Referat mövzu: İnvestitsiya siyasəti Fakültə: "İqtisadiyyat" İxtisas: "




Yüklə 120.97 Kb.
tarix11.04.2016
ölçüsü120.97 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Naxçıvan Özəl Universiteti

REFERAT

Mövzu: İnvestitsiya siyasəti


Fakültə: “İqtisadiyyat”

İxtisas: “Maliyyə”

Kurs: II

Tələbə: Oruclu Elvin

Fənn:Müəssisə maliyyəsi



Naxçıvan – 2011
Respublikada bazar iqtisadiyyatı şəraitində sosial-iqti­sadi tə­rəqqiyə nail olmaq üçün konkret inkişaf proqramı və proqnozları işləyib hazırlamalı və onun həyata keçirilməsi tə­min edilməlidir. Belə proqramın əsasını respublikanın mikro-makro səviyyəsində iqtisadiyyatın inkişaf etdirilməsi və ida­rə edilməsi, onun sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi, ETT-nin tətbiqinin sürət­ləndirilməsi, əmək məhsuldarlığının yüksəlməsi və s. təşkil edir. Qarşıya qoyulan bu vəzifələrlə əla­qədar olaraq, respublikanın ba­zar iqtisadiyyatına keçdiyi bir şəraitdə, əsas problemlərdən biri in­vestisiya qoyuluşlarından və əsas fondlardan istifadənin səmə­rə­liliyini yüksəldilməsidir. İqtisadiyyat elminin və iqtisadi münasibətlərin müasir özünəməxsus inkişaf mərhələsində “investisiya” termini özünə böyük yer tutmuşdur. İnvestisiya latın sözü (“investio”) olub, mənası “geyindirmək”, “örtmək” deməkdir. İngiliscə isə bu terminin (“invest”) bir çox mənaları vardır ki, bunlardan biri də “kapital qoymaq” mənasını verir. Terminoloji şərh bu sözün mənasını qismən də olsa açıqlayır. Lakin investisiyaların mənasını, iqtisadiyyatda rolunu tam başa düşmək üçün ilk əvvəl onun mahiyyətini, strukturunu, iştirakçılarını, növlərini, mənbələrini və s. ni tədqiq etmək lazımdır.

Investisiya mahiyyət etibarilə hər bir ölkədə fərqli yanaşmalara məruz qalır. Adətən onun mahiyyəti hər bir dövlətin müvafiq sahədə qəbul etdiyi qanunvericilik aktı ilə təsbit olunur. Bu baxımdan Azərbaycan Respublikasının “İnvestisiya fəaliyyəti haqqında” qanununa əsasən investisiya mənfəət və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə sərvətlərə isə aşağıdakılar aid edilir:



  1. Pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar.

  2. Daşınar və daşınmaz əmlak ( binalar,qurğular, avadanlıqlar ).

3. Müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər.

  1. Bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, lakin patentləşdirilməyən texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (no-hau).

  2. Torpaqdan, sudan və digər ehtiyatlardan, o cümlədən binalardan, qurğulardan və avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn digər əmlak hüquqları.

Müasir dövrdə aparılan tədqiqatlardan məlum olur ki, inve­stisiya anlayışı geniş məzmuna və tərkibə malikdir. Mə­lumdur ki, makroiqtisadiyyatda investisiya qoyuluşları ümumi (məcmu) xərclərin tərkib elementlərindən biridir. Belə ki, fabrik, zavod, yaşayış binalarının tikilməsi, yeni ma­şın və avadanlıqların alın­ması, həmçinin cari ildə istehsal edilmiş, lakin istehlak olun­ma­mış əmtəə-material qiymətləri investisiya kimi qəbul edilir.

Mikroiqtisadiyyatda isə investisiya yeni kapitalın istehsa­lın maddi-əşya elementlərinin yaradılması, həmçinin şəxsi amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yiyələnmə­sinə vəsait sərfi kimi başa düşülür.

Maliyyə nəzəriyyəsinə görə investisiya anlayışı real və ma­liyyə aktivlərinin əldə edilməsi kimi başa düşülür.

Müasir dövrdə investisiya qoyuluşları - prosesləri Azər­bay­ca­­nın və xarici öl­kələ­rin görkəmli iqtisadçı alimləri tərəfindən ge­­niş tədqiq olunmasına baxmayaraq bu gün də bu problemə dair fikir müxtəlifliyi mövc­uddur. Bir qrup iqtisadçı alimlər «investisiya anlayışını» «əsaslı vəsait qoyuluşu»nun sinonimi kimi qəbul edirlər. İnvestisiya hər bir cəmiyyətdə geniş təkrar istehsalda müəyyən müddətlərdə adətən uzunmüddətli vəsait qoyuluşudur ki, bu da əmtəə-pul münasi­bətlərində öz əksini tapır. Beləliklə, investisiya qoyuluş­la­rı­na material, əmək və maliyyə məsrəfləri də daxil edilir ki, bu da dəyər ifadəsində xarakterizə olunur və əmtəə-pul müna­sibət­ləri­nin ən mühüm atributlarından biri hesab edilir. Buradan aydın olur ki, «investisiya» və «əsaslı vəsait qoy­uluşu» anlayışları arasında fərq mövcuddur. Lakin onlar arasında qarşılıqlı əlaqə də vardır. Əsaslı vəsait qoyuluşu dedikdə, istehsal və qeyri-istehsal sa­hələrində əsas fondların geniş təkrar istehsalı və yeni əsas fond­ların yaradılmasına, mövcud müəssisələrin genişləndiril­mə­sinə, yenidən qurulmasına və istehsalın texniki cəhətdən si­lahlandırıl­masına yönəldilən vəsaitin məcmusu başa düşülür. İnvestisiya (investisiya resursları) dedikdə, pul gəlirləri, məq­sədli bank vəsaitləri, paylar, səhm, digər qiymətli kağızlar, tex­nologiyalar, maşın və avadanlıqlar, lisenziyalar (o cümlədən əmtəə nişanları olan), kreditlər, digər əmlak və əmlak hüquqları, sahibkarlıq fəaliyyətinə, digər fəaliyyət növlərinə qoyulan inte­lektual sərvətlər və müsbət iqtisadi və sosial nəticələrə nail ol­maq məqsədlərini başa düşürük. Aparılan araşdırmadan aydın olur ki, «investisiya» anlayışı məzmununa görə «əsaslı vəsait qoyuluşu» anlayışından daha ge­nişdir və əsaslı vəsait qoyuluşu investisiyanın tərkib hissəsidir. İnvestisiya formasında əsaslı vəsait qoyuluşunun müəyyən hərə­kəti tamamlanır. Müasir iqtisadi ədəbiyyatlarda geniş yer tapmış «investisiya prosesi» və «əsaslı vəsait qoyuluşunun dövriyyəsi» anlayışının araşdırılmasına geniş yer verilir. Belə ki, əsaslı vəsait qoyuluşunun dövriyyəsi dedikdə, qoy­u­lan vəsaitin ayrı-ayrı mərhələləri üzrə (yəni layihəlləndirmə, tikinti, ödəmə və s.) hərəkətinin və ya xərcin həyata keçirilmə­sindən başlanan vaxtdan, onun tam qaytarılmasına (ödənilməsinə) qədər olan müddət dövr etmə müddəti kimi başa düşülür. Əsaslı vəsait qoyuluşu prosesi – layihələndirmədən və ti­kinti mərhələsindən başlayaraq obyektin istismara verilməsinə qədər keçən müddəti əhatə edir.

Həm daxili, həm də xarici investisiya qoyuluşlarının həyata keçirilməsi üçün maliyyə mənbələri əsas amildir. Tərkibi quruluşundan asılı olaraq onların mənbələri də müxtəlifdir. Və əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:

-Daxili investisiya mənbələri.


  1. Dövlət büdcəsi

  2. Büdcədən kənar fondların vəsaitləri ( prezidentin ehtiyat fondu, müxtəlif ölkədaxili humanitar və digər növ fondlar)

  3. Bank kapitalı

  4. Ticarət kapitalı

  5. Şəxsi vəsaitlər ( müəssisə, təşkilat və vətəndaşların vəsaitləri)

  6. Dövlətlərarası kreditlər, qrant və texniki yardımlar

  7. Sığorta, sosial təminat fondlarının vəsaitləri və s.

-Xarici investisiya mənbələri.

  1. Xarici hüquqi və fiziki şəxslərin vəsaitləri

  2. Beynəlxalq təşkilatların ( humanitar, sosial təminat və s.) maliyyə vəsaitləri.

İnvestisaiya layihələrinin həcmi məhz investisiya mənbələrinə əsasən müəyyən edilir. İnvestisiya mənbələri həm də investisiya prosesini birbaşa müəyyən edən ( prosesin müddətini, mənfəətin dərəcəsini ) əsas amildir.

İnvestisiya prosesi (fəaliyyəti) dedikdə, investisiya qoyuluş­larının və onun həyata keçirilməsi ilə bağlı olan bütün proseslərin məcmusu başa düşülür. İnvestisiya proseslərinin aşağıdakı əsas növlərini göstərmək olar:

- istehsalata və sosial sahələrə elmi-texniki tərəqqinin nai­liyyətlərini tətbiq etmək istiqamətində investisiya fəaliyyəti;

- dövlət, qeyri-dövlət, müəssisə, idarə, təşkilatlar və fiziki şəxslər tərəfindən həyata keçirilən investisiya fəaliyyəti.

Bu fəaliyyətlərə xarici dövlətlər, beynəlxalq maliyyə təşki­latları, xarici vətəndaşlar və fiziki şəxslər tərəfindən qoyulan in­vestisiya fəaliyyəti də daxildir.

Məlum olduğu kimi istehsal və sosial sahələrdə elmi-texniki tərəqqinin fəaliyyətlərindən istifadə etmək istiqamətində inves­ti­si­ya fəaliyyətinin bir forması da innovasiyadır.

İnnovasiya fəaliyyəti dedikdə, əsasən uzun müddətli elmi-texniki tərəqqi şəraitində iqtisadiyyatda baş verəcək struktur dəyişiklikləri ilə əlaqədar və habelə ölkədə fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi nəzərdə tutulur.

İnnovasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ola­raq investisiya prosesi daha geniş forma alır.

İnnovasiya prosesi aşağıdakı isti­qamətlərdə həyata keçirilir:

- elmi-texniki proqramların həyata keçirilməsi;

- iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədilə məhsuldar qüvvələrin tərkibində keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi;

- texnika və texnologiyanın prinsipcə yeni qənaətçil növləri­nin işlənib hazırlanması, yayılması və tətbiqi;

- ixtiraların və kəşflərin tətbiqinin genişləndirilməsi nəticə­sində istehsalın texniki səviyyəsində keyfiyyət dəyişikliklərinin sürətləndirilməsi;

- iqtisadiyyatin sahələrində yeniliklərin tətbiqi nəticəsində so­sial, iqtisadi və ekoloji səmərənin artırılmasının tə­min edilməsi

Qeyd etmək lazımdır ki, innovasiyanın iqtisadi və sosial sə­mərəliliyini təmin etmək üçün innovasiya təyinatlı investisiya re­sursundan istifadə istiqamətlərini müəyyənləşdirmək lazımdır. Beləliklə, belə maliyyə vəsaitlərindən: yeni məhsul mənimsənil­məsi və buraxılışı; istehsalın və əməyin texniki silahlanması; is­teh­salın genişləndirilməsi, yenidən qurulması və s. məqsədlər üçün istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.

İnvestisiya prosesi obyektlərinə görə real və maliyyə inve­stisiyalara bölünür.



Real investisiyalar dedikdə, maddi və qeyri-maddi aktivlərə vəsait qoyuluşu başa düşülür.

Maliyyə investisiyaları dedikdə isə müxtəlif maliyyə vasi­tələrinə (aktivlərinə) vəsait qoyuluşu başa düşülür ki, bunların da içərisində əsas yeri qiymətli kağızlara vəsait qoyuluşu tutur.

Real investisiyalar aşağıdakı qruplara bölünür:

- öz istehsalının səmərəliliyinin yüksəldilməsinə yönəldilən investisiyalar. Bu qrupa əsasən avadanlıqların dəyişdirilməsinə, əsas fondların modernləşdirilməsinə və s. məqsədlər üçün yönəl­dilən investisiyalar daxildir;

- istehsalın genişləndirilməsinə və yenidən qurulmasına yö­nəldilən investisiyalar. Bu qrupa mövcud istehsal çərçivəsində məhsul buraxılışının həcminin artırılması məqsədi daşıyan inve­s­tisiyalar daxildir;

- şəxsi və xüsusi istehsalın yaradılmasına və ya istehsalda yeni texnologiyanın tətbiqinə yönəldilən investisiyalar. Bu qrupa yeni istehlak bazarına çıxmaq məqsədilə yeni müəssisələrin yara­dıl­masına və mövcud müəssisələrin yenidən qurulmasına yönəl­dilən investisiyalar daxildir;

- dövlət sifarişinin və ya digər sifarişçinin sifarişlərinin ye­rinə yetirilməsi məqsədilə qeyri-şəxsi istehsala qoyulan investi­siyalar.

Maliyyə investisiyaları aşağıdakı qruplara bölünür:

1. Qiymətli kağızlara qoyuluşlar (o cümlədən dövlət və qeyri-dövlət).

2. Bank depozitlərinə və sertifikatlara qoyuluşlar.

İnvestisiyalar növlərinə görə aşağıdakı kimi təsnifləşdirilir.

a) maddi obyektlərə birbaşa investisiyalar. Bu zaman inve­s­tor investisiya obyektinin və qoyulacaq vsaitin seçilməsində bi­lavasitə iştirak edir. Belə investisiyalara real intellektual investi­siyaları da aid etmək olar.

b) investisiya fondu və ya maliyyə vasitəçisinin mövcudluğu ilə səciyyələnən (vasitəli, birbaşa olmayan) investisiyalar. Ma­liyyə investisiyalarını belə investisiyalara aid etmək olar.

İnvestisiyalar bir sıra əlamətlərinə görə təsnifləşdirilir:


İnvestisiyaların təsnifləşdirmə əla­mətləri

İnvestisiyanın növləri

Təşkilati formalarına görə

İnvestisiya layihəsi: birinci, müəy­yən bitmiş investisiya fəaliyyətinin bir obyektini, ikinci, investisiyanın for­ma­sının reallaşdırılmasını nə­zərdə tutur.

Təsərrüfat subyektinin investisiya portfeli, buna bir investorun investi­siyaları daxildir.

İnvestisiya fəaliyyətinin obyektlə­rinə görə

Əsas fondların yaradılmasına və təkrar is­tehsalına, maddi və qeyri-mad­di ak­tiv­lərə qoyulan uzun- müd­dətli real in­ves­tisiyalar (kapital qo­yuluşları). Döv­riy­yə vəsaitlərinə qısa müddətli inves­ti­siyalar (məh­sul-material ehtiyatı, qiy­mət­li kağızlar və s.).

Dövlət və qeyri-dövlət qiymətli ka­ğız­la­­rın depozitlərinə maliyyə inve­sti­si­yaları.



İnvestisiya ehtiyatları üzərində mül­kiyyət formalarına görə

Xüsusi investisiyalar.

Dövlət investisiyaları.

Xarici investisiyalar.

Birgə investisiyalar

İnvestisiya fəallığı və onun nəticəsi iqtisadiyyatın artan tem­p­lə inkişafına zəruri ilkin şərtlər yaratmaq və ümumilikdə götürüldükdə, investisiya qoyuluşu üçün əlverişli mühitin forma­laşdırılması üçün qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına geniş imkanlar açır.



III Fəsil

Dövlətin müasir investisiya siyasətinin nailiyyətləri və problemlər

Azərbaycan Respublikasının iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.


Keçən müddətdə respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilmişdir. Hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyətini tənzimləyən iki qanun mövcuddur:

• “İnvestisiya Fəaliyyəti haqqında” (1995-ci il) Azərbaycan Respublikasının qanunu,


• “Xarici İnvestisiyaların qorunması” (1992-ci il) haqqında Azərbaycan Respublikasının qanunu

Bundan başqa Azərbaycan Hökuməti bir sıra xarici ölkələr ilə ikiqat vergi tutmanın aradan qaldırılması və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalamışdır.


Qeyd etmək lazımdır ki, mənfəətin başqa valyutalara konvertasiya edilməsi, xarici ölkələrə köçürülməsi, yaxud reinvestisiya edilməsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilmiş, bazar iqtisadiyyatı prinsipləri əsasında vahid valyuta məzənnəsi formalaşmışdır. Bu tədbirlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycana olan marağını daha da artırmışdır.
Ölkənin iqtisadi inkişafındakı bu uğurlarda neft strategiyasının həyata keçirilməsinin böyük əhəmiyyəti olmuşdur. 1994-cü ildə nüfuzlu xarici neft şirkətləri ilə «Əsrin kontraktı» imzalandıqdan sonra həmin kontrakt çərçivəsində aparılan işlər nəticəsində 1997-ci ildə ilk neft hasil olunmuş və 1999-cu ildən etibarən mənfəət nefti ixrac olunmağa başlanmışdır.
Bununla bərabər, Böyük İpək Yolunun bərpası nəinki Azərbaycanın iqtisadi inkişafına, eləcə də bütün region ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə, bu ölkələrin iqtisadi qüdrətinin artmasına, burada yaşayan xalqların daha firavan yaşamasına xidmət edir.
Hazırda Azərbaycan Hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.
Məlum olduğu kimi, biznes mühitinin ən mühüm şərtlərindən biri vergi rejimi ilə bağlıdır. Vergi münasibətlərini tənzimləyən bir sıra Qanunlar - “Mədən vergisi haqqında” (1995-ci il), “Əmlak vergisi haqqında” (1995-ci il), “Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında” (1996-cı il) Qanunlar qəbul edilmiş və qüvvədə olan Qanunlara (“Əlavə dəyər vergisi haqqında”, “Fiziki şəxslərin gəlirlərindən vergi haqqında” Qanunlarda və s.) bir sıra əlavə və dəyişikliklər edilmişdir. 1 yanvar 2001-ci il tarixdən “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” qüvvəyə minmişdir.
Qeyd etmək lazımdır ki, son illərdə vergilərin sayı, sosial sığorta ödənişləri xeyli azaldılmışdır. 1998-ci ildən etibarən vergi dərəcələri ardıcıl olaraq endirilir. Misal olaraq aşağıdakıları göstərmək olar:

• müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35%-dən 24%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin 28%-dən 18%-dək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi (bu vergi növü üzrə vergiyə cəlb olunmayan aylıq gəlirin minimum həddinin 60000 manatdan 150000 manatadək artırılması);


• sosial sığorta ayırmalarının 40 faizdən 22 faizədək aşağı salınması;
• Vergi Məcəlləsinin qüvvəyə minməsilə vergilərin ümumi sayının 15-dən 9-dək azaldılması;
• kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların 2009-cu ilə qədər torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi;

Bununla yanaşı vergi idarəçiliyi təkmilləşdirilmiş, yoxlamaların sayı əhəmiyyətli dərəcədə azaldılmış, sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.


Gömrük orqanlarının da fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, proseduraların daha da sadələşdirilməsi və şəffaflaşdırılması məqsədilə Beynəlxalq Valyuta Fondu, Ümumdünya Gömrük Təşkilatı ilə birgə proqram həyata keçirilməkdədir. Hazırda ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 %-lik maksimal həddi müəyyənləşdirilmişdir. Eyni zamanda daxili bazarda haqlı rəqabət mühitinin inkişaf etdirilməsi, təbii inhisarçıların tariflərinin, habelə dövlət tərəfindən müəyyənləşdirilən qiymətlərin müntəzəm şəkildə tənzimlənməsi məqsədilə ölkə Prezidentinin qərarına əsasən və Nazirlər Kabinetinin 31 yanvar 2002-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Tarif Şurası” yaradılmışdır. Bununla bağlı, Şuranın Əsasnaməsinə uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində müvafiq Katiblik və onun tərkibində müxtəlif sahələri əhatə edən 12 işçi qrupu fəaliyyət göstərir.
Ölkədə lisenziyalaşdırma sisteminin sadələşdirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə dəyişmiş, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 30-a endirilmiş, lisenziyanın müddəti isə 2 ildən 5 ilə qədər uzadılmışdır. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafına, istehsal olunan məhsulun, göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaqdır.

Hazırda hüquqi şəxslərin dövlət qeydiyyatına alınması proseduraları da xeyli sadələşdirilmiş, bu sahədə əvvəllər mövcud olmuş problemlər aradan qaldırılmışdır. Qeyd etmək lazımdır ki, Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış hər hansı fəaliyyət növü ilə məşğul ola bilərlər.


Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınırlar. Dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” (1996-cı il) Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Xarici investisiyalı müəssisə dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs hüquqları əldə edir. Xarici investisiyalı müəssisələrin dövlət qeydiyyatına alınması haqqında məlumat vəkil edilmiş dövlət orqanının tutduğu respublika reyestrinə daxil edilir. Xarici investisiyalı müəssisəni dövlət qeydiyyatına almaqdan yalnız o halda imtina edilə bilər ki, belə müəssisənin yaradılması qaydası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi pozulmuş olsun, yaxud qeydiyyat üçün zəruri sənədlər müəyyən edilmiş tələblərə uyğun gəlməsin, habelə qarşıdakı fəaliyyət növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş olsun. Dövlət qeydiyyatına almaqdan imtina olunduqda bu barədə Azərbaycan Respublikasında məhkəmə qaydasında şikayət oluna bilər. Bu proseduralarda investorlara köməklik edən dövlət orqanı – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyidir.
Azərbaycanın qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinin ən mühüm vasitələrindən biri özəlləşdirmə prosesidir. Xarici şirkətlər, həmçinin ölkəmizdə aparılan özəlləşdirmə prosesində iştirak edə bilərlər. Bununla əlaqədar olaraq, özəlləşdirmə qanunvericiliyində xarici şirkətlərin bu prosesdə iştirakının şəffaf və aydın mexanizmləri nəzərdə tutulmuşdur.
Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində davam etməkdə olan islahatlara və artıq əldə edilmiş nailiyyətlərə baxmayaraq qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi sahəsində hələ çox işlər görülməlidir. İnvestisiya mühitinin yaxşılaşdırılması sahəsində uğurla həyata keçirilən proqramların əsas elementi dövlət və özəl sektor arasında dialoqun təşkilidir. Bu gün investisiya prosesinin fəallaşması və onun səmərəliliyinin artırılması problemləri Azərbaycan Respublikasının gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.
Bu günədək Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Çin, İran, İsveçrə, Hollandiya və bəzi digər ölkələrin investorları Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində iştirak etmiş və müəssisələrin səhmlərinin ən azı 51 %-ni əldə edərək onlara böyük məbləğdə investisiyalar qoymuşlar.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yeni sahələrin, o cümlədən xarici investorlar üçün xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə açılması xarici investisiya axınına güclü təkan vermişdir.
Ölkə iqtisadiyyatına cəlb olunan investisiyaların artırılması məqsədilə beynəlxalq iqtisadi təşkilatlarla və maliyyə qurumları ilə əməkdaşlıq ilbəil genişlənir:

• BMT, Ümumdünya Ticarət Təşkilatı, Avropa İttifaqı, MDB, GUÖAM, İƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,


• Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası.

Qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi, dövlət proqramlarında, o cümlədən “2003-2005-ci illər üzrə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nda, 2002-2005-ci illər üzrə “Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı”nda, “2004-2007-ci illər üçün Dövlət İnvestisiya Proqramı”nın layihəsində, habelə “2004-2008-ci illər üçün “Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”-nda öz əksini tapmışdır.

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və bu istiqamətdə dövlət himayəsinin göstərilməsi üzrə mühüm tədbirlərdən biri də 2002-ci ildə aparıcı xarici və yerli iş adamlarının daxil olduğu Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması olmuşdur. Sahibkarlar Şurası ölkədə biznes mühitinin yaxşılaşdırılmasında, bu sahəyə dövlət qayğısının artırılmasında, mövcud problemlərin vaxtaşırı təhlil edilərək müvafiq tədbirlərin görülməsində böyük rol oynayır.
Azərbaycan Hökumətinin müraciəti ilə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi əsasında Dünya Bankının Xarici İnvestisiyalar üzrə Məsləhət Xidməti (FIAS) Azərbaycanda investisiya mühitinin monitorinqini aparmış və mühitin daha da yaxşılaşdırılması məqsədilə birgə tədbirlər planı müəyyənləşdirilmişdir. Həmin tədbirlərin icrası istiqamətində atılmış ilk addımlardan biri də Azərbaycanda İnvestisiyaların Təşviqi və Məsləhət Fondunun təsis edilməsi idi. Eyni zamanda Dünya Bankının ekspertləri ilə birgə «İnvestsiya fəaliyyəti haqqında» və «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihələri hazırlanmışdır. «İnvestsiya fəaliyyəti haqqında» yeni qanun hazırda qüvvədə olan «İnvestisiya fəaliyyəti haqqında» və «Xarici investisiyaların qorunması haqqında» iki qanunu əvəz edəcək. Bu iki mövcud qanunlardan fərqli olaraq yeni layihə beynəlxalq təcrübənin ən mükəmməl elementlərini özündə əks etdirir. Digər ölkələrin bu sahədə olan təcrübəsini əsas götürərək qanun layihəsinə investisiyaların qorunması, investisiya fəaliyyəti zamanı yaranan mübahisələrin həlli və digər həlledici prinsipial məsələlər ilə bağlı yeniliklər daxil edilib.
Qeyd etmək lazımdır ki, 2006-cı ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların ümumi həcmi 8 mlrd ABŞ dolları olmuşdur. Bunun 3 mlrd ABŞ dolları daxili, 5 mlrd ABŞ dolları isə xarici investisiyalar olmuşdur. Son 13 ildə isə ölkəyə qoyulmuş investisiyaların ümumi həcmi 37 mlrd ABŞ dolları olmuşdur.

2000-2006-cı illərdə dövlətin yeritdiyi investisiya siyasətinin əsas xüsusiyyətlərini həmin illər üzrə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmini əks etdirən aşağıdakı cədvəl şəklində göstərmək olar:



Ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar ( mln. ABŞ dolları ).

İllər

2000

2001

2002

2003

2004

2005

2006

Cəmi invetsiyalar

1441.4

1561.9

2796.6

4326.4

5922.7

7118.5

8125.0

Daxili investisiyalar

514.4

470.1

561.7

955.4

1347.2

2225.3

3072.2

Cəmi xarici investisiya

927.0

1091.8

2234.9

3371.0

4575.5

4893.2

5052.8

O cümlədən






















Maliyyə kreditləri

262.9

192.0

223.0

238.3

293.0

698.4

983.5

Birbaşa investisiyalar

664.1

899.8

2011.9

3017.8

4192.3

4030.4

3790.7

Neft sektoru

546.1

820.5

1693.0

2972.4

4088.1

3799.9

3422.3

Birgə və xarici investisiyalı müəssisələr

118.0

79.3

318.9

45.4

104.2

230.5

368.4

Ondan sahələr üzrə






















Sənaye

50.4

31.3

19.8

22.4

84.1

155.6

221.4

Tikinti

31.0

7.1

8.2

6.4

7.3

25.6

49.7

Ticarət və xidmət

16.6

26.1

7.7

11.6

9.0

33.7

32.1

Nəqliyyat

17.3

7.5

281.2

2.6

2.8

3.3

-

Sair xidmətlər

2.7

7.3

2.0

2.4

0.7

7.9

46.0

Portfel investisiyalar

-

-

-

12.1

18.8

78.0

57.8

Digər investisiyalar

-

-

-

44.2

49.8

85.4

203.8

Nəticə

Azərbaycan Respublikasının iqtisadiyyatı müstəqilliyin ilk dövrlərində böhran vəziyyətinə düşmüşdü. Yerli istehsal demək olar ki, tamamilə dayanmışdı. Belə bir şəraitdə milli valyuta ehtiyatları tamamilə tükənən bir ölkə üçün yeganə çıxış yolu xarici investisiyaların ölkəyə cəlb olunması yolu ilə milli iqtisadiyyatı dirçəltmək idi. Məhz bu amilə görə də həmin dövrdə Azərbaycanın investisiya siyasətinin əsas xüsusiyyəti xarici investisiyaların daha çox neft sektoruna cəlb olunması idi. Bu sektora qoyulan investisiyalar 1994-cü il 20 sentyabrda Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” nin imzalanmasından sonra ildən ilə artdı. Hazırda da bu siyasət möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın müasir investisiya siyasətinin əsas xüsusiyyəti isə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə azaldılması və neftdən gələn gəlirlərin qeyri-neft sektoruna investisiya şəkilində yönəldilməsi yolu ilə bu sektorun yüksək inkişafına nail olmaqla müəyyən olunur. İldən ilə ÜDM istehsalında qeyri-neft sektorunun payı, eləcə də qeyri-neft sektoruna ayrılan investisiyaların həcmi artır. 2007-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM-in ümumi həcmi 27,1% artaraq 16 mlrd. 608 mln. manat təşkil edib. Proqnozlara görə,  ÜDM-in artımı 2007-ci ilin sonlarına qədər 28-29% səviyyəsində saxlanılacaq. Bununla yanaşı, hesabat dövründə ÜDM-in qeyri-neft sektorundakı həcmi 6 mlrd. 301,5 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin yanvar-sentyabr aylarının göstəricisindən 8,9% çoxdur. Bu da öz növbəsində kifayət qədər böyük göstərici hesab edilir. 2007-ci ilin 9 ayı ərzində Azərbaycanda televizor istehsalı 2,2 dəfə- 6,285 min ədəd artıb ki, bu da istehsalı 4,7 dəfə - 489 ədəd artan minik avtomobilləri kimi ölkə üçün yeni məhsul hesab edilir. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq 331 traktor istehsal olunub. Qeyri- sektoruna dövlətin investisiya xərcləri hesabına investisiya qoyuluşlarının artımını aşağıdakı cədvəldən də görmək olar:





Ədəbiyyat siyahısı

  1. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu – Bakı şəhəri, 13 yanvar 1995-ci il.

  2. H.B Allahverdiyev: “İnvestisiya proseslərinin tənzimlənməsi”.

  3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirliyinin və Dövlət Statistika Komitəsinin hesabatları.

  4. İ. Parasız: “Makro ve mikro ekonomi” Bursa – 1995 ci il.

  5. Q.R Qeybullayev: “İnvestisiyanın təhlili və idarə edilməsi”.

O cümlədən internet saytları:

  1. www.kitab.az

  2. www.azstat.org

  3. www.economy.gov.az

  4. www.sahibkar.biz

  5. www.e-qanun.az

  6. www.wikipedya.org

  7. www.guardian.co.uk

  8. www.google.az



Qeyd: Bütün statistik rəqəmlər Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet saytından əldə olunmuşdur.

Mündəricat

Giriş......................................................................................2

I Fəsil. İnvestisiya fəaliyyətinin formalaşması.................5

II Fəsil. Azərbaycanda xarici investisiyanın neft sektoruna cəlb olunması............................................................................15

III Fəsil. Dövlətin müasir investisiya siyasətinin nailiyyətləri və problemlər............................................................................29

Nəticə.....................................................................................37

Ədəbiyyat siyahısı................................................................38






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə