Referat iŞİ Turizm və sosial mədəni sahədə servis xidməti ixtisası üzrə qiyabi şöbəsinin ikinci kurs tələbəsi Cəbiyev Cavid




Yüklə 53.29 Kb.
tarix23.02.2016
ölçüsü53.29 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM İNSTİTUTU

_____________________________________________________________________________________________

Turizm ixtisası fənləri kafedrası

"Turist marşrutları və ekskursiya işinin təşkili" fənnindən

REFERAT İŞİ

Turizm və sosial mədəni sahədə servis xidməti ixtisası üzrə

qiyabi şöbəsinin ikinci kurs tələbəsi Cəbiyev Cavid

MÖVZU 1

Azərbaycan Respublikasının turist marşrutlarının istiqamətləri
Şimal istiqaməti Bu istiqamətə 2 turizm bölgəsi daxildir:

Bakı-Abşeron turizm bölgəsi və Quba-Xaçmaz turizm bölgəsi



Bakı-Abşeron turizm bölgəsi Azərbaycan Respublikasının şərqində, Xəzər dənizi sahilində yerləşir və əlverişli coğrafi mövqeyə malikdir. Bölgə dərketmə, müalicə-sağlamlıq, idman, işgüzar turizm növləri üzrə ixtisaslaşmışdır. Xəzərin Bilgəh, Nardaran, Pirşağı, Buzovna, Zuğulba, Novxanı sahillərindəki qumlu çimərliklər turizmin inkişafı baxımından əlverişlidir. Balneoloji iqlimə malik bölgədə "Gənclik", Beynəlxalq Turizm Məkəzi, "Neptun" turist bazası və sanatoriya-kurort mərkəzləri (Bilgəh, Mərdəkan, Buzovna) fəaliyyət göstərir. Bakıda İçərişəhərin tarixi-memarlıq abidələrindən olan Buxara və Multani karvansaralarından müasir dövrdə turist obyektləri kimi istifadə olunur. Bakı Əyləncə Mərkəzi, "Akva-park", "Lunapark", "Lido" istirahət və əyləncə mərkəzlərində turistlərə yüksək xidmət göstərilir. Dərketmə turizminin mərkəzi olan Bakıda gəlmə və getmə turizmi inkişaf etdirilir. Bakı şəhərində 5462 yerlik 40 TYO (30 mehmanxana və 10 digər TYO) fəaliyyət göstərir. Bakıda İçərişəhər kompleksi (Şirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, karvansara və b.), Bibi-Heybət məscidi, "Atəşgah" məbədi, Xəzəryanı müdafiə qurğuları, qalalar, karvansaralar və ovdanlar kompleksi (Mərdəkan qalası və qüllələri, Nardaran və Ramana qalaları) və b. maraqlı tarixi abidələrdir. Şəhərdən 70 km cənubda Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, "Cənnət bağı" istirahət zonası (Xızı) yerləşir. Bakının cənub-qərbində "Şıx" kurort kompleksi fəaliyyət göstərir. Turistlər Bakıdan 4 istiqamətdə: respublikanın qərb, şimal-qərb, şimal və cənub bölgələrinə səyahətə çıxırlar. Müasir Olimpiya (Bakı, Maştağa) və digər idman kompleksləri idman turizminin inkişafına imkan yaradır.

Quba-Xaçmaz turizm bölgəsi Azərbaycanın şimal-şərqində, Bakı-Xaçmaz turist marşrutunun üstündədir. Turizmin ixtisaslaşması istirahət-əyləncə, dərketmə və idman istiqamətindədir. Landşaftın rəngarəngliyi, iqlimin saflığı, mineral suları və qumlu dəniz sahilləri bölgənin səciyyəvi xüsusiyyətidir. Böyük Qafqazın yüksək dağlarından Bazardüzü, Şahdağ, Tufandağ və b. bu bölgədədir. Bölgənin Bakıya yaxın olması, aqroiqlim şəraiti turizmin inkişafına geniş imkanlar açır. Şahdağ Milli Parkı, Təngəaltı dərəsi, Afurca şəlaləsi, "Quba" istirahət mərkəzi, "Balbulaq", "Cənnət bağı" istirahət zonaları (Quba), Yalama və Nabranın qumlu çimərlikləri təbiətsevərləri istirahətə cəlb edir. Beşbarmaq qayası və müdafiə səddinin qalıqları, türbələr (Siyəzən), Şabran, Gilgilçay istehkamlar kompleksi, Çıraqqala (Dəvəçi), Cümə məscidi (Quba) və b. maraqlı tarixi-memarlıq abidələridir.

Bölgədə turizm istirahət müəssisələrinin şəbəkəsi genişləndirilir. "Xəzər", "Dostluq", "Palermo", "Şəms" turist bazaları, "Malibu","Atlant", "Qreen-vill", "Palma" istirahət mərkəzləri (Yalama-Nabran sahil zonası), Suvar dağ turizm istirahət zonası (Qusar), Qalaaltı sanatoriyası və müalicə pansionatı (Dəvəçi) fəaliyyət göstərir. Nabranda beynəlxalq əhəmiyyətli turizm mərkəzi yaradılmışdır. Bu bölgəyə istirahət və əyləncə məqsədilə gələn turistlərin sayı ildən-ilə artır. Bölgənin turizm ehtiyatları zəngin və perspektivlidir. Xəzər sahili boyu dağlıq ərazilərdə turizm inkişaf etdirilir.


Cənub istiqaməti – Bu istiqamətə Lənkəran-Masallı turizm bölgəsi daxildir. Lənkəran-Masallı turizm bölgəsi Azərbaycanın cənub-şərqində, Bakı-Astara turist marşrutunun üstündədir. Şərqdən Xəzər dənizi ilə əhatə olunur. İran İslam Respublikası ilə həmsərhəd olması iki dövlət arasında turizm əlaqələrinin genişlənməsinə imkan yaradır. Subtropik iqlimə malik bölgədə turizm ixtisaslaşması istirahət-müalicə və dərketmə istiqamətindədir. İqlimi, zəngin mineral suları balneoloji turist təsərrüfatının inkişafına əlverişli şərait yaratmışdır. "Meşəçi" qonaq evi , "Xanbulan" istirahət mərkəzi , "Hirkan" moteli, "Qafqaz", "Qala", "Xəzər" hotelləri (Lənkəran), "Min bir gecə" istirahət ocağı (Astara), "İstisu" sanatoriyası, "Masallı" və "Dəştvənd" hotelləri (Masallı) turistlərin ixtiyarındadır. Zəngin flora və faunaya malik Qızılağac DTQ və Hirkan MP bu bölgədədir. Qədim məscidlər, tarix-diyarşünaslıq muzeyləri, Babək qalası, türbələr, karvansaralar, respublikanın mühüm tarixi-memarlıq abidələridir. Bölgə turizmin inkişafı baxımından perspektivlidir. Turizm ehtiyatları yeni istirahət və əyləncə mərkəzlərinin yaradılmasına, Lerikdə dağ turizminin inkişaf etdirilməsinə, Lənkəran və Astarada sanatoriya-kurort şəbəkəsinin genişləndirilməsinə imkan verir.
Şimal-qərb istiqaməti – Bu istiqamətə 2 turizm bölgəsi daxildir:

Şəki-Zaqatala turizm bölgəsi və Şamaxı-İsmayıllı turizm bölgəsi



Şəki-Zaqatala turizm bölgəsi Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, Bakı-Balakən turist marşrutunun üstündə yerləşir. Dağlıq və dağətəyi landşaft, mineral bulaqlar, dağ gölləri, şəlalələrlə zəngin bölgədə qədim dövrlərdə iri ticarət və sənətkarlıq mərkəzi kimi tanınmış Şəki şəhəri yerləşir. "Yuxarı Baş" Tarix-Memarlıq Qoruğu, Kiş məbədi, İsfahan, Təbriz, Ləzgi karvansaraları, Gələsən-görəsən qalası və b. (Şəki), qədim qalalar (Qax, Zaqatala), Zaqatala DTQ, İlisu DTQ və b. bu bölgənin maraqlı turizm obyektlərindəndir. Şəki karvansara hotelləri, "Səadət", "Marxal" istirahət zonaları (Şəki), "Sahil", "Çənlibel" istirahət mərkəzləri, Qafqaz dağ-turist bazaları (Qəbələ), "İlisu", "Şəfa" pansionatları (Qax) və "Gülüstan" turist bazasında (Zaqatala) turistlərə xidmət göstərilir.

Şamaxı-İsmayıllı turizm bölgəsi Bakı-Abşeron, Şəki-Zaqatala turizm bölgələri arasında yerləşir. Bakı-Balakən turist marşrutu bu bölgədən keçir. Böyük Qafqaz dağlarının cənub-şərq yamaclarında yerləşən, füsunkar təbiətə malik bölgənin turizm ixtisaslaşması istirahət, idman, dərketmə istiqamətindədir. Şirvan DTQ və MP, Pirqulu DTQ bu bölgədədir. Şamaxıda Cümə məscidi, Gülüstan və Buğurt qalaları, səkkizbucaqlı Şahixəndan (Şaxəndan), Yeddi günbəz, Pirmərdəkan, Diribaba türbələri, Astrofizika Rəsədxanası, İsmayıllıda qədim qalalar, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu kimi maraqlı turist obyektləri vardır. Bölgədə 638 yerlik TYO fəaliyyət göstərir (2005). "Fortuna" dağ-turist bazası və b. istirahət mərkəzləri açılmışdır.
Qərb istiqamətiBu istiqamətə Gəncə-Qazax turizm bölgəsi daxildir.

Gəncə-Qazax turizm bölgəsi Azərbaycanın qərbində, Bakı-Qazax turist marşrutunun üstündə yerləşir. Turizm ixtisaslaşması istirahət-müalicə, dərketmə istiqamətindədir. Əlverişli iqlim şəraitinə malik dağ-meşə landşaftı, mineral su ehtiyatları ilə zəngin bölgə turizmin inkişafı baxımından perspektivlidir. Nizami Gəncəvinin məqbərəsi, Cümə məscidi, İmamzadə tikililər kompleksi, Şeyx İbrahim məqbərəsi, karvansara və s. Gəncənin maraqlı turizm obyektləridir. Böyüklüyünə və iqtisadi əhəmiyyətinə görə respublikanın ikinci şəhəri olan Gəncənin cənubunda dəniz səviyyəsindən 1556 m yüksəklikdə yerləşən Göygölün ətrafında Göygöl və Hacıkənd istirahət zonaları, Göygöl DTQ yaradılmışdır. Beynəlxalq əhəmiyyətli Naftalan kurortu bu bölgədə yerləşir. Qazax rayonu tarixi-memarlıq abidələri ilə zəngindir. İbtidai insanların yaşayış məskənləri olan Aveyadağ mağaraları maraqlı təbiət abidələridir. Mingəçevir şəhərinin yaxınlığında qədim arxeoloji kompleks yerləşir. Şəhərdə respublika əhəmiyyətli avarçəkmə bazası var. Gəncə şəhərindəki "Gəncə", "Kəpəz" mehmanxanaları və "Lüks" hotelində turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Gəncədə Olimpiya idman kompleksi tikilmişdir. Bölgədə idman turizmi inkişaf etdirilir.


Şərq istiqaməti

MÖVZU 2

Turizm firmasını yaratmaq qaydaları
Turizm firması - hər hansı bir firmada olduğu kimi, fəaliyyətinin təşkilinin spesifikasiyası-fəaliyyətin məqsəd və vəzifələrindən asılı olan, agent-operator profilli turizm müəssisəsidir. Turizm firmasının məqsəd və vəzifələri turistlərin tələbatına uyğun olan cəlbedici turizm məhsulunun yaradılması, təklifin tələb səviyyəsində saxlanılması, məhsulun rəqabətə davamlılığının qorunmasıdır.

Bunları nəzərə alaraq turizm müəssisəsinin tam fəaliyyət dövrünü şərti olaraq 4 mühüm istiqamətə ayırmaq olar.



Marketinq

1

Turizm firmasının inkişafı

4

Maliyyə hesablaş-maları

3

Turizm məhsulunun yaradılması

2

→ → →

Turizm firmasının əsas iş istiqamətləri


  1. İstehsalçı tələbinin araşdırılması üzrə bazarın marketinq tədqiqatı

  2. Turist proqramlarının planlaşdırılmasından və onların təsdiq edilməsi üzrə fəaliyyətindən ibarət olan turizm məhsulunun hazırlanması

  3. Qiymətləndirmə, hesabat və uçot siyasəti, verginin müəyyən edilməsi və s. ibarət olan maliyyə hesablaşmaları

  4. Turizm firmasının inkişafı, həmçinin yeni məhsulların istiqamətlərinin tətbiq edilməsi, diversifikasiyası və inteqrasiyası

Bu istiqamətlərin hamısı turizm müəssisəsinin əsas funksiyalarının yerinə yetirilməsinə, yəni turistlərə keyfiyyətli xidmət göstərilməsinə, daimi müştərilərin əldə edilməsinə, bununla da davamlı maliyyə və turizm xidməti bazarında rəqabətə davamlı mövqeyinin təmin edilməsinə, həmçinin təkrar istehsala və inkişafa yönəlmişdir.

Bu iş daim aparılır və turizm müəssisəsinin fəaliyyətinin ardıcıl dövriyyəsidir. Turizm firmasının əsas məhsulu tur olduğu üçün, turizm müəssisəsinin işinin keyfiyyətli turizm məhsulunun (turun) yaradılması üzrə arası kəsilməyən istehsalat və perspektiv fəaliyyət dövriyyəsi olduğunu demək olar.
MÖVZU 3

Zəruri sənədlər – Nizamnamə və Lisenziya
Sahibkarlığın müxtəlif növləri ilə məşğul olmaq üçün dövlət orqanları tərəfindən xüsusi icazə (lisenziya) olması çox vacibdir. Əvvəllər ölkədə 240-dan çox fəaliyyət növünə lisenziya verilməsi tələb olunurdu. Lisenziya qısa müddətə (2 ilə) verilirdi. Məsələn, lisenziya lüzumu turizm fəaliyyətinə görə 2000 $ idi. Bu məbləğin çox olduğuna görə, bəzi turizm firmaları lisenziya almırdı, turizm fəaliyyətində əldə etdiyi gəlirdən vergi də vermirdi. Yeni qaydaya görə turizm sahəsində lisenziya rüsumu 4 dəfə azalmış və onun müddəti isə 2,5 dəfə uzanmışdır. Artıq heç bir turist firması riskə gedib, lisenziyasız fəaliyyət göstərməz.

Lisenziya verilməsi dövlətin hər hansı bir sahibkarlıq fəaliyyətini tənzimləməsi deməkdir. Dövlət sahibkara turizm sahəsində fəaliyyətə icazə vermək üçün müəyyən şərtlər qoyur. Məsələn, sahibkarın bu sahədə təhsili və təcrübəsi, otaqları, informasiya texnologiyaları (telefon, telefaks, kompüter və s.), dəqiq turist marşrutları, mehmanxana, nəqliyyat müəssisələri ilə müqavilələri olmalıdır. Əgər turfirma xaricə turist göndərirsə, deməli onun göndərdiyi turistləri qəbul edən şirkətlərlə müqavilələri olmalıdır.

2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanda lisenziyanın verilmə qaydaları, müddəti, lisenziyanın tələblərinə və şərtlərinə nəzarət, lisenziya fəaliyyətini dayandırmaq və ləğv etmək qaydaları öz əksini tapmışdır.

Lisenziya almaq üçün təqdim edilən sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeyd alınır, baxılır, çatışmamazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir. Ərizəçiyə lisenziya verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə 5 gün müddətində yazılı məlumat verilir. Lisenziya verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina oluna bilər və bu imtinadan qanunvericiliyə uyğun olaraq məhkəməyə şikayət ərizəsi verilə bilər.

Lisenziya 5 il müddətinə verilir. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması lisenziyanın mövcudluğunu təsdiq edən sənədin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

MÖVZU 4

Tur firmanın nümunəvi ştat cədvəli


  1. Direktor –

  2. Menecer –

  3. Turoperator – Tur sifarişini qəbul edib turizm məhsuluna çevirir.

  4. Maliyyə meneceri –

  5. İşi idarə edən inzibatçı –

  6. Ekskursovod – Gid-Bələdçi

  7. Təşkilatçı –


MÖVZU 5

Azərbaycan turizminin yeni tarixi
Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Ölkədə "Turizm haqqında" Qanun (1999, 4 iyun) qəbul edilmiş, Gənclər, İdman və Turizm Nazirliyi (2001, 18 aprel) yaradılmışdı.

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi və Gənclər və İdman Nazirliyi təşkil edilmişdir. Respublikada 2006-cı ildən Turizm İnstitutu fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova (GUAM) İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı (OECD), Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Turizm Şurası və digər beynəlxalq regional təşkilatlarla turizm sahəsi üzrə əlaqələri inkişaf etdirir. Azərbaycan Respublikası 16 dövlətlə (Türkiyə, Çin, Polşa, İtaliya, Bolqarıstan, Yunanıstan və s.) turizm sahəsində əməkdaşlıq haqqında hökümətlərarası saziş imzalamışdır. 2002-ci ildən Bakı şəhərində hər il Azərbaycan Beynəlxalq Turizm Sərgisi - "AİTF" keçirilir, respublikanın turizm imkanları beynəlxalq turizm sərgilərində (London, Moskva, Berlin, İstanbul, Məsqət, Əl-Küveyt, Daşkənd, Tbilisi, Kiyev və b.) nümayiş etdirilir. 2006-cı ilin sentyabrında Azərbaycanda İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 5-ci Konfransı keçirilmiş, "Bakı Bəyannaməsi" qəbul edilmişdir.

"Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin inkişafını təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası-Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa) turist marşrutu müəyyənləşdirilmişdir. Ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsi turizm sektorunun inkişafına və turizm sənayesinin formalaşmasına müsbət təsir etmişdir. Respublikada 206 hüquqi və fiziki şəxs turizm fəaliyyəti ilə məşğul olur (2006, avqust). "İmprotex Travel", "Azal", "Sİ LTD", "BTİ Azerbaijan", "Caspian travel" və b. ölkənin iri turist şirkətləridir. Xarici turistlərin qəbulu üzrə ən iri turoperator "İmprotex Travel" qonşu ölkələrin turist şirkətləri ilə "İpək yolu" alyansı yaradaraq kombinə olunmuş turlar təşkil edir.

Azərbaycanda 10661 nömrəsi olan 262 turist yerləşdirmə obyekti (TYO), o cümlədən 126 mehmanxana, 21 motel və 115 digər TYO fəaliyyət göstərir (2005). Mehmanxana xidməti sahəsində 4092 nəfər çalışır. TYO-ların istismarından əldə edilən gəlir 66510,9 min manat, büdcəyə daxil olan gəlir vergisi, ƏDV və digər vergilər 9441,1 min manat, istismar xərcləri 47312 min manat olmuşdur. 2005-ci ildə TYO-larda 264058 turist yerləşdirilmiş, 524947-si ölkə vətəndaşı olmaqla gecələmələrin sayı 1064758-ə çatmışdır. Turist səfərləri istirahət-əyləncə (79594), işgüzar (141933), müalicə (17701) və s. (24830) məqsədlər daşımışdır. Azərbaycan vətəndaşlarının 1829765 nəfəri xarici səfərlərə getmişdir (2005).

Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu "Hyatt Regency" (1995), "Grand Hotel Europe" (1997), "Radisson SAS Plaza Hotel" (1998), "Park Hyatt Hotel" (1999), "Excelsior Hotel Baku" (2005) və b. fəaliyyət göstərir.

Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya Mərkəzi yaradılmışdır (1991). "Amburan", "Karvansara", "Bəh-bəh klub", "Mc Donald's", "Pizza-nat", "Patio-pizza", "Oyster Fish House", "Dolce Vita", "Dəniz" restoranları və b. həm yerli əhalinin, həm də turistlərin ixtiyarındadır. Respublikada fəaliyyət göstərən milli, Avropa, Türk, Hind və Çin mətbəxli restoranların əksəriyyəti Bakıda yerləşir.

Turizmin inkişafı sosial problemlərin həlli, məşğulluğun təmin olunması və yaşayış səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 11 fevral 2004-cü il tarixli Fərmanına uyğun olaraq respublikanın turizm ehtiyatları ilə daha zəngin bölgələrində potensial imkanlar nəzərə alınır və turizmin inkişafı istiqamətində tədbirlər həyata keçirilir.

Respublikada turizmi inkişaf etdirmək məqsədilə Bakı, Xaçmaz, Şamaxı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba şəhərlərində və Lahıc qəsəbəsində turist informasiya mərkəzləri açılmışdır (2006).

Respublikanın iqlimi, zəngin təbiəti, maddi-mədəniyyət abidələri turizmin yeni növlərinin inkişafına imkan verir. Turizm ehtiyatları tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm növlərinin inkişafı baxımından perspektivlidir.

Azərbaycanda dövlət tərəfindən qorunan 6308 tarix və mədəniyyət abidəsinin 65-i dünya, 2034-ü ölkə, qalanı isə yerli əhəmiyyətlidir. YUNESKO-nun Dünya İrs Siyahısına Azərbaycandan İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası salınmışdır (2000). "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.

Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular, neft və palçıqlar (Lənkəran, Kəlbəcər, Naxçıvan, Naftalan Abşeron və b.) sağlamlıq turizminin inkişafına geniş imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının (DTQ) və milli parkların (MP) sayının artması təbiət, ekoloji, ekzotik turizm növlərinin inkişafını sürətləndirmişdir. Soyuq iqlimli bölgələrdə (Kiçik Qafqaz, Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı və b.) turizmin alpinizm, dağ-xizək idmanı növləri inkişaf etdirilir. Bakı, Maştağa, Gəncə, Quba, Naxçıvan, Lənkəran, Bərdə, Şəki, Şamaxı və digər ərazilərdə açılmış Olimpiya idman komplekslərində (OİK) milli, regional və beynəlxalq miqyaslı idman yarışlarının keçirilməsi turizm əlaqələrini genişləndirir. Şəkidə və Qubada OİK-lərin nəzdində müasir mehmanxanalar tikilmişdir.



Azərbaycan ərazisində ehtiyatlarının müxtəlifliyi, inkişaf səviyyəsi və perspektivliyinə görə seçilən 8 turizm bölgəsi vardır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR


  • TURİZMİN ƏSASLARI - İlqar Hüseynov və Nigar Əfəndiyeva

  • AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ ENSİKLOPEDİYASI

  • TURİZMİN ƏSASLARI - Soltanova H.B. və Hüseynova Ş.H. BAKI 2007 Mütərqim nəşriyyatı.

  • TURİZMİN MENECMENTİ – Bilalov B.Ə. BAKI 2005 Mütərqim nəşriyyatı.

  • AZƏRBAYCANIN FİZİKİ COĞRAFİYASI – Müseyibov M.A. BAKI 1998 Maarif nəşriyyatı.

  • MARKETİNQİN ƏSASLARI – Kotler F. BAKI 1993 Ergün nəşriyyatı.

  • TURİZM-EKSKURSİYA İŞİNİN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ – Sabir Rəhimov BAKI 2004 Mütərqim nəşriyyatı.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə