Redaksiya Şurası: Akademik Ramiz Mehdiyev




Yüklə 1.63 Mb.
səhifə2/12
tarix22.02.2016
ölçüsü1.63 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Akademik Ramiz Mehdiyevin

İctimai və humanitar elmlər: zaman kontekstində baxış”



məqaləsi ətrafında müzakirələr


Rəbiyyət Aslanova

XXI əsrdə milli dövlətçiliyin inkişafı və ictimai elm
XX əsrin ikinci yarısından dünyaya yaradıcı, fəal münasibət və bu key­fiyyətlərə malik insan cə­miyyətin ən böyük sərvəti hesab olunur. Təbii ki, belə bir mərhələdə mövcud reallığa həmişə al­ter­nativ rakursdan, yaradıcı priz­madan baxan fəlsəfi düşüncə tərzinə böyük ehtiyac yaranmışdır. Be­lə dü­şünmək olar ki, bu sahədə ictimai elmlərin ən yüksək fəallığı müşahidə olun­malıdır. Yəni fəl­sə­fə­də minillər mövcud olan dünyanın dərki prob­le­mi­ni dünyanın yaradıcı dərki problemi əvəzləyir. Çün­ki yalnız yaradıcı dərk­et­mə dəyişiklik və yenilikləri özündə əks etdirə bilər. Bu isə qeyri-müəy­yən, qey­ri-standart və alternativ baxışların formalaşması deməkdir. İnsanın dün­ya­gö­rüşündə yaradıcı key­fiyyətlərin inkişaf etdirilməsi baxımından ictimai el­min malik olduğu imkanlar, intellektual prak­tika, yaşı min illərlə ölçülən "dialoq ənənəsi"ndən başqa heç bir sahədə yoxdur.

Fəlsəfi düşüncə isə burada ona əzəli xas olan yaradıcılıq keyfiyyəti ilə əvəz­siz, özünəməxsus rol oynamalıdır. Etiraf edək ki, bu gün insan, onun ya­radıcı təfəkkürünün yeni ölçülərinə dair ümu­mi bir konsepsiyamız, geniş təd­qiqatlarımız yox dərəcəsindədir. Bundan başqa, ictimai elmin təlimi və təd­risi proseslərində yaradıcı keyfiyyətləri aşkara çıxaran metodikaların tət­bi­qinə böyük ehtiyac var.

Akademik Ramiz Mehdiyev məqaləsində xüsusi olaraq diqqətə çat­dır­mış­dır ki, milli-mənəvi də­yərlərin qorunması indi ən ümdə vəzifələrdən biridir. Lakin milli dəyərlərin qorunub sax­lan­ma­sın­dan danışarkən biz heç də onların konservasiyasını nəzərdə tutmuruq. Biz daim irəliyə, gələcəyə bax­malı, insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun gələ­cəyə doğru uğurla addımlaması üçün həm zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu mü­əy­yən edən strategiyada, söz­süz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir. O, həmçinin xüsusi vur­ğu­lamışdır ki, 90-cı illərin ideologiyasızlığı və oriyentasiyasızlığı artıq ar­xa­da qalmışdır. Milli mə­dəni-mənəvi oriyentasi­yanın olmaması, xarici döv­lət­lə­rin stereotip inkişaf modellərinə kor-kora­nə riayət edilməsi hökmən mil­lə­tin öz simasını itirməsi ilə nəticələnir. Ancaq Azərbaycanda cəmiy­yə­ti sə­fər­bər etmək mümkün olmuşdur: "Azərbaycanın gələcək inkişaf strategiyasını mü­əy­yən­ləş­dir­miş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edə­rək onu düzgün yola ist­i­qamət­lən­dir­di. Bu gün 90-cı illərin çətinliklərini ar­tıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin in­kişafında yeni mər­hələ yaşayırıq."

Buna görə də Azərbaycanda islahatların məhz bu xüsusiyyəti - elmin cə­miyyətdə, konkret dövr­də gedən quruculuq proseslərində dövlətçiliyə xid­mət etməsi kimi strateji funksiyasının inkişafı isti­qamətində getməsi va­cib­li­yi xüsusi vurğulanmışdır. Söhbət hər hansı mövcud modelin mexaniki tət­bi­qin­dən getmir. Çünki hər bir ölkə özünəməxsus milli tarixi ənənəyə, sosial-iq­tisadi reallığa ma­lik­dir. Məsələn, ABŞ-da təhsilin təşkilində tarixən liberal ya­naşma üstünlük təşkil etmişdirsə, Al­ma­ni­yada universitetlərə dövlət hi­ma­yə­si ənənəsi formalaşmışdır. Qərb və dünya sistemindəki ümumi cə­­hət isə bun­dan ibarətdir: təhsil və elm real zamanın tələblərinə uyğun olaraq mü­va­fiq fənn və isti­qa­mətlərin çevik dinamikasını, yeniləşməsini təmin etməklə da­im müasirləşmə mövqeyindən çıxış edir.

Təbii ki, elm və təhsil ümumbəşəri sərvət və dəyərlərdir dedikdə, söh­bət yalnız Qərb elmindən get­mir. Cəmiyyət haqqında elm məhz hər bir ölkə­nin spesifikasını, tarixi-mədəni inkişaf ənənəsini mü­asir problemlərini təhlil et­məklə elmin ümumbəşəriliyini şərtləndirir. İctimai elmin konkret milli döv­­lətin varlığı, inkişaf problemləri və perspektivləri ilə sıx bağlılığı onun baş­lıca spesifikasını təş­kil edir. Cəmiyyətdə reallıq təbiətdəki reallıqdan fərq­li olaraq daimi dəyişkən xarakter daşıdığı üçün ic­timaiyyətşünaslığın da prob­lemlər üzrə yeniləşməsini, prioritet sahələrin tədrisini, yeni tələblərə ca­vab verən kadrların, yeni nəsil elitanın hazırlanmasını zərurətə çevirir. Bu da tədrisdə kafedraların struk­tur və istiqamətlər baxımından yeniləşməsini gündəmə gətirir.

Yad ideyaların və yanlış cərəyanların insanlarımızın şüuruna nüfuz etməsinə yol verməmək də ic­timaiyyətşünaslığımızın əsas qayələrindəndir. Su­veren dövlətə, müstəqil milli siyasətə, iqtisadi, mə­dəni sistemə malik ol­du­ğumuz halda vətəndaşlarımızın yalnız yabançı dünyagörüşün daşıyıcısına çev­­rilməsi anormal bir vəziyyət olardı. Əslində ətrafımızda özünü müstəqil he­sab edən, gerçəklikdə isə hansısa "xarici", məqsədli təbliğ olunan, ölkədə sa­bitliyi pozmağa yönümlü ideyaların əsiri olan­lar da az deyildir. Müstə­qil­lik ilk növbədə müstəqil, yaradıcı, fəal və təşəbbüskar düşüncəyə malik ol­maq deməkdir. Həm özü, həm də xalqı üçün gərəkli olmaq deməkdir. Dün­ya ideya məkanına hər­tə­rəfli bələd olmaqla yanaşı, onları müstəqil, milli dü­şün­cənin süzgəcindən keçirməyi bacarmaq de­mək­dir.

İctimaiyyətşünaslığın problemlər üzrə yeniləşməsi, prioritet sahələrin təd­risi, yeni tələblərə ca­vab verən kadrların, yeni nəsil elitanın hazırlanması zə­rurətə çevrilir. Bu da həmin sahənin struktur və istiqamətlər baxımından ye­niləşməsini gündəmə gətirir. Bu prosesdə tarixən sınanılmış "ənənə və in­no­vasiyaların varisliyi" prinsipindən çıxış etmək uğur gətirir.

XXI əsrdə insanın düşüncəsi bir "çeviklik fəlsəfəsi"ni mənimsəməli, çox­saylı risk və təh­did­lə­rə qarşı hazır olmalıdır. Bu gün Azərbaycan regi­on­da və dünyada dinamik inkişafın lideri kimi ta­nı­nır. XXI əsrdə Azərbaycan obrazı, onun ötən yüziliklərlə müqayisədə nə qədər dinamik və mü­tə­rəq­qi yöndə təkamülə uğramasına dair tədqiqatlar intensiv şəkil almalıdır.

Humanitar intellektin, humanitariyanın üzərinə düşən məsuliyyət məhz dəyişikliklərin avan­qar­dı kimi çıxış etməsi zərurətini dərk etməsidir. Bu gün cəmiyyətin də, insanın da fasiləsiz prob­lem­lər məkanında mövcud ol­duğu diqqət mərkəzində saxlanılmalıdır. Bu başlıca olaraq yenilik, sü­rət və dəyişiklikliyin hər şeyə qadir gücü və təzyiqinə qarşı dura biləcək yeni in­sanın for­ma­laş­ma­sıdır. Bütün bu məsələlər milli ictimaiyyətşünaslıqdan in­kişafın yeni strategiyasının, qlobal tarixi layihənin təşəbbüskarı və sub­yek­ti olmaq kimi məsuliyyəti üzərinə götürməyi tələb edir.

Yekun olaraq qeyd etmək istərdik ki, dövlətimizin bir keçid mər­hə­lə­si­ni qət edərək, digər mo­de­lə keçid ərəfəsində olduğu – Azərbaycanın tə­ka­mül inkişaf tipindən innovasiyalı inkişaf tipinə, bi­li­yə əsaslanan cəmiyyət mər­hələsinə keçid alması akademik Ramiz Mehdiyevin məqaləsində fun­da­men­tal strateji məqsəd kimi bəyan edilmişdir.

Biz, ictimai və humanitar elm sahələrinin təmsilçiləri bütün cəmiy­yət­lə birlikdə Azərbaycanın öz gələcəyini daxili potensiala, ilk növbədə zəkaya, elmə və təhsilə əsaslanaraq quracağı, üzərimizə el­min dövlətçilik məsələlərinin intellektual təminatçısı kimi böyük və şərəfli məsuliyyət düşdüyü döv­rə qədəm qoyuruq.

Gövhər Baxşəliyeva

Elmdə islahatlar günün tələbidir
Məqalə kifayət qədər tənqidi ruhda yazılsa da, bu, elə oradaca qeyd olun­duğu kimi, islahedici xarakter daşıyan tənqiddir. Müəllif ilk növbədə ic­ti­mai və humanitar elmlər sahəsində yaranmış vəziyyətin köklərini ay­dın­laş­dı­rır və bunu, haqlı olaraq, 1990-cı illərin əvvəllərində ölkəni bürümüş so­sial, siyasi və iqtisadi böhranla əlaqələndirir. Həmin böhran, təbii ki, elmdən və alimlərdən, elm və təhsil müəssisələrindən, konkret olaraq, təmsilçisi ol­du­ğum Milli Elmlər Akademiyasından da yan keçə bilməzdi. Yəni elmdə açıq-aşkar özünü göstərən böhran və tənəzzül prosesləri, ilk növbədə, ob­yek­tiv amillərlə bağlı idi. Burada hər şeydən əvvəl ənənəvi olaraq elmə və təh­silə maraq göstərən Azərbaycan cəmiyyətinin siyasiləşməsini, siyasi ha­di­sə və proseslərin insanların diqqət mərkəzinə gəlməsini qeyd etmək la­zım­dır. Bu işdə zorla cəlb olunduğumuz Qarabağ münaqişəsi, şübhəsiz, mühüm rol oynamışdır. Həmin dövrdə alimlərin maddi təminatının kəskin şəkildə aşağı düşməsi bir tərəfdən elmi kadrların başqa sahələrə üz tutmasına, digər tərəfdən də xarici ölkələrə "beyin axını"nın başlanmasına start verdi.

Amma faciə təkcə bunda deyildi. Hələ ötən əsrin 80-ci illərinin or­ta­la­rın­dan yürüdülən "ideologiyasızlaşdırma" kursu, hörmətli akademikin vur­ğu­ladığı kimi, ictimai və humanitar tədqiqatlara ciddi mənfi təsir göstərdi. Bu, ilk növbədə, elmi araşdırmalarda müşahidə olunan "metodoloji boş­luq"­da özünü büruzə verirdi. Yəni elmi-tədqiqat əsəri kimi cəmiyyətə təqdim edi­lən, kitab və məqalələrdə müəlliflərin tarixi-ictimai proseslərə hansı nə­zə­ri-metodoloji prinsiplərdən yanaşdığı bəlli olmurdu. Həmin "prinsipsizlik" say­sız-hesabsız kompilyativ işlərin, hətta birbaşa plagiat nümunələrinin çap edi­lib yayılması ilə nəticələnirdi. Bu azmış kimi, mövcud boşluğu, mə­qa­lə­də deyildiyi kimi, çeşidli surroqat ideologiyaların təsiri altında meydana çı­xan yazılar doldurmağa başladı. "Araşdırma mərkəzi" adı altında fəaliyyət gös­tərib müxtəlif xarici təşkilatlardan aldığı qrantlar hesabına "əsərlər" ya­yan bəzi üzdəniraq şəxslər cəmiyyətimizə yabançı, hətta bir çox hallarda zə­rər­li düşüncələri ötürməyə müvəffəq oldular, bununla da ictimai şüura, xü­su­sən gənclərimizin zehninə mənfi təsirlər buraxdılar.

… Akademik Ramiz Mehdiyevin məqaləsi də, bu proseslərin davamı və konkret olaraq, ictimai və humanitar elmlərin müasir dövrün tələblərinə, dövlətçiliyimizin yüksəlişinin hazırkı mərhələsinə, Azərbaycanın inkişafının məntiqinə uyğunlaşdırılması zərurətini açıqlayan və konseptual müddəalarla zəngin olan proqram səciyyəli bir əsərdir.

Etiraf etmək lazımdır ki, yaxın keçmişdə Azərbaycan elmində özünü gös­tərən böhran təkcə ideoloji və metodoloji deyil, həm də struktur xa­rak­ter­li olmuşdur. Başqa sözlə, sovet dövründən qalma paradiqmanın özünü tü­kən­dirməsi elmin cəmiyyətdəki roluna bilavasitə mənfi təsirlər ba­ğış­la­mış­dır. Aydındır ki, elmin təşkili, idarə olunması və maliyyələşdirilməsinin köh­nə metod və prinsipləri, o cümlədən, əməyin ödənilməsindəki "bəra­bər­çi­lik" özünü doğrulda bilməz və bu mənada alimlər yeni yaradılmış Elmin İn­kişafı Fonduna böyük ümidlər bəsləyirlər. Məşhur rus tarixçisi Vasili Klyu­çevski yazırdı: "Elmi çox zaman biliklə qarışdırırlar. Bu, kobud bir an­la­şılmazlıqdır. Elm təkcə bilik deyil, həm də şüurdur, yəni bilikdən lazım ol­du­ğu kimi istifadə etmək bacarığıdır". Bizdə bilikli, savadlı insanlar az de­yil. Bütün çətinliklərə rəğmən, Azərbaycan elmi öz ənənələrini qoruya bilib. Odur ki, hazırkı mərhələdə əsas məqsəd, islahatların başlıca hədəfi mövcud potensialdan daha düzgün istifadədən ibarət olmalıdır.

Akademik Ramiz Mehdiyevin məqaləsində toxunulan ən ağrılı mə­qam­­lardan biri ictimai və humanitar elm sahələrində çalışan alimlərin cə­miy­yətlə əlaqələrinin zəifliyi, sosial sifarişə çevik reaksiya verə bil­mə­mə­si­dir, dövlət-vətəndaş münasibətlərinin əlaqələndirilməsində lazımi rol oy­na­ma­masıdır. Müəllif çox doğru olaraq deyir: "...Tədqiqatlar yalnız şəxsi kar­ye­ra üçün aparılmamalı, dövlətin, cəmiyyətin maraq və ehtiyaclarına xidmət et­mə­lidir". Həqiqətən də, qloballaşma erası və informasiya cəmiyyəti alimin öz hücrəsinə qapılıb qalmamasını, cəmiyyət üzvlərinin açıq dialoqa kök­lən­mə­sini, vətəndaşların intellektual tələblərinin ödənilməsinə maksimum səy göstərilməsini tələb edir. Belə olarsa, meydan diletantların və belə deyək, muzdlu qələm sahiblərinin əlindən çıxar.

Məqalədə dissertasiya şuralarının işi, o cümlədən, elmi fəaliyyəti biz­ne­sə çevirən bəzi üzdəniraq alimlər barədə də haqlı tənqidlər səslənmişdir. Dü­şünürəm ki, qeyd olunan neqativ halların aradan qaldırılması üçün disser­tan­turaya və doktoranturaya qəbul mexanizmi təkmilləşdirilməli, birmənalı ola­raq müdafiələrə yalnız elmi və pedaqoji fəaliyyətlə məşğul olan insanlar bu­raxılmalıdır. Tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacaq "Elm haq­qın­da" qanunun qəbulu isə buna lazımi hüquqi baza hazırlamalıdır.

Əlbəttə, ötən dövr ərzində AMEA-da, konkret olaraq, onun humanitar və ictimai elmlər bölməsinə daxil olan institutlarda bir sıra islahatlar apa­rıl­mış, zamanın tələbinə cavab verən yeni elmi istiqamətlər, yeni şöbə və qrup­lar yaradılmışdır. Lakin hazırkı mərhələ daha əsaslı dəyişiklikləri zəruri et­miş­dir və bu zərurət akademik Ramiz Mehdiyevin məqaləsində üç aspektdə əsaslandırılmışdır:


  1. idarəçilikdə qəbul olunan siyasi qərarların elmi təhlilə söykən­mə­si;

  2. ölkənin daxili və xarici siyasətinin elmi araşdırılması və şərhi;

  3. Azərbaycan cəmiyyətində baş verən mental və sosial-psixoloji proseslərin tədqiqi.



Hadı Rəcəbli

Siyasi idarəetmədə elmi proqnozların praktik əhəmiyyəti
Tarixən hər bir elm sahəsinin ictimai dəyəri, əhəmiyyəti onun praktik tət­biq imkanları, fay­da­lı­lıq əmsalı ilə ölçülür. Əgər elm cəmiyyətin in­tel­lek­tu­al tərəqqisinə, dövlətin ideoloji və siyasi cə­hət­dən qüdrətlənməsinə, iqti­sa­diy­yatın davamlı inkişafına töhfəsini vermirsə, deməli, onun dəyərindən da­nış­maq da mümkün deyildir. Hazırkı mərhələdə mövcud uğurların qorunub sax­lanılması üçün ida­rə­çilikdə yüksək elmi-intellektual səviyyənin təmin edil­məsi olduqca vacibdir. Milli iqtisadiyyatın sü­rətli artım tempi strateji ma­hiyyət kəsb edən elmi tədqiqatların maliyyəşdirilməsini, ölkənin iqti­sa­di, si­yasi, elmi-mədəni və humanitar həyatı ilə bağlı sanballı araşdırmaların, in­novativ yeniliklərin or­taya qoyulmasını şərtləndirir. İnkişaf etmiş döv­lət­lə­rin təcrübəsi göstərir ki, dövlət öz gələcəyi ilə bağ­lı fundamental təd­qi­qat­la­rın həyata keçirilməsi prosesini himayə edərək konkret addımlar at­dıq­da əl­də olunan yeniliklər daha səmərəli və faydalı olur. Cəmiyyətin intellekual tə­bə­qəsinin iştirakı ilə formalaşan, "beyin mərkəzi" qismində çıxış edən el­mi-siyasi institutlarda hasil olan layihələr ic­ti­mai həyatın ən müxtəlif sa­hə­lə­rin­də mütərəqqi yenilikləri stimullaşdırır. Hazırda dünyanın bir çox öl­kələ­rin­də belə "beyin mərkəzləri" mövcuddur və onların dərin elmi araş­dır­ma­la­rı, reallığa adekvat proq­nozları bütövlükdə dünya siyasətinə təsirsiz keçin­mir. Məsələn, ABŞ-ın nüfuzlu "Gellap İn­ter­na­tional" İnstitutunun keçirdiyi sor­ğuların, açıqladığı elmi qənaətlərin, ərsəyə gətirdiyi tədqiqatların mö­tə­bər­liyi sivil dünya ölkələrində ciddi qəbul olunur. Eləcə də Beynəlxalq Res­pub­likaçılar İns­ti­tu­tu, İFES kimi ixtisaslaşmış mərkəzlər bu prosesdə sözünü deyir, ABŞ-ın dövlət maraqlarının həyata ke­çirilməsində iştirak edirlər.

Akademik Ramiz Mehdiyev məhz bu reallıqdan çıxış edərək yazır ki, ida­rəçilik sistemində qə­bul olunan siyasi qərarların elmi bazasının forma­laş­dı­rılmasında alimlərin təşəbbüskarlığına və fəal­lı­ğına ehtiyac var. Respubli­ka­nın dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyası döv­lət əhə­miyyətli strateji araşdırmaların aparılmasını, idarəetmə prosesinin tək­mil­ləşdirilməsinə dair müx­təlif proqnozların verilməsini, cəmiyyətdaxili so­si­al-siyasi vəziyyətin təhlilini, sosioloji sor­ğu­la­rın keçirilməsini, res­pub­li­ka­nın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli təd­qi­qat­la­rın əla­qələndirilməsini tələb edir. Görkəmli dövlət xadimi siyasi qərarların dü­rüst­lüyünün təmini pro­sesində üç mühüm istiqamətdə – sosial siyasi, o cüm­lə­dən politologiya, sosiologiya və iqtisadi elm­lər; fəlsəfə, psixologiya və in­fo­rmasiya-kommunikasiya istiqamətləri; dövlət idarəçiliyi nəzə­riy­yə­si, me­nec­ment və digər sahələrdə elmi tədqiqatların nəticələrinə arxalanmağı vacib sayır. ...

...AMEA-nın, xüsusən də ictimai və humanitar yönümlü institut­la­rın­da aparılan elmi tədqiqatların milli ideologiya və dövlət maraqları baxı­mın­dan aktuallıq kəsb etməməsi, çağdaş dövrün tələblərinə cavab verməməsi aka­demik Ramiz Mehdiyevin son əsərində haqlı olaraq əsas problemlərdən bi­ri kimi diqqətə çəkilir. Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla ba­şa vurmasına, modernləşmə yönümündə inamlı addımlar atmasına rəğ­mən, fəlsəfə, politologiya, tarix, ədəbiyyat, sosiologiya və digər elm sahə­lə­ri­nin sovet dövrünün neqativ stereotiplərindən, arxaikləşmiş tədqiqatçılıq me­todologiyalarından qurtulmaması, Qərb mühitində elmi həllini çoxdan tap­mış problemlərə "baş vurması", köhnəlmiş mövzulardan əl çəkməməsi hə­qiqətən də təəssüf doğuran haldır. Tranzitar proseslərin mənfi təsir­lə­rin­dən tamamilə sığortalanmayan Azərbaycanda yeni nəslin milli ideologiyaya, azərbaycançılıq məfkurəsinə, mənəvi dəyərlərə bağlılığını təmin etmək, ümu­mən milli genefondu hifz etmək üçün ictimai və humanitar elmlərin cə­miyyətdəki yeniliklərə çevik adaptasiyası son dərəcə vacibdir. Çünki döv­lət­çi­liyin möhkəmləndirilməsi, milli ruhun, genetik potensiyanın qorun­ması və qlo­bal təhdidlərə ictimai müqavimətin təşkili üçün hər bir vətəndaşın tarixi soy-kökünə, ənənələrinə bağlılığı son dərəcə vacib şərtlərdəndir.

"İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində aka­demik Ramiz Mehdiyev haqlı olaraq bu sahədəki geriliyi, ləngliyi, za­man­la ayaqlaşmamağı özünəməxsus elmi təhlil və əsaslandırma metodu ilə sü­buta yetirir. Cəmiyyətdə pozitiv meyillərin güclənməsinə, mənəvi də­yər­lə­rin möhkəmlənməsinə xidmət edən, yeni dövrün nəbzini tutan, xalqın milli psixologiyasını, mentalitetini, düşüncə sistemini tədqiq edən, ən başlıcası idarəetmə sistemində praktik tətbiq imkanları ilə seçilən elmi işlərin olmaması da əsərdə təəssüflə vurğulanır.



Səlahəddin Xəlilov. Elmə sosial sifariş
Azərbaycanda yeni iqtisadi münasibətlərə keçid prosesinin başa çat­ma­sı bütövlükdə ictimai həyatın elmi meyarlar baxımından yenidən də­yər­lən­dirilməsini tələb edir. Cəmiyyətşünas alimlərimiz qarşısında nə vaxtsa Av­ropada yaradılmış və Qərb ictimai gerçəkliyini əks etdirən təlimlərin ca­zi­bə sahəsindən çıxaraq ən müasir gerçəkliyi ehtiva edən yeni konsepsiyalar ya­ratmaq vəzifəsi durur. Və Azərbaycanın ictimai fəzasında artıq bir can­lan­ma müşahidə olunmaqdadır. Noyabr müşavirəsindən və akademik Ramiz Meh­diyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” möv­zu­sunda analitik məqaləsindən sonra bu sahədə çeşidli müzakirələr gedir, prob­lemin bu və ya digər aspektinə dair KİV-də tanınmış alimlərin çıxışlarına geniş yer verilir.

Amma maraqlıdır ki, hətta bu müzakirələrdə də biz öz “ənənələri­mi­zə” sadiq qalaraq bu və ya digər ictimai bir problemə münasibət məsə­lə­sin­də cari siyasət və konyuktur çərçivəsindən kənara çıxa bilmir, qoyulmuş kon­­kret bir problemə analitik təhlildən daha çox, aksioloji aspektdə yanaşır, onun dərin genetik, qnoseoloji və ictimai köklərini araşdırmaq əvəzinə, sa­də­cə deyilənləri “təsdiq etmək”, – tərifləmək, onlara “dəstək verməklə” ki­fa­yətlənirik. Halbuki, noyabr müşavirəsi ictimai və humanitar elmlərə sa­də­cə münasibət məsələsi olmayıb, onların qarşısında konkret vəzifələr qoy­muş­dur. Cəmiyyətin hər hansı bir sahəsindəki nailiyyətlərə və problemlərə ar­tıq yeni metodoloji əsasda yanaşılması tələb olunur. Yəni biz bir, tərəfdən aka­demik R.Mehdiyevin qaldırdığı məsələlərin aktuallığını qeyd ediriksə, on­lara dəstək veririksə, digər tərəfdən, öz tədqiqatlarımızı yeni para­diq­ma­nın tələblərinə uyğunlaşdıraraq ictimai proseslərin arxasında yox, ön cəb­hə­sin­də getdiyimizi, qabaqlayıcı araşdırmalar apardığımızı sübuta yetir­mə­li­yik. Düzdür, belə fundamental tədqiqatların mətbuatda tezliklə üzə çıxma­sını gözləmək sadəlövhlük olardı, amma ən azı bu istiqamətdə işlərin get­di­yi­nə əmin olmaq istərdik. Təəssüflə qeyd etməliyəm ki, AMEA-nın ictimai elm­lər sahəsində elmi-tədqiqat institutlarının illik hesabatlarını və gələcək “plan­larını” dinlədikdən sonra bu məsələdə olub-qalan nikbin gözləntilərim də itib-getdi.

Lakin diqqəti məsələnin başqa tərəfinə də yönəltmək olar. İndi mü­za­ki­rələr Ramiz müəllimin yalnız adı çəkilən məqaləsi ətrafında gedir. Bundan bir qədər əvvəl isə R.Mehdiyev mətbuatda milli mənəviyyatımızla bağlı olan və aktuallığına görə ondan geri qalmayan başqa məsələlər qaldırmışdı. On­dan da əvvəl fəlsəfi fikrin müasir düşüncədə rolundan bəhs edən fun­da­men­tal bir məqalə ilə çıxış etmişdi ki, bunlar hamısı bir-biri ilə sıx surətdə bağ­lıdır. Biz isə bəzən akademikin hər təzə əsəri çap olunanda, sanki əv­vəl­ki­ləri unudur və bütün problemlərimizə ancaq son məqalənin işığında nəzər sal­mağa çalışırıq. Belə münasibət də əslində bizim fəlsəfi düşüncədən daha çox, operativ publisistik düşüncəyə meylli olduğumuzu, uzunmüddətli, stra­te­ji araşdırmalardan daha çox, impulsiv reaksiyalara üstünlük verdiyimizi göstərir.

İctimai və humanitar elmlərin qarşısında duran vəzifələr həddindən artıq çoxdur. Müstəqillik elan olunduqdan üzü bəri, ictimai proseslər davam etsə də, sosial elmlər hələ də axtarışdadır. Əlbəttə, axtarış yaxşı şeydir, el­min əsas şərtlərindən biridir. Amma bizdə axtarış hələ ki, özünü axtarmaq sə­viyyəsindədir. Sovet dövründə özünüdərkə xidmət edən metodologiyadan total surətdə imtina olunduqdan sonra ictimai elmlər özünü hələ də tapa bilməmiş, stabil bir məcraya düşməmişdir; o hələ də öz predmetini və funksiyalarını “təzələməklə” məşğuldur.

Metodologiya məsələsi, əlbəttə, böyük məsələdir, strateji sahədir. Amma əvvəlcə nədən başlamaq lazım olduğunu müəyyənləşdirməliyik.

Məncə, hazırda ictimai elm nümayəndələrinin qarşısında duran yaxın və uzaq vəzifələr fərqləndirilməlidir.


Oqtay Sinanoğlu – 75

Müasir dövrün böyük türk müt­ə­fək­­­kiri və alimi Oqtay Sinanoğlu (25 fev­ral 1935-ci il) 1956-cı ildə Kali­for­ni­ya Uni­ver­si­te­ti­ni (Berkli) kimya mühəndisi ixti­sası üz­rə ən yüksək göstərici­lər­lə ba­şa vurur. 1957-ci ildə 8 ay müd­də­tinə Mas­saçuset Texnologiya İns­titutunda təh­silini ən yük­­­­sək qiy­mət­lərlə başa vur­duq­dan son­ra 2 il ərzində Kaliforniya Uni­­­­ver­site­tin­də doktorluq işini tamamla­yır. 1960-cı il­­dən Yel (Yale) Universitetinde associate pro­fes­sor kimi fəa­liy­yət göstərməyə baş­layır. 1961-ci ildə o, “Alfred P.Sloan” mü­kafatına, 1963-cü ildə 28 ya­şın­da professor adına layiq görülür və XX əsr­də Yel Uni­ver­si­te­tinin ən gənc full professoru olur, Molekulyar biologiya ka­fedrasına ömür­lük rəhbərlik et­mək hüququ qazanır. 1973-cü ildə o, elm sa­həsində nü­fuz­lu mükafatlardan bi­ri sayılan Humbold adına mükafatın ilk laureatı o­l­muş­dur.

1993-cü ildən Oqtay Sinanoğlu Türkiyəyə köçmüş və öz fəaliyyətini Yıldız Teknik Uni­ver­sitetində davam etdirir.

«Beyin köçü»:

gedib qalanlar və qayıtmaq üçün gedənlər
Qərbin alim və ziyalıları Şərq ölkələrinə bir qayda olaraq, məq­səd­­­yön­lü surətdə – öyrənmək, tədqiq etmək və əgər Şərqdə hələ də diq­­­qətəlayiq nə isə varsa, onları mənimsəmək və istifadə etmək, Qərb mə­­dəniyyətinə qat­maq məqsədilə səfər edirlər. Missionerliklə məşğul olanlar da var idi ki, on­la­rın məqsədləri bir qə­dər fərqlidir: yəni öz dünyagörüşünü, əqidəsini, dü­şün­cə tərzini, mə­də­niy­yə­tini yaymaq, özünə davamçılar yetişdirmək və be­lə­liklə hər­bi istiladan fərq­li olaraq, intellektual istilaya, əqidənin ekspansiyasına nail ol­maq. Həm də ayrı-ay­rı fərdlərin missionerliyindən daha geniş miqyaslı fə­a­­liyyət formaları da var idi ki, bu da humanitar dəstək motivi ilə mək­­təb­lə­rin, mədəniyyət müəs­si­sələrinin açılmasından, insanların fi­kir­­­lərini və hətta duy­ğusunu, sim­pa­ti­ya­sını hələ lap uşaqlıqdan yön­lən­dir­mək, onları özü­nün­küləşdirməkdən iba­rətdir.

Ziyalıların Şərqdən Qərbə getməsini şərtləndirən amillər isə ta­ma­milə baş­qa xarakterlidir. Bu sırada ilk növbədə azad düşüncə və ya­radıcılıq fə­a­liy­yəti üçün əlverişli məkan axtarışını qeyd etmək olar. Alim üçün elmi mühit və eksperimental baza, ya­­zar üçün, bir tə­rəf­dən çap olun­maq imkanı, digər tərəfdən də oxu­cu pub­likası və ədəbi tə­n­qi­din mü­na­si­bəti lazımdır, bu da ge­­ri qalmış Şərq ölkələrində ça­tış­­ma­­yan əsas cəhətlərdir.

Gedib hər hansı bir Qərb öl­kə­­sində özünə yer etmək, ya­ban­çı mü­­hi­­tin üzvünə çevrilmək, yad­­­laş­­maq, bunun müqabilində şəxsi hə­­­­­yatını tə­­min etmək və hətta mü­əy­yən popul­yar­lıq qazanmaq da müm­­­­­kün­dür. La­kin be­ləliklə öz vətəni və xal­qı üçün ta­mamilə itib get­mək olar. Bu, bir cür aqi­bət­dir, öz simasını və amalını də­yiş­­mədən, itir­­­­mədən yaradıcılıq mü­hi­ti əldə et­mək isə tamamilə başqa cür aqi­bət­dir. Buna nail olmaq üçün mühacir alimlər və yazarlar bö­­yük Amerika mühiti kon­tekstində öz nisbi müstəqil mədəni-mə­nəvi mü­­hitlərini yaratmağa çalışırdılar. Bu, çox əlamət­dar bir hal­dır.

XIX əsrin axırları – XX əsrin əvvəllərində Şərq ölkələrindən Ameri­ka­ya mühacirətdə iki fərq­­li motiv və hadisə fərqləndirilməlidir. Əvvəla, planetin bütün gu­şə­lə­rin­dən Amerikaya iş tapmaq, pul qazanmaq niyyəti ilə ka­sıb ailələrdən ge­dən­lər var idi. Və tə­bii ki, belə adamlar nə yeni mədəniyyət mənimsəməyə, nə də Ame­ri­ka­da öz mədəniyyətlərini, öz mədəni-mənəvi varlıqlarını ifadə et­mə­yə vaxt tapa bilirdilər. Daha doğrusu, bu, onların nə məqsədlərinə, nə də ha­zırlıq səviyyələrinə uyğun idi. Lakin tədricən fərqli missiyaya malik bir köç də formalaşmağa başladı. Pul qazanmaq naminə səfər edən ataların öv­lad­ları artıq müəyyən mad­di təminata, ilkin savad və bi­lik səviyyəsinə malik ol­duqların­dan, in­di başqa missiya ilə səfər edir­di­lər. Bu ikincilərin səfəri, bir tə­rəf­dən Qərb elmini və mədəniyyətini mə­nim­səmək, digər tərəfdən də öz mü­hitlərində inkişaf etdirə bil­mə­dik­lə­ri yaradıcı qabiliyyətlərini reallaşdır­maq, elmi və mədəni-mənəvi mühit əldə etmək məqsədini güdürdü.

Atalar və oğullar. Mədəni intibaha xidmət edən maddi dirçəliş. Mad­di təminat üçün səfər edənlərin içindəki işığın öz simalarında ol­ma­sa da, övladlarının simasında aydınlanması, zahirə çıxması...

İkinci nəfəs... ikinci nəsil... Ömür vəfa etməyəndə ideyaların öv­lad­lar vasitəsilə və onların simasında işıq üzü görməsi, davam et­di­ril­məsi.

Bu problem bu gün də aktualdır.

XX əsrdə Türkiyənin yoxsul ailələrindən Avropaya və Ame­ri­ka­ya iş da­lınca mühacirət edən yüzlərlə, min­lərlə insanın taleyinə nəzər salsaq gö­rə­rik ki, burada da səbəb bir çox hallarda mad­diyyatla bağlıdır və türk kim­li­yi­nin, türk mədəni-mənəvi sima­sı­nın ifa­də olunmasına xidmət et­mir. Ək­­sinə, onların timsalında Qərb­də türk­lər haqqında olduqca yanlış tə­səv­vürlər for­malaşmışdır. İkinci nə­sil türklər Qərbdə hələ yeni-yeni ayaq tutub yeriyir, möh­kəmlənir və əsl türk obrazı da məhz indi ya­ran­maq­dadır. Məhz ataların ağır fiziki əməyi sayəsində yaratdıqları maddi tə­minat övladların öz genetik intellektual po­tensialını və milli-etnik, mədəni-mə­nə­vi sifətlərini ifadə etmələri üçün va­si­tə, baza rolunu oynayır.


Lakin nə yaxşı ki, istisnalar da vardır. Hələ körpə vaxtlarından Avropa mühitində böyüyən, ailədə də Şərq və Qərb mədəniyyətlərinin sintezi ruhunda tərbiyə alan Oqtay Sinanoğlunun Amerika səfəri elə lap əvvəlindən böyük bir missiyaya xidmət edirdi. Oqtay Sinanoğlu xaricdə çalışmaq yolunu da Vətən naminə tutmuşdu. O, qayıtmaq üçün gedənlərdən idi. Hətta Amerikanın ən nüfuzlu universitetlərindən birində ona ömürlük kafedra müdiri kimi şərəfli bir mövqe verilmiş olsa da, o, Vətən yolunu seçdi.

Biz «gedib qayıdan» və ya «qayıtmaq üçün gedən» deyərkən Qərbə öz şəx­si məqsədləri ilə deyil, öz millətinə xidmət etmək, görüb-götürmək, həm mü­əyyən bir ixtisas sahəsində biliklər əldə edərək, həm də elmi quruculuq sa­hə­sində təcrübə toplayaraq, elmin təşkilatlanması modellərini mənim­sə­yə­rək, elmlə həyat, elmlə dil, elmlə milli ruh arasındakı münasibətləri saf-çürük edərək «qazandıqlarını» vətəninə daşıyanları nəzərdə tuturuq.

Oqtay Sinanoğlu – 25 yaşında dünyanın ən məşhur universitetlərindən biri olan Yel Universitetinin professoru adını qazanmaqla «türkün silahı qə­ləm deyil, qılıncdır» fikrinin artıq köhnəldiyini və bir türk gəncinin elm sa­həsində də böyük xariqələr yaratmaq iqtidarında olduğunu sübuta yetirdi. Əl­bəttə, yeni bir elm sahəsinin təməlini qoymaq, Qərb elmi ictimaiyyəti tərəfindən qeyd-şərtsiz tanınmaq və qəbul olmaq bir gəncin başını duman­lan­dıra da bilərdi, və­təni və milli kimliyi unutdura da bilərdi. Və əgər belə ol­saydı, o, artıq çox­dan Nobel mükafatı da almış olardı. Lakin Oqtay Si­nan­oğ­lu kökündən ay­rılmadı, şəxsi şöhrət dalınca qaçmadı, türk elminə və bü­töv­lükdə Tür­ki­yə­yə xidmət etmək missiyasını unutmadı. Ola bilsin ki, məhz bu­na görə də Qərb onu bağrına basmaqdan imtina etdi, çoxdan haqq etdiyi Nobel mükafatını da ona qıymadı. Ola bilsin ki, o, Türkiyədə böyük elm yaratmaq məqsədinə də hələ gəlib çata bilməmişdir. Lakin o öz şəxsi tim­sa­lın­da yandırdığı məşəllə sonrakı nəsillərə işıqlı yol açdı, nümunə göstərdi.

Oqtay Sinanoğlu türk dilinin tədrisinin təkmilləşdirilməsi, dilin “tə­miz­lənməsi” sahəsində də xeyli işlər görmüş və gələcək “şüurlu nəslin” (“conscious generation”) yaranması yollarını araşdırmışdı. O, türk dilinin fə­al təbliğatçısıdır. Onun bir fikri çox ibrətamizdir: “Milli dil olmadan mil­lə­tə təhsil vermək sui-qəsdə bərabərdir”.

Dünyada yeni qurulmağa başlayan molekulyar biologiya sahəsinin əsa­sını qoyanlardan biri olmuşdur. Amerika Milli Elmlər Akade­miyasına üzv seçilmiş ilk və maləsəf tək türkdür. İki dəfə Nobel mükafatına namizəd verilmiş, dəfələrlə Nobel Akademiyasının istəyi ilə bu mükafat üçün nami­zədlər irəli sürmüşdür.

Bu gün biz Oqtay Sinanoğlunun yubileyini fəlsəfə ictimaiyyəti ara­sın­da və Fəlsəfə dərgisində qeyd etməklə onun bir alim olmaqdan savayı həm də filosof olduğunu, milli ruhumuzun bayraqdarlarından biri olduğunu vur­ğu­lamaq istəyirik. Onun dil və təfəkkür, elm və milli tərəqqi mövzularında ya­zdıqları bu gün çox aktualdır və biz də Oqtay Sinanoğlunun bu möv­zu­da­kı çıxışlarından birinin mətnini dərgimizdə dərc etmək qərarına gəldik.

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə