Referat işi: Azərbaycan tarixi üzrə mənbələr Mövzu: Bakı─ 2012 Azərbaycan tarixi üzrə mənbələr




Yüklə 40.57 Kb.
tarix27.02.2016
ölçüsü40.57 Kb.
Bakı Dövlət Universiteti

Tarix Fakültəsi

Babaşova Turan Əjdər qızı

Referat işi:

Azərbaycan tarixi üzrə mənbələr

Mövzu:

Bakı─ 2012

Azərbaycan tarixi üzrə mənbələr
Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin dərindən öyrənilməsi üçün tarixi qaynaqların əhəmiyyəti şəksizdir. Tarixi ədəbiyyatlarda qaynaqların müxtəlif təsnifat prinsiplərindən istifadə olunur. Azərbaycanın qədim və orta əsrlər tarixini öyrənmək üçün qaynaqları şərti olaraq iki qrupa bölmək olar:

1)Yazıyaqədərki qaynaqlar.

2)Yazılı qaynaqlar.
Yazıyaqədərki qaynaqlar. Yazıyaqədərki qaynaqlar əsasən arxeoloji materiallar və qismən etnoqrafik məlumatlardan ibarətdir.

Yazıyaqədərki məxəzlərin mütləq əksəriyyətini müxtəlif dövrlərdə Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi mənbələr təşkil edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın arxeoloji baxımdan öyrənilməsi tarixini əsasən dörd dövrə bölmək olar:



  1. XIX əsrin I yarısından 1920-ci ilə qədərki dövr.

  2. 1920-1941-ci illər.

  3. 1945-1991-ci illər.

  4. 1991-ci ildən sonrakı dövr.

Bu dövrlərin hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Belə ki, I dövrdə Azərbaycanın arxeoloji tədqiq ilə əsasən əcnəbi həvəskar arxeoloqlar məşğul olmuş və onların araşdırmaları heç də Azərbaycan tarixini öyrənmək yox “dəfinə” axtarmaq, qarətçilik xarakteri daşımışdır. 1834-cü ildə İsveçrə səyyahı Dub ya de Manperinin Xanlar, 1848-ci ildə rus şərqşünası Xanıkov Bərdə, Naxçıvan, 1862-ci ildə fransız səyyahı A. Berjenin Muğan, 1879-cu ildə Polyakovun Naxçıvan, Selosoninin Bərdə, Blekin Daşkəsən, Gədəbəy, 1880-ci ildə Jak de Morqanın Talış, 1892-1903-cü illərdə E. Resleril Qarabağ və Gəncəçay, Rozendorfun Gəncəçay bölgəsində apardığı arxeoloji tədqiqatlar əsasən həmin məqsədə xidmət etmişdir. Doğrudur bu tədqiaqatlar zamanı əldə edilmiş qiymətli materiallar xarici ölkə muzeylərinə aparılsa da Azərbaycanın arxeoloji baxımdan tədqiqi istiqamətində ilk addımlar demək olar ki, atılmışdır.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra arxeoloji tədqiqatların yeni bir mərhələsi başlandı. 1923-cü ildə yaradılmış Azərbaycan arxeoloji Komitəsi respublika ərazisində olan tarixi abidələri qeydə alaraq onların elmi tədqiqi istiqamətində fəaliyyətə başladı. Yerli mütəxəssislərin olmadığı üçün mərkəzdən tanınmış arxeoloq Meşşaninovun dəvət olunması, böyük maddi çətinliklərə baxamayaraq XX əsrin 20-30-cu illərində Mil düzünə, Kiçik Qafqazın cənub-şərq ətəklərinə, Naxçıvan bölgəsinə, Azərbaycanın qərb bölgələrinə təşkil edilən ekspedisiyalar nəticəsində zəngin tədqiqat materialları əldə edildi. Bu işdə Meşşaninov, Miller, İesse, Passek, Latınin kimi rus arxeoloqları ilə yanaşı Azərbaycanın gənc arxeoloji kadrlarından Ələkbərov, İ. Cəfərzadə, Şərifov, Qazıyev, Hummelin xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Bu mərhələdə Azərbaycanın arxeoloji rədqiqinə sistemli şəkildə başlansa da Böyük Vətən müharibəsinin başlanması prossesin yarımçıq qalmasına səbəb oldu.

Azərbaycanın arxeoloji baxımdan tədqiq olunmasının yeni, keyfiyyətcə mühüm mərhələsi Böyük Vətən müharibəsindən sonrakı dövrə təsadüf edir. Bu dövrdə Azərbaycanın məşhur arxeoloqları Vahidov, İ. Cəfərzadə, Həbibullayev, İesse, M. Hüseynov və digərlərinin rəhbərliyi ilə təşkil edilmiş arxeoloji ekspedisiyalar nəticəsində Azərbaycanın paleolit, mezolit, neolit, eneolit və tunc dövrlərinə aid zəngin maddi mənbələr aşkar edilmişdir. M. Hüseynovun gərgin əməyi nəticəsində Damcılı, Daşsalahlı, Tağlar, Azıx düşərgələrində paleolit dövrlərinə aid nadir tapıntıların aşkar edilməsi Azərbaycanın antropogen zonasına daxil olduğunu sübut etdi. Azərbaycan arxeoloqlarının məhsuldar fəaliyyəti ilə Qobustan, Mingəçevir, Kültəpə, Əliköməktəpə, Meynətəpə, Qaraköpəktəpə, İlanlı təpə, Çalağan təpə, Sulutəpə, Üçtəpə, Mişarçay, Töyrətəpə, Şomutəpə, Babadərviş, Qarğalar təpəsi, Sərkərtəpə, və s. yaşayış məskənlərindən əldə edilən tapıntılar Azərbaycanda icma yaşayışının müxtəlif dövrlərinin dərindən öyrənilməsi üçün əsaslı zəmin yaratmışdır. Bu dövrdə Azərbaycanın antik və erkən orta əsrlər tarixinin öyrənilməsi üçün Yaloylutəpə, Cəfərxan, Qəbələ, Mingəçevir, Torpaqqala, Govurqala, Beyləqan və s. arxeoloji abidələrinin araşadırılması da zəngin faktiki material vermişdir. Sovet rejiminin tənəzzülünün başlanması nəticəsində XX əsrin 80-ci illərinin sonundan etibarən arxeoloji tədqiqat işləri dayandırıldı.

Azərbaycanın arxeoloji baxımdan öyrənilməsinin yeni mərhələsi müstəqilliyin əldə edilməsindən sonrakı dövr hesab olunmalıdır. Doğrudur bu mərhələdə çox böyük sosial-iqtisadi, siyasi, erməni təcavüzü kimi problemlərlə üzləşən gənc respublika ilk dövrlərdə arxeoloji tədqiqatlara vəsait ayıra bilməsə də, hazırda həyata keçirilən uğurlu siyasət bu sahəyə diqqətin ayrılmasına səbəb olmuşdur.


Yazılı qaynaqlar. Arxeoloji materiallardan fərqli olaraq yazılı qaynaqlar Azərbaycanın yalnız sosial-iqtisadi, maddi-mənəvi mədəniyyət tarixi haqqında deyil, həm də siyasi tarixi haqqında zəngin məlumatlarla xarakterizə olunur.

Yazılı mənbələr aşağıdakı hissələrdən ibarətdir:



  1. Salnamə tipli mənbələr (nəsrani mənbələr).

  2. Memuar xarakterli mənbələr.

  3. Sənədli materiallar.

Salnamə tipli qaynaqları dil prinsipinə uyğun olaraq bir neçə qrupa bölmək olar:

  1. Mixi yazı parçaları

  2. Antik tarixi-coğrafi ədəbiyyat

  3. Erməni və gürcü dilli qaynaqlar

  4. Yerli qaynaqlar

  5. Orta əsr ərəb, fars və türk dilli qaynaqlar

1. Yazılı qaynaqların böyük bir qismi salnamə xarakterli qaynaqlardan ibarətdir. Nəsrani qaynaqların xronoloji baxımdan birinci qismi hərbi-salnaməçi mənbələrlə – şumer-akkad, Assur, Urartu mixr yazı parçaları ilə təmsil olunmuşdur. Hərbi yürüşlər zamanı hökmdarların diktəsi ilə yazılan bu yazı parçalarında adətən hadisələr bir tərəfli təsvir olunmuşdur. Bununla belə mixi yazılarda Aərbaycan ərazisində erkən etnik birliklər, dövlətlər, onların qonşuları ilə sosial-iqtisadi və siyasi münasibətləri, maddi və mənəvi dünyaları haqqında maraqlı məlumatlar öz əksini tapmışdır. Şumer dastanlarında, Akkad çarları Böyük Sarqonun, Naram Suenin, Assur hökmdarlarından Aşşurnasirpalın, Adadnirarinin, Tiqlatpalasarın, Salmanasarın, Sarqonun, Aşşurbanipalın, Urartu çarlarından Menuanın, İşpuininin, Arkiştinin, Sarduri və Rusanın mixi yazı parçalarında kuti, lullubi, turukki tayfaları və Manna dövlətinin tarixi haqqında çox qiymətli məlumatlar verilmişdir.

Nəsrani qaynaqların diqqəti cəlb edən bir qismini də antik tarixi-coğrafi ədəbiyyat təşkil edir. Yunan-İran müharibəsinin başlanmasından sonra Şərq ölkələrinə marağın artması nəticəsində qədim yunan və Roma müəlliflərinin əsərlərində Azərbaycan haqqında məlumatlar yer almağa başlamışdı. Makedoniyalı İsgəndər, Qney Pompey və Mark Antoninin yürüşləri bu məlumatların daha da genişlənməsinə səbəb olmuşdu. Antik tarixçi və coğrafiyaçıların əsərlərində Azərbaycan ərazisində məskunlaşmış tayfalar, qədim şəhərlər, Atropaten və Alban dövlətləri, əhalinin adət-ənənələri, dini inancları, təsərrüfat həyatı, Parfiya-Roma münasibətləri sistemində Azərbaycan dövlətlərinin mövqeyi, Atropaten-Alban-Roma münasibətləri haqqında zəngin məlumatlar verilmişdir. Bu baxımdan Miletli Hekateyin “Yerin təsviri”, Herodotun “Tarix”, Knidli Ktesinin “Persika”, Siciliyalı Diodorun “Tarixi kitabxana”, Polibinin “Tarix”, Tit Livinin “Roma tarixi”, Pompey Troqun “Filippin Tarixi”, Kvint Kursi Rufun “Böyük Aleksandrın tarixi”, Pomponi Melanın “Yerin təsviri”, Böyük Plininin “Təbiət tarixi”, Plutarxın “Müqayisəli tərcümeyi-hallar”, Korneli Tasitin “Annallar”, “Tarixlər”, Flavi Arrianın “Anabozis” Klavdi Ptolomeyin “Coğrafiya dərsliyi”, Strabonun “Coğrafiya”, Dion Kassinin “Roma tarixi”, Appianın “Mitridatın müharibələri” əsərləri böyük maraq doğurur. Antik müəlliflərdən Dionisi Perieget, Yuli Solin, İosif Flavi, Klavdi Elian, Ammian Marselin və başqalarının əsərlərində də Alban və Atropaten dövlətləri haqqında bir sıra maraqlı məlumatlarla rastlaşmaq mümkündür.

Nəsrani qaynaqlar içərisində qədim erməni və gürcü dillərində yazılmış tarixi əsər və salnamələrin də özünəməxsus yerini qeyd etmək lazımdır. Erkən orta əsr erməni salnamələri “Böyük Ermənistan” ideologiyası əsasında yazıldığı üçün qonşu ölkələrə, xüsusilə də Albaniyaya qarşı əsassız ərazi iddiaları ilə xarakterikdir. Bununla belə həmin salnamələrdə Albaniya tarixinin siyasi, sosial-iqtisadi, mədəni problemləri haqqında zəngin faktiki materiallar öz əksini tapmışdır. XI-XVII əsrlərə aid erməni mənbələrində də Azərbaycan tarixi haqqında maraqlı məlumatlarla rastlaşmaq mümkündür. Bu mənada erməni salnamələri içərisində Aqafangelin “Ermənisatn tarixi”, Koryunun “Moştosun həyatı”, Yegişenin “Vardan və erməni müharibəsi”, Fovstos Buzandın “Ermənistan tarixi”, Lazar Paranetsinin “Ermənistan tarixi”, Moisey Xorenlinin “Ermənistan tarixi”, Sebeosun “İraklın tarixi”, Gevondun “Xəlifələr tarixi”, Ananiya Şiraklının “Coğrafiya”, Vardanın “Ümumi tarix”, Gəncəli Kirakosun “Tarix”, Mesoplu Fomanın “Teymurləng və onun varislərinin tarixi”, Təbrizli Arakelin “Tarixlər kitabı”, Kənəkirli Zəkəriyyənin “Xronika” və s. əsərləri xüsusi qeyd etmək lazımdır.

Erkən orta əsrlər Azərbaycan tarixinin bəzi məsələləri “Mokçevay Kartlisay”, “Kartlis Tsxovreba”, “Kartli çarlarının həyatı”, “Vaxtanq Qorqosalın həyatı” kimi gürcü salnamələrində də öz əksini tapmışdır.

Narrativ qaynaqların sayca az olsa da elmi-tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən bir hissəsini yerli qaynaqlar təşkil edir. Erkən orta əsrlər Azərbaycan tarixinə aid ən mühüm mənbə Musa Kalankatlının “Alban tarixi” salnaməsidir. Salnamənin müəllifliyi, yazılma tarixi haqqında uzun sürən mübahisələr olsa da bu salnamə olmadan Alban tarixini öyrənmək qeyri-mümkündür. Əsərdə bibliya dövründən etibarən X əsrin sonuna qədər Alban tarixi haqqında zəngin məlumatlar öz əksini tapmışdır. Bu salnamənin xronoloji baxımdan davamı kimi Alban tarixçisi və hüquqşünası Mxitar Qoşun “Alman salnaməsi”, “Gəncəli Xosrovun əzablı həyatı” və “Qanunnamə” əsərləri də Azərbaycan tarixi üzrə böyük əhəmiyyətə malikdir. İnkişaf etmiş orta əsrlər dövründə yaşamış Azərbaycan tarixçilərinin salnamələri əsasən fars dilində olduğu üçün narrativ qaynaqların müvafiq hissəsində onlar haqqında da məlumatlar veriləcəkdir. XVIII-XIX əsrlərə aid yerli salnamələr içərisində Həsən Cəlalın “Alban ölkəsinin qısa tarixi”, “Qarabağnamələri”, Lənkəran Quba və Şəki xanlıqları tarixinə, Qacarlar sülaləsinə həsr edilmiş Bəhmən Mirzə Qacarın “Şükürnameyi Şahənşah”, Əbdürrəzzaq Dünbulinin “Məasiri Sultaniyyə”, həmçinin A. Bakıxanovun “Gülüstani-irəm” əsərlərinin tarixi qaynaq kimi əhəmiyyətini də xüsusi vurğulamaq yerinə düşərdi.

Təsnifat baxımından narrativ qaynaqlar silsiləsinə aid olmasalar da, ədəbi-bədii əsərlərin tarixi mənbə kimi xüsusi əhəmiyyətini nəzərə alaraq “Kitabi Dədə Qorqud”, “Koroğlu” dastanlarının, Ə.Xəqani, N.Gəncəvi, Q.Təbrizi, İ.Nəsimi, Ş.İ.Xətai kimi ədiblərin əsərlərini tarixi araşdırmalara cəb etməyin vacib olduğunu da nəzərdən qaçırmamaq lazımdır.

Narrativ qaynaqların mühüm bir qismini VIII-XIII əsrlərə aid ərəb dilli salnamələr təşkil edir. Ərəbdilli salnamələrin özünəməxsusluğu onddan ibarətdir ki, digər qaynaqlardan fərqli olaraq ərəb tarixçi və coğrafiyaşünasları yalnız siyasi tarix problemləri ilə məhdudlaşmamış əsərlərində Azərbaycanın iqtisadi potensialı, ticarət əlaqələri, tranzit ticarət yolları, təbii sərvətləri, şəhərləri, əhalisi, etnoqrafiyası haqqında da ətraflı məlumatlar vermişlər. Ərəbdilli mənbələr içərisində Təbərinin “Tarix ər-rüsul və-ə mülk”, Bəlazurinin “Kitab fütuh əl-buldan”, Yəqubinin “Tarix”, Məsudinin “Müruc əz-zəhab və məadin əl-cəvahir”, inb Xordadbehin “Kitab əl-məsalik və-l məmalik”, İstəxrinin “Kitab məsalik əl-məmalik”, Müqəddəsinin “Əhsən ət-təqasim fi mərifət əl-əqalim”, Əbül Fərəc Kudamanın “Kitab əl xərac və sənət əl-kitabə”, əl Kufinin “Kitab əl-xərac”, İbn əl-Əsirin “Əl kamil fit tarix”, Yaqut əl Həməvinin “Mucəm əl-buldan” və başqalarının əsərlərini xüsusi olaraq qeyd etmək lazımdır.

Azərbaycanın XI-XIII əsrlər tarixi üzrə nəsrani qaynaqların mübaliğəsiz demək olar ki, ən mühüm hissəsini fars dilində ayrı-ayrı xalqların nümayəndələri tərəfindən yazılmış mənbələr təşkil edir. Fars dilli salnamələrdə Xilafətin zəifləməsi dövründən başlayaraq Azərbaycan xanlıqları dövrü də daxil olmaqla çox mühüm bir tarixi mərəhələ haqqında zəngin məlumatlar öz əksini tapmışdır. Fars dilli salnamələrin hamısını xatırlatmaq olmasa da Azərbaycan tarixi üçün daha önəmli hesab edilən bəzi qaynaqların adını qeyd etmək yerinə düşərdi. Sibt ibn əl-Cövzinin “Mirat əz zaman fi tarix əl əyan”, Məhəmməd əl-Kaşaninin “Fütur zaman əs sudur və sudur zaman əs futur”, Sədrəddin Əli əl-Hüseyninin “Zubdat ət-Təvarix”, Nəsəvinin “Sirat əs Sultan Cəlaləddin Mənkburn”, Nizam əl-Mülkün “Siyasətnamə”, Fəzlullah Rəşidəddinin “Cami ət-təvarix”, Həmdullah Qəzvininin “Tarixi qozide”, “Nüzhətül qülub”, Hafiz Əbrunun “Zeyl-e cami ət təvarixi Rəşidi”, Əbubəkr Tehraninin “Kitabi Diyarbəkriyyə”, Fəzlullah ibn Ruzbixan Xuncinin “Tarix-i aləm arayi Amini”, Həsən bəy Rumlunun “Əhsən ət-təvarix”, Mirxondun “Rövzət əs Səfa”, Xondəmirin “Həbib üs-siyar”, Əbdi bəy Şirazinin “Təkmülat ül-əxbar”, Qazi Əhməd Quminin “Xülasət ət-təvarix”, İsgəndər bəy Münşinin “Tarixi aləm arayı Abbasi”, Məhəmməd Tahir Vahidin “Abbasnamə” və onlarla digə fars dilində yazılı müəlliflərin əsərlərində orta əsrlər Azərbaycan tarixi haqqında qiymətli faktlar yer almışdır.

XV-XVII əsrlərdə türk dilli salnamələrdə də Azərbaycan tarixi ilə bağlı, xüsusilə də Azərbaycan dövlətlərinin Osmanlı imperatorluğu ilə münasibətləri haqqında maraqlı məlumatlar verilmişdir. Bu dövrə aid Osmanlı salnamələrindən Aşıq Paşaoğlunun “Tevarihi Ali Osman”, Mehmed Neşrinin “Kitabi Cihannüma”, İbn Kamalın “Tevarihi Ali Osman”, Tacəddin əs-Salmaninin “Tarixnamə”, Mehmed Solokzadənin “Tarix”, Peçevi İbrahim Əfəndinin “Peçevi tarixi” və digərlərinin əsərlərində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin Osmanlı dövləti ilə qarşılıqlı münasibətləri öz əksini tapmışdır.

2. Azərbaycan tarixi üzrə yazılı qaynaqların ikinci qismini epistolyar xarakterli mənbələr təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycan zəngin təbii sərvətləri və mühüm strateji mövqeyinə görə zaman-zaman uzaq və yaxın ölkələrin diqqətini cəlb etmişdir. Bununla bağlı olaraq XIII əsrdən başlayaraq Qərbi Avropa ölkələrindən Azərbaycana səyyahların ayaq açması başlanmışdır. XV əsrdən etibarən Azərbaycanın böyük siyasətə cəlb olunması, Azərbaycan dövlətlərinə Qərbin marağının artmasına səbəb olmuş və ölkəmizə səyyah, səfir, missioner axını daha da güclənmişdi. Azərbaycanda olmuş Avropa və Şərq səyyahları öz gündəliklərində siyasi tarix məsələlərinə ötəri toxunsalar da xalqımızın adət-ənənələri, etnoqrafiyası, təsərrüfat həyatı, şəhərləri, ticarət əlaqələri haqqında son dərəcə geniş və qiymətli məlumatlar vermişlər. Nəsrani qaynaqlarda bu tip məlumatların az və yaxud ümumiyyətlə olmaması nəzərə alınarsa memuar ədəbiyyatının Azərbaycan tarixi üçün necə mühüm əhəmiyyət kəsb etdiyini dərk etmək heç də çətin deyildir. XIII-XVIII əsrlərə aid memuar ədəbiyyatı içərisində M.Polo, Gilyad de Rubruk, İ.Şiltberger, K.Zeno, A.Kontarini, İ.Barbaro, V.Alessandrini, Ryu Qonsales de Klavixo, Yan streys, Jan Şarden, J.B.Tavernye, A.Oleari, E.Kempfer, C.Kareri, F.Kotov, D.Q.de-Silva, Ö.Çələbi, A.Volınski və başqalarının gündəlikləri tariximiz üçün qiymətli qaynaqlar kimi xüsusi qeyd edilməlidir.

3. Azərbaycan tarixi üzrə yazılı qaynaqların üçüncü qrupunu sənədli materiallar təşkil edir. Qaynaqların bu hissəsinə hökmdar fərmanları və təliqələr, qanunnamələr, vergi dəftərləri, müqavilə mətnləri ilə yanaşı numizmatik materialları və epiqrafik abidələri də aid etmək olar. Qeyd etmək lazımdır ki, qaynaqların digər növləri ilə müqayisədə sənədli mənbələr olduqca az olsa da onların elmi dəyəri əvəzsizdir. Çox təəssüf hissi ilə qeyd etməliyik ki, bizim dövrümüzə qədər sənədli mənbələrin çox az bir qismi gəlib çatmışdır. Bunun əsas səbəbi müharibələr zamanı dövlət arxivlərinin qarətə məruz qalması olmuşdur. Bütün bunlara baxmayaraq XV-XVIII əsrlərə aid sənədli qaynaqların bir qismi qorunub saxlanmışdır. Bu sənədlər içərisində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarları və şahzadələrinin soyurqal, tiyul bəxşişləri haqqında təliqələrini, Uzun Həsənin Venesiya doju ilə yazışmalarını, onun məşhur “Qanunnamə”sini, Şah I İsmayıl və I Təhmasibin I Sultan Səlim və Sultan Süleymana məktublarını, həmçinin Səfəvi hökmdarlarının bir sıra Qərb hökmdarları ilə yazışmalarını qeyd etmək olar. Azərbaycan dövlətlərinin imzaladıqları beynəlxalq müqavilə mətnlari də tariximiz üçün əvəzsiz qaynaq hesab olunmalıdır. Bununla yanaşı, XVI əsrin sonu və XVIII əsrin 20-30-cu illərində müvəqqəti osmanlı işğalı zamanı tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”, “Naxçıvan sancağının müfəssəl dəftəri”, “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” və s. kimi vergi dəftərləri Azərbaycan tarixinin müxtəlif problemlərini öyrənmək üçün çox mühüm sənədli qaynaqlardandır.








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə