Ramin allahverdi TƏQVİm miFLƏRİ VƏ novruz baki 2013 Elmi redaktor: Seyfəddin rzasoy




Yüklə 0.67 Mb.
səhifə2/9
tarix22.02.2016
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7   8   9

Zamanın siçan zoomorfik modeli. Məlum olduğu kimi, on iki illik qədim türk təqvim sisteminin birinci ili siçan ili adlanır. Bəzi xalqların əski dünyagörüşlərində əksini tapan siçan obrazı bu məsələyə özünəməxsus şəkildə aydınlıq gətirir. Dünyanın bir sıra qədim xalqlarının, qədim türklərin, Şərqi və Mərkəzi Asiya, həmçinin Rusiya xalqlarının mifoloji dünyagö­rüşlərində siçan obrazı ilə bağlı motivlər öz əksini tapmışdır. V.N.Toporov göstərir ki, “bəzi ənənələrdə siçan kosmoqonik miflərdə iştirak edir və yaxud hətta mədəni qəhrəman funksi­ya­sında çıxış edir” (126, 190).

Buryatlarda bu nöqteyi-nəzərdən bir maraqlı məqam diqqəti çəkir. Əski bir buryat folklor mətnindən məlum olur ki, buryatlar hətta ayları da heyvan adları ilə adlandırırmışlar. “Siçan və dəvə” əfsanəsində siçan müdrik bir heyvan kimi göstərilir və elə buna görə də buryatlarda ilin birinci ayını siçanın adı ilə adlandırırlar (112, 211). Aşağıda göstərəcəyimiz başqa bir folklor nümunəsində isə siçan obrazının daha arxaik mifoloji semantikası üzə çıxır. Əski əfsanədə söylənilir ki, “toyuq uçan siçana qonaq gəlir. O, uçan siçanla daimi dostluq etmək istəyir. Toyuq ağaclığa uçub gəlir və qaqqıldayır:

- Uçan siçan, hardasan, mən səninlə dostluq etmək istəyi­rəm.

Uçan siçan qaranlıq yarıqdan cavab verir:

- Mən gündüz çıxa bilmirəm, qanadlarım istidən quruyur, mən axşam sənə qonaq gələrəm.

Toyuq məyus olur və evinə qayıdır. Axşam toyuq qanad şappıltısı eşidir, bu uçaraq yaxınlaşan siçan idi.

- Toyuqcan, sənə qonaq gəlmişəm.

Toyuq qəmgin halda cavab verir:

- Mən gecələr heç nə görmürəm, səni qonaq edə bilmə­yəcəm.

Uçan siçan meşəyə tərəf uçdu. Bugünədək də toyuq və uçan siçan dostluq edə bilmirlər.

Toyuğa gecə mane olur, siçana isə gündüz” (112, 212).

Bu əfsanədə siçan obrazının bir neçə mifoloji funksiyası özünü göstərir. Xtonik aləmlə bağlılığı həmin mifoloji funksi­ya­lar­dan biridir. Siçanın olduğu məkan yeraltı aləmin, ölülər dün­yasının simvolu olan meşədir. Meşə arxetipinin ölülərin yeraltı çarlığı kimi Yunan, Roma, Vergiliya ənənələrində də xarakterik olunduğunu M.N.Sokolov qeyd etmişdir (121, 49). Şərqi Asiya xalqları arasında yayılmış digər bir folklor nümu­nəsində yenə də siçanın yaşayış məskəninin meşə olduğu gös­tərilir. Hətta burada meşə xtonik aləmin hökmdarı olan Yakın (Yakşi – R.A) məkanı kimi təqdim olunur. Meşədə – öz mali­kanəsində azmış on yeddi qızı yemək istəyən Yakın əlindən qızları ölümdən yerin altından yol açmaqla siçan qurtarır. Bu xeyirxah əməlinə görə siçan siçanlar kralı seçilir. Sonda gös­tərilir ki, ona görə də təqvimdə ilk ilin siçan ili olması təəccüblü deyil (112, 252-256).

Birinci mətndə gündüzün simvolu kimi təqdim olunan to­yuq obrazının oppozitiv tərəfi kimi gecəni simvollaşdıran siçan obrazı dərin qatda xaotik zamansızlığı işarələyir. Eyni za­manda bu oppozitiv qarşıdurma mifoloji təfəkkürə görə kai­natın ilkin ikili məkani bölgüsü olan səma (göy) və yeri (toyuq obrazı ilə səmanı, siçan obrazı vasitəsi ilə isə yeri) simvolizə edir.

Qədim türklərin, xüsusən də altayların əski görüşlərində siçanla bağlı mifoloji motivlər geniş yayılmışdır. Q.N.Potaninin topladığı materiallarda uçan siçanla bağlı nümunələr bunu deməyə əsas verir. Həmin folklor nümunələrində əksini tapan Darkanata, Sarisin Babkay kimi siçanlar həm də şaman kimi təqdim olunur (116, 169-174). Uçan siçan obrazının zamanı, konkret olaraq onun bir hissəsi olan gecəni işarələməsi bu folklor mətnlərində də əksini tapır. Belə mətnlərdən birində göstərilir ki, quşların şahı uçan siçanı özünə tabe etmək istəyir. Lakin o, müxtəlif bəhanələrlə bundan canını qurtarır. Buna görə Tenqri (Tanrı) onu işıqlı dünyada (Altın telxidə) yaşamaqdan məhrum edir və yalnız gecələr yaşamağa məhkum edir (116, 174).

Digər bir əfsanədə isə siçan müdriklik simvolu kimi xarak­terizə olunur. Həmin əfsanədə Uçan siçan quşların kralı Xan Qaridanın “Dünyada kişilər çoxdur, yoxsa qadınlar?” sualına müdrikcəsinə belə cavab verir: “Qadınlar kişilərdən daha çox­dur, ona görə ki, arvad sözü ilə oturub-duran kişiləri də qa­dın hesab etmək lazımdır” (116, 758).

Beləliklə, bütün bu deyilənlər qədim türk təqviminin ilk ilinin siçanı təmsil etməsinin mifoloji əsaslarını üzə çıxarmış olur.



Zamanın öküz zoomorfik modeli. Qədim türk mifoloji düşüncəsində zaman-məkan kontinuumu həm də öküz zoomor­fik modelində təqdim olunurdu. Burada öküz modeli əski türk­lərin dünya, kainat haqqında mifoloji təsəvvürlərini özündə əks etdirir. Öküzlə bağlı belə mifik təsəvvürlər aşağıdakı mifoloji mətndə özünü bu şəkildə göstərir; “Dünya böyük və qırmızı bir öküzün tək buynuzu üstündə dayanır. Bu buynuzu yorulanda öküz dünyanı o biri buynuzuna atar, bundan dünya sarsılır və buna zəlzələ deyilir; Yer sarsıntısı deyilir” (93, 10).

Öküz obrazı ilə kainatın əlaqələndirilməsi onun bir sıra mifoloji funksiyaların daşıyıcısı olmasını daha da qabardır. İkibuynuzluğun tanrıçılıq nişanəsi, təkbuynuzluğun isə xtonik güc nişanəsi olmasını qeyd edən (18, 77) F.Bayat öküz obrazı haqqında bəhs edərkən yazır ki, “öküz mifoloji ananın atributu, Tanrı oğlu, hakimiyyət simvolu kimi semantik transfor­ma­siya­lardan keçmişdir. Bu da öküzün türk mifoloji sistemində mər­kəzi anlayış (yaradılış mifi) olması ilə bağlıdır” (18, 41).

Misir mifologiyasında məhsuldarlıq allahı Apis öküz qiyafəsindədir. Apisin – öküzün ölümü böyük bədbəxtçilik he­sab edilmişdir. Ölmüş Apisi mumiyalayırdılar və onu məxsusi rituallar üzrə dəfn edirdilər. Qədim İkiçayarasında, Orta Asiya­da, İranda və Qədim hind ənənələrində öküz hər şeydən əvvəl ay tanrısı obrazında idi (113, 203). Ağ Nilin sakinləri arasında qida qadağası mövcud idi: onlar öküz ətindən qida kimi istifadə edə bilməzdilər (122, 149).

Hindistanda inəklər ilahiləşdirilir, səmanı və tanrı İndiranı təcəssüm etdirirdi. Vedalarda inək göy qübbəsidir. Uşaqları ilə birgə qara ləkəli inək və onun əri ilahi öküz bütövlükdə səma hadisəsi idi.

Hindistanda aparıcı dinlərdən biri olan induizmin ardıcıl­larının təsəvvürlərinə görə, səmanın məhsulvericisi – öküzdür, buludlar isə Günəş allahı İndranı öz südü ilə bəsləyən inəklərin üç dəfə yeddi qədər xallarıdır. Gecə və ulduzlar da inəklərdir. Allah İndra öküz kimi təsvir olunmuşdur (111, 160).

Öküz obrazı haqqında bütün bu deyilənlər əski mifoloji təfəkkürdə onun çoxşaxəli mifoloji funksiyaların daşıyıcısı oldu­ğunu göstərir. Öküzün zoomorfik model kimi zamanı mo­del­ləş­dirməsi də həmin mifik görüşlərin digər formada təzahür etməsidir.



Zamanın qaplan (pələng) zoomorfik modeli. On iki illik təqvim sistemində illərdən birinin qaplan və ya pələnglə təmsil olun­ması zaman məfhumunun mifoloji təfəkkürdən gələn zoomorfik modellərindən biridir. M.Kaşğari “Divani lüğət-it türk” əsərində həmin ilin Pars ili kimi adlandırıldığını göstərir (47, 354). Ümumiyyətlə, qədim türk dünyagörüşündə pars, qap­lan, pələng obrazları öz əksini tapır. M.Uraz göstərir ki, Bar­sancar adlı boyun onqonu Kaplan, Pars idi və onqonu qap­lan, yaxud bars olan boy sonbaharın başında Ağ Xana bir köpək balası qurban edərdi (93, 169). Müəllif, həmçinin qeyd edir ki, “taoizmə görə, boşluq dörd səmtə ayrılmışdır. Bu dörd səmtin idarəsi hərəsi tanrılaşdırılan bir heyvana verilmişdir. Qərb səm­tinin idarəsi də bu heyvandadır. O bölgə bunun adını daşıyır” (93, 44-45). “Kitabi-Dədə Qorqud”un məşhur qəhrəmanlarından Salur Qazan həm də “Qaraçuğun qaplanı” idi.

Qaplan ili həm də pələng ili kimi təqdim olunur. Buna səbəb türk xalqları da daxil olmaqla şərq xalqlarının mifik dün­yagörüşündə qaplan obrazının digər bir ekvivalentinin, yəni pələng obrazının geniş yayılması ilə əlaqədardır.

Mifopoetik təsəvvürlərdə (hər şeydən öncə Orta Asiyadan Çinin şimal qərbinədək və cənub-şərqi Hind-Çinədək) Pələng tez-tez heyvanların hökmdarı və meşənin sahibi kimi çıxış edir. Pələng həm də dağ və mağaraların hamisi (ruhu) kimi məş­hur­dur. Çində pələng təkcə heyvanların hökmdarı yox, həm də de­monların qənimi hesab olunurdu. Qaraqalpaq qadınları inanır­dılar ki, pələng ətindən bir tikə yeməklə sonsuzluqdan yaxa qur­tarmaq olar. Pələngin dərisinin üstündən tullanan, onun izinə sitayiş edən özbək qadınları pələngi öldürən ovçunu ehtiramla əhatə edirdilər (114, 511).

Z.Sokolova yazır ki, “Semanqların malay ovsunçuları öz istəkləri ilə pələngə dönmək və bu heyvanın cildində diri və ölü insanları parçalayıb yemək kimi keyfiyyətlərə malik idilər” (122, 102).

Bununla belə, bəzi mifoloji görüşlərdə pələng insanlara köməklik edə bilən xeyirxah heyvan kimi təqdim olunur. “Qır­ğız şamanları şamanlıq etdikləri vaxt kömək üçün ağ pələn­gə xahişlə müraciət edirdilər” (114, 511).

Beləcə, təqvimdə zamanın qaplan və yaxud pələng zoomorfik modeli həmin heyvanlarla bağlı mifik görüşlərin əsasında intişar tapır.



Zamanın dovşan zoomorfik modeli. Dovşan obrazı ilə bağlı mifoloji görüşlər türk mifik mətnlərində əksini tapmasa da, başqa folklor nümunələrində rast olunur. Qədim Çin mifo­lo­giya­sında və monqolların mifoloji təsəvvürlərində dovşan zoomorfik modeli bir sıra mifoloji funksiyalarla çıxış edir. Monqol qövmlərindən olan kitanların bir əfsanəsində deyilir: “İmpe­ratriça Yinq-tien bir yuxu görmüşdü. Bu yuxuda qızıl bir tac daşıyan, düz və bəzəksiz bir paltar geyinmiş, əlində də silah tu­tan bir tanrı qarşısına çıxmışdı. Bu tanrının üz ifadəsi çox gözəl, özü də yaraşıqlı imiş. Arxasınca da 12 qəribə heyvan gəlirmiş. Bu heyvanların içində qara bir dovşan da var imiş. Bu qara dovşan birdən-birə atılıb imperatriçanın qoynuna girmişdir. İmperatriça bu qara dovşandan hamilə olmuş və imperator Tai-tsunqu doğmuşdur” (64, 555).

Müqayisə üçün xatırladaq ki, əski türk düşüncəsinə görə, əcdad funksiyasını əsasən Gök börü ( Boz qurd) yerinə yetirir. Nümunə verdiyimiz bu əfsanədə isə dovşan əcdad funksiyasının daşıyıcısıdır. Bununla əlaqədar olaraq B.Ögəl yazır: “...Qara dovşanın türk və monqol qövmləri arasında bir müqəddəsliyi yoxdur... Xitay imperatorunun şəxsiyyəti ilə əlaqədar müqəddəs bir heyvan olan dovşan bir çox dövlət mərasimlərində də rol oynayırdı” (64, 555-556).

Eostra adı ilə məşhur olan almanların məhsuldarlıq ilahəsi də illik bayram zamanı həyatın təzələnməsini simvollaşdıran Ay Dovşanıdır (119, 125-126). Çin miflərində Ay Dovşanı ölməzlik iksiri hazırlayır (119, 125). Həmçinin Yaşma dovşan Çin mifo­logiyasında Ayda məskən salmış qəribə heyvandır. O, in­sana əbədi həyat, ölməzlik bəxş edən bir dəva-dərman hazır­layır (139, 660).

Amerika hindularının əsatiri təsəvvürlərində isə dovşan obrazının başqa bir mifoloji funksiyası aşkarlanır. Bu mifik funksiya odla əlaqəlidir. Çako hindularından olan Matako qə­biləsi arasında belə bir əfsanə yayılmışdır: “Qədim zamanlarda od ancaq Yaquarda idi. Onun böyük ocağı var idi. Tez-tez bur­dan kiçik ev dovşanı keçirdi. Hər dəfə Yaquar üzünü çevirəndə o, kənara bir neçə köz qoyurdu. İsinmək bəhanəsi ilə oda yaxınlaşan dovşan ocaqdan götürdüyü odu çənəsinin altında gizlədərək qaçır və közü çəmənliyə atır. Beləliklə də insanlar dovşanın sayəsində od əldə edirlər” (28, 187).

Burada dovşanın insanlara odu gətirməsi yunan mifo­lo­giyasından məlum olan Prometeyin insanlara odun sirrini açması mo­tivi ilə səsləşir. Dovşan Prometeylə eyni funksiyanın daşı­yıcısı kimi çıxış edir. Burada dovşanın demiurq (mədəni qəh­rəman) funksiyası üzə çıxır.

Beləliklə, on iki illik türk təqvim sistemində ilin birinin dovşan zoomorfik modeli ilə təmsil olunması çox güman ki, Şərq, xüsusən də Qədim Çin əsatiri görüşlərinin təsiri ilə bağ­lıdır.



Zamanın əjdaha zoomorfik modeli. “Türklərin inamına görə, əjdaha ili insanlara bədbəxtlik gətirəcək. Adamların əmin-amanlığı pozulacaq. Hikkə-hiddətli olacaqlar” (60, 28). Belə bir inamın kökündə, şübhəsiz ki, əjdaha obrazının dərin mifoloji semantikası durur. Bu mifoloji semantika həmin obrazın xaosu işarələməsi ilə bağlılıq təşkil edir.

Əjdaha mifi də ilan mifik obrazı kimi, xaosu, sah­man­sızlığı, zamansızlığı, məkansızlığı işarələyir və mifoloji funksiya baxımından onları biri-birinə yaxın obrazlar hesab etmək olar. Hətta “əjdahanı sonrakı, inkişaf etmiş ilan obrazı hesab etmək də olar: Əjdaha ilə bağlı olan əlamətlər və mifoloji motivlər mi­foloji ilanı xarakterizə edən başlıca cizgilərlə üst-üstə düşür. Əjdaha da ilan kimi, adətən, məhsuldarlıq və su stixiyası ilə bağlı olub, himayəçi qismində özünü göstərir” (114, 394). Daha ilkin mifoloji görüşlərdə əjdaha obrazı mifoloji ilan obrazı kimi xaosun, sahmansızlığın, zamansızlığın simvolu kimi qavranılır. Milli folklor nümunələrimizdə əjdaha obrazının bu mifoloji funksiyası özünü arxetipik formada büruzə verir. “Qızı əjdaha udur” əfsanəsində əjdaha kosmik aləmi təmsil edən qızı udmaqla özünü dolayı yolla xaotik aləmin rəmzi kimi göstərir. “Məlikməmməd” nağılında isə əjdaha obrazının xaotik funk­siyası daha qabarıq şəkildə üzə çıxır. Burada əjdahanın suyun qa­bağını kəsməsi, adamları yeməsi mifik təfəkkürün gene­tika­sından gələn xaosun kosmik düzəni məhv etmək təhlükəsi kimi təzahür edir. Əjdaha təhlükəsi xaos təhlükəsi deməkdir. İlan zoomorfik zaman modeli ilə bağlı hissədə göstərdiyimiz mifin daxili struktur məntiqinin düsturuna əsasən də xaosu təmsil edən obraz (burada: əjdaha), qəhrəman (burada: Məlikməmməd) tərəfindən başı kəsilərək öldürülür. Yəni xaosdan yenidən kos­mosa keçilir, yaxud kosmik düzən yenidən bərpa olunur.

Əjdaha obrazını geniş tədqiqə cəlb edən Y.V.Çesnov hə­min mifik obrazın bir çox mifoloji funksiyalarını üzə çıxardır. O göstərir ki, “Əjdaha öz görkəmində bütün dünyəvi yaradılışın (artımın) səbəbi kimi qavranılan kosmik aləmin və bitki dün­yasının qarşılıqlı bağlılığını əks etdirir. Əjdahanın bu cür sim­vollaşması, yeni səviyyəsini – kişi və qadın başlanğıcının vəh­dətinin simvollaşmasını asanlıqla üzə çıxardır” (134, 70). Buradan da göründüyü kimi, əjdaha obrazının mifoloji məz­munu çoxşaxəlilik təşkil edir və bu barədə ətraflı yazmaq olar. Lakin bu məsələ bizim tədqiqatın istiqamətindən kənara çıx­dığından əjdaha obrazı ilə bağlı geniş yazmağa lüzum gör­mürük.

Beləliklə, mifik düşüncəyə görə, xaos funksiyası zamanın əjdaha zoomorfik modelinin əsas semantik qatını müəyyən­ləşdirmiş olur. İlan zoomorfik zaman modelində olduğu kimi, əjdaha zoomorfik zaman modeli də xaosu və bu semantik qə­bildən olan zamansızlıq, məkansızlıq, sahmansızlıq kimi məz­mun laylarını özündə ehtiva edir.



Zamanın ilan zoomorfik modeli. “Qədim türklər ilan ilini belə bir inamla xarakterizə edirlər ki, ilan ilində çox ehti­yatlı olmaq lazımdır. Adi ehtiyatsızlıq başa bəla gətirəcəkdir” (60, 28). Belə bir inancın əsasında, şübhəsiz, ilan obrazının ilkin mifoloji təfəkkürdən gələn xaosu işarələyən funksiyasının son­rakı trans­formativ semantikası dayanır. Dünyanın əksər xalq­larına məxsus mifik mətnlərdə ilan mahiyyət etibarilə xaotik aləmin, xaosun simvolu kimi təqdim olunur. Məsələn, “Misir mifologiyasında Apop günəş allahı Ranın əbədi düşməni, zülmət və şəri təcəssüm etdirən nəhəng ilandır. Apop əleyhinə ov­sunların tez-tez rast gəlindiyi səyyar mif mətnlərində o, adətən günəşin bütün düşmən­lərinin birgə obrazı kimi çıxış edir” (114, 96). Qədim hind mi­fologiyasında isə “Vritra ayaqsız, əlsiz, doxsan doqquz həlqə şəklində yığılaraq, dağların üzərinə uzan­mış nəhəng ilandır. O, çayın axınının qarşısını kəsərək, onun bütün suyunu udur və öz qarnında saxlayır” (111, 49). Riq­vedadakı belə bir məqama diqqət yönəldən M.Eliade yazır: “İlan xaosu, qarmaqarışıq sahmansızlığı simvolizə edir. İndra Vritraya bölünməz (aparvan), oyanıqsız (abudhyam), yatmış (abud­ya­ma­nam), dərin yuxuya getmiş (sushupanam), yerə sərilmiş (açaya­nam) vəziyyətdə rast gəlir. Onu ildırımla vurmaq və başını kəsmək yaradılış aktının yerinə yetirilməsinə, sahmansızlıqdan sahmana, formasızlıqdan formaya keçməyə bərabərdir” (138, 44). F.Cəlilova da göstərir ki, “Bəzən “dünya yumurtasından” çıxmış, ilkin yaradılışla bağlı olan ilan, əcdad-totem xarakterini daşımaqla yanaşı, xaosun təmsilçisi kimi də görünməkdədir” (25, 31).

İlan zoomorfik modelinin xaosla bağlı mifoloji funksiyası türk mifik təfəkküründə də əksini tapmışdır. “Şəcərei-Təraki­mə”nin nəzm hissəsindən bir parçada deyilir:

Mavi göydən gəldi mavi ilan,

Hər adamı udar idi görən zaman.

Salur Qazan başını kəsdi, vermədi aman,

Alplar, bəylər, görən varmı Qazan kimi?! (29, 98).

Bu parçadan aydınca görürük ki, dünyanın digər qədim xalqlarının mifoloji dünyagörüşündə olduğu kimi, burada da ilanın başının kəsilərək məhv edilməsi motivi xaosdan qurtul­maq, kosmosa keçmək semantikasını ifadə edir. Yeri gəlmişkən qeyd edək ki, “Kitabi-Dədə Qorqud”un məşhur qəhrəman­larından olan Salur Qazanın burada mavi ilanın başını kəsməklə yaradılış aktını yerinə yetirməsi onun həm də demiurq (və yaxud tanrı) mifoloji funksiyası ilə bağlılığını aydın şəkildə üzə çıxarır.

Mifin struktur məntiqinə uyğun cədvəl qurmaqla bir sıra etnik toplumların mifoloji görüşləri əsasında ilan obrazının xaos funksiyasını daha aydın təsəvvür edə bilərik.




Etnos

Xaos (və ya onun işarəvi

obrazı)


Xaosu aradan

qaldırır


Kosmosun

bərpa edilməsi



Misir

Apop

Ra

Apopun başını

kəsməklə


Hind

Vritra

İndra

Vritranın başını

kəsməklə


Türk

Mavi göydən

Gələn ilan



Salur Qazan

Mavi ilanın

başını kəsməklə


Azərbaycan folklorunda da ilanın sözügedən mifoloji funk­siyası ilə bağlı motivlər özünü göstərməkdədir. Qeyd et­məli­yik ki, milli folklor nümunələrimizdə ilan obrazının xaos funksi­yası özünü alt semantik qat kimi büruzə verir. “Qızıl ilan”, “İlan oğlan”, “Qız və ilan” kimi əfsanələrimizdə, həmçinin “İlan və qız “nağılında onun xaosu işarələməsi arxetipik halda aşkarlanır. Mifoloji mahiyyət etibarilə bir-biri ilə səsləşən bu folklor nümunələrində kosmik düzümü təmsil edən obrazlarla (qoca, oğlan, qız və s.) xaosu təmsil edən ilan qarşı-qarşıya qoyulur və o, birbaşa, yaxud dolayı yolla məhv edilir.

Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, ilan obrazı xaosu işarələdiyindən zamanın ilan zoomorfik modeli də zamansızlıq, məkansızlıq kimi semantik layları özündə ehtiva edir.

Zamanın at zoomorfik modeli. Məlum olduğu kimi, əski türk-oğuz dünyasını atsız təsəvvür etmək belə mümkün deyil. Atı özünə qardaş, ən etibarlı dost sayan qədim türklərin həya­tında mühüm yer tutan bu sədaqətli heyvan onların dünya­gö­rüşlərinə, şifahi xalq yaradıcılığına da dərindən sirayət etmişdir. Buna görə də at obrazı türk mifoloji mətnlərində, həmçinin digər folklor nümunələrində çox önəmli yerlərdən birini tutur. Bu nümunələrdə atın ən ilkin arxetipik məzmunu belə qorunub sax­lanılmışdır. At obrazının mifoloji funksiyaları olduqca geniş­şaxəlidir. Biz burada onun zaman-məkan kontinuumunu özündə ehtiva edən mifoloji semantikasını aşkara çıxarmağa çalışacağıq.

Rəşidəddinin “Oğuznamə”sində göstərilir: “Bir şey qu­rulan zaman iki at kəsməlidirlər. Atı on iki hissəyə (paya) ayırıb, atın birinin ətini Bozuqlara, digərini Üçuqlara versinlər. Atın boynuna yaxın olan bir arxa sümüyü, arxaya yaxın olan kürək onurğası və sağ qolun biri padşahın və millətin böyüyünün ol­malıdır. Digər parçalar isə hər boya və Oğuzun oğullarına xas olan ülüs olaraq ayrılıb verilməlidir ki, heç kimin başqasının haqqını yeməyə haqqı olmasın. Bu şəkildə bölgü hər qəbilənin adının altına yazıldı” (68, 61).

Burada atın kəsilərək ətinin bu şəkildə tayfanın daxili qayda-qanunları çərçivəsində bölüşdürülməsi, mifoloji seman­tika baxımından on iki ayri-ayrı müvafiq məkan hissələrindən ibarət dünyanın at şəkilində təsəvvür edilməsidir. “Oğuz­na­mə”nin bu hissəsinə diqqət yönəldən S.Rzasoy yazır: “...Bu pay onların (24 oğuz tayfasının – R.A.) hər birinin at obrazında təsəv­vür etdikləri kosmik dünya modelində durduqları yerin işarəsi idi. Bu 24 pay birləşəndə 2 at modeli alındığı kimi, həmin paylarda işarələnmiş 24 nəvənin kosmik-iearxik düzümündən də iki at obrazında (yaxud ümumiyyətlə at obrazında) təsəvvür edi­lən oğuz zookosmik dünya modeli alınırdı” (71, 96).

Əlbəttə, əti on iki pay kimi bölüşdürülmüş atın obrazı türk mifoloji düşüncəsində həm də dolayısıyla məkan-zaman konti­nuumunun at görkəmində qavranılmasının nəticəsi idi. Bu bölgü mifik düşüncədə zamanın (təqvimin) on ikili bölgüsünün at şəklində (cildində) maddiləşmiş modeli kimi özünü təsbitləyir.

Sonrakı folklor yaradıcılığında at obrazının zamanla bağ­lılığı bir qədər transformasiya olunmuş halda özünü göstərir. Lakin həmin folklor nümunələrində də zaman motivi əks olunur. Nağıllarımızda rast gəldiyimiz üçqılçalı at vasitəsi ilə qəhrə­manlar zamana sanki meydan oxuyurlar. “Qızıl qoç” nağılından bir məqama diqqət yetirsək, bunu aydınca müşahidə edə bilərik:

“Keçəl qara daşı qaldırıb altından cilovu çıxartdı, aparıb dəryaya saldı, o saat bir də gördülər ki, bir gurultu, şıxıltı, şırıltı qopdu ki, elə bil yer-göy lərzəyə gəldi. Dərya təlatüm elədi, için­nən üçqılçalı bir at çıxdı. Keçəl tez cilovu çəkdi, at istədi genə dəryaya girsin, keçəl cilovu buraxmadı. Bir ənvayi müsibətnən ikisi də tərkləşib ata mindilər. At özünü vurdu dəryaya, bir göz qırpımı çəkməmiş bunları çıxartdı o taya” (16, 49).

Göründüyü kimi, qəhrəmanlar üçqılçalı atın köməyi ilə zaman və məkan maneəsini asanlıqla dəf edirlər. “Koroğlu” dastanında at obrazı Qıratın timsalında fövqəlzamani, həmçinin fövqəlməkani statusa malikdir. Mifoloji yaranış baxımından su arxetipindən törəməsi (əcdad başlanğıcı) Qıratı belə bir föv­qəladə statusla təmin etmiş olur. Mifik düşüncə özü Qıratın bu cür fövqəlzamaniliyinin və fövqəlməkaniliyinin düzgün məntiqi izahını verir. Mifoloji düşüncədə suyun həm də xaosun ekvi­valenti olduğunu nəzərə alsaq, sudan törəmiş Qıratın fövqal­za­maniliyinin və fövqəlməkaniliyinin səbəbini üzə çıxarmış olu­ruq. Deməli, xaosu xarakterizə edən zamansızlıq, məkan­sızlıq kimi mifik semantika arxetipik formada Qırat obrazına trans­formasiya olunmuşdur. Buna görə də qəhrəmanın rastlaşdığı çə­tin anlarda qeyd etdiyimiz arxetipik funksiya Qırata kosmik zamandan və məkandan kənara çıxmaq statusunu vermiş olur.

Ümumiyyətlə, belə bir status su (əcdad başlanğıc) ilə bağ­lı olan digər mifoloji at obrazlarına (üçqılçalı at və s.) da şamil olunmalıdır. Bunu mifin daxili struktur məntiqi tələb edir. Bu halda əcdad başlanğıcı su (xaos) olan at obrazı arxetipik for­mada öz əcdadının səciyyəvi mifoloji funksiyasını (indiki halda zamansızlıq, məkansızlıq funksiyasını) daşıyır.



Zamanın qoyun zoomorfik modeli. Qoyun obrazı mifik baxımdan arxaik semantikaya malikdir. Dünyanın yaradılışı ilə bağlı olan bu semantika yaradılış haqqındakı mifoloji baxışların bir qədər sonrakı transformativ variantı kimi üzə çıxır. Belə bir mifoloji məzmun türk mifik məfkurəsində də dünyanın, kaina­tın qavranılması ilə bağlılıq təşkil edir. ”Şəcərei-Tərakimə” kita­bında göstərilir ki, Gün xan bir qoyunu kəsərək sağ tərəfindəki 6 oğul arasında ətin sağ hissəsini, sol tərəfindəki 6 oğul arasında isə ətin sol hissəsini müvafiq olaraq 12 oğula 12 hissə olmaqla bölüşdürür (29, 68-69).

Bu bölgü türk mifoloji təfəkküründə ayrı-ayrı maddi (mə­kani) hissələrdən ibarət zaman-məkan kotinuumunun (və yaxud dünyanın, kosmosun) qoyun (zoomorfik modelində) obrazında dərkidir.

Qoyunla bağlı mifoloji motivlər dünyanın digər xalq­larının mifoloji görüşlərində də geniş yayılmışdır. Məsələn, “Fivanın sakinləri və digər misirlilər Fiva tanrısı Amona sitayiş edərək, qoyunu müqəddəs heyvan sayırdılar və onu qurban gətirmirdilər. Yalnız ildə bir dəfə Amon bayramında onlar qo­yunu öldürür, tanrı görkəmində onun dərisini geyinir və can­landırırdılar. Bu qoyunu onlar ağlayırdılar və müqəddəs tabutda dəfn edirdilər... Qoyun, başqa sözlə, Amonun özü idi.... Buna görə də qoyun qurbanlıq heyvan kimi yox, qoyunla eyni­ləş­dirilən tanrının özü kimi öldürülür və mərasimdə bu heyvanın dərisi Amon görkəmində təsvir edilərək göstərilir” (129, 524).

Burada qoyunun, yaxud qoyun görkəmli tanrı Amonun hər bayram öldürülməsi ölüb-dirilmə motivinə əsaslanır və möv­sümü dövrəviliyi əks etdirməklə bu ritualda qapalı çevrədə tək­rarlanan mifoloji zamanı işarələyir.

Türk mifoloji düşüncəsində isə 12 hissəyə bölünmüş qo­yun obrazı bütövlükdə dünyanı, kosmosu (zaman-məkan kon­tinuumunu) simvolizə edir. Bu cür simvollaşma başqa mifoloji heyvan obrazları vasitəsi ilə də təqdim oluna bilir. At zoomorfik modeli ilə bağlı hissədə bunu göstərmişik.

Azərbaycan xalqının əski təqvim mərasimlərindən olan Novruz bayramında keçirilən “Kosa-kosa” törən oyununda Kosa ilə qarşılaşdırılan keçi obrazı da zamanın zoomorfik modeli kimi anlaşılmalıdır. Burada Keçi yeni bir kosmik düzümün daşıyıcısı funksiyasında çıxış edir. M.Seyidov bu barədə yazır: “Kosa- kosa” törən oyununda Kosa qışın, keçi isə yazın bəlgəsidir. Kosa uzun səfərə hazırlaşır, bununla törəndə iştirak edənlər başa düşürlər ki, qış gedir, yaz gəlir. Ancaq Kosa öz mövqeyini asan­lıqla əldən vermək istəmir. Axırda Keçi – yaz Kosanı – qışı vu­rub öldürür” (76, 28).

Deməli, Keçi zamanın müəyyən hissəsi olan yaz dövrünü modelləşdirir. Eyni zamanda Keçi zoomorfik modeli dolayısı ilə kosmosu, kosmik düzümü işarələyir.

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə