Qurban Qurbanlı Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent




Yüklə 411.8 Kb.
səhifə1/6
tarix23.02.2016
ölçüsü411.8 Kb.
  1   2   3   4   5   6


Qurban Qurbanlı Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Xarici dillərin öyrədilməsi prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə: imkanlar, realizələr və perspektivlər

Öncə diqqəti belə bir məsələyə yönəltmək istərdik ki, son zamanlar xarici dillərin tədrisində islahatlar, dil təlimində innovasiyalar, xarici dillərin öyrənilməsi prosesundə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və bu qəbildən olan məsələlərə nəzəri-metodiki ədəbiyyatda və ümumən peşə fəaliiyyətində tez-tez müraciət olunması günümüzün reallıqlarındandır. Sonuncudan bəhs etmək üçün qeyd etməliyik ki, ümumən təhsildə kompyuter texnologiyalarının geniş tətbiq olunması onların ənənvi təlim vasitələrindən şəksiz üstünlükləri ilə bağlıdır. İKT son zamanlar ümumən təhsildə həm də ona görə populyarlıq qazanır ki, o, təhsilin keyfiyyətini, təlimdə və öyrənənlər tərəfindən bilik, bacarıq və vərdişlərin əldə edilməsi prosesində nəzarətin səmərəsini yüksəltmək üçün əvəzolunmaz vasitələrdəndir. Məlumdur ki, başqa ölkələrdə olduğu kimi, ölkəmizdə də xarici dil mütəxəssisləri ən yeni metodikaların tətbiqinə və yeni təlim formalarının aprobasiyasına həmişə açıq olan, texnololoya sahəsində öndə olanlardandır. Xarici dil müəllimləri və xarici dili öyrənənlər üçün bu gün genişdən geniş imkanlar açan kompyuter texnologiyalarının tarixinə qısaca nəzər salsaq görərik ki, dil təlimində EHM-dən ilk dəfə ABŞ-da keçən əsrin 60-cı illərində istifadə etməyə başlamışlar. Keçmiş Sovetlər birliyində doğma və yad dillərin tədrisində hesablama texnikasının tətbiqinə 70-ci illərin sonlarında cəhd edilmişdir. 80-ci illərin ortalarından ABŞ-da, Qərbi Avropada və Yaponiyada, qismən də SSRİ-də dil tədrisinin kompyuterləşdirilməsi dil müəllimləri, metodistlər və proqramçılar üçün böyük aktuallıq kəsb etməyə başlayır. Təxminən həmin vaxtlardan dil təliminə kompyuter dəstəyi məsələləri ilə məşğul olan elmi istiqamət – Computer Assisted Language Learning (CALL) formalaşmağa başlayır. Bu istiqamət çərçivəsində elmi-tədqiqatlar və elmi-təşkilati işlər günümüzə qədər geniş vüsət almaqda, kompyuter linqvodidaktikası isə elm və texnologiyanın son sözünü addım-addım izləməkdədir.



Bugünkü dil təlimində kompyuterdən istifadənin 2 forması mövcuddur. Başqa cür desək, dillərin öyrənilməsində istifadə olunan informasiya texnologiyaları 2 qrupa bölünür. Birincisi, dünya şəbəkəsinə, hətta lokal şəbəkəyə də qoşulmadan fərdi kompyuterə yüklənilmiş təlim proqramlarının tətbiqi ilə bağlı texnologiyalar, ikincisi, əksinə, internet-brauzerdən başqa hər hansı xüsusi təlim proqramlarını yükləmədən internet resurslsrı ilə bağlı texnologiyalardır. Birinci qrupa aid texnolojiyala sırasında: a) əvvəlcədən xarici dil təlimi üçün nəzərdə tutulmamış təim proqramları (müxtəlif məqsədlər üşün tətbiq olunan Microsoft Office paketi, mətn və qrafik redaktorlar, digər multimedia vasitələri və s.); b) virtual ensiklopediya və elektron lüğətlər, kompyuter tərcümə proqramları (Encarta, Linqvo, Promt, Dilmanc və sairə); c) dil vərdişləri (dinləmə, tələffüz və sairə) və dilin aspektləri üzrə biliklərin (qrammatika, leksika və sairə) inkişafı və təkmilləşdirilməsi üçün işlənilmiş xüsusi proqramlar; d) biliklərin yoxlanılması üçün test tapşırıqları toplusu və şəxsi testləri yaratmaq üçün nümunələr; e) audio-videolu kompleks multimediya kursları (Reward Interaktiv, EvroTalk); xarici dil sahəsində bilik və bacarıqların əldə edilməsini stimullaşdıran oyun və əyləncəli proqramları və sairəni göstərmək olar. İkinci qrupa aid texnologiyalar dedikdə internet resurslarından istifadə nəzərdə tutulur. Son dərəcə geniş imkanlara malik bu texnoloyiyalar haqqında daha ətraflı bəhs edilməlidir. Belə ki, xarici dilin öyrədilməsi zamanı internetin imkanlarından istifadənin üstünlüyü dil mühiti boşluğunu doldurmaqla təlimin əyaniliyinin artırılması, biliklərə yiyələnmə, nitq vərdişi və bacarıqların formalaşması prosesinin aktivləşdirilməsindədir. Xarici dil dərslərində internetin informasiya bazasından istifanənin optimallaşdırılması həmin dərsin qarşısında qoyulmuş aşağıdakı vəzifələrin praktiki cəhətdən daha dolğun reallaşmasına kömək edir: xarici dildə oxu və yazı vərdişlərinin formalaşdırılması və inkişaf etdirilməsi; internetdəki ən müxtəlif səsli mətnlərin köməyilə yad dildəki nitqin dinlənililib qavranılması və sairə. İnternetin informasiya resuslarından alınmış materialın dərs məşgələlərində fəal müzakirəsi də öz növbəsində tələbələrin monoloji və dialoji nitqinin təkmilləşdirilməsinə və onların söz ehtiyatının xeyli genişlənməsinə müsbət təsir göstərir. Beləliklə, internet resuslarından istifadə bir tərəfdən xarici dil dərslərində kommunikativ yanaşmanın daha aktiv şəkildə reallaşdırılmasına şərait yaradır, digər tərəfdən müəllimdən ənənəvi təlim zamanı lazım olduğundan daha çox və ciddi hazırlıq tələb edir. İnternetdən pedaqoji fəaliyyətdə istifadənin üstünlüklərindən biri isə ondadır ki, o, müəllim üçün ən mürəkkəb testlərin və tapşırıqlarının köməyi vasitəsilə tələbələrin yiyələndikləri bilik və bacarıqların keyfiyyət və həcminə daha dolğun nəzarət etmək, zəruri informasiyanı asanlıqla əldə edib adekvat dəyərləndirmək, habelə yaranmış çətinlikləri vaxtında aradan qaldırmaq imkanı yaradır. Qeyd olunduğu kimi, internet şəbəkəsinin materiallarından xarici dil dərslərində istifadə tələblərə təbii dil mühitinə daxil olmaq imkanları yaradır. Internet son dərəcə geniş informasiya imkanlarına və ondan da az olmayan xidmətlərə malikdir. Təəccüblü deyil ki, xarici dil müəllimləri qlobal internet şəbəkəsinin potensalını layiqincə qiymətlərindirirlər. Amma hər şeydən öncə təhsilin müəyyən məqsədləri ilə şərtlənən didaktiv vəzifələr haqqında, təhsil alanların idraki fəaliyyətinin xususiyyətləri haqqında düşünmək lazımdır. Internet bütün imkanları ilə yalnız bu məqsəd və vəzifələrin realizə vasitəsidir. Buna görə də öncə dünya internet şəbəkəsinin resurs və xidmətlərinin hansı didaktiv vəzifələrin həlli üçün faydalı ola biləcəyi əvvəlcədən müəyyənləşdirilməlidir. Bu zaman şəbəkə materialının dərsin məzmununa daxil edilməsi; konkret layihə üzərində iş cərcivəsində tələbələrin müstəqil informasiya axtarışı; onların biliklərindəki boşluğun aradan götürməsi və sairə kimi didaktiv vəzifələri göstərmək olar. Internet şəbəkəsinin informasiya resurslarından istifadə edərək və onları tədris prosesinə inteqrasiya edərək dərslərdə aşağıdakı didaktiv vəzifələri daha səmərəli həll etmək olar: internet şəbəkəsinin autentik səsli materialları əsasında dinləmə bacarığını təmilləşdirmək; müasir dilin həm aktiv, həm də passiv leksikasından istifadə etməklə lüğət ehtiyatını zənginləşdirmək; yad dildə ünsiyyət fəaliyyəti üçün dayanıqlı motivasiyasını formalaşdırmaq və sairə. Dinləmə təlimində Lucent Technologiyes şirkətinin saytından istifadə etmək tövsiyə oluna bilər. Saytın Bell Labs bölməsi imkan verir ki, istənilən cümlə və ya söz birləşməsinin konkret xarici dildə səslənməsi dinlənilə bilər. Burada çap olunmuş mətni səsləndirən nitq sintezatoru fəaliyyət göstərir. http://www.bell-labs.com/project/tts/index.html saytında verilən yeddi dildən biri seçilir və axtarış pəncərısində mətn yerləşdirilir ki, o da bir neçə saniyədən sonra tələffüz olunur. Bunun bir üstün cəhəti də ondadır ki, səsləndirilən material yazılıb internetsiz şəraitdə də istifadə oluna bilər. Təcrübə göstərir ki, oxu təlimi zamanı publisistik nəşrlərdən istifadə daha effekli olur. Hazırda praktiki olaraq dünyada mövcud olan tanınmış qəzetlərin hamısının web-səhifələri vardır. Onlarla qəzetin mövcud saytları ilə tanış olmaq üçün MEDIA LINKS <http://www.mediainfo.com/emedia/> səhifəsindən istifadə edilə bilər. Auditoriya işi kimi nəşriyyatla interaksiya həyata keçirmək üçün send us feedback-dan istifadə edilir. Dünyanın aparıcı xəbər agentliklərindən CNN World Nevs (<http://cnn.com/world>), ABC News (<http://www.abcnevs.go.com/index/html>), BBC World Servis (<http://www.bbc.co.uk/worldservice>) , The Washington Times (<http://www.vashtimes.om/>) , The New York Times (<http://www.nyttimes.com/>) bir sıra xarici dillərdə yayımlanan materiallarindan nəinki passiv, həm də aktiv şəkildə yararlanmaq mükündür. Xarici dildə yazı təlimi üçün internet imkanları sırasında əhəmiyyətli sayılan vasitələrdən biri elektron poçtdur. Sosial şəbəkələrdəki fəal iştirak, birgə layihələrin, məqsədli problem müzakirələrinin, diskussiyaların aparılması bu qəbildəndir. Ümumiyyətlə, bir sıra didaktiv vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün internetin müvafiq resurslarından tədris prosesində məqsədəuyğun şəkildə istifadə etmək çox əhəmiyyətlidir. Şəbəkə materiallarının dərsin məzmununa daxil edilməsi tələbələrə qloballaşan dünyada həyatı daha yaxşı anlamaq, birgə tədqiqat, elmi və yaradıcılıq layihələrində iştirak etmək, maraq göstərmək bacarığını formalaşdırmaq və inkişaf etdirmək imkanı verir. Müşahidələr göstərir ki, hazırda internetdən informasiya texnologiyalarının bir hissəsi kimi tədris prosesində səmərəli şəkildə istifadə olunur. Bundan başqa hazırda internet şəbəkəsinin elektron resursları təkcə informasiyanın axtarılması və əldə edilməsi vasitəsi kimi deyil, həm də mövcud təlim formalarının inkişaf etdirilməsi və yenilərinin yaradılması vasitəsi kimi fəaliyyət göstərir. Ali məktəbdə xarici dilin öyrəilməsi zamanı internet texnologiyaları müəllim və tələbələr üçün həm ümumi, tədris prosesinin subyektlərinin fərdi ehtiyaclarına uyğun olaraq həm də xüsusi imkanlar təqdim edir. Mütəxəssislər internet texnologiyalarının ümumi imkanları sırasına elektron kitabxana, onlayn ensiklopediyalar, lüğətlər və digər peşəkər informasiya resuslarına müraciəti; öyrənilən dilin ölkəsi və mədəniyyəti haqqında müxtəlif müasir və autentik informasiyanın əldə edilməsini; müxtəlif növlü (mətn, səsli və görüntülü ) informasiyanın ötürülməsini; elm və istehsalatın müxtəlif sahərində fəaliyyət göstərən ekspertlərdən informasiya alınması və onlarla ünsiyyət saxlanımasını; müasir şəxsiyyətin zəruri tərkib hissəsi kimi informasiya mədəniyyətinin yüksəldilməsini; peşə hazırlığının artırılması məqsədilə distant kurslarda təlimi və sairəni daxil edirlər. İnternet şəbəkəsi xarici dil müəllimlərinin istifadəsi üçün bir sıra xüsusi imkanlar yaradır. Onların sırasında mövcud tədris metodikları üzrə informasiyaların əldə edilməsi; həmkarları ilə təcrübə mübadiləsi; yeni təlim texnologiyaları ilə tanışlıq; xarici dil təlimi üzrə müxtəlif tədris və tədris-metodiki materialların asanlıqla əldə edilməsi və təlim prosesinə inteqrasiya edilməsi; internet texnologiyaların istifadəsilə tədris fəaliyyətin müxtəlif forumlarının təşkili (məsələn, veb-layihə); xarici dilin öyrədilməsi prosesində süni və real dil mühitinin yaradılması xüsusi qeyd olunur. Xarici dillərin təlimi zamanı internet şəbəkəsinin təhsil imkanlarının tədris prosesinə səmərəli tətbiqində təhsil veb-saytının rolu məsələsindən də danışılmalıdır. Zənnimizcə, təhsil veb-saytının bir növü kimi xarici dil müəlliminin veb-saytının mövcud olması imkan verir ki, orada: tədris xarakterli informasiyalar (kusrun proqramı, kursa aid tələblər, müvafiq elektron resusrlara istinadlar, tələbələrin mənimsəməsinə nəzarət və digərləri) açıqlansın; tələbələrin elektron resuslarla müstəqil işi (informasiyanın axtarılması, təhlili və istifadə edilməsi üzrə xüsusi fəaliyyət, veb-layihələrdə iştirak, onlayn tapşırıqların və testlərin yerinə yetirilməsi və sairə) təşkil edilsin; tələbələr arasında, tələbələrlə müəllimlər arasında internet və internet-kommukasiya vərdişləri (forum, elanlar löhvəsi, qonaq kitabı və elektron poçtdan istifadə) formalaşmış olsun; təşkilati informasiyalar (cədvəl, qəbul saatları, konkurs, seminar, qrant və s. informasiyalar) açıqlansın; informasiya bloklarına sürətli giriş təmin edilsin və s. Müəllimin fərdi təhsil veb-saytının mövcud olması tələbələrə müxtəlif təhsil və tədris-təşkilati imkanların geniş spektrini yaradır. Belə ki, kursun proqramına (kursun təsviri, tələbləri, ədəbiyyat siyahısına müxtəlif informasiya mənbələrinə istinadlar) giriş imkanı; müxtəlif tədris və autentik ədəbiyyat, tələbə layihələri və məqalələri və s. giriş imkanı; müəllimlə və digər tələbələr vasitəsilə sinxron və ya asinxron poliloq (məsələn, forum və elektron poçtdan istifadə); xüsusi təşkil edilmiş fəaliyyətdə (informasiyanın axtarılması və istifadə edilməsi, veb-layihə, veb-kvestlər, onlayn yoxlama sistemi və s.) iştirak; öz işinin nəticələrini (testlər, təqdimatlar, məruzələr, tədqiqat işləri, fotoreportajlar və s.) hamı üçün açıqlamaq; təlim kursu üzrə fənn üzrə ümumi və şəxsi mənimsəmə səviyyəsinin izlənilməsi; daima yenilənən təşkilati informasiyaya (cədvəl, növbə, auditoriya, müddət və s.) giriş imkanı və sairə. Beləliklə, xarici dil müəlliminin fərdi veb-saytı müxtəlif tədris və təşkilat məsələləri həll etməyə imkan verir. Belə ki, tələbələrə zəruri olan informasiya mənbəyi, tədris prosesinin iştirakçıları arasında ünsiyyətin, tələbələrin sərbəst fəaliyyətinin təşkili vasitəsi kimi internet şəbəkənin əsas imkanlarını özündə birləşdirir. Məlumdur ki, müasir informasiya və faktlar çox sürətlə köhnəlir və aktuallığını itirir, yeni biliklərə yiyələnmək ehtiyacı isə günü gündən artır. Gənclərə gələcək peşəkar fəaliyyətində tələbatın olması və rəqabət qabiliyyətli işçilərə çevrilməsi üçün onlar baş verən dəyişikliklərdən xəbərdar olmalı, onları təhlil etməyi bacarmalı və vaxtında onlara reaksiya verməlidir. Bu sahədə ali təhsilin vəzifəsi isə ən yeni informasiya texnologiyaların infrastrukturunu yaratmaq, onu inkişaf etdirmək və təkmilləşdirmək, tədris prosesində onların imkanlarından daha məhsuldar şəkildə istifadə etməkdir. Bununla belə qeyd etmək lazımdır ki, ən yeni informasiya texnologiyaları nə qədər müsbət səciyyələnsələr də, elmin müasir təhsil sisteminə təqdim etdiyi kompleks vasitə olub, təhsil alanların daha səmərəli təlimi və kommunikativ vərdişlərinin inkişafına xidmət edir. Unutmaq olmaz ki, xarici dil dərslərində informasiya texnologiyalarından istifadə bu gün təlim-tərbiyənin ənənəvi üsul və vasitələrini tam əvəz edə bilməz.

Гурбан Гурбанлы

Использование ИКТ в процессе обучения иностранным языкам: возможности, реализации и перспективы

Резюме

В статье рассматриваются общие вопросы использования ИКТ в процесссе обучения иностранным языкам в вузах. B ней широко освещаются возможности и перспективы их использования, дается ряд рекомендаций по оптимизации их применения в процессе обучения.



Ключевые слова: иностранные языки, информационно-коммуникационные технологии, компьютер, обучение, веб-страница
Quliyeva Ceyran

filologiya üzrə fəllsəfə doktoru

Naxçıvan Dövlət Universiteti

“İngilis dili” kafedrasının müdiri
Testlər, onların tərtibatı və növləri

Tədris prosesində tələbələrin bilik, bacarıq və vərdişlərinin nə səviyyədə olduğunu müəyyənləşdirmək üçün müxtəlif metod və üsullardan istifadə edilir. Hazırda bu üsullardan ən geniş şəkildə istifadə olunanı test üsuludur. “Test ” sözü bu gün tələbələr arasında, bəlkə də, ən tez-tez işlədilən bir sözdür və çox hallarda bu, tələbələrin canına “titrətmə” salan bir söz kimi xarakterizə edilir. Çünki istənilən halda hər hansı bir növ testdən məmnun qalan tələbə tapmaq çətindir. Bununla belə, testlərdən tamamilə qaçmaq olmaz, çünki onlar tədris prosesinin danılmaz elementlərindən biri hesab edilməlidir. Məlum olduğu kimi, bu gün testlər məktəblərin kurikyulumuna daxil edilib və təbii ki, onların əsas məqsədi tələbələrin bilik səviyyəsini yoxlamaqdan ibarətdir. Ümumiyyətlə, tədris prosesində, xüsusilə də xarici dilin tədrisində testlərin rolu çox böyük və vacibdir. Belə ki, testlər yalnız tələbələrə onların hər hansı bir kurs ərzində nələr öyrəndiyini deyil, eləcə də tədris prosesinin özünün düzgün təşkil olunub-olunmamasını göstərir. Qeyd etmək lazımdır ki, testlər müxtəlif vaxtlarda:



  1. dərs ilinin əvvəlində;

  2. dərs ilinin sonunda;

  3. hər hansı bir kursa başlamazdan əvvəl;

  4. hər hansı bir kursu başa vurandan sonra;

  5. hər hansı bir mövzunun öyrədilməsindən sonra;

  6. ali məktəblərə daxil olarkən və s.

və müxtəlif məqsədlər üçün:



  1. müəllimlərə tələbələrin hər hansı bir mərhələdə nə öyrəndikləri və onların sonrakı mərhələdə öz işlərini necə təşkil etmələri haqqında məlumat vermək üçün;

  2. eyni zamanda tələbələrə onların özlərinin hər hansı bir mərhələdə nə öyrəndikləri və sonrakı mərhələdə öz işlərini necə təşkil etmələri haqqında məlumat vermək, yəni tələbələrin zəif və güclü cəhətlərini müəyyən etmək üçün;

  3. hər hansı bir kursun sonunda son nəticəni müəyyən etmək üçün;

  4. tələbələri daha yaxşı öyrənməyə həvəsləndirmək üçün;

  5. səs-küylü sinfi sakitləşdirmək üçün;

  6. tələbələrə, yaxud valideynlərə əldə olunan nailiyyətlər haqqında məlumat vermək üçün;

  7. xarici ölkələrdə təhsil almaq istəyən şəxslərin xarici dildə öz bilik səviyyələrini bilmək üçün və s. keçirilə bilər.

Müxtəlif mütəxəssislər testlər haqqında müxtəlif fikirlər söyləyirlər.

Hik qeyd edir ki, xarici dilin tədrisində testin rolu çox böyük və vacibdir. Bu, həm müəllimlərə, həm də tələbələrə kurs müddətində görülən işin nəticələri haqqında məlumat verir. (Hicks, D. Littlejohn, A. 1998. Cambridge English for Schools (CES). Teacher’s Book. Level Two. Cambridge University Press.)

Ona görə də tələbələrin təqdim olunan materialı nə dərəcədə mənimsəməsini və bu prosesdə irəliləyiş olub-olmamasını yoxlamaq üçün müəllimlər tərəfindən testlərin keçirilməsi çox vacib şərtlərdən biri hesab olunmalıdır. Ancaq bu hec də o demək deyil ki, hər dəfə mütləq bir neçə çalışmalardan ibarət test formatlarından istifadə olunmalıdır. Müəllim bəzən müxtəlif qiymətləndirmə vasitələrindən, hətta özünü qiymətləndirmə vasitələrindən də istifadə edə bilər. Bu vasitələr tələbələr tərəfindən çox həvəslə qarşılanır və onlar bu cür yoxlamalardan çox məmnun qalırlar.

Heaton belə hesab edir ki, keçirilən testlərin nəticələri eyni zamanda müəllimin tədris prosesini düzgün qurub-qurmadığını da göstərir ki, bu da onun növbəti mərhələdə öz işində hansı dəyişiklikləri edəcəyinə əsas verir.(Heaton, J. 1990. Classroom Testing. Longman)

Tomsonun fikrincə, tələbələr test olunarkən daha çox öyrənirlər. Çünki onlar test olunacaq mövzu üzərində daha çox çalışırlar və bu da həmin mövzunun tam mənimsənilməsi ilə nəticələnə bilər. (Thompson, M. 2001. Putting students to the test. Issue Twenty.Forum, July.)Testlər müəyyən mənada materialın tam mənimsənilməsi üçün şərait də yarada bilər. Mövzu ilə bağlı keçirilən daimi, lakin kiçik həcmli testlər mövzunun tam mənimsənilməsi və uzun müddət tələbələrin yaddaşında qalması üçün faydalı hesab oluna bilər. Tomson, Hillesin fikrinə əsaslanaraq qeyd edir ki, bəzən tələbələr nəinki test olunmağı istəyir, hətta onlar bunu gözləyirlər. Əlbəttə ki, bu fikri orta məktəb tələbələri haqqında söyləmək bəlkə də bir az qəribə səslənər. Çünki orta məktəb tələbələrinə test olunacaqları haqqında məlumat veriləndə Ozerovanın sözləri ilə desək, yalnız “turşudulmuş sifətlər” görmək olar. Tompsona görə yuxarıda adını çəkdiyimiz fikri yalnız o dil öyrənənlərə şamil etmək olar ki, onlar məqsədli şəkildə hər hansı bir dil kursunu (TOEFL, FCE) başa vurublar və sertifikat alacaqlar və bu dil öyrənənlərin xaricdə təhsil almaq, yaxud işləmək kimi xüsusi ehtiyacları var. Bu faktın özü həm də motivasiya faktorunun öyrənmə prosesində xüsusi rol oynadığını bir daha aydın göstərir. Bununla belə, həddindən artıq tez-tez testlər keçirmək bezikdirici olardı. Bu, tələbələrin dil öyrənməyə olan münasibətini tamamilə dəyişə bilər, xüsusilə də əgər testin nəticələri qənaətbəxş deyilsə və bu da onların öyrənməyə və hətta həmin fənnə həvəsinin tamamilə azalmasına gətirib çıxara bilər.

Tələbələr niyə testlərdən xoşlanmırlar? Bunun, təbii ki, müəyyən səbəbləri olmalıdır. Fikrimizcə, bu səbəblərdən biri testlərin düzgün tərtib olunmamasıdır. Əgər testlər anlaşılan deyilsə, keçirilmiş materialı əhatə etmirsə, həddən artıq çətindirsə, çox güman ki, tələbə razı qalmayacaq və onda testə qarşı mənfi münasibət yaranacaq. Ona görə də testlər tərtib olunarkən lazımi meyarlar mütləq nəzərə alınmalıdır. Bəzən belə fikirləşirlər ki, test yolu ilə tələbələrin həqiqi bacarıq və qabiliyyətlərini yoxlamaq mümkün deyil. Tələbənin ingilis dilindən mükəmməl biliyi ola bilər, lakin bəzi fərdi xüsusiyyətlər və ya şəxsi problemlər (onun test zamanı həddindən artıq həyəcanlı olması, sağlamlığı ilə bağlı problemlər, yuxusuz gecələr), onun məğlubiyyəti ilə nəticələnə bilər. Yaxud əgər tələbə keçirilən materialı tam anlamamış və tam mənimsəməmişsə, test zamanı çaşıb qalacaq və təbii ki, testi yaza bilməyəcək.
TESTLƏRİN TƏRTİB OLUNMASI

Testlərin tərtib olunmasının bəzi kriteriyaları vardır ki, test tərtib edərkən bunlar mütləq nəzərə alınmalıdırlar:

1.VALIDITY. -Düzgünlük. Testlərin məzmunu yoxlanılacaq materialı mütləq əhatə etməlidir.

2.CLARITY. -Aydınlıq. Hər bir test üçün göstərilən təlimat aydın olmalıdır. Tələbə çaşıb qalmamalı və ondan nə tələb olunduğunu aydın şəkildə bilməlidir.

3.DO-ABILITY. -Anlaşılan, sadə. Testlər sadə olmalıdır, çaşdırıcı, mürəkkəb suallar daxil edilməməlidir. Suallar və çalışmalar test olunacaq mövzuya uyğun olmalıdır. Onlar tələbələri çaşdırmamalı, əksinə onlara testlərin düzgün cavablarını tapmağa kömək etməlidir.

4.MARKING. -Qiymətləndirilən. Əvvəlcədən dəqiq qərara almaq lazımdır ki, testin hər bir bölməsi necə qiymətləndiriləcək. Qiymətləndirmə sistemini mümkün qədər sadə etmək və bu haqda tələbələri əvvəlcədən məlumatlandırmaq lazımdır. Hər bölmədən sonra həmin bölmə üçün nəzərdə tutulan balı gəstərmək lazımdır.

5.INTERESTING. -Çalışmaların və sualların məzmunu maraqlı olmalıdır ki, onlar tələbələrin testlərə marağını artırsın, onları testlərdə iştirak etməyə həvəsləndirsin.

6.HETEROGENEITY. -Müxtəlif kateqoriyalı. Testlərə həm asan, həm də çətin suallar daxil edilməlidir. Belə ki, həm zəif tələbələr, həm də güclü tələbələr ümumi testin müəyyən hissəsini yerinə yetirə bilsinlər.

Qeyd etmək lazımdır ki, baxmayaraq ki, valideynlər və digər insanlar çap olunmuş standart testləri yüksək qiymətləndirirlər, ancaq müəllimlərin əksəriyyəti özlərinin hazırladıqları testləri daha üstün tuturlar və onları daha məqsədəuyğun hesab edirlər. Ona görə də onlar bəzən standart testlərə öz dəyişikliklərini etməyi də lazım bilirlər. Buna səbəb isə onların öz tələbələrinin fərdi xüsusiyyətlərini və ehtiyaclarını daha yaxşı bilmələridir. Lakin bəzi qaydalar vardır ki, müəllimlər özləri test hazırlayarkən bunları mütləq nəzərə almalıdırlar. Kay Burke özünün “How to Assess Authentic Learning” (1999) kitabında dil müəllimlərinə test tərtib edərkən aşağıdakıları tövsiyə edir:


    1. Dərsi başlamadan öncə testi hazırlayın.

    2. Testi kursun vəzifələrinə və öyrənmə standartlarına uyğun tərtib edin.

    3. Testin hər bir bölməsi üçün təlimatları aydın şəkildə göstərin.

    4. Sadədən mürəkkəbə doğru prinsipinə əməl edin.

    5. Hər bölmə üçün veriləcək balları göstərin (e.g., true/false count for two points each).

    6. Sualların bütün növlərindən istifadə etməyə çalışın (true/false, fill-in-the-blank, multiple choice, essay, matching). (Hər sual növündən 10-dan artıq olmamaq şərtilə)

    7. Sualların növlərini qruplaşdırın.

    8. Testləri aydın şəkildə çap edin. (Sualların asan oxunması və yazılması üçün boş yer və ya kifayət qədər boş yer saxlayın)

    9. Müvafiq oxu səviyyəsindən istifadə edin.

    10. Müxtəlif vizual, şifahi və kinesetik çalışmalar daxil edin.

    11. Tələbələrin xüsusi ehtiyaclarını nəzərə alın.

12. Bütün tələbələrə testi bitirmək üçün kifayət qədər vaxt verin, və s.
TESTİN NÖVLƏRİ

Bəzi alimlərin fikirlərinə görə (Thompson, 2001; Hughes, 1989; Alderson, 1996; Heaton, 1990) testin beş ənənəvi növü var:



    1. Proficiency tests – peşəkarlıq, yaxud bacarıq testləri

    2. Progress tests -proqres, yaxud inkişaf testləri

    3. Achievement tests – müvəffəqiyyət testləri

    4. Diagnostic tests – təyinedici testlər

    5. Placement tests – yerləşdirmə testləri

1.Diaqnostik testlər. Testlərin müzakirəsinə diaqnostik testlərdən başlamağımız heç də təsadüfi deyil. Çünki tədris prosesində testlərin keçirilməsinə məhz diaqnostik testlərdən başlanıldığından biz də elə onlardan başlamağı məsləhət bildik. Longman lüğətinə istinad edərək deyə bilərik ki, diaqnostik testlər hər bir məktəbdə yeni dərs ilinin əvvəlində hər bir müəllim, hətta dil müəllimi olmasa belə, tərəfindən keçirilməli, tələbələr haqqında müəyyən sənədlər yazılmalı və dərs ilinin sonunda keçirilən müvəffəqiyyət testinin nəticələri ilə müqayisə edilərək tələbələrdə nə dərəcədə irəliləyişin əldə olunduğunu yoxlamaq olar. Çox maraqlıdır ki, müxtəlif alimlər bu məsələyə müxtəlif prizmalardan yanaşırlar. Məsələn, Heaton testin bu növünü hər hansı bir xəstəyə qoyulmuş diaqnoz ilə, müəllimi isə həkimlə müqayisə edir. Underhill qeyd edir ki, diaqnostik test tələbəni bir çox dil elementləri ilə təmin edir ki, bu da müəllimə tələbənin nəyi bilib-bilmədiyini təyin etməyə kömək edir (Underhill, N. 1987. Testing Spoken Language. Cambridge University Press). Müəllim bu testi tərtib edərkən o materialdan istifadə etməlidir ki, onun öyrənilməsi sillabusda nəzərdə tutulmuşdur, yaxud da bu material hər hansı bir kursu başlamaq üçün başlanğıc nöqtəsi ola bilər. Bu məqamda biz Heatonun müqayisəsi ilə tam razılaşa bilərik, çünki diaqnostik test, doğrudan da müəllimə tələbənin hazırkı mərhələdə hansı biliyə sahib olub-olmaması haqqında bilgi verir. Bu çox vacib faktordur, xüsusilə əgər müəllim yeni bir fənni tədris etməyə başlayırsa və ya o, qrupun səviyyəsi ilə qətiyyən tanış deyilsə, bu testlərin keçirilməsi vacibdir. Daha sonra bu növ testlər o halda aparılır ki, qrupa yeni gələn tələbələr olur və müəllim onları tanımır və onların nə səviyyədə olduğunu təyin etmək istəyir.

Diaqnostik testin tətbiq olunmasında bir məqam xüsusilə diqqəti cəlb edir ki, bu da testin qiymətləndirilməsi ilə əlaqədardır. Adətən, müəllimlər bu növ testlər apararkən çox vaxt testlərin nəticələrini qiymətləndirmirlər və bu haqda tələbələrə əvvəlcədən məlumat verirlər. Bu, test zamanı sinifdə yaranan gərginliyi azaltmaq, tələbələri stresdən qurtarmaq üçün atılan bir addım kimi qiymətləndirilir. Təbii ki, sinifdə yaranan gərginlik və tələbələrin stres vəziyyətdə olmaları testin nəticələrinə mənfi təsir göstərə bilən əsas amillərdirlər və əgər tələbələr testlərin cavablarının qiymətləndirilməyəcəyini biləndə test prosesində özlərini daha sərbəst hiss edirlər və bu da onların hansı bilik və bacarıqlara malik olduqlarını nümayiş etdirmək üçün əlverişli şərait yaradır.

Diaqnostik testlərin əsas məqsədi daha çox müəllimi gələcəkdə öz işini necə planlaşdırması və öz sillabusunu tərtib etməsi üçün lazım olan məlumatla təmin etməkdir.

2.Placement tests. Longman lüğətinə istinadən deyə bilərik ki, testin bu növü tələbələrin müəyyən bir kursda müvafiq yerdə, daha dəqiq desək, tələbələrin bilik və bacarıqlarının səviyyəsinə uyğun olaraq müvafiq qruplarda yerləşdirilməsi üçün aparılır. Heaton belə hesab edir ki, bu cür testlərin aparılmasında testlərin mövzusu yalnız dilin bir sahəsini deyil, bütün sahələrini əhatə etməlidir ki, tələbənin bilik və bacarığı hərtərəfli yoxlanılsın. Ona görə də, yerləşdirmə testləri imla, müsahibə, qrammatik testlər və s. formalarında aparılmalıdır.

İlk baxışda diaqnostik və yerləşdirmə testləri bir-birinə çox bənzəyirlər. Çünki hər iki test dərs ilinin əvvəlində aparılır və hər ikisinin məqsədi tələbələrin hazırkı bilik və bacarıqlarını aşkar etməkdir. Eyni zamanda hər ikisinin nəticələri əsasında müəllim öz gələcək işini planlaşdırır və sillabusunu tərtib edir. Ancaq digər bir prizmadan yanaşanda bunların fərqli test növləri olduğunu görmək olar. Belə ki, diaqnostik test yalnız müəllimə tələbələrin hazırkı bilik və bacarığı haqqında məlumat verirsə, yerləşdirmə testı həm də tələbələrin hazırkı anda sahib olduğu bilik və bacarığının səviyyəsinə uyğun olaraq onların müvafiq qruplarda, yaxud siniflərdə yerləşdirilməsini təmin edir. Fikirləşirik ki, zəif tələbələrin bir, nisbətən güclü tələbələrin digər qrupda yerləşdirilməsi tədris prosesinə müsbət təsir göstərər. Burada daha bir məqama diqqət yetirmək lazımdır. Əgər diaqnostik test zamanı tələbələrin qiymətləndirilməsi o qədər də vacib deyildirsə və çox hallarda məsləhət görülmürsə, yerləşdirmə testi zamanı bu vacibdir və qiymətlər tələbələrə təqdim olunmalıdır. Çünki tələbələrin ayrı-ayrı qruplarda yerləşdirilməsini onların testlərinin nəticələri əsasında aparılması ilə izah etmək lazımdır. Əks təqdirdə tələbələr onlar arasında ayrı-seçkilik qoyulduğunu fikirləşə bilərlər.

3.Progress tests. Bundan əvvəl haqqında danışdığımız test növləri adətən dərs ilinin, yaxud hər hansı bir kursun, proqramın əvvəlində aparılırdı. Lakin progres testləri bütün il boyu hər hansı bir mövzu tədris olunandan sonra tələbələrin keçirilən mövzunu tam mənimsəyib-mənimsəmədiyini yoxlamaq üçün aparılan testlərdirlər. Adətən bu cür testlər çox uzun olmamalı, yaxın zamanlarda keçirilən mövzunu əhatə etməlidirlər və burada tələbələrin yüksək nəticələr göstərməsi vacib şərtlərdəndir. Demək olar ki, proqres testləri tədris prosesinin çox vacib bir hissəsidir və hətta bu cür testlər keçirilən materialın tam mənimsənilməsi üçün şərait də yaradır. Belə ki, tələbələr proqres testlərinə hazırlaşarkən öyrəndikləri mövzunu bir daha dərindən təkrar edir ki, bu da həmin mövzunun uzun müddət tələbələrin yaddaşında qalmasına imkan yaradır.

Eyni zamanda progres testləri həvəsləndirici xarakter daşıyır. Bu testlərdə müvəffəqiyyət qazanan tələbələrin özünə inamı artır və onları növbəti dərslərdə daha aktiv olmağa ruhlandırır.

4.Achievement tests. Müvəffəqiyyət testləri ilə proqres testləri arasında müəyyən oxşarlıqlar olsa da, onlar arasında müəyyən fərqlər də var. Onların hər ikisi tədris prosesində tələbələrin əldə etdikləri irəliləyişi yoxlamaq üçün aparılan testlərdirlər. Lakin proqres testlərindən fərqli olaraq, müvəffəqiyyət testləri hər hansı bir tədris ilinin, yaxud kursun ortasında deyil, məhz sonunda aparılır və tələbələrin bütöv bir kurs, yaxud da il ərzində nə öyrəndiyini yoxlamaq üçün aparılır. Bu növ testlər tələbələr üçün çox vacib hesab olunur, çünki onlar təhsil nazirlikləri, rəsmi imtahan şuraları, məktəb rəhbərliyi və hətta müəllimlərin özləri tərəfindən tərtib olunurlar və keçirilən bu testlərin nəticələrindən asılı olaraq tələbələr ya növbəti kursa, sinfə keçirlər, yaxud kəsilirlər.

Alderson müvəffəqiyyət testinin iki: formativ və summativ növlərini göstərir. Bu gün artiq bu cür testlər respublikamızın orta məktəblərində də tətbiq olunur. Formativ testlərin nəticələrindən asılı olaraq müəllimlər öz sillabuslarının tərtibatına yenidən nəzər sala bilərlər, əgər lazım gələrsə, gələcəkdə onlar hər hansı bir mövzunun möhkəmləndirilməsi üçün tədris prosesində lazımi dəyişikliklər edə bilərlər. Əlbəttə ki, bu, həmin il testdən keçən tələbələrə şamil edilmir, çünki dəyişikliklər növbəti il üçün nəzərdə tutulur. Lakin summativ testlər zamanı müəllim testin nəticəsindən asılı olaraq dərs ilində istənilən vaxtda vəziyyəti yaxşılaşdırmaq üçün lazımi tədbirlər, yəni öz sillabusuna istənilən dəyişikliklər edə bilər. Beləliklə, müvəffəqiyyət testləri müəyyən dərs ilində yalnız tələbələrin inkişafını deyil, eyni zamanda müəllimin də işinin keyfiyyətini yoxlamaq üçün aparılır.

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə