Redaksiya Şurası: Akademik Ramiz Mehdiyev




Yüklə 1.63 Mb.
səhifə3/12
tarix22.02.2016
ölçüsü1.63 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Prof. S.Xəlilov

Oqtay SİNANOĞLU

Elm, elm siyasəti

və universitetlər
Universitetin vəzifəsi təhsil və tədqiqatdır. Universitetdə təhsilə, yox­sa tədqiqata daha çox əhəmiyyət verilməlidir və hansına, nəyə görə daha çox əhəmiyyət verilməlidir? Bu məsələ təkcə bizim ölkəmizdə yox, başqa öl­kələrdə də tez-tez müzakirə mövzusu olur. Əslində isə təhsil və tədqiqat bir-biri ilə sıx surətdə bağlı olmalı və bir-birini tamamlamalıdır. Çünki, ən yax­şı öyrənmə üsulu bir şeyi tətbiq edərək öyrənməkdir. Kimisə dinləyərək, din­lədiyin adam əllamə olsa belə, bir müəllimi dinləyərək çox şey öyrənmək müm­kün deyil. Müəllim sadəcə olaraq bəzi yollar göstərə bilər. Əsl öy­rən­mə isə bundan sonra, yəni insanın özünün yeni problemlər qoyması, prob­lem­­dəki həlledici məqamları görərək bu problem haqqında ağlını işlətməsi, prob­­lemləri həll edərək o məsələni mənimsəməsi nəticəsində reallaşır. Bu, hə­lə tədqiqatın başlanğıcıdır. Tədqiqat aparmayan və başqasının tədqiqatına rəh­­bərlik etməyən müəllimin nəticədə bir CD-dən fərqi qalmaz, özünü ye­ni­lə­yə bilməz və həvəsi qalmaz. Müəllimdə həvəsin olması üçün yeni elmi ya­ra­dıcılıq fəaliyyəti ilə məşğul olması, bu fəaliyyətin verdiyi həvəs və hə­yə­canı hiss etməsi lazımdır ki, o həvəs və həyəcanı gənclərə də aşılaya bilsin.

Bu tədqiqat deyilən şey nədir? Biz indi tərəçiyə tərə satacağıq. Təd­qi­qat... İndi hamı tədqiqatçıdır. Türkiyədə tədqiqat 1962-ci ildən bəri TÜ­Bİ­TAK qurulandan bəri aparılır. Kimlərsə aspirantura təhsili üçün və yaxud as­­piranturadan sonra bir tədqiqat üçün xarici bir ölkəyə gedir. Niyə gedir? Han­­sı mövzunu öyrənəcək? Qayıdıb Türkiyəyə nə fayda verəcək? Bunu heç dü­­şünən yoxdur. Təsadüfən hansı ölkəyə getməyə imkan tapsa ora gedir. Get­­diyi yer haqqında ona heç bir məlumat verilmir. Nə o ölkəni, nə də o öl­kə­də getdiyi yeri tanıyır. Getdiyi ixtisas sahəsindəki ən vacib alimləri və ya­xud o sahədə faydalı araşdırmalar aparan tədqiqatçıları da tanımır. O uni­ver­si­tetə gedir və orada kim onu yanına qəbul etsə onun yanında bir təd­qi­qata baş­layır. Yəni, başqasının tədqiqatında köməkçi kimi iştirak edir. Tə­sa­düfən bir mövzuda bir-iki yazısı çıxır, elmi dərəcə alır və Tür­ki­yəyə qayıdır. Qa­yıdıb Türkiyə universitetlərində işə başlayanlar əvvəlcə gi­ley-güzar edir­lər: biz burada necə araşdırma aparaq, o yoxdu, bu yoxdu... Yax­­şı, niyə yox­du? Əvvəla, onların etmək istədiyi şey xaricdə təsadüfən apa­r­­dığı o təd­qi­qa­tın ardını Türkiyədə davam etdirmək cəhdidir. Yəni bu möv­­zu Tür­kiyədə nə üçün tədqiq ediləcək? Bu heç kimi maraqlandırmır. Nə­­ti­cə etibarilə, geri dö­nən­lərin bəziləri bir neçə il burada müqavimət gös­tər­­dikdən sonra ya ye­ni­dən xaricə qaçır, ya da qaça bilmirsə bir müddət son­­ra buradakı sistemə uy­ğun­laşırlar. Əslində, həqiqətən də Türkiyə uni­ver­si­­tetlərində tədqiqat apar­maq hər adamın işi deyil. Çünki, universitet müəl­lim­­lərindən soruşanda ki, ne­çə saat dərsin var? Deyirlər 40 saat. Deyəndə ki, bəs bu necə olur, heç or­ta məktəbdə bu qədər dərs yoxdu. Deyirlər ki, nə et­mək olar, dolanmaq la­zım­dı. Çox dərsə girəndə çox pul alırıq. Bəs tədqiqat apa­­ranların vəziyyəti necədir? Tədqiqat aparanlar üçün çox da həvəs­lən­di­ri­ci amillər yoxdur. Belə çı­xır ki, Türkiyədə əslində 70-ci illərdə bəzi uni­ver­si­­tetlərdə başlamış araş­dır­ma ənənəsi zəifləmiş və sanki, universitetlər bir lit­seyə çevrilmişdir. Bu­na baxmayaraq, daxilində elm sevgisini hiss etmiş və hiss edən şəxslər ol­du­ğu üçün onlar fövqəlbəşəri bir səylə tədqiqat apar­ma­ğa davam edirlər. Mən də Yıldız Teknik Universitetində müxtəlif kafed­ra­lar­da belə insanlarla tanış oldum, çox məmnun oldum. Əslində onları təbrik et­mək lazımdır. Çünki, xaricdə tam təchiz olunmuş bir laboratoriyada təd­qi­qat aparmaq normal bir hal olsa da, bizim ölkədəki bu şəraitdə belə dəyərli təd­qiqatlar aparan in­san­la­rı həqiqətən də təqdir etmək lazımdır.



Lakin tədqiqat təkcə haradasa nəşr olunmaq, elmlər doktoru olmaq və s. üçün aparılmamalıdır. İndi dünyada təqiq edilməli çox məsələ var. Bütün bə­­şəriyyət, dünyanın bütün insanları yığılsa, hər bir fərd səfərbər olsa, bütün mə­sələləri tədqiq etməyə başlasalar və 100 il çalışsalar təbiətin sirlərinin ne­çə faizini üzə çıxarda bilərlər? Heç bir ölkənin gücü bütün problemləri təd­qiq etməyə kifayət etməz. Deməli bu problemlərin içindən seçim etmək çox önəm­lidir. Nələr araşdırılmalıdır? Nə üçün araşdırılmalıdır? Buna görə də hər bir ölkənin öz elm siyasəti, bir tədqiqat siyasəti var. Bu da hər şeydən təc­rid olunmuş, müstəqil bir məsələ deyildir. Bu, siyasət, elm və tex­no­lo­gi­ya, tədqiqat siyasəti, təhsil siyasəti, iqtisadi siyasət və xarici siyasət – bunlar ha­­mı­sı bir-biri ilə sıx surətdə bağlı olan məsələlərdir. Bunların heç biri ol­ma­sa araş­dırma siyasəti də olmaz. Soruşmaq lazımdr, 50 ildir Türkiyənin bir xa­­ri­­ci siyasət konsepsiyası varmı? Türkiyənin xarici siyasəti Avropa və Ame­­rikaya yalvarmaqdan ibarətdir. Başqa bir xarici siyasət görmək müm­kün deyil. İqtisadi siyasət buranı tamamilə bir bazar yerinə çevir­mək­dən iba­rət olub. Təəssüf ki, getdikcə bu belə olur. Yəni indi hər tərəf MakDo­nalds və PizzaHut ilə doludur. Xarici sərmayə budurmu? Bununlamı dirçə­lə­cəyik? Qısacası, bu məsələlər hamısı bir-biri ilə bağlıdır, əlaqəlidir. Və be­lə bir şəraitdə araşdırma aparanların işi həqiqətən də çətindir. Lakin çətin ol­ma­yan işin ləzzəti də olmaz. Asan işin nə ləzzəti olacaq? Xaricdən qayıdıb gə­lib bu­­rada “o yoxdur, bu yoxdur” deyərək şikayət edənlərə mən həmişə de­­yi­rəm ki, əsas odur ki, bu şəraitdə nəsə edək. Və nəsə edəndə də bunu nə üçün et­diyimizi düşünməliyik. Dövlətimiz bunu düşünə bilmirsə, heç ol­ma­sa biz düşünək. Nə etmək olar, başqa çarəmiz yoxdur. Aparılan tədqiqatların bu ölkəyə bir faydası olmalıdır. Xarici ölkələrə beş min tələbə, aspirant və s. göndərilir, milyardlarla dollar sərf edilir. Təhsil nazirliyi və müxtəlif qu­rum­lar və şəxslər tərəfindən bu məqsədlə xaricə göndərilən valyutanın miq­da­rı­nın nə qədər olduğu dəqiq bilinmir. Lakin təxmini bir hesablama aparılsa bu miq­darın milyardlarla dollar olduğu ortaya çıxar və məlum olar ki, bu miq­dar Türkiyədəki bütün universitetlərin toplam büdcəsindən çoxdur. Belə də təh­sil sistemi olar? Bu təhsil sisteminin məqsədi nədir? Mən sizə əsl məq­sə­di deyim: Burada açıq şəkildə ifadə edilməyən bir məqsəd vardır ki, o da xa­ric­dəkilərin təfəkkürünə uyğun, türk dilindən çox ingilis dilini bilən, onu se­vən, burada gəlib türk gənclərinə türk dilində yox, ingilis dilində dərs keç­mək­dən başqa ayrı bir bacarığı olmayan və öz mühitindən təcrid olunmuş in­sanlar yetişdirməkdir. Bu işdən Türkiyəyə xeyir gəlməz. Bəli, bizdə ol­ma­yan bilik və bacarıqları öyrənmək üçün xaricə müəyyən sayda insan gön­dər­mək olar. Amma onlar, yaponların etdiyi kimi müəyyən məqsədlərlə və gön­dərilən hər kəsə müəyyən vəzifələr verərək, əsas bir siyasətin hissələri ki­mi bir vəzifə ilə göndərilməli və o vəzifəni yerinə yetirmədən geri qayıt­ma­­malıdırlar. Bizdə isə belə deyil. Təsadüfi adamlar gedir. Yeganə məqsəd on­ların qayıdıb burada ingilis dilində dərs keçmələridir. Bu gün dünyada təh­sil dilini tamamilə ləğv edib, təhsili ingilis dilində verməyə çalışan ikinci bir ölkə tapmaq mümkün deyil. Müstəmləkə ölkələrdə belə, yerli xalqın dili ilə təhsil vermək, öz dilini və mədəniyyətini inkişaf etdirmək səyləri və si­ya­səti günümüzdə olduqca artmışdır. Lakin Türkiyədə vəziyyət tamam baş­qa cürdür. Türkiyə kimi kütləvi şəkildə mənlik, şəxsiyyət və kimlik in­ti­ha­rı­na təşəbbüs göstərən başqa bir cəmiyyət tapmaq mümkün deyildir. Və tə­əs­süf ki, millətimiz bunu ara-sıra bizim kimi Don Kixotlardan eşitsə də hələ ki, vəziyyətin ciddiliyini hiss edə bilmir. Hara getdiyimizin fərqində deyilik.

Bu məsələlərdə gənc tədqiqatçıların üzərinə çox böyük vəzifələr dü­şür. Bəli, indi də, gələcəkdə də şəraitlə bağlı çox çətinliklər olacaq. Amma bu çətinliklər olmasa bu işlərin də ləzzəti olmaz. Əslində belə çətin bir şəra­it­də bu qədər problemlərlə məşğul olmaq bizim kimi insanlar və gənc təd­qi­qat­çılar üçün böyük bir nemətdir. Hər şeyin oturuşduğu bir cəmiyyətdə çalı­şan insanlar, yəni gözəl işləyən bir sistem içərisində normal vəzifələrini ye­ri­nə yetirən insanlar bu həyəcanı hiss edə bilməzlər və bu işdən xoşbəxtlik du­ya bilməzlər. Ona görə də bu cəmiyyətə layiq savada malik olan, kons­truk­tiv, problemləri özü qoya bilən, başqalarından cavab dilənməyən, məs­lə­hət dilənməyən təfəkkürdə insanların yetişməsinə çalışmaq üçün birlikdə sə­fərbər olaq.



Türk dilindən tərcümə edən:

Dr. Bəhram Həsənov


Siyasi elmlər

Qloballaşma və kiçik dövlətlər üçün

böyük siyasət imkanı



Səlahəddin Xəlilov

Bu gün bütün dünya iqtisadiyyatı ilə bərabər, bütün dünya ictimai sis­te­mi də sanki bir böhran keçirir. İndi hətta dünyanın sonu haqqında filmlər də çəkilir. Düzdür, Avropada Qərb ruhunun tükənməsi, onun süqutu, tənəz­zü­lü haqqında söhbətlər çoxdandır ki, başlanmışdır. Lakin bunu yazanlar da­ha böyük miqyaslı proseslərdən çıxış edən filosoflardır. Həmin ölkələrdə ya­şayanların heç də hamısı getdikləri yolun haraya aparıb çıxaracağını tə­səv­vür etmir. Əhali bu təlaşı, qorxu hissini daha çox dərəcədə iqtisadi böh­ran­lar zamanı yaşayır. Həm də bu hadisələr zamanı kimi isə təsirləndirmək də çox çətin olur. Çünki, belə böhranlar adətən qloballaşan dünyanın də­rin­lik­lərindən gəlir. Və hamı “palaza bürünüb elnən sürünməli olur.” İndi eko­lo­ji böhranlar, kütləvi xəstəliklər, kütləvi qırğın silahlarının qlobal vahiməsi, zən­cirvari müharibə təhlükələri və s. getdikcə artır.

İndi demək olar ki, hər şey qloballaşır. Qloballaşma KİV və internet va­sitəsilə artıq mənəviyyat sferasına da müdaxilə edir və bu sahədəki vi­rus­la­rın da dərmanını tapmaq asan deyil. Yəni, qloballaşma şəraitində hər bir öl­kənin dərd-səri özünə bəs deyilmiş kimi, başqalarının da qurbanına çev­ril­mək təhlükəsi yaranır. Dərdlər qloballaşır. Deməli, daha hər kəs təkcə özünü qo­rumaq, milli maraqlardan çıxış etməklə məhdudlaşa bilməz. Jan-Pol Sartr de­yirdi ki, hər bir insan bütün dünyadakı günahlara görə məsuliyyət hissi ke­çirməlidir. İndiki dövrdə isə təkcə mənəvi məsuliyyət və ya günahkarlıq hissi bəs eləmir. İndi qlobal təhlükələr insanların həyatını bilavasitə təhdid edir. Və deməli onlara qarşı mübarizə də bütün insanlığın vəzifəsidir. Lakin əmək bölgüsü və ixtisasların diferensiallaşması şəraitində, hər kəsin öz işini an­caq başa çatdıra bildiyi bir vaxtda dünyanın problem­lərini düşünmək və həll etmək vəzifəsi görəsən kimin üzərinə düşür? Hətta dövlət başçıları da əsa­sən öz ölkələrinin daxili problemləri ilə məşğul olmaq məcburiyyətində qa­lırlar. Belə olduqda isə, hər bir ölkə və hər bir xalq xarici təsirlərə, qlobal təh­lükələrə qarşı özünü güvənsiz hiss edir.

Bax, belə bir şəraitdə yeni tipli liderlərin meydana çıxmasına ehtiyac yaranır. Təsadüfi deyildir ki, hər dəfə ABŞ-da prezident seçkiləri zamanı id­di­açıların platforması ilə təkcə ABŞ vətəndaşları deyil, bütün dünya ma­raq­la­nır. Amerika prezidentinin mövqeyi həqiqətən bütün dünyada baş verən pro­seslər üçün mühüm göstəricilərdən biri olur. Amma indi elə bir zaman gəl­mişdir ki, siyasi liderlərin təmsil etdikləri dövlətin böyüklüyü yox, irəli sür­dükləri ideyanın böyüklüyü və qloballığı daha önəmli olur. Dünyanı qlo­bal böhranlardan ancaq qlobal ideyalar xilas edə bilər. Neçə əsrlər ərzində be­lə qlobal ideyalar ancaq Avropa ölkələrində, son iki əsrdə isə həm də Ame­rikada meydana çıxır. Bütün dünya ölkələri üçün tövsiyə olunan mü­tə­rəq­qi dövlət quruluşu və idarəetmə sistemləri, insan haqları və beynəlxalq hü­quq normaları, beynəlxalq təhlükəsizlik sisteminin əsasları və s. – hamısı Ye­ni Dövr Avropa filosoflarının ideyalarından qaynaqlanmışdır. Təəssüf ki, son onilliklərdə dünyada gedən proseslərin sürəti o dərəcədə artmışdır ki, in­di ənənəvi normativlər dünyanın tənzimlənməsi üçün yetərli görünmür. Bə­li, artıq yeni normaların formalaşdırılmasına ehtiyac yaranır, paradiqmalar də­yişir. Yeni dövrün ruhunu ifadə edən yeni ideyalar, idarəetmə sistemləri, mil­li ilə qlobalın yeni qarşılıqlı münasibət formulu harada, hansı siyasi lider tə­rəfindən irəli sürülürsə və həyata keçirilirsə, bütün bəşəriyyətin nəzərləri də təmsil etdiyi dövlətin miqyasından asılı olmayaraq, belə liderlərə yönəlir. İn­di o dövlət rəhbərləri bütün dünya miqyasında sayılıb-seçilir ki, onlar ən azı öz xalqlarını böhranlardan və qlobal təbəddülatlardan xilas edə bilir.

XX əsrin sonlarından başlayaraq, bütün dünyada hadisələrin inkişafı va­hid iqtisadi münasibət­lərin formalaşması, vahid ümumdünya bazarının ya­ranması istiqamətində gedir. Azərbaycan rəhbər­li­yi bu obyektiv ten­den­si­ya­ları vaxtında nəzərə aldığından, qlobal və milli maraqlar nəinki toq­quş­mur, hətta bir-birini qarşılıqlı surətdə tamamlayır. Qloballaşma şəraitində mil­li özünəməxsusluğun qorunub-saxlanması, habelə, milli mənəvi dəyər­lə­rə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, bey­nəl­xalq hüquq normalarının və s. inkişaf etdirilməsi – bütün bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.

Beləliklə, yeni dövrdə müstəqilliyin qorunması beynəlxalq miqyaslı ob­yektiv proseslərin mənimsənilməsini və milli maraqlar mövqeyindən də­yər­ləndirilməsini tələb edir. Bunun üçün isə, ilk növbədə bütövlükdə cə­miy­yə­tin intellektual inkişaf səviyyəsi yüksəldilməlidir. Prezident İlham Əliyev döv­rün bu tələbini nəzərə alaraq deyir: “…Müstəqilliyi əbədi, dönməz etmək üçün mən bir daha vurğulamaq istəyirəm, hesab edirəm ki, təhsilin səviyyəsi ən vacib rollardan birini oynayır.” Ölkə rəhbəri yeni inkişaf mərhələsində təh­silin dövlətçilik baxımından xüsusi rol oynadığını başqa çıxışlarında da dö­nə-dönə qeyd edir. Bu sahədə çatışmazlıqların da olduğunu vurğulayan pre­zidentin mövqeyindən belə aydın olur ki, ölkəmizdə elm və təhsil sa­hə­sin­də daha yüksək səviyyədə – ümumi ictimai tərəqqi konsepsiyasının tə­ləb­lə­rinə uyğun gələn köklü islahatlar aparılması qarşıda duran əsas vəzifələr sırasındadır.

Əlbəttə, bir qədər əvvəlki zamanlar olsaydı, biz elm və təhsil sahə­sin­də­ki islahatları da Qərbin böyük dövlətlərini təqlid etmək yolu ilə aparardıq. Bo­lonya prosesinin qeyd-şərtsiz tətbiqi də, Hollandiya təhsil standartlarının öl­kəmizə transformasiyası da, elm sahəsindəki yenidənqurmalar üçün xarici eks­pertləri cəlb edərkən, milli mütəxəssislərin unudulması da Qərb də­yər­lə­ri­ni mütləqləşdirmək dövrünün inersiya üzrə davamıdır. Bu gün bir çox Şər­qi Avropa və MDB ölkələri də, böyük müstəqillik tarixi olan Türkiyə də elm və təhsil quruculuğu sahəsində Qərbin praktikasına istinad edir. Halbuki ye­ni zamanın, yeni ictimai paradiqmanın tələblərini dərk edən qabaqcıl Qərb öl­kələrinin özləri də bu sahələrdə böyük reformalar aparmaq məcburiyyətini eti­raf edirlər. Yəni Qərbin yedəyində çox da uzaqlara getmək olmaz. Çünki Qərb nə vaxtsa qalxmış olduğu yüksək inkişaf zirvəsindən indi aşağı enir, özü­nün tənəzzül dövrünü yaşayır. İndi Qərb ideoloqlarının özləri Avropanın sü­qutundan və mənəvi deqradasiyasından bəhs edir, bundan xilas yolları ax­ta­rırlar. Başlıca səbəblərdən biri də budur ki, industrial və postindustrial in­ki­şaf mərhələ­lə­rin­dən sonra, “istehlak cəmiyyətinin” üstünlük təşkil etməsi “küt­ləvi mə­də­niy­yətə” geniş yol açdı və Qərbdə böyük fəlsəfi ideallara söy­kən­məyən, ra­si­onalizmə və intellektual inkişafa qarşı inkarçılıq mövqeyini mə­nəviyyat sfe­rasına da yönəldən, müasirlik bayrağı altında çıxış etsə də, əslində müasirliyin antitezi olan fərqli dəyərlər sisteminin getdikcə daha çox dərəcədə genişlənməsi ictimai prosesləri tənəzzülə doğru sürükləyir.

Nə qədər paradoksal görünsə də, bizim üstünlüklərimizdən biri tarixi in­kişaf prosesində Qərbdən geridə olmağımızdır. Yəni biz indi intellektual in­kişaf müstəvisində rasionalizm, iqtisadi inkişaf müstəvisində isə post­in­dus­trial cəmiyyət mərhələsinə qədəm qoyuruq. Qərbin bütün inkişaf yolu, tə­rəqqi və tənəzzül məqamlarının mənzərəsi gözümüzün önündədir. Və biz on­ların səhvlərini təkrar etmək məcburiyyətində deyilik.

Əlbəttə, “Qərbdən ancaq elmi-texniki nailiyyətləri götürək, «kütləvi mə­dəniyyətin» və mənəvi aşınmanın isə qarşısını almağa çalışaq” tezisi ilk ba­xışda nə qədər cazibədar görünsə də, praktika bunun əksini göstərir. Yəni Qərb­dən nə isə yaxşı bir şeyi kor-koranə surətdə götürürsənsə, mənəvi aşın­ma­lar onun iki misli ilə gəlir.

Bax, belə bir şəraitdə prezidentimiz öz daxili intellektual potensialımı­zın realizasiyası xəttinə üstünlük verir, elm və təhsilin inkişafı üçün bütün mad­­di-texniki bazanın yaradılmasını öz üzərinə götürür. Bizdən isə tələbi bu mad­di formanın adekvat mənəvi intellektual məzmunla tamamlan­ma­sı­nı təmin etməkdir.

Və bu prosesin konsepsiyası da xaricdən alınmamalı, qabaqcıl ölkələ­rin bütün mövcud praktikasını nəzərə almaqla, tənqidi-təhlil süzgəcindən ke­çirməklə yeni, milli mənəviyyata daha adekvat olan elm və təhsil kon­sep­si­yası yaradılmalıdır. Bunun üçün isə əvvəlcə ictimai və humanitar elmlər sil­kələnməli, milli fəlsəfi fikrin bütün resursları səfərbər edilməli və qlo­bal­laşan dünyanın üstün və zəif cəhətləri üzə çıxarılmalıdır.

Qərb dünyasının ağıllı adamlarının öz ümid dolu nəzərlərini Şərqə yö­nəlt­diyi bir vaxtda, rasionalizmin və intellektualizmin resursları artıq yeni tə­ləbləri ödəmək üçün yetərli olmadığı və ruhi-mənəvi, psixik enerjinin döv­riy­yəyə daxil olduğu bir vaxtda, biz ölkəmizdə hələ də yaşamaqda davam edən mənəvi-estetik ənənələrdən və bədii-metaforik düşüncə tərzindən ta­ma­milə imtina edə bilmərik. Əksinə, insan dünyasının dərin mənəvi qat­la­rın­da yatan enerjinin, irrasional idrak metodlarının dirçəldilməsi üçün təd­bir­lər görülməli, Şərq fəlsəfi təfəkkür ənənələrinin, təsəvvüfün alternativ ya­rad­ıcılıq metodologiyası müasir Qərb düşüncəsinin klassik formaları ilə birləşdirilməlidir.

Prezidentimizin son vaxtlardakı çıxışları elmə, intellektə, insan resur­su­na verilən böyük diqqət və qiymətlə müşayiət olunur. Doğurdan da, hər bir ölkənin tərəqqisi üçün elmin rolu əvəzsizdir. Lakin hansı isə bir ölkənin li­der ola bilməsi xeyli dərəcədə onun başında duran şəxsin liderlik key­fiy­yətindən də asılıdır. Sükan etibarlı əllərdə olmasa, ölkənin bu və ya digər s­a­hə­dəki potensialı da yetərincə reallaşdırıla bilməz.

İndiyədək siyasi liderlik də, milli liderlik də hər bir ölkənin öz çər­çi­və­si daxilində idi. Bəs üçüncü minilliyin ilk doqquz ili nə göstərir? Dünya han­sı istiqamətdə dəyişir və yeni dövrün liderindən hansı keyfiyyətlər tələb olunur?

Milli dövlətlərin formalaşması dövründən bəri, bir tərəfdən, dövlətin ida­rə olunmasında xalqın iştirakı məsələsi, digər tərəfdən də, dövlət baş­çı­la­rı­nın, siyasi liderlərin öz xalqlarının taleyində oynadığı pozitiv və ya neqativ rol həmişə siyasi polemikaların mərkəzində olmuşdur. Demokratiya ilə mər­kəz­ləşmiş idarə sisteminin bir-birini qarşılıqlı surətdə tamamlaması bu sa­hə­də optimallığın mühüm şərti olmuşdur. Bu dövr Qərb ölkələrində artıq 5 əsr­dir ki, davam edir. Müstəqillik qazanmış yeni ölkələr də bu demokratik ida­rəçilik məkanına qatılmış, lakin hər bir ölkənin öz spesifik çətinlikləri şə­ra­itində çıxış yolu göstərə bilən müdrik və təcrübəli siyasi liderlərə ehtiyacı ol­muşdur. Bu sahədə bəxti gətirən ölkələr keçid mərhələsini daha tez və da­ha böyük uğurla başa vura bilmişlər. Qalan ölkələr isə keçmiş sosial-iqtisadi qu­ruluşla yeni iqtisadi münasibətlər sistemi arasında qeyri-müəyyən bir is­ti­qa­mətdə sonu bilinməyən uzun bir yol keçməkdədirlər. Minilliklərin əvəz­lən­diyi böyük keçidlər dövründə planetimizin ən böyük siyasi liderlərindən bi­ri olan Heydər Əliyevin sayəsində ölkəmizdə tez bir vaxtda ictimai-siyasi sabitlik təmin edilmiş, dövrün tələblərinə uyğun dövlət quruculuğu işi mü­vəf­fəqiyyətlə başa çatdırılmış və ən başlıcası, müstəqilliyimizin dönməz bir pro­sesə çevrilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilmişdir.

Nəhayət, böyük öndərin siyasi-iqtisadi xəttini uğurla davam etdirən pre­zident İlham Əliyev keçid dövrünü tamamlayaraq, iqtisadi inkişafın ge­niş «asfalt yoluna» çıxmaq vəzifəsini yerinə yetirdi. Bu mərhələnin başa çat­dı­ğını o, BDU-nun 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə elan etdi: «Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vur­mu­şuq». Bu, əlbəttə, müstəqillik dövründə əldə olunmuş ən böyük zəfərlərdən bi­rinin rəsmən təsbit olunması idi.

Bəli, biz iqtisadi sahədə keçid dövrünü artıq başa vurmuşuq. Lakin bu o demək deyildir ki, bu sahədə qarşıda duran vəzifələr başa çatmışdır. Ək­si­nə, yeni iqtisadi münasibətlərə keçid prosesinin tamamlanması cəmiyyətdə ye­ni iqtisadi bazisin və deməli, yeni ictimai paradiqmanın formalaşması de­mək­dir. Və bu proses labüd surətdə digər ictimai münasibətlər kompleksinin bu yeni bazisə uyğunlaşmasını, onunla ayaqlaşmasını, onu tamamlamasını tələb edir.

Bu nailiyyətlər və bu problemlər əsasən bir ölkə çərçivəsindədir. La­kin indi dünyada başqa proseslər də gedir. İndi bir ölkə öz daxilində hər şeyi həll etdiyi bir məqamda, qonşu ölkələrdə, hətta bəzən çox-çox uzaqlarda baş ve­rən hadisələr istər-istəməz məsələlərə yenidən baxılmasını, hansı isə pro­se­sin səmtinin dəyişməsini, hansınınsa yeniləşməsini tələb edir. Yəni indiki dövr­də müstəqillik mütləq səciyyə daşıya bilməz. Başqa sözlə desək, daxili pro­sesləri daha stabil edə bilmək üçün mütləq xarici proseslər də diqqətlə öyrənilməli, proqnozlaşdırılmalı, nəzərə alınmalıdır. Qloballaşma elə bir həd­də gəlib çatmışdır ki, ölkənin idarə olunması təkcə daxili məsələlərin həl­li ilə başa çatmır. Mənbəyi daxildən qaynaqlanmayan, qlobal səciyyə da­şı­yan, bütün bəşəriyyəti narahat edən proseslərin transformasiyası hər bir öl­kə­nin taleyinə təsir göstərir. Bu səbəbdən də müasir dövrdə planetar dü­şün­cə­yə malik olan, yerli məsələləri də beynəlxalq miqyasda baş verən də­yi­şik­lik­lər kontekstində, ümumi tendensiyaları nəzərə almaqla həll edən, lokalla qlo­balın, milli ilə ümumbəşərinin vəhdətindən çıxış edə bilən liderlərə eh­ti­yac yaranmışdır. Söhbət yalnız hansı isə xalqın, millətin deyil, bütövlükdə bə­şəriyyətin ehtiyacından gedir. Əlbəttə, bu böyük, məsuliyyətli və şərəfli missiyanı üzərinə götürə biləcək dövlət başçıları çox azdır. Hətta dövlətin böyüklüyü və iqtisadi qüdrəti də burada əsas rol oynamır.

İndi zaman başqa zamandır. Təbii resursların tükənməsi hansı isə kon­kret ölkələr çərçivəsində deyil, bütövlükdə dünya miqyasında problemə çev­ri­lir. Kimdə isə bir az tez, kimdə isə bir az gec. Əsas olan odur ki, daha eti­bar­lı və daha uzunömürlü ehtiyatların üzə çıxarılması istiqamətində işlər gö­rül­sün. Və bu məsələdə gecikmək olmaz. Qloballaşma da sadəcə transmilli şir­kətlərin fəaliyyət dairəsinin genişlənməsi, iri maliyyə maqnatlarının və sin­dikatların asılı ölkələrin iqtisadiyyatına müdaxiləsi, planetar miqyas alan ekoloji problemlərin çözülməsi istiqamətində birgə səylər, mədəniyyətlərin transformasiyası ilə məhdudlaşmayaraq, getdikcə daha çox dərəcədə ideo­lo­ji və siyasi çalarlar kəsb edir.

İndi bəşəriyyətin taleyi planetar düşüncəli siyasi liderlərin varlığından və fəaliyyətindən daha çox asılı olmuşdur.

Hər bir xalqın bu və ya digər dərəcədə intellektual resursları vardır. La­k­­in onun realizasiyası elə də sadə bir məsələ deyil. Bu proses, əvvəla, çox bö­yük kapital qoyuluşu, uzunmüddətli ictimai təşkilatlanma işi tələb edir. Ka­sıb ölkələrdə maariflənmənin, təhsilin və nəhayət, elmi fəaliyyətin yük­sək səviyyədə təşkili mümkün deyil. Belə ölkələrdə ən yaxşı halda beynəl­xalq ictimaiyyətin dəstəyi ilə savadsızlığın ləğvi prosesi gedir. Bizim ölkə isə hələ sovet dövründə bu problemi həll etmişdir və hazırda intellektual in­kişaf səviyyəsinə görə qabaqcıl ölkələrdən bir o qədər də geridə qalmır. La­kin səviyyə yüksəldikcə yuxarıya qalxmağın çətinlikləri və məsrəfləri də ar­tır. Ölkəmiz indi kifayət qədər yüksək maliyyə resurslarına malikdir. Gə­lə­cə­yimiz bu resursların necə yönəldilməsindən asılıdır. Təsadüfi deyil ki, neft öl­kələri üçün səciyyəvi olan iki fərqli situasiya: Norveç modeli və Nigeriya aqibəti simvolik məna kəsb etmişdir.

Prezident İlham Əliyevin dönə-dönə elm və təhsil məsələlərinə toxun­ma­sı və bu sahələrin dövlət siyasətində prioritetliyini vurğulaması təsadüfi de­yildir. İqtisadi sahədə keçid mərhələsinin başa vurulması və dünyanın qa­baq­cıl ölkələri ilə eyni start xəttinə çıxılması həmin ölkələrin qabaqcıl və güc­lü olmasını təmin edən əsas amillərin də mənimsənilməsini tələb edir. Be­lə ki, Qərb dünyası nəyə nail olubsa, ilk növbədə elmi-texniki yaradıcılıq sa­yəsində nail olubdur. Əgər biz onlarla yarışa girmək istəyiriksə deməli, qar­şımızda duran əsas vəzifələrdən biri elm və təhsil sisteminin yeniləş­diril­mə­si olmalıdır. Lakin söhbət təkcə dövlət qayğısından getmir. Çünki dövlət öz strateji kursunu artıq müəyyən etmiş və bu sahələrin maddi-texniki təc­hi­za­tı istiqamətində böyük işlər görülməsinə başlamışdır. İlham Əliyevin öz de­diyi kimi, “son altı il ərzində Azərbaycanda 1800 yeni məktəb tikilibdir. Yüz­lərlə məktəbdə yeni korpuslar tikilib, təmir aparılıbdır. Bu nəyi gös­tə­rir?! Bu onu göstərir ki, bu sahə prioritet sahədir”.

Lakin bu, işin ancaq başlanğıcıdır. Yeni binalar tikilməsi və maddi-tex­niki təchizat dövlət qayğısının ifadəsidir. Bəs, qayğı ilə əhatə olunan elm və təhsil sahələrində daxili məzmunun dəyişdirilməsi işi kimin tərəfindən həyata keçirilməlidir? Biz – elm adamları və təhsil işçiləri bu sahədə aparıl­ma­­lı olan reformaların elmi-nəzəri əsaslarını işləyib-hazırlaya bilmişikmi? Və bu işlə hansı elm sahəsinin adamları məşğul olmalıdır? Müəyyən dar ix­ti­­sas sahəsi üzrə mütəxəssislər, təbii ki, elm və təhsil konsepsiyasını ha­zırlaya bilməzlər. Yeniləşən cəmiyyətin strukturunda elm və təhsilin məx­su­si yerini müəyyənləşdirmək, ən optimal təşkilati modellər hazırlamaq, heç şüb­həsiz, cəmiyyətşünaslığın, ictimai elmlərin predmetinə daxildir. Bax, döv­lət başçısının tapşırığı ilə noyabrın 21-də Prezident Administrasiyasının rəh­bəri akademik Ramiz Mehdiyevin ictimai və humanitar elmlər sahəsində vəziyyətlə əlaqədar keçirdiyi müşavirə də bu məqsədlə çağırılmışdı. Dövlət rəhbərliyi fəlsəfi tədqiqatların və ictimai elmlərin yeni şəraitdə ictimai ger­çək­­liyin elmi təhlili və proqnozlaşdırılması istiqamətində səfərbər olun­ma­sı­nı istəyir. Həm də bu, sadəcə bir istək deyil; ölkəmizin yüksəlmiş olduğu ye­ni inkişaf mərhələsinin elmi surətdə dəyərləndirilməsi ilə yanaşı, bütün dün­yada gedən böyük proseslərin, paradiqmaların əvəzlənməsinin mahiy­yə­ti­nin açılması lazımdır. Bu gün kim həm özünü, həm də dünyanı daha yaxşı dərk edirsə, gələcək də onundur.

Azərbaycan iqtisadi inkişaf sahəsindəki uğurlarına və dövlət başçı­sı­nın yeni ictimai paradiqmanı vaxtında mənimsəmək və milli intellektual po­ten­sial zəminində ölkəmizi lider ölkələr sırasına çıxarmaq əzminə gü­və­nə­rək elm və təhsil sahəsindəki quruculuq işlərini də ən yeni dövrün və milli ru­hun tələblərinə uyğun surətdə qura bilər. Bizcə, prezidentin ölkəmizdə və dün­yada gedən ictimai proseslərin daha dərindən öyrənilməsi məqsədilə ic­ti­mai elmlərin bütün potensialının səfərbər olunması barədə verdiyi tap­şırıqlar da məhz bu ehtiyacdan irəli gəlir.

Əlbəttə, “intellektual kapital” ideyası özlüyündə bir yenilik deyil, çün­ki Qərbdə xeyli vaxtdır ki, hallandırılmaqdadır. Amma burada fərqli bir mə­qam var. Qərbdə bu ideya alimlər tərəfindən irəli sürülür və onun hər hansı bir dövlətin strateji xəttinə çevrilməsi üçün siyasi iradə də lazımdır. Yəni ide­ya əvvəlcə cəmiyyətdə formalaşır və realizasiya şansı qazanmaq üçün ic­ti­mai-siyasi təbəddülatlarla dolu uzun bir yol keçməli olur. Elmi ideyaların, xal­qın istək və arzularının, potensial imkanlarının, fəaliyyət əzminin siyasi li­derin fəaliyyət proqramı ilə üst-üstə düşməsi heç də asanlıqla əldə olunmur.

Amma bizdə elmin səviyyəsi xeyli aşağı olsa da və aşağıdan yetərincə tə­şəbbüslər gəlməsə də, dövlətin strateji xətti dünya elmi-fəlsəfi fikrinin ən son nailiyyətləri ilə səsləşir. Bir sözlə, ideya yuxarıdan gəlir. Həm də sadəcə ide­ya verilmir, onun realizasiyası üçün dövlət dəstəyi və maddi təminat da təq­dim olunur. Və bu dəfə tələb olunan elmi ictimaiyyətin buna adekvat re­ak­siyası, cəmiyyətin açılmış bu imkanları reallaşdırmaq üçün ictimai iradə nü­mayiş etdirməsidir. Yəni baxılan halda siyasi iradə öndədir: ictimai şüur və sosial proseslər ona uyğunlaşmalı, bütövlükdə cəmiyyətin səviyyəsi qalx­ma­lıdır. Prezident bunun yolunu da göstərir: elm və təhsil. İctimai şüurun in­kişaf etdirilməsi, xüsusilə humanitar və ictimai elmlərin canlandırılması bu sahədəki müzakirələrə də onun tapşırığı ilə yüksək dövlət rəsmisi tə­rə­fin­dən start verilir.

Bu məqamda maraqlı bir bənzəyişi yada salmamaq mümkün deyil. 2001-ci ildə çap etdirdiyim “Lider. Dövlət. Cəmiyyət” kitabında Heydər Əli­yevin liderlik xüsusiyyətlərindən bəhs edərkən belə bir məqamı xüsusi vur­ğulamışdım ki, beynəlxalq praktikada “milli-mənəvi dəyərlərin də dövlət qu­ruculuğu və sosial-iqtisadi inkişaf stra­tegiyası ilə yanaşı ümummili in­ki­şaf strategiyasına, milli ideologiyanın strukturuna daxil edilməsi üçün bir qay­da olaraq milli ziyalılar dövlət başçısına, siyasi rəhbərliyə təsir gös­tər­mə­yə çalışırlar. Azərbaycanda isə bu proseslərin mənzərəsi xeyli dərəcədə fərq­lidir. Ziyalılarımızın milli tərəqqi prosesində rolunu azaltmadan və o­n­la­rın milli heysiyyatına toxun­madan qeyd etməliyik ki, bizdə milli dəyərlər uğ­runda mü­barizənin önündə çox vaxt dövlət başçısı özü gedir və əksinə, mil­li ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər etməyə çalışır. Ona görə yox ki, Azərbaycan ziya­lıları millətini az sevirlər. Sadəcə olaraq, prezidentimiz millət sevməyin, millətə xidmətin yüksək ali nümunəsini, yollarını və üsullarını hətta alimlərimizdən, yazıçıları­mızdan da yaxşı mənimsədiyinə görə təşəbbüs ondan çıxır”.

Burada söhbət mənəviyyatdan, milli ideologiyanın formalaşdırıl­ma­sın­dan gedirdi. İndi isə zaman dəyişmiş, ölkəmiz yeni inkişaf səviyyəsində el­min rolunun və səmərəsinin artırılmasına, ictimai proseslərin elmi əsaslar üzə­rində təşkil olunmasına ehtiyac hiss edir və bu məqamı vaxtında tutan si­yasi rəhbərlik elmi ictimaiyyəti bu istiqamətdə səfərbər etməyə çalışır.

Düzdür, bu dəfə söhbət milli-mənəvi dəyərlərdən yox, milli-intel­lek­tu­al potensialdan gedir, amma lider - dövlət - cəmiyyət üçlüyünün daxili dina­mi­kasında eyni ardıcıllıq müşahidə olunur: istiqamətləndirici ideya siyasi li­der­dən gəlir və onun realizasiyası üçün bütün dövlət resursları cəlb olunur, xal­qın zəka potensialının fəal ictimai qüvvə kimi canlandırılması, maddi ka­pi­talın intellektual kapitala və onun da öz növbəsində insan rifahına çevrilməsi nəzərdə tutulur.

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə