Referat I Ş İ Yerinə yetirdi: Rəhimov Anar referatın planı




Yüklə 88.78 Kb.
tarix30.04.2016
ölçüsü88.78 Kb.



KİBERNETİKA VƏ İNFORMASİYA NƏZƏRİYYƏSİNİN

BƏZİ FƏLSƏFİ PROBLEMLƏRİ mövzusunda

R E F E R A T İ Ş İ



Yerinə yetirdi: Rəhimov Anar




referatın planı

Giriş .....................................................................................1


  1. Əsas kibernetik anlayışların fəlsəfi təhlili ................2

  2. Kibernetika və informasiya nəzəriyyəsinin

bəzi fəlsəfi problemləri ..............................................................6
Nəticə ...........................................................................................17

Ədəbiyyat ...................................................................................18

GİRİŞ

Son illər telekommunikasiya vasitələri, kompyuter texnologiyaları və avtomatik idarəetmə sistemləri çox sürətlə inkişaf edir. Müasir informasiya texnologiyaları təhsilə, tərbiyəyə, şəxsiyyətin və insanlar arasındakı münasibətlərin foralaşmasına və s. böyük təsir göstərir. Buna görə müasir həyatı telekomunikasiya və kompyuter texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Bütün bunların əsasını təşkil edən, əks əlaqəyə malik olan sistemlərin idarə olunmasından bəhs edən kibernetika və onun bölmələrindən olan informasiya nəzəriyyəsinin aktual elm sahələrindən olması danılmaz faktdır. Kibemetıka əlaqənin, idarəetmənin, informasiyanın, təşkilolunmanın, əks əlaqənin, məqsədəuyğunluğun, ehtimalın roluna əsaslanaraq dünya haqqında, təbiət və cəmiyyət haqqında yeni təsəvvürlər verir. Buna görə kibernetika və informasiya nəzəriyyəsinin obyektlərinə fəlsəfi baxımdan yanaşma zərurəti meydana çıxır. Bu baxımdan kibernetika və informasiya nəzəriyyəsinin əsas prinsiplərinin fəlsəfi təhlili mühüm əhəmiyyət kəsb edir. Təqdim olunan referat işində fəlsəfədə yeni istiqamətlərdən olan kibernetika və informasiya nəzəriyyəsinin müasir fəlsəfi problemlərinin təhlilinə cəhd göstərilmişdir.



ƏSAS KİBERNETİK ANLAYIŞLARIN

FƏLSƏFİ TƏHLİLİ
Kibernetika və informasiya nəzəriyyəsinin fəlsəfi problemlərindən danışmazdan əvvəl bəzi anlayışların kibernetika və fəlsəfə ilə qarşılıqlı əlaqəsini təhlil edək:

a) Mürəkkəb sistem anlayışı. Bütün Kainata aid olan fiziki qanunauyğunluqları öyrənən nisbilik nəzəriyyəsi və mikroaləmin qanunauyğunluqlarını tədqiq edən kvant mexanikası heç də asan anlaşılan nəzəriyyələr olmasalar da, onlar müasir təbiətşünaslıq baxımından sadə hesab olunan sistemlərlə iş görürlər. Bu nəzəriyyələrin öyrəndiyi sistemlər o mənada sadədirlər ki, onlara az sayda dəyişənlər daxildir və buna görə də, onların qarşılıqlı əlaqəsi riyazi təsvirə və universal qanunların çıxarılmasına imkan yaradır.

Təbiət və cəmiyyətdə sadə sistemlər ilə yanaşı çoxsaylı dəyişənlərdən və onların rəngarəng əlaqələrindən yaranan mürəkkəb sistemlər də mövcuddur. Tədqiqat predmeti nə qədər mürəkkəb olarsa, onun tədqiq edilməsi də, funksiyalaşmasının və ınkışafının qanunauyğunluqlarını aşkara çıxarılması da bir o qədər çətin olur. Bu qəbildən olan sistemlərin öyrənilməsinin çətinlikləri həm də belə bir amillə bağlı olur ki, sistem nə qədər mürəkkəb olursa onun emercment xassələri, b.s. onun hissələrində olmayıb, bütöv halından tamlığından törəyən xassələr də bir o qədər zəngin olur.

Belə mürəkkəb sistemlər, məsələn, iqlim prosesləri haqqmda elm olan meteorologiyada öyrənilir. Meteorologiyanın öyrəndiyi sistemlər ona görə mürəkkəb sayılır ki, ilk baxışdan paradoksal görünsə də havanın halını müəyyən edən proseslər qravitasiya proseslərinə nisbətən daha az məlumdur. Doğrudan da, maraqlıdır biz dəqiq hesablamalar əsasmda Yerin və ya hər hansı bir kosmik obyektin milyon illər bundan sonra fəzanın hansı nöqtəsində olacağını irəlicədən təyin edə bildiyimiz halda, sabah havanın necə olacağını dəqiq təyin edə bilmiirik. Buna səbəb iqlim proseslərinin çoxlu sayda dəyişənlərdən və onların qarşılıqh təsirlərindən yaranan müıəkkəb sistem olmasıdır.

Sistemlərin sadə və mürəkkəb növlərə bölünməsi müasir təbiətşünaslığın fundamental məsələlərindəndir. Bütün mürəkkəb sistemlər içərisində ən çox maraq doğuranı «əks əlaqə»lərdir. «Əks əlaqə» müasir təbiətşünaslığın mühüm anlayışlarındandır.

b) «Əks əlaqə» anlayışı. Əgər biz kiylə bilyard daşına zərbə vursaq o, bizim istədiyimiz sürətlə onu yönəltdiyimiz istiqamətdə hərəkət edəcəkdir. Kənar maniyə olmadığı təqdirdə atdığımız daşm istiqatnəti də bizim arzumuza uyğun olacaqdır. Əlbəttə, daşın özü bizə nəzərən tamamilə etinasız olub, onun tabe olduğu ətalət qanunu nəzərə alınmazsa, bizə heç bir müqavimət göstərməyəcəkdir. Halbuki, bizim təsirimizə fəal surətdə cavab verən pişiyin davranışı tamamilə başqa cür olacaqdır. Əgər obyektin hərəkət tərzi ona göstərilən təsirdən asılıdırsa, o halda biz deyirik ki, həmin sistem əks əlaqəyə malikdir, başqa sözlə, əks əlaqə sistemə edilən təsir ilə sistemin həmin təsirə cavab reaksiyası arasındakı əlaqədir. Əks təsir müsbət və mənfi ola bilər. Sistemin hərəkət tərzi xarici təsiri qüvvətləndirirsə, belə əks təsir müsbət hesab olunur. Əksinə, əgər sistemin hərəkət tərzi xarici təsirin qarşısını alıb, onu bu və ya başqa dərəcədə zəiflədirsə, belə əks təsir mənfi adlanır. Xarici təsiri heçə endirməyə çalışan əks təsir isə homeostat əks təsir adlanır. Məsələn, insan bədəninin temperaturu homeostat əks təsirin hesabına həmişə sabit qalır. Canlı orqanizmlərdə belə mexanizmlər külli miqdardadır. Hadisələr axınında xassələri sabit qalan sistemlər invariant sistemlər adlanır.

İnsanm hər bir hərəkətində onun məqsədlərinə xidmət edən əks əlaqə mexanizmi iştirak edir. Bu mexanizmlər insan fəaliyyətinə avtomatik qoşulduqlanndan biz onlann təsirini hiss etmirik. Lakin bir sıra hallarda insan onlardan şüurlu surətdə istifadə edir. Misala müraciət edək. Tutaq ki, bir adam başqasına görüş təyin edir və bu halda tərəf-müqabil görüşlə bağlı ona ünvanlanan sözləri təkrar edir: bəli, biz fılan saatda, filan yerdə görüşməliyik. Göründüyü kimi, bu razılaşmanı daha etibarlı edən, onun baş tutmasını artıran amil əks təsirdir. Əks təsirin mexanizmi sistemi daha dayanıqlı, daha etibarlı və effektli etməyə xidmət edir. N.Viperin sözlərilə desək, sözün geniş mənasında əks əlaqə anlayışı «o deməkdir ki, aparatın və ya mexanizmin çıxış enerjisinin bir hissəsi yenidən girişə qayıdır.... Müsbət əks əlaqə giriş siqnallarına əlavə olunsa da onlara düzəliş vermir. Obyektin hərəkət tərzi xətalar ilə idarə olunduğu hallarda isə «əks əlaqə» anlayışı həm də sözün dar mənasında iş-lədilir. Bu halda əks əlaqə mənfıdir, başqa sözlə, məqsəd-dən çıxan siqnallar məqsəddən irəli gedə biləcək çıxışları məhdudlaşdırmaq üçün istifadə olunur»1.

Əks əlaqənin mexanizmi sistemin daxili təşkilinin də-rəcəsini yüksəltməyə və baxılan sistemdə özünütəşkildən danışmağa imkan verməklə onu prinsip etibarilə tamamilə başqa bir şeyə çevirir.

Beləliklə, bütün sistemləri əks əlaqələrə malik və belə əlaqələrdən məhrum olan sistemlərə bölmək olar. Sistem-lərdə əks əlaqə mexanizminin olması göstərir ki, belə mexa-nizmlərə malik olan mexanizmlərdə müəyyən bir məqsəd izlənir, başqa sözlə, belə sistemlərin hərəkət tərzi hökmən məqsədəuyğundur.

v) Məqsədəuyğunluq anlayışı. Sistemin fəal hərəkət tərzini iki qrupa ayırmaq olar. təsadüfı hərəkət tərzi və məqsədəuyğun hərəkət tərzi N.Viper belə güman edirdi ki, əgər obyektin fəaliyyəti hər hansı bir məqsədə doğru yönəlmişsə, başqa sözlə, bu obyektlə dıgər obyektlər arasmda məkan və ya zaman əlaqəsi yaranırsa sistemin hərəkət tərzi məqsədəuyğun hesab olunur. Əgər sistemin hərəkət tərzi başqa cür baş verirsə, bu hərəkət tərzi məqsədə müvafıq olmayan və ya təsadüfi hesab edilir.

Hərəkət tərzi daxili məqsədə doğru istiqamətlənən maşınları göstərmək üçün N.Viper «servomexanizm» anlayı-şından istifadə edirdi. Məsələn, hədəfi axtararaq tapan torpedo belə maşınlara misal ola bilər. Məqsədə istiqamətlənən hər bir hərəkət

1 Bax: Viper N. Kibernetika M., 1968, s. 288

əks əlaqənin olmasını tələb edir. Bu əks əlaqənin isə varlığını irəlicədən həm söyləmək, həm də söyləməmək olar. İrəlicədən söyləməyə qatılan parametrlərin sayından asılı olaraq o, birinci tərtib, ikinci tərtib və s. ola bilər. Belə parametrlərin sayı çoxaldıqca sistemin mükəmməllik dərəcəsi də artır.

Məqsədəuyğunluq anlayışı tarixən uzun təkamülə məruz qalmışdır. Mifoloji təfəkkürün hakim olduğu uzaq keçmişlərdə ixtiyari fəaliyyət növü, o cümlədən cansızın hərəkət tərzi yalnız antropomorfizm əsasında məqsədə müvafiq sayılır və bu halda təbiət hadisələrinə insan fəaliyyətinə xas olan cəhətlər isnad verilirdi. Fəlsəfə tarixindən yaxşı məlumdur ki, Aristotel səbəbin növlərinə maddi, formal, təsir göstərən səbəblərlə yanaşı məqsədli səbəbi də əlavə edirdi. Məqsədəuyğunluğun dini anlamı belə bir inama əsaslanırdı ki, Allah dünyanı müəyyən məqsədlə yaratmışdır.

Məqsədəuyğunluğun elmi anlamı öyrənilən hadisələrdə məqsədəyönlülüyün obyektiv mexanizminin aşkar edilməsinə əsaslarıır. Elm Yeni dövrdə sadə sistemiəri öyrəndiyi üçün məqsəd anlayışına həmişə skeptikcəsinə yanaşmışdır. Lakin XX əsrdə təbiətşünaslıq əks əlaqələrə malik mürəkkəb sistemləri öyrənməyə keçdikcə vəziyyət kökündən dəyişdi: məlum oldu ki, sadə sistemlərdən fərqqli olaraq mürəkkəb sistemlərdə məqsədəuyğunluğun daxili mexanizmi vardır. Bu qəbildən olan sistemləri ilk dəfə öyrənən elm kibernetika adını aldı.

Son zamanlar məntiqin kompyuterləşməsinə çox diqqət yetirilir. Bu barədə Bəxtiyarov K. İ. yazır: «Hələ ki, məntiqdə biz qarşıdurma vəziyyətində qalmışıq: məntiq cəbri (Bul) – məntiq həndəsəsi (Eyler, Benn) və «gələcək fikrin həndəsəsi» adlanan məntiq analitik həndəsəsini qeyd etməməyə çalışırıq. Bizim fikrimizcə məntiqin hesablanmasına əsaslanan və məntiqin kompyuterləşməsinə imkan verən vektorial məntiq cəbri üçün zaman gəlib çatmışdır.»1

1 Bax: Baxtiərov K. İ. Kompğöterizaüiə loqiki. J. Filosovskie nauki 9, M., Vısşaə şkola, 1990, s. 117

KİBERNETİKA VƏ İNFORMASİYA

NƏZƏRİYYƏSİNİN BƏZİ FƏLSƏFİ

PROBLEMLƏRİ
a) Kibernetika.

Kıbernetika yunan sözü olub, hərfi mənası «idarə etmək bacarığı» deməkdir. Kibernetika əks əlaqəyə malik olan sistemlərin idarə olunması haqqında elmdir1. Riyaziyyat, texnika və neyrofiziologiyanın qovşağmda yaranmış kibemetikanı əks əlaqə mexanizminə malik canlı və cansız sistemlər sinfi maraqlandırır.

Kibernetikanın əsasını 1948-ci ildə «Kibernetika» kitabını çap etdirmiş amerikan riyaziyyatçısı Norbert Viper (1894-1964) qoymuşdur. Bu elmin orijinallığı bundadır ki, o, sistemin maddi tərkibini və strukturunu deyil, baxılan sistemlər sinfinin işinin nəticəsini öyrənir.

Kibernetikada ilk dəfə «qara qutu» anlayışı işlənib hazırlanmışdır. «Qara qutu» elə bir keçirilməsini təmin edən informasiyalara mexanizmdir ki, o indiki və giriş potensialı üzərində, bu potensialın strukturu və onun həyata malik olmadıqda belə müəyyən əməliyyatları həyata keçirə bilirik.

Kibernetikada mürəkkəb sistemlərin xarici təsirlərə cavab reaksiyaları, onların həyata keçirdikləri funksiyalar öyrənilir2. Kibernetikada sistemlərə substrat (maddi) və struktur yanaşma ilə bərabər sözün geniş mənasında sistem yanaşmanın funksional variantından da istifadə olunur.

Əgər XVII əsr və XVIII əsrin əvvəlləri – saat əsri, XIII əsrin sonu və XIX əsr – buxar maşını dövrü olmuşdursa, hazırki dövr əlaqə və idarəetmə dövrüdür.






1 Bax: Viper N. Kibernetika i obhestvo M., İL, 1958

2 Bax: Gşbi U. R. Vvedenie v kibernetiku İL., 1959, s. 15.

Bu proseslərin öyrənilməsinə kibemetika öz töhfəsini vermişdir. Əlaqə və idarəetmə modellərini öyrənən kibernetika bu prosesdə elmə çoxdan məlum olan, lakın yalnız müasır təbiətşünaslıqda status qazanan informasiya anlayışından istifadə edir. Sistemin təşkil olunmamasının ölçüsünü əks etdirən entropiya anlayışından fərqli olaraq informasiya anlayışı sistemin təşkil olunmasının ölçüsünü ifadə edir. Kibernetika informasiya ilə sistemin digər xarakteristikaları, o cümlədən entropiya arasındakı asılılığı aşkar edir. Araşdırmalar göstərir ki, informasiya ilə entropiya arasmda tərs mütənasib asılılıq mövcuddur: entropiya artdıqca ınformasıya azalır və əksinə. İnformasiyanın entropiya ilə əlaqəsi informasiyanın enerji ilə əlaqəsinə şəhadət verir.

Enerji (yunan sözü olub, fəalıyyət deməkdir) hərəkət və qarşılıqlı təsirin müxtəlif növlərinin: mexaniki, istilik, elektromaqnit, kimyəvi, qravitasiya, nüvə və s. ümumi ölçüsünü xarakterizə edir. Informasiya isə sistemlərin rəngarəngliyinin ölçüsünü xarakterizə edir. Sistemlərin bu fundamental parametrləri bir-birini nisbi surətdə şərtləndirir. İnformasiyanı ötürən siqnalın dəqiqliyi siqnalın enerjısinin miqdarından asılı olmasa da, enerji və informasiya bir-birilə bağlıdır. N.Viper belə bir misal gətirir: «Beyindən kibernetikanı riyazi elmlərdən biri hesab edirlər. Lakin özünün bütün sahələrində riyazi aparatdan geniş miqyasda istifadə edən fizika riyaziyyata çevrilmədiyi kimi, kibernetika da riyaziyyatın bölmələrindən birinə çevrilmir. Bir daha xatırladaq ki, kibernetikanın tədqiqat predmetini idarəetmə sistemləri təşkil edir. Kibernetik metodların elmin bütün digər sahələrinə nüfuz etməsi bu gün bizə belə bir fikir söyləməyə haqq verir ki, müasir elmlər nəinki riyaziləşdirilir, onlar həm də kibernetikləşdirilir».

Texniki kibernetikaya bəzi hallarda kibemetikanın müstəqil istiqaməti, bəzən də tətbiqi kibernetikanın növlərindən biri kimi baxılır. Texniki kibernetika idarəedici və hesablayıcı qurğularda tətbiq olunan texniki vasitələrin quraşdırılması və istismar məsələləri ilə məşğul olur. Texniki kibernetikanın başlıca problemlərindən biri «insan-maşın» problemidir. Bu problemin mahiyyətində aynlmaz elementini insan-operator təşkil edən avtomatlaşdırılmış idarəetmə sistemlərinin öyrənilməsi durur. Bu sahədə meydana çıxan bir sıra yeni problemlər (insanın adaptiv xassələri, insan-operatorun intellektual fəaliyyəti, onun fəaliyyətinin məntiqi təsviri, evristik proqramlaşdırma və s.) texniki kibernetikada mühüm əhəmiyyət kəsb edir.

Nəzəri kibernetikaya riyaziyyatın müxtəlif bölmələrində yaranmış elmi istiqamətlər, o cümlədən riyazi məntiq, ehtimallar nəzəriyyəsi, hesablama riyaziyyatı, informasiya nəzəriyyəsi, kodlaşdınna nəzəriyyəsi, alqoritmlər nəzəriyyəsi və b. daxildir. Kibernetikanın özündə isə avtomatlar nəzəriyyəsi, formal dillər və qrammatikalar nəzəriyyəsi, obrazlarm tanınması nəzəriyyəsi və s. bölmələr yaranmışdır.

Nəzəri kibernetikanın yalnız riyaziyyat və məntiqə müncər edilməsini düşünmək doğru olmazdı. Digər təbii və texniki elmlər kimi kibernetika da obyektin öyrənilınəsi üçün eksperimentdən, xüsusilə maşın modelləşdirməsi adlanan riyazi eksperimentdən istifadə edir. Riyazi eksperiment obyektin fıziki modelini qurmadan və tədqiq etmədən onun elektron hesablama maşınında reallaşdırılan riyazi modeli əsasında tədqiqini mümkün edir. EHM-da aparılan modelləşdirmə digər elmlərlə müqayisədə kibernetikaya xüsusi üstünlük verir. Kibernetik yanaşma metodundan bütün elmlərdə - təbii, texniki və humanitar elmlərdə istifadə olımur. Bu baxımdan kibernetika riyaziyyata bənzəyir1.

Sistemin rəngarəngliyi artdıqca informasiyalar da müvafıq suratdə çoxalır, lakin informasiyanın sistemlərin rangarəngliyi ilə əlaqəsi təkcə bununla bitmir. Kibernetikanın əsas qanunlarıdan biri «zəruri rəngaranglik» qanunudur. Bu qanuna görə hər bir sistemin eftektli idarə olunması yalnız o halda mümkündür ki, idarə edən sistemin rəngarəngliyi idarə olunan sistemin rəngarəngliyindən böyük olmuş olsun. Rəngarənglik ilə idarəetmə arasmdakı əlaqəni nəzərə alaraq deyə




1 Bax: Viper N. Kibernetika M., 1968, s. 201

bilərik ki, biz idarə etməyə hazırlaşdığımız sistem haqqında nə qədər çox informasiyaya malik olarıqsa bu proses də bir o qədər effektli olar.

Kibernetikanı, adətən, nəzəri, texniki və tətbiqi kibernetikaya bölürlər. Nəzəri kibernetika ixtiyari təbiətli idarəetmə sistemlərinin aparatının və metodlarının işlənib hazırlanması ilə məşğul olur. Onun əsas bölmələrindən biri mürəkkəb sistemlərin idarə olunmasının nəzəriyyəsidir. Nəzəri kibernetikada təsadüfı proseslər nəzəriyyəsi, oyunlar nəzəriyyəsi, statistik həllər nəzəriyyəsi və s. böyük əhəmiyyət psixologiyası ilə kəsişməsinə səbəb olur. Texniki kibernetikanın məşğul olduğu problemlər spektri zəngindir: obrazların tanınması, oxuya bilən avtomatların yaradılması, texniki proseslərin və ya fiziki eksperimentlərin halını xarakterizə edən situasiyalarm təhlili, avtomatlaşdırılmış diaqnostik qurğuların işlənib hazırlanması, obyektlərin identifıkasiyası və s. Kibernetikanın xalq təsərrüfatı sahəsində ən mühüm vəzifəsi müəssisələrin idarə olunmasının avtomatlaşdırılmış sisteminin və texniki proseslərin idarə olunmasının avtomatlaşdırılmış sistemini yaratmaqdan ibarətdir. Bu sistemlərin yaradılmasının elmi bazasmı təkcə texniki kibernetika deyil, həm də informasiya nəzəriyyəsi, sistematotexnika, iqtisadi kibernetika təşkil edir.

Tətbiqi kibernetika nəzəri və bir sıra hallarda texniki kibernetikanın biologiyaya, təbabətə, iqtisadiyyata, sənayeyə, nəqliyyata, rabitə xidmətinə və s. tətbiq edilməsilə məşğul olur.

Göründüyü kimi kibernetikanın tarixi taleyi elədir ki, onun məzmununda biliyin demək olar ki, bütün sahələri birləşir. Kibernetika - hər hansı bir elm olmayıb, idarəetmənin ümumi prinsiplərini, idarəetmə üsullarını və onların texnikada istifadə olunmasının vasitələrini öyrənən bütöv bir istiqamətdir. Kibernetikanın bəzi tərkib hissələri təbiət elmlərinə, bəziləri texniki elmlərə, bəziləri isə ictımaı elmlərə aiddir.

Öyrəndiyi obyektlərin genişlik dairəsini əsas tutaraq bir sıra müəlliflər kibernetikanı «müasir fəlsəfə», «elmi-texniki inqilab dövrünün fəlsəfəsı» adlandırırlar. Məzmunu fəlsəfi problemlərlə zəngin olsa da kıbernetika fəlsəfə deyil. Onun özünəməxsus, lakin təlsəfənin predmetindən (təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi qanunları) daha məhdud və dar olan xüsusi predmeti (idarəetmə) vardır. Bu problemlərin həlli kibernetikanın hüdudlarını aşaraq fəlsəfi təhlil sahəsinə daxil olur. Elmi dialektik fəlsəfə kıbernetikanın dünyagörüşü və metodoloji əsası kimi çıxış edir.

Fəlsəfə və kibernetikanın əlaqəsi qarşılıqlı səciyyə daşıyır. Bütövlükdə kibernetikanın nəzəri idrak üçün əhəmiyyəti aşağıdakı cəhətlər ilə müəyyən olunur:

l. Fəlsəfi əhəmiyyəti: kibemetıka əlaqənin, idarəetmənin, informasiyanın, təşkilolunmanın, əks əlaqənin, məqsədəuyğunluğun, ehtimalın roluna əsaslanaraq dünya haqqında, təbiət və cəmiyyət haqqında yeni təsəvvürlər verir.

2. Sosial əhəmiyyəti: kibemetika mütəşəkkil tam kimi qəbul etdiyi cəmiyyət haqqmda yeni təsəvvürlər irəli sürür.

3. Umumelmi əhəmiyyəti: kibemetikanın bu əhəmiyyəti üç mənaya malikdir: a) kibernetıka elmin digər sahələri üçün mühüm əhəmiyyət kəsb edən ümumelmi anlayışlar (idarəetmə, mürəkkəb dinamik sistem, informasiya və b.) verir;

b) elmə yeni tədqiqat metodları (ehtimali metod, stoxastik metod, EHM-də modelləşdirmə və b.) verir;

v) «siqnal-cavab» funksional yanaşma metodu əsasmda kibernetik sistemlərin tərkibi və strukturu haqqmda sonrakı tədqıqatların gedişində yoxlanıla bilən hipotezləri irəli sürür. Məsələn, texnika sistemlər üçün işlənib hazırlanmış yeni bir qaydaya görə sistemin işindəki xətanı tapmaq üçün üç eyni sistemın işini yoxlamaq lazımdır. Onlardan ikisinin işinə görə üçüncünün səhvləri tapılır.

4. Metodoloji əhəmiyyəti: kibernetikanın metodoloji əhəmiyyəti bununla müəyyən olunur ki, sadə texniki sistemlərin funksiyalaşmasının öyrənilməsi daha mürəkkəb sistemlərdə (canlı orqanizmlər, insan təfəkkürü və s.) cərəyan edən proseslərin (həyatın yenidən hasil edilməsi, təhsil və s.) dərk edilməsində istitadə olunur. Bu qəbildən olan kibernetik modellərin müasir elm üçün əhəmiyyəti bununla şərtlənir ki, hazırda mürəkkəb sistemlərdə cərəyan edən proseslərin adekvat təsvirini verən riyazi tənliklər olmadığından onlarm daha sadə modelləri ilə kifayətlənmək lazım idi.

5. Texniki əhəmiyyəti: kibernetikanın texniki əhəmiyyəti bundadır ki, mövcud kibernetik prinsiplər əsasında elektron hesablama maşınlarının, robotların, şəxsi kompyuterlərin yaradılması yalnız elmi idraki deyil, həm də həyatm bütün sahələrinin kibemetikləşdirilməsinə yə informatikləşdirilməsinə səbəb olur.



b) İnformasiya nəzəriyyəsinin bəzi fəlsəfi problemləri;

İnformasiya nəzəriyyəsi kibernetikanın bölmələrindən olub, informasiyaların təsvir edilməsi, qiymətləndirilməsi, qorunub saxlanılması, ötürülməsi və istifadə edilməsi metodlarını öyrənir. İnformasiya nəzəriyyəsinin əsas anlayışı - informasiyanın miqdarıdır. İnformasiyanın miqdarının ölçülməsi üsulları ilk dəfə R. Fişer (riyazi statistika sahəsindəki işlərində) və R. Xartli (informasiyanın qorunub saxlanması və əlaqə kanalları ilə ötürülməsinə dair işlərində) tərəfindən təklif edilmişdir. İnformasiyanın ehtimal nəzəriyyəsi K. Şeppon tərəfindən (1948) yaradılmış və bu nəzəriyyənin inkişafında N. Viperin, C. Fon Neymanın, A. N. Kolmoqorovun, A. Y. Xinqinin, A. A. Xarkeviçin və başqa alimlərin müstəsna rolları olmuşdur.

İnformasiyanın keyfiyyət spesifıkasından sərf-nəzər edib onun yalnız kəmiyyət tərəfindən qəbul edilməsi informasiya nəzəriyyəsini gerçəkliyin geniş bir sahəsinə tətbiq etməyə imkan vermişdir. Digər tərəfdən bu nəzəriyyənin biliyin ayrı-ayrı sahələrinə praktiki tətbiqi zamanı meydana çıxan müəyyən çətinliklər, bir sıra metodoloji problemlərin aydın olmaması bu sahədə aparılan kəskin dıskussıyalara səbəb olmuşdur.

Rakitov A. İ. cəmiyyətin informasiyalı hesab olunması şərtini belə verir: «individual və ya qrup şəxslər üçün avtomatlaşdırılmış rabitə sistemləri vasitəsilə istənilən informasiyanın əldə olunması, milli informasiya strukturunun inkişafı, idarəetmə və istehsalın bütün sahələrinin avtomatlaşdırılması və robotlaşdırılması və s. » O, əsaslı şəkildə göstərir ki, bizim informasiyalı cəmiyyətə qarşı alternativ hərəkətimiz yoxdur1.

İnformasiya nəzəriyyəsi sahəsində kəskin mübahisələr və fikir ayrılığı törədən başlıca fəlsəfi məsələ – informasiyanın təbiəti və onun tərifı ilə bağlıdır. Bu məsələ ilə bağlı olaraq digər problemlər də meydana çıxır: informasiya materiyanın ən ümumi xassəsi olan inikas ilə necə əlaqələnmişdir, informasiyanın və informasiya entropiyasının termodinamik entropiya və neqentropiya ilə qarşılıqlı münasibəti necədir, müxtəlif idarəetmə sistemlərində informasiyanın rolu nədən ibarətdir, inikas, informasiya və informasiya miqdarı anlayışları ilə model, struktur, sistem, siqnal, işara, obraz, kod və b. anlayışların əlaqəsi necədir. İnformasiyanın dəyərinin və mənasınm tədqiqi praktikı baxımından, insan beynində axan informasiya prosesləri ilə əlaqədar olaraq şüur məsələsi isə fəlsəfı baxımdan aktualdır. İnformasiya nəzəriyyəsinin məzmununun kəmiyyət və keyfiyyət, məzmun və forma, səbəb və nəticə, zərurət və tasadüf, məqsəd, həqiqət və s. təlsəfi kateqoriyalar baxımdan tədqıq olunması da son dərəcə əhəmiyyətli məsələdir.

İnformasiyanın təbiətini araşdıran tılosofların əksəriyyəti bu anlayışı «materiyanın ən ümumi xassəsi olan» inikas anlayışı ilə əlaqələndirirlər. İnikas-təsir zamanı bir sistemin strukturunun və funksional münasibətiərinin izomor fizm və ya homomorfizm prinsipləri əsasında təsirə məruz qalan sistemdə yenidən hasil edilməsi hadisəsidir. İnikas - bir maddi sistemin digərinə təsirinin nəticəsidir; bu, bir sistemin dəyişmələrinin (xüsusiyyətlərinin) digər sisteınin dəyişmələrində (xüsusiyyətlərində) başqa bir formada yenidən hasil edilməsidir. İnikasa əks olunan sistemin izomorf və ya homomorf modeli kimi baxmaq olar. Biz deyəndə ki, B sistemi A sistemi haqqında informasiyanı ehtiva edir, bu o deməkdir ki, A

sisteminin təsirilə V sistemində elə dəyişikliklər baş vermişdir ki, onlara əsasən




1 Bax: Rakitov A. İ. Filosofiə kompğöternoy revolöüii. M., Politizdat, 1991

A sisteminin halı haqqında müəyyən mülahizələr yürütmək olar, başqa sözlə, əgər B sistemi özündə A sistemini əks etdirirsə, deməli, B sistemi A sistemi haqqında informasiyaya malikdir. A və B sistemləri mürəkkəbliyin (təşkil olunmanın, nizamlılığın, rəngarəngliyin) möxtəlif səviyyələrində dura bilər: bunlar qeyri-üzvi təbiətin predmetləri, canlı orqanizmlər, düşünən varlıq, hesablayıcı maşınlar ola bilər.

Kibernetikanın təzahürünə qədər informasiyanı ancaq insan şüuru ilə bağlayırdılar. Bırinci konsepsiyaya görə informasiya yalnız cəmiyyətə, canlı orqanizmlərə, kibernetik qurğulara aid olub, cansız təbiətə məxsus deyildir. İkinci konsepsiyaya görə isə informasiya yalnız kibernetik qurğulara deyil, bütün maddi sistemlərə məxsusdur. Cansız təbiətə də universal inikas xassəsi aiddir, həm də, inikasın olduğu hər yerdə informasiyanın ötürülməsi də mövcuddur. V. M. Qluşkov bu münasibətlə yazır: «Adi, gündəlik həyatda olduğu kimi informasiya anlayışının onun dərk olunması ilə bağlanması heç də vacib deyil. Təkcə kitab hərfləri və ya insan nitqi deyil, həm də günəş işığı, dağ zirvələrinin quşların, şəlalə səsi, yarpaq xışıltısı və s. informasiyaların daşıyıcısıdır»1.

Materiya mürəkkəbləşdikcə inikas formaları da mürəkkəbləşir. Bu prosesdə inikasm qıcıqlanma, duyğu, qav-rayış, təsəvvür və nəhayət təfəkkür kimi müxtəlif formaları yaranmışdır. Inikasm hər bir formasına spesifik əlamətləri vardır. Cansız təbiətdəki passiv, qeyri-funksional inikasdan fərqli olaraq canlı təbiətdəki inikas fəal rol oynayır, belə ki, bioloji və sosial inikas bütün həyati və sosial proseslərin idarə olunmasında iştirak edir.

Canlı təbiətdə informasiyanı daşıyan sıqnalların əsasında yerləşən hərəkət formalarına bioloji hərəkət forması, cəmiyyətdə isə sosial hərəkət əlavə olunur.

İnikas nəticəsində sistemdə baş verən dəyişikliklər maddi və enerji siqnalları formasında reallaşır. Siqnallar informasiyaların daşıyıcısıdır. İnformasiya






1 Bax: Qluşkov V. M. Mışleniə i kibernetika M., 1964, s. 500.
-siqnalın və deməli, ümumiyyətlə, inikasın və dəyişmənin məzmunudur.

Elmi ədəbiyyatda informasiyanın iki növündən danışılır: a) materiya və enerjinin məkan və zaman daxilində qeyri-bircinsli paylanması formasında mövcud olan informasiya; b) beynin, materiyanın yüksək məhsulu kimi, təfəkkür formasında mövcud olan informasiya.

Sistemin nizamlanmasının dərəcəsi olmaq etibarilə in-formasiya sistemin özünəməxsus olub, onun dərk olunub-olunmamasından asılı deyildir. O, sistemin özünə nəzərən daxili, dərk edən subyektə nəzərən isə potensialdır.

İnformasiyanın idraki funksiyalarının başa düşülməsi üçün «informasiya şəraiti» adlanan anlayışın məzmununun açılmasının mühüm əhəmiyyəti vardır. «İnformasiya şəraiti» dedikdə informasiya mənbəyi (idrak obyekti) ilə informasiyanı qəbul edən (idrak subyekti) arasmda qarşılıqlı təsir başa düşülür. Bu əlaqə, adətən, aşağıdakı ardıcıllıqla həyata keçirilir:



  • mümkün məlumatlar çoxluğundan konkret birini seçən informasiya mənbəyi;

  • bu məlumatı işarələr vasitəsilə siqnallara çevirən kodlaşdırıcı qurğu;

  • informasiyanın ötürülməsini təmin edən kanal;

  • siqnalları qəbul edib, yenidən məlumata çevirən kodlaşdırıcı qurğu;

  • informasiyanı idarəetmədə istifadə edən ünvançı və yaxud informasiya qəbul edən.

Bu sxemdən aydın görünür ki, informasiya prosesi yalnız konkret işarələr formasmda həyata keçirilə bilər. İşarələr informasiyanın maddi daşıyıcılarıdır. Bununla belə informasiya anlayışı işarə anlayışından daha genişdir, çünki informasiyanın işarəvi formasından başqa qeyri-işarəvi formaları da məlumdur.

v) Elektron hesablayıcı maşınlar və şəxsi kompyuterlər.

Cəmiyyətin sərəncamında olan müxtəlif maşmlar və mexanizmlər insanın fiziki əməyini yüngülləşdirdiyi kimi elektron-hesablayıcı maşınlar (EMM) və şəxsi kompyuterlər də insan beyninin bir sıra funksiyalarını yerinə yetirərək onun əqli fəaliyyətini xeyli yüngülləşdirir. EHM-ı «hə-yox» prinsipi üzrə fəaliyyət göstərir. Bu isə öz mütəhərrikliyinə görə insan beynindən geri qalan, lakin hesablama əməliyyatlarının yerinə yetirilməsi cəldliyinə görə beynin fəaliyyətini xeyli üstələyən hesablama maşınlarının yaradılması üçün kifayət edir. EHM ilə insan beyni arasında analogiya bununla tamamlanır ki, EHM avtomatik idaraetmə qurğuları üçün mərkəzi əsəb sistemi rolunu yerinə yetirir. Kibemetikaya nisbətən sonralar daxil edilmiş «özünüöyrənən maşın» anlayışı canlı sistemlərin özünü yenidən hasil etməsi xassəsinə analoqdur. Belə ki, bunlann hər ikisi öz-özünü yenidən hasil edir. Hansı tərzdə cərəyan etməsindən asılı olmayaraq yenidən hasil edilmə prosesi «müəyyən qüvvələri və ya onların ekvivalentlərini ehtiva edən dinamik prosesdir””»1.

Müasir EHM kibemetikanın yenicə meydana gəldiyi dövrdə mövcud olmuş maşınları xeyli üstələyir. Hələ 10-15 il bundan əvvəl mütəxəssislər şahmat kompyuterin orta səviyyəli şahmatçıya qalib gələ biləcəyinə inanmırdılar, halbuki, hazırda bu kompyuter nəinki orta səviyyəli şahmatçı ilə, hətta dünya çempionunun özü ilə bərabər səviyyədə döyüş aparır. Variantları seçmək sürətindəki böyük fərqə görə (maşında 1 saniyədə 100 mln., insanda - 2) maşının az qala dünya çempionu Q. H. Qasparova qalib gəlməsi qarşıya təkcə EHM-nin imkanları haqqında deyil, həm də insan zəkası haqqında deyil, həm də insan zəkasının gücü haqqında maraqlı suallar qoyur.

İyirmi il bundan əvvəl belə güman edilirdi ki, illər ötdükcə EHM daha güclü və massiv olacaqdır, lakin böyük alimlərin fikrinə rəğmən həyatımızın gündəlik atributuna çəvrilən şəxsi kompyuterlər yaradıldı. İrəlidə isə həyatın bütün sahələrinin kompyuterləşdirilməsi və insanabənzər robotların yaradılması gözlənilir. Lakin nəzərə almaq lazımdır ki, insan nəinki məntiqi düşünən, həm də bütün əvvəlki təkamülün nəticəsi olan yaradıcı varlıqdır. Maşın isə elə bir sistemdir ki, apardığı əməliyyatlar onun üçün heç bir bioloji və ya sosial məna kəsb etmir. Buna əsaslanaraq demək olar ki, idarəetmə funksiyalarını öz-öözlüyündə






1 Bax: Viper N. Kibernetika M., 1968, s. 281-282.

maşın deyil, onu yaradan və proqramlaşdıran insan həyata keçirir. Kibernetik maşına emosiya, intuisiya, təxəyyül, fantaziya yaddır. Onda məhəbbət, nifrət, təhqir və digər hisslər yoxdur və ola da bilməz. Maşm əslində insan təfəkkürünün yalnız məntiqi aspektini yenidən hasil edir. Halbuki, real insan təfəkkürü məntiqi elementlərlə yanaşı emosional, intuitiv, hissi-obrazlı, iradə və digər elementlərə də malikdir. Bütün bunlar mürəkkəb idraki məsələlərin həllində kibernetik qurğuların imkanlarının məhdudluğuna dəlalət edir.



NƏTİCƏ

Beləliklə, kibernetika və informasiya nəzəriyyəsinin elementləri, telekommunikasiya vasitələri, kompyuter texnologiyaları müasir həyatın bütün sahələrinə sirayət etdiyindən dünya haqqında, təbiət və cəmiyyət haqqında yeni təsəvvürlər, dünyagörüşü yaradır. Yəni, kibernetika və informasiya nəzəriyyəsinin problemlərinin həlli fəlsəfədə yeni istiqamət yaratmaqla kivernetikanın hüdudlarını aşaraq fəlsəfi təhlil sahəsinə daxil olur.

Referat işində bəzi kibernetik anlayışların fəlsəfi təhlili, bu anlayışların fəlsəfə ilə qarşılıqlı əlaqəsi göstərilir. Həmçinin referat işində kibernetika və informasiya nəzəriyyəsinin fəlsəfi problemləri sistematikləşdirilmiş və fəlsəfi təhlilinə verilmişdir. Bu zaman bir daha görürük ki, kibemetıka əlaqənin, idarəetmənin, informasiyanın, təşkilolunmanın, əks əlaqənin, məqsədəuyğunluğun, ehtimalın roluna əsaslanaraq dünya haqqında, təbiət və cəmiyyət haqqında yeni təsəvvürlər verir.

ƏDƏBİYYAT

1. Rakitov A. İ. Filosofiə kompğöternoy revolöüii. M., Politizdat, 1991

2. Baxtiərov K. İ. Kompğöterizaüiə loqiki. J. Filosovskie nauki 9, M., Vısşaə şkola, 1990

3. Viper N. Kibernetika M., 1968

4. Məmmədov Ə., Bəşirov R. Müasir təbiətşünaslığa konseptual yanaşma Bakı, Elm, 2001

5. Viper N. Kibernetika i obhestvo M., 1958

6. Gşbi U. R. Vvedenie v kibernetiku M., 1959

7. Qluşkov V. M. Mışleniə i kibernetika M., 1964



8. Ramazanov F. Fəlsəfə Bakı, 1997




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə