Referat fənn müəllimi: I e. n İ. Ağasıyev Tələbə: İ. Dadaşov Bakı-2012 plan giriş




Yüklə 96.64 Kb.
tarix14.04.2016
ölçüsü96.64 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ
FAKÜLTƏ: Biznes və menecement
KAFEDRA: Hümanitar fənlər
İXTİSAS: Dövlət və bələdiyyə idarəetməsi
QRUP: 10
KURS: I
FƏNN: Fəlsəfə

MÖVZU:

Antik fəlsəfədə insan və azadlıq problemi”



REFERAT

Fənn müəllimi: i.e.n İ.Ağasıyev
Tələbə: İ.Dadaşov
Bakı-2012

PLAN
1.Giriş.

2.Antik fəlsəfə.

3.Fəsəfədə insan və azadlıq problemi.

4.Nəticə.

5.Ədəbiyyat siyahısı.

1.Giriş.
Mən bu mövzuda antik fəlsəfə və antik fəlsəfədə olan insan və azadlıq probemi haqqında danışacam.İlk öncə qeyd edək ki, varlıq haqqında (ontologiya), idrak haqqında (qnoseologiya) təlimlərində insan problemi, xüsusilə onun mənşəyi, mahiyyəti, təbiətdə tutduğu yeri, cəmiyyətdə rolu məsələləri fundamental fəlsəfi problemlərdən biri kimi nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bu günə qədər insan onun diqqət mərkəzində olmuşdur. Bu gün artıq digər elmlər də (psixologiya, təbabət, pedaqoqika və s.) insan fəaliyyətinin bu və ya digər cəhətini öyrənməkdədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müasir elm necə inkişaf edirsə– etsin, insan, onun mənşəyi və mahiyyəti məsələlərində hələ də sirli cəhətlər çoxdur. Əslində təkzibedilməz fakt və arqumentlərlə bəşəriyyətin təşəkkülünün tarixdən əvvəlki dövrünü izah etməyə qadir olan elə bir nəzəriyyə hələ də yaranmamışdır. İnsan haqqında mövcud təsəvvürlər başlıca olaraq hipotez və fərziyyələrə əsaslanır. Lakin buna qətiyyən təəccüb etmək lazım deyildir. Çünki dünya o cümlədən insan haqqında müasir elmi təsəvvürlər 300– 400 il bundan əvvəl formalaşmağa başlamışdır. Bu isə bəşəriyyətin çoxəsrlik tarixində bir ana bərabərdir. Ancaq bütün bunlara baxmayaraq, insanın təbiətinin fəlsəfi izahı ümumnəzəri səviyyədə kifayət qədər inandırıcıdır və gediləcək yolun istiqamətini düzgün müəyyən edir. İnsan haqqında ilk ideyalar fəlsəfə meydana gəlməmişdən əvvəl olmuşdur. Bu barədə bizə gəlib çatan miflər və ibtidai dini təsəvvürlər çoxlu məlumat verir. Antik dövr mütəfəkkirləri– Qədim Hindistanda, Çində, Yunanıstanda insana kosmosun bir hissəsi, hardasa zamandan kənarda təbiətin «nizamı», «qaydası» kimi çıxış edən, özündə dünyanın ilk əsaslarını– suyu, odu, havanı, torpağı, efiri birləşdirən varlıq kimi baxırdılar. Sonra struktur baxımından Platonda qeyd edildiyi kimi, insan ruh və bədəndən ibarət hesab olunurdu. Aristotel isə iki– ruh və bədəni bir reallığı təşkil edən kimi təsvir etmişdir.

Ənənəvi olaraq Hind və Çin mütəfəkkirlərinin rolunu azaltmadan insan haqqında təlimi yaradan ilk filosof kimi Sokratın (b.er.əv.470– 399) olduğu göstərilir. Onun sələfləri və müasirləri, məsələn, sofistlər insan probleminə mühüm əhəmiyyət verməklərinə baxmayaraq, ilk dəfə olaraq Sokrat, Siseronun şəhadətinə görə, antik müdriklərin hamısından əvvəl fəlsəfəni və kosmik problematikanı yerə endirdi, şəhərlərə və digər insan məskənlərinə diqqət artırıldı, vətəndaşları, hər şeydən əvvəl öz həyatı, zövqü, xeyir və şər haqqında düşünməyə məcbur etdi. Sokrat əsas diqqəti insanın daxili həyatına vermişdir. Sokratın fikrincə, müdriklərin məşğul olduğu ali fəaliyyət səviyyəsi insanı öyrənməklə əlaqədar olmalıdır. Əgər onun sələflərini təbiətin nə olduğu, şeylərin sonuncu reallığının nə olduğu maraqlandırırdısa, Sokratı insanın mahiyyəti nədir, onun təbiəti və sonuncu reallığı nəylə bağlıdır sualları maraqlandırırdı. Sokrat insan anlayışını mənəviyyat səviyyəsinə, ruh haqqında təlim səviyyəsinə qədər məhdudlaşdırmasına baxmayaraq («insan– ruhdur» və «ruh– insandır»), tam əsasla təsdiq etmək olar ki, Sokratın ideyaları insanın mahiyyətinin sonrakı tədqiqlərinə güclü təsir göstərmişdir.


2.Antik fəlsəfə.
Bizim er. əvvəl VI əsrin birinci yarısında antik fəlsəfə Elladanın Kiçik Asiya hissəsində, daha dəqiq desək İyoniyada– Milet şəhərində yaranmışdır. Təsadüfi deyildir ki, ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşdur.

Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. "Antik fəlsəfə" anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin "İliada" və "Odisseya", Hesiodun (e.ə. VIII– VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır. Əgər Yunan– Roma fəlsəfəsini inkişaf mərhələlərinə bölsək, aşağıdakı mənzərə alına bilər. Birincisi, Milet məktəbi hesab olunur. Həmin məktəbin fəlsəfi təsəvvürləri çox şeydə Homer və Hesiodun qədim görüşlərinə əsaslanırdı. Bununla yanaşı, Milet məktəbi ilk elmi (mifoloji yox) təfəkkür cəhdi hesab olunur. Qədim Yunanıstanda fəlsəfi inkişafın bu mərhələsinə Heraklit, Eleya məktəbi (b.er.əv. VI– V əsrlər) də daxil edilir. İkncisi, yunan fəlsəfəsinin bu mərhələsi böyük filosofların, o cümlədən görkəmli mütəfəkkirlər Sokrat, Platon, Aristotel, atomistlər məktəbi (Levkipp, Demokrit), Pifaqor məktəbi, sofistlər (Protaqor, Gorgiy) və s. adlarla bağlıdır. Üçüncüsü, ellinizm mərhələsi adlanır. Bu dövr yunan quldarlıq cəmiyyətinin tənəzzülü ilə əlaqədardır. Nəticədə Yunanıstan parçalanır, bir sıra əyalətlər müstəqillik əldə edir. Lakin bu da çox uzun sürmür. Yunanıstan və əyalətləri İskəndərin imperiyasının tərkibinə daxil edilir. İşğalçı İskəndərin ölümündən sonra isə cəmiyyətin bütün sahələrində böhran güclənməyə başladı. Həmin dövrdə, yəni er. əvvəl IV– III əsrlərdə fəlsəfədə üç böyük cərəyan yaranıb inkişaf etmişdir. Bunlar: skeptisizm, epikurçuluq və stoisizm idi. III– II əsrlərdə Qədim Romanın ictimai və mənəvi inkişafında müəyyən dəyişikliklər baş vermişdir. Roma cəmiyyətində yunan mədəniyyəti və fəlsəfəsinə meyllər güclənmişdir. Həmin dövrdə Romada çoxlu yunan alimi, filosofu fəaliyyət göstərir, öz spesifikliyi ilə stoisizm və epikurçuluq inkişaf etməyə başlayır. Luk-retsi Karın materializmi inkişaf edir. Bununla yanaşı, Romanın işğal etdiyi qədim dövlətlər və xalqların istismarı nəticəsində burada çox saylı adamların parazitləşməsi elementləri yaranır. cəmiyyətdə olan bu böhran, demək olar ki, bütün təbəqələri əhatə edirdi və bu da, öz növbəsində, şəxsi mövcudluğun katas-trofuna gətirib çıxarırdı. Nəticədə dinə və mistikaya meyl güclənirdi. Zamanın tələblərinə cavab verən fəlsəfə dinə çevrilir, xristianlıq həmin prosesdə körpü rolunu oynayır.

Antik fəlsəfə – eramızdan əvvəl VII əsrin sonundan başlayaraq qədim yunan quldarlıq cəmiyyətində və eramızdan əvvəl II əsrdən başlayaraq qədim roma quldarlıq cəmiyyətində, eramızın VI əsrinin əvvəllərinədək inkişaf etmiş fəlsəfi təlimlər məcmuu-bəşəriyyətin fəlsəfi şüurunun inkişafında vahid və özünəməxsus hadisədir. Antik fəlsəfə, qədim şərq mədəniyyətinin onun çox mühüm tərkib hissəsi olan elmi-astronomik, riyazi, fiziki biliklərin həmin dövrün sosial, iqtisadi və mənəvi təcrübəsinə uyğun anlayışların əsasında, həmçinin dünya və insan haqqında fəlsəfi fikrin mifoloji təsəvvürlərdən uzaqlaşması nəticəsində təşəkkül tapmışdır. Artıq eramızdan əvvəl VI əsrdə "milet məktəbi" adı ilə tanınan filosofların – Falesin, Anaksimandrın, Anaksimenin fikirlərində, təbiət hadisələrinin bütün müxtəlifliyini izah edə bilən ilkin əsasın, yaxud ilk başlanğıcın təyin edilməsi cəhdlərinə rast gəlirik. Fales – suyu, Anaksimen – havanı, Heraklit – odu, eleya məktəbinə mənsub olan Ksenofan və Parmenid isə torpağı belə ilk başlanğıc hesab etmişlər. Təkcə Anaksimandr qədimdə dağılmaz ünsür sayılan qeyri – müəyyən bir ünsür olduğunu göstərirdi və onu "apeyron" adlandırmışdı.

İbtidai animizm ənənələrini davam etdirən ilk filosoflar öz təlimlərində təbiəti antropomorfik (insana bənzətmə) və sosiomorfik (cəmiyyətə bənzətmə) nöqteyi-nəzərindən izah etməyə səy göstərirdilər, məsələn, bu baxışlara görə təbiətdə hər bir ilk başlanğıca cəmiyyətdə olduğu kimi ali hakimiyyət mənsubdur. Təbii şeylərin qarşılıqlı münasibəti, şəhər əhalisinin üzvləri arasındakı qarşılıqlı münasibətə uyğun olaraq baş verdiyi göstərilirdi və bununla bağlı mənəvi kateqoriyalar, çox vaxt isə "ədalət" anlayışı işlədilirdi. Digər baxışlara görə təbiətdə hər şey ruha malikdir: Heraklitə görə psiheyalar (yəni ruhlar) sudan buxarlanırlar, Anaksimenin fikrincə isə onlar havadan ibarətdirlər. Canlı və cansız, psixi və fiziki bu dövrdə hələ vahid bir şey kimi qavranılırdı.

Bununla belə, qədim təbiət fəlsəfəsində bənzətmə təkcə antropososiomorfik deyildi. Təbiətin anlaşılmayan hadisələrini-meteoroloji, astronomik, kosmik və sair-qədim mütəfəkkirlər analogiya yaxud onlara məlum təbiət hadisələrilə birbaşa eyniləşdirmə vasitəsilə aydınlaşdırmağa çalışmışlar. Eksperimental tədqiqat metodu onlara demək olar ki, bəlli olmadığından (axı istehsal o dövrdə əsasən əl əməyi və çox sadə alətlərin tətbiqi üzərində dururdu), qədim mütəfəkkirlər təbiət hadisələrinin sadəcə müşahidə metodundan geniş istifadə etmişlər. Erkən yunan fəlsəfəsinin ən parlaq nümayəndələrindən biri də Heraklitdir. Böyük mütəfəkkir, bütün antik və avropa-bizans orta əsr fəlsəfə tarixini keçərək bizim dövrədək gəlib çıxan "loqos" sözünü, özünün loqos haqqında təlimilə ilk dəfə daxil etmişdir. "Loqos" termini çoxmənalı olub söz, nitq, ağıl, məntiqə uyğun əsas bildirirdi. Bu da təsadüfi deyildi. Qədim yunanların təbiət fəlsəfəsində insan təbiətin ayrılmaz hissəsi sayılırdı və buna görə də həm "söz", həm "ağıl" Heraklit üçün təkcə insana subyektiv mənsub olan deyil, şeylərin özünün mahiyyətini ifadə edirdi. Heraklitə görə loqos təbiətdə maddənin dövranı haqqında təsəvvürləri, daima canlı odu ifadə edir. Sonralar, eramızdan əvvəl IY əsrin sonu və bizim eranın birinci əsrlərinə kimi, stoiklər məktəbi mövcud olan zaman, bu anlayış təbiət hadisələrinin qanunauyğunluqlarının anlanılmasında əsas rol oynamaqda davam etmişdir. Heraklitin ardınca stoiklər də bu qanunauyğunluqları dövri fəaliyyətdə olan kimi təsəvvür etmişlər. Onların qənaətinə görə, hər biri min il davam edən dövr hüdudunda oddan yaranmış dünya, onda olan bütün imkanlar tükəndikdən sonra elə od tərəfindən udulur və bundan sonra, əvvəlkini eynilə təkrarlayan yeni dünya əmələ gəlir.

Erkən filosofların görüşlərində o dövrki elmin, ilk növbədə riyaziyyatın nailiyyətləri nəzərə alınsa da, ancaq ümumilikdə o mücərrəd fikirlərdən, fərziyyələrdən ibarət idi. Bu, eramızdan əvvəl V əsrin ikinci yarısı VI əsrin əvvəlində Levkip və Demokritin təlimində özünü xüsusilə qabarıq göstərir. Buna baxmayaraq, ilk dəfə Levkip tərəfindən ifadələnmiş və sonradan Demokrit tərəfindən inkişaf etdirilmiş prinsiplərin dərinliyi və əhatəliliyi o dövrdə təbiətin və insan dünyasının bir çox hadisələrinin doğru və dərin izahını verməyə imkan yaratmışdı. Demokritin prinsipləri olduqca sadədir: o, əzəldən nizamsız hərəkətdə bulunan atomların-müxtəlif formalı və müxtəlif ölçülü bölünməz hissəciklərin-boşluqda, hüdudsuz məkanda olduğunu qəbul edir. Demokritə görə, atomların cürbəcür birləşmələri təbiətdə olan şeylərin və hadisələrin hədsiz müxtəlifliyini izah edir. Hüdudsuz boşluqda atomların hərəkəti, onların toqquşması və birləşməsi – bu səbəbiyyət əlaqəsinin çox sadə modelidir. Demokritə görə hər bir təsadüfi hadisə, baş verən hadisələrin əsl səbəblərini bilməməkdən doğan subyektiv illüziyadır. Bu səbəbləri bilmək isə, hər bir təsadüfi zərurətə çevirir.

Atomistik təlimin bu prinsipləri onu həmin dövrdə təbiətin və insanın sırf fiziki yolla izahı nümunəsi edirdi. Öz təbiət fəlsəfəsinin atomistik prinsiplərinə əsaslanaraq Demokrit, Yerin səma cisimlərilə geniş kosmoqonik mənzərəsini təsvir etdi. Amma ola bilsin ki, Demokritin kosmoqonik konsepsiyasının ən dərin ideyası, hüdudsuz boşluğun ənginlikərində – fəzada – əmələ gələn, təşəkkül tapan və məhv olan saysız dünyalar ideyası idi. O dövrdə, Kainatın yaranmasında fövqəltəbii qüvvələrin rolu haqqında dini-mifoloji təsəvvürlərə xüsusi zərbə vuran bu ideya geniş vüsət tapmadı və yalnız sonralar təbiətşünaslığın nailiyyətləri sayəsində dərin əsaslandırıldı.

Atomistik prinsiplər, Demokrit tərəfindən həm də insanın, onun şüurunun izah olunmasına aid edilirdi. Yəni, insanın təbiətin bir hissəsi olması haqqında qədim təsəvvür, mikrokosmun, başqa sözlə şüuru ilə birlikdə insanın və makrokosmun – onu əhatə edən bütün təbiətin, prinsip etibarilə eyni olması haqqında müddəaya keçdi. İnsan psixikasına aid hadisələri o, od atomlarına uyğun, yumru, hamar, xırda və hərəkətli olan xüsusi növ atomların olması ilə izah edirdi. Demokritin fikrincə, bu atomlar bütün təbiətə səpələnmişdir ("hər şey ruha malikdir"), ancaq insanın bədənində onların konsentrasiyası daha çoxdur, insan orqanizminin təqribən yarısını təşkil edərək, onlar bütün bədənə səpələnmiş şəkildə insanın "ruhunu" əmələ gətirirlər. İnsanın ölümü bu atomların böyük miqdarda itirilməsi nəticəsində baş verir. İnsanın atomistik konsepsiyası həmçinin mühüm psixoloji ideyaları da özündə cəmləşdirirdi. Onlardan ən mühümü, bütün şeylərdən incə surətlərin (idolların) buraxılması və onların insan duyğuları tərəfindən fərqləndirici şəkildə qavranılmasıdır. Bu ideya ilə həmçinin Demokritin idrak nəzəriyyəsi bağlıdır. O iddia edirdi ki, duyğular "qaranlıq" bilik mənbəyidir və yalnız zəka bizi əsl həqiqət dünyasına – atomlar və boşluqdan ibarət olan dünyaya calayır. Demokrit təlimi, qətiyyən tanrıların fəaliyyəti ilə bağlı olmayan, insan icmasının və mədəniyyətinin təbiətə uyğun surətdə izahını verməyə səy göstərirdi. Onun fikrinə görə yalnız ehtiyac-bu əsl "insanlar müəllimi", -dünyaya diqqət yetirən insanları mədəniyyətə və dövlət icmasına gətirib çıxardı.

Bu təlim əvvəlcə ellinlər dövründə Epikur və onun məktəbinin təlimində, sonralar isə roma dövründə çoxsaylı epikurçuların və ilk növbədə məşhur "Şeylərin təbiəti haqqında" poemasının müəllifi Lukresiy Karın təlimində öz davamını və inkişafını tapmışdır. Atomların hərəkətinin izahında Epikur atomizmi, Levkip-Demokrit atomizmindən fərqlənir, həmçinin onlarda idrak prosesinin izahı da müxtəlifdir. İdrak prosesini məntiqə əsaslanan izahına meyl göstərən Demokritdən fərqli olaraq, Epikur duyğuları-yeganə həqiqət mənbəyi, tələsik mühakimənin isə-yanılmanın başlıca səbəbi olduğunu öyrədərək ifrat sensualist sistemi inkişaf etdirdi. Ruhun ölməzliyi haqqında hər cür inamı və tanrıların təbiətin və insanların həyatına müdaxilə etməsini qətiyyətlə inkar edən Epikurun atomistik fəlsəfəsi, faktik olaraq din əleyhinə çıxış edirdi. Onun ayrılmaz hissəsini, sağlam və sadə hissiyyata əsaslanan insanın tanrılar qarşısında və mövcud olmayan axirət dünyası qarşısında qorxusuz yaşamalı olduğunu söyləyən, insan həyatını Kainatın həyatında yalnız bir an kimi görən gedonist etika təşkil edirdi. İstər Demokritin və istərsə də Epikurun təlimində tanrılar nə təbiətə, nə insanın həyatına təsir etməsələr də onların varlığı əsla inkar edilməmişdir. Epikura görə, öz gözəlliyinə və gücünə görə insanlardan xeyli üstün olan tanrılar, heç bir ehtiyac duymadan və heç bir işə qarışmadan haradasa bir dünyalararası fəzada yaşayırlar. Onların yeganə funksiyası insanlar üçün nümunə olmaqdan ibarətdir.Demokritin dövründə qədim yunanların mənəvi həyatında, qədim yunan polislərinin (şəhər və şəhərətrafı yaşayış məntəqələri) həyatının mürəkkəbləşdiyi şəraitdə zəruriliyi daha da artan muzdlu "müdriklik" müəllimləri böyük rol oynayırdı. Məhz bu xadimlər, eramızdan əvvəl Y əsrdə hələ nə istehzalı, nə də ikrah oyandıran məna daşımayan sofistlər (hərfi mənada "müdriklər") adını almışdılar. Qədim yunan fəlsəfəsi tarixində sofistlərin əhəmiyyəti ondan ibarətdir ki, onlar fəlsəfi problematikanın ağırlıq mərkəzini antropologiya sahəsinə, insan haqqında və idrak haqqında təlimə doğru çəkmişlər. Sofistlər anlayışların, etik normaların, öz dövrünün siyasi təsisatlarının nisbi olduğunu xüsusi qeyd etmişlər. Məsələn, insanı bütün şeylərin meyarı elan edərək, Protoqor, hamı üçün məcburi olan həqiqətlərin, davranış normalarının olmadığını və ola bilmədiyini əsaslandırmağa çalışmışdır.

Həmin dövrdə böyük müdrik Sokrat yaşayırdı (eramızdan əvvəl 469-399-cu illər)-öz təlimini şifahi surətdə, afina icmasının ən müxtəlif təbəqələrinin nümayəndələrilə çoxsaylı söhbətlərdə inkişaf etdirən ilk afinalı filosof (biz Sokratın görüşləri barəsində onun şagirdləri Platonun və Ksenofontun əsərlərindən, həmçinin Aristotelin əsərlərindən və digər mənbələrdən bilirik). Sokrat sanki sofistlərin fəaliyyətində meydana çıxan fəlsəfi fikrin inkişaf xəttinə qoşularaq, hətta onlardan da kəskin şəkildə fəlsəfənin predmetini insanın özü, onun həyatı, davranışı və idrakı ilə məhdudlaşdırmışdı. Ondan əvvəl yaşamış və öz müasirləri olan filosofların təbiət fəlsəfəsi haqqında təlimlərinin zəifliklərini görərək afinalı filosof, bütün bu təlimlərin faydasız olduğunu bildirmişdi. Onun fikrinə görə təbiətin dərk olunması ümumiyyətlə insana deyil, tanrıya mümkündür və "müdrik" adı tanrıya layiqdir, özünü isə o yalnız "müdrikliyi sevən"- filosof adlandırmışdı (yunanca phileo – sevirəm və sorhia – müdriklik). Qədim "Öz-özünü dərk et" kəlamını təkrar edərək, Sokrat, fəlsəfənin məqsədini insan həyatının və fəaliyyətinin etik-idraki sahəsinin tədqiqində görürdü. Özü də, sofist filosofların əksinə olaraq əmin idi ki, vahid şəkildə hamı üçün məcburi olan həqiqətlər, etik normalar mümkündür. Filosofun müdrikliyi elə ondan ibarət olmalıdır ki, cürbəcür subyektivlik dolanbaclarını keçərək hamı tərəfindən qəbul edilə bilən və hamıya aydın olan həqiqətlərə və deməli hamı üçün məcburi olan etik normalara gəlib çıxsın. Sokrat dialektik metod ("dialeqomay" felindəndir – danışmaq, mübahisə etmək) adlanan həqiqət axtarışı və əldə edilməsi metodunun müəllifidir. Onun əsas məzmunu, mühakimələrimizdə olan ziddiyyətləri aşmaq yolu ilə həqiqəti yorulmadan axtarmaqdan, anlayışlarımızın dəqiqləşdirilməsindən ibarətdir.

Sokratın fikirlərini onun şagirdi Platon ardıcıl sistem şəklində dərinləşdirdi və inkişaf etdirdi. Onun yazdığı əsərlərin əksəriyyəti, antik dövrdə fəlsəfi və bədii yaradıcılığın yaxınlığını aydın nümayiş etdirən yüksək bədii formalı dialoqlar ilə ifadələnmişdir. Sokrata nisbətən Platon ümumi anlayışların tətbiq sahəsini xeyli genişləndirdi. Sokratın dahi şagirdi, ümumi anlayışların təkcə etikada deyil, həm də digər elmlərdə, xüsusən riyaziyyatda böyük, həlledici rolunu başa düşürdü. Platonun elmi-fəlsəfi biliklər tarixində mühüm xidməti, ümumi olan biliyin həlledici əhəmiyyətini dərk etməsindən ibarətdir. Platon ümumi biliyi əsl varlığın qeyri-cismani qəbilləri kimi təsəvvür edirdi və onları eydos yaxud "ideya" adlandırmışdı (bu hər iki yunan sözünü "görünüş" kimi tərcümə etmək olar).

Duyğularla qavranılan real şeylər aləminə gəldikdə isə, Platonun fikrincə onlar öz ideal timsallarının natamam, bəzən isə həddən artıq təhrif olunmuş surətləridir. Bu dəyişkən və keçici kölgələrdən fərqli olaraq ideyalar əbədi və dəyişməzdir, elə bunda da onların varlığının həqiqiliyi və əsilliyi öz əksini tapır. İdeyalar aləminin tam əksliyi, Platon tərəfindən fəza ilə eyniləşdirilən və qeyri-varlıq adlandırılan materiyadır. Məhz materiya hər bir ideyanın vahidliyini duyğularla qavranılan şeylərə xırdalayır. Şeylərdə sabitliyi, həqiqəti və gözəlliyi təşkil edən hər şey öz mövcudluğuna görə ideyalara borcludur, onlarda bütün qeyri-sabit, yalan və çirkin olan isə materiyadan gəlir. İdeyalar, şeylərin qeyri-cismani ilkin surətləri kimi, şeylərin öz keçici dünyəvi mövcudluğunda yamsıladığı məqsəddir. Həqiqilik də onların öz ideal "görünüşlərini" öz məqsədlərini yamsılama dərəcəsində özünü büruzə verir. Bununla belə, determinizm prinsipini irəli sürmüş Demokritin əksinə olaraq, Platon öz fəlsəfəsində bütün hadisələrin teleoloji şərhi prinsipini iddia edir. Yəni hər bir ideya, uyğun qəbildən olan şeylər və hadisələr üçün məqsəd sifətində çıxış edir. İdeyalar aləmində isə eyni zamanda bütün mövcud olanların yüksək məqsədini təşkil edən vahid məqsəd vardır, – xeyirxahlıq və səadət ideyası.

Platon da Parmenid kimi, lakin ondan daha əsaslı surətdə, duyğularla əldə edilən biliyi əsil idrakı dəyəri olmayan zahiri bilik adlandırır. Onun fikrinə görə, keçici olmayan ideyalar dünyasının həqiqi biliyi yalnız zəka ilə mümkündür. Duyğularla əldə edilən biliklə bağlı olmayaraq rasional bilik anadangəlmədir və insan ruhunun dərinliklərində kök salmışdır. İnsan ruhunun ölməzliyi haqqında orfik-pifaqorçu təsəvvürləri inkişaf etdirərək Platon onun yeganə bilik daşıyıcısı olduğunu və insan bədənində məskunlaşmazdan əvvəl ideyalar dünyasını seyr etdiyini bildirir. Daha sonra, bir məhbəsdə olan kimi insan bədəninə düşür və tədricən özünə gələrək və bir az ideyalara bənzəyən şeylər dünyasına nəzər yetirərək, ideal dünyanı xatırlamağa başlayır. Beləliklə, bilik əslində ölməz ruhun xatirələrindən başqa bir şey deyil. Buradan insan ruhunu qeyri-material və ölməz bir şey hesab edən Platonun görüşlərinin diametral əksliyi aydın görünür.Platonda ideyalar dünyasını dərk etmə vasitəsi kimi dialektika çıxış edir. Onun fikrinə görə, dialektika təkcə həmsöhbətin mühakimələrində ziddiyyətləri aşkar etməkdən ibarət olmayıb, həm də ali anlayışların – varlığın, hərəkətin, sükunətin, eyniliyin və dəyişmənin ziddiyyətlərini meydana çıxarmaqdan ibarətdir. Çox mühüm fəlsəfi anlayışlara aid olan ziddiyyətlərin obyektivliyi haqqında Platon təlimi dialektikanın tarixində böyük rol oynamışdır. Platonun şagirdi Aristotel dahi qədim yunan filosofu və mütəfəkkiridir. Hazırki nəşrdə o, həcmcə çox mətnlərlə təqdim edilmişdir ki, bu da onun tarixdə və antik fəlsəfədə, həm də müsəlman və xristian ölkələrinin orta əsrlər fəlsəfəsində böyük roluna uyğundur. Onun əsərləri elmi fikrin yetkinliyi, fəlsəfi terminlərin lazımınca işlənib hazırlanması ilə fərqlənir. Dahi mütəfəkkir öz əsərlərində sanki Qədim Yunanıstanda bütün öncə olan elmi-fəlsəfi inkişafa yekun vurur. Bu əsərlərdə hal-hazırda astronomiya, mexanika, fizika, biologiya, zoologiya, psixologiya, siyasi iqtisad, estetika, etika, sosiologiya tərəfindən öyrənilən çox geniş çərçivədə məsələlərə toxunulmuşdur. Onun, həm elmi biliyin metodologiyası, həm fəlsəfəyə ən yaxşı başlanğıc hesab etdiyi məntiqin yaradılmasında xidməti çox böyükdür. Bu dövrdə Qədim Yunanıstanda elmin inkişaf səviyyəsi kifayət qədər yüksək olduğundan, Aristotel fəlsəfə tarixində ilk dəfə biliklərin təsnifatını verməyə cəhd göstərmişdir. Xüsusən də Aristotel, onun fikrinə görə sırf nəzəri elmlər olan fəlsəfə, riyaziyyat və fizikanın münasibətlərini müəyyənləşdirməyə səy etmişdir.

Fəlsəfəni varlığın ən ümumi prinsipləri haqqında olduqca mücərrəd elm olduğunu aydınlaşdıraraq və onu birinci fəlsəfə adlandıraraq (sonralar eramızdan əvvəl I əsrdə ona metafizika adı verilmişdir; o vaxtdan mütəfəkkirin əsas əsəri də belə adlanır), o fəlsəfəni varlığın daha konkret xassələri haqqında olan elmlərdən – riyaziyyatdan və fizikadan ayırmış, onları ikinci fəlsəfə adlandırmışdır.

"Birinci fəlsəfənin" prinsiplərini dərindən öyrənərək, Aristotel ondan əvvəl irəli sürülmüş bütün fəlsəfi konsepsiyaları tənqidi araşdırmış, ən çox o öz müəllimi Platonun ideyalar nəzəriyyəsini tənqid edərək, şeylərin mahiyyəti kimi ideyaların şeylərin özündən ayırmağın və xüsusən onları qarşı-qarşıya qoymağın mümkün olmadığını göstərmişdir.

Platonun əksinə olaraq, Aristotel tək-tək olan şeylərin mövcudluğunun reallığına, obyektivliyinə şübhə etmirdi, onların varlığını zahiri deyil, həqiqi sayırdı. Aristotel ümumi anlayışların idrakda böyük əhəmiyyət daşıdığını qəbul edirdi, ancaq müəllimi Platonun əksinə olaraq, öz vəzifəsini, vahidi və ümumini insanın duyğuları ilə qavranılan tək-tək olanın özündə tapmaqda görürdü. Bu fəlsəfi problem Aristotelin materiya, forma haqqında təlimində həll edilir. Materiya – bu hər bir şeyin maddəsidir. Forma isə, bir qəbildən olan şeylərin digər qəbildən olan şeylərdən fərqləndirməyə imkan verən müəyyənlik yaradandır. Bu baxımdan materiya fərdiləşdirir, forma isə ümumiləşdirir. Forma yalnız materiya ilə birlikdə mövcuddur və hər bir şey həmişə materiya və formanın birləşməsidir. Şeylərdən ayrı mahiyyətlər kimi Platon ideyaları, Aristoteldə şeylərin özünə daxilən xas olan formalar rolunda çıxış edir. Filosof bununla əlaqədar maddi və formal səbəbləri göstərir. O təbiət aləmində bütün dəyişiklikləri insanların məqsədyönlü fəaliyyətinə bənzədir. İnsanlar həmişə müəyyən bir məqsədə cəhd göstərdikləri kimi, təbiət aləmi də məqsədli səbəbə malikdir. Hər bir ayrıca şeydə fərqlənərək, bir kateqoriya kimi materiya və forma əlaqəlidir. Biri üçün forma olan şey başqası üçün materiya sayıla bilər. Məsələn, kərpic ondan tikilmiş ev üçün materialdır, ancaq eyni zamanda ondan düzəldiyi gil üçün formadır. Təbiətdə hər şey biri-birinə materiya və forma kimi münasibətdədir, təbiətin bütün predmetləri onların birləşməsidir, əbədi formalaşmadır, fasiləsiz təşəkkül tapmadır, imkandan gerçəkliyə çevrilmədir. Formaya əbədi, aktiv, fəaliyyətdə olan, materiyaya isə passiv, təsirə məruz qalan başlanğıc kimi baxmaqda Aristotel Platona yaxındır.



Bir proses kimi materiya və formanın birləşməsi başlanğıca və sona malikdir. Onun başlanğıcı duyğularla qavranılmayan, heç bir formaya malik olmayan qeyri-müəyyən ilkin maddədir. Öz-özlüyündə o tamamilə passivdir və sırf imkandır, ancaq o olmadan bütün sonrakı formalaşma prosesi və tədriclə daha yüksək təşkilatların aşkara çıxması mümkün deyil. Bu prosesi ondan yüksək ola bilən hər hansı bir digər formaya nisbətən, imkan kimi baxılması artıq mümkün olmayan ali forma tamamlayır. Bu sonuncu, sırf, hər cür maddilikdən məhrum formanı Aristotel tanrı adlandırır (bununla əlaqədar "metafizikanın" müəllifi özünün "birinci fəlsəfəsini" teologiya – yəni tanrı haqqında təlim adlandırır). Aristotelin tanrısı mifoloji tanrı deyil, fəaliyyəti sırf nəzəri olan, özü özünü fikirləşən təfəkkürdür, onda subyekt və obyekt üst-üstə düşür. Aristotelə görə tanrı, heç də zamanda başlanğıcı olmayan dünya yaradıcısı deyil. Tanrı, təbiətə münasibətdə yalnız ilk təkanvericidir, bütün yer təbiətinin ona ən çox yaxın olan insanın, insanlar arasından isə həqiqət axtaran filosofun cəhd göstərdikləri son ideal məqsəddir. Ancaq filosofun da bu və ya digər material marağı olduğundan, ən dahi mütəfəkkir belə ilahi ilk zəka, ilahi ilk forma iqtidarında olanı həyata keçirə bilməz. Aristotel təlimi təbiət elmlərinin bütün sahələrini və bütün bilik dairəsini əhatə edirdi. Fəlsəfə tarixi üçün Aristotelin yaratdığı məntiqin çox böyük əhəmiyyəti var (bu sahədə onun sələfləri Demokrit, Sokrat və Platondur). Bu məntiq olmadan antik dövrdə və orta əsrlərdə heç bir rasional fəlsəfə mümkün olmazdı. Onun əsas məzmunu həmin dövrdə riyaziyyatın və bəzi digər elmlərin artıq istifadə etdiyi təfəkkür üsullarına əsaslanan deduksiya nəzəriyyəsidir. Deduktiv məntiqin inkişafı, antik elmi-fəlsəfi fikrin əsasən mücərrəd xarakterdə olmasını, eksperimental təbiətşünaslığın demək olar ki, tamamilə olmamasını əks etdirirdi. Bu məntiqin mərkəzində sillogizmlərdən (əqli nəticələrdən) istifadə edən sübut haqqında təlim durur. Kosmologiya sahəsində Aristotel belə bir baxışı inkişaf etdirdi ki, bizim dünya yeganədir və həm də məkanca sonludur, zira yalnız onun sonluluğu ilahi ilk təkanda təcəssümünü tapan dünyəvi məqsədin vahidliyinə zəmin verir. Dünyanın mərkəzində, ətrafında xüsusi dairələr üzrə ay, günəş və planetlər fırlanan kürəşəkilli yer durur. Bir-birinə nisbətən hərəkətsiz ulduzlar dairəsinin arxasında yerləşmiş olan ilahi ilk təkanverici bizim dünyamızı qapayır. Aristotelin kosmoqonik görüşləri II əsrdə yunan astronomu Ptolomey tərəfindən inkişaf etdirilərək Kopernikin və Qalileyin kəşflərinə qədər, bütün orta əsrlər boyunca şübhə doğurmayan bir həqiqət kimi qəbul olunmuşdur. Bu təsəvvürlərə görə yer və bütün yer üzü, torpaq, su, hava və od kimi dörd ünsürdən, ay və bütün göy üzü isə – beşinci, kamil ünsür olan efirdən ibarətdir. Dünyanı təşkil edən ünsürlərin bu fərqinə uyğun olaraq onda baş verən hərəkətlər də fərqləndirilir: yer üzündə əyri və sınıq xəttlər üzrə baş verən- düzgün olmayan, göy üzündə isə kamil olan, dairəvi hərəkət üstünlük təşkil edir.
3.Fəsəfədə insan və azadlıq problemi.
Yüksək səviyyədə insan antik mütəfəkkirlər Platon (427– 347) və Aristotel (384– 322) tərəfindən öyrənilmişdir. İnsanın mahiyyəti haqqında onların irəli sürdüyü ideyalar insan haqqındakı sonrakı təsəvvürlərə kömək etmişdir.

Platonun insan haqında təlimi iki postulata əsaslanır. Birincisi, onun ümumfəlsəfi konsepsiyasından çıxır. Həmin konsepsiyaya görə, insan yaratmamalı, artıq ideyalar dünyasında olanları təcəs­süm etdirməlidir. İnsan yalnız mövcud ideyaları seçməkdə azaddır. İkincisi, Platona görə insanın mahiyyəti onun ruhudur, onun bədəni isə ruha düşmən olan materiya kimi çıxış edir. Gerçəklikdə insan elə bil ki, iki qeyri– bərabər hissəyə bölünür: yuxarı (ali) hissə– ruh, aşağı hissə isə bədən hesab olunur.

Platonun əksinə olaraq Aristotel insana bir– birilə sıx əlaqədar olan bədənin və ruhun birliyi kimi baxırdı. Aristotelə görə, bədənin ruhdan asılı olmasına baxmayaraq, onlar bir– birindən təcrid olunmuş şəkildə mövcud ola bilməz. Aristotelin olduqca maraqlı fikirləri yalnız bir neçə əsr keçdikdən sonra dərk edilmişdir. Məsələn, O, ardıcıl olmasa da, insana təbii inkişafın məhsulu kimi baxmışdır. İnsanın heyvandan prinsipial fərqi odur ki, insan siyasi varlıqdır. Çünki təbiət adamlara dövlət ünsiyyətinə cəhdi aşılamışdır ki, bunun da sayəsində dövlət yaranmışdır. İnsanın ikinci fərqli cəhəti onun dilə, nitqə malik olmasıdır ki, bunun köməyi ilə o, xeyir və şər, ədalət və ədalətsizlik anlayışlarını qavramaq və ifadə etmək imkanına malik olmuşdur. İnsanın və dövlətin mənşəyi və onların qarşılıqlı əlaqəsi məsələsinə toxunaraq, Aristotel belə hesab edirdi ki, insan bütün hallarda fərddən irəlidə durmalıdır. Çünki tam həmişə hissələrdən əvvəl olmalıdır. Bütövlükdə Aristotelin insana baxışlarını səciyyələndirsək deyə bilərik ki, O, ilk dəfə olaraq insanın mahiyyətinin müəyyənləşdirilməsində sosial amillərin əhəmiyyətini qeyd etmişdir.

Müasir elmin nailiyyətinə əsaslanaraq təsdiq etmək olar ki, insan evolyusion inkişafın məhsuludur. Burada bioloji amillərlə ya­naşı sosial amillər də mühüm rol oynamışdır və yenə də oyna­maq­dadır. Bununla əlaqədar insanın yüksək səviyyədə inkişaf etmiş hey­vanlardan əsas fərqini, fakt və proseslərin elmi izahı ilə göstərmək vacibdir.



Homo Sapiens (ağıllı insan) evolyusion inkişafın müəyyən mərhələsində heyvanlar aləmindən ayrılmışdır. Bu proses nə qədər davam etmişdir, bu cür çevrilmənin mexanizmi necə olmuşdur– suallarına müasir elm tam dəqiqliklə cavab verə bilmir. Bu da təəccüblü deyildir. Çünki canlının cansızdan əmələ gəlməsini izah etməkdən ötrü elm hələ də kifayət qədər faktlara malik deyildir. Kifayət qədər faktların olmaması, yeni kəşflərin indiyə qədər insana olan baxışları alt– üst etməsi insanın mahiyyəti və təbiəti haqqında müxtəlif konsepsiyaların yaranmasına gətirib çıxarmışdır. Həmin konsepsiyaları şərti olaraq rasionalist və irrasionalist adlandırıb iki qrupa bölmək olar. İrrasionallıq qrupuna: eksiztensializm, neoto­mizm, freydizm cərəyanları daxildir. Onların baxışlarına görə, insanın fəaliyyəti, daha geniş şəkildə götürsək, insanın varlığı izah­edilməz daxili motivasiya, arzu, istək və s. təzahürü mövqeyindən təhlil edilməlidir. Bu zaman bir qayda olaraq bu hadisələr yalnız qeyd olunur. Birinci sıraya fəaliyyətinin şərtləri deyil, onun təbiəti və məzmunu deyil, guya insanın mahiyyətini müəyyən edən bir sıra xassələrinin xarakteristikasının təsviri çıxır. Bəzi müəlliflərin fikrincə, həmin konsepsiyalarda səbəb– nəticə əlaqələrini axtarmaq faydasızdır. İnsanın mahiyyəti haqqında ancaq çoxsaylı təzahürlər, manifestasiyalar, daha dəqiq desək insanın hisslərinin qəbul etdiyi kimi mühakimə yürütmək olar. Belə çıxır ki, insanın daxili aləmi haqqında onun hərəkəti, əməli, arzusu, fikri və istəklərinə əsasən danışmaq mümkündür. Bütün bunlarda arqumentli bir izah kimi qəbul edilə bilən qanun halında bir əsas tapmaq qeyri– mümkündür. Əgər belədirsə, onları axtarmaq lazımdır, ancaq faktları, hadisələri, prosesləri etiraf etmək (qeydə almaq) kifayətdir. Məsələnin bu cür qoyuluşu və həlli praktiki olaraq insanın fəaliyyətini determinə edən əlaqələrini, yaxud qanunları izah etməyi istisna edir. Nümunə kimi biz ekzistensialist filosofların fikirlərinə müraciət edə bilərik. Məsələn, fransız filosof– ekzistensialist yazıçısı Alber Kamyu (1913– 1960) həyata irrasional absurd bir proses kimi məna və qanunauy­ğunluğa malik olmayan bir proses kimi baxmışdır. Burada başlıca rol təsadüfə məxsusdur. A.Kamyu yazırdı: «İnsan dünyanın irrasio­nallığı ilə toqquşur. O, hiss edir ki, xoşbəxtlik və ağıllı olmağı arzu edir. Bu toqquşmada insanın qabiliyyəti (həvəsi) ilə dünyanın ağılsız susmağı arasında absurd yaranır. İntellekt nöqteyi nəzərindən mən deyə bilərəm ki, absurd insanda deyil, dünyada deyil, onların birlikdə olmağındadır».

XX əsrdə, xüsusilə onun sonunda insan probleminə diqqət daha da artmışdır. Elmin, xüsusilə insan aləminin öyrənilməsinə təbii– elmi yanaşmanın tənqidi, bu cür yanaşmanın məhdudluğunun dərk edilməsi fəlsəfənin elmlə birlikdə bütövlükdə mədəniyyətə istiqamətinin dəyişməsinə gətirib çıxarmışdır.

Hazırda informasiya cəmiyyətində insan fəaliyyətinin rolunun artması, cəmiyyətin bütün sahələrinin inkişafında insanda yara­dıcılıq başlanğıcının əhəmiyyəti, industrial sivilizasiyanın transfor­masiyasında sivilizasion dönüş mühüm yer tutmağa başlayır.

Zəmanəmizin mühüm əlamətlərindən biri də yaxın keçmişdə əsas rol oynayan totalitar rejimlərin tarix səhnəsindən çıxıb getməsi, demokratik, hüquqi dövlətə doğru hərəkətin güclənməsi, cəmiyyəti­mizdə insanın maddi və sosial statusunun kəskin şəkildə aşağı düş­məsi və bunun nəticəsində də ekzistensial problematikaya meylin artması ilə əlaqədardır.

Fəlsəfə də qnoseoloji, metodoloji və ontoloji problematikaya marağın azalması, şəxsiyyətin psixologiyası və sosiologiyasının yaradılmasına meylin artması ilə xarakterizə oluna bilər. Nəticədə insanla bağlı olan problemlərin şərhində fəlsəfənin «elmlər elmi», «elmlərin əsası» təsəvvürlərinin zamanındakı baxışlar bir daha xatırlanaraq ortaya atılmışdır. Bu cür yanaşma çərçivəsində fəlsəfi biliyin spesifik xarakteristikası formulə edilməyə başlanmışdır. Elm, necə deyərlər, «dünyanın mənzərəsini» formalaşdırır, fəlsəfə isə nəzəri cəhətdən ifadə edilən dünyagörüşünü formalaşdırır. Bu dünyagörüşdə «dünyanın mənzərəsi» yalnız bir moment kimi anlaşılır. «Dünyanın mənzərəsi» üçün obyektiv yanaşma səciyyəvidir. O, özlüyündə dünya haqqında rəqəmlərin quru məlumatlarından başqa bir şey deyildir. Burada azadlığa, spontanlığa, yaradıcılığa yer yoxdur. Onlar müasir elmlərin kor ləkəsindədir, fəlsəfə isə əsas dünyagörüşü kimi insanın dünyaya münasibətini ifadə edir. Bu sadəcə bilik deyil, mənəvi dəyərlər formasına girmiş bilikdir. O, dünyanı göründüyü kimi deyil, insanın dünyada varlığının mənasını tədqiq edir. İnsan onun üçün sadəcə olaraq şeylər arasında şey deyil, dünyanı və özünü dəyişdirməyə qabil olan bir subyektdir. Elmi biliyə insanın dünyaya münasibətinin momenti kimi baxmaqla fəlsəfə onu daha geniş kontekstdə götürməyə və elmdaxili refleksiyadan kənara çıxmağa imkan verir. Eyni zamanda unikal bir varlıq olan insana dair düzgün baxışın formalaşmasında da fəlsəfənin rolu böyükdür.

Bizim hər birimiz insanı yerdə qalan dünyadan asanlıqla ayırdığımıza görə bizə elə gəlir ki, insanda heç bir sirr yoxdur. Çünki ilk baxışda onun digər canlılardan fərqi aydın, aşkar olduğundan heç kimdə onun sirli olmağı, hansısa gizli, bizə məlum olmayan cizgilərə malik olması inandırıcı olmur. Lakin məşhur ispan filosofu X.Orteqa– i– Qassetin fikrincə, fəlsəfə ona görə fəlsəfədir ki, o, məlum olanların hüdudlarından kənara çıxır. Bu hüdudlardan o, insanın öyrənilməsində də çıxır. Ümumiyyətlə, insanda təbii (bioloji), ictimai (sosial) və mənəvi (psixoloji) amillər qarşılıqlı vəhdətdə təzəhür edir, onun formalaşması və inkişafını şərtləndirir. Lakin son illərədək insanda bioloji və sosialın nisbəti, onların təsiretmə imkanları və mövqeyi məsələləri elmi– fəlsəfi cəhətdən mübahisəli təhlil edilməkdədir.

İnsanın biolojiləşdirilməsi və ya sosiolojiləşdirilməsi mövqe­ləri arasında fikir ayrılıqları yenə də vardır. İnsanların formalaş­masında təbii bioloji cəhətləri mütləqləşdirən irqçilik, sosial– dar­vi­nizm, maltusçuluq və s. konsepsiyalar məhz biolojiləşdirmə möv­qe­yindən çıxış etmişlər. XVIII əsrdə ingilis iqtisadçısı T.Maltus iddia edirdi ki, ictimai həyat fərdlərin yaşayış uğrunda mübari­zəsidir. Bu mübarizədə mühitə müvəffəqiyyətlə uyğunlaşanlar qalib gəlirlər. XIX əsrdə Ç.Darvin isə insanın yetişməsində təbii seçmə və tə­ka­mülü əsas götürmüşdür. Daha sonralar yayılmış etalogiyaya görə (heyvan davranışı haqqında elm), insanda müəyyən hərəkətlər ana­dangəlmə, instinktivdir, insanda mürtəcelik, yırtıcı təbiət guya ona öz yırtıcı heyvan əcdadından keçmədir. Hətta müasir «sosio­bioloji konsepsiya»nın tərəfdarları (amerikan alimi E.O.Uilson və b.) iddia edirlər ki, bütün sosial və hümanitar elmlər biologiyanın böl­mə­ləridir, onlar insanın davranışını bioloji növ kimi tədqiq etməlidir.

Sosiolojiləşdirmə konsepsiyası tərafdarları isə insanda ancaq sosial cəhəti əsas tutur, onu mütləqləşdirir. Marksizm fəlsəfəsi insanda bioloji və sosialı vəhdətdə götürür, onun formalaşmasında ictimai əlaqə və cəhətləri əsas götürsə də, təbii amilə də mühüm yer verir. Marksizm insanı ümumi, ictimai varlıq hesab etsə də, onun fərdi xüsusiyyətlərini, şəxsiyyət kimi özünəməxsusluğunu, hətta onda intuitiv keyfiyyətlərin olduğunu da inkar etmir. Marksistlər insanda bioloji, təbii olanın rolundan bəhs edərkən göstərirlər ki, insan özü təbiətin bir hissəsidir, onun üzərində yetişmişdir. Marks­izm qeyd edir ki, biz təbiət üzərində ağalıq etmirik. «Əksinə, bizim bədənimiz, canımız, beynimiz ona məxsusdur və onun içərisində yerləşir». Onlara görə biz empirik «mənimizdən», fərdi «canımız­dan» insana yüksəlməliyik, yəni insanın sosial mahiyyətinə əsas­lanmalıyıq. Bu isə o deməkdir ki, marksizm insana münasibətdə so­sio­lojiləşdirmə konsepsiyasının növ müxtəlifliyi kimi baxıla bilməz, çünki marksizm sosial amilə ciddi diqqət yetirsə də, bioloji və icti­mainin vəhdətdə götürülməsini əsas tutur; burada psixoloji– mənəvi təkmilləşməyə ciddi əhəmiyyət verilməsi tələb olunur. Fiziki ka­mil­lik, mənəvi– əxlaqi yetkinlik, davranış tərzi, əhval– ruhiyyə və s. bunları nəzərə almadan insan haqqında dərin elmi baxış meydana çıxa bilməz.

Bioloji cəhət insanın varlığı üçün ilkin şərt olan morfofizioloji, genetik, beyin– əsəb sistemi, elektrokimyəvi və s. kimi hadisə və prosesləri ifadə edir. Psixik– mənəvi cəhət insanın daxili və mənəvi aləminin (şüur, iradə, əhval– ruhiyyə, yaddaş,xarakter, temperament və s.) əks etdirir. İnsanda sosial aspekt onun başqa adamlarla qarşılıqlı əlaqə və münasibətlərini, sosial əlaqələrini, ictimai mühitdə kəsb etdiyi xassə və keyfiyyətlərini əhatə edir. Bu aspektlərin üçü də insanda vəhdət halında təzahür edir və insanın biopsixososial ma­hiyyətini əks etdirir. Həmin fikri söyləyən ispan mütəfəkkiri tək deyildir. Hələ vaxtilə böyük alman filosofu İ. Kant belə bir nəticəyə gəlmişdir ki, fəlsəfə mövcud olan 3 suala cavab verməlidir. Bu sualları İ.Kant aşağıdakı kimi ümumiləşdirmişdi. «Mən nəyi bil­məliyəm?», «Mən nə etməliyəm?», «Mən nəyə güvənə bilərəm?»

Ölümünə bir az qalmış Kant məşhur «məntiq»ində o üç sualı «İnsan nədir ?» adlı bir sualla əvəz etmişdir. Deməli insan bir sirr kimi mövcuddur. Əsrlər boyu böyük dühalar bu sirri açmağa, insanı anlamağa çalışmışdır. Tanınmış fransız yazıçısı Verkor «Adamlar, yaxud heyvanlar» adlı kitabını qəribə bir süjet əsasında qurmuşdur. Burada fikri eksperiment mühüm yer tutur. Süjetə görə bir neçə avropalıdan təşkil olunmuş ekspedisiya And dağlarına yola düşür və əlçatmaz yerlərdən birində onlar qəribə vəhşi tayfaya– adam sürüsü, yaxud da heyvan sürüsü ilə rastlaşırlar. Təsadüf elə gətirir ki, vəhşilərdən biri öldürülür. Sual olunur: Kim öldürülüb? Əgər öldü­rülən insansa ölümə görə öldürən cinayət məsuliyyətinə alınmalıdır. Yox,əgər öldürülən heyvansa, bunun üçün məsuliyyət yoxdur. La­kin həmin vəhşi qəbilənin insanlara, yaxud heyvanlara aid edil­məsi mübahisəlidir, çətindir. Çünki həmin əsərdə insanı heyvandan fərq­ləndirən kriteriya yoxdur. Müzakirə başlanarkən müxtəlif kriteri­yalar, mənəviyyət, dindarlıq, nitq, şüur və s. irəli sürülür. Lakin belə məlum olur ki, onların heç birisi kriteriya rolunda çıxış edə bilməz. Mənəviyyatlı adamlarla yanaşı, cəmiyyətdə mənəviy­yatsız adamlar da mövcud olur. Lakin buna görə, necə deyərlər, onları «adam­lıqdan» çıxarmırlar. Bundan əlavə mənəviyyat xeyir və şəri bir birin­dən kəskin şəkildə fərqləndirmək üçün əsas rolunu oynaya bilmir. Bunu din haqqında da demək olar. cəmiyyətdə alla­ha ina­n­mayan adam var və onların sayı dünyada getdikcə artmaq­dadır. Nitq zəruri olmasına baxmayaraq, kriteriya rolunu oynaya bilməz. Hətta şüur kateqoriyası da qüsursuz deyildir. Çünki hey­van­larda da elə hərəkətlər olur ki, bu da inkişaf etmiş psixika əlaməti ilə səciy­yələnir. Doğrudur ki, burada şərti reflekslər mühüm rol oynayır.

Ümumiyyətlə, mahiyyət və mövcudluq problemi insanda biolojilik və sosiallığın qarşılıqlı nisbəti məsələsi ilə əlaqədardır. Öz mahiyyətinə görə, artıq qeyd etdiyimiz kimi, insan sosial varlıqdır. Eyni zamanda o, təbiətin övladıdır və öz mövcudluğu baxımından nə onun çərçivələrindən kənara çıxa bilər, nə də öz bioloji təl­abatın­dan– yemək,içmək və s.– dən imtina edə bilər. İnsanda biolojilik onun orqanizminin genlərində morfofizioloji, elektrokimyəvi, əsəb– beyin və digər proseslərdə istifadə olunur. İnsanda sosiallıq və biolojilik vəhdətdədir. «Sosial keyfiyyət» olan şəxsiyyət və onun təbii varlığını ifadə edən orqanizm bu vəhdətin əsasını təşkil edir.

Öz bioloji təbiəti tərəfindən hər bir fərd müəyyən genotipdən– valideynlərdən aldığı genlərdən asılıdır. Doğulan zamandan o, bu və ya digər bioloji irsi alır, o da genlərdə əks olunur. Bunlar, öz növbəsində, fərdin xarici, fiziki keyfiyyətlərinə (boyuna, rənginə, üzünün formasına, səsinə və s.) və onun psixi keyfiyyətlərinə (emo­siya, temperament, xarakterin ayrı– ayrı cizgilərinə və s.) təsir edir. Bəzi alimlərin fikrincə, insanların müxtəlif fəaliyyət növlərində adam­ların qabiliyyəti irsən keçir (bədii yaradıcılıqda, musiqidə, riyaziyyatda və s. ) Lakin buradan o nəticəni çıxarmaq lazım de­yildir ki insan qabiliyyətinin təkcə təbii şərtlərindən danışmaq lazım­dır. İrsi vergi– insanın qabiliyyətinin ilkin şərtləridir. Onu bü­tövlükdə genotipə calamaq lazım deyildir. Ümumi şəkildə qabi­liyyətlər üç amilin vəhdətindən ibarətdir. Bioloji (irsən verilən ), so­sial (sosial mühit və tərbiyə) və psixik (insanın daxili «Mən»i,onun iradəsi və.)



4.Nəticə.
Beləliklə, insan müəyyən dərəcədə biososial varlıqdır; ona görə sosial varlıqdır ki, onun ictimai mahiyyəti vardır; ona görə bioloji varlıqdır ki, bu mahiyyətin daşıyıcısı canlı insan orqanizmidir.

«İnsan» anlayışı insan növünə məxsus ümumi əlamətləri ifadə edən növ anlayışıdır. İnsan aləmində adətən fərd deyərkən ayrıca götürülmüş bir insanı nəzərdə tuturlar. Onun ümumi cəhətləri ilə fərdi cəhətləri də vardır. Ayrıca bir insan nə isə xüsusi bir fərddir və məhz onun xüsusiliyi onu fərd edir və gerçək ictimai fərd varlığına çevirir.

İnsan haqqında təlimi yaradan ilk filosof Sokrat olmuşdur. (b.er.əv.470– 399) olduğu göstərilir. Onun sələfləri və müasirləri, məsələn, sofistlər insan probleminə mühüm əhəmiyyət verməklərinə baxmayaraq, ilk dəfə olaraq Sokrat, Siseronun şəhadətinə görə, antik müdriklərin hamısından əvvəl fəlsəfəni və kosmik problematikanı yerə endirdi, şəhərlərə və digər insan məskənlərinə diqqət artırıldı.Sokrat əsas diqqəti insanın daxili həyatına vermişdir.

İnsanın mahiyyəti haqqında nə bilirik?– sualına konkret belə cavab vermək olar: İnsan fiziki və mənəvi, təbii və sosial, irsi və həyatda əldə edilənlərin vəhdətindən ibarət canlı sistemdir. İnsan həm hadisələrin təbii əlaqəsinə qoşulur, həm də bioloji (biofiziki, biokim­yəvi, fizioloji) qanunauyğunluqlara tabedir; insan şüuru psixik və şəxsiyyət səviyyəsində spesifik qanunauyğunluqları olan sosial varlığa çevrilmişdir. İnsan fiziki, morfoloji orqanizm kimi kainatda materiya­nın ən yüksək, mütəşəkkil formasıdır. Deməli, insan bütövlükdə bio­loji, sosial və psixik– mənəvi ölçülərin təşkil etdiyi tamlıqdır.



Ədəbiyyat siyahısı:


  1. Qasımov M. XIX əsrdə Azərbaycan xalqının qabaqcıl fəlsəfi və ictimai– siyasi fikir tarixinin oçerkləri.– Bakı, 1959.

  2. Əhədov A. Qədim dünya fəlsəfəsi. Bakı, 1995.

  3. Əhmədli c. Materialist dialektikanın əsas qanunları haqqında. Bakı, 1967.

  4. Engels F.Təbiətin dialektikası. Bakı, 1966.

  5. Marksizm fəlsəfəsinin əsasları. Bakı, 1960.

  6. Marksizm– leninizm fəlsəfəsinin əsasları. Bakı, 1980.

  7. Marks K. və Engels F. Üç cildlik seçilmiş əsərləri. I, II. III cildlər. Bakı, 1978– 1983.

  8. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.

  9. Nicat Əlisa. Dünya filosofları. Bakı, 1995.

  10. Şükürov A., Abdullazadə G. Azərbaycan fəlsəfəsi (qədim dövr). Bakı, 1993.

  11. Şükürov A. Mifologiya, I– VIII cildlər. Bakı, 1995-1997.

  12. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, 1996.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə