Referat abş Konqresi




Yüklə 71.95 Kb.
tarix20.04.2016
ölçüsü71.95 Kb.
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Regionşünaslıq və Beynəlxlq münasibətlər fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə üçüncü kurs, 361-ci qrupun tələbəsi Abbasova Günel Kəmaləddin qızının

“Hüquq” fənnindən

“ABŞ-ın qanunvericilik sistemi və onun təsnifatı”

mövzusunda
REFERAT

ABŞ Konqresi


ABŞ Konstitusiyasında əsaslandırılan qanunverici hakimiyyət haqqında aşağıdakıları göstərmək vacibdir. Əvvəla, ABŞ-da qanunverici hakimiyyəti ABŞ-ın Konqresi və ştatların qanunverici yığıncaqları həyata keçirir. ABŞ-ın Konqresi 2 palatadan ibarətdir: Senat və Nümayəndələr Palatası

Nümayəndələr Palatasının üzvlərinin sayı 1913-cü ildə verilmiş qanunla müəyyənləşib və hələ də dəyişməz qalır ki, onların sayı 435 nəfərdən ibarətdir. İndiki dövrdə palatanın hər bir üzvü 500 min seçicinin təmsil edir, hər 10 ildən bir əhalinin siyahıya alınmasının nəticəsi ilə Nümayəndələr Palatasında yerlər ştatlar arasında bölüşdürülür.

Nümayəndələr Palatasının üzvləri 2 il müddətinə seçilirlər və seçkilərdən sonrakı ilin yanvarından onların səlahiyyət müddəti hesablanır. Öz növbəsində hər 2 ildən bir Nümayəndələr Palatasının heyəti yeniləşdirilir, bu fasilə ilə hər çağırışın –bütün Konqresin müddəti ölçülür.

Hər bir ştatda əhali Senata senatorları seçirlər, hər bir ştat Senatda 2 nümayəndə ilə təmsil olunub. Senatın tərkibinə 100 senator daxildir, hər bir senator öz ştatında 6 illiyə seçilir. Onun senatorluq müddəti seçkilərdən sonrakı ilin yanvarından hesablanır. Nümayəndələr Palatasından fərqli olaraq hər iki ildən bir senatorların 1/3 hissəsi yenidən seçilməlidir. Bu isə palatanın sabitliyini təmin edir və onun fəaliyyətinə müsbət təsir göstərir, həm də bir ənənə kimi Senat Nümayəndələr Palatasından üstün vəziyyətə malikdir.

Konqresin tərkibi və səlahiyyətləri:

ABŞ-ın Konqresində əhalinin burjua hissəsi təmsil olunmuşdur. Heyətində bir nəfər belə sənaye və kənd təsərrüfatı fəhləsi yoxdur. Onların mənafeyini müdafiə edən siyasi fraksiyalar da yoxdur. Hər iki palatada hüquqşünaslar mütləq çoxluq təşkil edirlər. (Nümayəndələr Palatasında – 184, Senatda – 62). Bu kateqoriyaya təkcə hüquqi praktika ilə məşğul olanlar yox, həm də böyük hüquq firmalarının sahibləri və hüquq təhsili alıb bizneslə məşğul olanlar da daxildir. Konqresin üzvləri arasında seçilənə qədər federal və yerli səviyyədə rəsmi vəzifə tutanlar, keçmiş hakimlər, jurnalistlər də çoxluq təçkil edir.

Konqresin Nümayəndələr Palatasının 37%-ni (162 nəfər), Senatin isə 33%-ni (33 nəfər) bankirlər, sahibkarlar və iri aqro-biznesmenlər təşkil edir. ABŞ-ın zənci əhalisi indi ümumi əhalinin 12%-ni təşikl edir. Nümayəndələr Palatasında indi onların 23 konqresmeni var. Senatda isə bir nümayəndəsi də yoxdur. Qadınlar seçicilərin əksəriyyətini təşkil etsələr də, onların Nümayəndələr Palatasında 23, Senatda isə 2 nümayəndəsi var.

Konqresin konstitusiya səlahiyyətləri xeyli genişdir. Onların arasında ən əsas yeri maliyyə sahəsinə baxmaq tutur. Bu ABŞ-ın “pul kisəsi hakimiyyəti” adlanır.

Konqres ölkənin bütün ərazisi üçün vahid vergini, rüsumları, aksiz rüsumlarını müəyyən edir, federal büdcəni müəyyənləşdirir, dövlət səhmlərindən başqa bütün sahələrə ianələr ayırır, kreditə pul verir. Konqres həm də ABŞ-ın adından borcları ödəyir, xarici ticarəti və ştatlar arasında ticarəti tənzimləyir.“Pul kisəsi hakimiyyəti” Konqresə imkan verir ki, ölkənin iqtisadiyyatına, daxili və xarici siyasətinə, hərbi siyasətinə təsir etsin. Konqres prezidentə bu və digər məqsədlər üçün ianələr ayırmasına təsir edir, hökumət müəssisələrinin və idarələrinin fəaliyyətini də Konqres yoxlayır. Konqres həm də büdcə ianələrinin xərclənmələrini də yoxlayır. Bu funksyaları Konqresin xüsusi komitələri yerinə yetirir.

Konqres müharibə elan etmək, silahlı qüvvələri formalaşdırmaq və onların saxlanması üçün pul ayırmaq hüququna malikdir. Konqres həm də quru və dəniz qüvvələrinin idarə edilməsi üçün hüquq vermək səlahiyyətinə malıikdir. Bu səlahiyyətlərlə Konqres hərbi büdcənin formalaşdırılmasına və silahlı qüvvələrin orqanlarına təsir edir. Konqresin müharibə elan etmək hüququ onunla məhdudlaşır ki, prezident ordu və donanmanın ali baş komandanıdır. Buna görə silahlı qüvvələrdən istifadə edilməsi prezident hakimiyyətinə məxsusdur.

Elə səlahiyyətlər var ki, hər iki palata bir yerdə icra edir, elələri də var ki, palatalardan biri icra edir. Konstitusiyaya görə, dövlət gəlirləri haqqında bütün qanun layihələri Nümayəndələr Palatasından irəli sürülməlidir, Senat ancaq bu layihələrə düzəlişlər təklif edə bilər və layihələrin müzakirəsində iştirak edə bilər. Bu hüquq Nümayəndələr Palatasına maliyyə məsələlərinə baxarkən müəyyən üstünlüklər verir. Nümayəndələr Palatasının hüququ var ki, seçkilər vaxtı prezidentliyə namizədlərdən heç biri seçicilərin səsinin yarısı ilə seçilməyibsə, ABŞ-ın prezidentini seçsin. (ABŞ tarixində Nümayəndələr Palatası bu hüququndan 2 dəfə istifadə edib: 1801 və 1825-ci illərdə).

ABŞ-ın müqavilələr formasında beynəlxalq öhdəliklər götürməsində və dövlət aparatında yüksək vəzifələrə təyinatda iştirak etmək Senatın mühüm səlahiyyətlərindəndir. Prezident beynəlxalq müqavilələri Senatda iştirak edən senatorların 1/2 –nin təsdiqi olandan sonra imzalaya bilər. Bu “Senatın məsləhəti və razılığı” formasında olur. Senat müqaviləni tam olaraq qəbul da edə bilər, etməyə də bilər, onu düzəlişlərlə və əlavələrlə qəbul da edə bilər.

Beynəlxalq razılaşmalrın “icraedici razılaşma” adlanan forması da var. O, prezident və ya icraedici hakimiyyətin başqa orqanları tərəfindən xarici hökumətlərin nümayəndələri ilə bağlanır və Senatın səlahiyyətinə daxil deyil. Bu razılaşma Konqresə informasiya formasında təqdim edilir, ya da onun bağlanmasından sonra hər 2 palatanın səs çoxluğu ilə qəbul edilir.

Hökumətin rəsmi şəxslərinin təyinatına Senat nəzarət edir. Senat bu təyinatları təsdiq edir: 1) Hökumətin idarə rəhbəri; 2) Diplomatik nümayəndələr; 3) Ali Məhkəmənin üzvləri; 4) Federal məhkəmənin üzvləri; 5) Silahlı qüvvələrin və sərhəd xidmətinin ali rütbəli şəxslərinin irəli çəkilmələri və yerdəyişmələri.

Senat nadir hallarda prezidentin yüksək hökumət vəzifələrinə təyinatı ilə mübahisə edir. Ancaq Ali Məhkəmənin üzvlüyünə namizədlərin təsdiq olunmaması tez-tez olur. Ağ evin aparatında olan vəzifələrə təyinatlar, Senat tərəfindən təsdiq edilmir. Əgər vitse-prezident seçkilər vaxtı seçilmirsə, Senat onu seçir.

Konstitusiyaya görə, Konqres vəzifəli şəxsləri, o cümlədən prezidenti və vitse-prezidenti, əgər onlar satqınlıqda günahkar biliniblərsə, rüşvət almaq və s. əməllər ediblərsə, onları impiçment qaydasına görə vəzifələrindən kənar edə bilər. Bu məsələdə palataların səlahiyyətləri bölünür. Təkcə Nümayəndələr Palatası impiçment qaydasında istintaq qrupu yarada bilər. Senat isə bu halda məhkəmə rolunu həyata keçirə bilər. Əgər məsuliyyətə cəlb edilən şəxs təqsirli bilinirsə, Senat onun haqqında yeganə cəza tədbiri – vəzifədən kənaretməni tətbiq edir.

Konqres ABŞ vətəndaşlığının verilməsi, iflas olma, patent və müəlliflik hüququ haqqında qanunlar qəbul edə bilər. Federal məhkəmələr və poçt xidmətləri təsis edə bilər. Konqres pul emissiyası və müəyyən edilən qaydada onun saxtalaşdırılması üstündə cəzalandırma tətbiq edə bilər.


Qanunverici təkliflərinin formaları

və Konqresdən keçirilməsi
Konqresdə qanunverici təklifin 4 forması var: 1) qanun layihəsi; 2) birgə qətnamə; 3) üst-üstə düşən qətnamə; 4) sadə qətnamə.

Qanun layihəsi o zaman qanun qüvvəsinə minir ki, hər iki palatada qəbul edilir və prezident tərəfindən imzalanır. Birgə qətnamə də eyni prosedura yolu ilə keçir. Buna görə qanun layihəsi ilə birgə qətnamə arasında prinsipial fərq yoxdur. Qanun layihəsi və birgə qətnamə sadə səs çoxluğu ilə qəbul edilir. Bu hal konstitusiyada dəyişiklik üçün qəbul edilirsə, 2/3 səslə qəbul edilməlidir.

Üst-üstə düşən qətnamə hər 2 palata tərəfindən qəbul edilir, prezident isə onu imzalamır və o qanun qüvvəsinə çıxmır. Bu qətnaməni qəbul etməklə Konqres öz mövqeyini bildirir. Konqresin büdcə qətnaməsi də formasına görə üst-üstə düşən qətnamə hesab edilir.

Sadə qətnaməni palatalardan biri qəbul edir. Qanun qüvvəsi yoxdur və o qərarın qəbuluna xidmət edir ki, hansının ki, fəaliyyəti həmin palataya şamil edilir və ya onun mövqeyini bildirməyə xidmət edir.

Qanunverici təşəbbüs hüququ Konqresin hər bir üzvünə məxsusdur. Konqresdə qanun layihəsinin təklif etmə yolu çox mürəkkəbdir. Qanun layihəsi hər bir palataya göndərilir. Onun mətnindən asılı olaraq palatalar onun bir və ya bir neçə daimi komitələrə göndərir. Daimi komitələr isə təklifi özlərinin alt-komitələrinə göndərirlər. Adətən komitələrdən məruzə almamış palatalardan heç biri qanun layihəsinin baxılmasına başlamır. Bu məruzələr bu layihənin komitədə müzakirəsinin yekunu və tövsiyyələrini əks etdirir.

Hər bir palata komitələrdən məruzə alandan sonra qanun layihəsinin müzakirəsinə başlayır. Nümayəndələr Palatasında ona ilkin olaraq palatanın bütün komitələri tərəfindən baxıla bilər. Orada palatanın 100 və daha çox üzvü iştirak edir və burada spiker deyil, seçilən sədr sədrlik edir.

Qanunverici prosesdə hər iki palata bərabər hüquqludur. Ona görə palatalardan biri bu qanun layihəsini qəbul etmirsə, o rədd edilmiş sayılır. Əgər qanun layihəsi hər iki palatada müxtəlif variantlarda qəbul edilibsə, bu müxtəlifliyi aradan götürmək üçün “barışdırıcı komitə” yaradılır. Ona hər iki palata öz nümayəndələrini təyin edirlər. Bu komitənin iclasları qapalı olur, əldə olunmuş razılığa palata nümayəndələri ayrı-ayrılıqda səs verirlər. Bu komitənin hazırladığı qanun layihəsinin yeni mətni hər bir palatada səsverməyə qoyulur. O ya qəbul edilir, ya bütövlükdə rədd edilir, ya da ona düzəlişlər daxil edilir. Əgər bu mərhələdə də qanun layihəsi hər iki palatadan biri tərədfindən rədd edilərsə, onda bu layihə yenidən əvvəlki və ya yeni barışdırıcı komitəyə göndərilir. Yox əgər hər iki palata qanun layihəsinin təklif edilən mətnini qəbul edirsə, barışdırıcı komitələr ləğv olunur. Qanun layihəsinin qəbul olunmuş mətnini Nümayəndələr Palatasının spikeri və Senatın sədri imzalayır.

Konqres tərəfindən qəbul edilən qanun layihəsi prezidentin imzalanmasına təqdim edilir. O, 10 gün ərzində ya qanun layihəsini imzalamalı, ya da geri qaytarmalıdır (bazar və bayram günləri istisna olunur). Prezident layihəni həmin palataya göndərir. Layihə qəbul edilmirsə, bu prezidentin “veto” hüququ adlanır. Konqres prezidentin vetosunu üstələmək üçün hər iki palatada təkrar səsvermədə 2/3 hissəsinin səsi ilə qanunu təsdiq edə bilər və o prezidentin imzası olmadan da qüvvəyə minir. Əgər Konqresin sessiyasının davam etdiyi 10 gün ərzində prezident qanun layihəsi haqqında heç bir tədbir görmürsə, o qanun qüvvəsinə minir. Əgər prezidentə ayrılmış 10 gün müddət Konqresin işinin qurtarması ilə dayandırılarsa və qanun layihəsi prezident tərəfindən imza edilməyibsə o qüvvəyə minmir. Bu prezidentin “cib vetosu” adlanır. Konqres cib vetosunu aşa bilməz. Bunun üçün heç bir prosedura qaydası nəzərdə tutulmayıb.

Prezidentin onu imzaladığı gün; Konqresin prezident vetosunu aşdığı gün; qanun layihəsinin özündə nəzərdə tutulan gün qanun layihəsinin qüvvəyə mindiyi gün hesab olunur.

Ştatların qanunverici iclasları

(leqislatura)
Ştatlarda qubernatorların hakimiyyəti yerli qanunverici orqanlar vasitəsilə tənzimlənir. Öz struktur və metodlarına görə ştatların qanunverici iclaslarının işi Konqresin işinə oxşayır. Bütün ştatlarda qanunverici iclasların ABŞ üçün xarakterik olan iki palatalı sistemi mövcuddur. Nebraska ştatı istisna təşkil edir.

Qanunverici iclasların səlahiyyət müddəti müxtəlif ştatlarda müxtəlifdir: 46 ştatda Nümayəndələr Palatasının üzvləri iki illiyə seçilir, 4 ştatda isə 4 illiyə. Senatorlar isə 38 ştatda 4 illiyə, 12 ştatda isə 2 illiyə seçilir. Qanunverici iclasların ştatlarda sessiyalar keçirmə vaxtı da müxtəlifdir. Ştatların çoxunda sessiyalar hər il keçirilir, bəzi ştatlarda isə 2 ildən bir, ABŞ Konqresindən fərqli olaraq qanunverici iclasların sessiyaları qısa müddətdə – bir və ya iki ay ərzində keçirilir.

Ştatların qanunverici iclaslarında da komitələr fəaliyyət göstərir. Bir sira ştatda isə hər iki palatanın birləşdirilmiş komitələri böyük rol oynayır. Qanunverici iclasların xarakterik cəhəti odur ki, ştatların çoxunda Nümayəndələr Palatasının spikeri dominant rolu oynayır. O nəinki qanunverici iclasda, həm də ştatda böyük təsir edən şəxsdir.

Palataların daxili quruluşu




Palataların sədrləri
Nümayəndələr palatasına siker rəhbərlik edir. Spiker Konqresin ilk sessiyasında Palatanın bütün üzvləri tərəfindən seçilir. Adətən üstünlük təşkil edən partiyanın nümayəndəsi Spiker olur.

Spiker ABŞ-ın dövlət iyerarxiyasında yüksək yerlərdən birini tutur. O, Prezident məsəbinin ikinci varisi hesab olunur. Yəni vitse-prezidentdən sonra boşluq yarandıqda siker ABŞ prezidenti mənsəbini tutur.

Spikerin səlahiyyəti və funksiyaları xeyli genişdir. O, Nümayədələr Palatasının bütün fəaliyyətinə rəhbərlik edir, gündəliyi müəyyən edir, müzakirə və debatları təşkil edir, iclas zamanı qaydanı və müəyyən olunmuş prosedur məsələlərinə dair mübahisələri həll edir, bu və ya digər qanun layihəsinin hansı komitə tərəfindən baxılmalı olduğunu qəti müəyyən edir, razılaşdırıcı komitənin üzvlərini təyin edir, yeni seçilmiş üzvlərin siyahısını tərtib edir, palatanın möhürünü saxlayır. Spikerin ən mühüm səlahiyyətlərindən biri “tanıma hüququ” adlanır. Bu hüquq o deməkdir ki, qanun layihələrinin müzakirəsi zamanı konqresmenlərin söz alıb-almaması, yaxud da hər hansı təkliflə çıxış etmək üçün ona imkan verilib-verilməməsi bütünlüklə spikerin mülahizəsindən asılıdır.

Spiker müzakirələrdə və səsvermədə iştirak hüququnu saxlayır. Lakin adətən spiker səslər bərabər olduqda səsvermədə iştirak edir və onun adı səsvermə siyahısına daxil edilmir.

Nümayəndələr Palatasının seçdiyi bütün vəzifəli şəxslər spikerə hesabat verir. Spiker həmçinin Palatanın məmurlarına ( Nümayəndələr Palatasının klerki, katiblər, pristav, kapellan, poçtmeyster və parlament təcrübəsi üzrə ekspert) – rəbərlik edir. Parlament təcrübəsi üzrə ekspert spikerə və konqresmenlərə hüquqi və texniki məsləhətlər verir, bu və ya digər prosedur qaydasının təfsiri və tətbiqinə dair mübahisələr olduqda rəy verir.

Senatın sədri vəzifəyə görə vitse-prezidentdir. Vitse-prezident Senatın iclaslarını apara və yalnız səslər tən yarı bölündükdə səsvermədə iştirak edə bilər. Lakin təcrübədə vitse-prezident bu hüquqdan nadir hallarda istifadə edir. Senat vitse-prezidentin olmadığı bütün müddət üçün müvəqqəti sədr seçir və o, Palatanın işinə faktik rəhbərlik edir.

Senat sədrinin səlahiyyətləri spikerin səlahiyyətlərinə oxşardır, akin nisbətən məhduddur. Belə ki, onun ”tanıma hüququ“ yoxdur. Senatın özünün ayrıca məmurları vardır. Buraya Senatın katibi, kapellan, pristav, qanunvericilik məsəslələri üzrə müşavir aiddir.


Komitələr
Konqresin komitələr sisteminə daimi, xüsusi, birləşmiş, razılaşdırıcı komitələr və ”bütün palata“ komitəsi aiddir.

Daimi komitələr Konqresin qanunvericilik və nəzarət funksiyalarının həyata keçirilməsində müstəsna rol oynayır. Qanun layihəsinin taleyi demək olar ki, daimi komitələrdə həll olunur. Daimi komitələrin nəzarət səlahiyyətləri xeyli genişdir. Nazirlər hər il öz fəaliyyətləri haqqında müvafiq daimi komitələrə hesabat verməlidir. Daimi komitələr xüsusi dinləmə prosedurundan istifadə etməklə təhqiqat apara bilər. Təhqiqat adətən nazirlərin və yüksək vəzifəli hökumət məmurlarının qanunu pozmada, yaxud sui-istifadə hallarında ittiham olunması ilə əlaqədar aparılır. Daimi komitələr həçinin xüsusi şirkətlərə və ictimai təşkilatlara münasibətdə də təhqiqat apara bilər. Daimi komitələr şahidlər çağırmaq və onların ifadələrini dinləmək hüququna malikdir.

Hal-hazırda Nümayəndələr Palatasında 22, Senatda isə 20 daimi komitə, 62 alt-komitə və 4 ümumi komitə fəaliyyət göstərir.

Nümayəndələr Palatasının daimi komitələri bunlardır: 1)kənd təsərrüfatı üzrə; 2)ianələr üzrə; 3)silahlı qüvvələrin işləri üzrə; maliyyə və şəhərlərin problemləri üzrə; 5)büdcə üzrə; 6) Kolumbiya dairəsinin işi üzrə; 7) təhsil və əmək üzrə; 8) enerji və ticarət üzrə; 9) xarici işlər üzrə; 10) hökumət əməliyyatları üzrə; 11) palatanın administrasiya məsələləri üzrə; 12) daxili və adalar işi üzrə; 13) hüquq üzrə; 14) dənizçilik ticarəti və balıqyetişdirmə üzrə; 15) poçt işləri üzrə və vətəndaş xidməti üzrə; 16) ictimai işlər və nəqliyyat üzrə; 17) qanunlar komitəsi üzrə; 18) elm, kosmos və texnika üzrə; 19) xırda biznes məsələləri üzrə; 20) rəsmi şəxslərin xidmət hərəkətləri standartları üzrə 21) veteranların işi üzrə; 22) mədaxil və məxaric üzrə

Senatın daimi komitələri bunlardır: 1)kənd təsərrüfatı, ərzaq və meşə təsərrüfatı üzrə; 2)ianələr üzrə; 3)silahlı qüvvələrin işləri üzrə 4) bank işi, ev tikintisi və şəhərlərin problemləri üzrə; 5)büdcə; 6) ticarət, elm və nəqliyyat üzrə; 7) enerji və təbii ehtiyatlatr üzrə; 8) ətraf mühitin problemləri və ictimai iş üzrə; 9) malyyə; 10) xarici işlər üzrə; 11) hökumət məsələləri üzrə; 12) hüquq üzrə; 13) əmək və əhali ehtiyatları üzrə; 14) senatın reqlamenti və administrasiyası məsələləri üzrə; 15) xırda biznes məsələləri üzrə; 16) veteranların işi üzrə

Hər bir daimə komitə səlahiyyətinə aid məsələlər üzrə köməkçi komitələr yaradır. Hal-hazırda Konqresdə 200-dən çox köməkçi komitə fəaliyyət göstərir. Konqresmen və senatorlar eyni zamanda bir neçə daimi komitə və köməkçi komitələrin üzvü ola bilər. Orta hesabla bir konqresmen 4-5, senator 10-dan çox, bəzi senatorlar isə 15 və daha çox daimi komitə və köməkçi komitələrin işində iştirak edir.

Xüsusi komitələr konkret məsələlər üzrə yaradılır və müvəqqəti xarakter daşıyır. Nümayəndələr Palatasında kəşfiyyat , ahılların işləri, narkomaniya problemləri üzrə, Senatda isə kəşfiyyat, hinduların işləri, etika üzrə xüsusi komitələr fəaliyyət göstərmişdir.

Birləşmiş Komitələr Konqresin hər 2 palatasının üzvlərindən ibarət tərkibdə təşkil olunur və müəyyən sahələrdə palataların fəaliyyətini əlaqələndirir. Hal-hazırda 3 birləşmiş komitə mövcuddur: iqtisadi komitə, vergi komitəsi və Konqresin kitabxanası üzrə komitə.

Razılaşdırıcı komitələr konkret məsələlər və qanun layihələri üzrə Nümayəndələr Palatası və Senat arasında vahid mövqe olmadıqda ortaq rəyə gəlmək üçün hər 2 palatanın bərabər sayda üzvlərindən yaradılır.

“Bütün palata“ komitəsi hər hansı qanun layihəsinin müzakirəsini sürətləndirmək məqsədilə Palatanın tam tərkibdə xüsusi iclasıdır. Bu halda Palata komitə kimi çıxış edir və müzakirələr sadə, daimi komitələrin prosedurasına uyğun aparılır.




Partiya fraksiyaları
Konqresdə 2 böyük partiya fraksiyası vardır: respublikaçılar və demokratlar. Palatada yerlərin əksəriyyətini qazanmış partiya çoxluq partiyası, digəri isə azlıq partiyası adlanır.

Hal-hazırda Senatda 57 Demokratlar və 40 Respublikaçılar partiyasından olan senatorlar təmsil olunur. Nümayəndələr palatasında isə 256 Demokratlar və 178 Respublikaçılar partiyasından olan konqresmenlər mövcuddur.

Palataların hər birində partiya fraksiyaları ayrılıqda fəaliyyət göstərir. Lakin Senatda fraksiyaların təsiri nisbətən zəifdir.

Quruluş baxımından fraksiyalar, bir qayda olaraq, aşağıdakı kimi təşkil olunur: lider, “knut”lar (partiya təşkilatçıları), partiya komitələri, kokuslar (ümumi yığıncaqlar)

Fraksiyanın lideri həmin fraksiyanın ümumi yığıncağında seçilir. Partiya iyerarxiyasına görə, çoxluğun lideri Nümayəndələr Palatasında spikerdən sonra 2-ci, Senatda isə 1-ci şəxs hesab olunur. Azlığın lideri isə hər 2 palatada partiya iyerarxiyasının 1-ci pilləsini tutur. Fraksiyanın lideri qanunvericilik fəaliyyətində müvafiq partiyanın strategiyasının planlaşdırılmasına və fraksiyanın birliyinin təmin olunmasına, habelə ictimaiyyət və mətbuatla əlaqələrə görə məsuldur. Nümayəndələr Palatasında müzakirələr zamanı ilk söz çoxluğun liderinə verilir.

Lider fraksiyanın siravi üzvlərinə təsir göstərmək üçün geniş imkanlara malikdir. Belə ki, nüfuzlu komitələrə təyin olunma, seçki kampaniyasının aparılmasında kömək göstərilməsi, təşəbbüslərin müdafiə olunması liderin mövqeyindən çox asılıdır.

Fraksiyanın lideri palatanın siravi üzvlərinə nisbətən daha çox haqq alır, əlavə xidməti sahəyə və çoxsaylı şəxsi yardımçı aparata malikdir.

“Knut”lar (partiya təşkilatçıları) seçkili partiya funksionerləridir. Onlar fraksiya lideri ilə siravi üzvlər arasında əlaqələndirici rol oynayır, liderin göstərişlərini həyata keçirir və siravi üzvlərə çatdırır, partiya intizamını gözləyir, fraksiya üzvlərinin səsvermədə və müzakirələrdə iştirakına nəzarət edir, bu və ya digər məsələdə hansı mövqeyi tutmağı və necə səs verməyi onlara xatırladır. “Knut”ların müavinləri və köməkçiləri olur.

Fraksiyalar adətən bir neçə komitə yaradır: siyasi, aparıcı, seçki kampaniyası üzrə və s. Siyasi komitə müvafiq partiyanın qanunvericilik sahəsində platformasını və proqramını hazırlayır, aparıcı komitə daimi komitələrin tərkibinə müvafiq fraksiyadan olan namizədləri müəyyən edir, seçki kompaniyası üzrə komitə növbəti müddətə seçilmək istəyən fraksiya üzvlərinə kömək edir. Digər partiya komitələri də yaradıla bilər.

Kokus fraksiyanın ümumi yığıncağı olub müvafiq fraksiyanın ümumi mövqeyini müəyyən edir, lideri seçir, partiya komitələrini yaradır.




Konqresin iş qaydası

Sessiyalar
Yeni çağırış Komqresin ilk sessiyası seçki ilindən sonrakı ilin yanvar ayının 3-də başlanır. Sessiyanın sonrakı gedişini Konqresin özü müəyyənləşdirir. Hər çağırış Konqres 2 sessiya keçirir və sessiyalar fasilələrlə bütün il boyu davam edir. Palatalar adətən ayrılıqda iclas keçirir. Nümayəndələr Palatası hər iş gününün sonunda iclasın başqa günə keçirilməsi haqqında qərar qəbul edir. İclasın başqa günə keçirilməsi “qanunvericilik günü“nün qurtarması, yəni nəzərdə tutulmuş gündəlik üzrə işin başa çatması deməkdir. Ona görə də Nümayəndələr Palatasının “qanunvericilik günü“ təqvimi günü ilə üst-üstə düşür. Senatın iclaslarında isə fasilə elan olunur, lakin bu, nəzərdə tutulan gündəliyin başa çatması demək deyildir. Ona görə də Senatın “qanunvericilik günü“ adətən bir neçə təqvim gününü əhatə edir.

İclas təxirə salınarkən (fasilə elan olunarkən) konkret gün göstərilmirsə bu, sessiyanın başa çatması və parlament tətilinin başlanması deməkdir. Lakin nəzərə almaq lazımdır ki, palatalardan biri digərinin razılığı olmadan 3 gündən artıq müddətə öz iclasını təxirə sala bilməz.



Palataların gündəlik iş rejimi
Nümayəndələr Palatasının gündəlik iş rejimi belədir. Kapellan dua oxuduqdan sonra spiker öz yerini tutur və yetərsayı yoxlayır. Konqresmenlərin yarıdan çoxu iştirak edərsə iclas səlahiyyəti hesab olunur. Sonra “Palatanın jurnalı” oxunur və təsdiq olunur. “Palatanın jurnalı” gündəlik iclasın məzmununun ümumi təsvir olunduğu, yetərsayın və səsvermənin nəticələrinin göstərildiyi rəsmi dövlət sənədidir. Daha sonra növbədənkənar məsələlər meydana çıxarsa onlara baxılır və ictimai qanun layihələrinin daimi komitələrə göndərilməsi zamanı buraxılmış səhvlər düzəldilir. Bir çox hallarda bu cür məsələlər palata tərəfindən müzakirə açılmadan spiker tərəfindən təkbaşına həll olunur.

Daha sonra “spikerin stolunda olan” məsələlərə baxılır. Buraya prezidentin veto qoyduğu qanun layihələri; müzakirələr zamanı hansı məsələlərə üstünlük verilməsi haqqında qətnamələr; Senatdan daxil olmuş qanun layihələri; Palatanın irəli sürdüyü və Senatın düzəlişlər etdiyi layihələr; Spikerin qərarına konqresmenlərin apellyasiyaları və s. aiddir. Bu məsələlər adətən müzakirə açılmadan spiker tərəfindən mahiyyəti üzrə baxılmaq üçün uyğun daimi komitələrə göndərilir.

Həmin məsələlər qurtardıqdan sonra əvvəlki iclasın qanunvericilik vaxtında baxılan və müzakirəsi başa çatmamış məsələlər nəzərdən keçirilir. Gündəliyin “səhər saatı” adlanan növbəti hissəsində komitələrin təqdim etdiyi qanun layihələri müzakirə olunur.

Daha sonra palata gündəliyin əsas məsələlərinə keçir, yəni faktik olaraq fraksiya liderlərinin müəyyən etdiyi və palata rəhbərliyinin nəzərdə tutduğu, palatanın isə formal bəyəndiyi məsələlərə baxılır. Bunlar adətən istənilən zaman baxıla bilən qanun layihələri və digər layihələr olur. Senatın gündəlik iş rejimi buna oxşardır.




Qanunvericilik təqvimləri və siyahıları
Nümayəndələr Palatasında qanun layihələri 5 müxtəlif siyahıya daxil edilir və bu siyahılara uyğun olaraq qanunvericilik təqvimləri müəyyən olunur.

İttifaq (federal) siyahı. Buraya Ölkənin vəziyyəti haqqında Prezidentin Konqresə müraciəti ilə əlaqədar olaraq dövlət gəlirlərinə, ümumi təxsisatlara aid olan qanun layihələri, habelə maliyyə vəsaitlərinin ayrılması ilə birbaşa və ya dolayısı ilə bağlı olan ictimai qanun layihələri daxil edilir. Bu siyahıya daxil edilmiş qanun layihələri palatanın iclasının istənilən vaxtında müzakirəyə çıxarıla bilər.

Nümayəndələr Palatasının siyahısı. Bu siyahıya dövlət gəlirləri və təxsisatlarla bağlı olmayan ictimai qanun layihələri daxil edilir.

Xüsusi (özəl) siyahı. Bu siyahıya ayrı-ayrı şəxslərə və firmalar aid olan qanun layihələri daxil edilir. Bu siyahıya daxil edilmiş layihələr sadələşdirilmiş prosedur üzrə hər ayın 1-ci və 3-cü çərşənbə axşamı günləri müzakirəyə çıxarılır.

Razılıq siyahısı. Bu siyahıya 1-ci və 2-ci siyahılaradaxil edilmiş mübahisəsiz qanun layihələri daxil edilir. Palatanın hər hansı bir üzvünün qanun layihəsini “razılıq siyahısı”na daxil etmək haqqında təklif vermək hüququ vardır və belə təklif müzakirəsiz qəbul olunur. Bu siyahıya daxil edilmiş layihələr hər ayın 1-ci və 3-cü bazar ertəsi günü müzakirəyə çıxarılır.

Komitələrin qanun layihələrinə baxmaqdan kənarlaşdırılması təklifləri siyahısı. Bu siyahıya daxiledilmə qaydası aşağıdakı kimidir. Hər bir konqresmen verilmiş qanun layihəsini 30 gündən artıq müddətə baxmamış daimi komitənin həmin layihəyə baxmaqdan kənarlaşdırılması haqqında palatanın klerkinə yazılı təklif verir və bu təklif hamının tanış ola biləcəyi yerdə qoyulur. Əgər konqresmenlərin yarıdan çoxu təklifi imzalayarsa, həmin təklif göstərilən siyahıya daxil edilir. Bu siyahıya daxil edilmiş təkliflərə hər ayın 2-ci və 4-cü çərşənbə axşamı günləri sadə prosedurla baxılır.

Senatda isə məsələlər cəmi 2 siyahıya daxil edilir: 1) qanun layihələri və qətnamə siyahısı (işçi siyahı) və 2) icra hakimiyyətinin Senatın təsdiqinə verdiyi məsələlər siyahısı. Məsələlər baxılması üçün xüsusi təqvim günləri nəzərdə tutulmur.



Müzakirələr və səsvermə
Nümayəndələr Palatasında hər konqresmen müzakirə olunan əsas məsələ barəsində 1 saatadək, düzəlişlər müzakirə olunarkən isə 5 dəqiqəyədək çıxış edə bilər. Çıxış edən konqresmen müzakirə olunan məsələdən kənara çıxa bilməz. Səsverməyə keçmək haqqında qərarın qəbul olunması ilə müzakirələr kəsilir.

Senatda müzakirələr qaydası bir qədər ferqlənir. Çıxış etmək istəyən senator ayağa qalxaraq sədrlik edənə müraciət etməlidir. Sədrlik edən müraciətlərin daxilolma ardıcıllığı ilə söz verir. Müzakirələrin dayandırılması haqqında Senatın xüsusi qərarı yoxdursa müzakirələrdə çıxış etmək vaxtı məhdudlaşdırılmır, yəni senator istədiyi qədər danışa bilər. Parlament etikası qaydalarını pozmayıbsa, senatorun sözünü kəsmək və onu çıxış hüququndan məhrum etmək olmaz. Senatoların yalnız müzakirə edilən məsələ barədə danışması tələbi də yoxdur. Bəzən senatorlar vaxtı uzatmaq üçün müzakirə edilən məsələdən asılı olmayaraq istənilən mövzuda danışır, Bibliyanı, qəzetləri, hətta telefon məlumat kitablarını oxuyur.

16 senatorun yazılı müraciəti olduqda müzakirələrin dayandırılmasl haqqında məsələ növbəti iş günündə diskussiyasız səsə qoyulur. Senatorların beşdə üç hissəsi (60 senator) lehinə səs verərsə müzakirələr üçün 30 saat vaxt ayrılır və bu vaxt çoxluq və azlıq partiyaları arasında bərabər bölünür. Bu halda hər bir senator 1 saatdan artıq çıxış edə bilməz. Lakin o, ayrılmlş vaxtı tamamilə və ya qismən başqa senatora verə bilər. Ayrılmış 30 saatlıq müzakirə müddəti başa çatdıqdan sonra müzakirələr başa çatmış hesab olunur və səsvermə keçirilir.

Konqresdə səsvermənin bir neçə növü məlumdur.

Şifahi səsvermə zamanı sədrlik edənin elan etməsindən sonra əvvəlcə lehinə, sonra isə əleyhinə olanlar yerdən qışqırmaqla səs verirlər. Sədrlik edən səs-küyün ucalığından asılı olaraq qərarın qəbul olunub-olunmadığını elan edir.

Ayağa qalxmaqla səsvermə zamanı sədrlik edən lehinə olanlardan ayağa qalxmağı və onların səsi sayılana qədər ayaq üstə qalmağı xahiş edir. Səsləri adətən klerk (katib) sayır. Sonra isə eyni qayda ilə əleyhinə olanlar sayılır.

Nümayəndələr Palatasının yetərsayının beşdə birinin (yəni 44 deputatın) tələbi ilə səs sayıcılarının köməyi ilə səsvermə keçirilir. Bu halda spiker hər 2 tərəfdən bir və ya bir neçə deputata səslərin sayılmasını həvalə edir və lehinə olanlardan səssayıcılara yaxınlaşaraq öz səslərini qeydə aldırmağı xahiş edir. Səsvermə qurtardıqdan sonra səssayıcılardan biri lehinə verilən səslərin miqdarını elan edir. Sonra isə əleyhinə olan səslər eyni qaydada sayılır. Spiker isə ümumi nəticəni elan edir.

44 konqresmenin tələbi ilə qeydə alınmaqla səsvermə keçirilə bilər. Bu zaman səsvermə ya elektron sistem vasitəsilə keçirilir, yaxud da spikerin tapşırığına əsasən klerk lehinə və əleyhinə olan konqresmenləri sayır.

Nümayəndələr Palatasının bütün tərkibinin beşdə birinin (87 konqresmenin) tələbi ilə adbaad çağırmaq vasitəsilə səsvermə keçirilə bilər. Bu halda klerk bütün konqresmenləri adbaad çağırır və onların hər biri çağırılan zaman məsələnin lehinə və ya əleyhinə olduğunu bildirir. Səslər yarı bölünmürsə spiker səsvermədə iştirak etmir.








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə