Qrup: 844 Kurs: I




Yüklə 16.26 Kb.
tarix22.04.2016
ölçüsü16.26 Kb.
Baxşəliyeva Leyla

Qrup: 844 Kurs: I


Real və virtual insan- münasibətlər problemi

Müasir dövrdə insanların həyatını iki qismə bölmək olar:



  1. Real həyat; 2. Virtual həyat.

Bu iki termin bir-birinə nə qədər yaxın olsa da, bir o qədər də bir-birindən uzaqdır. Real həyatda yaşamaq bir o qədər də sadə deyil. Bu məsələ ilə bağlı olaraq bir sıra fikirlər mövcuddur. Bu fikirlər insanların real həyatdan uzaqlaşaraq, virtual aləmə qoşulması nəticəsində necə böyük zərərlərlə qarşılaşdığını əks etdirir.

Alimlərin fikrincə, internet-asılılığı olan insanlar o qədər virtual həyata daxil olurlar ki, öz real həyatlarından tədricən uzaqlaşırlar və günün çox hissəsini virtual fəzada keçirirlər. Onlar problemlərin həllini ondan qaçmaqda, ya da onun mövcudluğunu inkar etməkdə, saatlarla internetdə əylənməkdə görürlər. İ.Qoldberqə görə dəfedilməz internet həvəsinin və əsası olmadan şəbəkədə uzun müddət qalmağın əsasında insanın real həyatdan uzaqlaşmaq cəhdi durur ki, bu da alkoqolizmdə, narkomanlıqda və zərərli oyunlarda olan patoloji meyllə müqayisə edilə bilər və belə vəziyyət məişət, təhsil, sosial, iş, ailə, maliyyə və ya psixoloji mühitə olduqca böyük zərər vurur. K.Yanq internet-asılılığın elektron poçtu əl çəkmədən yoxlamaq, internetə növbəti çıxışı daima intizarla gözləmək, ətrafdakıların şəxsdən internetdə çox vaxt və pul sərf etdiyinə görə şikayət etməsi kimi əlamətlərini göstərmişdir. O, bu sahədə ən məşhur ekspertlərdən biri olmaqla bərabər, özünün məşhur “Şəbəkə əsirləri” (“Caught in the Net”) kitabını yazmış və www.netaddiction.com saytında internet-asılılığından əziyyət çəkənlərə internet vasitəsi ilə psixoloji yardım mərkəzi (Center for On-Line Addiction) təşkil etmişdir. İstənilən şəxs bu saytda testdən keçməklə özündə internet-asılılığının olub- olmadığını müəyyənləşdirə bilər. Həkim Maressa Orzak internet-addiksiyanın psixoloji əlamətlərindən başqa ona düçar olmuş şəxslərdə kompyuter arxasında özünü yüksək əhval-ruhiyyədə hiss etmək və fəaliyyətini dayandıra bilməmək, kompyuterə getdikcə daha çox vaxt sərf etmək, ailəyə və dostlara etinasızlıq, kompyuterdə olmayanda özünü boş, depressiyada və əsəbi hiss etmək, işdə, evdə fəaliyyəti barədə yalan danışmaq kimi pataloji əlamətlərinin olduğunu, bunlardan başqa internet-asılılığında əzələlərin uzun müddət həddindən artıq gərginliyi ilə əlaqədar əlin əsəb gövdələrinin zədələnməsi, gözlərdə quruluq, miqren tipli baş ağrıları, beldə ağrılar, qeyri-müntəzəm qidalanma, qida qəbulunun buraxılması, şəxsi gigiyenaya etinasızlıq, yuxunun pozulması, yuxu rejiminin dəyişməsi kimi fiziki əlamətlərin də olduğunu qeyd edir. Oreqon Sağlamlıq və Elm Universitetinin əməkdaşı amerikalı psixoloq Cerald Bloka görə internet-asılılığı olan insanlarda internetə qoşulmaq üçün qarşısıalınmaz və mütəmadi istək yaranır. Onlar daim yeni və daha mükəmməl avadanlığa sahib olmağa, daha çox "on-line" əlaqə yaratmağa can atırlar. İnternet-addiksiyaya düçar olan şəxslər zaman anlayışını itirir, fizioloji tələbatlarına etinasızlıq edir, yuxudan və qidadan imtina etməklə internetdə daha çox qalmağa çalışırlar. Bu da mübahisə etmək, yalan danışmaq, səmərəli fəaliyyətin aşağı düşməsi, sosial tədric və yorğunluq kimi pis nəticələrə gətirib çıxarda bilər.

C.Blokun araşdırmasına görə internetdən istifadədə dünyada lider olan Cənubi Koreyada internet-addiksiya daha çox yayılmışdır. Bu ölkədə internet-kafedə çox oturmaq nəticəsində əmələ gəlmiş trombdan 10 nəfər dünyasını dəyişmiş, bir nəfər isə oyun üstündə öldürülmüşdür. Hazırda Cənubi Koreyada internet-asılılıq cəmiyyətin sağlamlığı üçün ən böyük təhlükələrdən biri hesab olunur. Orda 210 min uşaq bu xəstəlikdən əziyyət çəkir və onların ciddi müalicəyə ehtiyacı vardır. Ola bilsin ki, onların 80%-inin beyin fəaliyyətini yaxşılaşdıran dərmanlara, 20-24%-inin isə hospitala yerləşdirilməsinə ehtiyacı vardır.

Psixoloqların fikrincə internetdən asılılığın əsas səbəblərindən biri şəbəkədə münasibətlərin komputerlə əlaqələndirildiyi üçün istifadəçilərin anonimlik statusuna malik olmasıdır. İstifadəçi bu anonimlikdən istifadə edərək özünü istədiyi şəxs kimi qələmə verməklə əsil simasını gizlədərək virtual şəxsiyyət yarada bilər. Virtual reallıq ətraf aləmin interaktiv, qrafik təsəvvürüdür. Şəbəkə kommunikasiyası belə qrafik təsəvvür olsa da, qəbul olunmuş adi ünsiyyət vasitələrindən bir çox üstünlükləri ilə seçilir. Virtual şəxsiyyətə çox vaxt şərti olaraq özgə ad və ya təxəllüs qoyulur. Təxəllüs “nick” (“nickname” ingilis dilində təxəllüs deməkdir) və “label” (ingilis dilində yarliq deməkdir) adlanır. Virtual şəxsiyyət bir növ insanın daxili “Mən”inin real həyatda reallaşdıra bilmədiyi bəzi aspektlərini özündə cəmləşdirir. İnternetdə əlaqə mətn yığımı ilə baş verdiyi üçün insanlar ünsiyyət zamanı öz hisslərini həm ifadə, həm gizlədə, həm də onun yerinə tamamilə süni hisslər qələmə verə bilər. Ona görə şəbəkədə ciddi söhbətlər aparmaq asan olur, burda nədənsə, kimdənsə incimək mənasızdır, çünki səni heç kim görmür. İnternetdə insanın çirkinliyi onun ünsiyyətinə mane olmur. Bir sözlə şəbəkədə insanın cinsi, yaşı, sosial vəziyyəti, görkəmi qarşılıqlı münasibətdə çox az rol oynayır.

İnsan bəzən real dünyada əldə edə bilmədiyini, göstərə bilmədiyini komputerin ekranında həyata keçirməyə öyrəşir. Bütün bunların nəticəsi olaraq insan özü hiss etmədən şəbəkənin təsiri altına düşür və demək olar ki, internet əsirinə çevrilir. Uzun müddət virtual ünsiyyətə aludə olan şəxs canlı ünsiyyətin nə olduğunu yaddan çıxarır və belə adamlar canlı söhbətdə aqressiv, kobud və bəzi hallarda cinayət meylli olurlar.

İnternetin mənfi cəhətləri yalnız psixoloji fəsadlarla kifayətlənmir. Son zamanlar müasir kriminal aləmdə yeni informasiya-kommunikasiya vasitələrindən, o cümlədən internetdən geniş istifadə edilməsi cinayətkarların da “peşəkarlığının” artmasına, onların virtual aləmə çıxmasına gətirib çıxarmışdır. Cinayətkar qurumlar internetdə özlərinə tərəfdar toplamağa çalışırlar. Onların ideologiyasını qəbul edən, müxtəlif ölkələrdən olan adamlar həmin təşkilatlara üzv olur və beləliklə cinayətkarlığın beynəlxalq səviyyəyə qalxmasına şərait yaranır. Beynəlxalq axtarış strukturu olan İnterpolun yaradılmasında əsas məqsədlərdən biri da məhz belə hallarla mübarizə aparmaqdır.



Respublikamızda dövlət qurumlarının informasiya sistemləri formalaşdıqca onların təhlükəsizliyini təmin etmək, hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyin əsas şərtlərindən biridir. Çünki dövlət əhəmiyyətli məlumatların düşmən qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər. Belə təhlükələrin qarşısının alınması dövlətlərdən birgə tədbirlərin görülməsini tələb edir. Avropa Şurasının 2001-ci ildə qəbul etdiyi “Kibercinayətkarlıq haqqında Konvensiya”, 2003-cü ildə isə kompyuter informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə olunan protokol məhz dövlətlərin informasiya təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan da 2008-ci ildə həmin Konvensiyaya qoşulmağa dair sənəd imzalamışdır. Konvensiyaya qoşulmazdan əvvəl də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Kompyuter informasiyası sahəsində cinayətlər” 30-cu fəslində 271, 272, 273 kimi xüsusi maddələr var. Bu, artıq əsas verir ki, bu sahədə ciddi mübarizə tədbirləri görülsün. Ona görə də bu sahədə siyasəti müəyyənləşdirən dövlət və hüquq-mühafizə orqanları, telekommunikasiya xidməti göstərən operatorlar bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Bundan əlavə, hər bir ölkə gördüyü tədbirlərin effektiv olması üçün Avropa Şurası kimi komputer təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik olan beynəlxalq qurumlardan da bəhrələnməlidir.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə