Reenkarnasiyanin mahiYYƏTİ




Yüklə 489.07 Kb.
səhifə1/4
tarix21.04.2016
ölçüsü489.07 Kb.
  1   2   3   4
REENKARNASİYANIN MAHİYYƏTİ
ÖN SÖZ
İstər İslam, İstərsə də Qərb aləmində reenkarnasiya inancı haqqında professional səviyyəli kitablar heyif ki, çox azdır. Bunun əsas səbəbi isə odur ki, əvvəllər ibtidai şəkildə olan bu inanc, psixologiya elminin inkişafı ilə əlaqədar olaraq bir nəzəriyyə kimi son zamanlarda ortaya atılmışdır. İslam aləmində də yeni-yeni “alimlər” ortaya çıxaraq Qur`ani Kərim ayələrini reenkarnasiyanı izah edəcək şəkildə təfsir etməyə çalışmış, bu inancın həm lehinə, həm də əleyhinə insanlar ortaya çıxmışdır. Biz də belə bir atmosferdə, bu mövzunu ələ alaraq işləmiş, Qur`an ayələrinin işığında bu inancı bacardığımız şəkildə dəyərləndirməyə çalışmışıq. Bu işdə isə bizdən öz köməyini əsirgəməyən əziz müəllimlərimiz Prof. Dr. Fəthi Əhməd Polad və Prof. Dr. Kamil Günəş müəllimlərimizə də təşəkkür etməyi özümüzə borc bilirik.

Əgər bu kiçik işlə milyonlarla insanların beynini qarışdıran, zorla İslama da gətirilən reenkarnasiya inancına azacıq da olsa aydınlıq gətirə bilmişiksə, özümüzü bəxtəvər hesab edirik.

Bizə düşən iş çalışmaq və sə`y etmək idi. Hidayət və qarşılıq isə yalnız Allahdandır.
Aqil Hacıyev

Bakı - 2003


GİRİŞ
Bəşəriyyətə xidmət edən elmlər inkişaf etdikcə elmin, qarşısında aciz qaldığı, sirrini aça bilmədiyi faktlar və yeni yeni müəmmalar da ortaya çıxmaqdadır. Elm bə`zən bu müəmmalar haqqında müxtəlif mülahizələr söyləyir, bə`zən isə bunların qarşısında tamamilə aciz qalır. Bu müəmmalardan biri də, dəqiq yaşı mə`lum olmayan, lakin bəşəriyyət ilə həmyaş olduğu söylənən reenkarnasiya anlayışıdır. Bə`ziləri reenkarnasiyanın Misirdə, bə`ziləri isə Hindistanda, hinduizm dini ilə ortaya çıxdığını söyləsələr də, dəqiq tədqiqatlar nəticəsində hətta eramızdan minlərlə il əvvəl yaşamış ibtidai insanlarda da buna oxşar anlayışların mövcud olduğu ortaya qoyulmuşdur. Günümüzə qədər müxtəlif mərhələlərdən keçmiş, müxtəlif deformasiyalara uğramış olan bu inanc, 19-cu əsrin sonlarında psixologiya elminin yaranması ilə yenidən böyük əhəmiyyət kəsb etmişdir. Başda Froyd olmaq üzərə bir çox məşhur psixoloqlar tərəfindən qəbul edilmiş olan reenkarnasiya nəzəriyyəsi, müxtəlif dəyişikliklərlə bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Ölən bir canlının ruhunun başqa bir bədənlə yenidən dünyaya qayıtması deyə izah edilən reenkarnasiya inancı bütün dünyada geniş vüs`ət tapmış, bu inanca aid dərnəklər, vəqflər qurulmuş, mövzuyla əlaqədar jurnal və kitablar çap olunmuş, İnternetdə minlərlə səhifə açılmış, bundan ilhamlanaraq özünü peyğəmbər sayan çoxlu adamlar ortaya çıxmışdır.

Lakin bütün bunlara baxmayaraq tarixdə bir çox insanların bu inanca qarşı çıxdıqlarının şahidiyik. Bu gün də bir sıra elm adamı reenkarnasiya nəzəriyyəsini kəskin şəkildə rədd edir, buna qarşı çoxlu dəlillər gətirirlər. Bu elm adamları reenkarnasiyaya tərəfdarlarının dəlil kimi gətirdikləri faktları isə, çox vaxt Kvant fizikasının irəli sürdüyü Everet nəzəriyyəsi (Pararel dünyalar), və ya Aqaşalar və Holoqram nəzəriyyələri, bə`zən də Eynşteynin məşhur Nisbilik nəzəriyyəsi ilə izah etməyə çalışırlar. Bütün bunlara baxmayaraq, hələ günümüzədək reenkarnasiyanı inkar etməyə qaneedici dəlil tapılmadığı kimi, onu iddia edənlərə də tutarlı cavab verilməmiş, bu haqda yazılan kitablar isə düşüncələrdəki qarışıqlıqlara aydınlıq gətirməmişdir.



Ι FƏSİL

REENKARNASİYANIN MAHİYYƏTİ
1 – Renkarnasiyanın mahiyyəti
İnsanlara ölümdən sonra yaşamaq üçün yeni bədən və`d edən reenkarnasiya inancını daha yaxşı anlamaq üçün bu inancı dilə gətirmək üçün istifadə olunan sözlərə nəzər salmaq, bu kəlimələrin kök anlamını bilmək, hansı termin və inanclarla əlaqəsinin olduğunu anlamaq lazımdır. Fransızca bir kəlimə olan “reenkarnasiya” (reincarnation) təkrar bədənlənmə mə`nasındadır. “Enkarnasiya” (incarnation) isə bədənlənmə mə`nasında Hz. İsa (ə.s.) haqqında işlədilib, ilahi ruhun onda təcəlli etməsi, uluhiyyətin Hz. İsada ortaya çıxması deməkdir. Reenkarnasiyanın qərbdə çox işlənən “metafizika” (metempsycose) və “transmiqrasiya” (transmigration) ilə də əlaqəsi vardır. Türk dilində bu inanca ruh köçü, bununla məşğul olan elm sahəsinə isə ruhçuluq deyirlər. Ərəb dilində reenkarnasiyanın qarşılığı tənasühdür. Tənasüh sözü ‘nəsh’ kökündən gələrək (dilimizdəki ‘nüsxə’ sözü də bu kökdəndir), bir şeyin digərini tə`qib edərək yox etməsi, bir şeyi əldən-ələ gəzdirmək, bir şeyin dolaşaraq digərinin yerini alması mə`nalarını verir. Bu inancı öyrənən elm sahəsi isə ‘tənasühiyyə’ adlanır. Ərəb dilində bu inanc haqqında bu sözdən başqa təcəssüm və hülul sözləri də işlədilir. Sanskrit dilində isə buna samsara deyilir. Bütün bu terminlər bir-birinə yaxın və bə`zən də qarışdırılaraq işlədilən, amma axır nəhayətdə bir inancı və nəzəriyyəni əks etdirən terminlərdir.

Bu kiçik arayışdan sonra reenkarnasiyanın tə`rifini verməyə calışaq. Reenkarnasiya, öldükdən sonra ruhun, insan, heyvan və ya bitki şəklində yenidən dünyaya gələrək həyatına davam etməsidir. Bu, ruhun kamilləşməyi üçündür. Ruh, fiziki aləmdə meydana gələn dəyişmə və inkişaflardan faydalanıb təcrübə və mükəmməlliyini artırmaq üçün yeni bir bədənə ehtiyac hiss edər və bu səbəblə yenidən bədənlənir1. Çünki, bir ömür ruhun kamilləşməyi üçün kifayət deyildir. Ruh kamilləşmək üçün bir neçə dəfə gedib gəlməli, müxtəlif bədənlərə girməlidir. Amma bununla bərabər bədəni idarə edən ruhdur2.Biliyini tamamlayan ruh, yenidən bədənlənmə ehtiyacını hiss etməz.

Bu inanca görə dünya imtahan deyil, əzab-əziyyət dünyasıdır. Bu əziyyətdən xilas olmaq istəyən ruh, yaxşı əməllər işləyərək hər dəfə yaxşı bədənlərə girməli, bu şəkildə kamilləşərək əzab-əziyyətdən qurtulmalıdır. Yə`ni hər insan öz güzəranına, yaxşı da olsa, pis də olsa özü səbəbkardır. İndiki əməlləri də gələcək həyatındakı vəziyyətini müəyyən edir. Beləliklə ruh bir səbəb-nəticə əlaqəsi içindədir və nəyi əkərsə onu da biçir.

Bu inanca görə ruh əvvəlki həyatında yaxşı adam olubsa, ruhu o biri həyatında daha yaxşı bir insan bədəninə, pis insan olubsa daha pis bir insan bədəninə keçəcək. Reenkarnasiyanın bu növü bütün reenkarnasiya tərəfdarları tərəfindən qəbul edilir və buna ‘nəsx’ deyilir. Bə`zən isə ruhun günahı daha çox olur ki, bu zaman onun ruhu insan bədəninə layiq olmayıb, heyvan bədəninə keçirilir. Bunu iddia edən alimlər misal olaraq cəsur adamın ruhunun aslan, qorxağın ruhunun isə dovşan bədəninə keçə biləcəyini söyləyirlər. Buna isə ‘məsx’ deyirlər. Lakin, elə vaxtlar olur ki, ruhun günahı o qədər çox olur ki, o, artıq heyvan bədəninə də yox, bitki şəklinə girir. Bu, ‘rəsx’ adlanır. Ən faciəli halda isə ruh, bə`zilərinin iddia etdiyinə görə, cisim, cansız əşya şəklinə girir ki, buna da fəsx deyirlər.



Reenkarnasiyanı iddia edənlər, ruhun dəfələrlə dünyaya gələcəyi görüşündə fikir birliyində olsalar da, bunun nə şəkildə olacağını, ruhun hansı bədənlərə keçə biləcəyi məsələlərində ixtilafa düşmüşlərdir. İnancın minlərlə il əvvəl Misirdə ortaya çıxdığını söyləsələr də, o, Misirdə köhnə və primitiv, Hindistanda mistik, Qədim Yunanıstanda isə fəlsəfi şəklə salınmışdı. Son zamanlarda psixologiya elminin inkişafı ilə əlaqədar olaraq reenkarnasiya inancı yeni, özünəməxsus bir şəklə salınmışdır. Buna görə də regionlara görə müxtəlif reenkarnasiya anlayışlarının mövcud olması çox təbiidir. Məsələn, reenkarnasiyaya inananların bə`ziləri məsxi qəbul etdiyi halda, bir çoxları ruhun heyvan və ya bitki bədəninə keçə biləcəyini qəbul etmirlər. Həmin insanlar ruhun təkamül prosesində geriləmənin olmadığını söyləyirlər. Yenə bə`ziləri, ruhun yalnız bu planetdə bədənləndiyini, bə`ziləri isə başqa planetlərə də keçə biləcəyini, üçüncü qrup isə ruhun bir planetdə kamilləşdikdən sonra başqa planetlərə keçə biləcəyini iddia edirlər. Bundan başqa ruhun cinsinin olub olmadığı məsələsi də ixtilaflara səbəb olmuşdur. Biz yeri gəldikcə bu fərqlərə toxunmaqla bərabər, ümumi bir reenkarnasiya anlayışından söz açacaq, onun əsaslarını çürüdərək tənqid etməyə çalışacağıq. Beləliklə, bu inanca görə əzəldə bütün ruhlar müəyyən bir miqdarda yaradılıb və kamilləşmələri üçün dünyaya göndərilib. Ölənin ruhu Ruhçuluqda ‘spatium’ deyilən yerə gedir və orada ruhlar tərəfindən idarə edilən bir sistem tərəfindən mühakimə edilir. Məntiqə əsasən yaxşı ruhlar öz mükafatlarını, pis ruhlar isə öz cəzalarını alırlar (əlbəttə ki, bu cəza maddi yox, mə`nəvi xarakter daşıyır). Pis əməl sahibi olan ruh, cəzasını çəkib, öz xətalarını anladıqdan sonra həmin sistem tərəfindən günahlarını yumaq və daha yüksək mövqe əldə etmək üçün yenidən dünyaya göndərilir. Həmin ruh, günahlarının miqdarına görə nəinki ən pis insan bədəninə, hətta heyvan bədəninə də girə bilər. Bu anlayış Tibet Buddizmindəki tənasüh anlayışı ilə çox yaxındır. Onlara görə də, dünyasını dəyişən ruh, yeni bədən seçməzdən əvvəl ‘bardo’ adlı bir mərhələdən keçir ki, burada o, xüsusi imtahanlar verir və ətraflı sınanır. Bunlar 49 bölümdən ibarət olan məşhur “Tibetin Ölülər Kitabı”nda təsvir edilir. Ona görə bu bədənlənmə müddəti çox yaxın ola biləcəyi kimi, 12-15 əsrə qədər uzana da bilər.


2 - Reenkarnasiyanın tarixi
Bu gün reenkarnasiyanın dəqiq yaşını və yarandığı yeri müəyyən etmək mümkün deyil. Bə`ziləri onun yarandığı yer olaraq Misiri, bə`ziləri də Hindistanı qeyd etsələr də ayrı-ayrılıqda Kelt və Skandinaviya xalqlarında, Mayya və Astek qəbilələrində də hələ qədimdən belə bir inancın olduğu ortaya çıxmışdır. Lakin bir çox faktlara əsaslanaraq alimlər, hətta ibtidai insanlarda da reenkarnasiya inancının olduğu nəticəsinə gəlimişlərdir. Daha yaxşı anlamaq üçün tarixi seyr içində bu inancın gedişatına nəzər salsaq yəqin ki, pis olmaz. Bu gedişatda günümüzə qədər gəlib çatan ən qədim mə`lumat eramızdan 60-10 min il əvvəl yaşamış olan Kro-Maqnon insanıdır. Bilindiyi kimi, onlar yaşadıqları mağaranın divarlarına ovladıqları heyvanın şəklini çəkər (bu şəkillər günümüzə qədər gəlib çıxmaqdadır), sonra isə onun qarşısında rəqs edərək heyvanın ruhundan üzr istəyirdilər. Buradan isə anlaşılır ki, onlar heyvanda da ruhun olduğuna inanırmışlar3. Onlardan bir qədər sonra, yə`ni eramızdan 4 min il əvvəl Amerika qızıldərilərindən Dokato, Mohave və Navotez tayfalarında reenkarnasiyanın izi görünməkdədir. Belə ki, onlar öldükdən sonra ruhun “xoşbəxt ov sahəsi”nə gedəcəyinə inanırdılar. Buna oxşar inanışlar Skandinaviya xalqlarında, Keltlərdə, Qrenlandiya eskimoslarında da var idi. Eskimoslar insanın üçlükdən, vücud, ruh və addan ibarət olduğuna inanırdılar. Onlara görə insan öldükdən sonra vücud çürüyüb getsə də, ruh başqa bədənlə yenidən dünyaya qayıda bilər. Həmin insanın adını yeni doğulan körpəyə qoyduqda isə onun adı dirilmiş olur4.

Misirə gəldikdə isə, buranı reenkarnasiyaya inam baxımından Xanədanlardan əvvəl (e.ə. 3500-cü ilə qədər) və Xanədanlar dövrü (e.ə. 3500-cü ildən eramızın 640-cı ilinə qədər) deyə iki şəkildə ələ almaq lazımdır. Xanədanlardan əvvəl Misirdə aborigenlər ölüləri basdırarkən üzlərini bir səmtə çevirirdilər. Sonra isə ruhun yenidən dünyaya gələcəyinə inandıqları üçün, cəsəddən bir parça kəsərdilər ki, ruh yeni bədəndə məhz öz yurduna qayıtsın. Xanədanlar dövründə isə ölən insanın ruhunun başqa aləmdə yaxşı qarşılanaraq yenidən dünyaya qaytarılması üçün xüsusi mərasimlər keçirilirdi. Onlara görə ruhların yenidən dünyaya qayıtması işinə Osiris rəhbərlik edirdi. Bu inancların günümüzə qədər gəlib çıxmayan “Misirin Ölülər Kitabı”nda da təsvir edildiyini soyləyirlər5.

Fikrimizcə bütün dünyaya Qərbdən yayılan reenkarnasiya inancının Qərbə Hindistan yarımadasından gəldiyini söyləsək yanılmarıq. Şəhristani də “tənasüh əhli” bəhsində reenkarnasiyaya ən çox inananların hindlilər olduğunu yazır6. Hindistanda isə bu inancın necə yarandığına nəzər salsaq yəqin ki, pis olmaz. Reenkarnasiya inancı burada hinduizm dininin yaranmasi ilə ortaya çıxmışdır. Hinduizm, Hindistan yarımadasında yaşamaqda olan xalqın əksəriyyətinin dini inanc və ən`ənələrini ifadə edən bir kəlimədir. Bu kəlimə, “Hind çayınının ətrafında yaşayan” mə`nasına gələn farsca bir kəlimə olub, Qərblilər tərəfindən bu bölgə əhalisinin dinini ifadə etmək üçün işlədilmişdir. Hindular isə öz dinlərini “Sanatana Dharma” (əzəli-əbədi din) adlandırırlar. Təxminən e.ə. 15-ci əsrdə Şərqi Avropadan köçüb gəlmiş Arilər Hindistanı istila etmişlərdir. Onların dini inancları və adət-ən`ənələri ilə yerli xalqınkı bir-birinə qarışmışdır. Əsrlər boyunca bir inkişaf keçən bu qarışımdan Hinduizm ortaya çıxmışdır.

Bə`zi alimlər reenkarnasiyanın Hinduizmdə yaranaraq, Buddizm, Taoizm, Caynizm və Sihizmə keçdiyini, sonra isə Tibet, Çin, Koreya və Yaponiyaya yayıldığını hesab edirlər. Hinduizmin ən qədim yazılı qaynağı olan Vedalarda keçən bə`zi cümlələrin reenkarnasiya inancını dəstəkləyəcək cümlələr olduğunu hesab edirlər. Orada deyilir ki, hər varlıq insan bədəninə gəlib düşənə qədər səkkiz milyon dörd yüz min müxtəlif həyat formalarından keçir. Düzdür, burada reenkarnasiya inancına işarələr hər nə qədər açıq olmasa da, Hinduizmin başqa bir yazılı qaynağı olan Upanişadlarda bu inanc öz əksini kifayət qədər açıq şəkildə tapmışdır. E.ə. 7 – 6-cı əsrlərə aid olan bu mətnlərdə deyilir ki, hər ruh kamilləşənə qədər dəfələrlə bu dünyaya gəlib gedir.

Hinduizm dini Hindistana yeni sosial təbəqələşmə prinsipini gətirmişdir. Buna görə də hindlilər müxtəlif siniflərə ayrılırlar. Buna kasta sistemi deyilir. Kasta, eyni işlə məşğul olan; atadan miras qalan haqqları, vəzifələri və adətləriylə bir-birinə sıx şəkildə bağlanan şəxslər qrupudur. Kasta seçilmir, insan onun içində dünyaya gəlir. Bu sistem dörd sinifdən ibarətdir: 1) Brahmanlar (rahiblər, din adamları), 2) Kşatrilər (hökmdar sülaləsi və döyüşçülər), 3) Vaişilər (tacirlər, sənətkarlar və əkinçilər), 4) Sudra (fəhlələr). Bundan başqa kasta sisteminə girməyən, kastadan xaricdə tutulan qruplar da vardır. Bunlara “toxunulmazlar” deyirlər. Kasta sistemi hind inanclarına əsaslanır. Bu inanclara görə kastalar, yaradıcı tanrı Brahmanın insan şəklində təsəvvür edilən vücudunun müxtəlif yerlərindən yaradılmışdır. Bu səbəblə, cəmiyyət həyatında görünən fərqlər, bu yaradılış hadisəsinə əsaslandırılır. Buna görə Brahmanlar, Brahmanın ağzından, Kşatrilər qollarından, Vaişilər mə`dəsindən, Sudralar da ayaqlarından yaranmışlardır7. Anladığınız kimi, hinduizmdə reenkarnasiya inancının yaranmasının əsas səbəbi kasta sistemi olmuşdur. Bu inanca görə hindli kastaya daxil olmaq və ya yuxarı kastaya keçmək üçün mövcud vəziyyəti ilə barışmalı, yuxarıdakılara itaət etməli, yaxşı əməllər işləməlidir. Yuxarıdakılar isə onları yaxşı əməllər işləyib itaət edərlərsə sonrakı həyatlarında daha yuxarı kastalara mənsub olacaqlarına inandırmağa çalışırdılar. Beləliklə tənasüh inancı Hindistanda, mülkədarlar üçün rəiyyəti itaət altında saxlamaq üçün bir vasitə, rəiyyət üçün isə əzab-əziyyətli həyatlarında bir təsəlli olmuşdur.

Bütün bunlar hinduizmin əsasını təşkil edən karma anlayışında öz əksini tapır. Karma, bir səbəb-nəticə qanunudur. Yə`ni insan, keçmişdə nə etmişsə, gələcəkdə onu görəcəkdir. İnsanın keçmişi, bu gün onunla qarşı-qarşıyadır. Bu günün meyvələri isə sabah görüləcəkdir. Buna görə hər hərəkət, əvvəl-axır öz meyvəsini verəcəkdir. Yaxşıdan yaxşı, pisdən də pis çıxacaqdır. Bu termin, qədim Vedalar dövründə görünmür, Upanişadlarda ortaya çıxır.

Karma, fiziki aləmdə olduğu kimi, əxlaqi və zehni aləmdə də insanın tə`qib etməli olduğu bir qanunun olduğunu ifadə edir. Əxlaqi bir kainat nizamı olan karma qanununa görə, bu həyatda işlənən əməllər, canlının taleyinə tə`sir edir və onun təkrar bədənlənməsində rol oynayır. Bunun nəticəsi olaraq bütün canlılar, öz mövqelərini, vəziyyətlərini öz əməlləriylə qazanırlar. Yaxşı bir canlının vəziyyəti pisləşməyə doğru gedirsə, əvvəlki həyatında işlədiyi pis əməllərin; əgər yaxşılığa doğru gedirsə əvvəlki həyatında işlədiyi yaxşı əməllərin qarşılığıdır. Bu, daha əvvəlki həyat şəklinin cəza və mükafat olaraq özünü göstərməsidir. İnsan, keçmişdə nə əkmişsə, gələcəkdə onu görəcəkdir. Karma, həm də, mükafat gözləmədən hərəkət etmək mə`nasına da gəlməkdədir. Beləcə, nəticə gözləmək arzusu öldürülməkdədir. Bhaqavad-Qitada Rəbb Krişna, belə deməkdədir: “Siz, yalnız vəzifənizi yerinə yetirməklə məs`ulsunuz. Əgər bir səmərə hasil olarsa, o mənlikdir8.

Beləliklə, karma qanunuyla əlaqədar olaraq tənasüh, yə`ni ruhun bir bədəndən başqasına keçməsi inancı ortaya çıxdı. Hinduizmə görə, insan, sonu olmayan bir tənasüh zənciri içərisində gedib gəlməkdədir. Buna görə ölüm, bir qorxu səbəbi və bir yoxluq deyil, bir haldan digərinə keçiddir. Hindlilərə görə, karma qanunu, insanın arzularını həqiqi mə`nada ölümsüzlüyə çatdırır. Bu səbəblə, hər hindli, təkrar dünyaya gəlişdə, yaxşı əməllərlə gələcəkdəki həyatını zəmanət altına almağa çalışır. İşlədiyi günahlar səbəbiylə bitki və ya heyvan olaraq dünyaya gəlməkdən çəkinir. Onlara görə, hətta içində doğulduqları kasta da işlədikləri əməllərin bir nəticəsidir. Beləcə, ölümdən sonra var olma, ruhun bədəndən ayrı olduğu fikri formalaşdı. Bu inanca görə, ruh öz dərəcəsi içində yüksək və ya alçaq olaraq doğulur. İnsan, etdiklərinə görə heyvan, bitki, insan və ya tanrı şəklində doğulur. Bu doğuş, bir səbəb-nəticə əlaqəsi içində gerçəkləşir. Mə`nəvi və əxlaqi qarşılıq, yə`ni edilənlərin nəticəsi ruhun nəticəsi ilə mümkün olur. Sonrakı həyatda xoşbəxt olmaq, doğru hərəkətdən asılıdır. Hər şəxs, öz işlərindən məs`uldur. Ölümdən qorxmağa ehtiyac yoxdur. Müntəzəm yenidən doğuşlarla insan, arzularına çatar, sonsuz bir zövq əldə edər, tanrı Brahmada yaşayar. Bu inancın hindlini güclü bir xeyirxahlığa təhrik etdiyi irəli sürülməkdədir.

Hinduizmdə tənasüh inancı ilə paralel şəkildə hülul inancı da inkişaf etmişdir. Hülul, tanrı Vişnunun insan şəklində cisimləşməsi inancıdır. Hindlilər bu inanca “avatara” deyirlər ki, bu da sanskrit dilində “enən” deməkdir. Hinduizm, tanrının tək təzahürü olduğu fikrinə qarşıdır. Hindlilər, tanrının özünü tarixin hər dövründə müxtəlif şəxsiyyətlərə bürünərək insanlara göstərdiyinə inanırlar. Beləcə, tanrı, pisliyi ortadan qaldıracaq və insanlara ehtiyac hiss etdikləri vəzifələri və qanunları bildirəcəkdir. Vişnunun müxtəlif hülulları vardır. Bunlardan ən məşhuru Rama və Krişnadır. “Mahabharata” dastanının bir hissəsi olan “Bhaqavad-Qita”da (“Qita”, Krişnanın nəğməsi deməkdir) Krişnadan bəhs edilir və Arjuna ilə Krişnanın dialoqu verilir.

Ümumiyyətlə, Hinduizmdə Krişnadan əvvəl açıq şəkildə tənasüh inancı gözə dəyməməkdədir. Bu tədricən yaranmışdır. Brahmanların ilkin inancı belə idi:

“Allahdan yaranan kainat dayanmadan yüksəlmə, kamilləşmə ilə təkrar Allaha qayıdacaqdır. Ruh bədəndən ayrılanda maddəni bütünlüklə itirmir. Əks təqdirdə böyük kainat içində yox olar. Bədəndən ayrılan ruhun atəşdən bir cismi olur. İlahi atəşin qığılcımı və ya işığı olan insan ölümdən sonra lətif cismiylə qalır. Bir müddət sonra vaxtı gələndə yeni bir bədənlə birləşib görünür”.

Deməli, ruh bədəndən ayrıldıqdan sonra bir müddət lətif cismiylə qalır ki, biz ruhun bu aləminə Bərzəx Aləmi deyirik. Bir müddət sonra gözlə görünən bir cismə girməsi də İslamdakı bə`s (öldükdən sonra ruhların bədənlərə üfürülməsiylə dirilmə) kimidir. Onlar insanın öldükdən sonra əzabdan xilas olması üçün səbr, yamanlığa yaxışlıq, qənaət, düz yolla getmə, təmizlik, pis hissləri öldürmək, müqəddəs kitabları tanımaq, Allahı tanımaq, dürüstlük, hirslənməmək şəklində 10 prinsip təbliğ edirdilər. Ruhun kamilləşməsi isə başqa yolla olurdu:

“Kamil olmaq istəyən, ən yüksək hikmət olan vəhdət elmini qazanmalı, yə`ni hər birimizdə mövcud olan nəfsin (fərdi ruhların) üstündəki varlığa yüksəlməlidir. Sənin içində bilmədiyin ilahi bir dost var. Ona görə ki, Allah hər kəsin içindədir. Amma çox az insan onu tapa bilər. Arzularını, işlərini, bütün kainatın qaynağı olan Əzəli Varlığa fəda edən insan kamilləşər. Zira, özündə Onun səadətini, sevincini və nurunu tapan kəs Allah ilə birləşmişdir. Allahı tapan ruh doğulmaqdan, ölməkdən, qocalmaqdan, əzab-əziyyətdən xilas olur, əbədilik suyunu içmiş olur”.

Hinduizmdə tənasühü açıqca ortaya qoyan, eramızdan 4800 il əvvəl zühur edən Krişnadır. Ona görə, ruhun sığındığı cəsəd fani, çəkisiz ruh isə baqidir. Əvvəli və axırı yoxdur. Krişna, şagirdlərini yanına salaraq mahal-mahal gəzir və öz nəzəriyyəsini təbliğ edirdi. O deyirdi:

“Mən və siz, bir neçə dəfə doğulmuşuq. Mənim əvvəlki həyatlarımı mən bilirəm, amma sizin öz həyatlarınızdan heç xəbəriniz də yoxdur. Düzdür, əslində xüsusiyyətlərim e`tibarilə doğulmaq və ölməklə məs`ul olmasam da, nə vaxt yer özündə bəşəriyyət təhlükəyə düşsə, haqsızlıq baş alıb getsə mən dərhal ortaya çıxacaq və beləcə əsrlər boyu haqqın qorunub, nahaqqın cəzalandırılması və bəşəriyyətin xilası üçün özümü göstərəcəyəm”9.

Belə görünür ki, Krişnadan əvvəl tənasüh fikri yoxdur. Ölümdən sonra ruhun, şəffaf bir cismi olacağına və gözlə görünən bir cismə girənə qədər qalacağına inanırdılar. Amma bədəndən bədənə keçəcəyini demirdilər. ”Allah hər kəsin içindədir” inancı da “O, göylərdə və yerdə Allahdır”, “Harada olsanız, O, sizinlə bir yerdədir”, “Biz ona, şah damarından daha yaxınıq” ayələrində də vardır. Deməli, bu din də bünövrəsində ruhun qiyamət gününə qədər əzab və ya nemət görəcəyini, qiyamətdə gözlə görünən bir cismə salınacağını söyləyən İslam dininə bənzəyir. Amma Krişna tənasüh inancını gətirmişdir. Beləliklə, reenkarnasiya hinduizmin təməl inanc əsaslarından olmuş və bu günü qədər də bu şəkildə davam etməkdədir.



Reenkarnasiya tarixinin növbəti mərhələsi Buddizm dini ilə əlaqədardır. Burada mövzu ilə əlaqədar olaraq Buddizm haqqında da qısa mə`lumat vermək yəqin ki, yerində olacaqdır. Təxminən dörd min illik bir keçmişə sahib olduğu qəbul edilən, Vedaları əsas alan, ağırlıq mərkəzini Brahmanlar təşkil edən və kasta sisteminə əsaslanan Hinduizmdən sonra, e.ə. 6-cı əsrdə Buddizm və Caynizm; eramızın 16-cı əsrində isə Sihizm ortaya çıxmışdır. Hinduizmdəki kasta sisteminə və Brahman sinfinin hegemonluğuna qarşı bir reaksiya olaraq ortaya çıxan bu dinlərdən Caynizm və Sihizm milli, Buddizm isə beynəlxalq bir xarakterə malikdir. Buddizm kasta sisteminə qarşı çıxsa da, karma və tənasüh inancını qoruyub saxlamış və daha da inkişaf etdirmişdir. Brahmanların tanrını bəşəri xarakterlər içərisində, elədiyinə peşman olan, aldadıla bilən, çatışmamazlıqları olan, sehri sevən, insanların əlində aciz qala bilən bir varlıq şəklindəki açıqlamaları qarşısında Budda sükut etmişdir. Onun bu açıqlamalarla razılaşmadığı mə`lumdur. Ancaq tanrını inkar edən bir ifadəsi də yoxdur. Buddistlərə görə bu qədər uzun müddət var olan aləmin necə yaradıldığını qavramaq insan zəkası xaricindədir. İnsanın vəzifəsi, mə`nəvi inkişaf, əxlaqi pisliklərdən uzaqlaşmaq, iztirabların səbəbi olan ehtiraslardan, tənasüh çəmbərindən xilas olmaqdır. Göründüyü kimi, hind dinlərində ortaq karma və tənasüh inancları Buddizmdə də vardır. Buddadan əvvəl karma, şəxsin, aid olduğu kastaya görə dəyişməyən vəzifəsi, bir növ məcburi qəzavu-qədər anlayışı idi. Budda isə iradi davranışa işarət etmişdir. Karma, Buddizmdə çətin başa düşülən cismani bir güc olaraq görülməkdədir. Karmanın çıxmasıyla həyat cövhəri əzəli bilgisini yenidən qazanacaq və orada hərəkətsiz qalaraq aləmin zirvəsinə yüksələcəkdir. Məhz bu həyat gücü, insanın hisslərini, ümidlərini, sevib-sevmədiklərini və ömrü boyu etdiklərini daşıyaraq, yeni bir varlığa köçürtməkdə lazım olan imkana sahibdir. Qısaca desək, karma şəxsin, öz iradəsiylə etdiyi şeyi və bunun nəticəsini əhatə edir. Hər kəs belə bir karmanı miras alır. Amma bu bir determinizm deyil, çünki, öz karması içində hər kəs yaxşı və ya pis iş görməkdə azaddır. İnsanın öz karması onu məcbur etməməkdədir. Buddist görüşə görə yeni karma üçün vacib olan davranış deyil, iradədir. Karmanın bəhrələrini fail ya bu həyatda, ya yeni doğumda, ya da daha sonrakı doğumlarda görəcəkdir. Buddist görüşə görə hirs, kin və hiylənin aldatdığı kimsənin karması pis, əksi də yaxşıdır. Tənasüh qurtarmaq bilməyən bir yenidən doğuş silsiləsidir və içində bir əzab-əziyyət yumağı daşıyır. Tənasüh yalnız insan şəklində deyil, ən kiçik milçəkdən insana qədər bütün canlı kateqoriyalarını içinə alan bir yenidən həyata dönüşdür. Ancaq yalnız insan olaraq gəldikdə tənasühdən xilas olub Nirvananı qazanmaq mümkün ola bilər. “Nirvana” sözü sanskritcə “nibbati” sözündən gəlir ki, bu da “üfürərək sərinlətmək” deməkdir. Qərbdə bunu “yox olma” kimi başa düşsələr də, əslində bu kəlimə, “sərinləmiş”, yə`ni arzu və ehtirasların, pisliklirin atəşindən xilas olmuş, sakitləşmiş, ideal insan olmağı ifadə edir. Belə bir insan aydınlığa qovuşmuş, Nirvanaya çatmış hesab edilir. Buddizm beləcə yeni bir insan tipi gətirmiş oldu. Bu insan, ‘klesa’ deyilən və sayı məzhəblər arasında 10, 16, 26, 30 olaraq dəyişən mənəvi kirlərdən təmizlənmiş, amma ömrünün qalan hissəsini tamamlayan bir kimsədir. Bu kimsə, “klesanirvana”ya çatmış, ömrü bitib cismani həyatla vidalaşdıqdan sonra da Nirvana tamamlandığından “pari-nirvana”ya çatmış sayılır10.

Hinduizm və Buddizmin timsalında reenkarnasiyanın Hindistanda hansı şəkildə olduğunu gördükdən sonra Avropada bu cərəyanın necə getdiyini görək. E.ə. 6-cı əsrdə Yunanıstanda ortaya çıxmış Orfik dinində bu inanc çox geniş yayılmışdı. Böyük filosoflardan Platon və Pifaqor da bu inancı qəbul etmişdilər. E.ə. 427 – 346-cı illərdə yaşamış Platon bunu ilk dəfə özünün “İdeal şəkillər” fəlsəfəsində ortaya qoymuşdur. Bununla o, “fiziki cisimlər, dəyişməz fikirlərdən ibarət olan dəyişkən timsallardır” deyərək yeganə həqiqi biliyin fikirlər olduğunu iddia etdi. E.ə. 400-cü ildə yazdığı “Foedo” əsərində isə deyirdi ki, əgər yenidən doğuş olmasaydı, həyat qısa zamanda kainatdan silinərdi. “Dövlət” adlı kitabın son bölümündə isə, yenidən doğuşu bütünlüklə qəbul edirdi. Yunanıstanda bir çox fəlsəfə məktəbləri, həmçinin Neoplatonistlər və Qnostiklər də bu iddianı dəstəkləyirdilər. Onun tələbəsi olan Aristotel isə bu inanca qarşı çıxmış, ruhu vücudun bir parçası olaraq görmüşdür. Bu şəkildə davam edən reenkarnasiya inancı Hz İsanın dünyaya gəlişi ilə yenidən körükləndi. Belə ki, bə`ziləri onda keçmiş peyğəmbərlərin ruhunun dünyaya gəldiyini söyləyirdilər. Bunlar öz əksini İncildə də tapmışdır. Orada deyilənə görə İsa həvarilərdən soruşur ki, mənim haqqımda nə danışırlar. Həvarilər bu suala müxtəlif cavablar verirlər. Kimi İlyas, kimisi Yeremya, kimisi də Yəhya deyir. Buradan anlaşılır ki, insanlar o zamanlar İsanın əvvəlki peyğəmbərlərin yenidən doğuş halı olduğuna inanırdılar. Eramızın ilk əsrlərində yenidən doğuş inancı yəhudilikdə 3 mərhələ şəklində özünü göstərdi. Əvvəl insanın öldükdən sonra Şeol`da var olduğu haqqında qarma-qarışıq fikirlər ortaya çıxdı. Sonra Esxayologiyanın məhşərdəki dirilmə və son mühakimə haqqındakı tə`sirləri get-gedə artdı. Üçüncü mərhələdə isə ölümsüzlük fikri, yenidən doğuş ilə uzlaşdırıldı. Buradan orta əsrlər boyu yaşayan Yəhudilik nəzəriyyəsi ortaya çıxdı. 186 -253-cü illərdə yaşamış olan Origen isə Origenizmi quraraq iddia edirdi ki, Bibliyanın bə`zi yerləri yenidən doğuş görüşü olmadan açıqlana bilməz. 340 -420-ci illərdə yaşamış Santa Jeremi də, xristianlığın ilk zamanlarında yenidən doğuşun bir şəklinin təməl əsaslar arasında olduğunu söylədi. Nəhayət 553-cü ildə İmperator Yustinian tərəfindən İkinci Konstantinopol Sinodu çağırıldı. Həmin məclisə papa gəlməmişdi. Məclis, yenidən doğuş cərəyanını lənətlədi. Orada qəbul olunan qərarda belə deyilirdi: “Əgər hər hansı bir kimsə ruhların lap əvvəldən var olduğu əfsanəsini ifadə edər və bundan çıxan görüşə tərəfdar olarsa, onu boykot edin.” Beləcə buna rəsmi bir lənət yönəldilib, mövzuyla əlaqədar olan və ya ona işarə edən bütün cümlələr Bibliyadan çıxarıldı. Origenizm və əvvəldən var olmağa inanma, bundan sonra inancsızlıq sayıldı, bunu təbliğ edənlər isə kilsə tərəfindən tə`qiblərə məruz qaldı. Lakin bütün bunlara baxmayaraq peenkarnasiya inancı Avropada öz mövcudiyyətini gizli də olsa davam etdirdi, 19-cu əsrdə psixologiya elminin ortaya çıxması ilə isə yenidən aktuallıq qazandı. Hal-hazırda Avropada reenkarnasiyaya inananların sayı gündən-günə artmaqdadır. Belə ki, keçən il, Fransanın məşhur “La Nouvel Observatuer” jurnalının keçirtdiyi anketin nəticələrinə görə Avropada hər beş nəfərdən biri yenidən doğulduğuna və ya doğulacağına inanır11.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə