Reenkarnasiyanin mahiYYƏTİ




Yüklə 489.07 Kb.
səhifə3/4
tarix21.04.2016
ölçüsü489.07 Kb.
1   2   3   4

2 – Qur`ani Kərimdə reenkarnasiya
Günümüzdə də reenkarnasiyanı dəstəkləyən müsəlman alimləri vardır ki, onlar bə`zi Qur`an ayələrini bu iddianı dəstəkləyəcək şəkildə açılayırlar. Onlar iddia edirlər ki, axirət inancına xələl gətirməyəcək şəkildə reenkarnasiya prosesi labüddür. Bə`zi Qur`an ayələrindən də anlaşılacağı kimi, hər insan ən azı iki dəfə dünyaya gəlməlidir. Bunu iddia edənlərin başında Yaşar Nuri Öztürk gəlir. Şura surəsinin 30-cu ayəsini təfsir edərkən o, reenkarnasiya haqqındakı düşüncələrini bu şəkildə ortaya qoyur:

Əvvəlcə ayəni diqqətlə nəzərdən keçirək. Ayədə deyilir:


و ما اصابكم من مصيبة فبما كسبت ايديكم و يعفوا عن كثير

“Sizə üz verən hər hansı müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. O, onların çoxunu isə bağışlar”.

İnsanı narahat edən, onun rahatlığını əlindən alan və bədbəxtlik verən hər şey, Qur`anın açıq bəyanlarına görə insan əlinin məhsuludur. Belə olmasaydı Allaha zülm izafə edilmiş olardı. Allah isə zülmdən münəzzəhdir.

Burada ağla gələn ikinci sual budur: Heç bir pislik etməyən, hətta pislik etməyə imkan belə tapmayan, bir yığın dərd və bəlanın pəncəsində qıvranan insanların, məsələn uşaqların vəziyyətləri nə cür izah ediləcəkdir? Ayə ilə əlaqədar olaraq bu sual, qədimdən bəri həmişə verilmiş və gündəmə reenkarnasiya gəlmişdir. Təkrar bədənlənmə qəbul edildikdə sualın cavabı verilmiş olur. Amma çox heyif ki, təkrar bədənlənmə ağla hind düşüncəsindəki məhşər inancını qəbul etməyən tənasühü gətirdiyi üçün, İslam alimlərinin çoxu heç mübahisə etmədən “belə şey olmaz” demiş və reenkarnasiyanı ilk baxışdan rədd etmişlərdir. Halbuki, reenkarnasiya, tənasühdən fərqlənir və renkarnasiyanı qəbul, Qur`anın həşr inancına əsla əngəl deyildir. Başqa cür desək, reenkarnasiyanı qəbul edən bir insan avtomatik olaraq məhşər inancını rədd etmək kimi bir vəziyyətə əsla düşməz. Məhşər inancını qəbul edib etməmək ayrı bir söhbətdir. Reenkarnasiyanı heç qəbul etmədən məhşərə inanan yüz minlərcə insan vardır.

İşin məğzi budur: reenkarnasiyanın varlığı məhşər inancıyla təzad təşkil etməz. O inanc, bütün ehtişam və açıqlığıyla varlığını qoruyar və reenkarnasiya da işləyə bilər. Ona görə ki, məhşər bir bə`s, yə`ni qiyamətin qopuşundan sonra dirildilmə və hesaba çəkilmə prosesidir. İstisnasız bütün insanlar bə`s ediləcək və həyat macəralarının hesabını Haqqın hüzurunda verəcəklərdir. Və bu hesab vermə Allahın bizi o günün şərtlərinə görə bir bədənə qovuşdurmasıyla olacaqdır. Qur`anda bu xəlqi-cədid (yenidən yaradılma), ikinci inşa kimi deyimlərlə ifadə edilməkdədir. Yə`ni bə`sdəki dirilib bədənlənmə, məzarda çürüyüb dağılmış olan bədənə girmə deyildir. İş belə olunca bə`s anına qədər, yə`ni bərzəx (məhşərlə dünya arası dövr) boyunca bir ruhun bir neçə dəfə bədənlənməsinin nə bə`sə, nə həşrə, nə də hesaba çəkilməyə zidd olan bir tərəfindən söhbət belə gedə bilməz.32

Davam edərək Öztürkün Nəhl surəsinin 70-ci ayəsinin təfsirindən çıxartdığı nəticələrə göz ataq. Nəhl surəsinin 70-ci ayəsində deyilir:


والله خلقكم ثم يتوفيكم و منكم من يرد الى ارذل العمر لكيلا يعلم بعد علم شيئا ان الله عليم

قدير


“Allah sizi yaratmışdır, sonra isə O, sizi öldürəcəkdir. Sizlərdən eləsi var ki, ömrün xoşagəlməz elə çağına çatdırılacaq ki, bildiyi şeylərdən daha heç nəyi bilməsin. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir”.

Ən`ənəvi olaraq müfəssir və məalçılar bu və Həcc surəsinin 5-ci ayəsindəki “ərzəli`l-umr” (ömrün ən bayağı və alçaq nöqtəsi), ifadəsini qocalıq və huşsuzluq şəklində mə`nalandıraraq ayənin bütün məğzini yox etmişlərdir. Əvvəla ayədə “ərzəli`l-umr”a atılmaqdan və ya göndərilməkdən deyil, geri qaytarılmaqdan bəhs edilir. “Yurəddu” fe`li “göndərilmək”, “atılmaq” kimi pejorativ bir mə`na ifadə etmir. Bir geri qaytarılma, əvvələ çevrilmə ifadə edir. Buna görə “ərzəli`l-umr”, ömrün başlanğıcı, yə`ni təkamül prosesinin ən aşağı nöqtəsi demək olur.

İkincisi, insanın ahıl yaşlara qədər yaşadılması, əl-ayağının tutmaz, hafizəsinin lazım olduğu qədər işləməz hala gəlməsi insan üçün bir rəzillik və alçaqlıq niyə olmalıdı ki? İnsan, ömrünün o nöqtəsində fitrət qanunları baxımından ən sayğın və kamil dövründədir. Allah, qulunu özünə ən yaxın olduğu bir dövründə belə pis bir sifətlə çağırmaz.

Ən doğrusunu Allah bilər. Amma bizə görə bu ayədə, möcüzəvi bir üslubla yenidən bədənlənmə, yə`ni reenkarnasiya gündəmə gətirilməkdədir. Allah insanları yaradır və öldürür. Ölənlərdən bə`ziləri (hamı üçün qanun deyil) yenidən ömrünün başlanğıc nöqtəsinə qaytarılır və ilk həyatında əldə etdiyi bilgiləri xatırlamayacaq bir şəkildə yenidən bədənlənə bilər.33

Yuxarıda verdiyimiz bu ayələrdən başqa, ümumiyyətlə Qur`anın bir çox ayəsində reenkarnasiyaya işarələrin olduğunu iddia edənlər vardır. Məsələn, İxvanu`s-Səfa risalələrində Qur`anın Bəqərə surəsinin 28-ci, Nisa surəsinin 56-cı, Yunus surəsinin 31 – 34-cü, İnsan surəsinin 28-ci vә Əbəsə surəsinin 19 – 22-ci ayələri reenkarnasiya mə`nasını verəcək şəkildə təfsir edilmişdir. Ümumiyyətlə reenkarnasiya inancını ehtiva etdiyi söylənilən ayələr bunlardır:

Bəqərə 28, 56, 73, 243, 259, 260; Ali imran 27; Nisa 55-56; Ən`am 36; Yunus 31, 34; Nəhl 70; İsra 49-51; Məryəm 66-67, Taha 55, Mu`minun 99-100; Şura 30; Vaqiə 60-62; Tariq 8-9

Lakin bütün bunlarla yanaşı Bəqərə surəsinin 28-ci və Mö`min surəsinin 11-ci ayəsi daha çox bu mə`nada izah edilmiş, reenkarnasiyanı sübut etmək istəyənlər daha çox Qur`anın bu iki ayəsinə müraciət etmişlərdir. Ona görə biz də əvvəlcə bu iki ayəni ələ alıb incələyəcək, sonra isə digər ayələrə keçəcəyik. Bəqərə surəsinin 28-ci ayəsində deyilir:
كيف تكفرون بالله و كنتم امواتا فاحياكم ثم يميتكم ثم يحييكم ثم اليه ترجعون
“Axı necə olur ki, siz Allaha qarşı küfr edirsiniz? Siz ki, cansız olduğunuz halda O, sizə həyat verdi. Sonra sizi öldürüb yenə dirildəcək və sonra isə siz Ona qaytarılacaqsınız.”

Reenkarnasiyaya inananların ayədə diqqətini çəkən şey, çox güman ölüm və dirilmələrdir. Belə ki, ayədə iki ölüm və iki dirilmədən bəhs edilməkdədir. Demək olar ki, bütün müfəssirlər də Mömin surəsinin 11-ci ayəsində keçən “Bizi iki dəfə öldürdün və iki dəfə diriltdin” ifadəsiylə bu ayəni əlaqələndirmiş və ikisinin də eyni şeydən bəhs etdiyini söyləmişlərdir.34

Bu ayənin müxtəlif təfsir kitablarında müxtəlif təfsirlərinə rast gəlmək olar və yalnız son zamanların təfsirçiləri bu ayələrlə əlaqədar reenkarnasiya anlayışını gündəmə gətirərək xırdalamağa çalışıblar. Ümumiyyətlə isə, demək olar ki, məşhur təfsirçilərin hamısı belə bir inancın doğru olmadığı qənaətindədirlər və bu ayələri isə müxtəlif şəkillərdə izah etmişlərdir

İçərisində Türkiyə Diyanət Vəqfinin sədri Mehmet Nuri Yılmazın da olduğu bir çox müfəssirlərin görüşünə görə, bu ayədə sözü gedən iki ölüm və iki dirilmə ifadəsindəki ilk dirilmə, yaşadığımız dünya həyatıdır. Çünki xitab, bu həyatda yaşayanlaradır, “O sizə həyat verdi” buyurulmaqdadır. Bu diriltmədən sonra dilə gətirilən öldürmə, bu dünya həyatından köçümüz, yə`ni ölümümüzdür. Bu öldürmədən sonrakı dirilmə isə, qiyamətdəki dirilişdir. Çünki bu dirilmədən sonra Allaha qaytarılacağımız ifadə edilməkdədir. Qapalı qalan xüsus, ayənin baş tərəfində keçən “cansız, ölü olduğunuz halda” ifadəsidir. Ərəb dilində “mövt” (ölüm) kəliməsi, həyatın ziddi, antonimi mə`nasında işlədilir.35 Ondan əvvəl bir həyat müddətinin keçmiş olması və ya olmaması heç də vacib deyil. Hansı zaman dilimindən söhbət gedirsə, o zaman dilimində həyatda olmamaq “ölüm” ilə ifadə edilir. Dilçi müfəssirlərdən Zəməxşəri, haqqında danışdığımız “ölü idiniz” ifadəsinin, “hələ dünya həyatına gəlməmişdiniz” mə`nasında olduğunu söyləyərək, bunun dil baxımından da doğru bir ifadə olduğunu belə ortaya qoyur:

Əgər “Cansız varlıqlar heç bir canlılıq dövrü keçirmədikləri halda necə olur ki, onlar haqqında “ölülər” ifadəsi işlənmişdir. Halbuki bu ifadə ancaq həyat dövrü keçirmiş olanlar haqqında işlədilir” deyirsinizsə, deyərəm ki, əksinə bu ifadə, həyatda olmayan haqqında işlədilir. Belə ki, “bəldətun meyyitə” (ölü diyar)36, “və ayətun ləhumu`l-ardu`l-meytətu” (ölü torpaq onlar üçün bir ayətdir, dəlildir)37, bir də “əmvatun ğayru əhya” (onlar ölüdürlər, canlı deyildirlər)38 ayələrində “ölüm” ifadəsi bu mə`nada işlədilmişdir.39

Beləcə mə`lum olur ki, Qur`anda həyatda olmama, ölüm ilə ifadə edilməkdədir. Ölümün olduğu yerdə həyat, həyatın olduğu yerdə ölüm yoxdur. Ayədəki “siz ölülər idiniz” ifadəsini, “hələ dünya həyatına gəlməmişdiniz, həyat sahibi deyildiniz və ya torpaq, nütfə və s. maddələr halında idiniz və yaxud heç yoxdunuz” şəklində başa düşmək yerinə düşər. Bu ifadənin “həyatda olmayanlar” mə`nasında işlədildiyi aydındır. Ayənin “necə olur ki, siz Allaha qarşı küfr edirsiniz” sualıyla başlaması da bunu açıqca ortaya qoymaqdadır. Bu ayədə hər kəsin, heç çətinlik çəkmədən və çoxlu düşünməsinə ehtiyac da qalmadan rahatca “bəli, belədir” deyə biləcəyi bir şeydən bəhs edilməkdədir. Yox idiniz, dünya həyatına gəldiniz və öləcəksiniz. Bu, kimsənin inkar edə bilməyəcəyi bir həqiqətdir. Amma öldükdən sonra yenidən dirilmə mövzusu, hər kəsin bildiyi və ya hər kəsin müşahidə etdiyi bir məsələ deyildir. Elə buna görə də ayənin “ölüydünüz, dirildiniz və öləcəksiniz” hissəsi, “yenə dirildiləcəksiniz” hissəsinin bir dəlili olaraq zikr edilməkdədir. “Siz yox ikən sizi dirildən və diriltdikdən sonra sizi öldürən, təkrar diriltməyə də qadirdir” deyilməkdədir. Bu dünya həyatına gəlişimizdən əvvəlki vəziyyətimizin “ölü idiniz” sözləriylə ifadə edilmiş olması da bu səbəbdəndir. Yə`ni dünya həyatına gəlməzdən əvvəlki vəziyyətimiz “ölüm” ilə ifadə edilir və bu dünya həyatından köçümüz də “ölüm” sözüylə ifadə edilərək daha asan müqayisə etməyimiz təmin olunur: Ölü idiniz, dirildiniz. O halda bunu həyata keçirə bilən Allah, bu dünya həyatından köç etməklə ölümünüzdən sonra da sizi diriltməyə qadirdir.

Qur`an-i Kərim, hər vəsiləylə axirət inancını dilə gətirməkdə və Allahın buna gücü catacağını dəlilləriylə başa salmaqdadır. Dəlil olaraq da əsasən bu xüsuslar vurğulanmadadır:

a. Sizi yoxdan var edən Allah, axirətdə təkrar yaratmağa da qadirdir.

b. Yer üzündə bitkilər necə ki, quruduqdan (öldükdən) sonra cücərirsə (dirilirsə), sizlər də axirətdə yenidən dirildiləcəksiniz.

c. Öldürülən və ya ölən bə`zi kimsələrin – irəlidə buna dair misallara toxunacağıq – möcüzəvi bir şəkildə dirildilmələri. Bunlar ölümdən sonra dirilməyə; yə`ni axirətə dəlil olaraq zikr edilməkdədir. Ancaq bu da açıqdır ki, bu hadisələrdə dünya həyatında yenidən dirilənlər başqa bədənlərdə deyil, öz bədənləriylə dirilirlər.

Qur`anın endiyi zamanda müşriklərin – ki daha sonra gələnlər də belədir – qəbul etmədikləri xüsusların önündə axirət inancı gəlməkdədir.40 Qur`anın bə`zən açıq və bə`zən işarə yoluyla axirətin mümkünlüyünün dəlillərini zikr etməsi bu səbəblədir.

Ayədə bəhs edilənləri yığcam şəklə salsaq, vəziyyət belədir:

Ölü idiniz = Dünya həyatına gəlməzdən əvvəlki hal

Sizi diriltdi = Dünya həyatı

Sonra öldürəcək = Qəbir həyatı

Yenə dirildəcək = Axirət həyatı

Ayədə dünya həyatından əvvəlki halı “öldürülmə” sözüylə deyil, “ölü olma” sözüylə ifadə edilməsi də, bu dediyimizi dəstəkləməkdədir. Belə ki, dünya həyatından sonrakı ölüm, “öldürüləcək” kəliməsiylə ifadə edilmişdir.

Yox əgər, ayənin “ölü idiniz” ifadəsində keçən “ölüm” sözünü, bir dirilişdən sonrakı ölüm mə`nasında qəbul etsək, yenə də bu ayə reenkarnasiyaya inananların iddialarına dəlil ola bilməz. Çünki məsələ Qur`anın bütünlüyü içərisində ələ alınmalı və ölüm anlamında bir hadisənin keçmiş olub olmadığı yenə Qur`anın içərisində axtarılmalıdır. Belə ki, bu yaşadığımız həyatdan əvvəl bir dirilişimiz də olmuşdur.Bu hadisə, xalq arasında “qalu bəla” olaraq yayılmış hadisədir. Bu hadisədən bəhs edən ayədə eynilə belə buyurulmaqdadır:


و اذ اخذ ربك من بنى ادم من ظهورهم ذريتهم و اشهدهم على انفسهم الست بربكم قالوا بلى شهدنا ان تقولوا يوم القيمة انا كنا عن هذا غافلين
“O zaman sənin Rəbbin Adəm oğullarının belindən gələnlərin törəmələrini əmələ gətirdi və onların özlərini özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – demişdi. Onlar: “Bəli, biz şəhadət veririk.” – demişdilər. (Bu ona görə idi ki, ) siz qiyamət günü: “Bizim bundan xəbərimiz yox idi.” – deməyəsiniz.41

Yenə belə buyurulmaqdadır:


و لقد خلقكم ثم صورناكم ثم قلنا للملئكة اسجدوا لادم فسجدوا الا ابليس لم يكن من الساجدين

“Biz sizi xəlq etdik, sonra sizi bir şəklə saldıq, sonra isə mələklərə dedik: “Adəmə səcdə edin!” Onlar da səcdə etdilər, İblisdən başqa. O, səcdə edənlərdən olmadı.”42

Ayədə əvvəl yaradıldığımız, sonra bizə şəkil verildiyi və bunun arxasınca da mələklərin Hz. Adəmə səcdə etdiklərindən bəhs edilir.

Müfəssirlər, birinci ayədə deyilən söz vermənin nə zaman həyata keçdiyi barəsində çox müxtəlif görüşlər irəli sürsələr də, bunun çox keçmişdə, insanların bui dünya həyatına gəlməsindən əvvəl baş verdiyi ayənin ifadəsindən başa düşülməkdədir. Belə ki, ikinci ayə bunun, mələklərin Hz. Adəmə səcdə etmələrindən əvvəl olduğunu söyləməkdədir. Bundan başqa, bunu dəstəkləyən çoxlu rəvayətlər mövcuddur.43 O halda bu yaşadığımız həyatdan əvvəl dirilmiş və Allahın hüzurunda Onu Rəbb tanıdığımıza dair söz vermişik. Ondan sonra da ölmüş və daha əvvəl atamızın belindən alındığımız halda, yaşadığımız bu həyata anamızın rəhmindən alınaraq gəlirik. Buna görə “ölüm” ifadəsini dirilmədən sonra, bu dirilməyə son vermə mə`nasında başa düşsək də, anamızın rəhmindən bu yaşadığımız həyata gəlməzdən əvvəlki dövrümüzün “ölüm” sözüylə ifadə edilməsi, bir həqiqətin ifadəsidir.

Ələ aldığımız ayədən əvvəlki ayədə də bunu dəstəkləyən bir ifadə vardır. O ayədə belə deyiir:

الذين ينقضون عهد الله من بعد ميثاقه ...


“O kəslər ki, əhd-peyman etdikdən sonra Allahın əhdini pozarlar...”44

Belə ki, bə`zi müfəssirlər burada bəhs edilən əhdin, yəhudilərin Allaha verdikləri əhdlə birlikdə inananların Allaha verdikləri bütün əhdləri və həmçinin “qalu bəla” hadisəsində Allaha verilən əhdi əhatə etdiyini söyləyirlər.45

Alışa-alışa gəldiyimiz bu həyatımızı əhatə edən qanunları gözümüzün qabağına gətirərək daha əvvəl Allahın hüzuruna çıxışımızı izah etməkdə çətinlik çəkiriksə bilməliyik ki, bir iş Allaha nisbət edilirsə onun mümkün olub olmadığını müzakirə etməyimiz doğru deyildir. Çünki bu yaşadığımız həyatdakı qanunlar bizə aiddir, Allaha dəxli yoxdur. Bu qanunları qoyan odur və O, bu qanunlara tabe deyildir. Zaman, məkan və yaşadığımız həyata hakim olan səbəb-nəticə əlaqələri bizim etdiklərimiz haqqında keçərlidir. Bunların Allahla əlaqəsi yoxdur. O, bir şeyin olmasını istəyəndə o şeyə “ol” deyər və o şey dərhal olar.

Qısaca desək, ayədə reenkarnasiyaya aparan heç bir işarə yoxdur.

Mö`min surəsinin 11-ci ayəsində ise belə deyilir:
قالوا ربنا امتنا اثنتين و احييتنا اثنتين فاعترفنا بذنوبنا فهل الى خروج من سبيل
“Onlar deyərlər: “Rəbbimiz, Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz də öz günahlarımızı e`tiraf etdik. (İndi) bir çıxış yolu varmı?”

Müfəssirlər bu ayə ilə daha əvvəl ələ aldığımız Bəqərə surəsinin 28-ci ayəsi arasında bir əlaqənin olduğunu və iki ayənin də eyni şeydən bəhs etdiyini söyləyirlər.46 Çünki hər iki ayədə iki ölüm və iki həyatdan danışılmaqdadır.

Dünyaya ana rəhmi yoluyla gəlməzdən əvvəli birinci ölüm, bu dünya həyatına gəldikdən sonra ölməyimiz ikinci ölüm, Anadan olmağımız birinci həyat, öldükdən sonra həşr üçün dirilməyimiz də ikinci həyatdır.

Bəqəqə surəsindəki ayə ilə bu ayə arasındakı fərq, orada birinci ölümün “ölü idiniz” sözləriylə ifadə edildiyi halda burada birinci ölümün “öldürmə” sözüylə ifadə edilməsidir.

Bəqərə surəsindəki ayəni açıqlayarkən cansız şeylər haqqında da “ölüm” sözünün işləndiyini, bu sözün işlənməsi üçün mütləq bir həyat dövrünün keçməsinin vacib olmadığını görmüşdük. Görəsən, burada “öldürmə” sözünün işlənmiş olması yeni bir şey ortaya qoymur ki? Dilçi müfəssirlərdən Zəməxşəri bu məsələni ələ alaraq ərəb dilində belə ifadənin yeni bir şey ortaya çıxarmadığını söyləyərək bu dəlilləri zikr edir:

“Sübhanə mən sağğara cismə`l-bəudəti və kəbbərə cismə`l-fil” (Milçəyin boyunu balacalaşdıran və filin boyunu böyüdəni bütün nöqsanlardan tənzih edirəm) deyilir. Və yaxud da “Dayyəqa fəmə`r-raqiyyəti və vəssəa əsfələhə” (Səhəngin ağzını daraltmış və aşağı tərəfini genişləndirmişdir) deyilir. Bu cümlələrdə əvvəl milçəyin boyunu böyük yaradıb donra balacalaşdırmış və filin boyunu da əvvəl balaca yaradıb sonra böyütmüş mə`nası nəzərdə tutulmur. Və yaxud da səhəngi emal edənin əvvəl səhəngin ağzını böyük düzəldib sonra balacalaşdırdığını və aşağı hissəsini əvvəl dar düzəldib sonra genişlətdiyi nəzərdə tutulmur. Uca Allahın milçəyin boyunu kiçik, filin boyunu da böyük olaraq yaratdığı; səhəng düzəldənin də səhəngin ağzını dar, aşağı hissəsini də geniş olaraq e`mal etdiyi nəzərdə tutulmaqdadır.”47

Zəməxşəri, bu şəkildə işlətmənin mümkün olma səbəbini də belə izah etməkdədir:

“Uca Allahın, milçəyin boyunu böyük və filin boyunu da kiçik olaraq yaratması mümkün olan bir şeydir. Yaradıcı, iki mümkündən birini seçdiyinə görə “balacalaşdırdı” və “böyütdü” sözlərinin işlənməsi dil məntiqinə zidd deyildir. Səhəng düzəldən üçün də eyni şeyi söyləyə bilərik.”48

Yox əgər “öldürmə” ifadəsinin yalnız mütləq bir həyat dövrü keçirmiş olan haqqında işləndiyini söyləməli olsaq, yenə Qur`anın bütünlüyü içərisində məsələni dəyərləndirmək məcburiyyətindəyik və bu təqdirdə “Bəqərə surəsindəki ayəni incələyərkən haqqında danışdığımız “qalu bəla” hadisəsi buraya da aiddir” deyə bilərik. Çünki Qur`anda qapalı bir xüsus ilə qarşılaşdığımız zaman onu izah etmək üçün yenə Qur`anın özünə müraciət etməliyik. Qur`anda açıq bir şəkildə dilə gətirilməyən bir hadisə ilə onu izah edə bilmərik.

Ayədə güdülən məqsəd, dünyada ikən ölümdən sonra dirilməyi qəbul etməyən kafirlərin, axirətdə həqiqəti görəndə Allahın, dəfələrlə öldürüb diriltməyə qadir olduğunu e`tiraf etmələridir. “Sonra iki dəfə də daha göz gəzdir. Göz zəifləmiş və yorğun halda özünə tərəf dönər”49 ayəsində olduğu kimi, burada da təsniyənin, çoxluq üçün istifadə edilmiş olması mühtəməldir. Yə`ni, “Ya Rəbbi, e`tiraf etdik, sən bizi dəfələrlə öldürdün, diriltdin, sən öldürüb diriltməyə qadirsən” demək olur. Hətta bu sözdə kafirlərin çəkdikləri əzabdan çərləməkləri də sezilməkdədir. Yə`ni: “Ya Rəbbi, bizi bu əzab içində öldürdün, diriltdin, öldürdün, diriltdin. Nə yaşayırıq, nə də ölürük. Nə olar, bizi bu əzabdan xilas et!” deyirlər. “Sonra isə orada o nə öləcək, nə də diri qalacaqdır”50 ayəsi də belə bir mə`naya işarə etməkdədir.51

Burada izah edilməli olan bir başqa xüsus da var. Belə ki, Saffat surəsində “Görəsən bizim üçün bir də ölüm olmayacaq? İlk ölümdən savayı biz əzaba məruz qalmayacağıq?”52, Duxan surəsində də “Bizim bu (dünyadakı) ölümümüzdən başqası yoxdur və biz bir də dirilməyəcəyik”53 buyurulmaqdadır. Mə`nasını açmağa çalışdığımız bu surənin 11-ci ayəsində isə müşriklər, iki dəfə ölüb dirilmədən danışmaqdadırlar. Burada ayələr arasında ilk baxışda bir ziddiyyət var kimi düşünülə bilər. Amma əslində belə bir ziddiyyət yoxdur. 11-ci ayə, Allahın hökmü deyil, əzabdan çərləyən kafirlərin sözüdür. Məhz onlar, orada dünyaya gəlməzdən əvvəlki vəziyyətlərini ölüm kimi qəbul edərək iki dəfə ölüb dirildiklərini söyləyirlər. yə`ni biz ölü kimi idik, nütfə halında özümüzdən xəbərsiz idik. Ruh üfürərək bizi diriltdin. Ömrümüzü başa vurduqdan sonra ruhumuzu alaraq bizi öldürdün. Qiyamətdə yenidən ruhumuzu bədənlərə üfürərək bizi diriltdin, deyirlər. Ya da bu sözləriylə onlar, Allahın dəfələrlə öldürüb diriltməyə qadir olduğunu e`tiraf edirlər. “İki” sözü ilə əsl məqsədləri iki deyil, çoxluqdur. “Ya Rəbbi, Sən ölüləri dirildə bilirsən, indi buna tam şəkildə inandıq. Bizi bu atəşdən çıxart, dünyaya göndər ki, ağıllanaq, inanıb yaxşı əməllər işləyək” deyirlər. bu söz, eynilə onların “Rəbbimiz, bizi (buradan) çıxart. Biz tutmuş olduğumuz əməlləri yox, xeyir işləri görərik”54 demələri kimidir.

Saffat surəsinin 58-ci ayəsi isə cənnətdə həyatlarından məmnun olan mü`minlərin sözüdür. Cənnətdə ölüm yox, əbədi həyat vardır. Duhan surəsinin 35-ci ayəsi isə inanmayanların, dünyadakı inkarlarından bəhs etməkdədir.

Ümumiyyәtlә göründüyü kimi, bu ayәlәrdә bir çoxlarının iddia etdiyinә baxmayaraq nәinki reenkarnasiyadan söhbәt getmir, heç bu inanca kiçicik bir işarә dә vurulmur. Ayәnin insanlara çatdırmaq istәdiyi mesaj başqadır vә insanlar da ayәni bu şәkildә anlamalıdırlar. Belә ki, ayәdә dünya hәyatından әvvәlki durum “ölüm” ilә ifadә edilib, dünya hәyatından sonrakı durum da “ölüm” ilә ifadә edilәrәk insanın asan vә sadә bir müqayisә edib, ilahi hәqiqәtlәri qәbul etmәsi üçün bir şәrait yaradılır. Yә`ni ölülәr idiniz, hәyat sahibi oldunuz, bunu edәn Allah bu dünya hәyatından ayrıldıqdan sonra sizi tәkrar diriltmәyә, hәyat sahibi etmәyә güc vә qüdrәt sahibidir. İnsandan istәnilәn şey, bu hәqiqәti qәbul etmәsidir.

Bәqәrә surәsinin 28-ci vә Mö`mün surәsinin 11-ci ayәlәrinin izahını bu şәkildә verdikdәn sonra qısa şәkildә o biri ayәlәrә toxunaq.

Reenkarnasiyaya dәlil olaraq gәtirilmәk istәnәn növbәti ayә Bәqәrә surәsinin 56-cı ayәsidir:

ثم بعثناكم من بعد موتكم لعلكم تشكرون


“Öldükdәn sonra Biz sizi yenidәn diriltdik ki, bәlkә şükr edәsiniz.”

Bә`zi reenkarnasiya tәrәfdarları bu ayәnin yenidәn dünyaya gәlmәyә, yә`ni reenkarnasiyaya işarә etdiyini söylәyirlәr. Onlara görә Allah, bu ayәdә, öldükdәn sonra günahkar insanları yenidәn imtahan olunmaq üçün dünya hәyatına geri qaytarmasından söz açır.

Yәqin ki, ayәni bu şәkildә anlayanlar bu ayәnin әvvәlinә heç fikir vermirlәr. Ayәyә әvvәldәn nәzәr saldıqda burda söhbәtin tamamilә başqa şeydәn getdiyi ortaya çıxır. Ayәnin әvvәli belәdir:

“Onda Musa öz camaatına dedi: “Ey camaatım, siz buzovu (sәcdәgah) götürmәklә öz-özünüzә zülm etdiniz. Sizi Yaradana tövbә edib öz nәfsinizi öldürün! Bu, sizin üçün Yaradanınızın hüzurunda daha xeyirlidir.” Sonra da O, tövbәlәrinizi qәbul etdi. Axı O, bağışlayandır, rәhmlidir! Onda siz dediniz: “Ey Musa, biz Allahı açıq-aşkar görmәyincә, sәnә inanmarıq.” O an sizi gözünüz görә-görә ildırım vurdu. Öldükdәn sonra Biz sizi yenidәn diriltdik ki, bәlkә şükr edәsiniz.”55

Ayәni belәcә kompleks şәklindә әlә aldıqda tamamilә aydın şәkildә mә`lum olur ki, burada söhbәt reenkarnasiyadan deyil, Allahı görmәk istәyәn yәhudilәrә Allahın qәzәblәnmәsindәn gedir. Allah onları bu iddialarından vaz keçirtmәk üçün әvvәlcә onları ildırım vurmasıyla mәhv etmiş, sonra isә ibrәt alsınlar deyә yenidәn dünya hәyatına qaytarmışdır.

Daha əvvəl inanmaqları üçün onların ətrafındakı fiziki aləmdə bir neçə qeyri-adiliklərlə qarşılaşan bu qövm yenə tam inanmamış, bu dəfə qeyri-adilik şəxsən onların üzərində cərəyan etmişdir.

İçlərində peyğəmbər olan bir qövmün başına gələn qeyri-adi bir vəziyyəti ümumiləşdirmək üçün başqa bir dəlilə ehtiyac yoxdur. Belə ki, Hz. Musa onların arasında olduğu müddətcə daha bir neçə qeyri-adiliklərlə qarşılaşmışlardı. Hz. Musa onları Fir`onun zülmündən xilas etmiş, qaça bilmələri üçün onlara dəniz yarılmış və Fir`onla ordusu o dənizdə boğulmuş, buludla kölgələnmişlər, onlara göydən qüdrət halvası və bildirçin endirilmiş, amma yenə də başqa mö`cüzələr istəmişlərdir. İldırımla öldürülüb dirildilmələri də, inanmaqları üçün meydana gələn bu qeyri-adi mö`cüzələrdəndir. Bir mö`cüzəni ümumi bir qayda olaraq qəbul edib ruhların dəfələrlə bədənləndiyini söyləmək mümkün deyildir. Necə ki, Qırmızı dənizin yarılması, göydən qüdrət halvası ilə bildirçin endirilməsi v.s. kimi qeyri-adiliklər təkrarlanmırsa, bu dünya həyatında ölüb dirilmə də təkrarlanmır. Bundan başqa, bu hadisə Uca Allahın ölümdən sonra qiyamətdə insanları yenidən dirildə biləcəyinə aid bir dəlildir.

Burada diqqət etməli olduğumuz başqa bir xüsus, haqqında danışdığımız bu mö`cüzədə reenkarnasiya tərəfdarlarının iddia etdiyi kimi ruhlar başqa bədənlərə keçmiş deyillər. Öldürülüb dirildilən insanların ruhları ayrı bədənlərlə deyil, öz bədənləriylə birləşib dirilmişlərdir.

Bəlkə belə bir e`tiraz ola bilər: “Uca Allah, bə`zi qövmlərə bu qədər açıq mö`cüzələr göstərdiyi halda, digərlərinə niyə göstərmir? Bu bir ədalətsizlik deyilmi?”

Şübhəsiz ki, insan cəmiyyətlərinin müxtəlif dövr və şərtlərdəki anlama səviyyələri və qabiliyyətləri bir-birindən fərqlidir. Bu hadisənin şahidi olan cəmiyyət kölə bir cəmiyyət idi. Müstəqil yaşaya bilmə təcrübəsi yox idi. Əmr altında yaşamağa alışmışdılar. Əlbəttə ki, belə bir cəmiyyətin yetişdirilib kamilləşdirilməsi, öz-özünə yaşaya bilmə və müstəqil olaraq düşünə bilmə səviyyəsinə çata bilməsi asan olmayacaqdı.

Qur`ani Kərim, bu ayədə bəhs ediləndən başqa, həyatda ikən öldürülən və yenidən bu dünya həyatında dirildilən beş hadisədən bəhs etməkdədir. Reenkarnasiyaya inananlar bu ayələri də özlərinə dəlil olaraq zikr etməkdədirlər. bu səbəblə bu ayələrin hər birini irəlidə ayrı-ayrı ələ alacağıq.

Ancaq burada onu qeyd edək ki, bu ayələrin hamısında fövqəladə bir haldan söhbət gedir. Yə`ni bu hadisələr hamısı bir mö`cüzədir. İnanan və inanmayan hər kəsə ölümdən sonrakı həyatın həqiqiliyini göstərmək üçün baş vermişlərdir. Bu örnəklər, o dövrdəki insanlar üçün gözlə görülən konkret bir mö`cüzə olmuş və onları bu mö`cüzə ilə imana, xüsusilə axirətə iman etməyə də`vət etmişdir.56

Növbәti ayә isә yenә dә Bәqәrә surәsinin 73-cü ayәsidir:
فقلنا اضربوه ببعضها كذالك يحيي الله الموتى و يريكم اياته لعلكم تعقلون

Ayәnin mәalı belәdir:

“Biz dedik: “Onun (kәsilmiş inәyin) bir parçasıyla onu (ölünü) vurun.” Allah ölülәri belә dirildib sizә Öz ayәlәrini bildirir ki, bәlkә ağıllanasınız.”

Yenә dә ayәdә ölmüş bir insanın yenidәn dirilmәsindәn söhbәt getdiyi üçün bә`zilәrinin dәrhal diqqәtini çәkmiş, bunu da reenkarnasiya kimi izah etmәyә çalışmışlardır. Bundan başqa, ayәdәki “kәsilmiş inәyin parçası” ifadәsinin mәcaz, ölәn insanın dirilmәsinin isә ölәn insanın başqa bәdәndә yenidәn dünyaya gәlә bilәcәyinә işarә olduğunu iddia edirlәr. Ümumiyyәtlә ayәdә tamamilә başqa şeydәn söhbәt gedir. Bu ayәni әlaqәdar başqa ayәlәrlә әlә aldıqdan vә Tәsniyә 21: 1 – 9-da bәhs edilәn buna oxşar hadisәyә dә fikir verdikdәn sonra, nәzәrdә tutulan şeyi anlamamaq üçün әn azı kor olmaq lazımdır. Uca Allah burada inәk kәsmәnin hikmәtini Hz. Musanın qövmünә açıqlayır. Onlar öz aralarından birini öldürmüşdülәr. Heç kim bu cinayәti boynuna almır, hәrә bu günahı başqasının üstünә atırdı. Ortada isә heç bir şahid yox idi. Buna görә dә uca Allah hәqiqәti bilavasitә öldürülәn adamın dilindәn sәslәndirmәk istәdi. İnәyin kәsilmәsi isә bu adamın dirildilmәsi üçün bir vәsilә qılınmışdı. Kәsilәn inәyin bir parçası cәsәdә toxundurulan kimi hәmin adam dirildi. Belәcә yaranmış bu fürsәt, onu öldürәnin kim olduğunu xәbәr vermәyә vә qәtl hadisәsinin әtrafını bürüyәn şübhә buludlarını dağıdaraq hәqiqәti ortaya çıxartmağa imkan verdi.

Görәsәn Allah belә bir vәsilәyә niyә ehtiyac duymuşdur? Axı uca Allah vәsilәsiz dә ölülәri dirildә bilәrdi. Bundan başqa, kәsilmiş inәklә yenidәn dirildilәn ölü arasında nә әlaqә vardı?

Әslindә kәsilәn heyvanın vücudundan alınan parçada nә hәyat var, nә dә yenidәn diriltmә gücü. O sadәcә uca Allahın gücünü o adamlara göstәrәn zahiri bir vәsilәdәn ibarәtdir. O Allahın gücü ki, insanlar onun nә cür işlәdiyi haqqında heç bir tәsәvvürә malik deyildirlәr. Onlar bu gücün tә`sirlәrini vә nәticәlәrini görürlәr, amma nә mahiyyәtini, nә dә nә cür ışlәdiyini qavraya bilmirlәr. Allah sadәcә bu vәsilәnin peyğәmbәri tәrәfindәn olmasını istәmiş ola bilәr ki, bu da onun peyğәmbәrliyinә bir növ sübut kimi idi.

“Allah ölülәri belә dirildir” ifadәsindә isә, burada gördüyümüz, amma mahiyyәtini bilmәdiyimiz bu diriltmәdә olduğu kimi uca Allahın qiyamәt günü heç bir çәtinlik çәkmәdәn bütün ölülәri dirildәcәyi izhar olunur.57

Әsasәn tәfsir kitablarında inәk qurban edilmәsi әmrinin sәbәbinin bu öldürmә hadisәsi olduğu göstәrilmiş vә bunun üçün dә qatil әhvalatının gecikmә sәbәbi haqqında münaqişәlәr edilmişdir. Lakin ayәdә, qәtlin әmrdәn әvvәl baş verdiyinә vә әmrin yalnız qәtl sәbәbi ilә olduğuna dәlalәt edәn heç bir işarә tapılmamışdır. Әlaqәdar rәvayәtlәr dә Qur`anın zahiri mә`nasını o yöndә tә`vil etdirәcәk gücә malik deyildir. Buna görә dә Әbu Hәyyanın israrla iddia etdiyi kimi, qәtl hadisәsinin qurban әmrindәn әvvәl meydana gәlmiş olduğuna hökm etmәk, Qur`anın zahiri mә`nasıyla tәzad tәşkil edәr.58

Qur`anın tәrtib sırasıyla gәlsәk, reenkarnasiya kimi izah edilәn növbәti ayә yenә Bәqәrә surәsinin 243-cü ayәsidir:
الم تر الى الذين خرجوا من ديارهم و هم الوف حذر الموت فقال لهم الله موتوا ثم احياهم ان الله لذو فضل على الناس و لكن اكثر الناس لا يشكرون
Ayәnin mәalı isә belәdir:

“Məgər sən minlərlə adamın ölüm qorxusundan öz diyarını tərk etdiklərini görmədinmi? Allah onlara “Ölün!” – dedi. Sonra isə onları diriltdi. Həqiqətən Allah insanlar üçün lütf sahibidir, lakin insanların çoxu naşükürdür.”

Yəqin ki, reenkarnasiya tərəfdarlarının o biri ayələrdəki iddiaları ilə tanış olduqdan sonra, bu ayəni də onların nə cür anlayacağı heç kim üçün sirr deyil. Onlara görə ayədə adı çəkilməyən həmin qövmün Allah tərəfindən öldürülüb yenidən dirildilməsi, reenkarnasiyanı dəstəkləyir mahiyyətdədir. İlk baxışda bəlkə də onlara haqq qazandırmaq olar. Amma ayənin izahına mö`təbər təfsirlərin işığında baxsaq, ayənin hədəfinin tamamilə başqa şey olduğunu görərik. Ona görə də burada Seyyid Qutubun “Fi Zilali`l – Qur`an” adlı təfsirindən Bəqərə surəsinin 243-cü ayəsinin təfsirini olduğu kimi sizlərə çatdırırıq:

Burada minlərlə adamın ölüm qorxusundan öz diyarını tərk etdiklərindən bəhs edilir ki, həmin adamlar haqqında müxtəlif izahlar və spekulyasiyalar dalğasında batıb qalmaq istəmirım. Bunlar kimlər idi? Onların diyarları hara idi? Diyarlarından nə zaman qaçmışdılar? Bütün bunların məsələyə heç bir dəxli yoxdur. Əgər Uca Allah istəsəydi Qur`anda təfərrüatı ilə bəhs edilən bə`zi qissələrdə olduğu kimi bu adamlar haqqında da bizə dəqiq məlumat verərdi. Amma bu hekayədə baş verən hadisələr və bu hadisələrin təsadüf etdiyi zaman və məkan konkretləşdirilməmişdir. Çünki bu ayədə güdülən məqsəd bir ibrət dərsi və insanların alacağı öyüd-nəsihətdir. Bu hekayədəki hadisələrin yerini və zamanını müəyyənləşdirmək, onun ibrət dərsi olma xüsusiyyətinə və ana fikrinə heç bir şey əlavə etmir.

Bu hekayəni nəql etmənin məqsədi ölüm və həyat həqiqətinin zahiri səbəbləri ilə gizli əsl mahiyyətləri haqqında düşünməyi təmin edərək bu iki mövzunu hər şeyi əvvəldən planlayan ulu qüdrətə həvalə etməyi mənimsətmək, Allahın bu mövzulardakı təqdirinə ürək rahatlığı ilə razı olaraq, ağlayıb sızlamadan, panikaya düşüb fəryad etmədən, öhdəlikləri və vəzifələri yerin yetirməyi qəbul etdirməkdir. Çünki nə təqdir edilibsə, mütləq olacaqdır. Ölüm də, həyat da axır nəhayətdə Allahın əlindədir. Bu hekayə vasitəsi ilə insanlara çatdırılmaq istənilən budur: Ölümdən qaçmağın heç bir faydası yoxdur. Panikaya düşüb fəryad etmək nə həyata bir şey əlavə edər, nə ölüm anını gecikdirər, nə də ilahi təqdirin önünə keçə bilər. Həyatı verən də, alan da yalnız Allahdır. O, iki halda da, yə`ni həyatı verəndə də, alanda da lütf və kərəm sahibidir. Almanın da, vermənin də arxasında böyük bir ilahi hikmət vardır. Hər iki prosesdə də insanların mənfəətləri vardır.

Ayədə bəhs edildiyi kimi, minlərlə adamın bir yerə yığılması və ölüm qorxusu ilə diyarlarından qaçması ancaq panika halında ola bilər. Bu qaçış, istər qəsbkar bir düşmənin, istərsə də vəba xəstəliyi kimi infeksion bir xəstəliyin qorxusu ilə olsun. Bütün bunlar onları ölümdən xilas edə bilmədi. Allah onlara “Ölün!” dedi. Allah onlara bu sözü nə cür dedi? Hansı şəkildə öldülər? Bunların heç biri haqqında təfərrüatlı məlumat verilmir. Çünki bunlar ibrət dərsinə dəxli olmayan şeylərdir. Burada ibrət alınacaq nöqtə isə odur ki, panikaya qapılmaq, ağlayıb sızlamaq və nəhayət qorxaraq qaçmaq onların aqibətəni dəyişdirmədi, ölməklərinə əngəl ola bilmədi. Halbuki əgər Allaha yönələrək bu işi səbrlə, səbatla və soyuqqanlılıqla qarşılasaydılar, onlar üçün daha yaxşı olardı.

Sonra isə onları diriltdi. Bu necə oldu? Görəsən onları dirildib yeni bir bədənlə yenidən həyata qaytardı? Bu suallar haqqında da geniş məlumat verilmir. Bu suallara mütləq cavab verək deyə mə`nasız izahlara əl atmağımızın, bə`zi təfsir kitablarında rast gəlindiyi kimi, boş-boş nağılların əhatəsində özümüzü itirməyin heç bir mə`nası yoxdur. Bu cümlənin ürəklərə təqdim etdiyi mesaj budur: Onların vurnuxmaları, çırpınmaları nə cür onlardan ölümü uzaqlaşdıra bilməmişdisə, Allah onları, heç bir fəaliyyətləri olmadan həyata qaytarmışdır. Panika, ilahi təqdiri geri qaytara bilməz. Ağlayıb sızlamaq, fəryad qopartmaq həyatı qoruya bilməz. Həyat Allahın əlindədir. Onu yaşayanların heç bir rə`yi olmadan, onlara qarşılıqsız bir hədiyyə olaraq təqdim edir.59

Beləliklə məlum olur ki, bu ayədə reenkarnasiyadan söhbət də getmir. Ayənin gəlişi, müharibə hekayəsinə daha münasib gəlsə də, ayədə ölüm qorxusu mütləq olduğu üçün istər taun və vəba, istər müharibə, istərsə də hər hansı başqa bir səbəblə olsun, ölüm qorxusuyla Allahın hökmündən qaçmaq istəyənlərin hamısını əhatə etməkdədir. Ölüm qorxusuyla vətənlərini müdafiə və Allahın əmrini yerinə yetirməkdən boyun qaçıraraq, dəstə dəstə öz yurdlarını tərk edən minlərlə qövmlərin, çox keçməmiş məhv olduqları, insanlarının pərən pərən düşdükləri haqqında insanlıq tarixi örnəklərlə doludur.60

Bu qədər izahla kifayətlənərək iddiaya alət edilən növbəti ayəyə keçək. Növbəti ayə sırası ilə Bəqərə surəsinin 259-cu və 160-cı ayələridir. Hər biri ayrı-ayrı ölüm hadisələrini dilə gətirdiyi üçün biz bunları ayrı-ayrılıqda ələ alacağıq.

İlk olaraq Bəqərə surəsinin 259-cu ayəsinə nəzər salaq. Ayədə belə deyilir:


او كالذي مر على قرية و هى خاوية على عروشها قال انى يحيى هذه الله بعد موتها فاماته الله مائة عام ثم بعثه قال كم لبثت قال لبثت يوما او بعض يوم قال بل لبثت مائة عام فانظر الى طعامك و شرابك لم يتسنه وانظر الى حمارك و لنجعلك اية للناس وانظر الى العظام كيف ننشزها ثم نكسوها لحما فلما تبين له قال اعلم ان الله على كل شىء قدير

Ayənin məalı belədir:

“Yaxud damları çökmüş bir kənddən keçən kəsi (görmədinmi)? O dedi: “Bunu (kəndi) ölümündən sonra Allah necə dirildə bilər?” Allah həmin kəsi yüz illiyə öldürdü, sonra isə onu dirildərək dedi: “Nə qədər yatılı qaldın?” O dedi: “Bir gün və ya bir gündən də az qaldım.” Allah isə dedi: “Xeyr, sən yüz il qaldın. Öz yeməyinə, içməyinə diqqət yetir, heç xarab olmayıbdır. Ulağına da bax, - bu, ona görədir ki, Biz səni insanlar üçün bir dəlil edək! – sümüklərə bax; gör Biz onları necə dikəldib üstlərini ətlə örtürük.” Ona aydın olduqdan sonra dedi: “Artıq mən bilirəm ki, Allah hər şeyə qadirdir!”

Nə qədər qəribə olsa da, reenkarnasiya tərəfdarları bu ayədə də reenkarnasiyaya işarələr olduğunu deyir və ona görə də bu ayəni tamamilə başqa cür başa düşürlər. Bütün bunlar isə ayələrin əsl mə`nasının sıravi insanlar tərəfindən başa düşülməməsindən irəli gəlir. Başa düşülməyən belə ayələr isə müxtəlif cür tə`villərə məruz qalır. Bütün bunlardan yeganə çıxış yolu isə belə ayələri oxuyarkən onlarla bərabər məşhur müfəssirlərin etdiyi təfsirləri də oxumaqdır. Bu ayə də bir qədər mübhəm ayədir, amma bir çox müfəssirlər bunu çox gözəl izah etmişlər.

Bu adamın kim olduğu və şəhərin hansı şəhər olduğu haqqında (bir çoxlarının o adamın Üzeyr və ya Yeremya, o yerin isə Qüds olduğunu söyləməsinə baxmayaraq) fikirlər yürütməyə ehtiyac yoxdur. Çünki bunu etmək təkcə mə`nasız deyil, eyni zamanda bu qeyri-mümkündür. Bunlar nə Qur`anda, nə də səhih hədislərdə yer almamışdır. Biz də başqa nüfuzlu qaynaqlara sahib deyilik. Bundan başqa, bunu öyrənməyimiz bu əhvalatın burada başa salmaq istədiyi şeyi daha yaxşı başa düşməyimiz üçün biliyimizə bir şey əlavə etməyəcəkdir.61 Əgər ayənin hikmətinin gerçəkləşməsi bu sualların cavablarına bağlı olsaydı, Qur`an bunları mütləq təfərrüatıyla bizə çatdırardı.62

Ayə insanların müxtəlif şəkillərdə dəfələrlə dünyaya gəlməsindən deyil, ayədə təsvir edilən adamın istəyi ilə ölüləri nə cür diriltdiyini əyani şəkildə göstərməsindən bəhs edir. Ayə qarşımıza çox tə`sirli bir tablo qoyur. Ölüm, çürüntü və xarabalıq tablosu. Bu tablo əvvəlcə “Damları çökmüş” ifadəsi ilə canlılıq qazanır. İkinci olaraq isə kənddən keçən adamın “Bunu Allah ölümündən sonra nə cür dirildə bilər?” şəklindəki sözləriylə dilə gələn duyğuları bu canlılığı daha da dolğunlaşdırır.

Bu sözləri işlədən adam əslində Allahın varlığına inanan bir insandır. Amma qarşısında duran çürüntü, xarabalıq tablosu, bu tablonun zehnində qoyduğu iz, onu şoka salır, bu hissin tə`siri ilə gördüyü bu çürümüş və dağıntılardan ibarət qalmış xarabalığın nə cür yenidən dirildiləcəyini soruşur:

“Bunu (kəndi) ölümündən sonra Allah necə dirildə bilər?”

Bundan sonra Allah o adamı öldürür və yüz il ölü vəziyyətdə saxladıqdan sonra yenidən dirildir. Allah, həmin adama bu yenidən diriltmə prosesinin necə olduğunu sözlə başa salmır, bunun əvəzinə bu prosesi əyani olaraq göstərir. Çünki insanın hissləri və təsərrüatları bə`zən o qədər sarsıdıcı, o qədər dərin olur ki, bunları nə əqli dəlil, nə vicdanın bilavasitə məntiqi olan intuisiya, nə də hər kəsin gördüyü ümumi reallıq qane etmir. Qane olmaları üçün mütləq vasitəsiz, şəxsi təcrübə lazımdır. Ancaq belə bir şəxsi təcrübənin nəticələri şüur sahəsini doldura və sözə ehtiyac qalmadan qəlbi razı sala bilər.63

Beləcə Allah həmin adamı öldürüb yenidən dirildir. Amma bu diriltmə, reenkarnasiya tərəfdarlarının iddia etdiyi kimi başqa bir bədəndə deyil, öz bədəni ilə diriltmədir. Bunu ayənin davamı isbat edir:

“Sonra isə onu dirildərək dedi: “Nə qədər yatılı qaldın?” o dedi: “Bir gün və ya bir gündən də az qaldım.”

Bu isə reenkarnasiya anlayışı ilə tamamilə ziddiyyət təşkil edir. Çünki, əgər həmin adam yenidən bədənlənərək başqa bədənlə dünyaya gəlsəydi, reenkarnasiya inancına görə öz yaddaşını itirməli idi. Belə olduğu halda isə, o, əvvəlki hadisələri, həmçinin xaraba qalmış kənd əhvalatını yaddan çıxardardı. Bəs onda Allah həmin adama ölüləri nə cür diriltdiyini əyani şəkildə necə göstərəcəkdi?

Bundan başqa ayədə keçən “Sümüklərə bax; gör Biz onları necə dikəldib üstlərini ətlə örtürük” ifadəsindəki sümükləri həmin adamın sümükləri kimi başa düşsək, bu da diriltilən adamın həmin adamın özü olduğu fikrinə gətirib çıxardar. Amma, bu ifadədəki sümüklərin həmin adamın eşşəyi haqqında olduğu görüşü daha məşhurdur.64

İndi isə o biri ayəyə, yə`ni Bəqərə surəsinin 260-cı ayəsinə keçək. Həmin ayədə belə deyilir:


و اذ قال ابراهيم رب ارنى كيف تحيى الموتى قال اولم تومن قال بلى و لكن ليطمئن قلبى قال فخذ ار بعة من الطير فصرهن اليك ثم اجعل على كل جبل منهن جزءا ثم ادعهن ياتينك سعيا و اعلم ان الله عزيز حكيم
Bu ayənin məalı bu şəkildədir:

“O zaman İbrahim dedi: “Ey Rəbbim! Ölüləri necə diriltdiyini mənə də göstər. “ O: “Məgər sən inanmırsan?” – dedi. İbrahim isə: “Bəli (inanıram), ancaq ürəyim rahat olsun deyə (soruşdum)”. Allah buyurdu: “Dörd quş götür və onları parçala. Sonra hər dağ başına bir parçasını qoy. Sonra isə onları çağır; onlar tez sənin yanına gələcəklər. Bil ki, Allah həqiqətən qüvvət və hikmət sahibidir.”

Təəccüblü olsa da, bu ayə reenkarnasiyaya dəlil gətirilmişdir. Yəqin buna səbəb, ayədə keçən “Ey Rəbbim! Ölüləri necə diriltdiyini mənə də göstər” ifadəsi olmuşdur. Ona görə də qısa şəkildə ayədə nədən danışıldığına və ümumiyyətlə ayənin məğzinin nə olduğuna toxunaraq keçək.

Burada Allahın yaratma sənətinin iç üzünü yaxından görməyə istiqamətlənmiş bir arzu qarşısındayıq. Bu arzu yumşaq xasiyyətli, mö`min, Allah qarşısında çəkingən, ibadətə özünü vermiş, Allahın yaxını və dostu Hz. İbrahimdən gəlir. Hz. İbrahimin dilə gətirdiyi bu arzu, Allahın yaratma sənətinin əsrarını görmə gözləyişinə və həsrətinə aid olaraq Allahın qabaqda gedən qullarının belə qəlblərində nə cür çırpıntılar meydana gəldiyini ortaya qoyur. Bu arzunun, imanın varlığı, sarsılmazlığı, möhkəmliyi ilə əlaqəsi yoxdur. İman üçün dəlil və ya gücləndirici axtarışından da söhbət getmir. Bu arzu başqa bir şey, ayrı bir həzz daşıyır. Be fe`li təcrübənin insan ruhuna verdiyi həzz, görmədən inanmanın meydana gətirdiyi həzzdən ayrıdır.65 Hz. İbrahim Allahın ölüləri dirildəcəyinə və buna qadir oduğuna inanırdı. Lakin bunu əyani olaraq görmık istədi ki, qəlbi rahatlansın. Uca Allah Hz. İbrahimin qəlbindən gələn bu həsrəti və intizarı müsbət qarşılayaraq ona, bu mövzuda bilavasitə, fərdi bir təcrübə etmək imkanı təqdim etdi. Hz. İbrahimə dörd quş seçməsini, bunları qabağına qoyub yaxşıca gözdən keçirməsini, sonradan rahat tanıyabilməsi üçün nişanlarını və əlamətlərini yaxşı-yaxşı yadda saxlamasını, sonra onları kəsib, bədənlərini parçalamasını və parçaların hər birini ətrafdakı dağların üstünə atmasını, bir müddət sonra da bu quşları çağırmasını əmr edir. Bu çağırışla quşların parçalanıb dörd bir yana səpələnmiş orqanları bir yerə yığılacaq, yenidən bədənlərinə can veriləcək və qaça-qaça Hz. İbrahimin üstünə gələcəklərdi. Əlbəttə ki, belə də oldu.66

Hz. İbrahim, bu ilahi sirrin öz gozləri qarşısında meydana gəldiyini gördü. Bu sirr, hər zaman meydana gələn bir şeydir. Sadəcə, insanlar onun gerçəkləşdikdən sonrakı nişanələrini, nəticələrini görə bilirlər. Bu sirr, can vermə, həyat bağışlama sirridir. O həyat ki, birinci dəfə heç yox ikən meydana gəldi və hər yeni canlı ilə birlikdə meydana gəlişi təkrarlanmaqdadır. Hz. İbrahim, bax həmin bu sirrin öz gözləri qarşısında meydana gəlişini gördü. Canları çıxmış, parçalanmış orqanları bir-birindən aralı atılmış quşların bədənlərinə yenidən həyat təqdim edilir və qaça-qaça yanına gəlirlər.

Bəs bu necə baş verir? Bu, qavranması insanın şüurunu aşan bir sirrdir. Bu sirr, sırf Allaha aid, Ona xas olan bir şeydir. Yaratdıqlarının ağlı bunu qavraya bilməz.67

Gördüyümüz kimi, bu ayədə təsvir edilən şey, nəticə e`tibarilə Allah ilə sevgili peyğəmbəri arasında olan səmimi münasibət, bu münasibətdən yaranan və Allahın qiyamətdə ölüləri necə dirildəcəyinin bu dünyada bir nümunəsinə yönəldilmiş saf bir istək və Allahın bu istəyi qəbul edərək ona bir nümunə göstərməsidir. Beləcə aydın olur ki, o biri ayələr kimi, bu ayədə də reenkarnasiyaya yer yoxdur.

Növbəti izah edəcəyimiz ayə isə Ali-İmran surəsinin 27-ci ayəsidir. Həmin ayədə belə deyilir:


تولج اليل في النهار و تولج النهار في اليل و تخرج الحى من الميت و تخرج الميت من الحى و ترزق من تشاء بغير حساب
Ayənin məalı isə aşağıdakı kimidir:

“Sən gecəni gündüzə, gündüzü gecəyə qatırsan. Sən cansızdan canlı, canlıdan cansız çıxarırsan. Sən istədiyin kəsə saysız-hesabsız ruzi verirsın.”

Əlbəttə ki, bu ayədəki cansızdan canlı çıxartmaq söhbəti reenkarnasiya tətəfdarlarının diqqətini dərhal çəkmişdir. Bu nə qədər absurd olsa da buna toxunmağı da özümüzə borc bilirik. Baxaq görək, əslində ayə bizə nə demək istəyir.

İstər mövsümlərin dəyişməsi əsnasında gecədən gündüzə, gündüzdən gecəyə dəyişmə şəklində, istərsə də səhər-axşam vaxtlarında qaranlığın və aydınlığın hərəkətiylə bir-birinin yerini tutması şəklində başa düşülən birinci hissə bizim mövzumuzun xaricindədir. Ona görə də ayənin sahəmizə aid olan ikinci hissəsinin izahı üstündə duraq.

Həyat və ölüm də gecə və gündüz kimi bir-birinin yerini dəyişməkdədir. Yavaş-yavaş, pillə-pillə biri digərinə keçməkdədir. Canlılar üzərindən keçən hər saniyədə, həyatın yanıyla ölüm də hərəkətdədir. Ölüm, ondan bir tərəfi yonur, həyat isə onda yenidən bir diriliş gerçəkləşdirir. Canlıların bir qrup canlı hüceyrələri ölüb gedir, onların yerini yeni hüceyrələr alır və fəaliyyətə keçir. Onda ölüb gedən, başqa bir dövrə ilə yenidən həyata qayıdır. Onda diri olaraq meydana gələn, başqa bir dövrədə ölümə məhkum olur. Bu, təkcə bir canlı orqanizmdəki hərəkətdir. Sonra çərçivə genişlənməyə başlayır və bu səfər canlı orqanizm bütöv şəkildə ölümə məhkum olur. Sonra onun hüceyrələri, başqa bir birləşmədə yer alan atomlara çevrilib canlı bir bədənə girir və orada həyata qovuşur.68

Bu, bütün kainatın və hər canlının xarakterində mövcud olan bir hərəkətdir. Gizli, əngin, şirin və dəhşətverici bir hərəkət. Qur`anın bu qısa işarəsi, o böyük hərəkəti insanın qəlbinə və bəşəriyyətin ağlına göstərməkdədir. Hər şeyə gücü çatan, onları yoxdan yaradan, onlara mərhəmət edən və işlərini proqramlayan Allahın əliylə toxunan hərəkət. Necə olur ki, insanlar işlərini mərhəmətlə proqramlayan Allahdan ayrı bir proqram yaratmağa çalışırlar? Hakim və Xabir olan Allahın nizama saldığı bu kainatın bi parçası olduqları halda, necə our ki, özlərinə ürəklərinin istədiyi qayda-qanunlar seçə bilirlər? Ən dəhşətlisi isə Allahın kəlamına qarışaraq, Kainatın gözəl nizam-intizamı haqqında göndərdiyi ayəni Reenkarnasiya kimi boş-boş şeylərlə izah edirlər?

Növbədə gələn ayə isə Nisa surəsinin çox məşhur olan 56-cı ayəsidir. Ayədə belə deyilir:
ان الذين كفروا باياتنا سوف نصليهم نارا كلما نضجت جلودهم بدلناهم جلودا غيرها ليذوقوا العذاب ان الله كان عزيزا حكيما
Bu ayənin məalı aşağıdakı kimidir:

“Şübhəsiz ki, ayələrimizi inkar edənləri Biz cəhənnəm odunda yandıracağıq. Hər dəfə onların dəriləri bişdikcə, əzabı təkrar dadsınlar deyə, başqa dəri ilə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrət və hikmət sahibidir.”

Bir çox reenkarnasiya tərəfdarları, habelə İhvanu`s-Səfa, bu ayəni, insan ruhlarının öz bədənlərindən ayrıldıqdan sonra başqa bədənlərə girib dünyaya gəlmələrinə bir işarə hesab etmişlərdir. Onların düşüncəsinə görə, bu dünya ruhun cəhənnəmidir. Bədən içində kamilləşə bilməyən ruh, əzab çəkmək üçün başqa bədənlərə girib yenidən bir cəhənnəm olan bu dünya həyatına qayıdacaqdır.69 Onlara görə, cənnət cismani bir şey olmayan ruhlar aləmidir. Qiyamət qalxmaq deməkdir. Ruh, nə zaman həbs olunduğu bu cisimdən xilas olub qalxarsa, bax o zaman qiyamət qopmuş, yə`ni qalxmış olar. Çünki ruh, bədən içində olduğu müddətdə qalxa bilmir. Ruhlar aləmi əbədi dirilik və ruhani ləzzət aləmi olan cənnətdir. Cəhənnəm isə Qəmər (ay) fələyi altında mövcud olan, dəyişmə, istihalə və bəlada daim olan bu kövnü-fəsad (mövcud olma – yox olma) aləmi, yə`ni cəsədlər dünyasından ibarət olan bu dünyadır. Bunun sakinləri, izah etdiyimiz bu ayədə ifadı edildiyi kimi əzab içərisindədir.70

Bu fikirlərin nə qədər absurd olduğunu söyləməyə yəqin ki, ehtiyac yoxdur. Çünki bu ayənin təfsir kitablarında kifayət qədər gözəl izahları verilmişdir. Bu ayədə bitmək bilməyən bir səhnə qarşısındayıq. Dayanmadan təzələnən bir səhnə. Bu qorxulu və dəhşətli səhnə, xəyalda canlanır və yox olmur. Ayədə bu mənzərə tək bir dənə ifadə ilə, “kulləma” kəliməsi ilə canlandırılır. Bu mənzərəyə qorxuncluq və şiddət qazandıran ifadə “dəriləri bişdikcə” yan cümləsidir. Bu, kafirlərin cəzasıdır. Bütün iman etmə səbəbləri varkən bilə-bilə seçilən kafirliyin cəzası.

Qaldı ki, kafirlərə layiq olan bu cəza, reenkarnasiya tərəfdarlarının iddia etdiyi kimi, bu dünyada deyil, axirət həyatındadır. Çünki növbəti ayədə diqqətimizə bu səhnənin hər baxımdan əksi, qarşılığı olan cənnət həyatı təqdim edilir. 57-ci ayədə belə deyilir:

“İman gətirib əməlisaleh olanları isə dibindən çaylar axan cənnət bağlarına salacağıq, onlar orada əbədi qalasıdırlar. Onlar üçün orada pak zövcələr vardır. Onları sərinlik verən bir kölgəyə daxil edəcəyik.”

Beləcə mə`lum olur ki, burada söhbət axirət həyatından, cəhənnəm əzabından və cənnət nemətlərindən gedir. Cəhənnəm də, cənnət də o biri dünyadadır.

Qısaca olaraq başqa bir şeyə də toxunmaq pis olmaz. Reenkarnasiya tərəfdarları bu ayəni izah edərkən, ayədəki “dəri” ifadəsini bədən kimi yozurlar ki, əsas problem də buradan qaynaqlanmaqdadır. Əslində isə ayədə başa düşdüyümüz normal dəridən bəhs edilir. Yanmış dərinin yenisi ilə əvəz edilməsinin hikməti isə tibb elminin inkişafı etməsi ilə ortaya çıxmışdır. Belə ki, indi-indi alimlərə mə`lum olmuşdur ki, insanın ağrı hisslərini beyinə çatdıran sinir ucluqları dərinin altında yerləşir. İnsanın əlinin kəsilməsini, dərinin yanmasını bu ucluqlar beyinə çatdırırlar ki, insan bundan sonra ağrını hiss etməyə başlayır. Həqiqətən də dərisi yanıb qurtarmış insanın sinir sistemi də məhv olduğu üçün artıq heç bir ağrı hiss etməz ki, bu da həmin insana artıq əzab verilməyini qeyri-mümkün edər. Beləcə mə`lum olur ki, bu ayə insanlara cəhənnəm əzabının real olduğunu çatdırmaqla bərabər, tibb elminin indi-indi ortaya çıxartdığı şeyi on dörd əsr əvvəl önümüzə sərməkdədir.

İzahını verməyə çalışdığımız növbəti ayə isə Ən`am surəsinin 36-cı ayəsidir. Ayədə belə deyilir:
انما يستجيب الذين يسمعون و الموتى يبعسهم الله ثم اليه يرجعون
Ayənin məalı belədir:

“Həqiqətən, ancaq eşidənlər cavab verər. Ölüləri isə Allah dirildər, sonra da onlar Ona qaytarılarlar.”

Əlbəttə ki, burada da “Ölüləri isə Allah dirildər” ifadəsi reenkarnasiya tərəfdarlarının diqqətini dərhal cəlb etmiş və ayə bə`zi kitablarda reenkarnasiya mə`nasını verəcək şəkildə təfsir edilmişdir. Amma əslində, diqqətlə fikir versək görərik ki, Allah ayədə məcazdan istifadə etmiş, sevgili peyğəmbəri vasitəsilə göndərdiyi gerçəkliklərə muxatab olan insanları iki növə, iki ana qrupa ayırmışdır. Bu qruplardan birincisini dirilər təşkil edir. Bunların fitri qavrama cihazları canlıdır, işlək vəziyyətdədir və xarici tə`sirlərə açıqdır. Belələri doğru yola də`vətə müsbət cavab verərlər. Onsuz da bu doğru yola də`vət, fitrət tərəfindən eşidiləcək və müsbət münasibət görəcək şəkildə güclü, açıq-aydın, fitrətə uyğun və münasibdir.

Bu də`vətə muxatab olan insanların o biri qrupu isə ölülərdir. Onların fitri mexanizmləri sıradan çıxmış vəziyyətdədir, eşitmir və hiss etmirlər. Buna görə də də`vətdən tə`sirlənib ona cavab verə bilməzlər. Bu qrupu qane etməyən şey, qarşılarına çıxan o gerçəkliklərin dəlil çatışmamazlığı deyil. Həqiqətin dəlili özündədir. Bu qrupda çatışmayan şey, fitrətin canlılığı və oradakı qavrama cihazının işləkliyi, aldığı xəbərdarlıqlara reaksiya göstərə bilmə qabiliyyətidir. Peyğəmbərlər, bu cür insanlar qarşısında heç bir şey edə bilməzlər. Onlara dəlil göstərmək də mə`nasız və yersiz bir şeydir. Onların işi Allaha qalmışdır. Əgər istəsə onları dirildər – ki, bunun üçün bir iş görərək dirildilmələrinə nail olmalı, dirilməyə layiq olduqlarını Uca Allaha göstərmələri lazımdır. İstərsə də, bu dünya həyatı boyunca onları diriltməz, Axirətdə Onun hüzuruna çıxacaqları günə qədər ölmüşlüklərini, cansızlıqlarını davam etdirər.71

Bax, ayədə bəhs edilən şey, doğru yol də`vətinə müsbət cavab verib verməmənin hekayəsidir. Bu hekayə, vəziyyəti bütün təfərrüatı ilə bəyan edir, peyğəmbərlərin vəzifəsini və davranış tərzini müəyyənləşdirir və işi bütünlüklə məsələnin əsl sahibinə, Onun istəyiylə verəcəyi hökmə həvalə edir. Ayədə keçən “ölülərin dirildilməsi” ifadəsi isə, ölən insanın ruhunun Allah tərəfindən yeni bir bədənə salınaraq dünyaya gəlməsini deyil, Allahın istədiyi insanların ürəyinə ilahi nurunu yerləşdirərək məcazi şəkildə dirildilməsini ifadə edir. Mövdudiyə görə də, “eşidənlər”, vicdanları oyaq olanlar, xeyirlə şər arasında əqli mühakimə etməyə çalışanlar, qəsdən və inadla ürəklərinin qapılarını qıfıllamayanlar; “ölülər” isə, kor-koranə bir yolla gedən, onu tərk edərək açıq-aşkar Doğru Yola düşməyə hazır olmayanlardır.72

İndi isə keçək növbəti ayəyə. Reenkarnasiya şəklində izah edilən növbəti ayə Yunus surəsinin 31-ci ayəsidir. Əvvəlcə ayəni olduğu kimi nəzərdən keçirək. Ayədə belə deyilir:

قل من يرزقكم من السماء و الارض امن يملك السمع و الابصار و من يخرج الحى من الميت و يخرج الميت من الحى و من يدبر الامر فسيقولون الله فقل افلا تتقون
Ayənin məalı aşağıdakı kimidir:

“De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Yaxud eşitmə və görməni verən kimdir? Cansıza can verən və canlını cansız edən kimdir? Bütün işləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs onda siz qorxmursunuz?”

Daha əvvəl buna oxşar ayələrdə də keçən “canlıya can vermək və canlını cansız etmək” və ya “canlıdan cansız, cansızdan da canlı çıxartmaq” kimi ifadələr Qur`anın bir çox yerində keçməkdədir. Reenkarnasiya tərəfdarları bütün bu ayələri bir yerə yığıb, reenkarnasiya mə`nasını verəcək şəkildə tə`vil etmiş, sonra da Qur`ani Kərimdə reenkarnasiya inancının olduğunu iddia etmişlər. Belə ayələrdə əslində nəyin nəzərdə tutulduğuna baxaq.

Ətrafımıza yaxşıca nəzər salsaq görərik ki, Allah dayanmadan canlıdan cansız, cansızdan da canlı çıxardır. Dünən ortada yox ikən bu gün bir canlı, bir ot, bir heyvan, bir insan meydana gəlir və bir sıra cansız maddələrdən çıxıb gəlir və sonra yenə ölür. Qeyri-üzvi (inorqanik) maddələr üzviləşir, orqanik maddə halına çevrilir; nütfədən canlı olur, qandan nütfə olur, sonradan da canlı maddələr canlılıq xüsusiyyətini itirib ölür ki, təbiət aspektindən baxdıqda, bunlar müxtəlif və zidd xarakterli maddələrdir. Bunların bir-birinə çevrilməsi və seleksiya deyilən prosesə mə`ruz qalması, əslində təbiətin əsas qanunu olan eynilik və yeknəsəkliklə təzad təşkil edir. Qısaca desək, bunlar təbiətə zidd proseslərdir. Belə olan halda, bunları çıxardan, həyat və ölüm kimi təbiətləri və xarakterləri, bir-birinə zidd iki hadisəni bir-birinə çevirib səbəbi nəticə, nəticəni də səbəb edən kimdir?

Obyektiv düşünə bilən bir insan bu suala mütləq “Allah” cavabını verməlidir.73 Ayədə də bundan bəhs edilir.

Növbəti ayə isə, yenə də Yunus surəsinin 34-cü ayəsidir. Baxaq görək bu ayədə nə deyilir:


قل هل من شركائكم من يبدؤا الخلق ثم يعيده قل الله يبدؤا الخلق ثم يعيده فانى تؤفكون
Ayənin məalı bu şəkildədir:

“De: “Sizin şərik qoşduqlarınızdan eləsi varmı ki, (yoxdan) xəlq etməyə başlasın, sonra bunu təkrar etsin (ölümündən sonra diriltsin)” De: “Allah ilk dəfə (yoxdan) xəlq edir, sonra bunu təkrar edir (ölümündən sonra dirildir). Onda bəs nə üçün siz (haqdan) yan keçirsiniz?”

Burada əsas problem ayədə keçən "يعيده" kəliməsindən çıxmaqdadır. Müfəssirlərin çoxu bunu insanların ölümündən sonra Axirətdə haqq-hesab üçün dirildilməsi kimi başa düşdüyü halda, bə`zi insanlar bunu, ölmüş insanın yaşamaq üçün yenidən həyata göndərilməsi kimi başa düşürlər. Beləcə, reenkarnasiya tərəfdarları bu ayədən də, öz inanclarını sübuta yetirmək üçün alət kimi istifadə edirlər. Biz isə klassik təfsirlərin işığında bu ayənin mahiyyətinin nə olduğunu qavramağa çalışaq.

Yaratmaq, yoxu var etmək deməkdir. Sadəcə e`tibari varlıqları, nisbətləri və izafətləri ortaya qoymaq deyildir. Xüsusilə yaradılmış mə`nasına gələn və “xəlq” adı verilməyə daha çox layiq olan göy cisimlərini və digər varlıqları özünəməxsus miqdar, kəmiyyət və xüsusiyyətlərdə və fərqliliklərdə təqdir edib yaratmaq deməkdir.74 75 Özünü tanıyan hər bir kəs, özünün bir müddət əvvəl yox ikən sonradan yaradılmış olduğunu bilir. O dövrdə peyğəmbərə qarşı gələnlər də, Allahın başlanğıcda hər şeyi yaratdığını qəbul edirlərdi. Yalnız onları yenidən yaradacağını, ölümdən sonra dirilməyi, qəbirlərdən qalxmağı, hesaba çəkilməyi və əməllərinə görə cəzalandırılmağı qəbul etmirdilər. Bir şey var ki, yaradan və idarə edən Allahın hikməti, sırf başlanğıcda hər şeyi yaratması ilə, sonra özlərinə hədəf göstərilən kamilliyə çatmadan, yaxşılıqlarının və özlərinə göstərilən yol ilə getmələrinin mükafatını almadan, pisliklərinin və doğru yoldan azmalarının cəzasını çəkmədən bu yer üzündəki insanların həyatının sona çatması ilə gerçəkləşə bilməz və anlaşılmaz qalardı. Hikmətə nəzarət edən və hər şeyi ən gözəl şəkildə nizamlayan, idarə edən bir yaradıcı üçün belə bir həyat axını əksik olardı. Ona yaraşmazdı. Yaradıcı olan Allahın hikməti, nizamı və idarəsi, ədaləti və rəhməti baxımından axirət həyatı, heç şübhəsiz inanc sisteminin qaçılmaz şərtlərindən biriydi. Onlar Allahın yaradıcı olduğuna inandıqları, ölüdən dirini çıxardığını qəbul etdikləri üçün, bu həqiqəti onlara bildirmək lazım idi. Onsuz da, axirət həyatı, onların qəbul etdikləri ölüdən diri çıxartmağa çox bənzəyirdi.76

Onu da qeyd etmək lazımdır ki, buradakı və bundan sonrakı ayələrdəki müqabil cavablar, əvvəlki ayələrdəki müqabil cavabların əksinə, peyğəmbərin ağzından verilməkdədir. Çünki müşriklər yaradılışın Allah tərəfindən başladıldığına və ilahilərinin buna heç bir dəxli olmadığına inanır və buna görə də inkar edə bilmirdilər. Onların qəbul etmədikləri şey, yenidən yaradılış, yə`ni axirətdə ölülərin dirildilməsi idi. Çünki ölümdən sonrakı həyatı başqa cür rədd edə bilməzdilər. Halbuki, yaradılışı başladan Allahın onu təkrarlaya biləcəyi gerçəkliyi açıq-aydın ortada idi və yaradılışı başlada bilməyənlər onu təkrarlaya da bilməzdilər. Bax elə Hz. Peyğəmbərin (s. a.) ağzından Allahın yaradılışı başlatdığı və təkrarlaya biləcəyi şəklində açıq-aydın və meydan oxuyan bir cavabın verilmısinin səbəbi budur.77

Bu məsələ onlara şirk prinsipinin nə qədər anlamsız olduğunu göstərmək üçün qoyulmuşdur. Dəlil budur: “Allah başlatdı və yenidən başlatmağa da qadirdir. Deyin görək, sizin şərik qoşduğunuz ilahilər arasında bunu edə bilən varmı? Bir az düşünsəniz başa düşəcəksiniz ki, sitayiş etdiyiniz və tə`zim göstərdiyiniz ilahilər üçün hər hansı bir iddia etməyə heç bir açıq qapı yoxdur.”78

Beləliklə, ayənin bir çoxlarının düşündüyündən fərqli olaraq, əslində müşriklərin iddiasını məhv etmək üçün dəlil olduğu göz qarşısındadır.

Növbədə gələn ayə isə Nəhl surəsinin 70-ci ayəsidir. Əvvəlcə ayənin məzmununa nəzər salaq:


والله خلقكم ثم يتوفيكم و منكم من يرد الى ارذل العمر لكيلا يعلم بعد علم شيئا ان الله عليم قدير
Bu ayənin müxtəlif kitablarda müxtəlif tərcümələrinə rast gəlmək olar ki, əsas problem də buradan qaynaqlanmaqdadır. Biz burada M. Qənioğlu və T. Bilaloğlunun tərcüməsindən istifadə edəcəyik. Orada bu ayənin məalı aşağıdakı şəkildə verilməkdədir:

“Allah sizi yaratmışdır, sonra isə O, sizi öldürəcəkdir. Sizlərdən eləsi var ki, ömrün xoşagəlməz elə çağına çatdırılacaq ki, bildiyi şeylərdən daha heç nəyi bilməsin (huşsuzluğa düçar olsun). Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir”79

Bir az əvvəl bəhs etdiyimiz kimi, Yaşar Nuri Öztürk müəllim bu ayədə reenkarnasiyadan söhbət getdiyini söyləmişdi. Belə ki, onun iddiasına görə, " ارذل العمر"kəliməsinə “qocalıq, yaşlılıq” mə`nasını vermək olmaz. Çünki Allah, qoca və yaşlı adamın rəzil, alçaq bir ömr yaşadığını söyləməz. İkincisi isə, ayədə həyatın rəzil vaxtlarına atılmaq yox, qaytarılmaq deyilir. Elə isə həmin vaxt, qocalıq deyil, körpəlik vaxtıdır. Ayə bizə onu çatdırmaq istəyir ki, Allah, bə`zi ölmüş insanları yaşamaq üçün yenidən dünyaya qaytara bilir. Bu isə özü-özlüyündə reenkarnasiyanın mövcudluğunun açıq-aydın nişanəsidir.80

Ayədə bəhs edilən, insan oğlunun daha əvvəl bir şey bildiyi halda, heç bir şey bilməz hala gəlməsidir. Yə`ni ayədə vurğulanan əvvələ qaytarılma, hər sahədə deyil, şüur sahəsiylə əlaqədardır. Belə vəziyyətə düşən adam, uşaqlıq dövrünə düşmüş kimidir. Bu vəziyyət “ərzəli`l umr” olaraq ifadə edilməkdədir. Diqqət etsək görərik ki, ayədə insanın özü “ərzəl” adlandırılmır, yaşın o dövrü belə adlandırılır. Möhtərəm Öztürk bu bənzətməni yaşlı üçün münasib görmürsə, mə`sum uşaq və ya uşaqlıq dövrü üçün necə münasib görə bilir? “Allah, qulunu özünə ən yaxın olduğu bir dövründə belə pis bir sifətlə çağırmaz” deyir. Hansı yaşlı – yaşı nə qədər olursa olsun – mə`sum bir uşaqdan Allaha daha yaxın ola bilər? Əgər Allaha daha yaxın olmaqla, ölümə yaxınlaşmış olduğunu nəzərdə tutursa, ölümü yaxınlaşmış olmaq bir kamillik deyildir.

Qaldı ki, “yurəddu” fe`linə gəlincə isə, bu kəlimənin həqiqətən də atılmaq mə`nası vardır. Bunun həm klassik ərəb ədəbiyyatında, həm də Qur`an-i Kərimin özündə nümunəsi vardır. Belə ki Qur`anın Bəqərə surəsinin 85-ci ayəsində belə buyrulur:
ويوم القيامة يردون الى اشد العذاب

“Qiyamət günü onlar ən ağır əzaba mə`ruz qalacaqlar.” Gördüyümüz kimi burada heç bir qaytarılmaqdan söhbət getmir. Görəsən bəs, “yurəddu” fe`lini yalnız qaytarılmaq kimi başa düşən Öztürk müəllim bu ayəni nə cür tərcümə edərdi?

Ayənin məzmunu göz qarşısındadır. Bir nöqtə, müşriklərə və kafirlərə, insanı yer üzündəki digər məxluqlardan üstün edən Allah tərəfindən verildiyini bildirmək üçün vurğulanmışdır: Bir zamanlar elmə sahib olan insanın qocaldığı vaxt bir ət yığını kimi qaldığını görürsünüz. Bir zamanlar başqalarına elm öyrədən bu adam bütün hisslərini itirir və elə bir vəziyyətə düşür ki, hətta özünə də baxa bilmir.81

Bu mövzu hər kəsi və hər canlını yaxından maraqlandırmaqdadır. Həyat sevimlidir. Həyat haqqında düşünmək daş ürəkləri belə müəyyən qədər yumşaldır, Allahın əlini, nemətini, qüdrətini daha çox həssaslıqla hiss etməsini təmin edir. Həyatı itirməkdən qorxmaqla, həyatı verənə qarşı təqva, çəkinmə və sığınma hissləri insanın vicdanını hərəkətə gətirə bilər. İnsanın qocalıb qarıması, əvvəldən bildiklərini yaddan çıxartması, acizlik, huşsuzluq və düşgünlük baxımından yenidən uşaqlaşması mənzərəsi, insanı həyatın enişi-yoxuşu haqqında fikirləşməyə sövq edə bilər. İnsanın təkəbbürlük etməsinin, gücü, biliyi və imkanları ilə üstünlük iddiasında olmasının qarşısını ala bilər.82

Nəticə olaraq ayə, bir vaqiəni dilə gətirməkdədir. İnsan, bir şey bilməz olaraq dünyaya gəlir, böyüyərkən bir şey öyrənir və çox uzun müddət yaşamalı olursa, bu bildiklərini yavaş-yavaş unudur, getdikcə mühakiməsi zəifləyir, hətta ən yaxınlarını, uşaqlarını, həyat yoldaşını tanımaz hala düşür. Uşaqlığından da çətin bir vəziyyətə düşür. Çünki, adətən uşağın bir baxanı, qoruyanı, onu öz canından daha çox sevən anası, atası vardır. Amma o yaşa qədər yaşlanan kimsənin demək olar ki, baxıcısı, ən azı ana şəfqətiylə qucaqlayanı yoxdur. Ayədə söylənilən budur. Təkrar qeyd edək ki, Allah, yaşlanmış insanı deyil, həyatın o dövrünü “ərzəl” olaraq adlandırmaqdadır. Dilçi müxəssir Zəməxşərinin də qeyd etdiyi kimi “ərzəli`l umr” yaşlılıq və huşsuzluq halıdır. Ayədə də qeyd olunduğu kimi, bu yaşa gələnlər, uzun bir təcrübə və praktikaya sahib olduqları halda bu təcrübələrini unudur, şüur və mühakimə yönündən uşaqlaşır, bir şey bilməz, mühakimə etməz bir vəziyyətə düşürlər.

Aşağıda incələyəcəyimiz ayə, “ərzəli`l umr”un, yaşlılıq halı olduğunu açıqca ortaya qoymaqdadır:


يا ايها الناس ان كنتم فى ريب من البعث فانها خلقناكم من تراب ثم من علقة ثم من مضغة مخلقة و غير مخلقة لنبين لكم و نقر فى الارحام ما نشاء الى اجل مسمى ثم نخرجكم طفلا ثم لتبلغوا اشدكم و منكم من يتوفى و منكم من يرد الى ارذلالعمر لكيلا يعلم من بعد علم شيئا و ترى الارض هامدة فاذا انزلنا عليها الماء اهتزت و ربت و انبتت من كل زوج بهيج
“Ey insanlar! Əgər sizin dirilmə barəsində şəkk-şübhəniz varsa (yadınıza salın ki,) axı Biz sizi torpaqdan, sonra bir nütfədən, sonra döllənmiş toxumdan, sonra isə bir şəklə salınmış ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. İstədiyimizi bətnlərdə müəyyən bir müddətə qədər saxlayır, sonra isə körpə uşaq şəklində sizi çıxarırıq ki, bundan sonra siz hədd-buluğa çatasınız. Sizlərdən eləsi var ki, vəfat edir, eləsi də var ki, ömrün ən rəzil çağına qaytarılır ki, daha onda bildiklərindən sonra heç bir şey bilməsin. Sən torpağı cansız görürsən. Biz ona su endirdikdə o, cana gəlir, qabarır və hər cür gözəl cütlər (cürbəcür bitkilər) bitirir.”83

Möhtərəm Öztürk müəllimi, yəqin ki yenə ayədə keçən “ərzəli`l umr” ifadəsi çaşdırıbdır. Halbuki, bu ayədə həmin ifadənin reenkarnasiyaya dəlalət etmədiyi çox açıq şəkildə görünməkdədir. Çünki “ərzəli`l umr”a qaytarılanların, erkən yaşda öldürülməyənlər olduqları ayədən açıqca başa düşülmükdədir. Bu ayə, yuxarıda incələdiyimiz ayənin bir izahı mahiyyətindədir.

Bildiyimiz kimi, reenkarnasiyaya inananlar, ruhun təkamül etməsi üçün yenidən bədənləndiyini irəli sürürldülər. Yaxşı əgər, insan ikinci gəlişində heç bir şey bilməz olaraq gəlirsə, bu ikinci gəlişinin birinci gəlişdən nə fərqi var ki? Bizim bildiyimiz təkamül, daha əvvəl əldə edilmiş olan bilik və təcrübələrə yenilərini əlavə etmək surətiylə həyata keçir. Əks halda, təkamüldən söhbət belə gedə bilməz. Hətta əvvəlki həyatındakı təcrübəsindən bixəbər olan insan, ikinci gəlişində birincisindən daha faydasız bir həyat da yaşaya bilər.

Növbəti ayəmiz isə İsra surəsinin 49 – 51-ci ayələridir. Əvvəlcə həmin ayələrdə nədən bəhs edildiyinə fikir verək. Ayədə deyilir:


و قالوا ء اذا كنا عظاما و رفاتا ء انا لمبعوثون خلقا جديدا (49) قل كونوا حجارة او حديدا (50) او خلقا مما يكبر في صدوركم فسيقولون من يعيدنا قل الذي فطركم اول مرة فسينغضون اليك رؤسهم و يقولون متى هو قل عسى ان يكون قريبا (51)
Bu ayələrin məalı belədir:

“Onlar deyərlər: “Əgər biz sür-sümüyə və çürüntüyə çevriləriksə, bizi bir məxluq kimi yenidən diriltməkmi olar?”

“De : “İstər lap daş olun, ya dəmir”

“Ya da özünüzü ürəyinizdə nəhəng bir məxluq hesab edin!” Onlar deyərlər: “Axı kim bizi bir də (həyata) qaytaracaq?” De: “Sizi ilk dəfə yaradan.” Onlar istehza ilə başlarını yellədərək: “bəs bu nə vaxt olacaq?” – deyə soracaqlar. De: “Bəlkə də lap bu yaxınlarda oldu.”

Reenkarnasiya tərəfdarları iddia edirlər ki, bu ayədə bir qrup reenkarnasiyaya inanmayanlardan söhbət gedir. Belə ki, guya həmin insanlar belə bir şeyin mümkün olmayacağını demişlər. Allah da peyğəmbəri vasitəsilə onlara cavab vermişdir ki, insanı ilk dəfə yaradan onu ikinci dəfə də yarada bilər. Ümumiyyətlə hiss olunur ki, Qur`anda dəfələrlə təkrarlanan Qiyamət və diriliş haqqındakı ayələr reenkarnasiya tərəfdarlarının diqqətini çəkmiş və bu ayələri həmişə reenkarnasiya kimi başa düşmüşlər.

Beləcə mə`lum olur ki, reenkarnasiyaya inananların iddia etdiklərinin əksinə, burada bəhs edilən ikinci yaradılışın axirətdə olacağı ayədən açıqca başa düşülməkdədir. Onlar, çürümüş sümüklərə ehtiyac qalmayacağı, çünki ruhun başqa bir bədəndə bədənlənəcəyini iddia edirdilər. Bu isə bu ayənin arxasınca gələn ayədə açıqlığa qovuşmaqdadır. Sonrakı ayədə belə buyurulmaqdadır:


يوم يدعوكم فتستجيبون بحمده و تظنون ان لبثتم الا قليلا
“O günü O, sizi çağıracaq, siz də Ona həmd edərək cavab verəcəksiniz və (təəssüflə) elə zənn edəcəksiniz ki, siz (dünyada) ancaq az bir vaxt qalmısınız.”

Burada, bu ikinci dirilişin başqa bədənlərdə deyil, əvvəlki bədənlərlə olacağından danışılır. Çünki inanmayanlar, sümüklərinin çürüyüb toz olmasından sonra bu sümüklərin bir yerə yığılıb dirildilmələrini ağıllarına sığışdıra bilmirlər. Cavab olaraq da sümükləri nə qədər çürüyüb, nə qədər toz olursa olsun Allahın onları diriltməyə qadir olduğu söylənilir. Buradan da aydın olur ki, ikinci diriltmə, başqa bir bədənlə deyil, ilk bədən ilə olacaqdır. O halda bu ayədə də reenkarnasiyaya heç bir işarə yoxdur.

Növbəti ayəmiz isə Məryəm surəsinin 66 – 67-ci ayələridir. Həmin ayələrdə belə deyilir:

و يقول الانسان ء اذا ما مت لسوف اخرج حيا (66) اولا يذكر الانسان انا خلقناه من قبل و لم يك شيئا (67)

İnsan deyir: “Məgər mən öldükdən sonra (qəbirdən) diri çıxarılacağam?”

“Məgər insan əvvəllər heç bir şey olmadığı halda Bizim onu xəlq etdiymizi xatırlamır?”

Bə`ziləri tərəfindən reenkarnasiyaya dəlil olaraq gətirilən bu ayədə, səhnənin pərdəsi “insan”ın yenidən diriliş haqqında söylədiyi sözlərlə açılır. Çünki bu sözlər, müxtəlif əsrlərdə yaşamış müxtəlif insan qrupları tərəfindən söylənmiş sözlərdir. Buna görə də sanki bu sözlər, “insan oğlu”nun hər dövrdə təkrarlanan şübhəsini və e`tirazını ümumiləşdirir. Bu e`tiraz, insanın ilk yaradılışından xəbərsiz olmasından qaynaqlanır. İlk yaradılışından əvvəl harada idi? Necə bir şey idi? O heç bir şey olmadığı halda var olmuşdu. Əgər insan düşünsə yenidən dirilmək, ilk dəfə yaradılmaqdan daha ağlabatan bir prosesdir.84 Ayədə ölümdən sonrakı diriliş dedikdə, axirət həyatının nəzərdə tutulduğu bundan sonra gələn ayədən də başa düşülməkdədir.Həmin ayədə belə buyrulur:
فوربك لنهشرنهم و الشياطين ثم لنهضرنهم حول جهنم جثيا
“Sənin Rəbbinə and olsun ki, Biz onları və şeytanları bir yerə toplayacağıq. Sonra isə Biz onları cəhənnəmin ətrafında diz üstə hazır durmuş edəcəyik.”

Qaldı ki, ayədə çıxarılmaqdan söhbət getməkdədir. Çıxarılma ilə, qəbirdə torpaq altında qalmış bədənlərin çıxarılması nəzərdə tutulmaqdadır. Çünki, ruh üçün belə bir sözün işlədilməsi mə`nasız olar.

Növbəti təhlil edəcəyimiz ayə isə Taha surəsinin 55-ci ayəsidir. Həmin ayədə belə deyilir:
منها خلقناكم و فيها نعيدكم و منها نخرجكم تارة اخرى
“Biz sizi ondan (torpaqdan) xəlq etdik. Sizi oraya da qaytaracağıq və sizi bir də oradan yenidən çıxaracağıq.”

Bu ayədə də dilə gətirilən ikinci dəfə yerdən çıxış, qəbirlərdən çıxarılmadır. Çünki ayədə, “sizi bir də oradan çıxaracağıq” deyilməkdədir. Belə olan halda həmin çıxarılma, qəbirlərdən çıxarılıb dirildilmə prosesidir və bu xüsus məhşərdə olacaqdır, bu, ruhun ikinci dəfə dünyada bədənlənməsi deyildir. Onsuz da, yerdən çıxarılan, insanın çürümüş olan bədənidir. Əgər söhbət burada insan ruhunun başqa bir bədənlənməsindən gedirsə, ayədə niyə bədənin torpaqdan təkrar çıxardılmasından bəhs edilir?

Halbuki, ayənin bizə çatdırmaq istədiyi şey başqadır. İnsan bu yer üzünün maddəsindən yaradılmışdır. Orqanizminin bütün hüceyrələri və toxumaları yer üzünün elementlərindən təşkil olunmuşdur. Yer üzünün bitkiləri ilə bəslənir, suyunu içir və havasını tənəffüs edir. Qısacası, insan yer üzünün balasıdır, bura onun beşiyidir. Vaxtı gələndə qayıdacağı yer də buradır. Bu yer üzünün torpağı vücüdünü udacaq, çürümüş sümüklərini elementlərinə qarışdıracaq və çürüyən bədəninin yayacağı qazlar havadakı qazlara qarışacaqdır. Sonra yenə dirildilərək oradan çıxarılacaqdır. Bu ikinci həyatı, ilk yaradılışının davamı olacaqdır.

Yer üzü ilə insan arasındakı sıx münasibəti vurğulayan bu “xatırlatma” ilə özünü tanrı sayan, məğrur Fir`on ilə Hz. Musa arasındakı qarşılıqlı danışma səhnəsi (əvvəlki ayələrdə keçmişdir) arasında da əlaqə vardır. Çünki insanlar qarşısında tanrılıq iddia edən bu yekəxana insan əslində torpaqdan yaradılmış və öləndə də onun qara bağrına qayıdacaqdır.85

Nəticə olaraq, ayədə reenkarnasiyaya heç bir işarə yoxdur və sadəcə deyilir ki, hər insan bu üç mərhələdən keçməlidir: 1) Doğumdan ölümə qədər olan dövr; 2) Ölümdən təkrar dirilişə (qiyamət) qədər olan dövr; 3) Qiyamət günündən əbədiyyətə qədər uzanan dövr. Bu ayəyə görə bu üç mərhələ bu dünyada baş verəcəkdir. Yə`ni insan bu dünyada doğulur və ölür, bu dünyada dəfn edilir və yenə oradan çıxarılır.86

Növbədə gələn ayəmiz isə Mu`minun surəsinin 99 – 100-cü ayələridir. Həmin ayələrdə belə deyilir:


حتى اذا جاء احدهم الموت قال رب ارجعون (99) لعلى اعمل صالحا فيما تركت كلا انها كلمة هو قائلها و من ورائهم برزخ الى يوم يبعثون (100)
“Elə ki onların birinə ölüm gəldi, deyər: “Rəbbim, məni (dünyaya) qaytarın.”

“Bəlkə hədər etdiyim (ömür müqabilində) xeyir əməllər tutam”. Əsla! Onun bu sözləri boş sözdür, çünki dirildiləcəkləri günə qədər onların arxasında bir sədd vardır.”

Özü-özlüyündə bu ayə, reenkarnasiyanı açıq şəkildə rədd etməkdədir və reenkarnasiya iddialarına qarşı ən böyük dəlillərdən biridir. Ayədə keçən “bərzəx” kəliməsi, əngəl, maneə mə`nasındadır. Ölən insanların ruhları bu dünya həyatına geri qayıtmaq istədiklərində bu bərzəx onlara mane olur. Bu ayədə söylənilən budur. Ölən insanın, dünyaya geri qayıtma istəyinin qəbul edilməyəcəyi söylənməkdədir. Belə ki, Ən`am surəsində dünya həyatına geri qaytarılmış olsalar, keçmişdə etdiklərinin eynisini yenidən edəcəkləri ifadə edilərək dünya həyatına geri qayıtmalarının heç bir şeyi dəyişdirməyəcəyi və bu səbəblə lüzumsuz olduğu söylənməkdədir.87

Ayənin reenkarnasiyanı açıq şəkildə rədd etdiyini hiss edən və özünə xas bir reenkarnasiya anlayışına sahib olan ilahiyyatçı Yaşar Nuri Öztürk, bu ayələrin, reenkarnasiyanı rədd etdiklərinə dair dəlil olub olmayacaqlarına aid bir sual verdikdən sonra bunu belə cavablandırmaqdadır:

“Bu ayələrdə dünyaya təkrar geri qayıtmaq istəyənlərə rədd cavabı verildiyini söylənilir. Ancaq bu, reenkarnasiyanın heç olmadığına deyil, sürəkli dünyaya geri gedib səhvlərini düzəltmək istəyənlərin bu istəklərinin rədd edildiyinə dəlildir. Əlbəttə ki, dünyaya yenidən qayıtmamasına qərar verilənlərin bu cür istəkləri rədd ediləcəkdir. Amma bu onların daha əvvəl reenkarne olmadıqlarını və ya başqalarının dünyaya yenidən göndərilmədiyini ifadə etməz; geri qayıtmanın hər kəs üçün qanun olmadığını ortaya qoyar.

Qur`an reenkarnasiyanın hər kəs üçün mütləq işləyən sürəkli bir mexanizm olduğunu qəbul etməməklə bərabər bə`zi ruhların reenkarne olduqlarını açıqca göstərməkdədir. Burada əsas olan nöqtə reenkarnasiya məsələsini hind sistemlərində və ya bə`zi müasir spiritualist anlayışlarda əsas alınan həşr inancını inkar şəklinə büründürməməkdir.”88

Ümumiyyətlə Qur`anın müxtəlif yerlərində, pis insanların öldükdən cəhənnəmə girəcəyi ana qədər və hətta bundan sonra da təkrar-təkrar “Rəbbim, məni dünyaya geri göndər, Sənə bir daha itaətsizlik etməyəcəyəm, artıq ancaq saleh əməllər işləyəcəyəm” deyə yalvaracağı deyilməkdədir.89

Lakin burada da açıqlandığı kimi, artıq o bir daha geri göndərilməyəcək və ona ikinci bir fürsət verilməyəcəkdir. Çünki, belə olan halda insanın dünya həyatında çəkildiyi imtahanın bir mə`nası qalmaz. Özümüz düşünək. Əgər insan geri qaytarılmalı olsaydı, bu iki şəkildə baş verə bilərdi. Birincisi, insan ölümdən sonra orada bütün gördüklərinə baxmayaraq, dünyaya geri göndəriləcək olardı ki, bu təqdirdə imtahanın bir mə`nası qalmazdı. Çünki, əsas olan gördükdən sonra deyil, görməzdən əvvəl iman etməkdir. İkincisi, insanın ölümdən sonra gördüklərinə dair hafizəsində nə varsa silinər və ilk dəfə necə yaradılmışdısa, yenə o şəkildə göndərilərdi. Amma bu şəkildə göndərilən bir insan yenə eyni davranışlar içərisində olacağı üçün belə bir eksperimentə dəyməz.90

Növbəti ayəmiz isə yuxarıda daha əvvəl qısaca ələ aldığımız Şu`ra surəsinin 30-cu ayəsidir. Həmin ayədə deyilirdi:
و ما اصابكم من مصيبة فبما كسبت ايديكم و يعفوا عن كثير

“Sizə üz verən hər hansı müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. O, onların çoxunu isə bağışlar”.

Bu ayədə deyilir ki, insanı narahat edən, onun rahatlığını əlindən alan və bədbəxtlik verən hər şey, Qur`anın açıq bəyanlarına görə insan əlinin məhsuludur. Belə olmasaydı Allaha zülm izafə edilmiş olardı. Allah isə zülmdən münəzzəhdir. Öztürk kimi bir çox reenkarnasiya tərəfdarları bu ayənin reenkarnasiyanı dəstəklədiyi qənaətindədirlər. Bə`ziləri deyirlər ki, madam ki, xəstəlik və bəlalar günahların cəzasıdır, elə isə mə`sum olan uşaqlar əslində əziyyət çəkməməlidirlər. Halbuki onlar da, əziyyət çəkirlər. Deməli, onlar bu həyatdan əvvəl başqa bir bədəndə yaşamışlardır. O bədəndə işlədiklərinin cəzasını bu bədəndə çəkməkdədirlər.91

Ayənin bu şəkildə izah edilməsinin yeganə səbəbi ayənin başa düşülməməsidir. Burada söhbət bütün insanlardan getmir. Bu xitab və müraciət günahkarlaradır. Çünki səbr ilə səvaba və ya yüksək dərəcələrə çatdırılmaq kimi digər səbəblərlə günahkar olmayanların başlarına gələn müsibətlər də yox deyildir. Qur`ani Kərimin başqa bir ayəsində belə buyrulur:

“Biz sizi bir qədər qorxu və aclıqla, mal, adam və məhsul azlığı ilə sınayarıq. Müjdə ver dözümlülərə.”92

Halbuki Allah bir çox insanı əfv edir və bu dünyada hesaba çəkmir:

“Əgər Allah etdikləri haqsızlığa görə insanlara cəza versəydi, onda O, yer üzündə kimsəni (salamat) buraxmazdı. Lakin O, onlara müəyyən edilmiş vaxta kimi möhlət verir. Onların əcəli gələndə isə onlar bir an belə nə yubana, nə də tələsə bilərlər.”93 94

Şeyx Tantavi isə dünyadakı iztirabların hikmətini filosof Kabisin görüşlərinə əsaslanaraq belə açıqlayır:

“Dünyada zamanın dişləri arasında əzib üyütdüyü, əzab-əziyyət çəkdirdiyi kimsələr səadətə çatarlar. Zaman onları belə müsibətlərlə əzə-əzə ruhlarını kamilləşdirir. İnsan ruhu nemətlərlə, xəzinələrlə deyil, əziyyətlərlə, üzüntülərlə kamilləşir. Beləcə insanın ağlı mükəmməllləşir, o insan səbr etməyi, qəzəbinə hakim olmağı öyrənir.”95

Növbəti ayəmiz isə Vaqiə surəsinin 60 – 62-ci ayələridir. Həmin ayələrdə belə buyrulmaqdadır:


نحن قدرنا بينكم الموت و ما نحن بمسبوقين (60) على ان نبدل امثالكم و ننشئكم فى ما لا تعلمون (61) و لقد علمتم النشاة الاولى فلو لا تذكرون (62)
“Aranızda ölümü Biz müəyyən etdik. Qarşımızı ala bilən olmaz. Biz sizi bənzərləriniz ilə əvəz etdikdə və sizi özünüz bilmədiyiniz aləmdə yenidən yaratdıqda qarşımız alına bilməz.”

“Axı siz ilk yaradılmanızı bilirsiniz, barı bir düşünüb-daşınaydınız!”

Ayənin axirətdən bəhs etdiyi açıqdır. Surədə bu ayələrdən əvvəlki ayələrdə axirət həyatından danışılır, müşriklərin “torpaq və sümüyə çevrildikdən sonra dirildiləcəyik?” şəklindəki e`tirazları gündəmə gətirilir. Bu ayələrdə də, Uca Allahın, ilk yaradılışa necə qadir oldusa, axirətdə yenidən yaradılışa qadir olacağından söz edilir. Əlbəttə ki, müşriklər peyğəmbərin, axirətdə şiddətli bir əzaba tuş gələcəklərini deməsiylə bu iddianı irəli sürür, yenidən dirildilib əzab çəkdirilməyəcəklərini beləcə ifadə edirdilər. Uca Allah, ilk yaradılışlarını, yə`ni bu dünya həyatındakı yaradılışlarını dəlil gətirərərək axirətdə onları yenidən yaratmağa da qadir olduğunu bildirir. Əvvəlki ayələrdə, “sümüklərimiz çürüdükdən sonra necə dirildiləcəyik?” şəklindəki e`tirazlarına cavab verir. Beləcə bu ayənin də reenkarnasiya ilə heç bir əlaqəsi yoxdur.96

Lakin, bə`zi müfəssirlər ayədə keçən “في ما لا تعلمون ” ifadəsini bizim kimi “bilmədiyiniz aləmdə” deyil, “bilmədiyiniz bir şəkildə” kimi tərcümə etmişdirlər ki, əsas problem buradan qaynaqlanmaqdadır. Beləcə, reenkarnasiya tərəfdarları ayədə bilmədiyimiz şəklin yeni bədən, surət olduğunu deyərək qeyd edirlər ki, burada Allah insanları bilmədikləri yeni bədəndə dünyaya geri qaytaracağına işarə edir. Ərəb dilinə görə ifadəni iki cür də tərcümə etmək mümkün olsa da, bizə görə “bilmədiyiniz aləm” variantı daha tutarlıdır. Çünki, bizim həqiqətən də həmin aləm haqqında demək olar ki, heç anlayışımız yoxdur. Amma, əgər ifadəni “bilmədiyiniz şəkil” kimi tərcümə etsək, yenə də reenkarnasiya inancından söhbət belə gedə bilməz. Axı dediyimiz kimi, burada söhbət axirət həyatından gedir və ifadə də axirətdə hansı şəkildə dirildiləcəyimizi bilmədiyimizə işarə ola bilər. Çünki bu proses insan idrakına qapalı olan o məchul aləmdə meydana gələcəkdir. İnsanlar bu aləm haqqında, Allahın verdiyi xəbərlərdən başqa heç bir şey bilmirlər. O zaman yaradılış zəncirinin son halqası yerinə keçmiş və insanlıq karvanı mənzil başına çatmış olacaq.97

Reenkarnasiya inancı ilə bağlı olaraq təhlil edəcəyimiz axırıncı ayə isə Tariq surəsinin 8 – 9-cu ayələridir. Burada belə deyilir:
انه على رجعه لقادر (8) يوم تبلى السرائر (9)
Ayənin məalı belədir:

“Həqiqətən də O, insanı (öləndən sonra) bir də diriltməyə qadirdir.”

“Sirrlərin ortaya çıxarılacağı gün.”

Sirrlərin ortaya çıxarılacağı günün, insanların bu dünya həyatının hesabını verəcəkləri gün olan məhşər günü olduğu mə`lumdur.

Reenkarnasiyaya inananların iddia etdikləri kimi, yenidən bədənlənmə əgər mümkün olmuş olsaydı və bu ayə onlara dəlil olsaydı, o zaman yenidən bədənlənmə əsnasında insanın əvvəlki bədənlənmədə etmiş olduğu əməllərinin hamısı qarşısına sərilmiş olmalıydı.98

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə