Ramin allahverdi TƏQVİm miFLƏRİ VƏ novruz baki 2013 Elmi redaktor: Seyfəddin rzasoy




Yüklə 0.67 Mb.
səhifə8/9
tarix22.02.2016
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7   8   9

2.4. Çərşənbələrin ritual-mifoloji semantikası
Əvvəlcə müəyyənləşdirək görək çərşənbələri ritual kimi qələmə verə bilərikmi? Elmi ədəbiyyatlarda ritualın mahiyyəti bu şəkildə izah olunur: “Ritual – kollektivin həyat fəaliyyətinin (bütün səviyyələr üzrə – ailə, cəmiyyət, dövlət) ən vacib mə­qamlarını müşayət edən davranışın ənənəvi formasıdır... Ritualın mifi canlandırması hallarında, yəni insan və yaxud kollektivin yerinə yetirdiyi aktlar mədəni qəhrəmanların və allahların hə­rəkət-fəaliyyətləri ilə, kosmoqonik proseslərlə üst-üstə düşürsə, onda mif ritualın məzmun planı kimi nəzərdən keçirilə bilər” (104, 327). Və yaxud “Ritual – hər hansı bir hərəkət aktlarının yerinə yetirilməsi zamanı mərasimi davranışların nizamlı ardı­cıllığı və məcmusudur” (117, 693).

Göründüyü kimi, ritualın mahiyyətini ştrixləyən cizgilər, xüsusiyyətlər, çərşənbələrin də mahiyyətini şərtləndirir. Yəni çərşənbələr də kollektiv tərəfindən yerinə yetirilən mərasimi davranışların nizamlı ardıcıllığına (tonqal qalamaq, tonqalın üs­tündən, suyun üstündən atdanmaq, qulaq falına çıxmaq, şal at­maq, yumurta döyüşdürmək və s.) malik olub, kosmoqonik pro­sesləri, tanrılar və mədəni qəhrəmanlar tərəfindən yaradılış ak­tı­nın, Xaosdan Kosmosa keçid aktının yerinə yetirilməsi motivini özündə müncərləşdirir (bu barədə ətraflı bəhs edəcəyik).

Çərşənbə rituallarınının əsas nüvvəsini təşkil edən Xaos – Kosmos oppozitiv struktur invariantının olub olmamasına görə keçirilən lokal mərasimləri iki yerə bölə bilərik:

1. Arxaik oppozitiv struktur invariantının müxtəlif variasiyaları kimi özünü göstərən lokal mərasimlər; və

2. Arxaik qatda bir-birinə qarşı qoyulmayan mərasimlər.

Birinciyə Novruz bayramında geniş rast gəlinən lokal mərasimlər aiddir ki, bu zaman iki bir-birinə qarşı qoyulmuş obraz və yaxud quruplar mübarizə aparır, döyüşür. Linquman, M.Eliade kimi alimlər bir-birinə qarşı qoyulmuş qruplar ara­sında ritual mübarizəni, döyüşü köhnə ilin sonu və yeni ilin baş­lanğıcının əks olunduğu mifik-ritual sistemdə iki başlıca mə­qamdan biri kimi səciyyələndirirlər (138, 79). Doğrudan da kos­moqoniya aktı, xüsusilə, Xaos – Kosmos oppozitiv invariantı mövsüm rituallarında əsas motiv kimi meydana çıxır.

Çərşənbə rituallarında da Xaos – Kosmos oppozitiv inva­riantının transformativ variantları kimi qarşı-qarşıya qoyu­lan quruplar və onların mübarizəsi, döyüşü, davası əksini tapır. Bu oppozisiyanı qarşı-qarşıya duran tərəflərin, yaxud qurupların təmsil olunma obyektlərinə görə dörd qrupa bölə bilərik:

1. Zoomorfik səviyyədə ritual qarşıdurma;

2. Antropomorfik səviyyədə ritual qarşıdurma;

3. Əşyəvi səviyyədə ritual qarşıdurma;

4. Qarışıq səviyyədə ritual qarşıdurma.

Birinciyə adından da göründüyü kimi, heyvanların qarşı­durması; xoruz döyüşdürmək, it boğuşdurmaq, dəvə döyüş­dür­mək, qoç döyüşdürmək, öküz, buğa döyüşdürmək və s. aiddir.

İkinciyə zorxana adlı rituallarda pəhləvanların güləşməsi aiddir.

Üçüncüyə, əşyəvi səviyyədə ritual oppozisiyaya yumurta döyüşdürmək daxildir.

Dördüncüdə isə insan obrazlı tərəflə heyvan obrazlı tərəf qar­şı-qarşıya qoyulur. Kosa-Keçi qarşıdurması buna gözəl nü­munədir.

Bu sadaladığımız ayrı-ayrı mərasim adətlərinin ritual-mifoloji semantikası eynidir. İstənilən halda bu qarşıdurmalar (transformativ variantlar) arxaik qatdakı Xaos-Kosmos oppozi­tiv invariantının struktur modelini təkrarlayır. Qeyd etmək lazımdır ki, belə qarşıdurma halları dünyanın digər xalqlarının ritual-mifoloji görüşlərində də əksini tapır.

Arxaik qatda bir-birinə qarşı qoyulmayan mərasimlərə isə fallar daxildir. Y.V.Çəmənzəminli çərşənbələrdə keçirilən falları (sudan istifadə etməklə icra olunanları) hidromantiya adı ilə qəbul edir. O, yazır: “Xalqımızın arasında Novruz bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı vəsfi-hal kimi bir adət vardı. Qadın və qızlar toplanaraq, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsa­düfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyəti olar və niyyətinin baş verəcəyini söylənən vəsfi-haldan duyardı” (26, 302). Bu adətlər indinin özündə (xüsusilə, region­larımızda) də çərşənbə axşamları keçirilməkdədir. “Güzgü falı”, “Qovurğa falı”, “Qovut falı”, “Qulaq falı (qapıpusma, qulaq­pusma)” və s. fallar da qarşı-qarşıya qoyulmayan lokal məra­simlərdir. Çərşənbələr hər şeydən öncə qeyd etdiyimiz kimi şər qüvvələri, alt qatda isə xaosun aradan qaldırılması və kosmik düzənə keçid aktının həyata keçirilməsini özündə cəmləşdirən və bununla bağlı mifoloji motivləri özündə canlandıran, ritual­lar­dır, yaxud arxaik ritualların qalığıdır. Bunu müəyyən­ləş­dir­mək üçün bu məqamla bağlı mifoloji mətnlərə, mifoloji inanc­lara nəzər yetirmək lazımdır. Belə ki, K.Hüseynoğlunun tə­bi­rincə desək “...mərasim (ritual – R.A.) mifdə nəql edilən oyunun gerçəklikdə icrasıdır. Mif isə mərasimin mənşəyini izah edən və ona müəyyən məna verən hadisədir...” (39, 15). Ritualla mifin münasibəti forma məzmun münasibəti ilə analoji yaxınlığa malikdir. Burada ritual forma ilə mif isə məzmunla üst-üstə düşür. Yəni mifoloji mətnlər çərşənbə rituallarının mətn şəklini təşkil edir.

Beləliklə, çərşənbələrlə bağlı ritual-mifoloji görüşləri, mi­fo­loji inamları özündə ehtiva edən bu mətnlərin analizi əsa­sında çərşənbə rituallarının ritual-mifoloji semantikasını aydın­laşdıra bilərik. Mifoloji inamlarda (mətnlərdə) bildirilir:

“Axır çərşənbə axşamının səhərisi evdə uşaqdan böyüyə nə qədər adam varsa, gedif hamı axar su üstündən üç dəfə atılar, sonra da sındırıf deyəllər: “Nə ki ağrı-ajımız, qada-balamız var­sa hamısı bax bu suynan getsin” (13, 73).

“Axır çərşənbə gejəsinin səhəri sübh tezdən duruf axar su üstünə getmək, suya salam verif üstünnən üç dəfə atdanmaq, sonra də həmən sudan bir qab gətirif həyət-bacaya, evin dörd bucağına səpmək gərəkdir. Deirlər kin, belə edəndə ilin xoş gələr, ağrı-acı görməzsən” (13, 72-73).

“Axır çərşənbə axşamında yandırılan tonqalın üstünnən adamlar atdanıf qurtarannan sonra mal-qaranı, qoyun-quzunu da addadırlar ki, çillədə qalmasınnar. Çillə köhnə ilin ağrı-acısı, qada-balasıdı, ojaxdan addıyanda hamısı tökülüf odla yanır. Addıyıf keçəndə olur anadan gəlmə” (13, 73).

Burada çərşənbə ritualının sübh tezdən axar çayın qırağına gedib ritual frazalar söyləyərək suyun üstündən tullanmaq və eləcə də çərşənbə axşamı tonqal qalayıb onun üzərindən tullan­maq kimi variantları əksini tapır (bütövlükdə Novruz məra­siminin ritual simvolları olan su, tonqal simvolarının semantik laylarını, həmçinin bu ritualın ritual subyekti ilə münasibətini, bu münasibət zəminində yaranan mifoloji funksiyalarını bir qədər sonra müəyyənləşdirməyə çalışacağıq). Aşağıdakı növbəti mifoloji materiallarda isə çərşənbə rituallarının müxtəlif fal mərasimləri kimi digər şəkilləri əksini tapır.

“İlaxır Çərşənbədə qızlar əllərində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, sevdiyi oğlana gedər” (13, 77).

“Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əyər iynələr ya­xınlaşsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qo­vuşacaqdır” ( 13, 79).

“Axır çərşənbə gecəsində ürəyində niyyət tutub qapı din­ləyirsən. Yaxşı söz eşitsən, istəyinə çatırsan” (13, 79).

Çərşənbələrlə bağlı mifoloji mətnlərdə bu ritualın ilkin mifik, başlanğıc zamanda, “ol zamanda” yaradılış aktının, Xa­osdan Kosmosa keçid aktının baş verməsi motivi də üzə çıxır.

“Deyərlər ki, İlaxır Çərşənbə gecəsi obaşa yaxın çayın suyu dayanar, söyüdlər başın əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər” (13, 77).

“Bir çərşənbə gecəsi bir arvadla bir kişi yatıbmışdılar. Gecənin bir vaxtında arvad ayılıb ərinə deyir:

– Ay kişi, yadımdan çıxıb buzovu bağlamamışam.

Arvad yuxulu-yuxulu çölə çıxıb görür ki, həyətdə böyrü üstə bir ağac yıxılıb. Buzovu gətirib həmin ağaca bağlayır, qayıdıb yerinə girib yatır.

Kişi səhər yuxudan duranda görür ki, buzov ağacın ba­şından sallanır. Tez arvadını çağırır. Arvad gəlib bu vəziyyəti görəndə gecə baş vermiş hadısəni ona danışır. Adamlar yığışıb fikirləşirlər ki, bu necə olan işdi?! Sonra qocalardan biri deyir ki, çərşənbə axşamı hər şey yatır, yəqin ağac da yatıbmış Arvad buzovu gətirib ona bağlayıb, ağac oyananda buzovu da özü ilə qaldırıb” (32, 63).

Burada “çərşənbə gecəsi” ilkin mifik zaman, başlanğıc za­man kimi anlaşılır. Bütün bu deyilənləri yekunlaşdıraraq çərşən­bələrin ritual-mifoloji mahiyyətini bu cür müəyyənləşdirə bilə­rik.



Beləliklə, çərşənbələr ilkin mifoloji görüşləri özündə reaktuallaşdıran (yenidən canlandıran) arxaik rituallardır, ya­xud onların qalığıdır. Bizim gəldiyimiz qənatə görə, bütün çərşənbə ritualları mahiyyət etibarilə eyni məqsədə, yəni “ol zamanda”, ilkin başlanğıc, mifik zamanda kosmoqoniya (yara­dılış) aktının yerinə yetirilməməsini reaktuallaşdırmağa (yeni­dən canlandırmağa) yönəlir. Bütün çərşənbələrdə demək olar ki, oxşar adətlərin icra edilməsini nəzərə alsaq, deyə bilərik ki, bütövlükdə çərşənbə ritualları eyni mifoloji funksiyanın daşı­yıcısı olub, eyni ritual-mifoloji mərama xidmət edir.
2.5. Novruz təqvim-ritual kompleksində tonqal (od) və su ritual simvolları
Məlum olduğu kimi, Novruz bayramının əsas ritual-mi­foloji mahiyyətini təşkil edən simvollardan biri oddur, tonqal qalamaqdır. Mərasimdəki bu simvolla bağlı folklorşünas­ları­mı­zın maraqlı mülahizələri diqqəti cəlb edir.

M.Qasımlı yazır ki, “tonqal qalamaq, oddan atdanmaq, başı üzərində lopa – üskü fırlayıb göyə atmaq əski mifik dünya­gö­rüşlə bağlı bir məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyilə yad-yabançı ruhları, soyuq qaran­lıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis – şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı”(50, 5-6).

B.Abdulla çərşənbələrdə yandırılan tonqallarla bağlı inam­lardan bəhs edərkən yazır: ““Oğru üskü”, “oğru buğ” da adamlar yandırdıqları tonqalın üstündən hoppammaqla bərabər, öncədən düzəltdikləri lopanı həmin odda alışdıraraq üç dəfə arxada tək, ev-eşiyin dövrəsinə dolandırıb:

Qaçın, qaçın şeytanlar,

Sizi oda qalaram

- deyə-deyə ovsun edərmişlər. Ayində guya şər qüvvələrin qor­xub qaçması, bir daha həmin evə yaxın düşə bilməyəcəyi ifadə olunur” (1, 163).

Qeyd edək ki, od və su simvolu avropa xalqlarının ritual­larında da geniş yer tutur. C.C.Frezerin qeydlərinə görə, Qərbi Asiya və Yunanıstanda bitki allahı Adanasin şərəfinə keçirilən illik bayramlarda “Adanisin bağları” nda keçirilən mərasimlərdə su və od qalamaq adəti vardır. Alim qeyd edir ki, insanlar inanırdılar ki, təqlidi magiya yolu ilə onlar öz arzularına çatarlar. Belə ki, su çiləməklə (“Adanis bağlarında”) yağışı çağırmaq, od qalamaqla günəşin işığını gücləndirmək olar. Bu cür təqlidi, magik davranışların nəticəsi olaraq yaxşı, bol məhsul əldə olunacağına inanılırdı (129, 358-359).

H.Tantəkin Novruz mərasimlərinin başlıca simvolu sayı­lan odla bağlı olaraq belə bir nəticəyə gəlir: “İlin axır çərşənbəsi axşam yandırılıb üstündən tullanılan od üçün nəticə olaraq belə demək olar: o, günəş və əkinçilik etiqadı ilə bağlı olmaqla bəra­bər, əkinçilik etiqadından daha çox ata-baba ruhları etiqadı ilə bağlıdır” (85, 58).

Folklorşünans A.Xəlil tonqalla, odla əlaqədar qeyd edir ki, “tonqal günəşi simvolizə edir. O da öz növbəsində Tanq Tenqrini ifadə etməkdədir. Məsələnin gerçək mərasimi mahiy­yəti də bu münasiblər kontekstində izah oluna bilər. İnsanların tonqal ətra­fına toplaşması, onun üzərindən tullanması, ilk öncə hər hansı bir şəkildə onunla təmas yaratmağa cəhd etməsi diq­qəti çəkməkdədir. Əlbəttə, bu, arxaik ritualdır; hətta rudi­mentlər səviyyəsində belə tərkibcə mürəkkəbdir. Çünki, burada əcdad dünyasına yola salma və tonqalda Tenqriyə qurban vermə arxaik ritual hərəkətləri gerçəkləşməkdədir... Özünü oda atan, alovun içərisindən keçən “ritual personajı” özünü Tanq Tenqriyə qur­ban etmiş olur. Bu qurban vermə ritual və ya simvolik xarak­ter daşıyır. Özünü odda qurban verən fərd Tanq Tenqrini ifadə edən Tonqalda onunla birləşir, bütövləşir, “o dünyada”, xaos məka­nında olur, əcdad ruhları ilə, “tın”la (ruhlarla, ruhlar aləmi nəzərdə tutulur – R.A.) təmas yaradır, orada sakrallaşır və yeni­dən oddan çıxaraq “bu dünyaya”, kosmos məkanına qayıdır. Bizcə, perifrastik formada işlənməsinə baxmayaraq, tərkibində iki semantemi birləşdirən ritual deyiminin – “ağırlığın (fiziki) və uğurluğun (mənəvi)” od­da, tonqalda qalması isə fərdin fiziki və mənəvi baxımdan özünü Tanrıya qurban verməsinin ifadəsidir” (41, 63).

Bütün bu fikirlər maraq doğursa da Novruz mərasiminin əsl ritual-mifoloji mahiyyəti yenə də üzə çıxarılmamış qalır. Buna səbəb məsələyə düzgün aspektdən yanaşılmaması, bəzən də vacib nəzərə alınmalı olan məsələlərin kənarda qalmasıdır.

Beləliklə, Novruz ritualının əsasını təşkil edən tonqal yandırma və onun üzərindən, o cümlədən suyun üstündən mü-əyyən ritual frazlar söyləməklə atdanmaq mərasiminin ritual-mifoloji köklərini aydınlaşdırmaqdan ötrü mətləbə birbaşa dəxli olan bir sıra elmi nəzəri mülahizələri nəzərdən keçirməyi mə-qsədəuyğun sayırıq.

Məlum olduğu kimi, psixoanalitik elmi-nəzəri metodun yaradıcılarından olan alman alimi K.Yunq bədii yaradıcılığın, incəsənətin müxtəlif sahələrində əksini tapan arxetiplər (ilkin ulu obrazlar) və simvollar məsələsindən geniş şəkildə bəhs edir. O, simvollardan danışarkən qeyd edir ki, simvollar özündə ilkin, ibtidai sakrallığını, ilahi və yaxud “sehrli” başlanğıcını qoruyub saxlayır. Onlar rasional düşüncədə absurd və qeyri mövcudluq kimi görsənir. Lakin olduqca dəruni mahiyyətə malikdir (141).

Doğrudan da, müxtəlif ayinlərdə, adət-ənənələrdə üzə çıxan və özündə emosianal-psixoloji rezonans yaradan simvollar dərinu semantik yükə malikdir. Bu baxımdan Novruz bayram-ının ritual-mifoloji semantikasını özündə cəmləşdirən od və su simvolları müxtəlif semantik layları daşımaqdadır.

Simvolun semantik strukturunu müəyyənləşdirən V.Tern-erin fikrincə, “Ritual simvol – ritual davranışın spesifik xüs-usi-yyətlərini qoruyub saxlayan ritualın ən kiçik vahidi,... ritual kontekstində spesifik strukturun elementar vahididir” (127, 33). Alimə görə, bu struktur – semantikdir (yəni ona buraya işarə və simvolların şeylərlə münasibəti daxildir) və aşağıdakı əlamətlərə malikdir: çoxlu mənalar (signifata) – ritual konteksdə (yəni simvolik formada) qavranılan hərəkət və yaxud obyektlər çoxlu mənalara malikdir; disparat signifatanın birləşməsi – əslində mü-xtəlif signifataların gerçəklikdə və yaxud təsəvvürdə ana­lo­giya və ya assosasiya vasitəsi ilə əlaqələndirilir; konden­sa­siya – ideyaların çoxluğu, əşyalar (şeylər), hərkətlər arasında qarşılıqlı təsir və mübadilə, eyni zamanda simvolik üsullarla təqdim olunur; significatanın polyarizasiyası – əsas ritual sim­vo­lu üçün nəzərdə tutulmuş qaydalar, tez-tez qarşı-qarşıya duran semantik qütblər üzrə qruplaşdırılmağa cəhd edilən referent­lərdir (127, 33).

J.V.Vatsona əsaslanan V.Terner yazır ki, hər bir mədəniy­yətdə çoxlu sayda mövzular var və mövzuların əksəriyyətinin çoxlu sayda ifadələr sırası var ki, bunlarla institituosianal mədə­niyyətlərin bir, yaxud bir neçə hissəsini müəyyənləşdirmək olar. Ritual mövzuların ifadəsi üçün lazımi şərait yaradır, ritual simvolları isə mövzular verir (127, 34).

Doğrudan da ritualda istənilən simvol müəyyən semantik laylarla müncərləşir. Yəni simvol burada ritual kontekstinə görə müəyyənləşmiş məzmuni ifadəyə malikdir. Novruz mərasim­lərində qalananan tonqal, od simvolu da bu nöqteyi-nəzərdən bir sıra spesifik ifadəli məzmun laylarına malikdir. Həmin semantik layları üzə çıxarmaq üçün Tonqalın yandırılması ritualına bir neçə aspektdən yanaşmaq lazım gəlir. Hər şeydən öncə Novruz mərasimlərində Tonqal qalama ritualının zamanla münasibətinə diqqət yetirək. Məlum olduğu kimi, istər çərşənbələrdə, istərsə də Novruz bayramı günü tonqalları yalnız və yalnız (mexaniki olaraq, çünki bu arxetipik yaddaşdan doğur) xalqın öz deyimi ilə desək, “şər qarışanda”, “şər düşəndə”, “şər vaxtı” qalayırlar. Tonqalın məhz bu “şər vaxtı” qalanması ritualı, başqa cür ifadə etsək, ritualın və ritual simvolunun zamandan (konkret vaxtdan) aslılığı od ritual simvolunun və bütünlükdə ritualın mahiyyətinin üzə çıxarılmasına köməklik edir.

Əvvəlcə “Şər vaxtı”nın, “Şər qarışan vaxtı” nın zamanın hansı hissəsini işarələdiyini, simvolizə etdiyini müəyyənləş­di­rək. Hələ Y.V.Çəmənzəminli bu ifadənin mahiyyətini açmağa çalışarkən onun zərdüşt ehkamları ilə bağlı olduğunu bildirərək yazır: “Azərbaycanlılar toran qovuşan vaxta “şər vaxtı” deyirlər. Zərdüştlərin kainatı nurla qaranlığın mübarizəsindən ibarət bil­diklərini söyləmişdim. Bu mübarizə hər axşam toran vaxtı təkrar olunur: gündüzlə gecə çarpışır, axırda gecə və qaranlıq işığa qələbə çalır. İşığın məğlubiyyəti “şər” ədd olunur” (26, 313).

Əsasında, heç şübhəsiz, ritual-mifoloji görüşlərin dayan­dığı bu ifadə, əslində mifoloji təfəkkürün başlıca oppozitiv tərəf­ləri sayılan Xaos – Kosmos qarşıdurma invarinatının zərdüştlüyə Şər – Xeyir, İşıq – Zülmət, Gecə-Gündüz kimi oppozitiv vari­antlar şəklində transformasiyası kimi izah olunmalıdır. Elə bu­nunla bağlı müxtəlif inamlar (şər vaxtı yatmazlar, ağac altına get­məzlər, su başına getməzlər, kefsiz dayanmazlar, işıq yandı­rarlar və s.) da bunu göstərməkdədir.

“Şər qarışan vaxtı” ilə əlaqədar olaraq C.Bəydili yazır: “Türk mifoloji düşüncəsində toran qovuşandan sonrakı zaman dilimi – şər vaxtı şər qüvvələrlə bağlanılan və əsasən mənfi an­lamlarla yüklənən bir zamandır. ... şər qarışan vaxt, beləcə, diffuz zaman olduğundan o biri dünyanın xaosu təmsil edən güclərinin bu nizamlı dünyaya müdaxilələri nisbətən daha intensiv bir şəkil alır. Altay türklərinin “körmös” deyilən yaman ruhlarla bağlı təsəvvürlərinə görə də bu ruhlar ən çox gün batan vaxtı, şər qarışana yaxın daha fəal olurlar...

Beləliklə, təbiətlə mədəniyyətin birbaşa sərhəddində yerləşən və həyat gücünün olmaması ilə səciyyələnən bir sıra məkanlar funksional pozulma, yarımçıqlıq kimi anlaşılırsa, işıq­la qaranlığın arasında öz funksiyasını yerinə yetirməyən zaman dilimi olan şər qarışan vaxt da xaos – kosmos, ölüm – həyat qarşıdurmasında birinci tərəfi simvolizə edir və tilsimli, xaos qüvvələrinin əlində əsir olmaq cəhəti ilə xarakterizə olunur. Yəni şərqarışan vaxt elə bir zamandır ki, təbiətin, ölüm və xaos kimi anlaşılan qüvvələrin işi – qaranlıq sərhəddini pozaraq birin­ciyə müdaxilə etmələri ilə səciyyələnir...” (20, 342).

Beləliklə, çərşənbələrdə, Novruz bayramı günü Tonqalın konkret zamanda – məhz “Şər vaxtı”nda (”şərqarışan vaxtda”) yandırılması adəti üst semantik qatda şər, mənfi, demonik qüvvələrin (ruhlardan) qovulmasını, kənarlaşdırılmasını “zərər­sizləşdirilməsini” ifadə edirsə, alt semantik qatda həmin ritual simvolunun Xaosu aradan qaldırmaq (xtonik aləmin təmsilçi­lərini məhv etmək) kimi mifoloji funksiyasını aşkara çıxardır. Bu aspektdən də ümumi tezis kimi irəli sürdüyümüz Novruz mərasimlərinin ilkin başlanğıc zamanda kosmoqoniya (yaradılış) aktını, Xaosdan Kosmosa keçid aktını reaktuallaşdıran arxaik rituallar kimi xarakterizə etməyimizin düzgün olduğu təsdiq­lənir.

Burada ritualın (və ya ritual simvolunun) zamandan aslılıq faktının (faktorunun) üzə çıxarılması, yəni indiki halda Tonqalın “şər vaxtı” yandırılması faktı belə bir nəzəri mülahizəni irəli sürməyimizə əsas verir ki, bu və ya digər ritualın icrası zaman­dan asılı olub, yalnız minilliklər boyu müəyyənləşmiş kon­kret zaman kəsimində keçərlidir. Yəni minilliklər boyu mü­əy­yən­ləşmiş konkret zaman kəsimi ritualın məhz həmin anda, həmin zaman (vaxt) dilimində icra olunmasını şərtlən­dirir.

Əlbəttə, burada biz təkcə bir fakta görə nəzəri mülahizə irəli sürmürük. Belə faktlar kifayət qədərdir. Məsələn, elə İlaxır çərşənbəsində (eləcə də digər çərşənbələrdə və Novruz günün səhərisi) məhz sübh tezdən çay qırağına gedib axar suyun üs­tün­dən tullanmaq, həmçinin sübh tezdən bulaq suyundan evə gətir­mək, ev-eşiyə, mal-qaranın yaşadığı yerlərə çiləmək və s. adətlər də bunu göstərir. Bu kimi misalların sayını artıra da bilərik. Lakin tədqiqat istiqamətimizdən uzaqlaşmamaq üçün bu məsə­ləni gələcək tədqiqatlarımızın və yaxud tədqiqatçılarımızın öh­dəsinə buraxırıq. Bu məsələylə bağlı son olaraq bizim irəli sürdüyümüz yuxarıdakı nəzəri mülahizədə göstərdiyimiz ritualın zamandan aslılıq məsələsinin mahiyyətini daha aydın başa düş­mək üçün təsəvvür edək ki, tonqalı şər vaxtı deyil, səhər-səhər və ya günorta yandırırıq. Yaxud da çərşənbə, yeni il suyunu sübh tezdən yox, günorta və ya axşam gətiririk. Tamamilə uy­ğun­suz, absurd və gülünc doğuran bir mənzərə yaranar. Deməli, bu xəyalən qurduğumuz namünasib situasiya da ritualın müəy­yənləşdirilmiş zaman kəsimində keçərli olmasını təsdiqləyir.

Ritual simvolu olan Tonqalın yandırılması adəti ilə bağlı ikinci bir vacib məqam kosmoqonik aktın baş verdiyi ilkin mifik məkan, Dünyanın mərkəzi anlayışı ilə bağlılığıdır. Tonqal ritual simvolunun bu alt qatdakı mifoloji, arxaik semantikası onun məkani funksiyaları ilə aşkarlanır. Maraqlıdır ki, burada ritualın zamanla münasibətindən (zamandan aslılığından) fərqli olaraq, məkanla münasibətdə sərbəstliyi özünü göstərir. Bu da ondan irəli gəlir ki, ətrafına ritual icraçılarını yığan Tonqal (od) ritual simvol olaraq Dünyanın ilkin mərkəzi məkanı kimi birbaşa özünü təqdim edir. Burada semantik baxımdan, Tonqal yaradılış aktının, Xaosdan Kosmosa keçid aktının “şər vaxtı” baş verəcəyi ilkin mifoloji məkan kimi anlaşılır. Qeyd edək ki, bu nöqteyi-nəzərdən, Novruz mərasimlərinin əsas ritual simvollarından olan su simvolu da funksional baxımdan tonqal (od) simvolu ilə eyniləşir. Ritual icraçılarını öz ətrafında toplayan su ritual sim­volu (bulaq başı, axar çayın qırağı) da ilkin mifoloji məkan kimi başa düşülür.

Beləliklə, bizim Novruz bayramının ritual-mifoloji mahiy­yəti barəsində irəli sürdüyümüz əsas tezis ( Novruz bayramının ilkin mifoloji, başlanğıc zamanda yaradılış və Xaosdan Kos­mosa keçid aktını reaktuallaşdıran arxaik ritual olması konsep­siyası) bu nöqteyi-nəzərdən də təsdiqlənmiş olur.

Tonqal və su ritual simvollarının digər bir mifoloji seman­tikası Novruz ritualının yerinə yetirilməsi, icra edilməsi zamanı ikinci bir ritual icraçısı və yaxud daha dəqiq desək, ritual subyekti ilə qarşılıqlı mürəkkəb sinkret münasibətlərinin çözül­məsi nəticəsində üzə çıxır. Burada ritual subyekti dedikdə, ritu­alın icra edilməsində iştirak edənləri nəzərdə tuturuq. Bizim indiki halda, tonqal və yaxud su ritual simvoldursa, onun üzə­rindən “ağırlığım uğurluğum tonqalda”, yaxud “ağırlığım uğur­luğum suda” kimi ritual frazalar söyləyərək tullananlar ritual subyektləridir. Bir az öncə tonqal və su simvollarının ilkin baş­lanğıc zamanda və ilkin mifik məkanda (dünyanın mərkəzində) yaradılış, Xaosdan Kosmosa keçid aktı ilə bağlı mifoloji seman­tikalarını müəyyənləşdirmişdik. Buna əsaslanaraq ritual subyek­tinin ritualdakı yerini, funksiyasını və hətta arxetipini də aşkara çıxarda bilirik.

Beləliklə, tonqalın və suyun üstündən ritual frazalar söy­lə­yərək tullanmaqla ritual subyektinin üst semantik qatdakı funk­si­yası şər, mənfi, demonik ruhları, qüvvələri qovmaq, kə­nar­laşdırmaqdır. Alt semantik qatdakı mifoloji funksiyası isə Xaosu aradan qaldıraraq Kosmosa keçməklə ilkin yaradılış aktını yerinə yetirməkdir. Bu mifoloji funksiya ritual subyektini ilkin başlanğıc mifik zaman və məkanda yaradılış aktını yerinə ye­tirən Tanrı və yaxud demiurqla (mədəni qəhrəmanla) bərabər statuslu edir. Deməli, tonqalın, suyun üzərindən ritual frazalar söyləyərək tullanan ritual subyektləri, əslində ilkin mifik za­manda və məkanda Tanrı və yaxud demiurqun yerinə yetirdiyi yaradılış aktını təkrarlayır. Buradaca M.Eliadenin Hind riq­vedalarına əsaslanıb ritualların icra edilməsinin mahiyyəti ba­rədə dedilkləri tam yerinə düşür: “İstənilən ritual öz sakral modelinə, arxetipinə malikdir. Bu, o dərəcədə bəlli bir məsələdir ki, yalnız bir neçə nümunə göstərməklə kifayətlənmək olar. “Biz, allahlar başlanğıcda nə ediblərsə onu etməliyik”, “Allahlar belə etmişlər, insanlar da belə edir”. Bu Hind atalar sözlərində həm ilkin xalqların, həm də inkişaf etmiş mədəniyyətlərin bütün nəzəriyyəsi əks olunur” (138, 45).

2.6. Novruz bayramının ritual-mifoloji semantikası
Novruz mərasimləri təqvim miflərinin, zamanla bağlı əsa­tiri görüşlərin əksini tapdığı ən böyük mövsüm mərasimləridir. Bütövlükdə yeni illə əlaqəli olan bu kimi mərasimləri, ritualları sistemli şəkildə tədqiq edən M.Eliade bütün bu yeni il məra­simlərini əslində öz ilkin arxetipini təkrar edən, yəni ilkin mifo­loji zamanda Xaosdan Kosmosa keçid aktını, kosmoqonik (yara­dılış) aktının yerinə yetirilməsi motivi ilə bağlı olduğunu gös­tərir. Alim bu mərasimlərdən bəhs edərkən Novruz bayramı­nın da bu cür mərasimlərdən biri olduğunu qeyd edir (138, 74-82).

Əlbəttə, bu və ya digər məsələnin araşdırılması zamanı va­cib məqamlardan ən önəmlisi məsələyə düzgün istiqamətin ay­dın şəkildə müəyyənləşdirilməsidir. Düşünürük ki, Novruz bay­ramı­nın ritual mahiyyətini düzgün şəkildə araşdırmaq üçün ona aşa­ğıdakı istiqamətlərdən yanaşmaq lazımdır. Bu yanaşmanın doğru istiqamətləndirilməsini təmin etmək üçün ilk növbədə funda­men­tal faktoloji materiallara əsaslanmaq, eləcə də elmi-nəzəri me­todlardan yerində məqsədyönlü şəkildə istifadə etmək vacibdir.

Beləliklə, Novruz mərasiminin ritual-mifoloji semantika­sını aydınlaşdırarkən ilk növbədə mütləq faktoloji materialları;

1. Novruzla bağlı mifoloji görüşlərin əksini tapdığı mifo­loji mətnləri və digər folklor nümunələrini;

2. Novruzla əlaqəli miflərin canlandırıldığı rituallara (mə­rasimlərə), ritual simvollarına, eləcə də bu simvollarla ritual sub­yektin münasibətini təhlilə cəlb etmək lazımdır.

Novruz bayramı müəyyən düzənli mərasimlər silsiləsindən keçir. Bayramın özünün qeyd edilməsindən qabaq çərşənbələr keçirilir ki, biz bunu bayramqabağı mərasimlər (rituallar) kimi, bütövlükdə Novruz ritualının birinci mərhələsi olaraq ayırd edə bilirik. Bayramın özünün qeyd edilməsini isə Novruz ritualının ikinci, tamamlayıcı mərhələsi kimi səciyyələndirə bilərik.

Novruz bayramının ritual-mifoloji semantikasını müəy­yən­ləş­dirmək üçün yuxarıda qeyd etdiyimiz kimi, bu ritual-mi­fo­loji görüşləri, inamları özündə müncərləşdirən mifoloji mətn­ləri, faktoloji materialları analiz etmək olduqca vacibdir. Bu istiqa­mətdə aşağıdakı mifoloji mətnləri (materialları) nəzərdən keçirək:

“Deyirlər, köhnə ildən təzə ilə keçəndə su dayanır, at kiş­nəyir, ağaclar səcdəyə gəlir. Söyüd deyir: “Mən də, mən də”. Bu vaxt kim nə niyyət eləsə, niyyəti qəbul olur.

Bir arvad bayram gecəsi su gətirməyə gedir. Görür ağac­lar səcdəyə gəldi. Niyyət eliyir ki, əlimdəki səhəng qızıl olsun. Sə­həng qızıl olur. Arvad özünü itirir, deyir ki, boynum sınaydı, bə mən evə susuz necə gedəcəydim. Arvadın boynu sınır” (32, 65).

“Bir kasıb oğlan axır çərşənbənin səhərisi sübhdən durub görür ki, həyətdəki söyüd başını əyib, başı yerə dəyir. Özünü itirib deyir:

– Gedib görüm, anam qızıl olub.

Evə girib görür ki, anası dönüb qızıl olub. Başına-gözünə döyə-döyə başlayır ağlamağa. Oğlan anasının qızıla dönmüş hey­kəlini bir il evdə saxlayır. Yenə axır çərşənbə gəlir. Oğlan sübh ça­ğını gözləyir. Görür həyətdəki söyüd yenə başını əyir. Tez deyir:

– Anam dönüb adam olsun.

Oğlan qayıdır evə, görür anasının qızıl heykəli dönüb adam olub” (32, 64).

“İl təhfil olanda ağaşdar başdarın əyip yerə dəyir. Bı vaxdı nə niyyət eləsən, yerinə yetəcəh. Bir gəlin bını görür, tez isdiyir desin ki, dirəyim qızıl olsun, karıxıb deyir ki, ərim qızıl olsun.

Sora qayıdır evə ki, əri çönüp olub qızıl heykəl. Ağlıyır, baş-gözünə döyür, ancaq əli hara yetişəcəh ki?! Arvad bir təhər bir il dolanır, amma kasıbçılıx ucundan ərinin çeçələ barmağını qırıb xərişdiyir.

O biri il axır çərşənbədə arvad yenə görür ki, ağaşdar başdarın yerə vurdu. Tez deyir ki, ərim adam olsun.

Sonra qayıdır evə ki, əri adam olub ancaq çeçələ barmağı yoxdur” (32, 64-65).

“Bir arvad çərşənbə gecəsi səhərə çox qalmış səhəngi götürüb çaya su dalınca gedir. Səhəngi nə qədər suya basır, sə­həng suya batmır. Sən demə su yatıbmış. Arvad qayıdıb evə gə­lir. Sonra bir də gedir. Görür, su şırhaşırla axır. Səhəngi dol­du­rub qayıdır” (32, 63).

“Novruz bayramında ağaclar yatırlar” (32, 228).

“Çərşənbə gecəsi sular dayanar, bütün ağaclar isə başını aşağı salıb yatar, səhərisi durarlar” (32, 228).

“İlin-ayın axır gejəsi ağaşdar səjdiyə gedəndə su durur. Su duranda elə ki, at kişnədi, nəyi desən o, qızıla çöyrülür” (32, 229).

Belə mifoloji inamların, görüşlərin əksini tapdığı göstər­diyimiz bu faktoloji materiallarda kosmoqonik (yaradılış) akt, Xaosdan Kosmosa keçid aktının baş verdiyi ilkin başlanğıc, mifik zaman və yaxud “ol zaman” məfhumu “ağacların yat­ma­sı”, “suların yatması və yaxud donması”, “ağacların səcdəyə gəl­məsi, söyüdlərin başını aşağı əyməsi,” “ağacların yerə səril­mə­si, uzanması”, “atların kişnəməsi” və s. bu kimi müxtəlif sin­taq­m­larla, mifoloji frazalarla işarələnir.

Zamanla bağlı baxışların, təqvimi görüşlərin müncərləş­diyi təqvim mifləri Novruz ritualı ilə əlaqəli mifoloji mətnlərdə kos­mo­qonik miflərlə funksional baxımdan üst-üstə düşür. Aşa­ğıdakı mifoloji mətnləri nəzərdən keçirsək, bunu aydınca görə bilərik:

“İlin-ayın axır gejəsi axar su durur. Suyun qırağında nə ki, gözün görən nəfəssiz şey varsa hamısı başını əyif suya səjdiyə gedir. Ağaşdar dümdüz yerə sərilir. Sonra genə qalxır. Həmin vaxtı sudan kim götürsə ona deyillər, “zəmzəm suyu”. Ona “lal suyu” da deyirlər. Onu gətirən gedif-gələndə danışmır” (32, 229).

“İlaxırın səhərisi obaşdannan gedərdik çaya. Suyun üstün­nən tullanardıx, sora suyun içinnən çınqıl götürərdik, ağaşdan xırdaca çöplər qırıb sapınnan bağlıyardıq qablarımıza, doldu­rardıx gətirərdik əvə. Çöpləri qoyardıx buşqağa, çınqılı qoyardıx buğdanın içinə, unun içinə, çörək taxçasına, yağ qabına, pul kisəsinə. Elə yerə qoyardıx ki, bərəkət gətirsin. Suyu səpərdik əvə, həyətə” (32, 229).

“İl təhvil olanda su dəyişir. Təzə sudan gətirip həyətə, evə, tavlıya səpillər, evdə yatannarın gözünə töküllər ki, aydınnıx olsun” (32, 229).

Dünyanın yaradılışı haqqında kosmoqonik miflərdə bütün mifoloji sistemlərdə kainatın ilkin xaosdan yarandığı məlumdur. Ümumtürk mifoloji mətnlərində və milli mifoloji mətnlərimizdə də bu arxaik motiv əsasdır. Məs., “Lap qabaxlar Allahdan başqa heş kim yoxuymuş. Yer üzü də başdan-ayağa suyumuş. Allah bı suyu lil eliyir. Sonra bı lili qurudup torpax eliyir...”(32, 26).

Bu mifoloji mətndə “ol zamanda”, başlanğıc, ilkin mifik zamanda Xaosdan Kosmosa keçid aktının həyata keçirilməsi əks olunur. Təqvim mifləri ilə kosmoqonik mifləri bu aspektdən müqayisəyə cəlb etsək, funksional eyniyyətin şahidi olarıq. Burada mifoloji funksiyaları üzrə qruplaşdırmalar aparsaq, belə bir cədvəl tərtib edə bilərik:

Ol zaman, ilkin

mifoloji, başlanğıc

zamanı


Fövqəltəbii qüvvə,

allah və ya

demiurq tərəfindən


Xaosu aradan qal­dırmaqla, kosmosu bərpa etmək

“Lap qabaxlar”


Allah

Suyu lil eləyib torpaq yaratmaq

İlaxır (və ya Novruz) gecəsi, İlaxır çərşənbə

“bir arvad”, “bir kişi” və s. ritual subyektləri

Niyyət etməklə,

arzu diləməklə və s.


“Ol zaman”da Yaradılış aktını yerinə yetirmək funksiyası əsatiri məfkurədə tanrılar və yaxud mədəni qəhrəmanlar (de­miurqlar) tərəfindən yerinə yetirilir. Bu arxetipik motiv yuxarı­dakı mifoloji inanclarda mürəkkəb transformativ dəyişikliyə uğramışdır. Həmin mifoloji funksiyanı “niyyət diləyən adam” yerinə yetirmiş olur. Bu mətnlərdə “ağacların yatması, suyun donması, söyüdün başını əyməsi, suyun dayanması” və s. bu kimi ifadələr “ol zamanı”, ilkin başlanğıc (mifik) zamanı dola­yısı ilə işarələyir. Məhz həmin məqamda niyyət diləmək həmin arxetipik funksiyanı (tanrı, demiurq funksiyasını) bərpa edir. Məkan sakral məkandır, zaman da mifik zamandır, yaradılış aktını yerinə yetirən də niyyət diləyənlər, arzu edənlərdir.

Bu mətnlərdə hansısa fövqəltəbii qüvvələrdən, Allahdan dilək dilənmir. Bu fakt həmin mətnlərin bütövlükdə dini sis­temlərin təsirindən tam kənarda baş verir. Sakral məkan və ilkin zamanda kosmoqoniya, yaradılış aktı tanrı (tanrı da bu ba­xım­dan ulu əcdaddır) və ya ulu əcdadlar tərəfindən yerinə yetirir. Çərşənbə axşamı isə ritual subyektləri (niyyət diləyənlər və s) tanrı və demiurqların (ulu əcdadların) ilkin zamanda yerinə yetirdikləri bu aktı icra etməklə təkrar edirlər.

Antropoloji (psixoloji) nöqteyi-nəzərdən coğrafi şərait (iqlim, relyef və s.), yəni ibtidai insanları əhatə edən ətraf aləmin uyğunluğu bu uyğun coğrafi şəraitdə məskunlaşmış müxtəlif et­nik nümayəndələrin mifoloji dünyagörüşlərində anoloji motiv­lərin olmasına səbəb olur. “İnsan zəkasının oxşar tarixi, coğrafi, fiziki, pisixoloji, sosial şəraitlərdə bir-birinə bənzər, oxşar fi­kir­lərə, nəticələrə gəlib çıxması təbiidir, ən ümumi xət­ləri ilə gü­nəş, ay, yağış, tufan, təbiətinin canlanması qarşısında insanların bənzər düşüncələrə gəlməsi mümkündür” (19, 26). Ona görə də Novruz bayramını bir sıra xalqların qeyd etməsinə birinin di­gərindən əxz etməsi kimi deyil, tipoloji uyğunluq kimi baxmaq daha düzgün olardı. Əlbəttə, coğrafi baxımdan yaxın olan mədə­niyyətlərdə isə qarşılıqlı mənimsəmələrdən söhbət gedə bilər.

Novruz bayramı gecəsi hər kəsin öz evində olması və yaxud hər kəsin meydana toplaşması, meydanlarda xoruz dö­yüşdürmək, yumurta döyüşdürmək, güləş tutmaq, habelə bu­laq başına toplaşmaq, bayram günü hər kəsin evdə olması və s. bu kimi adətlər məlumdur. Bunlar göstərir ki, burada “meydan”, “çeşmə başı”, “ev, “kimi məkanlar sakral məkanlar olub mifoloji düşüncədəki başlanğıc məkanı, dünyanın ilkin yaradılış, mərkəzi məkanını işarələyir. Bu ilkin məkanda mifoloji baxımdan hər şey yenidən başlanır, buna riayət etməyənlər təbii ki, mərkəz məkandan, ilkin yaradılış məkanından kənarda qalanlar məhv olur. Ona görə, inanılır ki, bayramı kim evində keçirməzsə yeddi il evdən ailədən uzaq düşər və s. Bayram gecəsi bu cür sakral, ilkin yaradılış məkanından kənarda qalmaq əslində mifoloji qat­da xaotik aləmi və onun məkansızlıq, zamansızlıq, sah­mansızlıq kimi semantik çalarlarını işarələyir. Aşağıdakı mifoloji mətndə də bu təsdiqinin tapır:

“Axır çərşənbə günü bir kişi deyir ki, nə bayram? Mən bayram-zad tanımıram.

Gecə yarısı bı kişini eşiyə çağırırlar. Kişi çıxır eşiyə. Ar­vad-uşağı ha gözdüyür, kişi qayıtmır. Durub başdıyırlar axtar­mağa, ancaq səhərə kimin hara gedirlərsə, “gördüm” deyən olmur.

Bir-iki gündən sonra arvad-uşax evdə ağladığı yerdə eşik­dən genə bınnarı çağırıllar. Bınnar çıxır kin, eşikdə heş kim yoxdu. Bir də baxırlar ki, kişinin papağı göydən düşdü. Demi­yəsən bı kişi bayramı bəyənmədiyi üçün onu çəkiblər göyə. Papağı da göydən düşüb kin, camahata bildirsin kin, kim bay­ramı bəyənməsə, axırı belə olacax” (32, 66). Burada kosmoqo­niya aktını işarə edən bu bayramı qəbul etməmək əsatiri məf­kurədə kosmoqoniya aktından kənarda qalmaq xaosla birgə yox olmaq, aradan qalxmaq anlamı daşıyır.

M.Eliade ritual-mifoloji görüşlərdə mifik məkan məsələ­sindən bəhs edərək yazır: “Ritual paradoksun köməyilə istənilən müqəddəs sayılan məkan Dünyanın mərkəzi ilə üst-üstə düşür. Eyniylə ritualda göstərilən hansısa vaxt mifik zamanla “başlan­ğıcla” üst-üstə düşür. Kosmoqonik aktın təkrarlanması yolu ilə konkret zamanda quruculuğun həyata keçirilməsi mifik zaman­dan, dünyanın əsasının qoyulduğu, ol zamandan proyek­siya­lanır” (138, 45).

Mifoloji mətnlərdən müəyyənləşir ki, ağacın dibi, çayın, suyun qırağı, bulaq başı sakral məkanlar, daha dəqiq ifadə etsək ilkin yaradılş aktının baş verdiyi məkan, dünyanın mərkəzi kimi anlaşılır. Bu baxımdan bilməliyik ki, yuxarıda göstərdiyimiz mətnlərdə buzovun, yaxud inəyin bağlandığı ağac, yaxud qız-gəlinin su gətirmək üçün getdiyi axar çayın qırağı, axar bulağın başı mifik zamanda yaradılış aktının baş verdiyi ilkin mifik (mərkəzi) məkanı işarələyir.

Kök etibarilə bir sıra tədqiqatçılarımız Novruz bayramını təbiətin ölüb-dirilməsi haqqındakı ibtidai animistik görüşlərlə bağlı olması fikrini müdafiə edirlər. Bəli burada nisbətən üst qatda təbiətin ölüb dirilməsi motivi ilə bağlılıq danılmazdır, lakin dəruni qatda Novruz bayramının mifoloji əsasında ilkin mifik zamanda, başlanğıc zamanda yerinə yetirilən yaradılış aktı, kosmoqoniya aktı motivi dayanır. Bunu yuxarıda gös­tərdiyimiz faktoloji materialların, əsatiri görüşlərin, inamların əks olunduğu mifoloji mətnlərin təhlili bir daha təsdiqlədi.


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə