Ramil Ağayev Ərəb Xilafəti dövründə “Azərbaycan” tarixi coğrafi anlayışı, onun hüdudları və əhalisinin etnik tərkibi




Yüklə 128.13 Kb.
tarix22.04.2016
ölçüsü128.13 Kb.
Ramil Ağayev


Ərəb Xilafəti dövründə “Azərbaycan” tarixi coğrafi anlayışı, onun hüdudları əhalisinin etnik tərkibi
1. Ərəb Xilafəti dövründə Azərbaycanın hüdudları
Ərəb Xilafəti dövründə Azərbaycan ərazisinin hüdudlarının və əhalisinin etnik tərkibinin öyrənilməsi tarix elmi qarşısında duran ən mühüm problemlərdən biridir.

Tarixi Azərbaycan torpaqları Cənubi Qafqazın böyük bir hissəsini və müasir İranın şimal-qərbi hissələrini əhatə edir. “Azərbaycan” məfhumu vahid bir coğrafi-siyasi anlayış kimi əsrlər boyu formalaşmış, onun hüdudları bu və ya digər səbəblərdən dəyişikliklərə məruz qalmışdır. 1828-ci ildə imzalanmış Türkmənçay sülh müqaviləsindən sonra Azərbaycan ərazisi Rusiya ilə İran arasında iki yerə bölünmüşdür. Həmin dövrdən başlayaraq elmi ədəbiyyatda və siyasi sənədlərdə “Şimali Azərbaycan” və “Cənubi Azərbaycan” məfhumları tez-tez işlədilməyə başlandı. Onların arasındakı sərhəd əsas etibarı ilə Araz çayı hesab olunur. Lakin mənbələrin verdiyi məlumatlara əsasən, hələ qədim və orta əsrlər dövründə əhali arasında “Arazın cənubu” və “Arazın şimalı”, “Cənubi Azərbaycan” və “Yuxarı (Şimali) Azərbaycan” ifadələri tez-tez işlədilirdi. Ərəb və farsdilli mənbələrdə, eləcə də bu gün Araz çayı sahilində yaşayan türkdilli əhalinin gündəlik danışığında isə tez-tez “o tay” və “bu tay” ifadələri ilə qarşılaşırıq.

Mövcud elmi ədəbiyyata görə, Ərəb Xilafətinin yaranmasınadək olan dövrdə müasir Azərbaycan ərazisi iki hissədən ibarət idi: Əsasən, Arazdan cənubdakı əraziləri əhatə edən Atropatena (Azərbaycan) və Arazdan şimaldakı torpaqlarımızı əhatə edən Qafqaz Albaniyası.

Ərəblərə qədərki, mənbələrin və elmi ədəbiyyatın verdiyi məlumatlardan belə bir qənaətə gəlmək olar ki, özünəməxsus fərqli xüsusiyyətlərinə baxmayaraq, Arazın şimalı və cənubu arasında daimi sıx əlaqələr mövcud olmuş və bu da öz növbəsində vahid Azərbaycan xalqının formalaşmasında böyük rol oynamışdır. Tarix həqiqət bundan ibarətdir ki, əsrlər keçdikcə, əgər belə demək mümkünsə, Arran (Albaniya) anlayışı Azərbaycan anlayışı tərəfindən sıxışdırılmış, bu anlayış bütün Azərbaycan torpaqlarına şamil edilməyə başlanmışdı.

651-ci ildə Sasanilər dövləti ərəb qoşunlarının zərbələri altında süqut etdi. Bu zaman Azərbaycan torpaqları da Ərəb Xilafəti tərəfindən işğal edilərək onun tərkibinə 2 əyalət – Azərbaycan və Arran əyalətləri şəkilində daxil edildi. Lakin ərəbdilli mənbələr həmin ərazilərdən vahid bir ölkə kimi bəhs edəndə onu məhz Azərbaycan adlandırırdılar.

Lakin bir sıra tədqiqatçılar, xüsusilə, İran tarixçiləri Arazdan şimaldakı torpaqlarımızın yalnız Aran və Arran adlandırıldığını və Azərbaycana aidiyyəti olmadığını qeyd edirlər. Başqa sözlə, onlar Arazdan şimaldakı torpaqların Azərbaycan adlandırılmasına qarşı çıxırlar. İran tarixçiləri hətta 1918-1920-ci illərdə Şimali Azərbaycanda mövcud olmuş müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin belə adlanmasının doğru olmadığını iddia edirlər.

Rus tədqiqatçıları arsında da oxşar fikirlərə rast gəlmək mümkündür. Məsələn, V.V.Bartold “Azərbaycan anlayışının Arazın həm şimalına, həm də cənubuna aid edilməsini Səlcuqlardan sonrakı dövrə aid edir. O, belə hesab edir ki, o vaxtadək Araz çayı şimalla cənubu birbirindən ayıran etnoqrafik sərhəd olmuşdur.

Azərbaycan və Arran anlayışlarının mahiyyəti və onun hüdudları haqqında Azərbaycan və xarici ölkə tarixçiləri tərəfindən qiymətli fikirlər söylənilmişdir (1, 135-138; 2, 74-79; 3, 203-215). Bu sahədə Z.M.Bünyadov və N.M.Vəlixanlının xidmətləri xüsusi olaraq qeyd edilməlidir. Buna baxmayaraq, həmin anlayışların üzərində daha doğrusu, Azərbaycan və Arran anlayışları altında təqdim olunan ərazinin hüdudları məsələsi üzərində daha ətraflı şəkildə dayanmağa, daha tutarlı faktların aşkar edilməsinə ehtiyac vardır.

Ərəbdilli müəlliflər öz əsərlərində indiki Şimali Azərbaycan ərazisindən heç vaxt Albaniya adı altında bəhs etməmişdir. Onlar elə ilk dövrdən başlayaraq buraya ya Arran ya da Azərbaycan deyirdilər. Biz bir sıra ərəbdilli mənbələrdə Araz çayından şimaldakı torpaqlarımıza həm Arran, həm də Azərbaycan deyilməsi faktlarına dəfələrlə rast gəlirik.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, ərəbdilli müəlliflər öz əsərlərində Əhəmənilər dövründən bəhs edərkən yalnız Azərbaycan (Azərbayqan) anlayışından istifadə edirlər. Nisbətən sonrakı dövrlərdə baş verən hadisələrindən bəhs edərkən isə artıq Azərbaycan anlayışı ilə yanaşı Aran və Arran anlayışlarına da yer verirdilər. Buradan belə qənaətə gəlmək olar ki, əvvəllər Arazın həm şimalı, həm də cənubu birlikdə Azərbaycan adlandırılırdı. Sonralar Azərbaycan torpaqlarında iki dövlət – Atropatena və Albaniya dövlətləri yarandıqdan sonra, ərazi sırf siyasi-inzibati baxımdan iki hissəyə bölünmüşdü. Antik müəlliflərin əsərlərindən bəhrələnən ərəbdilli müəlliflər də məhz e.ə. IV – b.e. III əsr hadisələrindən bəhs edərkən həmin bölgüyə uyğun olaraq iki siyasi-inzibati vahiddən istifadə etməyə başladılar. Lakin onlar heç vaxt Arazdan şimaldakı torpaqları “Albaniya” adı altında təqdim etmədilər. Cənubdakı torpaqlara münasibətdə isə “Atropatena” deyil, “Azərbayqan” və ya “Azərbican” terminlərinə üstünlük verdilər.

Azərbaycan və Arranın hüdudları məsələsində ərəbdilli müəllifləri iki qrupa bölmək olar:

1. Arranı ayrıca vilayət şəklində təqdim edənlər (İbn-Xordadbeh, İbn Rustə, Əl-İstəxri və başqaları).

2. Arranı və yaxud onun bir hissəsini Azərbaycanın ölkəsinin tərkibində vilayət kimi təqdim edənlər (Əl-Yəqubi, İbn Fəqih, İbn Hövqəl, Ət-Təbəri və başqaları).

İbn əl-Fəqih X əsrin əvvəllərində yazmış olduğu “Kitab əl-buldan” adlı əsərində yazır: “Azərbaycan Bərdədən Zəncənadək olan ərazini tutur (4, 29 və 37-38; 5, 22).

X əsr ərəbdilli ədəbiyyatın görkəmli nümayəndələrindən Əbu əl-Fərəc Qudama ibn Cəfər isə “Kitab əl-xərac və sənət əl-kitabə” adlı əsərində hətta Bərdəni Azərbaycanın paytaxtı adlandırır (4, 45).

Əsəm Əl-Kufi (926-cı ildə vəfat edib) “Kitab əl-Futuh” (“Fəthlər kitabı”) əsərində Beyləqan və Bərdədən bəhs edərkən onu tez-tez Azərbaycana aid etmişdir (6, 23).

Əl-Yəqubi (897-ci ildə vəfat edib) özünün “Kitab əl-Buldan” (“Ölkələrin kitabı”) əsərində Azərbaycanın hüdudlarını Zəncandan Varsana, Beyləqana, Bərdəyə qədər uzatmış, Bərdə və Varsanı Azərbaycan mahalları sırasına aid etmişdir (4, 34) O, Bərdə şəhərini (Arranı) “Yuxarı Azərbaycan” (أذربايجان العليا) adlandırmışdır (7, 47).

Bir sıra ərəbdilli müəlliflər Cənubi Azərbaycanı bunun əksinə olaraq “Yaxın Azərbaycan” (“Azərbaycan əl-ədna”) adlandırmışlar. Məsələn, Ət-Təbəri öz əsərində h. 76-cı (695) il hadisələrindən bəhs edərkən Cənubi Azərbaycanı məhz belə adlandırır. Oxşar məlumata İbn Əl-Əsirdə də rast gəlinir.

Ət-Təbərinin əsərinin X əsrə aid edilən fars dilindəki tərcümələrindən birində “Azərbaycan və Dərbəndin fəthi” adlı fəsil vardır. Həmin fəsildə Azərbaycanın şimal sərhəddi aydın bir şəkildə Dərbənd sayılır. Orada deyilir ki, “Həmədan və Zəncandan Dərbəndə qədər olan şəhərlərin hamısı Azərbayqana (Azərbaycana) aid edilir. Azərbayqanın ucqarına, oradan da Xəzər torpaqlarına aparan quru və dəniz yolları var və bu yol Dərbənd yolu adlanır, tazilər (ərəblər) isə Dərbəndə “Bab” deyirlər (8, 80). Ət-Təbərinin “Tarix” əsərinin orjinalında VII – VIII əsrlərdə baş vermiş hadisələrdən bəhs olunarkən Dərbəndin məhz Azərbaycanın şimal sərhəddi olmasına dəlalət edən çoxsaylı faktlara rast gəlirik (1, 105). Xəzərlərin hücumlarından bəhs edən Ət-Təbəri onların ərəbləri məğlub edərək, Dərbənddən Azərbaycana daxil olduğunu və yaxud ərəblərin xəzərləri məğlub edərək onları Dərbənddə Azərbaycandan çıxardıqlarını dəfələrlə qeyd edir (9, 67).

Əz-Zəhəbi (1274-1348) “Tarix əl-İslam” əsərində yazır: “91-ci (709) ildə Məhəmməd ibn Mərvanı əvəz edən Məsləmə ibn Əbd-ül-Malik türklərin üzərinə hücum edərək “Azərbaycan dənizi” tərəfdən əl-Baba çatdı” (10, 312). Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, əz-Zəhəbi burada Xəzəri “Bəhru Azərbican” (بحر اذربيجان ) yəni, “Azərbaycan dənizi” adlandırır.

XII əsr müəlliflərindən Nəşvan ibn Səid əl-Himyərinin “Muluku Himyər və əqyalu-l-Yəmən” (“Himyər padşahları və Yəmən hökmdarları”) adlı əsərində də Arazdan şimalda yerləşən və Dərbəndə qədər uzanan bütün torpaqlar “Azərbaycan türklər ölkəsinə” aid edilmişdir (11, 65). Burada “Bab” (Dərbənd) şəhəri Azərbaycan ölkəsinin şəhəri kimi göstərilmiş və “türk şəhəri” adlandırılmışdır (11, 66).

Əl-Məsudi (956-cı ildə vəfat edib) “Muruc əz-zəhəb və məadin əl-cəvahir” əsərində bəzi hallarda Arranı Azərbaycanın tərkibində göstərmişdir. Belə ki, onun əsərində “Azərbaycan ölkəsindən olan Arran” ifadəsinə rast gəlirik (12, 177).

İndi də Arran və Azərbaycanın hüdudları ilə bağlı daha maraqlı fikirlər söyləmiş X əsr müəllifi İbn Hövqəlin “Kitab surət əl-ard” əsərində verdiyi məlumatlara nəzər yetirək. Müəllif “Ərminiyyə, Azərbaycan və Arran” adlı paraqrafda Azərbaycanın coğrafi-siyasi sərhədləri haqqında çox mühüm məlumat verir. O, burada hər üç ərazini bir iqlimdə verməsinin səbəbini belə izah edir: و قد جعلتها اقليمآ واحدآ لأنها مملكة انسان واحد .

Tərcüməsi: “Mən onlara vahid iqlim kimi yanaşıram. Çünki bu iqlim bir şəxsin hakimiyyəti altındadır (13, 331).

Müəllif bir qədər sonra öz fikirini daha da dəqiqləşdirərək “həmin hökmdarların məhz Azərbaycan hökmdarları olduğuna” işarə edir. Müəllif yazır ki, Qafqaz dağlarında və ətraf ərazilərdə xırda hökmdarlar vardır. O, bu fikrini aşağıdakı sözlərlə davam etdirir: وكان أكسر هؤلأ الملوك عليهم كالضرائب القائمة واللوازم تحمل فى كل سنة الى ملوك أذربيجان.

Tərcüməsi: “Bu hökmdarların əksəriyyəti hər il Azərbaycan hökmdarlarına müəyyən miqdarda daimi vergi və digər ləvazimatlar aparırlar” (13, 348).

Müəllif başqa bir yerdə “qırmız” adlı bitkidən bəhs edir: و هذه الفؤة فى جميع بلد الران من حد باب الأبواب الى تفليس و قرب نهر الرس الى نواحى خزران وهى مملكة تحت يد صاحب اذربيجان.

Tərcüməsi: “Bu qızılboya (boyaqotu) Bab əl-Əbvab hüdudlarıdan Tiflisədək bütün Arran ölkəsində, ər-Rass çayı yaxınlığından xəzərlərin nahiyələrinədək Azərbay-can hökmdarının hakimiyyəti altında olan bütün ərazilərdə vardır” (13, 347). Göründüyü kimi, müəllif Azərbaycan ölkəsi və dövlətinin hüdudlarının şimalda Dərbəndədək, qərbdə Tiflisədək uzandığını qeyd etmişdir.

İbn Hövqəl öz əsərinə “Xəzər dənizi” adlı xəritə də daxil etmişdir (xəritə 1). Müəllif həmin xəritəni izah edərkən yazır: و كتب موازيأ لساحل البحر الأعلى الغزية ثم يلى ذلك موازيأ للساحل الخزر ثم اذربيجان ثم الجيل ثم طبرستان.

Tərcüməsi: “Dənizin yuxarı hissəsində sahilboyu “əl-quziyyə” yazılmışdır, onun ardınca isə sahilboyu Əl-Xəzər, Azərbaycan, Cil, Təbəristan gəlir” (13, 386).

Burada söhbət sırf coğrafi anlayış kimi başa düşülən Azərbaycan ölkəsindən gedir. Deməli, bu yalnız siyasi xarakter daşımır. Onun təqdim etdiyi xəritəyə diqqətlə baxdıqda məlum olur ki, Dərbəndə qədər Xəzər ölkəsinin sərhədləri, Dərbənddən Cilin (Gilanın) sərhəddindəki Simranadək isə Azərbaycan ölkəsinin sərhədləri uzanır. Bu xəritədə Bab əl-Əbvab (Dərbənd), Kür və Araz çayları, Muğan ərazisi məhz Azərbaycanın tərkibində göstərilmişdir.

İrəli sürdüyümüz fikirlərin doğruluğuna tam əmin olmaq üçün əsərin birinci hissəsindəki “Dünya atlası” adlanan birinci paraqrafa müraciət edək. Müəllif burada bir sıra ölkələrin təsvirini verdikdən sonra qeyd edir:ثم تلوتها بصورة اذربيجان و شكلت ما فيها من الجبال و الطرق و الآنهار العذبة كا لرس و الكر الى أن رسمت بحيرة خلاط و بحيرت كبوذان و كلتاهما غيرمتصلتين بشى من البحار و أثبت فيها جبل القبق.

Tərcüməsi: “Sonra Azərbaycanın xəritəsini dərc etdim, oradakı dağları, yolları, Kür və Araz kimi şirin sulu çayları, həmçinin Xilat və Kəbuzan göllərini də təsvir etdim. Bu göllərin hər ikisi heç biri dənizlə birləşmir, elə oradaca mən Qabq dağını göstərdim” (14, 33).

Göründüyü kimi, İbn Hövqəl həmin xəritəni izah edərkən Azərbaycan hüdudlarını faktiki olaraq hal-hazırda olduğu kimi təsvir edir. Onun şimal sərhədlərini Qafqaz dağları, qərb sərhədlərini isə Van gölünün hüdudları ilə əlaqələndirir.

Əbu-l-Fida “Təqvim əl-Buldən” (“Ölkələrin təqvimi”) əsərində “Dərbəndi Ucqar Azərbaycanda yerləşən şəhər” adlandırır (15, 388). O, özündən əvvəlki müəlliflərə isntinad edərək yazır ki, Şirvan Arranın bir hissəsi olmaqla Azərbaycana aiddir. Buradan əldə edilən nəticə budur ki, həm Arran, həm də Şirvan Azərbaycan ölkəsi daxilindədir (15, 394-397).

Əl-İdrisinin əsərində aşağıdakı sözlərə rast gəlirik:Xəzərin şimalında Xəzər ölkəsi, qərbində isə Azərbaycan yerləşir” (16, 12).

Əl-İdrisi tərəfindən h.549-cu ildə (1154) çəkilmiş xəritədə tarixi coğrafiya ilə bağlı maraqlı faktlara rast gəlinir. Həmin xəritə və digər ərəbdilli müəlliflərin əsərlərində rast gəlinən xəritələr 1928-ci ildə K.Miller tərəfindən latın dilində nəşr olunmuşdur. Haqqında bəhs olunan xəritəni şərh edən K.Odər yazır ki, burada Qafqaz dağlarından Kürə qədər olan “Şirvan” ərazisi “Azərbaycan ərazisi”, Kür çayı ilə Araz çayı arasındakı ərazi “Azərbaycan ərazisinin davamı”, Cənubi Azərbaycan isə “Azərbaycan ölkəsi” kimi göstərilmişdir (17, 20).

Sonrakı dövrdə yaşamış bir sıra müəlliflərin əsərlərində də Dərbənd Azərbaycanın şimal şərhəd məntəqəsi kimi göstərilmişdir.

Beləliklə, Ərəbdilli müəlliflərin əsərlərində verilən məlumatlara əsasən, belə nəticəyə gəlmək olar ki, artıq Ərəb Xilafəti dövründə Azərbaycan dedikdə, həm Arazdan cənubdakı ərazilər, həm də Arran və Şirvan torpaqları da daxil olmaqla Dərbəndə qədər olan ərazilər başa düşülürdü. Başqa sözlə, tarixi Azərbaycan torpaqları cənubda Zəncandan başlayaraq, şimalda Dərbəndə qədər, şərqdə Xəzər dənizi sahillərindən başlayaraq, qərbdə Tiflis şəhəri, Van gölü, Dəclə çayı yaxınlığınadək olan əraziləri əhatə edirdi.
2. Ərəb Xilafəti dövründə Azərbaycan əhalisinin etnik tərkibi
Dünyanın bir çox ölkələri kimi Azərbaycan da çoxmillətli ölkədir. Burada hal-hazırda olduğu kimi qədim dövrlərdən başlayaraq çoxluq təşkil edən türksoylu xalqlarla yanaşı Qafqaz və İran dilli xalqlar birlikdə yaşamışdır. Azərbaycan əhalisinin etnik tərkibinin rəgarəngliyi birdən-birə yaranmamışdır. Bu bir sıra təbii və siyasi amillərlə bağlı olmuşdur. Birincisi və həm də ən mühümü amil şübhəsiz, Azərbaycanın yerləşdiyi geosiyasi şəraitilə bağlıdır. Digər tərəfdən, bu, Azərbaycanın zaman-zaman tərkibində olduğu ayrı-ayrı dövlətlərin həyata keçirdiyi köçürmə siyasəti ilə bağlı idi.

Azərbaycan türklərinin bir xalq kimi tarix səhnəsinə çıxması, türkdilli xalqların Azərbaycan torpaqlarında məskunlaşması məsələsi elmdə böyük maraq doğuran mövzulardan biridir. Ancaq son dövrlərə qədər bir sıra tədqiqatçılar bu mövzuya elmi baxımdan deyil, ənənəvi imperiya siyasəti baxımından yanaşmışlar. Hal-hazırda da bu yanaşma tərzinin əlamətləri qalmaqda davam edir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indi də tədqiqatçıların böyük əksəriyyəti əsası əvvəlki dövrlərdə qoyulmuş mövcud konsepsiyaların təsir dairəsindən kənara çıxa bilmirlər.

Azərbaycan xalqının soykökünü türk dil ailəsindən uzaqda axtarmağa çalışan bir sıra Avropa, rus və İran tarixçiləri Azərbaycan xalqının etnogenezi problemini tam bir dolaşıq yumaq halına gətirmişlər. Bir sıra tədqiqatçılar tarixi həqiqətləri ilkin mənbələrin faktları əsasında ortaya çıxarmaq əvəzinə, əvvəlcədən müəyyən edilmiş məqsədə nail olmaq vəzifəsini qarşıya qoymuşlar; Onlar nəyin bahasına olursa-olsun azərbaycanlıların türksoylu olamadığını və hal-hazırda yaşadıqları ərazilərə sonradan gəlmələrini “sübut etməli” idilər.

Ərəb Xilafəti dövrünü araşdırmağa imkan verən ərəb və farsdilli mənbələrin, eləcə də Bizans, gürcü və erməni mənbələrinin məlumatlarına görə, Ərəb Xilafətinin yaranması ərəfəsində və Ərəb Xilafəti dövründə Azərbaycan ərazisində yaşayan əhali etnik baxımdan əsasən, üç böyük dil ailəsinin təmsilçiləri idi:

1. Türk dilləri ailəsinə daxil olan xalqlar

2. İran dilləri ailəsinə daxil olan xalqlar

3. Qafqaz dilləri ailəsinə daxil olan xalqlar

Göstərilənlərlə yanaşı mənbələrdə ara-sıra müəyyən etnik adlara da rast gəlinir. Lakin onların hansı dil ailəsinə məxsus olduğunu müəyyən etmək olduqca çətindir. Beləliklə, Ərəbi işğalları ərəfəsində Azərbaycan ərazisində, xüsusilə onun şimal-şərq hüdudlarında müxtəlif dil ailələrinə məxəsus xalqlar yaşayırdı.

Yuxarıda göstərilənlər arsında türk xalqları böyük üstünlük təşkil edirdi. Təkcə bir faktı qeyd etmək lazımdır ki, mənbələrin verdiyi məlumata görə, Azərbaycanın həm cənubunda, həm də şimalında əvvəllər sasanilərə, onun süqutundan sonra isə ərəblərə qarşı döyüşmək iqtidarında olan xalqalar türklərdən ibarət idi. İran və İraqda isə ərəblərə qarşı farslarla birlikdə vuruşan yenə türklər olmuşdur. Xorasan və Mavərənnəhrdə də ərəb ordularına qarşı döyüşən başlıca qüvvə də türklərdən ibarət idi. Azərbaycan ərazisində digər xalqların sasanilərə və ərəblərə qarşı mübarizəsindən demək olar ki, bəhs olunmur və yaxud bu epizodik xarakter daşıyır. Azərbaycan ərazisndə türklərin səlcuq yürüşlərindən çox-çox əvvəl mövcudluğunu inkar edən tədqiqatçılar nədənsə bu faktların üstündən sükutla keçirlər.

Ərəb istilaları ərəfəsində və Ərəb Xilafəti dövründə türklərin Azərbaycan torpaqlarında varlığını sübut edən faktlar əsasən aşağıdakılardır:

1. Ərəb, fars, erməni və gürcü dillərində yazılmış mənbələrdə rast gəlinən və Azərbaycan ərazisində baş verən ayrı-ayrı döyüş səhnələrində türklərin və türkdilli xalqların kütləvi iştirakını göstərən faktlar.

2. Ərəb, fars, erməni və gürcü dillərində yazılmış əsərlərdə rast gəlinən türk mənşəli leksikoloji materiallar.

3. Ərəb və farsdilli müəlliflərin əsərlərində, eləcə də gürcü və erməni mənbələrində rast gəlinən türkmənşəli müxtəlif coğrafi yer adları.

Ərəbdilli mənbələr Ərəb istilaları ərəfəsində Azərbaycan əhalisindən bəhs edərkən sasanilərə qarşı vuruşan yerli əhali ümumi şəkildə türklər adlanır. Lakin bundan başqa əsasən, türkmənşəli üç xalqdan xüsusi olaraq, bəhs olunur. Onlar aşağıdakılardır: 1. Hunlar; 2. Sabirlər; 3. Xəzərlər. Onlar xalqımızın formalaşması və türklərin xüsusi çəkisinin daha da artmasında mühüm rol oynamışlar

Bu zaman Azərbaycan ərazisində türklərlər yanaşı qafqazdilli, irandilli xalqlar və başqa tayfalar birlikdə yaşayırdılar. Şübhəsiz, bu xalqların hər biri tarixi inkişaf prosesində regionun əsas etnik simasını müəyyən edən türk tayafaları ilə qaynayıb-qarışmış, Azərbaycan xalqının təşəkkülündə bu və ya digər şəkildə iştirak etmişlər. Həmin tayfalardan bir qismi ortadan qalxmış, bəziləri isə öz adlarını və dillərini bu günədək mühafizə edə bilmiş, hal-hazırda da Azərbaycan torpaqlarında yaşamaqda davam edirlər.

Tədricən ərazinin etnik xəritəsinə yeni bir dil ailəsinin – sami dil ailəsinin nümayəndələri olan ərəblər də əlavə olundu.

Azərbaycanın qədim sakinləri və onların etnik mənsubiyyəti haqqında tarix elmində müxtəlif fikirlər mövcuddur. Hal-hazırda Azərbaycan ərazisində yaşayan əhalinin böyük əksəriyyətini təşkil edən türklərin yerli olub-olmaması məsələsi tarix elmində mübahisə obyekti kimi qalmaqda davam edir.

Bəhs edilən problemlə bağlı XX əsrdə formalaşmış mülahizələri aşağıdakı kimi ümumiləşdirmək olar:

1. Azərbaycanda türklərin məskunlaşması əsasən, XI əsrdə səlcuqların axınları ilə bağlı olmuşdur.

2. Türklərin Azərbaycanda məskunlaşması erkən orta əsrlərdə hunlar, sabirlər və xəzərlərin yürüşləri ilə bağlı olmuşdur.

3. Türklər Azərbaycan torpaqlarında qədim dövrlərdən başlayaraq məskən salmışdır.

Bəs əsl həqiqət nədən ibarətdir? Zənnimizcə, bu suala ən doğru cavab yuxarıda bəhs olunan hər üç ideyanın birləşdirilməsindədir. Yəni, türklər Azərbaycan ərazisində qədim dövrlərdən başlayaraq məskunlaşmış, erkən orta əsrlərdə hunların, sabirlərin və xəzərlərin, XI əsrdə isə səlcuqların axınları ilə onların bu regionda rolu daha da artmışdır. Buna uyğun olaraq Azərbaycan ərazisində mövcud olan qədim türk dili gəlmələrin dili ilə daha da zənginləşmiş və müxtəlif dialektlərə bölünmüşdür. Başqa sözlə, tarixi Azərbaycan torpaqlarının sərhədləri əsasən, Azərbaycan türklərinin indiki yayıldığı əraziyə uyğun gəlir.

Sadə bir həqiqət var var ki, Azərbaycan xalqı Azərbaycan ərazisindən, zəminindən kənarda formalaşmayıb. Azərbaycan xalqının kökünü Azərbaycan zəminində axtarmaq lazımdır. Azərbaycan xalqının etnogenezisi prosesində türk etnik amilinin rolu mühümdür və inkaredilməzdir.

Əlbəttə, türklərin indiki Azərbaycan torpaqlarında qədimdən yaşaması və Ərəb Xilafəti dövründə başlıca etnik amil olması fikrinin qəbul edilməsi, digər xalqların varlığının inkar edilməsi anlamına gəlməməlidir.

Hər halda bir fakt inkaredilməzdir; Hal-hazırda Azərbaycan ərazisində yaşayan, Türk, İran və Qafqaz dillərində danışan xalqlar çox qədim dövrlərdən başlayaraq bir-biri ilə sıx təmasda olmuş və bir-biri ilə qaynayıb-qarışmışdır. Məhz elə buna görə də bir sıra hallarda onların oxşar və müştərək tarixləri vardır və onlar ortaq dəyərlərə malikdirlər. Bu xalqların keçmiş tarixini və gələcək taleyini birbirindən ayrı təsəvvür etmək mümkün deyil.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, tarix elmində son zamanlaradək yuxarıda haqqında bəhs olunan fikirlərdən birincisi hakim mövqe tutmaqda davam etməkdədir. Belə ki, Sovet hakimiyyəti dövründə qəti bərqərar olmuş bu fikir, nəinki həmin dövrdə yaşamış tədqiqatçılara, hətta onlardan sonrakı yeni nəslə də siyarət etmişdir. Qətiyyətlə demək olar ki, bu fikir bu gün heç bir adi tənqidə belə davam gətirə bilməz.

Azərbaycan tarixşünaslığında həmin fikrin real olmadığına ilk dəfə şübhə ilə yanaşanlardan biri Z.M.Bünyadov olmuşdur (1, 171). Belə ki, o, ilk dəfə olaraq öz kitabında “Kitab ət-Tican” əsərinə istinad edərək Əməvilər sülaləsindən olan ərəb xəlifəsi I Müaviyənin qədim tarixə bələd olan yəmənli Abid (Übeyd) bin Şəriyə adlı şəxslə olan dialoqunu vermişdir. Burada I Müaviyyə soruşur: “ Türklər və Azərbaycan nə deməkdir?” Abid cavab verir: “Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir” (1, 174). Z.M.Bünyadov elə oradaca qeyd edir ki, bu məlumatı şübhə altına almaq olardı, lakin 1126-cı ildə tərtib olunmuş, fars dilində naməlum müəllif tərəfindən yazılmış “Mucməl ət-təvarix va-l-qasas” adlı əsərdə də həmin oxşar məlumata rast gəlirik. Həmin əsərdə deyilir: “Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir” (1, 174). Z.M.Bünyadovdan sonra həmin fakt bir sıra Azərbaycan tədqiqatçılarının əsərlərində və kollektiv əməyin məhsulu olan kitablarda öz əksini tapmışdır. Lakin bu gün müxtəlif elmi nəşrlərdə və elmi diskussiyalarda bu faktı şübhə altına almaq cəhdləri vardır. Ona görə də ərəbdilli mənbələrdə Azərbaycan və Azərbaycan türkləri haqqında verilmiş məlumatlar üzərində daha ətraflı dayanmağa ehtiyac vardır.

Azərbaycan türkləri və onların dili ilə bağlı XX əsrdə formalaşmış əsas mövcud konsepsiya belədir ki, guya, bu xalq XI-XII əsrlərdə digər xalqları əsaslı surətdə sıxışdıraraq aradan çıxarmış və onun dili hakim dilə çevrilmişdir. Başqa sözlə, bu proses səlcuqların XI əsrdə Azərbaycanda məskunlaşması ilə əlaqələndirilir. Bu zaman bir sıra suallar meydana çıxır: Nə üçün digər xalqlar və onların dilləri (talış, fars, ləzgi, tat və s.) deyil, məhz say etibarı ilə üstünlük təşkil edən, bu günkü Azərbaycan ərazisində yaşayan əsas əhali kütləsinin dili aradan çıxdı, gəlmələrin dili ilə əvəz olundu və türk dilinə çevrildi? Bu qəbildən olan sualların hamısının yalnız bir cavabı vardır: XI-XII əsrlərdə əsaslı şəkildə hər hansı bir etnik-dil dəyişikliyi baş verməmişdir, heç bir yeni xalq və dil yaranmamışdır. Azərbaycan ərazisinə gələn səlcuqlar isə burada, az-çox fərqlə, onlar kimi danışan türkdilli xalqla qarşılaşmışdır. Səlcuqlar yerli əhalini kütləvi şəkildə köçürmürdülər, soyqırıma məruz qoymurdular, olsa-olsa tutduqları ərazinin hakimini dəyişirdilər, onlar əhalinin etnik mənsubiyyəti və dilini dəyişmirdilər.

Onların heç buna qüdrəti də çatmazdı. Çünki onların XI əsrin ortalarında yaratdığı dövlət Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə, Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən böyük bir imperatorluq idi. Əgər hər səlcuq ailəsinə bir kənd bağışlansa belə onlar bütün bu əraziləri tam şəkildə məskunlaşdıra və yerli əhalini etnik dəyişikliyə məruz qoya bilməzdilər. Onlar bu ərazilərdə yalnız hərbi-siyasi hakimiyyəti ələ almışdılar. Səlcuqlar kütləvi şəkildə Azərbaycanın cənub və şimal torpaqlarına gələnə qədər artıq Xorasanda, Nişapur, Həmədan, Rey, İsfahan kimi əlverişli mövqeyə malik olan bir sıra şəhərlərdə hakimiyyəti ələ keçirmişdilər. Onlar 1066-cı ildə Şirvanşahlar dövlətini asılı vəziyyətə salmazdan əvvəl artıq Bağdad da daxil olmaqla, İraq torpaqlarını da ələ keçirmişdilər. Başqa sözlə, Səlcuqların həmin ərazilərdə məskunlaşması prosesi və hakimiyyəti ələ keçirmələri Azərbaycana nisbətən daha tez başlamışdı. Əgər səlcuqların istilası etnik və dil dəyişikliyinə səbəb olsa idi, bu zaman yuxarıda adı çəkilən və Azərbaycandan əvvəl ələ keçirilən ərazilər daha üstün şəraitə malik olardı. Digər tərəfdən səlcuqların həmin ərazilərdə siyasi hakimiyyəti daha uzun sürdü. Bu dövlət XII əsrdə parçalanarkən dörd əsas hissəyə - Suriya, İraq, Konya, Kerman səlcuq sultanlıqlarına bölündü. Həmin yeni sultanlıqların belə adlanması səlcuqların məhz həmin ərazilərdə daha üstün mövqeyə malik olması ilə bağlı idi. Təsadüfi deyil ki, Səlcuq dövlətinin paytaxtlarından (Nişapur, Rey, İsfahan) heç biri Azərbaycan şəhərləri sırasına daxil deyildi.

Digər tərəfdən türklərin dağlıq ərazilərə çıxa bilməməsi haqqında iddialar tamamilə əsassızdır. Ərəbdilli mənbələr türklərin həm dağlıq, həm də düzən ərazilərdə məskunlaşması haqqında faktlarla doludur. Suriya mənbələri də türklərin dağlıq ərazidə də yaşadıqlarını yazırlar (18, 85). Azərbaycandakı türklərin yalnız Altaydan gəldiyini iddia edənlər yəqin ki, Altayın dağlıq ərazi olduğunu unutmuşlar. Azəraycandakı ən uca zirvələrin (Bazardüzü, Şahdağ), eləcə də Qafqazdakı ən uca zirvənin (Elburus) adları da bu və ya digər şəkildə türk dili ilə bağlıdır.

Deməli, səlcuqların gəlişi ilə yalnız Azərbaycan əhalisinin etnik tərkibinin və onun dilinin dəyişməsi ideyası elmi baxımdan yanlışdır və qəbuledilməzdir. Azərbaycan əhalisinin XI-XIII əsrlərə qədər şimalda, guya Qafqaz dillərindən birində və cənubda isə iranmənşəli dildə danışması, səlcuqların gəlişi ilə yeni dilə - Azərbaycan türk dilinə keçməsi inandırıcı deyil. Səlcuqlardan əvvəl Qafqaz və Şərqi Anadolu türklərin həm oturaq, həm də köçəri halda yaşadıqları ərazilər sırasına daxil idi (19, 79).

Z.İ.Yampolski yazır ki, əgər oğuzların sayını 10 qat artırsaq belə onların sayı yerli əhalinin sayından az olardı (20, 21). Deməli, Səlcuq oğuzlarının gəlişi ilə Azərbaycan əhalisinin etnik-dil tərkibində əsaslı dəyişiklik ola bilməzdi. Z.İ Yampolski yazır: “Demək olar ki, qədim zamanlardan başlayaraq, təqribən üç min il ərzində Azərbaycana hücum etmiş tayfalar burada azlığı təşkil etmiş və buna görə də Azərbaycan ərazisində etnogenetik inkişafın nə əsas təşkil edən gövdəsini qıra bilmiş, nə də formasını dəyişdirə bilmişdir” (20, 22).

Unutmaq olmaz ki, gəlmə tayfalar, bir qayda olaraq, yerli xalqa nisbətən azlıq təşkil etmişdir. Digər tərəfdən, başqa xalqın ərazisini işğal edənlər adətən, mədəni baxımdan yerlilərdən aşağı səviyyədə idilər və iqtisadi cəhətdən onlardan asılı olurdular. Nəticə etibarı ilə gəlmələr əsasən, yerli əhali ilə qaynayıb-qarışaraq onun dilini qəbul edirdilər.

Türklərin Altayda artıb-çoxalması barədə tarix kitablarında yazılan və göz önündə olan faktlar doğrudur. Lakin türklərin beşiyinin yalnız Altay olması haqqında fikirlər yanlışdır. Zənnimizcə, türklərin orta əsrlərdə Ön Asiyaya, o cümlədən Azərbaycana axını onların buraya ilk gəlişi deyil, ulu babalarının qədim dövrdə yaşadıqları və onların nəsillərinin yaşamaqda davam etdikləri əraziyə qayıdışı idi.

Bir daha qeyd etmək istərdik ki, tarixi mənbələrdə adı çəkilən, qədim dövrlərdən Azərbaycan ərazisində yaşamış türklərlə sonradan buraya müxtəlif istiqamətlərdən daxil olmuş türkmənşəli və türkdilli xalqlar qarışdırılmamalıdır.

Ərəbdilli mənbələrin araşdırılması göstərir ki, hunlar və xəzərlər əsasən, “türklər” adı altında deyil, “türkdilli” və “türk xalqları” adı altında təqdim edilən türk toplumları sırasına aiddir.

Digər tərəfdən XI əsrdə Azərbaycana gələn Səlcuq oğuzları da xalq arasında türklər kimi deyil, sonradan gəlmiş türkmanlar kimi tanınırdı. Oğuzların səlcuqlardan əvvəl də Azərbaycan və ətraf ərazilərdə yaşamasını göstərən, lakin hələlik tam təsdiqini tapmamış faktlar da mövcuddur. Demək olar ki, bütün ərəb və farsdilli qaynaqlarda bir-biri ilə qardaş olan “türklər və türkmanlar” şəkilində ifadələrə rast gəmək mümkündür. Yəni, bu zaman onlardan əvvəl Azərbaycanda yaşamış türklərlə, sonradan buraya gələn türkmənşəli səlcuq oğuzları fərləndirilirdi. Nədənsə, bu fakta diqqət yönəldən F.Rəşidəddinin fikirləri tarixçilərin diqqətini cəlb etməmişdir.

F.Rəşidəddin yazır ki, hal-hazırda Rum və Qaramanda olan türkmanlar vaxtı ilə Toğrul bəyin başçılığı ilə həmin ərazilərə gələn 20 min türkmanın nəslindən olanlardır. Toğrul bəy geri qayıdanda onlar orada qaldılar (21, 46-47).

Zənnimizcə, F.Rəşidəddinin bu məlumatı bir daha sübut edir ki, Səlcuqların yürüşləri dövründə Azərbaycan gələn türkmənşəli oğuzlar türkman, onlardan əvvəl bu ərazidə yaşayan yerli əhali isə “türk” adı ilə tanınırdı.

Zaman keçdikcə əvvəllər Azərbaycan torpaqlarına gəlmiş köçəri türk tayfaları kimi, türkmanlar da yerli Azərbaycan türkləri ilə qaynayıb qarışdılar və bir çox türkman tayfaları özlərinin ilk tayfa adlarını unutdular.

Ərəbdilli mənbələrdə rast gəlinən materiallar türklərin indiki Azərbaycan coğrafiyasında varlığının İslamın meydana gəlməsindən və Səlcuqların yürüşlərindən çox-çox əvvələ təsadüf etdiyini göstərir.

Azərbaycan ərazisində türklərin qədim və erkən orta əsrlər dövründə, o cümlədən Ərəb xilafəti dövründə yaşadığını söyləməyə imkan verən məlumatlara əsasən, VII əsrdə yaşamış Ubeyd bin Şəriyə əl-Curhuminin “Əxbar Ubeyd bin Şəriyə əl-Curhumi”, VII əsrin II yarısı-VIII əsrin birinci yarısında yaşamış Vahab bin Münəbbih əl-Yəməninin “Kitab ət-Tican fi muluki Himyər” (“Himyər hökmdarları haqqında taclar kitabı”), IX-X əsrlərdə yaşamış müəlliflərdən ət-Təbərinin “Tarix”, Əbu Məhəmməd əl-Həsən əl-Həmədanin “əl-İklil”, Həmzə İsfəhaninin “Tarixu sənni muluku-l-ard”, X əsrin II yarısı-XI əsrin I yarısında yaşamış ibn Miskəveyhin “Kitab təcarib əl-uməm” (“Xalqların təcrübəsi haqqında kitab”), XII əsrdə yaşamış Nəşvan bin Səid əl-Himyərinin “Muluk Himyər və əqyalu-l-Yəmən” (“Himyər hökmdarları və Yəmən padşahları”), XIII əsrdə yaşamış ibn Kəsirin “Bidayə və Nihayə”, ibn əl-Əsrin “əl-Kamil fi-t-tarix”, XIV əsrdə yaşamış ibn Xəldunun “Tarix” əsərlərində və bir sıra digər müəlliflərin əsərlərində rast gəlinir.

Ət-Təbəri öz kitabının ikinci cildində yazır ki, Yəmən hökmdarlarından biri, ər-Raid adlandırılan Tübbə (Qədim Yəmən hökmdarları “tübbə” və “əqyal” titulları daşıyırdılar) qədim fars hökmdarı Puştəsəbın və onun oğlu Ərdəşir Bəhmənin müasiri idi. O, ətraf ərazilərə yürüşlərinin birində əvvəlcə Mosula, sonra Azərbaycana doğru hərəkət etdi. Tübbə Azərbaycanda türklərlə qarşılaşaraq onları məğlub etdi və çoxlu əsir alaraq geri qayıtdı (22, 3). Ərdəşir Bəhmənə gəldikdə isə mənbələrin verdiyi məlumata görə, o, I Daranın atası idi.

Yəmən hökmdarı Tübbənin Azərbaycanda türklərlə vuruşması faktına ibn Miskəveyhin əsərində də rast gəlirik (23, 80). Onun əsərində pəhləvi dilində yazılmış və ərəb dilinə tərcümə olunmuş I Xosrov Ənuşirəvanın həyatı ilə bağlı xüsusi mətnə rast gəlinir. Həmin mətndə Azərbaycan ərazisində türklərin, onlardan daha şimalda isə xəzərlərin yaşadığına işarə edilir. Yuxarıda adı çəkilən və Yəmən tarixi haqqında yazmış müəlliflərin hamısının əsərlərində Azərbaycan və onun “türklər ölkəsi” adlanması haqqında bir sıra maraqlı faktlara rast gəlinir.

“Kitab ət-Tican”a əlavə edilmiş Şəriyə əl-Curhuminin “Əxbar”ında türklərin “Cərbi” iqlimində yaşadığı deyilir (24, 334). “Cərbi” iqlimi dedikdə ərəbdilli müəlliflər şimal nahiyələrini başa düşürdülər. “Cərbi” iqlimi ifadəsinə biz bir sıra ərəbdilli müəlliflərin əsərlərində də rast gəlirik.

Biz Nəşvan əl-Himyərinin əsərində türklərin adına daha çox Yəmən hökmdarı Haris ər-Rəişin hakimiyyəti dövrü ilə bağlı hadisələrdən bəhs olunarkən rast gəlirik (11, 61). Əsərdə Babil hökmdarının elçisinin Haris ər-Rəişin sarayına gəməsindən ətraflı şəkildə bəhs olunur. Həmin epizodda Babil hökmdarının Yəmən hökmdarına göndərdiyi qiymətli hədiyyələr haqqında məlumat verilir (11, 65-66). Yəmən hökmdarının “bu hədiyyələr hamısı sizin ölkənizdəndirmi?” sualına elçi tərəfindən “bəziləri bizim, bəziləri türk ölkəsindəndir” şəklində cavab verilir. Burada verilən məlumatlardan belə nəticəyə gəlmək olar ki, bu hədiyyələr həm farsların, həm də Babil əhalisinin sıx təmasda olduğu bir türk ölkəsindəndir. O, həmin türk ölkəsinin məhz Azərbaycan olduğuna işarə edir. Belə ki, elçi Haris ər-Rəişin suallarına cavab verərkən deyir ki, onlar əsasən, “Azərbaycanda yerləşirlər, Babil də onlardan asılıdır və Şam əhalisi də onlardan qorxu içərisində yaşayırlar” (11, 65). Oxşar epizoda bir qədər fərqli şəkildə, “Kitab ət-Tican” əsərində də rast gəlirik (24, 416).

Nəşvan əl-Himyərinin əsərində daha sonra Haris ər-Rəişin türklərə qarşı farslara yardımından bəhs edilir və bu zaman “türklər ölkəsi” dedikdə məhz Azərbaycan başa düşülür. Burada Yəmən ordusunun “Türk Azərbaycana daxil olduğu” göstərilir (11, 65). Sözlərinə davam edən müəllif deyir ki, Himyər ordusu orada türklərlə vuruşaraq, onların qalalarını fəth etdi, çoxlu əsir alaraq “türk ölkəsinin içərilərinə doğru irəlilədi” اوغل في بلد ألترك) ) və Yəmən ordusunun sərkərdəsi bu qələbə haqqında Yəmən hökmdarına xəbər verdi (11, 65). Haris ər-Rəiş ona “Türk şəhəri Bab”da (باب مدينة الترك ( qarşı-qarşıya olan əzəmətli qaya üzərində bu yürüş haqqında kitabə yazdırmağı əmr etdi (11, 66).

Digər bir Yəmən hökmdarı Tübbə bin Tübbə əl-Əqrənin fəaliyyətindən bəhs edən Nəşvan əl-Himyəri onun Azərbaycan sərhədlərində türklərlə qarşılaşdığını yazır (11, 114). O, qeyd edir ki, I Müaviyə Übeyd bin Şəriyədən Tübbənin Azərbaycanda türklərlə qarşılamasının doğru olub-olmadığını soruşduqda o, bu faktı təsdiq etmişdir (11, 115).

“Kitab ət-Tican”da Yəmən ordusunun İraq ərazisindən hərəkət edərək Azərbaycan torpaqlarına yürüşü təsvir edilmişdir. Burada deyilir ki, ərəb sərkərdəsi Şəmr bin əl-Qəttaf bin əl-Müntəb bin Ömər bin Zeyd Azərbaycanda türklər üzərində qələbə qazandı və bu qələbə münasibətilə orada iki daş (qaya) üzərində kitabə yazdırdı. O, sözlərinə davam edərək yazır ki, “bu iki kitabə bu gün də Azərbaycan divarları üzərində” qalmaqdadır فهما اليم على جدار آذربيجان)). Burada həmin kitabə üzərində yazılması ehtimal olunan beyt də verilmişdir (24, 416-417). Qeyd etmək lazımdır ki, Yəmən sərkərdəsi tərəfindən Azərbaycanda iki daş üzərində kitabə həkk etdirilməsi haqqında məlumata digər ərəb mənbələrində də rast gəlinir. Həmin fakt ət-Təbərinin əsərinin birinci cildində də öz əksini tapmışdır. Həmin faktı təsdiq edən ət-Təbəri xüsusi olaraq qeyd edir ki, Azərbaycan indi də türklərin əlindədir.

Bizim istifadə etdiyimiz “Kitab ət-tican” əsərinin nəşrlərində I Müaviyənin Übeyd bin Şəriyə ilə dialoqlarından biri aşağıdakı kimidir:

قال معاوية: و ما بال آذربيجان لله أنت؟. قال: له انها كانت من أرض الترك و اجتمعوا له.

Tərcüməsi: Müaviyə dedi: “Sən Allah, Azərbaycan nə deməkdir”. (Übeyd) dedi: “O türk torpaqlarındandır. Onlar orada məskunlaşmışlar” (24, 416).

“Kitab ət-Tican”da deyilir ki, “Böyük Tübbə” adlandırılan Tübbə əl-Raid bin Tübbə əl-Ərqənin hakimiyyətinin iyirminci ilində türklər xərac verməkdən imtina etdilər və Yəmən hökmdarının elçisini öldürdülər. Bu hadisədən qəzəblənən Tübbə Haris ər-Rəişin sərkərdəsinin getdiyi yolla hərəkət edərək onların üzərinə hücuma keçdi (24, 449). Burada deyilir ki, Tübbə onlarla Azərbaycan və Mosul sərhəddində qarşılaşdı. Tübbə onlar üzərində qələbə qazandı (24, 449). Bu zaman I Müaviyyənin Übeyd bin Şəriyə ilə başqa bir dialoquna rast gəlirik:

قال معاوية: وما الترك و آذربيجان؟ قال عبيد: هما بلادهم يا أميرالمؤمنين.

Tərcüməsi: Müaviyə dedi: “Azərbaycan və türk nə deməkdir?”. Übeyd dedi: “Ya əmirəlmöminin, hər ikisi onların ölkəsidir (24, 449).

“Kitab ət-Tican” əsərinin müəllifi diqqəti Azərbaycan ölkəsinin şimal hüdudlarına yönəldir. Belə ki, əsərdə Azərbaycan ərazisindəki iki yüksək dağ arsındakı keçiddən bəhs edilir və göstərilir ki, Azərbaycana şimal tərəfdən yalnız bu keçid vasitəsi ilə daxil olmaq mümkündür (24, 90). Şübhəsiz, burada Dərbənd keçidi nəzərdə tutulur. Haqqında bəhs olunan Yəmən mənşəli müəlliflərin hamısı öz əsərlərində Dərbəndi “Bab” (“Qapı”) adlandırır və onu Azərbaycan şəhərləri sırasına aid edirlər.

Əl-Vaqidinin “Şamın fəthi” əsərindəki məlumat dolayısı ilə türklərin Ön Asiyada qədimdən yaşadığını söyləməyə imkan verir. Belə ki, onun əsərində Bəlbək şəhərinin ərəblər tərəfində fəthi zamanı Bəlbək patriki ilə ərəb sərkərdəsi arasındakı dilaoq verilmişdir. Burada deyilir: “Siz fars və türklərin tuta bilmədiyi Şam ölkəsini ələ keçirdiniz” (25, 129).

Əl-Vaqidi əsrinin başqa bir yerində Rum hökmdarı Herqelin, yəni II İraklinin (610-641) sözlərinə diqqət yönəldir. Burada Bizans hökmdarı deyir ki, “farslar və türklər dəfələrlə bizə hücum etdi və məğlub oldular, zəif ərəblər bizi necə məğlub edə bilər?” (25, 139).

Ət-Təbərinin əsərində h. 89-cu ilə (707) aid aşağıdakı sözlərə rast gəlirik:

"غزا مسلمة بن عبد الملك الترك حتى بلغ الباب من ناحية آذربيجان ففتح حصونا و مداين هنالك " Tərcüməsi: “Məsləmə ibn Əbd-ül-Malik türklərə qarşı yürüş etdi, Azərbaycan nahiyələrindən olan əl-Baba çatdı və orada qalalar və şəhərlər fəth etdi”(9, 67).

Burada eyni anda iki fakt öz əksini tapmışdır; Birincisi, Azərbaycanın şimal hüdudunun Dərbənd olması; 2. Azərbaycanda türklərin yaşaması.

Ət-Təbərinin əsərini tərcümə etməklə yanaşı onu təkmilləşdirən Samani hökmdarının vəziri və tarixçisi fars mənşəli Baləminin əsərində belə bir məlumata rast gəlirik: “III Dara Azərbaycan türkləri (torkan Azərbaycan) üzərinə yürüş etdi”.

Ət-Təbəri Kadisiyyə və Mədain döyüşlərində sasanilər tərəfindən vuruşan türklərdən də bəhs etmişdir (26, 21; 27, 49 ).

Ət-Təbəri Babəklə bağlı hadisələrdən bəhs edərkən türklər yaşayan kənddən bəhs etmişdir. O, yazır ki, Babəkin əsas sərkərdələrindən biri Tarxanın Babəkdən izn alıb Marağa nahiyyəsindəki kəndinə getdiyini öyrənən Afşin Marağada yaşayan türklərdən birinə Tarxanı öldürmək haqqında göstəriş verdi.

İbn Xəldunda öz əsərində Ərəb Xilafəti dövrü hadisələrindən danışarkən dəfələrlə Azərbaycan ərazisində yaşayan türklərdən bəhs edir (28, 16). O, Qadisiyyə, Bağdad və Heyrət ərazilərindən bəhs etdikdən sonra yazır ki, onlardan arxa tərəfdə (şimalda) türklər, xəzərlər və digər əcəm xalqlar yaşayırlar (28, 61). Bu fakt “əcəm” ifadəsinin yalnız farslara aid olmadığını bir daha sübut edir.

İbn Xəldun Ət-Təbəriyə və digər müəlliflərə istinad edərək yazır ki, qədim fars şahı Keyxosrov türklərin hökmdarı Əfrasiyabı və türkləri təqib edərək Azərbaycanda onların üzərində qələbə qazandı (29, 188). Müəllif, h. 89-ci (707-ci) ildə Məsləmə ibn Əbd-ül-Malikin məhz “Azərbaycan nahiyələrindən olan türklər” ( ( الترك من ناحية أذربيجانüzərində qələbə qazandığını qeyd edir. O, sözlərinə davam edərək onun h. 91-ci (709) ildə də “Bab əl-Əbvaba qədər “Azərbaycan nahiyələrindən olan türklər” üzərinə hücum etdyini bildirir (30, 89).

İbn Xəldunun əsərində rast gəlinən maraqlı faktlardan biri də Tiflis nahiyəsinin türklər tərəfindən məskunlaşdırılmasıdır. O, bu faktı xüsusi olaraq qeyd edir. Məsələn, o yazır ki, ərəb ordusu h. 111-ci (729-730) ildə Tiflis nahiyəsindən olan “türkman (“turkuman”) ölkəsi” (بلاد التركمان من ناحية تفليس) üzərinə hücum edərək onları məğlubiyyətə uğratdı (30, 111).

İran ölkəsinin farsların vətəni olduğunu bildirən ibn Xəldun daha sonra yazır ki, bəzi kitablara görə, İran türk torpağıdır (29, 181).

Tarixi ədəbiyyatda bu və ya digər xalqın yaranışının əsas göstəricilərindən biri kimi, onun söykökündəki toplumun sayca üstünlük təşkil etməsi və sabit olaraq bir ərazidə yerləşib yaşaması sayılır. Mənbələrdə Azərbaycanla bağlı açıq-aşkar türk toplumları vurğulanmasına baxmayaraq, guya “Azərbaycanda az-çox sabit türk toplumu, onu sayı haqqında konkret qaynaqlarda heç bir məlumat yoxdur” deyən müəlliflər isə həmin qaynaqlarla işləyərkən qarşılarına bir məqsəd qoymuşlar: Hər nə olursa olsun Azərbaycan ərazisində dominant rol oynayan “qeyri-türk” toplumlar aşkar etmək”. Bu isə onlara nəsib olmamışdır. Çünki tarixi qaynalar onların tərəfində deyildir.

Erməni-gürcü mənbələri də türklərin tərəfindədir. Bunu görməzdən gələn sovet tədqiqatçıların yanaşması adamda heyrət doğurur. Həmin mənbələrdə ermənilər və gürcülər haqqında yazılan nə varsa hamısını qəbul edən həmin tədqiqatçılar, həmin mənbələrdə rast gəlinən Azərbaycan türkləri haqqında verilən məlumatlar haqqında susur, onları görməzdən gəlir, ən yaxşı halda isə onu anaxronizm adlandırırlar. Əlbəttə, bu elmi yanaşma baxımından qətiyyən qəbuledilməzdir. Əks təqdirdə həmin mənbələr tamamilə inkar edilməli, elmi baxımdan dəyərsiz əsərlər sayılmalıdır.

Gürcü və erməni mənbələrində də erkən orta əsrlər dövründə tez-tez türklərdən bəhs edilir. Gürcü mənbələrində buntürklər haqqında danışılır. Bu anlayış müxtəlif şəkildə (oturaq türklər, əsl türklər, hun türklər) izah edilir.

Biz yuxarıda deyilənlərlə heç də müxtəlif dövrlərdə türk tayfalarının Azərbaycana mühacirətini də inkar etmirik. Sadəcə olaraq, əsas diqqəti, ayrı-ayrı köçəri türk tayfalarının Azərbaycana gəlməsindən əvvəl burada ümümi adla türklər adlanan toplumların yaşaması və başlıca etnik amil olması faktına yönəltmək istərdik. Təsadüfi deyil ki, Nizami Gəncəvi “İsgəndərnamə” poemasında Makedoniyalı İsgəndərin dilindən deyir:

ز كوه خزر تا به درياي چین همه ترک بر ترک بینم زمين

Xəzər dağlarından Çin dənizinə Türklərlə doludur bu yerlər yenə

Beləliklə, bir sıra ərəbdilli əsərlərdə Azərbaycan ölkəsi və onun yerli sakinləri olan türklər haqqında bir sıra maraqlı faktlara rast gəlinir. Yazılı mənbələrdən əldə olunan məlumatlara əsasən, Azərbaycan türklərinin köklərini Azərbaycanın özündə axtarmaq lazımdır. Azərbaycan türklərinin əcdadları bu bölgənin qədim sakinləri olmuş və digər türkdilli tayfaların gəlişi ilə tarix boyu onların dil və mədəniyyəti bir-birinə qarışmış, inkişaf etmiş və nəhayət, indiki formaya gəlib çıxmışdır. Azərbaycan türk dilinin formalaşması və qələbəsi ölkə əhalisinin böyük əksəriyyətinin əsrlər boyu türk dilində danışması və türk dillərində danışan ətraf aləmlə sıx əlaqələri ilə izah edilməlidir. Başqa sözlə, Azərbaycan türk dili birdən-birə yaranmamış və böyük bir regionda hakim dilə çevrilməmişdir. Bu tarixi proseslərin qanunauyğun nəticəsi idi və yalnız Azərbaycan torpaqlarının qədim dövrlərdən türklər və türkmənşəli xalqlar tərəfindən məskunlaşması ilə izah edilməlidir.

Şübhəsiz, bu tədqiqatın nəticələri tamamilə bitkin və mübahisəsiz hesab edilə bilməz. Ərəbdilli mənbələr üzərində gələcəkdə aparılacaq daha ətraflı araşdırmalar Azərbaycanın hüdudları və burada yaşayan əhalinin etnik tərkibi haqqında yeni-yeni faktların ortaya çıxarılmasına imkan verə bilər.





İstifadə olunmuş mənbələr və ədəbiyyat
1. Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, Elm, 1989, 334 s.

2. Vəlixanlı N. M. Ərəb xilafəti və Azərbaycan. Bakı, Azərnəşr, 1993, 157 s.

3. Бартольд В.В. Азербайджан и Армения. Сочинения в 9-ти томах. Т.VII, М.,1971, с.203-215

4. Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı, Elm, 1974, 220 s.

5. Vəlidi Ə.Z. Azərbaycanın tarixi coğrafiyası. Türkcədən çevirəni, ön sözün, şərh və qeydlərin, göstəricilərin müəllifi V.Piriyevdir. Bakı, Təhsil, 2009, 112 s.

6. Əl-Kufi Əhməd ibn Əsəm. Kitab əl-futuh” (“Fəthələr kitabı”). Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxarışlar. Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və şərhlərin müəllifi Z.M.Bünyadov – Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə dair materiallar. Bakı, “Nurlan”, 2005. s. 11-100.

7.اليعقوبي احمد بن ابو يعقوب بن جعفر بن وهب ابن واضح الكاتب العباسي. كتاب البلدان، ليدن، بمطبع بريل، 1860، 159 ص.
8. رحيم ريس نيا. آذربايجان در سير تاريخ ايران. بخش اول. تبريز1368.

9.الطبري ابو جعفر محمد بن جرير، تاريخ الامم و الملوك، اثنا عشر جزءا، بالمطبعة الحسينية المصرية،الجزء الثاني، الققاهرة،301 ص.


10.الذهبي شمس الدين ابو عبد الله مدمد بن احمد بن عثمان. تاريخ الاسلام و وفيات المشاهير والاعلام. المجلد الثالث. الطبعة الاولي. بيروت، دار الغرب الاسلامي، 1424 ه – 2003 م، 1088 ص.
11. الحميري نشوان بن سعيد. ملوك حمير و اقيال اليمن بيروت 1978. 238 ص.

12. ال مسعودي ابوالحسن علي بن الحسين بن علي. مروج الذهب و معادن الجوهر، الجزء الاول، بيروت. المكتبة العصرية، 1325 ه-2005 م. 296 ص.

13.ابن حوقل ابو القاسم النصبي. كتاب صورة الآرض. الطبعة الثانية. القسم الثانى. طبع فى مدينة ليدن بمطبعة بريل سنة 1939

14. ابن حوقل ابو القاسم النصبي. كتاب صورة الآرض. الطبعة الثانية . القسم الآول. طبع فى مدينة ليدن بمطبعة بريل سنة.1967

15. ابو الفداء. تقويم البلدان. بيروت. 602 ص.

16. 1112 ص. الشريف الادريسي،كتاب نزهة المشتاق في اختراق الافاق، القاهرة، 1422.

17. Oder K. Azerbaycan. İstanbul, 1982, 180 s.

18. Гусейнов Р.А. О тюрках IV-VII вв. В ЗОНЕ КАВКАЗСКОЙ АЛБАНИИ. // Вопросы истории Кавказской Албании (Сборник статей). Под ред. И.Алиева.. Издательство Академии Наук Азербайджанской ССР, Баку, 1962, с. 85-91.

19. Nəcəf Ə.N. Səlcuqlu dövlətləri və Atabəyləri tarixi. Bakı, Qanun, 2010, 756 s.

20. Ямпольский З.И. Об этногенетической непрерывности на почве Азербайджана. // Вопросы истории Кавказской Албании (Сборник статей)/ Под ред. И.Алиева. Издательство академии наук Азербайджанской ССР, Баку, 1962, с. 18-23.

21. Рашид ад-Дин Фазлаллах. Огуз-Наме. Перевод с персидского,

предисловие, комментарии, примечания и указатели Р.М.Шукюровой.

Баку: Элм, 1987, 128 с.
22.الطبري ابو جعفر محمد بن جرير، تاريخ الامم و الملوك، اثنا عشر جزءا، بالمطبعة الحسينية المصرية،الجزء الثاني، الققاهرة،301 ص.

23. ابن مسكويه. تجارب الامم. الجزء الاول. بيروت، دارالكتب العلمية. 1424. 383 ص.

24.وهب بن منبه. كتاب التيجان في ملوك حمير. الطبعة الاول. حيدراباد 1347. 506 ص.

25.الواقدي ابو عبدالله محمد بن عمر بن واقد، فتوح الشام.الجزء الاول، بيروت، دار الكتب العلمية،الطبعة الاولي، 1417 ه-1997م،310 ص.


26. Асадов Ф. М. Арабские источники о тюрках в ранние средневековье. Ваку: Элм, 1993, 202 с.

27. Çetinkaya N. Qızılbaş türklər. İstanbul, Kum saatı yayınları, 2004, 579 s.

28. ابن خلدون عبد الرحمن بن محمد. تاريخ. الجزء الاول. بيروت. دارالفكر. 1421. 851 ص.

29. ابن خلدون عبد الرحمن بن محمد. تاريخ. الجزء الثاني. بيروت. دارالفكر. 1421. 656 ص.



30. ابن خلدون عبد الرحمن بن محمد. تاريخ. الجزء الثا لث. بيروت. دارالفكر. 1421. 690 ص.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə