RƏSMİYYƏ sabiR




Yüklə 458.4 Kb.
səhifə1/3
tarix22.04.2016
ölçüsü458.4 Kb.
  1   2   3

RƏSMİYYƏ SABİR


www.kitabxana.net
Milli Virtual Kitabxana Təqdim edir

Rəsmiyyə Sabir

Həbs olunmuş sükut
Şeirlər

Elektron nəşr!
e-kitab N 34

Ədəbi xoşbəxtlik vəsiqəsi
İstedadlı, gənc şairlərimizdən olan Rəsmiyyə xanımı mətbuata, ədəbi mühitə ilk gəlişindən tanıyıram və soyadına görə ona, zarafatla «qızım» deyirəm. Amma bu zarafatın arxasında qəribə bir duyğu da dayanır, illər uzunu təkrarlanan sözə insan tədricən vərdiş edir, mənəviyyat qohumluğu qan qohumluğundan zəif olmayan bir hissiyat kimi arada körpülər salır və qarşı tərəfin taleyi, yaşantıları sənin də içindən keçir; onu başqalarından fərqləndirir və onun hər bir addımını daha diqqətlə izləyirsən.

Rəsmiyyə Sabirin ilk şerlər kitabını da belə bir duyğuyla, daha doğrusu, belə bir qürurla oxudum.

İstedad sahibini adi qafiyə pərdazdan fərqləndirməyə bircə şer də bəs edir; əlyazma müəllifinin şair olub olmadığını bəzən bir misrayla da ayırmaq mümkündür.

Kitabın elə ilk şerlərindən gördüm ki, mətbuatda oxuduğum yazılarından aldığım təəssürat təsadüfi deyilmiş; Rəsmiyyənin sözü doğrudan da istedaddan yoğrulan, əsl poetik sözdür.


Mən yer kürəsinin üstündə deyil,

Sözümün üstündə durmuşam, Allah!


yaxud
Mənə borc verdiyin bir əmanəti,

Qaytarana kimi öldüm, İlahi!


Bu misralarda Azərbaycan türkcəsinin frozoloci imkanları, sözün çoxmənalılığı poetik ifadənin yeni qatını, yeni gözəlliyini yaratmaqla yanaşı, müəllifin də portretini cızır-söz böyüyür, kürəsəlləşir, onun üstündə dayananın qətiyyəti və Yerlə Tanrı arasında körpü salanın mənəvi ucalığı, eyni zamanda, «sözünün üstündə duraraq» bütün həyatını ona borc verilən bir əmanəti qaytarmaq məsuliyyətilə yaşamaq və ölümü də bu zülmün, bu çətinliyin nəticəsi kimi dərk etmək yetkinliyi görünür. Bu baxımdan ömrünü «İlahinin ona həsr etdiyi ən gözəl şer» sayması da müəllifin həm poetik, həm mənəvi özünüdərkidir, mövqeyidir və yuxarıdakı fikrimizi tamamlayır.

Bu misralar çağdaş şerimizdəki gəlişmələri və axtarış yönlərini seçmək baxımından da maraqlıdır; sovet dövrünün hamını eyni müstəvidə görməyə çalışan, azqatlı, vizual, realist bəsitliyə aparan ədəbiyyat siyasətindən sonra təfəkkür bağlarını, ənənələri bərpa etməyə, insan kimi bütövləşməyə çalışan nəslin mənəvi-psixoloci durumunu göstərir. Elə «sovet ədəbiyyatının» öz bətnində, ötən əsrin 60-70-ci illər poeziyasında gizli şəkildə yetişən belə ovqat maddiyatçılıqdan qopmaq, ilkinliyə dönüş, ruh və mənəvi bütövlük axtarışı minilliklərin qovşağında və ya ayrıcında gənc poeziyamızın ədəbi simasını müəyyənləşdirən cəhətlərdən birinə çevrilmişdir.

Bu baxımdan Rəsmiyyə Sabirin poetik ömrü XXI yüzilə məxsusdur; bu yüzilin ilk əlamətlərindən birisə Allahsızlıqdan Tanrıya dönüşdür, dünyanı yalnız görünəndən ibarət hesab edən sərsəm yalandan qurtuluşdur və kitabın Allaha, İlahiyə müraciətlə yazılan silsiləylə başlaması da dediyimizin təsdiqidir. Amma, onun bu şerlərinə həm də XX yüzilin son nəğmələri kimi də baxmaq olar:
Bizim aramızda min illik yol var,

Özümə yaxınsan məndən, İlahi!


və ya
Ömrümün başından ayağınacan,

Özümdən sənə yol gəldim, İlahi!


misralarıyla başlanan şerlər əslində Azərbaycan poetik təfəkkürünün min illik yolunun yetdiyi Tanrı məqamını nişan verir; mahiyyətcə minilin başlanğıcıyla sonu arasında elə ciddi bir fərqin olmadığı görünür, min illik çalxalanmadan sonra İnsanın yalnız Tanrı zərrəsi olmaq təsəllisindən başqa bir şey qazanmadığını və Nizamidən, Nəsimidən, Füzulidən zaman ayrılığının ruh ayrılığına çevrilə bilmədiyi aşkarlanır.

Bu baxımdan, kitabdakı şerlərin çoxu eyni fəlsəfi, estetik mayadan qaynaqlanır.

Olumla-ölüm arası, beşiklə-qəbir arası, görüşlə-ayrılıq arası dünyanın bütün yolları burdan keçir və klassik Azərbaycan poeziyası həmişə ölümün daha artıq olumluluğu, qəbirin daha artıq əbədiyyət beşikliyi, ayrılığın daha artıq yaxınlaşdırdığı inamıyla seçilib və bu inam estetika və ya poetika yanaşma tərzi olmaqla yanaşı, türk insanının dünyanı və Tanrını dərk etmək yolu, Tanrıya qovuşub bütövləşmək və böyümək imkanı olub.

Bu ovqat Rəsmiyyə Sabirin «Əlvida» deməyi unudan oğlan», «Kədərimlə tapmışam səni», «Səndən xəbərsiz», «Payız» və s. lirik şerlərində də aydın görünür və əslində, kitabın bütöv bir ruhla yazıldığının nəticəsidir.

Dünyada öz qismətim var,

Harda olsam məni tapar,

Bəzəyib gəlin aparar,

Ölüm səndən xəbərsiz.


Öz poeziya evini orcinal görünmək xətrinə, poetik memarlıq ölçülərini nəzərə almadan, necə gəldi elə quran və modernliyi təməlsizlik, köksüzlük kimi başa düşənlər bu evin zamanın zəlzələri qarşısında necə duruş gətirəcəyini nəzərə almırlar.

Rəsmiyyənin xanım intuisiyası zahiri dəbdəbədən çox poetik yuvanın, ocağın istiliyinə üstünlük verir, bu yuva bütün evləri soyudan və simasızlaşdıran oxşar büllur parıltısıyla yox, ailə mirası olan, lakin silinib paııldadılmış qədim və yerli əşyalarıyla, ənənəvi bər-bəzəyiylə cazibədardır.


Tale məni döyə-döyə,

Çevirdi yanıqlı neyə,

Dumana bürünüb deyə,

Qəlbimin dağı görünmür.


«Qəlbimin dağı»ndakı klassik çoxmənalılıq qalaylanıb parıldadılmış köhnə antikvarlar kimi yeni poetik mətnə işıq saçır.
Dərdlərimin üzü qış kimi bərkdir,

Ölümün silləsi üzümə ərkdir,

Məzarım üstünə bir daş gərəkdir,

Gücüm ürəyimin daşına çatır.


misralarını da yalnız Azərbaycanın poetik ənənələrini bilən və ürəyində Allah vergisi olan qələm sahibi yaza bilər… Məhz bu vergiylə o, yeni, isti sözü boyat sözdən seçir:
Yediyim qəm ki, var, valah, boyatdı,

Hər dəfə isidib mənə verirsən.


Rəsmiyyə Sabirin şerlərinin çoxu əsl poetik ovqatdan doğulub:
Mən quruyan güllərin,

Susdurulmuş dillərin

Ölümünə ağladım,

Anam, sənə mənim göz yaşlarıma.


yaxud
Tökəcəyəm bu payız

Bütün dərdi-sərimi.

Görəsən çılpaq ruhum

Ölümü, ya dirimi?

Gözümü sığallayır

Sahilin soyuq qumu…

Qoruyun məndən sonra

Dostlar, yetim ruhumu.


Rəsmiyyə də öz yaşıdları kimi dərddən, ölümdən çox yazır, lakin bədii ifadəsini tapmadığı, söz rənglərini ayırmadığı heç nədən yazmır. Buna görə də kitabını bütöv bir şer kimi oxudum. «Süpürgəçi», «Ağ çiçəklər satan qız haqqında ballada» kimi dəqiq poetik müşahidələrdən və çağımızın faciələrindən döğan, «Anamın sinəsi torpaq» kimi sözə gəlməyən yanğıdan fışqıran şerlərindən başlamış «Bağışlama bizi, Vətən» kimi milli, taleyin əks-sədası olan yazılarınadək Rəsmiyyə həmişə səmimidir, özüdür, ötkəmdir, qürurludur, gözəldir…
Gözlərim doyubdur, eh, ruhu acam,

İlahi, su çilə qəlbimə bir cam,

Səhrada göyərən tənha ağacam,

Mən xoşbəxt olmağa döğulmamışam.


İnsanlar anlamaz, daş duyar məni,

Baharlar tanımaz, qış duyar məni,

Torpaq, ağac, çiçək, quş duyar məni,

Mən xoşbəxt olmağa döğulmamışam.


misraları poetik nəticəsilə müəllifinin xoşbəxtlik vəsiqəsidir, taleyi sözə bağlı olan adamın xoşbəxtliyi sözün gözəlliyində, sehrində və yaşamaq haqqındadırsa, bu misraların müəllifi bu haqla öyünə bilər.

Kitabı oxuyub qurtarandan sonra onun ruh qohumluğuna bir daha inandım və böyük adaşımın da adından adımızı ona halal elədim. Bu ad ona yaraşır… Poetik adaşlıq, siyasi əqidədaşlıq... Hamısının kökü bu kitabdadır. Yeni kitabını, bu poetik uğurunu təbrik edirəm, Rəsmiyyə!



Sabir Rüstəmxanlı
Allah
Qoyma bu dərdi-kədəri,

Qoyma məni yeyə, Allah.

Mən olmasam bu taleyə,

Kimsə durmaz yiyə, Allah.


Günlərim yanıb solduqca,

Tüstüm gözümə dolduqca,

Ürəyim kabab olduqca,

Qəm yığışır iyə, Allah.


Ömrüm keçir «dad» içində,

Dərdi-qəmim şad, içimdə,

İçim, çölüm od içində,

Üşüyürəm niyə, Allah?


Gözlərəm ay batanadək,

Fələk sayan bitənədək,

Gələcəyəm qu quşu tək,

Nəğmə deyə-deyə, Allah.


7.01.2000

Sözümün üstündə durmuşam, Allah

Hələ də adını qoyammadığım,

Bu nə tamaşadı qurmuşam, Allah?

Özüm də bezmişəm bu lal oyundan,

Sonsuz səbrimi də yormuşam, Allah!

Fırladır səhnəni əsən qara yel,

Qopub yerlə göyü bağlayan son tel,

Mən yer kürəsinin üstündə deyil,

Sözümün üstündə durmuşam, Allah!
Əgər olmasaydım mən öz yerimdə,

Bu kor bəxt təsəlli tapardı kimdə?

Dərdlər məskən saldı gen ürəyimdə,

Nə yaxşı həyatda varmışam, Allah!…


Mən naşı bir uşaq, dünyasa qədim,

Özümü gəzməyə əyildi qəddim,

Heç yerdə axtarıb tapa bilmədim,

Anladım, əzəldən kormuşam, Allah!


27.08.2002

Hər an insan itirir

Allah
Allah! Hər an nəsə itirir insan

damla-damla,

dəniz-dəniz.

Bəzən haylı-küylü,

bəzən səssiz-səssiz.

Allah! Hər an nəsə itirir insan

çiçək-çiçək,

yarpaq-yarpaq.

Saralıb solduqca günlər

varaq-varaq.

Allah! Hər an nəsə itirir insan

gerçək-gerçək,

yuxu-yuxu.

Yerində təəssüf qalır,

bir də ki, qorxu.

İtirdiklərinə baxıb köksünü ötürən adam,

Bir düşün! Hər an İNSAN itirir Allah.

1.05.2002
Bizim aramızda min illik

yol var
Bizim aramızda min illik yol var,

Özümə yaxınsan məndən, İlahi!

İçi cah-cəlallı cahan vermisən,

Durub seyr edirəm gendən, İlahi!


Qəm mənim yoldaşım, kədər sevgilim,

Sözlə doğranıram hey dilim-dilim,

Yerdən ayaqlarım üzülüb, əlim

Asılıb səmada səndən, İlahi!


Yolumu göylərdən yerə döndərdim,

Hər kəlmə sözünü dürrə döndərdim,

Mən səni milyondan birə döndərdim,

Sən məni ayırdın mindən, İlahi!


Bir az gec doğuldum, bir azca erkən,

Mənim səbrimdən də uzunmuş örkən,

Sənə ürəyimdən yollar var ikən,

Körpü nəyə lazım dindən, İlahi?



11.11.2001
Yalnız bir sirrini bildim,

İlahi
Ömrümün başından ayağınacan,

Özümdən sənə yol gəldim, İlahi.

Min bir sualına cavab gəzirdim,

Yalnız bir sirrini bildim, İlahi.


Bir həsrət adası oldu vətənim,

Zaman arzulara kəsildi qənim,

Bu dünya dar gəldi ruhuma mənim,

Onu öz dünyamda böldüm, İlahi.


Fələyin son hökmü qətiymiş, qəti,

Vermək istəmədi son zəmanəti,

Mənə borc verdiyin bir əmanəti,

Qaytarana kimi öldüm, İlahi.



25.05.2002


Dünyanın son sözü
Canıma can verdin,

gözlərimə işıq.

Dörd yana baxıb

dünyanı gözüm boyda

gördüm, İlahi.
Özümü dərk edəndən

günahımı anladım.

Böyüdü dözüm boyda

dərdim, İlahi.


Ömrün-günün içindən

keçdim yalın ayaqlarımla.

Yolları ayaqlarıma

sərdim, İlahi.


Fikrim, xəyalım

ilmə-ilmə söküldü.

Arzuların xarabalıqları üzərində

ümid qalası

hördüm, İlahi.
Sənə doğru gəldim

addım-addım.

Səsimlə deyil, sözümlə

ağladım, İlahi.


Səndən söz alıb

sənə söz verdim.

Daha heç nə qalmadı.

Dünyanın son sözünü

dərdim: «İlahi»!

27.01.2002

Günahımı əhv et
Bir günah üstündə

göydən yerə endirdin bizi, İlahi!

İndi

günahla dolu yer üzündə



canımızı qoymağa bir qarış boş yer

tapmırıq.

Böyüdüb boya-başa çatdırdığımız

mələk üzlü çocuğların

gülüşü eşqinə

Günahlarımızı əhv et,

yenə

yerdən göyə qaldır bizi,



İLAHİ!
20.08.2002
İNSAN KİMİ
Səni çox sevdim.

Qar çiçəyinin baharı,

Səhranın yağmuru,

Quşun səmanı

sevdiyindən daha çox.

Səni çox sevdim.

Gözlərin işığı,

Ürəyin nəfəsi,

Dənizin sahili

sevdiyindən daha çox.

Səni ÖZÜM kimi,

İNSAN kimi

sevdim, İLAHİ!
14.02.2002


İNSANLIĞIN HİMNİ
Kəsilmiş qollardakı

zəncirlərin cingiltisi,

əzilən ruhların iniltisi,

ayaqlar altına atılmış başların

kəsilən nəfəsi,

şikəst ayaqların addım səsi,

lal edilmiş dillərin susqunluğu

İNSANLIĞIN

səssiz, sözsüz

HİMNİDİR ,

İLAHİ!
15.02.2002
Qatil imişəm, ALLAh!

Qatil imişəm, Allah!

Ürəyimdə doğulan, yaşaması üçün ümid verə bilmədiyim, bu dünyanın havasında boğulan neçə-neçə arzunun qatili.
Qatil imişəm, Allah!

Udduğum havanın, yaşaya-yaşaya öldürdüyüm hər bir anın, içdiyim suyun, dərdiyim çiçəyin, yarpağın, ayaqlarım altında tapdayıb öldürdüyüm torpağın qatili.


Qatil imişəm, Allah!

Əvvəlcə həyat verdiyim, sonra isə hamıdan gizli öldürüb qəlbimə gömdüyüm sevgimin qatili.


Qatil imişəm, Allah!

Bəzən dəli kimi hönkürmək istədiyim halda boğduğum göz yaşlarının qatili.


Qatil imişəm, Allah!

Öldürdüyüm nəfsimin, ölümə olan həvəsimin qatili.


Qatil imişəm, Allah!

İnsafsızcasına hər bir dərdimi yük etdiyim dözümün, dünyanın pisliklərini görüb heç kimə, heç nəyə gücüm çatmadığı üçün içimdə döyə-döyə öldürməyə çalışdığım özümün qatili.

Eh, sənin ən günahsız qatilin, ən suçsuz bəndənəm, Allah!

7.05.2000



KÖÇƏSƏN DEYƏ
Sinəmə çəkdiyin dağın üstündən,

Gözlərim yol çəkir, keçəsən deyə.

Axır ürəyimə gözümün suyu,

Nə zaman qayıtsan içəsən deyə.


Zaman ömrümüzdən il alıb keçir,

Əlində qayçısı bizə don biçir,

Sənli ağ günlərim saçıma köçür,

Sən ağı qaradan seçəsən deyə.

Bu yolu sonadək mən gedəcəyəm,

Fələyin özünə görk edəcəyəm,

Dünyanı gözaçıq tərk edəcəyəm,

Öləndə gözümə köçəsən deyə.

4.09.1999


DAYAQ NÖQTƏSİNDƏ
Görüş yeri axtarırıq hələ,

bir-birimizdən xəbərsiz.

Əgər tələsməsək

görüşəcəyik.

Paralel xətlərin kəsişdiyi,

Gecəylə gündüzün qovuşduğu

yerdə,

Dünyanın dayaq



n-ö-q-t-ə-s-i­-n-d-ə.
8.07.2002
Yaş gəlir
Qaçıb gizlənməyə ümid yeri yox,

Dörd yandan həsrətin mənə tuş gəlir.

Nə zaman göndərsəm sənin arxanca,

Xəyalım qayıdıb əliboş gəlir.


Fələk bu sevginin durub qəsdinə,

Bilmirəm mənimlə, axı, qəsdi nə?

İllərin saçıma səpdiyi dənə,

Arabir səadət adlı quş gəlir.


Bu qəm bazarına hey baxa-baxa,

Bir cəza aldım ki, ölümdən baha,

Mənim göz yaşlarım quruyub daha,

Qələmin gözündən indi yaş gəlir.


17.11.1999

Gəlmə könlümə qonaq

Gəlmə könlümə qonaq.

Qəlbimin dörd tərəfini dərd alıb.

Sanmıram ürəyimdə

hansısa künc boş qalıb.

Gəlmə könlümə qonaq.

Səni toz basmış xatirələrlə

dolu yaddaşımda saxlamaqdan

çəkinirəm.
14.09.2002


Quş gizlənibdir
Gözünün odundan qorxub, çəkinib,

Quru gözlərimdə yaş gizlənibdir.

Mənim ürəyimdə sənə məhəbbət,

Səninsə qəlbində daş gizlənibdir.


Çəkdin ürəyimə çalın-çarpaz dağ,

Hər günüm həsrətdən solan bir yarpaq,

Payızdır, ömrümün ağacı çılpaq,

Görəsən harada qış gizlənibdir?


Ürəyim hicrandan olubdur xəstə,

Çırpınır, can verir bir daş qəfəsdə,

Yanına uçacaq o, son nəfəsdə,

Köksümün içində quş gizlənibdir.


25.07.2000
GET
Sevdamız bir tamaşaydı,

Son pərdəni bitir, get,

get.

Qürurumu göz yaşıma,



Eyləmişəm çətir, get,

get.
Bax, dərd gəlir axın-axın,

Kədər mənə səndən yaxın,

İçində yol azıb ahın,

Dur, köksünü ötür, get,

get.
Bir söz var ağzımda bişən,

Bağrımın başını deşən,

Əyil, gözlərimdən düşən,

Öz eşqini götür, get,

get.


Qürurumu göz yaşıma,

Eyləmişəm çətir, get,

get.

20.02.2001
YUXUDUR
Bu dünyadan axıb gedən

Sular gözümdə dayanar.

Döymə könül qapısını

Yatmış ümidim oyanar.


Ayılar yetim arzular,

Səndən istər sevgi payı.

Məhəbbət qan dənizidir,

Arzularım ac qağayı.


Həyətdə qara yel əsir,

Gülü-çiçəyi qorxudur.

Bu həyatda gördüklərim,

Hər şey yuxudur, yuxudur...



7.07.2002

Vağzalı
Vağzalı sədası

dolaşdı o qızgilin küçələrində.

Dolaşdı qərib-qərib.

Baharda çiçəklərdən,

yayda istidən,

payızda küləklərdən,

qışda şaxtadan

sordu.


Tapammadı axtardığı ünvanı.

(Hanı, yer üzündə dil bilən, hanı?…)

O qız uzun illərdən bəri

həyətlərindəki ağac kimi

payızın sarısına bürünüb

son baharı gözləyir…


21.09.2002

Kədərimlə tapmışam səni
Axı, həsrətinlə görüşməmişdim,

Bəs hardan qəhərin tanışdı mənə?

Sən yanımda ikən uzaq gəzən qəm,

Sən yoxkən isnişib alışdı mənə.


Göndərdim yolları arxanca sənin,

Elə hey yol gedən yolum çatmadı.

Saydım əllərimlə ötən günləri,

Aylarım az oldu, ilim çatmadı.


Gözlərimin yaşı axıb dərdimin,

Qara rəngini də açıb ağartdı.

Dərdin ətəyindən tutub çəkirdim,

O da ki, gör məni hara çıxartdı?


Hələ həsrətinin yaşı bilinmir,

Ömür tək köhnədir, ölüm tək yeni.

Bir vaxt sevincimlə itirmiş idim,

İndi kədərimlə tapmışam səni.



5.12.1999


«Əlvida» deməyi unudan

oğlan
Otuz bir yaşında, ayın on biri,

Getdin, aramızda qaldı qu sirri,

Tapmadıq dünyada bir görüş yeri,

«Əlvida» deməyi unudan oğlan.


Getdin, gözlərində apardın məni,

Dünyanın köksündən qopardın məni,

«Bir ovuc torpağ »ın olub vətənim,

«Əlvida» deməyi unudan oğlan.


Sənə yurd olmadı bu qoca şəhər,

Yaşaya bilmədin ömrü birtəhər,

Axşam toyumuzdur, qayıt bu səhər,

«Əlvida» deməyi unudan oğlan.


Fələk toy eləyir, qurulub çadır,

Gedən qəhər içir, gələn qəm dadır,

Həsrət solumdadır, dərd sağımdadır,

«Əlvida» deməyi unudan oğlan.


Köhnə ömrü dəyiş, geyin təzə, gəl,

Elə bu buxunda, boyda gözə gəl,

Yaradan qapını açıb bizə, gəl,

«Əlvida» deməyi unudan oğlan.


20.04.2001
Ölmüş sevgimizin xatirəsinə
Gözlərini yum, nəfəsini dinlə,

səslərin rəngini seyr et,

rənglərin səsini dinlə.

Ürəyim öz ahəngində

həftənin yeddi günü

yeddi not üzərində

yeddi nəğmə həsr edir

yenə.


Ölmüş sevgimizin

XATİRƏSİNƏ.


25.08.2002

SƏNDƏN XƏBƏRSİZ

Gərək xəyalına qonaq

Gəlim, səndən xəbərsiz.

Yediyin qəm payını

Bölüm, səndən xəbərsiz.
Yenə bilmədik inadı,

Ürək istəyini dandı,

Sənsizlikdən canım yandı,

Külüm səndən xəbərsiz.


Dünyada öz qismətim var,

Harda olsam məni tapar,

Bəzəyib gəlin aparar,

Ölüm səndən xəbərsiz.


9.04.2002


ÜRƏYİM BİR TƏRƏZİYMİŞ

Axtarıb bir yol tapmadım,

Ürəyinə keçmək üçün.

Gözlərindən axan suyu,

Mənbəyindən içmək üçün.

Eşqin mənə mərəz imiş,

Taleyimin qərəziymiş,

Ürəyim bir tərəziymiş,

Dərdlərini çəkmək üçün.

Qəlb evimi gəzib baxdım,

Gördüm ki, kor olub baxtım,

Sevərkən olmadı vaxtım,

Yüz ölçüb, bir biçmək üçün.

10.08.1999


Ürəklərin səsinə
Yuxudan oyandı günəş,

Küləklərin səsinə.

Yenə də ahım qarışdı,

Çiçəklərin səsinə.


Könül evim yarıuçuq,

Bacarırsan içinə sığ,

Oyanammadıq yarımçıq,

Mələklərin səsinə.


İki quşuq, İsaq-Musaq,

Yetər bizə bunca yasaq,

Sus, əzizim, qulaq asaq,

Ürəklərin səsinə.


4.09.2002

İKİ İL

«Bizim aramızdan iki il keçir»

Məmməd İsmayıl
Aramızda iki il var.

Bizi birləşdirən,

bizi ayıran,

məndən əvvəlki,

səndən sonrakı

iki il.


Düz iki iki il sonra

sənə bağlandım.

İzlərin izlərimə

qarışdı.


Ancaq yenə aramızda iki il qaldı.

Bizi birləşdirən,

bizi ayıran

məndən əvvəlki,

səndən sonrakı

iki il.
23.06.2002




İLİ ÇIXIBDIR
Deyirlər ömür-gün bir axar sudur,

Mənim qismətimə lili çıxıbdır.

Bəxtimə hər səsin bəmi düşsə də,

Tale harayının zili çıxıbdır.


Yolumun üstündə dərdlər düzülüb,

Ömrüm neçə yerdən dəyib, süzülüb,

Bütün ümidlərdən əlim üzülüb,

Gümanlar qəlbimdən ölü çıxıbdır.


Bilmirəm bu yolun sonu haradır,

Qəlbim dərd yükündən para-paradır,

Ömrümün saçının çoxu qaradır,

Arabir ağarmış teli çıxıbdır.


Ölüm qapıdadır, dayanıb səsdə,

Gəlib çıxacaqdır o, son nəfəsdə,

Yığdım dərdlərimi sinəmin üstə,

Ürəyim dağ olub, külü çıxıbdır.


Eşqimi tapanda batdım günaha,

Hər sözüm çevrildi naləyə, aha,

Ancaq, o məhəbbət yaşamır daha,

Çünki çoxdan ölüb, ili çıxıbdır.


18.05.1998

PAYIZ
Yanına gələ bilmədim,

Yolumu payız bağladı.

Onun könlünü alırdım,

Ölüm məni qabaqladı.


Hər il həmin vaxt gələndə,

O, peşman-peşman ağlayır.

Payız mənə sirdaş olub,

Sənin yasını saxlayır.


4.06.2002

Dünya
Yorulmusan, a dünya,

Qışın yuxusu gəlir.

Hər tərəfdən burnuma,

Ölüm qoxusu gəlir.

Duyub gedirəm.
Nə qəm var, nə göz yaşı,

Bu ayrılıq anında.

Tənha qalmayacaqsan,

Dərdlərimi yanında

Qoyub gedirəm.
Çevril, üzümə bir bax,

Sənə əlvida edim.

Anamın sinəsindən,

Yetərincə qəm yedim.

Doyub gedirəm.
Özümə yer tapmadım,

Sənin geniş üzündə.

Nə xoşbəxtəm, qəbrimi

İnsanların gözündə

Oyub gedirəm.
Nə mən sənə bağlandım,

Nə də sən mənə yarsan.

Bir az şıltaq uşağam,

Qayıtmasam yazarsan

«Qayıb», gedirəm.

5.03.2001
Görünmür
Mən getdiyim bu dar yolun,

Solu var, sağı görünmür.

Asılıb qaldığım ömrün,

Baxıram, bağı görünmür.


Tale məni döyə-döyə,

Çevirdi yanıqlı neyə,

Dumana bürünüb deyə,

Qəlbimin dağı görünmür.


Vaxt mənim ömrümdən yeyir,

Üstümə ölüm yeriyir,

Ömür şam kimi əriyir,

Tökülən yağı görünmür.


20.07.1999


Çatır
Dərdimi döyməyə yetməyən əlim,

Özümü döyməyə başıma çatır.

Zamanın əqrəbi geriyə dönüb,

Gəlib yavaş-yavaş yaşıma çatır.


Ömrümün önündə ümid məzəsi,

Nə zaman qurtarsa durub gedəsi,

Hərdən ürəyimin ölüm hədəsi,

Ağlımdan yan keçir, qaşımı çatır.


Dərdlərimin üzü qış kimi bərkdir,

Ölümün silləsi üzümə ərkdir,

Məzarım üstünə bir daş gərəkdir,

Gücüm ürəyimin daşına çatır.


31.08.1999

Boş qalıb
Yazımı, yayımı alıb getmisən,

Ömür baxçasında payız, qış qalıb.

Yağışdan sonrakı nəm torpaq kimi,

Gözlərimin dibi hələ yaş qalıb.


Yeriyib bu yolda düşdüm izimə,

Dünyadan yan keçib döndüm özümə,

Dayanıb bir anlıq baxdım gözümə,

Gördüm bu gərdişə gözüm çaş qalıb.


Bir ölüm gizlənir ömrün «var» ında,

Bəzən çiçək solur ilk baharında,

Ömrümün hörülən dörd divarında,

Yerini tapmayan bircə daş qalıb.


Keçdiyim yollardan izlərim getmir,

Bəxtim qədərimə yoldaşlıq etmir,

Ömrü xərcləyirəm qurtarmır, bitmir,

Hələ kisəsində bir az yaş qalıb.


Bu ömrü üstümdən gərək ataydım,

Eşqin dəryasında rahat batardım,

Qəlbimin içini yeyib qurtardım,

Odur ki, ürəyim indi boş qalıb.


5.07.1999


Dünya nə ölməli yerdir
Bu ömür ilkim-naşıdır,

Tale mənə qəm daşıdır,

Həyat-ölüm savaşıdır,

Əvvəliynən sonu birdir.


Qəlbimdən keçən yollar dar,

Bu yollar hey məni yorar,

Dayandığım bir nöqtə var,

O da ki, özümə sirdir.


Dərd içində ha alış, yan,

Xoş gün gəlib olmaz həyan,

Yaşamağa yaramayan,

Dünya nə ölməli yerdir!…



10.05.2000

Öyrəncəklik
Son övladını itirən ananın

Gülüşünün rəngini görmək üçün

yanma için-için

qürubu seyr et.

Sonra…

Sonra…


Sonra da …

Yenidən günəş doğanadək,

başını götürüb

get…


14.11.2002

Dəyişib özümüz olduq
Heç nə dəyişmədi, anam,

Dəyişən gözümüz oldu.

Yaxşıya pis, düzə əyri,

Söyləyən sözümüz oldu.


Bu getdiyim sonsuz yoldu,

Ümidlər gül kimi soldu,

Min yol ruhumuz soyuldu,

Dəyişib özümüz olduq.


12.10.2002


DƏRD BOXÇASIDIR BU ÜRƏK
Ömrüm-günüm quş qanadlı,

Taleyim turşməzə dadlı,

Gəlmişəm ki, həyat adlı,

Tamaşaya baxıb gedəm.


Dərd boxçasıdır bu ürək,

Bir az nadinc, bir az kövrək,

Ayrılarkən ömrün gərək,

Əllərini sıxıb gedəm.


Ölümü gizlədib göz-qaş,

Geyindiyim ömür nimdaş,

Boynuma salınıb bir “daş”,

Çətin “suda” axıb gedəm.


Ömrə boyun əyməyirəm,

Qəm libasın geyməyirəm,

Ölüm gəlsə bilməyirəm,

Ha tərəfdən çıxıb gedəm.



30.05.1999
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə