R. R. Denktaşa bağışlayıram. Quzey Kıbrıs




Yüklə 0.73 Mb.
səhifə1/11
tarix20.04.2016
ölçüsü0.73 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11
Əli Şamil

Quzey


Kıbrıs

(Mən belə gördüm)

Azərbaycan Milli Enrsiklopediyası

Nəşriyyatı


Bakı –2001




Kuzey Kıbrıs türklərinin



özgürlük davasının öndəri

R.R.Denktaşa bağışlayıram.
Quzey Kıbrıs (mən belə gördüm)” kitabı______

_______________________________________

_______________________________________

_____________________________hədiyyəmdir.




Bu kitab Kuzey Kıbrıs Türk Cümhuriyyətinin

katkıları ilə basılmışdır.
Ş 21 Şamil (Şamilov) Əli Hüseyn oğlu.

Quzey Kıbrıs. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı. 2001. s.152.
Kitab Ağ dənizdə yerləşən ada dövlət — Quzey Kıbrısı tanıtmaq istəyi ilə yazılmış səyahət oçerkidir. Adanın tarixinə və son onilliklərdəki siyasi durumuna daha çox diqqət yetirilsə də, qonaqların söhbətləri, Bəzi insanların söylədiyi xatirələr mövzu dairəsini xeyli genişləndirir. Makedoniya və Bolqarıstanda Türklərin durumundan, Türk əsgərinin Koreya savaşından, Avropada, Amerikada yaşayan Türklərin soydaşları ilə ilişkilərindən, eləcə də müxtəlif ölkə Türkoloqlarının yaradıcılıqlarından danışılır.

 Əli Şamil, 2001




Ön SÖZ
Quzey Kıbrıs Türk Cümhuriyyəti adını yerləşdiyi adanın adından alıb. Ada Ağ dənizdə yerləşir. “Ağ dəniz” adı deyiləndə Azərbaycan oxucusunun nəzərinə Şimal Buzlu okeandakı dəniz gəlir. Çünki 20-ci yüzildə bu dənizin adı keçmiş Sovet mətbuatında çox çəkilib. Ağ dəniz-Baltik kanalının reklamı da bu baxımdan çox iş görüb. Lakin onlar artıq unudulmaqdadır.

Son illər Türkiyə ilə əlaqələrin genişlənməsi nəticəsində mətbuatımızda bizim burada nəzərdə tutduğumuz Ağ dənizin adı ara-sıra da olsa, görünməyə başlayıb. Ancaq bu, Şimal Buzlu okeanına bitişən Ağ dəniz deyil, uzun illər rus dilindən tərcümə edib (ruslar da bunu Avropa dillərindən alıblar) “Aralıq” adlandırdığımız dənizdir.

Biz də yazılarımızda “Aralıq dənizi” əvəzinə “Ağ dəniz” işlətməyə üstünlük veririk. Dünyanın ən böyük dənizinin, üç qitənin – Avropa, Asiya, Afrikanın sahillərini yuyan bu dənizin qonşuluğundakı dənizlər rənglə adlanırsa (Quzey-doğusunda Qara dəniz, güney-doğusunda Qırmızı dəniz varsa) onun da Ağ dəniz adlandırılması ağlabatandır. Qədimdə rənglər həm də istiqamət – cəhət bildirib. Məsələn: qara-Quzey, ağ-batı, qırmızı-güney və s. Ağ dəniz də Türklər yaşayan məmləkətin batısındadır. Məhz bunlara görə də, indiyədək Aralıq dənizi dediyimiz və yazdığımız dənizi Ağ dəniz deyə yazmağı münasib sayırıq.

Kıbrıs adası isə adını latınca “cuprium” sözündən alıb. Bu da mis deməkdir. Hələ miladdan öncə burada mis çıxarılmış, Avropaya, Asiyaya, Afrikaya aparılmışdır. Azərbay­can­da isə uzun illər adanın, adadakı dövlətin, adanı qoynuna alan dənizin adı rus dilində işlənən şəkildə — Kipr, Kipr Respublikası, Aralıq dənizi kimi yazılıb və deyilib. Türkiyə mətbuatında isə adanın adı Kıbrıs şəklində yazılır. Son dövrlər Azərbaycan mətbuatında Kiprlə yanaşı Kıbrıs, Aralıq dənizi ilə yanaşı Ağ dəniz, eləcə də Cənubi Kipr Respublikası, Şimali Kipr Türk Respublikası, Quzey Kıbrıs Türk Cümhuriyyəti yazılışlarına təsadüf olunur. Bəzən bir məqalədə hər iki yazılışla rastlaşırıq. Biz kitab boyu adanın adını Kıbrıs, dənizin adını isə Ağ dəniz şəklində yazmışıq. Qaynaqlardan nümunələri isə olduğu kimi göstərdiyimizdən Kipr sözünü saxlamışıq.

Quzey Kıbrıs (Mən belə gördüm)” kitabı adaya üç səfərim əsasında formalaşıb. Bəzi səbəblərdən adanın tarixi abidələri, coğrafiyası, təbiəti, iqtisadiyyatı, mədəniyyəti haqqında geniş bilgi verə bilməmişəm. Siyasi yön daha ağırlıqlı olub. Kitab miladi 1999-cu ildə yazılmış və 2000-ci ildə nəşr edilməsi nəzərdə tutulmuşdu. Maliyyə çətinliyi ucbatından vaxtında çap edilmədi. Bu arada yenidən Kıbrısa — III Uluslararası Kıbrıs Araştırmaları Konqresinə (13–17 Kasım 2000) qatıldım. Səfərdən sonra kitaba bəzi əlavələr də etməklə dolğunlaşdırmağa çalışdım.



Kitab Azərbaycan Türkcəsinin orfoqrafiyası əsasında yazılsa da, Türkiyə Türkcəsində danışan insanların söhbətlərini özlərinin yazdığı kimi, qaynaqlardan alınan sitatları orijinalda olduğu kimi verdim. Türkiyə Türkcəsində əx səsləri olsa da, yazıda onlar e h hərflərilə işarə edilir. Məs.: insan bədəninin üzvü əl Türkiyə Türkcəsində el, xanım sözü isə hanım kimi yazılır. Eləcə də G, g hərfi yerinə uyğun olaraq qg kimi oxunur. Məs.: kitabda adı tez-tez çəkilən Gazımağusa şəhəri G hərfi ilə yazılsa da, Q kimi tələffğz edilir.

Quzey Kıbrıs (Mən belə gördüm)” kitabına elmi konfranslarda oxuduğum məruzələri də daxil etməyi mövzuya və məqsədə uyğun saydım. Məqsədim dünyanın “tanımadığı” Quzey Kıbrıs Türk Cümhuriyyətini Azərbaycan oxucusunun tanımasına yardımçı olmaqdır. Buna nə dərəcədə nail oldum? – sualına cavabının isə zamana ehtiyacı var.



Kitabın dolğunlaşmasında mənə yardımçı olmuş, oxuyub redaktə etməklə yanaşı, dəyərli məsləhətlər vermiş Safruha, Seyfəddin Altaylıya, yığılmasında, səhifələnməsində, oxunub səhvlərin düzəldilməsində böyük əməkləri olan Məhəbbət bəyə, Vəfa və Vüsalə xanımlara, Ağsaqqal texniki redaktor Səlim Əhməd oğluna təşəkkürümü bildirirəm. Bu insanlar təmənnasız və yüksək əhval-ruhiyyə ilə mənə yardımçı olublar və başladığım işi tamamlamağa məni həvəsləndiriblər.

Aldadıcı bilgi
Azərbaycan Xalq Cəbhəsi sədrinin tapşırığıyla Quzey Kıbrıs Türk Cümhuriyyətinə getməliydik. Ona görə də bu yerlər haqqında az-çox bilgi toplamışdıq. Ancaq bunun yetərli olmadığını görürdük. Dövlətin yerləşdiyi adanı biz Kipr kimi tanıyırdıq. Özləri və Türkiyəlilər isə buraya Kıbrıs deyirdilər.

1991-ci ildə Sədərək yaxınlığında — Araz çayı üzərində körpü tikintisinə başlanması Türkiyə, Kıbrıs və başqa ölkələr barədə bilgi almaq imkanımızı artırmışdı. Körpü hələ istifadəyə verilməmişdi, sərhəddə Sovet əsgərləri dururdu. Buna baxma­yaraq, nəinki Türkiyədən, Avstriyadan, Almaniyadan, eləcə də dünyanın ən kiçik ölkələrindən belə müxtəlif peşə sahibləri qanuni, qanunsuz yollarla sərhədi keçib Naxçıvana gələ bilirdilər.

Quzey Kıbrıs Türk Cümhuriyyəti haqqında bizə ilk geniş bilgi verən sərhədi qanunsuz keçib gəlmiş Əhməd Günəş Bəydilli olmuşdu. İraqda doğulub boya-başa çatan, İraq Türkmən Birlik Partiyasının başkanı olan Əhməd Günəş bəy Səddam Hüseyn rejimindən qaçaraq Quzey Kıbrısda sığınacaq tapmışdı.


Karpaz dağları

Əhməd Günəşdən sonra Naxçıvana ikinci bir Əhməd bəy gəldi. Bu, QKTC Cumhurbaşkanının siyasi araşdırma ve tanıtma özəldanışmanı görəvini yapan Ahmet C.Qazioğlu idi. O, özünün dediyi kimi, 1931 yılında Kıbrısda doğulub. Yüksək öğrənimini Ankarada Gazi Eğitim Enstitüsündə və London Universiteti Uluslararası İlişkilər bölümündə tamamlayıb. Öğrətmən, yazar və araşdırmaçı olaraq Kıbrıs Türk toplumuna illərcə xidmət edib, Kıbrıs konusunda kitablar yayınlatmış və bu alandakı yazılarıyla tanınmışdır.

Kıbrısda tarix öğrətməni və yönətici, Londonda isə Türk toplumu təmsilçisi olaraq illərcə görəv yapan A.Gazioğlu, 1983 ilindən Lefkoşada təşkil etdiyi Kıbrıs Araşdırma və Yayın Mərkəzini yönətməkdə və bu mərkəz adından 1983-84-dən bəri Türkcə və ingiliscə olaraq çeşidli incələmə əsərləri, yazıları və broşürləri yayınlamaqdadır.

Onun “Kıbrıs sorunu ve bağımsızlık”, “İngiliz idaresinde Kıbrıs”, “Kıbrıs’ta Türkler”, “ENOSİS çəmbərində Türkler”, “ENOSİS’ə karşı taksim və eşit egemenlik” kitabları, ingiliscə üç kitabı və prof. Jon Veizeydən çevirdiyi “Sosyal demokrasi” kitabları basılmışdır.




Kıbrısın Azərbaycan təbliğatçısı və Azərbaycanın Kıbrıs təbliğatçısı –

Ahmet Qazioğlu və Naxçıvan MR Baş naziri Becan Fərzəliyev

A.Qazioğlunun gəlişindən xeyli öncə Becan İbrahim oğlu Naxçıvan MR Ali Məclisinin sessiyasında Quzey Kıbrıs Türk Cümhuriyyətinin tanınması haqqında qərar çıxarılmasını təklif etmişdi. Millət vəkillərindən “Naxçıvan MR-in hər hansı bir dövlətin müstəqilliyini tanımaq hüququ olmadığ”ını eşidəndə o çeviklik göstərərək fikrini bu cür tamamlamışdı: “Naxçıvan MR Ali Məclisi Quzey Kıbrıs Türk Cümhuriyyətinin tanınması məsələsinin Azərbaycan Respublikası Ali Soveti sessiyasının gündəliyinə salınması təklifi ilə çıxış etsin”. Ancaq onun təklifi qəbul edilməmişdi. Kommunist blokundan olan millət vəkilləri etiraz etmişdilər. Onların fikrincə, Azərbaycan belə bir addım atsa, Yunanıstan və başqa ölkələr də Dağlıq Qarabağ Muxtar Vilayətini müstəqil dövlət kimi tanıyarlar.

Mübahisələrin belə gərginləşdiyi vaxtda Kıbrısın son 30 illik tarixini göz önünə sərən olmamışdı. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Rusiya Qafqazı işğal edəndən sonra buraya İrandan, Türkiyədən erməniləri köçürüb bölgədə üç dayağını möhkəmlətsə də, onlara nə mədəni, nə də inzibati muxtariyyət verməmişdi. Azərbaycan SSR yaradıldıqdan 3 il sonra – 1923-cü ildə öz ərazisində yaşayan ermənilərə Dağlıq Qarabağda muxtariyyət vermişdi.

90-cı illərin başlanğıcında isə Kıbrısın durumu tamam başqa idi. Bu durumu ilk dəfə bizə genişliyi ilə anladan A.Qazioğlu oldu. Naxçıvanda qarşısına qoyulmuş vəzifələri yerinə yetirdikdən sonra onu Bakıya göndərdik. Çox təəssüf ki, onun Bakı görüşləri umulan səviyyədə keçmədi. Dövlət adamları, rəsmi şəxslər onunla görüşməkdən çəkindilər. Qəzetlər gəlişini işıqlandırmadılar. Yalnız “Azadlıq” “Müxalifət” qəzetləri onunla kiçik müsahibələr verdi.

Ümumiyyətlə, Xalq Cəbhəsi hakimiyyəti ələ alanadək Quzey Kıbrısdan Azərbaycana gələnlərə münasibət QKTC Eğitim, Kültür və Gənclik bakanı Eşber Serakıncının “Azadlıq” qəzetinə (28 aprel, 1992-ci il, s.8.) verdiyi müsahibədəki kimi idi. O vaxt E.Serakıncı demişdi: “Biz dünyanın 75 ölkəsi ilə əlaqə qurmuşuq və bu ölkələrin heç birində nə iş adamları, nə də dövlət adamları bizi görəndə qaçıb gizlənmir”.

Jurnalistin “Demək, səfərinizin heç bir səmərəsi olmayıb?” - sualına isə E.Serakıncı “Azərbaycan Xalq Cəbhəsindəki görüşümüzdən gözəl təəssüratlar aldıq. Başlıcası isə, Azərbaycanı gördük, tanıdıq” – cavabını vermişdi.




QKTC başkanının siyasi araşdırma və tanıtma özəldanışmanı

Ahmet Gazioğlu Kıbrıs bayrağını Naxçıvan MR Ali Sovetinin sədri

Heydər Əliyevə bağışlarkən.
Xalq Cəbhəsi hakimiyyəti ələ alsa da, hələ ictimai fikir Quzey Kıbrısın xeyrinə dəyişməmişdi. Belə bir vaxtda biz oraya gedir­dik. 1992-ci il avqustun 25-də Geçitkale hava limanında uzaqdan endik. Gördüyüm mənzərə ilk anda məni şaşırtdı. Xəyalımda pal­ma ağacları göylərə baş çəkən ekzotik bir ada canlandırmışdım. Yovşan qoxulu çöl, bir də uzaqda cərgələnən dağlar buranı hər gün gördüyüm Naxçıvana oxşadırdı. Hava limanından Girne şə­hə­rinə yollandıq. Burada hər addımda toponimlərin iki cür işlən­diyinin şahidi olduq. Türklər Girne dediyi şəhərə Yunanlar Kirenia deyir. Xəritələrdə də beləcə qeyd edilir. Ona görə biz də bu kitabda həmin yerlərin yunanca adını mötərizədə verəcəyik. Beşbarmaq dağlarını keçəndə isə bu yerlərin təbiəti mənə Lən­kəran-Astara bölgəsini xatırlatdı. Dəniz kənarında yerləşən Gir­ne­də bizi kiçik, ancaq olduqca səliqə-sahmanlı bir hoteldə – Do­mehoteldə yerləşdirdilər. Bu kiçik şəhərin gözəlliyinə, təbiətinin füsunkarlığına heyran olmuşduq. Ancaq bunlardan zövq almağa vaxtımız yox idi. Çünki biz nə turistlər sayaq gəzintiyə çıx­mışdıq, nə də dəniz sahilindəki gözəl guşələrdə dincəlməyə get­mişdik. Məqsədimiz QKTC-ni yaxından öyrənmək və Azərbaycana tanıtmaq idi. Öndə görünən bu məqsədin arxasında isə, Azərbaycan Respublikasının Quzey Kıbrıs Türk Cümhuriyyətini tanımasına əngəl ola biləcək səbəbləri araşdırmaq dururdu.

Bİr AZ tarİxdən
Ağ dənizin Doğusunda yerləşən, ərazisi 9251 kvadrat kilometr olan Kıbrıs adası boyu Girne (Kirenia) və Karpaz dağ silsiləsi uzanır. Adanın mərkəz və güneyinə Doğru uzanan sahəyə isə Torodos massivi deyirlər. Dağ silsiləsi arasında Mesarya düzənliyi yerləşir. İqlimi subtropikdir. Qışın oğlan çağı sayılan yanvarda orta temperatur 10-15 dərəcə olur.

Subtropik iqlimi, çəngin yeraltı və yerüstü sərvətləri, üstəlik mühüm strateji nöqtədə yerləşməsi adanı daim iri dövlətlərin diqqə­tinə tuş eləyib. Rus-sovet tarixçilərinə görə, buraya miladdan ön­cə­ki 15-11-ci yüzillərdə Axaylar, 9 yüzildə Finikiyalılar, 8-ci yüzildə Assuriyalılar, 6-cı yüzilin ortalarında Əhəmənilər sahib olmuşlar.



Gazimağusa şəhərinin qala divarları.
Makedoniyalı İsgəndərin qurduğu dövlət güclənəndə ada onun tərkibinə qatılmış (miladdan öncə 333–323), sonra isə Ptolemey dövlətinə (miladdan öncə 294–58) daxil edilmişdi. Roma İmperiyası miladdan öncə 58-ci ildə buranı işğal etmişdir. Ada yeni eranın 395-ci ilində Bizansın, 648-ci ildə Ərəb Xilafətinin, 965-ci ildə yenidən Bizansın əlinə keçmişdi. 1191-ci ildə isə səlibçilər adanı işğal etmişlər. Azərbaycan tarixçiləri Ağqoyunlu hökmdarı Uzun Həsənin Osmanlı dövlətinə qarşı mübarizə üçün ada-dövlətlə diplomatik əlaqə qurduğunu yazırlar.

1489–1571-ci illərdə Venesiyanın tərkibində olan Kıbrısdan Osmanlı dövlətinə qarşı istifadə edilirdi. Osmanlı hökuməti diplomatik danışıqların nəticə vermədiyini görüb, adanı özü üçün zərərsizləşdirmək zorunda qaldı. Bu məqsədlə ortodoks Rumlar ilə katolik Venediklər (Venesiyalılar) arasındakı qarşıdurmadan bəhrələndi. Venediklərdən xilas olmaq istəyən ortodoks Rumlara yardım adı altında adaya qoşun çıxarıldı. Qaynaqlara görə, Türklər bu əməliyyatda 80 min şəhid verirlər.






Antik Salamis şəhərinin xarabalıqları.
Tarixçilər adaya hakim olmuş dövlətlərdən geniş bəhs etsələr də, əhalinin etnik tərkibindən ətraflı söhbət açmırlar. Səyahət­namələrdə isə, Osmanlılar adanı fəth etməzdən öncə orada məs­cidlərin olduğu qeyd edilir. Dəniz sahillə­rin­də möhtə­şəm qala-şə­hər­lər salınma­sına baxma­yaraq, Osmanlı do­nanması 1571-ci ildə on­la­rı yenərək adaya yiyələnir.

Hər yüksəlişin bir enişi də olur. Osmanlı hökuməti 1878-ci ildə adanı Böyük Bri­taniyaya icarəyə vermək məcburiyyətində qalır. Bi­rin­ci Dünya Savaşında Os­man­lılar məğlub olduğundan, 1923-cü il Lozanı barış anlaşmasına (Lozanına sülhü) görə, ingilislərin ada­da nəzarəti güclənir. Ancaq bu, Türkiyənin ondan əlini tam çəkməsi demək deyil­di. Bunu sonrakı anlaşma­lar­dan da aydın görmək olar. İngilislər icra müddəti başa çatandan sonra adanı Türkiyəyə qaytarmadılar. 1959-cu ildə London və Surix(Zurix) anlaşmalarına görə B.Britaniya, Türkiyə və Yunanıstan Kıbrısın müstəqilliyinin qarantı elan edildilər. 1960-cı ilin avqustunda isə adada müstəqil dövlət – Kıbrıs Respublikası yaradıldı. Qəbul edilmiş Anayasaya görə, dövlət və hökumət başçısı Prezident idi. Prezidenti 5 il müddətinə yunan icması, yardımçısını isə həmin müddətə Türk icması seçə bilərdi. Qanunverici hakimiyyət birpalatalı parla­mentdən ibarət idi. Millət vəkillərinin 35-i rum, 15-i Türk idi. İcra orqanları 7-nin 3-ə nisbətindəydi. Yəni, yeddi bakandan üçü mütləq Türk olmalıydı. Dış işləri, savunma və maliyyə bakanlarından birinin Türk olması da ayrıca qeyd edilmişdi.

Anayasaya görə, adanın bütövlükdə və ya bir hissəsinin başqa bir ölkə ilə birləşdirilməsi, eləcə də Kıbrıs Respublikasının Türkiyə və Yunanıstanın birlikdə üzv olmadıqları uluslararası birliyə daxil olması yasaq idi. Anlaşma şərtləri pozulduğu halda qarantor ölkələrin birlikdə və ya ayrı-ayrılıqda adaya ordu və polis gücləri göndərmək hüququ vardı.

Bu müqaviləni Kıbrıs Türk xalqı tərəfindən Dr. Fazıl Küçük, Kıbrıs Rum xalqı tərəfindən Baş piskopos (baş yepiskop) III Makarios imzalamışdı. Elə ilk seçimdə də III Makarios Prezident, Dr. Fazıl Küçük vitse-Prezident seçilmişdi.

Lakin III Makarios vədini pozdu. Təyin etdiyi ilk dörd bakan EOKA-çı (Ethniki Organosis Kyprion Agoniston — Kıbrıslı Savaşçıların Ulusal Birliyi) oldu. EOKA bölgə öndəri Yorgacis İç işlər Bakanı təyin edilmişdi. Ona “AKRİTAS” şərti adı altında rumlardan ibarət silahlı dəstələr yaratmaq və Yunanıstanla sıx əlaqə quraraq, bu dəstələri təlimləndirmək tapşırığı verilmişdi. Yaxşı təlim görmüş və silahlandırılmış bu dəstələrin qarşısına bir vəzifə qoyulmuşdu: Türkləri zor gücünə adadan qovmaq və ya məhv etmək!

Makarios Kıbrıs Respublikasının Prezidenti olsa da, adanı Yunanıstana birləşdirmək istəyini gizlətmirdi. Qəzetlərə verdiyi müsahibələrdə bunu açıq bəyan edirdi. Məs.: 1963-cü ilin 28 martında “Cyprus Mail” və həmin ilin 9 aprelində “The London Times” qəzetlərinə verdiyi müsahibələrdə deyirdi:

Beni tanıyan hiçbir Rum, benim milli bir Kıbrıs kimliyinin yaratılması için çaba harcayacağıma asla inanmaz. Antlaşmalar bir Millet deyil, bir Devlet yaratmıştır”

(28 Mart 1963, Cyprus Mail)
Yunanistan’a birleşmek her Kıbrıslı Rum’un daima kalpten desteklediyi bir emeldir. Bir Cumhuriyet kurarak bu emele son vermek mümkün deyildir.”

(9 Nisan 1963, The London Times)
Qəbul olunmuş Anayasanın Kıbrısı Yunanıstana qatmağı əngəllə­diyini görən rumlar, 1962-ci ilin ocak (yanvar) ayından Anayasanın 13 maddəsini dəyişmək üçün əməli fəaliyyətə keçdilər. Dəyişilməsi nəzərdə tutulan maddələr arasında vitse-Prezidentin veto hüququnun ləğvi, Türk və rum bələdiyyələrinə ayrıca seçimi əngəlləmək, 7-nin 3-ə nisbətini aradan qaldırmaq və s. vardı.

Türklərin bu dəyişikliyi qətiyyətlə rədd etdiyini görən rumlar istəklərini silah gücünə həyata keçirməyə çalışdılar. 1963-cü il dekabrın 21-də (həmin gön Kıbrısda “Kanlı Noel” kimi tarixə döşöb) AKRİTAS planına uyüun olaraq, Lefkoşada (Nikosia) Türklər yaşayan məhəllələrə, xəstəxanalara, mağazalara hücuma keçdilər. Onlar 24 saata adanı Türklərdən təmizləməyi planlaşdırmışdılar. Lefkoşada başlayan bu hücum adanın hər yerində davam etdirildi. 4000 Türk dövlət məmuru, bakanlar, millət vəkilləri vəzifədən qovulmuş, yerlərinə rumlar təyin edilmişdilər. Bu plan Türklərin dirənməsi nəticəsində baş tutmadı. Lakin 103 kəndin dağıdılmasına, 30 min Türkün qaçqına çevrilməsinə, mal-mülkünün yağmalanmasına səbəb oldu.

Xarici ölkələrin qəzetləri həmin günlər haqqında belə yazır:
Kıbrıs’ta anarşi
21 Aralık sabahı Rumların açtığı ateşle bir Türk kadın ve erkeğinin ölmesine yol açan kurşun, hiç şübhe yok ki, bilinçli bir şekilde Türklerin tahrik edilmesi amacına yönelikti. Bundan bir ve ya iki hafta önce sivil giyimli Rumların Lefkoşa’da Türklerin kimliklerini görmek istemeleri böyük olaylara yol açmıştı”.

Guardian, 31.12.1963
Dehşete düşüren bir manzara
...Türk evlerini gördüyüm zaman, dehşete düşüren bir manzara ile karşılaştım. Duvarlardan başka hiç bir şey yoktu. Bir napalm bombasının daha fazla mahvedebileceyinden şüpheliyim. 40 tane beton bina iskeleti saydım. Her ev ayrı-ayrı benzin dökülerek yakıldı. Tavandan evin içine enmiş olan kiremitlerin altında, yatak sustaları (birbirine karışmış), çocuk yatakları, sandalye, masa ve dolap buldum.

Ayvasıl’dan bir mil uzaklıktaki komşu köyde, 16 tane harap olmuş ve yakılmış ev saydım. Hepsi Türk eviydi. Bu köyden 100’den fazla Türk yok olmuş. Hiçbir köyde zerre kadar zarar gören bir Rum evi görmedim...”

Daily Herald, 1.1.1964.
Siyasi sorumsuzluk
Makarios da dahil, tüm Rum toplumu eski idealleri olan silah zoru ile ENOSİS’i gerçekleştirme yoluna dönmüşler. Kıbrıslı Rumlar BM ile işbirliyine son vererek Türkleri ezmek, hatta adadan atmak istiyorlar”.

London Times, 15.4.1964

Yasaklanmış şehir’de
Bu akşam 9 gün içinde 200 ile 300 Türk’ün katledildiyi Lefkoşa’nın Türk kesimine gittik. Biz oraya giden ilk Batılı gazeteciler idik. Orada kelimelerle anlatılamayacak korkular gördük.”

Washington Post, 28.12.1963

Robert Estabrook’un makalesi;
Kıbrıs’ta nefret
Cübbeli ve sakallı Başpiskopos Makarios gerçekleri örtbas eden bir Bizans yeteneyine sahiptir.”

Makarios hökumeti bilinçli bir şekilde çatışmaları başlattı ve Kıbrıs’lı Türkleri yok etmek için kararlıdır.”



Washington Post, 16.1.1964


Rauf Denktaşın gözü ilə Girne limanı.
1963-64-cü illərdə Rum Milli Muhafız Komutanlığı yapmış olan general George Karayanıs bir yunan qəzetinə verdiyi müsahibədə demişdi: “Türkler Anayasa değişikliğine karşı çıktıkları zaman Makarios planı (AKRİTAS) uygulamaya başladı ve Aralık 1963’te saldırılar başladı”.

Makariosun “The London Times” qəzetindəki (1964-cü il, 1 yanvar) müsahibəsində London və Surix(Zurix) anlaşmalarının artıq keçərli olmadığı vurğulanırdı.

Beləliklə, adada iki xalqın ortaqlığı ilə yaranmış hökumətin fəaliyyəti iflic oldu. Yunanıstan gizlicə adaya tankı, topu, tüfəngi ilə birlikdə 20 min əsgər çıxardı. Bu hərbi hissələr də Türklər yaşayan bölgələrə hücuma keçdilər. Adadakı Türklərin və Türkiyə Dövlətinin çoxsaylı müraciətindən sonra BMT Təhlükəsizlik Şurası 1964-cü il martın 4-də 186 saylı qərarı ilə adaya müxtəlif dövlətlərin əsgərlərindən ibarət Barış Qüvvələri göndərmə­yi qərara aldı. Lakin Barış Qüvvələri də Türklərə qarşı törədilən haqsızlığın, qırğınların, dağıntıların qarşısını almadı. 1963–74-cü illərdə Türklər adanın yüzdə üçünə sıxışdırılmışdı. Bütün təqib və təzyiqlərə, qırğınlara baxmayaraq adanı tərk etməmişdilər.

Yunanıstanın “qara polkovniklər”i buna son qoymaq, adanı Türklərdən tamam təmizləmək üçün Nikos Samsonun başçılığı ilə adaya hərbçilər göndərdilər. Onlar da hərbi çevriliş edib hakimiyyəti tam ələ aldılar. Və adanı Türklərdən təmizləməyə, rumlaşdırmağa başladılar. Makarios xaricə qaçdı.

Lakin Türkiyənin işə qarışması, Türk əsgərinin şücaəti onların arzusunu gözündə qoydu. N.Samson adadan qaçmaq zorunda qaldı. Adadakı Türklər özlərinin müstəqil dövlətlərini — Quzey Kıbrıs Türk Cümhuriyyətini qurdular. Həmin vaxtdan 16 il keçməsinə baxmayaraq, soydaşlarımızın qurduğu dövlətlə heç bir əlaqəmiz yox idi.

Kıbrısı tanıma cəhdİ
Azərbaycanda hakimiyyətə demokratik Qüvvələrin gəlməsi, QKTC-ni tanımağa şərait yaratmışdı. Qarşıya çıxa biləcək suallara aydın və geniş cavab hazırlamaq, ictimai fikri formalaşdırmaq üçün AXC (Azərbaycan Xalq Cəbhəsi) sədri özünün ideoloji işlər üzrə müavini Arif Rəhimoğlunu və məni qeyri-rəsmi oraya göndərmişdi.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuduğu illərdən gizli dərnəyə üzv olan Arif Rəhimoğlu Universiteti bitirib Naxçıvana dönəndə də fəaliyyətini davam etdirmişdi. 1988-ci ildə isə Naxçıvanda Xalq Cəbhəsinin qeydə alınması təklifi ilə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinə müraciət edən qrupun tərkibində olmuş, 1991-ci ildə AXC Naxçıvan Vilayət Təşkilatının əlaqələndiricisi seçilmişdir.

Kıbrısda qaldığımız hoteldən dəniz sahili ilə Girne qalasına Doğru irəliləyirik. Sahilboyu çətirlərin altında qoyulmuş onlarla stol və stul diqqətimizi cəlb edir. Bitişik görünən bu stollar əslin­də ayrı-ayrı kafelərin, restoranlarındır. Onları stol və stulların for­ması, çətirlərin və qab-qacağın üzərindəki yazı fərqləndirir. Müş­tə­rinin əyləşib-əyləşmədiyindən asılı olmaya­raq, şər qarışan kimi hər stolun üstündəki bəzəkli şüşə qabdakı şamı yandırırlar. Onla­rın işığı dənizə düşdüyündən parlaqlıq birə on artırdı. Alatoranda haranın dəniz, haranın sahil olduğu ilk baxışda seçilmirdi.

Bu romantik mənzərə bizi də özünə çəkir. Əyləşib qəhvə içə-içə söhbət edirik. Buradakı səliqə-sahman, xidmət mədəniyyəti ruhumuzu oxşayır.

Gecəni daş kimi yatıb sübh tezdən yuxudan oyanırıq. Səhər yeməyindən sonra soyqırıma məruz qalmış Türklərin məzarlarını ziyarətə yollanırıq.

  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə