Redaksiya Şurası: Akademik Ramiz Mehdiyev




Yüklə 1.63 Mb.
səhifə1/12
tarix22.02.2016
ölçüsü1.63 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12


Redaksiya Şurası:

Akademik Ramiz Mehdiyev (red. şurasının sədri),
akademik Fuad Qasımzadə, prof. Anna-Tereza Timineçka (ABŞ),

prof. Kənan Gürsoy (Türkiyə), prof. Korkut Tuna (Türkiyə),

prof. Ş.Teoman Duralı (Türkiyə), akademik V.A.Lektorski (Rusiya),

prof. David Evans (İngiltərə), prof. Əbdümalik Nısanbayev (Qazax­stan), prof. Rəbiyyət Aslanova, prof. Rəfiqə Əzimova, prof. Əli Həsənov,

prof. A.N.Çumakov (Rusiya), f.e.d. Könül Bünyadzadə (məsul katib),

Prof. Səlahəddin Xəlilov (baş redaktor).
AFSEA-nın və Redaksiyanın ünvanı:

Bakı AZ1014, Bülbül prospekti, 33

Tel.: (994-12) 498-17-45

Faks: (994-12) 598-13-01


E-mail: jurnal@felsefedunyasi.org

ISSN 1810-9047


©AFSEA, 2009

©Azərbaycan Universiteti, 2009
MÜNDƏRİCAT

REDAKSİYA ŞURASINDAN
Ramiz MEHDİYEV – Ön söz əvəzi:

Fəlsəfə və onun ictimai həyatda yeri 5



müasİr dünyada yenİ düşüncə

Ramiz MEHDİYEV – İctimai və humanitar elmlər: zaman kontekstində

baxış 9


Müzakirələr (R.Aslanova, G.Baxşəliyeva, H.Rəcəbli, S.Xəlilov) 32

Oqtay Sİnanoğlu – 75
«Beyin köçü»: gedib qalanlar və qayıtmaq üçün gedənlər (S.Xəlilov) 42

Oqtay SİNANOĞLU – Elm, elm siyasəti və universitetlər 46

Sİyasİ Elmlər
Səlahəddin XƏLİLOV – Qloballaşma və kiçik dövlətlər üçün böyük siyasət

imkanı 50



Vəsilə HACIYEVA – Müasir dövrdə qlobal nizam və qaydasızlığın iki əsas

tərəfi – demokratikləşmə və münaqişələr 60



fəlsəfə tarİxİ
İbrahim ALLAHVERDİYEV Əbdürrəhman Caminin kamil insan

nəzəriyyəsi 70



Nailə Х. JOLMƏHƏMMƏDOVA – Orta əsr ərəb-müsəlman mədəniyyətində

estetika (rus dilində) 79



Nərmin FƏRƏCULLAYEVA Fəlsəfədə antifundamentalizm haqqında 101

Könül BÜNYADZADƏ – Şərq və Qərb: tarix və müasirlik 108

Səlahəddin XƏLİLOV – İbn Ərəbi və Şəbüstəri 124

MƏDƏNİ-mənəvİ İrs
S.Xayrı BOLAY – Renessansdan sonraki naturalist bütpərəstlik 131

Elmira ZAMANOVA – Əhməd Ağaoğlu yaradıcılığının bəzi fəlsəfi

aspektləri (rus dilində) 136



ELMİ-FƏLSƏFİ HƏYAT
AFSEA təbrik edir 142

Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr

olunmuş müşavirə 142

“Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” – şərqşünas alim

A.İmanquliyevanın 70 illik yubileyinə həsr olunan Beynəlxalq İbn Ərəbi Simpoziumu 146

“Dəyişiklik və Güclənmə” – Beynəlxalq Multidisiplinar Qadın Konqresi 148

“Mədəniyyətlər ittifaqına Asiya cəmiyyətlərindən gedən yol” – Asiya Fəlsəfə

cəmiyyətinin IV Beynəlxalq Konfransı 149

“Metafizika və mistisizm” – IV Dünya Metafizika Konfransı 150

YUNESKO nəzdində Filosof qadınlar Cəmiyyətinin I Assambleyası 150



RƏYLƏR, MÜLAHİZƏLƏR
Elm fəlsəfəsindən elmşünaslığa 152

FƏLSƏFİ ETÜDLƏR 156
FƏLSƏFİ ESSELƏR 159
TƏRCÜMƏLƏR
Əbdülkərim CİLİİlk ağıl nədir? 170

Məhəmməd İQBAL – İslam düşüncəsində hərəkət prinsipi 174

Hilmi Ziya ÜLKƏN – Fenomen inancı və ideal inancı 204
YENİ NƏŞRLƏR 213

СОДЕРЖАНИЕ 216
Table of Contents 218
Redaksiya Şurasından


Ön söz əvəzi:
Fəlsəfə

və onun ictimai həyatda yeri

Ötən ilin nailiyyətləri sırasında ilk növbədə elmi dairələrin, kütləvi informasiya vasitələrinin və geniş ictimaiyyətin nəzərlərinin fəlsəfəyə və onun ictimai həyatda yeri məsələsinə cəlb olunmasını, fəlsəfənin aktual prob­lemləri üzrə Bakıda bir neçə beynəlxalq forumların keçirilməsini say­maq olar. Bunlardan AMEA-nın təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə ke­çirilmiş “Dünya fəlsəfəsi kontekstində islam bölgəsi fəlsəfəsinin tədqiqi və tədrisi problemləri” mövzusunda elmi-nəzəri konfransı, AFSEA-nın tə­şəb­büsü və TİKA-nın dəstəyi ilə keçirilmiş “Müasir dünyada yeni dü­şün­cə­yə ümumi baxış” mövzusunda beynəlxalq konfransı, AMEA-nın Mühyiddin İbn Ərəbi Cəmiyyəti ilə birlikdə təşkil etdiyi “Beynəlxalq İbn Ərəbi sim­po­zi­umunu”, Dinlərin və sivilizasiyaların dialoquna həsr olunmuş bir neçə iri miq­yaslı forumları xüsusi qeyd etmək istərdim. İctimai Televiziyada fəlsəfi möv­zulara həsr olunmuş silsilə verilişlər, qəzet səhifələrində gedən debatlar da müasir inkişaf mərhələsində fəlsəfənin və ümumiyyətlə ictimai elmlərin aktuallığının artmasını göstərir.

İstənilən nəzəri elm sahəsi öz tətbiqi ilə dəyər kəsb edir. Uzun müddət fəlsəfəni praktikadan uzaq, ifrat mücərrəd və metaelmi bir sahə kimi başa düşənlər ictimai hadisələrin gedişinə daha böyük tarixi zaman intervalında baxsalar, fəlsəfi təlimlərin də gec-tez praktik nəticələrə gətirdiyinə əmin ola bilərlər. Həm də bu nəticələr bütövlükdə dövrün ab-havasını müəyyən edir, ta­rixin gedişatına, strateji inkişaf istiqamətlərinə təsir göstərir. Məlum ol­du­ğu­na görə, tarixən fəlsəfi fikir ümumiyyətlə insan düşüncəsinin, nəzəri id­ra­kın sinkretik ifadəsi olmuşdur. Bütün elmlər zaman-zaman fəlsəfədən ayrıl­mış­dır. Dəqiq elmlərin, təbiətşünaslığın müstəqil tədqiqat sahəsi kimi for­ma­laşması, sosial müstəvidə institutlaşması və ictimai tərəqqinin struk­tur­un­da müstəqil yer tutması əslində Qərb sivilizasiyasının formalaşmasına gə­ti­rib çıxarmışdır. Bütün müasir elmi-texniki nailiyyətlərin, innovasiyaların, nou-xauların təməlində məhz bu böyük ayrılma, bəlkə də daha dəqiq demiş ol­saq, doğuluş prosesi dayanır. Qərb dünyasında bu doğuluşun tarixi XVII-XVIII əsrlər göstərilir. Məhz həmin dövrdə – Avropada elm dinin təsirindən azad olmaqla yanaşı, fəlsəfədən də ayrılmışdır. Orta əsrlərdən başlayaraq ila­­hiyyatın təsiri altına düşmüş fəlsəfənin özü də bundan sonra dinə nəzərən müs­təqillik əldə etmiş, daha çox dünyəviləşmişdir. Sonrakı mərhələdə din­şü­naslığın da nisbi müstəqil elm sahəsi kimi ayrılması fəlsəfəni xeyli yün­gül­ləşdirmiş və o, öz inkişafının daha azad bir mərhələsinə qədəm qoy­muş­dur.

Öz predmetini xeyli konkretləşdirmiş olan fəlsəfə artıq elmlə paralel inkişaf etməyə başlamışdır.

Lakin XIX-XX əsrlərdə fəlsəfədən ikinci böyük ayrılmalar başlandı. Pe­daqoji elmlər, hüquq elmləri, psixologiya, sosiologiya, politologiya – ha­mı­sı əvvəlcə fəlsəfənin bətnində yetişmiş və məhz kifayət qədər yetiş­dik­dən, metodoloji təmələ malik olduqdan sonra müstəqil surətdə inkişaf edə­rək ictimai həyatın və dövlət-hüquq sisteminin nəzəri-konseptual və tətbiqi-el­mi bazası kimi formalaşmışlar.

XX əsrdən etibarən artıq yeni diferensiallaşma prosesləri gedir. Nə vaxt­sa fəlsəfədən ayrılmış elmlər artıq o qədər uzaqlaşmışlar ki, onların me­to­doloji bazasını təmin etmək üçün yeni ayrılmalar baş verir. Məsələn, fəl­sə­fə ilə pedaqogikanın qovşağında etika fənni, fəlsəfə ilə sənətşünaslığın qov­şağında estetika fənni artıq kifayət dərəcədə nisbi müstəqillik əldə etmiş­d­ir. Fəlsəfə ilə təbiət elmləri arasında mövqe tutan elmin metodologiyası, el­min sosiologiyası və nəhayət, elmşünaslıq da xeyli dərəcədə müstəqil tədqiqat sahələrinə çevrilmişlər.

Dəqiq elmlərin özlərinin hədsiz dərəcədə diferensiallaşması və fəl­sə­fə­dən uzaqlaşması ilə yanaşı, həm də onların yenidən öz ilkin təməlinə qa­yıdışı istiqamətində inteqrativ proseslər gedir. Yəni yeni əlaqələndirici və sinkretik elm sahələri, yeni universal metodologiyalar yaranır. Başqa sözlə desək, elmin metodologiyası da fəlsəfədən ayrılaraq müstəqillik qazanmağa çalışır. Bir zamanlar kibernetikanın oynadığı rola müvafiq olaraq, ümumi sistem nəzəriyyəsi və sinergetikanın inkişafı sayəsində fəlsəfə ilə xüsusi elmlər arasında sanki yeni körpülər salınır. İndi ekologiya, davamlı inkişaf nəzəriyyəsi və s. bu kimi sahələr də özlərinin əlaqələndirici mövqeyinə görə fənlərarası elm statusu kəsb edirlər.

XX əsrdə fəlsəfəyə münasibət doğrudan da dəyişmiş, bəzi ölkələrdə fəlsəfənin konkret əməli-tətbiqi elmlər olan ictimai-siyasi fənlərlə əvəz edilməsi tendensiyası üstünlük təşkil etmişdir.

Lakin təcrübə göstərir ki, bütün bu ayrılmalara baxmayaraq, fəlsəfənin potensialı nəinki tükənməmiş, hətta o, yeni funksiyalar kəsb etməklə, daha da aktuallaşmışdır. Diferensiallaşma artdıqca, ayrı-ayrı elmlərin tədqiqat sa­hə­ləri konkretləşərək məhdudlaşdıqca, bu sahələrin əlaqələndirilməsinə eh­ti­yac da artmış, əks proses olan inteqrativ tendensiyalar üçün də zərurət ya­ran­mışdır. İctimai həyatın müxtəlif rakurslarının vahid dünyagörüşü möv­qe­yin­dən nəzərdən keçirilməsinə, dəyərləndirilməsinə və yönəldilməsinə olan eh­tiyac ancaq fəlsəfi tədqiqatlar sayəsində ödənilə bilər. Avropa və ümu­miy­yətlə Qərb dünyası ara-sıra fəlsəfəyə və mənəvi amillərə göstərilmiş eti­na­sızlığın acısını indi-indi duyur. Son dövrlərdə Qərbin mənəvi böhranı, Av­ropanın süqutu mövzularında tədqiqatlar xeyli artmışdır. Orada indi mə­nə­viyyatın prioritetliyinə qayıdış istiqamətində geniş miqyaslı tədbirlər hə­yata keçirilir. Bizdə isə Avropanın təcrübəsini nəzərə almaq, ibrət götürmək əvə­zinə, bu səhvləri təkrar etmək cəhdləri müşahidə olunur.

Son illərdə Azərbaycan ali məktəblərinin tədris planlarında fəlsəfəyə və ictimai-siyasi fənlərə ayrılan saatların azaldılması, bu fənlərin bir ço­xu­nun ixtisar edilməsi, orta məktəblərdə “İnsan və cəmiyyət” fənninin tədrisi üçün hələ də müəllim kadrlarının hazırlanmaması, kütləvi informasiya va­si­tə­lərində fəlsəfi fikir tariximizə və ümumiyyətlə mənəvi təkamülə, dün­ya­gö­rü­şünün genişlənməsinə xidmət edən verilişlərə çox az yer ayrılması, ha­be­lə, mədəniyyətşünaslıq və maarifçilik yönlü verilişlərin azlığı, mədəni-mə­nə­vi dəyərlərin yetərincə təbliğ olunmaması – bütün bunlar bizi narahat edir.

Biz həm Şərq, həm də Qərb dəyərlərinə yiyələnməli, elm və təhsil sa­hə­sində Avropanın nailiyyətlərindən bəhrələnməklə yanaşı, Şərq mə­nə­viy­ya­tının üstün cəhətlərini də qoruyub saxlamalıyıq. Bunun üçün isə bu iki dü­şüncə və həyat tərzini üzvi surətdə birləşdirən sintetik dünyagörüşünə və universal fəlsəfi sistemlərə böyük ehtiyac vardır.

Lakin Azərbaycanda təkcə Şərq və Qərb sivilizasiyaları qovuşmur. İndi Azərbaycan həm sosialist və kapitalist düşüncələrinin görüşdüyü bir are­na, siyasi-ideoloji bir səhnədir. Biz uzun müddət sosializm cəmiyyətində ya­şamış, kommunizm idealını tərənnüm etmişik. İndi isə yeni iqtisadi mü­na­si­bətlərə keçməklə, kapitalizmin bir sıra dəyərlərini mənimsəyirik. Lakin söh­bət heç də bir ideologiyanın və dəyərlər sisteminin bütövlükdə və ta­ma­mi­lə ləğv edilərək, yerinə başqa hazır sistemin transfer edilməsindən get­mə­mə­lidir. Bəli, marksizm fəlsəfəsi qüsurlu təlim idi. Lakin onu sadəcə olaraq hər hansı bir müasir Qərb fəlsəfi təlimi ilə əvəz etmək də eyni dərəcədə yan­lış mövqedir.

Fəlsəfənin predmeti, bir tərəfdən, ümumiyyətlə insanın dünyaya mü­na­sibətini, konkret zaman, məkan və mühitin fövqündə olan problemləri eh­ti­va edirsə, digər tərəfdən, insanların real hiss və həyəcanları, mənəvi həyatı və bu həyatın maddi mühitlə qarşılıqlı əlaqəsini də öyrənməyə imkan verir. İkin­ci halda sadəcə olaraq ümumidən xüsusiyə keçid tələb olunur. Ən ümu­mi qanunauyğunluqların, universal münasibətlərin öyrənilməsi istənilən kon­kret şəraitdə baş verən hadisələrin mümkün inkişaf istiqamətlərini proq­noz­laşdırmağa imkan verir. Yəni ümumi prinsipləri, sosial və mənəvi in­va­riant­ları bilmədən olduqca müxtəlif və spesifik təzahürlərin əslində hansı ten­densiyanı ifadə etdiyini müəyyənləşdirmək çox çətindir. Ona görə də is­tə­­nilən sahədə yaxşı mütəxəssis olan adam öz dar ixtisas sahəsinin daha ge­niş sistemlərdə tutduğu yeri aydın təsəvvür edə bilməsi üçün müəyyən fəl­sə­fi bilik səviyyəsinə də malik olmalıdır.


Ramiz MEHDİYEV

AFSEA-nın prezidenti,

Redaksiya Şurasının sədri, akademik

Müasir dünyada yeni düşüncə


İctimai və humanitar elmlər:

zaman kontekstində baxış



Ramiz Mehdiyev

Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabr ayının 2-də Bakı Döv­lət Universitetinin 90 illik yubileyi mərasimindəki çıxışında ölkəmizin iq­tisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan etdi. Hər bir Azər­baycan vətəndaşı və bütövlükdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu bəyanat elmi və intellektual elita qarşısında xeyli mürəkkəb və stra­te­ji əhəmiyyətli məsələlər qoyur. Yaranmış vəziyyətlə əlaqədar biz, mü­əy­yən mənada, artıq başa çatmış bir prosesin yekunlarından nəticə çıxarmalı, cəmiyyətimiz üçün aktuallaşan yeni paradiqmalar haqqında düşünməliyik.

Ölkəmizdə keçid dövrünə xas olan amillər ziyalıların vəziyyətinə, el­min, təhsilin və mədəniyyətin durumuna öz təsirini göstərmişdir. 1990-cı il­lə­rin əvvəlində bəzilərinə elə gəlirdi ki, vətəndaşlarımızın ağır güzəranı, gə­lə­cəyə inamın olmaması və ümumi çətinliklər bir çox ənənələrimizin də məh­vinə gətirib çıxaracaqdır.

O illərdə məruz qaldığımız siyasi, iqtisadi və sosial böhran, sözsüz ki, in­sanların elmə və təhsilə olan münasibətinə də təsir göstərmişdi. Azər­bay­can­lıların daim öz övladlarının maariflənməsinə, təhsil almasına, alimin möv­qeyinin yüksək dəyərləndirilməsinə meyilli bir millət olmasına bax­ma­ya­raq, bu dövrdə çoxları artıq ümidsizliyə qapanmışdılar. Sovet mək­tə­bin­dən milli təhsil sisteminə keçid heç də asanlıqla baş vermədi. Bu illərdə Elm­lər Akademiyasının bağlanmasına dair səslənən çağırışlar da elmi icti­maiyyətə bütövlükdə mənfi təsirini göstərdi.

Sovet İttifaqı dağıldıqdan sonra bütün postsovet ölkələrində olduğu ki­mi, bizdə də ideologiyasızlaşdırma deyilən prinsip bəyan edildi. Bu prinsip mark­sizm-leninizm ideologiyası ilə bağlı nə varsa, hamısından tamamilə im­tina olunmasını nəzərdə tuturdu və totalitarizmin, kommunist ideolo­gi­ya­sı­nın təzədən baş qaldırmasına imkan verməməli idi. Lakin həmin dövrdə baş ve­rən mürəkkəb proseslər nəticəsində yaranmış boşluğu qısa müddətdə müx­­təlif növ surroqat ideya və yanlış ideologiyalar doldurdu.

Belə qondarma ideologiyaların hamısında inkar amili dominant rolunu oy­nayırdı. İnkarçılıq kommunizm idealları ilə mübarizədə yox, Azər­bay­ca­nın keçmişinə olan münasibətdə özünü ən parlaq şəkildə büruzə verirdi. Ta­rixi nailiyyətlərimizin üstündən xətt çəkilir, qürur doğuran hadisələr belə, qa­ralanırdı. Əslində, neobolşevizmin bu yeni forması hər şeyi dağıdaraq bi­zə xarabalıqlar üzərində yeni dünya qurmağı təklif edirdi. Hadisələrin təh­lü­kə­li istiqamətdə cərəyan etdiyi bu dövrdə cəmiyyətə yeni bütlər təqdim olunurdu.

Müstəqilliyin ilk illərində ali məktəblərdə də yeniləşmə prosesi bir çox cəhətdən kosmetik səciyyə daşıyırdı. Elmi ateizm kafedraları din­şü­naslıq kafedraları adlandırılır, "Elmi kommunizm" ifadəsi mexaniki olaraq "politologiya" sözü ilə əvəzlənir, dialektik və tarixi materializm kafedraları fəlsəfə kafedralarına çevrilirdi və s. Uzun illər Sov.İKP tarixi ilə məşğul ol­muş şəxslər də birdən-birə dönüb Vətən tarixi üzrə mütəxəssislərə çev­ri­lir­dilər.

1992-1993-cü illərin siyasi həyatında baş verən hadisələrin milli eli­ta­ya mənfi təsiri haqqında çox danışmaq olar. Əlbəttə, obyektiv in­for­ma­si­yanın olmadığı bir şəraitdə bir çox əyintilərin və səhvlərin meydana çıxması müm­kün idi. Əsl həqiqəti ictimaiyyətə çatdırmaq vəzifəsi məhz alimlərin üzə­rinə düşürdü.

Ziyalılarımızın böyük bir qismi isə yaxşı bilirdi ki, milli mədəni-mə­nə­vi oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip inkişaf mo­del­lə­ri­nə kor-koranə riayət edilməsi hökmən millətin öz simasını itirməsi ilə nə­ti­cə­lənir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləş­dir­miş ümum­­milli lider Heydər Əliyevin bütün cəmiyyəti səfərbər edərək, onu düzgün yola isti­qamətləndirməsi sayəsində 1990-cı illərin çətinliklərini artıq geridə qoymuşuq.

Hazırda biz müasir Azərbaycan dövlətçiliyinin inkişafında yeni mər­hə­lə yaşayırıq. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möh­təşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin ki­fa­yət qədər potensialı və təcrübəsi vardır. Dünyanı bürümüş maliyyə və iqti­sadi böhran şəraitində bugünkü göstəricilərimiz çox böyük uğur kimi qiy­mətləndirilir. İqtisadi sahədəki yüksək nailiyyətlərimiz isə heç də asan­lıqla qazanılmayıbdır.

İndi cəmiyyətimiz qarşısında, ilk növbədə elmi elita qarşısında mü­hüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, ya­xın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş ya­ra­dılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi inten­siv­ləş­məlidir.

Ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələləri biz yeni şəraitdə təh­lil etməliyik. Bütün Yer kürəsini əhatə etmiş qloballaşma milli məkana bə­zən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. Belə dəyişkən siyasi, iq­tisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalış­ma­lı­yıq ki, milli varlığımıza bağlı dəyərlərə xələl gəlməsin. Tariximizi, mə­də­niy­yətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər bi­rimizin ən ümdə vəzifəsidir.

Bu gün Azərbaycan dövləti çox uğurlu sosial-iqtisadi siyasət həyata ke­çirir: yeni iş yerləri açılır, regionların yüksək inkişafı təmin edilir. Ölkədə ya­ranan əlverişli biznes mühiti ümumi tərəqqimizə müsbət təsir göstərir. Və­təndaş cəmiyyətinin bir çox strukturları aktiv fəaliyyət göstərərək ölkə­mi­zin inkişafına xidmət edirlər. Kütləvi informasiya vasitələri, o cümlədən efir və internet məkanı uğurla inkişaf edir. Demək olar ki, yeniləşmə pro­se­sin­dən kənarda qalan sahə yoxdur.

Bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Azər­baycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsas məqsədi elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmə­rə­li­li­yi­nin artırılmasını və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təm­sil olunmasını təmin etməkdir. Bundan öncə, dövlətimizin başçısı elmin in­kişaf strategiyasının əsas müddəalarını təsdiq edibdir. Əslində, bu sənədlə elm­lə bağlı olan hər bir qurum qarşısında məsuliyyətli vəzifələr qoyulur, on­lar­dan müasir şəraitdə konkret fəaliyyət proqramının tərtib edilməsi və ger­çək­ləşdirilməsi tələb olunur.

Prezident İlham Əliyevin YUNESKO-nun baş direktoru Koişiro Mat­su­ura ilə əldə etdiyi razılıq əsasında beynəlxalq ekspertlər qrupu tərəfindən Azər­baycan elminin idarə edilməsi, maliyyələşdirilməsi və təşkilinə dair ha­zır­lıq işləri aparılır. Bu ilin sonuna yekun hesabat və təkliflər təqdim olu­nacaqdır. YUNESKO-nun Azərbaycana göstərdiyi bu kömək elmlə bağlı bir çox problemlərin həllinə də töhfəsini verəcəkdir.

Bu mühüm qərarlar istər-istəməz belə bir sual doğurur: bəs bizim elmi elita ilə birlikdə həyata keçirmək istədiyimiz strateji planlarımızın mahiyyəti nədən ibarətdir? Mən, ilk növbədə, bu sahədə aktual olan bir neçə istiqamətə toxunmaq istərdim.

Onlardan birincisi idarəçilik sistemində qəbul olunan siyasi qərarların elmi bazasıdır. Məlumdur ki, idarəçilik sistemində qəbul edilən bir çox qərarlar müəyyən elmi təhlilə istinad etməlidir. Bu təhlilin əsas prinsiplərini üç suala veriləcək cavablar müəyyən edir. Bu suallar əslində çox sadədir: Prob­lem nədən ibarətdir? Problem necə və hansı alternativ yollarla həll olu­na bilər? Mövcud alternativ həllərdən ən optimalı hansıdır?

XX əsrdə biz elə şəraitdə yaşamışıq ki, siyasi qərarların qəbul edil­mə­si prosesinin özlüyündə bir elm sahəsi olması totalitar dövlətdə inkar edi­lir­di. Bununla belə, bu gün hamımız üçün danılmaz həqiqətdir ki, cə­miy­yə­ti­mi­zin uğurlu inkişafı naminə qəbul olunan siyasi qərarların dürüstlüyünü tə­min edərkən biz, əsasən, üç istiqamət üzrə elmi tədqiqatların nəticələrinə ar­xa­lanmalıyıq:

– sosial-siyasi elmlər sahəsində, o cümlədən politologiya, sosio­lo­gi­ya və iqtisadi elmlər;

– fəlsəfə, psixologiya və informasiya-kommunikasiya istiqamətləri;

dövlət idarəçiliyi nəzəriyyəsi, menecment və digər sahələr.

Məlumdur ki, dövləti və siyasi qərarları qəbuletmə nəzəriyyəsi XX əs­rin 40-cı illərində əsasən ABŞ-da təşəkkül tapmış elm sahəsidir. Məhz bu dövr­də siyasi idarəetmə elmləri sosial biliklərin ayrıca bir istiqaməti kimi for­malaşmışdır. 1979-cu ildə yaranan müvafiq beynəlxalq assosiasiyanın çox­saylı üzvləri hazırda bütün dünyada siyasi təhlil və proqnozlaşdırma ilə bağ­lı araşdırmalar aparmaqla yanaşı, hətta bunları universitet proqramlarına daxil ediblər.

Bununla əlaqədar, rastlaşdığımız çoxsaylı problemlərdən yalnız ikisi üzərində dayanmaq istərdim.

Birincisi, Azərbaycanın hazırda iştirak etdiyi beynəlxalq miqyaslı bir ne­çə layihə "enerji təhlükəsizliyi" ilə əlaqəlidir. Ona görə də siyasi və iq­ti­sa­di amillərin güclü olduğu beynəlxalq energetika sahəsi üzrə ölkəmizdə nü­fuz­lu elmi ekspertlərə böyük ehtiyac vardır.

İkincisi, transmilli korporasiyaların fəaliyyətinə, dünya maliyyə bazar­la­rının vəziyyətinə, beynəlxalq ticarət və xarici investisiya axınlarının isti­qa­mət­ləndirilməsinə müraciət edərkən aydın olur ki, bizim iqtisadçı alimlər ha­zırda xüsusi əhəmiyyət kəsb edən bu sahələrlə ciddi məşğul olmalıdırlar.

Beləliklə, aydındır ki, siyasi qərarların qəbul edilməsi mərhələsinə qə­dər zəruri olan elmi araşdırmaların aparılması günün əsas tələblərindən bi­ri­dir. Lakin kadr qıtlığı və müvafiq mexanizmlərin işlənilməməsi bu prosesi hə­ləlik düzgün qurmağa imkan vermir.

Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət ən nüfuzlu dai­rə­lərdə belə müdrik və tarazlaşmış strateji xətt kimi qiymətləndirilir. Ancaq döv­lətin və dövlət başçısının bu siyasəti hələlik yalnız jurnalist mövqeyi sə­viyyəsində şərh edilir.

Bizdə siyasi anlayışlardan və politologiyanın müasir problemlərindən heç olmasa, baş çıxara bilən mütəxəssislər yoxdur, yalnız bir-iki həqiqi poli­to­loqumuz ola, ya olmaya. Bu politoloqlar da son dərəcə mürəkkəb olan mü­­asir dünyada qloballaşmanın problemlərinə və ziddiyyətlərinə məhz baş­qa­­larının fikirlərinə əsasən şərhlər verirlər. Onların məqalələrində dünyanın apa­­rıcı informasiya agentliklərinin, Rusiyanın, Türkiyənin, Avropanın ana­li­tik mərkəzlərinin mövqeləri səslənir. Deməli, hər şey var, yalnız müstəqil Azər­baycanın real siyasi mövqeyinin elmi əsaslarla təhlilindən başqa.

Mövcud vəziyyət tələb edir ki, adıçəkilən sahələr üzrə mütəxəssislərin ha­zırlığı dünyanın nüfuzlu universitetlərində, tanınmış elm və təhsil mər­kəz­lə­rində aparılmalıdır. Prezident İlham Əliyevin bir neçə sərəncamı, o cüm­lə­dən azərbaycanlı tələbələrin xaricdə təhsil almağa göndərilməsi barədə qə­rarı yeni texnologiyaların mənimsənilməsi ilə yanaşı, həmin problemlərin də həl­linə yönəlibdir.

Bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diq­qət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti da­ya­nır. Artıq politoloji tədqiqatlarda "Azərbaycan modeli" haqqında fikirlər səs­­lənir.

Lakin bizdə hələ də inkişafın Azərbaycan modeli ilə bağlı funda­men­tal təhlillər aparılmır, bu modelin uğurlarını dəstəkləyən və onun əsas me­yil­lərini üzə çıxaran əsərlər yazılmır. Nəşr edilən və problemlə az-çox əla­qəsi olan cild-cild, qalın-qalın kitabların isə elmi səviyyəsi son dərəcə aşa­ğıdır. Hal­buki biz yeni cəmiyyətin qurulması praktikasını dərindən öyrənib təhlil edə­rək gələcək inkişafımızın bazasını yaradırıq.

İctimai elmlər sosial sifarişə çevik reaksiya verməlidir. Ancaq o, hələ də ətalət, gözləmə və passiv seyrçi mövqeyindədir. Bunun müxtəlif səbəb­lə­ri vardır. İnformasiya cəmiyyətinə inteqrasiya prosesində isə vaxt itkisini, "ge­cikmə effekti"ni heç nə ilə kompensasiya etmək mümkün deyildir.


İn­di birbaşa ictimai şüura ünvanlanmış humanitar texnologiyalar ən önəmli ami­lə çevrilmişdir. İnkişafın belə bir zamanında önləyici proqnozlar sis­te­mi­ni müəyyənləşdirmək üçün işlər görülməlidir. Milli elm infrastrukturunun for­malaşması üçün dövlətə konkret konsepsiya təqdim edilməlidir. Bu, dün­ya elminin insanlara, elmə və təhsilə münasibətdə irəli sürdüyü standartlara ca­vab verən bir konsepsiya olmalıdır.

İctimai elmlər cəmiyyətdə baş verən proseslərin və dövlət-vətəndaş mü­­nasibətlərinin əlaqələndirilməsini təmin etməlidir. O, elmimizi obyektiv is­­ti­­qamətlərə yönəltməklə millətin düşünən beyninə, insanlarımızın ictimai əx­­laqının yüksəldilməsinə, bütünlükdə inkişafın aparıcı amilinə çevril­mə­li­dir. Bu vəzifələrin öhdəsindən gəlmək üçün ictimai elmlər sahəsində yeni ide­­yalar irəli sürməyə qadir şəxslərə, kreativ düşüncəli insanlara ehtiyac vardır.

Qlobal elm məkanına uğurlu inteqrasiya üçün alimlərimiz ölkədə el­min nüfuzunu və əhəmiyyətini yüksəldə bilərlər. Odur ki, tədqiqatlar yalnız şəx­si karyera üçün aparılmamalı, dövlətin, cəmiyyətin maraq və eh­ti­yac­la­rı­na xidmət etməlidir.

Elmin hər bir nümayəndəsi öz fəaliyyətini iki mövqedən qiy­mət­lən­dir­mə­lidir: əvvəlcə vətəndaş, sonra alim kimi. Amma digər maraqlar üstün gəl­di­yindən milli mənafe, vətənpərvərlik fikri və milli mənlik ideyası zaman-zaman kənarda qalır. İnstitut və kafedra rəhbərləri kollektivin elmi po­ten­si­a­lı­nı dövlətin fundamental maraqlarının xidmətinə yönəltməlidirlər. Ona görə də islahatların elmi əsaslarının izahı və təqdimində ictimai elmin yaxın iş­tirakı və əzmi hiss olunmalıdır.

Bütövlükdə sadaladığımız bu məsələlər siyasi qərarlar qəbul ediləndən sonra onların nəticələrinin düzgün elmi təhlilinə yönəlmiş fəaliyyət sa­hə­si­dir. Bu, fikrimcə, ikinci vacib istiqamətdir ki, onun da sanballı elmi po­ten­si­a­la ehtiyacı vardır.

Bizi düşündürən üçüncü istiqamət Azərbaycan cəmiyyətinin öy­rənil­mə­si ilə bağlı tədqiqatlardır. Azərbaycanlı mentalitetinin öyrənilməsi, icti­mai fikri formalaşdıran əsas sosial-psixoloji kateqoriyalara həm­vətən­lə­rimi­zin münasibəti, demoqrafik vəziyyət və bir sıra digər amillərin elmi təhlili bu gün bizim üçün xüsusi məna kəsb edir.

Milli dəyərlərin qorunub saxlanmasından danışarkən biz heç də on­la­rın konservasiyasını nəzərdə tutmuruq. Biz daim irəliyə, gələcəyə bax­ma­lıyıq, insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. Millətin ta­rixi keçmişi onun gələcəyə doğru uğurla addımlaması üçün həm zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, va­risliklə novatorluq vəhdət təşkil etməlidir.

Biz daim böyük fəxrlə deyirik ki, Azərbaycan xalqının ümummilli li­de­ri Heydər Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş etmişdir. Onun fəl­səfəsi hər bir azərbaycanlıya imkan verir ki, o, azərbaycanlı olduğunu qü­rur hissi ilə desin. Lakin gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsi pro­se­si heç də problemsiz deyildir. Gənclərimizin əsl azərbaycanlı kimi tər­bi­yə­­si bizim vətəndaşlıq borcumuzdur və xalqımızın gələcəyi deməkdir. Mü­a­sir dünyada vəzifələrimizin öhdəsindən layiqincə gələ bilməyimiz üçün ai­diy­yəti elmi qurumlar azərbaycançılıq məfkurəsinin nəzəri-konseptual əsas­la­rını işləyib hazırlamalıdırlar. Gənclərimizin milli və müasir ruhda tərbiyəsi mə­sələləri də həmin fəaliyyət proqramının tərkib hissəsi olmalıdır.

Hər bir xalqın mentalitetindən danışanda biz, əslində, onun xarakterik milli xüsu­siyyətlərini və həmin etnosun yaşatdığı inancları, inamları, ümumi əhval-ruhiyyəni, torpağa, zəhmətə, halal-haram anlayışlarına münasibəti və digər amilləri önə çəkirik.

Azərbaycan xalqının böyük tarixi nailiyyətidir ki, bütün təsirlərə bax­ma­yaraq, biz öz dilimizi, dinimizi, milli-mənəvi dəyərlərimizi qoruyub sax­la­ya bilmişik. Lakin qloballaşma çağırışlarına məruz qalan ailə artıq XXI əsr­də bu məsələlərin həllində əvvəllər oynadığı rolu, sözsüz ki, oynaya bil­mir. Milli dəyərlərlə əlaqəli problemlər üzərində dayanaraq xüsusi qeyd et­mək istərdim ki, bunların tam həllini tapması müstəqil respublikamızın və­təndaşlarının tərbiyəsi baxımından müstəsna əhəmiyyətə malikdir. Milli-mə­nə­vi dəyərlərimizin qorunub yaşadılması və zənginləşdirilməsi ailədən də çox cəmiyyətdən asılıdır.

Azərbaycan dilinin cəmiyyətimizdəki mövqeyi çox güclüdür. Həyata ke­çirilən irimiqyaslı layihə ədəbi irsimizi kütləvi surətdə latın qrafikası ilə çap etməyə imkan verdi. Bu, mədəni həyatımızda çox böyük hadisədir. Di­gər tərəfdən, dövlətin dilə və ədəbiyyata olan qayğısının təzahürüdür. Lakin hər bir dilin inkişafı onun kütləvi informasiya vasitələrində, müasir ədə­biy­yat­da, terminoloji problemlərin həllindəki mövqeyi ilə bağlıdır.

Bu baxımdan etiraf etmək lazımdır ki, bu gün canlı danışıq dilimizdə müşahidə olunan bəsitlik, müasir ədəbi əsərlərin qıtlığı, kütləvi informasiya vasitələrinin dilindəki üslub pozuntuları və qəlizlik bizim dilçilərin və ədə­biyyatşünasların araşdırmalarında lazımi yer tutmur. Heç kəsə elə gəlməsin ki, dilin dövlət dili elan edilməsi ilə dillə əlaqəli olan bütün problemlər ara­dan qaldırılır. Daim dilin keşiyində dayanmalı olan insanlar, təəssüf ki, mü­a­sir dövr üçün zəruri sanballı tədqiqatları həyata keçirmirlər.

Məni bir sual düşündürür: Azərbaycanda son illərdə yazılan heç ol­ma­sa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o, cə­miy­yə­timizdə böyük maraq doğursun? Yaxud Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun? Həqiqi söz ustası, əsl ədib zamanın ruhunu duymalı və ona uyğun əsərlər meydana gə­tirməyi bacarmalıdır.

Ədəbiyyat və teatr tənqidçilərimiz hələlik gizli, latent formada cə­rə­yan edən narahatedici proseslərin təhlilini aparmalı və öz missiyalarını ye­ri­nə yetirməlidirlər. Söz sənəti korifeylərimizdən bizə zəngin yaradıcılıq mək­tə­bi miras qalmışdır. Onların bugünkü varisləri öz yeni ədəbi axtarışları ilə Azər­baycan ədəbiyyatının şöhrətini layiq olduğu yüksəklərə qaldır­ma­lıd­ır­lar.

İctimai və humanitar elmlərin problemlərinin həlli ölkənin elmi eli­ta­sı­nı əsas məqsəddən – fundamental tədqiqatların həyata keçirilməsindən ya­yın­dırmamalıdır. Burada da həllini gözləyən problemlər az deyildir. Biz ümu­mən Azərbaycan elmini əyalət ab-havasından xilas edərək, onun dünya elm məkanına inteqrasiyasına can atmalıyıq.

Həqiqət naminə qeyd etməliyik ki, Azərbaycanda XX əsrdə ictimai və humanitar elmlər sahəsində sanballı elmi potensial yaranmışdır. Respublika Elmlər Akademiyasında və ali məktəblərdə müxtəlif sahələr üzrə kifayət qə­dər elmlər doktoru və elmlər namizədi hazırlanmışdır. Lakin Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə belə bir vəziyyət mü­şahidə olunmaqdadır ki, həmin potensial zəruri tədqiqatların aparılmasından uzaq­dır və ümumən ölkənin gələcək inkişaf strategiyasının elmi əsas­lan­dırılması baxımından bir növ istifadəsiz qalmışdır. Zamanın tələbi isə budur ki, fundamental elmi araşdırmaların aparılması ilə yanaşı, ictimai və hu­ma­ni­tar elmlər həyata yaxınlaşmalı, cəmiyyətin bugünkü və gələcək tələ­bat­la­rını müəyyənləşdirməklə mövcud problemlərin mümkün həlli yollarını təq­dim etməlidirlər.

Aparılan sorğular cəmiyyətdə elmi fəaliyyət sahəsinə laqeydliyin ol­du­ğunu göstərir. Bu, böyük həyəcan doğuran faktdır. Bunun səbəblərindən bi­ri də indi elmə gələn bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qa­biliyyətlərinin müasir tələblərdən xeyli aşağı olmasıdır. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi mü­za­ki­rələr keçirmir. Beynəlxalq tərkibli elmi şuralar isə heç yoxdur. Müdafiə şu­raları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazıl­ma­sına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla ya­naş­mır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır.

Elm bir biznesə çevrilib və istənilən şəxs – dövlət məmuru, yaxud iş ada­­mı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu pro­ses­­lərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dis­ser­ta­si­ya­ları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvə­­zinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rə­vac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cız­ma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət gös­tərə bilməz.

Son beş ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar arasında elə­ləri vardır ki, tragikomik təsir bağışlayır. Xüsusilə filologiya sahəsində han­sısa yazıçının "yaradıcılıq yolu"na həsr olunmuş dissertasiyaları qeyd et­mək istərdim. Adları qədər özləri də bəsit olan həmin dissertasiyalar elmi təd­qiqatdan daha çox, son dərəcə zəif yazılmış publisistik yazıları xatırladır. Ey­ni mənzərə ictimai və humanitar elmlərin digər sahələrində də müşahidə olu­nur. Yüzlərlə dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu elmi jur­nallarında Azərbaycan alimlərinin məqaləsinə təkdənbir rast gəlmək mümkündür.

Məlumdur ki, uzun müddət ərzində Azərbaycanda ictimai elmlər sovet ideoloji sistemi kontekstində təşəkkül tapmış və bu səbəbdən də müasir elmi nai­liyyətlərdən uzaq düşərək dünyanın intellektual elitasından təcrid olun­muş­du. Əslində, marksaqədərki siyasi və fəlsəfi fikrin bütün dövrü, belə de­yək ki, müəyyən sterilləşdirməyə məruz qalmışdı. Hətta Platon, Aristotel, Hob­bs və Lokk kimi mütəfəkkirlərin əsərləri sırf marksist kontekstdən şərh edi­lirdi. Bütövlükdə XX əsrdə biz dünya fəlsəfəsindən bixəbər olaraq inki­şaf etmişik. Qərbdə meydana çıxan yeni nəzəriyyələrin və ictimai-siyasi fi­kir­də yaranan ideyaların mövcudluğundan biz yalnız onları tənqid edən sovet ideoloqlarının məqalələri vasitəsilə xəbər tuturduq. İctimai elmlər sahəsində böhran yaradan əsas problemlərdən biri də budur.

Bəzi elmi işçilər çox uğursuz bir yol tutaraq xaricdən verilən qrantlar hesabına yazdıqları müxtəlif məqalələrdə elmdən uzaq və olduqca subyektiv mülahizələr ortaya atmaqla, qrant verən qurumların niyyət və məqsədlərinə xidmət göstərirlər. İş o yerə çatıbdır ki, bəziləri Azərbaycan xalqının guya heç nəyə qadir olmadığını təsdiqləmək həvəsinə düşüblər. Onlar guya vahid mil­­lət kimi formalaşmadığımızı və zamanın tələblərinə adekvat cavab ver­mək iqtidarında olmadığımızı sübuta yetirməyə çalışırlar. Digərləri isə açıq-ay­dın yazırlar ki, bizim bütün problemlərimiz adımızın "azərbaycanlı" ol­ma­ğından və ya bizə kiminsə "azərbaycanlı" adını verməyindən irəli gəlir. On­­ların fikrincə, bəlkə millətimizin adı başqa olsaydı, problemlərimiz də ol­maz­dı. Bu, çox təhlükəli mövqedir. Faktlar göstərir ki, bir sıra alimlər elm­dən uzaqlaşaraq və siyasi oyunların qurbanlarına çevrilərək, hətta danılmaz hə­qiqətləri belə öz siyasi maraqlarına qurban verməyə hazırdırlar.

Bu gün ölkədə yaranmış ictimai-siyasi və mənəvi mühit bizə ictimai elm­lərin yeni şəraitdəki rolunu dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Sürətli sosial-iqtisadi inkişaf, öz növbəsində, ictimai elmlər qarşısında yeni vəzifələr irəli sürür, ictimai elmlər üzrə çalışan alimlərin məsuliyyətini nə­zə­rəçarpacaq dərəcədə artırır, bu sahədə verilən bütün səmərəli fikir və tək­lif­lərə tam ciddiyyətlə, özünütənqid ruhunda yanaşaraq, onları diqqətə al­ma­ğı və lazımınca qiymətləndirməyi tələb edir. Əlbəttə, ictimai elmlər sa­hə­sin­də müəyyən nailiyyətlər qazanıldığını inkar etmək olmaz. Lakin alimlərimiz öz qüvvələrini bu günün ən aktual problemlərinin həllinə yönəltməlidirlər.

Etiraf etmək lazımdır ki, ictimai elmlərin cəmiyyətimizdəki möv­qe­yi­ni, bütövlükdə bu elmlərin mövcud vəziyyətini ölkəmizin indiki inkişaf mər­hələsinin irəli sürdüyü tələblər baxımından qənaətbəxş hesab etmək ol­maz. Onun nüfuzunun yüksək olmamasının səbəbləri nədir?

Bi­zim fikrimizcə, başlıca səbəb ictimai biliklərin insanların artan tə­ləbatından, həmçinin cəmiyyətin həyatında baş verən hadisələrin analitik təh­lilindən geri qalmasıdır. Ölkədə cərəyan edən proseslərlə müqayisədə ic­timai elmlərin geri qalması bizim üçün heç də yeni hal deyildir. Bu, demək olar ki, onillər boyu xroniki şəkil almışdır. Hələ 1970-80-ci illərdə ulu öndər Hey­dər Əliyev respublikamızda ictimai elmlərin nümayəndələrini Azər­bay­can reallıqlarına xüsusi həssaslıqla yanaşmağa çağırmış, onların təd­qi­qat­larına tənqidi yanaşaraq nəzər-diqqətlərini dəfələrlə belə bir məsələyə yö­nəlt­miş və tələb etmişdi ki, ictimai elmlər öz gücünü məhz gerçəkliyin ob­­yek­tiv təhlilindən almalıdır. O zamankı inkişaf meyillərini və mövcud və­ziy­­yətin təhlilini mücərrəd nəzəriyyəçiliklə əvəz edərək iqtisadi artım tem­pi­nin sürətləndirilməsi baxımından respublikanın təcrübəsini ümum­i­ləş­dir­mə­yə çalışan tanınmış iqtisadçı alimin kitabını Heydər Əliyevin necə kəskin tən­­qid etdiyini xatırlamaq yerinə düşərdi. Həmin alim köhnəlmiş iqtisadi gös­təricilərdən istifadə etdiyinə görə Azərbaycanın 1970-ci illərdəki tə­sər­rü­fat-iqtisadi həyatı üçün səciyyəvi olan yüksək əmək ritminin həqiqi mən­zərəsini canlandıra bilməmişdi.

İctimai elmlər sahəsində geriliyi, müəyyən mənada spesifik sosial şə­ra­itlə də əlaqələndirmək mümkündür. Belə ki, sosialist dünyagörüşündən im­tina edərkən alimlərimiz ictimai elmlər sahəsində yeni yollar axtarmağa da heç hazır deyildilər.

İndi ölkənin kitab bazarı müxtəlif məzmunlu və çoxsaylı nəşrlərlə do­lub daşır. Əli qələm tutan yazır. Nəfis tərtibatla işıq üzü görən bu nəşrlər içə­­risində sosial-siyasi problemlərin bəsit şərhi ilə bağlı vaxtaşırı səslənən cid­­di iradları biz tamamilə haqlı sayırıq. İctimai elmlər üzrə tədqiqatların em­­pirizm və quru təsvirçilik səviyyəsinə enməsi müşahidə olunur və həmin nəşr­lərdə faktlar yalnız sadalanır, hadisələrin quru təsviri verilir, nəzəri təh­lil də yox dərəcəsindədir. Hər bir elmi axtarışda isə əsas prinsip canlı mü­şa­hi­dədən abstrakt təhlilə və ondan praktikaya istiqamətlənməlidir.

Şüb­­həsiz, dünyagörüşünün elmi əsası kimi fəlsəfə və digər ictimai elm­­lər öz vəzifələrini yalnız o halda tam yerinə yetirə bilər ki, burada apa­rılan ümumiləşdirmələr və gəlinən qənaətlər aydın bir dildə ifadə edilməklə ya­naşı, məzmunca da dərin olsun. Bu qənaətlər isə yalnız insanları dü­şün­dü­rən və narahat edən elmi, sosial-mədəni və mənəvi-əxlaqi problemlərin real həl­lində rol oynayacağı təqdirdə maraq doğurar, onların diqqətini öz üzərinə çəkə bilər.

Əlbəttə, ictimai elmlərin yeri və nüfuzu ən əvvəl bu sahədə çalışan mü­təxəssislərin özlərindən asılıdır. Sirr deyil ki, son 20-25 il ərzində məlum ob­yektiv, yaxud subyektiv səbəblərdən ictimai elmlər sahəsində canlı dis­kus­siyalar aparılmır, məzmunlu elmi tənqidə və nəzəri aspektli təhlillərə rast gəlinmir.

İctimai elmlər öz mənbəyini məhz gerçəkliyin obyektiv şərhindən və təhlilindən alır. Cəmiyyətdəki təmayülləri hələ özünü büruzə verməyə baş­la­dı­ğı ilk vaxtdan görməyi bacarmaq əsl sosioloqa xas olan bir keyfiyyətdir. Bu­nun isə çox nadir hallarda şahidi oluruq. Gerçəkliyin obyektiv təhlili, düz­gün qiymətləndirilməsi və tarixi təcrübənin yeni elmi dərki olmadığı təq­dirdə yeni elmi biliklər və ictimai elmlərin məzmunca zənginləşməsi də çə­tin­dir. Əgər nəyi isə tənqid ediriksə, həmin tənqid mövcud olanların köklü in­karına yönəlməməli, islahedici xarakter daşımalıdır. Əks təqdirdə o, in­kişafı əngəlləyən amilə çevrilə bilər.

Bir qədər əvvəl deyildiyi kimi, ölkəmizin inkişafının yeni təcrübəsi la­zı­mınca öyrənilmir, ümumiləşdirilmir və yeni biliklərin hasil edilməsində on­dan istifadə olunmur. Həyatımızın bugünkü reallıqları elmi-nəzəri tədqi­qat­­larda özünün təcəssümünü tapmalıdır. Yeni dövrün ruhuna uyğun nəzəri-ictimai fikrin yaradıcı surətdə inkişafı bu yolla təmin edilə bilər.

Ötən dövrə nəzər yetirdikdə aydın olur ki, bizim filosoflar, tarixçilər, iqtisadçılar və ədəbiyyatşünaslar ölkədə baş verən yeniliklərin heç də aparıcı qüvvəsi kimi çıxış etməyiblər. Həddən ziyadə vaxt itkisinə yol verilmişdir. Halbuki müstəqilliyimizin on doqquz ili lazımi elmi nəticələrə gəlmək üçün kifayət qədər möhkəm baza təşkil edir.

2003-cü ildən etibarən ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu inkişaf yolunu bütün incəlikləri ilə aydın təsəvvür etmək və eləcə də gələcək perspektivləri müəyyənləşdirmək üçün, sözsüz ki, ictimai elmlər sahəsində yaradıcı mühitin bərqərar olması və burada vahid möv­qe­dən çıxış edilməsi zəruridir. Ona görə də daim axtarışda olan insanlara geniş mey­dan verilməli, yeni fikirlər və ideyalar, novator yanaşmalar dəstək­lən­mə­lidir.

Əgər dövlət müstəqilliyimizin bərpasının ilk illərində ictimai elmlərin nü­mayəndələri arasında müəyyən qütbləşmə mövcud idisə, bu gün cəmiy­yə­ti­miz öz inkişafının elə bir mərhələsinə çatıb ki, baş vermiş sosial-iqtisadi də­yişiklikləri bütünlüklə və geniş miqyasda dərk etmək üçün hər cür imkan var­dır. Əslində, bu, yaşadığımız tarixi anın mahiyyətini və məzmununu təş­kil edir. Həyatımızın yeni reallıqları bizə varisi olduğumuz böyük tarixi-mə­də­ni irsi daha da zənginləşdirmək imkanı vermişdir. Tariximizin yetirdiyi görkəmli ictimai-siyasi xadimlərin, böyük filosofların və mütəfəkkirlərin, tarixçilərin və ədəbiyyatşünasların yaratdıqlarını biz informasiya əsrində yeni yanaşmalar işığında bir daha nəzərdən keçirməli, onları ideoloji buxovlardan büsbütün xilas etməliyik.

İctimai elmlər sahəsində vəziyyətin yaxşılığa doğru kəskin surətdə də­yiş­məsi son dərəcə mühüm əhəmiyyət kəsb edir. Biz ictimai və humanitar el­­mi qurumların strukturlarını müasir tələblərə uyğun təkmilləşdirməliyik. Hər bir qurum öz vəzifəsini və fəaliyyət dairəsini dəqiq müəyyən etməlidir. El­mi fəaliyyətin təşkili sosial-iqtisadi və ictimai-siyasi inkişafın bugünkü tə­ləb­lərinə cavab verməlidir. Milli Elmlər Akademiyasının və tədris mü­əs­si­sə­lə­rinin işçilərinin yaradıcı işbirliyi təmin edilməli, tədqiqatların əla­qələn­di­ril­məsi məsələləri həllini tapmalıdır. Xüsusən, istedadlı gənclərin elmə gəl­mə­sinin təşkili ilə bağlı işlər düzgün qurulmalı, kadr potensialı baxımından va­rislik təmin olunmalıdır.

Biz elmi-ictimai həyatın bütün formalarını, o cümlədən elmi cəmiy­yətlərin və elmi assosiasiyaların fəaliyyətini əməli surətdə canlandırmalıyıq. Bu, eyni zamanda, müxtəlif müzakirələrin, yaradıcılıq görüşlərinin təşkili və açıq fikir mübadiləsinin aparılmasına da aiddir. Müxtəlif fikirlərin mü­ba­di­lə­si o halda maraqlı ola bilər ki, elmin inkişafını stimullaşdırsın, əsl yaradıcı mü­hitdə cərəyan etsin və siyasi ittihamlardan, kimisə damğalamaq kimi yan­lış praktikadan uzaq olsun. Bu, yeni təfəkkürün formalaşması yol­la­rın­dan biridir.

Cəmiyyətin həyatında elmin rolunun yüksəlməsi ilə bərabər alimin ic­ti­­mai məsuliyyəti də artır. Bu isə elmin və əxlaqın bağlılığı məsələsinə yeni­dən aktuallıq qazandırır. Unutmamalıyıq ki, bir şəxsiyyət kimi alimin öz həm­karlarına və yetirmələrinə güclü mənəvi-psixoloji təsiri vardır. Bu təsir isə həm alimin özünün peşəkarlıq səviyyəsi, həm də onun vətəndaş möv­qe­yi­nin ifadəsidir. Hər bir elm adamı zəkasının məhsulu olan əsərlərində, elə­cə də yazılarında və çıxışlarında irəli sürdüyü mövqelərə görə məhz özü mə­su­liyyət daşıyır. Alim olan kəs hər zaman özünün yüksək davranış mədə­niy­yəti, zəngin daxili aləmi və nümunəvi əxlaqı ilə seçilir. Bu, tarixən də belə olmuşdur, indi də belə olmalıdır.

İctimai elmlərə münasibətdə irəli sürdüyümüz tələblər, eyni zamanda, onlara diqqət və qayğının artırılması, mövcud maddi və texniki təchizatın yaxşılaşdırılması ilə müşayiət olunmalıdır. Təəssüflər olsun ki, biz bunların heç birini müşahidə etmirik. Ali məktəblərin kafedraları və elmi institutlar otaq, kompüter və surətçoxaldan texnika qıtlığından əziyyət çəkir, müxtəlif elmi jurnallar almaqda böyük çətinliklərlə qarşılaşırlar.

Ölkəmizdə fəlsəfi fikir bu gün müəyyən böhran keçirir ki, bu böhran və­­ziyyətinin də əsas səbəbi fəlsəfə sahəsində tədqiqatların sosial prakti­ka­dan, bütövlükdə ictimai həyatın aktual problemlərindən və tələbatlardan uzaq olmasıdır. Nəticədə praktiki və elmi fəaliyyətdə də nəzəriyyə və meto­do­­logiyaların ümumi müddəalarının dəyərləndirilmə səviyyəsi aşağı düş­müşdür.

Söhbət ondan gedir ki, fəlsəfi tədqiqatların aparılması sahəsində prio­ri­tet istiqamətlər müəyyən edilməlidir. Biz unutmamalıyıq ki, fəlsəfə bü­töv­lük­də tarixi bir dövrün özünüdərki ilə məşğuldur və onun araşdırdığı prob­lem­lər əslində, həmin tarixi dövrün ən ümdə, ən vacib tələblərindən irəli gəlir. Fəlsəfə elmimizin ümumilikdə ictimai-fəlsəfi fikrin inkişafına töhfəsi də məhz belə bir məsələnin həllində əldə ediləcək uğurlar sayəsində mümkün ola bilər.

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Azərbaycanda ictimai və hu­ma­nitar elmlərin yeni konsepsiyasının formalaşdırılması prosesinə başçılıq etməli və yeni ideyaların, bir növ, bayraqdarı olmalıdır. Lakin bu hal hələ ki baş vermir. İnstitutun bəzi əməkdaşları istər tarixi perspektiv, istərsə də ger­çək­lik baxımından Azərbaycan xalqının nailiyyətlərinin qiy­mətlən­diril­mə­sin­də, yumşaq desək, bir qədər anlaşılmaz mövqe tuturlar. Bu, onların mə­qa­lə və çıxışlarında özünü büruzə verir.

Aydındır ki, sovet şinelindən çıxmış bir qurum beş-on ilə Frensis Fu­ku­yama və ya Yurgen Habermas kimi filosof yetişdirə bilməz. Lakin bu qu­rum­dakı elmi işçilərin də 20 il bundan öncə yazdıqları dissertasiyaların ayrı-ay­rı müddəalarını ilbəil plan işi adı ilə təqdim etməyə mənəvi haqları yox­dur. Əsaslı dönüş yaratmaq üçün nə etmək lazımdır sualının cavabını, ilk növ­bədə, institut özü tapmalı, müvafiq kömək və dəstəyi isə Milli Elmlər Aka­demiyasının Rəyasət Heyətindən gözləməlidir.

Bir müddət əvvəl İqtisadiyyat İnstitutunda rəhbərlik dəyişdi. Aydındır ki, bu dəyişiklik dərhal öz nəticəsini verə bilməz. Lakin vaxt itkisinə də yol ve­rə bilmərik. Bu sahədə zəruri islahatların aparılmasına böyük ehtiyac var­dır. Bizdə iqtisad elmindəki mövcud vəziyyəti bütövlükdə qənaətbəxş hesab et­mək olmaz. Ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi məsələsi hələ də öz həllini tapmaq mərhələsindən çox uzaqdır. Mə­lum­dur ki, həyata keçirilən iqtisadi islahatlar və dəyişikliklər məhz vahid iq­ti­sadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmalıdır. Lakin bu isti­qamətdə heç bir irəliləyiş gözə çarpmır. Bununla yanaşı, indiyədək sosial-iqtisadi inkişafımızın sürətləndirilməsinin nəzəri əsasları da işlənilməyibdir.

Daxili bazarda qiymətlərin formalaşmasının nəzəri problemləri, ma­liy­yə-kredit sistemi və insanların tələbatlarının proqnozlaşdırılması ilə bağlı mə­sələlər də elmi həllini gözləyir. Biz istəyirik ki, iqtisadçılarımız maliyyə və kredit münasibətlərinin təkmilləşdirilməsinin əsas prinsiplərini araş­dır­sın­lar, kənd təsərrüfatı və sənaye mallarının istehsalının səmərəliliyini ar­tır­ma mexanizmlərini müəyyən etsinlər.

Ölkənin iqtisadi inkişafının sürətləndirilməsindən ümdə məqsəd in­san­la­rın rifah halının yüksəldilməsinə və sosial problemlərin həllinə nail ol­maq­dan ibarətdir. Təhsilin, mədəniyyətin, səhiyyənin maddi-texniki bazasının və təşkilati-iqtisadi mexanizminin möhkəmləndirilməsi işləri ardıcıl həyata keçirilir.

Ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bizə nai­liy­yət­lərimizin dərin təhlili, yeni təkliflər və yeni ideyalar lazımdır. Misal üçün, ölkədə aparılan iqtisadi islahatlar çərçivəsində müasir iqtisadi modelə eh­­tiyac duyulur. İqtisadçı alimlər isə özlərini bu kimi müasir problemlərdən ümu­mən təcrid ediblər.

Bir çox iqtisadçılar statistik məlumatlarla işləmək bacarığını, demək olar ki, yadırğayıblar. Statistik elm az qala bizim iqtisadçıların maraq dai­rə­sin­dən tamam kənarda qalıbdır. Bir sıra iqtisadi göstəricilər, ələlxüsus, key­fiyyətlə bağlı toplanma metodika və metodologiyası, demək olar ki, araş­dı­rıl­mır. Fikrimcə, Milli Elmlər Akademiyasında sosial-iqtisadi inkişafın el­mi-praktiki məsələlərinə dair müşavirə keçirilməsi həm sosial-iqtisadi mə­sə­lə­lərin təhlili, həm də elmlə praktikanın əlaqələrinin möhkəmləndirilməsi ba­xımından faydalı olardı.

Sovet dövründə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu faktik olaraq, siyasi iqtisad institutu kimi fəaliyyət göstərirdi. Gözləmək olardı ki, müstəqillik şəraitində bu institut iqtisadi profilli sahə elmi institutlarından seçiləcək və konseptual məsələlərin həyata keçirilməsi ilə məşğul olacaqdır. Müasir dünya iqtisadiyyatının problemlərini, ümumi inkişaf meyillərini bil­mə­dən ölkə iqtisadiyyatına və iqtisadiyyat elminə töhfə vermək çətindir. Azər­baycan iqtisadiyyatı bu gün təkcə MDB ölkələri arasında və regionda de­yil, həm də dünyada nadir yer tutur. Amma bu inkişafın xüsusiyyətlərinin nə­dən ibarət olduğu sualına veriləcək cavabın instituta sanki heç bir dəxli yoxdur.

AMEA-nın İnsan Hüquqları İnstitutu ölkə rəhbərliyinin siyasi qərarı ilə yaradılmışdır. Nəzərdə tutulurdu ki, hazırkı mürəkkəb geosiyasi şəraitdə bu institut ölkədə vətəndaş cəmiyyətinin bərqərar olması proseslərinin öy­rə­nil­məsinə güclü dəstək verəcəkdir. Amma gözlənilənlər olmadı. Hələ in­di­yədək institutun elmi dəst-xətti bəlli deyildir. Bu institutda müdafiəyə təq­dim olunan işlərdən birini özəl hüquq firmasında çalışan və elmi rəhbəri uk­ray­nalı professor olan bir hüquqşünas yazmışdır. Mövzusunun da Azər­bay­can­la əlaqəsi yoxdur. Siyahıda daha sonra Xarici İşlər Nazirliyinin işçisinin və Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarə­si­nin bir əməkdaşının adları gəlir.

Bu gün ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün var­dır. Bütün bu insanların hüquqları kobudcasına pozulub və bu, əslində, insan hü­quqlarının kütləvi surətdə pozulması deməkdir. Erməni hərbi birləş­mələri tərəfindən işğal olunmuş ərazilərin hər qarışı, Vətənin şəhid olmuş hər bir öv­ladının ruhu bizdən erməni vəhşiliklərinin aktlaşdırılmasını və təhlilini tələb edir. Əgər sabah beynəlxalq məhkəmə Dağlıq Qarabağ problemi ilə bağ­lı insan hüquqlarının pozulmasına dair konkret faktlar istəsə, biz buna ha­zır olmalıyıq. Bir sözlə, institut öz profilinə uyğun işlərlə məşğul ol­malıdır.

Şərqşünaslıq İnstitutu sovet dövründə Yaxın Şərq üzrə siyasi, iqtisadi və mədəni məsələlərin öyrənilməsi məqsədi ilə yaradılmışdı. İnstitut yeni tarixi şəraitdə öz elmi istiqamətini müəyyən etməlidir. Aydındır ki, "BƏƏS" partiyasının təşəkkül tapması və ya ərəb ölkələrində guya sosializm meyilli inkişafa dair sovet dövründəki tədqiqatlar bugünkü Azərbaycan üçün öz aktuallığını itiribdir. İnstitutun müasir Azərbaycanın gerçəkliklərinə uyğun öz yeni simasını formalaşdırması üçün araşdırmalı olduğu kifayət qədər problemlər vardır ki, onlar öz həllini tapmalıdır.

Müstəqil Azərbaycan dövlətinin inkişafı tarixçi alimlər qarşısında irimiqyaslı problemlərin həlli vəzifəsini irəli sürür. Keçmiş illərin səhvlərini və əyintilərini düzgün qiymətləndirib aradan qaldırmaqla yanaşı, biz tarix elminin elə bir inkişafını təmin etməliyik ki, o, bugünkü şəraitdə kəsb etdiyi missiyaya uyğun olsun. Milli Elmlər Akademiyasının Tarix İnstitutu son illər ərzində rəğbətlə qarşılanmış bir sıra fundamental əsər hazırlayıb nəşr etmişdir. Lakin bununla yanaşı, bizim tarixçilərin ünvanına haqlı olaraq ciddi tənqidi fikirlər də söylənməkdədir. Biz bu gün də elmi səviyyəsi qənaətbəxş olmayan, aktuallıqdan uzaq və əhəmiyyətsiz əsərlərin ortaya çıxması halları ilə rastlaşırıq. Həmçinin dəyərli tarixi sənədlərin və arxiv materiallarının çapı və şərhi sahəsində vəziyyət qənaətbəxş deyildir. Bu, Azərbaycanla bağlı olub əsas etibarilə Rusiyada, Qərb ölkələrində, ərəb regionunda, İranda, Türkiyədə və başqa ölkələrdəki arxiv və kitabxanalarda qorunub saxlanan materiallara aiddir. Fars, ərəb və digər dilli qaynaqlar tariximizin boşluqlarının doldurulması üçün çox vacib amildir.

Tarix İnstitutunda elmi ictimaiyyət tərəfindən birmənalı qəbul olun­ma­yan yeddicildlik "Azərbaycan tarixi" nəşr edildiyi vaxtdan bəri çox az də­yişiklik olmuşdur. Şəxsi təcrübəmdən yaxşı yadımdadır ki, biz Azərbaycan ta­rixçilərini dilçi, filosof və ədəbiyyatşünaslarla birlikdə bütün müvafiq çoxcildlikləri vahid konsepsiya ətrafında işlənməyə dəvət edirdik. 20-30 il keçsə də, bu çağırışlar öz aktuallığını itirməyibdir.

Biz institutdan Azərbaycanın tarixinə həsr olunmuş fundamental mo­no­qrafiyalar gözləyirik. İnstitutun ən ümdə vəzifəsi Azərbaycan tarixini va­hid xətt üzrə konsepsiya əsasında hazırlamaq üçün bütün qüvvələri bir­ləş­dir­mək­dən ibarətdir. Burada tarixi sənədlərlə işləməyi bacaran gənc mütəxəs­sis­lərlə bərabər, həm Avropa dillərini, həm də qədim Ön Asiya dillərini bi­lən kadrlara böyük ehtiyac vardır. Mövcud vəziyyət isə belə söyləməyə əsas ve­rir ki, bu məsələ hələlik heç kimi düşündürmür. Kollektiv monoqrafiyalar yaz­mağa bir o qədər də aludə olmaq lazım deyildir. Onların əksəriyyəti təd­qi­qat işinin yekunu deyil, burada nə yeni informasiya, nə yeni ümu­mil­əş­dir­mələr, nə proqnozlaşdırma, nə də ki yeni nəticələr tapmaq mümkündür. İns­ti­tut elmi araşdırmaların planlaşdırılması sistemini təkmilləşdirməlidir. Azər­baycanın qədim dövr, erkən orta əsrlər və yeni dövr tarixinə, azər­bay­can­lıların etnogenezinə aid çoxlu sayda problemlər öz həllini gözləyir. Bu­nun üçün tarixçi, ədəbiyyatşünas, arxeoloq, etnoqraf və sənətşünas alimlər, fi­losoflar səfərbər olmalı və bir xətt üzrə çalışmalıdırlar. Məsələnin ma­hiy­yəti bundan ibarətdir. İnstitut zamanın mürəkkəb tələblərinə adekvat cavab ver­məyi bacarmalıdır. Buna isə yalnız o halda nail olmaq mümkündür ki, qurum öz fəaliyyətində zamanın tələblərinə uyğun dəyişikliklərə başlasın.

Öz növbəsində, tarixçilərimiz də araşdırmalarına həddən artıq yüksək tə­ləbkarlıqla yanaşmalıdırlar. Tarixi həqiqətlər aşkar edilməli, ən qədim za­man­lardan bəri keçmişimizin sovet dövründə qadağa qoyulmuş bütün dövr­ləri tədqiqat obyektinə çevrilməlidir. Azərbaycan xalqının və onun qurduğu dövlətlərin tarixinin araşdırılmayan bircə səhifəsi belə, qalmamalıdır.

Tarix İnstitutundan ayrılmış Arxeologiya və Etnoqrafiya İnstitutu müs­təqil elmi mərkəz kimi formalaşmalıdır. Onun üçün də burada ciddi is­la­hat­lar aparılmalıdır. Azərbaycan rəhbərliyi ölkədə arxeologiya və etno­qra­fi­ya elminin inkişafını həmişə dəstəkləmişdir. Azərbaycan Prezidentinin sə­rən­camı ilə arxeoloji qazıntılar üçün ayrılan böyük məbləğdə vəsait buna əya­ni misaldır. İnstitutun fəaliyyətində konseptual yanaşmalar tələb olunur. Son dövr nəşrlərində isə belə yanaşmalar müşahidə edilmir. Ötən illər ər­zin­də etnologiya, antropologiya və etnopsixologiyaya dair fundamental təd­qiqatlar aparılmamışdır. Başlıca səbəb isə təbii ki, bu elm sahəsinə ölkədə ciddi marağın olmaması və eləcə də müvafiq ixtisaslı kadrların yoxluğudur.

Avropada tarixi etnologiya, mədəni antropologiya, etnocoğrafiya kimi elm sahələri xeyli əvvəllər yaranmış və daim yeni-yeni əsərlərlə zəngin­ləş­miş­dir. Bizdə bu sahələrlə bağlı ciddi araşdırmalarla çoxları heç tanış da deyildir. Son vaxtlar əksər ölkələrdə adı çəkilən elm sahələrinə güclü maraq hiss edilməkdədir. Məsələn, Rusiyada milli ideyanın formalaşdırılması üçün konkret işlər aparılır və bu istiqamətdə sosial antropologiyaya, tarixi et­no­lo­gi­yaya dair sanballı əsərlər qələmə alınır. Azərbaycanda da belə əsərlərə eh­ti­yac vardır və həmin əsərlər elə işlənməlidir ki, 30-cu illərdə olduğu kimi, bə­ziləri onları irqçilik müstəvisinə keçirmək üçün əsas tapmasınlar. Bunun üçün də etnologiyanın, antropologiyanın klassiklərinin əsərləri ilə yaxından və diqqətlə tanış olmaq, onların ideyalarından milli problemlərin öyrənil­mə­sində rasional tərzdə faydalanmaq lazımdır.

Ədəbiyyat İnstitutu ötən illərdə ciddi kadr itkilərinə məruz qalmışdır. Ta­nınmış tədqiqatçıların bir çoxu dünyasını dəyişmişdir. Son zamanlar insti­tut öz araşdırmalarını yalnız XX əsri əhatə edən dövrlə məhdudlaşdırmağa cəhd göstərir. Hazırkı vəziyyəti bu institutu vaxtı çatmış problemlərin tədqiqindən uzaq qoyur. İnstitutun əvvəlki elmi nüfuzu bərpa olunmalıdır.

Dilçilik İnstitutu da dövrün qarşıya qoyduğu tələblərlə ayaqlaşmalıdır. Ölkəmizdə Azərbaycan dilinin inkişafına böyük diqqət yetirildiyi bir şə­ra­it­də Azərbaycan dilini müstəqil öyrənmək üçün əldə cüzi sayda olsa da, mü­a­sir elmi vəsait hələ də yoxdur. İnstitut illərlə əvvəl formalaşmış tədqiqatlar çər­­çivəsinə qapanıb qalmışdır. Müasir dünya elmində dil problemi fəlsəfi prob­­lem kimi yozulduğu halda, biz "sovet dilşünaslığı" standartlarından uzaqlaşa bilmirik.

Memarlıq və İncəsənət İnstitutu işini köklü surətdə yenidən qurmaq üçün özündə güc tapmalıdır. Burada da kadrların yeniləşdirilməsi məsələsi həllini gözləyir. Belə bir faktı qeyd etmək istərdim: ermənilər bu gün sərgilər təşkil edir və memarlıq abidələrimizi öz adlarına çıxaraq sübuta yetirməyə çalışırlar ki, hətta Möminə xatın türbəsi və bütövlükdə Naxçıvan da onlara məxsusdur. Əfsuslar olsun ki, bizim tərəfimizdən bütün bunlara adekvat cavab verilmir. Musiqi incilərimiz, xalçalarımız və tətbiqi sənət əsərlərimiz də təcavüzə məruz qalır. Bunun qarşısı yalnız xarici dillərdə nəşr olunan sanballı tədqiqatlarla alına bilər.

Folklor İnstitutu direktorunun baş redaktorluğu ilə 2006-cı ildə nəşr olunmuş kitab sübut edir ki, institut əməkdaşları əsas elmi istiqamətdən tamam uzaq problemlərlə məşğuldurlar. Regionlardan folklorun toplanması və nəşri konsepsiyası isə bir çox suallar ortaya çıxarır. Məmmədhüseyn Təh­masib kimi alimlərin böyüklüyü onda idi ki, onlar folkloru ümummilli sər­vət səviyyəsində dəyərləndirirdilər. Bu gün bizdə folklor sırf regionlar çər­çivəsində təqdim edilir. Bu, olsa-olsa empirik materialdır və burada ümu­mi­ləşdirici konseptual yanaşmalar yox dərəcəsindədir. İnstitutun kollektivi əsas elmi vəzifəsini unutmamalıdır.

Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Ədə­­biyyatı Muzeyi və başqa muzeylərin fəaliyyətinin təməlində elmi əsas­lar­la işlənmiş sanballı bir konsepsiya dayanmalı və onlar bu konsepsiyanın təb­liğinə xidmət etməlidir. Eksponatların nümayiş etdirilməsi ilə işimizi məh­dudlaşdıra bilmərik. Dünyanın tanınmış muzey mərkəzləri ilə əlaqələr ya­ra­dılmalı, onlarla təcrübə mübadiləsi aparılmalı və ortaya ümumi­ləş­di­ril­miş elmi nəticələr qoyulmalıdır. Bir sözlə, bu sahədə hələ görüləsi çox iş vardır.

Ali məktəblərdə ictimai və humanitar fənlərin tədrisi hələ ki, müasir tələblərə uyğun qurulmamışdır. Mövcud elmi potensial köhnə stereotiplərin əsiri olaraq qalmaqdadır. Ali təhsil ocaqlarında kifayət qədər kafedraların və təd­qiqat mərkəzlərinin olmasına baxmayaraq, istər orta, istərsə də ali mək­təb­lərdə ictimai fənlərin tədrisi üzrə müəyyən bir sistem mövcud de­yildir. Təh­sil sisteminin bütövlükdə müasirləşməsi və ümumdünya təhsil məkanına inteqrasiyası aktual olmaqda davam edir. Humanitar və ictimai-siyasi elmlər sahəsində yeniləşmə işi daha sürətlə aparılmalıdır. Dünyada qısa bir dövr ər­zin­də təhsilin köklü modernləşməsinə dair kifayət qədər təcrübə mövcuddur. Söz­süz ki, həmin təcrübədən bəhrələnməliyik.

Tarix dərslikləri insanlarımızı çaşdırmaqla onları yenə də ciddi prob­lem­lər qarşısında qoyur. Milli tariximizə vahid baxış olmadığından müxtəlif dövr­də yaranaraq, cürbəcür adlar daşımış dövlətlərin ölkəmizlə sıx əla­qə­lən­di­rilməsinin məntiqi izahını tapmaqda vətəndaşlarımız çətinlik çəkirlər. Ən qə­dim dövrlərdən ta günümüzədək Azərbaycan tarixi vahid elmi konsep­si­ya­ya uyğun olaraq bir fənn kimi ali və orta məktəblərdə lazımınca tədris olun­malıdır. Tarix üzrə dərsliklər yüksək ixtisaslı alimlərin və təcrübəli pe­da­­qoqların birgə əməyinin nəticəsi olmalıdır. Orta məktəblərdə öyrədilən Kons­titusiyanın əsasları kursu da yenidən işlənməli və bəyan edilmiş ali məq­sədlərə xidmət göstərməlidir.

Xarici ölkələrdə təhsil alan tələbələrimizlə söhbətlərin ötəri təhlili gös­tə­rir ki, onlar Vətən tarixini və mədəniyyətini yaxşı bilmirlər. Bu səbəb­dən də gənclərimizin bir qismində öz ölkəsinə biganə münasibət formalaşır.

Bu baxımdan dünya səviyyəsində yeni elm və təhsil mühiti ya­ra­dıl­ma­sı­nın zəruriliyini xüsusi vurğulamaq lazımdır. Beynəlxalq rəqabətin sərt tə­ləb­ləri şəraitində ölkənin gücü onun elmi və texnoloji üstünlükləri ilə mü­əyyən edilməlidir. Bu, demokratik inkişaf yoluna yeni qədəm qoymuş gənc müstəqil dövlətlər üçün xüsusilə vacibdir. Unutmaq olmaz ki, son illər əldə olunmuş demokratik inkişaf təcrübəsi, sosial və iqtisadi sabitlik, xalqımızın mə­nəvi birliyi və bizi birləşdirən yüksək əxlaqi dəyərlər tərəqqimizin ən mü­hüm amilidir. Cəmiyyət qarşıya qoyduğu genişmiqyaslı dövlətçilik mə­sə­lələrini yalnız o vaxt həll edə bilər ki, onun ümumi mənəvi dəyərlər sis­te­mi mükəmməl olsun; ölkədə ana dilinə, mədəniyyətə və milli mənəvi də­yər­lə­rə, əcdadların xatirəsinə, Vətən tarixinin hər səhifəsinə dərin qayğı və ehti­ram göstərilsin.

Tədris prosesinə dövlətçilik maraqları və yeni vəzifələr, yeni tələblər nöq­teyi-nəzərindən yanaşılmalıdır. Qloballaşma, informasiya texnologiya­la­rı və internetin hökmranlığı əsrində təhsil prosesini köhnəlmiş metodlarla qur­maq olmaz. Bəzi müəllimlər hələ də mühazirələrini otuz il əvvəl yazıl­mış dərsliklərdən və ya konspektdən oxuyurlar ki, bunların da informasiya və elmi tutumu son dərəcə kasaddır. Kurs işləri və magistr işlərinin "əldən-ələ dövr etməsi" istər müəllimlərə, istərsə də tələbələrə yaxşı məlumdur. Ey­ni mövzular dəfələrlə təkrar-təkrar işlənir, hətta bəzən bir işin surəti çı­xa­rı­la­raq yeni iş kimi təqdim edilir. İctimai və humanitar profilli bütün fa­kül­tə­lər­də, magistraturada tələbə hazırlığının səviyyəsi həddən artıq zəifdir. Əgər Pre­zident Administrasiyasına işə qəbul etmək üçün savadlı hüquqşünas tapa bilmiriksə, təkcə bu, hazırlığın hansı səviyyədə olmasından xəbər verir. Ba­kı Dövlət Universitetinin hüquq fakültəsində tədrisin vəziyyəti bu baxımdan ürək­açan deyildir.

Bakı Dövlət Universitetində sosiologiya üzrə kadr hazırlığı işi də çox zə­if təşkil olunmuşdur. Ona görə tələbələr sosial inkişaf və ictimai fikrin bir çox məsələlərini olduqca səthi mənimsəyirlər. Bu səbəbdən universitet mə­zun­larının apardıqları araşdırmaların elmi səviyyəsi olduqca aşağıdır. Öl­kə­miz­də isə yüksək peşəkarlığı ilə seçilən hazırlıqlı sosioloqlara ehtiyac vardır.

Bu gün bizdə böyük mütəfəkkirlərin orijinal əsərləri ilə tanış olmayan filosoflar yetişirlər. Yaxud hazırladığımız filoloqlar proqrama daxil edilmiş əsərlərin yalnız qısa məzmununu bilirlər. Gənc tarixçilərimizin qədim dilləri bilmə və mənbələrlə işləmə vərdişləri günün tələblərinə cavab vermir.


Ali məktəblərdə tədris prosesi özfəaliyyət yaradıcılığının analoquna çevril­miş­dir. Pedaqoq zəruri saydığı material əsasında mühazirə oxuyur, imta­han­da da o materiala uyğun suallar verir. Bu isə tələbə hazırlığının heç də ən yax­şı üsulu deyildir. Tələbələr şikayətlənirlər ki, müəllimlər dərs saatının əsas hissəsini kənar söhbətlərə ayırırlar. Müəllimlərin öz siyasi mövqelərinə dərs­lərdə "şərh" vermələri tədris prosesi baxımından dözülməzdir. Tələbələr həm sanballı dərsliklərin, həm də yüksək biliyə malik müəllimlərin yox­luğundan əziyyət çəkirlər.

Biz Avropa təhsil məkanına inteqrasiyadan danışırıq. Bunun ilkin tə­ləb­lərindən biri ən azı iki Avropa dilini bilməkdir. Nadir istedada malik gənc­ləri çıxmaq şərtilə bizim məzunlar, əfsuslar olsun ki, Qərbi Avropa dil­lə­rindəki ədəbiyyatı sərbəst oxumaq iqtidarında deyillər. Onlar informasiya tex­nologiyalarını da zəif mənimsəyirlər, universiteti bitirərkən qazandıqları bi­lik ehtiyatı isə avropalı yaşıdlarının hazırlıq səviyyəsi ilə müqayisəyə gəlmir.

Əvvəllər pedaqogika üzrə ittifaq institutları var idi və biz də işimizi onların təqdim etdikləri metodikalara uyğun qururduq. İndi həmin pedaqoji mərkəzlərlə əlaqə kəsilibdir. Belə bir şəraitdə tədris metodikasının və pe­da­qo­gika elminin simasını özümüz formalaşdırmalıyıq. Pedaqogika üzrə çoxlu dis­sertasiya müdafiə olunur, bununla belə, elmi araşdırmaların səviy­yə­si qeyri-qənaətbəxşdir.

Bu gün ali məktəblərin professor-müəllim mühitində, bir neçə nəfər nəzərə alınmazsa, demək olar ki, ciddi elmi tədqiqat işi aparılmır. Universi­tet müəllimləri çox az çap olunurlar. Bütün ali təhsil ocaqlarında pedaqoji he­yə­tin yaşlanması prosesi gedir. Onları layiqincə əvəz edəcək kadrların ha­zırlığı məsələsi ilə ciddi məşğul olmaq lazımdır.

Xalqın və dövlətin gələcəyinin əsası məktəbdə və universitetdə qoyu­lur. Yalnız bundan sonra gənclər istehsal və idarəçilik proseslərinə qoşu­lur­lar. Ona görə də onlar yüksək səviyyədə təhsil almalıdırlar. Dövlətimizin nə­zərdə tutduğu ali məqsədlərə çatmaqda problemlərlə qarşılaşmaq istə­mi­rik­sə, hazırlıqlı gənc mütəxəssislərimiz olmalıdır.

Sirr deyil ki, bəşəriyyət tamamilə yeni inkişaf modelinin formalaşması və köklü transformasiyalar mərhələsini yaşayır. Bu mərhələni, sözün əsl mənasında, elm və intellekt yaratmışdır. Bu mərhələ dünyanın simasını də­yi­şir. Lider sayılan ölkələr siyasi-iqtisadi, hərbi və digər sahələrdəki nailiy­yət­lərinə görə, ilk növbədə, məhz təhsilə və elmə borcludur.

Bə­şəriy­yətin yüksəlişinin iki başlıca amili olan təbii və elmi-intel­lek­tu­al sərvətlər sırasında üstünlük 1980-90-cı illərədək birinciyə məxsus idi. Bu gün artıq elmi-intellektual sərvətlər ön sıraya keçmişdir. Çünki təbii sər­vət­lərdən fərqli olaraq zəka və intellekt tükənməzdir. O, daimi təkrar isteh­sal gücünə malikdir. XXI əsrin strateji inkişaf yollarını da intellektual ka­pital və yeni elmi texnologiyalar müəyyən edir.

Unutmamalıyıq ki, ictimai və humanitar elmlər hər zaman cəmiyyətdə milli birliyi və milli özünüdərki təmin etmişdir. Onların missiyası qarşılıqlı ün­siyyət və anlaşma, siyasi-sosial sabitlik yaratmaq olmuşdur. Mədəni-mə­nə­vi dəyərlər ictimai və humanitar elmi biliklər sayəsində nəsildən-nəslə ötü­rülərək inkişaf etdirilmişdir. Dövlət suverenliyinin və milli təhlükəsizli­yin qarantı olan mənəvi immuniteti də, ölkənin dayanıqlı inkişaf kon­sep­si­ya­sının əsasını da bu elmlər təmin edir. Hər bir vətəndaşın, istənilən peşə və sənət sahibinin başlıca keyfiyyəti ən əvvəl onun yüksək mədəniyyəti, dünyagörüşü, vətənpərvərliyidir. Şəxsiyyətin yetkinliyi, ahəngdar inkişafı və zənginliyi məhz həmin dəyərlərlə müəyyənləşir.

Bir həqiqət də var ki, müasir reallıq aparıcı dövlətlərdə ictimai-siyasi və humanitar sahələrdə islahatların fəlsəfəsini, cəmiyyətdə rolunu və statu­su­nu köklü surətdə dəyişmişdir. Bu sahələrdə potensial artıq strateji resursa çevrilmişdir.

Suveren Azərbaycan dövləti XX əsrin 90-cı illərinin ortalarından baş­la­yaraq genişmiqyaslı islahatlar aparır. Müstəqil dövlət quruculuğunun ilk il­lərindəki islahatların nəticələri göz qabağındadır. Bu kursun ən mühüm is­ti­qamətlərindən biri dünya birliyinə, informasiya cəmiyyətinə, qlobal iq­ti­sa­di, elm və təhsil məkanına inteqrasiyadır. Hazırda ölkədə çoxşaxəli is­la­hat­lar qlobal inkişafın müasir meyilləri nəzərə alınmaqla həyata keçirilir.

Bu, eyni zamanda, ictimai və humanitar elmlər sahəsindəki islahatlara da aiddir. Etiraf etməliyik ki, adı çəkilən sahələrdə mövcud vəziyyət döv­lə­ti­mizin yüksək irəliləyiş tempinə uyğun gəlmir. Dünya elminə inteqra­si­ya mər­hələsində olduğumuz indiki vaxtda ictimai və humanitar elmlər sa­hə­sin­də islahatların başlıca spesifikası müəyyənləşdirilməlidir. Bu elmlər ha­zırkı fazanın əsas xüsusiyyətlərini araşdırmalı və yeni ideyalar irəli sürməlidir.

Dövlətin elm siyasəti milli ideologiya və dövlətçilik tarixi, mədəniy­yət və fəlsəfə, politologiya və sosiologiya, mədəniyyətşünaslıq və hüquq sa­hə­lərinin verdiyi təklif, konsepsiya və proqramlarla sıx bağlıdır. İctimai və hu­manitar elm sahələri irəliləyərək bizdə bu əlaqələrin dərin surətdə təmin olunmasına gətirib çıxarmalıdır.

Güman etmək olar ki, ictimai və humanitar elmlərin nümayəndələri ölkəmizin dinamik inkişafına öz töhfələrini verəcək və onun regionda həm də güclü elm mərkəzinə çevrilməsi yolunda üzərlərinə düşən vəzifələri az bir vaxtda yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edəcəklər.

  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə