Referat Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə əyani şöbənin üçüncü kurs tələbəsi Şərəfxanov Yadigar




Yüklə 209.88 Kb.
səhifə1/2
tarix22.02.2016
ölçüsü209.88 Kb.
  1   2
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Turizm İnstitutu


“Turizm işinin təşkili və idarə edilməsi” fakultəsi
“İctimai fənnlər” kafedrası

“Azərbaycan İncəsənəti” Fənnindən

“Müasir dövrdə Azərbaycan İncəsənəti”

mövzusunda

Referat

Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə əyani şöbənin üçüncü kurs tələbəsi Şərəfxanov Yadigar


Müəllim: Vüsalə Vəli qızı Məmmədova
Bakı – 2010

Plan


  1. Giriş.......................3




  1. Ədəbiyyat............6




  1. Musiqi...............10




  1. Teatr.........................14




  1. Kino...........................16




  1. Təsviri sənət..............17




  1. Memarlıq...................21




  1. Xalçaçılıq..................25




  1. Nəticə........................26

Giriş


Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.

Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövgü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verəcəkdi. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir.

Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.

Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.

Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.

Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin bir qolu olan xalça sənətinin də nə qədər qədim tarixə malik olduğunu göstərir.

Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir.

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər.

Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.

Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.

Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur.

Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.

Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.

Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır.

Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.

Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.

Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.

Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.

Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində daim səy göstəriblər və qismən də olsa buna nail olublar. Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və kinorejiisor R.İbrahimbəyovun "Oskar" mükafatına layiq görülməsi və ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani sübutdur.

Ədəbiyyat

Bolşevik Rusiyası qırmızı imperiyanın cənub sərhədlərində, İran və Türkiyə kimi müsəlman ölkələrinin bilavasitə qonşuluğunda müstəqil Azərbaycan dövlətinin tarix səhnəsinə çıxmağına biganə qala bilməzdi. Bu səbəbdən də işğalçı XI qırmızı ordunun zərbələrinə davam gətirə bilməyən Azərbaycanın ilk demokratik hökuməti süqut etdi. Ölkədə sovet hakimiyyəti quruldu Heç şübhəsiz, "proletar diktaturası" və "kommunizm cənnəti" pərdəsi arxasındakı əsil həqiqəti C.Məmmədquluzadə və Hüseyn Cavid vaxtında görmüş, onun mürtəce antiazərbaycan mahiyyətini başa düşmüşdülər.

30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur. Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar "yuxarı"dan verilmiş sərt və amansız "xüsusi" tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.

O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, parlaq istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının ilk (və son) himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları... Sürgündə və məhbəsdə həlak olmuş Y.V.Çəmənzəminlidən və H.Caviddən başqa bu yaradıcı ziyalıların hamısı güllələnmişdi. Qatillər öz qurbanlarının yaşına fərq qoymadan onları tələm-tələsik mühakimə və edam edirdilər. Qurani-Kərimin Azərbaycan dilinə ilk tərcüməçilərindən olan Bakı qazisi Mir Məhəmməd Kazım ağanı 83 yaşında, M.Müşfiqi isə 29 yaşında güllələmişdilər. Mikayıl Müşfiq (1908-1937) mürəkkəb və ziddiyyətli ictimai quruluş şəraitində milli poeziyanı "Oxu, tar!" qəbilindən olan ölməz əsərlərlə zənginləşdirmişdir. Şairə dünya poeziyası təcrübəsində ən qısa bir vaxt ərzində (cəmi 10 il) yazıb-yaratmaq nəsib olmuşdur. Lakin bu qısa müddətdə nəşr etdirdiyi əsərlər ədəbiyyatda silinməz izlər buraxmışdır. Çoşğun hiss və duyğular, zəmanəsinə meydan oxuyan romantik ovqat, rəvan və oynaq dil Müşfiq sənətinin bədii dəyərini, uzunömürlülüyünü təmin edən yaradıcılıq xüsusiyyətləridir.

XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda - Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.

Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur. Bu müəlliflərin arasında Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümmülbanunun "Qafqaz günləri" romanı, A.İldırımın "Qara dastan" şeirlər toplusu, Ə.Hüseynzadənin "Siyasəti-fürusət", M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyaları, C.Hacıbəylinin hekayələri, M.B.Məhəmmədzadənin publisistikası müəlliflərinə hörmət və ehtiramla Bakıda ayrıca kitablar şəklində nəşr edilmişdir.

Ədəbiyyatın sərt direktivlərdən asılı vəziyyətdə qalması, söz azadlığının dönə-dönə pozulması, ədəbiyyatın dövlət siyasətinə tabe edilməsi və s. neqativ hallar uzun illər boyu ədəbi-mədəni həyatda müəyyən məyusluğa, ruh düşkünlüyünə, durğunluğa səbəb oldu.

Amma bu dövrdə C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, O.Sarıvəlli, R.Rza kimi yüksək istedadlı və çox zaman ezop dili ilə ideoloji çərçivələrə təsir göstərən sənətkarlar da meydana çıxırdı ki, bunun özü də bütövlükdə ədəbiyyatın ictimai-siyasi şəraitdən mütləq asılılığı haqqında ifrat nəzəriyyələrin əleyhinə işləyən bir fakt idi. Vaxtilə "Qızıl qələmlər" birliyinin ideologiyası altında komsomol şairi kimi fəaliyyətə başlamış Süleyman Rüstəmin (1906-1989) əsil vətənpərvərlik ruhunda yazılmış "cənub şeirləri" silsiləsi, "Ana və poçtalyon" şeiri, saf məhəbbət duyğularının tərənnümünə həsr edilmiş qəzəlləri də bu qənaəti bir daha təsdiq etməkdədir. Qəzəlin rəsmi dairələrdə vaxtı keçmiş, məhdud janr hesab edildiyi o illərdə görkəmli şair Əliağa Vahidin (1895-1965) dərin mənalarla zəngin olan zərif qəzəllərini də məhz xalqın məhəbbəti yaşatmışdı.

Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Onun Azərbaycan Atabəylər dövləti və həmin dövrdə yaşamış ən böyük sənətkarımız Nizami Gəncəvi haqqında yazdığı "Qılınc və qələm", eləcə də cənubdakı azadlıq hərəkatına həsr edilmiş "Dumanlı Təbriz" romanları bu gün də öz tarixi-estetik əhəmiyyətini itirməmişdir. Təxminən eyni dövrün nəsrində "İki od arasında" ("Qan içində"), "Qızlar bulağı" kimi romanların müəllifi Y.V.Çəmənzəminlinin, "Şamo" epopeyası və "Saçlı" romanının müəllifi Süleyman Rəhimovun (1900-1983), "Açıq kitab" romanı və lakonik hekayələr yazarı Mir Cəlalın (1908-1978), "Dostluq qalası" epopeyası və "Yoxuşlar" romanlarının müəllifi Əbülhəsən Ələkbərzadənin (1904-1986), "Gələcək gün" və "Pərvanə" romanlarının müəllifi Mirzə İbrahimovun (1911-1993) da xüsusi xidmətləri qeyd olunmalıdır.

Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və b. adı ilə sıx bağlıdır. Hüseyn Cavid (1882-1941) 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını həm janr, həm də məzmunca zənginləşdirmiş qüdrətli dramaturq və şairdir. Onun əsərləri ilə ədəbiyyatımızn mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza bəşəri konfliktlər və dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı parlaq xarakterlər gəlmişdir. "Ana", "Şeyx Sənan" və "İblis" əsərləri ilə dramaturq ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoymuşqdur. Sovet dövründə ədibin dramaturji yaradıcılığı "Peyğəmbər" (1922), "Topal Teymur" (1925), "Knyaz" (1929), "Səyavuş" (1933), "Xəyyam" (1935), "İblisin intiqamı" (1936) pyesləri, "Azər" (1923-1932) poeması ilə daha da zənginləşdi.

Cəfər Cabbarlı (1899-1934) M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyanın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almas" əsərlərindəki problem və qəhrəmanlarla zənginləşdirmişdir.

Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun "Azərbaycan" şeirinə, "Aygün", "Muğan" kimi epik poemalarına, "Vaqif", "İnsan" mənzum dramlarına borcludur. Sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq Azərbaycan xalqının milli özünüdərki prosesində "Vaqif"in oynadığı rolu ancaq dahi Üzeyir Hacıbəyovun "Koroğlu" operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.

Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Novator şair olan R.Rzanın poeziyası fəlsəfi lirizmi, fikir və emosiyaların canlılığı, orijinal poetik obrazları ilə seçilir. Onun "Rənglər" silsiləsindən fələsfi şeirləri, "Füzuli", "Qızılgül olmayaydı" və b. lirik poemaları Azərbaycan poeziyasının ən yaxşı örnəklərindəndir.

Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın "Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında" (1925) qətnaməsini, "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" (1932) ÜİK(b)P MK-nın qərarını, "Zvezda" və "Leninqrad" jurnalları haqqında" (1948) qərarını Azərbaycan KP MK-nın "Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" (1948) qərarını Sov.İKP MK-nın "Ədəbi-bədii tənqid haqqında" (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. "Zvezda" və "Leninqrad" jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da "konfliktsizlik" üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.

Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi ("Sən həmişə mənimləsən", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Büllur sarayda", "Xurşidbanu Natəvan" və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, "İlyas Əfəndiyev teatrı" bərqərar olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.

60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun "Dəli Kür" romanını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu sənətkarlar da sələfləri kimi bir çox hallarda simvollardan, ezop dilindən istifadə edirdilər. Ancaq bu prosesin özü artıq dönməz bir istiqamət almışdı və "sonun başlanğıcı" kimi qiymətləndirilə bilərdi. 60-cı illərə keçid hələ 40-50-ci illərdə və ondan da əvvəl ədəbiyyata gələn nəslin iştirakı ilə başlamış və davam etdirilmişdi. Bu baxımdan novator sənətkar Rəsul Rzanın (1910-1981) bir çox əsərləri, xüsusən də "Qızılgül olmayaydı" və "Rənglər" ümumi başlığı altında məşhur olan şeirlər silsiləsi, "Sarı dana", "Kefli İskəndər", "Mən torpağam" qəbilindən olan əsərləri ilk örnəklərdən sayılmalıdır. Görkəmli nasir, dramaturq və tənqidçi kimi məşhur olan Mehdi Hüseynin (1909-1965) "Yeraltı çaylar dənizə axır" romanı da eyni ovqatın həyati bədii obrazların taleləri əsasında inandırıcı təsvirinə söykənir. Bununla belə, 60-90-cı illərin ən mühüm ədəbi hadisəsi "60-cıların" yaradıcılıq aləminə gəlişi oldu. Məhz bu gəlişdən sonra ədəbiyyat öz ruhu, mahiyyəti ilə total hərbi rejimə qarşı gerçək bir mənəvi müxalifətə çevrildi və bu günün milli istiqlal və demokratiya hərəkatının fikri mənəvi cəhətdən hazırlanmasında fəal iştirak etdi.

Hər şeydən öncə, "60-cıların" insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada "insanşünaslıq" adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam "60-cıların" "insan" mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. Xüsusən onların povest və hekayələrində dövr, mənəvi gerçəklik "ictimai sistem və quruluş" kimi deyil, ondan daha öncə vicdani, etik səltənət kimi, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı "sovet adamı" anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi. Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar "60-cılar" ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.

Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat - 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.

Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin (1926) həmişə aktuallığı ilə seçilən şerləri, "Nəsimi" poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.

Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin - başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri milli mədəniyyətimizi zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.

Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Məmməd Araz (1933-2004), Fikrət Qoca (1935), Fikrət Sadıq (1930), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Sabir Rüstəmxanlı (1946), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), Arif Abdullazadə (1940-2002), Hüseyn Kürdoğlu (1934-2003), İlyas Tapdıq (1934), Musa Yaqub (1937), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Zəlimxan Yaqub (1950), Ramiz Rövşən (1946) və b. şairlər seçilirlər.

Əkrəm Əylisli (1937) 60-cı illərdə milli nəsrin yeni obraz axtarışlarını gerçəkləşdirən ilk yazıçılardan biridir. Onun lirik ovqatla qələmə aldığı "Mənim nəğməkar bibim" (1966) povesti, "Kür qırağının meşələri", "Büllur külqabının nağılı" kimi əsərlərində real həyata və insanlara səmimi yanaşmanın şahidi oluruq.

Yeni Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən biri də Anardır (1938). Anar nəsrinin ilk orijinal və uğurlu örnəklərindən biri "Ağ liman" (1967) povestidir. Anar həm də görkəmli dramaturq və kino ssenariçi kimi tanınır.

Musiqi

XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.



Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun "Arşın mal alan" musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstambul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir. SSRİ-nin xalq artisti R.Behbudov xalq və bəstəkar mahnılarının, F.Əmirovun "Sevil" operasından Balaş rolunun əvəzsiz ifaçısı idi. O, həm də "Mahnı" teatrının yaradıcısı və rəhbəri olmuşdur.

Hacıbəyovun digər məşhur operettası "O olmasın bu olsun" 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmışdır.

XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə Azərbaycan Dövlət Konservatoriyası (1921), yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.

20-ci illərdə R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" (tamaşası 1927) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.

Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan "Koroğlu"nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov "Koroğlu" operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. "Koroğlu" operasında xalqın obrazını əks etdirən monumental xalq səhnələri, əsas qəhrəmanların çoxcəhətli xasiyyətnamələri üzvi şəkildə əsərin dramturji xəttinə hörülmüşdür. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O, bu rolu 400 dəfədən artıq ifa etmişdir.

20-40-cı illərdə yeni bəstəkarlar nəsli - S.Rüstəmov, Ə. Bədəlbəyli, A.Zeynallı, Niyazi, Q.Qarayev, F.Əmirov, S.Hajıbəyov, J.Hajıyev və b. yaradıjılıq yoluna qədəm qoyur.

30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov "Təntənəli marş", M.Maqomayev "Azərbaycan çöllərində", "Azad qadının rəqsi", "Azərbaycan radio marşı RV-8"), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.

1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin "Vətən" (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin "Xosrov və Şirin" (1942) operası, Ü.Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.

Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.

Q.Qarayevin "Yeddi gözəl" baleti (1952, Nizaminin eyni adlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. "Yeddi gözəl" ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır.

1958 ildə Q.Qarayevin "İldırımlı yollarla" (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş, musiqi həllinə görə özgün tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir.

S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən "Gülşən" (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun "Gözün aydın" (1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları bu janrın örnəkləridir.

50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.

C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.

C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir ("Arazın o tayında" 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; "Füzuli" kantatası). "Arazın o tayında" vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti [A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı] yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956 ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir.

60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.

Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun "Məhəbbət əfsanəsi" (1961), F.Əmirovun "Nəsimi haqqında dastan" (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.

Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurlar.

Xalq artistləri R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatlarıdır. Bəstəkarlarımızın əsərlərini dinləyiciyə, tamaşaçıya çatdırmaqda, onları təbliğ etməkdə hal-hazırda fəaliyyətdə olan dirijorlarımızın - R.Abdullayevin, C.Cəfərovun, Y.Adıgözəlovun, T.Göyçayevin, G.İmanovanın, R.Mustafayevin, N.Əzimovun və b. əməyi göstərilməlidir.

Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanənədələrdən xalq artistləri X.Şuşuinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.

Azərbaycan estrada və caz musiqisi də uğurla inkişaf edir. T.Quliyev, R.Hacıyev 1941-ci ildə yaranmış Azərbaycan Dövlət caz Orkestri (bədii rəhbəri Niyazi, musiqi rəhbəri T.Quliyev) üçün əsərlər bəstələyirdilər. P.Rüstəmbəyov (saksafon), A.Bünyadzadə, D.Bağırbəyova və b. orkestrin ilk ifaçıları olmuşlar. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (bədii rəhbəri R.Hacıyev), 1957-ci ildə "Biz Bakıdanıq" estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri (bədii rəhbəri və dirijoru T.Əhmədov), 60-cı illərdə "Qaya" kvarteti (sonralar vokal-instrumental ansamlı, bədii rəhbəri əməkdar artisti T.Mirzəyev), 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (bədii rəhbər və solist R.Behbudov), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (solisti və bədii rəhbəri M.Maqomayev) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.

Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.

Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi "Sevil" və "Muğam" ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür. R.Babayev, V.Sadıqov, A.Hüseynov, C.Zeynallı, Ə.Mustafazadə və başqa caz ifaçıları da tanınmışlar.

Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir.

Bunların sırasında V.Adıgözəlovun "Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999) oratoriyaları, T.Bakıxanovun "Qarabağ harayı" (2001) simfoniyası, A.Əlizadənin "Ana torpaq" (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin "Haqq səninlədir, Azərbaycan" (1992) kantatası, H.Xanməmmədovun "Əlimdə sazım ağlar" xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın "Vətən şəhidləri" (1990) kantatası, tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999) və b. xüsusi yer tutur.

2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında "Qafqaza səyahət" baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun "Xeyir və şər" (1990) birpərdəli baleti (1990), H.Məmmədovun "Şeyx Sənan", O.Zülfüqarovun "Əlibaba və 40 quldur" (1990) baleti yazılmışdır.

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir.

A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norvecdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun ("Çanaqqala" oratoriyası), Kiprdə T.Bakıxanovun ("Güzey Kipr fəsilləri", "Güzey Kipr süitası") və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin ("Xütbə, Muğam, Surə", "Babil qiyaməti" 2000), F.Əlizadənin ("İlğım"), R.Həsənovanın ("Səma") əsərləri ifa edilmişdir. "İpək yolu" layihəsində F.Əlizadə ("Dərviş"), və C.Quliyevin ("Karvan") iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin ("Zamana səyahət" simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına ("Qoy dünyada sülh olsun" oratoriyası) layiq görülmüşdür.

1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo - 2000" Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.

2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş "Xan qızı Natəvan" (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.

2006-cı ildə Bakıda dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Şostakoviç Festivalı keçirilmişdir. Festival dahi rus bəstəkarının anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. 2007-ci ildə İtaliyada «Vela festival» «Klassik Ariano» festivalında Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və diricor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. 2007-ci ildə Bakıda Vokalçıların Bülbül adına Dördüncü Beynəlxalq Müsabiqəsi keçirilmişdir.

Teatr sənəti

1920-ci ildə Azərbaycan Demokratik Cumhuriyyəti xaincəsinə dağıdıldıqdan sonra Azərbaycan XKS-nın 1920 il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradıldı. Burada Bakıda fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918 ildə yanmış keçmiş Tağıyev teatrının binası respublika hökumətinin qərarı ilə bərpa olundu. 1922 ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil teatra çevrildi. Həmin il yanvarın 17-də M.F.Axundovun "Hacı Qara" komediyasının yeni quruluşdakı tamaşası ilə Azərbaycan Dövlət Dram Teatrının (1933 ildən M.Əzizbəyov ad.) təntənəli açılışı oldu. Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov kimi realist-demokrat yazıcıların fəaliyyəti, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev və C.Cabbarlının, başqa görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində mühüm rol oynamışdır.

XX əsrin 20-ci illərində teatrın repertuarı formalist və vulqar-sosioloji axınlara qarşı kəskin mübarizə şəraitində yaradıldı. Teatrın qarşısında duran əsas problemlərdən biri tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək idi. Tərcümə pyesləri, eləcə də Azərbaycan dramaturqlarının əsərləri, özəllikcə C.Cabbarlının pyesləri teatrın repertuarını zənginləşdirdi. Bu illərdə "Ölülər" (C.Məmmədquluzadə), "Laçın yuvası" (S.S.Axundov), "Şeyx Sənan", "Knyaz" (H.Cavid), "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Müfəttiş" (N.V.Qoqol), "Həyatın dibində" (M.Qorki), "Qaçqınlar" (F.Şiller), "Otello" (V.Şekspir), "Zaqmuk" (A.M.Qlebov), "Lyubov Yarovaya" (K.A.Trenyov), "Gülən adam" (V.Hüqo) və s. əsərlər tamaşaya qoyulmuşdu.

Yeni forma axtarışları ilə bağlı, teatrın bəzi uğursuz tamaşaları da olmuşdur. Ancaq bunlar realist sənət yolu ilə irəliləyən teatrın ümumi inkişafına ciddi təsir göstərə bilməmişdi. 20 illərdən teatrda aktyorlardan A.M.Şərifzadə, Ü.Rəcəb, M.A.Əliyev, S.Ruhulla, M.Davudova, İ.Hidayətzadə, R.Təhmasib, K.Ziya, M.Mərdanov, M.Vəlixanlı, Ə.Qurbanov, S.Hacıyeva, Ə.Məmmədova, M.Sənani, Q.Topuriya, M.Yermakova (Məxfurə xanım) rej.A.Tuqanov, Bakı Teatr Texnikumunun ilk məzunlarından F.Qədiri, R.Əfqanlı, İ.Dağıstanlı və b. fəaliyyət göstərirdilər. 1935-1941-ci illər Azərbaycan Dövlət Dram teatrının yetkinləşmə dövrüdür. Bu dövrdə teatr müasir mövzuda "Həyat" (1937, M.İbrahimov), "Toy" (1939, S.Rəhman) pyeslərini, "Vaqif", "Xanlar" (1938, 1939, S.Vurğun), "Qaçaq Nəbi" (1940, S.Rüstəm) tarixi qəhrəmanlıq dramlarını göstərdi.

1949-cu ildə Azərbaycan teatrının 75 illik yubileyi təntənə ilə qeyd edildi. O vaxtkı SSRİ Ali Sovetinin Fərmanı ilə teatr Qırmızı əmək Bayrağı Ordeni ilə təltif edildi. S.Ruhulla, M.Əmirov, M.Davudova SSRİ xalq artisti adına layiq görüldülər.

1948-ci ildə rejissor A.İskəndərov, aktyorlar M.A.Əliyev, M.Davudova, S.Ruhulla, R.Əfqanlı, K.Ziya, İ.Dağıstanlı, rəssam N.Fətullayev "Şərqin səhəri" (Ə.Məmmədxanlı) tamaşasına görə SSRİ Dövlət mükafatına layiq görüldülər. Həmin il teatrın Moskvada qastrol çıxışları uğurla keçdi.

Teatr 1959-cu il may ayının 22-dən 31-nə kimi Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edib "Almas", "Otello", "Fərhad və Şirin", "İliç buxtası" tamaşalarını oynadı.

1955-60-cı illərdə teatrda klassik və müasir mövzuda bir sıra maraqlı tamaşa hazırlanmışdı: "Göz həkimi" (1955, İ. Səfərli), "Əliqulu evlənir", "Yalan" (1960, 1965, S. Rəhman), "Alov" (1961, M. Hüseyn), "Kəndçi qızı", "Közərən ocaqlar" (1962, 1967, M. İbrahimov), "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" (1964, 1968, 1969, İ. Əfəndiyev), "Ölülər" (1966, C. Məmmədquluzadə", "Sənsiz" (1967, Ş. Qurbanov), "İkinci səs" (1969, B. Vahabzadə, və s. Bu illərdə teatrda Azərbaycan və xarici ölkə dramaturqlarının bir sıra əsərləri uğurla tamaşaya qoyulmuşdur: "Şeyx Sənan" (1956, H. Cavid), "Cavanşir" (1957, M. Hüseyn), "Pəri cadu" (1957, Ə. Haqverdiyev), "Qəribə adam" (1957, N. Hikmət), "Vanya dayı" (1959, A.P. Çexov), "Mariya Tüdor" (1962, V. Hüqo), "Antonii və Kleopatra" (1964, V. Şekspir), "Köç" (1964, C.F. Başkut), "Orlean qızı" (1965, F. Şiller), "Nakam qız" (1968, A. Şirvanzadə), "Canlı meyit" (1968, L.N. Tolstoy) və s. Teatr 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə "Otello" (V. Şekspir), "Almas" (C. Cabbarlı), "Fərhad və Şirin" (S. Vurğun) və s. tamaşalar göstərmişdir.

1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında hamilik edən respublikamızın başçısı Heydər Əlirza oğlu Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.

1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın birinci katibi H.Ə.Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə "Gülüstan" sarayındakı ziyafətdə də H.Ə.Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi. O vaxt neçə-neçə sənətçi təzə mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü, mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. 1974-cü il 27 iyundan 10 iyula kimi teatr Moskvada qastrolda oldu. Lenin ordeni ilə təltif edildi. S.Vurğuun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşalarını göstərdilər.

80-ci illərin tamaşaları mövzu rəngarəngliyi, maraqlı aktyor oyunu və rejissor işi ilə diqqəti cəlb edir. Bu illərin sonlarında teatrda xalq artistləri S.Bəşirzadə, A.Pənahova Ə.Qədirov, N.Məlikova, Y.Nuriyev, M.Sadıqova, Səyavuş Aslan, H.Turabov, əməkdar artistlər M.Avşarov, Z.Ağakişiyeva, A.Vəlixanlı, H.Qurbanov, R.Dadaşov, R.Əzimov, N.Əliyev, Ə.Əliyeva, B.Əsgərov, İ.Əhmədov, S.İbrahimova, H.İsmayılov, H.Mehbalıyeva, R.Məlikov, L.Məmmədbəyov, M.Mirzəyev, M.Novruzova, M.Sadıqov, K.Xudaverdiyev, M.Hacıbəyov, E.Haşımzadə, B.Cəfərova, rejissorlardan əməkdar incəsənət xadimləri A.Kazımov, M.Fərzəlibəyov, rəssamlardan Elçin (baş rəssam), İ.İsmayılov və b. fəaliyyət göstərirdilər. Teatrın yanında gənclər studiyası vardı. 1982 ildən kiçik səhnədə də tamaşalar göstərilirdi.

1988-ci ildən Azərbaycanda baş verən iqtisadi, ictimai siyasi vəziyyət teatr sənətinə də mənfi təsir göstərdi. Ermənilər respublikamızda görünməmiş faciələr törətdilər; xarici havadarlarına söykənib torpaqlarımızı işğal etdilər. Günahsız dinc əhalini qırdılar; Xocalı soyqırımı törətdilər. 1990-cı ilin 20 yanvar faciəsinə səbəb oldular. Kütləvi talanlar edib, xalqımızın milli mədəniyyət abidələrini uçurub dağıtdılar. Ən yaxşı sənət əsərlərimizi xarici ölkələrə aparıb öz adlarına çıxdılar.

Ölkəmizin ayrı-ayrı müttəfiq respublikalarla iqtisadi əməkdaşlığı, ideoloji və mədəni əlaqələri zəiflədi. Azərbaycanın iqtisadi-siyasi həyatında söküklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi aparxiya talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi.

Kino sənəti

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi.

1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.

Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.

AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlanır.

Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birqə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.

XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft mədənlərində yanğın" (1923) "Nəriman Nərimanovun dəfni" (1925), "M.Frunzenin Bakıya gəlməsi" (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.

Təsviri sənət


XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. "Molla Nəsrəddin" və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. "Molla Nəsrəddin" jurnalının rəssamları O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə və X.Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur "Yüz tip" rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə M.Ə.Sabirin "Hophopnamə" əsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu işlərindəndir.

Azərbaycan realist dəzgah boyakarlığının yaradıcılarından biri olan B.Kəngərlinin yaratdığı "İlanlı dağ Ay işığında", "Günəş batarkən", "Bahar" mənzərələri, "Qaçqınlar" silsiləsinə daxil olan yurdsuz insanların portretləri, "Elçilik", "Toy" kimi məişət kompozisiyaları, eləcə də 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuş "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev) və b. səhnə əsərlərinə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan rəssamlığının dəyərli örnəklərindəndir.

Bakıda "İstiqlal" dövlət muzeyi təsis olunur (1919), milli rəmzlər - dövlət gerbi və bayrağı yaranır, tarixi sənət abidələrinin qorunması və bərpası ilə əlaqədar tədbirlər həyata keçirilir. Milli təfəkkürün carçısı sayılan "Fyüzat" jurnalının naşiri görkəmli filosof, jurnalist və rəssam Əlibəy Hüseynzadə "Bibiheybət" məscidi, "Şeyxülislamın portreti" kimi əsərlərini yaradır.

Azərbaycanda 1920-ci ildə kommunist rejiminin 70 illik hökmranlığı bərqərar oldu. Respublikada mədəni quruculuq və yeni tipli incəsənətin təşəkkülü prosesi başlandı. Bakıda ilk rəssamlıq məktəbi açıldı (1920), təsviri sənətin yeni növ və janraları yarandı.

30 illərdə qrafika sahəsində Ə.Əzimzadə ilə yanaşı Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev, M.A.Vlasov, K.Kazımzadə, Ə.Məmmədov və b. rəssamlar da fəaliyyət göstərir, Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkir, müxtəlif aktual mövzularda siyasi plakatlar yaradırdılar. Müasir dəzgah boyakarlığının təşəkkülü 20-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların fəaliyyəti ilə bağlı olmuşdur. 1928-ci ildə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin ilk yaradıcılıq sərgisi, 30-cu illərdə Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və Moskvada nümayiş etdirilən ilk rəssamlıq sərgilərində S.Salamzadə, Q.Xalıqov, Ə.Rzaquliyev və b. müasir mövzulara həsr etdikləri tablolar mühüm yer tuturdu. 1932-ci ildə Azərbaycan rəssamlarının təşkilat komitəsi yaradıldı. Boyakarlıq sahəsində bir sıra uğurlar qazanıldı. S.Şərifzadənin "Üzüm yığımı", H.Haqverdiyevin "Ə.Əzimzadənin portreti", Q.Xalıqovun "Nizami Gəncəvinin portreti", M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev, S.Bəhlulzadə və K.Xanlarovun məişət və tarixi tabloları, kalorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb edir.

Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 20-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İ.Quliyev, eləcə də Azərbaycanda yaşayan S.D.Erzya, Y.R.Tripolskaya, P.V.Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda M.Ə.Sabirin, M.F.Axundzadənin və b. abidələri qoyulmuş, dekorativ heykəllər, portret və büstlər yaradılmışdır. 30-cu illərdə sovet heykəltəraşlığının banilərindən olan F.Əbdürrəhmanov Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin büst portretlərini (Ə.Haqverdiyev, M.F.Axundzadə, Ü.Hacıbəyov, A.Zeynallı və b.) və ilk monumental əsəri olan "Füzuli" heykəlini (1939, Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Heykəltəraş C.Qaryağdının dekorativ heykəl və portretləri, M.P.Vaqifin heykəli (1939-40, Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyinin lociyasında) XX əsr Azərbaycan heykəltəraşlığının qiymətli nümunələrindəndir.

1940 ildə Azərbaycan rəssamlarının 1-ci qurultayı keçirildi.

Müharibədən sonra, 50 illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. Bunun inkişafında keçirilən sərgilərin mühüm rolu olmuşdur.

SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur. Rəssamın "Axşam", "Mingəçevir işıqları", "Azərbaycan çöllərində" (triptix), "Sevinc" və s. əsərlərində əmək adamları məişət səhnələri lirik səpkidə verilmişdir. "Hindistan silsiləsi"nə görə M.Abdullayev beynəlxalq Nehru mükafatına (1970) layiq görülmüşdür. Xalq rəssamının çoxillik yaradıcılıq fəaliyyəti "Şöhrət" (1997), "İstiqlal" ordenləri ilə qiymətləndirilmişdir.

SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü xalq rəssamı T.Salahovun "Növbədən qayıdanlar", "Səhər qatarı", "Abşeron qadınları", "Yeni dəniz" tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn polad adaların əzəməti duyulur. T.Salahovun yaratdığı "Bəstəkar Qara Qarayevin portreti" əsəri portret sənətinin klassik nümunələrindəndir.

Rəssamın xarici ölkələrin həyatına həst etdiyi lövhələri, mənzərə və natürmotları, "Bəstəkar Şostakoviçin portreti" müasir Azərbaycan boyakarlığının ən yaxşı əsərləri sırasına daxildir. Rəssam Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portretini ilhamla yaratmışdır. Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə T.Salahov "İstiqlal" orleni ilə təltif olunmuşdur.

Orijinal və bənzərsiz yaradıcılığa malik T.Nərimanbəyovun əsərlərində doğma yurdun təbiəti, müasirlərinin obrazı əlvan dekorativ boyalarla təsvir edilir. Rəssamın "Səadət", "Sevinc", "Torpağın bərəkəti", "Bazar" və s. tabloları natürmort və mənzərələri nikbinlik motivləri ilə səciyyələnir. Onun improvizasiya məharəti "Parisi xatırlayarkən", "Bethoven dünyası" tablolarında, səhnə dekorlarında aydın nəzərə çarpır. T.Nərimanbəyovun milli və beynəlmiləl ənənələrin sintezinə əsaslanan yaradıcılığı dünya şöhrəti qazanmışdır. N.Əbdürrəhmanovun "Çəltik becərənlər", "Dağlarda qürub çağı", A.Cəfərovun "Sabahın düşüncələri", "Həyat", "Mənim Azərbaycanım" tabloları Azərbaycan təbiətini canlandıran lirik mənzərələr, sənət xadimləri - şair "Əlağa Vahid"in, bəstəkar A.Məlikovun portretləri kalorit zənginliyi ilə diqqəti cəlb edir.

B.Mirzəzadənin yaradıcılığında əmək adamlarının, mədəniyyət və incəsənət xadimlərinin (müğənni Z.Xanlarova, rej. Ş.Bədəlbəyli) portretləri, mənzərə və natürmortlar mühüm yer tutur. Əmək, sənaye mövzuları, B.Əliyev, L.Feyzullayev, Ə.Məmmədov, Ə.Verdiyev və b. tablolarında öz əksini tapmışdır. X.Səfərova, H.Məmmədov, Q.Seyfullayev, Əbdülxalıq, A.Abdullayev, H.Haqverdiyev, D.Kazımov, C.Rüstəmov, K.Xanlarov, T.Şıxəliyev, A.Mehdiyev, M.Abbasov, F.Ağayev, S.Manafova və b. yaradıcılığında zəhmət adamlarına və məişət səhnələrinə, E.Rzaquliyev, V.Nərimanbəyov, T.Sadıqzadə, Ə.Hüsenyov, K.Nəcəfzadə və b. əsərlərində Azərbaycan xalqının tarixi keçmişi, adət və ənənələri, müharibə, sülh mövzularına geniş yer verilmişdir. Portret janrında S.Salamzadə, T.Tağıyev, V.Səmədova, Ş.Şərifzadə, O.Sadıqzadə, Nəcəfqulu, A.Kərimov, G.Mustafayeva, O.Ağababayev, H.Zeynalov, H.Kərimov, S.Məmmədov, Ç.Fərzəliyev və b. xüsusilə fərqlənmişlər.

Azərbaycan təbiətinin gözəllikləri xalq rəssamı S.Bəhlulzadənin "Qız bənövşəyə gedən yol", "Doğma düzənliklər", "Torpağın həsrəti", "Kəpəzin göz yaşları" və s. tablolarında öz əksini tapmışdır. N.Qasımov, K.Xanlarov, M.Tağıyev, S.Haqverdiyev, T.Cavadov, F.Xəlilov, B.Maratlı, N.Rzayev, Ə.Əsgərov, U.Haqverdiyev və b. rəssamlar mənzərə janrında orijinal tablolar yaratmışlar.

Həyatın gözəlliyini, fəlsəfi mənasını dərk etmək baxımından F.Xəlilovun Abşeron təbiətinə həsr olunan tabloları müasirliyin ritm və intonasiyaları ilə səciyyələnir.

C.Mircavadov, N.Rəhmanov, K.Əhmədov, Q.Yunusov, S.Veysov, A.İbrahimov, İ.Məmmədov, S.Mirzəzadə, F.Haşımov, F.Qulamov, A.Səmədov və b. əsərlərində Azərbaycan mifoloji təsəvvürləri ilə müasir boyakarlıq axtarışları uzlaşmışdır.

Teatr-dekorasiya sənətinin inkişafı Azərbaycan opera, balet, dram və musiqili komediya tamaşalarının səhnə təcəssümü ilə bağlıdır. Ə.Əzimzadənin bir sıra teatr tamaşalarına çəkdiyi geyim eksizləri, Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılırandan biri olan R.Mustafayevin 1920-30-cu illərdə "Ölülər" (C.Məmmədquluzadə), "Üsyan" (D.Furmanov), "Dəmirçi Gavə" (Ş.Sami), "Sevil", "Od gəlini", "1905-ci ildə" (C.Cabbarlı), "Şeyx Sənan" (H.Cavid), "Dağılan tifaq" (Ə.Haqverdiyev), "Şah İsmayıl" (M.Maqomayev), "Arşın mal alan", "Leyli və Məcnun", "Koroğlu" (Ü.Hacıbəyov), "Aşıq Qərib" (Z.Hacıbəyov), "Sonalar gölü" (P.Çaykovski) və s. dram, opera və balet tamaşalarına verdiyi bədii tərtibat Azərbaycan teatr-dekorasiya sənətinin inkişafında mühüm yer tutmuşdur. Teatr rəssamlığı sahəsində fəaliyyət göstərən rəssamlardan İ.Seyidovanın "Leyli və Məcnun" (Ü.Hacıbəyov), "Sevil" (F.Əmirov), Ə.Fətəliyevin "Koroğlu" (Ü.Hacıbəyov), "İnsanın taleyi" (İ.İ.Dzerjinski), "Bahadır və Sona" (S.Ələsgərov) operalarına, Ə.Almaszadənin "Gülşən" (S.Hacıbəyov), "Qaraca qız" (Ə.Abbasov) baletlərinə, N.Fətullayevin "Şərqin səhəri" (Ə.Məmmədxanlı), "Otello" (V.Şekspir), "Vaqif" (S.Vurğun), "Mahnı dağlarda qaldı" (İ.Əfəndiyev), İ.Axundovun "Solğun çiçəklər" (C.Cabbarlı), "Şeyx Sənan" (H.Cavid), S.Şərifzadənin "Cavanşir" (M.Hüseyn), "Kəndçi qızı" (M.İbrahimov) və s. dram tamaşalarına verdikləri bədii tərtibatlar xüsusilə diqqəti cəlb edir.

1960-cı illərdən başlayaraq səhnə tərtibatı sahəsində yenilik meylləri güclənir, rəssamlar şərtiliyə, lakonik və rəmzi təsvir vasitələrinə xüsusi əhəmiyyət verirlər. Bu sahədə ilk uğurlu addım atan T.Salahov "Antoni və Kleopatra", "Hamlet" (V.Şekspir), "Aydın" (C.Cabbarılı) pyeslərinin, xüsusilə "Koroğlu" operasının (Ə.Fətəliyevlə birgə) tamaşasına verdiyi bədii tərtibatda aydın konstruksiyalı, əzəmətli dekorlar yaratmışdır. M.Abdullayev "Leyli və Məcnun", "Koroğlu" (Ü.Hacıbəyov) operalarının və "Çitra" (Niyazi) baletinin tərtibatını şux və əlvan boyalarla həll etmişdir. T.Nərimanbəyovun "Qobustan kölgələri" (F.Qarayev), "Yeddi gözəl" (Q.Qarayev), "Nəsimi dastanı", "1001 gecə" (F.Əmirov) baletlərinin tamaşaları romantik üslub tərtibi ilə fərqlənir. Teatr-dekorasiya sənətinin inkişafında B.Əfqanlı, H.Mustafayev, S.M.Fefimenko, Y.A.Toropov, Ə.Abbasov, E.Aslanov, B.Əfəndiyev, M.Əliyev, A.Seyidov, E.Məmmədov, S.Haqverdiyeva, F.Əhmədov, Q.Məmmədov, F.Ə.Xəlilov, F.Qafarov və digər rəssamların, kino sahəsində C.Əzimov, K.Nəcəfzadə, N.Zeynalov, F.Bağırov, R.İsmayılov, M.Ağabəyov, N.Bəykişiyev və b. mühüm xidmətləri olmuşdur.

İkinci dünya müharibəsindən sonra Azərbaycanda monumental və dəzgah heykəltəraşlığı yeni inkişaf mərhələsinə qədəm qoydu. N.Gəncəvinin Gəncədə (1946; SSRİ Dövlət mükafatı, 1947) və Bakıda (1949) abidələri SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü F.Əbdürrəhmanovun yaradıcılığında mühüm mərhələ idi. Onun Bakıda qoyulmuş "Azad qadın" heykəli (1960), S.Vurğunun (1961), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1973), Düşənbədə şair Rudəkinin (1964, SSRİ Rəssamlıq Akademiyasının Qızıl medalı) abidələri, Azərbaycan monumental heykəltəraşlığının uğurlu nümunələrindəndir. Monumental heykəltəraşlıq ustası SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü P.V.Sabsay əmək adamlarının, elm və mədəniyyət xadimlərinin ("Neftçi M.P.Kaveroçkin", "Rəssam S.Bəhlulzadə", "Neftçi Babayev", "Yazıçı S.Rəimov", S.Vurğunun mənzil-muzeyi üçün monumetal portreti və s.) portretlər qalereyasını yaratmışdır. "A.S.Puşkinin portreti" ("Elegiya") heykəltəraşın ən kamil əsərlərindəndir.

C.Qaryağdının monumental-dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. M.Ə.Sabirin (1958), N.Nərimanovun (1972) heykəlləri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general H.Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir.

SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ö.Eldarov və SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü T.Məmmədovun birgə yaratdıqları "Füzuli" abidəsi (1962, Bakı) kamil, plastik sənət əsərlərindəndir. T.Məmmədovun Ü.Hacıbəyov (1962), M.Əzizbəyov (1977), Nəisimi (1979; İ.Zeynalovla birgə) və s. monumental abidələri Azərbaycan heykəltəraşlığının ən yaxşı nümunələrindəndir.

Ö.Eldarov, "X.Natəvan" (1960), "M.Maqomayev" (1987), H.B.Zərdabi (1973; Zərdab), "77-ci Azərbaycan diviziyasına" (1975, Sapun-Qora, Sevastopol) və Bakıda romantik şair "H.Cavid" (1993-?) abidələrində heykəltəraşlıqla memarlığın sintezinə nail olmuşdur. Onun "Neftçilər" (1963), "S.Bəhlulzadənin portreti" (1966), "Ömrün dörd çağı" (1974) kimi kompozisiya və portretlər üçün obrazların yığcamlığı və milli koloriti səciyyəvidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanda qoyulmuş abidə-büstü, görkəmli alim, göz həkimi Zərifə Əliyevanın xatirəsini əbədiləşdirən "Ellegiya" (1997) adlı mərmər kompozisiyası, türk alimi İ.Doğramacının (2002) Bilkənd şəhərində qoyulmuş abidəsi Ö.Eldarovun yeni yaradıcılıq uğurlarıdır. Azərbaycan heykəltəraşlığının inkişafında xidmətlərinə görə görkəmli sənətkar "İstiqlal" ordeni (1997) və Rusiya Federasiyasının "Dostoynomu" medalı (2002) ilə təltif olunmuşdur.

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin büstü (mənzilində), Bakının görümlü yerində qoyulmuş görkəmli dövlət xadimi və şair Şah İsmayıl Xətainin abidəsi (1993) monumental heykəltəraş İ.Zeynalovun təqdirəlayiq əsərlərindəndir. Müasir formalara meyl göstərən F.Nəcəfov "Analıq", "Qocaman həkim" - monumental heykəltəraş F.Salayev "S.Yesenin", A.Əsgərov "Akadademik Y.Məmmədəliyev", N.Əliyev "Ə.Vahid" kimi əsərləri ilə heykəltəraşlığın plastik forma rəngarəngliyini nümayiş etdirirlər. M.Mirqasımovun C.Məmmədquluzadə (1974; Naxçıvan), C.Cabbarlı (1982; Bakı) abidələri və "Uxuru" ("Azadlıq"), "Neftçi", "Xəzri" kimi lirik səpkili əsərləri Azərbaycan heykəltəraşlığının nailiyyətlərindəndir. Azərbaycan heykəltəraşları Bakıda Fəxri Xiyabanda dəfn olunan görkəmli ictimai və mədəniyyət xadimlərinin uğurlu xatirə kompozisiyaları ilə milli heykəltəraşlıq sənətinə qiymətli əsərlər vermişlər.

Son zamanlarda Daşkənd və Sankt-Peterburqda dahi Nizaminin (2002), Brüsseldə "Dədə Qorqud" (2004) abidələrinin qoyulması Azərbaycan heykəltəraşlığının yeni uğurlarıdır. İstedadlı qadın heykəltəraşları H.Abdullayeva, E.Hüseynova, M.Rzayeva, Z.Əliverdiyeva öz əsərlərində gənclik, gözəllik və ana mövzularını tərənnüm edirlər. E.Şamilov, Q.Sücəddinov, A.Mustafayev, F.Salayev, Ə.Salikov kimi heykəltəraşların monumental əsərlərində yenilik, milli ənənələr özünü göstərir. F.Nəcəfov, F.Bakıxanov, A.Qazıyev, M.Rüstəmov, K.Ələkbərov, Ə.Mirzəyev, M.Salahov, A.Rüstəmov, H.Musayev, V.Şərifov, G.Babayev, Ş.Şərifov, T. və E.Zeynalov qardaşları, A.Əsgərov, X.Əhmədov, Z.İsgəndərov, H.Haqverdiyev, S.Zakiri, N.Zeynalov və b. heykəltəraşlar monumental-dekorativ və portret əsərlərində yenilik, plastik formanın emosionallığı məsələlərinə xüsusi əhəmiyyət verirlər.

Azərbaycan qrafika sənətinin inkişafında mövzu, janr, bədii üslub rəngarəngliyi sahəsində axtarışlar həlledici yer tutur. Dəzgah qrafikası növlərində silsilə əsərlər yaradılmışdır. M.Rəhmanzadənin əmək və məişət mövzularına həsr etdiyi "Bizim Xəzərdə" (1953-60), "Sumqayıt-Rustavi" (1962), "Mənim bacılarım" (1965-82) linoqravüra və rəsm silsilələləri obrazların rəngarəngliyi, milli xüsusiyyətləri ilə fərqlənir. Bu keyfiyyətlər rəssamın Nizami, Füzuli, Heyran xanım, M.S.Ordubadi, Ə.Cəfərzadə və başqalarının əsərlərinə çəkdiyi illüstrasiyalar üçün də səciyyəvidir. Ə.Rzaquliyevin "Köhnə Bakı", "Xalçaçılar", R.Babayevin "Qobustan", "Xınalıq" linoqrvavüra silsilələri xalq məişətinin real lövhələri, ifadə yetkinliyi ilə səciyyələnir.

Y.Hüseynov kitab tərtibatı, dəzgah qrafikası və boyakarlıq sahələrində fəaliyyət göstərir. Onun "Xəzərin ənginliklərində" rəngli linoqravüra silsiləsi "Xınalıq", "Odlar yurdu", "Xəzər balıqçıları" əsərləri, Azərb. qrafika sənətinin uğurlarıdır.

Rəssamlardan A.Hacıyev, R.Mehdiyev, Ə.A.Məmmədov, E.Aslanov, C.Müfidzadə, N.Babayev, B.Hacıyeva və başqalarının linoqravüra, ofort və rəsm silsilələri, illüstrasiyaları, obrazların müasirliyi ilə fərqlənir. Orta nəslin nümayəndələri - A.Hüseynov, A.Rüstəmov, A.Ələsgərov, Ə.Səlimov, R.Hüseynovun yaradıcılığı orijinal rəsm və kompozisiya ahəngdarlığı, fərdi üslub rəngarəngliyi ilə xarakterikdir.

Memarlıq

XIX yüzil-XX yüzilin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş memar, bənna, usta, nəqqaş və memaralıq bəzəyi ustalarından Ustad Tağı (Şamaxı, memar; Şamaxı qəbiristanlığındakı "Yeddi günbəz" türbələr kompleksi, 1816-17), Hacı Məhərrəm (memar; Bakıdakı cümə məscidinin hasarları, 1822), Mirzə Qədim İrəvani (rəssam-nəqqaş; İrəvanda Sərdar Sarayının divar rəsmləri, 1850 illər), Süleyman (xəttat; Abşeronun Əmircan kəndindəki məscidin kitabəsi, XIX yüzil), Mirzə Mehdi (Gəncə, xəttat; indiki Goranboy rayonu Rəhimli kəndindəki qəbiristanlıqdakı türbənin daş kitabəsi, XIX yüzil, Zeynal və Rəcəb (memar; Abşeronun Bilgəh kəndində məscid, 1839), Zeynalabdin (Bakı, memar; Abşeronun Binə kəndində məscid, 1844), Mirzə Cəfər (Şamaxı, nəqqaş), Usta Qənbər Qarabaği (Şuşa, nəqqaş), Səfər (usta Qənbər Qarabağinin qardaşı; nəqqaş), Usta Qurbanəli (Şamaxı; nəqqaş), Şükür Qənbər oğlu (nəqqaş) - hamısı Şəki xanları sarayının dekortaiv tərtibatı və bərpasında iştirak etmişlər, XIX yüzil), Cahangirbəy Əliyev (memar; Ağdaşın baş planı, 1910), Zirvərbəy Əhmədbəyov (mühəndis-memar; Bakıda Təbriz məscidi və s.).

Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, indiki Rəsulzadə, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə bağlıdır. Abşeronda fəhlə qəsəbələrinin tikilməsi həmin dövrdə gənc sovet memarlığının ilk nümunələri idi.

Keçmiş SSRİ-də ilk baş planlardan olan "Böyük Bakı"nın baş planı yeni tikiləcək rayonları da əhatə edirdi. Mənzil probleminin həlli ilə bağlı tədbirlərlə yanaşı, Abşeron yarmadasında nəqiliyyat rabitəsi də təkmilləşdirildi. 1926-cı ildə Bakının neft rayonlarını şəhərlərlə bağlayan elektrik dəmir yolu çəkildi. Keçmiş SSRİ-də ilk elektrik dəmir yolu olan bu xətt yol boyu inşa ediləcək tikililər kompleksinin memarlıq həlli ilə bağlı idi. Həmin dövrdə tikilmiş Sabunçu vağzalının binası (memar N.G. Bayev) bu binaların ən maraqlı nümunələrindəndir. İlk yaşayış massivlərindən olan Məmmədyarov qəsəbəsinin salınması ümumittifaq əhəmiyyətli tədbirlərdən biri idi.

1929-cu ildə Azərbaycan Politexnik İnstitutu inşaat fakültəsinin ilk buraxılışı oldu. Fəal yaradıcılıq fəaliyyətinə başlayan gənc memarlardan S.Dadaşov və M.Useynov qısa müddət ərzində bir çox binaların layihəsini hazırladılar və onların tikilməsinə nail oldular. Bunlardan Bayıldakı fabrik-mətbəx (indiki doğum evi), Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) yeni tədris korpusu (hər ikisi 1932), İncəsənət İşçiləri Evi, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedoqoji Texnikumunun binası (hamısı 1933) diqqəti cəlb edir.

20-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlandı.

1958 ildə M.Ə.Sabirin heykəli indiki abidə ilə əvəz edildi (heykəltaraş C. Qaryağdı, memarlar Q. Əlizadə, Ə. İsmayılov) yaradıldı. 30-cu illərin əvvəllərində yeni Dənizkənarı Bulvarın salınması (əski bulvarın təbii davamı) Bakının mərkəzi hissəsinin ümumi memarlıq-plan quruluşunun yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərdi.

Bu dövrdə Bakının memarlıq inkişafı 1924-1927-ci illərin baş planında nəzərdə tutulmuş bir sıra iri ictimai binaların tikintisinin başa çatdırılması və yaşıllaşdırılma işlərinin genişləndirilməsi ilə səciyyələnir. Baş planın həyata keçirilməsi sahəsində mühüm tədbirlərdən biri də indiki 28 May küçəsi ilə Bülbül prospektinin (keçmiş) birləşdiyi ərazinin yenidən qurulması idi. S.Dadaşov və M.Useynovun layihələri ilə burada tikilmiş "Nizami" Kinoteatrı və Azərbaycan Respublikası Yeyinti Sənayesi Nazirliyinin keçmiş binası (hər ikisi 1937-1939) həcm-məkan quruluşuna və monumental tikilililərin memarlıq həllinə görə diqqəti cəlb edir. S Dadaşov və M.Useynov burada antik yunan və İntibah memarlığı üçün xarakterik olan üsul və foramlardan yaradıcı şəkildə istifadə etmişlər.

1933-1936 minillərdə Bakıda və respublikanın başqa şəhərlərində geniş miqyasda məktəb tikintisi işləri aparılmışdır. Bunlardan S. Dadaşov və M. Useynov tip layihələri ilə Bakıda və respublikanın başqa şəhərlərində tikilən dördmərtəbəli binaları memarlıq həllinin ifadəliliyinə görə fərqlənir. Bu layihələr üçün milli memarlıq ənənələri ilə yanaşı, klassik formaların tətbiqi xarakterikdir.

Bu dövrdə Azərbaycan memarlarının yaradıcılıq axtarışları yeni memarlığın milli ənənələrlə uyğunlaşdırılması meylləri ilə səciyyələnir. Bu istiqamətin inkişafında S.Dadaşov və M.Useynovun birgə fəaliyyəti aparıcı yer tuturdu.

Gəncənin yenidən qurulması və sonrakı inkişafının 1939-cu ildə təsdiq olunmuş layihəsi (S.Qocamanlı, A.P.Slobodyanik) sovet dövründə Bakıdan sonra respublika şəhərlərinin ən iri baş planlarındandır. Sovet hakimiyyəti qurulduqdan sonra Gəncədə yeni sənaye müəssisələri, məktəblər, institut (Hacı Zərdabi ad. Pedoqoji İnstitutunun binası, 1940, S.Dadaşov, M.Useynov), kinoteatrlar, klub və mehmanxanalar tikildi, Gəncə çayının üzərindən körpülər salındı. Nizami Gəncəvinin 800 illik yubleyi ilə bağlı şairin abidəsinin layihəsi (heykəltaraş F.Əbdürrəhmanov, memarlar S.Dadaşov, M.Useynov) hazırlandı və İkinci Dünya müharibəsindən sonra ucaldıldı (1946; SSRİ Dövlət mükafatı, 1947). Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi ilə əlaqədar 80 illərin sonu - 90 illərin əvvəllərində ənənəvi Azərbaycan türbələri tipində layihələşdirilmiş Nizami türbəsində əsaslı surətdə yenidənqurma işləri aparıldı, şairin türbəsinin quruluşu xeyli dəyişdirildi (memar F. İmamquliyev).

30-cu illərin sonunda, həmçinin Yevlax, Xankəndi və Şəki şəhərlərinin baş planlarının işlənib hazırlanmasına başlanıldı. Bu dövrdə memarlığın səciyyəvi xüsusiyyəti respublikada çoxlu məktəb binalarının tikilməsi idi.

1944-cü ildə Azərbaycan SSR XKS yanında Memarlıq İşləri İdarəsinin (ilk rəisi akad. S.Dadaşov) yaradılmasında memarlıq fəaliyyətinə böyük təkan verdi. Azərbaycan xalq təsərrüfatının sonrakı inkişafı üçün yeni sənaye mərkəzlərinin yaradılması zərurəti meydana gəldi. 40-cı illərin ortalarından Sumqayıt və Daşkəsən şəhərləri, sonralar isə Mingəçevir şəhərinin salınmasına başlanıldı.

Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığın da özəl yer tutur. Neft Daşları 1949-cu ildə Xəzərdə zəngin neft yatağının tapılması ilə bağlı yaranmışdır. Bu qeyri-adi şəhərciyin bədii-memarlıq simasını "adi" yaşayış evləri, mədəni-məişət müəssisəsi korpusları, orijinal küçə-estakada sistemi və s. müəyyənləşdirir.

Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam edirdi. Şəhərin mərkəzində xeyli ərazidə yenidənqurma işəlri aparıldı və yeni binalar tikildi. 50-60 illərdə tikilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və keçmiş V.İ. Lenin Mərkəzi Muzeyi Bakı Filialının binaları (1954; 1955; H. Məcidov), M.F.Axundov adına Respublika Kitabxanası (1960, M.Useynov), Azərbaycan Dövlət Dram Teatrının binası (1960, Q. Əlizadə; M. Məmmədovun iştirakı ilə), Mərkəzi Univermaq (1961, N. Kənkərli) və s. binalar Bakının memarlıq simasını zənginləşdirdi.

Bakıda ilk çoxmərtəbəli yaşayış evləri şəhərin Dağlıq hissəsində - keçmiş Sovet küçəsində (indiki N. Nərimanov pros.) tikilmişdir. İndiki H.Cavid prospekti sahəsində Dağlıq yaylanın tikintisi 50-ci illərin memarlıq təcrübəsində iri tədbirlərdən biri oldu. Burada salınmış Azərbaycan Respublikası EA şəhərciyi kompleksi (1951-66, M. Useynov), H.Cavid prospektindəki yaşayış evləri, əvvəllər tikilmiş Azərbaycan Politexnik İnstitutunun (indi Texniki Universitet) binasının (1931-33, S.Dadaşov, M.Useynov) yenidən qurulması və s. tikililər Bakıda yeni bir abad rayonların meydana gəlməsinə zəmin yaratdı.

İctimai və mədəni-məişət təyinatlı binalar respublikanın başqa şəhərlərində də tikilirdi. Sumqayıt, Daşkəsən, Mingəçevir kimi yeni şəhərlərdə mədəniyyət evləri, Bakıda və rayon mərkəzlərində kinoteatrlar, ticarət müəssisələri, uşaq bağçaları və məktəb binalarının tikintisi kütləvi şəkil aldı. Naxçıvanda Musiqili Dram Teatrının (1961, Ə.İsmayılov, H.Məcidov) tikintisi ilə şəhərin baş planında nəzərdə tutulan mərkəzin əsası qoyuldu. Gəncənin mərkəzi hissəsində tikilmiş uzunsov quruluşu və kadrlar planı monumentl İnzibati bina (1960, Ə.İsmayılov, F. R.Leontyeva) şəhərin memarlığında üstün yerə çıxdı.

50-ci illərdə binaların layihələndirilməsi və tikintisində israfçılığın aradan qaldırılması, tikintində sənaye bazasının genişləndirilməsi ilə bağlı tədbirlər Azərbaycan sovet memarlığında yeni mərhələnin başlanğıcını qoydu. Həmin tədbirlər boş sahələrdə kütləvi mənzil tikintisini nəzərdə tuturdu. Bu isə layihə üsullarının kökündən dəyişdirilməsini tələb edirdi. Fərdi layihələrin yerini ayrı-ayrı hissələri yeni yaradılmış evtikmə kombinatlarında hazırlanan sənaye əsaslı eyni tipli evlərin tikintisi tutdu. Məhz bu üsulun sayəsində qısa müddət ərzində iri yaşayış massivləri salındı.

1960-cı illərdə Azərbaycan şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlayır. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir.

Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar ucadılmışdır. Bunların tam əksəriyyəti ümummilli liderimiz o zaman Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilib tikilmişdir.

Təkcə onu qeyd edək ki, nəzərdən keçirdiyimiz dövrdə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin xidməti əvəzsizdir. O, həqiqətən, paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyini böyük üzaqgörənliklə həll etmişdir. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bu günkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdır.

60-cı illərin sonu - 80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Dövlət Sirki (Ə.İsmayılov, F.Leontyeva), Respublika Sarayı (V.S. Şulgin, B.İ.Ginzburq, E.R.Melxisedekov, mühəndis K.Kərimov), "Bakı" (H.Məcidov), "Qarabağ" (E.R.Mixisedekov), "Azərbaycan", "Moskva", "Abşeron" mehmanxanaları, Baş poçtamtın yeni binası (son 4 binanın layihəsi M.Hüseynovdur; N.Axundova və A.N.Oltetsianın iştirakı ilə), Respublika Statistika İdarəsinin binası (T.Xanlarov və b.), Bakı Dəmir Yolu Vağzalı (Ş.Zeynalova, Y.N.Kozlov, X.Rəhimova), Nərimanov rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov), Dövlət siyasi partiyalar və ictimai hərəkatlar arxivinin binası (Ş.Zeynalova, Y.Qədimov), "Nigah sarayı" (İ.Əliyev) "Gülüstan" şadlıq sarayı kompleksi (H.Əmirxanov, N.Hacıbəyov, T.Şarinski, F.Rüstəmbəyova, N.İsmayılov, K.Kərimov; Azərbaycan SSR Dövlət mükafatı, 1982), "Şərq bazarı" ticarət mərkəzinin 1-ci növbəsi (U.V.Revazov, P.İ.Yarinovski), Yüngül atletika maneji (Z.Quliyeva), Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov, H.Muxtarov), Azərbaycan Respublikası Prezident Aparatının binası (T. Abdullayev) və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir. Bakıda iri ictimai tikililərdən İdman Sarayı (T.Abdullayev, O.İsayev, Y.Qədimov, T.Xanlarov), "Şərq bazarı" kompleksinin 2-ci növbəsi (U. Revazov, P. Yarinovski), 18 mərtəbəli Hesablama Mərkəzi (T. Xanlarov, H. Muxtarov) və s. tutum-məkanquruluşu və şəhərsalma həlli baxımından diqqəti cəlb edir.

Bu dövrdə yaradılmış Bakının gözəl güşələrinin birində yerləşən xarici ölkələrin dövlət başçıları üçün tikilmiş iqamətgahın müəllifi memar Rasim Əliyev xatırlayır ki, burada aparılan işlər zamanı Heydər Əliyev tikintiyə azı həftədə iki dəfə gəlib, tikintinin problem və çətinlikləri ilə şəxsən tanış olurdu. Hələ işin layihə mərhələsində o, binanın memarlıq planında otaqların beynəlxalq diplomatik fəaliyyətin tələblərinə uyğun olaraq yerləşdirilməsi məqsədilə memarlara əsaslı göstərişlər verirdi. Bina üçün zəruri olan müxtəlif tikinti materialarının Bakıya xarici ölkələrdən yollanması yalnız Heydər Əliyevin qayğıları və təşkilatçılıq qabiliyyəti sayəsində mümkün olmuşdur. Binanın ətrafında salınmış park zonası üçün Heydər Əliyev hətta ağac növlərini özü seçmişdir. Bir sözlə iqamətgahın yaradılmasında Heydər Əliyevin memarlıq istedadı və Beynəlxalq siyasi təcrübəsi üzvi sintez halında təzahür etmişdir.

Bakının sürətlə genişlənməsi nəticəsində şəhərin ayrı-ayrı rayonları arasında nəqiliyyat əlaqəsi çətinləşdiyindən metropoliten tikintisi zərurətə çevrildi. Maraqlıdır ki, hələ Bakının baş planının 1932-ci il variantında metro tikntisi nəzərdə tutulurdu. 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin 1 növbəsinin 1-ci sahəsi (5 st.) açıldı. Həmin dövrdə Bakı keçmiş SSRİ-də metro nəqliyyatına malik olan 5-ci şəhər idi.

1976 il dekabrın 31-də "Nizami" stansiyasının açılması ilə Bakı metropoliteninin 1-ci növbəsinin (12 st.) çəkilişi başa çatdı. 1985 ildə metropolitenin 4 stansiyasından ibarət 2-ci növbəsi, 1989 ildə isə 2 stansiyadan ibarət 3-cü növbəsi işə düşdü.

Bakı metropoliteni yüksək memarlıq-bədii səviyyəsilə, inşaat keyfiyətilə, memarlıq və təsviri sənət sintezindən uğurlu istifadə edilməsi ilə maraq doğurur.

1976-cı ildə 850 illik yubileyi təntənə ilə keçirilmiş Əcəmi Naxçıvaninin yaratdığı nadir sənət inciləri - Yusif ibn Küseyr və Mömünə xatın türbələri demək olar ki, dağılmaqdan xilas edilərək bərpa olunmuşdur. Respublikanın başqa yerlərindəki abidələrdə də yenidənqurma işləri aparılmış, Bərdə türbəsi, Mərəzədəki Diribaba türbəsi, Həzrə və Kələxana türbələri ilkin görkəminə qaytarılmışdır. Şuşa, Şəki, Şamaxı, Ordubad, Bakı və s. şəhərlərin memarlıq abidələrinin bərpası üzrə intensiv və planlı iş aparılır. Bu baxımdan, Bakıdakı orta əsr Azərbaycan daş memarlığının incisi sayılan Şirvanşahlar sarayı ansamblının bərpası özəllikcə gözədəyəndir. Son illərdə Gəncədəki qədim ictimai və dini tikililərin bərpası və onlardan səmərəli istifadə edilməsi memarlıq tədqiqatçılarının gərgin əməyi və səyi nəticəsidir. Şəhərdəki Bala Bəhmənli, Qızılıhacılı, Ozan, Zərrabı məscidləri, karvansara və s. abidələr əsaslı surətdə bərpa edilmişdir.

Bununla belə, son yüz ildə Azərbaycanın memarlıq irsi böyük itkilərə uğramışdır.

Bu azmış kimi 1990-cı ildən Ermənistanın Azərbaycana qarşı başladığı Qarabağ müharibəsi nəticəsində ümumi Qarabağ və ətraf rayonlar (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam) işğal olundu. Bu ərazilərdə qalan çoxsaylı Azərbaycan abidələri məhv edildi.

Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (196 8), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs. (1980) Nardaran kəndi (1992), Dəvəçi rayon Şabran ş. (2002), Qax r. İlisu k. (2002), Ordubad r. Arpaçay vadisi (2002), Dəvəçi r. Çıraqqala (2002), Şəki rayon Kiş kəndi (2003), Hacıqabul rayon Pir Hüseyn xanəgahı (2004) Azərbaycan memarlığı tarixi qoruğu elan edilmişdir.

Respublikanın Naxçıvan, Gəncə, Şamaxı kimi tarixən formalaşmış şəhərlərində qorunan zonaların təşkili sahəsində də geniş iş aparılır. Şəhərlərdə və başqa yaşayış məntəqələrində tarixi baxımdan dəyəri olan mədəni irsin qorunması problemlərinin işlənməsi həm də respublikanın Quba, Qazax, Lənkaran, Lahıc, Bərdə, Zaqatala və b. şəhərlərin, eləcə də Abşerondakı Nardaran, Qala, Mərdəkan, Zaqatala rayonlarındakı Tala kimi yaşayış məntəqələrinin planlaşdırılması və tikintisində əldə edilmiş təcrübənin geniş yayılması məqsədi daşıyır.

Bakının 2000-ci ilədək baş planında hazırda sənaye zonası ilə ayrılan (Şərq və Qərb) tikinti rayonlarının memarlıq-planlaşdırma və tutum-məkan cəhətdən birləşdirilməsi, ərazi çatışmamazlığını nəzərə alaraq, istifadədən qalmış və nefti tükənmiş mədənlərdən, eləcə də bir sıra sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşalan sahələrdən tikinti üçün istifadə edilməsi nəzərdə tutulur. Həmin baş planda göstərilir ki, Bakının sərhədlərinin genişlənməsi, böyük ərazidə yaşayış massivlərinin salınması şəhərin coğrafi görkəmini və miqyasını dəyişdirəcək, onun memarlıq-bədii simasını yeniləşdirəcəkdir.



  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə