tətbiq olundu. Bu, ölkənin demokratik yolla inkişaf edəcəyinə etibarlı hüquqi zəmin idi.

Sonrakı mərhələdə məhkəmə, polis, prokurorluq, ədliyyə orqanlarında yeni dövrün tələbi ilə səsləşən islahatlar həyata keçirildi. 2002-ci ildə Konstitusiyaya referendum yolu ilə edilmiş dəyişikliklər də Azərbaycanda insan hüquq və azadlıqlarına etibarlı zəmin hazırlamaq məqsədi daşıyırdı.

Müstəqillik illərində Ulu öndərin rəhbərliyi altında mülki cə­miy­yət quruculuğu istiqamətində həyata keçirilən məqsəd­yön­lü addımlar nəticəsində respublikada gender prob­lem­lərinin həllinə geniş imkanlar açıldı, qadınların üzləşdikləri iqtisadi, sosial və mənəvi sarsıntılar geridə qaldı. Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını son 18 ildə müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı qazandı. Heydər Əliyev dühası Azərbaycan qadınına böyük hörmətlə yanaşdı. Onun cəmiyyətdə layiqli yerini tutmasına çalışdı, qadınların YAP həyatında da fəal iştirakını təmin etdi. 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı, 1998-ci ilin 14 yanvarında isə Ulu öndər Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzaladı, bu qurum yeni səlahiyyətlərlə təmin edildi. Həmin il eyni zamanda, müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirildi. Bunun nəticəsi kimi son 18 ildə qadınların dövlət qurumlarında və ümumiyyətlə ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz Ulu öndərin əsasını qoyduğu liberal gender siyasəti sayəsində mümkün oldu.

Böyük strateq Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, eyni zamanda, onun ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq təcəssümünü tapır. Ötən illərdə Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünyanın təhsil sisteminə inteqrasiyası başlıca vəzifə kimi gündəlikdə dayandı, elm və təhsil sahəsində mütərəqqi islahatlar ardıcıllıqla həyata keçirildi. Fikrimcə, Ümummilli lider Heydər Əliyevin müstəqillik illərində gənclərin xaricdə təhsilinə xüsusi diqqətlə yanaşması da obyektiv reallıqlarla bağlı idi. Əvvəla, 1990-cı illərin əvvəlində respublikada mövcud olan sosial-iqtisadi, mənəvi böhranla əlaqədar olaraq orta və ali təhsilin səviyyəsi aşağı düşmüş, istedadlı müəllimlərin bir qismi ölkəni tərk etmişdi. Digər tərəfdən, respublika yeni iqtisadi sistemi - bazar iqtisadiyyatı yolunu prioritet seçdiyi üçün gənclərin bir sıra yeni ixtisaslara yiyələnməsi (menecment, biznesin təşkili, informasiya texnologiyaları və s.) zərurəti meydana çıxmışdı. Bütün bunları nəzərə alan Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində əsasını qoyduğu mütərəqqi ənənəni yenidən bərpa etməklə, gənclərə dövlət hesabına xaricdə təhsil imkanı yaratmağı vacib sayırdı. 1994-cü ildən Azərbaycanın bilik səviyyəsi ilə seçilən gənclərin Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsinə başlanıldı. 1997-ci ildən azərbaycanlı gənclər həm də Rusiya Federasiyasının nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə etdilər.

Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, Ulu öndər gənclərin təhsili ilə yanaşı, təlim-tərbiyəsinin düzgün təşkilini də vacib sayır, onlarda milli özünüdərk hissini gücləndirməyə çalışırdı. Xalqımızın görkəmli şəxsiyyətlərini gənc nəslə tanıtmaq böyük vətənpərvərlik hissinin, milli dəyərləri yaşatmağın parlaq təzahürü idi. Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı illərdə Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, Müslüm Maqoma­yevin, Səməd Vurğunun, Əliağa Vahidin, Sara Aşurbəylinin, Yusif Məmmədəliyevin, Vəli Axundovun, Bəxtiyar Vahabzadənin, Əziz Əliyevin, Həsən Əliyevin, Mstislav Rastrapoviçin, Mikayıl Müşfi­qin, Aşıq Ələsgərin, Mir Cəlalın, Mövsüm Sənaninin, Leyla Bədirbəy­linin, Tofiq Kazımovun, Vaqif Mustafazadənin yubiley­lərinin yüksək səviyyədə keçirilməsi Azərbaycanın milli-mənəvi sərvətinin zənginliyini gənc nəslə göstərmək məqsədi daşıyırdı.

Böyük Azərbaycan şairi Hüseyn Cavidin ev muzeyinin yaradılması da Ulu öndərin milli-mənəvi irsə qayğısının bariz təcəssümü idi. 1981-ci ildə böyük səylər hesabına görkəmli dramaturqun nəşini uzaq Sibir çöllərindən doğulduğu Naxçıvana gətirən Ulu öndər müstəqillik illərində onun üçün əzəmətli məqbərənin tikilməsinə nail oldu. Bundan başqa, böyük strateq gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə alması üçün xalqın milli-mənəvi dəyərlərini, düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə, qəhrəmanlıq eposlarına da daim xüsusi maraqla, diqqətlə yanaşırdı. Heydər Əliyevin fəal səyləri ilə türkdilli dövlətlər “Manas” dastanının 100 illiyini, Əmir Teymurun 660 illiyini qeyd etmişdilər. Ulu öndərin 1997-ci il aprelin 20-də imzaladığı “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərmanı isə milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində əhəmiyyətli hadisə oldu.

Ümumiyyətlə, Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə, demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 17 il müd­dətində inanılmaz inkişaf yolu qət edərək bir sıra Qərb döv­lətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail oldu, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində uğurlar əldə etdi. Bu gün davamlı milli inkişaf baxımından demokratiyanın qaçılmazlığı və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən də bir­mənalı qəbul olunur.

Bu gün 70 il inzibati-amirlik sistemində yaşamış, milli ideal­lar­dan uzaqlaşdırılmış, iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyevin ötən 8 il müddətində uğurla davam etdirdiyi siyasət Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin, vətəndaş sülhünün, həmrəyliyinin qorunub saxlanmasına yönəlmişdir.

Qürur doğuran haldır ki, Azərbaycan bu gün bütün regional məsələlərdə əsas tərəflərdən biridir, strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər ölkəmizlə hesablaşır, onun mövqeyini nəzərə alırlar. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgə yaşayış prinsipləri əsasında inkişaf edir. Neftlə, qazla zəngin bir çox dövlətlərdən fərqli olaraq, res­publikamız daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avroatlantik məkana inteqrasiya edir. Ölkəmiz demokratik ideal­lara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqli­yi ilə tanınmaq əzmini sübuta yetirir. Xarici siyasətin bəra­bər­hüquqlu tərəfdaşlıq və tarazlıq prinsiplərinə sadiq olan rəsmi Ba­kı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiy­yətlə yol vermir.

Bu il iyul ayının 26-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev silahlı qüvvələrin hərbi paradını qəbul etdi. Bütün dünyaya bir daha sübut olundu ki, Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanın Ordusu bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Qafqazın ən yüksək maddi-texniki təchizata və hərbi sursata malik olan modern, müasir ordusuna çevrilib. Hər kəs anladı ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri həll etməyə - torpaqlarımızın işğaldan azad olunmasını təmin etməyə qadirdir.

Ümumilikdə, ötən dövrün reallıqları göstərdi ki, cənab İlham Əliyev Heydər Əliyev kimi siyasət nəhənginin ailəsində zəngin məktəb keçən, yüksək idarəçilik keyfiyyətləri əxz edən lider olaraq üzərinə düşən məsuliyyətin ağırlığını yaxşı başa düşür. Eyni zamanda, prezident səlahiyyətlərini Heydər Əliyev kimi dahi siyasətçidən sonra uğurla davam etdirmək, xalqın sevimli rəhbərinə çevrilmək üçün dövlət başçısında lazımi səriştə, bacarıq, qabiliyyət, intellektual səviyyə, idarəçilik keyfiyyətləri yüksək səviyyədədir. Cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə uğurla davam etdirməyə qadir siyasi lider olduğunu ötən 8 illik fəaliyyəti dövründə tam sübuta yetirdi. O, vəzifəli şəxslərə etimad prinsipini onların xalqa xidmətinə nəzərən müəyyənləşdirdi, hökumətin xalq qarşısında hesabat verməsini idarəçilikdə xoş ənənə kimi formalaşdırdı. Prezidentimiz xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşdü, onlarla səmimi söhbət edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etdi. Möhtərəm Prezidentimizin xarakter etibarilə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxdı. Dövlət başçısı bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident - Vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacardı. Bu isə ötən 8 ildə dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırdı, ona böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı verdi. Prezident İlham Əliyev ötən dövrdə Ulu öndərin həyata keçməmiş arzularını praktik şəkildə reallaşdırmaqla xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəldi.

Dövlət rəhbəri ötən müddətdə komandasında təmsil olunan şəxslərlə də sadə, səmimi, qarşılıqlı hörmətə əsaslanan rəftarın tərəf­darı olduğunu sübuta yetirdi. Fəqət, bütün bunlar yeri gəldikcə Azərbay­can Prezidentinin yetərincə sərt qərarlarını, qəti addım­la­rını da inkar etmədi. Realist və ədalətli rəhbər kimi hər bir məmura, onun fəaliyyətinə, bacarığına, xalqa, dövlətə bağlılığına görə dəyər verdi.

Düşünürəm ki, İlham Əliyevin böyük uğurlarının əsas səbəblə­rin­dən biri də onun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Pre­zident qısa müddətdə Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirdi. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısı xalqın dəstəyi ilə qətiyyətlə alındı, cəmiyyətdə barış, həmrəylik ovqatı gücləndirildi.

Azərbaycan Prezidenti müasir dünyada iqtisadi inkişaf poten­sialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çı­xış etdiyini haqlı olaraq ilk gündən önə çəkdi. Xü­su­si vurğuladı ki, ölkənin və xalqın bütün problemlərinin, so­sial çətinliklərin aradan qaldırılmasından tutmuş, Ermənistan-Azər­baycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək hər bir maneənin dəf edilməsinin ən başlıca yolu məhz iqtisadi tərəq­qidən keçir. Ölkədə dinamik inkişafda edən iqtisadiyyatın sa­bit olması, əmin-amanlıq, demokra­ti­ya və vətəndaş cəmiy­yəti, milli təhlükəsizlik, səmərəli xarici siya­sət deməkdir. Təsa­düfi deyildir ki, dövlət başçısı İlham Əliyevin ötən fəaliyyəti dövründə əsas ağırlıq mərkəzi bu sahənin üzərinə salın­dı.

Dövlət başçısı sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mər­hə­­ləsin­də qarşıda duran əsas vəzifələri düzgün müəy­yən­ləş­dirdi. İlk növ­bədə, milli iqtisadiyyatda infrastruktur dəyişik­lik­lərinə nail ol­ma­ğın, kəmiyyət dəyişikliklərini keyfiyyət müs­təvisinə keçirməyin zəruriliyini önə çəkdi. Ölkə başçısı Azərbaycanda davamlı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyətli dövlət proqram­larının qəbulunu və icrasını vacib saydı. Ölkənin bütün potensialı strateji əhəmiyyətli bu proqramların, fərman və sərəncamların icrasına yönəldildi, böyük nəticələrin əldə olunmasına imkan yaratdı. İllərdən bəri həllini gözləyən sosial problemlər həllini tapdı, xalqın firavan, rahat yaşayışına xidmət edən tədbirlər qətiyyətli liderin iradəsi və təşkilatçılıq qabiliyyəti nəticəsində reallığa çevrildi. Hələ Sovetlər Birliyi dövründə belə, mavi yanacaq görməyən bir sıra kəndlərə, ucqar yaşayış məntəqələrinə qaz çəkildi, yollar salındı.

Cənab İlham Əliyevin qazandığı uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirdi. Fikrimcə, İlham Əliyevin birinci prezi­dentlik dövrünün ən böyük uğurlarından biri də Azərbay­can kəndinə şəhər simasının gətirilməsi oldu. Cənubdan Şimala, Şərqdən Qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlərin, ən müasir tələblərə cavab verən yeni məktəblərin, səhiyyə ocaqlarının, körpülərin, yolların və digər obyektlərin tikintisi buna əyani sübutdur. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadının, sevgi və rəğbətinin daha da artmasına səbəb oldu.

Azərbaycan xalqının düşüncəsində su çəkmək daim savab, halal iş sayılıb. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev məhz Bakıya Şollar suyu çəkməklə xalqının qəlbində daim yaşayacaq, xatırlanacaq. XXI əsrin əvvəllərində isə bu xeyirxah, nəcib, insanpərvər missiyanı xalqını və dövlətini qəlbən, ruhən sevən cənab İlham Əliyev üzərinə götürdü! Oğuz-Qəbələ bölgəsindən Bakıya su kəmərinin çəkilməsi ilə bağlı prinsipial qərarın qəbulu cənab İlham Əliyevin daim xalqı üçün çalışan rəhbər olduğunu bir daha göstərdi.

Düşünürəm ki, İlham Əliyevin rəhbərliyi altında son illərdə qazandığımız minlərlə, on minlərlə uğurlu faktı sadalamağa lüzum yoxdur. Bu siyasətin ən böyük uğuru isə, bütövlükdə Azərbaycan insanının təfəkkür və düşüncə baxımından müasirləşməsi, modern baxışlar sisteminə liberal yanaşması, mental və bəşəri dəyərləri uzlaşdıra bilməsidir. Bəli, 20 il bundan əvvəl dünyaya göz açan körpələr indi müstəqil Azərbaycanın 20 yaşlı, yetkin, müasir düşüncəli gəncləridir. Onlar tam olaraq müstəqillik dövründə yaşayıb, formalaşıb, bu nemətin şirinliyini dadıblar. Şəxsi qənaətim belədir ki, onlar ye­ni ictimai-iqtisadi formasiyada, azərbaycançılıq və müs­tə­qillik ideologiyası ruhunda formalaşdıqları üçün müstəqilliyin qədrini, qiymətini orta və yaşlı nəsildən daha yaxşı bilirlər. Hər cür nostalgiyadan uzaq olan müasir düşüncəli, kreativ, ye­nilikçi ruhlu bu gənclik müstəqilliyimizin, Ulu öndərin təbi­rin­cə desək, əbədi, dönməz olmasının etibarlı təminatçısıdır.

Bir faktı da xüsusi vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin 8 illik fəaliyyəti yalnız yüksək quruculuq, abadlıq, inkişaf, tərəqqi kimi anlayışlarla səciyyələnmir. Dövlət başçısı az müddətdə insan hüquq və azadlıqlarının təmini, ölkədə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində də qətiyyətli addımlar atmışdır. Bununla da cənab İlham Əliyev demokratiyanın Azərbaycan xalqı üçün qətiyyən yabançı idarəetmə forması olmadığını bütün dünyaya sübut etmişdir. Prezidentimiz demokratiya hayqırtıları ilə bizə təsir göstərmək istəyən dövlətlərə öz yerlərini göstərərək nümayiş etdirdi ki, əsl demokratiya təkamül yolu ilə, tədricən bər­qə­rar olunur. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, ölkədə de­mokratik proseslər də dərinləşir, qanunçuluq möhkəmlənir. Ya­şa­yış səviyyəsi, maddi rifah halı yüksələn insanlar de­mokratiyanın hə­qiqi mahiyyətini dərk etməyə başlayırlar.

Bir sözlə, ölkədə həyata keçirilən siyasətin nəticəsi kimi, Azərbaycanın dövlət müstəqilliyi ötən 20 ildə hər bir vətəndaş üçün əvəzsiz nemətə, onun qürur, fəxarət ünvanına çevrilib. Bəli, 1990-cı illərin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün “nostalgiyası” ilə yaşamır. Çünki bu gün müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət tam mahiyyəti ilə vətəndaş amilinin mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Zaman keçdikcə, Azərbaycan vətəndaşı müstəqilliyin bəhrələrini öz taleyində, həyatında daha qabarıq hiss edir. Və həm də ürəkdən inanır ki, Prezident İlham Əliyev yürütdüyü praqmatik siyasətlə qarşıda müəyyənləşdirdiyi milli ideyanı - müstəqil Azərbaycanın müasir və qüdrətli dövlətə çevrilməsini inamla təmin edəcəkdir.



2011-ci il.
MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİ

HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU,

QURDUĞU PARTİYA VƏ LAYİQLİ

DAVAMÇISI İNKİŞAF ETDİRİR
Hakimiyyət... o, həmişə böyük nemət deyildir. Hakimiyyət o zaman böyük nemət olur ki, ona çatmış insana həm təbiət, həm də aldığı tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dövləti ağıl və böyük təcrübə verir.

Pol Anri Holbax
Prezidentin seçkiöncəsi vədlərinə cəmi 4 ildə əməl etməsi xalqın ona inamını qat-qat artırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi and içməsindən keçən dörd il respublikamızın inkişaf və tərəqqi dövrü kimi tarixə yazıldı. Bütün dünyada ən yüksək iqtisadi inkişaf tempinə nail olan Prezidentimiz ona qədər mövcud olan göstəricilər üzrə Azərbaycanı qonşularımız üçün əlçatmaz zirvəyə qaldırdı. Bu dövrdə bizim cəmiyyət həyatının bütün sahələrində əldə etdiyimiz nailiyyətlər bir çox ölkələrin 10-15 ildə qazandığı uğurlardan artıqdır. Bütün bunlar haqqında söz açmazdan əvvəl Azərbaycanın müstəqillik illərində keçdiyi keşməkeşli yolları bir daha yada salmaq istərdik.

Yeni tarixin görkəmli siyasətçilərindən olan Corc Vaşinqtonun məşhur ifadəsi var: “Amerika, səni insanlar ürəklərində qurdular, ürəkdən gələn sevgi ilə yaşatdılar və ürəklə inkişaf etdirirlər”. Bu qəbildən olan daha bir aforizmi sonralar böyük türk sərkərdəsi və dövlət xadimi Mustafa Kamal Atatürk də söyləmişdi: “Türkiyə bizim qəlbimizin istəyi ilə yarandı, qəlbimizin qanı ilə qorundu və qəlbimizin ruhu ilə ucaldı”. Başqa bir türk övladı, bütün azərbaycanlıların Ümummilli lideri olan Heydər Əliyev də Azərbaycanın dövlət müstəqilliyini qiymətləndirərkən çox müdrik bir aforizm söyləmişdi: “Azərbaycanın dövlət müstəqilliyi yüz illər boyu soydaşlarımızın ürəyində, damarında, qanında yaşayan bir arzunun çiçəklənməsi deməkdir. Biz bu müstəqilliyi ürəyimizlə, qanımızla qorumalıyıq və qoruyacağıq”. Ulu öndərin “Biz Azərbaycanın dövlət müstəqilliyini ürəyimizlə, qanımızla qoruyacağıq” ifadəsi 1993-cü ilin yayında səsləndirilmişdi. Bu həmin günlər idi ki, Azərbaycanın dövlət müstəqilliyi məhv olmağın, əldən getməyin bir addımlığında idi. Məhz Heydər Əliyevin həmin inamı və qətiyyəti ümidsizliyə və bədbinliyə düçar olmuş Azərbaycan xalqında möhtəşəm bir inam, ümid, qətiyyət yaratdı. Xalq uzun əsrlər boyu arzusunda olduğu və qanlar bahasına qovuşduğu müstəqilliyi məhz öz böyük liderinin ətrafında sıx birləşməklə qorudu və yaşatdı.

Tale iyirminci əsrdə azərbaycanlıların istiqlaliyyət arzusunu iki dəfə reallığa çevirdi. İyirminci əsrin əvvəllərində Birinci Dünya Müharibəsindən sonrakı ictimai-siyasi proseslər fonunda dünyanın bir çox xalqları öz müstəqil dövlətini yaratmaq imkanı əldə etmişdi. Həmin şəraitdən maksimum bəhrələnən Azərbaycan ziyalıları və qeyrətli soydaşlarımız müsəlman Şərqində ilk dünyəvi, demokratik dövləti - Azərbaycan Demokratik Respublikasını yaratmışdılar. Respublika institutu Azərbaycan üçün ənənəvi olmasa da, Avropada təhsil almış və geniş dünyagörüşünə malik ziyalılarımız qısa müddətdə ölkədə demokratik cəmiyyətin formalaşmasına nail olmuşdular. Ancaq onların istiqlaliyyəti qorumaq ruhu yetərincə olsa da, dövləti qurmaq və inkişaf etdirmək üçün savadları kifayət qədər olsa da, reallığı qiymətləndirmək imkanları az idi. Bu ifadəni başqa formada işlətsək, deyə bilərik ki, milli dövlətçiliyi xilas etmək missiyasını Tanrı həmin şəxslərdən heç birinə tapşırmamışdı. Bu səbəbdən də cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikası zamanın burulğanlarına dözə bilməyib siyasət səhnəsindən bu dövləti, bu istiqlaliyyəti sevənlərin ürəyinə və bir də arxivlərə köçdü.

İyirminci əsrin sonunda – dünyada gedən növbəti və daha bö­yük ictimai-siyasi hadisələrin nəticəsi kimi azərbay­canlı­ların ürəyində və arxivlərimizdə yaşayan müstəqil Azərbaycan dövləti yaratmaq arzusu ikinci dəfə reallığa çevrildi. Zaman bizə növbəti bir şans verdi. Qanlar, qadalar, məhrumiyyətlər nəticəsində əldə etdiyimiz istiqlaliyyət təkcə Azərbaycan dövlətinin sərhədləri içərisində yaşayan soydaşlarımızın deyil, eləcə də bütün dünyadakı azərbaycanlıların sevinci və səadəti oldu. Amma birinci müstəqil respublikamızı quranlar və onu yaşatmaq istəyənlər mövcud reallığı dəqiq qiymətləndirə bilmədiklərinə görə milli dövlətçiliyi əldən vermişdilərsə, ikinci dəfə istiqlaliyyət qazananda, bir çox siyasətçilər mövcud reallığı dəqiq qiymətləndirə bilmədiklərinə görə müstəqil dövlətin sükanı arxasına keçmişdilər.

Əvvəlcə Ayaz Mütəllibov Azərbaycan xalqının arzu və istəklərinin ziddinə olaraq müstəqil Azərbaycanın Moskvadan idarə edilməsinə rəvac vermişdi. Nə qədər qəribə və acınacaqlı olsa da, bu, müasir Azərbaycan tarixinin danılmaz faktlarından biri idi. Ayaz Mütəllibov əvvəlcə SSRİ-nin ömrünün uzan­ma­sına çalışır, buna nail olmayanda isə, yenicə müstəqillik əldə etmiş Azərbaycanın bilavasitə Kremlin istədiyi şəkildə idarə olunmasını reallaşdırmaq istəyirdi. Ermənistan rəhbərliyi Ayaz Mütəllibovun müstəqilliyin ilk illərində tutduğu həmin yolu ona görə təqdir edirdi ki, rəsmi İrəvan özü də öz dövlət müstəqilliyini təkbaşına saxlayacağına inanmırdı. Nəticədə bu gün də Kreml rəsmiləri Ermənistanı Rusiyanın forpostu adlandırırlar.

Tank, top, silahlı qarşıdurmalar və tökülən qanlar bahasına Ayaz Mütəllibovu hakimiyyətdən salaraq iqtidara gələn AXC-Müsavat cütlüyü də milli dövlətçilıyi qoruyub saxlamaq iqtidarında deyildi. Ayaz Mütəllibovun tutduğu yol müstəqil Azərbaycanın sükanının ölkədən kənardakı qüvvələrin əlinə verilməsi ilə nəticələnmişdisə, cəbhəçi və müsavatçıların yaratdığı siyasi diletantlardan ibarət iqtidar ümumiyyətlə, müstəqilliyin əldən getməsinə, milli dövlətçiliyin məhvinə zəmin yaratmışdı. Cəbhəçilərin hakimiyyətdə olduğu qısa müd­dət ərzində Türkiyə istisna olmaqla bütün qonşu ölkələr və apa­rıcı dünya dövlətləri Azərbaycanın düşməni elan edilmiş, müs­təqil dövlətimizin tamamilə təklənməsinə səbəb olan çox­saylı məsuliyyətsiz bəyanatlar verilmiş, Ermənistanın Azər­bay­candakı “atom bombası” ilə hədələnməsinə baxmayaraq, işğal­çı düşmənin qarşısına çıxarılmalı silahlı qüvvələrin for­malaşması istiqamətində heç bir iş görülməmişdi. Əksinə, cəbhədəki döyüşən hərbi birləşmələr hikkəli siyasətçilərin mənafeyini qorumaq üçün paytaxta və ya digər iri şəhərlərə çağırılır, nəticədə hər gün bir kənd və ya qəsəbəmiz işğal edilirdi. Ölkə aclıq və səfalət içərisində idi. İqtisadiyyat iflic olmuşdu. Çörək və digər ərzaq məhsulları üçün yaranan növbələrin sonu görünmürdü. Ölkəyə gətirilməli olan taxıl məhsullarının əvəzinə ödəniləcək milyonlarla dollar mənimsənilmiş, taxıl yerinə mal-qara üçün nəzərdə tutulmuş yem alınmışdı. Xaos, anarxiya, hərc-mərclik o həddə çatmışdı ki, nəinki üzdə olan “siyasətçilərin” və “dövlət adamlarının”, hətta, az-çox imkanı olan iş adamlarının, biznesmenlərin də şəxsi silahlı dəstələri var idi. Həmin silahlı adamların ölkədə törətdiyi özbaşınalıqlar isə müasir Azərbaycan tarixinin ən xəcalətli səhifələridir.

Ölkədəki özbaşınalıqdan bəhrələnən zavod direktoru Surət Hüseynov öz ətrafına silahlı dəstələr toplamış, AXC-Müsavat iqtidarından polkovnik hərbi rütbəsi alaraq ölkənin Qərb rayonlarında hökmranlıq etmək iddiasına düşmüşdü. Daha doğrusu, cənubda Əlikram Hümbətov, qərbdə Surət Hüseynov, cəbhə bölgəsində Rəhim Qazıyev, şimalda isə başqa qüvvələr özlərini külli-ixtiyar sahibi kimi apararaq faktiki olaraq müstəqilliyin əldən getməsini yaxınlaşdırırdılar.

Gəncədə tökülən qardaş qanı vətəndaş müharibəsini qaçılmaz etdiyi kimi, Lənkəranda elan edilən qondarma qurum da ölkənin parçalanmasını reallaşdırdı. Bir sözlə, növbəti müs­təqil Azərbaycan dövləti də tamamilə məhv olmaq üzrə idi.

Belə bir zamanda xalq özünün dahi oğlu, görkəmli sərkərdə və təcrübəli dövlət xadimi olan Heydər Əliyevi ümid yeri, güvənc yeri bildi. Başda Azərbaycan Prezidenti Əbülfəz Elçibəy olmaqla dövləti idarə edə bilməyən, hakimiyyətin sükanı arxasına keçdiklərindən peşman olan cəbhə diletantları da Heydər Əliyevin Naxçıvandan Bakıya çağırılmasından başqa yol görmürdülər. Çünki ərazilərin işğalının qarşısını ala bilmir, vətəndaş müharibəsinin anbaan yaxınlaşan alovlarından vahi­mə­lənirdilər. Ona görə də xalqın Heydər Əliyevə ünvan­lanan ərkyana və israrlı müraciətlərinə cəbhə rəhbərlərinin acizanə xahişləri də qarışırdı. Heç zaman öz xalqının arzu və istəklərinə biganə qalmayan, daha doğrusu, qala bilməyən Heydər Əliyev bu çağırışlara cavab olaraq Naxçıvandan dünya siyasətçilərinin “Qayıdış” adlandırdıqları tarixdən - 1993-cü il iyun ayının 9-dan etibarən Azərbaycandakı ictimai-siyasi proseslərin normal məcraya yönəldilməsi istiqamətində fəaliyyətə başladı. Ulu öndərin istənilən addımı özünün müsbət nəticələrini verirdi. Gəncəyə - öz silahlı dəstələri ilə dövlətə meydan oxuyan Surət Hüseynovun yanına gedən Heydər Əliyevin dahiyanə təfəkkürü və siyasi təcrübəsi vətəndaş müharibəsinin dayandırılması ilə nəticələndi. Ulu öndərin qayıdışının müsbət nəticələr verdiyini görən deputatlar iyunun 15-də onu Ali Sovetin sədri vəzifəsinə seçdilər. Bununla da Azərbaycanın xilasına, xalqın nicatına və milli dövlətçiliyimizin qurtuluşuna imza atıldı.

Prezident Elçibəyin qəflətən paytaxtı tərk etməsindən sonra (o, Surət Hüseynovun qorxusundan Naxçıvanın Kələki kəndinə qaçmışdı və geri qayıtmağa cürət etmirdi) xalqın böyük əksəriyyəti Heydər Əliyevin ölkə prezidenti seçilməsini tələb etdi və oktyabrın 3-də ölkə vətəndaşlarının həmin istəyi reallaşdı.

15 iyun tarixinin Milli Qurtuluş günü kimi qeyd edilməsi haqqına Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 1997-ci il tarixli qərarının preambulasında 1993-cü ilin məşəqqətli və məhrumiyyətli yayında Azərbaycan xalqının üzləşdiyi ağrı-acılar və Heydər Əliyevin xalqı həmin bəlalar­dan necə qurtarması çox aydın şəkildə təsvir edilir: “Siyasi hakimiyyətə qayıtdığı ilk gündən Heydər Əliyev elə bir dövlət qurmağa başladı ki, bu dövlət həm özünü, həm də və­təndaşlarını qorumağa tam qadir olduğunu dönə-dönə sübut et­mişdir. Elə buna görə də Azərbaycan dövlətçiliyinə qarşı Surət Hüseynovun başçılığı ilə 1994-cü ilin oktyabrında, onun məkrli niyyətinin davamçıları olan Cavadov qardaşlarının başçılığı ilə 1995-ci ilin mart ayında törədilən hadisələr Prezidentin və xalqın yekdil iradəsi ilə dərhal yatırıldı. 1988-ci ildən bəri dəfələrlə özünün dövlət və hökumət başçılarına qarşı mitinqlər, nümayişlər, piketlər təşkil edən xalq ilk dəfə idi ki, Heydər Əliyevin prezidentliyi dövründə legitim dövlət hakimiyyətini, legitim prezidenti müdafiə üçün izdihamlı mitinqə toplandı. Heydər Əliyev xalqın Prezidenti olduğunu, xalq isə ona olan hörmət və məhəbbətini sözdə deyil, əməli işdə nümayiş etdirdi”.

Milli Məclisin məlum qərarından məhz bu cümlələrin sitat kimi seçilməsi təsadüfi deyil. Çünki Heydər Əliyevdən əvvəl Azərbaycana rəhbərlik edən dövlət başçılarından üçü öz vəzifə kürsüsünü qoyub qaçmışdı. Əbdürrəhman Vəzirov öz günahları ucbatından törədilən 20 yanvar faciəsindən dərhal sonra xəlvəti şəkildə Moskvaya qaçmışdı. Ondan sonra dövlətə rəhbərlik etmək istəyən Ayaz Mütəllibov da həmin ənənəni davam etdirərək AXC-Müsavat cütlüyünün tank və toplarının səsini eşidən kimi xəlvəti şəkildə Moskvaya üz tutmuş, öz canını qorumuşdu. “Qaçqınlıq” həyatı yaşayan üçüncü dövlət başçımız - Əbülfəz Elçibəy isə Surət Hüseynovun silahlı dəstələrinin hədə-qorxularından vahimələnərək dövlət başçısı kürsüsünü qoyub xəlvəti şəkildə Naxçıvanın bir dağ kəndinə üz tutmuş, ölkə tam sabitləşənə qədər orada yaşamışdı. Ona görə də Surət Hüseynov və Cavadov qardaşları elə güman edirdilər ki, növbəti böhran Heydər Əliyevin də əvvəlki dövlət başçılarından qalan ənənəni davam etdirməsi ilə nəticələnəcək. Ancaq yanılırdılar. Onların səhvi Heydər Əliyevin bütün dün­yada məşhur olan qətiyyətini və polad iradəsini qiymətləndirə bilməmələrində idi.

Təsadüfi deyil ki, Heydər Əliyevin 1993-cü ilin yayından sonra müstəqil Azərbaycanda əldə etdiyi çoxsaylı uğur və nailiyyətlərdən biri belə adlanır: “Heydər Əliyev Azərbaycan dövlətçiliyində təxminən 10 il müddətində xalqın dövlət başçısına itmiş inamını bərpa etdi”. Ölkədə daxili sabitliyin yaranması, cəbhədə atəşkəsə nail olunması, islahatlara start verilməsi, sosial-iqtisadi inkişafın cücərtilərinin görünməsi (cəmi üç ildən sonra artıq sosial-iqtisadi inkişafdan da danışa bildik), xarici ölkələrlə iqtisadi əlaqələrin bərpa edilməsi, beynəlxalq aləmə inteqrasiyanın başlanması və digər amillərlə yanaşı, xalqın dövlətə və dövlət başçısına inamının bərpa edilməsi də Heydər Əliyev müdrikliyinin qısa müddətdə qazandığı uğurlardan idi.

Ulu öndərimizin xilaskarlıq missiyasından söz açan bir amerikalı politoloq məşhur yazıçı Ernest Hemenqueydən sitat gətirir: “Mən bu işi, ancaq bu işi görmək üçün dünyaya gəl­mişəm. Daha başqa şey barədə düşünməyə ehtiyac görmürəm”. Azər­baycan xalqının böyük oğlunun xilaskarlıq missiyasını yük­sək qiymətləndirən amerikalı dostumuza minnətdarlıq et­məklə yanaşı, onunla tam şəkildə razılaşmadığımızı da qeyd edi­rik. Çünki Heydər Əliyev dünyaya təkcə xilaskarlıq mis­si­ya­sı ilə gəlməmişdi. O, həm də qüdrətli dövlət qurucusu və xa­dimi idi. Ulu öndərimiz həm də Azərbaycan mədəniyyətinin, tari­xinin, elminin və müqəddəs dinimizin, dilimizin böyük hi­ma­yədarı və mühafizə edəni idi. Heydər Əliyev, eyni za­man­da, regionda və dünyada sülhə nail olunması üçün misilsiz xid­mət­lər göstərmiş tarixi bir şəxsiyyət, fenomenal siyasətçi idi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı seçilməsinin dördüncü ildönümü və Ulu öndərin siyasi irsinin ən böyük nəticələrindən olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi mü­na­sibətilə qələmə aldığımız qəzet məqaləsində Heydər Əliyev fenomeninə bu şəkildə əhatəli yer verməkdə tamamilə haqlıyıq. Çünki əcnəbi siyasətçilərin dediyi kimi, gündən-günə inkişaf edən müstəqil Azərbaycan dövləti, regionun ən qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası və müasir dünyanın müdrik və çevik siyasət yeridən dövlət başçısı kimi nüfuz qazanmış Prezident İlham Əliyev məhz Heydər Əliyevin ən böyük əsərləridir. Ona görə də həm Yeni Azərbaycan Partiyası barədə, həm də cənab dövlət başçımızın fəaliyyəti haqqında söz açan istənilən Azərbaycan ziyalısının ən əvvəl Heydər Əliyevin xilaskarlığı və quruculuğu barədə əhatəli şəkildə söz açması, sadəcə qədirşünaslıq nümunəsidir.

Mən bu gün fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu siyasi təşkilatın fəal üzvüyəm və artıq uzun illərdir ki, partiyanın seçkili orqanlarında təmsil olunuram. Partiyamızın qurultayında Ulu öndərimiz Heydər Əliyevin nitq söyləməsi, təşkilatımızın və dövlətimizin daha da qüdrətlənməsi üçün verdiyi tövsiyə və tapşırıqlar heç bir YAP üzvünün yadından heç zaman çıxmayacaq. Cənab Prezident İlham Əliyevin partiya sədrinin müavini, sonra birinci müavini, daha sonra isə partiya sədri seçildiyi ali məclislərimiz təşkilatımızın həyatında baş vermiş ən mühüm hadisələr kimi tariximizə yazılmışdır. Yaranmasından heç bir il ötməmiş ölkədə siyasi hakimiyyətə gəlmiş Yeni Azərbaycan Partiyasının uğuru hər bir sıravi YAP-çının iftixar mənbəyi olduğu kimi, partiyamızın ikinci sədri olan cənab İlham Əliyevin Azərbaycanı dünya miqyasında ən sürətlə inkişaf edən bir dövlətə çevirməsi də bizim fəxr mənbəyimizdir.

Heydər Əliyev Azərbaycanın inkişafının əsas sütunlarından olan “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdu. Cənab İlham Əliyev isə iştirakçı ölkələrin dövlət başçıları ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərlə­ri­nin reallaşmasına nail oldu. Ulu öndərimiz 1997-ci ildən başlayaraq Azərbaycanın sosial-iqtisadi inkişaf yoluna düşməsinə nail olmuşdu. Cənab İlham Əliyev isə 2003-cü ilin oktyabrından etibarən Azərbaycanda 600 mindən çox yeni iş yeri yaradılmasına nail olmaq barədə seçkiöncəsi verdiyi vədə bir il tez əməl etdi. Heydər Əliyev “Biz ölkədə hamının yaxşı yaşaması üçün tədbirlər həyata keçiririk və buna nail olacağıq” - deyə mütəmadi olaraq çoxsaylı müvafiq sənədlər imzalayır, dövlət büdcəsindən maliyyələşənlərin əmək haqlarını, pensiya, müavinət, təqaüd və digər ödəmələr alan soydaşlarımıza çatan vəsaiti ildə ən azı iki dəfə artırırdı. Cənab İlham Əliyev isə ölkədə yoxsulluğun səviyyəsinin 20 faizədək endirilməsi ilə MDB-də ən yaxşı göstəriciyə imza atmış oldu.

“Mən müəllim peşəsindən şərəfli ikinci bir peşə tanımıram” d­e­yən, hər ilin sentyabrında yeni dərs ilinin başlanması münasibətilə orta ümumtəhsil məktəblərinə gələn Ulu öndərimizin siyasi varisi son dörd ildə Azərbaycanda 1300-dən çox məktəbin tikilməsinə nail olub.

Mən bilavasitə təhsil sistemində çalışdığıma görə cənab Prezidentin son dörd ildə təhsilə göstərdiyi qayğıdan daha əhatəli söz açmaq istəyirəm. Bu gün Azərbaycan Prezidentinin imzaladığı 15-dən çox Dövlət Proqramı təhsilimizin ayrı-ayrı sahələr üzrə deyil, bütövlükdə, kompleks şəkildə inkişafını təmin edir. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan təhsili bu gün özünün intibah dövrünü yaşayır. Proqramların əhatə etdiyi sahələrə diqqət yetirin: məktəbəqədər təhsil, ümumi təhsil, təhsilin keyfiyyəti, şagird nailiyyətlərinin qiymətləndirilməsi, dərslik və dərs vəsaitləri ilə təminat, məktəblərin informasiya-kommunikasiya vasitələri ilə təmin edilməsi, pedaqoji kadr təminatı, xüsusi qayğıya ehtiyacı olan uşaq­ların təhsilinin təşkili, xüsusi qabiliyyətə və istedada ma­lik uşaqlara qayğı göstərilməsi, idarəetmənin təkmilləş­diril­məsi, məktəbdənkənar təhsil, texniki peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, əlavə təhsil, təhsilin maliyyələşdirilməsi və nəhayət, beynəlxalq əməkdaşlıq. Göründüyü kimi, ölkə təhsilinin elə bir sahəsi yoxdur ki, bu proqramların əhatə dairəsindən kənarda qalmış olsun. Cənab nazir Misir Mərdanovun verdiyi məlumata görə, 2007-ci ildə təhsil büdcəsi ötən ilə nisbətən 52 faiz, investisiya xərcləri isə 2 dəfə artmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin icrası zamanı ölkənin ən müxtəlif kənd və şəhərlərində 38 mindən çox şagird yeri olan 190 məktəb tikilib istifadəyə verilmişdir. Ölkənin pedaqoji ictimaiyyətinin fikrincə, Azərbaycan təhsilinin inkişafına dövlət başçısından sonra ən çox diqqət və qayğı göstərən ünvan məhz Heydər Əliyev Fondudur.

Mən təhsil sisteminin orta ixtisas təhsili sahəsində çalışdığıma görə dövlətin və dövlət başçısının bu sahəyə ayırdığı diqqəti xüsusilə qeyd etmək istəyirəm. Ötən dövrdə bizim sahədə kadr hazırlığının strukturunda dəyişikliklər edilmiş, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar mövcud ixtisaslar sırasına yeni ixtisaslar əlavə olunmuş, bütün ixtisaslar üzrə yeni nəsil dövlət təhsil standartları və eləcə də müvafiq tədris proqramları hazırlanaraq tətbiq edilmişdir.

Qeyd etmək vacibdir ki, Azərbaycanın təhsil sistemi əlahiddə bir şəraitdə, başqa sahələrdən ayrılıqda inkişaf etmir. Bütövlükdə ölkəmizin inkişaf etməsi ilə bərabər bizim sahə də özünün heç zaman görünməmiş səviyyəsinə qalxır. Cənab İlham Əliyevin iki il əvvəl söylədiyi “Biz neft sahəsindən gələn kapitalı insan kapitalına çevirəcəyik” tezisi təhsil sistemində çalışanların üzərinə çox böyük vəzifələr qoyur. Biz bu vəzifənin öhdəsindən layiqincə gələcəyik. Çünki cənab İlham Əliyevin özü bizə bütün sahələrdə olduğu kimi, verilən sözə əməl edilməsində də möhtəşəm nümunə göstərir. Onun seçkiöncəsi verdiyi vədlərə cəmi 4 ildə əməl etməsi isə xalqın öz liderinə dərin inamını qat-qat artırır.

Sonda avropalı mütəfəkkirdən gətirdiyimiz sitata bir daha qayıtmaq istəyirik. İlham Əliyevin hakimiyyəti ona görə böyük nemət kimi qəbul edilir ki, ona həm təbiət, həm də aldığı tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dövləti ağıl və böyük təcrübə vermişdir. Onun ən böyük sərvəti Heydər Əliyev məktəbi, ən böyük dayağı isə hər gün dəstəyini və sarsılmaz məhəbbətini hiss etdiyi Azərbaycan xalqıdır.


2007-ci il.
1   ...   7   8   9   10   11   12   13   14   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə